Текст книги "Dağlar arxasında üç dost"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
– Bəs nə oldu? – deyə mən ona baxdım. – Heç bu barədə bir söz demədiniz.
– Gərək fikirləşək dayna, ömrümüzdə görmədiyimiz işdi
– Nə olar, fikirləşin.
– Hələlik, salamat olun.
O, asta-asta yeriyib otaqdan çıxdı.
– Məsləhətləşməyə gedir… – deyə Şahlar onun ardınca baxaraq gülümsədi.
– Kimlə məsləhətləşəcək?
– Sevdimalı əmimlə.
O, bir qədər susduqdan sonra günahkar bir ifadə ilə: – Doğrusu, – dedi, – bayaq sizin Bağdagül xalaya danışdıqlarınızdan heç mənim özümün də xəbərim yoxdur.
– Bu, olduqca xeyirli bir işdir. Çox çəkməz ki, bütün ölkəyə yayılar.
Mən öz danışıq tərzimlə hiss etdirdim ki, onun buzovları dayə üsulu ilə bəsləmək üsulundan indiyə qədər xəbərsiz olmağında heç bir qəbahət yoxdur. Sonra mən bu üsulun bütün elmi əsaslarını ona izah elədim. O, gözlərini üzümə dikərək dinləyirdi. Mən onun mavi alova bənzəyən gözlərində öz əksimi görərək nəzərlərimi endirir, bir anlığa susur, sonra yenə də davam edirdim.
O, stolun yeşiyindən bir bloknot və karandaş çıxararaq:
– Demək, dayə üsulu ilə buzov bəsləmək üsulunda, – deyə öz-özünə təkrar edə-edə yazmağa başladı – Hər bir dayə inəyi onun südündən asılı olaraq üç-dörd buzov əmir.
– Və onların sayı tədriclə artırılır.
– Yaxşı, – deyə o, dikəlib soruşdu, – bu üsulun başqa nə kimi xeyri ola bilər?
Mən həvəslə cavab verdim:
– Məsələn, Kəklikgilin sovxozunda əgər bir adam əl ilə süd içirərək 85 gündə iyirmi beş buzov bəsləmişsə, həmin müddətdə dayə üsulu ilə qırx buzova və on inəyə qulluq etmişdir.
– Yəni buzovabaxanın əmək məhsuldarlığı iki dəfə artmışdır?
– Bəli. Buzovlar da o birilərindən həm çəkidə ağır, həm də gümrah olmuşlar.
O yenə də bloknotuna nə isə qeyd edərək dikəldi.
– Görünür, doğrudan da, xeyirli işdir.
– Şübhəsiz.
Sonra gözləri bloknotunda olduğu halda dedi:
– Oturmuşuq bu dağların arasında, heç nədən də xəbərimiz yoxdur.
– Dağların arasında oturanda nə olar. Bayaq Bağdagül bacı yaxşı dedi ki, indi nə uzaq, nə yaxın.
– Bilirsinizmi, işimiz elə bir mərtəbəyə gəlib çatıb ki, gərək istehsalatın, təsərrüfatın başında sizin kimi ali savadlı, elmli adamlar dursun. Yoxsa mənim kimisindən nə çıxar.
Mən onun aşağı enmiş sıx qumral kirpiklərinə baxaraq zarafatyana bir əda ilə:
– Nə olub, ay igid oğlan, – dedim. – Mən boyda bir qızı dörd canavarın əlindən qaçırıb qurtara bilirsən, ali təhsil ala bilmirsən?
O, göz qapaqlarını qaldırmadan:
– Sizi mən qaçırıb qurtarmadım, – dedi, – canavarlar özləri qaçdılar. Bir də ki…
– Bir də ki nə?..
– Siz heylə şeyləri ali təhsil almaqla bir tutursunuz?
– Çox sağ olun, siz mənim kimi qızı ölümdən qurtarmağı əhəmiyyətli bir şey hesab eləmirsiniz?
O mənə baxaraq gülümsədi.
– Siz, – dedi, – o əhvalatı hələ də yaddan çıxarmamısınız?
– Mən sizin üçün elə bir şey eləsəydim yaddan çıxarardınız?
– Yox.
Başımı çiynim üzərində əyərək məsum bir görkəm alıb:
– Bəs niyə, – dedim, – məni nankor hesab edirsiniz?
Mənim zarafatyana söylədiyim bu sözlər birdən öz ürəyimi kövrəltdi.
«Mən heç bir zaman heç bir yaxşılığı unutmamışam. Fabrikdə toxucu işləyərək məni varlı-hallı adamların balaları kimi geyindirən anamı unutmamışam. On beş il məni pulsuz-parasız oxudub insanlar arasına çıxaran vətənimi unutmamışam. Mən səni də heç bir zaman unutmayacağam». Mən susurdum, pəncərədən çölə, qarlı dağlara baxaraq yanımdakı oğlan haqqında düşünürdüm. Mən onu bütün varlığı, bütün həyat qüvvəsi və o şahanə qüruru ilə hiss edirdim. Mən o dəhşətli gecənin əfsanəsini təkrar-təkrar duymaq istəyirdim. Mən həyatda hər şeyin bu qədər gözəl, bu qədər fərəhli olduğunu indiyə qədər belə aydın dərk etmədiyimə təəccüb edirdim.
– Nə üçün qiyabi oxumursunuz? – deyə mən ondan soruşdum.
– Qorxuram imtahanları verə bilməyəm. Onilliyi qurtaran ili instituta girmək istədim…
– Kəsildin, – deyə mən onun cümləsini tamamladım.
– Riyaziyyatdan. Bir də ədəbiyyatdan. Rus dilindən də üç aldım.
Mən bərkdən gülərək:
– Daha nə qaldı… – dedim.
O mənim gülüşümdən pərt olmadı.
– Məktəbdə oxuyanda yaxşı fikir vermirik, ona görə də belə olur.
– Yaxşı, keçənə güzəşt deyərlər. O barədə danışmağın mənası yoxdur. Əgər ali məktəbə girmək fikriniz olsa mən sizə kömək edə bilərəm.
O, lap bir uşaq sadəliyi ilə soruşdu:
– Riyaziyyatdan da?
– Lap riyaziyyatdan da.
– Qızların hamısı riyaziyyatdan zəif olur.
– Düz demirsiniz. Qızlardan o qədər riyaziyyat alimləri var ki, mən özüm orta məktəbdə oxuyan zaman riyaziyyatçı idim. Heç indi də yadımdan çıxmayıb.
Onun mənə çox maraqla baxmasından vəcdə gələrək soruşdum:
– Yoxsa sizə kömək edə biləcəyimə inanmırsınız?
O, qaşlarını çataraq, cavab verdi:
– Siz hər nə desəniz mən ona inanaram.
Bu oğlanlar haradan bilirlər ki, biz qızların canı, izzəti-nəfsimizdə, bir də onların mərdanəliyindədir?!
– İndi ki, inanırsınız, bəs niyə tərəddüd edirsiniz?
– Sizə əziyyət olar.
– Əziyyəti yoxdur. İşdən sonra adam darıxır. Sizin də ki, nə klubunuz var, nə də bir yönlü kitabxananız.
– Söz-söhbətdən qorxmursunuz ki?
– Yox. Siz qorxursunuz?
– Mən nədən qorxacam?
O bu sözləri elə təbii bir ifadə ilə dedi ki, mən bərkdən gülərək, – Yazıq qadınlar, – dedim. – Əsrlər boyu həmişə biz qorxmuşuq, həmişə bizim üçün ayıb olub.
…Səhər tezdən Şahlar Soltanın maşınında rayon mərkəzinə gedib axşam şər qarışanda qayıtdı. Meşə idarəsindən icazə kağızı almış, mənim şeylərimi də gətirmişdi.
…O, birinci dəfə idi ki, mənim otağıma gəlirdi. Mən iki stəkan çay süzüb birini onun, birini də öz qabağıma qoydum.
O dedi:
– Otağınız nə yaxşı istidir.
– Paltonuzu çıxarın.
O, qalxıb gödəkcəsini və kepkasını çıxardıb, Soltanın mənim üçün adi taxtadan qayırdığı asqıya keçirtdi.
– Bəs kitabları almadınız?
O, qızardı. Xəfifcə gülümsəyərək:
– Bir-ikisini almışam, – dedi və portfelini açıb bir cəbr, bir də bir həndəsə kitabı çıxardı.
– Bəs ədəbiyyat?
– Ədəbiyyat məndə var.
Mən kitabları nəzərdən keçirərək kənara qoydum. Biz çay içib ordan-burdan söhbət elədik. Sonra mən sobanın üstündə qayğanaq bişirərək iki boşqaba çəkib birini onun, birini də öz qabağıma qoydum. Soğan doğrayıb üstünə sirkə tökdüm. Çörək, çəngəl gətirdim.
– Buyurun, – dedim, – kasıbın olanından.
O, iştaha ilə yediyi üçün mənim uçmağa qanadım yox idi. Biz qabaq-qabağa oturmuşduq. Mən gündüz toyuqdan-zaddan tapıb bir yaxşı şey hazırlamadığıma təəssüf etdim.
O, qayğanağı yeyib qurtararaq boşqabı azca kənar edib:
– Çox sağ olun, – dedi, – doğrusu, yaman acmışdım.
– Heyf ki, yaxşı bir şey olmadı.
– Lap yaxşıdır, adam ac olanda yavan çörək də ləzzət verir.
Mən qabları yığışdıraraq yenə də hərəmizə bir stəkan çay süzdüm. Sobaya odun qoydum. Sonra kağız-karandaş gətirərək cəbrdən ona balaca bir misal verdim. Qızardı. Ürkək və cəsarətsiz bir hərəkətlə qələmi götürüb misalı həll elədi.
– Siz ki lap riyaziyyatçı imişsiniz.
– Belə şeylər asandır. Bir az dərinlərə gedin.
– Yaxşı, dərinlərə gedək. Doğrusu, çox şey mənim də yadımdan çıxıb. Ancaq eybi yoxdur, bir yerdə təkrar edərik, yadımıza düşər. Bilmədiyimizi gedib onilliyin müəllimlərindən soruşarıq.
(Qartallı Dərədəki məktəb yeddiillik idi. Orta məktəb isə səkkiz kilometr aralıdakı böyük kənddə idi.)
– Bu sizin üçün əngəl olar, – deyə o, birdən-birə ruhdan düşərək karandaşı yerə qoydu.
Mən ciddi bir görünüş alaraq:
– Səhv edirsiniz, bu mənim üçün bir əyləncədir.
– Yaman da əyləncədir… – deyə o gülümsəyərək, təkrar karandaşı götürdü. – Yaxşı, onda birini də deyin, ancaq bir az çətin olsun.
Mən kitabı götürüb arxada cavabı olan çətin məsələlərdən birini dedim. O, həll etməyə başladı. Lakin cavabı kitabdakı ilə düz gəlmədi. O zaman, «məşhur riyaziyyatçı olan mən» qələmi alıb işə girişdim. Cavab yenə də düz çıxmadı. Mən bütün kainatı köməyə çağıraraq düz səkkiz variantdan sonra məsələnin düzgün həllini tapdım. Üzüm od tutub yanırdı. Oxuduğum on beş ildə heç bir imtahanda, heç bir kontrol məsələ həllində bu qədər sevinməmişdim.
– Gördünüz ki, həll elədik! – deyə mən pörtmüş halda ona baxdım, – yorulmadınız ki?
– Zəhməti çəkən siz, mən yorulacaydım?
– Siz mənim sualıma cavab verin. Yorulmadınız ki?
– Yox.
– Onda bu günlük bəsdir, – deyə mən, xoşbəxt halda kitabı örtdüm, – yəqin ki, Gülnisə xala sizi gözləyir. Rayon mərkəzindən birbaş bura gəlmisiniz.
O mənim eyhamımdan inciməyərək istər-istəməz qalxdı. Mən onun paltosunu asqıdan alıb geyməsi üçün tutdum.
– Yox, verin bura.
– Geyin!
– Elə şey olmaz, verin…
– Xahiş eləyirəm, geyin. Kişi qonağının paltosunu tutmaq mənim xoşuma gəlir…
(Mən ömrümdə kişi paltosu tutmamışdım.)
O, naəlac qalıb gödəkcəsini geydi və mən kepkasını da götürüb ona uzatdım. O: – Çox sağ olun, – deyib, kepkasını başına qoydu. Mən altdan-yuxarı ona baxırdım. (Mən tuflimi çıxardığım üçün ondan xeyli qısa görünürdüm.) Mən onun qarşısında özümü solğun və qovaq yarpağı kimi yüngül hiss edirdim. Lakin mən eyni zamanda bu solğun və nazik qızın təbəssümündə güclü bir həyat qüvvəsi olduğunu da duyurdum. Mən bunu oğlanın baxışlarından hiss edərək, hədsiz bir səadət içində özümdən razı qalırdım. Mən qürurla, gözəl bir ləyaqət hissi ilə ona baxırdım. Mən ona demək istəyirdim ki, «Əzizim, igid oğlan! O çovğunlu gecədə neçə kilometr yolu atın üstündə yarımcan gətirdiyin qız heç də sənin güman etdiyin zəif bir məxluq deyil!» Və həmin bu anlarda ikimiz də mənə fövqəladə dərəcədə təmiz, təravətli və gözəl görünürdük. Bu isə xudpəsəndlik deyildi. (Mən özümün heç də qeyri-adi bir gözəl olmadığımı bilirdim.) Bu mənim indiyə qədər duymadığım bir musiqi idi. Bu, həyat gözəlliyinin bir təntənəsi idi. Mənə elə gəlirdi ki, yerdəki xalının ilmələri mənim ipək corabda olan ayaqlarımı mehribanlıqla oxşayır.
– Bilirsinizmi, – deyə o, qapıdan çıxmaq istərkən ayaq saxladı,– mən sizin dediyiniz «buzovları dayə üsulu ilə bəsləmək» məsələsini birinci katibə danışdım.
– Nə dedi?
– Çox bəyəndi, özü də o məsələdən xəbərdarmış.
– Katib deməsəydi…
– Onsuz da sizə inanırdım, – deyə o nə demək istədiyimi başa düşərək sözümü yarımçıq qoydu.
Mən zarafata dözərək:
– Axı niyə də inanmayasınız… – dedim, – dost dosta necə inanmaya bilər…
O dedi:
– Mən səhər tezdən on iki adam götürüb meşəyə gedəcəyəm, ağac kəsməyə.
– Mən də gedəcəyəm.
– Yox, biz «Taya daş» deyilən yerə gedəcəyik, ora çox soyuq olur.
– Qorxursunuz yenə donum?! Yaxşı, eybi yoxdur, yaz gələr, havalar qızar, onda cırcıramanın da işi düzələr.
Sonra ruh yüksəkliyi ilə əlavə etdim: – Siz gedin ağac kəsməyə, mən də sağıcıları yığıb buzovları dayə üsulu ilə bəsləməyi onlara izah edərəm.
– Yaxşı olar.
– Hər şey yaxşı olacaq! – deyə mən, usdufca onun qoluna toxundum. – İndisə gedin. Sonra Gülnisə xala sizi bir də buralara qoymaz.
– Gecəniz xeyrə qalsın.
– Xeyrə qarşı.
– Xahiş edirəm bir şey lazımınız olsa nənəmə deyin.
– Baş üstə.
– Sağ olun.
– İstəyirsiniz mənim əl fənərimi götürün. Qaranlıqdır.
– Lazım deyil.
O, çevrilib çıxdı. Mən qapının ağzında dayanaraq onun qaranlıq gecədə o tək işığa doğru necə uzaqlaşdığına baxdım və o, tamam görünməz olduqda qapını örtdüm. Sonra gəlib stola dirsəklənərək onun bayaq məsələ həll elədiyi kağızı götürüb uzun-uzadı tamaşa elədim. Mən onun misalı necə həll eləmiş olduğuna deyil, qələmindən çıxan cızma-qaraya baxırdım. Mən kağızı üsulluca cəbr kitabının arasına qoyaraq, dikəlib yavaş-yavaş soyundum. Əynimdə yalnız bir köynək qalanda çılpaq ayaqlarımı oxşayan yumşaq xalının üstü ilə gedib işığı söndürdüm. Sonra qayıdıb yatağıma girdim.
Yerim isti, yumşaq və rahat idi. Yorğanıma bürünərək ayaqlarımı yığıb, gözlərimi sobanın qapısından düşərək xalının üstündə titrəyən işığa zillədim.
Sobada alışıb yanan odunların çatırtısı eşidilirdi. Şahlar sabah meşəyə gedəcək… Mən isə… sağıcıları yığıb söhbət eləyəcəyəm… Görəsən Gülnisə xala indi oğlu ilə nə danışır?
Mən rayon mərkəzindəki mağazada bir radioqəbuledici görmüşdüm. O günü nahaq almadım… Pulum da var idi. Bu dəfə gedəndə mütləq alacam. Bakıda olan yoldaşım Nuriyyəyə məktub yazıb xahiş edəcəyəm ki, mənə təzə plastinkalar alıb göndərsin. Onların içində Ştrausun valsları da olsun. Vyana meşəsinin əfsanəsi… Qartallı Dərə… məğlub olmuş yaralı qartal!.. Onun sümükləri indi çoxdan sürmə olub… Vyana meşəsinin əfsanəsi… Və mən yuxuya getdim.
…Səhər erkən (mən həmişə tezdən durmağa adət eləmişəm) qalxıb sobamı yandıraraq, çayniki doldurub üstünə qoydum. Sonra botiklərimi geyib çölə çıxdım. Hava sakit idi. Asta-asta qar yağırdı. Ayna Salatını qucağına alıb Xanəli ilə birlikdə yasliyə gedirdi.
– Sabahınız xeyir! – deyə onları salamladım.
– Sabahınız xeyir! – Ayna gülümsəyərək cavab verdi. Mən yaxınlaşıb başı-gözü yaylıqla möhkəm sarınmış Salatının yun əlcəkli balaca əlindən tutaraq, isti evdən çıxdığı üçün qızarmış koppuş yanaqlarından öpdüm. Ayaqlarında uzunboğaz çəkmə, başında qulaqlı papaq olan Xanəli əllərini gödəkcəsinin ciblərinə qoyaraq, böyük kişilər kimi təşəxxüslə mənə baxırdı.
Ayna dedi:
– Açarı qapının böyründəki o balaca deşiyə qoymuşam. Hər nə lazım olsa açıb götürərsən.
Onlar həyətdən çıxıb kənd yolunda düşmüş cığırla uzaqlaşdılar.
Mən təxminən on beş-iyirmi dəqiqə bədən tərbiyəsi ilə məşğul olandan sonra məhrəba, sabun və diş şotkası götürüb, evimizin üst tərəfindən axan balaca arxın yanına getdim və şüşə kimi parıldayan buz layını sındıraraq əl-üzümü yumağa başladım. Arxın qırağında, qarın ağırlığından budaqları əyilən söyüdlər şəffaf suda əks olunurdu. Mən çiyinlərimə qədər çirmənmiş qollarımı, boyun-boğazımı sabunlayıb buzlu su ilə yudum. (Mən bu yerlərin tufanlı havasına öyrənmək istəyirdim.) Sonra bərk-bərk qurulanaraq çox gümrah halda evə qaçdım. Bir stəkan şirin çayla pendir çörək yeyib, paltarımı dəyişərək idarəyə getdim. Xidmətçi Pəri xala sobanı qalayaraq yanında oturub corab toxuyurdu.
Pəri xalaya salam verib paltomu çıxarandan sonra sağıcıların siyahısını götürüb, bir-bir onların harada yaşadıqlarını soruşmağa başladım.
– Bunları neyləyirsən ki? – deyə Pəri xala gözlərini toxumaqda olduğu corabdan çəkməyərək soruşdu.
– Gedib buraya çağıracam, söhbətimiz var.
– Özün? – deyə arvad əl saxlayıb təəccüblə mənə baxdı.
– Bəli.
– Niyə? Bəs mən nədən ötrüyəm?
– Sizə əziyyət olar…
– Eh, sağ olmuş, – deyə arvad cəld ayağa qalxıb, corabını pəncərənin qabağına qoydu. – Onsuz da bütün günü burada otururam. Mən də bir iş görməliyəm ya yox? Bu saat gedib hamısını səslərəm.
Və o, mənim cavabımı gözləməyərək, qapıdan çıxdı.
…Qarşımda iyirmiyə qədər sağıcı qadın oturmuşdu. Mən, yeni zootexniki qaydalar barəsində onlarla xeyli söhbət elədim.
Sonra artel idarəsindən çıxıb yasliyə getdim.
Ayna mənim belə gözlənilmədən gəlişimə çox sevindi. Ondan başqa bir gənc qadın da var idi. Yasli, tək pəncərəli böyük bir otaqdan ibarət idi. Tavanı çubuqdan hörülmüşdü. Torpaq döşəmənin üstünə köhnə keçələr (bu keçələrə indi bizim kəndlərdə çox az-az rast gəlinir) salınıb on balaca çarpayı qoyulmuşdur. Lakin uşaqlar on səkkiz nəfər idi. Ortada dəmir soba yanırdı. İstər çarpayılar, istərsə də uşaqların döşlükləri çox təmiz idi. Lakin otaq rütubət olduğundan, havası dözülməz dərəcədə ağır idi. Əhənglə ağardılmış divarlar yarıya qədər yaş idi.
– Bəs bu körpələrin qalanlarını harada yatırdırsınız? – deyə Aynadan soruşdum.
– Elə yerdəcə, palaz salıb yatırdırıq.
– O… – deyə keçənin üstündə oynayan balaca kök qızı qucağıma götürdüm. – Heyf deyil belə qəşəng balalar yerdə yatsınlar…
Uşağın ağzından təzə süd iyi gəlirdi. Ayna qızın mənim boynuma necə sarıldığına baxıb gülümsədi. Sonra:
– Ay sağ olmuş, – dedi, – bizə fikir verən kimdir… Nə deyirsən, qulaqardına vururlar.
– Biz üsyan edərik! – deyə mən qızın balaca totuq əlini havada oynadaraq onun dili ilə cavab verdim. – Bizə pis baxmaq olmaz! Biz körpəyik, bizim otağımız gərək qəşəng olsun. İşıqlı olsun! Hamımızın isti, yumşaq çarpayısı olsun. Bəs necə… Bizə gözəl-gözəl oyuncaqlar alsınlar.
…Axşam şər qarışırdı. Lakin meşəyə ağac qırmağa gedənlər hələ də gəlib çıxmamışdılar. Mən paltomu geyib idarənin qabağına gəldim. Mən bilirdim ki, qaraja gedən yol buradan keçir. Hava soyuq və sakit idi. Sanki qaranlıq yerdən qalxaraq, bu sükutla birləşirdi. Mən tək-tənha idarənin artırmasında durub meşəyə tərəf baxırdım.
Qar basmış ağaclar yavaş-yavaş qaranlığa qovuşub yox olurdular.
Mən soyuqdan ayağımın birini götürüb o birini qoyurdum. Birdən qaranlıqdan bir atlı çıxdı və o gəlib qənşərimdən keçəndə Sevdimalı əmi olduğunu tanıyaraq, onun mənə salam verməsini gözləmədən qışqırdım:
– Axşamınız xeyir, Sevdimalı əmi!
– Aqibətin xeyir! – deyə həmişə acıqlı gördüyüm kişi bu dəfə mülayim səslə cavab verdi. – Bu vaxt, orada niyə durmusan?
– Heç, elə-belə. Uşaqlar meşəyə ağac kəsməyə gediblər. Dedim görəsən niyə gəlib çıxmayıblar…
Mən bu sözləri ona deməkdən bir şadlıq duyurdum. Mən istəyirdim ki, o da xoş, şadyana bir söz desin. Lakin kişi bu dəfə çox soyuq bir ifadə ilə cavab verdi:
– Uşaqlara nə olacaq. Xortdan yeməyəcək ki.
– Hə… doğrudan da.
O, atına bir qamçı çəkərək uzaqlaşdı. Mən qaranlıqda gülümsəyərək, paltomun boynunu qaldırdım. Mən soyuqdan donub, ayağımın birini götürüb o birini qoya-qoya Şahların acıqlananda necə qızardığını, gözlərinin necə geniş açıldığını xəyalıma gətirərək gülümsəyirdim. «Ancaq görəsən nə üçün Şahlar da, atası da elə ucaboylu olduqları halda, Sevdimalı əmi bu cür gödək qalıb?..»
Birdən qaranlıq meşədə dalbadal iki cüt işıq zahir oldu. Mən sakit halda dayanıb işıq gələn yerə baxırdım. İşıqlar bəzən görünür, bəzən qeyb olurdular. Mən bu işıqların, qar basmış ağacların üzərinə düşə-düşə necə irəlilədiyinə çox diqqət edirdim.
İşıqlar bir neçə dəqiqə tamam qeyb oldu. Yəqin ki, dağın dalına keçdilər… Və ya dərəyə endilər. Sonra xeyli yaxında göründülər. Bir azdan motorun səsi eşidilməyə başladı. Nəhayət, maşınlar idarənin qənşərinə yaxınlaşdıqda mən eyni ilə uşaqlıqda elədiyim kimi, yerdən bir metr hündür olan artırmadan yerə tullanıb onların qabağına yüyürdüm. Faraların işığı mənim üzümə düşdükdə maşınların ikisi də dayandı.
– Nə olub? – deyə qabaqdakı maşında oturmuş Şahlar kabinənin qapısını açıb soruşdu. Onun səsi sakit və sərt idi.
– Heç bir şey, nə olacaq… – deyə şadlıq içində səsləndim. – Elə-belə… dedim görəsən niyə gecikdiniz.
– Çıxın, oturun gedək, – deyə o bu dəfə mehriban bir ifadə ilə təklif edərək Soltana tərəf çəkildi. Mən qalxıb onun yanında oturaraq qapını bərkdən örtdüm. Maşın hərəkət etdi. Onun mənim qılçama toxunan qılçı buz kimi soyuq idi.
– Bərk üşüdünüz? – deyə yanakı ona baxaraq gülümsədim.
O, gözlərini qabaqdan çəkməyərək:
– Yox, – dedi, – ocaq qalamışdıq. Nə çox meşədə odun.
– Taxta üçün yaxşı ağaclar tapa bildiniz?
– Tapdıq.
– Qartallı Dərənin ağaclarına nə söz… – deyə Soltan dilləndi. Maşınlar qaraja çatıb dayandılar. Mən qapını açıb yerə tullandım. Şahlar, Soltan, Kəriş və ağac kəsməyə gedən o biri adamlar da düşdülər.
Şofer Kəriş qaranlıqda dişlərini ağardaraq:
– Salam, yoldaş zootexnik, – dedi, – məşhur sağıcı Bağdagül bacıdan nə xəbər var…
– Yoxsa qəribsəmisən?
– Vallah, bir gün arvadı görməyəndə deyirəm bəs yüz ildir ayrılmışam…
Biz qarajdan aralana-aralana mən sağıcılarla olan bugünkü söhbətimizi böyük bir həvəslə onlara danışdım.
– Bağdagül bacı ilə Tükəzban xala dalaşmadılar ki? – deyə Kəriş soruşdu.
– Bir balaca…
Oğlanlar (hətta Şahlar da) gülüşdülər.
Kəndin ortasına çatanda Şahlar, Soltan və mən o biri oğlanlarla xudahafizləşib ayrıldıq. Mən ortada gedirdim. Mən onların necə ağır-ağır addım atdıqlarını hiss edirdim.
Mən sevinc və fərəh içindəydim. Elə bil ki, onlar Şimal qütbünü fəth etməkdən gəlirdilər. Bizim evə çatdıqda üçümüz də dayandıq.
Şahlar:
– Gecəniz xeyrə qalsın, – dedi.
– Gedək qonağımız ol, – Soltan təklif etdi.
– Yox, sağ olun.
Onun səsindən, yorğun olduğu hiss olunurdu.
Mən gülümsədim, biz ayrıldıq.
Arxadan onun ayaq səslərinin necə uzaqlaşdığını eşidirdim. O bu gecə cəbr məsələsi həll eləməyə gəlməyəcək. Yorğundur. Ax, necə yorğundur. Otağım mənə suyu sovulmuş dəyirman kimi göründü. Mən nəyi isə gözləyirmiş kimi paltomu belə çıxarmadan bir-iki dəqiqə sobanın yanında dayandım. Mən gözlərimi stolun üstündəki cəbr kitabına zilləmişdim… Elə bil ki, bu kitab yüz ildir kimin tərəfindənsə unudulub burada qalmışdı. Birdən mənə elə gəldi ki, öz otağımda hər şeyin… hər şeyin donuq, soyuq bir sükut içində olduğunu yalnız indi duyuram.
…Mən tələsik paltomu çıxardım, sobamı odunla dolduraraq neft töküb od vurdum. Odunlar çatırtı ilə yandıqca sanki otağımda hər əşyaya görünməz bir həyat qüvvəsi enirdi. Sanki hər şey canlanır və mehriban nəzərlərlə mənə baxırdı! Babalarımız oda havayı yerə sitayiş etməmişlər!
Sonra mən cəbr kitabını götürüb açaraq Şahlarla birlikdə həll etmək üçün nişan qoyduğum məsələyə baxdım. Mən heç nə oxumurdum. Mənim gözümə yalnız hərflərin iri-iri xətləri görünürdü. – O yəqin ki, gəlməyəcək. «Yorğundur». Mən kitabı büküb yerinə qoydum. Sobanın üstündəki balaca qazanın cızıldamağa başladığını eşidərkən hiss elədim ki, bərk acmışam. Gündüz kənddən bir toyuq alıb çığırtma bişirmişdim, mən stolun bir tərəfinə süfrə saldım. Sonra balaca bir boşqaba xörək çəkərək çəngəl götürüb oturdum. İlk tikələri çox iştaha ilə yedim. Sonra birdən elə bil ki, iştaham qaçdı. Daha yemək istəməyərək süfrəmi yığışdırmadan qalxıb artırmaya çıxdım. Gülnisə xalanın işığı mənə hər dəfəkindən gur göründü. Hava ayaz idi. Yeddi-səkkiz günlük ayla işıqlanmış mavi göy qübbəsinin altında onların taxtapuşundan qalxan tüstü aydın seçilirdi. Gülnisə xala sobanı yaman dəmləyib, – deyə, mən, soyuqdan dişim-dişimə dəyə-dəyə qaçıb otağıma girdim və bir neçə saniyə sobamın üstünə əyilib qızışandan sonra təkrar acdığımı hiss edərək oturub çəkdiyim xörəyin hamısını bir anda aşırdım. Hətta doymayıb qazandan bir az da götürdüm. Mən yedikcə, Bağdagül bacının «əlacım olsaydı köklüyümdən bir-iki pud sənə verərdim» sözlərini xatırlayıb öz-özünə gülümsəyirdim.
…Səhər Şahlar üzünü təmiz təraş edərək təzə yun köynək geymiş, belini enli kəmərlə qıvraq bağlamışdı. Ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Sarı saçlarının qıvrımları pəncərədən düşən işıqda kəhrəba kimi parıldayırdı. «…O bu lap keçmiş şahzadələrə oxşayır!» – deyə mən ürəyimdə səsləndim. Mən hədsiz xoşbəxtlik içindəydim. Bu qarlı qış günündə onun bu cür geyinməsi, şübhəsiz, səbəbsiz deyildi…
O, sədr stolu arxasında oturaraq nə isə yazırdı. Mən içəri girərkən qələmi yerə qoyub üzümə ani lakin sürətli, dərin bir nəzər saldı. (Belə baxışları ancaq mən əhvali-ruhiyyədə olan qızlar hiss edə bilərlər.) Sonra gülümsəyərək (hətta gülümsəyərək!): – Səlimə xanım, – deyə sevinclə xəbər verdi, – bu saat taxtanı çəkirlər.
Mən stul çəkib oturaraq:
– Bilirsinizmi nə var, – dedim, – biz həmin taxta ilə əvvəlcə yaslinin binasını təmir etməliyik.
– Yaslinin binasını?! Yaslinin binasına nə olub ki? Bəyəm damıb eləyir?
– Yox, dammır. Ancaq içərisini görmüsünüz?
– Xeyr, görməmişəm.
– Ona görə də, – deyə mən zarafatyana cavab verdim, – körpələr üsyan edirlər. Deyirlər sədrimiz hər gün heyvanlara baş çəkir, onların qayğısına qalır, amma bir dəfə də olsun bizim yanımıza gəlmir. Otağımızın çox pis gündə olduğunu görmür. His tutmuş çubuq tavandan yeməyimizin içinə cürbəcür cücülər düşüb bizi qorxudur. Torpaq döşəmə ayaqlarımızı dondurur. Yaş divarlara yaşıl kərtənkələlər dırmaşıb, dəhşətli gözləri ilə bizə baxırlar.
O qızardı. Sonra acı bir təbəssümlə:
– Təsərrüfat, – dedi, – başımızı o qədər qatır ki, kimdir o barədə düşünən…
– Mən bunu onlara dedim, səs-səsə verib qışqırdılar ki, əgər siz pis işləyirsinizsə, silosu yaxşı qoymursunuzsa bunun bizə nə dəxli var? Bizim təqsirimiz nədir?
Sobanın qırağında corab toxuyan Pəri xala əl saxlayıb, maraqla mənə baxırdı. Divanda oturmuş briqadir Xanhüseyn:
– Ay sağ olmuş, – deyə gülümsədi, – uşaqdırlar, nə cür olsa böyüyəcəklər. Bizi qu tükü içində bəsləməyiblər ki.
Mən yenə də körpələrin dili ilə cavab verdim:
– Siz ayrı, biz ayrı. Biz aya-ulduza gəmilər gedən bir dövrdə doğulmuşuq.
Şahlar qaşqabağını tökərək:
– Hələ tövlələri düzəldək, sonra o barədə fikirləşərik, – dedi.
– Yox, əvvəlcə yaslini düzəldəcəyik.
Xanhüseyn bir mənə, bir də Şahlara baxdı. Cavan sədr yenə də qızararaq dinmədi. Mən çox mülayim bir ifadə ilə: – Bilirsinizmi, Şahlar, – dedim, – biz birinci növbədə insanların qayğısına qalmalıyıq. Yoxsa kommunizmi nə üçün qururuq?
– Gərək varın olsun ki, adamların da qayğısına qalasan! – deyə o özündən çıxdı. – Yox yerdən neyləmək olar?
– Doğrudur. Ancaq bunları bir-birinə qarşı qoymaq lazım deyil. Biz həmişə olan imkandan istifadə eləyib, adamların yaxşı işləməsinə, yaxşı yaşamasına şərait yaratmalıyıq!
– Axı siz deyən kimi olsa bu camaatın qabağında durmaq olmaz. Biri deyəcək taxtapuşum damır. O biri deyəcək evim darısqallıq eləyir.
– Mən imkan dairəsində dedim! Madam ki, indi körpələrin vəziyyətini yaxşılaşdıra bilərik, bunu nə üçün etməməliyik? Onsuz da bu saat qışdır. İş azdır. Qoy meşədən bir az da çox taxta çəksinlər.
– Elə bilirsiniz icazə verirlər? Onu da zorla almışam.
– Bir təhər düzəldərik.
O, bir qədər fikirləşəndən sonra:
– Yaxşı, – dedi, – siz deyən olsun.
Pəri xala Şahlara müraciətlə:
– Bilirsənmi, bala, – dedi, – ana, uşağından arxayın olandan sonra işi də yaxşı görər. Xeyri də çox olar…
– Əlbəttə! – deyə mən təsdiq eləyərək Şahlara sarı döndüm. – Ancaq bilirsinizmi, – dedim, – körpələrin işi təkcə bununla qurtarmır. Biz otağı təmir eləyəndən sonra azı gərək iyirmi çarpayı, oyuncaq, döşlük, balaca stullar, radio, qab-qacaq da alaq.
– Bax, görürsünüzmü? – deyə o, əsəbləşdiyini gizləməyə çalışaraq, cavab verdi. – Biri o birini çəkib gətirir.
Xanhüseyn də əlavə etdi:
– Onda gərək biz təsərrüfatı buraxıb eyzən belə şeylərlə məşğul olaq.
Şahlar hərarətlə davam etdi:
– Odur, bizdən aşağı Sabir adına arteldə heyvanın sağımından tutmuş altının təmizlənməsinə qədər hər bir işi maşınlarla görürlər. Amma bizimkilər…
– Hər halda bu körpələrin təqsiri deyil! – deyə mən onun sözünü kəsdim. Əsəbi halda susdu. Gözləri amansız, kəskin bir ifadə almışdı. Bu, artıq gözəl şahzadənin üzündəki xoşbəxt ifadə deyildi. Mən çox səbrlə: – İndiki adamların da, gələcəkdəki insanlar kimi yaxşı, dərdsiz-qəmsiz yaşamaq istəmələri çox təbii bir haldır. Bunun üçün heç kəsi qınamaq olmaz, – dedim.
O, gözlərini qaldırıb mənə baxdı və birdən yorulub taqətdən düşmüş pələng kimi yavaş, yorğun və təqsirkar bir səslə:
– Siz haqlısınız, – dedi. – Adamın öz həyatı yadına düşməsə də başqalarınınkı düşməlidir.
– Nə üçün? – deyə gülümsədim. – Hər bir adam öz həyatının da qayğısına qalmalıdır.
Xanhüseyn:
– Vallah, Səlimə bacı düz deyir, adam gərək gündə üç dəfə düz vaxtında yesin, gündüz saat dörddən altıya qədər uzanıb istirahət eləsin. Saat altıda qalxıb, meyvə, şəkərçörəyi ilə mürəbbəli çay içsin, sonra iki saat gəzib hava alsın…
Şahlar özünü saxlaya bilməyərək güldü. Mən qətiyyən pərt olmayaraq:
– Əlbəttə, – deyə ona cavab verdim. – Yoxsa sizin kimi… Dan yeri ağaranda evdən çıxırsınız, – bir də işıqlar yananda qayıdırsınız.
Şahlar:
– Axı, heylə eləməsən, – dedi, – iş getmir.
– Bilirsinizmi, – deyə birdən-birə hirslənib özümdən çıxdım. – Əgər siz öz vaxtınızı düzgün bölə bilmirsinizsə, vaxtında işləməyi, istirahət eləməyi bacarmırsınızsa, bu kimin günahıdır?
– Əlbəttə, bizim! – deyə Xanhüseyn eyni gizli istehza ilə təsdiq etdi.
– Şübhəsiz!
– Doğrudur! – deyə Şahlar mənə qahmar çıxdı. – Mədəniyyətimiz çatmır, vəssalam.
– Sən də söz danışdın… – deyə Xanhüseyn bu dəfə ciddi ifadə ilə Şahlara etiraz etdi. – Mədəniyyət üçün birinci növbədə şərait lazımdır. Yoxsa bir də görürsən kənd mağazasında birdən iyirmi gün qənd-çay, allahın əl-üz sabunu olmur. Səbəbini soruşursan, deyir hələ mərkəzdən göndərməyiblər. Sən bir kilo qənddən ötrü bu soyuqda-qiyamətdə gərək durub gedəsən rayon mərkəzinə. Başqa şeylər də onun kimi. Yuxarıda oturan süründürməçinin də qulağını buran yox. Deyən yoxdur ki, o uzaq dağların arasında adamlar sənin üçün ət, yağ, pendir hazırlayır, sən də barı vəzifəni vicdanla yerinə yetir.
Briqadir düz deyirdi. Ona görə də mən heç bir cavab vermədim.
– Bunlar uzun söhbətlərdir, – deyə Xanhüseyn ayağa qalxdı. – Mən getdim ustaların yanına.
Şahlar dedi:
– Sən onları tələsdir. Bir qədər fikirləşəndən sonra əlavə etdi. – Üç gündən sonra yenə də meşəyə gedərik. Bizə taxta çox lazım olacaq.
– Onda gərək yenə də icazə kağızı alasınız.
– Kağızımız var… – deyə briqadir, Şahlara baxıb mənalı tərzdə gülümsədi.
– Yalan deyir, kağızımız yoxdur. Ancaq… – Şahlar cümləsini tamamlamadı.
– Ancaq nə?
– Meşə gözətçisi ilə dostlaşmışıq… Bir kefcil erməni balasıdır.
Mən də əvvəlcə onların bu kələyinə gülümsədim. Sonra: – Yox, – dedim, – təzə icazə kağızı almaq lazımdır, yoxsa yazıq gözətçi oğlanı da işə salarsınız.
Oğlanlar bir-birinə baxıb cavab vermədilər.
Xanhüseyn:
– Yaxşı, sağ olun, – deyib getdi.
– İcazə kağızı almayacaqsınız? – deyə Şahlardan soruşdum.
– Çalışarıq alaq, – deyə o, bu dəfə ciddi cavab verdi.
Pəri xala gözünü corabından çəkməyərək:
– Qızcığaz doğru deyir. Dünyada düzlükdən yaxşı iş yoxdur, – dedi. – Haram şeydən xeyir gəlməz.
…Sonra sağıcılar gəldilər. Şahlar pıçıltı ilə məndən soruşdu:
– Görəsən mən də qulaq assam nə olar?
– Nə olacaq? – deyə təəccüblə ona baxdım.
– Hamısı arvadlardır.
– Ah, siz! – deyə mən yanıb töküldüm. – Arvadlarla bir yerdə oturub qulaq asanda nə olar? Yoxsa konstitusiyada hüquqlarımız başqa-başqadır? – Sonra zarafatyana əlavə etdim: – Siz sədrsiniz, onsuz da ixtiyarınız var…
Mən dünənki söhbətin ardını böyük həvəslə davam etdirdim. Şahlar başını aşağı salaraq dinləyirdi. (Kişi tayfası gözünü arvadlara dikməz.) Mən hər bir sözümdə, hər bir intonasiyamda onun yanımda oturduğunu hiss edirdim. Mənim sol tərəfimdə minlərcə göz peyda olub onun heç bir hərəkətini nəzərdən qaçırmırdı. Mənim diqqətim, şüurum Yuli Sezar kimi eyni zamanda bir neçə yerə işləyirdi. Mən sağıcılar üçün söylədiyim fikirləri öz qısa təcrübəmdə gördüklərimlə əsaslandırdığım və çox məntiqlə danışdığım kimi, sol tərəfimdə oturan oğlanın, mənim vaxtı ilə vurulduğum boksyora heç də oxşamadığını bütün aydınlığı ilə təyin edə bilirdim. Mən həmin boksyorun arvadı və iki uşağı olduğunu biləndən sonra (o zaman mənim on doqquz yaşım var adi) əvvəl xeyli ağladım, sonra gözümün yaşını silərək, ondan intiqam almağa and içdim. O zaman mənim ardımca başqa bir oğlan da gəzir, hər yerdə mənə söz atırdı. Mən boksyorla görüş təyin elədim. Sonra həmin oğlanın qoluna girərək boksyorun dayanıb məni gözlədiyi yerdən keçdim.
Boksyor, bu ikinci oğlanın mənimlə maraqlandığını bilirdi. Ona görə də bizi birlikdə görəndə quruyub qaldı. Mən isə ona qətiyyən əhəmiyyət verməyərək öz yeni «kavalerimlə» keçib getdim. Səhər boksyor zəng eləyib «bu nə işdir?» – deyə qəzəblə soruşdu. Mən çox sakit və biganə bir ifadə ilə daha onu istəmədiyimi söylədim. O, əvvəl lirikaya keçərək məni vəfasızlıqda təqsirləndirdi. Sonra hirslənib özündən çıxdı. Mənim təzə kavalerimi hədələdi. Sonra and içib inandırmağa çalışdı ki, dünyada heç bir kəsi mənim qədər sevməmişdir və bu gün-sabah anamın yanına elçi göndərməyə hazırlaşır. Əlbəttə, mən onun arvadı-uşağı olduğunu bildiyim barədə heç nə hiss etdirmədim. Mən çox soyuqqanlılıqla, ondan xoşum gəlmədiyini təkrar edib dəstəyi asdım. Yeni kavalerimin isə daha görüşünə getmədim. Çünki onu istəmirdim.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?