Электронная библиотека » Natiq Məmmədli » » онлайн чтение - страница 2

Текст книги "Qəhrəmanım sənsən"


  • Текст добавлен: 6 октября 2022, 13:20


Автор книги: Natiq Məmmədli


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

“Şəhərdə heç kimin başı kəsilməyib, deyilənlərin hamısı şayiədir”, – nəhayət, avqustun sonuncu günü yayılan bir neçə cümləlik rəsmi məlumatda belə deyilirdi. Heç kim təəccüblənmədi, çünki illərin təcrübəsi bizə öyrətmişdi ki, əgər rəsmi açıqlama yubanarsa, deməli, ya təkzib, ya da ona oxşar nəsə olacaqdı. Bundan sonra ənənəvi taktiki gedişimizi işə saldıq, yəni hamı məsuliyyəti öz üzərindən atmaq üçün xəbəri birinci hansı qəzetin yaymasını aydınlaşdırmağa çalışdı, lakin ilkin mənbəni gördüm deyən olmadı. Biz kinder yumurtaları və qanadlı pampers reklamlarından aldığımız pulları geri qaytarmadıq, heç bunu istəmədilər də.

Artıq yayın qızmarını canına çəkmiş avqustun quraqlığı arxada qalmışdı, payızın sərin nəfəsinə bürünmüş yeni mətbuat mövsümü yaxınlaşırdı. Şəhərin dəniz kənarındakı nəhəng zibilxananın yaxınlığında başsız insan bədəninin tapılması xəbəri, məni aylardı okeanda dolaşan gəminin dor ağacından torpaq görən matros kimi sevindirdi. Yerimdən sıçrayıb “ura” qışqırmağa hazırlaşırdım ki, şef məni qabaqladı:

– Bilirsən də…

– Hə, hə…

– Yaxşı, yaxşı qazmaq lazımdı…

– Okey, okey.

– Çatdıracaqsan?

– Yes, yes!

– Di, davay!

– Davay, davay!

Dekabr, 2017

Sarı dana

Naxırçılar damaqlarında çürük ağac kötüyü kimi ilişmiş təkəmseyrək dişlərini ağarda-ağarda yekəpər Krasnodar cöngəsinin burnundakı həlqəsindən yapışıb bordaqda vurnuxan şeşən düyənin üstünə gətirəndə mənim dəhşətli ölümümdən iki gün keçirdi. Yaxşı ki, tez ölüb qurtardım: kəndin üz qarasına çevrilmiş o biri danalar kimi alaq-ulağı ovurdumda ləzzətlə marçıldada-marçıldada dana gözlərimi yad öküzünün şeşən düyəni zorladığı səmtə zilləyib arsızcasına “mö” eləmədim. Onlar hamısı yaxşı bilirdilər ki, üstündən təzək iyi gələn çürük dişli naxırçılar öz aralarında fərəhlə “damazlıq buğaları qorumaq lazımdır” deyəndə mənim kimi bu torpağın çayırlığında başına gün döyəcləyən sarı danaları yox, tövlənin qaranlığında təzə-tər yonca yeyən Krasnodardan gətirilmiş ala-bula cins buğaları nəzərdə tuturdular. Buğa deyəndə də bir az yekə çıxır: özlərini elə aparırlar ki, guya bunlar başqa planetdən gəlib, əslində, heç tanımırlar ataları kimdi, anaları kimdi, nə qədər əcaib-qəraib buğanın genini qarışdırıb belə bədheybət düzəldib bizim düyələrin üstünə göndəriblər. Amma mən dana ağlımla dərk eləyirdim ki, onlar bu qələti başqa yerdə yox, ancaq bizim üzqarası danaların gözünün qabağında, bizim təzək iyi verən naxırçıların əliylə eləyə bilərdilər. Yaxşı ki, tez öldüm, bunları görmədim… Amma bir dəfə necə oldusa cins buğaların qızarmış gözlərinə görünməmək üçün özlərini arxın qırağındakı çayırlığa verib gövşək vuran öküzlərimizdən eşitmişdim ki, bu Krasnodar buğalarının heç bizim düyələrdən sarı ürəkləri getmir, naxırçılar onları bordağa bağladıqları inəklərə yaxınlaşdırmaq üçün itin zülmünü çəkirlər, o qədər tər tökürlər ki, buğaların əvəzinə özləri atılsaydılar, heç bu qədər əziyyət olmazdı. Yad öküzləri üçün kimi zorladıqlarının fərqi yox idi, bizim danalar üçün isə kimin zorlandığının. Bax dəhşət bunda idi! Mən bunların hamısını bilirdim, özü də çox yaxşı, yerli-yataqlı. Bunları fikirləşdikcə arada ürəyim sızlayır, iştahadan kəsilirdim. Ancaq bu qədər naxırın içində bir sarı dana neyləyə bilərdi ki? Mən öz dana beynimlə hər şeyi dərk edirdim və həmişə də gücsüzlüyümü görüb xəcalət çəkirdim, amma bizimkilər öküz başlarıyla heç nəyi anlaya bilmirdilər, ya da anlamaq istəmirdilər. Daha doğrusu, bunların öküz başları üçün heç nəyin əhəmiyyəti yox idi. Mənim ölümüm də nəyisə dəyişmədi. Mən özümü ucları nizə kimi şiş yabaların üstünə atıb cırılmış qarnımdan axan qanıma qərq olanda, bəlkə də onlar öküz ağıllarıyla fikirləşiblər ki, yəqin başıma hava gəlibmiş ki, dünyanın dinc vaxtında gül kimi ətimi murdar eləyib ikinci növ sex kolbasalar üçün xam mala çevirdim. Onlar necə də böyük səhv edirdilər. Mən öldüm, çünki onların tayı olmaq istəmədim.

Yazın ilıq şəfəqləri hardan gəlib bu torpağı tapıb, niyə onun üstündə gəzən adamların və inəklərin dərisinə hopub əzalarını qıdıqlayır, baş açmıram. Dünyanın don vurmuş o qədər yerləri, günəşə həsrət buzlaqları, sazaqları var ki, niyə məhz bu torpaq, anlamıram. Günəş səxavətlə göydən işıqlarını səpəndə başa düşmürmü ki, gecə oldu, ya gündüz, isti oldu, ya şaxta buralar üçün fərq eləməz, yad cöngələr onsuz da şeşən düyələrin üstünə atılacaq, çayırdan yeyib enə verən öküzlərimizsə sadəcə quyruğunu bulayıb “mö” eləyəcəklər. Hər şey bu qədər sadədir, qurtardı getdi. Bəs onda bu günəş niyə belə şığıyır, heyf deyilmi bu boyda işığı hədər yerə sərf eləmək. Yalnız öləndən sonra başa düşdüm ki, bütün bunlar mənim ölümümü sürətləndirmək üçün imiş.

Yazın ilmanqısı canıma keçər-keçməz dirçəlmişdim, nəsə şıllaq atmaq, uzaqlara qaçmaq, qışdan çıxan düyələrə özümü göstərmək üçün meymunluq eləmək istəyirdim. Heç məndən başqa özünə əl qatan yox idi; dedim axı, isti oldu, ya soyuq, səhər oldu, ya axşam bu yerlərin adamları və inəkləri üçün elə bir fərq eləməzdi. Bütün günlər bir-birinin tayı idi. İnəklər adamlara, adamlar da inəklərə oxşayırdı. Bəs mən niyə dingildəyirdim? Yekə naxırın içində bir dənə dılğır sarı dana özünü qoymağa yer tapmırdı; suyla dolu vedrəyə təzə dikəlmək istəyən buynuzlarımla kəllə vurdum “darap” elədi, arxın üstündən tullanmaq istəyəndə suya düşdüm “tarap” elədi, şeşən düyəni görən kimi yanına qaçıb qabaq ayaqlarımı naxırçıların atı sayaq havaya qaldırdım yerə dəyib “şarap” elədi. Yoğun buynuzları fil boyda cəmdəklərinin üstündə daha vahiməli görünən təcrübəli öküzlər təəccüb və boşluqdan başqa heç nə ifadə eləməyən mal gözlərini qaldırıb mənə sarı baxdılar, quyruqlarını buladılar. Nə olmuşdu görəsən bir yerdə qərar tuta bilmirdim, nə tay-tuşum olan sakit danalarla yola gedirdim, nə də dünya görmüş, ağır-batman öküzlərin mal baxışlarından abır-həya edirdim.

Heç gün boyu tövlənin qaranlıq yerində naxırçıların başlarına pərvanə kimi dolandıqları Krasnodar cöngələrinin adını tutmuram. Onlar üçün yazın-qışın, gecənin-gündüzün qəti dəxli yox idi, əllərindən gələn yeganə iş yeyib-yatmaq və minmək idi. Bizim dünyaya yemək və minmək üçün gələn öküzlərin nəyi bizdən artıq idi, bilmirəm, sadəcə gözləri həmişə təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Yazın ilıq şəfəqlərini canımda hiss edər-etməz nədənsə ürəyimdən keçdi ki, özümü onların yanına verim, bütün ömürlərini tövlənin qaranlığında başı bağlı, burnu həlqəli yatıb qalan həmcinslərimdən hal-əhval tutum. Sonradan al qanıma boyanıb gəbərəndə başa düşdüm ki, sən demə, bu diyarın inəklərinin arasında belə fikrə düşən birinci dördayaqlı mən olmuşam. Dağdan ağır öküzlərin heç şeşə buynuzlarının ucundan belə keçməyən bu dəhşətli macəra hardan beynimə girmişdi? Hər halda dana idim, gələcəyim qabaqdaydı, bəlkə də qabaq da ola bilərdi, bu səhvi mənim danalığıma bağışlamaq da olardı, amma bağışlamadılar…

Tövlənin qaranlığında yad öküzlərin gilənar gözləri torana sarı gedən günəş kimi parıldayırdı. Məni görüb diksindilər, bəlkə də lap qorxantəhər oldular. Bizim öküzlərsayaq mal gözlərini döyüb quyruqlarını bulamadılar, bəziləri boğazlarındakı zənciri silkələyib fınxırmaq istədi, fınxırdı da, bəziləri iti buynuzlarını mənim qarnıma soxmaq üçün havaya qaldırıb dartınmaq istədi, dartında da. Amma heç nə eləyə bilmədilər. Onlar zəncirdə, mən açıq, onlar bağlı mən sərbəst, neyləyə bilərdilər ki, istəyir Krasnodar yox, lap Madaqaskar kəli gəlsin. Danalığıma salıb bir az da qabağa getdim, təzə dikələn buynuzumla xallı buğaların lap yekəsinin qarnını yüngülvari qıdıqladım. Danaydım ki, dana… Buğanın gilənar gözləri qan çanağına döndü, nə qədər bacardısa dartındı, buynuzlarını yellədi. Heç vecimə də almadım, naxırçıların atı kimi iki ayaq qalxıb belinə atılmaq istədim, atıldım da. Mən bunu zarafatla eləyirdim, başqa niyyətim yox idi, öküzlərlə tanış olmaq istəyən qışdan təzə çıxan dananın əlindən başqa nə gələ bilərdi ki? Buğasa bunu özünə sığışdırmadı, dartınmağını saxlayıb var gücü ilə möyüldədi, elə nalə çəkdi, elə bil bağrı yarılırdı. Yad öküzlərin pərvanəsinə çevrilmiş təzək iyi verən naxırçılar tövləyə girib məni Krasnodar cöngəsini dümsükləyən görəndə papaqlarını yerə vurub qışqırdılar: “sarı dananın gözü qızıb”. Xəkəndazın ağzıyla sümükləri təzə bərkimiş kürəyimin düz ortasından necə ilişdirdilərsə bir anın içində başım hərləndi, özümü zorla ayaq üstə saxlayıb kötük dişlərini qıcamış kişinin üzünə baxdım. İnsan olsaydım deyərdim ki “ə, bədbəxt oğlu, bütün günü bunlar bizi minirlər, imkan ver bir dəfə də biz minək də”. Demədim, deyə bilmədim. Yaxşı ki, insan deyildim. Belə insan olmaqdansa, dana olmaq heyf deyilmi? Krasnodar cöngəsi qələbə çalırmış kimi qızarmış gözlərini səyridərək yuxarıdan aşağı mənə sarı baxdı, elə bil nəsə qımışdı da. Heç xoşum gəlmədi, özümü toparlayıb cöngənin qarnına birini də ilişdirdim, bu dəfə zarafat eləmədim, həqiqətən vurdum. Qəribəydi ki, mənim zərbəmdən sonra cöngə də, naxırçı da eyni vaxtda “mö” elədilər. Sonra geri qanrıldım, qaçıb tövlədən çıxdım. Arxadan peyin iyi verən naxırçının dana böyürtüsünə oxşayan bağırtısını eşitdim: “sarı dananın gözü qızıb”…

Nə günəşin işığı, nə təzə boy göstərən sırtıq çayırın, quşəppəyinin, bağayarpağının turşməzə dadı, nə də şeşən düyənin yanımdan keçəndə nazlı-qəmzəli baxışlarını üstümdə gəzdirməsi eynimdə idi. Axı niyə bizi minməyə qoymurlar? Minmək cəhənnəmə, heç dana kimi yaşamağa da imkan vermirlər. Səhər o başdan dur otla, gün əyilməmişdən ağzını ver lilli arxın gözünə hortda ki hortada bildikcən, sonra kölgəlikdə gövşə, otlaqlarda təzəklə, adamların sözü olmasın, “səhər naxıra, axşam axura”. Bunun adına dana ömrü deyirlər. Dana olanda nə olar ki? Başımı qaldırıb ətrafıma baxıram; peyin iyi gələn naxırçılardan başqa elə o biri adamlar da səhər o başdan axışırlar çöllərə, kətmən vuran kim, alaq eləyən kim, günün qızmarında özünü lilli arxa vurub camış kimi ləhləyən kim. Bizim adımız çıxıb, elə onlar da danadılar ki durublar.

Krasnodar buğalarına ilişəndən sonra dünya mənim, mən də hamının gözündən düşmüşdüm: ağırbatman öküzlər mənə yaxın gəlmirdilər, mən yanlarına gedəndəysə “mö”ültülərini kəsib gövşək vururdular, mən aralanan kimi təzədən öz aralarında “mö”üldəşməyə başlayırdılar, tay-tuşum olan danalarsa mənimlə birdəfəlik “salam-kəlamı” kəsmişdilər, ayrı otlayırdılar, ayrı su içirdilər, hətta təzəkləməyə də ayrı gedirdilər, bircə dənə şeşən düyə hərdən altdan-altdan mənə sarı baxmağından qalmırdı. Naxırçılarsa lap qəribə olmuşdular, birisi pırtlaşıq yulğun budağı kimi vələduzna gözlərinə kölgə salan çatma qaşlarını çatıb gün boyu məni izləyirdi, o birisi Krasnodar cöngələrinin yatdığı tövlənin qabağında səhərdən axşama çiynində xəkəndazı müsəlləh əsgər kimi dayanıb keşik çəkirdi, naxırçılığa təzə başlayan və gələcəkdə üstlərinə hopacaq təzək iyini nəsildən-nəslə şərəflə ötürərək bu qədim sənəti ölməyə qoymayacaq gədələr isə elə hey ora-bura qaçır, nəyisə itiləyir, nəyisə yağlayırdılar. Əslindəysə, mənim faciəli qətlimə hazırlıq gedirdi… Parlayan hər gün, közərən hər ay məni ölümə bir qədər də yaxınlaşdırırdı. Təbii ki, mən bütün bunları öləndən sonra bildim.

Nəhayət, o gün gəlib çatdı. Bu, şeşən düyənin zorlanmasından iki gün əvvələ düşdü. Naxırçı gədələr böyür-başıma keçib kürəyimi sığallayırdılar, cod barmaqlar hələ də yazın ilığında xumarlanan dərimin üstündə gəzişdikcə ətim ürpənirdi, birdən kimsə ayağımdan tutmaq istədi, məndən əvvəlki danalar belə vəziyyətdə necə hərəkət ediblər bilmirəm, mən ayağımı ələ verməyib təpik atdım. Sonra bu, bir neçə dəfə təkrarlandı, asanlıqla yıxılmaq istəmirdim, bəlkə də yıxılardım, amma bunun səbəbini düz-əməlli başa salan yox idi. Bu boyda naxırın içində niyə məhz mən? Qan-tərə batan gədələrin bacara bilməyəcəyini görən naxırçıların səbri tükəndi. Krasnodar cöngələrinin “müsəlləh əsgəri” əlindəki xəkəndazı bu dəfə kürəyimə yox, başıma endirdi, gözlərimə qaranlıq çökdü, mənim yerimdə hansı dana olsaydı bu zərbədən elə yerindəcə böyürmüşdü. Ayaqlarımı artıq ələ keçirmişdilər, yıxılmaq ərəfəsindəydim, gözlərim ağzını otdan ayırıb mənə sarı baxan şeşən düyənin nəvazişli baxışlarına sataşanda hardansa ayaqlarıma güc gəldi, gədələrə babat təpik ilişdirdim, hərəsi bir tərəfə sərildi, gözləri dörd olan naxırçı xəkəndazını havada hərləməyə macal tapmadı təzə çırtlamış buynuzlarımı onun qurşaqdan aşağısına tutuzdurdum. Kişinin gözləri eynən yad cöngələrinki kimi təzə dəymiş gilənarın qırmızısına çevrildi, elə bildim böyürəcək, amma o böyürmədi, yalnız mənim və özünün qulaqlarına çatacaq boyda zarıdı, “oy mama” dedi. Axı o, niyə böyürmədi? Keşkə buynuzlarım bekara böyük olardı, onda görəydi bu otlaqlar necə danalar yetirir.

Oxdan çıxmış yay təki götürüldüm. Naxırı arxada qoyub xeyli uzaqlaşandan sonra nəyin baş verdiyini aydınlaşdırmaq üçün geriyə: adamlara və inəklərə sarı baxdım. Təpik babat tutduğundan iki gədə qarnını ovuşdura-ovuşdura arxamca qaçmaq istəsələr də, yarıyolda dayanıb söyüş yağdırırdılar, çürük dişli kişininsə “müsəlləh əsgər”liyindən əsər-əlamət qalmamışdı dizi üstə yerdə çömbəlib “mama”sını çağırırdı. İnəklərsə… Ax inəklər… Məni yandıran onlar idi, heç başlarını da qaldırmadılar, sanki ətraflarında heç nə baş vermirdi, sanki onlar heç nə görmürdülər, eşitmirdilər, qurdlu çayıra bir həşir kəsmişdilər ki. Mən heç vaxt onları anlamamışam. Yalnız öləndən sonra bildim ki, əslində onlar hər şeyi çox gözəl görür və eşidirmişlər, amma inək başlarıyla heç nəyi başa düşmək istəmirmişlər. Həm də onu bildim ki, bu dəyyus naxırçılar məni kəsmək yox, axtalamaq üçün yıxmaq istəyirmişlər. Hamının gözü qabağında, ən rüsvayçısı isə şeşən düyənin yanında məni axtalamaq niyyətləri varmış.

Əvvəl elə bildim ki, onlar Krasnodar cöngələrinə sataşdığıma görə qisas alırlar, lakin öləndən sonra mənə çatdı ki, naxırçıların heç bir günahı yoxmuş, sadəcə həmin yaz axtalanmaq yaşına çatmışammış. Bunu düşünəndə elədiyim əməllərdən xəcalət çəkdim. Nə yaxşı ki, buynuzlarım balaca idi, yoxsa zavallı çürük dişli kişinin bağırsaqlarını tökə, hətta birdəfəlik kişilikdən də sala bilərdim. Gələcəkdə parlaq naxırçı olacaq gədələrə vurduğum təpiyə görə də peşmanıydım, elə Krasnodar cöngəsinə ilişdirdiyim dümsüklər üçün də üzülürdüm. Hətta üzr də istəyə bilərdim, amma gec idi, çox gec. Günah mənim idi, axı onlar yox, mən axtalanmaq yaşına çatmışdım, axtalanmaq onların yox, mənim taleyim idi. Bunları dərk eləyəndə çox gec idi, daha doğrusu bunlar mənim dana başıma öləndən sonra gəldi. Öləndən sonra bildim ki, bu diyarın bütün danalarını mənim yaşıma çatanda binəva gədələr ayaqlarından tutub yerə yıxar, çürük dişli naxırçılar isə axtalayarmışlar. Yəni, öz işlərini görərlərmiş. Öləndən sonra bildim ki, bizim müdrik öküzlər niyə Krasnodar cöngələrinin yanında gözüqıpıq gəzib-dolanırlar, niyə onlar səmtə yoluxmur və sakitcə başlarını aşağı salıb çayırlıqda eşələnmək, lilli arxda su içmək və bu torpağı təzəkləməklə məşğuldurlar. Bizim öküzlər heç vaxt cöngə olmayıblar və olmaları mümkün də deyildi. Yəni öz talelərini yaşayırlar. Bizim öküzlərin gözləri təzə dəymiş gilənarın qırmızısına yox, vaxtından qabaq sulanmış gilasın kəhrəbasına çalır. Bu dünyaya minmək və yemək üçün gəlmiş qırmızıların qabağında bizim kəhrəbaları heç nəyə yaramayan, heç çömçəquyruq balıqların üzməyi özlərinə sığışdırmadığı bulanıq suya bənzətmək olardı. Mənə qədər bu otlaqlarda həyat öz axarıyla gedirmiş; qırmızılar minir, kəhrəbalar minilirmiş. Və həyatı öz axarına salan o idi ki, axtalanma yaşına çatanda bizim danalardan heç biri buna etiraz etmirlərmiş. Onların hamısı könüllü şəkildə, sevdikləri şeşən düyələrin gözləri qabağında gədələrin ayaqları altına yıxılıb cöngəliyin yeganə nişanəsi olan bir cüt sırğanı naxırçıların necə qəddarlıqla burmalarına razılaşırmışlar. Uzaq başı bircə dəfə “mö” edirmişlər, vəssalam! Özü də könüllü! Təsəvvür edirsinizmi, könüllü! Mənsə… Öləndən sonra məlum oldu ki, bu torpağın danaları arasında ancaq sarı dananın ağlından cöngə olmaq keçibmiş. Axtalanmış babalarımın yolu ilə getmək vəzinə cöngə olmaq… Danaydım ki, dana…

Nə adamlar, nə də inəklər mənə sarı baxırdılar, deyəsən heç şeşən düyənin də vecinə deyildi. Naxırın içində təklənmişdim. Tək canımla o yana, bu yana qaçmaqdan qaranəfəs olmuşdum, bir dördayaqlı başını qaldırıb mənə sarı baxıb bekara da olsa “mö” eləmədi, bir Allah bəndəsi üzünü mənə sarı tutub heç olmasa daş atmadı, söyüş söymədi. Elə həmin andaca ağlıma gəldi ki, bu inəklər və adamlar dünyası üçün mən artıq ölüyəm. Bircə qalırdı ölməyin özü… Öləndən sonrakı fikirlər ölməmişdən qabaq ağlıma gəlsəydi, bəlkə də hər şey başqa cür olardı; mən də babam sayılası öküzlər kimi Krasnodar cöngələrindən uzaq gəzərdim, şeşən düyəni də bordağa çəkəndə ovurdumdakı ot-ələfi marçıldada-marçıldada bircə dəfə “mö” edərdim, qurtarıb gedərdi. Artıq gec idi. Qalırdı bircə ölməyin özü… Gözüm yabalara hardan sataşdı, onların yaz günəşinin altında bərq vuran iti dişlərini hardan gördüm bilmirəm, qaranəfəs son qüvvəmi toplayıb ölümə tərəf götürüldüm. Sanki yabaları məxsusi mənə görə belə tərsinə sancmışdılar, onların par-par yanan iti dişləri səbirsizliklə yolumu gözləyirdilər. Var gücümlə qaçırdım, başını otlaqdan qaldırmayan inəklərin, hələ də qarnını tutub yerdə ilan kimi qıvrılan bədbəxt naxırçının və gələcəyin bədbəxti olacaq ağzı ayrıq gədələrin yanından yel kimi keçdim. İnəklər və adamlar dünyasında yadımda qalan sonuncu şey bu oldu ki, ölümə yaxınlaşanda mənim də gözlərim təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Bəlkə, məndən də yaxşı cöngə olardı… Ölümün şiş uclarına keçməyə saniyələr qalmış dana beynimdə təsəlli yerinə nəsə qığılcım qopdu: məni axtalaya bilmədilər…

Axtalanmış öküzlər sükutla meyitimin yanından keçirdilər. Heç inək başlarını qaldırıb al-qana bələnmiş cəsədimə baxan da olmadı. Yox, biri baxdı deyəsən… İşığı sönmüş gözlərini mənim ölü bəbəklərimə zillədi və quyruğunu bulayıb “mö” elədi. Bircə dənə “mö”… Vəssalam.

Sonra göydən dana boyda axtalanmış yağış yağdı, o, torpağın canına hopduqca yerin altından boynubükük axtalanmış bənövşələr, quşəppəyilər, bağayarpağılar baş qaldırdı. Mənim qanımsa peyin iyisi gələn torpağın üstündə gölməçəyə çevrilib laxtalanmışdı. Sabah buranı axtalanmış öküzlər təzəkləməyə gələcəkdilər.

Sentyabr, 2016

Kloun

– Mən onu istəyirəm, onu istəyirəm… onu… – beş yaşında uşaq dil qəfəsə qoymurdu. Klounu göstərərək, dayanmadan anasının əlini dartışdırırdı.

– Yaxşı, atana deyərik, çağırar.

– Yox, mən özüm onun yanına getmək istəyirəm.

– Olmaz.

– Niyə axı?…

– Adam klounun yanına getməz. O, özü gələr. Atana deyərik, “zakaz” eləyər.

Səriyyə xanımın ad günü idi. Qohum-tanış da restoranda Lütfi müəllimin təşkil etdiyi mərasimə qatılmışdı. Özündən on beş yaş kiçik arvadına ad günü keçirmək Lütfinin ürəyincə olmasa da, məcbur idi. Çünki ötən həftə rəfiqəsinin yubileyində Səriyyənin hər şeyə necə həsədlə baxdığını hiss etmişdi. Özünə söz vermişdi ki, arvadına mütləq ad günü keçirəcək. Özü də necə…

Ovqatlarının daha xoş keçməsi, özünün təbirincə desək, “əl-ayağa dolaşmaması” üçün balaca oğlunu dayəsıgildə azdırmaq istəmişdi. Amma tərslikdə özünə çəkmiş oğlunun hönkürtüsünə dözməmişdi. Məclisin əvvəlində uşaq böyüklərin əhatəsində özünü böyük kimi aparmağa çalışdı. Amma sonra yenə uşaqlığı tutdu. Uzaqdan klounu görən kimi, “Mən onu istəyirəm, onu…”, – deyə vurnuxmağa başladı.

– O klounu “zakaz” elə gəlsin. Bayaqdan özünə əl qatıb, – Səriyyə dilləndi.

– Noolub ə, – atasının sualının cavabı özünü çox gözlətmədi.

– Onu istəyirəm, onu… – balaca əlini klouna tərəf uzatdı.

– İndi təşkil edərik, – Lütfi ofisiantı çağırdı, – o gədiyə deynən gəlsin bura.

– O, stollara yaxınlaşmır ki, müəllim, – uzun illər restoranda çalışdığından ofisiantda peşəkar vərdiş yaranmışdı: birincisi, sifariş qəbul edəndə müştərinin qarşısında təzim edirmiş kimi dayanardı; ikincisi, peşəsindən asılı olmayaraq hamıya “müəllim” deyirdi. Əslinə qalsa, müəllim özü idi. Bir vaxtlar müəllim olmuş, fizikadan dərs demişdi…

– Nətəhəri stola yaxınlaşmır ə?… – Lütfi təəccüblənmiş kimi gözlərini ofisianta bərəldərək, cavabını gözləmədən, – get “administratoru” bura çağır, – hıçqıraraq ağzını düz ofisiantın üzünə marçıldatdı.

– Bilirsiniz, müəllim, qayda belədir e… vallah. Uşaqları klounun yanına qoyurlar ki, başlarını qatsın. Bura gəlib sizin istirahətinizə niyə mane olsun ki? Qoy balacanı aparım…

– Hə, hə, mən gedərəm… – uşaq qaçmaq istədi.

– Otur yerində, ə. Dedim, bura gələcək, vəssalam.

– Ata, qoy mən gedim kloun əminin yanına.

– Ə, adam klouna “əmi” deməz. Öküz boyda əmilərin oturub burda, heç onlara “əmi” demirsən. Gədiyə denən gəlsin bura… – Lütfi ofisianta üzünü bozartdı.

– Əsəbiləşmə, mənim “ponçikim”, indi gələr.

– Ay ana, deməmişəm, o sözü mənə demə, – Lütfi tərs-tərs anasına tərəf baxdı.

Onun həmişə yanaqları qırmızı olardı. Elə uşaq vaxtından boyunun balacalığına, yanaqlarının qırmızılığına, yaşıdlarına nisbətdə ətli-qanlı olmasına görə hamı ona “ponçik Lütfi” deyərdi. İndi bir az da içkinin təsirindən ofisianta bozaran sifəti əməlli-başlı ponçiki xatırladırdı.

Kloun bu restoranda çoxdan işləyirdi. Onda bura heç restoran da deyildi, fəhlə yeməkxanası idi. Neftayırma zavodunun fəhlələri üçün nəzərdə tutulsa da, yoldan keçənlər də daimi müştərilərə çevrilmişdilər. O da burda ofisiant işləyirdi. Bir gün müdiri işdən çıxardılar. Təzə şef yeməkxanaya əməlli-başlı əl gəzdirdi. Həyəti genişləndirdi, heç vaxt böyüməyəcək palma ağacları əkdirdi, kabinetlər düzəltdirdi… Bir sözlə, əsaslı kapital qoyuluşundan sonra fəhlə yeməkxanası çönüb oldu restoran. Artıq yeni müştərilər peyda olmağa başladı, fəhlələrin, yoldan keçənlərin də ayağı buradan kəsildi. O isə əvvəlki işində idi, qulluq göstərirdi. Həm də indi tək deyildi, təzə müdir yeniyetmə uşaqlardan təzə ofisiantlar dəstəsi düzəltmişdi. Ona da eşitdirmişdi ki, yaşlı ofisiant müştəriləri qaçırda bilər, mətbəx işləri ilə məşğul olsa yaxşıdır. Bir müddət mətbəxdə işləyəndən sonra ağlına “əla” ideya gəlmişdi – “bəlkə klounluq eləyim”. İlk dəfə arvadı buna razı olmamışdı. “Kloun nədi? Dəli olmusan, ay kişi?.. İndən sonra klounluq eliyə bilərsən?”. “Niyə eləmirəm. Mətbəxdə pişik kimi eşələnməkdənsə, klounluq eliyib uşaqların başını qataram. Həm də məni kim tanıyacaq, üz-gözümü qrimləyərəm, papaq qoyaram, maska taxaram. Hörməti də ki, hörmət. İndi klounlara yaxşı hörmət eliyirlər. Sabah müdirə deyəcəyəm”.

Müdir təşəbbüsü yaxşı qarşıladı, həmən də razılaşdı. Ona tünd qırmızı rəngdə uzun qotazlı papaq, sarı yekə burun, yaşıl, göy, qırmızı zolaqlı kostyum tikdilər. Özü də yeni peşəsinə tez alışdı. Bütün uşaqların, hətta içib açarını itirəndən sonra elə böyüklərin də sevimlisinə çevrildi. Bəziləri isə restorana elə klouna görə gəlirdilər. Restoranın televiziyada gedən reklam roliklərində də əsas sima kimi onu çəkmişdilər. Bu peşəni seçəndə bir məsələdə yanılmamışdı – klouna, doğrudan da, hörmət edirmişlər, fəhlə yeməkxanasından üzü bəri işlədiyi uzun illər boyu heç belə hörmətli olmamışdı.

Təxminən üç dəqiqədən sonra kloun stola yaxınlaşdı.

– Harda qalmısan, ə?.. – Lütfi qızarmış gözləri ilə klounu aşağıdan yuxarıya süzdü, – buna bax, bunun papağına bax! Ə, sən kişisən?

O, bütün gözlənilməz suallara hazır idi. Dəfələrlə dəcəl uşaqların, ya da uşaq ağlında olan çalsaç kişilərin duzsuz suallarını çox cavablandırmışdı. Amma belə şit və axmaq sual birinci dəfəydi eşidirdi.

– Mən klounam, – sakitcə dilləndi.

– Kişi döyülsən? Niyə? – masanın sağ tərəfində oturmuş yekəqarın birisinin qoyunun qabırğasını dişinə çəkə-çəkə təkrar etdiyi suala yenə sakitcə cavab verdi:

– Mən klounam.

– Ayə yox e, deyirlər ki, kişi döyülsən? – bu dəfə Lütfinin o biri qardaşı dilləndi.

Bir istədi desin ki, “ay …, sizə kişi lazımdı?” – özünü güclə saxladı.

– Yaxşı, kimsən, bilmirəm, gör bu uşaq nə istiyir? – Lütfi əlini cibinə salıb klounun burnuna 10 manat yapışdırdı.

– Adın nədi, qaqaş?

– Turaldı, kloun dayı.

– Ə, indi də əmidən qurtardın, dayıya keçmisən. Bəs əjdaha boyda dayılarından utanmırsan? – Lütfi oğluna incik nəzərlərlə baxaraq dilləndi, – adam klouna dayı deməz.

– Tural bala, gəl səninlə top-top oynayaq.

– Oynayaq, – uşaq sevincindən az qala ağlayacaqdı.

Göy topu ona sarı tulladı, özü də əzilib-büzülərək tullanmağa başladı. Uşaq sevincindən atılıb-düşürdü, klounu yamsılamağa çalışırdı. Bir az topla oynadıqdan sonra uşağa, qaçaraq onu tutmağı təklif etdi. Tural əlini əlinə vurub, onun arxasınca düşdü. Bərkdən gülə-gülə klounun quyruğundan tutub, onun kimi qaçmağa, masaların başına fırlanmağa başladı.

– Aaa, bu kloun uşağı niyə camaatın başına fırlıyır? – Səriyyə şərab badəsini yerə qoyub üzünü ərinə tutdu.

– A gədə, uşağı niyə fırlıyırsan, hıy? – Lütfi hıçqıra-hıçqıra klounu səslədi.

– Bilirsiniz, burda başqa cür oynamaq olmur. İcazə verin balacanı aparım o biri uşaqların yanına.

– Heç elə şey yoxdu, burda oynayacaqsan. Özü də mən deyən oyunu. Əyil, qoy uşaq minsin belinə, sonra nə qədər istəyirsən qaç.

– Yox, mən minmirəm, – Tural ağlamsındı.

– Ə, min, özü də “hoşa-hoşa” de. Sən yaşda olanda o qədər eşşək minmişəm ki…

– Ay Lütfi, doğrudan, eşşək minmisən? – Səriyyə soruşdu.

– Bə nədi! Elə bilirsən ki, həmişə “cip”də gəzmişəm.

Masadan boğunuq bir qəhqəhə qalxdı. Lütfi elə bərkdən danışırdı ki, ətrafdakılar onu eşitməyə bilməzdilər.

Hava çox meyxoş idi, heç elə bil noyabr ayı deyildi. Müştərilər bayırda, süni gölün kənarında, palma ağaclarının altında oturmuşdular.

Kloun uşağı belinə alıb at kimi qaçırdı. Bu, balacanın xoşuna gəlirdi. Arabir “hoşa-hoşa” deyib qışqırırdı.

– Sən eşşəksən? – uşaq pıçıltıyla klounun qulağına dedi.

– Yox, mən atam.

– Bəs atam mən boyda olanda niyə eşşək sürüb?

– Çünki sənin atanın gördüyü ancaq eşşək olub, – verdiyi cavab ürəyindən tikan çıxarsa da, bir qədər qorxuya düşdü. Birdən uşaq atasına deyər… Onda nə olacaq? Sonra sözünə düzəliş vermək istədi: – Bilirsən, Tural, at eşşəkdən balacadı. Allah qoysa, sən də bir az böyü, onda atan kimi eşşək minərsən…

– Ə, bura gə görüm ə, hoşa… – Lütfinin xırıltılı səsi eşidildi.

– Deyirəm, bu rumkalarımızı da qaldıraq klounun sağlığına, – Lütfi “hazır” idi. O dəmlənəndə gərək dindirməyəsən. Yoxsa elə söyüşlər söyərdi ki, yeddi qatından keçərdi.

– Tut görüm bunu, – Lütfi qədəhi klouna tərəf uzatdı.

– Yox rəis, qadan alım. Mənə olmaz. Vallah, olmaz. Sonra uşaqlara nə deyərəm.

– Ə, sənə deyirəm tut.

Tural hələ klounun belində idi. Atasının təkidindən sonra ağlamağa başladı.

– Qoy yerə o it oğlunu. Ağlama ə, kişi ol. Mamasının ad günündə adam heç ağlayar? Qoy kloun düdük biznən əlli-əlli vursun, sonra sənnən top-top oynayacaq.

– Vur kloun əmi, dayı… Sonra top-top oynayarıq.

– Gördün, uşaq da deyir. Vur…

Kloun bir göz qırpımında badəni başına çəkdi. Tezcə də topu götürüb uzaqlaşmaq istədi.

– Yox-yox. Belə olmaz. Uşağı heç yerə aparma. Elə burda oynaxla…

Lütfi klounun qoltuğunda tutduğu topa bir təpik vurdu. Top çarhovuzun divarına dəyərək süni gölə düşdü. Tural yenə ağlamağa başladı. Bu dəfə hönkürə-hönkürə… Kloun pərt halda uşağın başını sığallayıb, onu sakitləşdirməyə çalışdı: “Ağlama, göy top suya düşdü, qırmızısını gətirərəm”.

– Yox, mən onu istəyirəm, – uşaq hönkürtüsünü kəsmirdi.

– Yaxşı, onda onu sudan çıxararam, – dedi.

Yaxınlıqdakı ofisiant hardansa uzun bir çubuq gətirdi. Topu diyirləyərək bir qədər yaxına itələdi. Çarhovuzun kənarında ehmalca əyilərək, kloun onu götürməyə çalışdı. Bu vaxt arxasından qüvvətli bir zərbənin dəydiyini hiss etdi. Əslində, hiss etməyə heç macal da tapmadı, başı üstə gölə düşdü. Buz kimi suyun soyuqluğu bir göz qırpımındaca iliyinə qədər işlədi. Xüsusi sifarişlə tikilmiş kostyumun bütün rəngləri bir-birinə qarışdı. Yeyib-içənlər elə bildilər ki, kloun uşağı sakitləşdirmək üçün özü suya baş vurub. Bu qeyri-adi sərgüzəştdən cuşa gələn müştərilər onu alqışlamağa başladılar. Bircə masanın küncünə qısılmış uşaq atasının klouna təpik vurduğunu, sonra da qəşş edib özündən getdiyini anlaşılmaz hislərlə, gözlərini bərəldərək seyr edirdi.

Kloun suyu süzülə-süzülə göldən çıxıb, uşağa yaxınlaşdı, topu ona uzatdı. Uşaq pıçıltıyla:

– Sən kişisən? – dedi.

– Mən klounam, – cavab verdi.

– Bəs kişi kimdi?

– Kişi sənin atan, əmin, dayın…

– Mən də kloun olmaq istəyirəm… – uşaq bu dəfə bərkdən dedi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации