Текст книги "Dağlar arxasında üç dost"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
– Sən ölməyəsən, – deyə Kəriş onu məzəmmət elədi, – sən də qəribə adamsan. Deyirəm gəl çıx maşına, bir az da mən yeriyim, qulaqardına vurursan. guya mənə etibar eləmək olmaz.
– Dul arvad oğlusan, – deyə Şahlar gülümsədi – əlbəttə, etibar eləmək olmaz.
Soltan zarafatın üstünü götürdü:
– Yüz dəfə deyirəm bu arvadı ver getsin ərə, sözümə baxmır…
– Anası kimdir ki? – deyə sarıbəniz şofer soruşdu.
– Sağıcı Bağdagül bacını tanımırsan? – deyə Şahlar cavab verdi. – Nazikcə bir arvaddır.
Gülüşdülər.
Kəriş dinmirdi. Doğrusu yüz iyirmi kilo ağırlığında olan Bağdagül bacının özü də, adı da, iclas zamanı arxadan qalxıb yırğalana-yırğalana qabağa gələrək «Ay yoldaşlar» deyə təmkinlə danışması da, ətirli sabunla üzünü yuyub saçlarına sığal verməsi də həmişə Kərişə çox məzəli görünürdü. Hətta: – Ay arvad, – deyə özü də anasına sataşardı, – gəlsənə, doğrudan da, sənə bir ər tapaq. «Qələtini elə, – deyə Bağdagül bacı cavab verərdi. – Mən özüm də elə bir ərəm».
– Amma insafən ermənilər bizi pis yola salmadılar, – deyə sarıbəniz şofer dilləndi, – Biz tərəflərə yolları düşsə gərək əvəzini çıxaq.
Şahlar:
– Heyf ki, – dedi, – Hayk orada olmadı.
Və-elə buradaca onun babası Usta Manas haqqında düşündü. Kişinin görünüşü, söhbəti, dünyalar yola salması oğlanda ona qarşı dərin bir hörmət oyatmışdı. O, ürəyinin dərinliklərində eyni hörməti həmişə atası Bəndalıya qarşı da hiss edərdi. Şahlar, hələ indiyə qədər atasının yanında bərkdən gülməmişdi. Başını daramamışdı. Başqası ilə zarafatlaşmamışdı. Bəlkə də atası belə şeylərə bir söz də deməzdi. Lakin atasının təmkini qarşısında belə hallar oğlana hədsiz dərəcədə yüngül görünürdü. O; atasının nəzərində özünün ləyaqətli olmasını istəyirdi. Bu onun izzəti-nəfsini hər şeydən artıq oxşayırdı. O elə indi də atasının at sürməyinə heyran idi.
Bu oğlan indi də atasının atdığı güllənin yerə düşmədiyini, keçən il Aşağı aranda bir gülləyə iki ceyran vurduğunu görmüşdü.
O, yoldaşlarına dedi:
– Gəlməyimiz yaxşı oldu.
– Əlbəttə, – deyə Soltan təsdiq etdi. – Bu otu sağ-salamat aparıb çıxarsaq xeyli əlimizdən tutacaq.
– Aparıb çıxarmayanda nə olacaq?! – deyə qaragöz oğlan cavab verdi.
– Ay gözünə dönüm! – deyə Kəriş onun çiyninə vurdu. – Vallah, oğulsan.
Qaragöz oğlan tutuldu, yenə də ona elə gəldi ki, bu «cingöz şofer» ona lağ eləyir. Onu uşaq sayır.
Şahlar bunu hiss edərək gülümsəyib, oğlana baxdı:
– Əlbəttə, oğuldur. Oğul olmasa bu cür təzə maşını ona etibar eləməzdilər.
– Özü də belə çətin səfərdə!.. – deyə Soltan təsdiq etdi.
Qaragöz oğlan qürurla ocağa baxaraq fikrində Şahların sözlərinə əlavə etdi – «hamı bilir ki, bizim sədrimiz hər adama ürək qızdıran deyil. Vasvasının biridir».
Sonra yavaş-yavaş mürgüləməyə başladılar. Şahlar təzə papiros yandırıb dedi:
– Bura baxın, uşaqlar, bax yatmaq olmaz ha! Özümüzü soyuğa verərik.
Kəriş gözünü ovuşduraraq:
– Sən ölmə, – dedi, – soyuq dəysə də yatacağam.
– Dedim ki, olmaz! – deyə Şahlar bozardı.
– Nəyə yatacağıq, – deyə qaragöz oğlan Kərişin açığına əlavə etdi, – onsuz da bir azdan işıqlanacaq.
Kəriş alovun işığında parıldayan balaca yuxulu gözləri ilə oğlana baxıb gülümsədi.
– Yox, yatmaq olmaz! – deyə Soltan da təsdiq elədi. – O saat soyuq dəyər.
Sonra yuxu ilə mübarizə başlandı. Kərişin başı sinəsinə əyiləndə Şahlar onun burnunu tutub sıxırdı.
Kəriş də diksinib yuxulu-yuxulu:
– Ə, mən ölüm yavaş! – deyirdi. Bu da qaragöz oğlana ləzzət verirdi.
Sarıbəniz şofer təzə olacaq uşağına nə ad qoyacağı haqqında düşünərək, yuxusunu qaçırmağa çalışırdı.
Şahlar tez-tez papiros çəkir və zootexnik qız haqqında düşünürdü. Birdən oğlan ölümdən xilas etdiyi və hal-hazırda onların evində daldalanan bir qız haqqında belə aludəliklə və tez-təz fikirləşdiyi üçün özünə acığı tutdu. Bu ona nanəciblik kimi göründü (Qız barədə heç bir nalayiq şey düşünməsə də!) Əgər o bu cür gözəl, yaraşıqlı bir qız deyil, adicə kişi xeylağı da olsa, Şahlar onu o dəhşətli gecədə tək qoymazdı. Bu onun borcu idi!
Buna görə də iradəsinin əksinə olaraq qız onun xəyalına gəldikdə oğlan yerində narahat bir hərəkət edir və ayrı şey haqqında düşünməyə çalışırdı.
…Dan yeri ağarar-ağarmaz maşınlara əyləşərək yollarına davam etdilər. Səhərin ayazında ocaqdan aralanmaq çətin idi. Soyuq üzlərini alov kimi qarsırdı. Güney dağın zirvəsi ilə qalxıb yoxuşu enməyə başladılar. Yol sal buz idi. Tormozların möhkəm olmasına baxmayaraq kəskin döngələrdə sürüşmək qorxusu var idi.
Güney dağını böyük ehtiyatla enərək, nəhayət, vadiyə çıxdılar. Srağagündən bəri qar çox yağdığı üçün hər tərəfi örtüb yol ilə vadinin hüdudunu itirmişdi. Yenə də yoldan çıxmaq, çala-çuxura düşmək qorxusu var idi. Şahlar maşından enib qabağa düşdü. Lakin çox getməmişdilər ki, qabaqdan üst-üstə yığılmış yeşiklərlə dolu yüklü bir maşın çıxdı və Şahların işarəsi ilə dayandı. Soltangil də dayandılar. Qabaqdan gələn maşının kabinəsində cavan şoferlə bərabər yaşlı bir kişi oturmuşdu. Şahlar onlara yaxınlaşaraq, salam verib soruşdu:
– Qabağa yağmır ki?
– Yağmağına yağmır, – deyə kişi cavab verdi – amma ta Haça qayayacan yol bu cür örtülüdür. Axşamdan bəri it əziyyəti çəkmişik. İndi sizin işiniz yaxşı olar. Hər yerdə bizim rəddimizi tutub gedin.
– Sağ olun.
– Siz də sağ olun.
Yeşiklə yüklü maşın tərpənib ötdü. Şahlar gedib kabinəyə çıxdı.
Asta-asta, ehtiyatla irəliləyirdilər. Şahlarla Soltanın gözləri yeşiklə yüklü maşının izində idi.
…Axşam toran qovuşanda gəlib Qartallı Dərəyə çatdılar… Kolxoz idarəsinin qabağına yığılan kəndlilər şoferləri və Şahları dövrəyə aldılar. Səlimə də, Bağdagül bacı da onların arasında idilər.
– Ay qadanızı alım! – deyə hamıdan qabaq Bağdagül bacı dilləndi. – Üşümədiniz ki?
– Üşümək nədi, əşi, – deyə Kəriş cavab verdi. – Yollarda qanqallar çıxıb; zəmilər vağanıyıb.
Hamı gülüşdü.
Kəndlilər, üzərini qar örtmüş kəhrəba tək sapsarı ota qiymətli bir nemət kimi baxırdılar.
– Vallah, sağ olsunlar! – deyə briqadir Xanhüseyn səsləndi.
– Gətirənlər də sağ olsunlar! – deyə Bağdagül bacı asta-asta əlavə etdi.
Kəriş:
– Sən ölməyəsən, Xanhüseyn, – dedi, – bizə bir hörmət elədilər, bir hörmət elədilər, deməklə qurtarmaz. Yemək-içmək xirtdəyəcən.
– Otları çox idi? – Xanhüseyn soruşdu.
– Lap on maşın da aparsaydıq, doldurardılar.
– Belə bilsəydik, bir-iki maşın da tapardıq…
– Bu özü də böyük işdir.
– Sağ olsunlar.
– Əlbəttə.
– Atam gəlib? – deyə Şahlar Səlimədən soruşdu.
– Xeyr. Hələ gəlməyib.
Qızın «xeyr» deməsi oğlana qəribə göründü. Çünki «bəli, xeyr» bu yerlərdə ya böyük hörmət və ya da tabeçilik, rəsmiyyət əlaməti hesab olunurdu. Oğlan isə bu qızın onunla amiranə danışmasını istəyirdi. O, şoferlərə tapşırıq verdi:
– Maşınları sürün qaraja. – Sonra briqadir Xanhüseynə müraciətlə əlavə etdi: – Dörd adam ayırarsan, səhər tezdən otu basarlar tayaya.
Sarıbəniz şofer:
– Xahiş eləyirəm, – dedi, – bizim maşınları indi boşaltsınlar, gedək.
Kəndlilərdən biri:
– Nə tələsirsiniz, – dedi, – dəyirmana-zada gəlməmisiniz ki.
– Evdə nigarandırlar.
Kəriş qaragöz oğlana baxaraq:
– Ə, qaqaş, – dedi, – belə dostluq olmaz. Bir gecə qalsanız dünya dağılmaz ki.
Oğlan bir ona, bir də kəndlilərə baxıb, cavab vermədi.
– Yaxşı, – deyə Şahlar briqadir Xanhüseynə tapşırdı, – bunların maşınlarını indi boşaldın getsinlər.
Sonra sarıbəniz şoferə müraciətlə əlavə etdi: – Kərəm dayıya deynən çox sağ olsun. Vaxt olar xəcalətindən çıxarıq.
– Xəcalət nədi?! – Sarıbəniz şofer cavab verdi. – Nə vaxt maşın lazım oldu, sifariş eləyin.
…Şahlar Səlimə ilə birlikdə evə getdi. Qaranlıq düşmüşdü. Pəncərələrdən zəif işıq sızırdı. Yol buz bağladığından Səlimə sürüşməmək üçün oğlanın qoluna girdi. Bu, Şahlara həm təəccüblü göründü və həm də xoşuna gəldi.
– Yollar çox çətin idi?
– Dağ yolları qışda çətin olur.
Bu çox ümumi cavab idi. Lakin qız bir söz demədi. Oğlan soruşdu:
– Sizin üçün burada necə keçir?
– Yaxşı.
– Doğrudan?
– Lap doğrudan. Niyə təəccüb edirsiniz ki?
– Təəccüb etmirəm. Ancaq nə qədər olsa da… Qartallı Dərədir…
– Qartallı Dərə, bəyəm necədir? Pisdir?
– Pis deyil, ancaq dünyanın qurtaracağıdır. Soyuqdur.
– Onların eybi yoxdur, – deyə qız dərindən nəfəs alıb soruşdu: – Niyə buraya «Qartallı Dərə» deyirlər? Qartal çox olur?
– Yox, burada heç qartal olmur. Keçmişdə haradansa yuxarı dağlardan buraya bir qartal azıb gəlib, onu da buradakı keçilərdən biri vurub öldürüb.
– Keçi qartalı öldürüb?
– Bəli.
– Nə cür?
– Qartal şığıyıb keçinin balasını alıb caynağına, istəyib qaldırsın yuxarı. Ana keçi buynuzu ilə onu vurub öldürüb. O vaxtdan da buranın adı qalıb Qartallı Dərə.
– Qəribədir… – deyə qısa sükutdan sonra qız öz-özü ilə danışırmış kimi dilləndi.
– Nə qəribəliyi var ki?
– Qəhrəmanlığı keçi göstərdiyi halda, niyə kənd qartalın adına olub? Niyə «Keçili Dərə» deməyiblər, «Qartallı Dərə» deyiblər?
– Çünki qartal məğlub olsa da qartaldır!
Qız başını qaldırıb qaranlıqda oğlana baxdı. Onun üzündə gərgin və ciddi bir ifadə var idi. Evə qədər sükut içində getdilər.
Otaq həmişəki kimi isti və səliqəli idi. Gülnisə xala bir qazan plov bişirib dəmə qoymuşdu. Oğlunun bu gün gələcəyini bilirdi. O bu iki gündə yol sarıdan çəkdiyi qorxurlar barədə nə Səliməyə bir söz demişdi nə də indi, oğluna dedi. Allaha şükür, Şahlar sağ-salamat qayıtmışdı. Gülnisə böyük bir həvəslə plovun dəmini alıb süfrə saldı. Və qab-qacaq gətirərək, oğlundan soruşdu:
– Dostun necədir?
– Yox idi. Yerevana getmişdi. Anası evdəydi.
– Hörmət elədimi?
– Elədilər. Çox hörmət elədilər.
– Sağ olsun, biz də əvəzini çıxarıq. Toyunda çağırarsan gələrlər.
– Toy nədi, əşi?
Gülnisə süfrəyə yuxa qoyaraq dikəlib yana-yana oğluna baxdı.
– Toy odur ki, belə mənim də gəlinim olsun. Nəvələrim olsun. Nə vaxtacan xam day kimi gəzəcəksən. Az qalıb saqqalın ağara.
Səlimə gülümsədi, oğlan dinmədi. Gülnisə oturub xörək çəkdi.
…Oğlan da, qız da susurdular. Yalnız Gülnisə yavaş-yavaş ordan-burdan danışırdı. Şahların sədrin yerinə qoyulmasından narazı olan adamların adlarını eyhamla çəkirdi. Onlardan elə danışırdı ki, qız başa düşməsin. Şahlar hövsələdən çıxaraq:
– Əşi, bəsdi! – dedi. – Məni sədrin yerinə gizlin qoymayıblar ki… Kimin nə sözü var idi, durub deyəydi… Camaat gördü ki, mən nə qədər boyun qaçırtdım. Sən də elə hamıdan şübhəyə düşürsən…
(Şahlar, anasının milçəyi böyüdüb fil eləmək xasiyyətinə bələd idi.)
Qız soruşdu:
– Niyə boyun qaçırırdınız?
– Mənim nə təcrübəm var idi ki, sədri əvəz edəydim.
Gülnisə oğlunun üzünə baxmadan cavab verdi:
– Ağıl yaşda döyül başdadır. Camaat neylədiyini hamıdan yaxşı bilir.
Şahlar onu da bilirdi ki, anasının keçmiş nişanlısının tayfası olan Tanrıverdi uşağı sarıdan həmişə ürəyi səksəkədədir. Bir söz eşidən kimi onlardan şübhələnir. Bəlkə də heç indi dediyi söz-söhbət olmamışdı. Lakin arvad belə bir şeyin ola biləcəyini ehtimal edirdi. Həmişə o biri tərəfdən olan Bağdagül bacını və ya üzüçapıq Xanhüseyni görəndə sümüyü sancırdı. Cavanlar Ermənistana ot gətirməyə gedəndə də məhz Bağdagülün oğlu Kərişi nəzərdə tutaraq, Şahlara xəlvətcə demişdi:
– Özündən muğayat ol. Elə bilmə ki, köhnə kin-küdurət adamların yadından çıxıb…
Oğlu da özündən çıxaraq: – Gözlə, – demişdi. – Kəriş məni vurmaq üçün cibində tapança aparır.
Şahların yolda çəkdiyi əziyyətlərdən əsər-əlamət qalmamışdı. Bütün yorğunluğu bir anda çıxıb getmişdi. İndi, məhz indi onun qəlbi yoldan aldığı saysız-hesabsız təəssüratla dolu idi. O bütün bunları həmin bu qonaq qıza danışmaq üçün özündə şiddətli bir arzu hiss edirdi. Lakin belə hərəkət uşaqlıq olardı. İndi onun iyirmi iki yaşı var. Kişi ağır olmalıdır.
– Deyirlər, siz gedən yollarda qorxulu bir gədik var…
– Bəli, var.
Oğlanın cavabı qıza çox soyuq və könülsüz göründüyü üçün daha heç bir şey soruşmadı. Şahlar qızın pərt olduğunu güman edərək, dərhal cavabının təsirini yumşaltmağa çalışdı. – Bəxtimizdən, – dedi, – Çınqıllı gədik bu dəfə tufansız oldu.
Lakin Səlimə pərt olmamışdı. O heç bir zaman pərt olmurdu. Onun gözlərindəki gülər ifadədə həmişə kimsəni qınamayan bir hal olurdu. Oğlan bunu hiss edirdi və onun qəlbində sonsuz bir diqqət doğururdu. O gülümsəyərək, mehribanlıqla qıza dedi:
– Deyəsən bizim yerlərin tufanı sizi yaman qorxudub.
– Neyləsin, – deyə süfrəni yığışdıran Gülnisə xala qızın əvəzindən cavab verdi. – İlan vuran ala çatıdan qorxar.
– Yox, mən qorxmuram.
– Qorxarsan, o gecə uzaq olsun, az qala ölmüşdün.
– Qızın canı bərk olar, – deyə Səlimə gülümsədi. – Gördünüz ki, ölmədim.
Oğlanın üzü ciddi bir ifadə aldı. O, birinci dəfə olaraq Səlimənin yanında papiros çıxarıb yandırdı. Qız onun iri və gözəl əllərinin üstündəki təzə çataqları gördü. Yoldakı ayazın, soyuğun əmələ gətirdiyi bu çataqlardan az qalırdı qan axsın. «İsti suya qoyub, sonra qliserin sürtmək lazımdır», – deyə qız düşündü. Lakin heç bir söz demədi. Ona elə gəldi ki, bu cür oğlanın əlləri elə belə də olmalıdır. Elə bil ki, ayazdan çatlamış bu əllərlə oğlanın təbiəti arasında bir harmoniya var idi. Elə bil ki, bu çataqlar onun gözəlliyini və mərdanəliyini tamamlayırdı.
…Səhər Səlimə özü artel idarəsinin qabağında ev məsələsini Soltanla danışdı.
– Heylə şeyləri siz heç gərək məndən soruşmayasınız, – deyə şofer cavab verdi. – Ev sizə qurbandır. Ayna da nahaq məni gözləyib.
…Günortaüstü Səlimə çamadanını götürüb Gülnisə ilə xudahafizləşdi. Şahlar çamadanı ondan alıb özü götürdü.
Yolda Şahlar dedi:
– Gərək qalaydınız.
Qız dərhal cavab verdi:
– Yox, belə yaxşıdır.
Sanki o özü də bu barədə düşünürdü. Sanki təkcə Şahlara deyil, eyni zamanda qəlbindən gələn hansı səsə isə cavab verirdi. Sonra heç oğlanın gözləmədiyi halda əlavə etdi. – Onsuz da hər gün görüşəcəyik. Elə deyilmi?
– Elədir.
Bu zaman onun ayağı buzun üstündə sürüşdü. Qız oğlanın çamadan olmayan əlindən yapışdı. (Və Soltangilin evinin qənşərinə qədər buraxmadı.) Qız onun əlindən tutarkən Şahlar «birdən adam-zad çıxıb görər, ayıbdır», deyə sıxılıb, ətrafına baxdı. Lakin bununla belə onun təmasından eyni ilə bahar fərəhi kimi bir hiss duyurdu. Qızın balaca, arıq əli oğlanın ayazdan yanıb çatlamış iri əlinin yanında çox solğun görünürdü. Lakin qız heç bir zaman (mübaliğəsiz heç bir zaman!) özünü bu anlardakı qədər yüngül və xoşbəxt hiss etməmişdi. Heç bir oğlanın əli ayazdan yanıb çatlamış bu əl qədər ona qiymətli və doğma görünməmişdi. Heç bir əl onun üçün bu qədər himayətdar və əziz olmamışdı. Buna görə də mən sözü onun özünə verirəm. Mən istəyirəm ki, Səlimə özü heç bir şeyi gizlətmədən ən intim nöqtələrinə qədər nağıl eləsin. Öz səadəti uğrunda necə çarpışdığını, necə mübarizə apardığını təfsilatı ilə söyləsin. Onun səadəti isə çox maraqlı idi. O, uzaqlardan bu Qartallı Dərəyə uçub gələn bir sığırçın idi.
SƏLİMƏ
Mən Soltangilin üç gözdən ibarət kürsülü evlərinin pəncərəsi şərqə açılan kiçik otağında yerləşmişdim. Mən qış günü soyuq otaqda oturmağı sevmirəm. Soyuq otaq mənə soyuq bir kədər təlqin edir, həyatda gözəl, cazibədar nə varsa məndən uzaqlaşdırır. Mən özümü hamı tərəfindən unudulmuş və kimsəsiz hiss edirəm, ona görə də sobamı bərk qaladım, Aynanın verdiyi balaca çaydanı su ilə doldurub üstünə qoydum. Mən ətirli çayı çox sevirəm. Həmişə çamadanda yaxşı çay saxlayırdım.
Artıq qaranlıq düşdüyündən balaca, mavi abajurlu (bu abajuru balaca, qıyqacı yaylığımdan kəsib düzəltmişdim) lampamı yandırdım. Otağıma ürəkaçan xoş bir işıq doldu. Çamadanımdan «Yunost» jurnalının axırıncı nömrəsini çıxarıb, çarpayıya uzanmaq istəyirdim ki, Ayna qapını tıqqıldadaraq içəri girdi və məni şama dəvət elədi. Mən də jurnalı çarpayımın üstünə qoyub getdim. (Otağımı səliqəyə salmaqla məşğul olduğumdan nahar eləməmişdim.)
Soltan, oğlu Xanəli, qızı Salatın ağ örtüklü stolun ətrafında adi taxtadan qayrılmış kətillərin üstündə əyləşmişdilər. Soltan ayağa durub stolun yuxarı basında mənə yer göstərdi. Keçib əyləşdim. Uşaqların ikisi də diqqətlə mənə baxırdılar. Üç yaşında olan Salatının saçlarına qırmızı ipək lent bağlanmışdı… Ondan iki yaş böyük olan Xanəlinin əynində bənövşəyi matros paltarı var idi. Özünü böyük adamlar kimi tox tutmuşdu. Salatın əllərini üzünə dirəmişdi. Onun balaca, totuq biləklərində qırmızı mərcan var idi.
– Adın nədir? – deyə ondan qəsdən təkrar soruşdum.
– Bıy, bəs dünən demədim… (Onun dilincə «dünən» «bayaq» demək idi.)
– Yadımdan çıxdı.
– Salatındı, dayna.
– Hə… Salatın…
– Tay yadından çıxmayacaq ki…
– Yox. Tay çıxmaz.
– Bunun da adı – deyə qız qardaşını göstərdi – Xanəlidir. Bilirsən, Xanəli mənim babamın adıdır. Böyük babamın… mənim də adım nənəmin adı imiş…
Xanəli böyük adamlar kimi: – Tay yaxşı, – deyə bacısına acıqlandı. Görünür qonaq yanında ciddi olmağı lazım bilirdi.
Ayna sulu qovurmanı çəkib stolun üstünə qoydu. Və biz iştaha ilə yeməyə başladıq.
Ayna yeddiillik məktəb bitirmişdi və indi kənddə yasli müdiri idi. Soltan isə səkkizinci sinifdən çıxmışdı. İndi içində olduğumuz evi keçən il tikmişdilər.
Mən burada, bu ailədə özümü daha sərbəst, daha yüngül hiss edirdim. Mən tez-tez Gülnisə xalanı və onun oğlunu evləndirmək arzusunu xatırlayırdım. Lakin bunun heç də mətləbə dəxli olmadığını bilirdim. Oğlunu evləndirmək hər bir ananın arzusudur. Burada təəccüblü nə vardı ki! Nə üçün mən ürəyimin dərinliklərində Gülnisə xalaya acıqlanırdım? Nə üçün onun qəşəng daranıb, sığallanıb tən ortadan ayrılmış saçlarında bir ağ tükün də olmaması, üzünün gəlin kimi cavan və təravətli qalması məndə xoşagəlməz bir hiss doğururdu? Halbuki mən Şahların hər cür yeniliyə nifrət edən, mənim göstərişimi lağa qoyan əmisi Sevdimalı kişiyə qarşı özümdə bir mehribanlıq duyurdum. Şahların əmisi olan bu gödək, davakar kişiyə qanım qaynayırdı.
Mən Soltanın Ermənistana olan səfərlərindən, otu necə gətirmələrindən danışmağını istəyirdim. Mən ondan soruşdum:
– Yolda çox əziyyət çəkdiniz?
– Bir az oldu… – deyə o gülümsədi. – Şahlar azı əlli kilometr piyada yeridi…
– Nə üçün? – deyə qız təəccüb etdi.
– Çünki qar yolu örtmüşdü. Maşınlar aşa bilərdi.
– Siz maşınları o qədər asta sürürdünüz?
– Lap asta. Ayrı cür mümkün deyildi.
Mən çayımı içib qalxdım və ev sahibləri ilə xudahafizləşib öz otağıma gəldim. «Yunost»u götürüb çarpayıma uzanaraq yarımçıq qalan povesti açdım. Lakin oxumaq həvəsim olmadığını hiss edərək jurnalı örtdüm…
O uzaq, qarlı çöllərdə dal-dala düzülərək ağır-ağır irəliləyən dörd maşın və qabaqda kürəklə yolu yoxlaya-yoxlaya gödək ucaboy oğlan xəyalımda o qədər aydın canlanmışdı, elə bil mən özüm də orada olub bunların hamısını öz gözümlə görmüşdüm. Sonra mən onların gətirdiyi otdan necə gözəl ətir qalxdığını və bu ətirli otu heyvanların isti tövlələrdə necə şirin-şirin yediklərini və Sevdimalı əminin üzündə yaranan gizli məmnuniyyət ifadəsini xatırlayırdım…
Mən anlaşılmaz fərəh və intizar içindəydim. Mən ürəyimə çox yaxın bir qız dostumla qabaq-qabağa oturub uzun-uzadı söhbət eləmək istəyirdim.
Sonra mən anam haqqında düşündüm. Əgər sabah gündüz növbəsində işləyəcəksə, indi yəqin ki, yatıb. Tezdən durmaq lazımdır. Mən iki il bundan qabaq rayona təyin olunanda onu da özümlə gətirmək üçün dilə tutdum. «Maaşım ikimizə də çatar» dedim. Lakin o, dərindən nəfəs alıb: «Yox, – dedi, – fabrikdən ayrıla bilmərəm. Üzüm-gözüm öyrənib. İyirmi ildir».
Mən zarafatyana: – Yaxşı, – dedim, – necə olur ki, qızından ayrıla bilirsən, amma fabrikdən yox…
O «qız uşağı quş balasıdı, – deyə kədərlə gülümsədi, – qanadlandımı uçacaq… Təki xoşbəxt olsun».
Yer üzündə olan bütün analar uşaqlarının xoşbəxt olmalarını istəyirlər. Mənim anam da… Şahların anası da, hamı… hamı… bütün analar! Dünya yaranandan indiyə qədər bundan böyük, bundan əziz arzu olmayıb! Əgər Şahların məni xilas etdiyi o dəhşətli gecədə oğlanın özünə bir şey olsaydı Gülnisə xalanın saçları, yəqin ki, indiki kimi qapqara və sığallı olmazdı.
Hamıya məlum bir həqiqət olan bu boş fikrin ağlıma gəlməsi məni sarsıtdı və mənim əvvəl-axırıncı sevgimi özümə bəyan etdi. Mən ağladım. Yana-yapa ürəkdən ağladım. Sonra hövlnak bir hərəkətlə yerimdən qalxıb paltomu belə çiynimə salmadan bayıra çıxdım. Onların işıqları hələ sönməmişdi. Ağ pərdəli pəncərədən bayıra sızan o zəif işıq elə bil ki, bütün anaların və mənim anamın arzu etdiyi o böyük səadətin hakim olduğu sirlər, sevinclərlə dolu qəribə bir aləmdən gəlirdi.
Qoy bütün anaların oğulları Şahlar kimi sağlam və cəsur olsun! Qoy bütün oğulların Şahlar kimi işığı gəlsin və onları istəyən ürəkləri sevindirsin!
Birdən mən bütün varlığımla onların taxtapuşundan qalxan tüstünü görmək istədim. Elə bu zaman da onların işığı söndü. Evləri qatı qaranlıq içində güclə seçilən qaramtıl bir kütləyə çevrildi. Yalnız bu vaxt mən tir-tir əsdiyimi, dişim-dişimə dəydiyini hiss edərək, qayıdıb otağıma girdim.
Mən sobanın qabağında yerə çökərək qapısını açdım. Üst-üstə təl atılmış yaqut kimi qırmızı közlərin arasında kiçik mavi alovlar sevinclə, nəşə ilə titrəşirdi. Qabaq tərəfdə yanıb kül olmuş közlərin hələ də şəkli pozulmamışdı. Mən bayaq soyuqdan titrəyən vücudumda indi xoş bir rahatlıq hiss edərək qızışırdım. Mən yaqut közlər arasında titrəşən mavi alovlara baxaraq şirin-şirin qızışırdım.
Mən gənc, sağlam bir qız olduğumu hiss edirdim. Mən o soyuq çöllərdə dal-dala düzülərək ağır-ağır irəliləyən maşınların qabağında yolu yoxlaya-yoxlaya gələn oğlanın qədd-qamətini seyr edərək qızışırdım. Elə bil ki, bu yaqut közlər arasında titrəşən mavi alovlar mənə həmin oğlanın əfsanəsini söyləyirdi.
Mən orta əsr qəhrəmanları və onların istəkliləri haqqında düşünürdüm.
Mənim bu balaca və kasıb otağımda hər şey bir nağıla bənzəyirdi.
Sonra birdən mən burada görəcəyim işlər haqqında düşünməyə başladım. Qartallı Dərənin əsas təsərrüfatı maldarlıqdan ibarət idi. Keçən il kənddə hərəsi səksən heyvan tutan iki yeni tövlə tikmişdilər. Necə deyərlər xətri əziz olan inəklər bu tövlələrdə saxlanılırdı. Qalanları isə Adəm atadan qalmış pəyələrdə olurdular. Hər şey bir yana, bunların vaxtlı-vaxtında təmizlənməsi uzun əhvalat idi. Döşəmə torpaq olduğundan palçıq dizə çıxırdı. Neçə adam demək olar ki, səhərdən axşamacan heyvanların altını kürüyüb atmaqla məşğul olurdu. Bu isə, doğrusu, mənim insanlıq heysiyyətimə toxunurdu… Mən adamların bu cür işlərlə məşğul olmasını istəmirdim. Mən bu əqidədə idim ki, hər bir zəhmətin də öz gözəlliyi, öz şeriyyəti olmalıdır. Babalarımız, nənələrimiz həyatın ağır yükünü çiyinlərində daşıyarkən yaratdıqları gözəl mahnılardan təsəlli tapmamışdılarmı? Onların çətin zəhmətlərində nəcib bir şeriyyət olmamışdırmı? Buna görə də mən birinci növbədə öz qarşımda insan əməyinin fərəhli və gözəl olmasına, məhsuldar olmasına çalışmaq vəzifəsini qoyurdum. Hər şeydən əvvəl yeni sistemli tövlələr tikmək, heyvanlara xidmət işini mexanikləşdirmək, adamları səhərdən axşamadək üfunət içində əlləşməkdən xilas etmək lazım idi.
Mən artelin ümumi gəliri və onun toxunulmaz fondu ilə tanış olmuşdum. İki il dalbadal olan quraqlıq ona xeyli təsir etmişdi. Təzə tövlələrin tikilməsi üçün vəsait az idi. Artelin özünü düzəltməsi üçün isə iki il lazım idi. İki il! Mən çox fikirləşəndən sonra hələlik olan imkanlardan istifadə etmək qərarına gəldim. Gələcəkdə heyvanlara xidmət işini mexanikləşdirmək üçün bir gün də itirmədən yazda yeni tövlələr tikilməsi işinə indidən hazırlıq görmək lazım idi.
Mən hər şeyi özüm üçün aydınlaşdırdıqdan və lazımi xərcləri təxmini də olsa müəyyən etdikdən sonra fikrimi açıb Şahlara dedim.
Artelin idarəsində ikimizdən başqa kimsə yox idi. O, xeyli fikirləşəndən sonra:
– Bilirsinizmi, – dedi, – taxta yoxdur. Ev-eşik tikdirən o qədərdir ki, gələn taxtanı göydə götürürlər.
– Bəlkə yenə də rayon təşkilatlarına müraciət eləyək?
– Rayonda bu saat iki kombinat, üç böyük onillik məktəb tikilir. Ağlım kəsmir bizə növbə düşsün.
O, bir qədər fikirləşəndən sonra öz-özü ilə danışırmış kimi: – Bəlkə, – dedi, – özümüz gedib meşədə taxta çəkək.
– İcazə versələr mümkündür. Bacarıqlı ustalarımız var.
O mənim üzümə baxmadan danışırdı. O, bir dəfə də olsun mənə baxmırdı. Onun yuxarıya qədər düymələnən pencəyinin altından üst köynəyinin qar kimi ağ yaxası görünürdü. (Gülnisə xalanın təmizliyinə nə söz ola bilər.) Saçlarından isə yaxşı əl-üz sabununun ətri gəlirdi. Görünür başını təzəcə yumuşdu…
O, sağ əlində tutmuş olduğu karandaşı aramla stola vuraraq susurdu. Mən günəşdən, ayaz və şaxtadan yanıb qaralmış bu yaraşıqlı əlin heç bir hərəkətini nəzərdən qaçırmırdım. Onun dırnaqları pəncərədən düşən işıqda sədəf kimi parıldayırdı. Onun ayaqlarında uzunboğaz çəkmə var idi. Mən onlarda qalanda oğlan hər dəfə bu çəkmələri çıxaranda, əlvan yun corablarını görürdüm. Bu corabların naxışları elektrik işığında alışıb yanırdı.
– Elə edərik, – deyə o, karandaşı stolun üzərinə tullayıb, bayaqdan bəri birinci dəfə olaraq mənim üzümə baxdı. – Səhər mən gedim görüm meşə idarəsindən icazə ala bilərəmmi?
Onun baxışları aydın, utancaq və mülayim idi. Bu baxışlar heç də onun bərkə-boşa o qədər dözümlü bir igid olduğunu ifadə etmirdi. Bu baxışlarda həyatın girdablarından xəbəri olmayan bir uşaq səmimiyyəti var idi.
Mən ondan soruşdum:
– Siz səhər getsəniz nə vaxt qayıdacaqsınız?
– Bilmirəm… Yəqin ki, axşamçağı… bəlkə də o biri gün, necə bəyəm?
– Elə-belə soruşuram.
Mən qulaqlarımın necə qızışdığını, necə qızardığımı hiss edərək pəncərənin qabağına keçdim və çölə baxa-baxa saçlarımı düzəltdim. Mən rayon mərkəzindən Qartallı Dərəyə neçə kilometr olması barədə düşünürdüm. Deyəsən o zaman rayon mərkəzində mənə əlli kilometr demişdilər. Ayrı vaxt, bu asfalt yolu nə qədər eniş-yoxuş da olsa ən uzağı saat yarıma getmək olardı. Lakin indi yollar donub buz bağlayıb. Mən geri dönərək: – Siz, – dedim, – sabah rayon mərkəzinə nə ilə gedəcəksiniz, atla?
– Xeyr, maşınla gedəcəyəm. Sizin şeylərinizi də gətirmək lazımdır, elə deyil?
– Elədir…
– Başqa nə lazımdırsa deyin, alaq gətirək.
«Mənə nə lazımdır?» deyə gülümsəyərək havada məchul bir nöqtəyə baxdım, sonra portmanatımı çıxarıb, açaraq, bir beşlik götürüb ona uzatdım.
– Xahiş edirəm buna mənim üçün kartof alasınız.
O, beşliyi aldı.
– Kartof burada nə qədər istəyirsiniz tapılar.
– Doğrudanmı? Elə isə yağ alın.
– Yağ da kənd mağazasında nə çox…
– Onda zootexnikin işi düzəlib ki…
– Zootexnikin işi nə asan düzəlirmiş, – deyə o, ayağa qalxaraq beşliyi mənim paltomun cibinə qoydu. Sonra ciddi ifadə ilə əlavə etdi: – Hər nə lazım olsa deyərsiniz alıb gətirərik, sonra pulunu haqq-hesab edərsiniz.
O, bütün qədd-qaməti ilə mənim qarşımda dayanmışdı. Onun səsində bir kişilik qüruru var idi. İndi onun baxışları sərt və kəskin idi. Mən onun əllərindən yapışmaq üçün özümdə şiddətli bir meyl duydum. Və mən onu etməmək üçün əllərimi paltomun cibində gizlədib, altdan-yuxarı (mən ucaboylu qız hesab olunurdum. Lakin o, maşallah, məndən də uca idi) ona baxdım. O, qızardı və hesabdarın otağına açılan qapıya ani bir nəzər saldı. Mən gözlərimi ondan çəkib təkrar pəncərədən qarlı çöllərə dikdim, bu zaman qapı açıldı. Bağdagül bacı asta-asta içəri girdi.
– Salaməleyküm…
Və bizim cavabımızı gözləmədən əlavə etdi: – O sizin canınız üçün Ermənistandan gələn otu inəklərim elə yeyir, elə yeyir, deyirsən bəs kişmişdir. Baxıram ləzzət çəkirəm. Yoxsa silos…
Sonra şəhadət barmağını yuxarı qaldırıb əlavə etdi. – Bax, budur deyirəm mən bir də inəklərimə silos verməyəcəyəm. İstəyir lap nazirin özü gəlsin, verməyəcəyəm. Yazıq döyüllər? Mənim qabağıma gətirib çürümüş meyvə qoysalar yeyə bilərəm?
– Pah atonnan! – deyə Şahlar özündən çıxdı. – Ay arvad yüz dəfə səni başa salmışam ki, silos pis qoyulub! Ona görə də heyvan yemir. Elə yenə Sevdimalı əmim kimi öz bildiyini deyirsən.
– Bəsdir, bəsdir. Zəhləm qarğıdalıdan gedir. Onun özü nədi, xeyri də nə olsun. Yayda mən öz inəklərimin fikrini çəkərəm.
– Bu xüsusi təsərrüfat-zaddır hər kəs bir hava çalsın?.
– Sizin çaldığınız hava Bağdagülün sümüyünə düşmür.
Mən bərkdən güldüm.
Arvad stul çəkib oturdu. Onun ağırlığı altında stulun taxtaları cırıldadı.
Şahlar:
– Dur divanda əyləş, – dedi, – belə şeylər sənə davam gətirməz.
– Deyin möhkəm qayırsınlar, davam gətirsin.
– Kimə deyək? Fabrik harda, biz harda.
– Yazın. İndi nə uzaq, nə yaxın.
– Fabrikdəkilər nə bilsinlər ki, sən maşallah, on pudsan.
– O sənin borcuna döyül, – deyə arvad gülümsədi, – belə ürəyim gül kimi təmizdir, ona görə də kökəlirəm.
Sonra: – O sənin canın üçün, – deyə mənə müraciət elədi, – pendir-çörək yeyirəm, yenə kökəlirəm. Su içirəm yenə kökəlirəm. Təhərim olsaydı bir-iki pud verərdim sənə.
– Nəyi verərdiniz? – deyə mən təəccüblə soruşdum.
– Köklüyümdən dayna. Yamanca naziksən. Yoxsa sən də çörək yemirsən? Axı deyirlər şəhər qızları çörək yemirlər ki, ortamız yoğun olar.
– Mən bütün bişmişləri çörəklə yeyirəm.
– Yaxşı eləyirsən, çörəkdən gözəl nemət nə var.
Şahlara sarı dönərək: – Qızıl inək yetirhayetirdədi, – dedi. – Otunu bu gün yenə də artırdım.
Mən:
– Sizin inəkləriniz kökdürlər, – dedim.
– Özümə oxşayıblar dayna, – deyə gülümsədi.
Daha sonra mənə müraciətlə: – Bilirsən, – dedi, – niyə gəlmişəm? Eşitdim sən demisən gərək bundan sonra buzovları ayrı cür bəsləyək. guya onların da dayəsi olsun. Bu nə əhvalatdır?
– Bu çox yaxşı əhvalatdır, – deyə mən yarızarafat cavab verdim. – İnəklərdən dayələr ayrılır. Hər dayə inəyi onun süd verməyindən asılı olaraq üç-dörd buzov əmir. Sonra onların sayı yavaş-yavaş artırılır. Buna «dəyişən qruplarla buzov bəsləmə üsulu» deyilir.
– Yaxşı, bunun xeyri nədir?
– Xeyri odur ki, bu üsulla böyüyən buzovlar sağlam olurlar, yaxşı böyüyürlər. İnsanın işi asanlaşır. Az zəhmətlə çox xeyir götürülür.
– Yəni yoxlayıb eləyiblər? Yoxsa elə-belə kitabda yazılıb.
– Bəyəm kitabda yazılanlar doğru olmur?
– Sözüm onda döyül, deyirəm yəni bunun xeyrini gözü ilə görən olub?
– Bəli. Mən öz gözümlə görmüşəm. Sağıcı Kəklik haqqında eşitmisənmi?
– Eşitmişəm.
– Bax, o, buzovları bu üsulla bəsləyir. İnstitutda oxuyanda tez-tez onların sovxozuna təcrübəyə gedərdik.
– Yaxşı, necə ola bilər ki, başqa inəyin südü buzovun öz anasının südündən xeyirli olsun? Bir var uşaq öz anasının südünü əmə, bir də var ki, yad adamın, hansı xeyirli olar? Əlbəttə, öz anasının südü, qanı qanından, canı canından.
– Bilirsinizmi, Bağdagül bacı, – dedim və mənim onu, özümdən iyirmi beş yaş böyük olmasına baxmayaraq «bacı» adlandırmağım deyəsən arvadın xeyli xoşuna gəldi. Yerində doğrulub sağ əli ilə qaşlarına sığal verdi, – əsas məsələ odur ki, inək sağlam olsun. Cins heyvan olsun.
– Bu düzdür.
– Ola bilər ki, buzovun öz anası sağlam deyil, ya pis cinsdəndir, elə deyilmi?
– Heylədir…
– Biz dayə ayıranda onun qanını da, sağlamlığını da, cinsini də yoxlayacağıq.
Aradan qısa sükut keçdi…
Bağdagül bacı ayağa qalxdı və kimsənin üzünə baxmadan yavaş səslə dedi:
– Mən gedim.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?