Текст книги "Dissident sorağında (1956-1986)"
Автор книги: Əzizə Şamil
Жанр: Прочая образовательная литература, Наука и Образование
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
İyul ayında Ermənistan haqqındakı məqalələrin Memorial tərəfindən hazırlanacağı təsdiq edildi. Biz bu vəziyyətin (diplomatik ifadə işlətmək) necə qeyri-adi olduğunu başa düşürük. Biz bunu yalnız ona görə etdik ki, Ermənistandakı proyekt üçün münasib birini tapa bilmədik. Bu, Varşava ilə Qafqaz arasındakı uzaq məsafəyə görə deyil. İndi yeni vəziyyət yaranıb. Cənab Şamilov bizə kömək edəcək birini tapmağa söz verib. Buna görə də, bəlkə biz proyektə Ermənistanı da mərkəzə müstəqil daxil edək?
Biz hələ də Macarıstandan, keçmiş Yuqoslaviya ölkələrindən proyektə qoşulacaq müəlliflər axtarırıq. Biz luğəti bu bölmələr olmadan təsəvvür edə bilmirik.
Albaniyada çox çətin bir vəziyyətlə rastlaşırıq. Kostaq Xoxa yalnız giriş yazmağı qərara alıb. Onun qənaətinə görə, 1956-1989-cu illərdə heç bir narazılıq olmadığından “DS”-nə haqqında məqalə yazılacaq adam yoxdur.”
Bartozs Çiçoxoçkiyə yazdığım məktub belə idi: “Ermənistan Azərbaycan ərazilərini işğal etdiyindən müharibə şəraiti hökm sürür. Buna görə də, heç telefon əlaqələrimiz də yoxdur. Keçmiş dissidentlərlə də əlaqəmiz kəsilib. Olsa-olsa bu iş üçün Gürcüs-tanda yaşayan mütəxəssislərdən xahiş edə bilərik.
Macarıstan Radio Verilişləri Komitəsində çalışan Edit Tasnadidən xahiş etsək, bu işdə bizlərə yardımçı ola bilər. Onun Budapeştdəki faksı və telefonu belədir: 3287898. Azərbaycan mərkəzinin keçmiş Yuqoslaviya ölkələri ilə telefon və faks əlaqələri saxlamasına maddi imkanı yoxdur. Ona görə də, onların e-maillərini sizə göndərə bilərəm. Makedoniya və Kosovadan bu işə dostlarımı cəlb edə bilərəm. İstəyirsiniz onların da telefonlarını və adreslərini göndərim. Martın 18-22-də Türkiyədə elmi simpoziumda olacağam. Balkanlardan gələn yoldaşlarla bu mövzuda söhbət edərəm. Ruminiyadan məqalələr hazırlanması üçün də Köstəncənədə radioda çalışan bir tanışımızı bu işə qoşa bilərik”.
Yalnız Azərbaycanda deyil, keçmiş sosialist respublikaların bir çoxunda “DS” üçün materiallar toplamaq, məqalələr yazmaq o qədər də asan deyildi. Buna baxmayaraq, orada Azərbaycanın geniş işıqlandırılmasını istəyirdik.
Bölgü bizi qane etməsə də, başqa əlacımız yox idi. Xüsusən sağ olan, özünü dissident sayanlardan sənəd almaq olduqca çətin idi. Bir çoxu isə bu mövzuda danışmaqdan belə çəkinirdi. Səmimi münasibətlərimiz olan, gözəl folklorçu-alim və vətənpərvər Bəhlul Abdullaya “DS” ilə bağlı materiallar topladığımı bildirdikdə dedi ki, “çox da qurdalama, qurdaladıqca zibili çıxacaq. Çoxumuz elə ilk təzyiqdəcə geri çəkildik”.
“DS”-yə göndərilən məqalələrimizi redaktə edən Dorote Pazioya yazırdım:
“Azərbaycanda, eləcə də Türk xalqlarında insanlar familiya ilə deyil, ləqəblə, adla daha çox tanınırlar. “DS”-də biz Əliyev Əbülfəz kimi versək, onu axtarıb tapmaq çətin olacaq. Çünki onu hamı Elçibəy kimi tanıyır. Ona görə də, bizim göndərdiyimiz məqalələrdə haqqında bəhs edilən insanları xalq neçə tanıyırsa, “DS”-də o cür verək, mötərizədə isə adını, soyadını, atasının adını sənədlərində olduğu kimi yazaq. Məsələn: Elçibəyi “Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev)”, Biriyanı “Biriya (Məhəmməd Qulam oğlu Bağırzadə)”, Ulutürkü “Ulutürk (Xəlil Rza oğlu Xəlilov)” və s. kimi verək.
Eləcə də, Azərbaycan Türkcəsində bəzi hərflər, səslər var ki, onlar Rus əlifbasında və dilində olmasa da, İngilis və Polyak dillərində var. Buna görə də, biz haqqında məqalə göndərdiyimiz adamların adlarını, ata adlarını, soyadlarını və ləqəblərini latın qrafikası ilə də yazacağıq, orada sizə tanış olmayan hərflərin hansı səsi verdiyini göstərəcəyik.
“DS” rəhbərləri həm də, görünür, ensiklopediya işini bilən mütəxəssislər deyildi. Layihədə “DS”-nin 1956-1986-cı illəri əhatə edəcəyi göstərilirdi. Buna baxmayaraq, onlar bizə filosof Heydər Hüseynov haqqında da məqalə yazmağı təklif edirdilər. Cavab yazdıq ki, Sovet rejiminin basqısına tab gətirməyərək 15.08.1950-ci ildə bağında damarlarlını kəsib özünü öldürdüyü deyilən Heydər Hüseynov haqqında məqalə yazsaq, onda gərək Sovet hökumətindən narazılığını bildirən şeirlər yazdığına, yaşadığı kənddə insanların haqqını müdafiə etdiyinə, kənd sakinlərinin şikayətlərini Rus dilində yazıb Moskvaya, rəhbər təşkilatlara göndərdiyinə görə 1953-ci ildə həbs edilərək 8 il azadlıqdan, 5 il seçib, seçilməkdən məhrum edilmiş Əhməd Cəfərzadə (yazıçı-araşdırıcı Əzizə Cəfərzadənin kiçik qardaşı, pedaqogika elmləri doktoru) və onun kimi neçə-neçə insanın haqqında da yazaq. Onları yazsaq “DS” prinsipləri pozulacaq.
Yaxud da şəxsi danışıqlarında xahiş edirdilər ki, 1986-cı ildən sonrakı dissidentlərdən yazmayaq. Açıq bildirirdilər ki, bu prinsipi Ermənistandan göndərilən məqalələrə də şamil edəcəklər. Görünür, ehtiyat edirdilər ki, bizim dissident kimi təqdim etdiyimizə Ermənilər, Ermənilərin təqdim etdiyinə biz etiraz edərik. Qarşıdurma yaranmasın, iş pozulmasın deyə belə bir yol tutduqlarını düşünürdük. Məqalələri redaktə edənlər nəzakətlə milli məsələyə çox önəm verdiyimizi, haqqında məqalə yazdığımız adamlar sırasına başqa millətlərdən və dinlərdən olanların salınmamasını vurğulayırdılar. Onlara cavab məktubumuzda Xəlil Rza Ulutürkün “Afrikanın səsi” və Vyetnamla, Əfqanıstanla, Kuba ilə bağlı şeirlərini, azərbaycanlı dissidentlərin Tbilisidə, Varşavada, Praqada, Budapeştdə Sovet ordusunun törətdikləri qəddarlığa etiraz etdiklərini yazırdım.
Sonra KARTA-ya biz 21 nəfər haqqında məqalə göndərdik. Onlar Azərbaycandan aşağıda adları qeyd edilən 15 nəfər haqqındakı məqaləni “DS”-yə daxil edəcəklərini yazdılar.
Asəf xan Qubalı – Asəf Kərimov
Asif Ata – Asif Qasım oğlu Əfəndiyev
Biriya –Məhəmməd Qulam oğlu Bağırzadə
Cahid Hilaloğlu (Şirinov)
Çingiz Mirzəağa oğlu Abdullayev
Elçibəy –Əbülfəz Əliyev
Hatəmi – Məhəmməd Feyzulla oğlu Tantəkin
Xəlil Rza (Ulutürk, Odər) – Xəlil Rza oğlu Xəlilov
İsmail Farka
Nadir Mirələkbər oğlu Ağayev.
Rafiq Турабxan oğlu Abdullayev (Sabah)
Tanqo (Taner) – Tanrıqulu Əliyev
Safruh – Elman Аğа oğlu Əliyev
Şamil Saleh oğlu Əliyev
Yanardağ – Sabir Mustafa oğlu İmamverdiyev
Əbülfəzl Hüseyni, Əli Azərli, Baycan Məhərrəmov, İsfəndiyar Coşqun, Nofəl Tahirzadə, Tofiq Vəndamlı haqqında məqalələri isə fakt yetərsizliyinə, qaynaq azlığına görə qəbul etmədilər.
Ümumiyyətlə, məqalələrin hazırlanması və qəbul edilməsi heç də asan olmurdu. Sovet rejimi tərəfindən incidilən, təqib edilənlər bir-birləri ilə də yola getmirdilər. Necə deyərlər, birinin dediyi o birinin boğazından keçmirdi. Əksəriyyəti xalqın xilaskarı kimi yalnız özünü görürdü. Fikrinə tərəfdar tapa bilməyəndə günahı çağdaşı olan yadfikirlilərdə görürdü. Çox vaxt bir-biri haqqında kəskin, əsası olmayan sərt sözlər söyləyir, ittihamlar irəli sürürdülər.
Belə bir vəziyyətdə biz həm Azərbaycanda yaşayan yadfikirlilərlə görüşür, fikir mübadiləsi edir, material toplamağa çalışır, həm də “DS” qrupu uçün məqalələr yazan müəlliflərlə müzakirələr aparırdıq. Bunlar o qədər də asan olmurdu.
1999-cu il oktyabrın 29-31-də Sofiyada keçirilən konfransda baş redaktor Əzizə Şamilova “Azərbaycanda dissident hərəkatı tarixindən” mövzusunda məruzə edərkən bolqarıstanlı, özünü dissident sayan birisi hay-küy salaraq icazəsiz xitabət kürsüsünə çıxıb Türklərin əleyhinə “ürəyini boşaltmışdı”. Demokratiya, insan haqları uğrunda mübarizə apardığına görə təqib edildiyini, incidildiyini söyləyənin özü başqasının haqqını pozulmuş, bir xalqı – Türkləri bütövlükdə suçlamışdı. Onun şovinistcəsinə davranışı, dissidentə yaraşmayan hərəkəti toplantı iştirak-çılarının əksəriyyətini narahat etmişdi.
“DS” üzərində işlərkən biz də onlardan çox şey öyrənirdik. Əməkdaşlığı davam etdirməyi planlayırdıq. İlkin razılıq əldə etmişdik ki, “DS” üzrə işimizi sonra daha da genişləndirərək “Sosializmin qurbanları – Azadlıq uğrunda vuruşanlar” adlı bir layihəni reallaşdıraq; bu layihənin birinci mərhələsi 1920-ci il aprelin 28-dən 1932-ci ilədək dövrü əhatə etsin. Buraya bolşeviklərin Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Cümhuriyətinin nazirlərinə, generallarına, məmurlarına, müəllimlərinə, həkimlərinə, mühəndislərinə, eləcə də sadə əməkçilərinə, 1923-cü ildən sonra din xandimlərinə, 1928-ci ildən başlayaraq “qolçomaq” adı ilə fərasətli kəndlilərə tutulan divandan söz açılsın.
İkinci mərhələ 1932-1941-ci illəri əhatə etsin. Burada repressiyaya məruz qalan insanlar haqqında bilgi verilsin.
Üçüncü mərhələ 1941-1948-ci illəri əhatə etsin və burada “vətən xaini” adı altında cəzalandırılanlar haqqında bilgi verilsin.
Dördüncü mərhələ 1948-1956-cı illərdə, beşinci mərhələ 1956-1986-ci illərdə, altıncı mərhələ 1986-1992-ci illərdə repressiyaya məruz qalanlar, təqib və təzyiqlərlə üzləşənlər haqqında bilgiləri əhatə etsin.
Bütün bunlar yalnız ensiklopediya şəklində yox, sənədli, bədii filmlər uşaqlar üçün cizgi filmləri, foto-montajlar, sənədlər və xatirələr toplusu formasında da olsun.
Təəssüf ki, bu layihələrin heç birini reallaşdırmağa maliyyə vəsaiti olmadı. Beləcə, “DS” də işini planlaşdırıldığı kimi başa çatdıra bilmədi. Hətta bizə işin son mərhələsi haqqında heç nə yazmadılar. Nəzərdə tutulmuşdu ki, haqqında məqalə gedən dissidentlərin hər birinə (ölənlərin ailələrinə), müəlliflərə, respublikanın mühüm kitabxanalarına “DS” pulsuz çatdırılsın. Bu da baş tutmadı. Biz də İngilis, Rus və Polyak dillərində nəşri planlaşdırılan “DS”-nin sonrakı taleyindən xəbərsiz qaldıq. http://memo-projects.livejournal.com/8205.html saytı 27 iyun 2009-cu ildə bizim “DS”-də haqqında məqalə verəcəyimiz insanların bir qisminin siyahısını və onlar haqqında qaynaqları “Из библиографических списков к статьям Азербайджанского раздела” başlığı altında yaydı. Əslində bu, bizim qrupun işə başladığı ilk günlərdə tərtib etdiyi siyahının qaralaması idi. Elə həmin gün http://lj.rossia.org/users/memo_projects/2009/06/27/ saytı da Natalya Vasilyevnanın “Dissident sözlüyü”nün Azərbaycan bölməsi. “DS” Azərbaycan bölməsinin məqalələrindəki siyahıda başlıqların çətinlikləri” yazısından aşağıdakı qeydləri vermişdi:
“Bu bölmədə daha çox problemli yazılar toplanmışdır. Biz əsas səbəb kimi yalnız ikisini göstəririk:
1. Azərbaycan SSR-də çap olunan kitabların və qəzet– jurnalların əksəriyyəti Moskva kitabxanalarında qorunub– saxlanılır.
2. Təəssüf ki, biz Azərbaycanlı araşdırıcılarla, bioqrafik məqalələrin müəllifləri ilə əlaqələri qoruyub saxlaya bilmədik.
2006-cı ildə bizim sorğularımıza M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın əməkdaşları M.Vəliyeva, D.Sadıqova, M.İbrahimova, S.Əsədova, X.Bəşirova cavab verdilər. Biz onlara təşəkkürümüzü bildiririk!
Etiraf etmək lazımdır ki, problemli yazılar qalıb. Bu problem– lər də ciddidir. Eyni zamanda, bir məqalədə nadir hallarda bir neçə element olmaya bilər. Bunların hamısını aradan qaldırmaq mümkün olmadı. Qaynaqlar siyahısındakı məqalə və kitabların nəşr olunduğu yer, janrı, nəşrin dövriliyi haqqındakı bilgilərdə çatışmazlıq hiss olunur. Bunları redaktor qayçısını işə salmaqla aradan qaldırmaq istəməzdik. Çünki Azərbaycandakı ayrıfikirlilik haqqında ilk dəfə bu həcmdə bibloqrafik bilgilər nəşr olunacaq.
Biz bu məqalələrin nəşrini bəzi izahlarla həyata keçirəcəyik. İzahları Azərbaycan milli kitabxanasına verdiyimiz sorğudan aldığımız cavab əsasında hazırlayacağıq. Həmin mətndən bir fraqmenti ayırmaq istəyirik. Bu mühüm məsələ sözlüyün Azərbaycan bölməsinin yazıları üzrə istiqamətin müəyyənləşdirilməsinə aiddir. Biz redaktorlar üçün bu nə qədər faydalıdırsa, oxucular üçün də o qədər vacibdir.
Sərlövhə mücərrəd xarakter daşıdığı hallarda, yəni mətnin mövzusu haqqında təsəvvür yaratmadığı zaman, tərcümə ilə yanaşı, qeydlər üzrə mövzunun qısa xarakterini açan qeydlər verəcəyik. Məsələn:
… – Gizli qrupda iştirakı haqqında xatirələr…
… – BMT-nin Baş katibinə açıq müraciət (15.08.1973) və düşərgədə yazdığı şeirlərin nəşri.
Söhbət heç bir halda kitabın, məqalənin, “sözlüyün” annotasiyalarından getmir, yalnız bir neçə sözdən ibarət qısa, mövzu ilə əlaqəni açıqlayan izahdan gedir.
Sözsüz ki, nəşri hazırlayarkən orada köməyə görə minnətdarlıq öz əksini tapacaqdır”…
Təəssüf ki, əməyimizin məhsulundan sonralar da heç bir xəbər tuta bilmədik.
Professor Cəmil Həsənlinin istəyindən sonra əlyazmaları yenidən toparladıq. Oraya həmin dövrdə yazdığımız ön sözü, ondan sonra əlifba sırası ilə məqalələri, sonda da Əzizə Şamilovanın 1999-cu il oktyabrın 29-31-də Sofiya şəhərində keçirilən konfransdakı çıxışının ixtisar edilmiş variantını qoyduq. Beləliklə, 18 il bundan əvvəl hazırlanmış materialları oxuculara təqdim edərkən üzərində yenidən işləmədik. Sadəcə, Allahın rəhmətinə qovuşanların ölüm tarixini əlavə etməklə yetərləndik.
Əslində bu, mükəmməl bir kitab deyil. Sadəcə bir yadasalmadır. Əminəm ki, bundan sonra dissidentlərimiz, milli azadlıq fəallarımız haqqında daha sanballı və bitkin ensiklopediyalar yaradılacaqdır.
“DS” sözlüyünün hazırlanmasında bizə təmənnasız kömək etmiş bütün insanlara, xüsusən Ülvi Həkimova, Vəfa Salehə, Ruqiyyə Cəmilliyə, Sara Məmməd qızına, Nadir Ağayevə, Sabir Yanardağa, Safruha və b. minnətdarlığımızı bildirirəm.
Onu da deməyi özümə borc bilirəm ki, Sevinc Nağdəliyeva kitabdakı materialları bilgisayarda yığmağı, Azərbaycan Türkcəsində olan məqalələri Rus dilinə çevirməyi və redaktə etməyi boynuna götürməsəydi, kitabı hazırlamağa girişməyəcəkdim. Kitabdakı “Giriş”, “Nadir Ağayev”, “Asif Ata”, “Məhəmməd Biriya”, “Safruh”, “Cahid Hilaloğlu”, Turabxanoğlu, “Şamil Saleh”, “DS” Azərbaycan qrupunun baş redaktoru Əzizə Şamilovanın 1999-cu il oktyabrın 29-31-də Sofiyada keçirilən konfransdakı məruzəsi” məqalələri Ruqiyyə Cəmillinin Rus dilinə çevirdiklərindən, qalanları isə əlyazmalarımızdan aldıqlarımızdır.
Əli ŞAMİL25.12.2016
Sözardı. Kitabı mətbəəyə göndərmək ərəfəsində – 2018-ci il Martın 20-də Tiranadakı (Albaniya) Dünya Bəktaşilərinin Qutsal Sarayından “Ənənə və müasirləşmə arasında İmam Əli dünyası” mövzusu üzrə keçiriləcək simpoziuma dəvət aldım. Xəstə-liyimə və yaşıma görə xarici ölkələrdə keçirilən toplantılara, elmi konfranslara qatılmamağa çalışsam da, Tiranadan gələn dəvət məni yerimdən oynatdı. Gücümü toplayıb “Azərbaycanda Hz. Əli adı ilə bağlı pirlər, toponimlər və Bəktaşi soyadı” mövzusunda bir məruzə hazırladım.
Tiranaya getməkdə bir məqsədim vardı: İsmail Farkanın taleyi! 20 il idi belə bir səfəri planlasam da, pulsuzluqdan gedə bilmirdim. Yol və orada qalma xərclərini simpozium təşkilatçıları ödədiyindən böyük həvəslə oraya getməyi qərara aldım.
Ölkə olduqca yoxsul olsa da, qonaqların qarşılanmasını və yerləşdirilməsini yüksək səviyyədə təşkil etmişdilər. ABŞ-dan, İtaliyadan, Rusiya Federasiyasından, Almaniyadan, Türki-yədən, İrandan və b. qonşu ölkələrdən də dəvət edilənlər vardı. Toplantını Dünya Bəktaşilərinin Böyük Dədəsi Edmund Brahimay açdı, simpozium iştirakçılarını salamladı, toplantının məramını açıqladı. Albaniya prezidenti İlir Meta, ATƏT-in Alb-aniyadakı böyük elçisi Bernard Borchard, Albaniya Dini Qurumlarla İş Komitəsinin sədri Loreta Arika geniş məruzə etdilər.
Məruzəm üçün ayrılmış 20 dəqiqə vaxtın 15 dəqiqəsini möv-zunu oxumağa həsr etdim. Son beş dəqiqəni isə İsmail Farkadan söz açdım. Bildirdim ki, o hər bir zülmə tab gətirən vətənsevərdir. Gələcək nəsillər ona dözümlülük və əyilməzlik təcəssümü kimi baxacaq. Cox təəssüf ki, biz müasirləri ona qarşı laqeydik. Haqqı tapdalanmış bu insanın dəyəri indiyədək verilməyib. SSRİ dağılandan sonra sənədləri olmadığından vətəninə dönə bilməyib. Onu SSRİ-yə göndərən təşkilat belə öz əməkdaşının tale-yinə biganə qalıb. İndiyədək İsmail Farkanı haqsız həbs edərək dəlixanaya salanlar beynəlxalq məhkəməyə verilməyib.
Salondakılar mənim çıxışımı sükutla qarşıladılar. Fasilədə isə bunun əksi oldu.
Mən İsmail Farka ilə bağlı Tiranada Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Sosial Müdadiə Nazirliyi əməkdaşları ilə görüşməyə can atdım. Albaniya – Azərbaycan Dostluq Elmi Mədəni Dərnəyinin başçısı Entella Muço bu işdə mənə yardım etmək üçün hər əzaba qatlaşdı. Baş vurduğumuz təşkilatların hamısında Azərbaycana böyük segvi gördüm. Azərbaycandan gəldiyimi biləndə ən yüksək vəzifəlilərlə görüşdürəcəklərini vəd etdilər. Hətta görüş günü və saatını da müəyyənləşdirdilər. Amma heç biri baş tutmadı. Görüşə gedəcəyimiz gün qəbul otağında hansı mövzuda söhbət üçün gəldiyimi bildikdə nazirlər və müavinlər çox incə bir nəzakətlə bu gün rəsmi bir toplantı olacağından görüşü dəqiq olmayan bir vaxta ertələdilər.
İsmail Farka haqqında söhbətlərimiz Albaniya-Azərbaycan Dostluq Elmi Mədəni Dərnəyi çərçivəsində qaldı. Dərnəyin ən fəal üzvlərindən olan vəkil Ekrem Kokalari mənə təskinlik verdi. Dedi ki, dostlarını, keçmiş iş yoldaşlarını da bu işə qoşacaq. Onun söylədiyi bir hadisə məni də, dərnək üzvlərini də təəssüfləndirdi. O dedi ki, İsmail Farka adlı birisinin qardaşı ilə tanışdır. Qardaşı İsmail Farkanın təxminən 2-3 ay öncə öldüyünü söyləyib. Qardaşının dediyinə görə, İsmail Farka 1933-cü ildə doğulub, Sovetlər Birliyində oxuyub, mühəndis olub, orada Rus qızı ilə evlənib, ondan da iki övladı olub. Eyni ildə doğulan, təxminən eyni tərcümeyi-hallı iki insanın olması mənə bir az inandırıcı görünmədi.
Sovetlər Birliyində ayrıfikirlilərlə xüsusi xidmət orqanlarının davranışına dair eşitdiyim və oxuduğum hadisələri danışırdım, Entella xanım da Albancaya çevirirdi. Ekrem Kokalari də gülümsəyərək bir hadisəni danışdı. Dedi ki, hüquq fakültəsini bitirib hərbi prokurorluqda işləyirdim. Gənc bir zabit boğulub ölmüşdü. Mən onun sənədləri ilə tanış olanda gördüm ki, üzgüçülük üzrə dərəcəsi var. Təəccübləndim. Məhkəmə Tibb Ekspertizası şöbəsinin müdiri ilə söhbət etdim. O mənə açıq bildirdi ki, zabit öldükdən sonra suya atılıb. Mən cinayət işi açmaq üçün sənədləri hazırladım. Baş prokurorun qəbuluna getdim ki, sənədlərə imza atsın. O, sənədləri gözdən keçirdikdən sonra əsəbiliklə mənə dedi: “Özünü ağıllı sayırsan?! Sənin də meyidinin belə tapılmasını istəyirsənsə, get istintaqa başla. Ağlını başına yığ! Get sənədləşdir ki, intizamsızlıq edib, icazəsiz çimməyə gedib və suda boğularaq ölüb”. Prokurorun tapşırığını yerinə yetirdim. Başımı bəlaya salmamaq üçün məsələnin təfsilatını da öyrənməyə cəhd etmədim.
Tirana səfərim uğursuz olsa da, Dünya Bəktaşilərinin Böyük Dədəsi Edmund Brahimayın, vəkil Ekrem Kokalarinin vədləri məndə bir ümid oyatdı ki, bu məsələ çözüləcək. İnanıram ki, mütləq çözüləcək. Amma İsmail Farka nəinki haqqın yerini tapmasını, heç kitabın çapını da görə bilmədi.
24.03.20018
GİRİŞ
(DS üçün Azərbaycandan hazırlanmış məqalələrə yazılan önsöz)
Zor üzərində qurulmuş dövlətlərin ömrü qısa, taleyi də acınacaqlı olur. Bolşeviklər də hakimiyyəti silah gücünə ələ almışdılar. Mövqelərini möhkəmlətmək üçün öncə keçmiş məsləkdaşlarına, onlarla birlikdə monarxiyaya qarşı mübarizə aparan insanlara divan tutdular. Bu azmış kimi, vətəndaş savaşına başladılar. Ölkəni xarabaya çevirdilər, iqtisadiyyat çökdü, milyonlarla insan savaşlarda qırıldı, xəstəlikdən, aclıqdan öldü.
Rusiyanı “xalqlar həbsxanası” adlandıran, monarxiyanı devirdikdən sonra xalqlara azadlıq, insanlara söz, vicdan azadlığı, hüquq bərabərliyi, demokratik seçkilər, səkkiz saatlıq iş günü və s. vəd edən bolşeviklər 1920-ci ilin aprelində Azərbaycanı da işğal etdilər. Bir il yarımda 48 min ziyalını, hərbçini, iş adamını, idarəetmə bacarığı olan insanı öldürdülər. On minlərlə insan qaçqına çevrildi, aclıq, səfalət içində min bir əziyyətə qatlaşdı. Kütləvi həbslər, dövlət terroru başlayıb 1953-cü ilə qədər davam etdi.
İosif Stalinin ölümündən sonra hakimiyyətdəkilər məhvə sürüklədikləri ölkəni xilas etmək üçün yollar axtardılar. Birgə törətdikləri bütün cinayətlər, haqsızlıqlar İosif Stalinin adına yazıldı. Həbsxanaların qapıları açıldı, milyonlarla insana bəraət verildi.
Əslində bu bəraət formal xarakter daşıyırdı. Belə ki, cəzalandırılan insanların əsərlərinin hamısının nəşrinə icazə verilmirdi, onlara dəymiş zərər ödənilmirdi. Cinayət Məcəlləsindən “xalq düşməni” ifadəsi çıxarılmış, “vətən xaini” adı altında həbs edilənlərin və güllələnənlərin sayı əvvəlki illərlə müqayisəyəgəlməz dərəcədə azalmışdı.
Onlar bununla SSRİ-yə demokratik bir ölkə imici qazandırmaq istəyirdilər. Partiya-sovet rəhbərləri hər yerdə sinələrini qabağa verərək həbsxanalarda əqidəsinə, siyasi baxışlarına görə cəza çəkənlərin olmadığını tribunalarda vurğulayırdılar. Vəziyyət isə heç də onların söylədikləri kimi deyildi. Təkpartiyalı hakimiyyət, seçkilərin qeyri-demokratikliyi davam edirdi. Formal da olsa, alternativ namizdin seçkidə iştirakına icazə verilmirdi. Deputatların sayı, yaşı, ictimai mənşəyi, hətta cinsiyyəti belə əvvəlcədən Moskvada müəyyənləşdirilirdi. Yerdəki məmurlarınsa üzərinə bir vəzifə düşürdü: Moskvadan göndərilmiş qəliblərə uyğun insanlar tapmaq və saxta yolla seçki keçirib onları deputat elan etmək.
Bütün bunlar ona görə baş verirdi ki, hakimiyyətdəkilər demokratiyadan qorxurdular. Bilirdilər ki, demokratik seçkilər keçirilərsə, xalq onların məddah, ikiüzlü, rüşvətxor, millətinə deyil, müstəmləkəçilərin əmrinə tabe olanların hamısını süpürüb atacaq. Ona görə də, totalitar rejimin başında duranlar cəza tədbirlərinin adını dəyişdilər. Hakimiyyət üçün təhlükəli sayılan insanlar cinayətkar, oğru dəstələrinin tərkibində mühakimə edildi və ya dəlixanalara göndərildi.
Nə qədər cidd-cəhdlə çalışsalar da, rejimin təbliğ etdiyi ideologiyadan fərqli düşünənləri tamamilə məhv edib, sıradan çıxara bilmirdilər. Sovet ideologiyasının təsiri altında uşaq bağçalarında tərbiyə edilmiş, orta və ali məktəblərdə oxudulmuş yeni nəslin arasından çıxan ayrıfikirlilərin hamısını susdurmaq olmurdu. 1956-1986-cı illərdə ayrıfikirlilərin gizli qrupları aşkarlananda onlar həbsxanalara, dəlixanalara göndərilirdilər. Bir qrupa qarşı sərt tədbir başa çatmamış başqa bir qrup meydana çıxırdı.
Rusiyada ayrıfikirlilik daha çox insan hüquqlarının pozulmasına etiraz şəkilində özünü göstərirdisə, milli respublikalarda ayrıfikirlilik daha çox millətin hüququnun pozulmasına etiraz şəkilindəydi. Burada nəinki sıravi insanların, ziyalıların, hətta müstəmləkəçilərə xidmət edən yüksək vəzifəlilərin də Anayasa hüquqları pozulurdu. Moskvanın milli respublikalara hakim təyin etdiyi insanlardan hansı birisi milli məsələ haqqında bir iş görmək istəsə, məsələn, konstitusiyada verilmiş hüquqlar çərçivəsində anadilli məktəblərin sayını artırsa, dövlət idarələrində yazı işlərini ana dilində aparmağa çəhd göstərsə, milli adət-ənənəni yaşatmaq üçün kiçik bir addım atsa, həmin dəqiqə sərt cəzalandırılırdı. Özü də təkcə bir nəfər deyil, onunla eyni vaxtda rəhbər vəzifədə işləyənlərin əksəriyyəti də cəzasız buraxılmırdı.
Aydın düşüncəli, vətənsevər və cəsarətli ziyalılar bir və ya bir neçə insanın hüququnu müdafiə etməklə iş bitmədiyini yaxşı anlayırdılar. Ona dörə də, xalqın hüquqlarını müdafiə etməyə çalışırdılar.
Azərbaycanda Sovetlər Birliyi üçün ayrıfikirli görünən adamlar əslində xalqını milli azadlıq hərəkatına hazırlayanlardı. 1950-60-cı illərdə ayrıfikirlilər kiçik qruplarda birləşirdisə, sonralar onların sayı artdı. Kiçik qruplar respublikanın hər yerinə yayıldı.
Sovet Ordusunun Polşada, Macarıstanda, Çexoslovakiyada xalq ayaqlanmasını qan içində boğması Azərbaycan vətənsevərlərini, demokratlarını rahatsız etməyə başladı. Narazılıqlarını açıq şəkildə bildirməyə imkan verilmədiyindən öz aralarında məsələni müzakirə edir, azadlıqları uğrunda mübarizə aparan xalqları alqışlayırdılar. Daha cəsarətli, üsyankar ruhlu gənclər isə həbs edildikdə belə, istintaqda cəsarətlə Sovetlərin işğalçı siyasətini pisləyirdilər.
Yazıçı və şairlər də əsərlərində insan haqlarının tapdandığını, Sovetlərin müstəmləkəçilik siyasətini, totalitar rejimin idarəetmədəki yarıtmazlıqlarını eyhamlar, ikibaşlı sözlər ilə və ya sözarası deyirdilər. Bu da gənclərə güçlü təsir göstərirdi. Tanınmış yazıçı, ali məkrəbdə müəllim işləyən İsmayıl Şıxlı 1960-70-ci illəri xatırlayaraq yazır: “60-cı illərin gəncləri arasında narahatlıqlar əmələ gəlmişdi. Nəsə axtarırdılar, nəsə gözləyirdilər, nəyəsə hazırlaşırdılar, nəsə demək istəyirdilər”.
Çingiz Abdullayev, Cahid Hilaloğlu kimi gənclərin cəsarəti heyrətdoğurucudur. Həbslər, işgəncələr onların iradəsini qıra bilməmişdi. Çingiz Abdullayevin həbsxanadan RSFSR Ədliyə Naziri Boldırevə yolladığı məktub dərslik kitablarına daxil edilməyə layiqdir. O, BMT Baş Assambleyasının növbəti sessiyasında Sovetlər Birliyinin müstəmləkəsinə çevrilmiş respublikalarda azad seçkilər keçirilməsi haqqında qanun qəbul olunmasını tələb edirdi.
Mərkəzi hökumət 1963-cü ildə Azərbaycanın Rusiya tərəfindən işğalının 150 illiyini təntənəli qeyd etməyə hazırlaşdığı günlərdə Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını yazır. O, yeni əsərini Bakıda, respublika mətbuatında çap etdirə bilmədiyindən Nuxa (Şəki) şəhərindəki rayon partiya komitəsinin qəzetində nəşr etdirir. DTK bundan xəbər tutub qəzetin bütün sayını toplayıb məhv etməyə çalışır. Partiya-sovet rəhbərləri sərt cəza tədbirləri görsələr də, poema əlyazma şəklində qəzetin tirajindan dəfələrlə çox sayda yayılır.
İkiyə bölünmüş Azərbaycanın birləşdirilməsi ideyasının gündəmdə qalmasında yazıçı və şairlərlə yanaşı, Məhəmməd Biriya, Əbülfəz Əliyev (Elçibəy), Məhəmməd Hatəmi, Əbülfəzl Hüseyni, İsfəndiyar Coşqun kimi vətənpərvərlərin də rolu böyük olmuşdur.
Gənclərin fəallığı, gizli qrupları olsa da, 1963-cü il noyabrın 7-də Sumqayıt şəhərində rəsmi nümayiş qiyama çevriləndə onlar xalqın önünə çıxıb, istiqamətverici güc olduqlarını göstərə bil-mədilər. Həmin qiyamda fəhlələr Sov.İKP Siyasi Büro üzvlə-rinin portretlərini divardan salaraq tapdadı, mağazaları dağıtdı, polis idarəsinə hücum edərək maşınları yandırdı, polis əməkdaş-larını, rəhbər vəzifəliləri döydülər.
Çingiz Abdullayevin, Cahid Hilaloğlunun yaratmış olduğu dərnək ləğv edilsə də, öndərləri həbsxanalara, dəlixanalara göndərilsələr də, gənclərin iradəsi qırılmamışdı. Tanrıqulu Əliyevin, Rafiq Turabxanoğlunun, Allahverdi Qurbanovun, Əbülfəz Əliyevin (Elçibəy) qurduqları dərnəklər DTK tərəfindən aşkarlananadək fəaliyyətlərini davam etdirmişlər.
Asif Əfəndiyevin (Asif Ata) “Etik və estetik tərbiyə klubu” sanki ayrıfikirlilərin görüş mərkəzi olmuşdu. Kluba toplaşanlar fikirlərini azad və sərbəst söyləmə bacarığına yiyələnmişdilər. Xalq arasında daha çox olan, məclislər aparan Mikayıl Azaflı, Məzahir Daşqın, Teymur Bimsavad, Məhəmməd Kəmsavad kimi aşıqlar da DTK-nın təzyiq və təqiblərindən kənar qalmamışlar.
Xəlil Rza Ulutürk, Şamil Saleh, Sabir Yanardağ, Nadir Ağayev ayrıfikirli kimi tanınsalar da, onlardan Nadir Ağayev həbs edilərək uzun müddət SSRİ-nin müxtəlif dəlixanalarında saxlanmışdır. Əbülfəz Əliyenin (Elçibəyin) yaratmış olduğu üçlük, beşlik… sistemli qruplar şəbəkəsi gənclərin siyasiləşməsində mühüm rol oynamışdır.
DTK ayrıfikirlilərə müxtəlif vasitələrlə təzyiq göstərməklə, onları təqib etməklə, həbsxanalara, dəlixanalara göndərməklə kifayətlənmirdi. Onları avtomobil və istehsalat qəzalarında öldürür, suda boğur, özlərinə sədaqətli həkimlərin əlilə məhv edirdilər. Belə cinayətlərin üstü açılmırdı. Buna görə də, Nofəl Tahirzadə, Baycan Məhərrəmov, Tofiq Vəndamlı kimi insanların ölümü şübhəli olsa da, cinayətin DTK tərəfindən törədildiyini sübut edən faktlar əlimizdə yoxdur. Lakin İsmail Farkanın, Cahid Hilal-oğlunun, Əli Azərlinin və b. xatirələrində insanların necə cəza-landırıldığı, ölümə sürükləndiyi haqqında tükürpədici faktlar var.
Milli respublikaların, xüsusən Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Tacikistanın par-tiya-sovet işçiləri, DTK və hüquq-mühafizə orqanlarının əməkdaşları hər vəchlə ayrıfikirlilərin olmasını Moskvadan gizlətməyə çalışmış, əhalinin mərkəzi hökumətin siyasətini alqışladığı görüntüsü yaratmışlar. Lakin Moskva heç vaxt milli respublikalardakı məmurlarına inanmamışdı. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş (1980-1988) general Ziya Yusifzadə 1999-cu ilin noyabrında ANS televiziyasında çıxış edərkən dedi ki, bir dəfə hətta Çebrikov (SSRİ DTK-nın sədri – Ə. Ş.) məndən soruşdu: “Niyə sizin verdiyiniz məlumatlarda Azərbaycanda dissident olduğu göstərilmir? Halbuki ölkəni dissidentlər bürümüşdür. Siz tərəfdənsə hər şey hamar və yaxşı göstərilir”.
Azərbaycan DTK-sı ayrıfikirlilərlə, Sovetlərin, sosializm quruculuğunun əleyhinə olanlarla bağlı faktları gizlətdiyindən, onları başqa adlar altında cəzalandırdıqlarından dissidentlərlə bağlı sənəd toplamaqda çətinlik çəkdik. Ona görə də, “DS” Azərbaycan bölməsinin hazırladığı məqalələr daha çox xatirələrə, qəzet-jurnallarda çap olunan materiallara, özbasım (samizdat) kitab/kitabçalarına əsaslanır. Qeydə aldığımız 80-dən çox insanın 21-i haqqında məqalə hazırladıq. Onlardan bir neçəsi fakt yetərsizliyindən rədd edildi. Cəmi 15 məqalə qəbul olundu.
Bu, əslində totalitar rejimə qarşı mübarizədə təkbaşına dirəniş göstərmiş cəsur insanlar haqqında ilk geniş bilgi toplusu idi. Azadlıq və demokratiya uğrunda mübarizə aparmış bu insanların ömür yolu gənclərə bir örnəkdir. Onların xatirəsinin əbədiləşdirilməsi, fəaliyyətlərinin təbliğı demokratiyaya xidmətdir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?