Электронная библиотека » Vurğun Əyyub » » онлайн чтение - страница 4

Текст книги "Ədəbi həyat"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Vurğun Əyyub


Жанр: Зарубежная публицистика, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Şeirin üslub və dil xüsusiyyətləri. Şeirin süjeti sadədir, yüksələn bir xətt üzrə inkişaf edir. Oğlunu elm öyrənməkdən, dərs çalışmaqdan çəkindirmək istəyən ata addım-addım, ehtiyatla əsl məqsədini açıqlamağa doğru gedir. Bu tipin xarici görünüşü, peşəsi haqda şeirdən bir məlumat ala bilmirik. Şairin satira projektoru satirik qəhrəmanının daxili aləminə, düşüncələrinə yönəlmişdir. Daha dəqiqi, şair tərəfindən danışdırılan tip bir başqasının müdaxiləsi olmadan özü özünü tanıdır, kimliyini bəlli edir.

Şeirdə parlaq təşbehlərə, mübaliğələrə, mürəkkəb məcazlara rast gəlmirik, ancaq bunların yoxluğu şeirin bədii təsir qüvvəsini qətiyyən azaltmır. Şair sadə ifadələrlə, adi sözlərlə təsirli, aydın, yaddaqalan səhnələr yarada bilmiş, danışdırdığı tipin iç aləmini ustalıqla açmışdır. Mürəkkəb bədii təsvir və ifadə vasitlərindən imtina etməyi Sabirin ayrı-ayrı misra və şeirlərində davamlı müşahidə edirik. Lakin bu Sabirin şeir texnikasının, bədii istedadının zəifliyi kimi deyil, şairin düşünülmüş şəkildə istifadə etdiyi bir üslubi məqam kimi qiymətləndirilməlidir.

Şeirin dili tamamilə sadə, xalq dilinə yaxın bir dildir. Yalnız bircə yerdə klassik şeirdən gələn tərkibə (“dideyi-rövşən”), bir dənə bu günkü oxucu üçün anlaşılmayan sözə (xəstə mənası verən“rəncur” sözünə) müraciət edilmişdir. Əvəzində satirik qəhrəmanının özünü müasir, savadlı (əslində savadsızlığını) göstərmək istəyindən doğan ifadə və sözlərə yer verilmişdir. Təhrif edilmiş şəkildə deyilən, bir növ ictimai həyatda yeniliyin atributları kimi işlənən “sasalım”, “demorqat”, “onversətə” kəlmələri o dövrün savadsız adamlarının dilinin əzbəri idi ki, Sabir də onları həm məişət dilində işləndiyi tərzə uyğun, həm də satirik tipin savadsızlığını göstərmək üçün işlətmişdir. Ata bu sözlərin tələffüzündə yanlışlığa yol verdiyini də sövqü-təbii duyur və xalqdan gələn bir ifadə ilə özünü sığortalayır: “bilməm necə dersiz”.

Şair xalq dilindən gələn ifadələrə yeni bir rəng verməklə fikrini daha təsirli etməyə çalışmışdır. Xalq dilində “ürəyində yağ qalmamaq”, “ürəyinin yağı ərimək” kimi mənfi yüklü, əzab çəkmək bildirən ifadələr var. Hətta bir folklor nümunəsində deyilir ki, qonşuda qız sevən oğlanın ürəyində yağ olmaz! Sabirin satirik qəhrəmanı da elmə həvəs göstərən, məktəbə sevgi bəsləyən oğlunu qorxutmaq üçün xalqdan gələn bu ifadəni dəyişdirərək belə ifadə edir: “bağrında yağ olmaz”. “Bağır” sözü dilimizdə, qara ciyər, sinə, köks və ürək mənalarında işlədilir. Göründüyü kimi Sabir “bağır” sözünün ürək mənasını alaraq xalq ifadəsini öz satirik üslubuna uyğun bir şəkildə işlətmişdir. Və yaxud xalq dilində “evi yıxılmış”, “ evin yıxılsın” kimi qarğış bildirən deyimlərə rast gəlirik. Sabir bu ifadəni satirik tipin dili ilə bu şəkildə işlədir: “Xəlqin evini yıxdı çıxıb bir neçə bədzat”. Bununla da şair satirik qəhrəmanının düşüncə tərzini, yeniliyə, dəyişikliyə, oyanışa olan münasibətini daha təsirli şəkildə ifadə etmişdir.

Şeirdə vəzn və qafiyə xatirinə cümlədə söz sırasının pozulması halı da var. “Sən say və deyim mən” cümləsi normalda “Mən deyim, sən say” şəklində olmalıdır. Amma cümlənin öz dediklərinə inanan, öz ağlından, düşüncəsindən sonsuz dərəcədə razı, savadsız bir nadanın dilindən söyləndiyini nəzərə alsaq, bu Sabirin qüsuru sayılmamalı, tipin xarakterini açan bir “yanlışlıq” kimi dəyərləndirilməlidir.

“Ata nəsihəti” şeiri Sabirin 1906-cı ildə “Molla Nəsrəddin”də çap olunan ilk qələm nümunələrindəndir. Satira yaradıcılığının ilk illərində müşahidə etdiyimiz yuxarıdakı yeniliklər, zamana, həyata baxış, satirik tip yaratma və onu ifşa üsulları şairin sonrakı illərdə yazdığı əsərlərdə kamilləşmiş, bütöv, mükəmməl bir yaradıcılıq konsepsiyasına çevrilmişdir.


Cəfər Cabbarlı: “Azərbaycan bayrağına”

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.

Şu görünüş bir ananın şəfqətinə oxşayor,

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə belə söyləmək:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış:İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Şeirin yazıldığı dövr və tarixi şərait. “Azərbaycan bayrağına” şeirinin təhlilinə keçməzdən əvvəl onun yazıldığı dövr və tarixi şəraitə qısaca da olsa, diqqət yetirmək lazımdır. Çünki hər bir əsər yarandığı ictimai-siyasi, sosial-iqtisadi, bədii-estetik şərtlərin nəticələrini özündə daşıyır. İlham qaynağı yazıldığı dövrün hadisələri olan “Azərbaycan bayrağına” şeiri də müəllifinin həmin dövrdə yaşantılarının, həyəcanlarının, düşüncələrinin məhsulu olaraq ortaya çıxmışdır. Şeirin yazıldığı dövr hər tərəfdən onu parçalamaq, əsarət altında saxlamaq üçün diş qıcıyan düşmən qüvvələrin əhatəsində olmasına baxmayaraq Şərqdə ilk dəfə demokratik bir dövlət qurmuş, öz milli varlığını dünyaya elan etmiş, bayrağını qürurla dalğalandırmış bir millətin sevinc dolu, təntənə içərisində yaşadığı bir zamandır. Azərbaycan Demokratik Respublikasını qurmaq, himnini, bayrağını, gerbini, hökumət təsisatlarını yaratmaq Azərbaycan xalqına heç də asan başa gəlməmişdi. Həm I Dünya müharibəsində məğlub olması, həm də daxildəki üsyan və vətəndaş müharibəsi Rusiya imperiyasını taqətdən salmışdı. Vaxtilə işğal edilmiş, zorla çar Rusiyasının hakimiyyəti altına alınmış xalqlar, o cümlədən Azərbaycan türkləri vəziyyətdən istifadə edərək öz istiqlal və azadlıqlarını elan etmək üçün səy göstərirdilər. Bir tərəfdən qonşuları və Rusiyanın ucqar torpaqlarında gözü olan Avropa dövlətləri vəziyyətdən istifadə edərək Azərbaycana, onun zəngin torpaqlarına sahib çıxmaq istəyirdilər. Digər tərəfdən bolşevik Rusiyası varisi olduğu çar Rusiyasının əsarətində olan millətləri və torpaqları əlində saxlamaq üçün hər cür fitnəkarlığa əl atırdılar. Bolşeviklər tərəfindən dəstəklənən, qızışdırılan, təşviq edilən ermənilər tərəfindən sağalmaz yaralar vurulmuş, hər cür idarəetmədən məhrum olan, hər an yox olmaq təhlükəsi ilə üzbəüz qalmış bir millətin halını göz önünə gətirin. Belə bir ağır zamanda Müsavat partiyası və M.Ə.Rəsulzadə öndərliyində, qardaş türk ordusunun köməyi sayəsində Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. 1918-ci ilin 9 noyabrında üç rəngli Azərbaycan bayrağı qəbul edilmiş və ölkənin hər yerində əzəmətlə dalğalanmağa başlamışdır. Azərbaycan bayrağını vəsf edən şeirlər yazılmaqdadır. Gənc və istedadlı Cəfər Cabbarlı da Aərbaycan bayrağına sevgisini ifadə etməkdən kənarda qalmır. 1919-cu ilin 25 avqustunda “Azərbaycan” qəzetində bayrağımıza həsr etdiyi “Sevdiyim” şeiri, ondan cəmi dörd gün sonra isə elə həmin qəzetdə “Azərbaycan bayrağına” şeiri çap olunur.

Şeirin mövzusu, məzmunu və kompozisiyası. Şeirin mövzu və məzmununu təşkil edən, haqqında ən çox danışılan əsas dəyər bayraqdır. Bayraq mənsubu olduğu millətin azadlığının, istiqlalının, kimlik və xarakterinin bir simvolu və ifadəsidir. Cabbarlı ən məhrəm, ən isti, sevgi və heyrət bildirən sözləri bayrağımızın vəsfindən əsirgəməmişdir. Cəmi 4 dəfə “bayaraq” kəlməsi işlənsə də, şeir başdan ayağa bayrağımızın tərənnümünə həsr olunmuşdur. Şair bayrağımızı vəsf edərkən müxtəlif bədii təyinlərdən (göy yarpaqlı, al çiçəkli, yaşıl otlar), təşbehlərdən (bayrağın mələklərin qanadına bənzədilməsi), mübaliğələrdən (yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor) və başqa məcazlardan istifadə etmişdir. Cabbarlı Allaha xitabən bayrağımızın aparılan mübarizələrin, görülən işlərin nəticəsi olaraq ortaya çıxdığını söyləmiş, Azərbaycan istiqlalının, bayrağının göydən düşüdüyünü, təsadüf nəticəsində əldə edildiyini iddia edən müasir opponentlərinə sanki o illərdən belə cavab vermişdir:

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Şeiri şərti olaraq üç hissəyə bölmək olar. Birinci hissədə, şair bayraq haqqında duyğu, həyəcanlarını, ona olan münasibətini, sevgisini ifadə etmişdir. İkinci hissədə bayrağın təsvirini verməklə, onun rənglərinin, üzərindəki ay-ulduzun mənalarını şeirin obrazlı dili ilə ifadə etmişdir. Üçüncü hissədə isə Cabbarlı arzusunu bildirmişdir: şair Turanın qurulmasını və göy rəngli bayrağın Turanın üzərində dalğalanmasını arzulayır. Şeir möhkəm, yığcam bir kompozisiyaya malikdir. Şeirin mətni öz içərisində parçalara ayrılsa da, bu parçalar bir-birindən qopuq, dağınıq, nizamsız deyildir. Onların arasında məntiqi bağlılıq və ardıcıllıq vardır.

“Azərbaycan bayrağına” şeiri sentimental, daxili dünyaya yönəlik, pıçıltıyla söylənilməli bir şeir deyil. Bu istiqalalını qazanmış, bütün çətinliklərə, təhlükələrə baxmayaraq “heçdən bir bayraq yapmış” bir millətin bağrından qopan, ruhundan daşan hiss, həyəcanın şeirdir, millətə, dünyaya səslənişdir! Bəlkə kiməsə şeirin ahəngindəki pafos, yüksək tərənnüm ruhu süni, qeyri-təbii görünə bilər, amma şeirin yazıldığı dövrü, Azərbaycan bayrağının hansı şərtlər altında qaldırıldığını düşünsək, gənc Cabbarlının səmimiyyətinə hər hansı şübhə yeri qalmaz.

Şeirin dili, sənətkarlığı. Şeirin ən aydın görünən üslub özünəməxsusluğu açıqlıq, təbiilik, təlqinedicilik, yüksək tonluluq, ahənglik və liriklikdir. “Azərbaycan bayrağına” şeiri “buraxınız” çağırışı ilə başlayır. Sözsüz ki, “buraxınız” sözü burada əsas mənasında – qadağan etməyin mənasında işlənməmişdir. “Buraxmaq” çoxmənalı sözdür. “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu felin 28 mənada işləndiyi göstərilmişdir. Sözün 4-cü mənasında göstərilir ki, bu söz “yol vermək, imkan vermək, qoymaq” mənası daşıyır. 28-ci mənasında isə göstərilir ki, əmr şəklində “burax” (bir şeydən daşındırmaq üçün işlənir) – “baş qoşma, bənd olma, məşğul olma, əl çək, fikir vermə, onunla işin olmasın” mənalarında işlənir. Şeirin ümumi məzmunundan anlaşılır ki, Cabbarlı “buraxınız” sözünü bu iki mənada (4-cü və 28-ci mənalarda) işlədə bilərdi. Fikrimicə, şair bu sözü 4-cü mənada işlətmişdir: “imkan verin, yol verin seyr edim, düşünüm, əzizləyim!”

Şeirin ilk misrası ötkəmcəsinə səslənən dörd feldən ibarətdir: buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım! Fellərin belə düzülüşü və səslənişi dərhal oxucunu təsiri altına alır. Fellərin belə düzülüşü də təsadufi deyildir. Şeirin kompozisiyası üç felin-seyr edəyim, düşünəyim, oxşayayım fellərinə uyğun qurulmuşdur. Birinci parça şairin bayrağı seyr etməsindən duyduğu həyacan və duyğuların anladılmasıdır. İkinci parça “düşünəyim” felinə uyğun olaraq bayrağın rəngləri və üzərindəki ay-ulduz haqqında şairin düşüncələridir. “Oxşayayım” felinə uyğun olaraq isə şair arzularını dilə gətirmişdir.

“Kölgəsində ay əyilib bir gözəli qucmada, Qucaşaraq sevdiyilə yüksəklərə uçmada” şairin bu mənalandırması nə qədər dəqiq və füsunkardır. Burada həm təşbeh (ulduz gözələ bənzədilib), həm də istiarədən (ayın əyilib gözəli qucaqlaması və ayparanın əyri olmasının ayın əyilməsi kimi mənalandırılması) istifadə edilərək qüvvətli və mürəkkəb bir məcaz yaradılmışdır.

“Mələklərin qanadımı üzərimə kölgə salan? Bu bədii sualda maraqlı bir təşbeh var. Bayraq mələklərin qanadına bənzədilmişdir. Buradakı “kölgə” sözü də müsbət anlamda işlənmişdir. Əsarət alovlarında alışıb yanan insanın kölgəlik arzusu olduqca təbiidir və onun mələklərin qanadı ilə müqayisə edilməsi şairin sevincinin təbii ifadəsi kimi ortaya çıxmışdır.

“Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə uçmuşdur”. Bu daha mürəkkəb bir məcazdır. Əsarət gecəyə bənzədilmişdir. Qorxuncluğu, qaralığı ilə. Odlar yurdu Uçmağı ilə quşa bənzədilmişdir. Unutmayaq ki, Azərbaycan xəritədə həm də uçan bir quşa bənzəyir. Səhərlərə sözü burada gələcəyi, azadlığı, sərbəstliyi ifadə edir. Hətta bənzədilən tərəf olmasa da, mətndən anlaşılır.

Şeirdə “oxşayor” sözü cinas olaraq işlənmişdir: bənzəmək və əzizləmək mənalarında.

“Xayır! Xayır!” Ədəbiyyatşünaslıqda “rücu” deyilən bir termin vardır ki, bu bədii dilin ən sadə fiqurlarından hesab olunur. “Yəni şair birdən-birə söylədiyi fikirdən dönüb tamamilə başqa bir fikri müdafiə edirsə, bu rücudur” (C.Xəndan) Bayraqdakı rəngləri yarpaq, çiçək və ot topasına bənzədən şair sonrakı misrada rücudan istifadə edərək, əks fikir söyləyir və fikrini əsaslandırmaq üçün həyati səbəbə və bədii məntiqə söykənir. Cəfər də buradakı misralarda rücudan istifadə edərək fikirlərini, hiss-həyacanlarını daha da qüvvətli ifadə etmişdir.

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Şeirin qafiyə sistemi mükəmməl deyildir. Görünür gənc şairin qələm təcrübəsinin zəifliyi öz işini görmüşdür. Amma deməliyik ki, qafiyənin zəifliyini hiss-həyəcanın bolluğu və təqt hiss olunmaz hala gətirə bilmişdir.

Şeirin söz ehtiyatına nəzər yetirməli.Şeirin söz tərkibinə baxsaq bu günün oxucusu üçün anlaşılmaz söz yalnızca “təcəddüdün” kəlməsi olacaq. Qalan sözlər açıq, aydın Azərbaycan türkcəsindədir. Yalnızca sözlərin orfoqrafiyası və tələffüzü o zaman dəbdə olan Osmanlı türkcəsindədir.

Səməd Mənsur: “Həpsi rəngidir”

Uyma könlüm, xəlqdə yoxdur sədaqət, rəngidir.

Məscidü meyxanə rəng, eyşü ibadət rəngidir.

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir.

Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.

Görmədim bir zərri-xalis buteyi-nasutdə,

Mənəvi min ləkkə gördüm ləldə, yaqutdə,

Biqərəz insan olur görmək, fəqət tabutdə,

Bilməzəm varmı sədaqət aləmi-lahutdə,

Azma fikrim, cümlə ecazü kəramət rəngidir.

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,

Var isə insafı şəxsin – dinidir, imanıdır,

Bədnihad insanların öz nəfsi öz şeytanıdır,

Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,

Mabəqi-övhamdır, şər’ü təriqət rəngidir.

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,

Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,

Dedim əyyaş olmalı, ta gün keçə mötad ilə,

Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,

Anladım kim, zöhdü təqva, eyşü işrət rəngidir.

Qıl təsəvvür bir daha şairlərin xülyasını,

Aşiqi-zarın başında seyr qıl sevdasını,

Qəbri aç, göstər ona Şirinini, Leylasını,

Bir ayılsın da, düşünsün gördüyü röyasını:

“Bax, – deyər – həqqa, bütün eşqü məhəbbət rəngidir”.

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda (başqa),

Külli-əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görərsə hər bəla, hər macəra,

Məsləkə isnad edər, məslək, dəyanət rəngidir.

Bilmədim neyçünmüş aləm, bunca da yəsü ələm,

Zövrəqi-ömrün mühiti vərtəban dəryayi-qəm,

Böylə halda kimsədən bihudədir ummaq kərəm,

Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,

Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngidir.

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,

Ey gözüm qurbanı, saqi, ver yenə sağər, şərab,

Ver yenə sağər şərab, ey saqiyi-alicənab,

Bəlkə badənlə edə Mənsuri rahət iktisab,

Yoxsa bu aləmdə yoxdur istirahət, rəngidir.

Şeirin yazılma dövrü, şairin psixoloji durumu haqqında. Şeirin yazılma səbəbi, şeir yazılarkən Səməd Mənsurun hansı psixoloji, mənəvi və maddi durumda olduğunu və onların şeirin yaranmasına hansı təsiri göstərməsini dəqiq şəkildə söyləmək imkanından məhrumuq. Bu barədə sənəd və faktların ortada olmaması şeirin yazılma tarixi və dövrü haqqında mübahisəli fikirlərin ortaya çıxmasına səbəb olmuşdur. Bir qisim ədəbiyyatşünaslar bu şeirin 1918-1920-ci illər arasında yazıldığını, bir qismi isə Sovet hakimiyyəti dövründə, daha dəqiqi 1926-cı ildə yazıldığnı söyləyir. Dolayısı yollarla, məntiqi dəlillərə və başqa şeirləri ilə aparılan paralellərə söykənərək deyə bilərik ki, ikinci tarix həqiqətə daha yaxındır. Bu qənaətə gəlmək üçün bir neçə səbəb var. Birincisi, bu şeir 1918-1920-ci illərdə yazılmış olsaydı, bolşeviklər mütləq ondan Xalq Cümhuriyyəti əleyhinə yazılmış bir şeir olaraq təbliğat üçün istifadə edərdilər. Amma bunun əksinə olaraq Azərbaycan Yazıçılar İttifaqının ikinci sədri olmuş Seyfulla Şamilov öz “Tarixi beş il” (23 aprel 1937-ci il. “Kommunist” qəzeti) yazısında bu şeiri tənqid edərək yazmışdı: “Köhnə yazıçıları birləşdirən “Ədəbiyyat cəmiyyəti” isə əsas etibarı ilə mürtəce fikir daşıyan yazıçılardan ibarət idi. Bu cəmiyyətin sədri Böyükağa Talıblı, katibi isə Əhməd Cavad idi. Bu “cəmiyyət”də “marksist” fikri ifadə edən partiya kadrosu Tağı Şahbazi, Hənəfi Zeynallı və Talıblı kibi nasionalist və çürük liberallardan ibarət olmuşdur ki, sonra bunlar öz kontrrevolyusion mahiyyətlərini alçaqcasına göstərdilər. Bu adamlar Cavadların, Çobanzadələrin və Səməd Mənsurların təsirinə qul olmağa qədər enmişlərdi. Bunların sayəsində “Ədəbiyyat cəmiyyəti”nin orqanı olan “Ədəbi parçalar” jurnalının səhifələrində “Rəngdir” kibi (Səməd Mənsurun məşhur “Rəngidir” şeiri nəzərdə tutulur) açıq mürtəce şeirlər çap olunurdu”.

İkincisi, S.Mənsurun “Rəngidir” şeiri Sovet hakimiyyəti illərində yazdığı aşağıdakı parçalarla yaxından səsləşir. Dostu aktyor Hacağa Abbasova müraciətlə yazılmış bu parçaların birində S.Mənsurun yaxın dostları hesab olunan və Sovet hakimiyyəti zamanı yüksək vəzifə tutan, ancaq çətin məqamlarında şairdən üz döndərən, problemlərinin həllində ona kömək göstərməyən Dadaş Bünyadzadə və Baba Əliyevdən narazılıq ifadə edilir. İkinci parça isə o zaman yüksək mövqe sahibi (xalq komissarı) olan Səməd Ağamalıoğlunu tənqid edən parçadır.

Hacıağa! Böylə də bir aləm olar?


      Bir ürəkdə bu qədər də qəm olar?


      Hər kəsə yar dedim, mar oldu,


      Bakı, Səlyan hamı biar oldu.

Yaxud:

Hər kəsə dost dedim


      düşməni-can oldu mənə,


      Düşmən öz bəxtim imiş,


      indi əyan oldu mənə!..


Bəzi misralarını göstərdiyimiz bu parçalardakı əhval-ruhiyyə, fikirlər, narazılıq motivləri “Rəngidir” şeirinin ümumi ruhu ilə yaxından səsləşir. Bu deyilənlərə əsaslanaraq “Rəngidir” şeirinin Sovet hakimiyyəti qurulduqdan sonra yazıldığını söyləyə bilərik.

Şeirin məzmun və ideyası. Şeirin adı onun məzmun və ideyası ilə birbaşa bağlıdır. Şeirdə “rəngidir” sözü həqiqi mənasında, yəni boya, bir şeyin işıq tonu mənasında deyil, məcazi mənada işlənmişdir. “Rəngidir” sözü burada mövcudluğun, duyğuların, dəyərlərin təbiiliyinin gizlədilməsi, rəng çəkilərək gözü aldatmaq (insan bir şeyin varlığındakı təbiiliyi gizlətmək, bəzək-düzəkli görünməsi üçün ona rəng vurur), başqa cür yozulmaq, dondan dona girmək mənalarını özündə daşıyır, konkret olaraq daha çox hiylə, yalan anlayışına uyğundur. Şair ümumi halda bütün xalqı, bütün insanları müqəddəs hesab olunan dəyərlərin arxasında gizlənib hiylə işlətməkdə ittiham edir. Şeirdə həyatdan, insanlardan əlini üzmüş, ümidsiz, bədbin bir insanın ruhi vəziyyətini görürük. Dünyanı, varlığı, insanlığı başdan başa yalan, riya, xəyanət məskəni kimi görən bir qəhrəman və işıqdan, xeyirdən, gözəllikdən mərhum bir gerçəklik! Bunlara əsasən güman etmək olar ki, bu şeiri yazarkən S. Mənsur psixoloji baxımdan çətin bir durumda olmuş, yaşadıqlarının və gördüklərinin təsiri altında dərin bir xəyal qırıqlığına düçar olmuşdur. Şeirin yazıldığı dövrü nəzərə alsaq, ictimai həyatın gündən günə gözəlləşdiyini, insanların şad-xürrəm yaşadığını, hər qarışın canlandığını söyləyən mədh tozanağı qarşısında bu qədər inkarçı bir mövqeyin ortaya qoyulmasını müəllifin mövcud quruluşa qarşı bir etirazı kimi də qiymətləndirmək və mənalandırmaq mümkündür. Ancaq şeir daha çox ümumi-fəlsəfi yanaşması ilə diqqəti cəlb edir və çoxfunksiyalı bir məqsəd ifadə edir. Şeir həyatdakı, mənəvi-əxlaqi aləmdə mövcud olan, lakin həlli imkanları insana qeyri-mümkün görünən faciəvi halların təsviri, sadalanmasıdır. Əlbəttə, dünyadan əl üzmək ideyası ədəbiyyatımız üçün yenilik deyildir. Üzü Xaqanidən tutmuş Nəsimi və Füzuli, Vidadi və Vaqif kimi klassik şairlərimizdə, romantik şeirimizin Hadi kimi görkəmli simasında həyatdan küskünlük motivlərinə sıx-sıx rast gəlirik. Ancaq Vaqifin “Görmədim” və S.Mənsurun “Rəngidir” müxəmməslərində olduğu qədər əlacsızlıq, ətrafa, insana nifrət ruhu başqalarında görünməməkdədir. Hər halda şairin sufilər kimi, yaxud tərki dünya şairlər kimi başqa bir aləm arayışının şeirdə izlərinə, o arzunu ifadə edəcək beytlərə, misralara rast gəlmirik. Bu dərd və qəmdən, müşahidə etdiyi eybəcərliklərdən qurtuluş yolunu şair şərabda, məst olub bu dünyanı, həyatı unutmaqda görür. (Hərçənd ki, şeirinin bir yerində o, eyş-işrətin də rəng olduğunu söyləyir. Əslində bu fikrində şair daha doğru və gerçəkçidir.)

Nəfsini məslək, dəyanət kimi dəyərlərin arxasında gizlətməyə çalışanlara şairin qəzəbi sonsuzdur. Burada yalnız etiraz deyil, həm də şairin gördüklərindən, heç nəyi təbii halında və rəngində görməməyin faciəsini ifadə edən bir fəryad da vardır.

Müəllifin bu kimi hadislərə heç açıq etirazı da düyülmür. Bu etiraz onların ümumi fikrin əleyhinə olaraq “rəngidir” ittihamı və inamı ilə ifadə olunur. Şeirdə sanki şairin sadaladığı ictimai-əxlaqi eybəcərliklərlə, fəlsəfi-dünyəvi faciələrlə bir barışqanlıq ruhu hakimdir. Şeirin qəhrəmanı həyatda, dünyada gördüyü eybəcərliklərdən (təkrar edirik ki, şair yalnız eybəcərlikləri görmüşdür) yorulmaq, usanmaq, özünün təsəllisini şərabda, unutmaqda tapmaq istəyən bir insandır. Müəllif onların sadəcə bir rəng olduğunu söyləməklə kifayətlənir. Bu yol artıq Azərbaycan ədədbiyyatı üçün ən yaxın zamanlarda Vaqif və Hadinin simasında keçilmiş bir yol idi. XX yüzilin şairi üçün bu taftaologiyaya gətirib çıxara bilərdi. Bu taftalogiya ittihamından Mənsuru xilas edən onun bədii istedadı, şair ilhamıdır.

Şeirdə biz həyatı bütün mürəkkəbliyi, təzadları, inkarla təsdiqin, yaxşı ilə pisin vəhdətini, əxlaqi ilə qeyri əxlaqinin birlikdə yaşama imkanlarını görə bilmirik. Şair “qaranlıqda işığı”, “tikanın yanında gülü” göstərmək yox, yalnızca qaranlıq və tikanı görmək və göstərmək yolu ilə getmişdir ki, bu da onun həyata, dünyaya obyektiv baxışını zədələmişdir.

Şeir bir başa şairin öz könlünə müraciətlə başlayır: “Uyma könlüm…”. Bütünlükdə şeir şair məninin müşahidələri, düşüncə və duyğuları üzərində qurulmuşdur. “Azma könlüm”, “Görmədim”, “gördüm”, “anladım”, “tapmadım”, “bilməzəm”, “arxalanmam” və sair kimi ifadələr də sübut edir ki, şeir çairin şəxsi təcrübə və duyğularından törəmişdir.

“M” səslərinin yaratdığı alletrasiya. Şeirdə hansısa süjet xətti yoxdur . Şair fərdi duyğularını, həyatda gördüklərini sadalama yolu ilə poetik bəyanda bulunmuşdur. Bütün şeiri bağlayan bir kəlmədir: “rəngidür”. Şeir bu fikir üzərində qurulmuşdur. Bu romantik şeirdə, türk romantizmində və Hadi yaradıcılığında gördüyümüz şəkil və üslubdur. Bənzətmələr, təkrirlər, müqayisələr şairin nə qədər dərdli və bədbin olduğunu anladır. Hər misra müstəqim, asılı olmayan bir cümlədir. Şair fikrini əsaslandırmağa heç bir lüzum duymamışdır. O sadəcə olaraq onu əhatə edən hər şeyin, qarşılaşdığı münasibətlərin yalan, riya, “rəng” olduğuna inanmış və onu şeir dili ilə ifadə etmişdir. Anlaşılan budur ki, şair dərin bir iztirab, kədər içində olmuş, görünməmiş bir yalan, riya və aldanışla üz-üzə qalmışdır. Şəxsi aldanışları onda kainat miqyasında ümumiləşdirmələr aparmağa sövq etmişdir. Hər misrasından həyata, dünyaya, insanlara, inanışlara dərin bir kin, narazılıq, məyusluq yağan şeir oxucunu dərindən düşünməyə sövq edir. Açıq görünən budur ki, şair divan ədəbiyyatının ənənlərindən ayrıla bilməmiş, hadisə və münasibətlərin təsirində qalmışdır. Səməd Mənsurun, riya və saxtalıq dolu mahiyyətini gördüyü “dünya həqiqətləri” ilə heç cür barışa bilməməsinin və bu mübarizədə yalnız uduzmuş halda meydanı tərk etmək məcburiyyəti ilə üz-üzə qalmasının ağrısı. Ətrafındakı hər şeyin sadalama yolu ilə “hiylə”, “rəng” olduğunu söyləyən şair düşüncələrinə belə yekun vuraraq ümumiləşdirir: cümlə xilqət rəngdir.


Məmməd Araz: “Od kimi, su kimi…”

Lirikada şeirin lirik qəhrəmanı ilə şair şəxsiyyəti həmişə olmasa da, çox zaman eyniyyət təşkil edir. Yazdığı şeirdən şairin obrazı boylanır, oxucu həmin şeirin misralarından şair-qəhrəmanını öyrənib tanıyır. Hətta şeirlərindən şairlərin tərcümeyi-hallarını da dəqiqləşdirmək üçün istifadə edirlər. Çünki şair “anadan-bacıdan gizlətdiklərini kağızdan, qələmdən gizlətmir”. Xatirələrdən, şairi şəxsən tanıyanların söhbətindən bəllidir ki, keçən əsrin 70-80-ci illərində Məmməd Arazın həyatı nə qədər ağrılı, əzablı, sarsıntılarla dolu, mədhiyyəçi şeir dəllalarının basqıları ilə keçib. Bütün bunlar onun həmin dövrdə yazılmış əsərlərində də öz əksini tapıb. Bəri başdan deyək ki, M. Araz o şairlərdəndir ki, yaradıcılığında şəxsi ağrı və narazılıqlarının üzərində yüksələrək ictimai, bəşəri və əvəzsiz dəyərlərin, ideyaların tərənnümçüsünə çevrilə bilmişdir. İndi haqqında söhbət açacağımız şeir də 1981-ci ildə yazılmışdır. Şeirdə konkret bir hadisədən, şairə qarşı edilmiş konkret haqsızlıqdan, kobudluqdan, etinasızlıqdan söhbət getmir. Amma yazıldığı dövrü nəzərə alsaq, şeirin yazılma səbəbləri, şairin ruhi-psixoloji durumu, kimlərə nə mesaj vermək istədiyi barədə təxminlər etmək mümkündür. Beləliklə:


Hələ yeriyirəm qəlbimlə qoşa,


Hələ çoxlarına örnəyəm, bala!


Qoca büdrəyəndə büdrəyən qoca,


Körpə ağlayanda körpəyəm, bala!



Ömürsüz ömürdən çox asılıyam,


Gərəkdir söz deyəm, söz yastılayam.


Hardasa gül üzə gül yastığıyam,


Hardasa ilana köynəyəm, bala!



Bəlalı başında nə dövlət, nə quş…


Təbriz nə istəyir? – Təbriz qurtuluş…


Bax, indi pətəyi suya tutulmuş


Arı topasından göynəyəm, bala!



Dünyamız bir sapla asılı göydən,


Səsim, bu torpağın səsinə köhlən!


Desələr şerimin avazı köhnə…


Od kimi, su kimi köhnəyəm, bala!

“Od kimi, su kimi” şeirində iki obraz var: görünən, danşan, mənəvi zənginliyi və üstünlüyü ilə boyaboy görünən şair… və görünməyən, danışmayan (o, artıq danışıb, həm də deyəsən, o qədər də xoş danışmayıb), “bala” deyə müraciət edilən birisi. İlk misradan görünür ki, şeir “bala” deyilənin dediklərinə cavab olaraq yazılıb. İkincinin kim olduğunu, niyə ona müraciət edildiyini bilməsək də, birincinin sözlərindən, müraciətindən onun nə dediyini, hansı ədabazlıq etdiyini təsəvvür etmək mümkündür. Belə görünür ki, “bala” danışığında artıq şairin fiziki imkansızlığına, sözünün bitdiyinə, onun qatarının getdiyinə işarə vurub. Burada “bala” müraciəti, övlad mənasında, əzizləmə məqamında işlədilməyib. Ona qalsa, şair “oğlum”, “qızım” müraciətlərinin birindən də istifadə edə bilərdi. Danışıq dilində başından böyük danışana yerini tanıtmaq məqsədi ilə söylənilən “Bala, sən hələ uşaqsan” deyimini xatırlayaq. “Bala” müraciətinin rədif yerində işlədilməsi şeirin səmimiyyət dərəcəsini artırmaqla yanaşı, həm də şeirin qəhrəmanının müdrikliyinin təsdiqinə çevrilir. Şair qarşısındakına əsl ağsaqqal təmkini, ləngər və saytallığı ilə cavab verən müdrik bir insandır! Hələ yeriyirəm qəlbimlə qoşa “Hələ” sözü misradakı fikrə qəribə bir çalar bəxş edib. “Hələ” həm də bir şeyin qurtarmadığını, davam etdiyini, sonrasının olacağını bildirir. Canlı xalq dilindən gələn bu ifadə ilə şair onun gücdən düşüdüyünü, daha gərəksiz olduğunu söyləyənlərə cavab verir. Bu misra və “bala” müraciətində qarşısındakını məzəmmət də, ona dünyanı tam dərk edə bilmədiyinə görə bir tənə (zəif sezilsə belə) motivi də, etirazını qarşıdakına ədəb-ərkanın ən son həddində çatdırmaq da, bir balaca giley də, özünə inam da var! Qəlbiylə qoşa yerimək! Yeni sözdür, təzə fikirdir, tapıntıdır. Nəfsin dartdığı, iştahanın səslədiyi, dünyanı qamarlamaq həvəsində olanların ağlının çağırdığı yerə getməyə nə var ki? Qəlb, axı, müqəddəs duyğular məskənidir, Tanrı işığının düşdüyü bucaqdır, insani duyğular yuvasıdır. Qəlbi ilə qoşa yerimək hər adama nəsib olmur. Həm də elə bir qəlblə ki, Təbriz boyda dərdi daşıyır, gül üzlülər üçün yasdığa, çıl-cılpaqlara köynəyə çevirilir, hər döyüntüsündə mənsub olduğu xalqın ağrılarını, danışdığı dilin ahəngini, avazını yaşadır. Qəhrəmanımız bilir ki, o hələ də çoxları üçün bir nümunədir, sənət yollarında və yolçuluğunda mayakdır, çoxları üçün ən ağır anlarında bir istinad nöqtəsidir. Ona görə də sonrakı misra özünə vurğunluq, özündənrazılıq kimi yox, özünü təsdiq, özünəinam, gerçək bir dəyər kimi səslənir: Hələ çoxlarına örnəyəm, bala! Sonrakı iki misrada vurğulanan keyfiyyət – qoca büdrəyəndə büdrəyən qoca, körpə ağlayanda körpə olmaq xarakteri həm əvvəlki iki misrada deyilənin təsdiqidir, həm də şairinin taleyinə, həyatına, xarakterinə bələd oxucunun inanc yeridir. Fikir verdinizsə, “büdrəmək” sözü misra daxilində iki məqamda işlənib. “Büdrəyəndə” sözü feli bağlamadır, hərəkətin zamanını bildirirsə, “büdrəyən” kəlməsi feli sifətdir, qocanın hərəkətinin necəliyini aydınlaşdırır. Kök etibarilə eyni olan sözün iki müxtəlif finksiyalarda işlədilməsi oxucunun bədii zövqünü oxşamaqla yanaşı, həm də lirik qəhrəmanın mənəvi aləmini dolğun şəkildə göstərmişdir. Büdrəyən qoca ilə büdrəmək, ağlayan körpə ilə ağlamaq – şair hümanizminin, insansevərliyinin, qayğıkeşliyinin pafossuz, gürültudan uzaq təcəssümüdür. Elə buna görədir ki, M.Arazın adı çəkiləndə, Xudu Məmmədov demişkən, “bir-birindən uzaq obalarda şeirlərini əzbər deyib körpələşən, kövrəkləşən neçə-neçə igidlər” olub.

Bənddən bəndə oxucu şair-qəhrəmanın yeni keyfiyyətləri, xarakterinin yeni cizgiləri ilə tanış olur:

Ömürsüz ömürdən çox asılıyam,


Gərəkdir söz deyəm, söz yastılayam.


Hardasa gül üzə gül yastığıyam,


Hardasa ilana köynəyəm, bala!

Ömrün ömürsüzlüyünü (qısalığını) dərk edən şair onu boş yerə sərf edənlərdən deyil. O, söz deyib (bəlkə söz döyüb? Demək-döymək sözləri qəribə bir assosasiya yaradır), söz yastılamağı üstün tutur. M. Araz qrammatik şəkilçilərin verdiyi imkanlardan istifadə edib eyni sözlərdən müxtəlif mənalar çıxarır, onları fərqli funksiyalarda qullanır. “Ömürsüz ömürdən çox asılıyam”. Burada şair yaşam müddətinin qısalığını bildirmək üçün “qısa”, “gödək” təyinlərinin əvəzində “ömür” sözünə inkar, yoxluq bildirən “süz” şəkilçisini artırmaqla yeni bir ifadə yaradır: “ömürsüz ömür”. Və dil bir daha canlanır, onun yeni bir qatı, yeni imkanları üzə çıxır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации