Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 5

Текст книги "İtmiş dünya"


  • Текст добавлен: 21 декабря 2022, 14:29


Автор книги: Артур Дойл


Жанр: Классическая проза, Классика


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

XII FƏSİL
GECƏYARISI MEŞƏDƏ

Dostlarım öz təşəkkürlərini bildirəndə qəlbim fəxrlə döyünürdü. Ekspedisiyanın ən gənc və təcrübəsiz üzvü ola-ola böyük hünər göstərmişdim. Elə bil yeri-göyü mənə bağışlamışdılar, qanadlanıb uçmaq istəyirdim. Amma heyif ki, ilk müvəffəqiyyətimdən gözüm dumanlandı, təhlükəni duymaq qabiliyyətini itirdim, özümə həddən ziyadə güvəndim, nəticədə başıma dəhşətli hadisə gəldi. Həmin hadisə indi də yadıma düşəndə tüklərim biz-biz olur, qorxudan az qalır bağrım yarılsın.

Əhvalat bu cür oldu. Gecə uzun müddət yata bilmədim, dostlarımın tərifi qulağımdan getmirdi, daim bu barədə fikirləşirdim. Daha bir qəhrəmanlıq göstərmək istəyirdim.

Sammerli keşiyimizi çəkirdi, tüfəngini dizi üstə qoyub mürgüləyirdi. Lord Con adyala bürünüb sakitcə yatırdı. Çellencerin xorultusu meşədə əks-səda verirdi. Ay gümüşü pərdəsini yastananın üstünə salmışdı. Lap gəzməli hava idi. Birdən ağlıma belə bir fikir gəldi: “Niyə də gəzməyə çıxmayım?” Fikirləşdim ki, təkbaşına Mərkəzi gölə gedib hər şeyi yerli-yataqlı öyrənərəm, bu da dostlarımın sevincinə səbəb olar, məni yenə tərifləyərlər. Birdən-birə Qladis yadıma düşdü, səsini eşitdim: “İndi də şücaət göstərmək olar”. Damarımda qanım coşdu. Qərara gəldim ki, fürsətdən istifadə edim. Ciblərimi patronla doldurub tüfəngimi götürdüm və bayıra çıxdım. Sammerli gur yanan tonqalın qənşərində oturub dərin yuxuya getmişdi.

Düşərgəmizdən bir qədər aralanmışdım ki, qorxu hissi mənə üstün gəldi, təkbaşına meşəyə çıxdığıma peşman oldum. Təbiətən qorxaq olduğumu yəqin bilirsiniz, amma rüsvayçılıq mənə ölümdən betərdir, ona görə yolumdan dönmədim, irəli getdim. Özümə toxtaqlıq, təskinlik vermək üçün tüfəngi dabana çəkmək qərarına gəldim. Təəssüf ki, arzum gözümdə qaldı, dəhşətdən qəlbim uçundu… Özümlə qırma tüfəngi götürmüşdüm… ciblərimi isə güllə ilə doldurmuşdum!

Qəflətən məni bürümüş tərəddüd yavaş-yavaş çəkildi və mən yoluma davam etdim. İquanodon talasına çatanda ayaq saxladım. Tala bomboş görünürdü, bütün cəsarətimi toplayıb qaça-qaça taladan keçdim. Talanın o biri başına çatanda ürəyim yerinə gəldi, qıjıltı ilə axıb gedən kiçik çayı tapıb irəli yeridim.

Xeyli getmişdim ki, qabaqdan daha bir şırıltı səsi gəlməyə başladı. Çox qəribə səsdi, sanki nəsə pıqqıldayıb qaynayırdı. Nə olduğunu bilmək üçün addımımı yeyinlətdim. Qarşıma Trafalqar-skver fəvvarəsindən böyük olmayan gölməçə çıxdı, suyu qətran kimi yapışqanlı və qara idi. Qaz çıxdığına görə suyun üzündə mütəmadi olaraq qovuqlar yaranırdı. Neçə min il bundan əvvəl püskürmüş vulkan hələ tam sakitləşməmişdi. Pərakəndə şəkildə ətrafa səpələnmiş lavalar üst-üstə yığılıb kiçik təpəciklər yaratmışdı, hər yan yanıb kösövə dönmüş qapqara daşlarla doluydu. Məndən olsaydı, bitumlu gölü hərtərəfli öyrənmək üçün burada xeyli ləngiyərdim, təəssüf ki, tələsirdim, dan yeri ağarmamış düşərgədə olmalıydım.

Gördüyüm ilk mənzərə məni xeyli təəccübləndirdi. Qinqko ağacının başına çıxanda sizə demişdim ki, mənimlə üzbəüz, gölün o biri tayında yerləşən silsilə qayaların döşündə mağara ağzına oxşayan qara ləkələr vardı, indi onlardan işıq gəlirdi. Əvvəl belə düşündüm ki, işığa səbəb təbiətin özüdür, yəni yastananın daxilində gedən vulkanik prosesdir, amma tezliklə səhvimi anladım: vulkanik proses axı, bir qayda olaraq, çökək yerlərdə gedir. Belə isə, bu nə idi? Bu işıq, şübhəsiz ki, mağaranın içində şölələnib yanan tonqalların işığı idi. Tonqalları isə ancaq insan qalaya bilərdi. Demək, yastanada insanlar yaşayır! Bax burada bəxtim yaman gətirdi. Bu xəbər təkcə dostlarımı deyil, bütün dünyanı lərzəyə gətirəcəkdi.

Mağaradan süzülərək qaranlığı işıqlandıran alovun bir-biri ilə qaçdı-tutdu oynayan titrək kölgələrinə doyunca tamaşa etdim. Qarşısından adam keçəndə alovun işığı bir anlığa tutulur, az sonra açılaraq yenidən bərq vururdu.

Ayın və ulduzların əksi Qladis gölünə düşmüşdü. Göl nəhəng, təbii aynaya bənzəyirdi. Qumlu təpələrin birində nəhəng və eybəcər varlıq gördüm. O, suyun içinə girəndə nazik və uzun boğazı bir müddət yuxarıda qaldı, çox keçmədi ki, o da suya batıb görünməz oldu.

Nəhayət, diqqətimi yan-yörəmə yönəltdim. Məğrur yerişli erkək maral iki balasını və dişisini yanına salıb gölün kənarındakı kirpilərə yaxınlaşdı, sonra onlar sıraya düzülüb su içməyə başladılar. Erkək maral bir qədər keçəndən sonra fınxıraraq işarə verdi ki, getmək vaxtıdır. Onlar sıraya düzülüb irəliləyərək qamışların arasında gözdən itdilər. Yastananın ən yırtıcı heyvanlarından biri onların yerinə gəldi.

Yeridikcə quşa bənzər başını yerə yaxın saxlayan bu iyrənc varlığın surəti mənə tanış gəldi. Mən onu Mepl Uaytın rəsm dəftərindəki steqozavra oxşatdım. Görünür, amerikalı rəssam onunla üz-üzə gəlmişdi. Bəlkə, bu elə həmin heyvandır? Onun ağırlığından torpaq çalxalanıb yırğalandı, dedim, bu dəqiqə Yer kürəsi almatək paralanıb yarı bölünəcəkdir. Su içərkən horultusundan qulağım batdı. Doyunca içib susuzluğunu yatırandan sonra ləngər vura-vura iri, sal daşların arxasında gözdən itdi.

Saatın əqrəbləri artıq üçün yarısını göstərirdi. Daha ləngimək olmazdı, getmək lazım idi. Yolun yarısını qət etmişdim ki, arxamda səs eşitdim, elə bil kimsə xortuldadı. Aləm başıma fırlandı. Ətrafa nə qədər göz gəzdirsəm də, qatı zülmətdən savayı heç nə görmədim. Əhvalımı pozmadan yoluma davam etdim, təkcə addımlarımı bir balaca yeyinlətdim. Yarım mil getməmişdim ki, həmin səs yenidən eşidildi, bu dəfə əməlli-başlı qorxdum. Demək, vəhşi mənim dalımca düşmüşdü. Bir müddət nəzərlərimi gəldiyim yola dikdim. Çox keçmədi ki, nəhəng qara kölgə kolların içindən irəli atıldı. Heyvan arxa ayaqlarının üstündə hoppana-hoppana hərəkət edirdi, əlləri nazik çubuğa bənzəyirdi. Olduqca iri, güclü və çevik heyvan idi. İrəli hoppandıqca qabaq pəncələrinin üstə yerə yıxılıb torpağı iyləyirdi. Bəzən səhv yola düşürdü, lakin tezliklə səhvini düzəldib yenidən izimcə gəlirdi. Bir xeyli qaçmışdım ki, baldırlarım sızıldadı, boğazım quruyub acışmağa başladı, bununla belə, dalımca düşmüş yöndəmsiz varlığı xəyalımda canlandıran kimi istər-istəməz sürətimi artırırdım. Axırda, yorulub tamam əldən düşəndə ayaq saxladım. Bir anlığa mənə elə gəldi ki, yırtıcı daha məni təqib etmir. Mən gəldiyim tərəfdə sükut hökm sürürdü, lakin birdən tappıltı səsləri gəlməyə başladı və… cəmi bir neçə addımlığımda vəhşinin fışıltılı nəfəsini eşitdim. Qorxudan başımı itirdim. Vəhşi məni görüb üstümə atıldı, mən dəhşətlə qışqırıb geri çevrildim və hara gəldi qaçmağa başladım. Dəlicəsinə qaçırdım, yırtıcı hoppanıb düşərkən eşitdiyim tappıltı səsi get-gedə mənə yaxınlaşırdı. Hər an qorxunc cırnaqların kürəyimə sancılacağını gözləyirdim. Gözlənilmədən ayaqlarımın altda nəsə şaqqıldadı, sanki yer ayrıldı və mən aşağı düşdüm. Aşağı yuvarlanmağımla huşumu itirdiyim bir oldu.

Bir neçə dəqiqə huşsuz qaldım, ayılanda isə kəskin kif iyi burnumu qıcıqlandırdı. Başa düşdüm ki, quyunun içindəyəm. Birtəhər ayağa durdum, başım gicəllənsə də, özümü saxladım. Məni təqib edən vəhşini xatırlayıb quyunun ağzına baxdım, heç nə görünmürdü, sakitlik idi. Quyu dərin, divarları azca maili idi. Quyunun dibini gəzərkən nəyəsə toxundum. Diqqətlə baxandan sonra bunun torpağa basdırılmış paya olduğunu gördüm. Paya o qədər ucaydı ki, əlim başına çatmırdı. Onu nə üçünsə piylə yağlamışdılar.

Yadıma düşdü ki, cibimdə bir qutu mumlanmış kibrit var. İçindən birini götürüb yandırdım. Yan-yörəmə nəzər salandan sonra məlum oldu ki, nəhəng nizəni andıran paya bura düşmüş heyvanların qanından qapqara qaralmışdı. Ayağıma ilişib çürüməkdə olan ət parçaları isə itiuclu payaya keçmiş heyvanların qalıqları idi. Görünür, tələyə düşmüş heyvanları doğrayıb quyudan çıxarmaq istəyəndə bu ət tikələrini əllərindən yerə salmışdılar. İndi aydın oldu ki, insanlar bu zalım qaniçənlərdən qorunmaq üçün darağızlı mağaralarda yaşayırdılar, içinə düşdüyüm quyuya bənzər tələlər qazıb ağzını çör-çöp, yoğun budaqlarla örtürdülər ki, vəhşi nəhənglər içinə düşüb məhv olsun.

Quyunun divarları kələ-kötür və maili olduğu üçün yuxarı asanlıqla çıxardım, amma o qorxunc yırtıcının yemi olmaq istəmədiyimdən tələsmədim, gözlədim. Axır ki, cəsarətimi toplayıb quyunun başına çıxdım və ehtiyatla ətrafa boylandım. Sakitlik idi. Ulduzlar yavaş-yavaş öləziyir, səma ağarırdı, ətrafda şübhəli bir şey görünmürdü. Bayıra çıxıb bir müddət quyunun qırağında oturdum ki, üstümə hücum edən olsa, dərhal içəri girim. Lakin heç nə baş vermədi, hər yanda sakitlik hökm sürürdü. Özümə ürək-dirək verə-verə gəldiyim yolla geri qayıtmağa başladım. Düşərgəmizin yanından qaynayıb çıxan bulağın şırıltısını eşidənədək dayanmadan irəli getdim. Dörd tərəfimi ürkək nəzərlərlə süzüb yoxlayandan sonra düşərgəmizə sarı yönəldim.

Qəflətən tüfəng səsi eşitdim. Bu səs sakitlikdə şimşək təki guruldayaraq bütün yastanada əks-səda verdi. Ayaq saxlayıb diqqətlə qulaq asdım, lakin daha atəş səsi eşidilmədi. Ağlıma gələn ilk fikir ağır daş olub qəlbimdən sallandı. Bəlkə, dostlarım bəd ayaqdadır? Bəlkə, onlara təhlükə üz verib? Beynimdə qalxmış bu suala birdən-birə sadə cavab tapdım. Hava artıq açılmışdı, dostlarım da məni yerimdə görməyib, yəqin, belə zənn ediblər ki, meşədə azmışam, ona görə də atəş açaraq harada olduqlarını bildirmək istəyirdilər.

Yorğunluqla yuxusuzluq məni əldən saldığına görə istədiyim sürətlə yeriyə bilməsəm də, çox keçmədi ki, tanış yerlərə gəlib çatdım: sol tərəfimdə Pterodaktillər bataqlığı, qənşərimdə isə İquanodon talası yerləşirdi. Çellencer istehkamına az qalanda, meşənin qurtaracağında dostlarımı harayladım. Lakin səsimə cavab vermədilər, nigaran olub addımlarımı yeyinlətdim.

İstehkam necə varsa, eləcə qalmışdı, təkcə qapısı açıqdı. İldırım sürəti ilə özümü içəri saldım. Gördüyüm mənzərə təəccübümə səbəb oldu. Əşyalarımızın hamısı ortalıqda idi, hamısı da bir-birinə qarışmışdı. Ən təəccüblüsü bu idi ki, dostlarım yoxa çıxmışdı. Ocağın kənarında qan gölməçəsi vardı, onu görən kimi gözlərimə qaranlıq çökdü. Çölə çıxıb dəlicəsinə dostlarımı səslədim. Səsimə hay verən olmadı.

Düşərgəmizdəki ümumi mənzərəyə əsasən belə fikir yürütmək olardı ki, dostlarım hücuma məruz qalmışdılar və eşitdiyim atəş səsi, görünür, bu hücumun başlanğıcı idi. Tüfəngin bir dəfə səslənməsi davanın uzun çəkmədiyini sübuta yetirirdi. Dostlarım tüfənglərini belə götürməyə macal tapmamışdılar, tüfənglərin hamısı yerdə qalmışdı, təkcə lord Conun tüfəngindən bir güllə əskik idi. Çellencerlə Sammerlinin ocağın kənarına atılmış adyalları onu göstərirdi ki, təcavüz zamanı yatırmışlar. Ərzaq yeşiklərimiz, hərbi sursatımız və fotoaparatlarımız dağıdılmışdı. Ərzağımız isə yoxa çıxmışdı.

Düşərgənin dörd yanını gəzib-dolandım, amma heç bir izə rast gəlmədim, sanki hücum çəkmiş heyvan bura quş kimi göydən düşmüşdü. Dostlarımı axtararkən meşədə azdım, bir saata qədər ağacların arasında vurnuxandan sonra Çellencer istehkamını tapa bildim.

Ağlıma gələn qəfil fikir məni az-maz sakitləşdirdi. Mən tək-tənha deyildim, qayanın dibində səbirlə yolumuzu gözləyən sədaqətli qulluqçumuz Zambo hər buyruğumu yerinə yetirməyə hazırdı. Yastananın kənarına gəlib aşağı baxdım. Zambo tonqalın önündə oturub adyala bürünmüşdü. Onu ucadan səsləyərək yaylığımı havada yellədim. Zambo başını qaldırdı, məni görüb əl elədi…

XIII FƏSİL
BU GÖRÜŞ NƏYƏ DESƏN DƏYƏR

Düşərgədə yuxulamaq asan deyildi, düşərgədən kənarda isə – daha qorxulu idi. Gərək ikisindən birini seçəydim: ya düşərgədə yataydım, ya da açıq havada. Xeyli düşünüb-daşındım, nəhayət, durub düşərgəmizin qapısını bağladım, dövrəmdə üçbucaqşəkilli tonqal qalayıb şam etdim, sonra uzanıb yuxuya getdim. Dan yeri təzəcə qızarırdı ki, kimsə qolumdan dartdı. Gözlərimi açanda lord Conu böyrümdə gördüm. Qəlbim sevincdən atlandı, ucadan qışqırdım.

Qəlbimdə qalxmış sevinc tufanı sakitləşəndə diqqətlə ona baxdım. Yaman dəyişmişdi: gözləri hədəqəsindən çıxmış, bənizi qaçmışdı, bir yandan da tövşüyürdü. Əynindəki paltar cırılıb əsgiyə dönmüşdü. Heyrətlə ona baxdım, o isə ərzağımızdan qalan şeyləri qucağına yığa-yığa danışmağa başladı:

– Tez ol, cavan oğlan, tez ol! Vaxt yoxdur, hər saniyə qızıl qiymətindədir. Tüfəngin ikisini sən götür, ikisi məndədir. Ciblərini güllə və qırma ilə doldur. Yemək götürməyi də unutma. Hə, vəssalam. Haydı, getdik! Ləngimə!

Yuxudan kal ayıldığıma görə nə baş verdiyini aydın dərk eləmədim, bununla belə, tüfəngləri tez-tələsik çiynimə keçirib bir neçə konserv qutusu götürdüm və lord Conun arxasınca qaçmağa başladım. Biz cəngəlliklə qaçırdıq. Nəhayət, tikanlı kolların daha sıx bitdiyi yerə gəlib çatanda lord Con özünü kolların arasına atdı, sonra da məni çəkib yanına apardı.

– Hə, – tövşüyə-tövşüyə dedi. – Daha qorxumuz yoxdur, burada bizi tapmazlar.

– Nolub? – nəfəsimi dərib sakitləşəndən sonra soruşdum. – Professorlarımız haradadır? Bizi təqib edən kimdir?

– Meymunabənzər insanlar, – deyə əsəbi tərzdə qışqırdı. – Səs eləmə, xahiş edirəm, yoxsa eşidərlər. Qulaqları darı dəlir, gözləri də itidir. Bəs sən haradaydın, cavan oğlan? Bəxtin yaman gətirdi.

Bir-iki kəlmə ilə başıma gələn qəziyyəni ona danışdım.

– Bəxtin gətirib, – dedi, – daha pis ola bilərdi. Bu vəhşilərin əlinə düşməsəydim, onları əməlli-başlı tanımazdım. Kaş heç tanımayaydım.

− Bəlkə, məni başa salasan, görüm nə baş verib, – dedim.

– Səhər ertədən idi. Alim dostlarımız mübahisə etməyə heç macal tapmamışdılar ki, meymunlar birdən-birə, bar gətirmiş ağacdan tökülən meyvələr təkin başımıza töküldülər. Göz açmağa qoymadılar. Onlardan birinin qarnını odlasam da, xeyri olmadı, hamımızı yerə yıxıb əl-qolumuzu sarmaşıqla bağladılar. Əllərində daş və dəyənək tutmuşdular. Hərəkətləri şüurlu idi. Ola bilsin, professorun dediyi “itən nəsil” idilər. Çox güclü və ucaboydular. Qırmızı pırpız qaşları və boz gözləri vardı. Dövrəmizdə oturub bizə baxırdılar, gözləri qığılcım saçırdı. Hətta Çellencer belə qorxuya qüşmüşdü. Əl-ayağını açıb yuxarı qalxmağa çalışırdı, bir şey çıxmadığını görüb meymunsifətləri söyməyə başladı.

Səbirlə əhvalatın sonunu gözləyirdim, alim dostlarımın taleyi məni hər şeydən çox maraqlandırırdı. Lord Con isə həm başına gəlmiş əhvalatı danışır, həm də ora-bura boylanırdı. Əlindəki tüfəngi hazır tutmuşdu. Hər ikimiz astadan danışırdıq.



− Fikirləşdim, daha axırımız çatıb, öləcəyik, amma elə olmadı. Vəhşilər bir yerə toplaşıb nəyisə müzakirə etdilər. Sonra bizi meşənin içinə apardılar. Tüfənglərimizə toxunmadılar, amma üzdə olan ərzaq ehtiyatlarımızı yığışdırıb apardılar. Sammerli və mən yolboyu yaman əziyyət çəkdik. Böyürtkən kolları bizdə üst-baş qoymadı, dərimizi cızdı. Çellencerin isə kefi kök idi. Dörd nəfər vəhşi onu Roma imperatoru kimi çiyninə alıb aparırdı. Bu nə səsdir?..

Haradasa, bizdən xeyli uzaqda elə bil ağac şaqqıldadı.

– Gəlirlər, – deyə dostum əl-ayağa düşərək tüfəngini doldurdu. – Tüfəngini hazırla, gərək son nəfəsimizə qədər vuruşaq. Bir şeydən narahat olanda həmişə bu cür səs-küy salırlar. İlahi!.. Üstümüzə gəlsələr, onların hamısını qırıb tökəcəm. Səslərini eşidirsən?

– Çox pis eşidirəm.

– Onlar məni axtarırlar, yəqin, indi hər yanı alt-üst ediblər… Hə, sənə başımıza gələn qəziyyəni danışırdım. Üçümüzü də yaşadıqları yerə apardılar. Onlar əllərimizi sarmaşıqla bağlayarkən mənimkini boş bağladılar, özləri də bilmədilər, odur ki qaçmağa əlverişli məqam gözləyirdim. Nəhayət, uzun və yoğun bir ağacın altda bizi yerə uzatdılar. Əlində dəyənək tutmuş yekəpər vəhşi keşiyimizi çəkməyə başladı.

Yadındadırsa, ağacın başına qalxıb düşəndən sonra yastanada insan yaşadığını söylədin, biz isə onların özünü gördük. Yazıqlar… alçaqboyludurlar, gözlərini də yerə dikmişdilər… Yəqin, yastananın mağara tərəfi insanların, yerdə qalanı isə meymunsifətlərindir. Onların arasında amansız, qanlı müharibə gedir. Meymunsifətlər həmin insanlardan bir neçəsini dünən tutub yaşadıqları yerə gətirmişdilər. Elə sevinirdilər ki! Hay-harayları aləmi başına götürmüşdü. Onları o qədər döymüşdülər ki, yeriyə bilmirdilər. Yerə yıxılanda isə oradaca öldürürdülər… Deyəsən, keçib-getdilər, hə?

Biz susub diqqətlə ətrafa qulaq asdıq, lakin meşənin içərisindən dalğalanaraq gedən quş səslərindən savayı heç nə eşitmədik. Lord Con davam etdi:

– Yaxşı ki, bu vəhşilərin, yırtıcıların pəncəsinə keçməyibsən, bəxtin gətirib. Hindilər onların başını qatmasaydı, sənin dalınca düşərgəyə gələrdilər. Sən o vaxt haqlıymışsan, biz yastanaya ayaq basdığımız gündən onlar ağacın başından bizi güdərək basqın etməyə əlverişli məqam gözləyirmişlər. Amerikalı oğlanın skeletini tapdığımız yer yadındadır? Meymunkimilər həmin yerin üstündə yaşayırlar. O yer məhbusların tullanış yeridir. Başa düşürsən? Məhbuslar yastananın qırağında durub uçuruma tullanırlar. Könüllü edamı əziz bayram kimi, böyük təmtəraqla həyata keçirirlər. Belə bir mərasimə baxmağa bizi də apardılar. Bütün tayfa üzvləri cərgə ilə uçurumun kənarına düzülmüşdü. Hindilərin dördü aşağı tullandı, bambuk ağaclarının nizə ucluğutək havaya sancılmış başı onların bədənlərini dəlib eşiyə çıxdı. Dəhşət idi! Bilirdik ki, biz də havada süzüb o uçurumun dibinə yuvarlanacağıq. Xoşbəxtlikdən bizə növbə çatmadı. Mənim ağlıma bir fikir gəlmişdi: təkbaşına aradan çıxıb tüfənglərimizi götürür və geri qayıdıram, tüfənglərin odlu nəfəsini onlara sarı yönəldib dostlarımı ölümün pəncəsindən qurtarıram. Beləliklə, bu səhər keşikçinin qarnına güclü bir təpik ilişdirib oradan qaçdım.

– Bəs professorlar? – deyə əsəbi tərzdə qışqırdım.

– Professorlarla birgə qaçsaydım, yenidən vəhşilərin əlinə düşərdik, odur ki bircə çıxış yolu qalırdı: birtəhər aradan çıxmaq, tüfənglərimizi götürüb qəflətən meymunsifətlərə hücum çəkmək. Gərək indi geri qayıdıb alimlərimizi vəhşilərin pəncəsindən qurtaraq.

Lord Conun gözləri məşəl təki alovlandı, qığılcım saçdı. Hiss edəndə ki ölümlə üz-üzə dayanacaq, vəcdə gəldi, damarlarında qanı qaynayıb coşdu. Həyat onun üçün təhlükəli oyundur. Hazırkı anda bu təhlükəni duyub yaman sevincək olmuşdu.

Gizləndiyimiz yerdən qalxmaq istəyirdim ki, lord Con dirsəyimdən tutub dartdı.

– Səbir elə! – yavaşcadan dedi. – Onlar bura gəlirlər!

İrəli baxanda yoğun ağacların arası ilə baş alıb gedərək meşənin zülmətində gözdən itən dar cığırı gördüm. Onlar həmin cığırda bir-birinin ardınca düzülüb yeriyirdilər. Yeridikcə ayaqları dizdən bükülür, qolları uzun olduğuna görə yerə toxunurdu, belləri donqar idi, tez-tez də ətrafa boylanırdılar. Vəhşilər bir göz qırpımında meşədən çıxıb uca kolların arxasında gözdən itdilər.

– Gəl tələsməyək, – tüfəngin çaxmağını çəkmiş lord Con dedi. – Qoy hələ bizi axtarsınlar, biz də ona qədər yaxşıca dincələrik. Sonra gedib onlara elə divan tutarıq ki, anadan əmdikləri burunlarından gələr.

Nəhayət, xeyli vaxt keçəndən sonra dostlarımızı xilas etməyə yollandıq. Ciblərimiz güllədən hava şarı kimi şişmişdi, hər əlimizdəsə bir tüfəng tutmuşduq. Kolların arası ilə səssizcə yeriyə-yeriyə yastananın kənarına çatdıq. Lord Con əlinin hərəkəti ilə məni başa saldı ki, yerimdəcə uzanıb səs salmayım, özü isə irəli süründü. Çox keçmədi ki, geri qayıtdı. Yaman həyəcanlı görünürdü.

– Tez ol! – dedi. – Tələs! Yoxsa gecikərik.

Məni sanki ildırım vurdu, tez-tələsik onun yanına sürünərək kolların arxasından qabağa baxdım. Yuxarıda, ağacların başında otlardan, budaqlardan düzəldilmiş qəribə yuvalar gördüm. Yuvaların içində və budaqların üstündə çoxlu meymunsifət vardı.

Bu yekəpər, iyrənc və murdar məxluqların bir neçə yüzü uçurumun qırağına düzülmüşdü. Aralarında möhkəm intizam vardı, heç kəs arxasında durduğu xətti pozmamışdı. Alçaqboylu, qırmızıdərili hindilər onlarla üzbəüz dayanmışdılar. Yanlarında ucaboylu, cansız-cələfsiz, ağdərili insan da vardı, o, gözlərini yerə dikib xəyalında bu işıqlı dünyadan çoxdan köçmüşdü. Qolları bağlı idi. Yəqin, kimi nəzərdə tutduğumu bildiniz. Bu, professor Sammerli idi.

Xüsusi gözətçi dəstələr əsirləri qoruduğuna görə heç yana qaçammazdılar. Onlardan bir qədər aralı dayanmış iki nəfər diqqətimi cəlb etdi. Bu iki nəfərdən biri professor Çellencer idi. O, bircə günün içində insanlıq görkəmini itirib adi vəhşiyə çevrilmişdi. Onun yanındasa vəhşi insanların başçısı dayanmışdı.

Vəhşi insanlardan ikisi hindilərdən birini ümumi dəstədən ayırıb uçurumun qırağına gətirdi. Başçıları sağ əlini qaldırdı. Vəhşilərdən biri onun əllərindən, digərisə ayaqlarından tutub havada yelləncək kimi yelləməyə başladılar. Üç dəfə yelləyəndən sonra yazıq hindini yuxarıya, uçurumun üstə tulladılar. Hindi yerə düşməmişdən qabaq bir müddət quş kimi havada süzdü. Aşağı düşüb gözdən itəndə isə məhbusların keşiyini çəkənlərdən başqa böyüklü-kiçikli hamı uçurumun qırağına toplaşdı. Cəmi bir neçə saniyə keçəndən sonra hay-küylü nida səsləri yastananı başına götürdü. Vəhşilər əllərini göyə qaldıraraq sevincdən atılıb-düşməyə başladılar. Çox keçmədi ki, sakitləşib öz yerlərinə qayıtdılar, uçurumun qırağında düzülərək intizarla növbəti qurbanı gözlədilər.

Növbəti qurban isə Sammerli idi. İki nəfər meymunsima onun biləklərindən tutub çox kobud tərzdə uçurumun kənarına sürüdü. Sammerli müqavimət göstərməyə çalışdı. Çellencer meymunsimaların başçısına tərəf çevrilib əllərini havada oynatdı, yalvardı ki, Sammerliyə rəhm etsin. Başçı Çellenceri kənara itələyərək başını buladı. Elə bu dəm lord Conun tüfəngi gurladı və meymunsimaların başçısı üzüquylu yerə sərildi.

– Onların sıx toplaşdığı yerə atəş aç! Ləngimə! Atəş aç! – deyərək dostum qışqırdı.

Mən ayaq üstə qalxaraq tüfəngin birindən atəş açıb digərini doldururdum, atəş açdıqca da qəddarlığımdan həzz alır və dəlicəsinə ucadan qışqırırdım. Dörd tüfənglə xeyli meymunsifət öldürmüşdük, cəsədlər bir-birinin üstə yığılaraq təpəcik əmələ gətirmişdi. Sammerlini sürükləyib uçurumun qırağına aparanlar yerə yıxılıb tərpənmirdilər. Sammerli isə sərxoş adamlar kimi yerində ləngər vururdu. Qırmızıdərili vəhşilər aralarına düşmüş qırğının səbəbini bilmədiklərindən yaman təşvişdə idilər, hara gəldi qaçırdılar. Məhbuslar isə qıc olmuş adamlar kimi dayanıb durmuşdular, yerlərindən tərpənməyə belə cürət etmirdilər.

Ətrafda nə hadisə baş verdiyini hamıdan əvvəl Çellencer anladı. O, Sammerlinin qolundan tutaraq bizə tərəf qaçdı. Biz dostlarımızın qarşısına çıxıb güllə ilə doldurduğumuz tüfəngləri onlara verdik. Sammerli zəifləyib əldən düşdüyünə görə çətinliklə yeriyirdi. Vəhşi insanlar da artıq özlərinə gəlmişdilər, meşədən çıxaraq yolumuzu kəsməyə çalışırdılar. Çellencerlə mən Sammerlinin qolundan tutub ona kömək etdik. Lord Con isə atəş açaraq bizi arxadan qoruyurdu. Kürən vəhşilər düz bir milə qədər bizi təqib etdilər, sonra bir şey əldə edə bilməyəcəklərini görüb bizdən əl çəkdilər.

Biz düşərgəyə girib yatmaq üçün yerə uzanmaq istəyirdik ki, addım səsləri və kiminsə qışqırdığını eşitdik. Lord Rokston tüfəngini götürərək qapını açmağa getdi. Qorxudan tir-tir əsən dörd nəfər hindi gözlərini üzümüzə dikib imdad diləyirdi. Hiss olunurdu ki, bizdən qorxurlar, lakin məcburiyyət qarşısında qalıb yanımıza gəlmişdilər. Hindilərdən biri əliylə meşəni göstərib işarələrlə bildirdi ki, oraya getmək təhlükəlidir. Sonra lord Conun ayaqlarına düşüb üzünü çəkmələrinə sürtdü.

– Aman Allah! – lord Con ucadan qışqırdı. – Bunlarla nə edək?

Sammerli qəlyanını doldura-doldura:

– Gərək onlara kömək edək, – dedi.

– Hazırda qarşımızda duran başlıca məsələ bu hindilərin taleyinə əncam çəkməkdir. Biz onların yaşadığı yeri tanısaydıq, evlərinə qədər ötürərdik.

– Mən tanıyıram, – dedim. – Mərkəzi gölün o tayındakı mağaralarda yaşayırlar.

– Belə de… gənc dostumuz hindilərin yaşadığı yeri tanıyır. Zənnimcə, ora uzaqdır.

– Elədir, iyirmi mil olar, – dedim.

Sammerli inildədi:

– Mən şəxsən sağ-salamat oraya gedib çatmaram… Bir qulaq asın, meşədən vəhşilərin səsi gəlir, bir yandan da onlar bizə əngəl olacaqlar.

Meşənin içərisindən meymunsifətlərin qulaqbatıran qışqırtısı eşidilirdi. Hindiləri yenidən əsməcə tutdu, qorxudan titrəməyə başladılar.

– Gəlin yola düşək! Yoxsa gecikərik! – lord Con dedi. – Cavan oğlan, siz Sammerliyə kömək edin. Hindilər isə yüklərimizi daşıyar. Vəhşilər bizi görməmiş aradan çıxmalıyıq.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации