Электронная библиотека » Aleksandre Jevaxoff » » онлайн чтение - страница 2

Текст книги "Mustafa Kamal Atatürk"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Aleksandre Jevaxoff


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Tripolitaniya müharibəsi

«İttihad və Tərəqqi» partiyası həmin dövrdə «İmperiyanın qurtuluşu və sultan üzərində nəzarət» şüarı altında fəaliyyət göstərən, bununla belə, daxildə bir-biri ilə yola getməyən fərqli qruplaşmalardan ibarət eybəcər ansamblı xatırladırdı. Partiya içində otuza yaxın nüfuzlu şəxsdən ibarət siyasi piramida meydana çıxmışdı. Piramidanın zirvəsində isə «üçlük» (Tələt bəy, Ənvər paşa, Camal paşa) qərar tutmuşdu. Bu üçlükdə yalnız bir nəfər – Tələt bəy mülki şəxs idi. O, «İttihad və Tərəqqi»nin yarandığı ilk gündən təşkilatın sıralarında idi. İntellektual səviyyəsi ilə seçilən Tələt bəyə Mustafa Kamalın xüsusi hörməti olsa da, onunla arasında məsafə saxlayırdı. Qəhrəmanımızın üçlükdəki şəxslərdən yalnız Camal paşa ilə yaxın münasibətləri vardı.

Maraqlıdır ki, bəstəboy, gur qara saqqalı olan və çılğın xarakteri ilə seçilən Camal paşa haqqında fikirlər xeyli neqativ idi. O, qəddar və ikiüzlü hesab edilirdi, bununla belə, mahir siyasi oyunçu sayılırdı. Məhz bu baxımdan Mustafa Kamalın Camal paşa ilə dostluğu qəribə görünür. Qəhrəmanımızın özü də sonralar, 1926-cı ildə Camal paşa ilə yaxın dost olmasını xüsusi qeyd edəcəkdi. Bəs görəsən, Mustafa Kamalın ondan 10 yaş böyük olan bu adamla yaxınlığının səbəbi nə idi? Bu suala cavab axtaran tarixçilər məsələnin kökünü Camal paşa ilə Ənvər paşa arasındakı gizli ixtilafda axtarırlar. Ənvər paşanın Mustafa Kamala münasibəti birmənalı deyildi. Eynilə Mustafa Kamalın ondan xoşlanmadığı kimi! Ona görə də istisna deyil ki, qəhrəmanımız «düşmənimin dostu mənim də dostumdur» prinsipi ilə Camal paşa ilə yaxınlaşmışdı.

Ənvər paşa Mustafa Kamala niyə mənfi münasibət bəsləyirdi? Bu sualın cavabına keçməmişdən öncə kiçik təqdimat: 1881-ci il təvəllüdlü Ənvər paşa 1908-ci ildə baş verən Gənc türklər inqilabının aparıcı simalarından biri idi. Qurulan yeni hökumətdə hərbi nazir vəzifəsinə təyin ediləcəyi gözlənilirdi. Lakin bu baş vermədi. Üç il sonra isə Sultan Mehmed Rəşadın qızı Naciyə sultanla nişanlandı. Deməli, Ənvər paşanın Mustafa Kamalı öz karyera yüksəlişində başlıca rəqib kimi görməsi üçün ciddi səbəb yox idi. Onun qəhrəmanımıza mənfi münasibətinin kökündə Mustafa Kamalın tündməzaclığı dayanırdı. Mustafa Kamal ürəyindən keçənləri heç vaxt gizlətmir və sözü həmişə üzə deyir, kimsəni tənqid eləməkdən çəkinmirdi, bu isə Ənvər paşanı qıcıqlandırırdı. Çünki həmin tənqidlərdən onun ünvanına da kifayət qədər pay düşürdü.

Mustafa Kamalın Ənvər paşaya qarşı mənfi münasibətinin kökündə isə ilk növbədə sonuncunun ordunu siyasi proseslərə qatmaq cəhdləri dayanırdı. Qəhrəmanımız ciddi şəkildə buna qarşı idi. O belə hesab edirdi ki, ordunun siyasiləşməsi həm dövləti, həm də silahlı qüvvələri zəiflədir.1313
  Bir sıra tarixçilərin fikrincə, Mustafa Kamal ordunun siyasiləşməsinə qarşı çıxmaqda tamamilə haqlı idi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi. Məsələn, Osmanlı dövlətinin Balkan müharibələrindəki uğursuzluğu məhz siyasi partiya və hərəkatların ordu daxilinə nüfuz etməsi, nəticədə isə silahlı qüvvələrdə parçalanmalara gətirib çıxarması ilə izah olunur (red.)


[Закрыть]

Bir qədər irəli gedərək qeyd edək ki, Ənvər paşa ilə Mustafa Kamal arasında ixtilaf 1913-cü ilin əvvəlində, Birinci Balkan müharibəsinin1414
  Birinci Balkan müharibəsi – 1912-ci il oktyabrın 7-dən 1913-cü il mayın 30-dək Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığından ibarət Balkan İttifaqının Osmanlı dövlətinə qarşı başlatdığı müharibə. Bu müharibə ilə Balkan dövlətləri Osmanlının Balkan yarımadasındakı torpaqlarının böyük bir hissəsini ələ keçirmişdir.


[Закрыть]
gedişində daha da dərinləşəcəkdi. Belə ki, həmin vaxt qəhrəmanımızın xidmət elədiyi Bolayır korpusu düşmənə qarşı yeni hərbi əməliyyat keçirmək üçün əmr almışdı. Bu korpusun qərargah rəisi Mustafa Kamalın dostu Əli Fəthi idi. Əməliyyatın uğurla başa çatması isə Ənvər paşanın qərargah rəisi olduğu 10-cu korpusun dəstəyindən asılı idi. Lakin gözlənilən dəstək gəlmədiyi üçün Əli Fəthinin bölüyü ağır məğlubiyyətə düçar oldu. Nəticədə Mustafa Kamalla Ənvər paşanın arasındakı soyuqluq daha da artdı. Sonradan uğursuzluğun səbəbləri müzakirə olunarkən Osmanlı ordusunun baş qərargahı bütün məsuliyyəti Bolayır korpusunun üzərinə qoydu. Bu da azmış kimi, Ənvər paşanın İstanbula yeni təyinat almasına qərar verildi. İşi belə görən Mustafa Kamal və dostu Əli Fəthi istefa raportu yazdılar. Ancaq tezliklə məlum oldu ki, Ənvər paşanın yeni təyinatı ilə bağlı qərar ləğv olunub. Ona görə də Mustafa Kamalla Əli Fəthi raportlarını geri götürdülər.

Onu da deyək ki, Mustafa Kamal Tripolitaniyaya yollanmaq üçün «İttihad və Tərəqqi» partiyasının mərkəzi komitəsindən pul istəmiş, lakin rədd cavabı almışdı. Belə ki, ona Ənvər paşanın rəhbərliyi altında döyüşməyi məsləhət görmüşdülər. Mustafa Kamal isə bununla razılaşmamışdı.

Hər halda, heç nə qəhrəmanımızın müharibə bölgəsinə yollanmasına əngəl ola bilmədi. Şəxsi vəsaiti hesabına, üstəlik, özünü yolboyu «qəzet müxbiri Şərif bəy» kimi qələmə verərək Misirdən adlamaqla Tripolitaniyaya gəldi və iki ilə yaxın (1911 – 1912-ci illər) sürən həmin müharibədə minbaşı rütbəsi ilə yaxından iştirak elədi. Savaşın gedişində sağ qolundan yaralandı.

Qanlı müharibə İtaliyanın qələbəsi ilə başa çatdı. Beləliklə, zəifləməkdə olan Osmanlı dövləti Şimali Afrikadakı son torpaqlarını da itirdi.

Balkan müharibələri

1912-ci ilin oktyabrında Osmanlı dövləti növbəti savaşla üz-üzə qaldı. Bu dəfə Balkan dövlətləri – Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığı güclərini birləşdirdilər. Yeni yaranmış ittifaqın məqsədi Osmanlı dövlətini Avropadakı torpaqlardan çıxarmaq idi.

Tarixə Birinci Balkan müharibəsi kimi düşən bu savaş türklərin məğlubiyyəti ilə nəticələndi. Belə ki, tərəflər arasında 1913-cü il mayın 30-da Londonda imzalanan müqavilənin şərtlərinə görə, Osmanlı imperiyası Balkanlarda və Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya isə müstəqil knyazlıq elan edildi.

1913-cü ilin iyununda Birinci Balkan müharibəsinə qoşulan ölkələr arasında yeni savaş meydana gəldi. Yunanistan, Bolqarıstan, Qaradağ, Albaniya və Serbiya krallıqları ilə Osmanlı imperiyası və Rumıniya arasında baş verən bu müharibədə Mustafa Kamalın xüsusi xidmətləri oldu. O, Dimetoka ve Ədirnənin düşməndən azad edilməsində mühüm rol oynadı. Tarixdə İkinci Balkan müharibəsi kimi qəbul olunan həmin savaşın nəticəsində London anlaşmasının şərtləri xeyli dəyişdi. Osmanlı imperiyası ilk Balkan müharibəsində itirdiyi torpaqların müəyyən hissəsini geri qaytara bildi. Lakin bu, Balkan müharibələrinin türklər üçün ümumilikdə məğlubiyyət kimi qiymətləndirilməsinə mane olmadı.

Müharibə bitdikdən sonra Mustafa Kamal yeni təyinat aldı. Belə ki, 1913-cü ilin payızında Əli Fəthi Osmanlı dövlətinin Sofiyadakı səfiri təyin edildi. Bunun ardınca Mustafa Kamal həmin səfirlikdə hərbi attaşe təyin edildi. Bir il sonra isə yarbay (polkovnik-leytenant) rütbəsinə yüksəldi.

Yeri gəlmişkən, qəhrəmanımız Bolqarıstan paytaxtında özünü mənəvi baxımdan narahat hiss edirdi. Dostlarından birinə ünvanladığı məktubda bunu açıq şəkildə yazmış, Sofiyanın ona qüssə gətirdiyini bildirmişdi. Halbuki onun yeni işi heç də maraqsız deyildi: Balkan bölgəsində həyəcanlı proseslər cərəyan edirdi və Musta-fa Kamalın bu prosesləri yaxından izləmək imkanı var idi. Hərbi attaşedə çalışdığı dövrdə o, «Bolayır korpusunun məğlubiyyətə uğramasının əsil səbəbləri» başlıqlı məqalə yazdı və Bolqarıstanın hərbi jurnallarından birində dərc etdirdi. Bundan başqa, iyirmi səhifədən ibarət «Zabit və komandanlarla mükalimələr» adlı əsər qələmə aldı. Həmin əsərdə Mustafa Kamal həm Tripolitaniya, həm də ilk Balkan müharibələrinin nəticələrindən məyusluğunu ifadə etmiş, eyni zamanda bu nəticələri doğuran səbəblər barədə düşüncələrini dilə gətirmişdi. Qəhrəmanımızın məyusluğunu anlamaq olar: zarafat deyil, bu iki savaşda Osmanlı dövləti öz torpaqlarının, az qala, üçdəbirini, əhalisinin isə beşdəbirini itirmişdi. Bir zamanlar üç qitədə hökmranlıq edən imperiya Afrikadan tamamilə, Avropadan isə xeyli dərəcədə əl-ayağını çəkməli olmuş, üstəlik, Mustafa Kamalın doğma şəhəri Saloniki də əldən çıxmışdı. Bu şəhər artıq yunanların ixtiyarında idi.

Sofiyada çalışdığı dövrdə qəhrəmanımızın şəxsi həyatında önəmli hadisə baş verdi. O, Bolqarıstan hərbi nazirinin qızı, hamının «Miti» deyə çağırdığı Dimitrina Kovaçevaya vuruldu. Bir müddət sonra Dimitrina ilə evlənmək istəyini açıq şəkildə səsləndirdi, lakin qızın atası general Kovaçev buna razı olmadı. Bunun iki səbəbi vardı. Əvvəla, qızının Bolqarıstandan kənarda yaşamasını istəmirdi. İkincisi, Mitinin türk həyat tərzinə uyğunlaşıb-uyğunlaşmayacağı məsələsində tərəddüd edirdi. Beləliklə, Mustafa Kamalın evlənmək arzusu baş tutmadı.

Bir yandan arzulamadığı halda Sofiyaya hərbi attaşe göndərilməsi, digər yandan Dimitrina ilə evlənməsinə icazə verilməməsi Mustafa Kamalın qəlbini çox sıxırdı. Ümumiyyətlə, qəti şəkildə demək olar ki, Bolqarıstan paytaxtında yaşadığı müddətdə qəhrəmanımıza ruh verən yeganə məqam Osmanlı xanədanının qaçılmaza çevrilən süqutundan sonra vətənin xilası idi. Mustafa Kamal özünü həmin günlərə hazırlayırdı. Yəqin, elə buna görə də dostlarından birinə belə yazmışdı: «Mənim iddialarım böyükdür. Ancaq bu iddiaların maddiyyat və karyera ilə heç bir əlaqəsi yoxdur…»

1914-cü il 18 oktyabr tarixli başqa bir məktubda isə Salih adlı dostuna naməlum fransız şairinin aşağıdakı misralarını sitat gətirmişdi: «Həyat qısadır: bir az arzu, bir az sevgi və əlvida. Dünya fanidir: bir az nifrət, bir az ümid və son… və son…» Sonra da əlavə eləmişdi: «Salih, bu misraları yadda saxla və həyatını necə yaşamaq istəyirsənsə, ondan asılı olaraq bu hikmətlərdən birinə əsaslan!»

Əgər Birinci Dünya müharibəsi başlamasaydı və Mustafa Kamal da savaşa qoşulmasaydı, görəsən, onun öz seçimi hansı olardı?!

Mustafa Kamal Birinci Dünya müharibəsində

Birinci Dünya müharibəsi 1914-cü ilin iyulunda başladı. Bu müharibəyə iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu. «Antanta»da Böyük Britanya, Fransa və Rusiya İmperiyası, «Üçlər ittifaqı»nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçəcəkdi) təmsil olunurdu. Savaşın əsas hədəflərindən biri getdikcə zəifləyən Osmanlı dövlətinin torpaqlarını bölüşdürmək idi.

Həmin vaxt Ənvər paşa əsas istəyinə çatmış və hərb naziri təyin edilmişdi. Bunda Tələt paşanın rolu da az olmamışdı. Belə ki, o, Camal paşanın Avropa meyilli olduğunu nəzərə alaraq Ənvər paşanın nazir təyin edilməsinə dəstək vermək məcburiyyətində qalmışdı. 1914-cü ilin oktyabrında Osmanlı dövləti rəsmən Birinci Dünya müharibəsinə qoşuldu. Bundan sonra Ənvər paşa eyni zamanda ordunun baş komandanı oldu. Halbuki o vaxtadək həmin vəzifəni sultan yerinə yetirirdi.

Mustafa Kamal məsələdən Sofiyada xəbər tutdu və xeyli pəjmürdə oldu. «Mən almanların qalib gəlməyə qadir olduğuna inananların fikri ilə razı deyiləm – o, 1914-cü ilin dekabrında dostu Salihə yazırdı. – Bu, doğrudur ki, almanlar qarşılarına çıxan hər şeyi və hər kəsi əzərək böyük sürətlə Parisə doğru irəliləyir. Bununla belə, ruslar Karpatlarda1515
  Karpatlar – Mərkəzi Avropada yerləşən Karpat dağlarının əhatə etdiyi ölkələr (Slovakiya, Macarıstan, Polşa, Ukrayna, Rumıniya, Serbiya və bir qədər də Avstriya) nəzərdə tutulur.


[Закрыть]
Almaniyanın müttəfiqi Avstriyanı sıxışdırmaqdadır. Belə davam edərsə, almanlar avstriyalılara köməyə göndərdiyi ordunu geri çağırmalı olacaq. Deməli, müharibənin nə ilə nəticələnəcəyini əvvəlcədən söyləmək çətindir. Odur ki Osmanlı hökuməti öz strategiyasını doğru müəyyənləşdirməlidir». Bu sətirlərdən belə başa düşmək olar ki, Mustafa Kamal proseslərə daha ağıllı və müdrik yanaşıb, 1914-cü ilin avqustunda Osmanlı ilə Almaniya arasında gizli müttəfiqlik sazişinin imzalanmasını yanlış addım kimi qiymətləndirib, bu addımın ağır nəticələr verəcəyini əvvəlcədən doğru hesablayıb. Bir qədər irəli gedərək demək lazımdır ki, hadisələrin gedişi qəhrəmanımızı haqlı çıxardı. Məlum oldu ki, Mustafa Kamal şübhələrində yanılmayıb.

Osmanlı dövləti ilə gizli anlaşmanın əldə edilməsindən bir həftə sonra Almaniya imperiyası «SMS Goeben» adlı müharibə kruvazörü ilə «SMS Breaslau» adlı yüngül kruvazörünü İstanbula yolladı. Hər iki döyüş gəmisi Osmanlı donanmasının mülkiyyətinə keçdi və onu xeyli gücləndirdi. Gəmilərin adları «Yavuz» və «Midilli» olaraq dəyişdirildi. Həmin gəmilərdən oktyabrda rus hərbi bölüklərinə atəş açıldı. Qarşı tərəf xeyli itki verdi.

Bu hadisədən bir neçə gün sonra, 1914-cü il oktyabrın 30-da Rusiya Osmanlıya, bundan bir neçə saat sonra isə Ənvər paşa Osmanlı hökuməti adından Rusiyaya savaş elan elədi. Məsələdən hali olan İngiltərə və Fransa da müttəfiqlərinə – Rusiyaya dəstək olaraq Osmanlıya qarşı müharibəyə başladığını bəyan etdi.

Ovaxtkı Osmanlı Şeyxül-islamı bu savaşın cihad olduğunu bildirdi. Onun xeyir-duası ilə Osmanlı ordusu həm torpaqlarını qorumaq, həm də ilk Balkan müharibəsindəki məğlubiyyətin qisasını almaq üçün döyüşə girişdi. Döyüşçülərin əhval-ruhiyyəsi yüksək idi: hərb naziri Ənvər paşanın qısa vaxtda həyata keçirdiyi islahatlar, eləcə də ordu sıralarına yeni qüvvələrin cəlb edilməsi zabit və əsgərlərdə qələbəyə şübhə yeri qoymurdu.

Mustafa Kamal isə I Dünya müharibəsinə 1915-ci ildə qoşuldu. O, Mərmərə dənizinin Avropa sahilində mövqe tutan 19-cu diviziyanın komandiri təyin edildi. Əslində, bu diviziya sadəcə kağız üzərində mövcud idi. Odur ki qəhrəmanımızın ilk işi haqqında danışılan hərbi birləşməni təşkil eləmək oldu. Bu zaman cəbhədən ürək açmayan xəbərlər gəlirdi. Bir çox istiqamətlərdə, xüsusilə Sarıqamışda1616
  Sarıqamış – indiki Türkiyə ərazisində, Qars vilayətində yerləşən qəsəbə


[Закрыть]
şəxsən Ənvərin başçılıq etdiyi ordu hissələri ağır itkilər vermişdi. 1914-cü il dekabrın 4-dən 1915-ci il yanvarın 18-dək davam edən Sarıqamış döyüşündə yol verilən hərbi səhvlər Osmanlı ordusunun ağır məğlubiyyəti ilə nəticələnmiş, onminlərlə zabit və əsgər öldürülmüş, yaxud əsir düşmüşdü. Süveyş kanalı1717
  Süveyş kanalı – müasir Misir Ərəb Respublikasının ərazisində yerləşən, Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalı.


[Закрыть]
yaxınlığında baş verən döyüşdə isə ingilis ordusu Camal paşanın rəhbərlik etdiyi Osmanlı qoşununun hücumunu asanlıqla dəf etmişdi.

1915-ci il fevralın ortalarında məlum oldu ki, 18 hərbi gəmi fransız, ingilis və rus bayraqları altında Seddülbahir burnunda toplaşıb. Bura bütövlükdə Çanaqqala adlanan geniş əraziyə daxil idi. Seddülbahir burnu isə həm Bosfor və Dardanel1818
  Dardanel boğazı (və ya Çanaqqala boğazı) – Asiyanı Avropadan ayıran boğazlardan biri. Egey dənizi və Mərmərə dənizi arasında yerləşir. Qara dənizi Dünya okeanına bağladığına görə beynəlxalq əhəmiyyətə malikdir. Həmçinin dünyanın ən dar boğazıdır.


[Закрыть]
boğazlarını, həm də İstanbul keçidini qoruyurdu. Buradan Osmanlı paytaxtına cəmi 250 km məsafə var idi. Odur ki düşmən hərbi gəmilərinin hədəfini anlamaq çətin deyildi. Lakin onlar İstanbulu ələ keçirməyin asan olmayacağını tezliklə başa düşəcəkdilər. Belə ki, elə ilk həmlədən sonra istənilən nəticəni əldə edə bilməyən müttəfiqlər 1915-ci il martın 18-də növbəti hücumu gerçəkləşdirdilər. Çanaqqala savaşının başlanğıcı kimi qiymətləndirilən bu hücum da uğursuzluqla nəticələndi – müttəfiqlərin üç gəmisi batırıldı, üçü isə ciddi zədələndi. Vəziyyəti bu cür görən düşmən ordusunun admiralları qurudan hücuma keçməyi qərara aldı.

Antantanın Çanaqqaladakı ilk həmlələri uğursuzluqla nəticələnsə də, İstanbulda təlaş hökm sürürdü. Şəhər əhalisinin böyük hissəsi işğalın qaçılmaz olduğuna inanırdı. Görünür, sultanın sarayında da eyni ovqat hökm sürürdü. Bu səbəbdən də xəzinə və dövlət arxivi İstanbuldan kənara köçürülmüşdü. Hətta Osmanlı padşahı V Mehmedin də şəhəri tərk eləmək üçün hazır vəziyyətdə gözlədiyi deyilirdi. Halbuki müttəfiqlər üçün də işlər qaydasında deyildi. Düşmən admiralları yerli şəraiti yaxşı bilmədiklərindən düzgün hücum taktikası qurmağa çətinlik çəkirdilər. İstifadə olunan xəritələr köhnə və qeyri-dəqiq idi. Bütün bunlar azmış kimi, əsgərlər arasında qarın yatalığı yayılmışdı.

1915-ci il aprelin 25-də təxminən 65 min nəfərlik fransız və ingilis ordusu Osmanlı qoşunları üzərinə hücuma keçdi. Fransızlar Anadolu1919
  Anadolu (və ya Kiçik Asiya) – Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.


[Закрыть]
tərəfdən – Qumqaladan, ingilislər isə sağ cinahdan – Suvala və Qabatəpə istiqamətindən irəliləyirdi. Məqsəd aydın idi: türkləri iki tərəfdən sıxışdıraraq sonda boğazlardan (Dardanel və Bosfor) çıxarmaq! İngilislər hədəfə doğru daha rahat və sürətlə irəliləməkdə idi.

Eyni gündə avstraliyalı və yeni zelandiyalılardan ibarət 1500 əsgər Qabatəpədən şimaldakı Arıburnuna çıxdı. Türklər və almanlar Arıburnunu müdafiə etməyə ehtiyac duymamışdılar. Çünki bu ərazidəki cəngəlliklər təbii istehkamı xatırladırdı. Belə hesab edilirdi ki, düşmən bölükləri onu yarıb keçməyə cəsarət etməzlər. Lakin avstraliyalı və yeni zellandiyalı əsgərlər, haqqında danışdığımız təbii istehkamı ağlasığmaz çətinliklər bahasına da olsa, yarıb keçə bildilər. Ardınca isə qarşılarına çıxan Osmanlı döyüşçülərini məhv etməyə başladılar. Avstraliyalı zabit Tullox yüksək bir yerə çıxıb öncə dərin və rahat bir nəfəs aldı, sonra isə qalibanə tonda «Bərq vuran Günəş, aydın Səma, çörəkotunun xoş rayihəsi!» dedi. Lakin sözünü yenicə bitirmişdi ki, rəhbərlik etdiyi bölük atəş altına düşdü. Hər şey bir göz qırpımında baş vermişdi – Mustafa Kamalın komandanı olduğu diviziya düşmənin başı üstünü almışdı.

Sonralar alman generalı Kannengisser yazacaqdı: «Həmin gün xoş bir təsadüf nəticəsində Kamal bəy özünün yenicə təşkil etdiyi hərbi bölüyünü təlimə çıxarmışdı. Lakin qəfildən əsgərlərinin təlaş içində qaçışdığını görür. Nə baş verdiyini soruşur.

– Onlar gəlir! – deyə döyüşçülərdən biri həyəcanlı şəkildə cavab verir.

– Onlar kimdir?

– İngilislər, ingilislər!

– Qoy olsun, onda irəli! – Kamal qəti əmr verir.

Beləliklə, ərazi qısa vaxtda düşməndən tamamilə azad edildi. Avstraliya ordusu Arıburnundakı çox da böyük olmayan qayalıq bir əraziyə sıxışdırıldı».

Mustafa Kamalın bu qətiyyəti hərb tarixinə düşüb. Onun böyük sərkərdə olduğuna artıq kimsə şübhə eləyə bilməzdi.

Sonralar başqa bir alman generalı fon Sanders2020
  Otto Liman fon Sanders – Birinci Dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.


[Закрыть]
yazmışdı ki, üç ay davam edən Arıburnu döyüşlərində Mustafa Kamal düşmənin «bütün amansız hücumlarının qarşısını ala bildi, onlara möhkəm və sərt müqavimət göstərdi. Mən onun enerjisi və qətiyyətinə heyran qalmışdım!»

Yeri gəlmişkən, Mustafa Kamal almanlara bir o qədər də yaxşı münasibət bəsləmirdi, yuxarıda da vurğuladığımız kimi, Osmanlının onlarla eyni cəbhədə yer almasından məmnun deyildi. Bununla belə, haqqında söylədikləri xoş sözlərdən o qədər həzz almışdı ki, almanlara qarşı münasibəti dəyişmişdi. «İmperator Vilhelm, yəni zəmanəmizin görkəmli sərkərdələrindən biri alman olsa da, məni «Dəmir xaç» ordeni ilə təltif etdi. Bu mənim üçün böyük şərəfdir» – qəhrəmanımız tanışlarından birinə etiraf eləmişdi.

Lakin nə «Dəmir xaç» ordeni, nə də fon Sandersin haqqındakı yüksək fikirləri Ənvər paşanın ona qarşı mənfi münasibətini dəyişmədi. Belədə fon Sandersdən onu başqa cəbhəyə dəyişdirməsini xahiş etdi. Hətta dostlarından birinə demişdi: «Düşünürəm ki, bir küncə çəkilsəm yaxşıdır». Lakin xoşbəxtlikdən bu baş vermədi. Növbəti döyüş onun hərbçi kimi şöhrətini və nüfuzunu daha da artırdı. Söhbət onun Anafartalar cəbhəsindəki şücaətindən gedir.

1915-ci ilin iyununda Mustafa Kamala albay (polkovnik) rütbəsi verildi. Elə həmin ilin avqustunda ingilis ordusu Suvla körfəzinin2121
  Suvla körfəzi – Egey dənizinin Daranel boğazından qərbdəki Gelibolu yarımadası ətrafında yerləşən körfəz


[Закрыть]
şimalına hücum etmək qərarına gəldi. Buradan bir qədər aralıda iki kənd (Böyük Anafarta və Kiçik Anafarta) yerləşirdi. Körfəzlə həmin kəndlər arasındakı ərazi sıldırımlıqlardan ibarət idi. Ona görə də türklər bu əraziyə cəmi bir neçə qaravolçu məntəqəsi qoymaqla kifayətlənmişdi. İngilislərin oradan hücuma keçmək istəməsinin səbəbi də bu idi. Onlar hər şeyi nəzərə almışdılar, bircə Mustafa Kamalı yox!

Vəziyyətdən hali olan fon Sanders qəhrəmanımıza bölgədəki bütün qüvvələrin komandanlığını tapşırdı.

Bunun ardınca, 1915-ci il avqustun 7-də Mustafa Kamal olduqca cəsrətli bir addım atdı: digər cəbhələri boş qoymaq bahasına bütün qüvvəni Anafarta istiqamətində cəmləşdirdi. Ardınca isə ingilislər üzərinə hücum əmri verdi. Hücuma rəhbərliyi də şəxsən öz üzərinə götürdü. İngilislər çaşqın vəziyyətə düşdülər. Yeri gəlmişkən, həmin hücum zamanı qəhrəmanımız ölümdən döndü: belə ki, yaxınlıqda partlayan düşmən mərmisinin qəlpələrindən bir neçəsi onun sinəsinə tuş gəldi və döş cibindəki saatı parçaladı. Bir sözlə, Mustafa Kamal möcüzə nəticəsində sağ qaldı.

Hücum isə uğurla başa çatdı. İngilis mövqeləri cəmi bir neçə saat ərzində ələ keçirildi.

Çanaqqala zəfəri və ondan sonra

Qeyd edək ki, 1915-ci il martın 18-də başlayan və tarixə «Çanaqqala savaşı» kimi düşən Dardanel boğazı uğrunda döyüşlər 1916-cı ilin əvvəllərinədək uzandı. Belə ki, həmin il yanvarın 8-9-da Osmanlı ordusu Seddülbahiri düşmənlərdən azad etdi. Bundan sonra Antantanın birləşmiş qüvvələri döyüş meydanından geri çəkilmək məcburiyyətində qaldılar.

Osmanlı ordusunun 253 min şəhid verdiyi savaşda əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 200 min, fransızlar isə 40 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.

Düşmənin ağır məğlubiyyətə uğradılmasında Mustafa Kamal həlledici rol oynadı. «Adi bir alay komandirinin bu şücaəti tarixdə nadir hallardan biridir. Onun savaş boyunca müxtəlif vaxtlarda apardığı hərbi əməliyyatlar nəinki bir döyüşün, bəlkə də, bütöv müharibənin, hətta bütünlükdə bir millətin taleyini həll etməkdə böyük rol oynadı» – bunu sonralar ingilis tarixçilərindən biri yazacaqdı.

İngilis tarixçisi yanılmır: Mustafa Kamal ağlı, əzmi və cəsarəti ilə yalnız Çanaqqala savaşının sonluğunu müəyyənləşdirmədi, eyni zamanda tarixin gedişatına təsir elədi. O, ağır döyüşlərdən birində mərmiləri bitdiyi üçün çaşqın vəziyyətdə qalan əsgərlərinə süngülərini tüfənglərə keçirmək göstərişi vermiş, ardınca isə demişdi: «Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edirəm. Bununla biz özlərini döyüş meydanına çatdıra bilməsi üçün digər qüvvələrimizə vaxt qazandırmış olacağıq!» Çanaqqalada əldə edilən zəfər onun məhz bu qeyri-adi cürətkarlılığının və qətiyyətininin məntiqi yekunu idi.

Çanaqqala zəfərinin ardından Mustafa Kamal öncə – 1916-cı il yanvarın 17-də Qırmızı şərəf medalı ilə təltif edildi, ardınca isə aprelin 1-də paşa epoleti (general rütbəsi) aldı. Elə həmin ay qərargahı Ədirnədə yerləşən 16-cı briqadanın komandanı təyin olundu. Bundan sonra Şərqi Anadoluda ruslara qarşı döyüşlərə rəhbərlik edən qəhrəmanımız bir-birinin ardınca önəmli hərbi zəfərlərə imza atmışdır: şərq cəbhəsində rusların hücumlarının qarşısını kəsmiş, daha sonra isə əks-həmləyə keçmişdir. Nəticədə 1916-cı il avqustun 7-də Muşu, bir gün sonra isə Bitlisi düşmən işğalından azad etmişdir. Həmin ilin sonlarında o, qərargahı Diyarbəkirdə yerləşən 2-ci Ordu Komandanlığına təyinat aldı. Bir müddət sonra isə cənub cəbhəsində döyüşən və alman generalı Falkenheynin komandanı olduğu «İldırım» ordusunun 7-ci diviziyasının rəhbəri təyin edildi. Odur ki Fələstinə yollandı. Lakin çox keçmədi ki, qəhrəmanımızla general Falkenheyn arasında narazılıq yarandı. Bunun əsas səbəbi Mustafa Kamalın ingilislərin Misirdən hərəkətini əngəlləmək üçün düşünülmüş plana qarşı çıxması idi. O belə hesab edirdi ki, almanlarla Ənvər paşanın ortaq hazırladığı plan sonda acı məğlubiyyətdən başqa bir şey vəd eləmir. Açıq-aşkar dilə gətirdiyi tənqidlərin nəticəsiz qaldığını görən Mustafa Kamal xəstəliyini əsas gətirib məzuniyyət götürdü və İstanbula qayıtdı.

1917-ci ilin oktyabrında paytaxta gələn qəhrəmanımız burada da tənqidlərini davam etdirirdi. O, Osmanlı dövlətinin istər hərbi, istərsə də siyasi baxımdan yanlış etdiyi qərarları, addımları barədə açıq şəkildə danışırdı. Məsələn, xarici işlər naziri ilə görüşündə öz arqumentlərini sadaladıqdan sonra yüksək səslə demişdi: «Dövlət əldən getmək ərəfəsindədir!» Nazirin reaksiyası sərt olmuşdu: «Biz Arıburnu və Anafartda göstərdiyiniz şücaətə görə sizə hörmətlə yanaşırıq, əgər indi qəbuluma düşə bilmisinizsə, bunun səbəbi həmin şücaətlərinizdir. Ancaq indi danışdıqlarınızdan başqa fikirdə olduğunuzu hiss etməyə başlayıram. Mən hakimiyyətə tam etibarı olan bir nazirəm. Onlarla, Baş ştab və ordu komandanlığı ilə bütün məsələlərdə həmfikirəm. Görünür, siz əsil həqiqəti bilmirsiz. Bilsəydiniz, bu cür danışmazdınız!»

O hansı həqiqət idi ki, Mustafa Kamal ondan xəbərsiz idi? Əgər belə bir həqiqət var idisə, ola bilərdi başqaları bilməsin, ancaq qəhrəmanımız əsla! Mustafa Kamal ağlı, uzaqgörənliyi, müdrikliyi ilə digərlərindən çox fərqləndiyini sübut etmişdi. Üstəlik, heç bir həqiqət Mustafa Kamalı öz bildiklərini, düşündüklərini gizlətməyə məcbur etmək iqtidarında deyildi. Məsələn, Çanaqqala döyüşlərinin bitməsinin ardından onun şərəfinə təşkil olunan çoxsaylı banketlərin birində açıq bəyan etmişdi: «Onlar (Ənvər və Tələt paşa – tərc.) ordunu mənasız və nəticəsiz şəkildə hər gün bir istiqamətə göndərir, yorur, gücdən salır, zəiflədir. Bunun sonu yaxşı olmayacaq. Almanlara həddən artıq bel bağlamaq təhlükəlidir. Belə getsə, təkcə ordunu yox, bütün ölkəni özlərindən tam asılı vəziyyətə salacaqlar».

Elə Fələstindən İstanbula qayıdarkən də o eyni fikirdə idi. Hətta Osmanlı paytaxtına yola düşməzdən öncə köməkçilərindən biri olan polkovnik İsmət bəylə (İsmət İnönü2222
  Mustafa İsmət İnönü (1884 – 1973) – Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. «Milli şef» adı ilə tanınır.


[Закрыть]
– tərc.) birlikdə real vəziyyətin hərtərəfli analizindən ibarət raport hazırlamışdı. Raportu həm Osmanlı dövlətinin baş nazirinə, həm də Ənvər paşaya göndərmişdi. Ancaq raport dəftərxanada yüzlərlə sənədin arasında it-bata düşdü. Bəlkə də, yaxşısı bu idi, çünki raportdakı tənqidi məqamlar Mustafa Kamalın ciddi şəkildə cəzalandırılmasına gətirib çıxara bilərdi.

Qəhrəmanımız sadəcə tənqidlərlə kifayətlənmirdi. O, Osmanlı hakimiyyətinin daha böyük sürətlə iflasa doğru sürükləndiyini görür və günlərin bir günü yaranacaq xaotik situasiya üçün hazırlıq görürdü. Çünki hər hansı siyasi dəyişiklik yaranacağı təqdirdə prosesdən kənarda qalmaq istəmirdi. Ona görə də bir yandan köhnə dostu Camal paşa, digər tərəfdən isə hələ də Sofiyada səfir vəzifəsində çalışan Əli Fəthi ilə yaxın münasibətlərini davam etdirirdi.

Mustafa Kamal dövrünün tanınmış hərbçilərindən biri İsmayıl Haqqı ilə də məhz bu zaman tanış olmuşdu. Orduda təsərrüfat işləri idarəsinin rəisi olan Haqqı qeyri-adi dərəcədə nüfuzlu adam idi. Osmanlı silahlı qüvvələrinin maraqlarını yalnız daxildəki hərbi və ya mülki möhtəkirlərdən qorumur, eyni zamanda müttəfiq almanların da türk ordusundan sui-istifadə etməsinə mane olmağa çalışırdı. O, çevik düşüncəsi və hədsiz bacarıqlılığı ilə də Mustafa Kamalın diqqətini çəkmişdi. Bu səbəbdən də İsmayıl Haqqı ilə tez-tez görüşür, mövcud vəziyyət və proseslərin sonrakı gedişatı ilə bağlı uzun-uzadı söhbət edirdi. İsmayıl bəy də bu fikirdə idi ki, Osmanlı hakimiyyəti sona yaxınlaşır. Ona görə də hesab edirdi ki, zəruri anda yalnız hərbçilərdən ibarət hökumət kabineti qurulmalıdır. İsmayıl Haqqı həmin hökuməti «Qurtuluş kabineti» olaraq görürdü. Mustafa Kamal ondan «Qurtuluş kabineti»nin üzvləri arasında kimləri gördüyünü soruşduqda Haqqı öz namizədlərini belə sadalamışdı: Camal paşa, Xəlil paşa və Mustafa Kamal paşa. «Bəs Ənvər bəy?» – deyə qəhrəmanımız soruşmuşdu. «Ən yaxşı seçim adlarını sadaladıqlarımdır» – deyə Haqqı cavab vermişdi. Bu cavabdan sonra Mustafa Kamal demişdi: «Mən vətəni qorumaq üçün ordu komandanı postunda olmağı hansısa hökumət kabinetinin üzvü olmaqdan üstün tuturam!»


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации