Текст книги "Dağlar arxasında üç dost"
Автор книги: İlyas Əfəndiyev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
…Mən hansı otların xüsusən inəklər üçün xeyirli olduğunu izah edərək, qarğıdalının əhəmiyyətindən danışdıqda Bağdagül bacı ah çəkdi. Tükəzban xala qaşlarını çatıb, iti nəzərlərini qarşısında bir nöqtəyə dikdi. O biri qadınların da üzlərində inamsızlıq oxundu. Mən isə ruhdan düşməyərək danışırdım. Mən sol tərəfimdə oturan oğlanın necə diqqətlə qulaq asdığını hiss edərək, Amerika fermerlərinin heyvanları qarğıdalı ilə nə cür bəslədiklərinə dair maraqlı misallar söyləyirdim. Lakin bunların heç biri arvadların üzündəki buzu əritmirdi. Birdən mən hövsələdən çıxaraq sözümü kəsib onlardan soruşdum:
– Axı niyə siz bu qarğıdalı məsələsinə belə baxırsınız?
Əvvəl heç biri dinmədi. Hərənin nəzəri bir səmtə dikildi. Sonra Bağdagül bacı dedi:
– Səbəbi odur ki, Adəm atadan bəri heç kəs eşitməyib ki, heyvana qarğıdalı verəsən.
Tükəzban xala əlavə etdi:
– Qarğıdalının özü nədir ki, xeyri də nə ola…
Hamısından yaşlı bir xala da:
– Əşi, qoysana o yana, – deyə üz-gözünü turşutdu. – Başdan-ayağa yeldi.
– Əşi, Ballı xala! – deyə Şahlar ucadan dilləndi, – bəyəm heyvanın mədəsi ilə insanınkı birdir?
– Bir olanda nə olar? – yaşlı xala təmkinlə cavab verdi. – Heyvanı allah yaratmayıb?
Bağdagül bacı, sakit-sakit, aramla:
– Bura bax, qızım, – dedi, – nədən danışırsan-danış, amma qarğıdalıdan demə. Onun nə özü bir şeydir, nə də şorabası (yəni silosu).
Şahlar əsəbi halda ayağa qalxdı:
– Sağ ol, vallah, Bağdagül xala. Adını qoymusan qabaqcıl, özün də qarğıdalıya zidd gedirsən.
Bağdagül bacı tələsmədən cavab verdi:
– Əvvəla, budur ki, mən ad qoyan döyüləm. O adı mənə qoymusunuz. Biz ömrümüzdə «qabaqcıl», «dalcıl» adlı söz eşitməmişdik.
Qaragöz gəlin pıqqıldayıb, əli ilə ağzını tutdu.
– Bura bax görüm, – deyə Tükəzban xala öz müarizinə qahmar çıxdı, – yəni qarğıdalıya zidd gedəndə nə olacaq. Qarğıdalı ortaya düşəndən bəri inəklərimizin südü-zadı da çəkilib.
Ballı xala şəhadət barmağını havada silkələyə-silkələyə:
– O sizin canınız üçün, – dedi, – qarğıdalı heyvanın südünü, yağını bir kökə qoyur, bir kökə qoyur, heç elə bil o gül-çiçək ətri verən ruzi deyil.
– Sizlə ağız-ağıza vermək olmaz! – deyə Şahlar gödəkcəsini geyib, şapkasını götürərək otaqdan çıxdı.
– Sədri hirsləndirdiniz, – deyə Şahların ardınca baxıb gülümsədim.
Tükəzban xala:
– Sədr getsin özünə iş tapsın, – dedi, – biz gül kimi dilsiz-ağızsız heyvanın qabağına qarğıdalı çürüntüsü tökə bilmərik.
Və o məndən icazə-zad almadan ayağa qalxaraq: – Gedək, – dedi, – işimiz-gücümüz tökülüb qalıb.
O biri arvadlar da məndən soruşmadan bir-bir, iki-bir qalxıb otaqdan çıxdılar. Lap axırda Bağdagül bacı qalmışdı. O özünə sığal verə-verə birdən heç gözləmədiyim halda məndən soruşdu:
– Özün belə gözəl-göyçək qız, nə əcəb indiyəcən nişanlın-zadın yoxdu?
Mən gülümsəyərək:
– Nə bilirsiniz yoxdur?
– Elə deyirlər.
Mən eyni zarafatyana ifadə ilə cavab verdim:
– Vallah, heç özüm də bilmirəm niyə yoxdur…
– Heyfsən, vaxtını keçirmə.
– Axı mən neyləyim. Bu zalım oğlu gərək özü gəlib çıxsın ya yox…
O, biri də düşməmiş qəşəng dişlərini göstərərək gülüb, asta səslə oxudu:
Ətir can bəslədim güllər içində
Zalım oğlu bir yaylağa gəlmədin…
Sonra ah çəkib dedi:
– Bağdagül bacının da sənin kimi şamamadöş vaxtları var idi. Vallah, toylarda qol götürüb oynayanda cahillər hayıl-mayıl olurdu. Bir gündə üç-dörd yerdən elçi gəlirdi. Nə isə… sağlıq olsun.
O, şalına bürünüb, öz xanımyana yerişi ilə otaqdan çıxdı.
…Mən idarədə tək qaldıqda əvvəlcə indiki söhbətlər barədə düşündüm. Onların qarğıdalı məsələsinə bu cür zidd çıxmaları məni qorxutmurdu. Çünki onlar artelin işinə, mal-qarasına canları yandıqları və qarğıdalının xeyrini dərk etmədikləri üçün belə edirdilər. Bu isə hər şeydən mühüm idi. Bu ən əsas istinad nöqtəsi idi.
Sonra mən Bağdagül bacının «heyfsən vaxtını keçirmə» sözlərini xatırladım. Mən yaraşıqlı olduğumu bilirdim! Bağdagül bacı demişkən «Toylarda qol götürüb oynayanda cavanların hayıl-mayıl olduqlarını» dəfələrlə görüb hiss etmişdim. Mənim indiyə qədər ərə getməməyimin də əsas səbəbi bu olmuşdu. Nə gizlədim, bütün gözəl qızlar kimi məndə də bir az xudpəsəndlik var idi. Mən çox oğlanlarla tanış olmuşdum. Çoxlarından «etiraflar» eşitmişdim, hətta bir neçəsi ilə xeyli gəzib dolanmışdım da. Lakin hərəsində bir qüsur görmüşdüm. Kiminin sir-sifəti xoşuma gəlməmişdi, kiminin boy-buxunu, kiminin danışığı, kiminin xəsisliyi… və sair… və sair… Beləliklə də gəlib iyirmi beş yaşına çatmışdım. Əlbəttə, bu, qız üçün az yaş deyildi.
Mən tanış olduğum oğlanların hamısına qarşı həmişə, necə deyərlər, hakimanə bir mövqe tutmuşdum.
Taleyin, həyatın çox qəribə işləri var. Budur, indi mən, dünyanın qurtaracağında, sıldırımlı dağlar arasında olan bu Qartallı Dərədə elə bir oğlana rast gəlmişəm ki, onun yanında özümü müti və gücsüz hiss edirəm. Ağzımın künclərində, çoxlarının heyran olduqları alnımda incə xətlər görürəm. Elə bil ki, mən xeyli qocalmışam. Əvvəlki yaraşığımı itirmişəm.
Qəribədir, vaxtı ilə oğlanların savad dərəcəsinə, ən son moda ilə geyinmələrinə, mədəniyyətlərinə çox böyük əhəmiyyət verən məni, bu oğlanın heç ali təhsil almaması belə narahat etmirdi. Hətta onun orta məktəbə aid bir məsələnin üzərində tər tökməsi mənə dünyada heç bir zaman duymadığım bir zövq verirdi. Məsələ düz çıxmadıqda mən onun qızardığına heyranlıqla baxırdım. Mən onun sadəliyində nə isə, izah edə bilmədiyim fövqəladə bir təbiilik, bir qürur duyurdum. Lakin mənim ona qarşı heç bir tələbim yox idi.
Mən pəncərə qarşısında dayanıb dağlara baxıram. Dağlar uca, soyuq, sərt və əzəmətlidir. Mən o oğlana ancaq cansağlığı və xoşbəxtlik arzu edirəm. Lakin bu istək mənim ürəyimi qana döndərir. Mən ağlayıram. Gözlərimdən qopan damlalar yanağım aşağı yavaş-yavaş yuvarlanır. Bu nə mənasız işdir… – deyə göz yaşlarıma qəzəblənirəm. Nə üçün biz qadınlar beləyik.
Jaketimin cibindən yaylığımı çıxarıb gözlərimi silərək, təkrar dağlara baxıram. Onlar uca, soyuq, sərt və əzəmətlidir.
Mən paltomu geyərək idarədən çıxdım.
…Mən evimə tərəf yollandığım zaman təkrar Şahlara rast gəldim.
– Ustalar yaman başlayıblar, – deyə o, xəbər verdi. – Əməlli-başlı taxtalar çıxır.
Sonra soruşdu:
– Hara gedirsiniz?
– Evə.
– Gedək bizə.
– Sizə?
– Niyə elə baxırsınız? Bizə gedəndə nə olar ki?
– Nə olacaq… gedək.
Mən onların artırmalarına çıxanda ürəyim elə döyündü ki, elə bil indicə nə isə fövqəladə bir hadisə baş verəcəkdi…
Otaq həmişəki kimi isti və səliqəli idi. Gülnisə xalanın dən düşməmiş qara saçları həmişəki kimi tən ortadan ayrılıb sığallanmışdı.
O mənə ötəri bir nəzər salaraq:
– Xoş gəlmisən, – dedi. – Elə bir gediş getdin.
– Çox sağ olun, – dedim. – Adamın başı işə-gücə elə qarışır ki…
– Heylədi. Keç əyləş.
Mən onun danışığında, hörmətində özümə qarşı bir soyuqluq duyurdum. O, bir dəfə də olsun mənim gözümün içinə baxmırdı. Şahlar mənim paltomu alıb asqıya keçirərkən arvadın nəzərləri bir an oğlunun üzündə dayandı və bu ani baxış mənimə endirilən ilk zərbə oldu. Bu baxışda xəncər kimi kəskin, buz kimi soyuq bir şübhə var idi. Birdən mənə qəribə bir gümrahlıq hakim oldu. Başımı azca yana çevirərək sobaya odun qoyan Gülnisə xalaya baxdım. Onun çəhrayı yanaqları alov işığında parıldayırdı. Onun sobada zəbanə çəkən ocağa zilləmiş gözlərində minlərlə qızıl nizələr sayrışırdı. – Niyə əyləşmirsiniz? – deyə Şahlar mənə yer göstərdi. Lakin mən ayaq üstündə durmaqda davam edərək, arvadın üzündən gözümü çəkmirdim. O, sobanın ağzını örtüb mənə baxmadan: – Sən allah əyləş, – dedi.
Mən döşəkcənin üstündə oturdum.
– Bu səhər qardaşın səndən danışırdı, – deyə o, oğluna işarə elədi. – Deyir başımız o qədər qarışıqdı ki, yazıq qıza hörmət-zad eləyə bilmirik.
Mən onun «qardaş» sözünü necə xüsusi vurğu ilə söylədiyinə gülümsəyərək:
– Çox sağ olun, – dedim, – qız xeylağına nə var ki, çayı, çörəyi oldu kefi sazdı.
– Elə o yaxşı xasiyyətdir. İnsan gərək naşükür olmasın.
– Əşi, sən allah, süfrədən-zaddan sal, – deyə Şahlar zarafatyana bir ahənglə anasına müraciət elədi. – Nə bişirmisən?
– Belə ləzzətli, maşlı əriştə.
– Əşi, qonağa əriştə qoyacaqsan?
– Bəyəm Səlimə qonaqdı?! O da sənin bacın.
Şahlar qaşlarını çatdı. Mən yenə də «bacın» sözünü arvadın necə tələffüz etdiyinə fikir verərək:
– Əriştə, – dedim, – qışda adama ləzzət verir.
– Axı bunlar ağızlarının dadını nə bilir… – deyə Gülnisə xala gətirib süfrə saldı və elə bu zaman bayırda at ayağının səsi eşidildi. Şahlar cəld qalxıb bayıra çıxdı.
– Yəqin kişidi, – deyə Gülnisə xala onun ardınca getdi.
Bir azdan, çiynində qoşalülə tüfəng olan ucaboylu Bəndalı dayı daxil olub:
– Axşamın xeyr, – dedi.
O, papağının üstündən yun şal çalmışdı. Bu görünüşü ilə o, kürd qəbilələrinin başçılarına bənzəyirdi. Kişi tüfəngini bucağa söykədi. Paltosunu çıxarıb asqıya keçirdi. Aşırma patrondaşını isə açıb pəncərəyə qoydu və sobanın o biri tərəfindən gəvənin üstündə oturaraq papiros qutusunu çıxartdı.
Sonra Gülnisə xala zorla götürmüş olduğu əliyi içəri gətirib, sobanın qabağındakı mis məcməyiyə yıxdı. Heyvanın açıq qalmış gözlərində qara şüşə kimi donuq bir parıltı var idi. Sol böyründə güllə yeri görünürdü. Bir azdan sonra Şahlar da gəlib, atasından aşağıda qapının ağzı tərəfdə oturaraq:
– Nə var, nə yox, əşi, – dedi, – qoyun nə təhərdi?
Bəndalı dayı gözlərini bükməkdə olduğu papirosdan çəkməyərək cavab verdi:
– Hələ ki qırılanı yoxdu. Yediyi də ancaq quru otdu. Adamın heyvana yazığı gəlir. Beş-on günə qar əriməsə çətin olacaq.
Ayaq üstə dayanıb ərinə baxan Gülnisə xala:
– Bu saat, – dedi, – qoyunun doğmağına da az qalıb.
Kişi papirosunu yandırıb bir qullab vurandan sonra oğluna dedi:
– Sabah uşaqlara çörəkdən-zaddan göndərmək lazımdır. Azuqələri qurtarıb.
Gülnisə xala hərəmizə bir stəkan çay süzüb verəndən sonra qab-qacaq gətirdi.
Bəndalı dayı oğluna müraciətlə:
– Bəlkə, – dedi, – qonaq əlik əti xoşlayır.
– Əriştə də pis deyil, – dedim.
Kişi güclə sezilən bir təbəssümlə:
– Əriştə, – dedi, – qoca xörəyidir.
Şahlar beş-on dəqiqənin içində heyvanı soydu. Mən onun bıçağı necə cəld və amansızlıqla işlətdiyinə tamaşa edirdim. Onun iri və gözəl əlləri əliyin qanına bulaşmışdı. Yadımdadır, uşaqlıqdan, toyuq başı kəsiləndə mən üzümü yana çevirərdim. İndisə əliyin, gözləri şüşə kimi parıldayan başını bu oğlanın bir zərbəsilə bədənindən ayırmasına, heyvanın ətini şaqqalayıb tikə-tikə doğramasına həvəslə baxırdım.
Sonra Şahlar üç qara dəmir şişə ət çəkdi. Sobanın ağzını açıb gözü yaydı. Ətəyinə bir odun parçası qoyaraq şişləri odun üstünə düzdü.
Bəndalı dayı, Gülnisə xala və mən əriştə içirdik. Oğlan, şişləri tez-tez o tərəf-bu tərəfə çevirərək kababın necə bişdiyinə diqqət yetirirdi. Üzü istidən qızarmışdı. Mən arvadın bütün fikir və diqqətinin bizim yanımızda olduğunu hiss edirdim. Lakin bununla belə mən ondan çəkinməyərək oğlana baxırdım. Mən uşaqlıqdan ikiüzlülük etməyi sevmirdim. Bacarmırdım. Mən böyüdükcə bu xatalı duyğu da inkişaf edir, məni demək olar ki, öz hökmü altına alırdı. Mən fikir və duyğularını başqalarından gizlətməyə, ürəkdə bir cür, üzdə başqa cür hərəkət etməyə nifrət edirdim. Ona görə də bəzən mənim hərəkətlərim başqalarına qəribə görünürdü. Bu isə məni qorxutmurdu və heç bir zaman da qorxutmayacaq. Mən həyatı sevirəm. Elə isə nə üçün onun məndə doğurduğu pis və ya gözəl duyğuları, fikirləri ondan gizlətməliyəm?! Bu ikiüzlülük nə üçün olmalıdır?
Kababın xoş iyi otağa dolmuşdu. Oğlan hazır şişləri gətirib ortadakı nimçəyə çəkdi. Közün üstündən götürülmüş ət onun əllərini yandırmırdı.
Mən ömrümdə bu qədər ləzzətli kabab yeməmişdim.
– Bu əliyi harada vurmusunuz? – deyə Bəndalı dayıdan soruşdum.
– Bu yanda, – deyə o mənim üzümə baxmadan başı ilə sağ tərəfə işarə elədi. – «İri qaya» deyilən bir yer var, orada.
Bir qədər susub sonra əlavə elədi: – Qəfil qabağıma çıxdı.
Şahlar yenə kabab çəkib ocağa qoydu. – Siz də gəlin, – deyə mən ona təklif etdim. Gülnisə xala ani bir təəccüblə mənə baxdı. Mən sonradan öyrəndim ki, böyüklərin, ata-ananın yanında cavan qızın cavan oğlana bu cür açıq-saçıq müraciət etməsi Qartallı Dərədə qəbahət sayılır.
Oğlan:
– Siz yeyin, – dedi. – Mən gəlirəm.
Bəndalı dayı yaxşı tikələri seçib mənim boşqabıma qoyurdu. Onun üzündəki mehribanlıq məndə dərin bir hörmət doğururdu. Gülnisə xala kənddə görüb-eşitdiklərini qırıq-qırıq danışırdı. Arada bir Tanrıverdi uşağının bədindən deməyi də unutmurdu. Lakin Bəndalı dayı da, oğlu da susurdular. Mən ağzı açıq sobada közlərin üstünə qoyulmuş kababın necə aramla bişdiyinə tamaşa edirdim. Bütün aləm yenə də bir nağıla bənzəyirdi. Elə bil ki, biz dörd nəfər bu balaca və isti otaqda bütün xarici aləmdən təcrid olunmuşduq. Elə bil ki, biz min il bundan əvvəl babalarımızın qışlaqlarında yaşayırdıq. Elə bil ki, indi ortada olan bu sükut o vaxtdan davam edib gəlirdi. Mən, belini əyərək oturmuş Bəndalı dayının gözlərinin yanlarındakı düz və iti cizgilərdə, o uzaq dağlarda, daşlarda alov saçan atışmaların unudulmaz xatirələrini duyurdum..
– Sən Usta Manası tanıyırsan? – deyə oğlan atasından soruşdu.
– Hansı Usta Manası? – deyə kişi oğlana ani bir nəzər saldı.
– Əsgərlikdə dost olduğum Haykın babasıdır. Köhnə dəyirman ustasıdır. Deyir, bu tərəflərdə çox olub!
– Bəyəm Usta Manas durur?
– Mən Ermənistana gedəndə, bizlə bir məclisdə oturmuşdu.
– Tanıyıram. – Və bir qədər susduqdan sonra əlavə etdi. – İndi çox qocalmış olar.
– Gümrahdır. Eyvazlı Camal kişini soruşurdu.
Bəndalı dayının üzü sanki birdən-birə işıqlandı. Üzərindən zəri getmiş ay-ulduz şəkli olan qədim taxta qutusunu açaraq papiros bükə-bükə:
– Soruşar, – dedi, – Camal da yaşlı adamdır.
– Səndən çox böyükdür?
– İyirmi-iyirmi beş yaş, – deyə kişi papirosunu yandıraraq, kimsənin üzünə baxmadan cavab verdi.
Gülnisə xala oğluna xitabən:
– Bəndalı hökumətdən qaçanda əvvəl Camalın dəstəsində olub, – dedi.
– Neçə il? – deyə oğlan atasından soruşdu.
– Üç-dörd il.
– Bəs sonra niyə ayrıldınız?
– Nə bilim, ayrıldıq da…
– Sözünüz düz gəlmədi?
Bəndalı dayı dinmədi.
– İki qoçun başı bir qazanda qaynamazdı, – deyə Gülnisə xala cavab verdi, – Ona görə də…
– Bir stəkan çay ver,– deyə kişi arvadının sözünü kəsdi. Sonra mənə müraciətlə soruşdu. – Yerin-yurdun rahatdırmı?
Mən sanki yuxudan ayılaraq:
– Bəli, rahatdır, – dedim.
– Nə lazımın olsa, gəl apar. Özünə korluq vermə.
– Çox sağ olun.
– Öz evi deyilmi… – deyə Gülnisə xala ərinin qabağına bir stəkan çay qoydu.
Lakin mənim gözlərim Bəndalı dayıda idi. Onun həqiqi mehribanlığı məni riqqətə gətirmişdi. Mən ata üzü görməmişdim. Mən ağlamaq istəyirdim.
…Biz onlardan çıxanda ay xeyli qalxmışdı. Hava ayaz olduğundan cığır donmuşdu. Mən sürüşməmək üçün Şahların qolundan tutmuşdum. Kənd yuxuda idi. Yalnız mənim evimdən işıq gəlirdi. (Lampanı yana-yana qoymuşdum. Bu mənim adətimdir. Mən evi qaranlıq görmək istəmirəm.) Və biz o işığa doğru irəliləyirdik. Bir an, yalnız bircə an mənə elə gəldi ki, biz Şahlarla öz evimizə (öz evimizə!) gedirik. Mən aydınlıqda gülümsəyərək ona baxdım. Mən bu xoşbəxt anı nə üçün ondan gizləməli idim?
Öz duyğularımızı bir məhbus kimi çox zaman qapalı saxlamağa bizi məcbur edən nədir? Mən onun yerişindəki qüvvət və qüruru hiss edirdim. Bu soyuq gecədə o mənə nəhayətsiz dərəcədə yaxın və əziz idi. Lakin əgər həmin bu anda biri ağzını açıb mənim onu sevdiyimi söyləsəydi, mən üsyan edərdim. Çünki mənim qəlbimdə sevgidən, çeynənmiş «sevgi» məfhumundan daha güclü bir duyğu var idi. Bunun nədən ibarət olduğunu bilmirdim. Lakin bu artıq mənim üçün bir kəşf idi və mən bu kəşflə xoşbəxt idim. Mən bu səadətin əbədiyyəti uğrunda vuruşacağıma and içirəm.
Mən onun qoluna girərək, arxayınlıqla o işığa doğru irəliləyirdim. O gülümsəyərək dedi:
– Bizi bu cür görsələr allah bilir ki, nə fikirləşərlər…
– Nə olsun? Qorxursunuz?
– Nədən qorxacam?
– Bəs mən nədən qorxmalıyam?! – deyə meydan oxudum. O, təkrar gülümsədi. Mən təkrar onun aydınlıqda parlayan dişlərini gördüm. Sonra o dedi:
– Doğrusu mən sizi belə bilmirdim…
– Bəs nə cür bilirdiniz?
– Deyirdim, fağır bir qızsınız.
– Sonra gördünüz necəyəm?
– Sonra gördüm ki, yamansınız.
– Çox sağ olun!
– Siz «yaman» sözünü pis mənada başa düşməyin.
– Bəs nə cür başa düşüm?
– Yaxşı mənada.
– Təki olsun.
Mənim evimə çatıb dayandıq. O, qoltuğundakı bükülü şeyi mənə uzadaraq:
– Alın, – dedi, – deyəsən əliyin ətindən xoşunuz gəldi…
– Çox xoşum gəldi, – deyə əti ondan aldım. Sonra ikimiz də sükut içində dayandıq.
– Yaxşı… Mən gedim.
– Gedin.
– Gecəniz xeyrə qalsın.
– Xeyrə qarşı.
O, tələsirmiş kimi, çevrilib, sürətlə uzaqlaşdı.
…Mən səhər sağıcılarla məşğul olandan sonra taxta çəkənlərin yanına getdim. Yasli binası əsaslı surətdə təmir olunmayınca, anaları işə gedən körpələrin yerləri, yataqları yaxşılaşmayınca gördüyüm heç bir iş ürəyimə yatmayacaqdı. Elə bil ki, hər səhər mən özüm körpəmi karvansara kimi açıq-avarda olan o rütubətli evdə qoyub gedirdim. Mənim yarıcanım onların yanında qalırdı. Kənd ustaları xeyli taxta çəkmişdilər. «Demək, daima təşəbbüs və hərəkət lazımdır!» deyə mən nəticə çıxarırdım. Bundan qabaq olduğum kəndlər Qartallı Dərədən dövlətli olduqları üçün mənim işim də bir o qədər çətin olmurdu. İnsanın müəllimi isə çətinliklərdir.
…Sonra mən mal-qaraya baş çəkməyə getdim. Tövlələrin havası o qədər pis idi ki, içəridə dayanmaq mümkün deyildi.
– Bəs pəncərələri açıq qoymamısınız? – deyə oradakı qadından soruşdum.
– Xeyr, qoymamışıq.
– Niyə? Axı mən tapşırmışdım ki, gündə üç dəfə, hərəsində də bir saat tövlələrin pəncərələri açıq qoyulsun.
– Ferma müdiri dedi ki, bu qışın günündə heyvanın yerini buzxana eləmək olmaz.
– Mən bilirəm, yoxsa Sevdimalı əmi? – deyə özümdən çıxdım.
– Sevdimalı uşaq-zad deyil ki… – deyə arvad sərt cavab verdi. – Başını mal-qara bəsləməkdə ağartmış.
Sevdimalı kişi hər addımda mənim işimi çətinləşdirirdi. O mənim heç bir göstərişimi yerinə yetirmirdi. «Xəbəriniz var, deyir, tay bundan sonra buzovların keçmiş bəy balaları kimi dayələri olacaq» – deyə mənim buzovları dəyişən dəstələrlə bəsləmək barədəki söhbətimi daldada, camaat arasında lağa qoyurdu. Lakin mən bütün bunlar barəsində Şahlara heç nə demirdim. Mən bilirdim ki, Sevdimalı kişi camaatın işinə ziyan vurmaq üçün belə eləmir. Əksinə, o, yeni qayda-qanunları xeyirsiz, boş bir şey hesab elədiyi üçün mənə qulaq asmaq istəmir. Sevdimalı kişinin fəlsəfəsi mənə aydın idi. Bu uzaq dağlarda alınmaz qalalar yadigar qoyub gedən babaların adət və ənənələri onun üçün hər şeydən əziz və müqəddəs idi. O deyirdi: – Ata-babalar belə etməyiblər!
Mən deyirdim: – Düzdür, ata-babalar belə etməyiblər, ancaq biz etməliyik.
Ona görə də bütün tərsliyinə, mənim işimi dağa-daşa salmasına baxmayaraq, ferma müdirinə acığım tutmurdu. Mənim mübarizəmin əsil ləzzəti də Sevdimalı əminin daxilən məğlub olmasında, nəhayət, həqiqəti dərk edib pəncərələri açıq qoymasında idi. Elə bil ki, mən bu tərs kişi ilə cıdıra çıxmışdım. Mən tövlələrə baş çəkib qayıdanda ona rast gəlib dayandım.
– Salam, Sevdimalı əmi, – deyə gülümsədim.
O, qaş-qabaqla:
– Əleykəssalam, – deyib ötmək istədi. Lakin mən əl çəkmədim. Eyni ilə Şahlar kimi:
– Əşi, Sevdimalı əmi, – dedim, – niyə qoymursunuz tövlələrin pəncərələrini açsınlar?
– Ferma müdiri mənəm, qoymuram, – deyə o, yoluna davam etdi.
Mən yanıb töküldüm, söz tapmayaraq:
– Yaxşı ki, bir qıza gücünüz çatır… – deyə arxadan səsləidim. O birdən ayaq saxlayaraq geri dönüb:
– Bura bax, bacıqızı, – dedi, – gəlmisən, gözümüz üstə yerin var. Ancaq axı qoymursan işimizi görək.
– Niyə? Neyləyirəm?
– Neyləyəcəksən. Gah başlayırsan ki, qışın boranında tövlələri açıq qoyun. Gah deyirsən buzovların dayələri olsun. Hər işi döndərirsən oyuncağa. İstəyirsən inəklərin olub-qalan südü də çəkilsin?
– Qoyun təcrübə aparaq. Əgər pis nəticə versə…
– Gərək dəlləkliyi bizim başımızda öyrənəsiniz…
– Çox sağ olun…
– Sən də sağ ol, – deyə o, dönüb getmək istədi.
– Görün qız xeylağına nə deyirsiniz…
O yenə də ayaq saxlayaraq, geri çevrilib mülayim səslə dedi:
– Sən maaşını al otur yerinə. Heyvandı, həmişə nə cür, indi də heylə.
– Demək, oturum havayı yerə maaş alım?
– İndi sənə iş lazımdır deyə gərək bizim başımızda bostan əkəsən? – deyə o, yenə də özündən çıxdı.
– Əşi, insafınız olsun… Axı məni beş il nahaq yerə oxutmayıblar…
– O qədər havayı işlər görülür ki…
– Vaxt ki, məni bura göndəriblər, gərək bir iş görəm. Görməsəm sizdən əl çəkməyəcəyəm.
Mən bu sözləri zarafatyana bir əda ilə dedim. Onun bığının altı azca qaçdı. Ey sülh ilahəsi! Sən mənə kömək ol!
– Mən nəçiyəm ki… – dedi. – İndi cəmi ixtiyarat sizdədir.
– Bizdə… Yəni kimlərdə?
– Yəni Şahlar kimi yumurtadan dünən çıxanlarda.
– Şahlar da, mən də sizin üçün əlləşmirik?
– Əngəl olmayın. Bizim üçün əlləşməyiniz özünüzə qalsın.
– Bay?!..– deyə mən elə qəribə tərzdə təəccüb elədim ki, o diksinən kimi oldu.
– Vallah,– dedi,– yaxşı olar ki, elə fermaya müdir sən özün olasan. Görürəm diribaş qızsan.
– Nə danışırsınız. Mən hara, müdirlik hara. Mən sizin yerinizi verə bilmərəm?
– Niyə vermirsən. Dinəndə elmdən danışırsan.
– Elm ayrı, müdirlik ayrı. Sizin təcrübəniz var. Adamları tanıyırsınız. Yol-yolağı bilirsiniz.
O, çiyinlərini çəkib məğrur bir görkəm alaraq:
– Hər kəsin öz yeri var, – dedi. – Yoxsa mənim qardaşım oğlu elə bilir ki, (o Şahları nəzərdə tuturdu) tay dünyada bundan başqa adam yoxdur.
– Doğrudam heylə bilir? Ağlım kəsmir.
– Ağlım kəsmir… İndiki cavanları tanımırsan…
– Elədir… İndiki cavanların yaxşı sifətləri ilə bərabər çoxlu nöqsanları da var.
– Nə böyük bilirlər, nə kiçik.
– Əlbəttə, elə yaramaz. Böyük böyükdür, kiçik kiçik.
– Keçmişdə bizim bir əmimiz var idi. Sayılan adamlardan biri idi. Başın üçün, mən onun yanında, özü dindirməsəydi ağzımı açıb bir kəlmə söz danışmazdım. Amma mənim qardaşım oğlu mənimlə qaşıq döyüşdürür.
– Məncə, Şahlar həmişə sizin hörmətinizi saxlayır.
– Bilmirəm… – deyə o, qaşqabaqla cavab verdi. – Hələlik salamat ol.
O, əlləri gödəkcəsinin ciblərində olduğu halda çevrilib uzaqlaşdı. Yox… Deyəsən buz yavaş-yavaş əriməyə başlayırdı.
…Mən əliyin budunu doğrayıb yumurta, istiot vuraraq çığırtma bişirdim.
Bir azdan o gəldi.
Xeyli müddət oradan-buradan söhbət eləyəndən sonra süfrə açdım.
– Axı bu gün bizim bayramımızdır.
– Bayramınızdır?
– Bəli. Səkkiz mart!
– Hə… doğrudan da. Gör heç yadımıza düşübmü… Durub əliboş…
– Eybi yoxdur, – deyə onun sözünü kəsdim. Borclu-borclunun sağlığını istər. Onsuz da heç bir bayramda mənə hədiyyə… – deyə mən gülümsəyərək qab-qacaq gətirdim. Sonra iki balaca boşqaba çığırtma çəkərək stolun üstünə qoydum.
…O mənim bayramım xatirinə bir-iki tikə götürüb çəkildi. Tox idi.
Sonra mən ondan soruşdum:
– Misalları həll edəkmi?
– Yorulmamısınız ki?
– Yox… yox… yenə də yox!
– Onda başlayaq… – deyə o, mənim ifadəmlə cavab verdi. – Bu gün katib də məni danlayıb… Deyir, heç olmazsa qiyabi oxu…
Sonra gülümsəyərək əlavə etdi: – Elə bilir qiyabi oxumaq asandır.
Biz müəyyən bir sistem-filan gözləməyərək, doqquzuncu-onuncu sinif həcmindəki misallardan seçib həll edirdik. Biz müəllimlə şagirddən ziyada imtahana hazırlaşan iki tələbəyə bənzəyirdik. Bəzən elə şey düşürdü ki, mən özüm də onun həllində xeyli çətinlik çəkirdim.
Riyaziyyat məşğələlərindən sonra o təkrar məndən soruşdu:
– Yorulmamısınız ki?
– Yox, yox, yox!
O, ayrı bir dəftər götürərək:
– Onda, – dedi, – rusca bir şey diktə eləyin, yazım.
Mən «Yunost» jurnalında oxuduğum povestdən ilk qabağıma gələn səhifəni açıb:
– Yazın! – deyə üç abzası diktə elədim.
O, yazıb qurtarandan sonra dikəlib, üzərindən ağır bir yük götürülmüş kimi dərindən nəfəs aldı. Mən yazını onun qabağından götürüb nəzərdən keçirərək, səkkiz səhvin altından cızıq çəkdim. O, qıpqırmızı olaraq:
– Görürsünüz… – dedi.
Mən bərkdən gülərək:
– Siz, – dedim, – doğrudan da pərt olursunuz…
– Pərt olursan da sözdür… Onillik məktəb qurtarasan, üç il əsgərlikdə rusların içində olasan, beş sətir yazıda bu qədər səhvin çıxsın.
– Beş sətir?! Bir… iki… üç… dörd… düz iyirmi sətirdir!
O, qaşlarını çataraq dinmədi. Mən ciddi ifadə ilə:
– Bilirsinizmi, – dedim, – bu povestin dili ağırdır.
– Ondan deyil. Məktəbdə oxuyanda yaxşı fikir verməmişik.
– Ziyanın yarısından… bundan sonra yaxşı fikir verərsiniz.
– Bu yaşda… təzədən…
– Yoxsa qocalmısınız?
– Əlbəttə.
– Onda bəs mən yazıq neyləyim… – deyə boynumu bükdüm.
O mənim zarafatıma gülümsəyərək, sanki həvəsə gəlib qələmi yenidən götürdü:
– Birini də deyin.
Bu dəfə mən, uşaqlıqda müəllimin bizə əzbərlətmiş olduğu bir şeri ona diktə eləməyə başladım:
Ворон к ворону летит
Ворон ворону кричит:
Ворон! Где нам отобедать?
Ворон ворону в ответ:
Знаю будет нам обед,
Богатырь лежит убитый
Кем убит и отчего,
Знает сокол лишь его
На кобылку недруг сел.
А хозяйка ждет милого,
Не убитого, живого…
– Yaxşıdır, – deyə o, gözlərini yazıdan çəkməyərək dilləndi.
– Hamısını başa düşdünüz?
– Başa düşdüm. Qarğa ki qarğa…
Mən başımı onun dəftərinin üzərinə əyərək yoxlayıb, səhvlərin altından cızıq çəkdim.
– Yenə də üç səhv!.. – dedi.
– Hər halda bayaqkından xeyli azdır…
Sonra gülümsəyərək əlavə etdim: – Görünür Puşkin köməyinizə çatıb…
– Bunu Puşkin yazıb?
– Bəli.
– Yaman deyib!..
– Yaman deyib!..
Ortaya dərin bir sükut çökdü.
Birdən o soruşdu:
– Sizcə bu bizim zəhmətimizdən bir şey çıxacaq?
– Hansı zəhmətimizdən?
– Mənim hazırlaşmağımdan?
– Şübhəsiz.
– Deyəsən sizin üçün dünyada çətin bir şey yoxdur…
– Nə üçün… var. Ancaq doğrusunu bilmək istəyirsinizsə bu çətinliklər olmasaydı mən yaşaya bilməzdim.
– Nə cür, yəni? – deyə o, maraqla soruşdu.
– Məsələn, mən bəzən gözlərimi yumub özümü bir an bütün bu zootexniki qaydaları yaymaqdan, nə bilim silos barədə əlləşməkdən, Sevdimalı əmi ilə dalaşmaqdan kənarda təsəvvür edirəm. O zaman özüm-özümə o qədər kiçik, o qədər mənasız görünürəm ki....
Mən susdum… Sonra dərindən nəfəs alaraq onun üzünə baxmadan: – Yox, – dedim, – mən öz taleyimdən razıyam.
– Ancaq sizə heç yaraşmır…
– Nə?
– Mal-qara ilə məşğul olmaq… Qara palçığa bata-bata tövlələri gəzmək…
– Bəs mənə nə yaraşır?
O gülümsədi:
– Sizə yaraşır gözəl geyinmək… Lojalarda oturub teatrlara tamaşa etmək… Axşamçağı dəniz kənarında gəzmək…
– Sonra?
– Sonra da… Tay nə olacaq…
– Yaxşı, bəs niyə bunları siz özünüz haqqında da demirsiniz? Siz ki, məndən gözəlsiniz!
Mən heç vaxt onun bu qədər qızardığını görməmişdim.
– Siz də qəribə söz danışırsınız. Kişi nədi gözəllik nədi…
– İndiki olub…
Onun pərtliyində valehedici bir hal var idi. Mən hücum vəziyyətində idim. Mən onun şaşqınlığından hədsiz bir zövq alırdım. Onun sarı qıvrım saçları, eyni rəngdə olan nazik bığları, mavi dəniz kimi qaynar gözləri sanki hər an bir cür cazibədar olurdu. Mən onu sancmaq, incitmək istəyirdim. Mən istəyirdim ki, ona nə isə bir ağrı ariz olsun! Lakin bütün bunlar hamısı yalnız bir neçə an çəkdi və birdən mənim qəlbimə ancaq analara, bacılara məxsus bir mərhəmət çökdü. Sanki mən onu, onun gəncliyini, günahsızlığını bütün varlığımla hiss etdim, qavradım və sanki biz bir can, bir qəlb olduq!
O məndən soruşdu:
– Siz bu sənətə öz xoşunuzla getmisiniz?
– Əlbəttə… Məni kim məcbur edəcəkdi ki…
O dinmədi.
– Bilirsinizmi, – deyə davam etdim, – o vaxt mən institutun bağbanlıq şöbəsinə girmək istəyirdim. Ancaq yer olmadı. Ona görə də məni zootexniklik fakültəsinə saldılar. Mən də etiraz eləmədim. Fikir elədim ki, nə olar, ağaclar olmasın, heyvanlar olsun.
– Hə, deyirəm axı… Ağacları, bağları şairlər də tərifləyirlər.
– Gözəllik, şairanəlik bütün həyata məxsusdur. Bütün canlıların onda payı var. Necə deyərlər bütün məxluqatın əşrəfi olan biz insanları bir anlığa hər şeydən – heyvanlardan, bitkilərdən, torpaqdan ayrılıqda təsəvvür edək? Yox… təbiət nə elədiyini bilir! Yadınızdadırmı o günü biz Ştrausun valslarına qulaq asırdıq.
Heç gözləmədiyim halda o dərhal cavab verdi:
– Yadımdadır.
– Orada hər bir hərəkətin, hər bir səsin öz ahəngi var. Lakin bununla belə onları ümumi harmoniyadan ayırmaq olmaz. Əgər ayırarsansa öz gözəlliyini, mənasını itirər. Həyat da elədir. Həyatın da öz ahəngi vardır. Bizim borcumuz bu ahəngin daha gözəl, daha fərəhli olmasına cəhd eləməkdir. Biz çalışmalıyıq ki, insan yalnız gözəl, fərəhli işlərlə məşğul olsun.
– Cənnətdəki kimi… – deyə o, zarafatyana gülümsədi.
Mən isə ciddi ifadə ilə:
– Bəli, – dedim, – cənnətdəki kimi!
Sonra zarafatyana ifadə ilə əlavə etdim: – Cənnət isə südsüz olmaz. Axı, deyirlər cənnətin qızıl arxlarından su əvəzinə süd axır. Ona görə də mənim kimi qızın (mən onun ifadəsini təqlid etdim) zootexnik olmasında təəccüblü bir şey yoxdur.
Mən onun gözlərində öz əksimi görərək susdum.
O, ayağa qalxaraq öz qədd-qaməti ilə qarşımda dayandı.
– Mən gedim.
Onun üzündə qayğılı bir ifadə var idi.
– Deyəsən mənim bu uzun nitqim sizi yordu…
– Yox. Məni öz avamlığım yorur.
Bu, yalnız qəhrəmanlara məxsus bir etiraf idi.
– Yox, – dedim, – avamlıq başqa şeydir… Avamlar «avam» sözünü çətin işlətsinlər… Biz hələ təzə-təzə «adət-çiçək» eləyirik. Siz də, mən də həyatı indi-indi öyrənirik. Bizi avamlıqda təqsirləndirmək olmaz.
– Məni özünüzlə bir tutursunuz?
Mən ona dərin bir nəzər salaraq ağır-ağır başımı buladım:
– Yox, sizi özümdən üstün tuturam!
Mənim bu sözümdə rəddi mümkün olmayan bir səmimiyyət var idi. Bu mənim həqiqətim idi. Yəqin ki, yalnız bunun təsiri ilə o öz cavabına gecikdi və mən dərhal əlavə etdim. – Bilirsinizmi, məsələ birimizin az, digərimizin çox bilməsində deyil. Adamların hamısı alim olmaz ki…
– Demək, siz mənə təsəlli verirsiniz?
Mən kəskin bir ifadə ilə:
– Xeyr, – dedim, – təsəlli nədir? Mən təsəlli verməyi xoşlamıram.
– Gecəniz xeyrə qalsın…
– Xeyrə qarşı…
…Mən təsəlli verməyi xoşlasaydım belə bunu sənə rəva bilməzdim. Sən mənim nəzərimdə hər cür təsəllinin fövqündəydin. Qəhrəmanların təsəlliyə ehtiyacı yoxdur. Lakin bununla belə mən sənin hər şeyi bilməyini, dünyanın bütün sirlərinə vaqif olmağını istəyirdim. Əgər mən bir loğman olsaydım bütün biliyim sənə verərdim. Çünki mən sənin dünyada hər şeyə bir hakim, bir sahib gözü ilə baxmağını istəyirdim. Mən istəyirdim ki, hamı sənə valeh olsun. Səni barmaqla göstərsin. Sənin varlığın məndə cinsi məhəbbətdən daha güclü, daha qüdrətli bir hiss doğururdu. Mən səninlə fəxr edirdim! Sənin tez-tez uzaq üfüqlərə zillənən (hətta otağın içində belə mənə elə gəlirdi ki, sənin qarşında, uzaq… çox uzaq və əsrarəngiz bir üfüq dayanmışdır!) gözlərin mənim sirr otağım idi. Toxunulmamış dəfinəm idi. Mən sənin baxdığın o uzaq üfüqdə yalnız özümün və sənin deyil, bütün bəşəriyyətin gələcəyini görürdüm. Sən bu uzaq, qarlı-çovğunlu dağlarda ot yüklənmiş maşınların qabağına düşərək həmin gələcəyə doğru cəsarətlə, mərdliklə irəliləyirdin. Heç bir maneə sənin yolunu kəsə bilmirdi. Mən sənin bu irəliləyişində əsil və böyük həyatın əzəmətini, gözəlliyini duyurdum. – Sənin getdiyin yollar mənim ömrüm idi. Sən bir dəfə də olsun özün haqqında, öz yemək-içməyin, istirahətin zövq-səfan haqqında düşünmürdün. Bu heç sənin ağlına da gəlmirdi! Bu isə bir ana, bir bacı, sənin aşiqin olan bir qız kimi mənim ürəyimi ağrıdırdı. Axı mənə elə gəlirdi. ki, dünyada gözəl, qiymətli nə varsa hamısı sənin üçündür… Sən isə bunların yanından tamam bir laqeydliklə ötüb keçirdin. Və mənə təkrar-təkrar elə gəlirdi ki, heç bir qüvvə səni dayandırmaq iqtidarında deyil. Sən mənim əzizim, qəhrəmanım idin! Mən səninlə fəxr edirdim. Mən indi bu sətirləri yazanda da səninlə fəxr edirəm!
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?