Текст книги "Çarli Çaplin"
Автор книги: Питер Акройд
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Küçə uşağı
1901-ci il aprelin 13-də Çarli «Lankaşir oğlanları»ndan çıxır. O, astmadan əziyyət çəkirdi. Hanna əmin idi ki, ağır zəhmət tələb edən artistlik oğlunun səhhətini pozub. Sidni gəmidə yenicə işə düzəlmişdi. Anası qərara alır ki, kiçik oğlu artıq evdən çıxmaya, işləməyə bilər.
Çaplinin, doğrudan da, tez-tez havası çatmır, təngnəfəs olurdu. Bunda astma ilə yanaşı, anası ilə qaldığı otağın kiçik, darısqal olması da az rol oynamırdı. Müraciət etdikləri həkim xəstəliyin uşaq böyüdükcə keçəcəyini demişdi. Xoşbəxtlikdən həkim yanılmamışdı.
Həmin günlərdə ata Çaplinin səhhəti pisləşdi. O, çoxdandır içkiyə qurşanmışdı, nəticədə qaraciyər sirrozuna mübtəla oldu və öldü. Çarlz mayın 9-da dəfn olundu. Dəfni varyete artistlərinə xeyriyyə fondu təşkil etmişdi.
Tezliklə Çarli yeni iş axtarmaq məcburiyyətində qalır. O, anasından gizlicə, qoluna matəm lenti bağlayıb yazıq səslə atasının öldüyünü deyərək pablarda nərgizgülü satır. Dərddən üzülən uşağa kim biganə qalar? Hanna onun pabdan əlində gül dəstələri çıxdığını görənə qədər alver yaxşı gedir. Qadın Çarliyə atasının bədbəxtliyinə səbəb olan pablara getməsinə qəti etiraz edir. Belədə Çaplin özünü başqa işlərdə sınamağa başlayır. Süd dükanında kuryer, həkimin qəbul otağında qeydçi, kantor xidmətçisi, bərbər köməkçisi işləyir, metroda qəzet satır. O hətta rəqs dərsləri də verir.
Çaplin kasıblığa nifrət eləyirdi. O həmin dövrlərdə anasının tamam kasıblamış tanış artist qadınla küçədə necə rastlaşdığını xatırlayır. Küçə uşaqları üst-başı tökülmüş qadını ələ salırdılar. Bunu görən Hanna uşaqları qovur. Onda qadın deyir: «Lili, məni tanıyırsan? Mən Yeva Lestokam!» Ona nə vaxtsa «diribaş Yeva» deyirdilər. Qəzetlər bu qadını tragikomik mahnıların ən gözəl ifaçısı kimi vəsf eləyirdi. İndi isə Yeva körpülərin altında yatır.
Qadının halını görən Hannanın ona ürəyi yanır, keçmiş rəfiqəsini evə aparır. Çarli buna görə hirslənir. Qadın onun üçün adicə bir səfil idi. Kasıblığa nifrət edən Çaplinin isə artıq yoxsul və tənha adamlara yazığı gəlmir.
Hanna müzik-hollun keçmiş ulduzunu hamama getməyə, yuyunub-təmizlənməyə məcbur edir. Həmin gündən Yeva üç gün Çaplingilin darısqal mənzilində qalır.
Çaplinin anası ilə yaşadığı Londondakı son mənzillərdən biri Pounell-terrasda yerləşir. Çox sonralar, 1943-cü ildə, II Dünya müharibəsi zamanı Çaplin radio verilişlərindən birində həmin binanı ömürboyu xatırlayacağını söyləmişdi. Mənzilin havasına köhnə paltarların, tullantıların üfunət qoxusu hopmuşdu. Çirkli boşqablar, fincanlar stolun üstünə qalaqlanmışdı. Küncdəki dəmir çarpayıda anası yatır, çarpayının yanındakı kreslonu isə gecələr Çarli üçün açırdılar.
Bəzi mühüm hadisələr məhz bu otaqda baş vermişdi. 1903-cü ilin yazında axşam evə gələn Çaplin qonşu qızdan eşidir ki, anası dəli olub. Qonşular artıq həkim çağırıblar. Həkim Çarliyə deyir ki, anasını xəstəxanaya aparmaq lazımdır. Görünür, Hanna da xəstəxanaya getmək istəyir. Xəstəxana onun üçün sığına bildiyi yerdir. Bir çox illər sonra Çaplin müsahibələrinin birində deyəcəkdi: «Mən – anasının qolundan tutub, onu dumanın, soyuğun və üfunətin içindən qorxa-qorxa dartıb aparan balaca, arıq uşağı hələ də görürəm».
Hanna həmişəlik vidalaşırmış kimi oğlunu xəstəxanada uzun-uzadı süzür. Tibb bacıları Çarlini həkimin yanına aparırlar. Həkim oğlanı yaşayış şəraiti ilə bağlı sorğu-suala tutur. O, tez-tələsik cavab verir ki, xalasının yanında qalacaq. Çünki daha yetimxanaya qayıtmaq istəmir.
Çarli Pounell-terrasdakı mənzillərinə qayıdır. Ev sahibəsi ona yeni kirayəçi tapılana qədər burada qalmağa icazə verir. Çarli adamlardan qaçır, gününü veyillənməklə keçirir. Bəzən kimdənsə yemək istəyir, bəzən isə oğurluğa baş vurur. Sonra odun doğrayıb satanlarla tanış olur. Onlara kömək edib əvəzində pul alır.
Həmin günlərdə Çarli böyük qardaşı Sidninin dənizdən qayıtmasını səbirsizliklə gözləyirdi. Hannanı xəstəxanaya qoyandan bir neçə gün sonra qardaşının üzdüyü gəmi Saythaptonda lövbər salır. «Əgər Sidni Londona qayıtmasa, – Çaplin sonralar etiraf edirdi, – yəqin, əməlli-başlı oğurluğa girişəcəkdim… Axırda isə məni, yəqin ki, kimsəsizlər qəbiristanlığında dəfn etməli olacaqdılar». Xoşbəxtlikdən Sidninin gəldiyini kimsə teleqramla kiçik qardaşına xəbər verir. Vağzalda onu üst-başı cırıq küçə uşağı qarşılayır. «Sidni, məni tanımadın? Mən Çarliyəm», – uşaq dillənir. Qardaşının görkəmi Sidnini heyrətləndirir. Onu hamama aparır, əyninə təzə paltar geyindirir. Sidni eşidir ki, anası psixiatriya xəstəxanasına aparılıb. Kiçik qardaşı ilə birgə ona baş çəkməyə gedir. Hanna çox dəyişib. Uşaqlarının gəlişinə, az qala, reaksiya vermir.
Ağlı başına gəldiyi az bir müddəti nəzərə almasaq, Hanna sonrakı 17 ili tamamilə müalicəxanada keçirməli olacaqdı…
Ciddiyyəti qorumaq
Ən çətin anlarda belə Çaplin teatrı unutmurdu. O, vaxtaşırı teatr agentliyinə baş çəkir və həmişə cavab alırdı: «Sizin üçün heç bir iş yoxdur». Lakin Sidni qayıdandan bir ay sonra Çarliyə dəvət məktubu göndərilir. Məktubda yazılmışdı ki, Amerika dramaturqu Uilyam Cilletin «Şerlok Holms» pyesində kuryer roluna aktyor tələb olunur.
Həyatının ağır dövrlərində bəxti gətirən Çaplinin üzünə bu dəfə uğur iki dəfə gülür. Holms rolunu oynayacaq aktyor H.Sentsberinin özü «Cim. Səfilin macərası» pyesini yazır. Sentsberi on dörd yaşlı Çaplini görən kimi onun küçədə qəzet satan oğlan roluna uyğun gəldiyini dərhal anlayır. Uşağın bu işlə bir vaxtlar məşğul olduğunu isə müəllif hələ bilmir. Çaplin ssenarini evə aparır. Sidni mətni oxuyub əzbərləməkdə ona kömək edir.
Çarlini hər şeydən çox alacağı məvacib maraqlandırırdı. Direktorun təklifini eşidəndə deyir ki, bunu qardaşı ilə məsləhətləşməlidir. Direktor onun sözlərinə gülür. Həmin vaxt bu sözlər, doğrudan da, gülməli görünə bilərdi. Bəyəm iş tapmaq elə asan idi?!
Onu da deyək ki, Sidni həmin vaxtdan sonra, demək olar, ömürboyu Çaplinin maliyyə məsləhətçisi olaraq qalacaqdı.
«Cim. Səfilin macərası» tamaşasının premyerası 1903-cü il iyulun 6-da baş tutur. Sonuncu tamaşa isə vur-tut iki həftə sonra oynanılır. Ancaq Çaplin aktyor ustalığı dərslərinə artıq yiyələnib. Sentsberi hərəkət ritminin nə olduğunu ona izah eləyib, pauza verməyi, səsini idarə etməyi, səhnəyə necə çıxmağı, hətta düzgün oturmağı öyrədib. Çarli deyir ki, bütün bunlar onda çox təbii alınır. Doğrudur, Çaplində roldan kənara çıxmalar da olur. Üstəlik, başını yersiz yerə oynadır. Bununla belə, səhnə istedadını danmaq mümkün deyil.
Pyes üzərində iş qəhrəmanımızda böyük təəssürat yaradır. Hətta üstündən illər keçəndən sonra da həmin rolun sözlərini unutmur. Bundan başqa, Çarli özü üçün bir nəticə də çıxarır: çox sonralar öz aktyorlarına tez-tez təkrar eləyir ki, başlarını mənasız yerə oynatmasınlar.
Dediyimiz kimi, «Cim. Səfilin macərası» tamaşasının ömrü uzun olmur: əsər uğur qazanmasa belə, Çaplin tamaşaçıların diqqətini çəkməyi bacarır. Londonun əl-ayaqdan uzaq, ucqar məhləsindən çıxmış sırtıq, ancaq təmizürəkli qəzet satan Sem obrazı onu tanıdır. Buna təəccüblənməyə dəyməz – Çarli həmin aləmə, həmin adamlara yaxşı bələd idi…
Tezliklə «Şerlok Holms»un qastrolları başlayır. Çaplin ilk həftəlik məvacibinə fotoaparat alır və asudə vaxtlarında küçədə şəkillər çəkib pul qazanır. Ümumiyyətlə, o, həmişə pul qazanmağa can atırdı… Blekbörndə truppa ilə birgə hoteldə yaşayır. Bir dəfə Çaplin fermerlərin məclis qurduğu qonaq otağına girir və ona tanış olmayan auditoriya qarşısında oxumağa başlayır. Sonra hamını təəccübləndirərək rəqs eləyir. Axırda isə pul toplamaq üçün şlyapasını çıxarıb dövrə vurur.
Həmin günlərdə Sidni ona tez-tez məktub yazır. «Anamız xəstələnəndən sonra, – Sidni məktublarının birində yazır, – bizim bir-birimizdən başqa dünyada heç kimimiz qalmayıb. Ona görə mənə tez-tez məktub yaz ki, qardaşım olduğunu hiss eləyim». Ancaq Çaplin məktub yazmaq həvəskarı deyil.
Çaplin tamaşada Şerlok Holmsın nökəri Bill rolunu oynayırdı. Tezliklə mətbuatda yeniyetmə aktyor haqqında müsbət rəylər çap edilir. Onun fərasətli nökər obrazının tamaşaçıların sevimlisinə çevrilməsindən ağızdolusu yazılır.
Uzun illərdən sonra Çaplinin katibi qəzetlərdən kəsilmiş parçalar kolleksiyasını tapır. Orada Billi obrazı barədə iki rəy də var. Birində Çaplinin Billi obrazını çox təbii oynadığı, digərində isə, ümumiyyətlə, parlaq aktyor oyunu və böyük fantaziya nümayiş etdirdiyi qeyd olunub. Həmin sətirlərin altından xətt çəkən Çarli bu resenziyaları ömrünün sonuna qədər saxlayıb. Məhz haqqında danışdığımız turne99
Turne – qapalı marşrut üzrə səyahət; bir nöqtədən çıxıb müəyyən olunmuş məntəqələrə səyahət etdikdən sonra yenidən həmin yerə qayıtmaq
[Закрыть] zamanı Çaplinin ilk karikaturası işıq üzü görür. Karikatura müəllifi isə Corc Kuk idi.
1903-cü ilin sonunda Çarli truppa direktorunu yola gətirir ki, «Şerlok Holms» tamaşasında qardaşı Sidniyə də rol versin. Beləcə, Sidni qoca aristokrat rolunu oynayır. Ancaq şübhə yoxdur ki, onun truppaya götürülmə səbəblərindən biri kiçik qardaşına nəzarət etmək üçündür.
Bir neçə həftədən sonra psixiatriya müalicəxanasından çıxan Hanna da onlara qoşulur. Artıq ailənin pulu var. Uşaqlar özlərinə iki yataq otağı olan mənzil kirayələyirlər. Hanna alış-verişlə məşğul olur, otaqları yığışdırır. Ancaq onun susqunluğu, özünü həmişəkindən fərqli olaraq hədsiz sakit aparması narahatlıq doğurur. Qardaşlar qadını Çester-stritə göndərməyə qərar verirlər. Orada – vərdiş etdiyi həyatı yaşamaq Hanna üçün daha rahat olardı.
Qastrollar yayın əvvəlinə qədər davam eləyir. İndi gənc Çaplin dincələ bilər. O, Sidni ilə birlikdə Çester-stritə, anasının yanına gedir. Qardaşların Cester-stritdə qaldıqları müddətdə nə işlə məşğul olduqları məlum deyil. Ancaq Çarli sonralar qeyd edirdi ki, oktyabrın sonlarında yeni truppa ilə qastrola çıxanda özünü xeyli yüngülləşmiş hiss eləyirdi. Görünür, Hanna ilə yaşamaq qardaşlar üçün artıq tamamilə işgəncəyə dönübmüş.
Sidni isə canını qurtarmaq üçün yenidən dənizə üz tutur. O, üç aydan sonra Kenninqtona qayıdanda Hannanın xəstəliyi daha da şiddətlənmişdi. Bu səbəbdən də 1905-ci il martın 16-da qadın xəstəxanaya aparılır. «O gah rəqs eləyir, gah oxuyur, gah ağlayır. Xəstə hərdən pis hərəkətlərə yol verir, nalayiq sözlər danışır, hərdən dua eləyib təzədən doğulduğunu deyir», – Hannanın xəstəlik kağızında belə yazılıb. İki gündən sonra onu yenidən psixiatriya müalicəxanasına aparırlar. Hanna yeddi il orada qalır. Daha sonra şəxsi klinikaya köçürürlər. Klinikanın xərcini isə həmin vaxt artıq varlı və məşhur olan Çaplin ödəyirdi.
İkinci qastrol 1905-ci ilin mayında sona çatır. Çarli yenə bir müddət dincəlir.
«Şerlok Holms»un uğuru həqiqətən möhtəşəm idi!
Həmin il avqustun ortalarında Çaplin üçüncü turneyə çıxır. Bu dəfə partnyorları onu razı salmır. O, truppanı zəif hesab eləyir, əvvəlki heyətin bu və ya başqa səhnəni necə oynamalı olduğunu daim irad tutur və beləcə aktyorlarla münasibəti korlayır. İlk skripkanı da məhz həmin dövrdə alır. Sonra ona violonçel də qoşulacaq. Melanxolik musiqi onun xarakterinə çox uyğun gəlir. Çaplin oktyabrda truppadan çox rahatlıqla ayrılır.
Həmin dövrdə yeniyetmə aktyor anasına nadir hallarda məktub yazırdı. Yanına tez-tez gedib-getmədiyi isə məlum deyil. Anasının dəli olmağı onu qorxudurdu. Otuz səkkiz il ərzində Çaplinin filmlərində operator vəzifəsini yerinə yetirən Roland Totero (1890–1967) sonralar xatırlayırdı ki, Çarli özü də bir gün dəlixanaya düşəcəyindən çox narahat idi. Başqa tanışları da onun tez-tez dəlilik haqqında düşündüyünü yazırlar. O, arvadının necə dəli olmasından bəhs edən köhnə mahnını zümzümə etməyi xoşlayırdı. «Bax burasında nəsə xarab olmuşdu» deyəndə Çarli əlini öz başına toxundururdu. Ola bilsin, hərdən qışqırıb özündən çıxması, əhvalının qəfil pozulması da məhz haçansa dəli olacağı qorxusu ilə bağlı idi. Bütün bu səbəblərdən Çaplin yaşlı vaxtlarında daim nevropatoloqa müraciət eləmək məcburiyyətində qalacaqdı…
«Şerlok Holms»ın son tamaşası 1905-ci il dekabrın 2-də, Uilyam Cillet teatrdan qəfil şəkildə ayrıldıqdan sonra oynanılır. Halbuki Çaplin aktyor sənətinin sirlərinə yiyələnmək üçün Cilletlə hələ uzun müddət bir yerdə olacağına ümid eləyirdi. Beləliklə, Çarli yenidən bir müddət işsiz qalır, bilyardxanalarda veyillənir. Hərdən əyləncələrə baş vurur. Buna baxmayaraq, onun üçün ən başlıca şey – işdir. 1906-cı ilin əvvəlində «Şerlok Holms»la öz dördüncü turnesinə çıxır. Tamaşanı Londonun ətraflarında, həmçinin şimaldakı bir neçə şəhərdə oynayırlar. Həmin vaxt tamaşanın özü də, rol da, görünür, Çaplini artıq bezdirir. Bu səbəbdən də Sidni qardaşını, əsasən, balaqan komediyaları oynayan truppaya keçməyə həvəsləndirir. Beləcə, Çarli üç ay «Təmir» adlı məzhəkədə fərsiz dülgər rolunu oynayır. Pyesin gedişində fəhlələr evdə hər şeyi alt-üst edirlər. Palçıq vedrələri çönür, nərdivanlar aşır, boya hər tərəfə sıçrayır…
Lakin «Təmir»də oynamaq Çarlinin ürəyincə deyildi. O, ciddi aktyor olmaq istəyirdi. Buna görə də anasının söhbətlərindən yaxşı bələd olduğu müzik-holl dünyasına qayıdır. İndi onu qarşıda məzhəkəçilər, tryuklar1010
Tryuk – xüsusi effektli hərəkət və ya texniki fənd
[Закрыть], parodiyalar gözləyirdi. Yeri gəlmişkən, «Təmir» Çaplinin sözsüz oynadığı ilk pyesdir.
Həmin günlərdə təsadüfən gözünə qəzetdəki bir elan sataşır: 14–19 yaş arası kişi cinsindən olan komediya aktyorları qəbul edilir.
Artıq 17 yaşı tamam olan Çarli özünü sınamaq qərarına gəlir.
Elanı verən «Keysi sirki» fəhlə məhəllələrində yaşayan gənclərin müzik-holl repertuarlarından populyar nömrələri oynadığı bir şou idi. Bu janr satira, vulqar mahnılar, qısa intermediyalar üçün yaxşı imkan yaradırdı. Həmin şouda Çaplin özünü suda balıq kimi hiss eləyir. O, 1906-cı ilin yazında truppaya qəbul olunur.
Sonralar Çaplin bu şounu dəhşətli adlandıracaqdı, lakin onu da etiraf edəcəkdi ki, «Keyski sirki» komediya sənətini dərindən mənimsəməsində ciddi rol oynayıb. Truppanın baş komediya aktyoru Uill Mürrey isə fəxrlə söyləyəcəkdi: «Təvazökarlıq etmədən deyə bilərəm ki, Çarliyə sürüşmə hərəkətini məhz mən öyrətmişəm».
Çaplinin sonralar bir çox filmlərdə istifadə etdiyi bu hərəkət onun, bir növ, vizit kartı olur. Bir ayağını qaldırıb o biri ilə yüngülcə tullanır – bu, bir növ, sürüşməyə oxşayır. Çaplin heç də adi olmayan həmin tryuku Mürreylə uzun sürən məşqlərdən sonra mənimsəyir. Gənc aktyor eyni zamanda qaçarkən birdən dayanmağı da öyrənir – qəfil «tormozlayıb» bir ayağının üstündə donub-qalır. Ağzı üstə yıxılmamaq üçün isə bu vaxt sinəsini qabağa verir. Başını, bədənini həmişə dik tutur.
Çaplin başqa komik tryuklar da mənimsəyir: əl ağacını qarmaqdan asmağa çalışır, ancaq onu tərsinə tutur. Əl ağacı tappıltıyla yerə düşür. Əl ağacını qaldıranda isə başından şlyapa düşür. Çarli şlyapanı təzədən başına keçirmək istəyir. Ancaq içindən bir qalaq kağız tökülür və şlyapa aşağı sürüşüb, az qala, üzünü örtür. Tamaşaçılar gülüşürlər.
Çaplin hərəkətləri gülməli alınan ciddi adamı oynayır. O anlayır ki, özünü nə qədər təmkinli aparsa, hərəkətləri də bir o qədər gülməli görünər.
Həmin vaxtlar populyar komik mahnılarının müəllifi olan Den Lipton sonralar xatırlayacaqdı: «Bu oğlan görmədiyi adamı da əla parodiya eləyə bilirdi. Soyuqqanlılığını saxlamağı bacarırdı, ancaq əsl artistlər kimi emosional və temperamentli idi. O həm də çox ciddi oğlan idi, elə işləyirdi ki, sanki həyatı bundan asılı idi».
1907-ci ilin yayında Çarli «Keysi sirki»ni tərk edir. Qarşıda onu nələr gözlədiyindən xəbərsiz idi. Bu məcburi istirahət zamanı o, «Şən mayor» adlı pyesdə yaşlı baş qəhrəman roluna razılaşır… Öz dediyinə görə, sonra «On iki ədalətli kişi» adında ekssentrik1111
Ekssentrik – kəskin səs, zidd görüşlər, qeyri-adi və çox gülməli üsullar əsasında olan tamaşa
[Закрыть] komediya yazır və baş rolu oynamağa hazırlaşır. Ancaq üç günlük məşqdən sonra pyes qəbul olunmur. Bunun ardınca başqa bir tamaşada Çaplin, ola bilsin, ümidsizlikdən yəhudi komiki roluna razılıq verir. Ancaq çoxu yəhudilərdən ibarət olan auditoriya tamaşanı bəyənmir. Hətta bəzi zarafatları yəhudilərə nifrətin – antisemitizmin əlaməti sayıb onu fitə basırlar.
Böyük qardaşı Sidninin bəxti isə bu zaman daha çox gətirir. O, 1906-cı ilin yayında məşhur komediyaçı Fred Karnonun (1866–1941) dəstəsinə qoşulub və artıq tanınmağa başlayıb. Həmişə qardaşına kömək etməyə çalışan Sidni Karnonu yola gətirir ki, işsiz qalan gəncə şans versin.
Keçmiş gimnast və akrobat olan Fred Karno həmin vaxt qeyri-adi şou yaratmışdı. Səhnələr sürətli və coşqun idi, mürəkkəb nömrələr cəld hərəkətlərlə yerinə yetirilir, hər şey saniyəsinə qədər ölçülüb-biçilirdi. Karno üç evi birləşdirib özünə qərargah düzəltmişdi. Bütün kostyumlar, dekorasiyalar, rekvizitlər burada hazırlanırdı. Avtobuslar aktyorları paytaxtın müzik-hollarına buradan daşıyırdı. Kremli tortlar (kremli tortu üzə çırpmaq nömrəsini məhz Karno düşünüb tapıb), sirk velosipedləri, fırlanan boşqablar, yanan məşəllər – bunların hamısı afişalarda təsvir olunurdu. Sketçlərdə1212
Sketç – kiçik məzəli əhvalat; məzhəkə
[Закрыть] velosipedli oğrular, boksçular və əyyaşlar «iştirak» eləyirdi.
Beləliklə, Karno Sidninin sözünə qulaq asıb onun kiçik qardaşı ilə görüşməyə razılaşır. Direktor Çarlini son dərəcə utancaq və cılız hesab eləyir. Ancaq Sidninin israrlı xahişindən sonra bu gənci yoxlamağa razı olur. Çaplinin 18 yaşı var idi, lakin yaşından xeyli kiçik görünürdü. Karno bunu deyəndə o, cavab olaraq çiynini çəkir və bildirir ki, qrim1313
Qrim – teatr və kinoda kosmetik vasitələrin köməyi ilə aktyor və aparıcıların üz cizgilərinin dəyişdirilməsi, yaxud sifətin obraza uyğunlaşdırılması
[Закрыть] hər şeyi yoluna qoya bilər. Məhz belə saymazyana cavab Çaplinin işə düzəlməsinə kömək edir.
Fred Karno aktyorları çox məşq elətdirirdi. İllər sonra – 1942-ci ilin yanvarında Çaplin «Variety» adlı jurnaldakı məqaləsində bu haqda belə yazacaqdı: «Karno ilə işləyən hər kəs əla ritm duyğusuna sahib olmalı və truppanın qalan aktyorlarının xüsusiyyətlərini yaxşı bilməli idi. Yalnız belədə hamı birlikdə lazım olan tempi əldə etmək mümkün idi». Məhz sürət və ritm Çaplinin bütün filmlərinə xas olan cəhətdir. Karno həmçinin öz aktyorlarına deyirdi ki, yumorun əsasında gözlənilməzlik və ritmin kəskin dəyişməsi durur. Karno onlara ciddiyyətlərini qorumağı məsləhət görürdü: «Əgər adama toxunub yıxırsınızsa, onun təpəsindən öpün. Əgər kimisə bərk vurursunuzsa, bir neçə saniyə günahkar görkəm alın. Bu, hərəkəti gülməli edir».
Çaplin yuxarıdakı ilk komediya dərslərini heç vaxt unutmayacaqdı.
O, 1908-ci ilin əvvəlində Karnonun truppası ilə qastrola yollanıb «Futbol oyunu» adlı pyesdə ilk dəfə çıxış edir. Pyesdə Çarlinin rolu kiçik olsa da, düşündüyü tryukların köməyi ilə tamaşaçıların diqqətini çəkə bilir: hantellərə toxunub büdrəyir, əl ağacı ilə boksçu armuduna ilişir, düyməsi qırıldığından şalvarı əynindən düşür. Tamaşaçılar gülürlər. Tezliklə onun səhnəyə hər çıxışı alqışlarla qarşılanır. Çaplin sevinir. Artıq şübhə yox idi ki, o bir də heç vaxt işsiz qalmayacaq.
1908-ci ilin yayından Çaplinlə böyük qardaşı birlikdə çıxış etməyə başlayırlar. Onlar məşhurların yaşadığı Brikston-roudda dördotaqlı mənzil kirayələyirlər. Evi bəzəyib qonaq otağının döşəməsinə xalça salırlar, yaraşıqlı mebel alırlar.
Həmin vaxt Sidni ilə Çarli bir gecədə, adətən, üç müzik-hollda çıxış edirdilər. Çarli rəqqasəlik öyrənən qızla tanış olur. Hetti Kelli adlı bu qızın vur-tut on beş yaşı tamam olub. Çaplinin ilk məhəbbət hekayəsi başlayır və uzun çəkmir. Onlar üç gün görüşüb London küçələrini ayaqdan salırlar. Dördüncü gün Çarli qızın soyuqluğunu hiss edib ondan inciyir. Təcrübəsiz gənclərə xas olan sual-cavab başlayır. Onlar bir-birini sevirlərmi? Məni çoxmu sevirsiniz? Sevgi nədir? Biz gərək ayrılaq, daha bir-birimizi görməyək. Əlvida.
Əlli il sonra Çaplin həyəcan dolu bu söhbətləri öz kitabında yenidən xatırlayacaqdı. Tamamilə aydındır ki, ilk məhəbbət uzun illər Çaplinin yadından çıxmayıb, saf bir duyğu kimi qəlbinin bir küncündə əbədi olaraq qalıb…
Karnonun truppası ilə qastrollar tezliklə bütün ölkəni əhatə eləyir. Bu turne zamanı Çaplin axır ki, məqsədinə çatır: «Futbol oyunu» pyesində baş rolda oynayır. Ancaq premyeradan əvvəl keçirdiyi həyəcan onda laringitə səbəb olur və bir komik kimi karyerasının üstündən xətt çəkilir. Belə bədbəxtçilik anasının da başına gəlib. Karno qəzəblənir, ancaq Sidni onu dilə tutur ki, qardaşına başqa tamaşada sözsüz rol versin. Beləcə, Çaplinin canlandırdığı və «Kefli centlmen» kimi tanınan personaj müzik-hollun «Oxumayan quşlar» pantomimasına böyük rəğbət qazandırır. Frak geyinmiş, ağ kəpənək qalstuk taxmış kefli centlmenin özünü necə apardığını Çaplin Londonun cənubunda yaşadığı vaxtlardan yaxşı bilir. Pantomimo müzik-hollda onun başlıca ampluasına çevrilir və kinematoqrafiyanın qapılarını Çarlinin üzünə taybatay açır.
Bunun ardınca Çarli «Cəsur Cimmi» adlı komediya sketçində baş rolu oynayır. Onun qəhrəmanı darıxdırıcı günlərdən qaçıb macəra arzulayır. Çaplinin səhnəyə çıxışını tamaşaçılar gurultulu alqışlarla qarşılayırlar. Epizodların birində o, kitab oxuya-oxuya dalğın halda çörək buxankasını kəsir və özü də bilmədən onu dodaq qarmonuna çevirir. Çaplin bu zarafatı 1915-ci ildə çəkilən «Avtomobillə qaçış» qısametrajlı filmində də istifadə edir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?