Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 4

Текст книги "İtmiş dünya"


  • Текст добавлен: 21 декабря 2022, 14:29


Автор книги: Артур Дойл


Жанр: Классическая проза, Классика


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

Aşağı düşüb dörd tüfəng götürdük. Metislər də bizim arxamızca qalxdılar. Onlar azuqə ehtiyatımızın bir qismini qayanın başına gətirdilər.

Hər şey hazır olandan sonra lord Con dedi:

– Hə, Çellencer, indi keçə bilərsən.

Çellencer bir göz qırpımında o taya keçdi. Əllərini başı üstə qaldırıb yelləyə-yelləyə sevinclə qışqırdı:

– Çatmışam! Artıq buradayam!

Ondan sonra Sammerli getdi. Sammerli hər çiyninə bir tüfəng keçirmişdi, indi onların hər birinin öz tüfəngi vardı. Nəhayət, növbə gəlib mənə çatdı, cəsarətimi toplayıb ağacın üstə çıxdım. Məndən sonra uçurumu lord Con keçdi. Artıq dördümüz də Mepl Uayt torpağındaydıq. Uçurumdan xeyli uzaqlaşmışdıq ki, qəflətən arxada qulaqbatırıcı gurultu eşitdik. Qanrılıb geri baxanda gözlərimizə inanmadıq: körpü yoxa çıxmışdı!

Qaça-qaça uçurumun qırağına gəlib aşağı boylandıq. Fıstıq ağacı yerə düşüb parça-parça olmuşdu. Hər yanı bürümüş tozanaq tədricən aşağı enirdi. Nə baş verdiyini hələ dərk etməmişdik ki, tənha qayanın dikdirində Qomesi gördük. Ona baxanda təəccübdən qurudum: əvvəlki Qomesə oxşamırdı, tamam dəyişmişdi.

– Lord Rokston! – deyə ucadan qışqırdı. – Lord Con Rokston!

– Buradayam, – dostumuz cavab verdi, – nə lazımdır?

Qomes sarımtıl dişlərini göstərib eybəcər tərzdə güldü.

– Bilirəm, oradasan, – dedi, – elə orada da qalıb iylənəcəksən, ha… ha… ha. İngilis köpəyi! Mən çox gözlədim, çox səbir etdim, nəhayət, məqsədimə çatdım. Aşağı düşün, görüm, necə düşəcəksiniz. Sarsaqlar! Kütbeyinlər! Görüm sizi lənətə gələsiniz!

Təəccübdən dilimiz kilidləndi, danışa bilmədik.

Metis sözünə davam etdi:

– İndi sizi əzablı və işgəncəli ölüm gözləyir. Mən buna ürəkdən şadam. Lord Con Rokston, can verəndə beş il bundan əvvəl Putomayo çayında öldürdüyün Lopesi xatırla. Mən onun qardaşıyam. Axır ki, qardaşımın intiqamını aldım, daha rahat ölə bilərəm.

O bunu deyib gözdən itdi.

Metis lord Conun yanında lovğalanmaq istədi, daha bilməzdi ki, lord Con elə-belə adam deyildi, “Allahın bəlası” ləqəbi ona havayı verilməmişdi: metis tənha qayanın görünməyən tərəfi ilə aşağı düşürdü. Lord Con uçurumun qırağı ilə qaçıb aşağı düşən metisi haqladı. Cəld nişan alıb atəş açdı. Qışqırıq və küt zərbə səsi eşitdik, elə bil nəsə guppultu ilə yerə düşdü. Rokston tezliklə yanımıza gəldi. Sifətindəki ifadə ciddiləşmişdi, gözləri qəzəblə parlayırdı.

– Günah məndədir, – dedi, – gərək ehtiyatı əldən verməyəydim. Qan düşmənçiliyi buralarda geniş yayılmışdır.

– Bəs ikinci metis?

– Onu da öldürə bilərdim, ancaq öldürmədim. Bəlkə, heç onun günahı yoxdur… Ancaq yox, gərək öldürəydim, çünki Qomes bu işi təkbaşına görə bilməzdi.

Bu vaxt yamacda baş verən hadisə diqqətimizi cəlb etdi. Sadiq qulluqçumuz Zambo sağ qalmış ikinci metisin arxasınca yüyürürdü. Nəhayət, çatıb qollarını arxadan boynuna doladı və yerə yıxdı. Xeyli müddət süpürləşdilər, oyan-buyana dığırlandılar. Çox keçmədi ki, Zambonun pəhləvan cüssəli qaməti dikəldi və o ayağa durdu. Torpağın üstə hərəkətsiz qalmış metisə ötəri nəzər salıb bizə əl elədi, sonra sürətlə tənha qayaya doğru yüyürdü.

Biz kolların arasında rahat yer tapıb aşağı oturduq və Zambonu səbirlə gözləməyə başladıq. Bir azdan Zambonun mehriban, qara sifəti qayanın başında göründü.

– Mən nə edim? – deyə bizə sarı qışqırdı. – Nə etmək lazım, de, biz edək…

Biz bir şeydən ehtiyat edirdik, birdən Zambo çıxıb gedər, qalarıq tamamilə tək-tənha. Zambo fikrimizi üzümüzdən oxuyub qışqırdı:

– Xeyr, xeyr! Burdan heç yana getməyəcək. Burda qalacaq. Hindilər isə yox… çıxıb getmək. Kurupuridən qorxurlar.

– Zambo, onlara de ki, sabaha qədər gözləsinlər, – dedim, – məktubum var, onlarla göndərmək istəyirəm.

– Yaxşı, ser! Onlar gözləyər, narahat olmayın… Bəs sizinçün nə etmək?

Bizimçün xeyli iş görmək lazım idi və sədaqətli zəncimiz bütün bu işləri yerinə yetirdi. O, hər şeydən əvvəl, fıstıq ağacına bağladığımız kəndiri açıb bir ucunu bizə tulladı, kəndirin ikinci ucuna gətirdiyi şeyləri bağladı. Bu bizim azuqə ehtiyatımız idi. Bundan başqa, bir yeşik güllə və digər lazımlı şeyləri kəndirin ucuna bağladı. Necə deyərlər, özümüzü yaxşıca təmin etdik.

Mən gecə yatmadım, hazırda oxuduğunuz məktubu yazdım, bəlkə, bəxtim üzümə güldü və məktublarım sizə yetişdi.

Biz uzağa getməyib uçurumun qırağında məskən saldıq. Heç kəsin diqqətini cəlb etməyək deyə səssizcə oturub tonqal belə qalamadıq.

Artıq dan yeri sökülür, məktubumu yazıb qurtarıram. Bir də nə vaxt yazacam, məlum deyil. Bəlkə, bu mənim son məktubum olacaq, kim bilir? Budur, aşağıda, qayanın dibində hindilər yır-yığış edirlər, bir azdan Zambo məktubun dalınca gələcək.

X FƏSİL
MÖCÜZƏLƏR ALƏMİ

Yerimizi dəyişdirməmişdən əvvəl sədaqətli zəncimizə bir-iki göstəriş verdik. O, hər şeydən əvvəl, aşağı düşüb bizə çoxlu kakao və şirniyyat gətirdi. Sonra bizim sözümüzlə özünə iki aylıq yemək ehtiyatı saxlayıb qalanını hindilərə payladı. Hindilər məktubumuzu İngiltərəyə yola salmalıydılar, ona görə yerdə qalan ərzağı onlara verdik. Onlar bir neçə saatdan sonra biz gəldiyimiz yolla geri qayıtdılar. Daha yerimizi dəyişdirə bilərdik, odur ki oradan uzaqlaşıb hər yandan çoxillik, nəhəng ağaclarla dövrəyə alınmış bir sahəyə çıxdıq. Sahənin bir kənarından qaynayıb çıxan bulaq qıjıltı sala-sala yastananın içərilərinə doğru axırdı. Sahəyə irili-xırdalı müxtəlif daşlar səpələnmişdi. Biz bu daşların üstündə oturub yaranmış vəziyyəti müzakirə etdik.

İlk işimiz bu oldu ki, əşyalarımızın siyahısını tutduq, bundan sonra onları talanın ortasına topladıq. Yaxınlıqdakı kolları kəsib ətrafımıza diametri əlli yarda çatan hasar çəkdik. Özümüzə bir növ istehkam yaratdıq, adını da qoyduq “Çellencer istehkamı”.

İşimizi başa çatdıranda gün artıq səmanı yarıya bölmüşdü, buna baxmayaraq hava çox isinməmişdi. Yastanadakı ağacların ən ucası olan qinqko ağacı ilantək qıvrılmış yoğun budaqlarını istehkamın üstünə salmışdı. Ağacın altında rahat yer seçib oturduq.

Lord Con:

– Yerli sakinlər yastanada olduğumuzdan hələlik xəbərsizdirlər, – dedi. – Elə ki xəbər tutdular, bədbəxtliyimiz də onda başlayacaq. Ona görə yastanaya səssizcə göz qoymalıyıq ki, yerli sakinləri görüb tanıyaq, işimizi bəri başdan tədbirli görək.

– Yaxşı, bəs yastananın adını nə qoyaq? – Sammerli dedi.

Hərə öz fikrini söylədi, son sözü Çellencer dedi, hamımız onun fikrini bəyəndik.

O dedi:

– Bu yerin bir adı olmalıdır: Mepl Uayt Lend, yəni Mepl Uayt torpağı.

Beləliklə, yastananı Mepl Uayt torpağı adlandırdıq, tərtib etdiyimiz xəritəyə də o cür yazdıq.

Xülasə, istehkamın girəcəyini kol-kosla örtüb yastananı daha yaxşı öyrənmək məqsədilə yola düşdük. Məskunlaşdığımız yerdən qaynayan çeşmənin axarına düşüb xeyli getdik, nəhayət, ağaclar seyrəlməyə başladı, sonra tamamilə gözdən itdi. Bulağın suyu burada ətrafa dağılaraq gölməçə yaratmışdı.

Dəstəmizin önündə gedən lord Con qəflətən ayaq saxlayıb dedi:

– Bir bura baxın… Bu izin sahibi yer üzündə yaşayan quşların əcdadı hesab oluna bilər…

Biz ona yaxınlaşdıq, palçığa həkk olunmuş üçbarmaqlı qəribə ləpirlər meşəyə doğru uzanıb gedirdi. Mən heç vaxt bu böyüklükdə quş ləpiri görməmişdim, hətta dəvəquşunun ləpirindən belə qat-qat böyük idi. Lord Con yan-yörəsinə boylanıb tüfəngini doldurdu:

– Bütün bunlar bir yana, – dedi, – ancaq ləpir təzədir. Görünür, ləpirin sahibi buradan cəmi on dəqiqə əvvəl keçib, ona görə ehtiyatlı olmalıyıq. Bir baxın, bataqlığın suyu hələ də ləpirin içinə axır…

– Bu nə izdir? – professor Sammerli insan əlinin izinə oxşayan beşbarmaqlı ləpiri göstərərək soruşdu.

– Mən belə ləpirə Uildendə rast gəlmişəm! – Çellencer həyəcanla qışqırdı. – Bu, quş ləpiri deyil, mənim əziz Rokstonum, bu ləpirin sahibi yerdə yaşayır, özü də dik yeriyir, buna baxmayaraq beşbarmaqlı ön pəncələrindən istifadə etməyi də unutmur.

– Yırtıcı heyvandır?

– Yox, yırtıcı heyvan deyil, dinozavr adlı nəhəng sürünəndir. Sasseksli həkim doxsan il bundan əvvəl İngiltərədə həmin ləpiri görüb bərk qorxuya düşsə də, tezliklə məlum olmuşdu ki, ləpirin sahibi qədim zamanlarda yaşamışdır. İndisə, buyurun, həmin ləpir gözümüzün qabağında, sahibi isə haradasa yaxınlıqdadır…

Biz Çellencerin arxasınca düşüb özümüz də hiss etmədən meşəyə girmişdik. İrəlidə, ağacların seyrəlib qurtardığı yerdə qeyri-adi görkəmli heyvanlar yemlənirdi. Çətirlənib sallanmış pöhrəliyin arxasına qısılıb sonsuz maraqla onlara tamaşa etməyə başladıq.

Talada beş heyvan vardı: ikisi böyük, üçü kiçik. Doğrusu, körpələrə heç vəchlə kiçik demək olmazdı, çünki fil boydaydılar, böyüklərə baxanda isə adamın gözləri qaralırdı. Su görməyən torpaq təki çat-çat olmuş boz dəriləri rəngdən-rəngə düşərək günəşin əlvan şəfəqlərinə boyanırdı. Yoğun quyruqlarının və iri dal ayaqlarının üstə oturub xırda pəncələri ilə ağacların budağını bir-bir əyib yemlənirdilər.

Bu əcaib mənzərəyə elə aludə olmuşduq ki, vaxtın nə cür gəlib-keçdiyini bilmədik. Heyvanlar qəflətən durub olduqca nəhəng ağacların arxasında gözdən itdilər.

Mən sorğulu nəzərlərimi dostlarımın üzündə gəzdirdim. Lord Con barmağını tüfəngin tətiyindən aralamayaraq heyvanları ovçu marağı ilə müşahidə edirdi. Atəş səsinə qoyduğumuz qadağa olmasaydı, indi çoxdan onları gülləbarana tutmuşdu. Alimlərimiz isə heyrətdən donub-qalmışdılar, hətta danışmağa belə onlarda hey qalmamışdı. Çellencer özündənrazı halda dodaqaltı gülümsünürdü.



– Aman Allah! – Sammerli qəflətən bağırdı. – İngiltərədə buna nə deyəcəklər?

Çellencer:

– Əziz Sammerli, mən bilirəm nə deyəcəklər, deyəcəklər ki, fırıldaqçıyıq. Yadınızdadırsa, siz də məni bu cür adlandırırdınız.

– Bəs şəkillərini çəksək necə, yenə inanmayacaqlar?

– Deyəcəklər ki, çəkdiyimiz fotoşəkillər qondarmadır.

− Onda özümüzlə əşyayi-dəlil götürərik.

– Əlbət ki, əşyayi-dəlilsiz İngiltərəyə qayıtmaq axmaqlıq olardı. Qoy Meloun da qəzeti vasitəsilə bütün aləmə car çəksin ki, biz oyunu udmuşuq. Gənc dost, yaz ki, avqustun 28-də Mepl Uayt torpağında beş iquanodona rast gəldik.

Lord Con dedi:

– Belə olmaz, dostlar, londonlular bu xəbərə başqa cür yanaşarlar, bizi məsxərəyə qoyarlar. Əksər adamlar başlarına gəlmiş qeyri-adi hadisələri heç kəsə danışmırlar, çünki bilirlər ki, heç kəs onlara inanmayacaq. Nə isə… O heyvanların adı nə oldu?

– İquanodon, – Sammerli dedi. – Həmin heyvanların ləpirini Hastinq qumdaşında, Kent və Sasseksdə görə bilərsiniz. Onlar yaşıl bitkilərlə qidalanırlar. İngiltərənin cənubunda vaxtilə geniş yayılmışdılar, sonra hava soyuduğundan yeni şəraitə uyğunlaşa bilməyib tələf olmuşlar. Yastanada isə, göründüyü kimi, şərait dəyişməmişdir, ona görə də salamat qalmışlar.

– Canımızı yastanadan birtəhər salamat çıxarsaq, həmin heyvanın kəlləsini özümlə Londona aparacam, – lord Con dedi. – O, kolleksiyamın tacına çevriləcəkdir… Sizi bilmirəm, amma şəxsən mənə elə gəlir ki, bizi güdürlər.

Belə hiss məndə də vardı, mənə elə gəlirdi ki, kənardan bizi güdürlər, yan-yörəmizə nə qədər boylansaq da, heç nə görmədik.

Biz yavaş-yavaş meşənin içi ilə addımlayırdıq. Dəstəmizin önündə gedən lord Con əvvəlcə irəlini yoxlayırdı, qabaqda təhlükə olmadığını yəqin edəndə əl edirdi, biz də onun arxasına düşüb irəliləyirdik. Bulağın sol tərəfi ilə iki-üç mil yol getmişdik ki, ağaclar yenidən seyrəlməyə başladı və nəhayət, onları kolluq-pöhrəlik əvəz etdi. Bu kolluq yolumuzun üstündəki təpəciyin ətəyinə qədər uzanıb gedirdi. Təpəciyə yaxınlaşar-yaxınlaşmaz səs eşitdik. Lord Con əlini qaldırıb dayanmaq işarəsi verdi, sonra isə aşağı əyilib iməkləyə-iməkləyə təpəciyin başına qalxdı. Boynunu irəli uzadıb baxanda bir müddət tərpənmədi, quruyub qaldı, nəhayət, özünə gələndə əli ilə işarə etdi ki, səssizcə ona yaxınlaşaq. Biz ehtiyatla onun yanına sürünüb iri, nahamar daşların arasından aşağı boylandıq. Baxdığımız yer vulkan ağzı kimi çökəkdi, elə deyəsən vulkan ağzıydı. Bura pterodaktillərin yuvası idi, içəridə yüzdən çox pterodaktil vardı. Körpə pterodaktillərlə dişi pterodaktillər gölməçənin qırağına toplaşmışdılar, dişi pterodaktillər sarı yumurtaların üstündə oturmuşdular. Yerində qanad çalıb qaqqıldayan heyvanların səsi aləmi başına götürmüşdü. Erkəklər hündür daşların üstə çıxmışdılar, tərpənmirdilər, heykəl kimi hərəkətsiz durmuşdular, təkcə gözləri fırfıra təki fırlanıb hər yanı müşahidə altına alırdı.

Gözlərimizin qarşısında açılan mənzərə alimlərimizə güclü təsir göstərmişdi. Onlar bir müddət beləcə sakit halda söhbət etdilər, sonra özləri də bilmədən mübahisəyə girişdilər. Çellencer mübahisə zamanı qeyri-ixtiyari başını yuxarı qaldırdı. Bu, yaxınlıqda duran erkək pterodaktilin gözündən yayınmadı, dərhal körpələr gölməçənin qırağında bir yerə cəm oldular, erkəklər isə bir-bir havaya qalxdılar. Başımızın üstə dövrə vuran pterodaktillər havada birləşərək geniş halqa yaratdılar, halqa aşağı endikcə daralmağa başladı. Vəhşilərin uğultusunu artıq aydın eşidirdik.

– Meşəyə qaçın, – lord Con qışqırdı. – Bir-birinizdən aralanmayın, vəhşilər bizə hücum edəcəklər.

Biz meşəyə sarı qaçmaq istəyəndə vəhşilər üstümüzə cumdu. Qanadlarını dəyənək yerinə işlədərək bizi əzdilər. Tüfənglərimizin qundağı ilə müdafiə olunmağa çalışdıq, lakin xeyri olmadı, zərbələrimiz təsirsiz qaldı. Başımızın üstə sallana qalan qanadların arasından bir ilanvarı boyun çıxıb sivri qılınca oxşayan dimdiyini irəli uzatdı, həmin andan etibarən irəli uzanan dimdiklərin sayı artdı. Sammerli qəflətən bağırıb əlləri ilə üzünü örtdü, qan isə barmaqlarının arasından süzülüb aşağı şoralandı. Mənim boynumdan elə şiddətli ağrı qalxdı ki, gözlərimə qaranlıq çökdü. Çellencerin yıxıldığını görüb ona kömək etmək istədim, ancaq əvəzində daha da üstünə yıxıldım. Həmin an lord Conun tüfəngi səsləndi. Başımı qaldıranda gördüm ki, quşlardan biri yerdə can verir. Qalan quşlarsa atəş səsindən ürküb səmanın dərin qatlarına qalxmış və yenidən haqla təşkil etmişdilər.

Biz qaça-qaça kolluğun içindən çıxıb meşəyə girdik, buna baxmayaraq düşmənlərimiz bizdən əl çəkmədilər, bizi təqib etdilər. Sammerlinin yarası qorxulu olmasa da, qaçmağa mane olurdu, ona görə də lord Conla mən onun qoluna girdik ki, kömək edək. Getdikcə ağaclar sıxlaşıb qol-budaq atdığından vəhşilər əvvəlkitək hücum edə bilməzdilər, bununla belə, təqiblərini dayandırmadılar. Bizim geri qayıtmayacağımıza əmin olandan sonra gözdən itdilər.

Gün ərzində başımıza gəlmiş əhvalat hələ heç kəsin başına gəlməmişdi, bununla belə, düşərgədə bizi daha bir hadisə gözləyirdi.

“Çellencer istehkamı”nın tikanlı kollardan ucaltdığımız divarını görəndə ürəyimiz yerinə gəldi, fikirləşdik ki, içəri keçib yorğunluğumuzu alarıq, amma belə olmadı, əksinə, qanımız qaraldı, biz düşərgədə olmadığımız vaxt istehkamımıza soxulmuşdular. Kənardan baxanda hər şey yerli-yerində görünürdü: tikanlı kollardan çəkilmiş divarlar da, qapı da öz yerində idi; onlara toxunan olmamışdı, amma buna baxmayaraq içəridə kənar adamın olduğu dərhal bilinirdi. Ayaq izlərinə də rast gəlmədik, təkcə qinqko ağacının aşağı əyilmiş budağı onların nə yolla içəri girdiyini göstərən yeganə əyani sübut idi. Şeylərimizin hamısını dağıdıb ortaya tökmüşdülər. Ət konservlərini əzmişdilər, o boyda patron yeşiklərindən çör-çöp, xırda-para qırıntılar qalmışdı, güllələr isə buğda dənələri kimi ətrafa səpələnmişdi. Ümumiyyətlə, nəyimiz vardısa, hamısı ortalıqda idi. Hər yana əl gəzdirmişdilər, nəzərlərindən heç nə yayınmamışdı. Qorxa-qorxa ətrafa boylandıq, gözlərimizi meşənin qaranlığına dikdik. Bu qaranlığın zirehinə sığınıb özlərini bizdən gizlədən allah bilir kimlərdir. Zambonun səsi elə bil bizi o dünyadan bu dünyaya gətirdi. Sevinclə qışqırıb uçurumun kənarına qaçdıq. Zambo tənha qayanın başında bitən ağacın kötüyündə oturmuşdu.

− Narahat olma, massa Çellencer, hər şey yaxşı, mən burda, – deyə qışqırdı. – Qorxmaq olmaz!.. Mən həmişə burda…

Onu görəndə inandıq ki, XX əsrdə Yer kürəsindəyik, daha hansısa sehrli qüvvənin təsiri ilə milyon illər qabağa gedib düşməmişik.

XI FƏSİL
MƏNİM DƏ KÖMƏYİM DƏYDİ

Həmin gün, səhərin gözü açılandan qaranlıq düşənə qədər yaxamdan belə bir fikir əl çəkmədi ki, guya kimsə, haradansa, gizli bir yerdən bizi güdür və hər addımımıza nəzarət edir. Əvvəl-axır bu hiss daxilimdə elə bir qüvvəyə çevrildi ki, qarşısında dayanammadım, hər şeyi açıb professor Çellencerə söylədim, o isə sözümə əhəmiyyət vermədi, dedi ki, qızdırmaya tutulduğumdan başıma cürbəcür axmaq fikirlər gəlir.

Sönməkdə olan tonqalın zəif işığında baş-başa verib dərin yuxuya getmişdik. Gecənin bir aləmində eşitdiyimiz dəhşətli qışqırıq səsi bizi yuxudan oyatdı. Bu səs adi səs deyildi, can verən heyvanın naləsi, son fəryadı idi. Qorxudan ürəyimiz şiddətlə döyünməyə başladı, bağrımız yarıldı, mənə elə gəldi ki, bu qanlı faciə gözlərimin qarşısında baş verir. Çox keçmədi ki, həmin səsi adamın canına üşütmə salan bağırtı əvəz etdi. Bu səslər üç-dörd dəqiqə növbələşdi: gah biri, gah da digəri eşidildi. Yuxumuza zəhər qatmış fəryad səsi qəfil başladığı kimi, qəfil də kəsdi. Uzun müddət yerimizdən tərpənmədik, donub-qaldıq. Nəhayət, lord Con araya çökmüş sükutun buzlarını sındırıb sönməkdə olan tonqala bir neçə quru budaq atdı. Alovun dilləri yuxarı qalxaraq dostlarımın həyəcanlı sifətlərini işıqlandırdı.

– Bu nə səs idi? – pıçıltı ilə soruşdum.

– Səhər nə səs olduğunu bilərik, – lord Con dedi. – Səs haradansa, yaxınlıqdan gəlirdi.

Sammerli bu vaxt əlini havaya qaldırıb pıçıltı ilə:

– Sss! – dedi, – kimsə bizə tərəf gəlir…

Gecənin lal sükutunu yaran tappıltı səsi getdikcə yaxınlaşırdı. Hansı vəhşininsə ayaq səsləri idi. Çox yüngül və sərbəst yeriyirdi, lakin pəncələri yerə dəyəndə elə bil zəlzələ qopurdu, torpaq lərzəyə gəlirdi. İstehkamımızın başına bir dəfə dövrə vurandan sonra qapını əvəz edən topa-topa kolların qarşısında dayandı. Vəhşinin necə ağır-ağır nəfəs aldığını, tövşüdüyünü aydınca eşitdik. Bizi ondan kol-kosdan qayırdığımız hasar ayırırdı. Hərə öz tüfəngini əlinə alıb hazır dayandı, lord Con isə qapı əvəzi qoyduğumuz kol-kosda açdığı deşikdən vəhşiyə baxdı.

– İlahi! – həyəcan içində qışqırdı. – Mən onu görürəm.

Aşağı əyilərək lord Conun başı üstündən yarığa baxdım. O mənfur və eybəcər varlıq mənə qorxunc və müdhiş xəyal kimi göründü. Zahiri görkəmindən zalımlıq, qəddarlıq yağırdı. Bir qədər ata oxşayırdı, lakin gövdəsi şişman, əzələli və yöndəmsiz idi. Gücünə söz ola bilməzdi, dərhal nəzərə çarpırdı. Nəfəs alıb verəndə elə bil vulkan püskürürdü. Qaranlıqda bir cüt ulduz kimi işıldayan yaşıl gözləri adamın qəlbinə vəlvələ salırdı.

– Düz üstümüzə gəlir, – deyə tüfəngin çaxmağını dabana çəkdim.

– Atəş açmayın, – lord Con pıçıldadı, – atəşin səsi gecənin sakitliyini pozub hər yana yayılacaqdır. İşdir ölüm təhlükəsi qarşısında qalsaq, onda atəş açarıq.

– Hasarı adlayıb bəri keçsə, canımızı onun əlindən qurtara bilməyəcəyik, – Sammerli yavaşca dedi.

– Narahat olmayın, bəri keçməz, – lord Con dedi, – ancaq yenə də atəş açmamağa çalışın. Mən onu buradan qovmaq üçün bir şey fikirləşib taparam.

Lord Conun müqayisəyəgəlməz cəsurluğu bu zaman üzə çıxdı. O, tonqalda çırtaçırtla alışıb-yanan ağaclardan birini götürüb kol-kosda açdığı deşikdən çölə çıxdı. Yırtıcı dəhşətli bağırtı ilə irəli cumdu. Lord Con özünü itirməyib vəhşinin qabağına qaçdı və əlində tutduğu gur məşəli onun sifətinə vurdu. Məşəlin qırmızımtıl işığında qurbağa başına bənzər yastı kəllə, ziyilli, çirkli dəri və qanlı, geniş ağız gördüm. Yırtıcı heyvan alovdan qorxub geri çəkildi, tezliklə qaranlığa qarışaraq gözdən itdi.

– Oddan qorxacağını bildirdim, – lord Con gülə-gülə dedi. Sonra geri qayıdıb əlindəki kösövü tonqala atdı.

– Niyə həyatınızı təhlükəyə atdınız? – Çellencer, Sammerli və mən bir ağızdan dilləndik.

– Başqa çıxış yolumuz yoxuydu, belə etməsəydim, hamımız tələf olardıq, – lord Con dedi. – Yatanda özümüzə keşikçi qoymalıyıq, çünki keşikçisiz yatmaq təhlükəlidir. Keşikçiləri iki saatdan bir dəyişəcəyik.



Biz o gündən etibarən keşikçisiz yatmadıq.

Səhərisi səsin iquanodonları gördüyümüz taladan gəldiyini öyrəndik. Ətrafa səpələnmiş ət tikələrini və qanlı gölməçələri görəndə fikirləşdik ki, bu, bir neçə heyvanın qalığıdır, lakin tezliklə cəmi bir heyvanın öldürüldüyü aydın oldu.

Həmin gün yastananın bir hissəsini də gəzib-dolandıq, bu dəfə pterodaktillər bataqlığından əks tərəfdə yerləşən meşəyə getdik. Buradakı cəngəllik elə sıx idi ki, irəliləməyimizə əngəl törədirdi. Vəhşi heyvanlar bəzi yerlərdə otları tapdalayıb əməlli-başlı cığır salmışdılar. Belə yerlərdə müxtəlif heyvan izlərinə rast gəlmək olurdu. Bu izlərin içində iquanodonların ləpirini görən kimi tanıdıq. Tezliklə özlərini də gördük. Lord Con durbini gözlərinə qaldırıb onlara baxandan sonra dedi ki, onların belində bitum ləkəsi vardır, amma səhərki iquanodonlardan fərqli olaraq onlarda bu ləkə başqa yerdədir.

Gözəgörünməz qəsbkarların düşərgəmizə gəlişindən çox keçməmişdi, ona görə yastananı gəzib geri qayıdanda bərk təşviş keçirdik, ağlımıza cürbəcür fikirlər gəldi, ancaq heç biri düz çıxmadı. “Çellencer istehkamı”na gələn olmamışdı. Rahat yer tapıb oturandan sonra nə edəcəyimiz haqda danışdıq. Birinci olaraq söhbəti Sammerli başladı. Neçə gün idi ki, Sammerlinin qaşqabağı açılmırdı, bulud kimi dolmuşdu. Lord Con sabah nə edəcəyimizi ondan xəbər alanda dözməyib açıldı:

– Biz bu gün, sabah və birisi gün bir şeylə məşğul olmalıyıq: buradan çıxmağa yol axtarıb tapmalıyıq. Bunun əvəzinə siz yastananı öyrənmək fikrinə düşübsünüz. Unutmayın: ilk növbədə buradan çıxmalıyıq.

Çellencer saqqalını tumarlaya-tumarlaya dedi:

– Ser, tədqiqatçı-alimin hissiyyata qapılması yaxşı əlamət deyil, o bununla nüfuzunu itirə bilər. Bizim əlimizə tədqiqat üçün gözəl imkan düşüb, indi nə deyirsiniz, ondan istifadə etmədən geri qayıdaq? Heç sizdən gözləməzdim.

Lord Con söhbətin yönünü dəyişdi.

– Zənnimcə, – dedi, – yastananı öyrənmədən geri qayıtsaq, gülüş hədəfinə çevrilərik. Yarımçıq işdən pis şey yoxdur.

– Belə olan halda mən Makkadlın üzünə necə baxaram? Necə material hazırlayaram? – dedim. – Bir də axı lap istəsək belə, yastanadan düşə bilməyəcəyik, ona görə bu barədə danışmağa dəyməz.

Elə bu dəm ağlıma gözəl bir fikir gəldi. Qinqko ağacının şaxəli budaqları təsadüfən nəzərimi özünə cəlb etdi. Belə yoğun gövdəsi olan ağac, yəqin, yastananın ən uca ağacıdır, – deyə düşündüm. Belə olsaydı, üstə çıxıb ətrafa baxardıq, yastana ovcumuzun içi kimi görünəcəkdi.

Axırda fikrimi açıb onlara söylədim, etiraz etmədilər.

Lord Con əli ilə kürəyimdən vurub:

– Əhsən, cavan oğlan! – dedi. – Necə olub ki, ağlımıza indiyə qədər belə fikir gəlməyib? Boş dəftərlərindən birini götürüb yuxarı qalxsan, şər qarışanadək yastananın şəklini çəkməyə vaxtın çatar.

Gözümə dəyən ilk budaqdan yapışaraq bir müddət sallana qaldım, sonra bədənimi və ayaqlarımı hərəkətə gətirib budağın üstə qalxdım. Ağacın gövdəsindən ayrılan budaqlar nərdivanın pillələrinə bənzədiyindən sürətlə yuxarı dırmaşmağa başladım. Qarşıma arabir müxtəlif maneələr çıxsa da, sürətimi azaltmadan onları dəf etdim. Başımı qaldırıb yuxarı baxanda yaşıl yarpaqlardan toxunmuş qalın pərdə gördüm: nə budaqların sayı azalırdı, nə də yarpaqların. Birdən gözümə aşağıdakı budaqda qeyri-adi bir şey sataşdı. Boynumu uzatdım ki, görüm bu nə olan şeydir və elə həmin an da qorxudan az qaldı yerə yıxılım.

Demək olar ki, bir-iki futluğumda insan sifəti gördüm. Daha doğrusu, az-maz insanlanmış meymun sifəti gördüm. Burnu yastı və düz idi, sızanaqlarla örtülmüş girdə sifəti ağımsov rəngə çalırdı, bədəni uzun və qalın tüklərlə örtülmüşdü. Çənəsi qarmaq təki irəli çıxmışdı. Pırpız qaşları və soyuq gözləri vardı. Ağzını açanda ağappaq köpək dişləri görsəndi. Nə dediyini başa düşməsəm də, hiss etdim ki, məni söyür. O gözləmədiyim halda, birdən-birə irəli atılıb yaşıl budaqların arxasında gözdən itdi.

Özümü ələ alaraq yoluma davam etdim. Çox keçmədi ki, yan-yörəmi zəbt etmiş yaşıl budaqlar seyrəlməyə başladı. Xəfif küləyin ilıq nəfəsi üzümə toxunanda başa düşdüm ki, yastananın bütün ağaclarından hündürə qalxmışam. Bir az da güc sərf edib ağacın lap qülləsinə çıxdım. Yerimi rahatlayandan sonra bu qəribə ərazinin bənzərsiz gözəlliyinə doyunca tamaşa etdim.

Yastana elə bil ovcumun içində idi, hər yanı aydınca görünürdü. Zahirən ovalşəkilli idi, mərkəzində yaşıl rəngə çalan kifayət qədər iri göl yerləşirdi, torpaq gölə tərəf uzandıqca dağ döşütək aşağı çökürdü. Aynalı gölün diametri təqribən on mil olardı.

Bizim yanımızdan başlanan meşə mərkəzdəki gölə qədər beş-altı mil uzanıb gedirdi. İquanodon talası isə elə bil ovcumun içində idi, ondan sonra ağaclar tədricən seyrəlib Pterodaktillər bataqlığı ilə başa çatırdı. Mənim əks tərəfimdəki mənzərə başqa cürdü. Yanbayan düzülmüş qayalar bir-birinə qovuşaraq uzunsov cərgə yaratmışdı. Ətəkləri meşə ilə örtülmüşdü. Qayanın döşündə, yerdən bir az yuxarıda qara ləkələr vardı. Durbini gözlərimə yaxınlaşdırıb bunların mağara ağzı olduğunu yəqinləşdirdim. Mağaraların biri nədənsə ağ rəngə çalırdı. Yerimi rahatlayıb möhkəmlədəndən sonra yastananın xəritəsini çəkməyə başladım. Gecə qara çarşabını Mepl Uayt üzərinə sərəndə ağacdan aşağı düşdüm. Dostlarım növbə ilə mənə yaxınlaşıb əlimi sıxdılar. Mən xəritə barəsində söhbətə keçməmiş meymunabənzər insanla qarşılaşdığımı onlara söylədim.

– Görünür, o biz yastanaya gələn gündən ağacda oturub bizi güdürmüş, – dedim.

– Nədən bilirsən? – lord Con soruşdu.

– Bu mənim ürəyimə dammışdı, ürəyimə dammışdı ki, kimsə bizi güdür. Yadınızdadırsa, bunu sizə də demişdim, professor Çellencer?

– Elədir, gənc dostumuz mənə buna bənzər şey demişdi. Xalis keltdir, keltlər həmişə bu cür həssas olurlar.

Həmin axşam çırthaçırtla yanan tonqalın qırmızımtıl işığında itirilmiş dünyanın ilk rəsmi xəritəsini çəkdik. Ağacın qülləsindən gördüyüm hər xırda şey kağızda öz əksini tapmışdı. Çellencer qələmi ilə gölü bildirən işarəni göstərərək dedi:

– Buna nə ad verək?

– Adınızı əbədiləşdirməkdən ötrü əlinizə gözəl imkan düşüb, professor, – Sammerli istehza ilə dedi.

– Məlumunuz olsun ki, ser, bu mənim təbiətimə yaddır. Zehni imkanları ilə parlamayan istənilən nadürüst, dağa və yaxud çaya öz adını qoya bilər, – Çellencer qəzəblə dedi, – odur ki söz deməmişdən əvvəl yaxşı-yaxşı fikirləşin.

Sammerli gülərək nəsə demək istəyirdi ki, lord Con onu qabaqladı:

– Zənnimcə, gölün adını cənab Meloun qoymalıdır, çünki həmin gölü ilk dəfə o görüb. Bəlkə, onu “Meloun gölü” adlandıraq.

– Doğrudur, – Çellencer dedi, – mən buna razıyam.

– Gəlin onu “Qladis gölü” adlandıraq, – deyə qızardım.

– “Mərkəzi göl” daha münasib olmazdımı? – Sammerli öz fikrini bildirdi.

– “Qladis gölü” daha qəşəng səslənir.

Çellencer narazı halda mənə baxdı və başını buladı.

– Hələ də böyüməyibsən, – dedi. – Qoy “Qladis gölü” olsun.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации