Текст книги "Qəhrəmanım sənsən"
Автор книги: Natiq Məmmədli
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Kişilər ağlamasın
“Çox halal adamlardı. Ağızlarından söz çıxdı qurtardı, qəpiyimizi də kəsmirlər. Allah canlarını sağ eləsin, indiki zamanda halal süd əmmiş adama ürcah olmaq, vallah çek-pot udmaq kimi bir şeydi. İndiki zamanda düz adama, kişi adama rast gəlib kölgəsinə qısılmaq, bir tikə çörək qazanmaq samanlıqda iynə tapmaqdan da çətindi. Şükür məsləhətinə, ay Allah, bilirsən də çörəyi kimin başından tökürsən” – Əlövsət müəllim metronun axırıncı stansiyasından çıxıb yeni tikilmiş göydələnə tərəf gedə-gedə düşünürdü. Beynində sıralanmış fikirlərin parlaqlığı yavaş-yavaş kişinin çöhrəsinə yansımaqdaydı. Kənardan göz qoyan olsaydı sıx çallanmış saçlarını arxaya daramış, nimdaş olsa da, əyninə qutu kimi oturan kostyumlu, qalstuklu ciddi adamın səhər o başdan belə şıx ovqata köklənməsinə həsəd aparmaya bilməzdi. Kişi addımlarını yeyinlədib qapılarını təzə sakinlərin üzünə açmağa hazırlaşan göydələnə yaxınlaşdıqca çiçəyi çırtlayır, gözlərində yer eləmiş sevinc işartıları dodaqlarını səyridirdi. Qınayan olmasaydı qabağına çıxan elə ilk adama beləcə deyərdi: “Qardaşoğlu, sən Allah, gəl bir yerdə gülək. İstəyirsən sən “pıq” elə mən gülüm”. Yaxşı ki, həmişəki kimi heç kəslə rastlaşmadı.
Gözətçi binanın qabağındakı köşkün pəncərəsindən yarıyuxulu qızarmış gözlərini bir müddət ona zilləyib dayandı, baxışlarında elə bir yekə sual var idi ki, sanki sifətindən nur yağan kişini iki metrlikdən yox, yuxuda görürdü.
– Salam, ay qardaşoğlu, sabahın xeyir olsun, – Əlövsət müəllimin ürəyinin hərarəti hopmuş isti sözlər yuxudan kal durmuş gözətçinin nəinki qəlbini heç tükünü də tərpətmədi.
– Əşi, bir imkan ver səhər açılsın də! Səndən başqa fəhlə yoxdu… Yeri keç … – gözətçi əli ilə binanı göstərdi. Kişi heç nə olmamış kimi əvvəlki şax yerişiylə qapıya tərəf getdi. Yarıyuxulu gözətçinin dilinin acılığı bayaqdan onun sinəsini sevinclə dolduran fikirləri nəinki yox elədi, əksinə birinin üstünə beşini də qoydu. O, bu vaxta kimi yaşadığı ömrün demək olar ki, bütün məqamlarında qəlbinin pardaqlandığı, uçmağa qanad axtardığı vaxtlarda həmişə acıdil, bədniyyət adamların nifrininə tuş gələrdi. Belə hallar o qədər olmuşdu ki… Axırda özü də bilmədən içində kinə, küdurətə qarşı immunitet yaranmışdı. İşi bəd gətirib yaman yerdə gecələyəndə özünü sındırmaz, tox tutardı. Elə indi də elə etdi, gözətçinin acı sözlərini yerinə düşməyən zarafat kimi qarşıladı. Amma arxadan gələn yarıyuxulu kal səs qapı cırıltısı kimi beynini deşdi:
– Əşi! Gör necə də hul gedir, kod yadındadı?
– Hə, qardaşoğlu, yadımdadı, heç heylə şey olarmı, heç çıxarmı yadımdan?
O, nəinki bir qapının, təzə göydələnin yeddi girişinin hamısının kodlarını otuz ildən çoxdu şagirdlərinə öyrətdiyi vurma cədvəlindən də yaxşı bilirdi. Artıq yarım ildən çox idi ki, zəng çalınan kimi sinfə tələsən müəllimlər sayaq bu qapıları hamıdan əvvəl o açar, fəhlələrin paltar dəyişdiyi otaqda yır-yığış edib, hələ üstəlik çay da dəmləyəndən sonra cadar-cadar olmuş əllərini ovuşdura-ovuşdura adamların yolunu gözləyirdi. Həmişə də ondan sonra gələnlərə salam-kəlamdan əvvəl bekaraca irad da tutardı. “Ə, harda qalmısınız, qadanız alım sizin. Ə, vallah gün-günorta oldu, gəlin çıxın də, başınıza dönüm”.
Nə qədər qəribə olsa da irada oxşayan suallarına həmişə də eyni cavabı eşidirdi. “Əlövsət müəllim, dərs deyil e bura, tikintidi. Məktəbə gəlməmisən e, fəhləliyə gəlmisən. Rəhmətliyin oğlu, gecəni burdamı yatıb qalmısan?”. O, heç kimdən inciməzdi, çoxdanın adətkarı idi. Hikkəli, hisli-paslı sözlərin heç birini ürəyinə yaxın buraxmazdı, ya gözlərini yerə dikib başını bulayar, ya da özünü eşitməzliyə vurardı. Belə götürsək, buradakı fəhlələrin bəlkə də yarıdan çoxuna dərs demişdi, toplamanı, çıxmanı, həndəsəni öyrətmişdi. Qəribəydi ki, Əlövsət səliqəli kostyumda olanda da, üstündən tər iyi gələn çirkli konbinizon geyinib palçıq qatanda da elə müəllimə oxşayırdı. Ona xəlvəti göz qoyan keçmiş şagirdləri öz aralarında pıçıldaşardılar ki, zalım oğlu elə bil divara suvaq vurmur, lövhəyə yazı yazır. Bığlı-saqqalı kişilərin uşaq yaddaşında o, məhz beləcə qalmışdı, gur saçlarını arxaya daramış, üzündən nur əskik olmayan işıqlı bir müəllim kimi.
– Əşi, çay hazırdı? – gözətçinin kal səsi bir az açılmışdı.
– Hə, qardaşoğlu, pürrəngi çay dəmləmişəm, mixəkli. Ətrini hiss eləmirsən?
– Əşi, vallah sənə heyranam. Bura məktəb deyil e, tikintidi, özü də bizə dəxli olmayan tikinti. Səhərin gözü açılmamışdan niyə yuxuna haram qatırsan, yatıb dincəlsənə…
– Başına dönüm sənin, adam da işdən doyar? Sovet hökuməti otuz ildi məni belə öyrədib, səhər o başdan işimin üstündə durmasam ürəyim partlayar.
– Bah! Bircə deməginən ki, iş insanın cövhəridi…
– Hə, elədi də, qadan alım…
– Ə, yaxış sən Allah, ətimi tökmə! Onu Engels yazırdı meymunun insana çevrilməsində əməyin rolu. Sözə bax e!.. Bizim dövrün əməyi isə insanı meymuna çevirir. Elə sizin kimi müəllimlərdi qulağımızdan ərişdə asıb, camaatı mağmun günə qoyanlar. Axırı da belə…
– A bala, gecə yuxuda nə görmüsən? Səhər-səhər nə düşmüsən üstümə, ay başına dönüm?
– Əşi, mən sənin başına dönüm, ürəyim ağrıyır, e ürəyim. Ürəkdi məni danışdıran. Lənət olaydı o zamana ki, müəllim əlinə tabaşir yox, mala götürəydi! Allaha and olsun, sənin bu halını görəndə yaş məni boğur, qəhər gəlib dirənir xirtdəyimə. Gücüm çatsa dağıdaram dünyanı…
– Ə qadan alım, noolub maa. Əlim-ayağım yerində. Oğurluq ki eləmirəm… Oğraşlıq ki eləmirəm… Alnımın təriynən bir tikə çörəyimi qazanıram. Sən maa görə nigaran olma, başına dönüm…
– Əşi, tüpürüm o çörəyə…
– Ə, sən Allah küfr danışma. Səhər o başdan Allaha xoş getməz, qadan alım…
– Bəsdi, bəsdi… Alma qadamı…
Gözətçi qara bulud kimi dolmuşdu. Özünü saxlaya bilməyib hönkürdü. Elə hönkürdü ki, yaşlı-başlı adamın birdən-birə belə hala düşməsi ürəyində təpər olan istənilən şəxsi haldan-hala sala bilərdi. Əlövsət müəllim onu sakitləşdirmək üçün nəsə eləmək istədi, yadına yalnız orta məktəbdə uşaqlara dediyi sözlər düşdü: “Bıy, ə niyə ağlayırsan? Gör e, ə yekə oğlansan. Heç yekə oğlanlar da ağlayar, gözünün yaşına bax bunun! Al dəsmalı burnunu sil, bala”. İndisə onun yadına düşən sözləri deməyin yeri deyildi. Qarşısındakı dərsə hazır gəlməyən aşırma şalvarlı məktəb uşağı yox, dünyanın altını-üstünü heç də ondan kəm bilməyən, yetərincə böyümüş yekə kişiydi. Bəs onda kişilər niyə ağlayır görəsən?Bu gərgin məqamda gözətçiyə toxtaqlıq vermək əvəzinə içində göyərən sualın cavabını tapmaq istəyirdi. Dan yeri sökülər-sökülməz insanın içini göyr-göyr göynədən bu göz yaşlarını dayandırmaq, parçalanmış ürəyin bəndini, bərəsini bərkitmək onun tapacağı cavabdan asılı idi. Kişi qadın deyil ki, hissə qapılsın, gücünü gözünün yaşına verib özünü lazımlı, canıyanan, yuxa ürək göstərsin. Bəzən göz yaşları qadın qəlbinin göynərtisindən yox, gələcək planlarına, min cür fəndinə, əməlinə bəraət qazandırmaq, körpü salmaq ehtirasından da gələ bilər. Ala gözlərdən süzülə-süzülə alma yanaqların üstündə özünə cığır salıb sivri çənənin böyründə düyünlənən o billur yaşlar neçə dəmir ürəyi muma döndərib, neçə xəyanəti malalayıb, hesabını bilən varmı? Amma bu ki kişidi. Vallah kişilər ayrı cürə ağlayır. Kişinin ağlamağı qadınınkı kimi sirri-xuda deyil, sadədən də sadə, həm də çox incədi. Kişilərin hamısı eyni dərddən amma hərəsi bir cürə ağlayır. Güclüsən, qabar atmış yoğun barmaqlarının arasında dünyanın sıxıb suyunu çıxararsan, amma bu güc heç kimə lazım deyil, onda ağla. Ağıllısan, dərrakənin işığı hətta sən öləndən sonra da qaranlıqları dəlib keçəcək, amma bu ağıla dəyər verən yoxdu, onda ağla! Adamsan, cümlədə mübtəda yerinə işlənəndə “kim” sualına cavab verirsən, amma səni adam yerinə qoyan yoxdu, onda ağla!
– Ağlama, qadan alım. Ə, sən Allah özünü ələ al! Gəlib görən olar e, başına dönüm.
– Heç kim də gəlməyəcək, sən də çıx get evinə-eşiyinə, – gözətçi başını qollarının arasından qaldırmadan dilləndi.
– Nə danışır ə, bu! Necə gəlməyəcəklər? İş-güc tökülüb qalıb, hələ axırıncı mərtəbənin fasadına suvaq vurmalıyıq.
– Dedim axı, heç kim gəlməyəcək. Bu gün dərsin boş keçəcək müəllim, uşaqlar dərsə girməyəcək.
– Ələ salmısan məni?
– Mən yox, həyat bizi ələ salıb. Quldurlar, ən axırıncı yolla gedənlər, yırtıcılar məzələnir bizlə. Anasının əmcəyini kəsənlər dolayıb bizi barmağına. Kal armud olublar keçiblər xirtdəyimizə.
– Bir səbir elə görüm. Niyə belə natayır danışırsan? Dünən gecə sağollaşıb ayrılmadıqmı? Deyə-gülə evimizə getmədikmi? Bir gecənin içində nə oldu ki?
– Müəllim, vallah sənə həsəd aparıram. Əşi, bu qədər hisin-pasın içində necə təmiz qala bilmisən? Sənin saf ürəyin hardan alır bu işığı, deyə bilərsənmi?
– Ə, sən Həzrət Abbas, məni dolama. De görüm, nə olub? Bir azdan gün-günorta olasıdı, doğrudan da bu camaat harda qaldı görəsən?
– Dedim axı, heç kim gəlməyəcək. Atıblar bizə müəllim, atıblar… Bizi işlətdilər, sonra dedilər ki, basın bayıra, pulunuzu vermirik. Dedilər belə əlimizin içindən gəlir, belə əcəb edirik… Dedilər… vızqırdın burdan!
– Qadan alım, sən nə danışırsan, bunlar halal adamlardı, vallah düz deyirəm. Elə üç gün bundan qabaq maaşımızı almadıqmı?
– Üç gün bundan qabaq maaş alan ancaq sən oldun, müəllim. Fəhlələr üç aydı qəpik-quruş alırlar. Uşaqlar atışıb sənin pulunu düzəldib verirdilər ki, sınmayasan, xətrin xoş olsun. Onlar hamısı sənin şagirdlərin olublar axı. Qıymırdılar. Sən hər dəfə əlinə mala alıb divara suvaq vuranda onların ürəyinin başı soyulurdu. Təkcə sementi, qumu yox, ay zalım, onların xəyallarını, ümidlərini də suvamısan, xəbərin yoxdu.
– Vallah yalan danışırsan…
– Uşaqlar aksiya keçiriblər. Bu altı-üstünə çevrilmiş binanın yiyəsinin evinin qabağına gediblər, yarısı xurd-xəşil ediblər, yarısını basıblar içəri.
– Ə, heylə şey olmaz!
– Ha…ha… Onu necə dedin… Sən Allah, necə dedin “ə, heylə şey olmaz”, ölürəm də sənin şirin dilindən ötrü. Xətrinə dəyməsin, sən ağzını açanda elə bilirəm rəhmətlik nənəm dirilib gəlib mənə nağıl danışır. Qəşəng, gözəl dünya haqqında nağıl. Axırda da göydən üç alma düşür, üçü də mənim…
– Ə, dayan e…
– Nədi, deyirsən birini sənə verim?
– Bunlar nətəhər oldu? Bəs bu binanı tikənlər halal adamlar idi…
– Bax, yenə məni əsəbiləşdirmə. Bax, yenə ağlayaram, ömür-billah kiridə bilməzsən məni. Nə halal, a kişi! Halal adam da iyirmi mərtəbəli göydələn tikə bilərmi? Bunu tikən quldurlardı, işığını da quldurlar yandıracaq.
– Vallah inana bilmirəm. Dediklərin doğrudursa… Mən elə bilirdim halaldı…. Elə bilirdim… Lənətə gəlmiş sovetin vaxtında…
– Dayan! Bir “stop” elə. Yenə köhnə əyyamlardan sitat gətirmə. “Sovetin vaxtında”, “sovetin vaxtında”… Sovet hökuməti səni müəllim kimi işlədirdi, fəhlə kimi yox! Mən özümü ağıllı göstərmirəm, amma adım kimi əminəm ki, müəllimini qoruya bilməyən insanlar elə namusunu da itirmiş kimidi. Namusunu girov qoyanların tikdirdiyi bina nə sənə, nə də mənə xoşbəxtlik vəd eləyir. Əslində mən bunu çoxdan sırğa eləyib taxmışam qulağımdan. Ayıb olmasın, istəyirəm sən də taxasan.
– İnana bilmirəm… Yox, daha doğrusu, inanmaq istəmirəm. Mən… mən pis müəllim olmuşam…
– Yox, sən lap yaxşı müəllim olmusan. Biz pis şagird olmuşuq. Bizi bağışla. Bağışla ki, bizə öyrətdiyin, bizə arzuladığın dünyanı qura bilmədik… Biz bacarmadıq…
– Qalxım… Axırıncı mərtəbəyə qalxım… iyirminci mərtəbənin suvağı yarımçıq qalıb…
– Əşi, vallah qəribə adamsan. Billah, sənin kimi adam yer üzünə gəlməyib. Bayaqdan bir Quranlıq söz danışıram. Atıblar e, bizə atıblar…
– Qalxım axırıncı mərtəbənin suvağını vurum. İşi yarımçıq qoymaq kişilikdən deyil…
Əlövsət müəllim iyirminci mərtəbəyə çatanda günəş oğrun-oğrun gülümsəmirdi, artıq parlaq şəfəqlərini göydələnin mala gözləyən divarlarına sancmışdı. Böyük eyvanda dayanıb ətrafa boylandı. Yuxudan ayılmış şəhər növbəti bəxtəvər gününü qarşılamaq üçün gözlərini ovuşdurub əsnəyir, tənbəl-tənbəl gərnəşirdi. “Yəni doğrudanmı bu işıqlı pəncərədən yalnız quldurlar baxacaq? Doğrudanmı, bu meşin qapıları yalnız quldurlar açacaq? Hamı eyni vaxtda quldur ola bilərmi, görəsən? Bəs, yaxşı, o qədər qulduru hardan tapacaqlar? Ə, heylə şey olmaz! Vallah olmaz. İnanmaq istəmirəm… İnana bilmirəm…”
İyirminci mərtəbədən aşağıda balaca gözətçi köşkündən savayı heç nə görsənmirdi. Köşk yöndəmsiz olsa da, elə balaca, elə xudmani idi ki, lap göyərçin damına oxşayırdı. Havada mayallaq aşıb, dövrə vurub şütüyən göyərçinlər göyün yeddinci qatında olsalar belə, yenə öz xudmani, isti damlarına tərəf uçurlar. Nə qədər uzağa qanad çalsalar da elə bir gözləri damda qalır.
Onun göyərçinə dönmüş puç olan xəyalları havada çox dövrə vura bilmədi, ya qocalıqdan, ya yorğunluqdan, bəlkə də ümidsizlikdən ürək dolusu qanad çalmağa həvəs göstərmədi. Özü də isti, doğma damın üstünə yox, onun qabağına qondu…
…Yuxudan kal durmuş gözətçi əvvəlkindən betər ağlayırdı… Üz-gözünü cıra-cıra, hıçqıra-hıçqıra, bağıra-bağıra ağlayırdı. Boğazının damarları çıxmışdı… Qızarmış gözləri eləcə bərələ qalmışdı… Ürək, lənətə gəlmiş ürəyin guppultusuna oğul istəyirdim sinəsi dözəydi… Ağlayırdı, qışqıra-qışqıra, göynəyə-göynəyə… Kişilər ağlayanda yaman olarmış…
İyul, 2013
Mən də hamı kimi
Bu dünyada az adam tapılar ki, onun yaşı ölkəsinin müstəqillik yaşından çox olsun. Deməli, sənin nəsə eləmək üçün fürsətin olub və ya sən nəsə eləmisən. Mən ölkəmdən bir neçə on il böyüyəm, əslinə qalsa ölkəm mənim oğlum yerindədi. Bu illər ərzində mahiyyətini, məzmununu anlamadığım çox burulğanlardan keçmişəm; oktyabryat olmuşam, pioner olmuşam, komsomola keçmişəm, kommunist partiyasının sıralarına qəbul olunduğum və həmin partiyanın biletinə tüpürüb tonqalda yandırdığım illər həyatımın ən sevicli, yaddaqalan anlarıdı. Sonradan yenə də məğzini başa düşmədiyim, başa düşməyə macal tapmadığım təlatümlərlə dolu ömür yaşamışam; qlobal çağrışlara cavab verməyi müasirlik kimi anlamışam, amma həmişə içimdə o müasirlikdən iyrənmişəm, dəblə ayaqlaşmaqdan ötrü balalarımı bahalı məktəblərdə oxutmuşam, amma həmin dəbə necə nifrət elədiyimi bir özüm bilmişəm. Hər nədi yaşamışam, yəni hamı necə yaşayıbsa, mən də elə. Gözəl mənzilim, rahat maşınım, münasib işim olub. İş demişkən, artıq çoxdandı təqaüd yaşımı adlasam da, təqaüdə çıxmaq haqqında düşünmürəm, heç düşünməyəcəyəm də, cürəti çatıb bunu məndən soruşan da yoxdu. Çünki mənim yaşında adamlar üçün işləmək və yaşamaq elə eyni şeydi, biz işləyə-işləyə yaşayırıq. Görürsünüz ki, mən mövcudam, yəni hamı necə mövcuddursa, mən də elə. Amma mənim bir vaxtlar nəsə eləmək şansım olub və mən nəsə eləmişəm. Bəli! İndi üzü yanacaqdoldurma məntəqəsinə baxan geniş eyvanlı mənzilimin pəncərəsindən şıdırğı payız yağışında islanan şəhərimi seyr edə-edə həmin ili, həmin nəsnəni xatırlayıram. O zamanlar mən hamı kimi deyildim.
– Sovet hökuməti əvvəl-axır dağılacaq, mütləq dağılacaq. O, şər imperiyasıdı, hər şey yalan üzərindədi. Kapitalizm heç də imperializmin sonuncu mərhələsi zadı deyil, hamısı yalandı. Kommunizm heç vaxt qurulmayacaq…, – atamın dostları həftənin şənbə günləri bizə yığışanda hardan söz salırdılarsa yenə də eyni mövzunun üstünə gəlirdilər “sovet hökuməti dağılacaq”, vəssalam. Bizim o vaxtkı mənzilimiz camaatın “Yazıçıların evi” deyə barmaqla göstərdiyi beşmərtəbənin üçüncü mərtəbəsindəydi. Rəssamlar, bəstəkarlar da qonşuluğumuzda yaşıyardılar. O binalardakıların əksəriyyəti atamın dostları düşürdü, uşaqları iləsə mən dostluq edirdim, kimisiylə eyni sinifdə oxuyur, kimisiylə musiqi məktəbinə gedir, kimisiyləsə futbol oynayırdım. O uşaqların atalarının əksəriyyəti şənbə günləri bizim mənzilin qonağı olardılar; köhnə radio-qəbuledicimizin ətrafında dövrə vurub oturar, gecəni yarı edənə kimi xırıltılı-xışıltılı nələrəsə qulaq asardılar, hərə öz evinə gedəndəysə, hamı yekdilliklə bir söz deyərdi “sovet hökuməti dağılacaq”. Belə vaxtlarda atam sadəcə gülümsünüb mənə göz vurardı, qəbri nurla dolsun, çox kübar kişiydi, bilirdi ki, oğlu heç vaxt ağzını Allah yoluna qoyub nəsə danışası deyil. Xəbərdarlığı isə mənə anam edərdi “a bala, onlara baş qoşma, hamısı “alkaşdı”, nə danışdıqların özləri də bilmir, “piyandı”lar də”, – bu sözlərə həqiqətən inanmışdım, hətta uzun illər mənə elə gəlirdi ki, fərqli fikir danışan adamların hamısı “alkaşdı”, sonradan sovet dissidentlərinin həyatından bəhs edən kitablardan onların əksəriyyətinin həqiqətən içki aludəçisi olduğunu öyrənəndə anama nə qədər rəhmət oxuyurdum.
Bir dəfə atamın dostlarının məclisində eşitdiyim söz həyatımın sonrakı axarını dəyişəcək həmin məşhur addımı atmağıma təkan verdi. Addım deyəndə ki, bu, o dövrün qanunlarıyla əsil cinayət idi, son nəticəsi Sibirə sürgünlə nəticələnəcək bir cinayət… Qonşularımızdan kimsə SSRİ dövlət mükafatı almışdı, hamımız yığışıb onu restoranda qeyd elədik, əla məclis oldu, atamın dostları israrından sonra ilk dəfə konyakın dadına baxdım, komsomolun, partiyanın, Leninin şərəfinə içdim, onlarsa Siyasi Büronun bütün üzvlərinin, xalq nəzarəti komitəsinin, KQB-nin, “pravsoyuz”un, hətta JEK-in də sağlığına içdilər. Doğurdan da gözəl axşam idi, hamı səmimi, hər şey təbii idi, hərçənd bekara keflənmişdim, amma belə haylı-küylü məclisdə gənc komsomolçunun əhli-kefliyi heç kimin eyninə deyildi. Gecə yarısı mükafat alan qonşumuz öz evinə yox bizə gəldi, yenə də radio-qəbuledicinin ətrafında dövrə vurub oturdular, nəsə uzaqdan xışıltının içində zorla sezilən caz musiqisi gəlirdi. Atamın dostlarından kimsə hıçqırıb ağladı, o biriləri də qara bulud kimi dolmuşdular, elə atam da doluxsunmuşdu. Əvvəl mənə elə gəldi ki, onlar sevinclərindən belə edirlər, baxma bir tərəfində gün çıxanda, o biri tərəfində gün batan dövlətin mükafatını almaq, laureat olmaq yekə məsələydi.
Laureat qonşumuz məni yanına çağırdı, qaşlarını çatıb zəndlə sifətimə baxdı, başını üzümə sarı uzadanda elə bildim yanağımdan öpmək istəyir, o, isə sivri dodaqlarını qulağıma dirəyib pıçıldadı
– Bilirsən, bu nə səsidi, – dedi.
– Radionun səsidi…, – mən də pıçıldadım.
– Yox, “Amerikanın səsi”di, – dedi. Səhər SSRİ-nin dövlət mükafatı alanın axşam “Amerikanın səsi”nə qulaq asıb kövrəlməsinin heyrəti gözlərimdən yuxunu qaçırtdı, hiss elədim ki, başım yekə bir sual formasını almaqdadı.
– Bu gün ayın neçəsidi, – soruşdu.
– Fevralın 10-u…, – dedim.
– Bu gün bizim işğal olunan günümüzüdü. Onlar bizi işğal ediblər. Onlar bizi parçalayıblar. Sovet hökuməti dağılacaq”, – deyə pıçıldadıqdan sonra artıq mənə doğmalaşmış spirt iyi verən sivri dodaqlarını qulağımdan araladı. Həmin gecəni ilan vuran yatdı mən yatmadım, lənətə gələsiniz, deməli biz işğal rejimində yaşayırmışıq, deməli, bizi bölüblər… Artıq buna necə dözmək olardı? Səhəri dirigözlü açdım. Həmin gecə gələcək mübarizəmin cəsarətli konturlarını cızdım. Bir şeyi də anladım ki, sovetlər ittifaqı elə bir ölkədi ki, orada alkaqol dozası olmadan həyatı yola vermək sadəcə mümkün deyil.
Qərarım qətiydi, axşam tərəfi özümə yaxın bildiyim dostlırıma artıq belə yaşamağın mümkünsüz olduğunu, mübarizəyə başlamağın vaxtı çatdığını söyləməliydim. Bunu eşidəndə uşaqların ilkin reaksiyasının necə olacağını heç düşünməmişdim, amma onlara bel bağlayırdım, əksəriyyəti öz qonşularımız – atamın dostlarının uşaqları idi. Artıq hər tin başı gözümə sataşan şüarlar ürəyimi bulandırırdı, al bayraqlara qarşı əməllicə alergiyam yaranmışdı, indi o, mənim üçün proletariat adlı nəsli kəsilmiş qoyun sürüsünün axan qanını ifadə eləyən müqəddəs bayraq yox, sadəcə qırmızı əski parçası idi. “Okkupant köpək uşağı” bu kəlməni bağırmaqdan ötrü ürəyim gedirdi.
– Üstümüzdə yük var, biz bu milləti azadlığa çıxarmalıyıq! – of, axır ki, mən bunu dedim, nə vaxtdandır ürəyimi didib-dağıdan sözləri belə asanlıqla, həm də hamını inandıracaq tonda söyləməyim özümə də ləzzət elədi. Elə uşaqlar da nədən bəhs elədiyimi göydə tutdular, hamısı yaxşı bilirdi ki, söhbət dünən tarix dəsində keçdiyimiz şimali Afrika xalqlarının milli azadlıq mübarizəsindən yox, öz millətimizdən gedir. Mən görüşə çox adam çağırmışdım, söhbətin millətin taleyindən gedəcəyini də demişdim, amma nədənsə cəmi dörd sinif yoldaşımdan başqa kimsə gəlməmişdi.
–
—–
–
–
–
–
—–
–
–
–
–
—–
–
–
–
–
–
–
–
–
–
—Nəhayət, ən optimal təklif məndən gəldi, dedim, gəlin şəhərin müxtəlif yerlərinə vərəqələr yapışdıraq, həm etirazımızı bildirək, həm də görək millət doğurdan da azad olmaq istəyir ya yox. Nə yazacağımız da elə həmin an ağlıma gəldi “Rədd olsun sovet imperiyası, yaşasın azad, müstəqil vətənimiz!” Bu dəfə hamı mübahisəsiz razılaşdı. Uşaqlardan kimsə dedi ki, ehtiyatı əldən verməmək üçün şüarı əllə yazmayaq, qəzetdən kəsilmiş şiriflərlə düzəldək. Bu təklifə hamımız razılaşdıq və o ki var güldük. Sən demə, hətta sovet mətbuatı da nəsə işə yarayarmış… Sabah sübh tezdən Qubernator bağının qarşısında görüşüb vərəqələri yapışdırmağa başlayacaqdıq.
…Xeyli gözləməli oldum. Görüş yerinə hamıdan əvvəl gəldiyimdən şəhərimizin köhnə qubertanorunun adını daşıyan xudmani parkda dəfələrlə dövrə vurdum. Çox həyacanlı idim. Nə qədər cəncəl işə baş qoşduğumuzu təsəvvür elədikcə, canıma üşütmə düşürdü. Lakin, bu yoldan geriyə dönüşü təsəvvür eləmirdim, mütləq, nəyin bahasına olursa-olsun çiynimizdəki yükdən azad olmaq lazım idi. Sadəcə mənə xəcalət verən o idi ki, dünən “SSRİ mənim vətənimdir” mövzusunda yazdığım inşadan əla qiymət almışdım, bu gün səhər isə “vətənimi” dağıtmağa hazırlaşırdım. Mənim də çox bəxtsiz vətənim vardı, sanki dünyanın bütün yaramazlıqları üzərində heç vaxt günəş batmayan əzəmətli ölkəmin boyuna biçilmişdi. Yalan mənim ölkəmə elə gözəl yaraşırdı ki… Amma bu gün ayrı gün idi, mənə elə gəlirdi ki, artıq heç bir qorxu aparatı bizi saxlaya bilməzdi. Yanımdan ötən adamlar da, heç şübhəsiz ki, onların azadlığı haqqında düşündüyümün fərqində deyildilər, onlara elə gəlir ki, səhər gəzintisinə çıxmışam.
Sözü bir yerə qoyduğumuz dostlardan kimsə gəlmədi: nə Qandi, nə də Çe fanatları… Parkın aşağısındakı telefon aparatından bir-bir evlərinə zəng elədim, hamısı müxtəlif səslə eyni bəhanələr uydurdular, o zaman onların nə deməsini xatırlamıram, sadəcə yadımda qalan odur ki, dostlarım yalanlarıyla özlərini əsil sovet vətəndaşı kimi apardılar. Bir partada oturduğum, xətrini hamıdan çox istədiyim dostumun dediyi sözlər daha çox ürəyimə toxunmuşdu, təxminən belə demişdi “bizim indi gücümüz çatmayacaq, gəl böyüyək, sovet hakimiyyətində vəzifələr tutaq və bu vəzifələrdə də ölkəmizin gələcək müstəqilliyi üçün çalışaq, nə deyirsən”. Heyf, biz onu lap erkən itirdik, məktəbi qurtarmağımıza az qalmış dənizdə boğuldu.
…Həmin gün vərəqləri tək yapışdırmalı oldum. Anam qəzetləri tərəvəz yeşiklərinin altına sərməkdən ötrü qonşuluqdakı meyvə dükanına verdiyindən atamın kitablarının arasından çətinliklə bircə dənə “Pravda” tapa bildimişdim. Elə ona görə də cəmi iki nüsxə vərəq hazırlamışdım, onlar da rus diilində: “Doloy sovetskaya imperiya, da zdrastvuy svobodnıy, nezavisimıy Azerbaydjan!” Ətrafda adamlar gözə dəymədiyindən kağızı irigövdəli ağaca yapışdırıb üzüyuxarı qaçdım ki, tanıyan olmasın. Sonra da qayıdıb həmin ağacın yaxınlığındakı skamyada əyləşib guya kitab oxumağa başladım, gözüm isə yapışdırdığım vərəqdə və yanımdan ötüb keçən adamlardaydı… dəqiqələr donmuşdu, mənsə həyəcandan boğulurdum. Adamlar kağıza baxıb elə ötürdülər ki, elə bil siyasi məzmunlu çağırış vərəqinə yox, yaxınlıqdakı filarmoniyanın nadir hallarda təzələnən afişasına baxırlar. Qara kostyumlu, qırmızı qalustuklu orta yaşlı kişi qaçaraq yanımdan keçdi, sonra geri qayıdıb ağacın qabağında yerində addımlaya-addımlaya vərəqi oxudu və dərhal da geri burulub düz mənim üstümə yeridi. İlahi, qorxudan ödüm ağzıma gəlmişdi. Kişi mənə yaxınlaşdığı saniyələrin içində gözümün qabağından nələr keçmədi; xalq düşməni kimi ifşa olunmağım, məktəbdən qovulmağım, dostlarımın məhkəmədə üzümə durmağı, radio-qəbuledicimizin müsadirə olunması, atamın partiyadan qovulması, anamın göz yaşları, bir sözlə bədbəxt edilmiş sovet gəncinə aid hansı əlamətlər vardısa, hamısı.
– Bajoğlu, bu yanlarda tuvalet hanayda oleer, – kişi soruşdu. Beynimdə fırtına kimi burulan fikirlər kişinin tanış olmayan ləhcədə soruşduğu sözləri elə bloklamışdı ki, heç nə eşidə bilmədim.
– Subaşını soruşeyram, hayandadı, – qırmızı qalustuklu kişi dedi.
– Nə?.. Hə… hə, ayaqyolu, metroya çatmamış yuxarıda sol tərəfdə.
– Blaqadaryu, – kişi göstərdiyim səmtə sarı şığıdı. Qorxunun nə demək olduğunu onu yaşayan adamlardan soruşmaq lazımdı. Həmin günü mən qorxdum, bəli qorxdum, özü də möhkəmcə…
Doloy…doloy… doloy sovetskaya imperiya… – haray-həşirin içərisindən mənə tanış olan bu sözlər qulağıma dəydikcə ətim ürpənirdi. Kütlənin qəzəbli bağırtısını dəyənəklər də susdurmağa aciz idi, qiyamçılar binanın şüşələrini sındırıb, qapılarını, pəncərələrini çıxardıb barrikada qururdular. Az keçməmiş hasarının o tərəfindən qalxan qatı tüstü ətrafı elə sardı ki, zeytun ağacları dumaının içərisində sıralnmış əsgərlərə çevrildilər. Nəhayət başlandı! Bu nədi – inqilab?! Belə asanlıqlamı? Mən hələ də skamyada oturmuşdum, hələ də özümü kitab oxuyan kimi göstərirdim, getdikcə qatılaşan tüstünün içrəsində nəfəs almağım ağırlaşanda sanki yuxudan ayıldım. Al bu da sənə inqilab! Bastilya qalasına hücum edən gənc fransızlar kimi az öncə üsyana qalxmış soydaşlarımla bir yerdə olmaq üçün darvazaya tərəf şığıdım. Mən xalqımın yanında olmalı idim… Darvazaya yaxınlaşanda divarın sol tərəfiində üzü sürtülmüş kvadrat şəkilli lövhə diqqətimi cəlb elədi “Patris Lumumba adına şəh…” tüstü gözümü acılandırdığından yazını yaxşı oxuya bilmədim, gözlərimi ovuşdurub birdə həmin səmtə baxandaysa hündürboylu birisinin qarşımı kəsdiyini gördüm. O, heç nə soruşmadan sinəmdən basıb məni kənara itələdi. Getdikcə qatlaşan dumanın içərisindən iki yanğın söndürən, təcili yardım və əsgərlərlə dolu hərbi maşın sürətlə darvazadan içəri keçdi. Ürəklənib onların arxasınca götürülə bilərdim, amma hündürboylu kişi həmən də darvazanı bağladı. İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə onun xeyrini görür – mən bu fikri o zamanlar eşitməmişdim, amma o vaxt, yəni, mənim arzuladığım inqilabın baş verdiyi gün dahi-fanatik-fırıldaqçı triadasının hansı qütbünə aid olduğumu hələ də müəyyənləşdirə bilməmişəm.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?