Электронная библиотека » Süleyman Rüstəm » » онлайн чтение - страница 2

Текст книги "Xatirələr"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Süleyman Rüstəm


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Əzimzadə albomun aparıldığını o günün səhəri bilmişdi. O bizi tapdı. Nadir albomu geri qaytarmağımızı xahiş etdi. Bir də əlavə etdi ki, cavansınız elə əsərlərə baxmağı sizə məsləhət görmürəm. Üzr istəyib albomu ona qaytardıq.

Hazırda Şüvəlandakı bağ evimdə Əzimzadənin mənə bağışladığı rəngli bir rəsm var. Mən hər zaman o əsərə baxarkən ürəkdən gülməyə bilmirəm. Gənclik illərində mən Əzimzadəyə bir şeir ithaf etmişdim.

Əzim Əzimzadə Azərbaycan xalqının böyük rəssam oğludur. Əzimzadə yaratdığı əsərlərlə

mədəniyyətimizin tarixində şərəfli yerlərdən birini tutur.

Fevral 1970

14


Süleyman Sani Axundov

Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.

Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə hal-hazırda Qasım İsmayılov adınadır.

Yaşadığımız rayonun keçmişi, əhalisi indi də yadımdadır. Məhəlləmizdə yaşayanların çoxu yoxsullardı. Onlar müxtəlif peşə sahibi kustarlar və fəhlələrdi. Əlbəttə, məhəlləmizdə tək-tük varlı, dələduz, hətta qoçu da vardı. Onların üzündən bir çox ailənin günü qara keçirdi.

Küçəmizin yuxarısında (şimal tərəfdə) bir məktəb, ondan bir qədər yuxarıda polis idarəsi yerləşirdi. Məşhur inqilabçılardan Əli Bayramov və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu. Evimizdən bir az aşağıda (cənub tərəfdə) “Dar dalanın” düşəcəyində bir binanın ikinci mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı.

Bu insanlar haqqında əlbəttə, böyük kitab əsər yazmaq olar. Mən hazırda yazdığım “Xatirələr dəftərim”də bunları doğru, real qələmə almağa çalışıram.

Məhəlləmizdəki məktəbin adı “4-cü rus-tatar məktəbi”idi. Çar dövründə azərbaycanlıları ya tatar, ya da müsəl-man adlandırırdılar.

Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə “Süleyman Sani” məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş

Süleyman Sani idi.

Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirovun, Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri yenidən gözlərim önündə canlandı.

Mənə elə gəldi ki, sinifdə oturub həmin əziz müəllimlərimin dərsini dinləyirərn.

Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə gətirib ordakı katibə təhvil verdi. Özü isə

dəmirçixanasına getdi.

Ailəmiz o vaxt Ləhic bağlarında istirahətdə idi. (Ləhic bağları Maştağa ilə Kürdəxanı arasındadır).

Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım. Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə

apardı.

Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin otağına gətirib sonra yenə

sinfə aparırdı. Bu munis insan mənim gələcək müəllimim Süleyman Sani idi.

Zakariya bəyin qızları isə mənim başımı şirin dillə və konfetlə qarışdırırdılar. Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə, şəriət müəllimindən.

Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləbləbi kişmiş yeyərdi.

Şəriət müəlliminin dərsindən bir şey başa düşmədiyimizdən sinifdə səs-küy salardıq. Buna görə də

şəriət müəllimi cəza olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlədi. (Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir az sonra).

Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb, quran ayələrini oxuyar və mənasını başa salardı. Beləliklə, gözlərimizdən qara cəhalət pərdəsini götürməyə səy edərdi. Ümumiyyətlə, o vaxt bəzi müəllimlər dərslərdən zəif uşaqları öz evlərində təmənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə həmişə hazır gələrdik.

Yadımdadır: biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan bayram payı aparardıq. İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verdi. Biz kiçik ipək yaylıqdakı hədiyyəni mizin üstünə

qoyanda Mir Həsən müəllim təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?!

Mən dilim topuq çala-çala:

– Şəkərburadır müəllim, – dedim.

O:

15


– Necə, necə, şəkərqara?! – deyə sual etdi.

Dəsmalı açdıq. Müəllim “nahaq gətirmisiniz” – deyə etiraz etdi. Biz çox dil tökdükdən sonra o, bayram payını qəbul etdi.

Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun adı “Şəkərqara müəllim” oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin dərslərində çox sakit oturardıq.

Süleyman Sanini bir yazıçı kimi də çox sevirdik. Onun “Qaraca qız” povestini, “Qorxulu nağılları”nı dönə-dönə, maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən yerə düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə qələmə alınmış surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da.

Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir.

Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi də unutmazdı. O, öz kitablarını məktəblilərə hədiyyə verərdi.

Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı.

Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim qəpiklərə kitablar alıb evdə mütaliə edərdim.

İftixarla deyirəm ki, məndə ədəbiyyata böyük məhəbbət oyadan ilk müəllimim Süleyman Sani Axundov olmuşdur.

Oxuduğum məktəbdə sevimli müəllimlərmizdən biri də Süleyman Saninin dostu Ağabəy İsrafilbəyli idi. O da çox qayğıkeş insandı. Dərsdən zəif olan uşaqların evlərinə gedər, ailələrilə

yaxından tanış olar, onlarla dərdləşər və əlindən gələn köməyi əsirgəməzdi.

Ağabəy İsrafilbəyli ucaboy, pəhləvan gövdəli bir adamdı. O zaman xuliqanlar, avaralar tez-tez məktəblilərin yolunu kəsərdi. Onlar uşaqların əynindən paltosunu çıxarar, kitab çantasını əlindən qapardılar. Hətta bəzilərinin ağız-burnunu da əzişdirib qanadardılar.

Polis belə hadisələrin qabağını almazdı. Çünki bunlar Bakı qoçularının, varlılarının ərköyün balaları və qohumlarıydı.

Kimsədən çəkinməyən İsrafilbəyli onlarla qəribə mübarizə üsulu tapmışdı. O, məktəbimizin qabağına gələn bu dələduzları yaxalayıb, hərəsini bir əlilə möhkəm tutub kəllə-kəlləyə vurardı. Sonra da şəriət müəllimimizin dustaqxanasına (odun anbarına) salıb bir neçə saatlıq həbs cəzası verərdi.

Müəllimimiz Ağabəyin sayəsində bizim məktəbin qabağından onların ayağı həmişəlik kəsilmişdi.

Bu misalları gətirməkdə məqsədim müəllimlərimizin o dövrdə nə şəraitdə çalışmalarını göstərməkdir.

İndi bütün məktəblərimizdə cürbəcür dərnəklər var. Şənliklərdə, bayramlarda hər məktəb öz orkestri ilə nümayişə çıxır. Lakin o zaman biz bunlardan məhrum idik. Nümayişə çıxmaq üçün qəribə

hazırlığımız olurdu. Məktəbimizdə Ramazan adlı Dağıstanlı bir qarovulçu vardı. Tənəffüs zamanı o, bizə pendir-çörək, iris və başqa şirniyyat satardı. Ramazan ucaboylu, enlikürək, şəkbuğ, zahirən vahiməli bir kişi idi. Lakin çox təmiz ürəkli idi.

Bayramqabağı məşq üçün hamımız toplaşardıq. Süleyman Sani həyətin başında pilləkən üstündə

nümayiş qəbul edən bir general vəziyyətində durardı. Onun işarəsilə Ramazan qoltuğunda tutduğu köhnə vedrənin altını yumruqlarıyla döyəcləməyə başlardı. Biz də bu ahəng altında addımlayıb Süleyman Saninin qabağından keçərdik. Bu, bizim məktəb həyətindəki xudmani nümayişimiz olurdu.

Bəzən Ramazanın güclü zərbələrindən vedrənin altı ayrılıb yerə düşərdi.

İllər keçdi, ibtidai məktəbi qurtaranda Süleyman Sani bizimlə vidalaşırdı. Kamal attestatını alıb ağlamağa başladıq. O, bizə “yenə də görüşəcəyik” deyə təsəlli verdi.

Mən onu məktəbi bitirdikdən sonra da tez-tez görürdüm. Çünki məktəbimizlə evimizin arasındakı məsafə çox az idi. Sonralar mən şeir yazmağa başladığım illərdə də onunla tez-tez görüşürdüm.

Bu qayğıkeş insanın mənim üzərimdə böyük əməyi olmuşdur.

Süleyman Sani həddindən çox təvazökar adamdı. Buna canlı bir misal: Vaxtilə mən ədəbiyyat fondu heyətinin sədri idim. Müəllimim xəstə idi. Əsəbləri pozulmuşdu.

Ürəyi onu narahat edirdi. Bizim ədəbiyyat fonduna yazıçılar üçün kurortlara, istirahət evlərinə

16


putyovkalar gəlmişdi. Kislovodsk sanatoriyalarının birinə olan putyovkanı Süleyman Saninin adına yazıb evinə göndərdim. O, əli əsalı yazıçılar ittifaqına gəldi.

Putyovkanı qaytarıb dedi ki:

– Bunu nahaq etmisiniz. Qoy bu putyovkadan gələcəyimizə ümidlər verən gənclərimiz istifadə

etsinlər. Mənimki keçib.

Biz onu güclə yola gətirib putyovkanı almağa razı etdik.

Mənim və bir çoxlarının məktəb və ədəbiyyat müəllimi Süleyman Sani belə bir şəxsiyyətdi.

Xalqımız yetirdiyi belə namuslu övladlarıyla qoy həmişə fəxr etsin.


17


Rəşid Bəy Əfəndiyev

Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.


Quşlar, quşlar, a quşlar,

Qaranquşlar, a quşlar! –


şeri indi də bizim nəsildən olanların hafizəsindədir. Rəşid bəyin öz dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan nümayəndələrilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna dəlalət edir. Gözəl bilirik ki, çar dövründə məktəblərimizdə ana dilimizdə şeirlərə, mahnılara çox böyük ehtiyac vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı.

Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun hərəkatdan kənarda qala bilməzdi. O, Oktyabr inqilabının futuhatını, qələbələrini ürəkdən alqışladı. Rəşid bəy yaşının çoxluğuna baxmayaraq coşqun gənclik həvəsiylə, ehtirasilə

ömrünün mənalı illərini millətinin tərəqqisinə, yüksəlişinə həsr etdi.

O, rus dilini çox gözəl bilirdi və bu dilə dərin məhəbbət bəsləyirdi. Onun Puşkindən, Lermontovdan məhəbbətlə tərcümə etdiyi şeirlər buna sübutdur.

Məncə Rəşid bəy Puşkinin “Bağçasaray çeşməsi” poemasının giriş hissəsini çox məharətlə tərcümə

etmişdir. Bu poemanı sonralar böyük ədibimiz Məmməd Səid Ordubadi də tərcümə etdi. Səidin tərcüməsi küll halında gözəldir. Rəşid bəy poemanın ilk iki sətrini belə çevirmişdir.


Oturmuş fikrə piçidə çubuq əldə Gəray durmuş,

Hüzuri-dəhşətə qol bağlamış əhli-saray durmuş.


Çox yaxşıdır. Bu iki sətirdə biz həm Gərayın əhvali-ruhiyyəsini hiss edir, həm də saray əhalinin necə vahimə keçirdiyini görürük. Bu tərcümə Rəşid bəyin Puşkin ədəbi irsinə dərin məhəbbətinin təzahürüdür. Rəşid bəy Əfəndiyev sanki yenidən cavanlıq dövrü keçirirdi. Gündən-günə çiçəklənən, gözəlləşən vətəni tərənnümdən böyük zövq alırdı.

Rəşid bəy Əfəndiyev yeni yaranmaqda olan proletar ədəbiyyatnın qızğın tərəfdarlarından, təbliğatçılarından biri oldu. O da Cəlil Məmədquluzadə, Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi bu hərəkatı alqışladı və bu gənc orduya qoşuldu. Rəşid bəy Əfəndiyev Şəkidə yaşayırdı. O, tez-tez gənc qızıl Qələmlər İttifaqına məktublar yazırdı. Gənclərin müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi. Yadımdadır. Mən 1927-ci ildə Şəkiyə gənc Qızıl qələmlər ittifaqının bölməsini təşkil etməyə getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla gəlib Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı.

Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri İsə olduqca arıq idi. Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik. Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı. Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin həvəskar yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi.

Axşamüstü pəncərədən şəhərin dağ hissəsini seyr edirdim. Birdən mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli əsalı, gözü eynəkli dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü; mehmanxana qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim görəsən, bu hörmətli adam kimdir.

Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım, qarşımda faytondan düşən adam gördüm.

– Salam, oğlum, xoş gəlmisən, Rəşid bəy Əfəndiyev!

18


Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla görüşməyi qərara almışdım.

Artıq budur, o özü lapdan yanıma gəlmişdir.

Onunla mehribancasına görüşdük.

– Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə.

Mən dedim:

– Hörmətinizə görə təşəkkür edirəm. Lakin burda qalsam, yaxşıdır. Çünki məni cavanlardan və

təşkilatlardan axtaranlar olacaq.

“Oğlum nə olar ki… Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar. Getməsən, məni incitmiş olarsan”. Bunun üstündən artıq bir söz demək olmazdı. Faytona minib Rəşid bəygilə getdik.

Rəşid bəyin ailəsi bizi öz ləziz xörəklərilə heyran etdilər. Mən Şəki şüyütplovunun, Şəki şirnilərinin adını, tərifini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin evində gördüm.

Sanki dadı indi də ağzımdadır.

Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətimiz gecə yarıya qədər çəkirdi. O, məni vaxtilə çap olunmuş və olunmamış səhnə əsərlərilə də tanış etdi.

Biz Şəkidə, Azərbaycan gənc Qızıl qələmlər ittifaqının şöbəsini təşkil etdik. Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə sədr seçdik.

Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı. Şəkidə olduğum müddətdə Xan sarayını gəzdim. Evlərə

qonaq çağırıldım. Hər evdə yenə də məşhur Şəki plovu və şirniyyatı daddım. Bakıdan Şəkiyə yola düşərkən, bir şəkili qələm dostum mənə demişdi ki, “sənə bir kağız verim, dostlarım səninçün şüyütplov bişirtsinlər”. Mən ondan kağız almadan Şəkiyə gəlmişdim. Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə

də, Şəkidə yediyim plovları o öz kağızının hesabına yazardı.

Şəki ziyalılarının təşəbbüsilə Şəkidə bir ədəbi gecə təşkil edildi. Ədəbi gecəni Rəşid bəy idarə

edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər. Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur.

Bəli, bu ədəbi gecə də bunsuz olmadı.

Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə siyahıya baxıb belə

deyirdi: “Söz verilir Şəkinin birinci şairinə, söz verilir Şəkinin ikinci şairinə və i.a.”

Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı. Nəhayət, dedim:

– Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi var. Xahiş edirəm ona söz verin.

– Oğlum sən onu tanımırsan axı. Şulux sala bilər.

– Niyə şuluq salır. Qorxmayın ona söz verin.

Nəhayət, Rəşid bəy elan etdi ki, “İndisə söz verilir Şəkinin 37-ci şairinə”.

Tribunaya ortayaşlı, üzügülər bir adam qalxdı. Salonda bir gülüş oldu.

Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı: Çəpərdə oturmuşdu sərçə,

Düşdü kəndirə oldu büryan…


Rəşid bəy ayağa qalxıb dedi:

– Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə bizə hörmət qoyursan. Bu nə cəfəngiyyatdır ki, oxuyursan.

Rəşid bəyin dediyi Əbucabbar bəy aşağı düşərkən dedi:

– Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-ci şairi mənim kimi olar.

Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin ən zarafatcıl, hazırcavab adamlarındandır.

19


Mən Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım.

Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir neçə dəfə görüşmüşəm.

Şəkidə bölmə düzələndən sonra gənc şairlərin, yazıçıların şeirləri “Şəki fəhləsi” qəzetində və ayda bir dəfə qəzetə əlavə olaraq nəşr edilən ədəbi səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi.

Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi. Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur.

1937-ci il “Maarif və mədəniyyət” məcmuəsində də maraqlı bir şerini dərc etdik.


Həmin şeirdə bu sətirlər səslənirdi.

Əcəb nə keçdi o dövran əhli bazar idi.

Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.

Sirur, zövq nadir, bilməziydi, əğyar idi.

O əsr-lənətə layiq, zəmanəyi çar idi.

Tamam varlığım ilə həyatım ağlar idi.

Bütün o dövrdəki xatiratım ağlar idi.

Həyatın bər cəhəti cəbridi, fəlakət idi,

Xəlayiqi bürüyən fəqridi, səfalət idi,

Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,

Alıb qızıl qələmi sən də yaz həqiqətdən,


O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə o küçədən keçərkən dedi:

– Kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə bir küçə də mənim adımı daşıyacaq.

Rəşid bəy belə bir adamdı.


20


Nazim Hikmət

Düşünən beyni Moskvaysa ölkəmizin,

Təzə qan dağıdan qəlbidir Bakı!


Bu sətirlərin müəllifilə gənclik illərində hələ şəxsən tanış deyildim. O, Moskvadan “Maarif və

mədəniyyət” adlı ədəbi, ictimai xarakterli jurnalımıza tez-tez, böyük ürək oduyla yazılmış gözəl şeirlər göndərərdi. Nazim Hikmətlə əvvəlcə qiyabi tanış olduq. Bir-birimizə məktublar yazdıq. Yeni, novator poeziyamız haqda fikir mübadiləmiz oldu. Nazim bizim Azərbaycan sovet poeziyasi ilə çox maraqlanırdı. O, bizim oxucuların nə mövzuda, nə ruhda şeirləri xoşladığını bilmək istəyirdi.

Az bir zamanda Azərbaycan oxucuları türk xalqının vətənpərvər, inqilabçı, istedadlı şair oğlunu ürəkdən sevdi və alqışladı.

Nazim Hikmət Bakı həyatilə tanış olmaq və şairlərimizlə gorüşmək arzusuyla çırpınırdı.

Məktublarında gənc şairlərin jurnal səhifələrində çap olunmuş şeirləri haqqında öz səmimi fikirlərini yazırdı. Azərbaycan poeziyasına öz məftunluğunu bildirirdi. 1927-ci ildə mən bir neçə

məktubumda onu Bakıya qonaq çağırdım.

Nəhayət, bir gün dostumuz Nazim Hikmət öz həyat yoldaşıyla birlikdə, qatarla, aşağıdakı sətirləri yaza-yaza Bakıya doğru gəlirdi.


Tıqırdıyor trenin rayda təkərlikləri,

Devrilərək keçiyor teleqraf dirəkləri.

Yan belimə qədər uzandım pəncərədən,

Tərə səsilə dolan havalan dinlədim.


Nazimin Moskvadan Bakıya gələrkən yolda yazdığı “yolçuluq notlarından” sərlövhəli şeirləri çox gözəl poeziya nümunələridir.

Bəli, Nazim Hikmət Bakıya gəldi. Bir-birimizi yaxından tanıdıq. Dostlaşdıq. Aramızda qızğın yaradıcılıq söhbətləri, ədəbi mübahisələr başlandı.

O zaman Mikayıl Rəfili, Əli Nazim, Vəli Hacıoğlu, Əli Hüseynzadə, Əbdülbaqi Fövzi, bir söz hamımız dostumuzun Bakıdakı günlərinin səmərəli keçməsinə çalışırdıq.

Nazim Bakıya gəlişindən çox razı idi.

Bir axşam indiki akademiyanın binasında şairin oxucularla görüşünü təşkil etdik. Salondakılar Nazimi tribunadan buraxmırdılar. Bu gecə doğrudan da böyük şeir bayramı idi. Nazim sözün əsil mənasında novator şairdi. Nazim dənizi çox sevirdi. Vaxtımızın çoxunu onunla birlikdə, Xəzər sahilində keçirirdik. Axşamları qayıqla gəzintiyə çıxırdıq. Dənizdən gözəl şəhərimizi məhəbbətlə seyr edirdik. Nazim həsrətlə, ürək ağrısıyla İstanbulu xatırlayırdı.

Nazimi sonra bir neçə günlük Şüvəlana və Buzovnaya qonaq apardıq. Bir neçə gün Vəli Hacıoğlugilin bağında qaldıq. 12 yaşlı, pəhləvan gövdəli gənc Nazim idmanın bütün növlərinə yaxşı bələddi. Sahildə onunla güləşdiyimiz, qollarımızın gücünü sınadığımız, xatirimdədir. O günlər bizim üçün çox əziz günlərdi.

Günlər, həftələr, aylar keçdi. Nazimlə Moskvada proletar yazıçılarının birinci qurultayında və

plenumlarında tez-tez görüşərdik.

Yadımdadır, Nazimi Ümumittifaq proletar yazıçıları qurultayına Azərbaycandan nümayəndə

seçmişdik.

O zaman Moskvada Nazim kimi təhsil alan başqa türk gəncləri də vardı. Nazim bizi onlarla da tanış etdi.

27-ci ilə qədər Türkiyədə və Sovetlər ittifaqında Nazimin şeirləri yalnız qəzet və jurnallarda dərc edilmişdi. Nazimin hələ bir kitabı yox idi. Onun ilk şeirlər kitabı Bakıda çap olundu. Jurnallarımızda 21


çap olunmuş şeirlərini toplayıb “Günəşi içənlərin türküsü” adıyla nəşr etdiyimiz üçün o bizə öz minnətdarlığını bildirdi. Kitaba bu adı da biz verdik.

Bu Nazimin ən gözəl şeirlərindən birinin adı idi. Bu kitabın nəşri gənc Nazimin şairlik həyatında bir şənliyə, hadisəyə çevrildi.

Sonra uzun illər Nazim Hikmətlə görüşmədik. O öz doğma vətənində illərlə həbsxanalar küncündə ömür sürdü. Lakin mübariz şairin iradəsi, mətanəti sarsılmadı. Nazim məşhur “Zoya”

poemasını müharibə illərində zindanda yazdı.

İllər illəri əvəz etdi. Nazim Hikmətlə yenidən Moskvada görüşdük. Mikayıl Rəfili ilə birlikdə

Nazimin yanına getdik. Bu gün biz onun qonağı idik. Nazim qarşımıza döşü önlüklü çıxdı. Biz gülüşdük. Mən ona

– Nazim, şairlikdən aşpazlığa keçmisən, nədir? – dedim.

O, gülərək cavab verdi:

– Dost yolunda aşpazlıq etmək fənami şeydir? Bu gün sizə, əski dostlarıma hörmət deyə mətbəxdə

özüm yemək hazırlayıram. Sırf türk yeməkləri. Bən buna zindanda alışdım. Siz söhbətlə məşğul olunuz, mən də mətbəxə gedim.

Nazim, doğrudan da, süfrəyə çox dadlı yeməklər düzdü. Döşlüyünü çıxarıb bizimlə oturdu.

Süfrə arxasında da söhbət şeirdən gedirdi. Nazim bizə yeni şeirlərini oxudu. Öz şəxsi həyatından, acı zindan xatirələrindən, nə kimi əsərlər üzərində çalışdığından xeyli danışdı. Yaşa dolduğuna baxmayaraq davranışı, danışığı, coşqun şairlik ehtirası narahat bir gənci andırırdı. Bu görüşlərdə

Nazim Hikmətin ağır ürək xəstəliyinə tutulduğunu duymaq, hiss etmək çətindi.

Nazim Hikmət bir şair kimi, dostluq, sülh və azadlıq carçısı kimi dünyanın bir çox ölkələrini gəzib, dolaşmışdır. Onun alovlu, tribun şeirləri demək olar ki, dünyanın bir çox xalqlarının dilinə tərcümə

edilmişdir.

Azərbaycanda da Nazimin şeirlərdən, pyeslərdən ibarət kitabları çap olunub çox geniş yayılmışdır.

Nazim Hikmət şerimizin dahi ustadları Nizami, Füzuli, Sabir, yazıçı və dramaturqlarımızdan Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı haqqında böyük məhəbbətlə danışardı.

Nazim Hikmət ikinci dəfə Sovetlər İttifaqına gələndən sonra da, Bakıda bir neçə dəfə olmuşdur.

Respublikamızın gündən-günə gözəlləşməsi, insanların firavan, xoşbəxt həyat sürməsi, mədəniyyətimizin çiçəklənməsi, zəhmətkeşlərin xariqələr yaratması onu ürəkdən sevindirirdi. Mehdi Hüseynlə mən onu Gəncəyə, Göy gölə, Şəmkirə və Qazaxa apardıq. Nazim yollarda maşını saxlatdırıb kolxozçularla şirin söhbət edirdi. Həsrətlə öz türk milləti haqda düşünürdü.

Nazim Hikmətlə dostluğumuzun indi 43 illik tarixi vardır. Onu da deyim ki, Nazim həm də çox kəskin zəkalı, hazırcavab, incə zarafat sevən bir adamdı.

O, bir dəfə gülə-gülə mənə belə dedi:

– Qardaşım, sənin necə şair olduğunu bilirdim. Lakin yeni Molla Nəsrəddin olduğundan xəbərsizdim. Həkimlər mənə ürək xəstəliyimə görə dərd çəkməyi deyil, gülməyi, vaxtı şən keçirməyi məsləhət görürlər. Məncə artıq həkimlərə ehtiyac qalmır. Ya mən sənin yanında Bakıda qalım, ya da sən mənim yanıma Moskvaya köç.

Bu söhbətdən sonra Nazim istər görüşümüzdə, istərsə, məktublarında mənə:

– Mərhəba, ya molla Süleyman, mərhəba Nəsrəddin xocam, mərhəba ya Süleyman, Peyğəmbər, –

deyə müraciət edərdi. Qadınlar iştirak edən məclislərdə isə Sabirin:


“Ev madam, mənzil madam, bulvar madam, talvar madam.

Müxtəsər, əqlim çaşıb, ey dadi-bidad Ərdəbil”


– beytini deyib qəhqəhə çəkərdi.

Nazim Hikmət çox qayğıkeş, həssas bir insandı. Ona müraciət edən gənclərə həmişə xeyirxah məsləhətlər verib, bütün varlığıyla onlara kömək etməyə çalışardı. Zəmanəmizin ən istedadlı şairlərindən biri olan Nazim Hikmət aramızdan sinəsi hələ açılmamış səhifələrlə dolu getdi.

Lakin dünyanın milyonlarla oxucusu üçün çox qiymətli əsərlər qoyub getdi.

22


Nazim Hikmət öz əsərlərilə dünyanın poeziya ordusu sıralarında əbədi qaldı.

Şair özü gözəl deyib:


Ölənlər

Döyüşlərdə öldülər.

Günəşə gömüldülər.

Vaxtımız yox onlara matəm saxlamağa.

Axın var, Günəşə axın.

Günəşi zəbt edəcəyiz,

Günəşin zəbti yaxın.


Hazırda mənim kitabxanamda Nazimin mənə hədiyyə verdiyi əsərləri, 1928-ci və sonrakı illərdə

çəkdirdiyimiz şəkillər və bir sıra maraqlı, gülgü, zarafat dolu məktublar vardır.

Bunlar uzun illər duz-çörək kəsdiyimizin, dostluğumuzun əziz və unudulmaz nişanələridir.

Nazimin “Bayram oğlu” (Əli Bayramov), “Neftə doğru”, “Neftin cavabı”, “Xəzər” kimi gözəl, səmimi şeirləri bizim xalqa, bizim vətənə həsr edilmişdir. Bunlar da Nazimdən bizə canlı xatirələrdir.

1968-ci ilin baharında biz bir qrup Azərbaycan yazıçısı Türkiyəyə, Nazimin vətəninə səfər etdik, İstanbulu, Bursanı, İzmiri, Ankaranı gəzib dolaşdıq. Həmişə, hər yerdə Nazimi xatırladıq.

İstanbuldan adalara gedərkən vaxtilə burada günlər keçirən Nazimi andıq. Yollarda bulaqlardan su içərkən Nazimi yad etdik. Meşələri, dağları, çayları, gölləri, əncirlikləri, üzümlükləri seyr edərkən türk dostumuz Nazimi düşündük. Nazim Hikmətin gənc yaşlarında bu yerlərdə udduğu havadan udduq. Türkiyədə Nazimin xalq tərəfindən necə dərin bir məhəbbətlə sevildiyinin şahidi olduq.

Ziyalılardan tutmuş fəhlələrə, sürücülərə, məktəblilərə qədər hamı onun adını məhəbbətlə, hörmətlə

yad edirdi.

Türk xalqının böyük şair oğlu, azadlıq, səadət aşiqi Nazim Hikmət bütün millətlər üçün əzizdir, doğmadır.


Fevral 1970

23


Seyid Hüseyn Sadiq

Seyid Hüseyni mən 1923-cü ildən tanıyırdım.

O, Nərimanov texnikumunda bizim ədəbiyyat müəllimimiz idi. Gənclik illərimizdə aramızda

“nadinc” tələbələr də vardı. Bəzi müəllimlərin yumşaq damarını tutub dərs zamanı dəcəlliklər etdiyimiz yaxşı yadımdadır. Bir dəfə Həsən adlı müəllimimiz bizimlə ədəbi gecədə iştirak etdi. Onu deyim ki, Həsən müəllim öz ixtisasını gözəl bilən, mülayim xasiyyətli bir adamdı. O, səhnədə bir muğam dəstgahı oxudu. Yaxşı da səsi vardı. Onun bizə qohumluğu da çatırdı.

Bir gün o, sinfə girəndə hamımız bir ağızdan:

– Müəllim, “bir ağız” deyə səs-küy saldıq.

– Sakit, “nə bir ağız2 başa düşmürəm, nə istəyirsiniz?

– Müəllim, bir ağız… Səhnədə oxuduğunuzdan bir ağız.

– Eyibdir. Şuluqluq salmayın, müdiriyyət otağında eşidərlər. Sonra yaxşı olmaz.

Biz yenə inadla:

– Müəllim, bir ağız, müəllim, bir ağız, deyib bağırdıq.

Həsən müəllim çox həlim bir adamdı. O naçar qalıb qızara-qızara pəsdən bizim üçün bir ağız oxudu. Əl çalıb Həsən müəllimi alqışladıqdan sonra sakit olduq. Sonra isə tutduğumuz işdən çox peşman olduq.

Seyid Hüseyn də çox sakit, xeyli həlim bir adamdı. Ona hamımız hörmət edirdik.

O bütün dərsləri aydın, rəvan, sadə bir dillə bizə yetirməyi bacarırdı. Seyid Hüseynin dərsləri səmərəli keçirdi. Hamımız onun dərsinə hazır gəlirdik ki, xəcalət çəkməyək. O özünü bizə belə

tanıtdırmışdı.

Mənim ilk şerim onun köməyilə nəşr olunmuşdur. Bu şerim çap olunmasaydı, bəlkə mən ədəbiyyat aləminə bu qədər tez atılmazdım. Bu, belə olmuşdur.

Mən “Unudulmuş gənc” adlı kiçik bir şeir yazmışdım. Onu utana-utana Seyid Hüseynə verib dedim ki, müəllim, mən bir şeir yazmışam. Xahiş edirəm baxıb mənə fikrinizi deyəsiniz. Seyid Hüseyn şeri alıb, çox gözəl, vaxt tapıb baxaram, dedi.

Həftələr keçdi, lakin Seyid Hüseyn şerim haqqında mənə heç bir söz demədi. Mən də onu narahat etməkdən çəkindim. Bunun üstündən iki ay keçdi. Bir gün yoldaşlarım məni əhatəyə alıb təbrik etdilər.

– Gözün aydın, “Maarif və mədəniyyət” məcmuəsində şerin çıxıb.

– Necə? Mən ora şeir verməmişəm, ola bilməz.

Uşaqlar məni inandırdı ki, məcmuədə şeri gözləri ilə görüblər. Mən bunu növbəti zarafat bildim.

Məktəbdən çıxanda məcmuəni aldım, vərəqlədim, gözlərimə inanmadım.

Seyid Hüseynə verdiyim şerin məcmuəmdə bir kəlməsinə toxunulmadan eynən dərc edildiyinin şahidi oldum. Bu münasibətlə Seyid Hüseynə müraciət etdim. Ona təşəkkürümü bildirdim, o dedi ki, şeir xoşuma gəldiyindən jurnal redaksiyasına verdim, çap ediblər, sağ olsunlar. Seyid Hüseyn mənə

yazmağı və çox mütaliə etməyi, şeir üzərində çox zəhmət çəkməyi məsləhət gördü.

Bu hadisə mənə qol-qanad verdi.

Seyid Hüseynin məsləhətilə ilhamlanıb gərgin mütaliəyə girişdim.

Seyid Hüseynlə 1937-ci ilə qədər tez-tez görüşərdik. Şəxsən mən Seyid Hüseynin hekayə yazdığını bilmirdim. Amma inqilabdan əvvəl mətbuatda bir neçə hekayəsi çıxıbmış.

Mən 1927-ci ildə Ruhulla Axundovun məsləhətilə “Maarif və mədəniyyət” məcmuəsinə məsul katib təyin olundum. Jurnalın arxivini əvvəlki katibdən təhvil alanda Seyid Hüseynin “Gilan qızı” adlı hekayəsinə rast gəldim. Üzərində “getmədi” yazılmışdı. Katibdən hekayənin çap olunmamasının səbəbini soruşdum. O, dedi ki, hekayə zəif olduğundan dərc etmədik. Mən hekayəni evə aparıb diqqətlə, böyük maraqla və həyəcanla oxudum. Sonra Ruhulla Axundov da oxudu. Hekayə çox xoşumuza gəldiyindən məcmuədə dərc etdik. Beləliklə, mən müəllimimin borcunu ödəmiş oldum.

Seyid Hüseyni redaksiyaya çağırdıq. Jurnalımızda yaxından, fəal iştirak etməsini xahiş etdik.

24


Seyid Hüseyn bir-birinin ardınca bizə “Bir kuçənin tarixi”, “Gələcək həyat yollarında”, “Yatmış

kəndin qış gecələrində”, “Sümük azarı” və qeyri hekayələrlə məcmuəmizin səhifələrini zinətləndirdi.

Belə əsərlər məcmuəmizin oxucularının artmasına səbəb olurdu. Biz Seyid Hüseyni proletar yazıçıları ittifaqına üzv qəbul etdik.

Seyid Hüseyn gənclərin yetişməsində də böyük fəaliyyət göstərirdi. Biz onu fəhlə rayonlarındakı ədəbiyyat dərnəklərinə təhkim etmişdik. Mirzə İbrahimov, Məmmədağa Sultanov və başqaları onun rəhbərlik etdiyi dərnəklərdəndir. Seyid Hüseynin dili şirindi. Bəzi hərflər onun tələffüzündə zəif çıxırdı.

Seyid Hüseyn çox prinsipial adamdı. Oxuduğu əsər haqqında açıq və qəti fikir söylərdi. İclaslarda

“Kim söz istəyir, kim danışmaq istəyir” deyiləndə salondan səs çıxmazdı. Heç kəs birinci danışmaq istəməzdi. Burada Seyid Hüseyn bizim köməyimizə çatardı. İlk o, danışardı. Biz buna öyrəndiyimizdən müzakirə zamanı həmişə, “ağa, sözü sənə veririk” deyəndə o imtinasız tribunaya qalxardı.

Yadımdadır, bir dəfə biri bizi evinə çağırdı. Seyid Hüseyn, Çəmənzəminli də bizimlə idi. Bu evdə

qutabdan tutmuş plova qədər bişmişdi. Əsər oxundu. Yeməkdən sonra əsər haqqında söhbət başlandı.

İlk sözü Seyid Hüseyn dedi:

– Doğrudur, dadlı qutabınızı, plovunuzu yemişəm, inciməyin, ancaq əsəriniz çox zəifdir. Müəllifə

bir-bir sübutla, dəlillə əsərin nöqsanlarını açıb göstərdi.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации