Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 3

Текст книги "İtmiş dünya"


  • Текст добавлен: 21 декабря 2022, 14:29


Автор книги: Артур Дойл


Жанр: Классическая проза, Классика


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

VII FƏSİL
NAMƏLUM TORPAĞIN YAXINLIĞINDA

Gəmi ilə üzüb okeanı nə cür keçdiyimizi, Cənubi Amerikaya çatanda isə bir həftəyə qədər Parada qaldığımızı təsvir etməklə vaxtınızı almaq istəmirəm. Gəmiyə minib sakit axınlı çayla xeyli üzəndən sonra Obidos boğazından keçdik və gəlib Manaos şəhərinə yetişdik. Nəhayət, professor Çellencerin təyin etdiyi gün gəlib çatdı. Həmin gün başımıza gələn ağlasığmaz qəziyyəni danışmazdan qabaq sizi ekspedisiyada iştirak edən dostlarımla və Cənubi Amerikada ətrafımıza topladığımız köməkçilərlə tanış etmək istəyirəm. Mən fikirlərimi necə varsa, eləcə də qələmə alacam, sözlərimə sərhəd qoymayacam, odur ki hər şeyi sizə həvalə edirəm, cənab Makkadl, necə məsləhət görürsünüzsə, o cür də hərəkət edin. Çünki həmin xəbərlər sizin əlinizdən çıxıb bütün dünyaya yayılacaqdır.

Professor Sammerlinin elmi xidmətləri mənə çoxdan məlumdur. Onu əhatə edən xarici mühitin dəyişməsinə baxmayaraq özünü əvvəlkitək təkəbbürlü aparırdı. Altmış altı yaşlı bu ahıl kişi səyahət zamanı üzləşdiyimiz bütün çətinliklərə dözmüş və heç vaxt şikayət etməmişdi. O, yolboyu professor Çellencerin fırıldaqçı olduğunu söyləyir və dönə-dönə deyirdi ki, Cənubi Amerikaya olan bu səfərimiz tamamilə mənasızdır. Sauthemptondan tutmuş ta Manaos şəhərinə çatanadək qulaqlarımızı belə şeylərlə doldurdu.

Lord Con Rokston professor Sammerli kimi arıq olsa da, ondan kəskin dərəcədə fərqlənirdi. Hər şeydən öncə professordan iyirmi yaş kiçik idi. Lord Con Rokston olduqca məğrur və səliqəli şəxsdir. Hər gün üzünü qırxırdı, əyninə geydiyi ağ kostyum və qəhvəyi uzunboğaz çəkmə həmişə təmiz olurdu. Cənubi Amerikanı yaxşı tanıyırdı və professor Sammerlinin yürütdüyü mühakimələrlə razılaşmayıb ekspedisiyanın uğurlu olacağına inanırdı. Peruda və Braziliyada olarkən nə iş gördüyünü heç kəsə demirdi, amma buna baxmayaraq həmin iş haqqında məndə müəyyən təsəvvür yaranmışdı, çünki çay ətrafında yaşayanlar onu görən kimi əl-ayağa düşür, hətta quru qaraltısına belə baş əyməklə öz itaətkarlıqlarını nümayiş etdirirdilər. Onun haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmışdı, bu rəvayətlərdə onu Xilaskar adlandırırdılar.

Biz özümüzə qulluqçular tutmuşduq. Sonrakı hadisələrin gedişinə onlar da təsir göstərə bilərdilər, odur ki etiraz etməsəydiniz, onları sizə təqdim edərdim. Birincisi Zambo adlı hündürboylu, pəhləvan cüssəli, ağıllı baxışı ilə qeyrilərdən seçilən zəncidir. Onu Para şəhərindəki gəmi şirkətinin tövsiyəsi ilə götürdük. O həmin şirkətin gəmilərində işləyərkən ingilis dilinə az-çox yiyələnmişdi.

Biz Parada daha iki nəfəri – Qomes və Manuel adlı iki metisi qulluğa götürdük. Onlar şimaldan gətirdikləri ağacları burada satıb pul qazanırdılar. Hər ikisi uzun müddət Amazon çayının yuxarı başında yaşamışdı, bizim yolumuz da elə oradan keçirdi, ona görə lord Con metisləri dəstəmizə götürdü. Bundan başqa, Boliviyanın çay qırağında yaşayan tayfaları içində qayıq sürmədə şöhrət qazanmış Moyo hindilərındən üçünü dəstəmizə qəbul etdik. Başçılarına tayfalarının adını qoyduq – Moyo, digərlərinin adı isə Joze və Fernando idi. Beləliklə, üç ağ adam, iki metis, bir zənci və üç hindi intizar içində zərfin açılacağı günü və saatı gözləyirdilər.

Gözlədiyimiz vaxt gəlib çatdı. Manaos şəhərinin iki milliyində yerləşən “Santa İqnasio” malikanəsinin alaqaranlıq, gen-bol qonaq otağını təsəvvürünüzə gətirin. Biz hamımız qamışdan düzəldilmiş dəyirmi stolun arxasında oturmuşduq. Çellencerin bizə verdiyi möhürlü məktub isə stolun üstündə idi. Professor Çellencer zərfin üst tərəfinə kobud xətlə aşağıdakı sözləri yazmışdı:

“LORD CON ROKSTONA, ELƏCƏ DƏ ONUN YOLDAŞLARINA MƏSLƏHƏTLƏRİM. İYULUN 15-i, DÜZ SAAT 12-də MANOS ŞƏHƏRİNDƏ AÇILMALIDIR”.

Lord Con qol saatını açıb stolun üstünə qoydu.

– Hələ yeddi dəqiqə var, – dedi. – Gözləyək.

Professor Sammerli zərfi stolun üstündən götürüb istehzayla gülümsündü.

– Bunu ya indi açdıq, ya da yeddi dəqiqədən sonra, fərqi nədir? – dedi.

− Gərək öz ləyaqətimizi qoruyaq, – lord Con dedi. – Çellencerin tövsiyəsi ilə bura gəldiyimizdən bütün göstərişlərinə sözsüz itaət etməliyik.

– İtaət etməliyik?! – deyə professor hirslə qışqırdı. – Bu iş Londonda mənə mənasız görünürdü, Cənubi Amerikaya gələndən sonra isə lap gülünc görünür. Məktuba isə inanmıram. Əminəm ki, onu oxuyandan sonra İngiltərəyə qayıdacağıq. Nə isə… Deyəsən, yeddi dəqiqə keçdi. Hə, Rokston, zərfi aç, artıq vaxtdır.

Lord Con:

– Elədir, – dedi, – vaxtdır.

Zərfi götürüb kənarını cib bıçağı ilə kəsdi. İçindəki kağızı açıb baxdı, bir anlığa duruxdu, sonra dinməz-söyləməz stolun üstə qoydu. Kağızda heç nə yazılmamışdı. Biz təəccüblə bir-birimizə baxdıq. Araya xoşagəlməz sükut çökdü. Professor Sammerli birdən-birə şaqqanaq çəkib ucadan güldü:

– Hər şey aydındır, – dedi, – sübuta ehtiyac yoxdur. Cənab peşəkar fırıldaqçıdır.

– Bəlkə, kağızı şəffaf mürəkkəblə yazıb? – deyə öz fikrimi bildirdim.

– Yox! – lord Con kağızı işığa tutandan sonra dedi. – Yox, cavan oğlan, gəlin özümüzü dağa-daşa salmayaq, kağızda heç nə yazılmayıb.

– Gəlmək olar? – qəflətən arxadan səs eşitdik.

Qapının kənarında bir nəfər dayanmışdı. O, işığın qarşısını kəsdiyindən sifəti aydın görünmürdü, nəhəng, qara kölgəyə bənzəyirdi. Amma həmin adamın səsi də, meydantək geniş, enli çiyinləri də mənə tanış gəldi. Professor Çellenceri görən kimi hamımız ayağa durduq. O, cib saatını çıxardıb dedi:

– Deyəsən, bir neçə dəqiqə gecikmişəm. Zərfi sizə verəndə əmin idim ki, onu açmağa macal tapmayacaqsınız, çünki təyin etdiyim vaxtdan bir qədər əvvəl yanınızda olmalıydım. Həmkarım professor Sammerli isə göründüyü kimi vaxtı hədər itirməyib ondan mənim əleyhimə istifadə etməyə çalışmışdır.

– Onu deyim ki, ser, – lord Con qəfildən dilləndi, – siz lap vaxtında gəlib çıxıbsınız, yoxsa geri qayıtmağa hazırlaşırdıq. Sizin bu qeyri-adi hərəkətiniz şəxsən məni çox təəccübləndirir.

Çellencer dinməyib içəri girdi, əvvəl lord Conla, sonrasa mənimlə görüşdü. Professor Sammerliyə tərəf isə etinasız şəkildə başını tərpədib kürsüyə əyləşdi.

– Səfərə hazırsınız? – deyə professor Çellencer soruşdu.

– Elə günü sabah yola düşə bilərik.

– Onda hazırlaşın. Ekspedisiyanın rəhbərliyini indən belə öz üzərimə götürürəm. Sizdən xahiş edirəm ki, gecə bütün hazırlıq işlərinizi qurtarasınız, çünki səhər dan yeri sökülməmiş yola düşəcəyik. Vaxtımızı hədər yerə itirməyək, onsuz da işimiz çoxdur, odur ki dərhal əməli fəaliyyətə keçmək lazımdır.

Lord Con Rokston çayla üzüyuxarı üzməkdən ötrü buxarla işləyən gəmi icarəyə götürdü. Xırda ləpələri yara-yara irəliləyən “Esmeralda” gəmisinin hərəkətinə cənub-şərqdən əsən səmt küləyi böyük köməklik göstərirdi. Düz üç gün şimal-qərb istiqamətində üzdük. Manaosdan çıxdığımız vaxtdan dörd gün ötmüşdü ki, əsas çaydan dönərək onun sağ qoluna burulduq. Bu dəfə irəli üzdükcə çayın məcrası daralmağa başladı, nəhayət, iki gündən sonra gəlib bir hindi kəndinə çatdıq. Bu kəndə çatanda professor Çellencer məsləhət gördü ki, gəmidən düşək və gəmini də Manaosa döndərək, çünki daha gəmi ilə üzmək mümkün olmayacaqdı. Sonra da əlavə etdi ki, biz artıq naməlum ölkənin sərhədinə çatmışıq.

Avqustun 2-də “Esmeralda”nı geri yolladıq, bununla da xarici aləmlə olan yeganə əlaqəmiz qırıldı. Biz hindilərin yanında iki gün qaldıq. Yola düşməmişdən əvvəl onlardan iki dənə böyük, gen-bol qayıq aldıq. Bütün lazımlı şeyləri qayıqlara yüklədik. Yola düşən zaman özümüzlə iki nəfər hindi də götürdük. Sonra başa düşdüm ki, onlar – adları Ateka və Aypetu idi – ilk səfər zamanı professor Çellenceri müşayiət etmişdilər.

Beləliklə, sabah insan ayağı dəyməyən torpaqlara qədəm basacağıq. Məktubu hindilərin biri ilə yola salıram. Şərtləşdiyimiz kimi, cənab Makkadl, məktubu sizin ünvana yollayıram. İstədiyiniz sözü və yaxud cümləni poza bilərsiniz, bu öz işinizdir, hər şeyi sizə həvalə etmişəm. Professor Sammerlinin atmacaları kefimi pozmur, çünki professor Çellencerə inanıram, inanıram ki, bizi nə isə çox möcüzəli, qeyri-adi şey gözləyir və bunun nə olduğunu tezliklə biləcəyik.

VIII FƏSİL
YENİ DÜNYANIN BİR ADDIMLIĞINDA

Səhəri gün yola düşdük. Yüklərimizi iki kanoeyə22
  Kanoe – hindilərin düzəltdiyi yüngül qayığın adı


[Закрыть]
yığmışdıq, özümüz də ikiyə bölünmüşdük: hər kanoedə altı nəfər idik. İpə-sapa yatmayan professorları bir-birindən ayırdıq ki, səyahətimiz sakit keçsin. Mən Çellencerin dəstəsində idim. Hörmətli professorun üz-gözündən sevinc, səadət yağırdı.

Eni bir neçə yüz yarda çatan, qara rəngli çayla iki gün üzüyuxarı üzdük. Çay zahirən qara rəngə çalsa da, suyu göz yaşı kimi dupduru, şəffaf idi, elə şəffaf idi ki, dibi görünürdü. Yolumuzun üstə iki dəfə burulğan çıxdı, hər ikisində də onu yandan ötdük. Ümumiyyətlə, qarşımıza maneə çıxanda kanoeləri çiynimizə götürüb bizi əhatə edən hündür və çoxillik ağacların arası ilə irəli addımlayırdıq. Ağacların yoğun, əyri-üyrü budaqları və qəribə yarpaqları birləşib sıx örtük yaratdığından günəşin şüalarının qabağını kəsirdi, ona görə də aşağı çox zəif, tutqun işıqlanmışdı.

Üçüncü gün səhər, dan yeri sökülməmiş şimşək təki gurlayan təbil səsləri meşənin sakitliyini pozdu. İkinci qayıqda gedən hindilər təbil səslərini eşidən kimi qorxudan büzüşdülər, sifətlərindəki ifadə isə dəhşətə çevrildi.

– Nə olub? – deyə maraqla soruşdum.

– Bu təbil səsləri, – lord Con soyuqqanlıqla cavab verdi, – müharibəyə çağırışdır. Belə səsləri çox eşitmişəm.

– Elədir, ser, müharibəyə çağırışdır, – Qomes lord Conun sözünə qüvvət verdi. – Onlar bravo tayfasından olan vəhşi hindilərdir. Bizim dalımızca düşüblər, əllərinə fürsət düşən kimi öldürəcəklər.

Ətrafa boylanaraq təəccüblə dedim:

– Bəyəm onlar bizim dalımızca düşüblər?

Metis çiyinlərini çəkib:

– Yəqin ki elədir, – dedi, – onlar təbil səsləri ilə danışıb bir-birinə bizim yerimizi xəbər verirlər. Əllərinə fürsət düşən kimi öldürəcəklər.

Günortaçağı təbil səsləri artıq 6-7 səmtdən eşidilirdi. Onlar bəzən sürəkli, bəzən asta, bəzən də sual-cavab şəklində olurdu. Həmin səslərdə nə isə bir təhlükə var idi, elə bil insan kimi dil açıb metisin sözlərini təkrar edirdilər: “Əlimizə fürsət düşən kimi sizi öldürəcəyik”. Ətrafımız, yan-yörəmiz yaşıllıq, ağaclıq-meşəlik idi və bu meşənin içindən qorxulu sədalar gəlirdi: “Əlimizə fürsət düşən kimi sizi öldürəcəyik… Əlimizə fürsət düşən kimi sizi öldürəcəyik”.

Çalınan təbil səsləri hindilərə çox pis təsir etmişdi, qaşqabaqları heç açılmırdı. Hətta qoçaq, cəsur saydığım metis belə qorxusundan büzüşüb yumağa dönmüşdü. Sammerli ilə Çellencerin necə qorxmaz və igid adam olduqlarını məhz həmin gün aydınlaşdırdım. Bizi dabanbasaraq təqib edən təhlükəyə baxmayaraq alimlərimiz elmi axtarışlarını davam etdirirdilər, hər bir kolu, hər bir quşu diqqətlə nəzərdən keçirirdilər. Təbil səslərinə fikir vermirdilər.

Gecə alıcı quş kimi aləmi caynağına keçirəndə ağır daşlardan lövbər salıb çayın ortasında dayandıq. Gecə sakit keçdi. Dan yeri ağarmağa başlayanda yolumuza davam etdik, bizi hər an qorxu məngənəsində saxlayan təbil səsləri artıq arxada qalmışdı. Günortaüstü saat üçə yaxın qayığımız burulğana düşdü. Professor Çellencerin qayığı da ilk səfər zamanı məhz bu burulğana düşüb çevrilmişdi. Hindilər kanoeləri götürüb sıx kolluqlarla örtülmüş sahilə çıxdılar, sonra geri qayıdıb ərzaq ehtiyatımızı kənara çıxartdılar. Şər qarışmamış burulğanı ötüb-keçdik. Kanoedə on mil üzəndən sonra yatıb dincimizi almaqdan ötrü lövbər saldıq. Əsas çaydan dönəndən bəri xırda çayla azı yüz milədək məsafə qət etmişdik.

Səhərisi günortaya az qalmış yola düşdük. Professor Çellencer yaman həyəcanlı görünürdü: gah o, gah da bu sahilə baxırdı. Qəflətən qışqıraraq çayın qırağında tək-tənha ucalan ağacı göstərdi. Sonra:

– Sizcə, bu nə ağacıdır? – deyərək soruşdu.

– Bu, Assay palmasıdır, – Sammerli cavab verdi.

– Elədir, mən onu özümçün nişangah götürmüşəm, həmin o sirli aləmə gedən yolu göstərir. O aləmə isə cəmi yarım millik yol qalır. Odur, bax, qovaq ağaclarının arasında bitmiş yaşılımtıl qamışlıq möcüzəli aləmə açılan qapıdır. O qapıdan keçən kimi nağıllar aləminə düşəcəksiniz.

Buranın mənzərəsi həqiqətən çox qəşəng idi. Çellencerin möcüzəli aləmə açılan qapı adlandırdığı qamışlığa çatıb arası ilə bir neçə yüz yard yol getdik, nəhayət, dumduru suyundan qumlu dibi görsənən çaya çıxdıq. Çayın eni iyirmi yard idi və hər iki sahilində zəngin bitki aləmi boy atıb keçilməz sədd yaratmışdı.

Getdiyimiz yol bizi möcüzələr aləminə aparırdı. Hindilərdən əsər-əlamət belə qalmamışdı, yoxa çıxmışdılar, lakin bunun əvəzində cürbəcür, növbənöv heyvanlara rast gəlməyə başladıq. Həmin heyvanlar indiyə qədər insan görmədiklərinə görə bizdən qorxmurdular. Qara, uzuntüklü meymunlar dişlərini ağarda-ağarda, alovlu gözləri ilə bizi yola salıb ucadan çığırırdılar. Sahildə dincələn alliqatorlar handan-hana tənbəl-tənbəl yeriyərək suya girirdilər. Bir dəfə tapirlə qarşılaşdıq, kolların arxasından xeyli müddət bizə baxandan sonra arxasını çevirib getdi. Quşlar daha çox idi, xüsusilə də bataqlıq quşları, leyləklər, vağlar. Onlar sahildən aralanıb çayın üzərinə sallanan budaqlara qonmuşdular, büllur təki saf, tərtəmiz suda ala-bəzək balıqlar ora-bura vurnuxurdular.



Yaşıl örtüklü dəhlizlə düz üç gün yol getdik. İrəli baxanda baş alıb gedən yaşıllığı güzgü kimi özündə əks etdirən aynalı çayın nə vaxt qurtaracağını bilmək olmurdu. Hər tərəf, hər yan lal sükuta qərq olmuşdu.

– Hindilər yoxdur, – Qomes dedi. – Qorxuram, Kurupuri…

Lord Con:

– Kurupuri meşə ruhudur. Deyilənə görə, çox zalım, əzazil ruhdur. Yazıq hindilər belə hesab edirlər ki, Kurupuri bu yerlərdə yaşayır, ona görə də bura gəlməyə cürət etmirlər.

Çayın suyu get-gedə azaldığından qayıqla üzmək çətinləşdi. Hətta qayığın altı iki dəfə suyun dibinə toxundu. Nəhayət, qayıqları kənara çəkib gecəni çayın sahilində keçirdik. Səhəri gün lord Conla birlikdə mən irəli kəşfiyyata getdik, çayın suyunun getdikcə azaldığını görüb geriyə qayıtdıq. Professor Çellencer haqlı idi, qayıqla üzmək daha mümkün deyildi, ona görə də qayıqları götürüb kolların içində gizlətdik. Yaxınlıqdakı ağaca balta ilə işarələr vurduq ki, qayıdanbaş onları asanlıqla tapaq. Yükləri – tüfəngləri, patronları, ərzaq ehtiyatını, çadırı, adyalları və digər şeyləri aramızda bölüşdürüb qurtarandan sonra səfərimizin ən əziyyətli mərhələsinə başladıq.

Səyahətimizin bu yeni mərhələsi mübahisə ilə başlandı. Çellencer dəstəmizə qoşulandan bəri hamıya göstərişlər verirdi ki, bu da Sammerliyə xoş gəlmirdi. İndi, adicə barometr-aneroidi götürməyi təklif edəndə Sammerli coşub özündən çıxdı.

Lord Con Rokstonla mən dərhal araya girdik, xeyli dil töküb onları yola gətirdik, yoxsa vəziyyət getdikcə ciddiləşirdi. Nəhayət, xeyli yalvar-yaxardan sonra Sammerli qısaquyruq qəlyanını ağzına alıb irəli getdi, Çellencer də onun arxasınca, özü də gedə-gedə dodaqaltı donquldanırdı.

Qayıqlarımızı gizlətdiyimizdən iki gün keçəndə bizi əhatə edən təbiətin xarici mənzərəsi dəyişdi. Yolumuz yoxuşa qalxdı, tropik iqlimə xas zənginlik, həddən ziyadə bol yaşıllıq birdən-birə azaldı, meşəlik yavaş-yavaş seyrəlməyə başladı: adda-budda bitib cürbəcür kollarla, pöhrələrlə dövrələnmiş feniks və hindqozu ağacları irigövdəli ağacları əvəz etdi. Biz, əsasən, kompasa görə hərəkət edirdik. Üçüncü gün sübut olundu ki, doğru yolla gedirmişik: Çellencer ilk səfər zamanı yadında qalmış nişanələri görüb tanıdı. Bundan başqa, bir yanı qaralmış dörd ocaq daşına da rast gəldik, həmin daşlardan vaxtilə Çellencergil istifadə etmişdilər.

Yolumuz hələ də dikinə qalxmaqda idi – dağ döşünə bənzər bu yamacı iki günə aşdıq. Təbiət mənzərəsi bir daha dəyişdi: ağaclardan yalnız kolabənzər fil ağacı qaldı, gözəlliyi ilə adamın ağlını dumanlandıran səhləb çiçəkləri də adda-budda görsənirdi. Artıq şər qarışanda bir tərəfi sıldırım qayalardan ibarət olan gölün sahilində çadır qurub dincəldik, suyunda üzən mavi balıqlardan şam hazırladıq. Dərhal çadır qurduq ki, yatıb dincələk: iki gün ərzində yaman yorulmuşduq.

Səhər erkən durub yolumuza davam etdik. Təbiətin mənzərəsi yenə dəyişdi. İndi qabaqda dağ döşü təki yuxarı meyillənib ayıdöşəyinə bürünmüş düzənlik və dalbadal düzülmüş alçaq təpələr görsənirdi. Günortaya yaxın həmin təpəliyə çatdıq, ondan o yana tədricən aşağı meyillənən bomboş, çılpaq düzən gəlirdi və bu düzən uzaqda qövsə bənzər üfüqlə qovuşurdu.

Dəstənin önündə gedən professor Çellencer və yerli hindilərdən ikisi qəflətən dayanaraq həyəcan içində sağ tərəfi göstərirdilər. Biz həmin tərəfə baxdıq; boz rəngli nəhəng quş qanad çalıb yuxarı qalxdı, alçaqdan uça-uça ayıdöşəyi kollarının arxasında gözdən itdi.

– Gördünüz? – deyə Çellencer sevinclə qışqırdı. – Sammerli, gördünüz?

Həmkarı quşun gözdən itdiyi səmtə baxırdı.

– Sizin fikrinizcə, o nə quşudur? – nəhayət, Çellencerdən soruşdu.

– Pterodaktil, – Çellencer cavab verdi.

Sammerli özünü saxlaya bilməyib ucadan güldü.

– Pterodaktil!!! – kinayə ilə dedi. – Xahiş edirəm, çaşmayın, bu, leylək idi.

Çellencerin qəzəbdən dili-dodağı kilidləndi, cavab əvəzinə yükünü çiyninə atıb yoluna davam etdi. Lord Con bu vaxt mənə yaxınlaşdı, çox ciddi görünürdü. Əlindəki durbinə işarə edərək dedi:

– Uçmazdan qabaq diqqətlə ona baxdım. Nə olduğunu deyəmmərəm, amma ömrümdə belə şey görməmişdim.

Bəlkə, biz həqiqətən də professorun söylədiyi möcüzəli aləmin qapısı ağzındayıq! Kim bilir? Nəhayət, mənzilbaşına çatdıq. Səhra kimi bomboş görünən düzənin sonuna yaxın yerlərdə təkəmseyrək bitən palma ağacları görünməyə başladı. Yerlə göyün birləşdiyi yerdə isə amerikalı səyyahın rəsm dəftərində gördüyüm qırmızı, hündür qayalar ucalırdı. Çellencer döyüşkən xoruzlar kimi döşünü irəli verib təkəbbürlü-təkəbbürlü şəstlə yeriyirdi. Sammerli isə fikrə dalmışdı, dinmirdi. Sabah hər şey aydın olacaqdı. Joze əlini yaralamışdı, indi əlinin ağrısı get-gedə şiddətləndiyindən dözə bilmirdi, geri qayıtmaq istəyirdi. Yazdığım məktubu da onunla göndərirəm.

IX FƏSİL
BU KİMİN AĞLINA GƏLƏRDİ?

Qaranlıq düşəndə tənha qayanın yaxınlığında çadır qurduq. Səhv etmirəmsə, tənha qaya barəsində sizə artıq məlumat vermişəm. Qayanın başında kiçicik meydança vardı, həmin meydança ilə yastananı bir-birindən dərin uçurum ayırırdı. Bundan başqa, qayanın başında nəhəng bir ağac da bitmişdi. Tənha qayanın hündürlüyü təqribən 500-600 fut olardı. Yastanaya qalxmaq mümkün deyildi.

Professor Çellencer tənha qayanın başında bitmiş ağacı göstərərək dedi:

– Dediyim pterodaktil o ağaca qonmuşdu. Xeyli yuxarı dırmaşandan sonra güllə ilə vurub onu öldürdüm. Lap qayanın başına da çıxa bilərdim, ancaq xeyri yox idi, çünki oradan yastanaya addamaq ağlabatan iş deyildi.

Çellencer pterodaktildən danışanda mən Sammerliyə baxdım; fikrə getmişdi, hiss etdim ki, daxilində bir təbəddülat, dəyişmə əmələ gəlib. Bunu Çellencer də gördü, odur ki:

– Əlbəttə, – dedi, – professor Sammerli güman edəcəkdir ki, biz pterodaktil yox, leylək görmüşük, intəhası bu leyləyin qanadları tüksüzdür, dimdiyində isə ağappaq dişləri vardır.

Sözünü deyib qurtarandan sonra gülümsünüb Sammerliyə göz vurdu. Sammerli isə dinmədi, təkcə arxasını çevirib ondan uzaqlaşdı.

Səhər yuxudan qalxanda maniokla33
  Maniok – kökündən un hasil edilən tropik bitki və yaxud bu bitkinin kökündən hazırlanmış un


[Закрыть]
qəhvə içdik; burada nə qədər qalacağımızı bilmirdik, ona görə də yeməyimizə qənaət etməliydik. Toqqanın altını az-maz bərkidəndən sonra müşavirə çağırıb yastanaya nə cür çıxacağımızı müzakirə etdik.

Müşavirəni Çellencer aparırdı. O, iri bir daşın üstündə oturmuşdu. Gözlərini üzümüzdə gəzdirə-gəzdirə yaranmış vəziyyəti təhlil etdi, gələcək fəaliyyətimizdən danışdı.

– Nəzərinizə çatdırmaq istəyirəm ki, – Çellencer dedi, – birinci dəfə buraya gələndə yastanaya qalxmaq istədim, ancaq bacarmadım. Yastananı şərq tərəfdən də gəzib-dolandım, ancaq yuxarı çıxmağa yararlı yer tapmadım. İndi fikriniz nədir? Biz nə etməliyik?

Professor Sammerli:

– Gəlin belə edək: yastananın qərb tərəfini yoxlayaq, bəlkə, yuxarı qalxmağa münasib yer tapdıq.

– Elədir, – lord Con dedi, – görünür, yastananın ümumi sahəsi böyük deyil, buna görə də onun ətrafını gəzib-dolansaq, ya yuxarı qalxmağa yararlı yer taparıq, ya da əvvəlki yerimizə qayıdarıq.

Çellencer başı ilə mənə işarə edərək dedi:

– Gənc dostumuzu artıq xəbərdar etmişəm ki, biz yuxarıya asanlıqla qalxa bilməyəcəyik, çünki bu yol asan olsaydı, yastanadakı heyvanlarla qitədəki heyvanlar bir-birinə qarışardı, nəticədə özünəməxsus, spesifik qanunların hökm sürdüyü, dünyanın qalan hissəsindən fərqli aləm yaranmazdı. Yastanaya qalxmaq üçün xüsusi yol vardır və bu yol asan yol deyildir, olduqca ağır və çətin yoldur.

– Səbəb nədir ki, siz belə inamla danışırsınız? – deyə Sammerli soruşdu.

– Əgər bu yol olmasaydı, Mepl Uayt yuxarı çıxıb rəsm dəftərində yırtıcının şəklini çəkəmməzdi.

Qayaların dibi daşlı-kəsəkli olduğundan çox ləng yeriyirdik. Qəflətən elə bir şey gördük ki, ürəyimiz qanadsız quş təki çırpındı. Rəngi solub köhnəlmiş çadıra, pərakəndə şəkildə ətrafa səpələnmiş konserv qutularına, konyak şüşəsinə, şüşəaçana, sınıq qaşığa və bir sıra digər əşyalara rast gəldik. Bundan başqa, xəzəl kimi saralıb əzik-üzük olmuş “Çikaqolu demokrat” adlı qəzet də tapdıq, qəzetdəki yazılar pozulduğundan tarixini aydınlaşdıra bilmədik.

– Mənim qəzetim deyil, – Çellencer dedi, – yəqin, Mepl Uaytındır.

Bir xeyli yol gedəndən sonra isə bambuk ağacları ilə rastlaşdıq, onlar yastananın qırağına yaxın yerdə bitmişdi. İtiuclu olduqlarından nizəyə bənzəyirdilər. Yanlarından ötüb-keçərkən ağacların arasından ağaran bir şey mənim diqqətimi özünə cəlb etdi. Boynumu irəli uzadıb baxanda gözümə kəllə sümüyü sataşdı. Əslində, bütün insan skeleti orada idi, kəllə sümüyü isə bir qədər kənara diyirləndiyindən dərhal nəzərə çarpırdı.

Həmin sahəni ağaclardan təmizləyib qurtarandan sonra hərtərəfli gözdən keçirdik. Paltarının bəzi hissələri salamat qalmışdı, ayaq sümüklərində mərhumun vaxtilə geydiyi çəkmələrin qalıqları görünürdü. Məlum oldu ki, mərhum avropalıymış. Sür-sümüyün içində qızıl saat və bir ucundan qələm asılmış qızıl zəncir də vardı. Bundan başqa, qapağına “C.K., E.İ.S.-dan” sözləri yazılmış gümüş portsiqar tapdıq. Portsiqarın ümumi görünüşündən belə nəticə çıxartmaq olardı ki, əhvalat uzaq keçmişdə deyil, bu yaxın vaxtlarda baş vermişdir.

– Bu kim ola bilər? – deyə lord Con soruşdu. – Yazığın bədənində salamat sümük qalmayıb.

– Qabırğalarının arasından çıxan bambuk ağacları boy atıb əməlli-başlı ağaclara çevrilmişdir, – Sammerli dedi. – Ümumiyyətlə, bambuk ağacları sürətlə böyüyür, bir də ağacların hündürlüyü iyirmi futa çatmış olsaydı, cəsəd heç vaxt buraya düşməzdi.

– Mərhumun kim olduğu mənə məlumdur, – professor Çellencer dedi. – Sizin yanınıza gəlməzdən əvvəl Mepl Uayt barəsində sorğu apardığıma görə bəzi şeylər mənə bəllidir. Para şəhərində heç nə öyrənə bilmədim, orada onu heç kəs tanımırdı, lakin xoşbəxtlikdən mərhum rəssam Rosarioda keşişlə nahar etdiyini rəsm dəftərinə çəkmişdi. Həmin keşişi asanlıqla tapdım. Ondan öyrəndim ki, Mepl Uayt Rosariodan dörd il əvvəl, yəni onu gördüyüm vaxtdan iki il əvvəl keçib-getmişdir. O, tək deyildi, amerikalı dostu Ceyms Kolver qayıqda qalıb onu gözləyirdi. Demək, biz indi Ceyms Kolverin qalıqlarına baxırıq.

– Onun nə cür öldüyü də yavaş-yavaş aydınlaşır, – lord Con dedi.– Ya onu yuxarıdan, yastanadan aşağı itələmişlər, ya da özü yıxılmışdır, çünki sınmış qol-qabırğası ilə bu qədər yol qət edə bilməzdi.

Ayağımızın altındakı sür-sümüyə baxıb lal-dinməz durmuşduq. Lord Conun sözlərində müəyyən həqiqət vardı, yastananın kənarı düz bambuk ağaclarının başı üstündəydi. Görünür, ayağı sürüşüb yerə yıxılmışdı. Birdən ağlıma bir fikir gəldi, elə fikir ki, qorxudan hətta damarımda qanım dondu. Bəlkə, kimsə onu?..

Açığını deyim ki, yastana bizi artıq qorxutmağa başlayırdı, narahatlığımız artırdı.

Həmin gün iyirmi iki mil məsafə qət etdik, amma təəssüf ki, yuxarı qalxmağa yol tapmadıq. Əlimizdəki aneroidə əsasən bildik ki, biz dəniz səviyyəsindən 3000 fut hündürlükdəyik.

Lord Con ovladığı çöldonuzunu kəsəndən sonra ətin yarısını hindilərə verdi, qalanını isə biz ocaqda qızartmağa başladıq. Qaranlıq düşdüyündən hava soyumuşdu, ona görə tonqala yaxın oturduq. Səmada sayrışan ulduzlar kiçik alov şölələri kimi titrəyib işıldayırdı, ətraf isə qatı zülmətə bürünmüşdü, bir addım irəlini görmək olmurdu, ay da qeybə çəkilmişdi. Bu zülmətin içindən qəfil çıxan yırtıcı bizə hücum çəkdi. Elə bil aeroplan idi, uğultusundan qulaq tutulurdu. Pərdəli qanadlar üstümüzü bir anlığa miçətkən kimi örtdü. Mən tonqalın işığında bir cüt qan sızmış zəhmli gözlər və qorxunc, dəhşətli dimdik gördüm. Təəccüblü burası idi ki, dimdiyində ağappaq, xırda dişlər vardı. Qəflətən gəldiyi kimi, qəflətən də qaranlığa qarışıb yox oldu. Ocaqda qızartdığımız ət parçasını özü ilə götürüb getdi. Əcaib varlıq qaranlıqda qorxunc xəyala bənzəyən sıldırım qayaların arxasında gözdən itdi. Bir müddət araya gərgin sükut çökdü, dinib-danışan olmadı. Nəhayət, Sammerli araya çökmüş sükutu pozdu.



– Professor Çellencer, – həyəcanla dedi, – mümkünsə, məni əfv edin. Səhvimi boynuma alıram, ser. Xahiş edirəm, olub-keçəni unudasınız.

Əlbət ki, ürəkdən gələn bu sözlər istənilən adamı yumşaldıb mum edərdi. Alimlərimiz ilk dəfə olaraq əl verib görüşdülər. Çellencer və professor Sammerli, axır ki, barışdılar.

Bu üç gün ərzində haralarda olmadıq?! Daşlı-kəsəkli yerlərdən tutmuş kimsəsiz bataqlıqlara qədər hər yanı gəzib-dolaşdıq, başımızın üstündə qanad çalıb uçuşan cürbəcür vəhşi quşlardan savayı heç nə görmədik. Yastananın şimal və şərqində yollar olduqca ağır olduğundan böyük çətinliklə yeriyirdik, tez-tez qurşağadək lilə, lehməyə batırdıq. Belə bir yerdə Cənubi Amerikanın ən qorxunc və zəhərli ilanı olan carakakaya rast gəldik. Qorxulu bataqlıqlardan ötüb-keçərkən bu dəhşətli məxluqlar fışıldaya-fışıldaya bizə sarı sürünməyə başladı, sanki üstümüzə atılmağa hazırlaşırdılar. Bataqlıqda gördüyüm dərin, dairəvi çuxur heç vaxt yadımdan çıxmayacaqdır. Şibyə ilə lehməlik bir-birinə qarışdığından çuxurun dibi yaşıl rəngə çalırdı. Ora, görünür, həmin qorxunc heyvanların yuvasıydı, çünki içində yüzlərlə, minlərlə ilan qaynaşırdı. Ümumiyyətlə, carakaka ilanları aqressivdir, insan görən kimi üstünə atılır. Təbiidir ki, bu qədər ilanın öhdəsindən gəlmək qeyri-mümkün idi, ona görə dabanlarımıza tüpürüb o ki var qaçdıq. Nəfəsimizi dərmək üçün ayaq saxlayanda qanrılıb geri boylandıq, arxamızca gələn ilanların dalğa təki qalxıb-enən heybətli başlarını görüb dəhşətə gəldik. Odur ki çox ləngiməyib yenidən qaçmağa başladıq, bir də təhlükəsiz yerə çatanda dayandıq. Tərtib etdiyimiz xəritədə həmin yeri Carakaka bataqlığı adlandırdıq.

İlk yerimizə – tənha qayanın yanına bir də altı gündən sonra gəlib çatdıq. Axtarışımız bir nəticə vermədiyi üçün ürəyimizdən qara qanlar axırdı. Gecə düşəndə dinməz-söyləməz yatağımızı hazırladıq. Yorğanı başıma çəkməmişdən əvvəl tonqalın yaxınlığında oturub dərin fikrə getmiş Çellencerə “Gecəniz xeyrə qalsın” dedim, lakin o dinmədi. Çəlləyə bənzər yekə başını iki əli ilə tutub fikrə getmişdi.

Səhər erkən yuxudan ayılan zaman eşitdiyimiz ilk səs professor Çellencerin salamı oldu. Onda dünənki bədbinlikdən əsər-əlamət belə qalmamışdı, sifətindən sevinc yağırdı. Səhər yeməyinə toplaşanda diqqətlə ona baxdım. Gözləri hənirtisinə isindiyimiz tonqaltək şölə saçırdı, başını arxaya atdığına görə saqqalı dik durmuşdu, sinəsi isə şişib kötüyə dönmüşdü.

– Evrika! – qəflətən ucadan qışqırdı. – Cənablar, əvvəl məni, sonrasa özünüzü təbrik edin. Bizi indiyə qədər narahat edən məsələnin həllini tapmışam.

– Demək, yastanaya qalxa biləcəyik?

– Bəli.

– Necə?

O, cavab əvəzinə sağ tərəfimizdə ucalan tənha qayanın başını göstərdi. Qayaya baxan kimi əl-ayağımız soyudu. Doğrudur, həmin qayanın başına çıxmaq çətin deyildi, di gəl ki oradan yastanaya addamaq, demək olar ki, qeyri-mümkün idi.

– Uçurumun üstündən keçə bilməyəcəyik, – dedim.

– Əsas qayanın başına qalxmaqdır, – dedi, – qalan işlər asandır. Unutmayın ki, yaradıcı beyin ağzı qıfıllı qapılara açar tapır.

Biz professor Çellencerin əşyalarından alpinist çəkmələrini, 150 futluq kəndiri, sıxacları və bəzi başqa şeyləri seçib götürdük. Lord Con təcrübəli alpinist idi. Sammerli də bu işdə xam deyildi, yaşının müxtəlif dövrlərində dağlara çıxası olmuşdu. Bu sahədə bir nəfər naşı adam varıydısa, o da mən idim. Bununla belə, qorxmurdum, özümə güvənirdim.

Birinci olaraq qayanın başına Çellencer çıxdı. O özü ilə götürdüyü ipin ucunu qayanın başındakı ağaca bağladı, digər ucunu isə bizə tulladı, odur ki yolun son hissəsini asanlıqla qət etdik.

Tənha qayanın başındakı kiçik meydança başdan-başa yaşıl otla örtülmüşdü. Qaya ilə yastananın hündürlüyü eyni olduğuna görə oradakı ağaclar mənə lap yaxın göründü. Sanki arada uçurum-zad yoxuydu, yastanaya çıxmaqdan ötrü cəmi bir neçə addım atmaq kifayət idi. Gözəyarı hesabladım ki, bizimlə yastananın arasındakı uçurumun eni qırx futdur, lakin biz durduğumuz yerdən qırx fut qırx mil kimi görünürdü.

– Təəccüblüdür, – tənha qayanın başında bitmiş ağaca diqqətlə baxan Sammerli qəflətən dilləndi.

Ağacın xırda və zolaqlı yarpaqları mənə tanış gəldi.

– Bu ki fıstıq ağacıdır! – həyəcanla qışqırdım.

– Elədir, – Sammerli dedi, – həmvətənimizdir.

Çellencer:

– Təkcə həmvətənimiz deyil, həm də xilaskarımızdır.

– Körpü! – deyə lord Con qışqırdı.

– Elədir, dostlar, bizim körpümüz olacaq. Dünən gecə hədər yerə vaxt itirməmişəm, məsələni həll etməkdən ötrü düz bir saat düşünmüşəm. Nəhayət, çıxış yolu tapmışam. Biz körpü salacağıq.

Çellencer yuxarı qalxanda özü ilə balta götürmüşdü. Baltanı alıb dərhal işə başladım. Yorulanda lord Con məni əvəz edirdi. Fasiləsiz olaraq düz bir saat işlədik, nəhayət, irigövdəli ağac şaqqıldadı və qulaqbatıran gurultu sala-sala uçurumun üzərinə düşdü.

Biz professor Çellencerə yaxınlaşıb təşəkkür əlaməti olaraq əllərini sıxdıq. O isə sinəsini təkəbbürlə doldurub dedi:

– Tələb edirəm ki, möcüzələr aləminə birinci mən keçim, mən bu yüksək şərəfə layiq adamam.

Körpüyə sarı getmək istəyəndə lord Con tutub onu saxladı:

− Mənim hörmətli dostum, mən buna razı deyiləm. Sizin öz peşəniz var, mənim öz peşəm, siz öz işinizi yaxşı bilirsiniz, mən isə öz işimi… Biz indi naməlum torpağa ayaq basırıq. Bəlkə, orada adamyeyən, qaniçən zalımlar yaşayır, ona görə ehtiyatlı olmalıyıq.

Lord Con fikrini əsaslandırdığına görə Çellencer etiraz etmədi, təkcə çiyinlərini oynatdı.

− Siz nə təklif edirsiniz, ser? – deyə xəbər aldı.

Lord Con dedi:

− Təklifim belədir ki, Melounla mən aşağı düşüb tüfənglərimizi bura gətirək, Qomes də dostu ilə birlikdə bu işdə bizə kömək edər. Sonra birimiz o taya adlayar, biz isə onu tüfənglə qoruyarıq. Sakitlik olsa, hamımız o taya keçərik.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации