Текст книги "Qəhrəmanım sənsən"
Автор книги: Natiq Məmmədli
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Şuşa dumanı
“Anam deyirdi, ayaqlarım sızıldayır, duman gələcək. Gəlirdi də…”
Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndən
“Yalançısan, yalançı! Bəs deyirdin ayağım ağrıyanda yağış yağır. Hanı yağmadı ki. Heç vaxt yağmır da. Sənin nə yalançı ayaqların varmış”, – Amil həkim evdən çıxaçıxda beş yaşına dünən adlamış toppuş nəvəsinin ağzını marçıldada-marçıldada elədiyi giley-güzarın qabağında deməyə düz-əmməli söz tapmadı, həmişəki kimi başını sığallayıb alnından öpdü, əyilib qulağına “Ə, saa qurban olum” pıçıldadı. Qonum-qonşunun yığışdığı xudmani ad günündə eləcə dizlərini ovuşdura-ovuşdura qalmışdı, zoqqultudan masanın altında ayaqlarını qoymağa yer tapmırdı, barı durub gəzişməyə imkan olsaydı, sızıltıları bekara səngiyərdi. Axı hara gedəsən: nəzir-niyazla tapdığın gözünün ağı-qarası nəvənin beş yaşı ola, tifil sevincindən özünü qoymağa yer tapmaya, neçə ildən sonra bu qədər dost-tanışı bir yerdə görəsən, axırda da qayıdasan, siz oturun mən gəzişib gəlirəm, heç olan iş deyildi. Məclisdəki nə məclis – elə bil hamı sözü bir yerə qoyub ömürləri boyu məşq elədikləri bir pərdəli komediyanı növbəti dəfə oynayırdılar, hərə bir cürə artistlik edirdi, təki uşağın könlü xoş olsun. Uşaq neyləsin axı, bu qaçhaqaç dünyasına mayın 7-də göz açıb, sabahsa Şuşanın gedən günüdü… Loxması boğazında kilidlənən məğlub şəhərin sakinlərinin əllərindən nə gəlirdi artistlikdən savayı…
– Ay doxtur, halın yaman qarışıqdı, nooluf sən Allah?.
– Ayaqlarımı qoymağa yer tapammıram. Sızıldıyır yenə. Bu nə dərddi düşmüşəm bilmirəm.
– Rematizmadı dana, nə olasıdı ki? Rütubət olan təki göynədir. Bakının da başına dönüm, təmiz adamları kimi təmiz havası da hələm-hələm ələ düşmür.
– Ə, heylə danışmayın. Doxturla doxturlux eləmək istəyirsiniz, heləmi?
– Qalada olanda anamın da ayaqları zoqquldayırdı. Elə dədəm rəhmətliyin də. Bu azar bizdə nəsilləkcədi, deyəsən. Sabah yağış yağacaq, nə bilim duman gələcək bizim ayaqlarımız göynəməliydi.
– Baba, sabah yağış yağacaq? – Amil həkimin toppuş nəvəsi əlindəki oyuncaq tankı yerə qoyub sevincək dilləndi, – duman da gələcək, heləmi? Mən heç duman görməmişəm…
– Ayə, Bakıda duman nə qayırır? Duman Şuşada olurdu de: kor duman, dalınca da sızqa yağış. Pah! Duman deyirəm e saa, tay tozanax yox!
– Uşağın könlünü niyə qırırsan? Qadası, bunlara baş qoşma, babanın ayaqları zoqquldayır, sabah mütləq duman olacaq, hələ dalınca bir yağış yağsın ki… Pah! Yağış deyirəm e saa… – Amil həkim dünən dediyi sözləri yadına salanda ayaqlarının ağrısı kəsmişdi, amma heç nədən uşağın yanında əməllicə pərt olmuşdu. Doğurdan da duman harda qaldı görəsən?.. Heç olmasa çoban aldadan yağış ataydı…
Belə götürəndə yaxşı ki yağmadı, bu gün Yeni Yasamalda Əliqulu müəllimin ortancıl oğlu Mehmanın – “Memi”nin üçüdü axı. Özü də Şuşanın gedən günü, yas yasa qarışmışıb. Bir yağışımız çatmırdı, camaatı ələm-yesir eləsin. Şuşanın yas məclisləri ağır olur: ağır olur da sözdü lap yüz yaşında adamın hüzründə də yeddi gün otururlar, mağarın da günü bir ətək pul, o biri xərc-xəsarətləri də öz yerində. Bakılılar üçdən sonra mağarı yığırlar. Çox vaxt elə üçlə yeddini birləşdirirlər, ağdamlılar da qaçqınlıqda adət-ənənəyə əl gəzdirdilər, üçlə yeddinin arasında mağarı götürdülər. İmkanlı adamlar qabağa düşüb belə elədilər ki, kasıb-kusub zora düşməsin. Düz də elədilər. Amma Şuşa… Heç kim adətdən qırağa çıxmağa ürək eləmirdi. Ağdam ayrı, Şuşa qəliz yerdi – belə məsələdə qabağa düşmək çətindi. O Şuşada da, Bakının Şuşasında da. Bu vurhavurda bir yağışımız əskik idi…
Amil həkim mağarın qabağında Əliqulu müəllimi görəndə dodaqları səyridi, üçcə günün içində insan yumaq kimi yumula bilərmiş, bala dağının acısına çiyin gərək idi tablaşsın. O, tük basmış sifətinin içində ərimiş gözlərini başsağlığı verənlərin üzünə zilləyib durmuşdu, hamı eyni sözü deyirdi, möcüzə olmayacaqdı ki. Mağarın qabağında beli bükülmüş ağsaç bir kişi Əliqulu müəllimi saxlayıb dayanmadan nəsə danışırdı, heç şübhəsiz ürək-dirək verirdi, dil-ağız eləyirdi. Aralanıb getməyə tələsmirdi. Öyüd-nəsihət o qədər çəkdi ki, axırda həkim öz ürəyində qocaya əsəbləşdi “Zalım oğlu, ehsanını yedin, sürüş də burdan. İncitmə də yazığı!”. Kişi çəkilən kimi Əliqulu müəllimə yaxınlaşıb hamının dediyi sözləri dedi. O, işığı azalan, çuxura düşmüş gözlərini həkimin sifətində gəzdirib əlini çiyninə qoydu.
– Doxtur, tanıyırsanmı o adamı, – soruşdu.
– Yox, müəllim.
– Xankəndindəndi. Bu yazığın oğlunu maşın vurub öldürüb, özü də o biri oğlunun toyu günü.
Ay dünya, yazıq Əliqulu müəllimdən də dərdliymiş ki. Mən də ürəyimdə yamanlayırdım onu…
– Doxtur, gözlərində nətəər də kədər var, – Rəfael kişi həkimin qabağına çay qoyub bir xeyli üzünə baxdı, nəsə deyəcəyini gözləmədən çıxıb getdi.
“Ay pir olmuş, oturmuşam cavan oğlunun dərdindən beli bükülən atanın böyründə gözlərimdə nə olasıdı ki… – həkim ürəyində pıçıldadı. Şuşanın yas məclislərində dildə hamı çox söz danışa bilərdi, bir-birlərin toxtaxtlıq verə, hətta köhnə şakərlərinə xilaf çıxmayıb baməzə, duzlu-məzəli söhbətlər də edə bilərdilər, ölənlə ölmək olmaz ki. Amma Şuşa camaatı əsas sözlərini heç vaxt dillərinə gətirməyib eləcə ürəklərində pıçıldayardılar. Bunu bir özləri eşidərdi, bir də Allahları!
– Deyirəm, ay doxtur, bu çayçı Rəfael olmasaydı, neyləyərdik, – Əliqulu müəllim mağarın qapısından aralıda yekə samovara baxa-baxa pıçıldadı, – Allah dadına yetsin, heç bilmədim hardan xəbər tutub gəlib.
– Sağ olsun, – həkimi gözləmədən yanındakılardan kimsə dilləndi, – bizim məclislərimiz onsuz olarmı heç.
– Bilirsən də, doxtur, Pirşağıdakı Şuşa qəbiristanlığı dolub daha, – qabaq-qənşər oturmuş kişi çaydan bir qurtum alıb sözə başladı, – bələdiyyə uzun bir səngər qazdırıb, burdan o tərəfə keçmək olmaz. Dedik etməyin, eləməyin a kişilər, hələ bizə çox yer lazım olacaq orda…
– Atam öləndə qırx gün qəbiristanlığa gedib-gəldim, ustalar qəbrin üstünü götürürdülər. Şuşadakı Mirzə Həsən qəbiristanlığını deyirəm, qardaşlar, hamımıza yer vardı orda, – həkimin içinin pıçıltısı məclisdəkilərin ürəyində eyni vaxtda səsləndi, amma heç kim dillənmədi.
– Ləyaxlı oğlan idi, Allah bütün cavan gedənlərimizə irəhmət eləsin. Haqq dünyasında olanlarımızın ruhuna bir salavat zikr eliyək, – Amil həkim uzun fasilədən sonra səsini çıxaran mollaya sarı çevrildi, başının üstündə qırmızı xalçanın düz ortasında “Memi”nin gülə-gülə şəkli asılmışdı.
– Ay Əliqulu müəllim, bu gədənin düz-əmməli şəkilini tapmadınızmı böyütdürəsiniz. Allah sənə insaf versin, niyə gülə-gülə ürəyimizi dağlayırsan.
– Ay kişilər, vallah salavat çevirməkdən əllərim qabar olub. Ə, bu boyda da yas olar? Əliqulu müəllim, sən Allah incimə e, keçən həftədə əmimi tapşırdıq axı, – yan tərəfdən kimsə dil-ağız eləməyə başladı.
– Allah rəhmət eləsin, başa düşürəm, a bala.
– Müəllim, Allah saa səbr versin, möhkəm ol əşi. “Memi” canlara dəyən oğlan idi. Sən Allah, həştatıncı ildə Stepanakertdə basketbol məsələsi yadınıza gəlirmi?
– Pay! Ə, heylə şeyi yaddan çıxarmaq olar?
– 80-ci ilin dekabrında vilayət birinciliyində Şuşa komandasının oyununu deyirəm e…
– Ə, hə dana, mən də onu deyirəm.
– Komandanı Saleh müəllim hazırlamışdı: Sulduz oynayırdı, Xaqan oynayırdı, hamıdan yaxşı “Memi” oynadı. Elə-belə deyil e, vilayətin tarixində birinciliyi şuşalılar götürdü.
– Sən öl, mən də ordaydım. Nətəər çığırmışdımsa üç gün səsim batdı. Qabağa çıxdıq özü də dörd top fərqiylə. Hələ görəydiniz, vilayət idman komitəsinin sədri varıydı ha, dığanın adı yaddımdan çıxdı, axırıncı dəqiqələrdə hirsindən zülüm-zülüm ayğlayırdı…
– Heyf o günlərdən… – camaat Yasin oxuyurmuş kimi dodaqlarının altında pıçıldadılar.
Ermənini ağladan Memi döyüşdə ölməmişdi, Qarabağın odunda-alovunda gülləyə can verməyən pəhləvan Donetskdə çayda çiməndə canını tapşırmışdı. Nə gülməli ölüm idi, heç Memiyə yaraşmırdı. Əlində avtomat səngərdə keşik çəkdiyi vaxtlarda qulağına pıçıldasaydılar, çayda boğulacaqsan adamı hoydu-hoyduya götürərdi. Meydini gətirənlər bircə kəlmə dedilər: çimməyə getmişdi bədbəxt, çaya girən kimi batdı. “Dağ uşağı hardan bilsin üzmək nədi” – şuşalılar pıçıldadı. Torpaq davasında uduzanların çörək davasında da bəxtləri gətirmədi, bir ömürdə iki məğlubiyyət, bir ömürdə iki ölüm…
Amil həkim Əliqulu müəllimin düz yanında otursa da bayaqdan bəri ürək eləyib üzünə baxa bilməmişdi. Ölü yiyəsinin üzünə baxmaq mollaya Fatihə üçün işarə eləmək kimi bir şey idi. Həkim ürəyində qubar bağlamış köhnə xatirələrin çözələnməsini, hərənin bir tərəfdən ipucu verə-verə o illəri, onların olan illərin tozunu almasını istəmirdi. Qaçqınçılığın qərib gecələrində o illərin qaramatına azmı tuş gəlmişdi? Azmı olmuşdu, yuxuda it görən kimi ayılıb, özünü güc-bəla hamama salıb hönkür-hönkür ağlamağı? Anasının sözləriydi, 92-ci ilin fevralının axır günlərində birdən-birə qapımıza xeyli it gəlmişdi. Deyir, yəqin Malıbəylinin, Xocalının itləriymiş… Qapımıza gələn itlər hürüşə-hürüşə də çıxıb getdilər, amma sonra betərini elədilər, ulaşa-ulaşa yuxularımıza doluşdular və bir də heç yana getmədilər… İndi qaysaq bağlamayan yaraya təzədən neştər uzatmağın nə mənası var, qardaşlar, o babalar öldü e, başınıza dönüm.
Ayaqları yenidən zoqquldamağa başladı, lənət şeytana bu nə vaxtın ağrısıdı, camaat fikir eləyəndə ürəyini tutur mən ayağımı. Kimə desən adama gülər, vallah. Nə dünən yağış yağdı, nə bu gün, sabah da yağmayacaq. Heç duman da gəlməyəcək. Bəs bu nə şoqərib ağrıdı, yapışıb oynaqlarıma əl çəkmək bilmir. Həkim masanın altında dizlərini ovuşduranda Əliqulu müəllimin ayağına toxundu:
– Yenədəmi ağrıyır?
– Müəllim, açıb ağardılası dərd deyil, vallah. Bu gün uşağın yanında da xəcil elədi məni, nəvəmi deyirəm. Yekə-yekə axşamdan dedim ki, səhər yağış yağacaq. Yağış nədi, heç duman da gəlmədi…
– Bəlkə duman bizim dağlara gəlir, ay doxtur?
– Tay o dağlardan bizə nə, başına dönüm… Gör neçə kilometr o tərəfdə qoyub gəlmişik.
– Heylə demə, ay doxtur. Bilirəm, Qaladan düşmək adama çöçün gəlir. O gün Yeni Yasamala bekara duman gəlmişdi, bilirsən nə qədər adam zəng elədi, açmadım telefonu. Tək başsağlığı üçün aramırdılar. Bilirəm nə istədiklərini. Şuşalılar duman görəndə bir-birlərini axtarırlar…
– Nə deyirəm, ay müəllim, təki bu ələm dumanla getsin. Məni üzrlü say, sən Allah bu, çox namərd ağrıdı, durub gəzişməsəm əl çəkən deyil. Bir az gəzişim qayıdıram.
– Ay doxtur, gedəni qaytarmayacaqsan ki, işində ol. Allah şəfanı versin.
– Doxtur, nə tez durdun? – mağarın qapısından azca aralıda samovarının yanında dayanıb siqaret tüstülədən çayçı Rəfael dilləndi və cavab gözləmədən də, – tay sən nə təər doxtur oldun e, ayaqlarınla bacara bilmirsən, – dedi. Amil həkim başını bulayıb gülümsədi, Rəfailin baməzəliyinə yaxşı bələd idi, nə olsun şərdən-şərə çay paylayır, sözünün qabağına nə söz deyəcəkdi ki. Şuşa çayçısıyla söz güləşdirmək hər yoldan ötəninin hünəri idimi? Bilən bilir, xanlıq paytaxtı olmuşdu Şuşa, elə adamlarının başında da xanlığın havası qalmışdı. Cibində bir manat yox, əynində “dvuxportnu” kostyum, boğazda qalstuk, dil də maşallah bir metr. Rəfailə söz çatdırmaq olardı?
– Ay doxtur, sən Allah bir o ağaca sarı bax, – çayçı dilləndi, – nə görürsən orda?
– Nə görəcəm, ay başına dönüm, ağacdı dana.
– Ağacı demirəm, doxtur, onun üstündəki sərçələri deyirəm. Lap bizimkilərə oxşayır, heləmi?
– Ə, sən Allah başlama.
– Sazaxlı qışda Qalada bir biz qalırdıq, bir də sərçələr. Biz gəldik, sərçələr qaldı…
– Allah səndən razı olsun, Rəfael, belə şeylərin çox fikrini çəkmə ürəyinə xal düşər.
– Heyf… heyf ki, dumandan qabaq sənin ayaqların kimi mənimkilər də ağrımır. Muğayat ol ondan, elə-belə şey deyil, Qala ağrısıdı, Qala!
– Ə, sən Allah yaxşı…
– Qalada bir biz qalırdıq, bir də sərçələr, niyə sarı simə vurursan, ay çayçı Rəfael, elə bilirsən mənim gönüm qalındı, heç zad qanmıram, yadıma heç zad düşmür. “Qar ayaqlamaq” söhbəti vardı, yay axşamlarında pencəklə gəzib, gecələr yorğana bürünüb yatmağa nə vardı. Hünərin var qışda gəl Şuşaya, sazağında, qarında burnunun ucu göynəsin, qulaqların qızarsın, qar ayaqla… İlik donduran aylarda şəhərdə bir biz qalırdıq, bir də sərçələr. Bunları niyə yadıma salırsan, ay Rəfael, insafın yoxdumu? Biz gəldik sərçələr qaldı…
Gün boyu uzanan sızıltı hava qaralanda daha dözülməz olurdu, bu dəfə ağrılar aşağıdan yuxarı bütün bədənini, oynaqlarının yaladıqca düşüncələrini də süstləşdirirdi. Dilini dişinə tutub dayanmışdı, özünə söz vermişdi ki, bir də uşağın yanında əllərini dizlərinə sürtməyəcək, lap dünya yerindən oynasa belə. Toppuş nəvəsi oyuncaq avtomatını silkələyə-silkələyə hara gəldi şığıyır, “düşmən” axtarır, “atəş” açırdı, sevimli seriallarının başlamasına dəqiqələr qaldığından qadınlar televizorun qabağında yerlərini rahatlamaqdaydılar. Gözləri “düşmən” axtaran nəvəsiylə hava proqnozunu deyən mini yubkalı qızın arasında səyriyirdi. Yadına saldı ki, Bakıya sığındıqları bunca illərdə Şuşanın havasıyla maraqlanmağı heç vaxt ağlından keçirməyib. “Bəlkə duman bizim dağlara gəlir”, neçənci dəfəydi Əliqulu müəllimin sözləri yadına düşürdü. Tay bəlkə niyə, başına dönüm! Duman doğurdan bizim dağlara gəlirmiş… Dalınca da yağış yağacaqmış… Yağış deyirəm e, saa! Hava proqnozu qurtarar-qurtarmaz pencəyinin qoltuq cibindəki telefonunda mesaj səsi cingildədi: Əliqulu müəllim idi, ikicə kəmlə söz yazmışdı “ayaqlarından öpürəm”…
May, 2015
Dolma
Tələm-tələsik “Suliko” restoranını tərk edib, paytaxt meriyasının arxasından üzü yuxarı Sololaki küçəsinə çıxdıq. Üçümüz də başı aşağı, sürətlə addımlayırdıq. İyun ayının nəfəsboğan bürküsündən əsər-əlamət duyulmayan Tiflisin sərin axşamında kəlmə kəsməyə xəsislik edirdik. Vadonun sadəcə söhbət xatirinə danışdığı mövzular da havaya atılan bumeranq kimi özünə qayıdırdı. Şəhərin sir-sifətindən tarix yağan evlərinin ovulub-tökülən divarlarından səs çıxardı, bizdən yox. Pərtlik pis şeydi, kimsə sənin pərt olmamağın üçün araya söz salırsa, onda lap pis. Lakin mən pərt deyildim, mənim ağlımca burada rüsvay olası bir adam vardısa, o da Rubik idi. Çünki o, ağ rəngdə yalanlar uydurmağa, özü inanandan sonra isə bu yalanını mütləq həqiqət kimi dünyaya sırımağa vərdiş edib. O, istəsə yalana bürünmüş həqiqətini sübut etmək üçün hətta bəşəriyyətin müqəddəs kitablarından da sitatlar tapar və hamı da ona inanar. Çünki o buna qadirdir. Çünki o ermənidir…
Sanki ürəyimdən keçənləri eşidirmiş kimi, Rubik bayaqdan bəri yerə dikilmiş başını yuxarı qaldırıb yayğın nəzərləriylə bir anlıq məni süzdü. Pərtlikdən əsər-əlamət sezmədiyim bu dilxor baxışlar sanki demək istəyirdi ki: “Nə döşünə döyürsən, mənim mütləq həqiqətim yalandırsa, bacar onu təkzib elə, məni də inandır. Axı sənin babaların deyib ki, “yalan ayaq tutar, ancaq yeriməz”. Mən isə, görürsən ki, yeriyirəm, hələ yeriyəcəyəm də…”
– Bu da “David” otel, gəlib çatdıq, amma heç yaxşı olmadı, – Vado dilləndi, yenə də başımızı yerə dikdiyimizi görüb, – kaş bu dolma söhbəti heç olmayaydı… – dedi.
İndi ən gərgin dəqiqələr başlamışdı, biz sağollaşıb otelə qalxmalıydıq. Bəs birinci kim “sağ ol” desin? Mən? Heç vaxt… Baxmayaraq ki, üç gündür salamlaşırıq da, söhbətləşirik də, amma indi, faciələr, qan-qada ilə dolu tariximin bütün hikkəsi beynimə vurmuşdu, elə bil qarşımda neçə gündür mənə “can-can” deyən Rubik Smbatyan yox, Bakını qanına qəltan edən Şaumyanın nəvəsi dayanmışdı. İndi mən ona “sağ ol” deməliydim, ay sən öləsən. Amma heç Rubik də tərpənmirdi. Elə bil onun da tarixinin hikkəsi beyninə vurmuşdu, bəlkə də mənə “can-can” deməyinə peşman olmuşdu: “Axı nə “can”, bu ki türkdü, onun adı gələndə hələ də canımdan üşütmə keçir… Tanısa da, tanımasa da, mən soyqırım qurbanıyam, indi ona “sağ ol” deməliyəm?! Heç vaxt…”
Tərpənmədiyimizi görən Vado özü qabağa düşdü:
– Belə vaxtı evdə nə edəcəyəm ki… Gedək bir kofe içək. Yəqin etiraz etməzsiniz, – dedi. İkimiz də razılıq əlaməti olaraq başımızı tərpətdik. Belə dadsız-duzsuz şam yeməyindən sonra tək qalıb, “David” otelin divarlarına nifrət yağdırmaqdansa, kofe içmək yaxşı olardı. Həm də mən etiraz eləsəm, onsuz da Rubik razılaşacaq və beləcə, mənim gürcü həmkarımın başını öz yalanları ilə dolduracaqdı. Rubik yenə bayaqkı kimi mənə ötəri nəzər salıb, deyəsən, azacıq gülümsəyən fason oldu. Yəqin fikirləşdi ki, “xeyir ola, balam, üç gündür ancaq çay içirsən, indi kofeyə razılaşdın. Elə bilirsən imkan verərəm, Vadonu təsir altına salasan”.
* * *
Biz elə Tiflisdə görüşmüşdük. Avropanın hansısa donor təşkilatının Qafqazdakı münaqişələrin həllində xalq diplomatiyasının roluna həsr etdiyi konfrans bizim tanışlığımıza səbəb olmuşdu. Üç günlük tədbirin gedişində tez-tez ünsiyyətdə olurduq, eyni oteldə qalmağımız isə münasibətimizi lap dərinləşdirmişdi. Bu vaxt ərzində bir dəfə də olsun nə müharibədən, nə ərazi bütövlüyündən, nə də milli müqəddəratı təyinetmə prinsiplərindən danışmışdıq. Elə bil hərəmiz dünyanın bir tərəfindən gəlmişdik. Gəlmişdik ki, neçə illərdir qan çanağına dönən Qafqazla, onun bizə bir qədər ekzotik görünən adamları ilə tanış olaq, tərifli gürcü çaxırından içib xumarlanaq və yenə bu qan çanağını əzəli problemləri ilə baş-başa qoyub öz sakit evlərimizə qayıdaq. Amma konfransın sonuncu günü Vadonun bizi ürəklə dəvət etdiyi şam yeməyində bu illüziyalar puça çıxdı. Anladıq ki, hamımız qafqazlıyıq və getməyə də başqa yerimiz yoxdur.
– Nə yeyək? – gürcülərin Qafqazın ən yaxşı masabəyisi olduğunu eşitmişdim, elə Vadonun da “Suliko” restoranına girər-girməz masanın baş tərəfinə keçib səmimi bir ədayla dillənməsi bunu bir daha təsdiqləyirdi. Bizdən azca aralıda isə konfransda xalq diplomatiyasının rolundan mühazirələr oxuyan Amerikadan, Fransadan, Rusiyadan gəlmiş qonaqlar əyləşmişdilər. Görünür, konfransın sonuncu günü onların da ürəyindən gürcü mətbəxindən dadmaq keçibmiş. Amma gözucu süfrələrinə baxanda nə isə qəribə şey yediklərini gördüm.
– Vado, onlar nə yeyirlər? – soruşdum.
– Deyəsən nəsə xarici yeməkdi, ya ispan, ya da italyan. Sən də onlardan istəyirsən?
– Yox əşi, mən yerli bir şey sifariş edəcəyəm.
Qırmızı cildlənmiş menyu əsl kulinariya kitabı idi, naşı adam çətin ki orda yeməyə ağlabatan bir şey tapardı. Dünyanın hələ dadına baxmadığımız o qədər nemətinin adı yazılıb ki, seçim etmək, doğrudan da, çətin idi. Fikir verdim ki, elə Vadoyla Rubik də mənim kimi dünyanın ləziz təamları arasında itib-batmışdılar. Gözlərini menyuya elə diqqətlə zilləmişdilər ki, elə bil yemək yox, fundamental monoqrafiyadan sitat axtarırlar. Nəhayət, sonuncu səhifəyə çatdım və elə bil gözlərimə işıq gəldi: dolma. Dadı həmişə damağımda olan ən sevdiyim yeməyin adını dünyanın ləziz təamları arasında görmək nə qədər xoşdur!
– Dolma, – ani olaraq dilləndim.
– Mənə də, – Rubik də eyniylə mənim kimi sevincək menyunu örtüb masanın üstünə qoydu, elə bil çiynimizdən yük götürülmüşdü.
– Elə isə mən də dolma yeyim, heç vaxt bişirməsə də, anam yaman tərifləyir, – Vado dedi və ofisianta işarə eləmək istəyirdi ki, Rubik onun qolundan tutub:
– Sən hansı dolmadan yeyəcəksən? – soruşdu.
– Fərqi yoxdu, – Vado dedi.
– Mən erməni dolması istəyirəm, – Rubik gözləri ilə ofisiantı axtarmağa başladı.
– Mənə Azərbaycan dolması, – səsimdəki ötkəmliyi və narazılığı Vado dərhal başa düşdü və onu da anladı ki, çox çətin dilemma qarşısında qalıb. İndi onun seçiminin elə bizim üçün də prinsipial fərqi vardı.
– Dolmanın da ermənisi, azərbaycanlısı olur, ay uşaqlar? – Vado bir azdan alovlanacaq mübahisənin qığılcımlarını bekara yumşaltmaq üçün kompromisə oxşar nəsə eləməyə cəhd göstərdi. Lakin artıq gec idi…
– Bu nə sözdü, Vado, dolma əslində elə bizim… – Rubik bir az pauza verib, mənim üzümə baxdı. Başa düşdüm ki, indi onun erməniliyi tutub, cavabını verməsəm, Vadonu da yoluxduracaq.
– Nə “bizim”, sözünü axıra qədər de, – dilləndim.
– Bizim yeməkdi də, – o bunu düz mənim gözlərimin içinə baxaraq söylədi. Bu da bir istedaddır – özünün həqiqətini, hətta yalan olsa belə, başqasına qəbul etdirmək üçün onun gözlərinin içinə baxaraq demək istedadı. Təbiət bu bacarığı uca Qafqaz dağlarının ətəklərinə sığınan milyonlarla insanın içərisində yalnız ona vermişdi. Bəs nə edim? Gözümü açandan evimizin ən ləziz yeməyinin erməni adına çıxılmasına necə razı olum?
– Heç bilirsən, dolma nə deməkdir? Dolma sözü hardan gəlir?
– Hardan gəlir ki? – Rubik çiyinlərini çəkib mənə baxdı.
– Hər halda erməni dilində onun qarşılığını tapa bilməzsən. Çünki bu, Azərbaycan sözüdür, “dolmaq”, “doldurmaq” feilindəndir. Yəni içərisi doldurulan pomidor, istiot, badımcan və s. İkinci mənası da “dolamaq” yəni yarpağı içliyə dolamaq deməkdir. Bu hardan sizin yemək oldu? Bəlkə etiraf edəsən ki, onu bizdən götürmüsünüz?
– Bu söz oynatmasıdır, “dolamaq”, “doldurmaq”. Bizdə 100-dən çox dolma növü var. “Mimino” yadınızdadır, mənim adaşım Valikoya nəyin dadına baxmağı təklif edir? Hə, de də Vado, niyə susursan?
Vadodan səs çıxmırdı. Qaşlarını çatıb fikirləşirdi, bəlkə də bu iki tərs qafqazlının arasında manevr imkanlarını götür-qoy edirdi.
– Sizdə dolmanın 100-dən çox növü var? Şişirtməyə bir cansan. Əsl dolma bizdədir, yanında da sarımsaq qatığı. Bizdə dolmanı fıstıq yarpağına, əvəliyə də bükürlər…
– Bizdə də əncir yarpağına bükürlər, adına da muşa dolma deyirlər, bilirsən nə boyda olur, biri adamı doyuzdurur.
– Məgər bizim dolma adamı acdırır? – dedim, – bilirsən, Qriboyedov Azərbaycan xanlarının qonağı olanda məclisi necə təsvir edir? Yazır ki, “süfrəyə 20 cürə dolma gətirdilər…”
Deyəsən, ya biz bərkdən danışırdıq, ya da mübahisəmiz azca aralıda oturan xalq diplomatiyasından mühazirələr deyən əcnəbi qonaqlara maraqlı gəlmişdi. Üçü də susub, bizə qulaq kəsilmişdi. Elə bil Rubik nəsə deyirdi, amma qonşu masadan müdaxilə onun sözlərini yarımçıq qoydu.
– Niyə qızışmısınız? Yəni dolmadan başqa bir şey yoxdu yeməyə? – bu, Rusiyalı mühazirəçi idi. – Ortaq məxrəcə gəlin də, dolmaların yerini dəyişin, sən – əlini mənə tərəf uzatdı – erməni dolması ye, Rubik də azərbaycanlı. Bəlkə xoşunuza gələcək? Hə, necə məsləhətdir?
Çoxdan özüm üçün qətiləşdirdiyim bir aksiom var: məsləhət vermək dünyanın ən rahat işidir. Özünü müdrik kimi göstərən qocaların, əfəl ziyalıların, riyakar diplomatların bacardığı yeganə iş də elə məsləhət verməkdir. İndi şam yeməyini qurtarmış, gürcü çaxırının təsirindən yanaqları par-par yanan mühazirəçinin özünə ağıllı gələn təklifi də bu qənaətimin yanlış olmadığını göstərirdi.
– Bu, mümkün olan iş deyil, – dedim, – özümünkü ola-ola niyə erməni dolmasının dadına baxmalıyam?
– Heç xahiş etsəniz də, Azərbaycan dolması yemərəm, özümün mətbəximə nə gəlib? – Rubik də narazı halda dilləndi.
– Yaxşı, onda ikinci təklif: kimin dolması dadlıdırsa, hər üçünüz ondan yeyin, – rus dilində bizə uyuşmayan kobud ləhcəsindən dərhal başa düşmək olardı ki, bu, amerikalı məruzəçidir. – Qoy sizin dolmaların dadını biz müəyyənləşdirək, necə məsləhətdir?
– Axı siz şam eləmisiniz? – Vado bizi qabaqladı.
– Hə, elədi, amma mən dolmanın dadını bilirəm axı… – Rusiyalı məruzəçi göz vurdu. Onun bununla nə demək istədiyini, kimə işarə elədiyini isə aydınlaşdırmaq çətin olmadı. – Mən bir dəfə Cermuxda dincələndə turşuya qoyulmuş kələm dolması yemişəm. Bəh-bəh, dadı indi də damağımdadır, – dedi.
Özümü güclə ələ alırdım, konfransda xalq diplomatiyasından ağızdolusu danışan Rusiyalı məruzəçinin necə lazımdı cavabını verməyə hazırlaşırdım. Amma bir tərəfdən də təklənməyim mənə yaman yer eləmişdi, Bakıdan aralıda, özü də Vadonun şəhərində təklənməyimi heç özümə sığışdıra bilmirdim. Amma birdən:
– Mənsə elə təsəvvür edirəm ki, Azərbaycanın dolması dadlıdır, – əməlli-başlı çaşmışdım, amerikalı məruzəçi gözləmədiyim halda mənə qahmar çıxırdı.
– Təsəvvür nədir? Mən deyirəm ki, dolmanı yemişəm, siz təsəvvürdən danışırsınız? – Rusiyalı məruzəçi pörtmüş halda dilləndi.
– Hər şeyin dadına yeməklə baxmaq olmaz… Bir də ki, mən təsəvvürlərimə görə sizə hesabat verəsi deyiləm ki… – Sağ ol, amerikalı, mən elə bilirdim ki, o, liberal, heç nəyə fikir verməyən kosmopolit adamdır. Əvvəlcə mənə elə gəldi ki, onun da mənim kimi haqsızlığa dözümü yoxdur, lakin məruzəçilər bizi yaddan çıxarıb mübahisəni uzatdıqca başa düşdüm ki, Rrusiyalı nə deyir-desin, amerikalı onsuz da onunla razılaşmayacaq və ya əksinə… Artıq bütün restoran bizə qulaq kəsilmişdi, hamı bu eksklüziv söz güləşdirməsinin nəylə qurtaracağını maraqla gözləyirdi. Birdən Vado dilləndi:
– Üçüncü təklif də var! Qoy dolmanın dadını fransalı məruzəçi müəyyənləşdirsin.
– Təəssüf, mən vegetarianam, – fransalı məruzəçinin qısa və konkret cavabı biçarə Vadonu lap dilxor elədi… Artıq bir yolumuz qalırdı, – durub getmək.
* * *
“David” otelin ala-qaranlıq balaca kafesində bizdən savayı kimsə yox idi. Hər dəfə səhər yeməyində “Borjomi”, bir də ki gürcü pomidorlarını tərifləyən ofisiant kişi dinməz-söyləməz masaya iki fincan kofe, bir stəkan da çay gətirdi.
– Bir şey yeyəcəksiniz? – dedi. Tərəddüd eləsək də, artıq utanmağın yeri deyildi, ağır keçən günün yorğunluğuna qarışmış aclıq öz işini görmüşdü. Etinasız halda başımızı tərpətdik. – Hə, onda baxım görüm, bu vaxta nəyimiz qalıb… – deyə ofisiant cibindən balaca bir kağız parçası çıxardı:
– Pah, gəlin sizə dadlı bir yemək verim – dolma.
Bayaqdan bizi yorub əldən salan beş hərflik sözü yenidən eşitməyimiz ac mədəmizlə yanaşı, yorğun beynimizdə də ildırım kimi çaxdı, elə hazırlaşırdıq deyək: “hansından?”, ofisiant bizi qabaqladı:
– Əsl gürcü dolması, – dedi, – Bu da sizin bəxtinizdəndi, “Suliko” restoranından gətirmişik. Axı bizim aşpaz həm də “Suliko”da işləyir. Hə, yeyəcəksiniz?…
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?