Электронная библиотека » Əlibala Hacızadə » » онлайн чтение - страница 7

Текст книги "Təyyarə kölgəsi"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Əlibala Hacızadə


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 23 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +
ON ALTINCI FƏSİL

Başı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:

– İndi çox təcili işim var, prezident çağırıb, – deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.

Məsələ bunda idi ki, Cəfər kəşf eləmişdi. Elə bir kəşf ki, axtaran, gecəni gündüzə qatıb kirpiyi ilə od götürən elm adamının çəkdiyi bütün əziyyətləri bircə anda unutdurar, adını-sanını göylərə qaldırıb məşhurlaşdırardı. Cəfər ömrü boyu həsrətini çəkdiyi elm sahəsinə yaşı əllini haqlayanda gəlmişdi; buna görə, təbii ki, onun bu cür yadda qalan, səs-küy sala bilən elmi məsələlər qaldırmağa daha çox ehtiyacı vardı. Kim bilir, bəlkə elə bu ehtiyac idi ki, onu yaşının bu çağında uzun illər çəkdiyi əzab-əziyyətdən sonra, elmi-tədqiqat institutunun qapısına çəkib gətirmişdi? Bəlkə bundan daha qüvvətli, daha əzəmətli bir istək… Kim bilir?

Füzulinin avtoqrafını, indiyə qədər heç kimə məlum olmayan dəst-xəttini tapmaq, ortalığa çıxarmaq heç də balaca, ötəri bir məsələ deyildi. Ürək yandıran, məhzun bir qəlbin qanla yazılmış şikayət iniltiləri olan o ölməz qəzəllər, məhəbbətin özü kimi ölməz, unudulmaz olan “Leyli-Məcnun” bax, bu xətlə yazılıb. “Bunu yazdı mövlana Məhəmməd Füzuli”, – deyə böyük şair Kərbəlada baş vermiş taunun tarixini köhnə bir əlyazmasının küncünə qeyd etmiş, zaman onun öz əli ilə yazdığı çoxlu əlyazmaları itirib-batırsa da, bu bir-iki cümləyə yadigar olsun deyə əl vurmamış, qoruyub saxlamışdı.

Salman Cəfəri itələyib bayıra salandan iki saat sonra yenidən idarəyə qayıtmış, fotosurəti qabağına qoyub tək-tənha oturaraq bu nadir tapıntını dönə-dönə nəzərdən keçirmiş, həqiqət olduğunu təyin eləyəndən sonra yerində qərar tuta bilməyib boş otaqda o baş-bu başa var-gəl eləyə-eləyə yollar, çarələr axtarmağa başlamışdı. Bəli, məhz yollar və çarələr! Necə eləmək ki, bu yağlı tikəni Cəfərin əlindən çıxarmaq, onun ağzını yan salmaq! Axı bu kəşf Cəfərə nə verəcək, onun ki, heç nəyi yoxdur – nə xidməti, nə elmi adı var? “Amma mənim, – deyə o özünün elm aləmindəki sambalını fikrən ölçüb biçə-biçə duşunürdü, – şöhrətimin üstünə şöhrət, xidmətimin üstünə xidmət gətirər! Heyf, necə bunu mən görməmişəm, necə mən görməmişəm!.. – deyərək yanıb-yaxılır, tüstüsü təpəsindən çıxırdı. Fikirləşdikcə hansı qəzetinsə həmin məsələyə həsr olunmuş məqalə çıxan nömrəsi xışıltı ilə gözünün qabağında cilvələnir, məqalənin başında isə gah “filoloji elmlər doktoru, professor Salman Qurbanzadə”, gah da, sadəcə, “elmi işçi Cəfər Məsimzadə” sözləri yazılırdı. “Bəlkə danışım, ikimizin adından bir məqalə yazaq” – düşünürdü, – Yox,– deyə içəridən qürur və heysiyyət dilə gəlib onu bu fikirdən daşındırırdı: – O hara, mən hara? Professor Qurbanzadə… və Cəfər… Yox. Ayrı necə eləmək olar bəs, necə eləmək olar?”

Belə hallarda, adəti üzrə, çox da məəttəl qalmayan Salman Qurbanzadə ağlına gələn fikirlərdən özü də səksənən kimi oldu. “Nə mən yeyim bu yağlı tikəni, qoca qurd, nə də sən?”– deyə o keçib telefonun dəstəyini götürdü, yanını mizin üstünə qoyub nömrəni yığdı.

– Allo!.. Gülmirə?.. Salam!.. Necəsən?.. Mənəm, Salmandı.

– Salam, professor! Buyurun, eşidirəm sizi. Sizdən nə əcəb? – Çünki indiyəcən o, bircə dəfə də olsa Gülmirəgilə zəng eləməmişdi.

– Mən səni görmək istəyirəm, Gülmirə, – deyə professor həyəcanlı səslə sözləri dəstəyin ağzına üfürdü. – Əlində nə iş olsa, yarımçıq qoy, mənə dəy.

– Baş üstə. Siz evdəsiniz, elə deyilmi.

– Yox.

– Yox?

– İdarədəyəm.

– İda…rə..də? – deyə Gülmirə təkrar elədi.

– Hə, idarədəyəm.

– Axı indi… idarədə heç kəs yoxdu, – deyə bircə anda onun ürəyinə neçə fikir axıb doldu – Hamı…

– Mən buradayam, özüm də təkəm.

Gülmirə nə cavab verəcəyini bilmədən fikrə getdi: bu zaman Salmanın hökm kimi, əmr kimi səslənən sözləri qulağında cingildədi:

– Gözləyirəm, gəl!..

İyirmi dəqiqə keçməmiş Gülmirə ürəyində bu gözlənilməz və qəribə dəvətin nə demək olduğunu götür-qoy eləyə-eləyə Salman Qurbanzadənin qapısını açıb içəri girəndə professor həyəcan qarışıq bir təbəssümlə gülümsündü və:

– Gəl, gəl, qızım, – dedi, – gəl otur.

Gülmirə pillələri yeyin-yeyin çıxdığından tövşüyürdü, Nəfəsini dərib professora nəzər yetirərək oturdu. Professorun səsinin azca titrəyişi, hərəkətlərindəki çaşqınlıq Gülmirənin gözlərindən qaçmadı: “Yox, nəsə mühüm bir iş var. Axır vaxtlar “məhsul” verməyən elmi işçiləri ixtisara salmaqdan çox danışırlar. Yəqin, yuxarıdan mənim də məsələmi qoyublar. Yoxsa…” – deyə yol uzunu düşünə-düşünə instituta sarı addımlayan Gülmirə indi professorun qənşərində oturaraq bu qənaətə gəldi.

– Sənin işlərin nə təhər gedir, qızım? – deyə Salman, adəti üzrə, uzaqdan başladı. Bu sual Gülmirəyə yersiz göründü; çünki bu gün iş vaxtı, şöbədə o, Gülmirəni iki dəfə görmüş, ancaq onun işlərinin necə getdiyi ilə maraqlanmamışdı. Gülmirə özünü danladı: “Yəqin, o qədər adamın yanında durub mənim işlərimlə xüsusi maraqlansa, deyərlər ki, bəli, professor öz dost-tanışı ilə ayrı cür məşğuldu. O qədər ağzıgöyçək var ki. Elə biri Cəfər. Bir bəhanə axtarır ki, durub iclasda çıxış eləsin, demaqoqcasına”.

Fikrini cəmləyib professorun sualına cavab verdi:

– Belə də, professor, birtəhər… işləyirik.

– Birtəhər… – deyə Salman Gülmirənin gözləmədiyi bir tərzdə onun sözlərini təkrar elədi. – Birtəhər, yox, qızım. Gərək, – səsini ciddiləşdirdi, – indi sənin səsin bilirsən haralardan gəlsin? Qəzetlərdən, jurnallardan, nədən ki, cavansan, gücün, enerjin var. Gülmirə daxili gərginlik içində:

– Bir məqalə yazmışam, – dedi.

– Yazmısan? Gətir oxuyum, qol qoyum, getsin. Daha özün bilirsən ki, sənin üçün yollar açıqdı, qızım. İstifadə elə. Sabah kim bilir nə olacaq. Yaxşı? – O, yenə üz-gözünün qəzəbini ilıq, mehriban bir təbəssümlə əvəz eləyib soruşdu:– Hardadı o məqalə?

– Evdədi, professor.

– Gətirərsən sabah… Ancaq indi mən səni ayrı iş üçün çağırmışam.

– Buyurun, professor. – Gülmirə nigarançılıqla onun haldan-hala düşən sifətinə baxdı.

Salman ani fikrə getdi. Haradan, necə başlamalı? Gülmirəyə etibar eləmək olardımı? Arvadın, deyirlər, hülqumu olmur. Söz saxlaya bilmir. Birdən qəbul etmədi və ya bir yerdə ağzından qaçırdı? Onda necə olar? Onda Salman gərək baş götürüb bu şəhərdən qaçsın, deyilmi?

Bu suallar onu üzsə də, o, paxıllıq adlı zəhərli bir duyğunun təsiri ilə qalan hər şeyi unudur, necə olursa-olsun, Cəfəri “Quru yerdə” qoymaq istəyirdi.

– Sənin vəziyyətin, bilirsən ki, tükdən asılıdır, Gülmirə. Mən bunu sənə bir şöbə müdiri kimi yox, bir dost kimi deyirəm. Sənə ürəyim yanır, deyirəm. Özün də şükür ki, uşaq deyilsən, hər şeyi yaxşıca dərk eləyirsən, görürsən. İndi prezident belə şərt qoyub qarşımızda: kim ki, elmi məhsul vermir, ya qabiliyyəti yoxdur, onun yeri elmi-tədqiqat institutu deyil.

Gülmirənin ürəyi sixılmağa başladı. Aylardan bəri qorxusunu çəkdiyi günlər yaxınlaşırdı. Görünür, bu elə ciddi məsələ idi ki, Salman kimi mötəbər alim də onun imdadına yetə bilmir, məcbur olub özünü söhbətə çəkir, yaranan vəziyyətdən çıxış yolu axtarmaq istəyirdi. Belə düşünən Gülmirə:

– Elədir, professor! – dedi, – Şəxsən mənim yerim elmi-tədqiqat institutu deyil…

– Nə? – Professor heyrətlə səsləndi, – necə dedin? Bura sənin yerin deyil? Yox! Bax, bu mənim xoşuma gəlmədi. Bu olmadı, qızım, olmadı! Yoxsa yarı yolda qoyub qaçmaq fikrindəsən? Mən şəxsən mübarizə aparmağı bacaranları sevirəm! Ancaq belə adamlar həyatda özlərinə yol açırlar və yaşamaq, yaşatmaq haqqı qazanırlar. Ancaq belələri. Bəli! Mən şəxsən Viktor Hüqonun fəlsəfəsinin tərəfdarıyam: “Ot olub yeyilincə…” Bildin?

Gülmirə əlində tutduğu zərli baş yaylığı ilə istidən pörtüb qızarmış, üzünü yelpiklədi. Professor elə dayanmışdı ki, bütün diqqətini cəmləsə də, onun nə demək istədiyini yaxşı dərk eləyə bilmirdi. “Qabiliyyətsizlər”, “mübarizə eləməyi bacaranlar”.

– Mən çalışaram ki…

– Çalış, çalış, qızım. Mən sənin haqqında həmişə düşünmüşəm: necə eləmək ki, səni bir yana çıxartmaq!

– Sağ olun, professor. Mən bu qayğını həmişə…

– İndi sən mənə de görüm, sirr saxlamağı bacarırsanmı?

Gülmirə dərhal cavab verə bilmədi.

– Necə sirr?

– Sirr də, adicə sirr.

– Nə deyim, vallah…

– Öz xeyrinə susmağı bacarırsanmı?

– Mən inanıram ki, bacararsan! Eləmi, bacararsan? Bu elə bir sirdi ki, gərək bir sən biləsən, bir də mən. Bu işdən gərək heç Nadirənin də xəbəri olmasın. Bir yaxşı məsəl var, deyir: “nə qədər ki sirrini bir kəsə deməmisən, o sənin əsirindi, elə ki dedin, oldun sən onun əsiri”. Başa düşürsən nə deyirəm?

Gülmirənin səbri lap tükənmişdi. “Bu nə sirdi, xudaya? – deyə düşündü, – bir mən bilməliyəm, bir o. Hətta Nadirə də xəbərsiz olmalıdı. Desəm, mən onun əsiri olacağam…”

– Professor, açıq deyin görüm…

– Bu söhbət ciddi, elmi bir məsələyə aiddir, qızım! – deyə professor azca qızardığını hiss eləsə də, daha burdan geri qayıtmağın mümkün olmadığını anlayıb əsil mətləb üstünə gəldi! – Mən neçə il bundan əvvəl, fondda çalışdığım zaman bizim Füzulinin avtoqrafını tapmışdım. Başım doktorluq dissertasiyasına qarışdı, sonra şöbənin işləri vaxtımı elə aldı ki, bu mühüm məsələ tamam yadımdan çıxdı. Sən təsəvvür eləyirsənmi, Füzulinin avtoqrafını tapmaq nə deməkdi?

– Bəli, böyük işdi, – deyə Gülmirə yenə bunun ona nə dəxli olduğunu anlamadan professorun sözünü təsdiq elədi.

– İndi görürəm ki, bir nəfər ayrı adam da gəlib yanıma ki, bəs mən Füzulinin avtoqrafını kəşf eləmişəm. Kəşf a, özü də! Deyirəm, a bala (əlbəttə, ürəyimdə), sənin indi getdiyin yolları mən çoxdan gedib gəlmişəm.

– Kimdi ki, o adam?

– Əşi, elə bir ağıllı-başlı adam da deyil, elmdə tamamilə təsadüfi adamdı. Yetmişində zurnaçılıq öyrənənlərdəndi.

– A, bildim.

– Kimdi?

– Cəfəri deyirsiniz.

– Hə, düzdür. – O bu sözləri deyə-deyə qəlbinin qanının üzünə vurduğunu duyub bir az da qızardı:– Odur. Mən istəyirəm ki, bu kəşf nə mənim, nə də onun adı ilə bağlı olsun. Qoy bu kəşf sənin olsun, Gülmirə.

Professor son sözləri təntənə ilə dedi. Ancaq Gülmirə məsələnin nə yerdə olduğunu anlamağa başlasa da, özünün əsil vəzifəsini hələ lazımınca dərk etməmişdi.

– Mən neyləməliyəm ki?

– Nə sadəlövh qızsan sən! – O, ayağa durub əlini Gülmirənin çiyninə qoydu, – Arif olmaq lazımdı, qızım, arif olmaq lazımdı. Bu saat mən səni başa salaram neyləməlisən.

Professor saralmış, kirli qovluğu qabağına çəkdi.

– Əvvəl de görüm, sən “Əsrarül-ədvarı” fonddan alıb baxmısanmı?

– “Əsrarül-ədvarı”? Çox, professor.

– Afərin!

– Sən həmin əlyazmasının yüz otuz beşinci səhifəsində bir qeydə rast gəlibsən. Bu, Füzulinin əl xəttidi. Burada şübhəli heç nə yoxdu. Kişi özü ərəbcə deyir ki, “bunu Allahın qulu mövlana Məhəmməd Füzuli yazdı”. İndi sənin vəzifən nədi? Balaca bir məqalə qaralayarsan. Təxminən bu məzmunda ki, biz fondda çalışdığımız zaman “Əsrarül-ədvar”ın bir səhifəsində böyük şairimizin əlyazmasına rast gəldik. Mətni verərsən. Mətn də böyük deyil. Bircə beyt şeirdi. Kərbəla taununun tarixi və şairin adıdı. Vəssalam. Sonra redaksiyaya apararsan. O saat çap eləyəcəklər. Bu, həm sənin adındı, həm də institutumuzun adıdı. Belə çətin vəziyyətdə sənin üçün çox böyük şey deməkdi bu!

Gülmirə çətin məsələ qarşısında qalmışdı.

Eşitdiklərinə inanmaq istəmirdisə də, professorun sözləri zarafata oxşamırdı və həqiqət idi. Bəlkə professor onu sınamaq istəyir?

Bəlkə Orxan ona məqalə barədə qandırıb? Yox, bu ağlabatan deyil. Orxan belə namərdlik edərmi?! Vəziyyət ayrı cür idi, burada söhbət sirdən gedirdi, kəşfdən gedirdi. Bəs axı, professor həmin məsələni öz adına çox asanlıqla çap etdirə bilər. Niyə elətdirmir?

– Siz özünüz tapmısınız, professor!…

– Bilirəm, – deyə Salman onun sözünü ağzında qoydu, – deyəcəksən ki, mən özüm niyə çap elətdirmirəm.

– Bəli, mən elə demək istəyirdim.

– Bilirsən, qızım, mən vaxtında bu işi eləməmişəm, fürsəti əldən buraxmışam. Fürsət də, özün bilirsən, quş kimi şeydi, uçurtdun, tuta bilməzsən, Mən də uçurtmuşam. İndi bu məsələni mən qaldırsam, Cəfər deyəcək ki, bəs professor məndən götürüb. Mən isə belə şeyi qəbul eləyə bilmərəm.

– Mənə elə gəlir ki, Cəfərin sonra cəngindən qurtarmaq…

– Əgər bu işi sənin adına çap elətdirsək, o heç nə deyə bilməz. Niyə? Mən deyərəm ki, bu məsələni səndən qabaq Gülmirə tapıb, məqaləsi də məndədi. Vəssalam!

– Axı… məqalə yoxdu, professor.

– Yazarsan. Lap indi götür yaz. Böyük məqalə olmayacaq. Cəmi-cümlətanı bircə səhifə, səhifə yarımlıq ancaq olar. – O, əl atıb mizin üstündən bir neçə səhifə ağ kağız götürərək Gülmirəyə verdi:

– Al, mən deyim, sən yaz…

Gülmirə azca fikrə gedib qələmi əlinə aldı: professorun dediyi məqalənin ünvanını yazanda onun alnında tər damcıları parıldayırdı…

ON YEDDİNCİ FƏSİL

Gülmirə professorun kabinetindən çıxanda artıq axşam düşmüşdü: içəridə, Salman Qurbanzadə ilə üzbəüz oturub onun tələm-tələsik diktə elədiyi sözləri təntiyə-təntiyə yazdığından, bu gözlənilməz təklifin əsil mahiyyətini anlamadığı üçün xəyalında min yerə at çapdığından qız yamanca həyəcanlanmışdı, deyəsən hələ tərləmişdi də. Yaz axşamının yüngül mehi alnında, yanaqlarında gəzdikcə bədənini sərinlədir, bayaqdan naməlum hisslər əlində çırpınan ürəyini toxtadırdı.

“Kommunist” küçəsi ilə azca üzüyuxarı qalxmışdı ki, qeyri-iradi dönüb institutun pəncərələrinə nəzər saldı: Salman Qurbanzadənin dördüncü mərtəbədə yerləşən otağından hələ də işıq gəlirdi, azacıq o tərəfdə, içəri şəhərin qala divarlarının iri “daş dişləri” alaqaranlıq içində güclə seçilirdi. Gülmirə küçədə olsa da, o, işıq gələn pəncərənin arxasında, pardaxlanmış mizin dalında oturub işgüzar bir görkəmlə nə isə yazıb-pozan, əlini iri alnına qoyub tez-tez xəyala dalan Salman Qurbanzadəni təsəvvürünün gözləri ilə görür və Gülmirədə – elm aləminə təzə qədəm qoymuş, onun enişləri-yoxuşları, çəkişmələri-bərkişmələri, büdrəmələri, yüksəlişləri barədə tam təsəvvürü olmayan, ancaq hələlik zahiri parıltılarını, şan-şöhrətini, gurultu ilə səslənən “elmlər namizədi”, “elmlər doktoru”, “professor”, “akademik” kimi ibarələrin doğurduğu məstedici həzzi uzaqdan-uzağa duyan Gülmirədə professor Salman Qurbanzadənin qeyri-adiliyi, nadirliyi, qadirliyi barədəki fikirlər getdikcə qüvvətlənir və gözlərini qamaşdırırdı. O, bir uşaq sadəlövhlüyü ilə atasının belə bir dostu olması ilə fəxr edir, küçəyə sığışmırdı. Onun nəzərində institutda işlədiyi bu iki-üç il ərzində Salman doğrudan da özünü çox, lap çox ucaltmağa nail olmuşdu – adicə laborant idi Gülmirə, beş ay keçməmiş kiçik elmi işçi keçirtmişdi, mövzu vermişdi, indi də elmi əsərinin vəziyyəti ilə maraqlanır, hətta vaxtilə özünün kəşf etdiyi Füzuli avtoqrafını da könüllü surətdə onun adına çap elətdirmək istəyirdi. Hələ bu nə idi ki, professor Gülmirənin tənbəlliyini bildiyi üçün bu çox vacib işi təxirə salmamaq, başqalarının, məsələn Cəfərin həmin məsələdə qabağa düşməyinin qarşısını almaq xatirinə, məqalənin mətnini də özü diktə eləmiş, yazdırmışdı, Bu yaxşılıq deyildi, bəs nə idi? Kim kim üçün belə edərdi? Heç kəs! “Nadirə mənim xatirimi – özünün dediyinə görə – kiçik bacı kimi çox istəyir. Ancaq o belə eləməzdi. Yox, eləməzdi. O, elə tələb eləməyi bilir, bir partkom kimi ancaq tələb eləməyi bilir. İşləmək lazımdır! Vəssalam, onun sənə qayğısı bundan ibarətdir. Amma Salman əmim… Yoxdur ondan, bir dənədir Salman əmimdən”– deyə Gülmirə ailəvi yaxın olduğu bu ər-arvadı fikrən müqayisə edirdi, istər-istəməz və belə müqayisələr zamanı öz “yaxşılığı”, “xeyirxahlığı” ilə Salman onu – arvadı Nadirəni həmişə kölgədə qoyurdu. Gülmirə özünü Salmanla güclü hesab edirdi. Son günlər isə o, Orxanın “əyani” köməyini görəndən sonra büsbütün arxayınlaşmış, keçəcəkdə çətin, dolaşıq, basırıq yollarda həmişə onun üçün yaşıl işıq yanacağını düşünüb rahatlanmış, indiyə qədər qəlbini üzən ümidsizlikdən, inamsızlıqdan yaxasını qurtarmışdı. Demək, iki nəhəng – elmin iki böyük nəhəngi onun arxasında dayanmışdı. Orxan ona dəlicəsinə vurulmuşdu, düzdü, ürəyini hələ açmamışdı, güman ki, heç aça da bilməyəcəkdi – ancaq o bu məhəbbəti xatirinə Gülmirənin bir sözünü iki eləməzdi, deməmiş belə onun “əsərlərini” yazardı – özü də tək birini yox, ömrü boyu yazardı, özü üçün yazmasaydı da, Gülmirə üçün yazardı. Orxanın dilsiz baxışları, yana-yana köks ötürməsi, son yazısını aparıb təzədən yazması və o gün də “mən sirr saxlamağı bacaran oğlanam!”– deməsi bu fikri ona möhkəmcə təlqin eləmişdi. Orxan bu münasibətilə, bu məhəbbəti ilə Gülmirə üçün son dərəcə maraqlı, oxunmamış, ləzzəti bihuşedici bir romana bənzəyirdi və cavan gəlini öz şirinliyi ilə hər gün bir az özünə cəlb eləyirdi. Gülmirə təmkinli, ağıllı olsa da, bu şirinlikdən, o həzzdən imtina edə biləcəkdimi?..

O biri dayaq – Salman idi. Füzuli avtoqrafı… Evə gələ-gələ Gülmirə düşünür və düşündükcə də istər-istəməz ayaqlarını yerə möhkəm basır, özündə bir qüdrət və təpər duyurdu. Füzulinin dəsti-xətti. Onu Gülmirə birinci tapıb. Elm aləmində Füzuli ilə neçə yüz ildi nəhənglər məşğul olub – divanlarını, əl yazmalarını dönə-dönə oxuyublar. Ancaq, bir təsəvvür edin, heç kəs onun öz əlilə yazdığı bir kəlməni belə tapa bilməyib. Amma budur, Gülmirə Əlibəyli və Füzulinin öz dəsti-xətti… Qəzetdə çıxacaq, hamı oxuyacaq və hamı biləcək ki, bunu Gülmirə Əlibəyli tapıb! Nə böyük sevinc. Nə böyük səadət! O biri məqalə də çıxacaq, bu da!!! Hamı onu təbrik eləyəcək. Qulağına təbrik səsləri gəlir, Gülmirə yerə-göyə sığışmayan bir fərəh içində gülümsünür, hərəyə bir cavab verirdi. Bu ara küçədə kimsə – tanışlardan biri ona rast gəldi:

– Salam, Gülmirə!

Xəyalında qurduğu təntənəli təbrik mərasimlərindən ayılmayan Gülmirə yuxu ilə ayıqlıq arasında imiş kimi:

– Çox sağ olun! – dedi. Qadın bu cavabdan bir şey başa düşməsə də, gülümsünüb keçib getdi: “Yəqin elə başa düşdü ki, mən “necəsən, Gülmirə?” – soruşdum”. Ancaq qadın soruşub gedəndən sonra Gülmirə xəyal aləmindən ayıldı, qanrılıb keçənin qonşu qadın olduğunu görərək yanıldığını başa düşdü. Amma gec idi. Qonşu qadın artıq uzaqlaşmışdı və onsuz da ona bu daxili sevinci – fərəhi izah eləyib anlatmaq Gülmirənin imkan xaricində idi.

Üç-dörd addım da gedib darvazalarına çatdı və əməlli-başlı xəyal aləmindən uzaqlaşıb real həyatla üz-üzə dayandı; burada onun isti bir bucağı vardı, bura o, gəlin gəlmişdi, burada Əqdəmlə ilk dəfə bir yastığa baş qoymuşdu. Burada onun xətrini çox istədiyi Maşa xalası vardı – bu evin sahibi. Nə yaxşı ki, bu qoca, mərifətli arvad varmış, yoxsa Gülmirə lap dəli olardı. Əqdəmsiz günlərində o, Maşa xala ilə söhbət edir, dərdləşir, tənhalığını unudurdu. Anasıgilə gedib qayıdandan sonra, qalan boş vaxtlarını arvadla bir yerdə keçirir, darıxmırdı. Əqdəm gələndə isə, Maşa xala gözə az-az dəyirdi, öz guşəsinə çəkilir, cavanlara mane olmurdu, gedəndən sonra isə yenidən “zühur” eləyirdi. Onlar ana-bala kimi bir-birinə isnişmişdilər…

İndi Gülmirə içəri girəndə Maşa xalanı ağlayan görüb təəccübləndi. Nə isə bədbəxt bir hadisə üz verdiyini düşünüb həyəcanla xəbər aldı:

– Nə olub, Maşa xala? Niyə ağlayırsan?

– Heç… qızım? – Arvad eynəyini çıxarıb yaşlı gözlərini silə-silə cavab verdi, – Heç…

– Necə yəni heç? – Gülmirə əl çantasını köhnə, ortası çökmüş kreslonun üstünə atdı. – Bəs niyə ağlamısan, Maşa xala?

Maşa xala uşaq kimi burnunu çəkdi, eynəyini gözünə taxıb əlini stolun üstəki kitaba toxunduraraq altdan yuxarı Gülmirəyə baxıb soruşdu:

– Sən heç dəvə görmüsən, qızım? Gülmirə çaşqın halda:

– Də… və? – deyə çiyinlərini çəkdi – Hə, necə ki?

– Lap canlı dəvəni deyirəm ha?

– Hə, Maşa xala. Axı mən səndən ayrı şey soruşuram, soruşuram niyə ağlamısan. Sən isə dəvədən danışırsan. Dəvənin bura nə dəxli var axı, mən bilmirəm. – Gülmirə divanda əyləşdi. Maşa xalanın kədərli, qırışlarla örtülmüş üzündə solğun, zəif bir təbəssüm gəzib dolaşdı:

– Dəxli var, qızım. Bax, bu kitabı görürsən? Sizin yazıçının kitabıdı. Moskvada buraxıblar. Burda bir hekayə var, o məni ağlatdı, qızım.

Gülmirə boylanıb mavi cildli kitaba baxdı – İsfəndiyar Məlikzadənin kitabı idi. Maşa xala davam etdi:

– Burda “Dəvə” adlı bir hekayə var. Kiçik bir hekayədir.

– Dəvədən danışır?

– Hə, yazır ki, keçmişdə bir kişinin bir dəvəsi varmış. Günlərin birində bu dəvə itir. Sahibi dəvəni çox axtarır. Kəndbəkənd, oba-oba gəzir, nəhayət, dəvəsini bir köçəri obasında tapır və yüz dəvənin içində tanıyır. Oba başçısına ərz eləyir ki, bu dəvə mənimdir, onu mənə qaytar. Obanın ağsaqqalı dəvəni vermək istəmədiyindən deyir ki, sən nəylə sübut eləyərsən ki, bu dəvə sənindi. Dəvələr hamısı bir-birinə oxşayır, səninkinin də nəmi-nişanı yoxdur. Dəvə sahibi deyir, xeyir ağa, mənim dəvəm elə budu ki, var.

– Axı sən nəyə əsasən deyirsən bunu?

– Bu dəvənin ürəyində iki xalı, iki dağı var, ağa.

Oba başçısı gülüb onu ələ salır:

– Xi, xa. Sən onun ürəyini harda görübsən, kişi? Boş-boş şeylər danışırsan, kişi.

– Xeyir, ağa. Mən sənə deyirəm ki, onun ürəyində iki xalı, iki dağı var. And içirəm, o dəvə mənimdi, dəvəmi ver, gedim.

Varlı-dövlətli olan oba başçısı maraqlı bir əyləncə tapmış adam kimi sevinə-sevinə deyir:

– Səninlə mərc gəlirəm, o dəvəni indi kəsdirəcəyəm, əgər ürəyində iki xalı olsa, sənə bu dəvə sürüsündən ürəyin istəyən bir dəvəni bağışlayacağam. Yox, əgər sən deyən olmasa, onda o dəvənin dərisini dalına şələləyəcəm, deyəcəyəm, apar, ətini də biz özümüz yeyəcəyik. Dəvə sahibi çox yalvarır ki, mən yalan demirəm, dəvəni nahaq yerə kəsdirmə, heyif eləmə. Oba başçısı sözündən dönmür, kişi çarəsiz qalıb razılıq verir. Dəvəni kəsirlər, ürəyini çıxarırlar, yuyub bir teştin içində başçının və dəvə sahibinin hüzuruna gətirirlər, görürlər ki, doğrudan da dəvənin ürəyində iki dənə abbasılıq boyda xalı var. Dəvə sahibi gözlərinin yaşını güclə boğub:

– Gördün, ağa, mən deyən kimi oldu? – deyir.

Oba başçısı asta-asta başını tərpədir və təəccübünü gizləyə bilməyərək soruşur:

– Sənin dediyin düz çıxdı, kişi! Ancaq sən bunun hikmətini mənə başa sal. Başa sal görüm, sən nədən bildin ki, onun ürəyində iki xalı var, kişi? Deməsən, şərtimizi pozacağam!

Kişi ah çəkib söyləyir:

– Ağa, o dəvənin iki balası – köşəyi gözünün qabağında ölüb və sən inanmazsan – çünki mənim də sözümə inanmadın – inanmazsan ki, o yazıq, o balası ölmüş dəvə insan kimi, oğlu ölmüş ana kimi iri, qara, ağıllı gözlərindən necə gildir-gildir yaş axıdıb zar-zar ağlayırdı… Dilsiz-ağızsız heyvan olasan, balan üçün belə ağlayasan… Mən onda bildim ki, onun hər balası öləndə ürəyinə bir xal düşdü, ağa. İki bala dağı görmüş maya dəvənin ürəyində iki də xal– dağ olmalıydı, ağa.. Sən, eh, nə deyim, sən mənim sözümə inanmadın, yazıq heyvanı candan elədin…

Obabaşı fikrə gedir. Handan-hana:

– Ə, o dəvələrdən ən yaxşısını seçin verin bu kişiyə, aparsın – deyir. Kişi isə fikirli-fikirli:

– Yox, ağa, mənə sənin dəvən lazım deyil… – deyib yola düzəlir…

Maşa xala sözünü qurtarıb susduqda Gülmirə arvadın niyə ağladığını başa düşdü və təsəlli vermək üçün ağzını açıb nə isə demək istəyirdi ki, qarı köks ötürüb təzədən gözü yaşara-yaşara:

– Bu hekayəni oxudum, balalarım yadıma düşdü, Gülya. Faşistlərin gözümün qabağında güllələdiyi üç balam yadıma düşdü – deyirəm, mənim də ürəyimi kəsib sinəmdən çıxaran olsaydı, orda üç xal, üç dağ – üç bala dağı görərdi Gülya… – dedi.

Gülmirə sarsıldı. Bayaqdan qarının bu hekayəsini maraqla dinləyən, onu ağladan səbəbi fikrində araşdıran gəlinə indi hər şey aydın oldu, sən demə, hekayə Maşa xalanın yaralı yerinə toxunubmuş, illərin qaysaqladığı, göz bağlatdırdığı yarasının közünü qoparıbmış! Gülmirə arvadın müsibətini çoxdan bilirdi, arvad hər şeyi ona danışmışdı. Əsəbləri pozulmuş, illərlə balaları üçün ağlamış Maşa arvadın son vaxtlar ağladığını görən olmamışdı, nə qonşular, nə Əqdəm, nə Gülmirə… Hamı deyirdi ki, daha arvad dərdini unudub, daha gözlərində yaş da qalmayıb… Sən demə, belə deyilmiş. Sən demə, bala dağı unudulmurmuş, sən demə, ürəkdən su içən gözün yaşı qurumazmış!!!

– Ağlama, Maşa xala, sən uşaq deyilsən ki, Maşa xala. Hekayədir də, yazıb… Hər yazıdan ötrü adam ağlamaz, Maşa xala! – deyirdi Gülmirə.

Ancaq sözlərinin sinəsi çalın-çarpaz dağlanmış anaya təsəlli verəcək gücə-qüdrətə malik olmadığını da anlayır, özünə acığı tuturdu ki, niyə bu dərdli anaya layiq, onun könül fəryadlarını unutdura, heç olmasa yüngülləşdirə biləcək sözlər tapıb deyə bilmir, niyə?

– Ağlama! Maşa xala, ağlama – Maşa xalanın gümüşü tellərini əyilib tumarladı, ömründə övlad nəvazişi görməyən qarının sanki dərdi yüngülləşdi və o, yaşlı gözlərini dəsmalı ilə silib:

– Sağ ol, qızım. Kiçik qızım Lena sağ qalsaydı, indi sən boyda olardı, Gülya. Elə bildim odu, bir anlığa hardansa gəlib mənim saçlarıma əl çəkdi… – dedi.

– Mən də sənin qızın, Maşa xala.

– Çox sağ ol, bala. Allah bu kitabı yazana da bala dağı göstərməsin, ürəyimi boşaltdı – son illər taxtaya dönmüşdüm, qurumuşdum. Hisslərim də kütəlmişdi, elə bil ürəyim də ölmüşdü. Elə bilirdim, mən heç cavan olmamışam, elə bilirdim mən heç ana olmamışam, aman Allah. Sağ olsun ki, bu duyğuları, o analıq hissini mənə qaytardı o yazıçı… Sən şəxsən tanıyırsan bu yazıçını?

– Yox, Maşa xala.

– Tanısaydın, mənim təşəkkürümü yetirərdin ona, əvəzimdən “çox sağ ol” deyərdin ona, qızım.

Gülmirə güldü:

– Sənin xatirinə tanış olaram, sözlərini ona yetirərəm, Maşa xala!!!

– Hə, hə, tap, tanış ol, sözlərimi ona çatdır…

Bu sözlərdən sonra Maşa xala sanki toxtadı, həm də deyəsən dolmuş buluda oxşar ürəyi, gözləri boşalmışdı. O, ayağa qalxdı, mətbəxə gedə-gedə üzünü Gülmirəyə tutdu:

– Bir çay dəmləyim, içək! Sən də soyun, rahatlan.

– Hə, yaxşı olar. Bu gün lap yorulmuşam, Maşa xala…

Az sonra Gülmirə ipək xalatında idi, Maşa xala onun üçün armudu stəkanda, özü üçün daş stəkanda çay gətirmişdi. Gülmirə televizoru yandırmışdı, nə isə mənzərə filmi göstərirdilər – deyəsən, Göygölü göstərirdilər – zümrüd meşələr, zümrüd göl bir – birinə qarışmışdı elə bil. Gərginlik içində keçirdikləri günün ağrısını-acısını təbiətin gözəl, əvəzsiz göz oxşayan mənzərələri hər ikisinin canından, ürəyindən çıxarırdı yavaş-yavaş! Gülmirə evə gələrkən bugünkü göydəndüşmə kəşfinin cəmi yarımca saatın içində “doğulmuş” məqaləsinin haqqında Maşa xalaya danışacağını qət eləmişdi, ancaq gəlib gördüyü vəziyyət onu bu fikirdən daşındırmışdı. Lakin dəqiqələr keçdikcə, televizorda bir-birindən gözəl mənzərələr dəyişdikcə aradakı gərginlik azalırdı – çaydan qurtum-qurtum içə-içə Gülmirə bugünkü çalpaşıq, müəmmalı sevincini – “kəşfini” Maşa xalaya danışmaq istəyirdi ki, mənzərə filmi qurtardı, heç bir dəqiqə keçməmiş diktor qız ekranda göründü və aydın, səlis səslə elan elədi:

– Hörmətli tamaşaçılar, indi də “Oğru” bədii filminə tamaşa edə bilərsiniz!!!

Maşa xala deyəsən, filmin adını yaxşı eşitməmişdi.

– Nə dedi? Nə filmi?

Gülmirə o yaxşı eşitsin deyə bir az ucadan:

– “Oğru” – dedi. Dedi və sanki bu sözdən özü də ürkdü. Qeyri-iradi dönüb ətrafına baxdı, Maşa xaladan başqa kimsəni görməyib yerində qurcuxdu. Güzgüsüz də, sanki ürəyinin gözləri ilə sir-sifətinin qızardığını, yanaqlarının yandığını görər kimi oldu və sıxıldı. Elə bu anda, filmin proloqunda kadrlar dəyişir və tramvayda gedən eynəkli, şlyapalı bir kişinin portfelindən səliqəli geyinmiş, boynu qalstuklu, barmağında üzük olan bir cavan nə isə bir qovluq çıxarırdı… Bu zaman çeşməkli bir qadın haray salır, “Oğru, oğru! Oğrunu tutun!”– deyir və tramvaydakı adamlar bir-birinə dəyir – “oğru, oğru!”– deyə qışqırırlar… Bu səs ekrandan süzülür, evə dolur, divarlarla, pəncərə şüşələrinə dəyib qayıdır. Bu zaman Gülmirəyə elə gəldi ki, bu “oğru” sözünü ona deyirlər. Bütün bədənini bir süstlük bürüdü, divanda balacalaşıb yumağa döndü. Maşa xalaya bayaqdan danışmaq istədiyi əhvalat – Füzuli avtoqrafı məsələsi, professorla olan söhbət, onun Cəfər haqqında dedikləri birər-birər yadına düşdü, xatirində canlandı… Ona elə gəldi ki, o çeşməkli, portfelli kişi Cəfərdi, onun portfelindən qovluğu – qiymətli sənədləri çıxaran adam isə Salmandı, professor o kağızları, qovluqları gətirib ona verir və “bu sənindi!”– deyir…

Filmə baxmaq həvəsi söndü, kədərli-kədərli ah çəkib ayağa qalxdı və:

– Maşa xala, sən bax, mən özümü pis hiss edirəm, getdim yatmağa! – dedi.

– Bıy, Gülya, bu çox yaxşı filmdi, çox maraqlıdı, otur bax!

– Yox, nəsə bərk yorğunam… Yatmaq istəyirəm… – deyib Gülmirə ekrana baxmağa belə qorxurmuş kimi əsnəyə-əsnəyə öz otağına keçdi, Maşa xala televizorun önündə tək qaldı – onun televizora baxmaqdan savayı, axşamlar başqa məşğuliyyəti olmazdı.

Yan otaqda çarpayı cırıldadı. Gülmirə işığı belə yandırmadan yatağına uzandı… Ancaq yata bilmədi. Yuxu gözlərindən qaçaq düşmüşdü. Otaqda elə bil kimsə vardı və elə hey “oğru” deyə-deyə qışqırırdı… Bu səs onu film qurtaranacan, Maşa xala televizoru keçirib yatanacan rahat buraxmadı. Sonra evə qəbiristanlıq sükutu çökdü. Divar saatının yeknəsəq çıqqıltısından başqa heç nə bu gecə sükutunu xələldar eləmirdi… Filmin ilk kadrlarında gördüyü adamlar da gözünün qabağından çəkilib getmişdi – onların yerində indi təkcə Salman Qurbanzadə peyda olmuşdu. Salman Qurbanzadə məharətlə hardansa çırpışdırdığı qovluğu Gülmirəyə gətirirdi – o isə geri itələyirdi. Və birdən-birə gəlinə elə gəldi ki, oğru – həqiqətən Salman Qurbanzadədir. O, tüklü, çirkli əllərini Gülmirənin təmiz ürəyinə sarı uzadır, onu qamarlamaq, öz çirkin, murdar əlləri ilə sıxmaq istəyir… Gülmirə “yox!”– deyir, o isə israr edir…

Sonra, hardansa xəyalına qını yaxşı naxışlanmış, sədəf və mirvari ilə bəzədilmiş bir qılınc gəlir – bu qılıncı o harda görüb? – Hə, yadına düşdü, dünən tarix muzeyinə getmişdi, orda belə bir qılınc var idi. Qılıncın qını elə yaraşıqlı, göz oxşayan idi ki, baxdıqca baxmaq istəyirdin, bütün eksponatların gözü idi. Ancaq içində yəqin vaxtilə iki ağzı da ovxarlı olan qılınc da vardı. Şirmayılı dəstəyindən bilmək olurdu. Və dünən Gülmirə istər-istəməz düşünmüşdü ki, bu qılıncla kim bilir neçə-neçə iyidin, mərdin yaxud, müxənnətin, namərdin başı kəsilib ha! Bu qılınc indi, qınında olduğu vaxt gözəl idi, baxmalı idi, bir muzeyin yaraşığı idi. Ancaq qınından çıxanda… üzünü görmə… Dəhşətli, soyuq, dalı da, qabağı da kəsən qorxulu silah idi… Salman hardasa, nədəsə bu qılınca oxşadı Gülmirənin nəzərində. Qında olanda gözəl idi, qayğıkeş idi, şəbənin yaraşığı idi, alim idi, insan idi, əmi idi, qınından çıxanda… qılınc idi, qan tökən idi, namərd idi…

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации