Текст книги "Qəhrəmanım sənsən"
Автор книги: Natiq Məmmədli
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
…Evə necə çatmağım yadımda deyil, o boyda yolu qaranəfəs gəlmişdim. Anam məni görcək getdikcə atamın “alkaş” dostlarına oxşamağa başladığımı söylədi. Amma o, hələ heç nədən şübhələnmirdi, ümumiyyətlə, həmin günkü inqilabın əks-sədası bizim evə heç vaxt gəlib çatmadı. Nə dövlət televiziyasının axşam saat səkkizdəki əsas xəbərlər buraxılışında, nə də ondan bir saat sonra Moskvadan göstərilən “Vremya” proqramında inqilab haqqında bir kəlmə də demədilər, əksinə sosialist təsərrüfatının astronomik sürətlə tərəqqi elədiyini, milyon tondan çox pambıq yığıldığını, milyon tondan çox polad əridildiyini dedilər, kapitalist ölkələrinin acından öldünüyü, adamların küçənin ortasında bir-birinin ətini yediyini dedilər, təzə heç nə olmadı, qaşqabaqlı sovet diktorları əllərinə nə yazıb vermişdilərsə, onu da oxudular. Məni daha çox təəccübləndirən isə atamın dostları yığışarkən dövlət mükafatı laureatının özünü heç nə olmamış kimi aparması idi, radioqəbuledicidən də xırıltılı-xurultulu saksafon səsindən başqa bir şey çıxmadı. Mən bütün gecəni yata bilmədim, mənə elə gəlirdi ki, atamın dostları, onların uşaqları, bu şəhərdə tanıdığım, bildiyim kim varsa hamı özünü skamyada oturub kitab oxuyan kimi aparır və artistlik elədiklərini çox gözəl bilirlər.
divarın sol tərəfində üzü sürtülmüş kvadrat şəkilli lövhədə yazılanlar lap aydın oxunurdu: “Patris Lumumba adına şəhər 1 saylı psixatrik xəstəxanası”…
…İndi üzü yanacaqdoldurma məntəqəsinə baxan geniş eyvanlı mənzilimin pəncərəsindən şıdırğı payız yağışında islanan şəhərimi seyr edə-edə həmin günü bütün xırda təfərrüatlarına qədər xatırlayıram. İndi mən də hamı kimiyəm…
Aprel, 2018
Tiflis yolçuları
“Məni Gürcüstana əcəl aparır…” – qoca bu sözləri deyəndə hamının loxması boğazında düyünləndi, elə bil qəfildən qulağımızın dibindən şapalaq vurdular. Yazıçının gözləri heyrətdən necə bərəldisə arağı qədəhinə yox, xiyar bankasına süzdü…
* * *
Mən çox az şey istəyirdim, çox az.
Hər dəfə mədəmin ortasından qığılcım kimi qalxıb bütün bədənimi titrədən bu hissin öhdəsindən iyirmi yaşına kimi birtəhər gəlirdim. Həmişə içimdə şimşək çaxanda özümü ələ almaq üçün abırlı şeylər haqqında düşünür, nəsə xalq mahnısı zümzümə edir, ya da pərəstiş elədiyim xalq qəhrəmanlarının əfsanəvi döyüşlərini xatırlayırdım. Etiraf edim ki, əvvəllər bunun köməyi olurdu. Amma gecənin bir aləmində televizorda nəsə ayıb bir şey göstərsəydilər, ya da küçədə açıq-saçıq geyinmiş zənən xeylağı yanımdan keçəndə qeyri-ixtiyari baxışlarım ona zillənsəydi, vəssalam, həmin günü qanım gedirdi. Təbiəti ağır, həm çox həssas, həm də amansız idi o. Onun ucbatından fəsillərin içində ən zəhləm gedəni vardısa, o da yay idi; parklarda, bulvarda, nə bilim şəhərimizin kolluqlarının dibində qolboyun oturanların əlindən elə yerlərlə gedirdim ki, gözüm onları görməsin. Bir balaca səhv içimi yandırıb-yaxan ildırımın düşməsinə bənd idi. Bu cavan yaşımda belə amansız ağrılara, ağrısı cəhənnəm onun dalınca gələn qanqaraçılığa, dilxorçuluğa tablaşmağa ürəyimin gücü çatmazdı. Axır vaxtlar özünü lap narkomanlar kimi aparırdı, aylar-illər dolandıqca o, da sərtləşir və aşağı dozaya reaksiya vermir – xalq mahnıları və xalq qəhrəmanlarını vecinə almırdı. Mən də məcbur qalıb dozanı artırmalı olurdum – bu dəfə maarifçi ziyalılar, islahatçı şəxsiyyətlər, hətta inkvizisyada yanan parlaq beyinlər haqqında düşünürdüm. Amma… hiss edirdim ki, yoruluram, bundan artığına gücüm çatmır, yavaş-yavaş təslim olurdum. O, isə amansızcasına məni öz bildiyi səmtə, pis yola çəkirdi… Ömrümə qənim kəsilən o zülmkarın adı Əbu Tufan idi. Mən, zavallı mən isə çox az şey istəyirdim, çox az.
* * *
– Xətrinə dəyməsin, sən millətin düşmənisən! Vaxt gələcək millət sənin üzünə tüpürəcək! İncimirsən ki?..
– Qətiyyən incimirəm, elə 37-ci ildə də belə edirdilər. Əsil yazıçı lazım gəlsə, öz xalqına qarşı da müxalifətdə dayanmağı bacarmalıdı. Axundov da belə edib, Mirzə Cəlil də. Mən də belə edəcəm.
– Vallah, sənin başın xarabdı! At təpib sənin başına! Ə, sən əməlli-başlı satqınsan e… Çörəyin yeyib, havasını udduğun bu torpağın üstündə gəzirsən, hələ üstəlik rişxənd də edəsən, öz millətinə qara yaxasan. Sən Allah bağışla, amma bunun adına zatıqırıqlıq deyirlər.
– İncimirəm, əsla. Kefin istəyən qədər söyə və təhqir edə bilərsən. Yaddından çıxarma ki, polemika vaxtı söyüşə yalnız deməyə söz tapmayan dayaz düşüncəli adamlar əl atırlar. Mən öz gücümə bələdəm. Bilirəm mənim sözüm yaşayacaq. İndiki zamanda axırıma çıxa bilərlər, gələcək zaman isə mənimdir.
– Axı sənin yazmaq istədiyin ağ yalandı! Əşi, vallah belə hoqqa olmayıb. Hələ milləti borclu çıxardırsan? Elə bilirsən sənə Mirzə Cəlil deyəcəklər?! Ay dedilər ha. Hər dədəsi kor olana Koroğlu deməzlər.
– Heç dəməsinlər də. Mənim öz həqiqətim var. Dünyanın nəbzini tutmağı bacarmaq lazımdı. Onun üçün bu günə qalmışıq ki, dünya bir tərəfə gedir, biz başqa tərəfə. Kələfin ucunu itirmişik, xəbərin olsun, özü də günaha ellikcə batmışıq, ellikcə də altını çəkəcəyik.
– Dünya? Hansı dünyadan danışırsan? Haqsız dünyadı o, şərəfsizdi! Neçə sifəti var bilinmir. BMT-nin 4 dənə qətnaməsi qalıb havada baxan yoxdu. Bəs hanı bu dünyanın ədaləti? Hardadı? Bu dünyanın ədaləti harın pişikdi, kim yalını artıq eləsə, onun da ayağının altında miyoldayacaq.
– İkimiz də eyni şeydən danışırıq – ədalətdən! Bəs bizim özümüzün dünyası necə ədalətlidirmi? Doğurdanmı biz bir ananın övladlarıyıq? Bəs onda niyə bekara qabağa çıxanımızın arxasınca vedrə bağlayırıq? Barmağını qatlayıb sovet hökuməti dağılandan üzü bəri təzə yetişmiş heç olmasa on nəfər fikir adamının adını saya bilərsənmi? Saya bilmərsən axı. Çünki şəxsiyyət mal deyil ki, idxal olunsun, o gərək millətin öz materialından düzələ.
– Əşi, sən Allah, uzaq yola çıxmışıq, başımızı dumanlandırma. Kor-kor, gör-gör sənin fikirlərin xatalıdı. Sən anti-millisən! Mən də deyirəm düz yola gəl. Yazığım gəlir sənə, ürəyim yanır, hər nədə olsa eloğluyuq. Ətini yesəm, sümüyünü atmaram. Bir suyumu da rəhmətlik qağama çəkmisən. De görüm, xalqa qarşı müxalifətdə durub nə qazanacaqsan? De də, nədi qarnının dərdi?
– Dəyişilmək, dəyişdirmək, daha yaxşı eləmək…
– Ə, elə mən də onu istəyirəm də. Lap dəyişilməyənə söyüş qoyuram. Amma, ay rəhmətliyin oğlu, olmaz ki sən xalqını söyə-söyə yox, sevə-sevə dəyişdirəsən?
– Qanmaz adamlara sevgi çatmır, onu yaltaqlıq, qorxaqlıq kimi başa düşürlər. Hər şeyi öz arşınları ilə ölçürlər axı. Elə zənn edəcəklər ki, kimdənsə nəsə təmənna umuram. Sevgidən qabaq qamçı vurmaq lazımdı, adamı yandırıb-yaxan, qançır edən tövbə qamçısı.
– Əşi, bu qamçı nə olan şeydi ondan ötrü basa-basa Tiflisə gedirsən?
– Mən əsərimi orada yazacam. Axundov kimi, Mirzə Cəlil kimi. Bəli, bu mütləqdi. Bizi dəyişdirəcək qamçı gərəkdir ki Tiflisdə şaqqıldasın.
– Deməli, Tiflisə qamçı düzəltdirməyə gedirsən. Düz tapmışam də, sən anti-millisən.
– Bəs sən nəyə gedirsən?
– Gedirəm özümə təzə maşın gətirim.
– Bir maşın nədi ki, özümüzdən almayıb basa-basa Tiflisə gedirsən. İndi guya sən millisən?
Mən içəri keçəndə qabaq-qənşər oturmuş kişilərin qəhqəhəsi balaca yarımqaranlıq kupeni lərzəyə salmışdı. İkisi də gözləri yaşarana qədər güldülər, hətta çal saçlı, ahıl, balacaboy, cuqquşgöz kişini – yazıçını öskürək tutdu, ondan azacıq cavan görsənən dolu bədənli kişi – Alpər müəllim isə gülə-gülə onun kürəyinə bir-iki yumruq vurdu. Biletə baxıb yerimi tapana kimi vaqonun dəhlizində xeyli yubandığımdan onların şıdırğı söhbətinə qeyri-ixtiyari qulaq dostu olmuşdum. Məsələnin nə yerdə olduğunu andıra bilmədim. Amma əsəbi tonlarından, çığır-bağırlarından belə başa düşdüm ki, heç cür ortaq nöqtəyə gələ bilmirlər. Yaxşı ki, yanlarında hansısa birinin tərəfini saxlayan üçüncü həmsöhbət yox idi, yoxsa mübahisə dərinləşib əlbəyaxa davaya qədər gedib çıxa bilərdi. İndi onların qəflətən uğunub getmələrinə heyrətləndim. O biri tərəfdən qaranlıq kupedə tək-tənha oturub sabah Tiflisdəki sərgüzəştlərim haqqında uzun-uzadı şirin xəyallar qurmaq planımın üstündən yekə bir xətt çəkildi. Görünür taleyimdə uzun gecələrimin birini Tiflis qatarında tanımadığım höcət kişilərin arasında keçirmək də varmış. Şükür məsləhətinə!
– Bacıoğlu, yerin buradı? – Alpər müəllim qımışa-qımışa bir az pəncərəyə tərəf çəkildi, – yükün elə bu sumkadı? – soruşdu.
– Hə, bircə budu, – çantamı rahatlayıb, dodağımın altında mızıldandım. Ha istəsəm də narazılığımı gizlədə bilmədim. Qabaqda dəhşətli yolun üzüntülü iztirablarına dözmək var idi: iki vaxtı keçmiş qoca əbləh başlayacaq laqqırtı vurmağa, hələ arada bir mənə də ilişəcəklər, yaşımın azlığını başıma qaxınc edib öz duzsuz həyatlarından çıxardıqları dəyərsiz nəticələri mənə məsləhət kimi dürtüşdürməyə çalışacaqlar, ay nə bilim ailə səadəti, nə bilim “bizim vaxtımızda beləydi”, internet uşaqları korlayıb və sairə və ilaxır yazılsa yüz faiz makulaturaya çevriləcək Tiflis vaqonu boyda söz yığını. Bütün deyəcəkləri qurtarandan sonra axırda əsnəyə-əsnəyə qayıdacaqlar ki, “a bala, sən zəmanə uşağısan, bilmirsən bu işlərin axırı nə olacaq”. Tfu! Qəribə heç nə baş vermədi, elə hər şey düşündüyüm kimi də oldu. Onlar milli və anti-milli söhbətlərini yarıda saxlayıb indiki gənclərin ədəb-ərkan qaydaları barədə nəsə mızıldandılar. Handan-hana başa düşdüm ki, qoca həriflər sözü mənə atırlar, içəri keçəndə salam verməyi unutmuşdum axı. Yenə də tfu! Yaman yerdə axşamladıq, buna deyirlərmiş.
Onların nə çərənləməsi eynimə belə deyildi, qatarın taqqıltısını da eşitməz olmuşdum. Ürəyim Tiflisə tələsirdi, xəyalımsa Bakıda ilişib qalmışdı – “Bakı” mehmanxanasında.
* * *
Nə orta, nə də aşağı təbəqəyə aid olmayan, hardasa aralıqda ilişib qalmış mənim kimi mağmun gənclərin “cavanlıq” eləməsi üçün bir məkan vardı – “Bakı” mehmanxanası. Onu da uşaqlardan eşitmişdim. Tərəddüd içində çapalayırdım. Qəribə gələn o idi ki, hələ batmadığım günahın peşmançılığını çəkirdim. Başıaşağı, gözüaçıq bilə-bilə yarğana tərəf gedirdim. Hər şey kinolardakı kimi romantik olmayacaqdı, aydın məsələdir, nəyin necə baş verəcəyini, məni hansı sürprizlərin gözlədiyini təsəvvür etmək imkanım belə yox idi. İçimdə od tutub yanan qığılcımın əsirinə çevrilmişdim, o, nə diktə edirdisə dinməz-söyləməz tabe olmalı idim. Fikrini azdırmaq üçün bütün mövzuları işlədib qurtarmışdım. Tükənmişdim artıq. Axırda qərarım belə oldu: qarşıda dayanan günahdırsa mütləq ona batmalıyam, həzzdirsə mütləq ləzzətini çıxartmalıyam, yox günaha qarışıq həzzdirsə yenə də qəbulumdu. Artıq öz-özümün əsirinə çevrilməkdən bezmişdim. Alovu söndürmək, ulartını batırtmaq vaxtı yetişmişdi. Bu fani dünyaya kişi gəlməyimdə heç kimin təqsiri yox idi, üsyan eləmək axmaqlıq olardı. Hələ də mənə elə gəlirdi ki, çox az şey istəyirəm, çox az. O yalnız bizdə belə mataha çevrilib, dünyanın çox yerlərində o qədər əhəmiyyətsizdir ki, ona görə sarsıntılara, iztirablara, təlatümlərə ehtiyac belə yoxdu. O şey ki, bizdə matahdı, deməli dünya üçün heç bir anlamı yoxmuş və yaxud da tərsinə.
Hürkək qədəmlərimi mehmanxananın qapısından içəri atanda kənarda dayanmış nimdaş uniformalı kişi qızıl dişlərini ağardaraq sınayıcı nəzərlərlə təpədən-dırnağa məni süzdü. Yaxınlaşıb əllə salam verəndə az qalmışdı özümü itirim, yadımdadı, hətta hal-əhval da tutdum. O, qızıl dişlərini bir az da ağardanda gözlərindəki sualın yerində nida işarəsi peyda oldu. Görünür naşılığımı baxan kimi sezmişdi, qulağıma yaxınlaşıb:
– Ver də, – dedi, duruxduğumu görüb, – adə, 10 manatın var? – soruşdu. Pulu cibinə qoyub, – bilmirəm siz kənd uşaqlarının əlindən neyləyəcəm. Adə, bunu salamlaşanda bas də ovcuma. Üçüncüdən yeddinci mərtəbəyə kimi qalxa bilərsən, başqa yerlərə dönmə, – dedi. Açığı hər şey bu qədər asan olduğundan duruxub qalmışdım. Ətrafında dəfələrlə dövrə vurub içinə girməyə cürət etmədiyim, özlüyümdə alınmaz qala bildiyim mehmanxananın cəmi 10-ca manatlıq canı varmış ki… Kişi yüngülcə çiynimə toxunub:
– Adə, tərpən də. Nə mıxlanmısan? Yaxşılarını seçəceylər, qalaceysən sulana-sulana. Cəld ol! – dedi.
Elə bil himə bənd idim. Tərpən nədi, şığıdım e. Necə yəni yaxşılarını seçəcəklər, mən ölmüşəm məgər! Yaşa səni Əbu Tufan! Sənsiz mən kimə lazımam ki!
Üçüncü mərtəbənin dəhlizi mehmanxananın iki addımlığında yerləşən dəmiryoluvağzalını xatırladırdı, it yiyəsini tanımırdı desəm daha yaxşı olardı. Dəqiq yadımdadı mən ora gedəndə günorta saatları olardı, hələ havanın qaralmağına xeyli vardı. Qaynayan dəhlizi görəndə bir tərəfdən dilxor olsam da, o biri tərəfdən sevindim ki, nə yaxşı mənim kimi umsuq adamlar az deyilmiş, şişirtmə olmasın bütün şəhər burdaymış ki… Künclərin birində əl-qolunu ölçə-ölçə üç kişi şişman qadınla nəsə danışır, yola gətirməkdən ötrü üyüdüb tökürdülər. Bir az aralıda iki oğlan əlləri qoynunda pıçıldaşır, arabir camaata baxıb hırıldayırdılar, onlardan sağ tərəfdə dayanmış daha iki nəfərsə dinməzcə gözlərini dəhlizin solundakı qapıya dikib dayanmışdılar. Bir bölük adam da sağ yanı kəsdirmişdi, onların içindən kimsə qapılardan birinə qulağını dayayıb uğunub getmişdi, hərdən üzünü dəstəyə sarı çevirib baş barmağını havada yellədirdi. İki al yanaq, yoğun bilək, yoğun orta varlıqlar isə dəhlizin düz ortasında qoyulmuş qırmızı divanda oturub iki yaşlı əmiylə nəsə xosunlaşır, bic nəzərlərini yığılanların üstündə gəzdirirdilər. Başda düşdüm ki, bu mərtəbənin “xozeyka”ları, belə desək adminstratorları bunlardı. Ürəyimdən zay bir istək baş qaldırdı, sonralar yadıma düşəndə özümü gülməkdən zorla saxlayıram, istədim yaxınlaşıb soruşam “bağışlayın, axırıncı kimdi”. Vağzal qaynayır, pıçhapıçlar, sövdələşmələr, hıçqırtılar aləmi başına götürmüşdü, heç mən tərəfə baxan da yox idi, ya da ki adam yerinə qoymurdular. Nəsyə cəld özümü verdim dördüncü mərtəbəyə.
Bura nisbətən seyrəklik idi, dəmiryoluna yox, bir az avtovağzala oxşayırdı: bu dəfə ortadakı qırmızı divanda üç yoğun xala oturmuşdu, sağda-solda dayanımış dəstələrdən heç kim onlara sarı baxmırdı, irəli yeriyib dəhlizin axırına tərəf getmək istədim, arxadan kimsə “hara” dedi. Bu həmin qadınlardan birinin səsi idi
– Adə, bizi bəyənmədün? Onda gözlə o biriləri gəlsün də. – Başa düşdüm ki, bu dəstələrdən birinin yanında dayanıb gözləməkdən savayı çarə olmaycaq.
– Qaqaş, gözləməyin adı yoxdu e, gəl çıxıb gedək. Bunların yaxşısının elə… – küncdəki oğlanlar abır-həya qanmadan ağızlarına gələni danışırdılar.
– Hara gedək, qardaşım? Gözlə də bəlkə babatları tapıldı.
– Babat sən nəyə deyirsən? Bir az da dursam ürəyim bulanacaq.
– Səni bilmirəm, mən ayağımı bayıra atsam partlayaram. Gözlə!
– Qaqaş, bəlkə yaxşı yerə gedək?.
– Bunun yekə-yekə danışmağına bax də. Üstündə nə qədər pulun var? Ay sağ ol, onda qələtini elə dur yerində!
Qəribəydi, bu uşaqlar niyə məhz bura mıxlanmışdılar, axı hələ seçim imkanı vardı, niyə başqa mərtəbələrə qalxmırlar? Mənə nə? Götürüldüm beşinciyə.
Dəhliz boş idi, otaqlardan ara-sıra qulağıma canavar ulartısına oxşar qəribə iniltilər dəyirdi. Belə səsləri televizorda eşidən də tamam ayrı halətə düşərdim, indisə ətim ürpəndi. Yan tərəfdə iki yaşlı xanım peyda oldu, onlardan biri alışqanımın olub-olmadğını soruşdu, başımla işarə elədim ki, çəkən deyiləm. Sonra saatı soruşdu, yenə başımı buladım. İkisi də sözləşiblərmiş kimi uzun kiprikləri arasında parlayan linzalı gözlərini üzümə zillədilər, çiyinlərini əsdirir, qımışırdılar. Handan-hana mənə çatdı ki, seçim onların arasında olmalıdı, iki pisdən birini seçmək şansım yaranmışdı. Mən heç birini seçmədim, dırmaşdım altıncıya.
– Gözəlim, bir az aşağı düş də.
– Adə, bazara gəlmisən? Necə aşağı düşüm? Camaatın zayı çıxıb, vallah!
– Bu yetimin iki gündən sonra toyudu. Bir ətək xərc-xəsarəti var. Bir az aşağı düş razılaşaq də. Ürəyimsən ürəyim…
– Toyudu, Allah xoşbəxt eləsin! Balam, gərək dəlləkliyi mənim üstümdə öyrənə! Düşmürəm, vəssalam!
– Az, sən nə tərs adamsan…
– Mənim yerimə sən olsan düşərsən?!
– Ağzının danışığı bil, az!
Dəhlizin düz ortasında dayanmış orta yaşlı kişi gözəgəlimli birisiylə bərkdən danışırdı. Onların səsini mərtəbəyə qalxanda, pilləkənlərdə eşidirdim. Bu dünyanın adidən adi bazarlığı gedirdi, alan özünü mağmun göstərir, satan özünü mazata mindirirdi. Liftin qabağında, burda sən demə lift də varmış, üfürsən canı çıxan uzundraz oğlan uşağı qamış kimi əyilib hürkə-hürkə gözlərini alverçilərə zilləmişdi. Dərhal başa düşdüm ki, kişi arvadla bazarlığı özünə görə yox, onun üçün edir. Onun isə elə bil canında üşütmə vardı, yəqin bura zorla gətirildiyindən nə edəcəyini bilmirdi, bazarlıq baş tutardısa hansı məşəqqətlərdən keçməli olacaqdı yazıq. Heç şübhəsiz o, bu zalım dünyaya kişi gəlməyin fəxarətini yox, iztirabını yaşayanlardan idi. Elə bir iztirab ki, iliyinə işləmiş vəlvələ kimi ömrü boyu onunla yol gedəcəkdi. Qamış kimi əyilmiş oğlan birdən nəzərlərini bazar adamlarından ayırıb mənə sarı zillədi: ilahi, o baxışlarda nələr yox idi? Mən orda süddən yanıq qalmış, özgə qapılarında sürünən anasız körpənin əzablarını, bir tikə çörək üçün saatlarca günün altında qaralmış, yaşıdlarına qırıla-qırıla baxan oğlancığazın həsədini, balaca çiyinlərini batmanla gələn dərd-sərinin altına verdiyindən qaməti qamış tək əyilən puç olmuş ümidləri, arzuları gördüm. Mən orda bu iyrənc, amansız, quldur dünyasının bütün bazarlarına, bütün alverçilərinə nifrəti gördüm. O, boğazına qəssab bıçağı dayanmış başı xınalı qurbanlıq quzu kimi mənə baxır və sanki “qardaşımsan, apar məni burdan” deyirdi. Nə edə bilərdim ki? Yadıma məşhur romanın məşhur cümləsi düşdü: “Dərd də, azar kimi gələndə batmanla gəlir, bacım”.
Yalnız bir mərtəbə, cəmi bircə seçim imkanı qalmışdı. Üz tutdum yeddinciyə. Baho, Xəzər də burdadı ki… Qəti o biri mərtəbələrə bənzəmirdi: ortada qoyulmuş iri divanın rəngi qırmızı yox sarı idi, onun arxasındaysa divar yox, şəhərə açılan iri pəncərə var idi. Bax, həmin pəncərədən Maqomayevin ölümündən azca əvvəl Yeseninin sözlərinə yazdığı qəmgin mahnıdakı Xəzər görünürdü. Ölümünü hiss eləyən ölməz baritonun xəfif pıçıltısı bu torpağın üstündə gəzən adamların yaddaşını silkələyən kövrək bir sual verirdi: “sən kiminsən, ey türk mirvarisi?”. Bir ins-cins gözə dəymirdi, heç qapılardan ulartı səsi də eşidilmirdi. Ağlımdan birinci keçən o oldu ki, bura, heç kimin qalxmadığı göyün yeddinci qatı və “Bakı”nın seçimsiz məkanıdı. “Yaxşılarını seçəceylər, qalaceysən sulana-sulana”, – qızıldiş qapıçı haqlı imiş, bəlkə də mən içəri keçəndə o, bilirmiş ki, artıq yaxşılar qurtarıb. İstədim beşinci mərtəbəyə düşüb məndən alışqan istəyən, saat soruşan iki gombuldan birini götürüm, deyim ki, siqaretim də var, saatım da, amma qalxaq yeddinciyə. Çox səfeh qərar olardı – iki pisdən birini seçməkdənsə, geniş pəncərənin qarşısında səssizcə dayanıb “türk mirvarisi”nə baxmaq yaxşı deyildimi? Hələ xeyli müddət burada dayanıb, hətta gözəl mahnını zümzümə də edə bilərdim, lakin arxamda nəsə addım səslərinə oxşayan xışıltı hiss etməyimlə burnuma tünd ətir qoxusunun dolması bir oldu. Mən iyə qarşı çox həssasam, yasəmən ətrindən savayı hər qoxu canıma yatmır, məşhur brendlərin “kitayski” geydirmələri olandaysa qulağıma kimi qızarıram, qoltuğumun altı başlayır qaşınmağa. Elə indi də sağ qoltuğumun altını qaşıya-qaşıya geri qanrıldım. Və onu gördüm… O, qadın deyildi, əsil Herakl idi… Atasından xəbərsiz, xəlvətdə əyninə qadın paltarı geyinmiş Zevsin əzəmətli oğlu! Haqqında uydurulan bütün əfsanələri heç edərək tarixlərdən gizli saxladığı əsl simasını göstərmək üçün düz qabağımda dayanmışdı. Ölməz maestronun mahnısı dilimdə kilidləndiyindən istər-istəməz rusca salam verdim.
– Zdravstvuyte.
– Rusca niyə, qadası? Sən elə bilirsən ki burdakılar ancaq ruslardı? Səhvin var!
Açığı söhbətin belə başlamasını gözləmirdim, heç onunla danışmaq fikrim də yox idi. Qəzavü-qədər bizi aparıb dünyanın uzaq yaşıl bir adasına atsaydı və illərlə ərəl ağacın altında oturub qalsaydıq heç ona sarı baxmazdım da. İlk baxışdan gözümü qırmışdı, çox yekəydi, birdən mənə elə gəldi ki, o heç qadın da deyil. Amma yekəpərliyinə uyuşmayan səslə “qadası”nı elə dedi ki, bunu nəvaziş sevən xanımlardan başqa heç kim bacarmazdı. Qadın olmağına qadın idi, amma Herakl-qadın idi. Zövqümdə deyildi desəm, təkəbbürlü alınar, o, heç mənim yuxumda da deyildi.
– Göyün yeddinci qatına niyə dırmaşmısan? Aşağılarda bir şey tapmadın?
– Seçə bilmədim. Elə bildim burda…
– Ay yanıq, burda sənə nə təklif edirlər ki nədə seçəsən! Özümü təklif edərdim, amma yox, zövqümdə deyilsən. Qılçam boydasan. Həm də burada seçən nə sənsən, nə də mən.
– …
– Yaxşı mısmırığını sallanma, nə qədər pulun var?
– Sən hələ pul da istəyirsən?
– Yoxsa elə bilirsən xeyriyyəçilik aksiyası keçirirəm. Zövqümdə deyilsən, amma… pul versən. Təxminən yarım saat…
– İstəmirəm!
– Hələ ümid edirsən nəyisə seçə biləcəksən? Başa düş, burda bizim hamımız əslində bir adamıq… Bizi seçib bura yığıblar, biz heç kimi seçmirik.
Artıq heç nə danışmadım. Bütün pillələri bir göz qırpımında düşüb qapıya sarı götürüldüm. Qızıl diş kişi irişə-irişə yenə kiminləsə salamlaşırdı. Yenə bu dünyada alver gedirdi. Səni lənətə gələsən, Əbu Tufan məni haralara gətirib çıxardın! Hələ də mənə elə gəlirdi ki, çox az şey istəyirdim, çox az…
* * *
– Gəl mərc eləyək ki, mən onu elə bu gecə, bax elə bu qatardaca…
– Ə, uşaqdan ayıbdı.
– Uşaq niyə olur e. Guya bilmirəm ilin-günün bu vaxtında Tiflisə niyə gedir? Oxumağa? Hələ bu vaxta kimi Tiflisə oxumağa gedən görməmişəm. Mən ölüm, gəl mərc edək?
– Özün də bayaqdan millilikdən danışırsan, bunun axırı nə təhər olacaq?
– Millətimə qurban olum, sənə deyirəm o, yüz faiz rusdu. Belə götürəndə həm də qabağa düşürəm də. Guya o, Gürcüstana niyə gedir? Oxumağa? Bəlkə sənin hələ yazmadığın əsərinin gələcək oxucusudu o? Özünü mənə güldürmə, gəl mərc edək!
– Bacarmarsan axı?
– Sənə nə, bacardım, bacarmadım. Mən deyirəm ki, elə bu gecə o quşu tutacam.
Alpər müəllim yenə də yazıçıyla höcətləşmənin qızğın çağındaydı. Bu dəfə mövzu çox incə məsələ üstündə düşmüşdü, elə məsələ ki, orada milli mənsubiyyət axtarmaq düşüklük olardı. Belə başa düşdüm ki, Tifilis yolçuluğuna çıxan dumanlı xəyalım “Bakı” mehmanxanasındakı məyusluğun ağrısını yaşamaqdaykən onlar qatarın dəhlizində nəsə “quş” görüblər və Alpər də milli koloritini başına keçirib ki, bu gecə mütləq o “quş”u ovlayacaq, ətindən də qara qovurma bişirib hətta qonşu kupelərə də paylayacaq. Xəyal dumanım artıq çəkilmişdi, ağlımdakıların hamısı daş dəyən pəncərə şüşəsi kimi çiliklənib yerlə bir olmuşdu, amma yenə özümü o yerə qoymadım. Pis iş tutub başını qaldırmayan həyalı uşaqlar təki gözlərimi yerə zilləyib işin axırının nəylə qurtaracağını – qoca əbləhlərin nəhayət mərcə girib özlərini ağsaqqal maskalarının yırtacaqları anı gözləyirdim. Bir tərəfdən də həmin “quş”u görmək üçün nəsə səbirsizlənməyə başladım. Bəlkə elə bu vaxta qədər axtardığım o imiş, lap nağıllardakı kimi uzun yolun hansısa döngəsində qabağıma çıxıb. Bəlkə umsuq olduğum ləzzət nədirsə, məni Tiflis qatarında, gecənin məhz bu vədəsində haqlamalıymış? Hövsələm bir tikə olmuşdu, siqaret çəkmək bəhanəsiylə dəhlizə çıxa bilərdim, amma qocaların mübahisəsi qurtarmaq bilmirdi: əşi, nəhayət bu quşu tutacaqsınız yoxsa yox?
– Neçə dəfə sənə deyərəm, ay qamçı düzəltdirən kişi, gəl mərc edək! Elə-belə, mırta.
– Mırta mərc olar, bayaqdan neçə dəfə “mən ölüm” demisən. Heç olmasa qonaqlıqdan.
– Mən razı. Əla! Özü də bilirsən nə təhər qonaqlıq olsun, gətir-götür!
– Heç elə şey yoxdu, uduzan qonaqlığı elə indi verməlidi, bax bu qatarda. Cığallıq lazım deyil.
– Ə, canın üçün cığallıq-zad eləmirəm, elə mən də onu deyirəm.
– Onda, necə deyərlər, OK, – yazıçı dilləndi, – di dur ayağa, göstər məharətini. Bax ha, bu milli məsələ deyil, elə-belə quş ovudu.
– Ayıb söhbətdi. Sən indi gör millətinin papaq altında nə təhər oğulları yatırmış, – Alpər müəllim dilləndi və yerindən dikəlib çıxmaq istəyirdi ki, kupenin qapısı açıldı, dördüncü boş yerin yiyəsi nəhayət peyda oldu. O, xırda alnı şoran torpağın üstündəki cadarlar kimi qırışmış, heydən düşmüş, girdəsifət qoca idi. Bir az təpərli görünsəydi, gözlərində şam işığı boyda ümidi xatırladan nəsə sezdirsəydi, heç olmasa qoltuğunda qopuza oxşayan bir şey olsaydı Dədə Qorqud deyərdim ona. Alaqaranlıq kupedə onun sifətində gördüklərim bu oldu, əlindəysə heç nə yox idi.
– Sən hardan çıxdın, əşi? – Alpər müəllim dilləndi. Məlum oldu ki, zavallı qoca bayaqdan bəri hərəkət edən qatarda öz yerini gəzə-gəzə nəhayət gəlib bura çıxa bilibmiş.
– Hə, gəl-gəl ağsaqqal gəl, keç başa. Atalar da yaxşı deyib “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Nə yaxşı gəldin, yoxsa qalmışdım bu anti-milli ünsürlərin əlində, – o, bunu deyib mənə sarı gülümsündü, yazıçıya isə göz vurub “ov”a getdi.
Onun arxasınca götürülmək istədim, amma ayaqlarım sözümə baxmadı. Qoca yanını yerə basan kimi hər şeyin altı üstünə çevrildi, az qala Tiflisə niyə getməyim də yadımdan çıxacaqdı, gecənin bu qərib saatlarında qəflətən yadıma kəndimiz düşdü: yazağzı boy göstərən otun-ələfin, təzə çırtlamış tumurcuqların iyi burnuma dəydi, qırt toyuqların yanlarını basa-basa sarıbaş cücələriylə böyür-başında cükküldəşdiyi çiy kərpicdən hinimiz, qoz ağacının altına bağladığımız alabaş, onun milçəkli-mığmığalı damı gəldi durdu gözümün qabağında. Qocanın gəlişiylə əyri-üyrü çəpərimizi, onun qırağından çəkdiyimiz içi alaq-ulaqla dolu arxımızı xatırladım, qarğıdan at düzəldib Koroğlu kimi dördnala çapan tumançaq uşaq elə bil bu dəqiqə gəlib kupenin ortasından keçdi, hələ qımışa-qımışa mənə dilini də çıxardı. Sonra həmin uşağı sıx nar ağaclarının altında, alaqlı-ulaqlı arxın qırağında çöməlib ağzı-burnu qıpqırmızı şirənin içində nar sortuqlayan gördüm. O, bura təkcə nar yeməyəmi gəlirdi? Qarnının dərdi başqaydı, amma həm də nar yeyirdi. Özünü xəlvətə verib, balaca əllərini böyürtikən tikanları deşə-deşə, sarmaşıqlı çəpəri aralayıb qonşunun Moskvadakı oğlunun təzə gətirdiyi urus gəlininə baxmaqdan sarı ürəyi atlanırdı; gəlin çiyninə qədər açıq yüngül paltarda həyətdə görünən təki dünya dərhal gözəlləşir, hər yan bənövşəyi rəngə bürünür, burnuna isə yalnız yasəmən ətri gəlirdi. Lap mahnıdakı “Sarı gəlin” kimiydi… O, bu torpağın cehiz yığan, yun darayan, yorğan sırıyan, səhər o başdandan kətman vuran, pambıq becərən, hinduşka saxlayan, quzu otaran qızlarının tayı deyildi, su pərisi idi, ayrı dünyadan gəlmişdi.Uşaq kirlənməmiş qəlbinin tər-təmiz, saf bir guşəsində o pərinin şəklini asmışdı və qumral saçlarını hörüb çiyinə sallamış pəri eləcə gülümsünürdü, vəssalam. Əlinə çıraq, ayağına dəmir çıraq geyinib dünyanı ələk-vələk eləməyin adı yox idi, axtardığı, bütün ömrü boyu soraqlayacağı o idi – çəpərin o üzündə dayanmışdı. Çox yaxındaydı, amma əli çatmırdı… Sonralar görəcəyi, ürəyinə yaxın buraxmağa çalışacağı qızların hamısında ondan nəsə nişanə axtaracaqdı – gözlərinin maviliyindən, dərisinin parlaqlığından, saçının qumrallığından nəsə tapmaq istəyəcəkdi, amma bütün bunların hamısı bir yerdə heç vaxt olmayacaqdı. Lap sonralar anlayacaqdı ki, ömrünün ən yaxşı anları qarğıdan at çapdığı, əlini tikan, sarmaşıq didə-didə çəpərin yarığında ilişib qaldığı, ağzının sulandığı vaxtlar imiş.
Qocanın gəlişiylə fikrim əməllicə dolaşmışdı, gözgörəti kələfin ucunu itirmişdim. Qəribəydi, gecənin bu vədəsində Tiflis qatarında nə işim vardı? Bəlkə bu qatar heç Tiflisə getmir, kəndimizdən, kol-kos basmış həyətimizdən keçəcək və sarmaşıqlı çəpərimizin yanında dayanıb deyəcək ki, düş, a bala, o çəpər, o nar ağacları, o da sənin qarğı atın min, çap, amma pərin tay yoxdu…
Bu qoca yaman qocadı, heç o birilərinin tayı deyildi: adamın ürəyini bulandırmasa da, heç yanında oturmaq da istəmirsən, heç babama da oxşamır. Babam demişkən…
– Yaman gec qaldıq. Yaşı keçir, uşağı müsəlman eləməyin vaxtı çoxdan çatıb. Bu boyda da günü-günə calamaq olar? Papağını fırla məktəb vaxtı yetişəcək. Sonra tutub saxlamaq da olmayacaq. Bir az əlli tərpən, a bala, – babamın bu sözləri təndir damının altında atam olan oğluna xısın-xısın dediyini eşitmişdim. Doğurdan da vaxt keçirdi, məhləmizdə müsəlman olmayan bir mən qalmışdım, bir də Lal Cümşüdün yetimləri. Aydın məsələdi, onların qabağa düşəni yox idi, heç kənd-kəsəkdən də bir başı papaqlı irəli çıxıb yetimlərin savabına batmağa tələsmirdi. Mənimsə atam da vardı, babam da, hələ üstəlik nənələrimin də canısulu vaxtlarıydı. Tay-tuşlarımdan müsəlmançılıqla bağlı qara-qura şeylər eşitmişdim, hərə artırıb-azaldıb, birinin üstünə beşini də qoyub danışardı: ay nə bilim, kirvənin qucağından elə otuzdururlar, adamın ayağını belə aralayırlar, mili belə soxurlar, ülgücü elə çıxarırlar – bir sözlə eşidəndə ətim ürpənirdi. Can şirin şeydi axı, qorxudan tir-tir titrəyirdim, əsə-əsə nənəmin tumanının böyrünə qısılıb pıçıldadım:
– Bəlkə mən heç müsəlman olmayım.
Arvad uğunub getdi.
– Ay sənin toyunu görüm, ə, heylə şey olar. Onda sənə kim qız verər?
“Heç verməsinlər, müsəlman olmaq bu kənddən qız almaqdısa heç istəmirəm. Çəpərim o üzündə gözəl-göyçək pərim var, hər dəfə ona baxanda burnuma yasəmən ətri dəyir. Qoy bu elin qızları yorğan sırısınlar, hinduşka saxlasınlar, heç birində gözüm yoxdu, anam-bacım olsunlar. Müsəlman olmaq toyuq başı kəsməkdisə, bəlkə mən heç müsəlman olmayım”, – bunları, ürəyimdə pıçıldadım, özü də həmin vaxt nənəmin tumanının böyründə yox, uzun illər üstündən ötəndən sonra. İndi belə başa düşürəm ki, həmin günü mən öz uşaq ağlımla əslində ilk seçimimi eləməyə cəhd göstəribmişəm, hələ o vaxt “Bakı” mehmanxanasının yolunu-yolağasını tanımırdım, hələ o illərə çox vardı, lap çox. İlk seçim və ilk məyusluq… Dadı-duzu damağımda qalıb…
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?