Электронная библиотека » Антон Чехов » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Антон Чехов


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 14 страниц)

Шрифт:
- 100% +

İT GƏZDİRƏN XANIM

I

Söhbət gəzirdi ki, sahildə təzə adam peyda olub: it gəzdirən xanım. Yaltada yaşamasının iki həftəsi tamam olmuş, üzü-gözü buralara alışmış Dmitri Dmitriç Qurov da təzə gələnlə maraqlanmağa başladı. Günlərin bir günü Verne pavilyonunda oturmuş Qurov bəstəboylu, başına beret qoymuş sarışın bir qadının sahildə gəzişdiyini və onun arxasınca ağ bir şpitsin1010
  Şpits – dikqulaqlı, qalıntüklü it.


[Закрыть]
qaçdığını gördü.

Sonra Qurov gündə bir neçə dəfə şəhər bağında ona rast gəldi. Qadın tək-tənha gəzişirdi, bereti başında, ağ şpitsi yanında olurdu. Kimliyini-nəçiliyini bilən yoxdu, ona, sadəcə olaraq, “it gəzdirən xanım” deyirdilər.

Qurov öz-özünə fikirləşdi: “Əgər bura ərsiz gəlibsə, tanış-bilişi yoxdursa, onunla tanışlıq pis olmazdı”.

Qurovun yaşı qırxa çatmamışdı, amma artıq on iki yaşlı qızı, iki gimnazist oğlu vardı. Onu tez, ikinci kurs tələbəsi olanda evləndirmişdilər, indisə arvadı ondan xeyli yaşlı görünürdü. Arvadı hündürboylu, sözü üzə deyən, qaraqaşlı, ədalı, mötəbər, özü demişkən, təfəkkürlü qadın idi. O, çox mütaliə edirdi, məktublarında “ъ” hərfini1111
  Rus dilində “ъ” hərfi heç bir səs bildirmir, sadəcə, özündən əvvəl gələn samitin qalın səsləndiyinə işarə edir.


[Закрыть]
yazmırdı, ərinə Dmitri yox, Dimitri deyirdi, Qurovsa onu dayaz, məhdud, kobud qadın sayırdı, ondan qorxurdu, buna görə də evdə olmağı xoşlamırdı. Arvadına çoxdan xəyanət eləməyə başlamışdı, özü də tez-tez xəyanət edirdi, bəlkə də, elə buna görə qadınlar haqqında həmişə pis fikir söyləyirdi, onlardan söhbət düşəndə deyirdi:

– Alçaq irqdir.

Ona elə gəlirdi ki, qadınlar haqqında ürəyindən keçənləri deməyə kifayət qədər acı təcrübəsi var, bununla belə “alçaq irq”siz ikicə gün də yaşaya bilmirdi. Kişi məclisində darıxırdı, özündə-sözündə olmurdu, ağzına su alıb otururdu, onlara qanı qaynamırdı. Qadın məclisinə düşəndə isə özünü azad hiss edirdi, onlarla nə danışmaq, özünü necə aparmaq lazım gəldiyini yaxşı bilirdi; hətta qadınlarla susmaq da onun üçün asan idi. Qurovun görkəmində, xasiyyətində, bütün təbiətində onu qadınlara sevdirən, onları yoldan çıxaran sezilməz bir cazibədarlıq vardı; o, bunu bilirdi və onun özünü də hansı bir qüvvəsə qadınlara tərəf çəkirdi.

Zəngin, həqiqətən, acı təcrübə çoxdan ona bir dərs vermişdi: əvvəl həyata xoş bir rəngarənglik gətirən, şirin və yüngül sərgüzəşt kimi görünən hər cür yaxınlıq sonradan istər-istəməz son dərəcə mürəkkəb məsələyə çevrilir və vəziyyət əvvəl-axır ağırlaşır; bu, ilk növbədə hörmətli adamlara, xüsusən süst, qətiyyətsiz moskvalılara aiddir. Amma maraqlı bir qadınla hər yeni görüşdə necə olurdusa, bu təcrübə yaddan çıxırdı və o yaşamaq istəyirdi, hər şey ona çox sadə və əyləncəli görünürdü.

Nəhayət, günlərin bir günü Qurov bağda oturub nahar edirdi, elə bu vaxt beretli xanım oturmaq üçün tələsmədən qonşu stola yaxınlaşdı. Üzünün ifadəsi, yerişi, paltarı, saçının düzümü, elə bil, Qurova deyirdi ki, nəcib cəmiyyətdəndir, ərdədir, Yaltaya birinci dəfə gəlib və təkdir, həm də darıxır… Yerli adət-ənənələrin çirkinliyi haqqındakı söhbətlərdə yalan az deyildir, o bu söhbətlərə nifrət edirdi və bilirdi ki, bu söhbətləri əksər hallarda qadınlarla günaha batmağa hazır olan, lakin bunu bacarmayan adamlar uydururlar. Qadın üç addımlığındakı stolun arxasında oturanda asan qələbələrlə, dağlarda gəzintilərlə bağlı söhbətlər yadına düşdü, adını-familiyasını bilmədiyi naməlum bir qadınla tələsik, ötəri yaxınlığın şirnikdirici fikri qəflətən onu həvəsə saldı.

O, mehribanlıqla muşqurdu, şpits yaxın gələndə barmağıyla onu hədələdi. Şpits mırıldandı. Qurov yenidən barmağını silkələdi.

Qadın ona baxdı, tez də gözlərini yerə dikdi.

– Qapan deyil, – deyə qadın dilləndi və qızardı.

– Sümük vermək olar?

Qadın başını razılıqla tərpədəndə Qurov gülərüzlə soruşdu:

– Yaltaya çoxdan təşrif gətirmisiniz?

– Beş gün olar.

– Mənsə ikinci həftəmi başa vururam.

Bir az susdular.

Qadın ona baxmadan dilləndi:

– Vaxt yaman tez gedir, bununla belə, buralar olduqca darıxdırıcıdır.

– Buraların darıxdırıcı olmasından şikayətlənmək dəbə çevrilib. Bir də görürsən ki, kənd əhlindən biri ya Belevdə, ya da Jizdrada özü üçün yaşayır, darıxıb eləmir, bura gələn kimi başlayır: “Ah, darıxdırıcıdır. Ah, istidir”. Fikirləşirsən ki, yəqin, Qrenadadan gəlib.

Qadın gülümsədi. Sonra yad adamlar kimi sakitcə yeməklərini davam etdirdilər; nahardan sonra yanaşı yola düzəldilər – sərbəst, məmnun, hara getdiklərinin, nədən danışdıqlarının fərqinə varmayan adamların zarafatyana, yüngül söhbətləri başladı. Onlar gəzişir, gəzişdikcə dənizin qəribə işıqlanmasından danışırdılar. Dəniz həlim və isti idi, yasəməni rəngə çalırdı, suyun üzərində ay işığının qızılı zolağı uzanırdı. İsti gündən sonra havanın boğanaq olmağından söhbət etdilər. Qurov özündən danışdı, dedi ki, moskvalıdır, təhsilinə görə filoloqdur, amma bankda işləyir; nə vaxtsa şəxsi operada oxumaq arzusundaymış, sonra daşını atıb, Moskvada iki evi var… Qadından isə öyrəndi ki, Peterburqda böyüyüb, amma S. şəhərində ərdədir, iki ildir orada yaşayır, hələ bir ay da Yaltada qalacaq, bəlkə, dincəlmək arzusunda olan əri dalınca gəldi. Qadın ərinin harada – quberniya heyətindəmi, yoxsa quberniya torpaq idarəsindəmi işlədiyini tapıb deyə bilmədi və bu, özünə də gülməli gəldi. Qurov bir də onu öyrəndi ki, qadının adı Anna Sergeyevnadır.

Qurov sonra qaldığı nömrədə qadın haqqında düşündü, fikirləşdi ki, sabah onunla görüşəcək. Belə də olmalıdır, hökmən, görüşməlidir. Yatmağa uzananda yadına düşdü ki, Anna Sergeyevna da bu yaxınlara qədər institut tələbəsi olub, qızı kimi oxuyub, onun gülüşündə, yad kişiylə söhbətində hələ nə qədər cəsarətsizlik, yöndəmsizlik olduğunu xatırladı. Qadın ömründə, bəlkə də, birinci dəfə idi ki, tək qalırdı, elə şəraitə düşmüşdü ki, mənasını özünün də anlamadığı sirli bir məqsədlə onun dalınca düşürdülər, ona nəzər salırdılar, onunla söhbət edirdilər. O, qadının incə, zərif boynunu, qəşəng, boz gözlərini xatırladı.

“Hər halda, onda nəsə fağırlıq var” – Qurov fikirləşə-fikirləşə yuxuya getdi.

II

Tanışlıqdan bir həftə keçdi. Bayram idi. Otaqlar boğanaqdı, küçəni isə toz bürümüşdü. Susuzluğu yatırmaq çətindi, Qurov tez-tez pavilyona girir, Anna Sergeyevnaya gah şirəli su, gah da dondurma təklif edirdi. Getməyə yer yox idi.

Axşamtərəfi hava sakitləşəndə onlar gəminin gəlməsinə tamaşa etmək üçün bəndə yollandılar. Körpü gəzişənlərlə dolu idi; qarşılamağa çıxmışdılar, əllərdə gül dəstələri var idi. Bəzəkli-düzəkli Yalta əhalisinin iki cəhəti qabarıq nəzərə çarpırdı: yaşlı qadınlar cavanlar kimi geyinmişdilər və çoxlu general vardı. Fırtınaya görə gəmi gec, gün batana yaxın gəldi, bəndə yan alana qədər uzun müddət dövrə vurdu. Anna Sergeyevna lornetlə gəmiyə və sərnişinlərə elə baxırdı ki, elə bil, tanış adam axtarırdı, Qurova sarı üz çevirəndə gözləri par-par parıldayırdı. Qadın ara vermədən danışır, qırıq-qırıq suallar verirdi və verdiyi sualları həmin andaca unudurdu; basabasda lornetini itirdi.

Bərbəzəkli kütlə dağılmışdı, heç kəs gözə dəymirdi, külək tamam yatmışdı, Qurovla Anna Sergeyevna hələ də durub gözləyirdilər, elə bil, gəmidən yenə də sərnişin düşüb-düşməyəcəyini bilmək istəyirdilər. Anna Sergeyevna artıq susurdu, Qurova baxmadan gülləri qoxulayırdı.

Qurov dilləndi:

– Axşamtərəfi hava yaxşılaşıb. İndi hara gedəcəyik? Bir yana getməyək?

Qadın cavab vermədi. Bu vaxt Qurov sınayıcı nəzərlərlə ona baxdı və qəflətən qucaqlayıb dodaqlarından öpdü, güllərin ətri və şehi onu bürüdü, həmin andaca ürkək-ürkək yan-yörəsinə baxdı: görən olmadı ki?

Sonra sakitcə:

– Gedək sizə… – dedi.

Onlar tələsik yola düzəldilər. Qadının nömrəsi boğanaqdı, yapon mağazasından alınmış ətir iyi otağı bürümüşdü. Qurov ona baxıb yenidən fikrə getdi: “Həyat müxtəlif görüşlərlə doludur”. Keçmişdə Qurovun yadında müxtəlif qadınlarla bağlı xatirələr qalmışdı: qayğısız, mərhəmətli, sevildiklərinə görə sevinən, ani xoşbəxtlik üçün minnətdarlığını gizləməyən qadınlar, arvadı kimi artıq söz-söhbətlə, ədayla, haray-qışqırıqla sevən qeyri-səmimi qadınlar, yaşadığı anın sevgi, ehtiras yox, daha əhəmiyyətli nəsə olduğunu üz-gözünün ifadəsi ilə büruzə verən qadınlar və bir də olduqca gözəl, soyuq, üzlərində həyatdan onun verə biləcəyindən çox almaq, qoparmaq kimi vəhşi, inadkar bir arzu ilə yaşayan qadınlar; bunların hamısı cavanlığı keçmiş, höcət, düşüncəsiz, hökmlü, ağılsız qadınlardı. Qurov onlardan soyuyanda bu qadınların gözəllikləri onda nifrət oyadırdı və bu zaman ona elə gəlirdi ki, qadınların alt paltarlarındakı haşiyələr xalıya bənzəyir.

Yenə həmin cəsarətsizlik, təcrübəsiz gəncliyin yenə həmin yöndəmsiz, yenə həmin narahat duyğuları; qəribə bir çaşqınlıq əhval-ruhiyyəsi vardı, sanki kimsə qəflətən qapını döymüşdü. Anna Sergeyevna, bu “it gəzdirən xanım” baş verənlərə nəsə qeyri-adi, olduqca ciddi yanaşırdı. Elə bil, bu hadisədə özünün məhvini görürdü, bu isə həm qəribə idi, həm də yerinə düşmürdü. Onun üzü ifadəliliyini itirmişdi, saralıb-solmuşdu, uzun, pərişan saçları üzünə dağılmışdı; o, qədim şəkillərdəki günahkarlar kimi oturub fikrə getmişdi.

Qadın dilləndi:

– Heç yaxşı olmadı. İndi mənə hörmət eləməyənlərdən birincisi elə siz olacaqsınız.

Nömrədəki stolun üstündə qarpız vardı. Qurov bir dilim kəsib, tələsmədən yeməyə başladı. Sükut ən azı yarım saata qədər uzandı.

Anna Sergeyevna zərifdir, ondan təmiz, sadəlövh, görüb-götürməmiş qadın ətri gəlirdi; stolun üstündə yanan tək şamın işığı onun sifətini zorla işıqlandırırdı, amma hiss olunurdu ki, Anna Sergeyevna əzab çəkir.

Qurov soruşdu:

– Mən sənə niyə hörmət eləməməliyəm? Nə danışdığını heç özün də bilmirsən.

O:

– Qoy Allah günahımdan keçsin! – dedi və gözləri doldu. – Dəhşətdir.

– Sən, elə bil, özünü təmizə çıxarmağa çalışırsan.

– Nəylə özümü təmizə çıxarım? Mən ağılsız, rəzil qadınam, özüm özümə nifrət edirəm və bəraət haqqında fikirləşmirəm. Mən ərimi aldatmadım, mən özümü aldatdım. Özü də indi yox, xeyli vaxtdı aldadıram. Ərim, bəlkə də, yaxşı, namuslu adamdır, amma, di gəl, lakeydir. Bilmirəm, orada nəylə məşğuldur, necə qulluq edir, bircə onu bilirəm ki, lakeydi! Ərə gedəndə iyirmi yaşım vardı, maraq məni haldan salmışdı, daha yaxşı ömür arzusunda idim; özüm-özümə: “axı var, başqa bir həyat var”, deyirdim. Yaşamaq istəyirdim! Yaşamaq və yaşamaq… Maraq məni yandırıb-yaxırdı… Siz bunu başa düşməzsiniz, amma Allaha and olsun ki, mən özümü ələ ala bilmirdim, içimdə nəsə dəyişirdi, qarşımı almaq çətindi. Ərimə xəstələndiyimi dedim və bura gəldim… Buradasa məstlik içərisində, dəli kimi gəzib-dolanırdım. İndisə budur, hər bir adamın nifrət edə biləcəyi iyrənc, murdar bir qadına çevrildim.

Söhbət Qurovu darıxdırırdı, qadının sadəlövh tonu, gözlənilməz və yersiz tövbəsi onu əsəbiləşdirirdi; gözlərindəki yaş olmasaydı, güman etmək olardı ki, qadın ya zarafat edir, ya da rola girir.

– Başa düşə bilmirəm? – deyə o soruşdu. – Sən nə istəyirsən?

Qadın üzünü onun sinəsində gizlədi, ona sıxılıb dedi:

– İnanın, inanın mənə, yalvarıram… Mən təmiz, namuslu həyatı sevirəm, günah işlər məni iyrəndirir, nə elədiyimi heç özüm də bilmirəm. El arasında deyirlər ki, şeytan yoldan çıxarıb. İndi özüm haqqında da deyə bilərəm ki, məni şeytan yolumdan azdırıb.

– Bəsdir, bəsdir, – deyə o mızıldandı.

Qurov onun hərəkətsiz, qorxaq gözlərinə baxdı, onu öpdü, astadan, mehriban-mehriban söhbətə başladı, tədricən qadın sakitləşdi və şənləndi; hər ikisi gülüşməyə başladılar.

Sonra onlar gəzməyə çıxdılar, sahildə kimsə gözə dəymirdi, şəhər sərv ağaclarıyla ölü görkəmi almışdı, amma dəniz hələ də səsli-küylü idi, hələ də sahilə çırpılırdı; dalğalar qoynunda bir barkas yırğalanırdı və barkasın yuxulu fənəri dörd tərəfə titrək işıq salırdı.

Fayton tutub Oreandaya getdilər.

– Mən bayaq giriş qapısına diqqət yetirəndə bildim ki, sənin familiyan fon Dideritsdir. Ərin almandır? – deyə Qurov soruşdu.

– Yox, deyəsən, onun babası alman olub, özü isə pravoslavdır.

Oreandada, kilsənin yaxınlığındakı skamyada oturub sakitcə dənizə baxırdılar. Səhər dumanında Yalta zorla görünürdü, dağların zirvəsində ağappaq buludlar donub qalmışdı. Ağacların yarpaqları tərpəşirdi, cırcıramalar cırıldaşırdı. Dənizin dərədən eşidilən yeknəsəq, küt gurultusu qabaqda bizi gözləyən rahatlıqdan, əbədi yuxudan söhbət açırdı. Yalta, Oreanda olmayanda da dəniz bu cür gurultu salıb, indi də salır, biz olmayanda da beləcə laqeyd-laqeyd, küt-küt guruldayacaqdır. Bu sabitlikdə, hər birimizin həyatımıza və ölümümüzə qarşı olan bu laqeydlikdə, bəlkə də, bizim əbədi xilasımızın, həyatın işıqlı dünyada fasiləsiz davamının və fasiləsiz kamilləşməsinin rəhni gizlənir. Səhər ala-toranında olduqca nəhəng görünən və sehrli aləmdən – dənizdən, dağdan, buludlardan, geniş səmadan sakitləşmiş, vəcdə gəlmiş cavan qadınla yanaşı oturan Qurov fikirləşdi ki, əslində, dərinə gedəndə, işıqlı dünyada hər şey, mövcudluğun ali məqsədini, özümüzün insanlıq ləyaqətimizi unudaraq fikirləşdiyimiz və gördüyümüz işlərdən başqa, hər şey gözəldir.

Bir qaraltı yaxınlaşdı – deyəsən, keşikçi idi, – onlara baxıb uzaqlaşdı. Qaraltının gəlməsində, onlara baxıb uzaqlaşmasında da sehr vardı, gözəllik vardı. Feodosiyadan gələn, fənərləri söndürülmüş, səhər şəfəqinin işıqlandırdığı gəminin bəndə yan alması aydın görünürdü.

Sükutdan sonra Anna Sergeyevna:

– Otlara şeh düşüb, – dedi.

– Elədir. Tərpənmək vaxtıdı.

Onlar şəhərə qayıtdılar.

Beləliklə, onlar hər günorta sahildə görüşür, birlikdə yemək yeyir, nahar edir, gəzir, dənizin gözəlliyindən ləzzət alırdılar. Qadın gecələr pis yatmasından, ürəyinin şıltaqlığından şikayətlənirdi, həmişə eyni suallar verirdi – qısqanclığındanmı, qorxusundanmı həyəcanlanaraq Qurovun ona hörmət edib-etməməsi ilə maraqlanırdı. Ətrafda adam olmayanda Qurov tez-tez onu qucaqlayır və ehtirasla öpürdü. Bayram əhvali-ruhiyyəsi, günün günorta çağı ehtiraslı və gizli öpüşlər, isti, dənizin iyi, geyimli-kecimli, tox adamların orda-burda görünməsi sanki onu yenidən həyata qaytarırdı; o, Anna Sergeyevnaya qəşəng, şirin qadın olduğunu deyirdi. Dözümsüz dərəcədə ehtiraslı idi, yanından bir addım uzaqlaşmırdı, qadınsa tez-tez fikrə gedir və Qurovdan xahiş edirdi ki, etiraf eləsin, etiraf eləsin ki, ona hörmət eləmir, onu qətiyyən sevmir, onu pozğun sayır. Demək olar, hər gecə şəhərdən çıxır, ya Oreandaya gedir, ya da şəlaləyə baş çəkirdilər; gəzintiyə söz ola bilməzdi, təəssürat, bir qayda olaraq, həmişə qəşəng, həmişə yüksək olurdu.

Anna Sergeyevnanın ərinin gəlməsini gözləyirdilər. Amma ondan məktub gəldi, o, gözünün ağrıdığını yazır və yalvarırdı ki, arvadı tez evə qayıtsın. Anna Sergeyevna əl-ayağa düşmüşdü, Qurova deyirdi:

– Yaxşı oldu, getməyim çox yaxşıdı. Bu, taleyin özüdür.

Qadın vağzala qədər atla getdi və Qurov onu yola saldı. Bütün günü yol getdilər. Anna Sergeyevna kuryer qatarının vaqonuna keçib oturanda və ikinci zəng vurulanda dedi:

– Dayanın, qoyun sizə bir də baxım… Bir də baxım. Bax, belə.

O ağlamadı, amma kədərli idi, elə bil, xəstələnmişdi, üzü əsim-əsim əsirdi.

– Sizin haqqınızda fikirləşəcəyəm… sizi xatırlayacağam, – deyə qadın dilləndi. – Allah sizə yar olsun, siz qalın. Haqqımda pis fikirləşməyin. Biz həmişəlik vidalaşırıq, belə lazımdır, çünki biz heç görüşməməliydik. Di yaxşı, Allah amanatı.

Qatar tərpəndi, bir azdan onun işıqları gözdən itdi və taqqıltı tamam kəsildi, sanki qəsdən danışılmışdı ki, bu şirin unutqanlığa, bu ağılsızlığa tələsik son qoyulsun. Platformada tək qalan Qurov cırcıramaların harayına və telefon məftillərinin uğultusuna elə qulaq asırdı ki, sanki yuxudan indicə durub. O fikirləşdi ki, budur, həyatında yeni bir sərgüzəşt, yeni bir macəra da başa çatdı, qalan ancaq xatirələr oldu. Qurov riqqətə gəlmişdi, kədərli idi və yüngül bir peşmançılıq keçirirdi; axı bir daha görüşməyəcəyi bu cavan qadın onunla xoşbəxt deyildi; o, qadına qarşı mehribandı, səmimi idi, amma bununla belə qadınla münasibətində, tonunda və əzizləmələrində yüngül kinayə, iki dəfə yaşlı bir kişinin kobud yekəxanalığı nəzərə çarpırdı. Anna Sergeyevna isə onu bütün tanışlıq vaxtı mərhəmətli, qeyri-adi, nəcib adlandırırdı; ehtimal ki, o, qadına əslində olduğu kimi görünmürdü, deməli, istər-istəməz onu aldadırmış…

Stansiyadan artıq payız ətri gəlirdi, sərin axşam idi.

“Şimala getmək vaxtıdır, – Qurov platformadan uzaqlaşaraq fikirləşdi. – Vaxtıdır”.

III

Moskvadakı evdə hər şey qış qaydasında idi, sobanı qalayırdılar, səhərlər uşaqlar gimnaziyaya hazırlaşanda və çay içəndə hava qaranlıq olurdu və dayə qısa müddətə işığı yandırırdı. Artıq soyuqlar düşmüşdü. İlk qar yağan vaxt birinci dəfə kirşəyə minib yola çıxarkən ağappaq torpağı, ağappaq damları görməyin ayrı ləzzəti var, bu zaman nəfəs almaq da asanlaşır və yeniyetməlik çağları da elə bu zaman yada düşür. Qırovdan ağappaq ağarmış qədim cökə və tozağacında doğmalıq, mehribanlıq daha çoxdur, sərv ağacından, palmadan onlar daha yaxındılar ürəyə, bunların yanında dağlar haqqında, dəniz haqqında düşünmək istəmirsən.

Qurov moskvalı idi, Moskvaya da xoş, şaxtalı bir gündə qayıtmışdı. Şubasını geyib, isti əlcəklərini taxıb Petrovkada gəzişdikdən, şənbə axşamı kilsə zənglərini eşitdikdən sonra bu yaxınlardakı səfəri və gördüyü yerlər ondan ötrü bütün gözəlliyini itirdi. Yavaş-yavaş Moskva həyatına alışırdı, artıq acgözlüklə gündə üç qəzet oxuyurdu və deyirdi ki, Moskva qəzetlərini prinsipə görə mütaliə etmir. Onu indi restoranlar, klublar, ziyafətlər çəkirdi, məşhur vəkillərin, artistlərin onunla əlaqə saxlamasından, həkimlər klubunda professorla kart oynamasından fərəhlənirdi. O, artıq bir qab selyankanı axıra kimi iştahla yeyə bilirdi…

Ona elə gəlirdi ki, bir aymı, iki aymı keçəcək və Anna Sergeyevna yaddaşının dumanına qərq olacaq, özünün riqqətli təbəssümüylə başqaları kimi arabir yuxusuna girəcək. Amma aradan bir ay keçsə də, yaddaşında aydınlıqdı, Anna Sergeyevnadan, elə bil, dünən ayrılmışdı. Xatirələr isə uyumaq bilmirdi. Dərs hazırlayan uşaqlarının səs-küyü kabinetinə dolanda da, restoranda romansa, ya orqana qulaq asanda da, buxarıda çovğun ulayanda da qəflətən olub-keçənlərin hamısı xatirəsində canlanırdı: bənddə olanlar da, dumanlı dağlardakı ala-toran da, Feodosiyadan gələn gəmi də, öpüşlər də. O, uzun müddət otaqda gəzişir, xatirələri yadına salır, gülümsəyirdi; sonra xatirələr arzuya çevrilir və olmuşlar təsəvvürdə olacaqlara qarışırdı. Anna Sergeyevna onun yuxusuna girmirdi. Anna Sergeyevna kölgə kimi onun arxasınca gəzirdi, onu izləyirdi. Gözünü yumanda onu diri kimi görürdü və Anna Sergeyevna əvvəl olduğundan da daha qəşəng, daha cavan, daha zərif təsir bağışlayırdı. Özünü isə Yaltadakından daha yaxşı hiss edirdi. Axşamlar Anna Sergeyevna kitab şkafından, buxarıdan, küncdən ona baxırdı, Qurov onun nəfəsini duyurdu, onun paltarının xoş xışıltısını eşidirdi. Küçədə qadınlara göz qoyurdu, ona oxşar qadın axtarırdı… Xatirələrini kiminləsə bölüşmək istəyi onu üzürdü. Sevgisini evdə aça bilməzdi, evdən qıraqda isə ürək qızdırdığı adam yox idi. Qonşularamı, bankdamı? Nədən danışmalı? Məgər onda sevirdimi? Məgər onun Anna Sergeyevnaya münasibətində qəşəng, poetik, ibrətli, yaxud da, sadəcə olaraq, maraqlı nəsə vardımı? Belə hallarda məhəbbətdən və qadınlardan ümumi sözlər danışırdı ki, heç kəsin baş vermişlərdən xəbəri olmasın. Yalnız arvadı qara qaşlarını tərpədərək deyirdi:

– Dimitri, ədabazlıq sənə, qətiyyən, yaraşmır.

Bir dəfə gecə həkimlər klubundan məmur yoldaşıyla çıxarkən özünü saxlaya bilməyib dedi:

– Heç bilirsiniz, Yaltada necə füsunkar bir qadınla tanış olmuşam.

Məmur kirşəyə oturub yola düzəldi, lakin qəflətən qanrılıb səslədi:

– Dmitri Dmitriç.

– Nədir?

– Bayaq siz haqlı idiniz: nərə balığı iylənmişdi.

Bu adi sözlər, nədənsə, birdən-birə Qurovu hiddətləndirdi, bu sözlər ona çirkin, həqarətli göründü. Belə də vəhşi adətlər olar, belə də sifətlər olar?!. Belə də mənasız gecələr, maraqsız günlər olar?! Azğın qumar oyunları, qarınqululuq, sərxoşluq, eyni məsələlər haqqında eyni söhbətlər. Lazımsız işlər və boşboğazlıq ömrün ən yaxşı anlarını, gücün çoxunu alır və axırda sənə qalan yarımçıq, qanadsız həyat olur. Uzaqlaşmaq və qaçmaq isə mümkün deyil, sanki dəlixanadasan, ya da cəza alayında.

Qurov bütün gecəni yatmır, hiddətlənir, səhərisi bütün günü başı ağrıyırdı. Ertəsi gecəni də o baş-bu başa var-gəl edirdi. Uşaqlar onu bezdirmişdi, bank onu bezdirmişdi, bir yana getməyə, nəsə danışmağa həvəs qalmamışdı.

Dekabr bayramında səfərə hazırlaşdı və arvadına dedi ki, bir cavana himayədarlıq etmək üçün Peterburqa gedir, amma S. şəhərinə yola düşdü. Niyə? Niyəsini heç özü də əməlli-başlı bilmirdi, Anna Sergeyevnanı görmək, onunla danışmaq, mümkün olsa, təklikdə görüşmək istəyirdi.

S. şəhərinə səhər çatdı və mehmanxananın ən yaxşı nömrəsinə düşdü; mehmanxananın döşəməsinə boydan-boya əsgər mahudu döşənmişdi, stolun üstünə tozdan bozarmış mürəkkəbqabı qoyulmuşdu; mürəkkəbqabı başı kəsik atlıya oxşayırdı, atlı şlyapa tutduğu əlini yuxarı qaldırmışdı. Qapıçı ona gərəkli məlumatlar verdi: fon Diderits Staro-Qonçarnı küçəsindəki şəxsi mülkündə yaşayır, mülk mehmanxanadan çox uzaq deyil, yaxşı yaşayır, varlı-hallı yaşayır, özünün atları var, onu şəhərdə hamı tanıyır. Qapıçı elə belə də dedi: Dridrits.

Qurov tələsmədən Staro-Qonçarnı küçəsinə getdi, evi tapdı. Evin qapısına boz, uzun, mismarlı hasar çəkilmişdi. Qurov gah pəncərəyə, gah da hasara baxaraq fikirləşdi: “Belə hasarı aşa bildin ha”.

Onun ağlına gəldi ki, bu gün iş günü deyil, yəqin, əri evdədir. Amma nə fərqi var, evə girib, onu karıxdırmaq mərifətsizlik olardı. Məktub yazıb göndərsə, güman ki, ərinin əlinə keçəcək, onda bütün işlər korlanacaq. Ən yaxşısı təsadüfə bel bağlamaqdır. Qurov küçədə hasar boyu gəzişir və təsadüf gözləyirdi. O, həyətə dilənçinin gəldiyini, itlərin onun üstünə cumduğunu gördü, bir saatdan sonra royalda çalınan havanı, zəif, anlaşılmaz səsləri eşitdi. Yəqin, Anna Sergeyevna çalırdı. Birdən dəhlizin qapısı açıldı, bayıra qoca bir qarı çıxdı, arxasınca tanış ağ şpits qaçırdı. Qurov şpitsi çağırmaq istədi, qəflətən ürəyi elə döyündü ki, həyəcanından şpitsin adını yadına sala bilmədi.

O gəzişir, gəzişdikcə boz hasara nifrəti daha da artırdı, əsəbiliklə fikirləşirdi ki, Anna Sergeyevna onu unudub, başqasına könül verib, səhərdən axşama qədər boz hasar gözünü döyənək eləmiş cavan bir qadının vəziyyətində isə bu, çox təbiidir. O, nömrəyə qayıtdı, uzun müddət divanda oturdu, nə eləyəcəyini bilmirdi. Nahar elədi, sonra isə möhkəm yuxuya getdi.

“Bütün bunlar nə qədər axmaq, nə qədər narahat işlərdir. – O oyanıb fikirli-fikirli qaranlıq pəncərəyə baxdı; artıq axşam düşürdü. – Bax, indi niyə yatdım. Bəs gecə nə edəcəyəm?

O, ucuz, boz, xəstəxana adyalına oxşayan örtük çəkilmiş yataqda oturub özünə acıq verirdi:

“Bu da sənə it gəzdirən xanım… Bu da sənə macəra… Otur indi burada”.

Hələ səhər-səhər vağzalda iri hərflərlə yazılmış bir afişanı xatırladı və durub teatra getdi. Fikirləşdi: “Çox güman ki, Anna Sergeyevna birinci tamaşalara gəlir”.

Teatr tamaşaçılarla dolu idi. Bütün quberniya teatrlarında olduğu kimi, burada da çilçıraqdan yuxarı dumanlıq idi, üst yarusları səsli-küylü narahatçılıq bürümüşdü; tamaşadan əvvəl yerli ədabazlar əllərini arxalarında daraqlayıb birinci cərgədə durmuşdular; qubernator lojasının ilk sırasında qubernatorun boa1212
  Boa – xəz şərf, yaxalıq


[Закрыть]
geymiş qızı oturmuşdu; qubernatorun özü isə porteryerin arxasında gizlənmişdi, onun ancaq əlləri görünürdü. Pərdə yırğalandı, orkestr uzun müddət hazırlaşdı. Tamaşaçılar gəlib yerlərinə keçdikləri müddətdə Qurovun gözləri həris-həris axtarıb-arayırdı.

Anna Sergeyevna da salona daxil oldu və keçib üçüncü cərgədə əyləşdi. Qurov ona baxanda ürəyi sıxıldı və aydınca başa düşdü ki, işıqlı dünyada ondan ötrü bu qadından yaxın, qiymətli və əhəmiyyətli adam yoxdur; əyalət camaatının arasında itib-batmış, heç nəyilə fərqlənməyən, əlində vulqar lornet tutmuş bu balaca qadın indi onun ömrünün mənasıydı, dərdiydi, sevinciydi, özünün özünə arzuladığı yeganə xoşbəxtliyiydi. Bu pis çalan orkestrin, bu zəhlətökən obivatel skripkalarının sədası altında Qurov fikirləşdi ki, Anna Sergeyevna necə də qəşəngdir. O fikirləşir və fikirləşdikcə xəyala dalırdı.

Anna Sergeyevna ilə birlikdə kiçik bakenbardlı, ucaboylu, donqar bir cavan da gəldi və onun yanında oturdu; o, tez-tez başını yırğalayırdı, sanki həmişə kiməsə baş əyirdi. Yəqin, bu, Anna Sergeyevnanın Yaltada acı hislərin coşqunluğu vaxtı lakey adlandırdığı əri idi. Həqiqətən, onun uzun boy-buxununda, bakenbardında, balaca təpəsində nəsə lakey cılızlığı vardı, şirin-şirin gülürdü və paltarının döşündə lakey nömrəsinə oxşayan hansısa alimlik nişanı parıldayırdı.

Birinci fasilədə ər siqaret çəkməyə çıxdı, qadın tək qaldı. Parterdə oturan Qurov ona yaxınlaşdı, zorla gülümsəyib titrək səslə dedi:

– Salam.

Anna Sergeyevna ona baxdı, ağappaq ağardı, sonra dəhşət içində bir də baxdı, gözlərinə inanmadı, huşunu itirməsin deyə, yelpiyi ilə lornetini ovcunda möhkəm-möhkəm sıxdı. Heç biri dinmirdi. Anna Sergeyevna oturmuşdu, Qurov onun sıxılmasından qorxuya düşdüyü üçün oturmağa cəsarət etmirdi. Köklənmiş skripkaların və fleytaların səsi eşidilirdi. Birdən dəhşət onları bürüdü: elə bil, bütün lojalardan onlara baxırdılar. Anna Sergeyevna ayağa qalxıb, tələsik çıxışa sarı yönəldi. Qurov da onun dalınca getdi, onlar məqsədsiz şəkildə dəhlizdə gəzişir, pilləkənlə gah yuxarı qalxır, gah da aşağı düşürdülər. Onların gözləri qarşısında hakim, müəllim, udel mundirli və nişanlı adamlar ora-bura gəzişirdi; xanımlar da, asılqandakı şubalar da gözə dəyirdi, tənbəki iyi verən külək əsirdi. Ürəyi möhkəm döyünən Qurov fikirləşdi:

“İlahi! Bu adamlar, bu orkestr nəyə lazımdır…”

Həmin andaca, qəflətən, o vaxt stansiyada Anna Sergeyevnanı yola saldığı gecə öz-özünə dediyi sözlər yadına düşdü; hər şey qurtardı, vəssalam, onlar bir daha görüşməyəcəklər. Amma qurtarmağa gör nə qədər qalırmış…

Anna Sergeyevna “Amfiteatra giriş” yazılmış ensiz, qaranlıq pilləkəndə dayandı.

– Siz məni necə də qorxutdunuz! – Sarsılmış, rəngi hələ də özünə gəlməmiş Anna Sergeyevna ağır-ağır nəfəs alaraq təkrar etdi. – Siz məni necə də qorxutdunuz! Yarımcan oldum. Niyə gəlmisiniz? Niyə?

O, alçaq səslə tələsik dedi:

– Başa düşün, Anna, başa düşün… Yalvarıram, başa düşün…

Anna Sergeyevna qorxu içində, yalvarış, sevgi dolu nəzərlərlə ona baxdı, diqqətlə baxdı ki, onun cizgilərini uzun müddət yadında saxlasın.

– Mən elə əzab çəkirəm, elə əzab çəkirəm! – Qadın ona qulaq asmadan sözünə davam elədi. – Bütün vaxtı ancaq sizi fikirləşmişəm, sizin xatirələrinizlə yaşamışam. Həmişə unutmağa çalışmışam, axı niyə gəldiniz, niyə?

Pilləkənin başındakı meydançada iki gimnazist siqaret çəkir və aşağı baxırdılar, dünya Qurovun vecinə deyildi, o, Anna Sergeyevnanı qucaqlayıb üzünü, yanaqlarını, əllərini öpməyə başladı.

– Siz nə edirsiniz, siz nə edirsiniz! – qadın onu özündən aralayaraq dəhşət içində dilləndi. – Bizim ikimiz də dəli olmuşuq. Günü bu gün çıxıb gedin, elə indi gedin… And verirəm bütün müqəddəslərə, yalvarıram… Gələn var!

Pilləkənlərlə kimsə yuxarı qalxırdı.

– Siz getməlisiniz… – Anna Sergeyevna pıçıltıyla sözünə davam elədi. – Eşidirsiniz, Dmitri Dmitriç? Mən Moskvaya, sizin yanınıza gələcəyəm. Mən heç vaxt xoşbəxt olmamışam, indi də bədbəxtəm, heç vaxt, heç vaxt da xoşbəxt olmayacağam! Əzabımı artırmayın! And içirəm ki, Moskvaya gələcəyəm. İndisə ayrılaq! Mənim əzizim, mehribanım, doğmam, ayrılaq!

Anna Sergeyevna onun əllərini sıxdı, sürətlə aşağı düşməyə başladı, tez-tez dönüb ona baxırdı, gözlərindən görünürdü ki, o, həqiqətən, xoşbəxt deyil. Qurov bir az dayandı, ətrafı dinlədi, dörd bir yana sükut çökəndən sonra asılqanını tapdı və teatrdan çıxıb getdi.

IV

Anna Sergeyevna Moskvaya, onun yanına gəlməyə başladı. İki-üç aydan bir o, S. şəhərindən çıxır və ərinə deyirdi ki, qadın xəstəliyi ilə əlaqədar olaraq professorlarla məsləhətləşməyə gedir, əri də inanırdı. Moskvaya gələndə “Slavyan bazarı”nda qalırdı, Qurova xəbərə qırmızı papaqlı adam göndərirdi. Qurov onun yanına gəlirdi və Moskvada heç kəs bundan xəbər tutmurdu.

Bir qış səhəri Qurov onun yanına görməzə-bilməzə gedirdi (göndərilən adam dünən gəlibmiş, onu evdə tapmayıb). Qızı da yanında idi, yolüstü onu gimnaziyaya ötürmək istəyirdi. İri, sulu qar yağırdı.

– Üç dərəcə isti var, amma qar yağır, – Qurov qızına deyirdi. – Amma bu isti ancaq yerin üstündədi, havanın yuxarı qatlarında isə tamam başqadır.

– Ata, niyə bəs qışda ildırım çaxmır?

O, bunu da izah elədi. O danışır və danışdıqca fikirləşirdi ki, budur, görüşə gedir, heç bir canlının xəbəri yoxdur, yəqin ki, heç vaxt da olmayacaq. Onun iki həyatı vardı: biri üzdə idi, hamı görürdü, hamı bilirdi, şərti həqiqətlər və şərti yalanlarla dolu olan, tanışlarının və dostlarının həyatına bənzəyən həyatı idi, o biri isə gizli keçən həyatı idi. Qəribə, bəlkə də, adi təsadüfə görə onun üçün əhəmiyyətli, maraqlı və zəruri olan hər şey, həyatının mənasını təşkil etdiyi üçün səmimi və özünü aldatmadığı bütün işlər başqalarından gizlində keçirdi. Onun yalanları, həqiqəti gizlətməyə lazım gələn örtükləri, məsələn, bankda qulluq etməsi, klubdakı mübahisələri, onun “aşağı təbəqə” fikri, arvadıyla yubileylərə getməsi bütün bunlar üzdə idi. Başqalarını da özüylə müqayisə edirdi, gördüyünə inanmırdı və həmişə güman edirdi ki, hər bir adamın həqiqi, ən maraqlı həyatı gecə örtüyünə oxşayan sirlər örtüyünün arxasında keçir. Hər bir şəxsi mövcudluq gizli saxlanılır, bəlkə də, elə buna görə mədəni adam bütün varlığı ilə çalışır ki, şəxsi sirrə hörmət olunsun.

Qızını gimnaziyaya ötürüb, Qurov “Slavyan bazarı”na yollandı. Şubasını aşağıda soyundu, yuxarı qalxdı və yavaşca qapını döydü. Qurovun xoşuna gələn boz paltarı geymiş, yol və həsrət yorğunu Anna Sergeyevna onu dünən axşamdan gözləyirdi; rəngi ağappaqdı, ona baxırdı və gülümsəmirdi, Qurov içəri girən kimi onun sinəsinə sığındı. Elə bil, iki ildir, görüşməmişdilər, öpüşləri uzun və çox oldu. Qurov soruşdu:

– Hə, orada necə yaşayırsan? Təzə nə var, nə yox?

– Dayan, indi danışaram… Bacarmıram.

Ağladığından danışa bilmirdi. Ondan aralandı, cib dəsmalını gözünə sıxdı.

“Qoy bir az ağlayıb ürəyini boşaltsın, mənsə hələlik oturum”, – Qurov fikirləşib kresloda əyləşdi.

Sonra zəng eləyib çay gətirməyi tapşırdı. O, çayını içəndə də Anna Sergeyevna üzü pəncərəyə sarı durmağında idi… Anna Sergeyevna həyəcandan ağlayırdı, ömürlərinin belə kədərli alınmasını bütün ağrısıyla dərk etdiyindən ağlayırdı; onlar ancaq gizli görüşürlər, oğrular kimi camaatdan gizlənirlər. Məgər onların həyatı dağılmayıbmı?

– Di yaxşı, bəsdir! – Qurov dilləndi.

Qurov hiss edirdi ki, sevgilərinin ömrü uzundu, nə vaxt bu sevdaya son qoyulacağı məlum deyildi. Anna Sergeyevna Qurova daha möhkəm bağlanırdı və pərəstiş edirdi, bütün bunların nə vaxtsa qurtaracağını ona demək ağlasığmaz iş idi; o buna inanmazdı da.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации