Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 2

Текст книги "Məhşər"


  • Текст добавлен: 16 декабря 2022, 11:40


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

O vaxtdan keçən yeddi il ərzində Teymur səltənəti nə qədər böyüsə də və Səmərqənd əmiri yenilməz bir cahangir kimi şöhrətlənib yeni qüdrət kəsb etsə də, Fəzl müridlərinin ayağı dəyən yerlərin hamısında yüz minlərlə adam teymurilərə itaətdən çıxıb «batin[22]22
  Batin – Quranın bətnində – daxilində gizlin məna axtaran, ortodoksal dinə düşmən adam.


[Закрыть]
» olmuş və ya əlçatmaz-ünyetməz dağlara, sıldırım qayalıqlara çəkilmişdi. Hürufilərin «Fəzl günü» yetişəndə batinlərlə birgə bütün o dağlar, qayalar da teymurilərin üstünə yeriməli idi. İbrahimə lazım olan da bu idi. Onun fikrincə, Şeyx Fəzlullah artıq işini görüb qurtarmışdı. İşin sonrasını daha şeyx özü görməməli idi. Əvvəla, ona görə ki, yeddi il bundan əvvəl Şirvana adi şeyx adı ilə gəlmiş bu adam, indi artıq «mühiti-əzəm şeyxi», «xilaskar Mehdi»[23]23
  On ikinci İmam əl-Mehdinin “xilaskar” adlandırılması xilafət daxilində mübarizə ilə əlaqədar idi: öz zamanına görə mütərəqqi sufi təriqətləri Mehdinin nüfuzunu Məhəmmədin ilk xəlifələri Əbubəkrə, Ömərə, Osmana və onların davamçılarının hakimiyyətinə qarşı qoymuşdular.


[Закрыть]
, «Natiq»[24]24
  Natiq – peyğəmbər.


[Закрыть]
, «Allah» adlanır və yalnız teymurilərin zülmü altında olan şəhərlərdə yox, Şirvanın özündə də əsnafın səcdəgahına çevrilirdi. O biri tərəfdən, Fəzlin gizlin iqamətgahının Bakıda və hürufi ocağının Şirvanda olduğu daha heç kəsdən gizlin deyildi. Kiminsə xəyanəti üzündənmi, yoxsa teymurilərin bütün Şirvanda qorxusuz, qadağasız gəzişən xəbərgir dərvişlərinin səyiləmi, hətta İbrahimin hürufilərlə son dərəcə məxfi əlaqəsi də Miranşaha çatdırılmışdı. İndi söhbət ancaq bu əlaqənin üstündə idi. Ya Miranşah İbrahimin hökmdara və səltənətə xəyanətini sübut edib, nəhayət, arzusuna çatmalı, ya da İbrahim hürufilərlə dost yox, düşmən olduğunu sübut edib, uzaq yürüşdən qələbələrlə qayıdan hökmdarın görüşünə həmişəki sədaqətli müttəfiq kimi getməli idi.

* * *

Gülüstan sarayının əsas binası xanəgahla Şah məscidinin arasında, gizlin yeraltı yollar üstündə ağ mərmərlə döşənmiş geniş, hamar meydan vardı. Əmin Məhrəm haradansa çapar göndərib Fəzlin elçisi Seyid Əli ilə onun yoldaşları barədə şahı xabərdar etdiyi günün axşamı, ikindi namazından sonra İbrahim bu meydanda dayanmışdı.

Sarayda bu saat ruhi rahatlıq və Allaha yaxınlıq saatı olduğu üçün, şahın bütün ailə üzvləri və yaxın adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahim özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb, mükəbbirin[25]25
  Mükəbbir – namazı idarə edən.


[Закрыть]
oxuduğu ayənin bir kəlməsini də ötürmədən, səliqə-sahmanla namaz qılırdı. Sonra şeyxlə qazini şübhələndirməməyə çalışaraq, könlünün təklik istədiyini bildirib, ikinci mərtəbədə xəlvətiyyəyə[26]26
  Xəlvətiyyə – yalnız şahla onun yaxın nədimlərinə məxsus otaq.


[Закрыть]
qalxdı.

Xanəgah elə tikilmişdi ki, ibadət otağından mükəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub, yenidən, bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim, bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axırını isə artıq xəlvətiyyədə canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yarım saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə bəzən o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi, yarımçıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahın hürufilərlə əlaqəsinə aid, faş olmuş sirləri içərisində tək bir açılmamış sirr qalmışdı: Fəzllə xəlifələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim, yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sirri axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə, oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub, onun çaparını dabanı üstə qaytarmışdı ki, Gövhərşah onları ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatında gətirsin.

Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Şeyx Əzəmin iddiasına görə, Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi, elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha[27]27
  Pişgah – sarayın baş salonu, şah təxti qoyulan yer.


[Закрыть]
buraxılmadan, eşikdə həbs edilməli və bu vaxt şahı kafirlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib, onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə, rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəliəhdi Şeyx Əzəmin görməsini istəməyib, ruhi rahatlıq saatını, adətən, məsciddə keçirən şeyxi də xanəgaha çağırtdırdı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun. İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmasında şeyx bəlkə də heç nə görməzdi. Lakin İbrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluq-dan sifəti zərd olmuş Şeyx Əzəm, rəsmi fitvanı əlinə alandan sonra, indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı Allaha şərik çıxaran kafirlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün Şamaxıya işıq saçan vəliəhdi təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyə-də ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yığışdırıb aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin altıguşəli ulduzları arasından süzülən işıq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib, onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraxdarların saysız-hesabsız məşəllə işıqlandırdıqları meydanın aşağısında, dərgah qapısının-baş darvazanın qabağında əsləhələri parıldaşan əsgərxas dəstəsinə doğru addımladı.

Sağ-soldan qara mahud geyimli, sarı tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəki yalın qılıncları böyürlərinə, gümüş haşiyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir və dinməz-söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də hər yerdə onun arxasınca gəzən candarları, dərbəndli ana qohumları və qayınları idilər. Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin ayrıca toxmacarlığı, kümxanası vardı. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahıllaşıb ağırlaşdıqlarını xatırladıb, demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışıq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib, belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar. İbrahim bu sədaqətli qohumlarının müşayiəti ilə dərgah qapısında əsgərxas dəstəsinə yaxınlaşanda, oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitləşdirdiyi göydəmir atı kimi, dəbilqəsinin qabağındakı göy tovuz lələyi, alnını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə, özü də başdan-ayağa səma rənginə çalırdı. Qaralmış üzündə vaxtilə atasınınkı kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdığı üçün, açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə, bu sərvboylu, qulacqollu bahadırı körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi. Gülüstan sarayında və bütün Şamaxıda danışırdılar ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığına göra şah onu bu qədər sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki civarına, oradan da Şamaxıya köçmüş qohumların yadında idi ki, İbrahimi anasından lap cavan yaşında, demək olar ki, uşaqkən ayırmışdılar. Gövhərşah isə böyüyüb at minən, qılınc tutan vaxtına çatdıqdan sonra, Kəsranilərin ciddi nəzarətinə baxmayaraq, yasaqı ayaqlayıb, tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub, yenə Şəki civarına qayıdanda nənənin dilindən atasına çoxlu bayatı aparmışdı. O illərin məhrumiyyətlərlə dolu ağır günlərində, Mənüçöhr törəməsi ilə görüşə gələn rəiyyət yanında cütün məcindən yapışıb, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb, başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək olduğunu yaxşı bilən Gövhərşah isə, hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatılarından oxumağa başlardı: «Naçar ağlama. Qapını bağlayan fələk, bir gün açar, ağlama…» Bir-birindən kövrək və yanıqlı olsa da, o bayatıların heç birinda ah-nalə və göz yaşı yoxdu. Hamısı qaranlıq içində işıq, ümidsizlik içində ümid görmək üçün deyilmişdi və bunları oxuya-oxuya, İbrahimin nəzərində, Gövhərşah özü də ümid və işıq timsalına çevrilmişdi. Qiyamdan bir gün əvvəl, əmisi Bəhlulla birgə silahlanıb, atası ilə vidalaşanda Gövhərşah atının cilovunu çəkib yenə də nənəsinin bayatılarından oxumuş və İbrahim, atlılar uzaqlaşıb bələni aşana qədər oğlunun səsini eşitmişdi. Səhərisi, gəzərgi qohumları Şəki civarında gizlənmiş İbrahimi tapıb, Gövhərşahın qiyamçıları Şamaxı üstünə bayatı ilə apardığını xəbər verəndə, İbrahim gözlərində yaş titrəyə-titrəyə qəhqəhə çəkib: «Kəsrani xanədanını yıxsa, elə anamın bayatıları yıxacaq!» – demişdi.

Hakimiyyətə gələndən sonra, tacgüzarlıq gününün axırında, boz çuxa və şişpapaq əvəzində, əynində zər naxışlı, qırmızı ləbbadə, başında dörd barmaq enində, firuzə qaşlı tac, camaatın görüşünə çıxıb ənam paylayanda İbrahim, başqa qiyam başçıları sırasında Gövhərşahı da hüzuruna çağırdı, Kəsranilərin şah tövləsində Hüşəngin şəxsi atları arasındakı göydəmir atları ona bağışladı, heç kəs soruşmadı ki, tövlədə daha gözəl kəhər atlar olduğu halda, şah oğluna nə üçün göydəmirləri bağışlayır. Sonra İbrahim oğlunun dəbilqəsinin üstündən öz əli ilə göy tirmə bağlayıb, tirmənin arxasına da eyni rəngdə tovuz lələyi taxdı. Yenə də heç kəs soruşmadı ki, şahlığın rəngi qırmızı rəng olduğu halda şah öz varisinə nə üçün göy tirmə ilə göy lələk bağışladı. İbrahim isə, hələ o vaxtdan Gövhərşaha gizlin qibtə ilə baxan ikinci oğlu Xəlilullahda həsəd oyatmamaq xatirinə açıb demədi ki, bu səma rəngini Gövhərşaha ucalıq rəmzi kimi bəxş edir; onun öz vəliəhdinə məhəbbətində, atalıq hissindən əlavə, bu cür, mərhum anasından yadigar qalmış bayatı kövrəkliyi də vardı və məhz bu kövrəkliyə görə idi ki, beş-on günlük ayrılıqdan sonra Gövhərşahla görüşəndə onu qucaqlayab bağrına basmasa rahat olmurdu.

Bununla belə, bu axşam oğlunu soyuq qarşıladı. Gövhərşahın arxasınca, onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar-əsnaf oğulları, köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılınc qəbzəsinə, sol əllərini bürünc sinəbənddə həkk olunmuş öküz başının[28]28
  Öküz – yerin dayağı rəmzi, şirvanşahların totemi.


[Закрыть]
üstünə qoyub təzim etdilər. İbrahim, hərəsi bir əsgərxas qoşununun[29]29
  Əsgərxas qoşunları (bir qoşunda yüz seçmə əsgər) yalnız sarayın mühafizəsi üçün hazırlansa da, şahın şəxsi tapşırıqlarına da əməl etməli idi.


[Закрыть]
başında, Şirvanı əriş-arğac gəzdikdən sonra əliboş qayıtmış bu baha-dırların heç üzlərinə da baxmadı. Öz açarçısı ilə birgə, şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü. Onlar üç nəfərdi.

3

Gövhərşah əvvəlcə üçünü də bir yerdə, «Şeyx Fəzlullahın xəlifələri» adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı mövlana Mahmud, onun yanındakı dəyirmi sifətli, pəhləvan siqlətli gənci isə rəis Yusif adı ilə təqdim etdi.

İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzllə də həmişə gizlin görüşən batin xəlifələri haqqında demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatına görə, Yusif əslən təbrizli idi. Əvvəllər əxi[30]30
  Əxi – “qardaş”, VII əsrdən başlayaraq əvvəlcə ərəb ordularında əsgərlik edən azərbaycanlılar asrasında, sonra bütün Yaxın Şərqdə peşəkarlar arasında geniş yayılmış hərəkat.


[Закрыть]
içində qəssab imiş; Təbriz əxiləri icma daxlində qardaşlıqla kifayətlənib, din və dövlət işlərinə qarışmadıqlarına görə, onlardan ayrılıb bir müddət hərbiyun olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. «Fəzl müridi» adı aldıqdan sonra isə Yusif Fəzlin Təbrizdəki gizlin məkanında-Əxi Qəssab iqamətgahında rəis olmuşdu. Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə nədənsə Şirvan xəlifəsi mövlana Mahmudun işlərini də ona tapşırmışdı. Odur ki, Gövhərşah rəis Yusif adını çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bütün diqqəti irəlidəki gəncdə idi. Qəzəlləri və rübailəri Şirvan xanəndələrinin dilindən düşməyən bu şairi o çoxdan tanıyırdı.

Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşəngin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimi də qəsidə ilə qarşılamış və o vaxta qədər görünməmiş bir miqdarda ənam-on min qızıl dinar almışdı. Lakin tacgüzarlıq günü ziyafətgahda qiyam başçıları gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncbər şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkcə tək bir misra: «Tikandan bərgki-gül hasil olmazadeyib məclisdən çıxmış və o vaxtdan sərxoşluğa qurşanmışdı.

İbrahim uşaqlıqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasətə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarını da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki civarında kiçik bir mülkdə oturan Mənüçöhr törəməsinin bütün Şirvanda nə yolla məşhurlaşdığını heç vaxt unutmurdu. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanılan ili, bu münasibətlə düzəldilmiş ziyafətdə bir nəfər də şair tapılmadıqda, İbrahim əmr etdi ki, günahkarlar, Katibi ilə dostlarının daimi məskəninə çevrilmiş, meyxanə küncünə gedib, vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib, Şamaxıda şeir deməyə qabil kim varsa, hamısını ziyafətgaha dəvət etsinlər.

Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəssədr[31]31
  Dəniz işləri üzrə vəzir.


[Закрыть]
təyin edilmiş Hacı Firidun da vardı. Xoşrəftar və rəhmdil rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda Hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.

O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeniyetmə kimi,şah hüzurunda əsla sıxılmadan, təmkin və ləyaqətlə danışmağa başlayıb, rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firidunun çaşqınlığını gördükdə isə, şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb, yaşına yaraşmayan arifanə bir təbəssümlə: «Amma tikandan bərgi-gül hasil edə bilirəm,»– dedi və elə bununla, söz sərrafı olduğunu sübut etdi. O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübailərinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.

Xüsusilə rübailər xoşuna gəlirdi. Çünki bu gəncin rübailəri onun anasının bayatılarına bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim «türkün tikanlı dilindən bərgi-gül hasil edən» bu rübailərin qüdrətini də dərhal duydu və elə birinci gün tapşırdı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şairlərini düşgünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünki kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq.

Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxını tərk edib gedib. Əvvəlcə dedilər, Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün məcnun kimi çöllərə düşüb. Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.

O illərdə İbrahim, Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib hakimyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu. O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.

Sifəti kəhrəba rəngində, arıq, uzun bir gənc, bazar barısının üstündə dayanıb, şah pişvazına çıxan camaata müraciətlə şeir oxuyur və «Ənəlhəq» qışqırırdı.

İbrahim dönüb Hacı Firiduna baxdı: «O gənc göydən düşüb, nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbeh elə, bir də belə iş tutmasın», – dedi.

Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: «O Nəsimidir, şahım. Öz ustadı, mühiti-əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarəyəm qadağan edim?» Nəsimi adını eşitdikdə, İbrahim istər-istəməz cilovu çəkib, bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.

Qazi Bayəzid, həmişəki kimi, şahın sağ tərəfində, hamıdan yaxında idi; daim sərxoş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün, onun üzündəki marağı görən kimi məsləhət verdi: «İndi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümüzlə dərgaha aparaq».

Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xirqəyə işarə edib: «Yox, qazi, o mənim hakimiyyətimdən kənardır»[32]32
  Sufi təriqətlərinin xirqlərini geyinən müridlər, bir qayda olaraq, hökmdar idarəsindən yüksək “hər idarəsinə” tabe “həqqi bilən” sayılırdılar və hökmdarlar çox vaxt bununla hesablaşırdılar.


[Закрыть]
,– dedi.

İllər dolandıqdan sonra, «hakimiyyətdən kənar» şair, indi Fəzl xəlifəsi Seyid Əli adı ilə meydana çıxmışdı və İbrahim bu seyidin Fəzl elçisi olduğunu unutmuş kimi, dayanıb ona tamaşa edirdi. Yeniyetmə vaxtında öz qeyri-adi təmkin və ləyaqəti ilə, bir az sonra ehtiyatsız qışqırtısı ilə şahı heyrətləndirmiş Nəsimi, indi cismani kamilliyi ilə onu valeh etmişdi.

Ancaq, əslində, cismən Nəsimi çox da dəyişməmişdi. Bəyaz xirqənin yapıncısayaq qunçları çiyinlərini boyuna münasib göstərsə də, yaxın həmdəmləri bilirdilər ki, onun çiyinləri bir o qədər də enli deyildi. Bütün uzun və arıq adamlar kimi, hətta sinəsində çökəklik vardı. Yalnız sifətinin kəhrəbasında və gözlərinin işıq saçan qaranlığında nə hikmət vardısa, Nəsimi şax dayananda, tamaşasına duranlar onun ümumi görkəmində heyran qalmalı bir əzəmət görürdülər.

Vəliəhdindən başqa bir o qədər də müdrik adamlarla əhatə olunmayıb, bu qanlı-qadalı və çalxantılı zəmanədə hər şeyi təkbaşına, daimi sinir gərginliyi bahasına həll edən İbrahim, bu əzəmətin ona yox, bir ayrısına xidmət etdiyinə təəssüflənirmiş kimi, bir az əvvəlki sərt və qəzəbli gəlişinin tamam əksinə, sakit və hətta hüznlü səslə dillənib soruşdu ki, bütün Şirvanın İmadəddin Nəsimi adı ilə tanıdığı şair, nə vaxtdan Seyid Əli olub. Nəsimi əzəmətini daha da gözəlləşdirən məlahətlə gülümsündü.

– Yarandığım gündən Seyid Əliyəm, şahım, – dedi.

– Mənim əcdadım seyid olub. Əli isə öz övladına Əli qüdrəti diləyən bir sufinin mən dünyaya gələndə qulağıma pıçıldadığı addır.

Saraya-elçixanaya buraxılmadan, darvaza qabağında hörmətsiz qarşılandıqlarına baxmayaraq, Nəsimi, şahın heç də pis başlamadığını görüb, söhbətin ahəngini davam etdirmək niyyəti ilə:

– İmadəddin mənim ikinci adımdır. Nəsimi isə, ustad dimağının nəsimidir[33]33
  Bahar yelidir.


[Закрыть]
, – dedi və elə bununla da şahın üzünün dəyişməsinə səbəb oldu. İbrahim birdən-birə tutuldu.

– Mən Fəzlullahın özünü çağırmışdım, – dedi.

– Hardadır şeyx?

Şahla birgə onun sağ çiyninin arxasında vəliəhd də, bir qədər geridə candarlar və bahadırlar da qulaq kəsilib, elçinin bu çətin suala necə cavab verəcəyini və Fəzlin gizlənməsini nə ilə əsaslandıracağını gözlədilər.

Şahın sualı böyük izahat tələb edirdi. Nəsimi isə qısaca:

– Fəzl laməkandır[34]34
  Məkansızdır, hər yerdədir.


[Закрыть]
, şahım, – dedi və bu gözlənilməz cavabla hamını, o cümlədən İbrahimin özünü də diksindirdi. «Laməkan» Quran kəlməsi idi və yalnız bir olan Allaha aid idi. Bu kəlməni bəni-insana aid etmək ağlagəlməz dərəcədə böyük günah idi.

Amma İbrahimi diksindirən bu deyildi. Hürufilərin Fəzlullahı Allah adlandırdıqlarını o, çoxdan bilirdi, eşitmişdi ki, Fəzl sözü-«həq sözü», Fəzl iradəsi – «həq iradəsi» sayılırdı. Bunları İbrahim o qədər eşitmişdi ki, hətta qulağı dolmuşdu. «Laməkan» kəlməsini Nəsimidən bir başqa vaxtda və başqa şəraitdə eşitsəydi, o, buna bəlkə də heç əhəmiyyət verməzdi. İndi isə bu kəlmə ona ox kimi dəydi. Çünki Nəsimi Fəzli «laməkan» adlandırmaqla ustadının Allah kimi gözəgörünməz və toxunulmaz olduğuna işarə edir və açıq-açığına bildirirdi ki, şahın onu axtartdırması əbəsdir. Başqa sözlə, Fəzli şah hüzuruna çağırmaq, Allahın özünü çağırmaq kimi bir şeydir. «Laməkan» kəlməsinin mənası belə idi. İbrahim bu mənanı dərhal anladı və dərhal da hökm verdi:

– Fəzlullaha çatdır: sübh namazına qədər gəlməsə, xəlifələri edam olunacaq!

Hələ ustadın «uca minbər qabağında namaz» barədə məktubunu oxuyub, məxfi otaqda Mahmud və Yusiflə görüşəndə, Nəsimi yoldaşlarına demişdi ki, məramını «Adıyüksəyə» çatdırmağı Fəzl yalnız ona-Nəsimiyə həvalə edib, buna görə də Yusiflə Mahmudun onunla birgə şah dərgahına getməsinə heç bir ehtiyac yoxdur, şah xəlifələri girov saxlayıb Fəzlin özünü tələb edə bilər.

Yusif rişxəndlə gülüb xəbər almışdı ki, başqa vaxtlar və ehtiyatsızlığı ilə xəlifələrin hamısının narazılığına səbəb olan şair, indi nə əcəb belə ehtiyatkardır? Yoxsa təkbaşına hünər göstərib Fəzlin xilasını öz adına yazmaq xəyalındadır?.. Nəsimi, ustadın taleyinin həll olunduğu bir vaxtda hər şeyi ölçüb-biçmək istədiyini söylədikdə isə yoldaşları xirqələrinin yaxalarını açıb, qurşaqla bədənlərinə sarıdıqları dəri cildli, qalın kitabları göstərib demişdilər ki, əgər o, bu ağır-batman kitabları gizlin aparıb şaha təqdim edə bilərsə, qoy tək getsin; Gülüstan sarayında Şeyx Əzəmin min bir gözü, min bir qulağı var. Şah hüzuruna Nəsiminin «Cavidannamə» ilə getdiyindən xəbər tutsa, şeyx kitablarla birgə Nəsiminin özünü də yandırtdırmazmı? Nəsimi bu sual qarşısında aciz qalıb, yalnız Fəzlin kitablarını salamat aparmaq xatirinə Yusiflə Mahmudun onu müşayiət etməsinə razı olmuşdu.

Məxfi mənzildən çıxıb Dost Əmin Məhrəmlə görüşəndə, dərgah qapısından keçib meydanda gözlənilmədən şahın əsgərxas dəstəsi ilə qarşılaşanda və hətta indi şahla kəlmələşəndə də Nəsiminin bütün diqqəti yoldaşlarında idi. Xəlifələrin həbs edilməsi, kitabların ələ keçməsi deməkdi. Kitabların ələ keçməsi isə «uca minbər qabağında namazın» sirrinin açılması, elçilərin şahı hürufi etmək niyyətində olduqlarının aşkara çıxması demək idi. Odur ki, şah, Fəzl gəlməsə xəlifələrin edam olunacağını deyəndə, Nəsimi də istər-istəməz dəyişib, birdən-birə qeyri-adi zəhm kəsb etmiş gözlərini şahın gözlərinin içinə dikdi:

– Dərgaha biz birgə gəlmişik, birgə də öləcəyik! Əvvəl məni dinlə, şah, sonra edam buyur! – dedi. Lakin dayanıb rüsxət gözləmədi. Sözünə ara vermədən, hökmdar qarşısında hökmdar kəskinliyi ilə:

– Fəzlə məlumdur ki, Əlincədə döyüş meydanına atılan papaq da, məsciddə qurama sui-qəsd də sənin öz əməlindir! – dedi.

– Sənin yüksək adını və ləyaqətini xələldar edən bu əməllər bizim hamımızı məyus edib. Amma biz səni bu əməllərə vadar edən səbəbləri bilirik və bir o qədər də rəncidə olmuruq. Bəla ondadır ki, Miranşah bu işlərdən xəbər tutub və atasına xəbər göndərib ki, papaq sənin Əlincə qalasına köməyini gizlətmək, sui-qəsd isə bizimlə əlaqəni pərdələmək üçündür. Əmir Teymurla ittifaqın pozulur, şah! Fəzli düşmənə təslim etmək niyyətindən əl çək və məni dinləyib Fəzl məramından agah ol!

Yalnız bir neçə ən yaxın adamın iştirakı ilə icra edilmiş hadisələrin şahın «öz əməli» olduğu düşmən qulağına və hürufilərə necə çatmışdı?! İbrahim heyrətini gizlədə bilməyib, çiyni üzərindən arxaya baxdı. Gövhərşah irəli gəlib təzim etdi.

– Dərgahında xəyanət var, şahım, – dedi.

– Miranşahın ordusundan çoxlu təğyirlibas adam gəlib şəhərdə gizlənib. Sənin alimənsəb təbəələrindən kim isə o adamlara vəd edib ki, Fəzli tutub onlara təhvil verəcək. İbrahim gərgin fikirdə idi.

Kəsrani xanədanına o, ancaq qiyam gücü ilə yox, həm da Huşəngin ən yaxın alimənsəb təbəələrinin xəyanəti nəticəsində qalib gəlmişdi: gecə ikən kiçik dəstələrlə gəlib Şamaxının qala divarlarının arxasındakı karvansaralarda gizlənmiş qiyamçıları şəhərə haman alimənsəb təbəələr buraxmışdılar. Sonralar İbrahim, Əmir Teymura daimi tabelik rəmzi olaraq qala qapılarının çıxarılmasını əmr edərkən, bu əmrdən özünü itirmiş Qazi Bayəzidə: «Mənim qələm təbəələrimin qəlbindədir, əgər təbəələrim mənə axıra qədər sədaqətli olub ürəklərinin qapılarını xəyanət üzünə açmasalar, şəhər qapılarının açıqlığından qorxmaram», – demişdi. Hələ o vaxtdan hiss olunurdu ki, xəyanət əli ilə hakimiyyətə gələn İbrahim, həm də xəyanətdən qorxduğu kimi heç nədən qorxmurdu. Həddindən artıq tədbirli davranışının bir səbəbi əgər gənclik illərinin vərdişi idisə, o biri və bəlkə daha ciddi səbəb xəyanət xofu idi. Odur ki, oğlu alimənsəb təbəələrdən hansınınsa Miranşaha xidmət etdiyini xəbər verəndə, İbrahimin sifətini soyuq tər basdı.

Sui-qəsd haqqında danışıqda, şahla vəliəhddən başqa, cəmisi üç nəfər iştirak etmişdi: Qazi Bayəzid, Şeyx Əzəm və Hacı Firidun. Qaziyə İbrahim özünə inandığı kimi inanırdı. Demək, iki nəfər qalırdı: Şeyx Əzəm və Hacı Firidun. Xain hansı idi?

İbrahim Hacı Firidunla çox az-az, ildə iki-üç dəfə görüşürdü. Lakin Hacının qəlbi gözlərində idi və İbrahim, ifrat şərabdan həmişə bir qədər süzgün baxan o xırdaca gözlərdə məhəbbətdən, sədaqətdən və birdən-birə yüksək rütbəyə çatmış bir adamın öz himayədarına xidmət həvəsindən başqa heç bir kənar, şübhəli şey görmürdü. Demək, Şeyx Əzəm?!

İbrahim Nəsimidən aralanıb gəzinməyə başladı.

Vaxtilə Əmir Teymur Şirvanla müqavilədən sonra Şamaxıya vali göndərdiyi vəliəhd Miranşahı elə o ili geri çağıranda, Gülüstan sarayında hamı bunu Teymurun öz müttəfiqinə külli-ixtiyar verməsi kimi başa düşüb sevinmişdi. Təkcə İbrahim özü qüssə ilə gülümsünüb: «Xəbərgir dərvişlər olan yerdə vəliyə nə hacət?» – demişdi.

Miranşah Şamaxıdan yola düşən günü, şəhərin dövrəsindəki yeddi karvansaranın yeddisindən də dərvişlər qoşun kimi çıxmışdılar, şişuclu mütrüb papaqlarını göyə ata-ata, heybətli «Yahu, Yahu» qışqırtıları ilə,vəliəhdi müşayiət etmişdilər və onun bir-birinin ardınca atdığı kisələrdən atların dırnaqlarının altına səpələnən qızıl-gümüşü yığışdırıb şəhərə qayıtmışdılar. Kimisi qoldan, kimisi qıçdan şikəst olan, hətta üz-gözlərində də köhnə döyüş yaralarının izi qalan bu adamların keçmişdə kim olduqlarını bilmək çətin deyildi. Əyinlərində asım-asım cır-cındırla və mütrüb papağı ilə diqqəti yayındırıb mənsubiyyətlərini gizlətsələr də, onlar indinin özündə də dərviş əsası əvəzində əllərində silah-batqan gəzdirirdilər. Ya da batqanın yumruq irilikdə qurğuşununu bellərinə sarıdıqları mumyalı kəmənd ipinin ucuna bağlayırdılar. Karvansaraların aralarındakı bazarlarda qurğuşunları başları üzərində fırladaraq, qəhqəhə ilə darğaları qovur, tacirlərin, sövdəgərlərin yük taylarını, çuvallarını, səbətlərini açıb dağıdırdılar, cır-cındırları arasında gəzdirdikləri dəri torbaları doldurub qoz, fındıq, xurma, sucuq yeyə-yeyə, «Yahu, Yahu» qışqıra-qışqıra, bütün günü küçə və meydanlarda dolaşırdılar. Bu qışqırtılar Əmir Teymurun hər yerdə hökm sürən yazılmamış qanunlarının və Miranşahın qoyub getdiyi hakimiyyətin səsi idi. Novruz və tacgüzarlıq günlərində, qurban bayramında, mövludda[35]35
  Məhəmmədin anadan olduğu gün.


[Закрыть]
və orucluqda dərvişlərin birbaş saraya doluşub, şah məscidinin ətrafında, Şeyx Əzəmin iqamətgahının hücrələrində yurd saldıqlarını, xüsusilə şeyxin müridlərinin bu əlləri batqanlı adamlara necə itaətlə qulluq etdiklərini görəndə, İbrahim hakimiyyəti üzərindəki hakimiyyətin ağırlığını daha çox duyur, bu ağırlığın altında sıxıldığını, saraya təpilən xəbərgirləri buradan qovmağa belə qabil olmayıb kiçildiyini hiss edirdi. O əmin idi ki, Şeyx Əzəmlə müridlərinin dərvişlərə qulluğu və itaəti də Şirvanşahın Əmir Teymura sədaqətini göstərir. Buna görə də şeyxin əlləri batqanlı dərvişlərlə ünsiyyətindən nəinki şübhələnmir, əksinə, bayramlarda öz mətbəxindən şeyxin iqamətgahına ətirli, ədviyyatlı xörəklər göndərib, bu ünsiyyəti daha da dərinləşdirirdi ki, dərvişlərdən teymurilərin Əlincə düşərgəsinə və Sultaniyyəyə gedənlər orada ancaq xoş sözlər danışsınlar. İndi belə çıxırdı ki, dərvişlərlə şeyxin ünsiyyətini dərinləşdirməklə İbrahim öz ayağı altında qazılan quyunu dərinləşdirmişdi. Miranşaha xidmət edən alimənsəb, doğrudanmı, şeyx Əzəmdi? Doğrudanmı, İbrahim bu qədər kor və fəhmsiz olmuşdu?!

O, meydanda vurnuxub, gah fəal elçilərinə, gah da ibadət otağının tək pəncərəsinə tərəf baxırdı. Sinəsində elə təlaş vardı ki, elə bil iki yerə parçalanıb eyni vaxtda həm elçilərlə, həm də şeyxlə danışmaq istəyirdi. Lakin dumanlı bir şübhə İbrahimi Nəsiminin üstünə qaytardı. Bu vaxta qədər onda heç kəsin görmədiyi hiddətlə:

– Xəyanət bəni insanın mayasındadır! Mənim təbəəm Miranşaha xəbər çatdıra bilər, – dedi.

– Bəs sizə kim çatdırıb bu xəbərləri?

Nəsimi bu dəfə tamamilə sakitcə dedi:

– Fəzl müridi çatdırır, şahım.

– Fəzl müridi Miranşahın hüzurunda oturur?!

Nəsimi istər-istəməz gülümsünüb:

– Müridimiz Əmir Teymurun öz hüzurunda oturur, – dedi və dərhal hiss etdi ki, bundan sonra «namaz» baş tutmaya bilməz.

4

Mərmər meydanın dərinliyində fəvvarəli hovuzlarla, sərv ağacları, yasəmən və qızılgül kolları ilə dövrələnmiş sərin bir guşə, bu guşədən o yanda daş barı və dəmir qapı arxasında isə ikinci meydan vardı. Orada, yoğun daş dirəkləri və ümumi ağırlığı, zəhmi ilə sarayın bütün tikililərindən fərqlənən divanxana binasının gecələr səhərə qədər yanan məşəllərin hisindən zolaq-zolaq ləkələnmiş sal qayatək qalın divarları bozarırdı. Bu divarların içərisi bir zaman Kəsranilərin dədə-babalarının qızıl-gümüşlü qılınc və qalxanları, kaman və tirləri, kəmənd, gürz və toppuzları, maral buynuzları, tovuz lələyi, durna teli və sair, uzaq səfər və şikar xatirələri ilə bəzənərmiş. Yuxarı başda, bir cüt qızıl dirək arasından sallanan tül pərdə arxasında, hündür gümüş təxtdə Kəsrani şahları oturarmışlar. İbrahim ilk dəfə buraya qədəm basanda: «Sizin şahınız öz təbəələri ilə pərdə dalından danışmayacaq», – deyib haman pərdəni qoparıb camaatın ayağının altına atmış, qızıl dirəkləri əridib dinar kəsməyi, gümüş təxti isə xəzinəyə təhvil verib, əvəzində buraya adi taxtadan, bəzək-düzəksiz bir təxt qoymağı buyurmuşdu. İndi divanxanada, Əmir Teymurun gümüş ayparalı yaşıl bayrağı altında, haman bəzək-düzəksiz, alçacıq şah təxtindən, bir neçə sandıq, mücrü, kürsü, rəhl[36]36
  Kitabaltı.


[Закрыть]
və qələm-davatdan, bir də ki, təxtdən kandara qədər döşənmiş xalı-xalça və döşəkcələrdən başqa heç nə yoxdu. İbrahim, çancarlarının müşayiəti ilə gəlib təxtdə oturanda, ikinci namazından sonra vaxtını, adətən, ibadət otağında və xəlvətiyyədə keçirən şahın bu gözlənilməz gəlişindən özlərini itirmiş çıraqdarlar, tavandan nazik zəncirlərlə asılmış qoşapiltə neft çıraqlarını təzəcə yandırıb, təxtin dövrəsindəki qəndil və şamdanlarda şamları yandırmağa tələsirdilər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации