Текст книги "Ədəbi həyat"
Автор книги: Vurğun Əyyub
Жанр: Зарубежная публицистика, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Şeirin söz xəzinəsi də onun yeniliyindən xəbər verir. Şeirdə 6 dəfə “hürriyyət”, 2 dəfə “sərbəstlik”, 8 dəfə “vətən”, 2 dəfə “mülk”, 2 dəfə “millət”, toplum, xalq mənasında 2 dəfə “əhali”, insan bildirən “şəxs”, “hər kəs””, “rəiyyət” sözləri işlənmişdir. Sözlərin belə təkrarlanması heç də şairin söz ehtiyatının azlığı ilə izah olunmamalıdır. 3-cü bənddə misraların sonunun arzu şəklində bildirilməsi / olsun, qoyulsun, olunsun, qurulsun / məhz romantizmin tələbindən irəli gələrək şairin gələcəyə ümidlə baxdığını göstərir!
Şeirin kompozisiyasında bir qüsur da görünməkdədir. Burada bitkin bir kompozisiya axtarmaq lazımsız bir işdir. Görünür bu səbəbdən, sanki “şeir bitməyib” fikri oxucuya hakim kəsilir. Diqqət edilərsə, doğrudan da şeirdə sonluq, son vurğu yoxdur. Belə görünür ki, qafiyə tükənməsə, şeiri sonsuza qədər davam etdirmək olarmış.
Bu qüsurlarına baxmayaraq, “El fəryadı” şeiri həm Hadi yaradıcılığında, həm də XX əsr poeziyamızda mühüm yer tutur. Şair azadlıq probleminin bədii əksində rəmzlərdən, aşiq-məşuq münasibətlərinin ənənəvi obrazlarına yeni məzmun aşılamaq cəhdlərindən yan keçmiş, poetik dildə siyasi terminlərdən (“həqi-məşru”, “qanuni-əsasi”, “mizani-ədalət”, “müsavat” və s.) uğurla yararlanaraq siyasi-vətəndaşlıq lirikasına məxsus olan açıq üsyankar və publisist bir üsluba müraciət etmişdir. “El fəryadı” şeirində Hadinin azadlıq düşüncələri romantik bir üslubda, coşğun, hissiyyatlı bir poetik dillə ifadəsini tapmışdır.
Abbas Səhhət: “Tərcümeyi-halım, yaxud hululu”
Eşq zənciri qırıldı, yol açın,
Ey uşaqlar, hululu gəldi, qaçın.
Od saçır ağzı, vucudu alışır,
Od tutar kim ona bir dəm yanaşır.
Məğzi bir saiqə, bir vulkandır,
Könlü niyran, əməli xüsrandır.
Uçurumlar, qayalar məskənidir,
Qanlı, müdhiş qayalar məmənidir.
Daldığı fikri dərin dəryalar,
Düşdüyü eşqi çətin sövdalar,
Qəlbi qan, halı yaman, xanəxərab,
Göz yaşı içdiyi su, bağrı kəbab.
Satdığı cinsi böyük niyyətlər,
Aldığı nəfi fəna töhmətlər.
Fikri ali, bədəni xarü zəlil,
Adı Səhhətkən, özü xəstə, əlil.
Qanlı əllərlə tıxanmış nəfəsi,
Bağırır, çıxmayır amma ki, səsi.
Çırpınır, bəlkə qurtarsın özünü,
Dinləyənlər eşidərlər sözünü:
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
Məsləkim tərcümeyi-halımdır.
Lütfi-həq qayeyi-amalımdır.
XX əsr Azərbaycan romantizminin görkəmli nümayəndəsi Abbas Səhhətin bu şeiri yazıldığı dövrün (1912) mühüm bir problemini şeirin mövzusuna çevirmişdir. “Şair və zaman”, “şair və mühit”, “şair və xalq” münasibətləri, şairin zamanında düzgün anlaşılmaması, mühit, xalq tərəfindən rədd edilməsi romantiklərin yaradıcılığında şair şəxsiyyətini əsərin qəhrəmanına çevirən silsilə şeirlərin ortaya çıxmasına səbəb olmuşdur. Başqa sözlə, şairlər arzuladıqları, mühitə qarşı qoymaq istədikləri romantik qəhrəman olaraq öz şair “mən”lərini təsvir edirdilər. A.Səhhətin haqqında danışacağımız şeiri də bu tipli şeirlərin parlaq örnəyi və XX əsrin əvvələrində “şair-zaman”, “şair-mühit”, “şair-xalq” qarşıdurmalarını əks etdirən bir əsərdir.
Kiçik bir araşdırma. Şeirin adına diqqət edək: “Tərcümeyi-halım, yaxud hululu”. Əsərin adı oxucuya avtobioqrafik səciyyəli bir məzmun vəd etsə də, burada tərcümeyi-hala məxsus çılpaq sənəd faktları, fəaliyyət məlumatları yoxdur. Tərcumeyi-hal sərlövhəsi altında şair şeirin qəhrəmanının zahiri görkəmini, yaşam məkanını, daxili dünyasını, düşüncələrini ifadə etmişdir. Şeirin başlığındakı “hululu” (bu adı bəzən “hülülü”, “hololo” şəklində də oxuyublar) sözü şeirin obyekti haqqında qarışıqlıq yaratsa da, əsərə fərqli bir kompozisiya verməklə bərabər, elə başlanğıcdaca şairlə hululu arasındakı bağlılığa işarə edir. Kompozisiya haqqında bir az sonra danışacağımızı nəzərə alıb, “hululu” sözünün şeirdə nə məqsədlə işlədildiyini araşdırmağa çalışaq. A.Səhhət əsərlərinin tərtibçisi və tədqiqatçısı akademik K.Talıbzadə bu sözün izahatında yazır: “Hululu – “hüluli” sözünün xalq danışıq dilində işlənmiş şəklidir. Hüluliyyə orta əsrlərdə və XIX əsrdə Şərqdə mütərəqqi cəhətləri olan ictimai-fəlsəfi cərəyan olmuşdur”. Bu qiymətli məlumata baxmayaraq, hörmətli ədəbiyyatşünasımız şeirin qəhrəmanının nədən “hululu” adlandırılmasını izah etməmişdir. Şair nə səbəbdən uşaqları “hululu” ilə qorxutmaq istəmişdir? “Hululu” ilə qorxu arasında hansı bağlılıq olmuşdur? Düşünmək olar ki, şair o dövrdə islam dünyasının sükunətini pozan bu təriqətin adını çəkməklə onun kimi qələm sahiblərinin qaragüruh tərəfindən necə qarşılandığını göstərmək istəmişdir. Bu, sadəcə, bir mülahizə ola bilər. Lakin araşdırma zamanı diqqətimizi çəkən bir fakt başqa şərhə də meydan açır. Belə ki, Doktor Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) 2001-ci ildə Tehranda hazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin Ərdəbilinin (Şah İsmayıl Xətainin ulu babası) “Qara məcmuə” kitabında “Qaçın” adlı iki misralıq bir şeirinə rast gəldik:
Eşq zəncirini üzdü, yol açın,
Ey uşaqlar! Ululu gəldi, qaçın!
Kitabın sonunda verilən lüğətdə Ululunun “al arvadı, hululu” olduğu bildirilir. Şeyx Səfiəddininin bu şeiri ilə Səhhətin tanış olub olmadığı barədə əlimizdə məlumat yoxdur. Ancaq “Tərcümeyi-halım…” şerinin ilk iki misrası ilə Şeyx Səfiəddinin beyti arasındakı eynilik göz qabağındadır. Səhhətin şerində də “hululu”nun məhz “al arvadı” olduğu daha ağlabatandır. Analar övladlarını Al (Hal) arvadı ilə qorxudardılar. Çünki xalq inancına görə Al (Hal) arvadı həm də yeni doğulmuş uşaqların ciyəri ilə bəslənirmiş. Al arvadı görkəmcə qorxunc, gözləri qanlı, uzun dırnaqlı, uzun boylu imiş. Türk xalqlarının inancında Al pisliyi, yandırmağı, aldatmağı, hiyləni ifadə edən anlayışdır. Al sözündə atəş anlamının olduğunu da nəzərə alsaq, Səhhətin təsvir etdiyi Hululu ilə Al arvadının arasındakı bənzəyişləri görə bilərik.
Od saçır ağzı, vucudu alışır,
Od tutar kim ona bir dəm yanaşır.
Məğzi bir saiqə, bir vulkandır…
Şeirin mövzusu və ideyası. Şeirdə qəhrəmanın həm zahiri görünüşü, həm də daxili dünyası təsvir edilmişdir. İlk iki misra qəhrəmanın varlığı, gəlişi ilə bağlı xəbərdarlıqdır. “Eşq zəncirinin qırılması” təsəvvürdə “məcnun” (dəli) obrazı ilə assosiasiya olunur. Eşq zəncirini qıranın dəli olması artıq bizə klassik eşq poeziyasından bəllidir. İkinci misrada “hülulu” adının çəkilməsi vəziyyəti daha da dramatikləşdirir, qorxu hissini daha da artırır. Gələnin qorxulu bir varlıq olması yığcam şəkildə təqdim edilmişdir. Sonrakı iki misra şeirin obyektinin zahiri təsviri ilə bağlıdır. Şairin təsvirində qəhrəmanın (hululunun) görkəmi belədir: ağzından od saçılır, bədəni alovlanır. Zahiri görkəm qorxuncdur. “Hululu”nun zahiri görünüşünün – bədheybət olmasının, ətrafa dəhşət saçmasının təsviri Səhhətin izləmək istədiyi məqsədə, vermək istədiyi mənaya tam uyğundur. Məqsəd isə təbii ki, heç də uşaqları qorxutmaq yox, mühitin, zamanın, xalqın şairə münasibətini ifadə etmək, qəhrəmanın öz dövründə necə qəbul edilməsini göstərməkdir.
Qəhrəmanın yaşadığı məkan da qorxunc və təhlükəlidir: uçurumlar, qayalar, qanlı və müdhiş quyular! Məkanın qorxunc varlıqlara məxsusluğu oxucunu gərginlik içərisində saxlayır, şairin ideya və məqsədinin daha aydın qavranılmasına xidmət edir: şairlə mühit arasında böyük uçurum vardır! Şeirin sonrakı misraları qəhrəmanın daxili dünyası, düşüncələri ilə bağlıdır. Qəhrəmanın bağlı olduğu niyyətər, dəyərlər bunlardır: vətən, millət, inanılan, qəbul edilən məsələyə sədaqət! Niyyətin paklığı, ideyanın aliliyi ilə görkəmin, ona münasibətin arasındakı təzad qəhrəmanın düşdüyü faciəvi vəziyyəti gözəl bir şəkildə əks etdirə bilmişdir. Şairin yaşadığı mühitdə təmiz niyyət, xalqa xidmət ideyası qorxunc səslənir. Səhhətin qəhrəmanı uca dəyərlər uğrunda özünü fəda etməyi bacaran bir qəhrəmandır:
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
Şeirin sənətkarlığı. Şeir kompozisiya baxımından mürəkkəb şəkildə qurulmuşdur və müəyyən bir qarışıqlıq nəzərə çarpır. “Tərcümeyi halım” ifadəsi birinci şəxsin təkindən danışılacağı təsəvvürü yaratsa da, şeirin əvvəlində Səhhət sanki tamam başqa bir şəxs – üçüncü şəxsin təki (“hululu”) haqqında danışır. “O”nun görkəmini, yaşadığı məkanı təsvir edir. Onun gəlişi xəbərdarlığı və görkəminin təsviri ilə ətrafdakıları qorxudur. Bundan sonrakı (9-15-ci) misralar oxucuda çaşqınlıq yaradır. Bu misralarda ifadə edilən məzmun və mənaların Hululuya aid edilməsi çətindir. Yalnız on altıncı – “Adı Səhhətkən, özü xəstə, əlil” misrası bu qəhrəmanın kimliyini bəlli edir. Bəlli olur ki, bu qəhrəman şairin özü imiş. O, öz tərcümeyi-halından söhbət açırmış: vətəndaşlıq duyğuları onun qəlbindən vulkan kimi püskürməyə hazırmış, böyük, ali niyyətlərlə yaşayır, zəmanə isə onu faciəli hallara məhkum etmişdir. Şeirin son dörd misrasında üçüncü şəxsin dilindən deyilən sözlər brinci şəxsin dilindən, əslində, şairin öz dilindən deyilən fikirlər kimi səslənir. Üçüncü şəxsin birinci şəxsə transformasiyası, çevrilməsi təbii bir yolla baş verir. Şeirin son dörd misrasında romantizmə məxsus subyektivizm şairi öz adından, birinci şəxsin təkinə mənsub mövqedən çıxış etməyə məcbur edir. Şeirin əvvəlində təsvir üsuluna yer verən şair sonda xitaba keçir, mühitə, insanlara səslənir:
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü millətimi.
Məsləkim tərcümeyi-halımdır.
Lütfi-həq qayeyi-amalımdır.
Bu misralarla Səhhət bir tərəfdən ətrafını bürümüş zülmət mühitə üsyan edirsə, meydan oxuyursa, digər tərəfdən də özünün amal və məsləyini elan etmiş olur.
Şeirdə qəhrəmanın daxili aləmini, üzüntülərini, düşdüyü faciəvi vəziyyəti aydın şəkildə göstərmək üçün təzadlardan istifadə edilmişdir: “adı Səhhətkən, özü xəstə, əlil”, “könlü niyran, əməli xüsran”, “fikri ali, bədəni xarü zəlil”, “böyük niyyətlər” qarşısında “fəna töhmətlər”… Məlumdur ki, şairin təxəllüsünün – Səhhət sözünün mənası “sağlamlıq” deməkdir. Adın mənası ilə fiziki durumun bir-birinə tam əks olması (qəhrəmanının xəstəliyi, əlilliyi) bir tərəfdən qəhrəmanın daxili aləmini açırsa, digər tərəfdən vəziyyətin ziddiyyətinə işarə edir. “Göz yaşı içdiyi su, bağrı kəbab” ifadəsi özündə daha böyük məzmun ifadə edir. İnsan susuzlayarkən təmiz və şirin su axtarar. Qəhrəmanın faciəsi bundadır ki, o ürək yanğısını söndürmək üçün təmiz su (niyyətlərinə, arzularına dəstək) tapmadığından duzlu göz yaşlarını su əvəzinə içməli olur. Bu isə susuzluğu daha da artırır. Lakin şeirdəki “bağrı kəbab” ifadəsi daha bir qata işıq saçır. Məlumdur ki, kabab bişirilərkən közün alovlanıb əti yandırmaması üçün onun üzərinə duzlu su çiləyərlər. Şair bu detaldan ustalıqla istifadə etmişdir. Gördükləri, cəmiyyət tərəfindən anlaşılmamazlığı, tuş olduğu töhmətlər, bəlalar onun bağrını kabab kimi bişirmişdir. O, duzlu göz yaşlarını bağrının alovu üzərinə çiləyərək alovunu söndürməyə çalışır.
Şeir həyəcanlı, sərt bir üslubda yazılmışdır. İlk misradan başlayaraq şair durumun gərginliyinə, obyektin vahiməli olmasına diqqət çəkir. Bu da hər şeydən əvvəl mücərrəd deyil, real bənzətmələr, gerçək detallar hesabına baş verir. Şeirin son dörd misrasına qədər oxucuda belə bir fikir oyanır ki, bu qəhrəman çarəsiz, üzülmüş, ümidsiz, mühitə küskün və təslim olmuş durumdadır. Son misralar isə gələcəyə, tutduğu yola dərin inam, dönməzlik və nikbinlik ruhundadır.
“Tərcümeyi halım…” Səhhətin texnika baxımından ən kamil şeirlərindən biri hesab oluna bilər. Dili bir çox başqa şeirlərinə nisbətən sadədir, aydındır. Ərəb-fars kəlmələri azlıq təşkil edir, daha çox xalq danışıq dilinə yaxınlaşma cəhdləri görünməkdədir. Məsnəvi şəklində qafiyələnməsi fikrin yayınmadan birbaşa ifadəsinə imkan vermişdir. Bir neçə misra istisna olunmaqla hər misra bir fikir ifadə edir ki, bu da deyilişə, ahəngə bir qətilik verir. Şeirin qafiyə sistemi /açın-qaçın, xanəxərab-kəbab, ətimi-millətimi, əlil-zəlil və s./ mükəmməldir. Yalnızca iki qafiyə zəif qafiyə hesab oluna bilər: alışır-yanaşır; dəryalar-sövdalar. Şeirdə ş, s, ç, c, q, k, d samitlərinin təkrarlanması və bir-birini izləməsi gözəl bir ahəng yaratmışdır.
“Tərcümeyi-halım, yaxud hululu” şeri yalnızca A.Səhhətin deyil, həm də Azərbaycan romantizminin demokratik mahiyyətinin, vətəndaşlıq ruhunun örnəyi, romantik lirikanın xalq dilinə və ruhuna daha yaxın olmaq istəyini əyani şəkildə əks etdirən bir əsərdir.
Abdulla Şaiq: “Vətən”
Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!
Qəlbim kimi ələmlərə həmdəm, vətən, vətən!
Fikrim sarayını dolaşırsan zaman-zaman,
Qanlı kəfənlə dərd ilə toəm vətən, vətən!
Baxdıqca həsrət ilə o solğun camalına,
Çeşmimdə tar görsənir aləm, vətən, vətən!
Axşam-səhər o gül üzünü isladan nədir?
Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən!
Dəhşət içində cismi şərifin donub durur,
Nolmuş vücudi-pakinə bilməm, vətən, vətən!
Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi sanır onu adəm, vətən, vətən!
Sənsən səbəb bəqayi-dilu cani-natəvan,
Canım kimi nolar səni sevsəm, vətən, vətən!
Gördükcə dərdini əriyir cismi-natəvan,
Ney tək sızıldayır dili-pürqəm, vətən, vətən!
Qarşımda dərd, matəmə batmış gözəl mələk,
Səslər həzin səda ilə hərdəm, vətən, vətən!
Ey xaki-pak söndümü parlaq ziyaların?
Oldunmu zülmə, möhnətə həmdəm, vətən, vətən?
Övladi-naxələfmi səni saldı bu günə?
Eyvah, bu dərd, möhnətə dözməm, vətən, vətən!
Aç, aç o qəmli köksünü, ey məxzəni-məlal,
Bas bağrına bu Şaiqi möhkəm, vətən, vətən!
Poeziyamızda “Vətən” mövzusuna qısa bir ekskurs. Vətən millətin varlığını təşkil edən ünsürlərdən biridir. Bizim fərdi varlığımızla vətən arasında bir cövhər birliyi vardır. Varlığımızın mayası vətən torpağından yoğrulmuşdur. Bu səbəbdən də insan övladının vətəni sevməsi, onun şəninə nəğmələr qoşması, şeir söyləməsi, uğrunda iztirab çəkməsi və ölməsi tamamilə təbiidir. Vətənə olan sevgi hər zaman ədəbiyyatın baş mövzularından biri olmuşdur. Bizim yazılı ədəbiyyatımızda da vətən mövzusunun çox qədim tarixi və dərin kökləri vardır. Bu köklər şifahi xalq ədəbiyyatımızdan qidalanaraq klassik ədəbiyyatımızda yeni çalarlarla davam etdirilmişdir. Bir tərəfdən klassik şerimizdə təbiət-vətən hüsni-mütləqin (Allahın) təcəlləsidir, canlıdır, insanla bütünləşmiş şəkildədir, ona görə də mücərrəddir, simvolikdir. Təsəvvüf şairlərinə görə isə təbiət metafizik (aləmi-bəqa) dünyadır. Digər tərəfdən klassik romantik şeirimizdə vətən sevgilinin, məşuqun olduğu, yaşadığı yerdir. Füzulinin məşhur:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim –
misraları dediyimizə ən parlaq sübutdur.
“Vətən sevgilidir" – klassik ədəbayyatda rast gəldiyimiz bu fikir XX əsr Azərbaycan romantik lirikasında daha sıx və ardıcıl şəkildə deyilmişdir. Romantik lirikada vətən mövzusu və ideyası qədim ədəbi ənənələrə söykənsə də, böyük ölçüdə fərqli və yenidir. Romantik poeziyamızda vətənə məhəbbət iki tip şeirlərdə əksini tapmışdır: a) mövzusu təbiətdən götürülmüş, vətənin təbii gözəlliklərini təsvir edən şeirlərdə; b) vətənin taleyindən bəhs olunan şeirlərdə. Birinci tip şeirlərdə romantik şair konkret obyektin, ayrıca götürülmüş təbiət mənzərəsinin, vətən torpağının bir parçasının təsviri ilə məşğul olur. İkinci tip şeirlərdə isə o, açıq şəkildə, monoloqvari vətənin taleyindən, halından, vəziyyətindən söhbət açmaqla özünün Vətənə olan sonsuz məhəbbətini ifadə edir. Birinci tip şeirlərdə təsvir üsulu əsasdırsa, ikincilərdə tərənnüm və çağırış aparıcı mövqedədir. Görkəmli romantik şair və maarifçimiz Abdulla Şaiq hər iki tipdə yaddaqalan şeirlər yazmışdır. Şaiqin haqqında danışacağımız “Vətən” şeiri ikinci tip şeirlərə parlaq örnəkdir.
“Vətən” şeirinin məzmun və ideyası. Romantik poeziyada vətənin taleyi barədə ilk “həyəcan təbili” A.Şaiqin “Vətən” və A.Səhhətin həmin şeirə yazdığı cavab məktubunda çalınır. Hər iki şeirdə Vətənin dərd və ələmlər məskəninə çevrilməsindən, onun zülmətə və möhnətə həmdəm olmasından, övladlarının naxələfliyindən hüznlü-hüznlü söhbət açılır. A.Şaiqin “Vətən” şeirində və eləcə də digər romantik şairlərmizin əsərlərində müşahidə olunan yeni keyfiyyətlərdən biri odur ki, vətənpərvər lirik qəhrəmanla vətən arasındakı münasibət aşiqlə məşuq arasındakı məhəbbəti xatırladır. Vətən – Leyli misallı bir ünvana, lirik qəhrəman isə onun səadət vüsalı, azadlıq eşqi ilə çağlayan Məcnuna çevrilir. Vətənə məhəbbət, onun taleyinin doğurduğu narahatlıq, ayrılıq əzabı və qorxusu lirik qəhrəmanı əsl Məcnun yanğısı ilə fəryad qoparmağa məcbur edir. Romantiklərin vətənin taleyindən bəhs edən şeirlərində bir qayda olaraq, qəm-pssə, pərişanlıq motivləri qabarıqdır. Bu, vətənin taleyini düşünən, onu azad və cah-cəlallı görmək istəyən vətənpərvər, vətəndaş şairin kədəridir.
A.Şaiqin “Vətən” şeiri birinci misradan birbaşa Vətənə xitabla başlayır: “Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!” Bu misradakı “mücəssəm” sözünün məcazi mənası “xəyalən cisim halına girmiş, canlanmış bir şey” deməkdir. Bir coğrafi ərazi, yurd, məmləkət anlamı verən “Vətən” kəlməsi Şaiqin şerində şəxsləşmiş, insana məxsus keyfiyyətlər qazanmışdır. O da insan kimi ağlayır, qəmlənir, həsrəti çəkilir və s. Vətən və şairin qəlbi eyni zərbələrə məruz qalmış, eyni dərdlərə həmdəm olmuşdur. Klassik sevgi şeirlərində məşuqəyə sual edərdilər ki, “gül üzünü isladan” “göz yaşıdır, ya şəbnəm?” Şaiqin şerində isə üzü göz yaşlarından, ya da şəbnəmdən islanan Vətəndir. Klassik şair sevgilinin solğun camalına həsrət ilə baxardısa, Şaiq o sevgilinin yerində Vətəni görür. Şair klassik ədəbiyyatda gözələ edilən müraciətlərə, məşuqəyə şamil edilən bənzətmələrə yeni məzmun aşılayaraq ünvanı dəyişir. Füzulinin qəhrəmanı “Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm, Ta nəfəs vardır quru cismimdə fəryad eylərəm” deyirdisə, Şaiq vətənin dərdlərini gördükcə qəmli ürəyinin ney tək sızıldadığını söyləyir. Aşiq məşuqundan ayrı yaşaya bilməyəcəyini vurğulayırdısa, Şaiqin lirik qəhrəmanı vətənin dərd və möhnətlərinə dözməyəcəyini söyləyir. Şeirin sonuna yaxın vətənin belə dərdli olmasında onun parlaq ziyalarınınmı söndüyünü, nankor övladlarınınmı günahkar olduğunu soruşan şair həm də özünün məsuliyyət və borcunu dərk etdiyini bildirir. Beytdən-beytə şairin ideyası daha da açılır, vətənə sevgisi daha artıq təzahür edir. Şeirin sonu Vətənlə qəhrəmanın bir-birinə sarılması, bütünləşməsi arzusu ilə bitir. Şeirdən hasil olan ideya budur ki, Vətənin xoşbəxtliyi olmadan fərdin, vətəni sevən insanın xoşbəxtliyi mümkün deyildir.
Şeirin sənətkarlıq xüsusiyyətləri. “Vətən” şeiri başdan-başa lirizmlə yoğrulmuş, ilk misrasından son misrasına qədər hüznün, kədərin, pərişanlığın hakim olduğu bir şeirdir. Sözlərdəki incə ə saitinin, s, ş, z, ç, c samitlərinin çoxluğu və ardıcıl təkrarlanması üsluba həzinlik gətirmişdir. Şairin subyektiv münasibəti onun bütün misralarında qabarıqdır. Şeirdə Vətənin dərdlərinin nədən ibarət olduğu hər hansı hadisə ilə göstərilməmişdir. Şair ümumi şəkildə Vətənin möhnətə düçar olmasından, qəm, kədər xəzinəsinə (məxzəni-məlal) çevrilməsindən söhbət açmışdır. Vətənin “solğun camalına”, “matəmə batmasına”, “qanlı kəfənə bürünməsinə”, “zülmə, möhnətə həmdəm olmasına” səbəb olan hadisə və ya fəaliyyətə dair ən kiçik mənzərə, detal belə yoxdur. Bu da təbii ki, şeirin əyanilik və inandırıcılıq keyfiyyətinə xələl gətirmişdir. Şeirini vətən-mən paralelləri üzərində quran, düşüncə və duyğularını konkret bu iki subyektin timsalında açıqlayan şair, sonra “adəm” kimi ümumi, mücərrəd ünvana üz tutur:
Baxdıqca gül-çiçəkli o gülgün çəmənlərə,
Möhnət evi sanır onu adəm, vətən, vətən!
Şeirin bəzi beytlərində fikir dolğunlaşmır, Şaiq birinci misrada deyilən fikri ikinci misrada məntiq və hissiyyat baxımından bir-birilə bağlaya, tamamlaya bilmir.
Sənsən səbəb bəqayi-dilu cani-natəvan,
Canım kimi nolar səni sevsəm, vətən, vətən!
və yxud:
Qarşımda dərd, matəmə batmış gözəl mələk,
Səslər həzin səda ilə hərdəm, vətən, vətən! –
beytlərindəki ikinci misra birincidə deyilən fikri qüvvətləndirmir, təsvir edilən mənzərəni tamamlaya, onu aça bilmir, yaxud da zəif şəkildə açır. Məlum olmur ki, “dərd, matəmə batmış gözəl mələk” deyəndə kim nəzərdə tutulur. Bu vətəndirsə, o zaman belə çıxır ki, vətən özü özünü “həzin səda ilə” səsləyir?
Şeirin söz ehtiyatının zəngin olduğunu söyləyə bilmərik. Dərhal görünür ki, şair vətənin faciəsini tam ifadə etmək üçün zəngin və rəngarəng söz ehtiyatına malik deyildir. Şeirin 150 kəlmədən ibarət söz fondunun çoxu (26 dənə “vətən”, 5 dənə “o”, 4 dənə “dərd”, 3 dənə “ilə”, 3 dənə “möhnət” və s.) təkrarlanır. Lakin qeyd edək ki, bu qüsur ümumi fikrin və ideyanın çatdırılmasına mane ola bilməmişdir. Şeirdə işlədilən mənaca yaxın, bəzi hallarda isə sinonim olan dərd, möhnət, natəvan, qəm, ələm, məlal, matəm sözləri vətənin durumunun şair qəlbində oyatdığı duyğular barədə müəyyən təsəvvür yarada bilir. Şeirdə ərəb-fars tərkiblərindən istifadə nisbətən azdır, şair çalışıb ki, daha çox xalq dilindən gələn ifadələrə yer versin. Hətta ərəb-fars tərkibləri də, bəzi istisnalarla, o zaman üçün asan anlaşılan sözlərdən yaradılmışdır. Şeir bədii təsvir və ifadə vasitələri baxımından da zəngin hesab edilə bilməz. Orijinal, parlaq təşbeh və mübaliğələr yox dərəcəsindədir. Təşbehlər əsasən klassik ədəbiyytadan gələn sadə təşbehlərdir.
Hər misranın sonunda birbaşa edilən xitabın ünvanı vətəndir. Rədif yerində işlədilən “vətən” kəlməsi hər misradakı fikri bağlayır, bütün fikirlərin vətənə bağlanmasını təmin edir, oxucunun fikrini başqa səmtə yönəltməyə imkan vermir. Misraların sonunda “vətən” sözünün iki dəfə təkrarlanması şeirdəki ahəngi ağırlaşdırsa, ritmi pozsa da, oxucunun diqqətini mövzuya daha artıq cəmləyə bilmiş, hissi dolğun şəkildə çatdırmağa yardımçı olmuşdur.
Şeirdə bir çox hallarda hər misra özü ayrıca fikir ifadə edirsə, bəzən fikir iki misrada ifadə olunur. İki misranın başlanğıcında “ey” müraciəti şeirə bir çağırış ruhu da gətirir. Ümumən, şeirdə çağırış, bədii sual, xitab mühüm yer tutur. Şeirdəki suallar nə qədər ritorik səslənsə də, ekspressivliyi, emosionallığı artırır, şairin daxili dünyasını açmağa xidmət edir.
Şeirin qafiyə sistemi də mükəmməl deyildir. Qafiyələr isim, sifət və feldən ibarət olub, üç dilin – ərəb, fars, türk dilinin imkanlarından istifadə edilərək yaradılmışdır. Ancaq açıq görünür ki, şair ərəb-fars sözlərinə uyğun türkcədən kök qafiyələr tapmaqda çətinlik çəkmiş, bu zaman şəkilçilərin yaratdığı qafiyəyə üz tutmuşdur (sevs+əm, dözm+əm, bilm+əm). “Bilməm”, “sevsəm”, “dözməm” sözlərinin qafiyələnməsi birinci şəxsin təkinin şəxs şəkilçiləri hesabına baş vermişdir. Söz köklərindən yaranan qafiyələr də tam və qüvvətli hesab oluna bilməz. “Həmdəm” qafiyəsi ikinci və iyirminci misralarda təkrarlanmışdır.
Şeir bizə bəlli olan qəzəl janrında yazılmışdır. Qəzəlin forma tələblərinə tamamilə cavab verən şeir məzmun baxımından yenidir. Şeirdə biz ağlın oyunları, şair beyninin quramaları ilə rastlaşmırıq. Şeir bütünlükdə səmimiyyətdən yoğrulmuş, duyğu və düşüncələr sanki şairin ürəyindən qəfil püskürmüşdür. Onda quruluş, ifadə baxımından da qüsurlar tapmaq mümkündür. Amma bu şeirin içindəki səmimiyyət duyğusunu zədələmir. Şeirin əsl qiyməti də bundadır.
Hüseyn Cavid: “Öksüz Ənvər”
Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər…
Sinifdə tam iki ildir, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o şimdi pək yorğun.
O imdi çox mütəfəkkir… cahanda iştə onun
Həyatı, nəşəsi, ümmidi tək bir annəsi var.
Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı leylü nahar.
Zavallı annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb da qavruluyor; ən böyük düşüncələri
Yarınki matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yoq həyat əsəri.
Çocuq davam ediyor dərsə hər sabah; lakin
Nə söylüyorsa müəllim, o bir şey anlamıyor.
Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,
Toqat yeyirsə də biçarə susmuş, ağlamıyor.
Səkiz gün oldu ki, artıq xəbər yoq Ənvərdən,
O şimdi dərsə dəvam etmiyor, qadıncığazın
Qoşar məzarına öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır bayğın.
Sorar sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arqasınca onun;
“Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın…”
Yarınki gün o soluq çöhrə pürməlali təəb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq
Müəllim əkşi, çatıq yüzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
– Ey! Çocuq, bana baq!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
– Əfəndim, şey…
– Ah, dəni yaramaz!
Nasıl da baq dalıyor, sanki tilkidir qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin…
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baqıb duruyor, yoqdur onda hiylə və suç…
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi;
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.
Şeirin mövzusu, məzmunu və ideyası. Azərbaycan romantizm cərəyanının ən tanınmış və sevilən nümayəndəsi Hüseyn Cavid ədəbiyyatımızda səhnə əsərləri ilə yanaşı həm də lirik-fəlsəfi şeirlər müəllifi kimi tanınmaqdadır. Bu şeirlərin əksəriyyətində Cavidin hələ İstambulda təhsil aldığı illərdə yaradıcılıqları ilə yaxından tanış olduğu yeni Osmanlı ədəbiyyatının təsiri duyulur. Xüsusən “Sərvəti-fünun”çuların təsiri ilə onun poeziyasında mənzum hekayə şəkli, sosial mövzular və məzmun qabarmağa başlayır. “Öksüz Ənvər” də bu təsir altında yazılmış şeirdir.
Doqquz yaşında olan Ənvər məktəbdə müəllimlərin sevimlisidir, dərslərində birincidir. Onun yalnızca anası vardır. Ancaq üç aydır ki, anası xəstədir. Ənvərin bütün fikri xəstə anasının yanında olduğundan müəllimlərinin dediklərindən bir şey anlamır, “dalıb gediyor”, şillə yesə də, susub ağlamır. Artıq səkkiz gün olar ki, Ənvər məktəbə gəlmir, vəfat etmiş anasının məzarı başında ağlayıb analı günlərini xatırlayınca bayğın hala gəlir. Sinifdə bütün bunlardan xəbərsiz müəllim onu soruşur, qızlar arxasınca dedi-qodu edirlər. Sabahı gün məktəbə gələndə müəllim qəzəb içində və turşumuş bir üzlə ondan “hansı cəhənnəmdə” olduğunu soruşur. Ənvərdən aydın bir cavab almayan müəllim onu şillələyir. Şeir uşağın “vay annəciyim” deyərək huşunu itirməsilə sona çatır. Əsəri şərti olaraq dörd hissəyə ayıra bilərik: a) Ənvərlə tanışlıq. Şair uşağın bacarıqlarından, məktəbdə sevimli şagird olmasından söhbət açmaqla oxucunu onunla tanış edir və ona qarşı bir rəğbət hissi oyadır; b) Ənvərin anasının xəstə olması və məktəbli uşağın xəstə anaya münasibəti; c) anasının ölməsindən sonra Ənvərin keçirdiyi hallar və dərsə gəlməməsi, məktəbdə ona olan münasibət; d) məktəbə gəldikdən sonra müəllimin ona qarşı davranışı və Ənvərin düşdüyü vəziyyət.
Hər bir hissədə məzmun sadə, yığcam bir şəkildə anladılmışdır. Şeir bütünlükdə romantizmin, o cümlədən Cavidin hümanizm ideyasını əks etdirir. Azərbaycan romantizmini Avropa romantizmindən fərqləndirən ən üstün cəhəti bu şeirdə görə bilərik. Azərbaycan romantikləri Avropa romantizmindəki məşhur “bəşəri kədər”i ümumilikdən çıxararaq ona konkret məzmun aşılayırdılar. Məzlum, köməksiz, yardıma ehtiyacı olan insanların həyatından yazmaq Azərbaycan romantizminin vətəndaşlıq və sosial istiqamətini müəyyənləşdirirdi. “Öksüz Ənvər” də məhz bu hümanizm ideyası, məzluma acımaq, insana məhəbbət və qayğı göstərmək ideyası əsasında yazılmışdır.
Bir müqayisə. Sadə oxucunun məlumatı olsun deyə bildirək ki, Türkiyə ədəbiyyatında “Sərvəti-fünün”çular arasında şair kimi çox da tanınmayan İsmayıl Səfanın da “Öksüz Əhməd” adlı bir əsəri vardır. Səfanın əsərində göstərilir ki, dul bir qadın zəngin bir evdə xidmətçi olaraq işə düzəlir. Qadına maaş verilmir, əvəzində özünün və yetim uşağının yeyib içməsi bu evdəndir. Körpə Əhməd uşaq olmasına baxmayaraq, hər zaman döyülür, ətrafındakılardan daima pis sözlər, təhqirlər eşidir. Bunları görən ana bir il içində qəhrindən xəstələnir və ölür. Ev sahibləri anasının cənazəsini Əhmədə göstərmək istəyirlər ki, uşaq anasından ötrü darıxıb ətrafdakıları narahat etməsin. Lakin Əhməd anasının üzünü görcək “istəməm” deyib qaçır.
Diqqət edilsə, hər iki şeir ad etibarilə bənzərdir, hər ikisi mənzum hekayə tərzində yazılmışdır, hər ikisində dul bir qadının və yetim uşağın taleyindən söhbət açılır. Hər iki şeirdə ananın ölümü və uşağın yetim, köməksiz qalması, ətrafdakıların onlara münasibəti əsərlərin fakt, hadisə materialını və kompoziyasının qurulmasını təşkil edir. Lakin demək olmaz ki, Cavidin şeiri tamamilə Səfanın şeirinin kopyasıdır. Əsərdə müəyyən fərqlər də nəzərə çarpır. Fərqli cəhətlər budur ki, Səfanın qəhrəmanı Əhmədin yaşı haqqında şeirdə bir şey deyilmir. Bəlli olan odur ki, o hələ oyuncuqlarıyla oynayır. Cavidin qəhrəmanı Ənvər isə doqquz yaşındadır, məktəblidir, çalışqandır, az-çox həyatdan baş çıxarır. Qəhrəmanını bir məktəbli olaraq tanıtması, sinfin birincisi olmasını vurğulaması bir tərəfdən Cavid romantizminin maarifçilik təbiətindən irəli gəlmişdirsə, digər tərəfdən Ənvərin xaraketirini açmağa, oxucuda ona rəğbət oyadaraq mərhəmət ideyasının daha qabarıq canlandırılmasına xidmət etmişdir.
İ.Səfanın əsərində ana bir evdə qulluqçu olaraq çalışır, oğluna olan münasibəti görüb qəhrindən xəstələnir və ölür. Cavid isə Ənvərin anasının məşğuliyyəti, nədən xəstələnməsi haqqında məlumat və ya hər hansı bir işarə vermir. Səfanın əsərində ananın övladına olan münasibəti haqqında söz açılsa da, uşağın anasına bağlılığı haqqında bir detal belə yoxdur. Əksinə uşaq anasının meyidini görüncə, “istəməm” deyə qorxub qaçır. Caviddə isə tam əksinədir. Ananın övladına münasibəti barədə bir söz deyilməsə də, Ənvərin anasına olan bağlılığı, sevgisi aydın və təsirli bir şəkildə canlandırılmışdır. Cavidin qəhrəmanının “həyatı, nəşəsi, ümmidi” tək anasıdır, “annəsi söndükcə yavrucuq yanıyor, yanıb da qovruluyor”. Əhməddən fərqli olaraq Ənvər hər gün anasının məzarına baş çəkir, onu sevgi ilə yad edir. Fikrimcə, uşaq obrazının qabarıq işıqlandırılmasında Cavid daha usta hərəkət etmişdir. Çünki əsərin qəhrəmanı Ana deyil, Ənvərdir.
Əhməd və Ənvərin adları bənzər olduğu kimi, taleləri də oxşardır. Hər iki uşaq döyülür, təzyiqlərə məruz qalır. Əhməd evdəki davranışlarına görə ev sahibləri, Ənvər isə məktəbə getmədiyinə görə müəllimi tərəfindən döyülür. Caviddə uşağın döyülməsi daha konkret və inandırıcı əsaslandırılmışdır. Səfanın əsərinin başlanğıcı bir qədər anlaşılmaz təsir bağışlayır, Cavid isə əsl hekayəçi ustalığı ilə mövzuya daxil olur.
Şeirin sənətkarlıq xüsusiyyətləri. “Öksüz Ənvər”in bir çox misraları, xüsusən ilk dörd misrası tamamilə nəsr cümlələridir. Burada şeirə məxsus bədii ifadə və təsvir vasitələri, məcazlar, şeir ahəngi yoxdur. Hətta şair sözləri qafiyələndirmək üçün misra daxilində cümlələri qırmışdır. Bir cümlə digər misranın ortasında bitmişdir. Şeirin dili əsasən sadə və anlaşıqlıdır. Ərəb-fars sözlərindən ibarət tərkiblərə az bir şəkildə müraciət edilmişdir. Sadəcə, tamamilə Osmanlı şivəsinin və orfoqrafiyasının təsiri altında yazılmışdır. O dövrdə dəbdə olan “pək”, “iştə”, “cocuq”, “annə”, “imdi”, “tokat” kimi sözlərdən bolluca istifadə olunmuşdur. “Gözündə dalğalanır incə bir bahar buludu” kimi sadə və aydın bir məcazdan istifadə Ənvərin ruh halını, ağlar gözlərini dəqiq ifadə edə bilmişdir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?