Электронная библиотека » Piter Kouter » » онлайн чтение - страница 1

Текст книги "Bozqurdlar"


  • Текст добавлен: 16 ноября 2022, 07:41


Автор книги: Piter Kouter


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 29 страниц)

Шрифт:
- 100% +

Hüseyn Nihal Atsız


BOZQURDLAR

ölür, dirilir


roman

3


TÜRK OĞLU – AT BELİNDƏ


Hüseyn Nihal Adsızın “Bozqurdlar” romanını ilk dəfə iyrimi dörd, iyrimi beş il əvvəl oxumuşdum, hardasa əlli yaşlarımda və onda hələ Türkiyəyə gediş-gəlişlər imkansızdı, ya da seyrəkdi, Sovet rejminin çöküşünə də bir xeyli vaxt qalırdı. Oxuduğum vaxtlarda isə içimdən bu bənzərsiz əsəri Azərbaycan türkçəsinə uyğunlaşdırmaq keçmişdi. Ürəyimdən keçənləri bir Tanrı diqtəsi sayanlardan olduğumdan, ürəyimə daman kimi də hərəkət etmiş və əsəri dilimizə uyğunlaşdırıb çap etdirmişdim.

Otuz min tirajla çap olunan roman qısa müddətdə oxucular tərəfindən çox böyük maraqla qarşılanmış, tirajı az zaman içərisində alınıb qurtarmışdı. Görünür, kitablar da insanlar kimidir, onların da hardasa öz taleyi var, gətirməyəndə onların da taleyi gətirmir. Əsərin ikinci nəşrinə hazırlıq görülərkən qanlı hadisələr tale qapımızı döymüş və əsərin nəşri “görünməz aylara, illərə qalmışdı”…

Fransız tarixçisi Fernand Brodel tarixi üç qatlı bir binaya bənzədir. Ən üst qatda, dənizin dalğaları kimi hər an dəyişən və yenidən şəkillənən hadisələrin tarixi var.. Bu, fərdin müdaxilə edə biləcəyi bir tarixdir. Hərəkətli tarixin altında ritmi yavaşıdılmış bir başqa tarix daha axar. Onun səssiz, amma daha güclü dib dalğaları asanlıqla fərq edilməz. Bunlar orta səviyyəli ekonomik və kültürəl dəyişimlərdir.

Neçə yüz ildə bir qabaran dəniz bir axımı kəsib, digərini başladır. Tarix fərdlərin tək başına təsir göstərə biləcəkləri bir meydan olmaqdan çıxmışdır bu qatda. Artıq kollektiv hərəkətlər səviyyəsindədir. Ən dibdə isə (burası üçüncü qatdır) tamamilə hərəkətsiz bir tarix yatır. Hardasa zamandışı və cansız nəsnələrlə təmas halında olan bu tarix, çox yavaş axmaqda və dəyişməkdədir.

Dəyişdiyinin fərqinə varılması asanlıqla mümkün deyil. Sıx-sıx israrlı geri dönüşlər yaşanır. Onun qucağında daima yenilənən divlər gəzər. Böyük tarixi öldürən böyük tarix qorxusudur. Braudelin

“Büyük Tarix”i, bu günü anlamaq peşindədir və bu günü anlamaq üçün “bütün tarixi səfərbər etmək”

məcburiyyətində olduğumuzu da söylər. H.N.Adsızın “Bozqurdlar” romanı əslində min üç yüz illik bir tarixin irəli-geri dönüşlərini, dünyadakı türk nüfuzunun gəlişmə çağlarını, onun ölümünü, dirilişini, bu ölümün və dirilişin səbəblərini bədii bir dillə gün işığına çıxardan önəmli bir əsərdir.

Tanrı dağlarından, Monqolustan çöllərindən Anadoluya qollu-budaqlı Türklüyün mənəviyyat ağacı uzanır. Bu mənəviyyat ağacının kökləri Orhun çayı sahillərində, Altay dağlarında, gövdəsi Orta Asiya bozqırlarında, Qafqazlarda, çi-çək açan yeri isə Türkiyədədir. Amma gövdələr köksüz, budaqlar gövdəsiz, çiçəklər budaqsız mövcud ola bilməz… “Bozqurdlar” saz üstə, söz üstə köklənmiş

həqiqətləri içində barındıran dastanvari bir romandır, qürbətə düşənlərin fədakarlığının romanı!

Gələcək həyatı qorumaq və yaşatmaq üçün yalnız türklərə məxsus özünü qurban verə bilmək fədakarlığı! Niyə yalnız türklərə məxsus deyirəm? Əgər siz bir-birindən çox uzaq coğrafiyalarda, bir-birindən xəbərsiz yazılan H.Adsızın “Bozqurdlar” və Ç.Aytmatovun “Dəniz kənarı ilə qaçan alabaş”

əsərlərini müqayisə edərək oxusanız bu əsərlərdəki türk fədakarlığının necə böyük bir sevgi ilə təsvir olunduğunu görərsiniz.

“Hamıdan yuxarı bir yerdən yapışan yüzbaşı ara-sıra çaxan şimşəklərin işığında Yamtarın bütün etdiklərini görmüş, sonra da səssizcə bir-birindən tutub sallanan bu insan zəncirini gözləri ilə

izləmişdi… Birdən parlayan şimşəyin ani işığında bir alay əsgərinin köhnə qayışını sivri qayanın hər an artan bir çevikliklə gəmirib yediyini gördü. Nə edəcəyini yenə bir ildırım sürətilə qərarlaşdırdı və o saat da hayqırdı:

Qurd Qaya, əlini burax!…

Qurd Qaya Yamtarın arxasndan sıralanan əsgərlərin sonuncusu idi. Yüzbaşının əmrini eşidincə

bir an belə tərəddüd etmədi və qara, azğın sular on əsgəri bir anda uddu…”

Çingiz Aytmatovun əsərində də aşağı-yuxarı eyni hadisə baş verir. Dənizdə balıq ovuna çıxan və

qəfil dumana yaxalanıb yolunu çaşan balıqçıların başına gələn hadisələr də əslində türk fədakarlığının bir başqa örnəyidir. Göz-gözü görməyən sis-dumanda azan balıqçılar götürdükləri azuqə və suyun bitəcəyini görüb Kirsiki, yəni ilk dəfə ova çıxan yeniyetməni yaşatmaq ümidi ilə əvvəlcə yeməkdən, sudan imtina edirlər və sonra da bir-bir özlərini qaranlıq sulara atırlar, yetər ki, gələcək həyat və

gələcəyin təmsilçisi Kirsik yaşasın.

Bir-birindən xəbərsiz yazılan bu əsərlərdə demək olar ki, eyni ideal, eyni düşüncə ön plana çıxarılmışdır: Türk fədakarlığı! Bu əsəri oxuduqca istər-istəməz Göy Türklər dövründən yeddinci yüz ildən günümüzə keçid etməli oluruq. O türk məmləkətlərini ki, qanıqarışıqlar idarə edəcək orada azadlıqdan söz açmaq boşuna cəhtdən başqa bir şey deyil. Əsərlər yazıldıqları məmləkətlərə

4


bənzəyirlər. İndi yaşadığımız həyat keçmiş düşüncələrimizin əks-sədasıdır, bəlkə… İnsan ancaq sevdiyi şeylər uğruna döyüşər. Yalnız sevgi duyulan şey sevilir. Harda azadlıq var, orada həyat, harada məhkumiyyət var, orada əzab, işgəncə var. Şərəfsiz bir toplumun soyu heç zaman azadlığa layiq görülmür. Ruh azadlıqdır, yaradıcılıq, şəxsiyyət sevgi ilə tanışlıqdır. Azadlıq − ruhun hər şey üzərində hakimiyyətidir! Bozqurdlar azadlıq uğruna ölürlər ki, azadlığı gələcək nəsillər üçün dirildə

bilsinlər.

Son onilliklərdə “Bozqurdlar” sözünü tez-tez işlədirik. Yəqin ki, çoxları bu sözün hardan maya tutduğunu doğru-dürüst bilmir. Bilənlər də bunu millətçi, ya da təxribatla məşğul olan bir dəstənin adı, ayaması kimi başa düşür. Bu da səbəbsiz deyil. Mətbuatımız bizdən ötrü hansı şablonu yaradıbsa, biz də istər-istəməz onu qəbul etməli olmuşuq. Amma “bozqurd” nə bu günün, nə də dünənin sözüdür.

Dünənə açılan yollarımızın bağlı olduğu illərdə biz “bozqurd” kəlamını təbii ki, ilkin mənasında anlaya bilməzdik, bundan ötrü ilk növbədə bizi tarixi dünənimizdən, türklüyümüzdən ayıran sədləri keçmək lazım idi. Çay bulaq, yol cığır başlanğıcını unutduğu kimi biz də keçmişimizi unutmuşduq.

Düşmənin sistemli şəkildə ruhumuza yeritdiyi təbliğat zəhərindən az-maz özümüzə gələndə isə

könlümüzdən, dilimizdən dodağımıza qəribə tale kəlmələri gəlmişdi: “Qurdla qiyamətə qalasan”,

“Qurdu ulayır”, “Qurd ürəyi yemisən”, “Qurdu qımıldayır”…

Hələ Tovuzda məşhur bir kəndin ünvanına deyilən “Bozalqanlı kəndi bozqurddur” ifadəsi… Çox sonralar bildik ki, niyə bu söz birləşməsi Bozalqanlı kəndinə ünvalanırmış. Çünki Bozalqanlıda saz çalıb, söz qoşmayan yoxdu. Çünki harda saz var, orda türk var. Aşıq Hüseyn Bozalqanlı, Xəyyat Mirzəni, Aşıq Mirzə Bayramovu, Nəcəfi, Aşıq Əkbər Cəfərovu və onlarca digər bozalqanlıları xatırlayın. Onda bir daha inanar-sınız ki, sazı türkdən, türkü sazdan ayırmaq mümkünsüzdür.

Düşmənlərimiz bunu bildiyindən sazı da bozqurd kimi zaman-zaman gözümüzdan salıb, bizi təkbaşına ölümlə üz-üzə qoymuşlar. Türk dünyasının ən böyük şairi Nəcib Fazil Qısakürəyin cəmi iki misralıq şeirini oxuyun:


Qədər bəyaz kağızda südlə yazılmış yazı,

Əlindəsə, bəyazdan gəl də ayır bəyazı.


Sən demə, bəyazı bəyazdan ayırmaq mümkün olmadığı kimi xalqı da tale tərcümeyi-halından, özgürlüyündən ayırmaq olmazmış. … “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün…” deyən bir türk şairi də var. Bu da Hüseyn Nihal Adsızdır. Adsızın “Bozqurdlar” romanını oxuyan hər kəs türkün tale karvanının hardan gəlib hara getməsi haqda çox geniş tarixi bilgiyə yiyələnir. Bəs Türkiyənin bu məşhur şairini birdən-birə belə bir tarixi qəhrəmanlıq romanını yazmağa vadar edən hansı qüvvə idi?

Nə idi şairi nasirə çevirən? Romanı oxuduqca insandakı “qan yaddaşının” qüdrətinə heyran qalırsan.

…Qaranlıq torpağa düşmüş toxum özünün bir zamanlar gördüyü işıqlı dünyaya qayıtmaq, özünü günəşə göstərmək istəyir. Məncə, xalqların, millətlərin taleyində də gec-tez əslinə, kökünə qayıtmaq ehtirası baş qaldırır. Bu süddən, sümükdən, kökdən-köməcdən gələn bir ehtirasdır. Günəş şərqdən çıxıb qərbdə batdığı kimi, mədəniyyətlər də şərqdən boy göstərib qərbdə yayılır – yenidən şərqə üz tutmaq üçün. Türklüyün varlığında da beləcə bir kök sevdası var: at üstündə, dəvə belində şərqdən qərbə üz tutub yenə şərqə qayıtmaq sevdası. Balığı – kürü tökmək üçün çaydan yuxarı axına qarşı üzdürən “dəli” sevda türkün də həmişə başındadır. Koreya körfəzindən Çin səddi çevrəsinədək –

monqol çöllərindən atlanan türkün dayanacaq yeri bir zamanlar Avropanın göbəyi Anadolu yarımadası Macar düzənlikləri idi. Türkün tarixi köçhaköçü davam edirdi. Türkün əzəli gücü də bu təbii yerdəyişmə qanununda idi. Elə ki, yasaqlar başladı, bic və hiyləgər dünya türkün də alınmaz qıfılına açar tapdı, araya sədd çəkildi, sərhəd qoyuldu, onda türkün əli ətəyinə yetmədi. Elə buna görə də taixin gəlhagəl çağlarında böyük imperatorluqlar quran türk milləti süni şəkildə öz kökündən ayrıldı və

müasir çağların üçüncü dərəcəli millətinə çevrildi.

Əziz oxucu!

Oxuyacağın bu romanda türkün tarix dolaylarında hansı yollardan necə keçdiyi açıqlanır. Bəs romanın adı hardan doğulub – bunu türk mifologiyasında asanlıqla tapa bilərsən.

Əsatirlərin birində türkün yalnız anası qurddur. Başqa bir əsatirdə atamızın da qurd olduğu söylənir. Üçüncü ehtimala görə, qurd nəsli kəsilməkdə olan türkün xilaskarı olub, sonuncu türk cocuğuna döşündən süd verib. Başqa bir əsatirdə isə savaşlar zamanı aclıqda qalıb dağlara çəkilərkən 5


yolunu azan türklərə keçilməz qayalıqlardan yol göstərən həmin bozqurd-dur. Nihal Adsızın

“Bozqurdlar” romanı qədim miflərdən maya tutan poetik duyumun məhsuludur. Əsəri Azərbaycan türkcəsinə çevirərkən orijinalın ruhunu olduğu kimi saxlamağa çalışmışıq. Ayrı cür ola da bilməzdi.

Biz Türkiyədəki soydaşlarımızla eyni milli taleyin yiyəsiyik. Dillərimiz arasındakı az-maz fərq də

ləhcə fərqidir. Və bizi bir-birimizlə yenidən qovuşduran tarix yəqin ki, bu fərqi gec-tez aradan götürəcəkdir.

Uzun illərin oxu təcrübəsindən gəldiyim qənaətə görə böyük əsərləri gərək bir dəfə yox, bir neçə

dəfə, həm də başqa-başqa zamanlarda və şəraitlərdə oxuyasan. Və bu əsəri ikinci nəşri üçün yenidən bir də oxuduqda çox fərqli duyğular keçirəsi oldum.

Romanı əlinə alıb oxumağa başlayanlara ilk tövsiyəm, başlanğıc səhifələrindəki ağır oxunuşa aldanıb kitabı qatlayıb bir tərəfə qoymasınlar. Hər yeni kitabı ilk dəfə oxumaq, hardasa qışdan yaza çıxıb dəniz mövsümünə başlamaq kimi bir şeydir. Sulara girməyi çoxdan unutmuş bədən, diksinib müqavimət göstərir, suya girmək istəmir. Amma çətini sularla ilk təmas və dənizə dalışdır. Sonrası məlumdur. Kitab oxunuşu da belədir, üç-beş səhifənin başlanğıc çətinliyinə qatlaşsanız, sonra hadisələr sizləri elə alıb aparacaq ki, onu əlinizdən yerə qoymaq istəməyəcəksiniz. Hər dəyərli kitab nəsildən nəsilə müqəddəs yükünü ötürmək üçün zaman dalğalarında yol gedən bir gəmiyə bənzər −

bir düşüncəyə görə. İnsan gedir, söz qalır, bu mənada sözümüz bizdən daha uzun ömürlüdür.


Məmməd İsmayıl

1992-2013


6


BOZQURDLARIN ÖLÜMÜ

BU ROMANIN HEKAYƏTİ


GÖYDƏ AY, az qala bu donanma gecəsinin1 parlaqlığını belə sönük göstərəcək qədər gur işıq saçır, ortalığı günün günorta vaxtı olduğu kimi hər şeyin apaydın seçilə biləcəyi bir hala gətirirdi.

Mərkəzi prospektə qovuşan dar küçələrin birindəki bu tələbə yataqxanası tətil olduğu üçün kimsəsiz görünürdü. Küçəyə baxan səddin üzərindəki taxta oturacaqlarda sifətlərindən ciddilik yağan altı-yeddi gənc oturmuşdu. Ailə ocağının qırağında hər kəsin gülüb əyləndiyi bu xoşbəxt anlarda uzaq yurd guşələrindəki evlərində olmamağın gətirdiyi kədər onların dalğın baxışlarından oxunurdu.

Yeməkxanadan yenicə qayıtmışdılar. Onlardan biri gözəl, incə bir qız idi… Yumşaq və səssiz duruşunda bir şeir ahəngi sezilməsinə baxmayaraq bu qız texniki fənn tələbəsi idi. Bəlkə buna görə də

çox az danışır, əslində, tükənməkdə, bitməkdə olan söhbəti təzələməyə, canlandırmağa təşəbbüs göstərmirdi. Hamıdan aralı oturan ucaboylu, olduqca cüssəli bir gənc yoldaşlarından bir şey − bir az canlanma, bir az söz-söhbət gözləyirmiş kimi bir müddət səssiz qaldı, onların danışmadıqlarını görüncə pencəyinin cibindən ikiyə qatlanmış və əldə gəzdirməkdən yıpranmış bir kitab çıxartdı, sanki gözlərinin içinə soxacaqmış kimi yaxınlaşdırıb oxumağa başladı. Onun bu hərəkəti yaranan vəziyyətlə

o dərəcə uyuşmurdu ki, gənclər istər-istəməz gülüşdülər. Aralarında boyca ən balaca görünən və səsi də bir az gülməli çıxan tələbə qışqırdı:

− Baxın, tam bir ədəbiyyatçıya yaraşan poza! Yahu, bu gözəl təbiəti seyr etmək, heç olmasa seyr edən kimi görünmək imkanı varkən, insan gözlərinə bu qədər ziyan verərmi? Nə qədər oxumaq olar axı?!

Ədəbiyyatçı olduğu söylənən gənc öncə cavab qaytaran adama oxşamırdı. Amma sonra ümumi bir nəşəli halın yaranmaq üzrə olduğunu görüb vəziyyəti bir az da körükləmək istədi.

− Bəs sən? – dedi. − Bu gözəl təbiəti seyr etmək əvəzinə beynində nələr qurursan? Kim bilir, neçənci dəfədir ki, qoca dünyanı seyr etmək üçün göyün ən yüksək nöqtəsində ucalan Ayın ən şairanə

mənzərələrlə bərabər neçə qanlı meydan savaşları gördüyünü, neçə süngüləri, necə polad ürəkləri heyfsilənmədən deşdiyini, seyr etdiyini və buna baxmayaraq hələ də o canlı gülümsəməsini qoruyub saxlaya bildiyinin hikmətinimi düşünür bəlkə mühəndis bəyimiz?

Gənc cavabında:

− Bu mənə aid deyil, − dedi, − romançıların mövzusudur, əzizim. Mən bu ən möhtəşəm gecədə

belə göyə baxarkən Ayın yalnız özünü düşünürəm, onun qocalmış, bürüşmüş üzündəki gülümsəməni yox. Hətta bir ədəbiyyatçı təxəyyülü ilə danışsam, bu gülümsəmə günlərin birində lap qəhqəhəyə

dönsə belə məni yenə maraqlandırmaz.

Eyni yataqxanada yaşayan bütün tələbələrin, ən qədim türk tarixçəsini nəzərdə tutaraq hamısı bir ağızdan “Tonyukuk” adlandırdıqları bir tarix tələbəsi həyəcanla ortaya atıldı:

− Bəs günlərin birində göy üzündə birdən üç yerdə Ay görünsə, onda necə, yenə maraqlanmazsan?

Bəstəboy gənc yavaşca danışana tərəf döndü:

− Görünür axşamkı plovdan həddindən çox yediyindən, tarixçiliyi buraxıb roman mövzuları quraşdırmağa başladın. Yoxsa bu yersiz sualı verməzdin, − dedi.

Tonyukuk gülümsədi:

− Tarixçiliyi buraxmadım. Amma sən də materialist olduğuna baxmayaraq gələcəkdən dəm vurmağa başladın. Həqiqətən də, bir roman yazmaq üzrəyəm. Həm də elə bir roman ki, həyatın birbaşa özünü əks etdirsin. İçində həm romantizmə, həm də realizmə yer verməklə bərabər həyatın axarından ayrılmayacağam və eyni zamanda tarixə də mümkün qədər sadiq qalacağam.

Bir roman ki, sizi 1300 il əvvələ qaytaracaq və bir-birinin ardınca səhnəyə çıxan qəhrəmanlar günümüzə qədər gəlib çıxacaqlar. Elə bir roman ki, içində təkcə bir qəhrəman olmayacaq. Ondakı hər insan tipi real həyatda olduğu kimi müstəqil bir qəhrəman təsiri bağışlayacaq. Romantiklərin də, realistlərin də əsərlərində məlum bir sklet-şablon var: romanın – qadın və kişi qəhrəmanlarının arasındakı eşq macərası. Mənim kitabımda yüz illərin axarı olduğu üçün tək bir macəraya, on minlələ


1 Bayram axşamlarında bayraqlarla bəzədilmiş meydanlarda atəşfəşanlıqla davam etdirilərək keçirilən şənlik.

7


romanda təkrarlana-təkrarlana, artıq tamam dəyərsiz olan eşq hekayələrinə qapılıb qalmağıma lüzum yoxdur. Bu, yeni − bir başqa roman biçimi olacaq. Bacara bilsəm, sənə, ey Aydədə mütəxəssisi, böyük bir teleskop hədiyyə edəcəyəm.

O zamana qədər qəlbində səssizcə danışmağı üstün tutan qız sözə qarışdı:

− Çox yaxşı. Bu dediklərindən belə görünür ki, sənin bu romanın tamamilə realist bir əsər olacaq.

Gələcək yazıçı bu dəfə ona tərəf döndü:

− Xeyr! Mənim kitabım realist üslubdadır deyə insanların bütün fizioloji hərəkətlərini ən incə

təfərrüatına qədər ifadə edən, hətta açıq-saçıq təsvirdən çəkinməyən əsərlərdən olmayacaq. Maddi həyatdan ayrılmayacağam. Amma son vaxtlar yazılan bəzi əsərlərdə dəbdə olduğu kimi, ən sadə və

təbii amma saf olmayan mövzuları kitabıma yükləməyəcəyəm. Necə ki, bir psixoloq, hər məsələ və

hadisənin hansı ruhu amillə işləndiyini düşünür: ya da bir həkim, bir xəstəliyin hansı səbəblə

başladığını öyrənməyə çalışır, mən də tarixlə çox məşğul olduğumdan millətlərin hərəkət xətlərinin nəyə əsaslandığını axtarmaqla çox vaxt keçirmişəm. Bu, şübhəsiz ki, bir millətin ziyalılarını da, xalq təbəqəsini də əsərə gətirmək üçün çox əlverişlidir. Bunun üçün də ən yaxşı vasitəçi və əlaqəçi isə

əsərlər ola bilər. Bir zamanlar Almaniyada intihar edənlərdən bir çoxunun cibindən Verterin tapıldığını bilirsinizmi? Bizdəki qəhrəmanlığın yüz illərcə sürüb getməsinə də Koroğlu, Danişmənd Qazi, Battal Qazi kimi müəlliflərin məchul qəhrəmanlıq dastanları səbəb olmadımı? Mən özünəməxsus üslubu olan bir yazıçı olmadığım üçün bu işin öhdəsindən nə dərəcədə gələcəyimi bilmirəm. Sadə bir kənd həkiminin səssiz-küysüz çalışması, kimsənin fərqinə varmadan sonrakı sağlamlıq statistikasında nə

qədər yer alırsa, bir piyada alayının döyüşündə əsas yekun nəticəni hazırlayan səbəblər hansı yeri tutursa, mən də eləcə öz əsərimlə milli tərbiyəmiz üçün faydalı saydığım bir həmlə edəcəyəm. Nə az, nə çox, baxın, o qədər…

O zaman, bir az öncə ayın işığından istifadə edib oxumağa çalışan gənc dilləndi:

− Neçə gündür bu dahiyanə klassikləri oxumaqdan və anlamağa çalışmaqdan elə yorulmuşam ki, əgər əsərinə başlamısansa və əvvəlində canlı bir səhnə varsa, quzum, bir az danış, qoy özümə gəlim.

Bu təklif hamının ürəyincə oldu. Çevrəni bir az da daraltmaqları ilə bu düşüncəyə tərəfdar olduqlarını hərəkətləri ilə də göstərdilər. Aydədə belə, deyilənləri yaxşı eşitmək üçün bir az əyilmişdi.

O arada sanki hər şey birdən-birə dəyişdi: tələbə yataq-xanası olan evin yerində indi 1300 il əvvəlin bir türk çadırı vardı. Zərif bədənli bayaqkı qız dönüb qüvvətli, sağlam, çəkik gözlü bir bozqır qızı olmuşdu. Kişilərin saçları uzanaraq çiyinlərinə tökülmüş, hərəsinin başında bir papaq peyda olmuşdu. Pencəkləri qaftan, ayaqqabıları çəkmə əvəz etmişdi. Ədəbiyyatçının əlindəki kitab indi bir qopuza, texniki fənn fakültəsi tələbəsinin qələmi isə kəmərdən asılan bıçağa dönmüşdü. Hamısı çəmənlikdə bardaş quraraq qılınc yarasından çərtilmiş sərt üzlərinə başqa bir məna verən ala və yaşıl gözləri ilə Tonyukuka baxırdılar. Gələcək yazıçı da belindəki qılıncla heybətli bir ər olmuşdu. Heç nazlanıb özünü çəkib eləmədi, beləcə ağır bir səslə hekayəsini danışmağa başladı: 8


BİRİNCİ HİSSƏ

621-Cİ İLİN BİR YAY GECƏSİ


Atlılar geniş çayırlığa dağılışaraq dincəlirdilər. Təkcə Yüz-başı2 İşbara Alp atından enməmişdi, atını o yana, bu yana sürüb göstərişlər verirdi. Gecə düşüb ortalıq yaxşıca qaralınca o da atından endi.

Əsgərlərin qaladığı ocağa doğru getdi. At uşağı3 Çalıq onun atını alıb gəzdirməyə başlamışdı. Bu gecə

yüzbaşının içində bir sıxıntı vardı. Nə iş gördüyünü özü də bilmirdi. İndi ocağın yanına isinməyə

gəlmişdi. Alova yaxınlaşınca yay girdiyinin – isinməyin gərəksiz olduğunu xatırladı. Əsgərlər ət qızardırdılar. Ocağa çatınca əsgərlərdən biri ehtiramla yerə diz vurub yüzbaşıya bir çamçaq4 kımız5

uzatdı. İşbara Alp kımızı aldı, könülsüz içdi. İkinci bir əsgər ona ət uzatdı, amma o, əti almayıb ocağın yanından uzaqlaşdı. Bir az öndəki böyük ağacın dibinə gəldi. Bir oyuqda oturdu. Baxdı, xəyala daldı.

Türk elinin parlaq, işıqlı Ayı dörd yanı işıqlandırırdı. Əsgərlər bir-bir, iki-bir otların üstünə uzanıb yuxulayırdılar. Bir az aralıda birisi atını tumarlayır, başqa birisi isə qızdırdığı dəmirlə qolundakı yaranı dağlayırdı.

Ocaqdan bir az aralı oturan Onbaşı Yamtar həm sursatla-rını nəzərdən keçirir, həm də yavaş-yavaş

əlindəki bir parça qızarmış əti gəvələyirdi. Döyüş günlərində onbaşı yaxşı davranar, ehtiyatı əldən verməzdi. Üç günlük yeməyi lazım gələndə bir gündə yeyər, sonra üç gün ağzına bir loxma almadan dözüb durar, gücünü də itirməzdi. Döyüşdən öncə də qılıncını bülövləyər, oxunu itiləyərdi. Onbaşı bu dəfə də qılıncını yaxşı itilədikdən sonra yoxlamaq istədi. Yerdən bir ot qoparıb qılıncının iti tiyəsinə

toxundurdu. Ot bu ani toxunuşdan üzülüb düşdü. Elə bu zaman arxadan kimsə səsləndi:

− Qılıncın itidir, bəs ağlın necə, o da itidirmi?

Yamtar başını çevirmədən cavab verdi:

− Yeri gələndə o da itidir.

− Elə isə de görüm, yüzbaşı bu gecə niyə kədərlidir?

Bu sözləri söyləyən kişi yavaşca Yamtarın yanına çökdü. Bu, onbaşı Parsdı.

− Çuluq Kağanın önündə iki gün öncə keçirilən qılınc oynatma yarışlarında yüzbaşı İşbara Alp yenildi. Onun üçün belə sıxıntılıdır.

− Yüzbaşı kimə yenildi?

− Tunqa Təginə.

− Yüzbaşı bunun üçün nədən üzülsün? Qılınc yarışında Təgini kimsə yenə bilməz ki, yüzbaşı da yensin. Bir də ki, yüzbaşı məğlub olsa da, yenə bahadırlıqda elə Tunqa Təginə bərabər sayılır. Qılınc oynatmaqda məğlub olsa da, at çapmaq-da, ox atmaqda yenə də birincilik İşbara Alpa aiddir.


2 Onbaşı, yüzbaşı, tümənbaşı, təgin, Tarkan və s. Göy Türklər zamanında hərbi rütbələr 3 Mehtər

4 Ağacdan düzəldilən qab

5 At südündən düzəldilən içki

9


− Yaxşı, bütün bunlar sən deyən kimidirsə, bu sıxıntının səbəbi nədir?

Onbaşı Pars bir neçə qurtum kımız içdikdən sonra cavab verdi:

− Minbaşı olacaqdı, ola bilmədi.

Yamtar bir az düşündü. Görünür deyilən bu səbəb onu razı salmadı.

− İşbara Alp, minbaşı olmadığına görə sarsılan kişilərdən deyil, − dedi.

− Mən də heç minbaşı olmadığına görə sıxılır demirəm ki?!

− Bəs nə deyirsən?

− İşbara Alp minbaşı ola bilmədi. Buna da İçinq Katun səbəb oldu. Elə bilirəm yüzbaşı buna hirslənir.

− Yüzbaşı buna niyə hirslənir ki? İçinq Katun Çuluq Kağanın zövcəsi deyilmi?

− Zövcəsidir, amma çinlidir.

İki onbaşı uzun zaman susdular. Xəyala dalmış kimiydilər. İlk öncə Onbaşı Pars sükütu pozdu:

− Öz gözümlə gördüm ki, Kağanın otağının yanında yüzbaşı Katunu salamlamadı, özünü görməzliyə vurdu.

− Əslinə baxanda, yüzbaşı haqlıdır. Katun bir yana qalsın, bizim əlimizdə dustaq olan çinlilər də

artıq işimizə qarışmağa başlayıblar.

− İşbara Alp da buna görə çinlilərdən iyrənir. Katunu salamlamadığı üçün minbaşı ola bilmədi.

Görünür qəzəbdən yuxusu qaçıb.

− Bizim Çuluq Kağan çox igid və bahadır kağandır. Amma bu çinli qadın olmasaydı daha yaxşı olardı…

− Bu çinli qadın bizim başımıza pis işlər açacaq deyə qorxuram.

− Çində qədimdən Sui Kağan ailəsi vardı. İndi də Tanq Kağan ailəsi meydana çıxdı. Bu qadın qədim ailədəndir. Ona görə də Çində yenə öz ailəsinin hakimiyyət başına gəlməsi üçün Çuluq Kağanı təhrik edir deyirlər.

− Təhrik eləməkdən nə çıxar? Bizcə hamısı bir deyilmi?

− Orasını yüzbaşı bilir. Mənə qalırsa, susub yatmaq daha yaxşıdır. Boşboğazlıq edib cansıxıcı şeylər danışmaqdan tərləyib əldən düşmüşəm.


***

İşbara Alp, qarşı yatan qara dağlara baxa-baxa sabah toplanıb o dağların ardından Çinə hücum edəcək ordunu düşünürdü. Hücum olacaqdısa, bəs onun içini belə sıxan hansı hissdi?! Nə qədər edirdisə səbəbini anlaya bilmirdi. Geniş çəmənlikdən bir səs-səmir gəlmirdi. Rüzgar belə əsmirdi…

İşbara Alpın büsbütün canı sıxıldı. Börkünü başından, sadağını6 belindən çıxardı. Nəfəsini dərmək, fikrini dağıtmaq istədi. Bir şey çıxmadı… Dönüb arxasına baxdı. Bütün atlar nədənsə başları yuxarı, qulaqları dik halda dayanmışdılar. Yüzbaşı “görünür, sıxılan təkcə mən deyilmişəm” deyə mızıldandı.

Yatan əsgərlərin arasında gəzmək üçün börkünü geyib, sadağını taxdı. Heyrətlənməli bir iş idi –

yatmış, uyumuş kimi görünən əsgərlərin hamısı oyaq idi. Uzanıb yatdıqları yerdə ulduzları, ayı seyr edir, yaylıqları ilə tərlərini silirdilər. Gecələr belə isti indiyəcən görünməmişdi. Yüzbaşı yenidən əvvəlki yerinə qayıtdı. Başını yuxarı qaldırdı. Gözləri göyə dikili qaldı. Qərb tərəfdən qara bir bulud gəlməkdəydi.

Bu bulud bir çin atlısına bənzəyirdi. Özlüyündə yer üzündə bir otun belə tərpənmədiyi halda göy üzündə buludun bu qədər sürətlə hərəkət etməsini yüzbaşı yaxşı hal hesab etmədi. Bir uğursuzluq olacaq deyə düşündü. Həmin anda yanından ildırım kimi bir şeyin şığıdığını gördü. Bu, bir heyvan, bəlkə də tülkü idi. Hardan çıxıb, hara getdiyi məlum deyildi. Canı sıxılan yüzbaşı tülküyə bənzəyən bu heyvanı görüncə birdən-birə sadağına əl atdı. İldırım sürətilə yayına bir ox yerləşdirdi. Düz çayırlıqda qaçan heyvanı nişanlayıb, oxu atdı, yüzbaşının oxu boşa çıxmışdı. İşbara Alp otuz beş illik ömründə

ilk dəfə nişan aldığını vura bilməmişdi. Birdən-birə üzündə qəribə bir soyuqluq duydu. Sonra cəld geriyə dönərək bağırdı:

− Çalıq!


6 Ox qabı

10


Sərt bir səs cavab verdi:

− Buyur!

− Toplanış borusu çal!

Amma, Çalıq şeypuru dodağına aparmağa macal tapmamışdı ki, işıqlı gecə birdən-birə qaraldı. Ay görünməz oldu. Qəfil bir tufan qopdu. İldırımlar ətrafı lərzəyə saldı, yağış bardaqdan tökülürcəsinə

yağmağa başladı. Çalığın şeypuru kəskin şəkildə ötərkən əsgərlər sıralanıb atlarına mindilər. Yüzbaşı da bir sıçrayışla atın üstünə qalxdı. “Tez olun, ardımca gəlin” – deyə hayqırdı. Sağda, solda ildırımlar şaqqıldayıb yağan dolu sifətlərini cızıq-cızıq etsə də, bu yüz atlı qarşıdakı dağa sarı at sürdülər.

Yüzbaşı qarşı yatan qara dağın ətəyindəki sığınacaqlara tez yetişmək üçün atını bir az da sürətlə çapır, arxadan gələn atlılar da beləcə bir-biri ilə yarışırdı. Bu yarışma uzun çəkmədi. Şiddətli bir uğultu ilə

onlara tərəf əsən külək atların və əsgərlərin nəfəsini tıxayırdı. Yüzbaşı elə getdiyi yerdə atını şahə

qaldırıb üzünü geri çevirdi: “Geri dön! Dördnala!” deyə bağırdı. Atlılar indi əvvəlkinin əksinə

dördnala geri çapırdılar. Amma külək qarmaqarışıq əsir, gediləcək yolu çaşdırırdı. Atlar yorulub əldən düşürdü. Atlılar iliklərinə qədər islanmışdılar. Bir az əvvəlki gözəl çayırlıq bataqlığa çevrilib atların yolunu kəsirdi.

İndi yarım gündə gəldikləri yolla yerə geri qaçırdılar. Dözümlü atları ilə oraya çox az bir müddətdə çata bilərdilər. Amma kəskin əsən külək onları yorur, qaranlıq və yağış yollarını çaşdırırdı.

Beləcə bir müddət getdilər. Yağış qudurur, külək dəli olurdu. Artıq atlar da əsgərlərin sözünə baxmaz olmuşdu. Sürətlə gedirdilər, yolları bir enişə dirəndi. Qaranlıqda bu enişə cumdular. Ağaclıq bir yerdi.

Burda onları bir uğursuzluq gözləyirdi. Bu enişdə boz-bulanıq yağış suları iti axan bir çay yaratmışdı.

İldırımlar ağaclığı yaxıb yandırırdı. Qorxunc gurultularla çaxan ilk ildırım bütün atları hürkütdü.

Kişnəyərək sel sularına atıdılar. Çalığı üstündən atan at dəli kimi boşluğa doğru çaparkən üzərinə

düşən bir ildırımdan yanıb kül oldu. Çalığın bəxti vurub salamat qalmışdı. Bir neçə atlı selə qapılıb qalmışdılar, çığırıb-bağırırdılar. Kimsə kimsəyə yardım edəcək halda deyildi. Atından düşməyən təkcə

İşbara Alpdı. Atsız qalan ərlər nə edəcəklərini bilmirdilər. Kimi atını tutmağa, kimi sığınacaq bir yer tapmağa can atırdı. Tez-tez ildırım çaxırdı. Yüzbaşı bir an duruxdu: “Türk Tanrısı bizdən üzmü çevirdi?” – deyə düşündü. Sonra sərt, gur səslə hayqırdı: “Hamınız tez yanıma toplanın!” Ərlər bu əmrə baş əyərək toplandılar. İşbara Alp bağırdı: “Tanrı ya bizdən üz çevirib, ya qılınclarımızı itiləmək istəyir. Tez olun qılınclarınızı çıxarıb buraya yığın!”

Bir anlığa ətrafı qılınc cingiltisi bürüdü. Əsgərlər qılınclarını üst-üstə yerdəki təpəciyə fırlatdılar.

Yüzbaşı da ən sonda öz qılıncını atdıqdan sonra “Ardımca gəlin” – deyə bağırdı. Əsgərləri bir az irəlidə, ağaclıqdan uzaqdakı qayaların yanına gətirdi. Artıq geriyə dönməyə də imkan qalmamışdı.

Sular yuxarıdan dərəyə doğru axır, dərə də ağzına qədər dolub qabarırdı. İşbara Alp bağırdı:

− Qayalardan möhkəm yapışın. Kim dözüb dursa qurtulacaq. Dözməyəni sular aparacaq!

Əsgərlər dizlərindən yuxarı suyun içindəydilər, bərk-bərk qayaların çıxıntılı, sivri yerlərindən tutmuşdular. Su get-gedə qalxırdı, ildırımlar bir az irəlidəki qılınc yığınının üstünə düşürdü. Onbaşı Yamtar yapışdığı qayanın sivri ucunu görüncə tək əli ilə kəmərini çəkib çıxartdı. Yanındakı iki əsgərə

göstəriş verdi:

− Hələ bütün gücümüz tükənməyib, mənə bu qayışı qayanın sivri ucuna keçirməyə kömək etsəniz, üçümüz də xilas olarıq, daha bir neçə adam qurtular. İşdi bərk tutmasanız, üçümüz də birdən suya batıb gedəcəyik. Haydı, sən tez ol, suya döş verib yaslan, bizi qoru. Sən də məni tut, qoyma suya batım, bərk tut, bu qayışı o qayaya düyünləyim!

Onbaşı Yamtar, kəmərini o qayaya ortadan yaxşıca düyünlədi. Qayışın sallanan iki ucunu aşağıya uzatdı. Bir ucundan özü yapışdı, o birisindən isə başqa bir əsgər yapışdı. Su bellərinə yaxınlaşırdı.

Artıq çaxan ildırımlara fikir verən yoxdu. Gücləri tükənirdi, nəfəslərini dərir, əllərini qayalara möhkəm keçirərək sularda batmamağa çalışırdılar.

İşbara Alp hələ atının üstündə idi. Yayının kirişini qayanın sivri ucuna taxmış, dəmirini də əli ilə

tutmuşdu, beləcə sulardan özünü də, atını da qoruyurdu. Onbaşı Yamtar indi qayaya ilməklədiyi kəmərinə daha artıq sarılmağa məcburdu. Çünki artıq onbaşıdan asılan əsgər tək deyildi. Bir-birinə

sığınıb, bir-birindən asılan əsgərlərin sayı iyirmini keçmişdi. Amma Yamtar etiraz etmir, sarsılmır, yalnız kəmərindən daha möhkəm tutmağa çalışırdı. Bu ara ildırımdan daha kəskin, göy gurultusundan daha güclü bir səs yüksəldi:

− Qurd Qaya, əlini burax!

11


Və ondan sonra ətrafı ildırımların səsi bürüdü. İşbara Alp vaxtında qışqırmışdı. Hamıdan yuxarı bir yerdən yapışan yüzbaşı ara-sıra çaxan şimşəklərin işığında Yamtarın bütün etdiklərini görmüş, sonra da səssizcə bir-birindən tutub sallanan bu insan zəncirini gözləri ilə izləmişdi. Ürəyi bir suala cavab axtarışında çırpınırdı: Tanrı onlardan nə üçün üz çevirdi? Bax, Çinə hücum edirlər, qılıncların qında uyuduğu, yayların gərildiyi, oxların sadaqlardan çıxmadığı bir tək günləri belə olmayıb. Bəs onda Tanrı yenə nə üçün qəzəblənib? Yüzbaşı bir yandan bunu düşünür, bir yandan da Yamtarı gözləyirdi. Birdən parlayan şimşəyin ani işığında bir alay əsgərinin köhnə qayışını sivri qayanın hər an artan bir çevikliklə gəmirib yediyini gördü. Nə edəcəyini yenə bir ildırım sürətilə qərarlaşdırdı və o saat da hayqırdı: “Qurd Qaya, əlini burax!..” Qurd Qaya, Yamtarın arxasından sıralanan ərlərin sonuncusu idi. Yüzbaşının əmrini eşidincə bir an belə tərəddüd etmədi və qara, azğın sular on əri bir anda uddu. Yüzbaşının ikinci dəfə gurlayan səsi Yamtara da təhlükəni bildirdi:

− Yamtar, bərk dur, qayış qopacaq!

Gənc onbaşı tez hərərkət etdi. Arxasındakı bütün ağırlığa baxmayaraq, insan gücünün son qeyrəti ilə özünü, irəliyə doğru çəkməyi bacardı. Digər əli ilə də qayanın bir çıxıntısını yoxladı. İndi artıq arxayınçılıq idi. Yuxarıdan aşağı axan sular sürətini azaltmasa da yağış kəsmiş, külək heydən düşmüşdü. Hərəsi bir yerdən yapışıb özünü qoruyan əsgərlər bir-bir toplanmağa başladılar. İslanmış

geyimləri bədənlərinə yapışdığından hər biri olduğundan daha uzun görünürdülər. Parlayan günün altında yüzbaşının göstərişlərini yerinə yetirmək üçün o yana, bu yana gedir, ehtiyacı olan yoldaşlarına kömək əli uzadırdılar. Qarğaşalıq bir müddət beləcə sürdü. Yerdən bir ox boyu yüksələn günəş, hər şeyin yerli-yerində, düzəlmiş olduğunu gördü.


Страницы книги >> 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации