Электронная библиотека » Антон Чехов » » онлайн чтение - страница 2

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Антон Чехов


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

Yakov mehribancasına:

– Gəl, eybi yoxdur, gəl – dedi və onu yanına çağırdı.

Rotşild şübhə ilə və qorxa-qorxa yaxınlaşdı, qocadan bir sajen aralı durdu. Sonra çömələrək dedi:

– Mənə rəhm eləyin, məni döyməyin! Məni yenə də Moisey İliç göndərdi. “Qorxma, – dedi, – get Yakova de ki, onsuz iş keçmir”. Çərşənbə günü toydur… Bəli! Cənab Şapovalov öz qızını yaxşı bir adama ərə verir… Toy çox yaxşı olacaqdır! Çox! – deyə əlavə etdi və bir gözünü qıydı.

Yakov ağır-ağır nəfəs alaraq dedi:

– Gedə bilməyəcəyəm… Xəstələnmişəm, qardaş.

Yenə də skripkanı çalmağa başladı, gözlərindən süzülən yaş damlaları skripkanın üstünə tökülürdü. Rotşild qollarını sinəsində çarpazlayaraq, yanakı oturub diqqətlə qulaq asırdı. Üzündəki ürkək, şübhəli ifadə yavaş-yavaş kədərli və iztirablı bir ifadə ilə əvəz olunurdu, əzabverici bir zövq duyurmuş kimi gözləri axdı və dərindən ah çəkdi. Göz yaşları yavaş-yavaş onun da yanaqlarından süzülür, yaşıl pencəyinin üstünə damcılayırdı.

Sonra Yakov bütün günü yatağında uzandı və ürəyi sıxıldı. Axşam keşiş onun yanına gələndə soruşdu: “Böyük bir günah elədiyin yadına gəlirmi?” Yakov zəifləyən yaddaşını toplayaraq, yenə də Marfanın kədərli üzünü, it tutarkən yəhudinin çığırdığını xatırladı və güclə eşidilən bir səslə dedi:

– Skripkanı Rotşildə verin.

Keşiş də:

– Yaxşı, – dedi.

İndi şəhərdə hamı soruşur ki, bu yaxşı skripka Rotşildin əlinə haradan düşüb? Onu satın alıbmı, oğurlayıbmı, ya, bəlkə də, girov saxlayıb?! Rotşild, çoxdandır, fleytanı buraxıb, ancaq skripka çalırdı. Qabaqlar fleytanı çox yanıqlı çalardı, indi də skripkadan elə yanıqlı səslər çıxırdı. Lakin o, Yakovun astanada oturub çaldığı havanı təkrar etməyə çalışdıqda elə həzin, elə kədərli bir hava çıxırdı ki, bütün qulaq asanlar ağlayırdı, özünün isə axırda gözləri axır və ah çəkirdi. Bu təzə hava şəhərdə hamının çox xoşuna gəlirdi, belə ki, tacirlər və məmurlar tez-tez Rotşildi öz yanına çağırır, bu havanı dəfələrlə ona çaldırırdılar.

Tərcümə edəni: Qılman Musayev

QILAFLI ADAM

Mironositski kəndinin lap kənarında, yüzbaşı Prokofinin mərəyində iki gecikmiş ovçu gecələmək üçün qaldı. Bunların biri baytar İvan İvanıç idi, o biri isə gimnaziya müəllimi Burkin. İvan İvanıçın qəribə, ikimərtəbəli familiyası vardı – Çimşa-Himalayski, bu familiya ona qətiyyən, yaraşmırdı, ona görə də bütün quberniyada onu, sadəcə, adı və atasının adı ilə çağırırdılar. O, şəhərin yaxınlığında yerləşən at zavodunda yaşayırdı, indi təmiz hava udmaq üçün ova çıxmışdı. Gimnaziya müəllimi Burkin isə hər yay qraf P. -gilə qonaq gələrdi, ona görə də bu yerlərdə çoxdan bəri tanınmışdı.

Yatmamışdılar. Ucaboylu, arıq, uzunbığlı bir qoca olan İvan İvanıç mərəyin qapısı ağzında oturub çubuq çəkirdi, onun üstünə ay işığı düşmüşdü. Burkin isə içəridə ot üzərində uzanmışdı, qaranlıqda görünmürdü. Cürbəcür əhvalatlar danışırdılar. Söhbət əsnasında yüzbaşının arvadı Mavra haqqında da danışdılar: bu, sağlam və ağıllı-kamallı bir qadın olduğu halda ömrü boyu öz doğma kəndindən kənara çıxmamış, hələ bu vaxta qədər nə şəhər, nə də dəmiryolu görmüşdü, son on il ərzində isə o, gününü sobanın yanında keçirir, yalnız gecələr küçəyə çıxırdı.

Burkin:

– Burada təəccüb ediləcək nə var? – dedi. – Öz təbiətinə görə tənhalığa meyil göstərən, xərçəng və ya ilbiz kimi çəkilib öz qınına girməyə çalışan adamlar bu dünyada az deyil. Bəlkə, burada atavizm hadisəsi baş verir, əcdadlarımız kimi, hələ ictimai varlıq olmayıb təkbaşına mağarada yaşadığı dövrə qayıtma meyilləri vardır. Bəlkə də, bu, sadəcə, insan xarakterinin müxtəlif növlərindən biridir, kim bilir? Mən psixoloq deyiləm, ona görə bu cür məsələlərə toxunmaq mənim işim deyil, mən ancaq onu demək istəyirəm ki, Mavra kimi adamlar heç də az deyil. Uzağa getmək nəyə lazım, bir-iki ay bundan əvvəl şəhərimizdə yunan dili müəllimi olan Belikov adlı bir iş yoldaşım vəfat etmişdi. Bu adam haqqında, əlbəttə, eşitmiş olarsınız. Onun ən qəribə cəhətlərindən biri bu idi ki, həmişə, hətta çox xoş havada belə qaloş və çətir ilə küçəyə çıxardı, özü də əyninə, hökmən, pambıq astarlı palto geyinərdi. Çətirinin də, saatının da qabı vardı, saatınınkı boz rəngli zamşadandı, karandaş çərtmək üçün çıxardığı cib bıçağının belə balaca bir qabı vardı, deyəsən, Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi. Tünd şüşəli gözlük taxardı, yun köynəyi əynindən çıxmazdı, qulaqlarına pambıq tıxardı, faytona minəndə də faytonun üstünü qaldırmağı əmr edərdi. Xülasə, bu adamda daima özünü qabıqla, necə deyərlər, onu istənilən kənar təsirdən qoruyan və ayıran bir qılafla örtmək təşəbbüsü vardı. Həqiqi həyat onu acıqlandırır, qorxudur, daimi narahatlıq içərisində saxlayırdı və bəlkə, o, qorxusuna və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün həmişə keçmişi və heç vaxt olmayan şeyləri təriflərdi, dərs verdiyi qədim dillər də onun üçün, mahiyyət etibarilə, həqiqi həyatdan gizlənmək üçün qaloş və çətir rolunu oynayırdı. O, şirin bir ifadə ilə deyirdi:

– Ah, yunan dili nə ahəngdar və gözəl bir dildir! – O, sanki, öz sözlərini sübut etmək üçün gözlərini qıyaraq və barmağını qaldıraraq:

– Antropos44
  Antropos – insan


[Закрыть]
! – sözünü tələffüz edərdi.

Belikov, hətta öz fikrini də qılaf içində gizlətməyə çalışırdı. Ondan ötrü yalnız bir para şeylərin qadağan edilməsinə dair yazılan sərəncamlar və qəzet məqalələri aydındı. Sərəncamda məktəblilərə axşam saat doqquzdan sonra küçəyə çıxmaq qadağan edildikdə və ya hər hansı bir məqalədə şəhvani məhəbbətə qadağa qoyulduqda bu ondan ötrü tamamilə aydın bir şeydi: qadağan edilmişdir – vəssalam. İcazə və ya imkan verməkdə isə ondan ötrü həmişə şübhəli, bir növ natamam və tutqun bir şey gizlənirdi. Məsələn, şəhərdə dram dərnəyinə, ya qiraətxanaya, yaxud da çayxanaya icazə verildikdə başını yırğalayıb yavaşca deyərdi:

– Əlbəttə, bunlar gözəl işdir, ancaq içindən əngəl çıxmaya!

Qanun-qaydanı, hər hansı şəkildə olursa olsun, pozmaq, ona əməl etməmək, qanundan geri çəkilmək Belikovu kədərləndirirdi, hərçənd ki, bunların ona heç bir dəxli yox idi. Yoldaşlarımızdan biri kilsəyə gecikdikdə, ya gimnazistlərin dəcəlliyi barədə xəbər yayıldıqda və ya müəllimələrdən birinin gecə bivaxt bir zabitlə gəzdiyini görən olanda o özündən çıxır və: “İşin içindən bir əngəl çıxmaya”, – deyərdi. Pedaqoji şuralarda isə o öz vasvasılığı və xalis qılaflı mülahizələrilə bizi zara gətirərdi; məsələn, “Oğlan və qız gimnaziyalarında gənclər özlərini yaxşı aparmır, siniflərdə səs-küy salırlar, müdiriyyətin bu vəziyyətdən xəbəri olsa, qorxuram, işin içindən bir əngəl çıxa, ikinci sinifdən Petrov, dördüncü sinifdən Yeqorov məktəbdən çıxarılsa nə yaxşı olardı!” Xülasə, o öz ah-vayı ilə, sızıldaması ilə xırdaca, solğun üzündəki tündrəngli gözlüyü ilə hamımıza təzyiq göstərirdi, biz də ona güzəştə gedirdik; Petrovun, Yeqorovun əxlaq üzrə qiymətini kəsirdik, həbsə salırdıq və nəhayət, məktəbdən xaric edirdik. Onun bizim evlərimizi gəzmək kimi qəribə adəti vardı. Bir də görürdün, bir müəllimin evinə gəlib oturur və hey susur, sanki nəyi isə diqqətlə gözdən keçirməyə çalışırdı. Bu cür bir neçə saat dinməz-söyləməz oturduqdan sonra çıxıb gedirdi. O, buna “yoldaşlarla yaxşı əlaqə saxlamaq” deyirdi, yəqin, bizə gəlib oturmaq onun üçün ağır bir işdi, ancaq bunu özü üçün yoldaşlıq vəzifəsi hesab edirdi. Biz müəllimlər ondan qorxardıq, hətta müdir də ondan qorxardı. Məsələn, bizim müəllimlər hamısı düşüncəli, ədəbli, Turgenev və Şedrinlərlə tərbiyə olunmuş adamlardı, həmişə qaloş və çətirlə gəzən bu adamcığaz isə bütün gimnaziyanı tam on beş il öz əlində saxlamışdı! Nəinki gimnaziyanı, hətta bütün şəhəri! Xanımlarımız onun xəbər tutmasından qorxaraq, şənbə günləri ev tamaşaları düzəltmirdilər, ruhanilər onun yanında pəhrizi pozmaqdan və kart oynamaqdan çəkinirdilər. Belikov kimi adamların təsiri altında son on-on beş il ərzində şəhərimizdə hər şeydən qorxmağa başlamışdılar. Ucadan danışmaqdan, məktub göndərməkdən, tanış olmaqdan, kitab oxumaqdan, yoxsullara kömək etməkdən, onlara savad öyrətməkdən… qorxardılar.

İvan İvanıç bir söz demək istəyərək öskürdü, ancaq əvvəlcə çubuğunu çəkdi, aya baxdı və sonra kəlmə-kəlmə danışmağa başladı:

– Bəli. Düşüncəli, təfəkkürlü adamlar Şedrini, Turgenevi, nə bilim, Boklini55
  Bokli – ingilis sosioloqu


[Закрыть]
və sairəni oxuyurlar, ancaq belə şeylərə tabe olurlar, dözürlər… Hə, məsələ məhz bundan ibarətdir.

Burkin sözünə davam etdi:

– Belikov mənimlə bir binada, bir mərtəbədə yaşayırdı, hətta mənzilimizin qapısı da üzbəüzdü, ona görə də tez-tez görüşürdük, mən onun yaşayışına bələd idim. Evdə də eyni hal: xalat, təsək66
  Təsək – adətən gecələr yatarkən başa qoyulan araqçın tipli papaq


[Закрыть]
, pəncərə qapıları, cəftələr, bir sıra qadağan edilmiş şeylər, məhdudiyyətlər… “Aman Allah, birdən işin içindən bir əngəl çıxar ha!” Ona pəhriz saxlamaq olmazdı, amma yağlı da yemirdi, çünki birdən deyərlər, Belikov pəhriz saxlamır, ona görə sufbalığını kərə yağında qızardıb yeyərdi. Bu, pəhriz yeməyi deyildi, lakin buna pəhrizi pozmaq da demək olmazdı. Haqqında bədgüman olmasınlar deyə, evdə xidmətçi qız saxlamazdı. Xidmətçi əvəzinə, 60 yaşlı Afanasi adlı bir aşpazı vardı. Bu, vaxtilə denşiklik etmiş, bəzi xörəkləri birtəhər bişirməyi bacaran, sərxoş və ağılsız bir adamdı. Afanasi, adətən, əllərini çarpazlamış halda qapı ağzında durar və içini çəkərək həmişə:

– Bunlar indi yaman çoxalıblar, – deyə eyni sözləri təkrar edərdi.

Belikovun yataq otağı qutu kimi kiçikdi, çarpayısı miçətkənlə örtülü idi. Yatanda yorğanı başına çəkərdi; otaq isti və bürkülü olurdu, külək bağlı qapını döyür, soba vıyıldayırdı və mətbəxdən qorxunc inilti səsləri eşidilirdi… O isə yorğanın altında da qorxardı. Qorxardı ki, birdən bir iş çıxar, ya Afanasi onu öldürər və ya evə oğru gələr. Sonra o, bütün gecəni qorxulu yuxular görərdi, səhəri isə mənimlə bərabər gimnaziyaya gedəndə kədərli və solğun olardı, görünürdü ki, izdihamlı gimnaziya onun bütün varlığı üçün dəhşətli və mənfurdur. Təbiətcə yalqız olan bu adama mənimlə yanaşı getmək ağır gəlirdi.

O öz ağır xasiyyətinə haqq qazandırmağa çalışaraq deyirdi:

– Siniflərdə çox səs-küy salırlar, belə iş olar?

Bax həmin bu yunan dili müəllimi, bu qılaflı adam, inanırsınızmı, az qalmışdı evlənsin.

İvan İvanıç birdən mərəyə baxıb dedi:

– Zarafat eləyirsiniz!

– Bəli, qəribə də olsa, az qalmışdı evlənsin. Bizim gimnaziyaya ukraynalı Mixail Savviç Kovalenko adlı bir tarix və coğrafiya müəllimi təyin etmişdilər. Kovalenko bacısı Varenka ilə gəlmişdi. Mixail Savviç gənc, ucaboylu, qarayanız, əlləri iri bir adamdı. Üzündən səsinin yoğunluğu bəlli idi, doğrudan da, səsi çəlləkdən çıxan kimi guruldayırdı: bu-bu-bu… Bacısı isə artıq gənc deyildi, otuz yaşı olardı, lakin o da ucaboy, biçimli, qaraqaş, qırmızıyanaq – bir sözlə, qız deyil, marmeladdı, özü də diribaş, səs-küylü idi, hey maloross77
  Maloross – Ukrayna nəzərdə tutulur. Maloross dili – şərqi slavyan şivələri əsasında yaranmış dil, müasir Ukrayna dili.


[Закрыть]
romansları oxuyur və qəhqəhə ilə gülürdü. Bir şey olan kimi qəhqəhəsi aləmi tuturdu: ha-ha-ha! Yadımdadır ki, Kovalenkolarla ilk əsaslı tanışlığımız direktorgildə – ad günündə oldu. Bir də gördük ki, ad gününə vəzifə borcu kimi gələn acıqlı, olduqca darıxdırıcı pedaqoqlar arasında yeni bir Afrodita peyda oldu; o, əllərini belinə qoyub gəzir, qəhqəhə ilə gülür, oxuyur, oynayırdı. Böyük həssaslıqla “Viyut vitri”88
  “Viyut vitri” – “Küləklər vıyıldayır”.


[Закрыть]
romansını oxudu, sonra başqa romanslar da oxuyub bizim hamımızı, hətta Belikovu da valeh etdi. Belikov onun yanında oturub şirin bir təbəssümlə dedi:

– Maloross dili öz zərifliyi və ahəngdarlığı ilə qədim yunan dilini xatırladır.

Bu sözlər Varenkanın xoşuna gəldiyi üçün o, böyük bir həvəs və inandırıcılıqla Qadyaçski qəzasında bir xutorları olduğunu, anasının bu xutorda yaşadığını, orada nə qədər dadlı armud, qovun və balqabaq olduğunu danışmağa başladı. O deyirdi ki, “Ukraynada balqabaq və kududan elə ləzzətli borş bişirirlər ki, dadı adamın damağından getmir!”

Varenkanın Belikovla danışdığı söhbəti xeyli dinlədik, birdən hamımızın başına eyni fikir gəldi. Bu fikri direktorun arvadı səsləndirdi, o, yavaşcadan mənə dedi:

– Onları evləndirsək, yaxşı olar.

Hamımız, nədənsə, Belikovun evli olmadığını xatırladıq, bu, indi bizim hamımıza qəribə gəlirdi; necə olmuşdu ki, bu vaxta qədər onun həyatının bu diqqətəlayiq təfsilatını müşahidə etməmiş, nəzərdən qaçırmışdıq. Görəsən, qadınlara qarşı onun münasibəti nə cürdür, o bu ciddi məsələ haqqında nə fikirdədir? Əvvəllər də bu məsələ bizi əsla maraqlandırmazdı; biz heç təsəvvür edə bilməzdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.

– Onun yaşı qırxı çoxdan ötüb, qız isə otuz yaşındadır, – deyə direktorun arvadı öz sözünü izah etdi. – Mənə elə gəlir ki, qız ona ərə gedər.

Bizim əyalətdə can sıxıntısından qurtulmaq üçün nə oyunlardan çıxmırlar, nə qədər lüzumsuz, mənasız hərəkətlər edirlər; bunların hamısı əsl lazım olan işləri görməməkdən irəli gəlir. Məsələn, bu Belikovu birdən-birə evləndirmək bizim nəyimizə lazımdı, axı bu adamı evli təsəvvür etmək belə mümkün deyildi. Direktorun, inspektorun arvadları və bizim gimnaziya xanımlarının hamısı hərəkətə gəldilər, hətta qəşəngləşdilər də, elə bil ki, artıq həyatın qayəsini kəşf etmişdilər. Direktorun arvadı teatrda loja tutur, bir də görürdük ki, əlində yekə bir yelpik tutmuş gülərüz, xoşbəxt Varenka lojada əyləşmişdir. Onunla yanaşı Belikov beli bükülü halda elə oturub ki, elə bil, onu evdən kəlbətinlə dartıb qopardıblar. Mən evimdə qonaqlıq gecəsi düzəldirəm, xanımlar mütləq Belikov ilə Varenkanı da çağırmağı tələb edirlər. Bir sözlə, aranı qızışdırdıq. Məlum oldu ki, Varenkanın da ərə getməyə könlü varmış. Onun həyatı qardaşının evində çox da şən keçmirdi. Həmişə söyüşüb-dalaşırdılar. Bunların həyatından bir səhnə: ucaboy, sağlam vücudlu Kovalenko naxışlı köynəkdə küçə ilə gedir, şapkasının altından kəkili çıxıb alnına tökülmüşdür. Bir əlində bir yığın kitab, o biri əlində isə yoğun bir əlağacı tutmuşdur. Bacısı da onun dalınca gedir, onun da əlində bir yığın kitab var.

Varenka uca səslə danışaraq qardaşıyla höcətləşir:

– Sən ki bunu oxumamısan, Mixaylik! Mən sənə deyirəm ki, vallah, bu kitabı oxumamısan!

Kovalenko əl ağacını səkiyə çırpa-çırpa onun üstünə qışqırır:

– Amma mən sənə deyirəm ki, oxumuşam!

– Ah, aman Allah, mənim Minçikim, nə üçün acıqlanırsan, axı bizim söhbətimiz prinsipialdır.

Kovalenko:

– Mən sənə deyirəm ki, oxumuşam! – deyə daha ucadan bağırır.

Evdə, kənar bir adam olanda vur-çatlasın başlardı. Bu cür həyat, yəqin ki, onu bezikdirmişdi, özünəməxsus bir bucaq axtarırdı. Bir də, yaşı nəzərə almaq lazımdır; belə bir vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, adam hər kəsə olsa, hətta yunan dili müəlliminə belə ərə gedər. Bir də, bizim qızlarımızın çoxu istəyirlər ki, kimə olursa olsun, təki ərə getsinlər. Hər halda, nə cür oldusa, Varenka bizim Belikova açıq-aşkar meyil göstərməyə başladı.

Bəs Belikov? O, bizə gəldiyi kimi Kovalenkogilə də gedirdi. Onlara da gedər oturar və danışmazdı. O, sükut içində oturur, Varenka isə “Viyut vitri” romansını oxuyur, ya qara gözlərilə dalğın-dalğın ona baxır, ya da ki birdən qəhqəhə çəkib gülürdü.

Məhəbbət aləmində, xüsusən evlənməkdə təlqin böyük rol oynayır. Hamı – yoldaşları da, xanımlar da Belikovu inandırmağa başladılar ki, o mütləq evlənməlidir, həyatda ona evlənməkdən başqa heç bir şey qalmamışdır. Biz hamımız onu təbrik edirdik, üzümüzü ciddiləşdirərək cürbəcür cəfəngiyyat söyləyirdik, guya, evlənmə həyatda ən ciddi addımdır; bundan başqa, Varenka da pis qız deyildi, yaraşıqlı idi, mülki müşavirin qızı idi və özünün xutoru vardı, ən başlıcası da o idi ki, bu qadın Belikova nəvazişli, səmimi münasibət bəsləyən birinci qadındı. Odur ki Belikovun ağlı başından çıxdı və doğrudan da, evlənmək fikrinə düşdü.

İvan İvanıç dedi:

– Bax belə bir vaxtda qaloşla çətiri onun əlindən almaq lazım idi.

– Təsəvvür edin ki, mümkün olmadı. O, Varenkanın şəklini stolun üstünə qoymuşdu və hey mənim yanıma gəlib, Varenkadan, ailə həyatından və evlənməyin ciddi bir addım olduğundan söhbət açırdı, tez-tez Kovalenkogilə gedirdi, ancaq həyat tərzini heç dəyişmirdi. Hətta, əksinə, evlənmək qərarı ilə onda xəstəlik əlamətləri baş qaldırdı: arıqladı, rəngi solğunlaşdı və daha dərindən öz qılafına girdi.

O, zəif, çəpəki bir təbəssümlə gülərək mənə deyirdi:

– Varvara Savviçna mənim xoşuma gəlir, orasını da bilirəm ki, evlənmək hər adama vacibdir, ancaq… Bilirsiniz, bu vəziyyət birdən-birə baş verdi… Bir az düşünmək lazımdır.

Mən ona:

– Düşünmək nə üçün? – deyirdim. – Evlənin, qurtarsın getsin.

– Yox, evlənmək ciddi addımdır, əvvəlcə işin mahiyyətini və gələcəyini götür-qoy eləmək lazımdır… yoxsa əngəl çıxar. Bu məsələ məni o qədər narahat edir ki, gecələr səhərə kimi yata bilmirəm. Sözün düzü, bir az ehtiyat edirəm. Varenka ilə qardaşının təfəkkür tərzi qəribədir, onlar, bilirsinizmi, qəribə mühakimələr yürüdürlər, xasiyyətləri də çox ötkəmdir. Adam evlənməyinə evlənər, ancaq qorxuram ki, sabahı bir xata çıxar.

Odur ki evlənmək üçün qıza təklif etmir və məsələni hey təxirə salırdı. Bu hal direktorun arvadının və bütün bizim xanımlarımızın böyük təəssüfünə səbəb olurdu. Belikov qarşıdakı vəzifələri, məsuliyyəti götür-qoy eləyir və buna baxmayaraq, hər gün Varenka ilə gəzirdi. Sonra o, yenə ailə həyatından söhbət etmək üçün mənim yanıma gəlirdi. Çox ehtimal ki, axırda evlənməyi təklif edəcəkdi və bizlərdə can sıxıntısından və bekarçılıqdan baş verən minlərcə gərəksiz, sarsaq izdivacdan biri də baş verəcəkdi. Ancaq birdən-birə kolossalische scandal99
  Kolossalische scandal – böyük qalmaqal (almanca).


[Закрыть]
baş verdi. Burasını da qeyd etməliyəm ki, Varenkanın qardaşı Kovalenkonun tanışlığının ilk günündən Belikovdan zəhləsi gedirdi və onu görən gözü yox idi.

Kovalenko çiyinlərini çəkərək bizə deyirdi:

– Anlamıram, baş açmıram ki, siz belə çuğulçu, üz-gözündən zəhrimar tökülən adamla necə oturub-durursunuz? Eh, ağalar, siz belə yerdə necə yaşayırsınız? Sizin buradakı mühitiniz boğucudur, olduqca iyrəncdir. Siz məgər pedaqoqsunuz, müəllimsiniz? Siz rütbə dalınca qaçanlardansınız, məktəbiniz elm ocağı deyil, ədəb, namus divanxanasıdır və polis köşkü kimi turşumuş iy verir. Yox, əzizlərim, sizinlə bir qədər də yaşayıb öz xutoruma gedəcəyəm, orada xərçəng tutmaq və kəndli balalarına dərs vermək min dəfə bundan yaxşıdır. Mən çıxıb gedirəm. Siz isə öz İudanızla yaşayın, cəhənnəm olsun.

Ya da gözündən yaş gələnəcən gülür və qollarını ölçərək məndən soruşurdu:

– O, nə üçün gəlib mənim evimdə oturur axı? Ona nə lazımdır? Elə hey, oturur, baxır.

Kovalenko, hətta Belikova ləqəb də qoymuşdu, ona “Kirpi-biçim” deyirdi. Məlum şeydi ki, bunun üstündən biz ona bacısı Varenkanın “Kirpi-biçim”ə ərə getməyə hazırlaşdığını deməkdən çəkinirdik. Bir dəfə direktorun arvadı ona işarə etmişdi ki, bacısını Belikov kimi ləyaqətli, hər kəsin hörmətini qazanmış bir adama ərə versəydik, yaxşı iş görmüş olardıq. O bu məsləhətdən bərk pərt olub donquldanmışdı:

– Mənə nə. İstər lap ilana ərə getsin, mən özgənin işinə qarışmağı sevmirəm.

İndi qulaq asın, görün sonra nə oldu! Dələduzun biri karikatura çəkmişdi. Belikov, ayağında qaloş, şalvarının balağı çırmanmış, çətir altında Varenka ilə qol-qola gedir; karikaturanın altında “Aşiq Antropos” sözü yazılmışdı. Bilirsinizmi, nə qəribə oxşatmışdılar! Rəssam, yəqin, şəklin üzərində bir neçə gecə çalışmışdı; çünki bütün oğlan və qız gimnaziyalarının müəllimləri, məmurları – hamısı bu karikaturadan bir nüsxə almışdılar. Hətta Belikov özü də almışdı. Karikatura onda son dərəcə ağır təsir buraxmışdı.

Bir dəfə mayın birində, bazar günü, hamımız – müəllimlər də, gimnazistlər də gimnaziya binasına toplaşıb piyada şəhər kənarındakı balaca meşəyə getməyi qərara almışdıq. Belikov ilə bir yerdə ora getmək üçün evdən çıxdıq. Onun rəngi gömgöy göyərmişdi, qaşqabağı yerlə sürünürdü. O:

– Dünyada nə qədər pis, nə qədər yaramaz adamlar varmış, – dedi və dodaqları əsdi.

Mənim hətta ona yazığım gəldi. Gedirdik, bir də nə gördük! Kovalenko velosipedlə bizə yaxınlaşır, onun ardınca gələn yanaqları alma kimi qızarmış, şən və fərəhli Varenka da velosipedə minmişdi.

Varenka bağırdı:

– Biz irəli gedirik! Belə də gözəl hava olar? Gör nə qiyamət havadır.

Sonra hər ikisi gözdən itdi. Belikovun göyərmiş rəngi birdən-birə ağardı və o, sanki, yerində donub qaldı… Ayaq saxlayıb mənə baxdı.

– Bağışlayın, bu nə olan şeydir? – deyə məndən soruşdu. – Bəlkə, mənim gözüm yanlış görür? Gimnaziya müəllimlərinə və qadınlara velosipeddə gəzmək eyib deyilmi?

Mən:

– Eyib niyə olsun? – deyə cavab verdim. – Qoy gəzib kef eləsinlər.

O, mənim sakitliyimə heyrət edərək çığırdı:

– Necə eyib deyil? Nə danışırsınız?

O bu hadisədən o qədər sarsıldı ki, yoluna davam etmək istəməyib evinə qayıtdı.

Ertəsi gün hey əllərini əsəbiliklə ovuşdurur və diksinirdi, əhvalının pis olduğunu üzündən sezmək olurdu. Hətta ömründə birinci dəfə olaraq dərsdən də çıxıb getdi. Nahar da eləmədi. Axşamüstü isə bayırda tamamilə yay havası olduğuna baxmayaraq, daha qalın paltar geyib Kovalenkogilə yollandı. Varenka evdə yox idi, qardaşı tək idi.

Kovalenko soyuq bir tərzdə:

– Oturun, acizanə rica edirəm, – dedi və qaşqabağını salladı; gözləri yuxulu idi, nahardan sonra dincəlmək üçün azacıq yatmışdı, ovqatı bərk təlxdi.

Belikov bir on dəqiqəyə qədər dinməz oturub sonra sözə başladı:

– Mən sizin yanınıza dərdimi dağıtmaq üçün gəlmişəm. Mənimçün çox ağırdır. Bir karikaturaçı məni və bizim hər ikimizə yaxın olan bir qadını gülünc bir şəkildə çəkmişdir. Bunda mənim, qətiyyən, təqsirim olmadığına sizi inandırmağı özümə borc bilirəm… Mən belə bir istehzaya imkan verməmişəm, əksinə, həmişə özümü abırlı bir adam kimi aparmışam.

Kovalenko qaşqabağını sallamış halda dinməz-söyləməz oturmuşdu. Belikov bir qədər gözlədikdən sonra yavaşca və həzin bir səslə dedi:

– Sizə bir deyəcəyim də var. Mən çoxdan qulluq edirəm, siz isə qulluğa hələ təzəcə başlamısınız. Mən böyük bir yoldaş kimi sizi xəbərdar etməyi özümə borc bilirəm. Siz velosipeddə gəzirsiniz, bu əyləncə isə heç də gəncləri tərbiyə edən bir adama yaraşan sifətlərdən deyil.

Kovalenko yoğun bir səslə soruşdu:

– Niyə?

– Bunu izah etməyə ehtiyac varmı, Mixail Savviç, məgər aydın deyilmi? Müəllim velosipedlə gəzəndə tələbə neyləyər? Onda tələbə lap adamların başında gəzər! Madam ki, buna sərəncamla icazə verilməyib, demək, yaramaz. Məni dünən dəhşət bürüdü! Sizin bacınızı da velosipeddə gördükdə gözlərimə lap qaranlıq çökdü, qadının və ya qızın velosipeddə gəzməyi rüsvayçılıqdır!

– Bircə söyləyin görüm sizə nə lazımdır?

– Mənə yalnız sizi xəbərdar etmək lazımdır, Mixail Savviç. Siz cavansınız, gələcəyiniz var, özünüzü mümkün qədər ehtiyatlı aparmalısınız, halbuki siz öz mövqeyinizə etinasız baxırsınız. Əyninizdə tikili köynək, əlinizdə də bir neçə kitab daim küçələri dolaşırsınız. İndi də velosiped. Sizin və bacınızın velosipeddə gəzdiyinizi direktor bilsə, sonra da gedib hamimizə yetişsə, yaxşı olmayacaq.

Kovalenko:

– Mənimlə bacımın velosipeddə gəzməyimizin heç kəsə dəxli yoxdur! – dedi və pul kimi qızardı. – Kim bizim ev və ailə işimizə qarışırsa, lap qələt eləyir!

Belikovun rəngi qaçdı, o, ayağa qalxdı və dedi:

– Madam ki, mənimlə bu cür danışırsınız, mən sözümə davam edə bilmərəm, rica edirəm, mənim hüzurumda müdiriyyət haqqında bu cür fikirdə olmayasınız. Hökumət adamlarına hörmət bəsləməlisiniz.

Kovalenko ona acıqla baxaraq soruşdu:

– Məgər mən burada hökumət adamlarının dalınca bir pis söz dedim? Rica edirəm, məni rahat buraxın. Mən namuslu bir adamam və sizin kimi bir cənabla heç danışmaq istəmirəm. Sizin kimi tipləri sevmirəm.

Belikov əsəbi halda əl-ayağa düşdü və üzündə dəhşət ifadəsi, cəld geyinməyə başladı. Axı belə qaba sözləri o, ömründə birinci dəfə idi, eşidirdi. Dəhlizdən pilləkənin artırmasına çıxaraq dedi:

– Kefiniz nə istəyirsə, deyin. Mən yalnız sizi xəbərdar etməliyəm. Bəlkə, bizim söhbətimizi dinləyən olmuşdur, sözümüzdən bir məna çıxarmasınlar və işin içindən əngəl çıxmasın deyə, söhbətimizin əsas məzmununu cənab müdirə bildirməliyəm. Bunu eləməyə borcluyam.

– Bildirmək? Get, bildir! – deyə Kovalenko daldan onun yaxalığından yapışıb itələdi.

Belikov qaloşlarını tappıldadaraq, pilləkəndən aşağı yumbalandı. Pilləkən uca və dikdi, ancaq Belikov pilləkənin ayağınacan sağ-salamat yumbalandı. Ayağa qalxıb əlini burnuna apardı ki, görsün, gözlüyü sınmayıb. Belikovun gurultu ilə aşağı yumbalandığı əsnada Varenka iki xanımla gəlirdi, hər üçü durub, bu mənzərəyə baxırdılar. Belikov üçün bundan dəhşətli şey ola bilməzdi. Adam bu cür rüsvayçılıqdansa, boynunu, qıçlarını sındırsaydı, daha yaxşı olardı, axı indi bütün şəhər bu əhvalatı biləcək, xəbər direktora da, hamiyə də yetişəcək, “Ah, kaş işin içindən bir əngəl çıxmayaydı”, karikatura çəkəcəklər və axırda iş o yerə çatacaq ki, onu istefaya çıxmağa məcbur edəcəklər…

Ayağa qalxdıqda Varenka onu tanıdı və gülünc üzünə, əzilmiş paltosuna, qaloşlarına baxaraq işin nə yerdə olduğunu anlamadan, onun ehtiyatsızlıqdan yıxıldığını güman edərək özünü saxlaya bilməyib qəhqəhə çəkdi.

– Ha-ha-ha!

Bu şaqqıltılı “ha-ha-ha” ilə hər şey – adaxlı olmaq da, Belikovun bu dünyadakı həyatı da bitdi. Artıq o, Varenkanın nə danışdığını eşitmir və heç bir şey görmürdü. Evə qayıtdıqda hər şeydən əvvəl Varenkanın şəklini stolun üstündən götürdü, sonra yatağına uzandı və oradan bir daha qalxmadı.

Üç gündən sonra Afanasi yanıma gəlib dedi ki, ağanın, deyəsən, əhvalı xarabdır, həkim üçün adam göndərsək, yaxşı olmazmı?

Mən Belikovun yanına getdim. O, yorğana bürünmüş halda dinməz-söyləməz miçətkən altında uzanmışdı; bir söz soruşanda hə-yoxdan başqa bir kəlmə cavab vermirdi. Afanasi də ovqatı təlx və qaşqabaqlı halda onun yanında dolaşır və dərindən ah çəkirdi; ağzından isə meyxanadakı kimi araq iyi gəlirdi.

Bir aydan sonra Belikov öldü. Biz hamımız, yəni hər iki gimnaziya və darülmüəlliminin pedaqoqları onu dəfn etdik. İndi tabutda uzanmış Belikovun üzündə həlim, xoş, hətta şən bir ifadə vardı. Sanki artıq heç vaxt çıxmayacağı bir qılafa qoyulduğuna şad idi. Bəli, o öz idealına nail olmuşdu. Sanki qəsdən, onun şərəfinə dəfn günü hava tutqun və yağışlı idi, ona görə hamımız qaloş geymiş və başımıza da çətir tutmuşduq. Varenka da dəfn mərasimində idi, tabutu qəbrə endirdikdə ağlamsındı da. Mən müşahidə etmişəm ki, ukraynalı qızlar yalnız ağlayır və ya qəhqəhə ilə gülürlər, onların əhvalında orta dərəcə olmur.

Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristanlıqdan qayıdanda bizim sakit və təvazökar görkəmimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi. Bu duyğu çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı; ailənin yaşlı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana-bu yana qaçışır, azad nəfəs alırdıq, ah, azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid adama qol-qanad verir, elə deyilmi?

Qəbiristanlıqdan kefikök qayıtdıq. Lakin bir həftə keçməmiş həyat qabaqkı kimi sərt, yorucu və mənasız bir tərzdə keçməyə başladı, belə bir həyat sərəncam ilə qadağan edilməsə də, buna aydın şəkildə icazə də verilməmişdi. Artıq bu həyatda yaxşılığa doğru heç bir dəyişiklik olmadı. Doğrudur, Belikovu dəfn etdik, ancaq bu cür qılaflı adamlar nə qədər desən vardır və olacaqdır da.

İvan İvanıç:

– Hə, bax, məsələ də burasındadır, – dedi və çubuğunu çəkməyə başladı.

– Hələ belələri nə qədər olacaqdır! – Burkin sözlərini təkrar etdi.

Gimnaziya müəllimi mərəkdən çıxdı. Bu, alçaqboylu, yoğun, başı tamamilə daz, qara saqqalı az qala, qurşağına qədər sallanmış bir adamdı; onunla bərabər bayıra iki it də çıxdı. O, göyə baxaraq dedi:

– Yaxşı ay işığıdır.

Artıq gecəyarısı idi. Sağ tərəfdən bütün kənd görünürdü, küçə beş verstə qədər uzanıb gedirdi. Hər şey sakit, dərin bir yuxuya dalmışdı; nə bir hərəkət vardı, nə də bir səs. Hətta təbiətdə bu cür sakitlik ola biləcəyinə adam heç inana bilmirdi. Aydın bir gecədə daxmalara, ot tayalarına, yuxulu söyüd ağaclarına, geniş kənd küçəsinə baxdıqca adamın qəlbi sakitləşirdi. Bu kölgələrlə dolu, sakit, yuxuya dalmış, zəhmət, qayğı və dərddən gizlənmiş tənha küçə, olduqca həlim, məhzun və gözəl görünürdü; sanki ulduzlar da ona nəvaziş və riqqətlə baxırdılar. Adama elə gəlirdi ki, artıq heç bir pis iş yoxdur və hər şey öz qaydası ilə gedir. Solda kəndin kənarından tarla başlayır, üfüqə qədər uzanıb gedirdi, ay işığına qərq olmuş tarlada da nə bir hərəkət vardı, nə də bir hənirti.

İvan İvanıç:

– Hə, məsələ də burasındadır, – deyə təkrar etdi. – Məgər bizim şəhərin boğanağında, darısqallığında yaşamağımız, lazımsız şeylər yazmağımız, qumar oynamağımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar arasında, sarsaq, yelbeyin qadınlar içərisində keçirməyimiz, cürbəcür mənasız sözlər danışmağımız və dinləməyimiz qılaf deyilmi? İstəyirsinizsə, sizə ibrətamiz bir əhvalat danışım.

Burkin:

– Yox artıq yatmaq vaxtıdır, − dedi, − sabaha qalsın!

Hər ikisi mərəyə girib ot üstündə uzandılar. Gözlərinə yuxu təzəcə getmişdi ki, birdən yüngülcə ayaq səsləri eşidildi, sanki kimsə bir az gedib dayanırdı, bir dəqiqədən sonra yenidən tup, tup… ayaq səsləri eşidildi. İtlər mırıldandılar.

Burkin:

– Bu gəzən Mavradır, − dedi. Ayaq səsləri kəsildi.

İvan İvanıç böyrüüstə çevrilərək dedi:

– Ətrafdakıların necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmaya tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq surətdə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək nəyə lazımdır? Hamısı bir parça çörək, isti bir bucaq, bir quruşluq rütbə üçündürmü? Yox, bu cür yaşamaq artıq mümkün deyil!

Müəllim:

– Siz, deyəsən, daha ayrı mətləbə keçdiniz, İvan İvanıç, − dedi. − Gəl, yataq.

Burkin on dəqiqə keçməmiş yuxuya getdi. Amma İvan İvanıç gah bu böyrü, gah o böyrüüstə çevrilib ah çəkdi, sonra yenidən durub bayıra çıxdı və qapı ağzında oturub çubuq çəkməyə başladı.

Tərcümə edəni: İsgəndər Nəfisi

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации