Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 2

Текст книги "İtmiş dünya"


  • Текст добавлен: 21 декабря 2022, 14:29


Автор книги: Артур Дойл


Жанр: Классическая проза, Классика


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

– Ağacın başına nəhəng bir quş qonub. Olduqca iri, böyük dimdiyi var. Özü də, deyəsən, qutan quşudur.

– Səhv edirsiniz. Bu, qutan deyil. Atəş açıb onu öldürdüm ki, əlimdə dəlil-sübut olsun.

– Gəlin o dəlil-sübuta baxaq.

– Qayıq burulğana düşüb çevriləndə plyonkalar kimi o da axıb getdi, əlimdə təkcə qanadının bir hissəsi qaldı. Böyük əziyyətlə üzüb sahilə çıxsam da, həmin hissəni əlimdən buraxmadım. Buyurun, baxın.

O, siyirməni açıb içindən olduqca böyük yarasanın, daha doğrusu, qanadının yuxarı hissəsini xatırladan şeyi çıxartdı.

Uzunluğu iki fut olardı.

– Nə böyük yarasadır! – təəccüblə dedim.

– Bu, yarasa deyil, – professor acıqlı tərzdə dedi. – Siz müqayisəli anatomiyanın ən elementar məsələlərini bilmirsiniz?

– Bilmirəm, – dedim.

O artıq mənə tanış gələn kitabı yenidən açıb göydə uçan qeyri-adi varlığın şəklini göstərdi və dedi:

– Buyur, bax, Yura dövrünün uçan-sürünən pterodaktilinin şəklidir. Digər səhifədə onun qanadının quruluşu göstərilib. Həmin şəkillə əlinizdəki nümunəni müqayisə edin.

Şəklə baxanda heyrətdən donub-qaldım, şəkillər bir-birinə oxşayırdı. Mən tədricən professor Çellencerin sözlərinə inanmağa başladım. Başqa cür ola bilməzdi, çünki istənilən qədər dəlil-sübut var idi. Dedim ki, onu çox nahaq yerə gözümçıxdıya salıblar. Professor arxaya söykənərkən gözlərini yumdu. Sifətinə təbəssüm qondu, xoşhallandı. Görünür, sözlərim onun xoşuna gəlmişdi.

– Heç adamın ağlına sığmır, – dedim. – Möcüzədir! Siz yeni bir dünya tapmış elm fədaisi, müasir dövrün Kolumbusunuz. Əvvəl sözlərinizə şübhə ilə yanaşırdım, sonra fikrim dəyişdi, məni inandırdınız.

Professor xoşhallanmış tərzdə başını yırğaladı.

– Sonra nə etdiniz, ser? – deyə soruşdum.

– Yağışlar başlamışdı, cənab Meloun, ərzaq ehtiyatım da tükənmək üzrə idi, odur ki tələm-tələsik qayaların ətrafını gəzib yoxladım, amma yuxarı qalxmağa yol tapmadım. Şəklini çəkdiyim tənha qayaya çıxmaq olardı, çıxdım da, lakin axıradək yox, yarıyadək. Oradan görünən yastana olduqca geniş idi, ucu-bucağı görsənmirdi, xarici aləmdən bir növ təcrid olmuşdu.



– Yastanaya baxarkən orada elə bir canlı varlıq görmədiniz?

– Xeyr, ser, görmədim, amma çadır qurub bir həftə qaldığımız müddət ərzində yuxarıdan gələn qəribə səslər və cürbəcür qışqırıqlar eşitdik. Mən indiyəcən o cür səslər eşitməmişdim.

– Amerikalının çəkdiyi o qorxunc şəkil haqda fikriniz nədir?

– Yəqin, amerikalı yol taparaq qayanın başına çıxa bilmişdir. Şəkli çəkilmiş heyvanı da məhz orada görüb.

– Necə olub ki, heyvanlar salamat qalıb, ölməyib?

– Bildiyiniz kimi, Cənubi Amerikada tez-tez dəhşətli zəlzələlər baş verir, vulkanlar püskürür. Onun nəticəsidir ki, Sasseks boyda ərazi öz florası və faunası ilə birlikdə yuxarı qalxmış və bütünlüklə xarici aləmdən ayrılmışdır. Nəticədə Yura dövrünə mənsub olan pterodaktil və steqozavr kimi heyvanlar ölməmiş, salamat qalmışdır.

– Sizin əlinizdə sanballı dəlillər var, niyə onları elm sahəsində nüfuz qazanmış, adlı-sanlı alimlərə göstərmirsiniz?

Professor acı-acı güldü.

– Əvvəl mən də belə fikirləşirdim, xoşbəxtlikdən səhvimi tez başa düşdüm. Axmaqların və paxılların güdazına getdim, heç kəs mənə inanmadı. Əsl sınaqlar isə hələ qabaqdadır, ona görə də özümü ələ almalıyam. Xüsusilə də bu axşam. Səni də həmin məclisə dəvət edirəm. – O, stolun üstündən bir dəvətnamə götürüb mənə uzatdı. – Görkəmli təbiətşünas cənab Persival Uoldron saat doqquzun yarısında Zoologiya İnstitutunun mühazirə salonunda “Əsrlərin salnaməsi” mövzusu ilə çıxış edəcək. Məni ora dəvət ediblər ki, axırda hamının adından çıxış edib mühazirəçiyə minnətdarlığımı bildirim. Sözarası elə şey deyəcəm ki, dinləyicilərdə hədsiz maraq oyanacaq və onlar bu barədə daha ətraflı məlumat eşitmək istəyəcəklər. Bəlkə, bu yolla istəyimə çatdım. Axşam saat doqquzun yarısında Zoologiya İnstitutunun mühazirə salonunda görüşərik.

V FƏSİL
SUAL VAR!

Enmor-Parkdan çıxanda yorulub əldən düşmüşdüm. Həm professorun yumruq zərbələri, həm də maraqlı söhbət məni müxtəlif hislərin, düşüncələrin qoynuna atırdı. Onun hekayəsinə getdikcə daha çox inanırdım, həm də başa düşürdüm ki, bu məlumat bütün dünya ictimaiyyətini lərzəyə gətirəcəkdir. Elə ki professor qoyduğu qadağanı götürdü, bu barədə qəzetə məqalə yazıb hamını heyrətə salacam. Yolun kənarında fayton gördüm, ona minib redaksiyaya tələsdim.

Makkadl, həmişə olduğu kimi, öz yerində oturmuşdu.

– Hə, – dedi, – səfərin necə keçdi? Yoxsa dalaşıbsınız?

– Əvvəlcə sözümüz çəp gəldi.

– Belə də adam olar?.. Bəs sonra?

– Sonra sakitləşdim, söhbət etdik, amma qəzet üçün ondan heç bir məlumat alammadım.

– Eybi yoxdur, qəzet üçün başqa material var. O, yumruğu ilə sənin gözünün altını qaraldıb, bu, qəzet üçün yaxşı materialdır. Elə günü sabah hörmətli professoru qəzetimizdə elə rüsvay edim ki, ömründə bunu unutmasın.

– Lazım deyil, ser.

– Niyə?

– Çünki o nə yaramaz, nə də fırıldaqçıdır.

– Nə? – deyərək Makkadl təəccüblə qışqırdı.– Yoxsa söylədiyi cəfəngiyyata inanırsan?

– Mən inanıram ki, o nə isə qəribə bir şey görmüşdür.

– Onda bu barədə yaz.

– Yazardım, amma söz vermişəm ki, ondan icazəsiz heç nə yazmayacam.

Sonra professorla olan söhbətimizin qısa xülasəsini ona danışdım.

– Bax məsələ bu cürdür, – dedim.

Makkadl gözlərini üzümə dikdi.

– Yaxşı, cənab Meloun, onda axşamkı iclas barədə yaz. Bunu sənə qadağan etməyiblər ki! Mühazirədə iştirak edib bu barədə maraqlı məqalə yaza bilərsən. Qəzetdə sənin məqalənə yer saxlayacam, ona görə də mühazirədən birbaşa redaksiyaya gələrsən.

…Mühazirəyə gələnlərin sayı mən təsəvvür etdiyimdən qat-qat çox idi. Adamlar mühazirə keçiriləcək binanın qarşısında qarışqatək qaynaşırdı. Faytonlardan düşən ahıl professorlar şəstlə yeriyərək xüsusi qapıdan içəri keçirdilər, sadə camaat isə əsas qapının ağzında toplaşmışdı.

Əsl həngamə professor Çellencer qapı ağzında görünəndə oldu. Onu elə hay-küylə qarşıladılar ki, mənə elə gəldi camaat elmi mühazirəyə qulaq asmağa yox, bu davakar professoru görməyə gəlib.

Professor təmkinini pozmayaraq dodaqaltı qımışdı. Sakit-sakit yeriyərək rəyasət heyətinə qalxıb yerində oturdu. Yığıncağın sədri professor Ronald Merrey ilə mühazirəçi cənab Uoldron otağa daxil olanda alqış səsləri hələ də kəsilməmişdi. Lakin tezliklə araya sükut çökdü və intizarla gözlədiyim yığıncaq başlandı.

Professor Merrey bir-iki cümlə ilə yığıncağı açıb sözü cənab Uoldrona verdi. Cənab Uoldron sürəkli alqışlar altında ayağa qalxdı.

Mühazirəçi heyvanlar aləminin aşağı pilləsində duran molyusklardan başlayıb balıqlara, sonra sürünənlərə və nəhayət, diri bala doğduğu üçün bütün məməlilərin, o cümlədən burada, bu otaqda oturanların ulu əcdadı sayılan kenquru-siçovula keçdi. Sonra mühazirəçi bir daha keçmişə qayıtdı.

– Beləliklə, möhtərəm xanımlar və cənablar, – mühazirəçi sözünə davam etdi, – bu müdhiş, nəhəng heyvanların izini Uilden və Zolenhofen yaxınlığında görüb dəhşətdən donsaq da, həmin heyvanlar hələ insan yaranmamışdan qabaq məhv olub getmişlər.

– Sual var! – rəyasət heyətində oturanlardan kimsə ucadan qışqırdı.

Uoldron professorlar oturmuş cərgəyə baxdı, gözləri ilə həmin səsin sahibini aradı, nəhayət, nəzərini özündənrazı halda gülümsəyib göz qapaqlarını yarıyadək yummuş Çellencerdə saxladı.

– Aydın oldu! – Uoldron dedi. – Bu, dostum professor Çellencer imiş.

O bunu deyəndən sonra dinləyicilərin şaqqanaq çəkib gülmələrinə fikir verməyərək mühazirəsinə davam etdi. Mühazirəçi hər dəfə qədim dövrdə yaşamış heyvanların hələ bizim eradan çox-çox əvvəl ölüb getdiyini söyləyəndə professorun kobud və qalın səsi dərhal otağa yayılırdı. Dinləyicilər artıq buna vərdiş etdiklərindən belə intizarla gözlədikləri vaxt yetişən kimi Çellencerə kömək etməyə başladılar. Çellencer saqqalını tərpədib ağzını açana qədər yüzədək səs şən ahənglə “Sual var!” deyə qışqırırdı. Uoldron təcrübəli mühazirəçi olsa da, karıxıb qaldı, kəkələməyə başladı, nəhayət, dözməyib üzünü başabəla professora sarı çevirdi.

– Bəsdir! – deyə ucadan qışqırdı. – Professor Çellencer, xahiş edirəm, özünüzü təmkinli aparın.

Araya sükut çökdü. Tələbələr intizar içində dayanıb iki məşhur alimin mübahisəsinin sonunu gözlədilər. Çellencer ayağa qalxıb dedi:

– Cənab Uoldron, xahiş edirəm, belə yerdə əsassız iddialarla çıxış etməyəsiniz.

Yığıncağın sədri ayağa qalxaraq narazı şəkildə əllərini bir-birinə vurdu:

– Professor Çellencer… sualları… axıra saxlayın.

Çellencer gülərək təzim etdi, sonra saqqalını ehmalca tumarlayıb aşağı oturdu. Uoldron hirsindən dil-dodağını gəmirsə də, sözünə davam etdi. Di gəl ki əvvəlki kimi qətiyyətlə danışa bilmirdi. Çellencerdən çəkinirdi.

Nəhayət, mühazirə sona çatdı. Uoldron yerinə keçib əyləşəndən sonra yığıncağın sədri sözü Çellencerə verdi. Professor Çellencer ayağa qalxıb irəli gəldi. Qəzetin tapşırığı ilə əlaqədar olaraq onun nitqini necə varsa, eləcə də kağıza köçürdüm.

“Mənə tapşırıblar ki, yığıncağa toplaşanların adından cənab Uoldrona təşəkkür edim. O, planetimizin yaranma tarixindən danışarkən natiqlik istedadını bütün çalarları ilə bizə nümayiş etdirə bilsə də, burada söylədiyi bəzi müddəlarla razılaşmadığımı bildirmək istəyirəm. Məni narazı salan budur ki, hörmətli mühazirəçimiz tez-tez bəzi heyvanların yer üzündə nəsli kəsildiyini söyləyir. Mən elm adamıyam, ona görə mühakimə yürüdəndə, hər şeydən əvvəl, faktlara istinad edirəm, bu səbəbdən tam qətiyyətlə deyə bilərəm ki, cənab Uoldron qədim dövrdə yaşamış heyvanları öz gözləri ilə görmədiyi üçün onların məhv olduğunu, ümumiyyətlə, kökü kəsildiyini söyləməklə çox kobud səhvə yol verir. Bəli, həmin heyvanlar qədim zamanlarda meydana gəlmiş, yaşayıb törəmişlər, ancaq buna baxmayaraq onları axtarıb tapmaq arzusunda olan cəsur və qorxmaz adamlar bu heybətli varlıqları öz gözləri ilə görə bilərlər. Yura dövrünün heyvanları adını almış bu əcaib məxluqlar zəmanəmizin ən iri və yırtıcı heyvanından qat-qat böyük və qorxuludur. İstəyirsiniz inanın, istəyirsiniz yox, ancaq mən sözün düzünü deyirəm. Doğruya zaval yoxdur. Əgər mənə inanmırsınızsa, içinizdən bir-iki nəfər seçin ki, sözlərimin doğru-yalan olduğunu yoxlasınlar”.

Müqayisəli anatomiyanın mahir bilicisi, hörmətli professor cənab Sammerli ayağa durdu. Professor Çellencerə baxıb onun söylədiklərinin iki il əvvəl Amazon çayının hövzəsinə etdiyi səyahətin nəticəsi olub-olmadığını soruşdu.

Professor Çellencer onun sözünü təsdiqlədi.

Cənab Sammerli dərhal sözünə davam edərək Uolles, Beyts və digər təcrübəli tədqiqatçıların oranı qarış-qarış gəzib bir şey tapmadıqlarını, professor Çellencerin isə qısa müddətdə insan ayağı dəyməyən geniş torpaq sahəsi aşkar etdiyini necə izah edə biləcəyini soruşdu.

Professor Çellencer cavab verdi ki, cənab Sammerli, görünür, Amazon çayını Temza çayı ilə səhv salıb. Unutmasın ki, Amazon çayı Orinoko qolu ilə birlikdə əlli min millik sahəni əhatə edir. Təbiidir ki, belə böyük ərazidə birinin görmədiyi şeyi başqası görə bilər.

Cənab Sammerli professor Çellencerden xahiş etdi ki, o, qədim heyvanların yaşadığı yerin harada olduğunu buradaca, hamının qabağında açıb desin.

Professor Çellencer cavab verdi ki, həmin yerin ünvanını bəzi səbəblərə görə hələlik gizli saxlayır, lakin onun mühakimələrini yoxlamaqdan ötrü xüsusi komissiya təşkil edilsə, komissiya üzvlərinə hara və necə getmək lazım gəldiyini söyləyəcək. Bəs cənab Sammerli belə bir komissiyada iştirak etmək istərdimi?

Cənab Sammerli:

– Bəli, – dedi.

Professor Çellencer:

– Mən də camaatın qarşısında söz verirəm ki, məlum yeri ona nişan verəcəm. Cənab Sammerli mənim sözlərimi yoxlamağa gedir, bu aydındır, ancaq yaxşı olardı ki, onun da sözlərini yoxlayan tapılsın, yəni tək getməsin, ona bir-iki nəfər də qoşulsun. Kim razıdır, kim getmək istəyir?

Desəm ki, adam başına nə gələcəyini qabaqcadan bilmir, yəqin, heç kəs təəccüblənməz. Yığıncağa gedəndə ağlıma gəlməzdi ki, tezliklə qorxulu, macəralarla dolu səfərə çıxacam. Qladisin istədiyi də bu idi. Ona görə fikirləşmədən ayağa qalxdım.

Hündürboylu, arıq, kürən bir nəfər də mənimlə eyni vaxtda ayağa durdu. O məndən bir neçə cərgə irəlidə idi. Qəflətən arxaya çevrilib tərs-tərs mənə baxdı, ona aman verməyib dilləndim:

– Mən getmək istəyirəm, cənab sədr.

– Adın nədir? Adın nədir? – deyə hər tərəfdən qışqırdılar.

– Adım Edvard Dan Meloundur. “Deyli-qazett”in müxbiriyəm.

– Sizin adınız nədir, ser? – deyə sədr bayaqdan ayaq üstə dayanmış şəxsdən xəbər aldı.

– Mən lord Con Rokstonam. Amazonun hər qarışına bələdəm, orada bir neçə dəfə olmuşam. Belə işlərdə zəngin təcrübəm var.

– Əlbəttə, dünyanın ən məşhur səyyahı, eləcə də ən mahir ovçusu olan lord Con Rokstonun adı çox adama bəllidir, – sədr dedi. – Bununla belə, ekspedisiyada mətbuat işçisinin iştirakı da vacibdir.

– Beləliklə, – professor Çellencer dedi, – əgər bura toplaşmış camaat razıdırsa, professor Sammerlini Cənubi Amerikaya bu iki cənab müşayiət edəcəkdir.

Gurultulu alqış sədaları salonu bürüdü. Nəhayət, sakitlik çökəndən sonra camaat ayağa qalxıb qapıya yönəldi. Bu insan axını məni də qoynuna alıb irəli apardı. Professor Çellencer göy gurultusuna bənzər alqış sədaları altında faytonuna mindi. Mən isə gah Qladis, gah da gələcək səyahətim barədə düşünərək Ricent-strit küçəsi ilə addımladım.

Kimsə qəflətən qoluma toxundu. Çevriləndə Cənubi Amerikaya getmək üçün mənimlə birlikdə ayağa qalxmış kişinin üzümə dikilmiş gözlərini gördüm.

– Səhv etmirəmsə, cənab Meloun? – dedi. – Biz birlikdə uzunmüddətli, qorxulu səfərə çıxacağıq. Mən burada yaxınlıqda yaşayıram. Bəlkə, vaxtınızdan bir yarım saat mənə ayırasınız? Sizə bir-iki söz demək istəyirəm.

VI FƏSİL
LORDUN YANINDA

Lord Con Rokstonla kübarlar yaşayan məhəlləyə doğru yönəldik. Qaranlıq küçələrdən keçib hündür və yaraşıqlı bir binanın qarşısında ayaq saxladıq. İçəridə qatı qaranlıq hökm sürürdü. Lord Con cəld işığı yandırdı. Rəngli abajurun arxasından məşəltək alovlanan lampalar otağı açıq-çəhrayı rəngə boyadı. Ətrafıma nəzər saldım. Divardan müxtəlif şəkillər asılmışdı. Onların arasında məşhur boksçuların, rəqqasələrin, cıdır atlarının və görkəmli dövlət xadimlərinin şəkilləri var idi. Bundan savayı, divardan cürbəcür təltifnamələr də asılmışdı ki, bu, lord Con Rokstonun dünyanın ən məşhur idmançılarından biri olduğunu sübuta yetirirdi, buxarının üstündən çarpaz şəkildə asılmış qırmızı və mavi avarlar isə onun Oksfordda bu idman növü ilə məşğul olduğunu nəzərimizə çatdırırdı. Həmin avarlara çox yaxın asılmış rapiralar və boks əlcəkləri lord Conun bu sahədə qazandığı müvəffəqiyyəti nümayiş etdirirdi. Bundan başqa, içəridə müxtəlif heyvanların müqəvva kəllələri də vardı.



Nəhəng qırmızı xalçanın ortasına zərli naxışlarla bəzədilmiş qədim masa qoyulmuşdu. Masanın üstündəki gümüş məcməyidə növbənöv siqarlar, spirt qabı və sifon var idi. O, iki dənə darboğazlı, uzunsov qədəh götürüb spirt və sifondakı maye ilə doldurdu. Yumşaq kürsüdə yer təklif edərək qədəhi yanıma qoydu. Bundan sonra mənimlə üzbəüz oturub sakit, mavi gözlərini üzümə dikdi.

Siqarımdan qalxan tüstü burumları aramızda nazik, mavi pərdə yaratmışdı, bu pərdənin arxasından ona baxdım. Qara, seyrək saçları, donqar burnu vardı, yanaqları içəri batmışdı, bığları yuxarıya burulmuşdu. Bir suyu III Napoleona, bir suyu isə Don Kixota bənzəyirdi. Qalın qaşları soyuq gözlərinə sərt və ötkəm ifadə verirdi. Arıq olsa da, hiss olunurdu ki, olduqca güclü və qüvvətlidir. Hündürlüyü altı futdan çox olardı, çiyinləri yumru olduğundan gödək görünürdü.

– Hə, – nəhayət, dilləndi, – ilk addım atıldı. Bəli, biz ilk addımımızı atdıq. Yəqin, yığıncağa gələndə bu sizin heç ağlınıza da gəlməmişdi.

– Elədir.

– Beləliklə, taleyimiz həll olunmuşdur. Uqandadan gəldiyim cəmi üç həftədir. Şotlandiyada torpaq sahəsi almışam, işlərim lap yaxşı gedir. Di gəl ki şeytan məni yoldan çıxartdı, dinc durmadım. Nə isə, biz təcili surətdə səfərə hazırlaşmalıyıq. “Tayms” qəzetinin birinci səhifəsində xarici ölkələrə gedən gəmilərin hərəkət cədvəli yazılıb. Budur, gələn həftə çərşənbə günü Para şəhərinə gəmi yola düşür. Siz və professor etiraz etməsəydiniz, elə bu gəmi ilə yola düşərdik. Nə deyirsiniz? Hə? Demək, razılaşdıq. Mən professoru razı salaram. Bəs sizin yol geyiminiz, yol ləvazimatınız var?

– Qəzet məni bütün lazımlı şeylərlə təchiz edəcək.

– Güllə atmağı bacarırsınız?

– Çox pis atıram.

– Olmadı ki… Siz cavanlar nə haqda düşünürsünüz, bilmirəm. Əzizim, Cənubi Amerikada tüfəngsiz gəzmək ağılsızlıqdır. Yəqin, evdə tüfənginız də yoxdur?

Mən astadan başımı tərpətdim. O, bir söz deməyərək palıddan qayrılmış şkafa yaxınlaşıb qapısını açdı. Sıra ilə düzülmüş tüfənglərin günəş kimi işıq saçan lülələrini gördüm.

– Baxaq görək, sizə nə seçirik.

O, tüfəngləri bir-bir götürərək yan-yörəsinə baxır, yoxlayır, sonra ehtiyatla yerinə qoyurdu.

Nəhayət, birini mənə göstərib dedi:

– Bu tüfənglə gördüyünüz o heyvanı öldürmüşəm. Perudakı qul alverçilərinə qarşı bax bu tüfənglə vuruşmuşam. Ədalətsizlik mənə pis təsir edir, dərhal əlimə tüfəng götürüb döyüşürəm. Tüfəngin qundağında gördüyün hər cızığa bir qul alverçisi öldürmüşəm. Görürsən də, burada artıq xeyli cızıq var. Bu qalın cızıq qul alverçilərinin başçısı Pedro Lopes üçündür. Hə, bax bu tüfəng əsl sənin malındır. – O, üstü gümüş naxışlarla bəzənmiş, qəhvəyi rəngli tüfəngi mənə uzatdı. – Atəşi sərrastdır, zağasında isə beş patron yerləşir. Əla tüfəngdir. – Tüfəngi mənə verəndən sonra şkafın qapısını örtüb yerinə qayıtdı. – Bəs professor Çellencer barəsində nə bilirsən? – deyə soruşdu.

– Onu birinci dəfə bu gün görmüşəm.

– Mən də… Qəribə burasıdır ki, biz tanımadığımız adamın sözü ilə uzaq səfərə çıxırıq. Deyəsən, alim yoldaşları onu sevmirlər.

Səhərki əhvalatı təfsilatı ilə ona nəql etdim. O axıradək məni dinləyib ayağa qalxdı, yaxınlıqdakı komoddan götürdüyü xəritəni stolun üstə sərib dedi:

– Onun sözlərində həqiqət var. Mən bu torpağı beş barmağım kimi tanıyıram. Həmin yeri qarış-qarış gəzmişəm. Ora həm də mənim hərb meydanım olub, neçə-neçə qul alverçisini qanına qəltan edib satmağa apardıqları hindilərə azadlıq bəxş etmişəm. Həmin ərazidə yaşayan hindilərdən çoxlu qəribə, qeyri-adi hekayələr eşitmişəm. Bir səbəb olmasaydı, belə qəribə hekayətlər heç vaxt yaranmızdı.

Görüşüm olduğundan lord Conun yanında çox qalmadım. Qapını açıb bayıra çıxmaq istəyəndə arxaya boylandım. O, tüfəngini açıb bəzi hissələrini yağlayır və bundan olmazın ləzzət alırdı. Artıq təskinlik tapmışdım, heç nədən qorxmurdum.

Bir gün ərzində başıma gələn bu qədər əhvalatdan sonra cənab Makkadlın yanına gedərək hər şeyi ona danışdım. Makkadl dedi ki, məsələ ciddi olduğundan ser Corc Byumontla məsləhətləşməlidir. Belə razılığa gəldik ki, səyahət zamanı başıma gələn macəraları məktub şəklində yazıb onun adına göndərim. Bu yazılar ya silsilə ilə “Deyli-qazett”də çıxacaqdı, ya da səfərimiz başa çatandan sonra onları bir yerə toplayıb kitab şəklində nəşr etdirəcəkdik.

“Hörmətli, səbirli və təmkinli oxucularım, bundan sonra sizinlə birbaşa əlaqə saxlaya bilməyəcəm. Məktublarım İngiltərəyə yetişsə, başımıza gələn əhvalatları qəzet vasitəsilə oxuyub öyrənəcəksiniz. İşdir İngiltərəyə qayıtmasaq, başımıza bir iş gəlsə, aqibətimiz həmin yazılardan sizə məlum olacaq”.

Bu son sətirləri “Fransisko” gəmisinin göyərtəsində yazıram. Yazdıqlarımı gəminin losmanı ilə cənab Makkadla göndərəcəm. Vidalaşmazdan qabaq doğma yurdun son mənzərəsini nəzərinizə çatdırmaq istəyirəm. Dumanlı, çiskinli bir səhər idi. Yerə narın yağış damcıları çilənirdi. Əyninə plaş geymiş üç nəfər iti addımlarla gəmiyə yaxınlaşırdı. Onların qabağınca gedən hambal çamadanlarla, tüfəng qutuları və adyallarla yüklənmiş arabanı sürürdü. Professor Sammerli başını aşağı dikərək nisbətən asta addımlarla yeriyirdi, sanki getməyinə peşman olmuşdu. Lord Con Rokston isə, əksinə, sevincək yeriyirdi, sifəti günəştək şəfəq saçırdı. Mənimsə bütün həyəcanım və nigarançılığım artıq arxada qalmışdı, toxtamışdım. Gəmiyə çataçatda qışqırıq səsi eşitdik. Bu, professor Çellencerin səsi idi. O, sözünün üstündə durub bizi ötürməyə gəlmişdi. Çatanda dedi:

− Sizə deyiləsi bir-iki sözüm var. İstəyirəm biləsiniz ki, bu səfərin mənimçün heç bir əhəmiyyəti yoxdur, çünki mən yalan danışmıram, ona görə də ürəyim sakitdir. Ekspedisiyanın yeganə əhəmiyyəti o olacaq ki, bəzi ağıldankəmlərin ağzına iri bir qıfıl vuracaqsınız, vəssalam… Səfərinizlə əlaqədar verəcəyim göstərişlər isə bu zərfin içindədir. Zərfi Amazon çayının kənarında yerləşən Manaos şəhərinə çatanda açarsınız. Günü və saatı üstündə yazılıb. Qoy vicdanınız sizə yeganə hakim olsun. Cənab Meloun, səyahətinizi istədiyiniz kimi işıqlandıra bilərsiniz, bu sizin öz işinizdir. Xudahafiz.

O bunu deyəndən sonra çevrildi və faytona sarı getdi. Fayton bir azdan yerindən tərpəndi… Nə isə. Biz artıq yola düşürük. Son zəng səslərini eşidirəm. Məktubu yazıb qurtarandan sonra losmana verib onunla vidalaşacam. Beləliklə, səyahətimiz başlayır. Ey yeri, göyü yaratmış Allah, gözün üstümüzdə olsun!..


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации