Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 6

Текст книги "İtmiş dünya"


  • Текст добавлен: 21 декабря 2022, 14:29


Автор книги: Артур Дойл


Жанр: Классическая проза, Классика


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 6 страниц)

Шрифт:
- 100% +

XIV FƏSİL
QƏLƏBƏ

Kiçicik müşavirə çağırıb vəziyyətimizi müzakirə etdik, qərara gəldik ki, bir-iki saatdan sonra yola çıxaq. Hindiləri ölümdən qurtardığımıza görə Mərkəzi gölün o tayında bizi pis qarşılamayacaqdılar. Biz də yastanadan düşməyə bir yol tapacaqdıq.

Fürsətdən istifadə edib hindiləri nəzərdən keçirdim. Mütənasib bədənli və alçaqboyluydular, yumşaq qara saçlarını arxadan nazik dəri ilə bağlamışdılar, ayıb yerlərini xüsusi dəri parça ilə örtmüşdülər. Bir-biri ilə başa düşmədiyimiz dildə danışırdılar, lakin özlərini göstərib “Akkala” deyəndə bildik ki, bu onların qəbiləsinin adıdır. Sonra meşəni göstərib nifrətlə qışqırdılar: “Doda! Doda!” Bu da, yəqin, düşmənləri meymunsimalıların adı idi.

– Fikriniz nədir, Çellencer? – lord Con qəflətən soruşdu. – Bu qırxıqsaç, deyəsən, hindilərin başçısıdır.

Lord Conun fikrində müəyyən həqiqət vardı: əvvəla, bu “qırxıqsaç” hindi heç kimə qoşulmurdu, həmişə tək-tənha dururdu, yerdə qalan üç hindi ona xüsusi hörmət bəsləyirdi. Gənc olmasına baxmayaraq özünü çox ədalı aparırdı.

Biz yola düşəndə artıq günortadan keçmişdi. Hindilərin gənc başçısı bizə bələdçilik edirdi. Yüklərimizi belində daşıyan digər hindilər onun arxasınca gedirdilər. Sonra biz gəlirdik. Yola düşərkən sükuta qərq olmuş meşə indi səs-küydən, haray-həşirdən lərzəyə gəlmişdi.

Axşamayaxın gölün həndəvərinə çatdıq. Gölün büllur kimi şəffaf suyunu görəndə hindilər sevinclə ucadan qışqırdılar. Onlar qışqıra-qışqıra irəlini göstərirdilər. Biz də həmin səmtə baxdıq, gölün səthi ilə külli miqdarda qayıq üzürdü. Qayıqlar bizə doğru hərəkət edirdi. Bir azdan qayıqdakı adamları görmək mümkün oldu. Mərəkə də bu vaxt qopdu. Qayıqla gələnlərin hamısı ayağa qalxıb nizələrini havada yelləyərək qışqırmağa başladı. Sahilə yan alanda hindilər qayıqdan düşüb gənc başçının yanına qaçdılar, əllərini yuxarı qaldıraraq gurultulu alqışlarla onu salamladılar. Çox keçmədi ki, şüşə muncuqlu boyunbağı və bilərzik taxmış, xallı heyvan dərisinə bürünmüş qoca hindi irəli yeriyib gənci bağrına basdı, onu ata nəvazişi ilə oxşaya-oxşaya bizə baxdı. Oğluna verdiyi suallara cavab alandan sonra Sammerlini, Çellenceri, lord Conu və məni növbə ilə qucaqladı, deyəsən, bununla bizə öz təşəkkürünü bildirirdi. Qocanın əmri ilə qəbilə üzvləri qarşımızda yerə çökdülər.

Hindilər təpədən dırnağa qədər silahlanmışdılar. Hər birində kaman, ox, nizə vardı, qurşaqlarından isə daş balta və yaxud dəyənək asılmışdı. Onlar meşəyə baxıb qəzəblə “Doda! Doda!” qışqırırdılar. Buradan da belə məna çıxırdı ki, hindilərin silahlı dəstəsi qəbilə başçısının oğlunu azad etməyə gedirmiş.

Döyüşçülər dairə təşkil edib oturdular. Alçaqboylu hindilər gənc başçının sözlərini diqqətlə dinlədilər. Son sözlərini deyib qurtaranda alqış sədaları hər yanı bürüdü. Qoca başçı bizə yaxınlaşdı, meşəni göstərərək nəsə dedi. Lord Con işarə ilə qocanı başa saldı ki, bir dəqiqə gözləsin, sonra bizə doğru çevrilib dedi:

– Son söz sizindir. Şəxsən mənim bu meymun tayfası ilə xüsusi haqq-hesabım var. Mən hindi dostlarımızla döyüşə gedəcəyəm. Sən bu barədə nə fikirləşirsən, cavan oğlan?

– Əlbəttə, mən də gedəcəm.

– Çellencer, siz qalırsınız?

– Sizinlə gedirəm.

– Bəs siz, Sammerli?

Sammerli fikirli-fikirli dedi:

– Bu çox məsuliyyətli addımdır… Siz hamınız döyüşə getdiyiniz halda, mən sizdən ayrılıb təkbaşına arxada qala bilmərəm.

– Demək, məsələ həll olundu, – lord Con dedi.

O geri çevrilib tayfa başçısına öz razılığını bildirdi. Qoca başçı gurultulu alqış sədaları altında hər birimizin əlini sıxdı. Hava artıq qaraldığına görə döyüşü səhərə təxirə saldıq. Hindilər açıq səma altında gecələdilər.

Səhər dan yeri sökülməmiş hamı ayaq üstə qalxmışdı. Biz vaxt itirməyib səhər yeməyindən sonra dərhal yola düşdük. Mən həmişə hərbi müxbir işləmək arzusunda olmuşam. İndi bu arzum həyata keçmək üzrədir, sizə döyüş meydanından aşağıdakı məlumatı göndərirəm.

Mağarada qalmış hindilər gecə bizə qoşulduqlarına görə sayımız artmışdı, təqribən 400-500 nəfər olmuşduq. Qabaqda kəşfiyyatçılar gedirdi, sonra isə əsas qoşun nizami qaydada irəliləyirdi. Meşənin kənarına çatanda dayandıq. Hindilər nizəgəzdirənlərlə oxatanlara bölündülər. Rokstonla Sammerli cərgənin sağ cinahında, Çellencerlə mən isə sol cinahında dayandıq. Çox qəribə mənzərə yaranmışdı, Daş dövrünün əsgərləri ilə müasir dövrün insanları birgə döyüşə gedirdi.

Düşmənlərimizi çox gözləməli olmadıq. Əllərində daş və dəyənək tutmuş vəhşi insanlar qışqıra-qışqıra meşədən çıxıb hindilərin mərkəzinə həmlə etdilər. Onların bu hərəkəti olduqca cəsur hərəkət idi. Bu onu göstərirdi ki, qorxu nə olduğunu bilmirdilər. Di gəl ki hərbi cəhətdən düzgün gediş deyildi, çünki hindilər açıq yerdə böyük üstünlük qazanırdılar. Onlar ağızları köpüklənib daşan, gözləri hədəqəsindən çıxan vəhşiləri asanca oxlayıb qırırdılar. Meymunabənzər insanlar hindilərin mərkəzi cinahına hücum etdiklərinə görə bir şey edə bilmədilər, hindilər bizim köməyimiz olmadan belə onların öhdəsindən asanlıqla gəldilər. Meşədən qışqıra-qışqıra çıxan vəhşilərdən, demək olar ki, heç kəs sağ qalmadı, hamısı tələf oldu.

Cəmi 80-100 döyüşçü salamat qalmışdı ki, hindilər onları iki gün əvvəl gördüyümüz yerə – uçurumun qırağına sıxışdırdılar. Otuz-qırx nəfər vəhşi elə oradaca öldürüldü, qalanlar isə uçuruma düşdülər, bambuk ağaclarının bıçaq tiyəsinə bənzər ucları onların bədənini dəlib deşdi. Hindilər erkək vəhşiləri amansızcasına qırdılar, dişiləri və körpə uşaqları isə qul edib özləri ilə apardılar.

Qələbənin bəhrəsini biz də gördük. Daha istədiyimiz vaxt köhnə yerimizə gedə bilirdik. Zambo ilə əlaqəmiz yenidən bərpa olunmuşdu.

Hindilər qələbə çalandan sonra bizim əl-qolumuz açıldı, rahat nəfəs aldıq. O ki qaldı hindilərə, onlar bizə hörmət edirdilər, həm də bizdən çəkinir, qorxurdular. Amma yastanadan getməyimizə narazı deyildilər. Di gəl ki əllərindən heç nə gəlmirdi. İşarələrindən belə başa düşdük ki, aşağı düşmək üçün yeraltı yol varmış, indisə bu yol uçub-dağılmışdır. Aydın məsələdir ki, Mepl Uayt da bu yolla yastanaya qalxmışdı.

Davadan iki gün keçəndən sonra müttəfiqlərimizin qonşuluğuna köçüb qayaların ətəyində məskən saldıq. Əlbəttə, biz mağaralarda da yaşaya bilərdik, ancaq lord Con buna razı olmadı, dedi ki, hindilər bizə nə qədər hörmət etsələr də, ayıq olmalıyıq.

Mağaraları bir-bir gəzib-dolaşdıq. Mağaralar yerdən 80 fut yuxarıda idi. Xüsusi daş pilləkən vardı ki, bu pilləkənlə mağaraya qalxmaq olurdu. Pillələr dar və ensiz olduğundan iri heyvanlar oradan keçə bilməzdilər. Mağaraların içi isti və rahat idi, boz divarlarına kösövlə yastanada yaşayan heyvanların şəkli çəkilmişdi.

…Hər şey gözlənilməz oldu. Gənc başçı Maretas bizim yastanada saxlanmağımızın əleyhinəydi. Bu gün şər qarışandan sonra bizə tərəf gələrək mənə yaxınlaşdı, əlindəki bükülü ağac qabığını verib yuxarıdakı mağaraları göstərdi, sonra iki barmağını dodaqlarının üstə qoydu – yəni bu sirri heç kəs bilməməlidir və xəlvətcə aradan çıxdı.

Ağac qabığını tonqalın işığına tutduq. Orada xətlər çəkilmişdi:

– Yəqin, əhəmiyyətli şeydir, – dedim.

– Ola bilsin ki, yazılı məlumatdır, – Çellencer dedi.

– Deyəsən, tapmaca tapırıq, – deyə lord Con ağac qabığındakı xətlərə baxmaq üçün boynunu irəli uzatdı.

Sonra qəflətən qışqırdı:

– Aman Allah, tapdım!.. Bunun nə olduğunu tapdım. Bura baxın, ağac qabığında neçə işarə var? On səkkiz. Başımızın üstəki mağaraların sayı da on səkkizdir.

– O, ağac qabığını mənə verərkən əli ilə mağaraları göstərdi, – dedim.

– Hər şey aydındır. Bu, mağaraların planıdır. Görürsünüz? Necə var, o cür çəkiblər… Bəs bu nə işarədir? Özü də ən dərin mağaranın altında qoyulub.

– Bu, yeraltı yoldur! – sevincək qışqırdım.

– Deyəsən, gənc dostumuz məsələnin həllini tapmışdır, – Çellencer dedi. – Bu oğlan yoxsa diqqətimizi niyə məhz həmin mağaraya yönəltsin? Əgər mağaranın içi bu qədər aşağı düşürsə, demək, ağzı yerdən cəmi yüz fut yuxarıda qalacaqdır.

– Yüz fut! – Sammerli öz-özünə donquldandı.

– Özümüzlə götürdüyümüz kəndirin uzunluğu yüz futdan az olmaz, – dedim. – Bu kəndirlə aşağı düşə bilərik.

Sammerli yenə etiraz etdi:

– Bəs mağaranın içindəki hindilər bizə mane olmayacaqlar?

– O mağarada heç kəs yaşamır, – dedim. – Ora anbardır. Gəlin gedək yoxlayaq, görək nə olur.

Yastanada bituma bulaşmış xüsusi ağaclar vardı ki, hindilər onlardan məşəl kimi istifadə edirdilər. Hərəmiz bir ağac götürüb həmin mağaraya yollandıq.

Mağara bomboş idi. Sakitlikdən adamın qulağı batırdı. Hindilərin diqqətini cəlb etməmək üçün məşəlləri mağaranın lap içərisinə çatanda yandırdıq. Ayağımızın altındakı narın qum dənələri günəş təki bərq vururdu. Birnəfəsə irəliləyirdik. Heç otuz yard getməmişdik ki, divarda yarığı andıran nəhəng qara ləkə gördük və içəri girdik. Bir neçə yüz yard gedəndən sonra qarşıda al qırmızı işıq göründü. Heyrətlə bir-birimizə baxdıq, bir şey başa düşmədik. Nəhayət, lap yaxına gələndə lord Conun həyəcanlı qışqırığını eşitdik:

– Bu, aydır! Canımız qurtardı, uşaqlar! Biz xilas olduq.

Bu, həqiqətən, ay idi. Qayanın sinəsində pəncərə boyda açılmış yarıqdan boylanıb gümüş pərdəsini mağaranın içinə sərmişdi. Biz boynumuzu uzadıb aşağıya baxdıq, yer o qədər də uzaqda deyildi. Heç bir əziyyət çəkmədən, asanlıqla aşağıya düşmək olardı. Beləliklə, şad-xürrəm geri qayıdıb hazırlaşmağa başladıq. Sabah axşam yola düşməliydik.

Axır ki, gün keçdi və axşam düşdü, yola düşmək vaxtı gəlib çatdı. Yükümüzü mağaraya gedən pilləkənin üstə qoyub sonuncu dəfə yastanaya nəzər saldıq; etiraf edirəm ki, kövrəldik, çünki yastana bizə artıq doğmalaşmışdı. Burada həyatın çətin sınaqlarından çıxıb zəngin təcrübə qazanmışdıq.

Sol tərəfdəki mağaralardan işıq gəlirdi. Bu, hindilərin yandırdığı tonqalların işığı idi. Aşağıda, gölün yan-yörəsinə səpələnmiş hindilərin səsi eşidilirdi. Qaranlıq düşdüyündən meşə qara ləkəyə bənzəyirdi. Mərkəzi göl də ki elə bil qara çarşaba bürünmüşdü. Qəfildən hansı heyvanlarınsa tükürpədən qışqırığını eşitdik. Mepl Uayt torpağı bu səslə bizi yola saldı.

İki saatdan sonra sağ-salamat, heç bir çətinliyə məruz qalmadan aşağıya düşdük. Barxanamızı qayanın dibində qoyub Zambonun yanına yollandıq. Səhərə yaxın Zambonun qaldığı yerə çatanda gözümüzə inanmadıq: orada bir tonqal əvəzinə 10-15 tonqal yanırdı. Sən demə, bizə kömək etmək üçün xilasedici dəstə gəlibmiş. Çayətrafında yaşayan iyirmiyə qədər hindi uçurumun üstündən körpü salmaq üçün özləri ilə taxta, kəndir və sair lazımlı şeylər götürmüşdü.

Bu yerdə taleyimə şükür edərək hekayətimi başa vururam. Keçdiyimiz çətin sınaqlar hər birimizi yaxşı tərəfə dəyişdi və ciddiləşdirdi.

Ola bilsin, yolüstü Parada dayanaq, çünki səyahətimizi davam etdirmək üçün lazım olan şeyləri almalıyıq. Belə olan təqdirdə bu məktub məni bir qədər qabaqlayacaq. Əgər birbaşa yola düşsək, Londona bizimlə eyni vaxtda çatacaq. İstənilən halda, əziz mister Makkadl, tezliklə sizin əlinizi sıxacağıma ümid edirəm.

XV FƏSİL
KÜCƏYƏ! KÜÇƏYƏ!

Gəmimizin Sauthemptona çatmağına əlli mil qalmış müxtəlif qəzet və agentliklərdən teleqramlar almağa başladıq. Onlar ekspedisiyamız haqda ən xırda bir məlumata görə külli miqdarda qonorar təklif edirdilər. Ancaq biz ilk növbətə Zoologiya İnstitutunda hesabat verməyi düşündüyümüzdən məsləhətləşib mətbuata heç bir açıqlama verməmək qərarına gəldik. Limanda reportyorların əlindən tərpənmək olmasa da, onlar bizdən bir kəlmə belə qopara bilmədilər. Buna görə də hamı səbirsizliklə noyabrın 7-nə təyin olunmuş iclası gözləməyə başladı.

Zoologiya İnstitutunun zalı tutumsuz olduğundan iclası Kuins-Hollda keçirməli oldular.

Əlamətdar iclası Londona gəlişimizdən iki gün sonraya təyin etmişdilər. İndi isə epopeyamızın son hadisəsinə keçirəm. Onu daha yaxşı təsvir etmək üçün başımı sındıran zaman əlimə dostum və həmkarım Makdona tərəfindən “Deyli-qazett”in 8 noyabr tarixli nömrəsində, Zoologiya İnstitutunun keçirdiyi iclas haqqında yazılan hesabat keçdi. Beləliklə, sözü Makdona verirəm:

“Professor Çellencerin Cənubi Amerikada tarixdən qabaqkı dövrlərə aid həyatın mövcud olması barədə məlumatlarını yoxlamaq üçün bir il bundan qabaq həmin qitəyə göndərilən komissiyanın hesabatını dinləmək üçün Zoologiya İnstitutunun çoxdan gözlənilən iclası dünən Kuins-Hollda keçirildi. Dünənki gün elm tarixinə qızıl hərflərlə yazılacaq, çünki o gün baş verən hadisələr o qədər qeyri-adi və fövqəladə idi ki, çətin orada iştirak edənlər onları nə vaxtsa unudalar.

Bura nəinki təkcə İngiltərənin, eləcə də Fransa və Almaniyanın məşhur alimləri yığışmışdılar. İsveçdən də tanınmış bir zooloq gəlmişdi.

İclasa sədrlik edən Darhem hersoqu sözü professor Sammerliyə verdi. Professorun kürsüyə çıxması coşqunluqla qarşılandı və onun çıxışı tez-tez alqışlarla kəsilirdi. Onun nə danışdığını təfərrüatı ilə yazmayacağıq, çünki ekspedisiyanın işi barədə xüsusi müxbirimizin hazırladığı geniş hesabatı ayrıca broşür şəklində çap edəcəyik. Buna görə də professor Sammerlinin söylədikləri barədə qısa məlumat veririk.

Natiq ekspedisiya təşkil olunmasının səbəblərini xatırladaraq professor Çellencerdən əvvəllər onun dediklərinə inanmadığı üçün üzr istədi və dedi ki, indi hər şey sübut olunub. Sonra o, səyahət zamanı ekspedisiya üzvlərinin həmin ərazinin canlıları və bitkilərini tədqiq etməklə elmə verdikləri töhfələrdən danışdı. Onların bir neçə həftə ərzində qırx altı növ yeni canlı və doxsan dörd növ yeni bitki növü kəşf etdiklərini söylədi. Amma gözlənildiyi kimi, hamını, əsasən, kökləri çoxdan kəsilmiş hesab edilən iri canlılar maraqlandırırdı. Professor bu cür bədheybət canlıların uzun siyahısını təqdim etdi və həmin ərazilər diqqətlə öyrənilərsə, siyahını artırmaq mümkün olacağına hamını inandırmağa çalışdı.

Sonra professor yerli adamlar və insanabənzər meymunlardan söz açdı. Çıxışının sonunda ekspedisiya üzvlərinin mədəni dünyaya geri qayıtmağa necə müyəssər olduqlarından bəhs etdi.

İclasın bununla da bitəcəyi və təqdim olunan qətnamənin yekdilliklə qəbul olunacağı güman edilirdi. Amma hadisələr ayrı məcrada inkişaf etdi. İclasın əvvəlindən zalda natiqin əleyhinə olan bir qrup özünü büruzə verirdi. Professor Sammerli çıxışını yekunlaşdıran kimi Edinburqdan olan doktor Ceyms İllinqvort ayağa qalxıb sədrə səsvermədən qabaq qətnaməyə düzəlişləri müzakirə etmək lazım olduğunu söylədi. Sonra o, ekspedisiya üzvlərinə dərin hörmət bəsləsə də, onların dediklərinə inanmadığını bildirdi. Söylədiklərinə heç bir sübut gətirmədiklərini nəzərə çatdırdı. Sübutların guya məhv olması bəhanəsinə də şübhə ilə yanaşdığını dedi.

Zalda aləm bir-birinə dəydi. Toplaşanların əksəriyyəti düzəlişləri rədd etməyi və İllinqvortun qovulmasını tələb edirdi. Birdən hamının səsi kəsildi və içəri sükut çökdü. Professor Çellencer kürsüdə dayanmışdı. O əlini qaldırdı, dərhal hamı yerinə oturub onu dinləməyə başladı.

– Çoxunuz xatırlayırsınız ki, bizim birinci iclasımızda da bu cür ədəbsiz səhnələr olmuşdu. O vaxt əsas əleyhimə danışan professor Sammerli idi. Düzdür, indi o buna görə üzr istədi. Amma bu gün mən indicə çıxış edən adam tərəfindən daha çox təhqir olundum.

Professor Sammerli bu gün burada araşdırma komissiyasının sədri kimi çıxış etdi. Amma hamıya məlumdur ki, bütün bu işlərə ilham verən mənəm. Əvvəlki acı təcrübəmi nəzərə alıb bu dəfə özümlə bəzi sübutlar gətirmişəm. Onlar ağlı başında olan hər bir kəsi bizim haqlı olduğumuza inandıracaq.

Bu yerdə biz gecənin ən həyəcanlı və dramatik məqamına çatdıq. Professor Çellencer əlini qaldırdı və bizim həmkarımız mister Meloun dərhal yerindən qalxıb səhnənin dərinliklərinə keçdi. Bir dəqiqədən sonra nəhəng bir zəncinin müşayiəti ilə geri qayıtdı. Onlar ikilikdə iri kvadrat yeşik gətirdilər. Onun həddən artıq ağır olduğu hiss edilirdi. Yeşiyi professorun ayaqlarının yanında yerə qoydular. Hamı nəfəsini içinə alıb nə olacağını gözləyirdi. Professor yeşiyin siyirmə qapağını açdı, içinə baxdı və bir-iki dəfə çırtma çalıb zərif səslə dedi: “Hə, balaca, çıx görək, çıx!” Nəsə əlləşmə, cırmaq səsi eşidildi və birdən ağlagəlməz dərəcədə əcaib, iyrənc bir məxluq yeşikdən çıxıb onun qırağında oturdu. Darhem hersoqunun yerə yıxılması da dəhşətə gəlmiş kütlənin diqqətini yayındırmadı. Məxluqun yarıaçıq uzun dimdiyində iki cərgə iti dişlər var idi.

Professor Çellencer zaldakıları sakitləşdirmək üçün əlini başının üstünə qaldırdı. Amma bu hərəkət onun yanında oturmuş əcaib məxluqu qorxutdu. O qanadlarını qaldırdı. Professor onun ayaqlarından yapışsa da, tutub saxlaya bilmədi. Bədheybət yeşiyin üstündən göyə qalxıb on futluq qanaqlarını havada yelləyərək içəridə dövrə vurmağa başladı. Ondan ətrafa üfunət yayıldı. Professor dəhşət içində qışqıraraq yalvarırdı ki, pəncərələri bağlasınlar. Təəssüf ki, bu onun ağlına gec gəlmişdi. Əcaib məxluq divarlara dəyə-dəyə pəncərinin qabağına gəldi və öz iyrənc bədənini ora soxuşduraraq uçub getdi. Professor əlləri ilə üzünü tutub kresloya düşdü. Zaldakılar isə təhlükənin sovuşduğunu hiss edib rahat nəfəs aldılar.



Sonra isə… Çellencerin tərəfdarlarının coşqunluğu ilə onun əleyhdarlarının çaşqınlığı bir-birinə qarışanda zalda baş verənləri təsvir etmək olduqca çətindir. Hamı yerindən qalxıb qışqıra-qışqıra, əllərini yellədərək səhnəyə tərəf cumdu. Dörd qəhrəmanı əhatəyə aldılar. “Yelləyin onları, yelləyin!” – yüzlərlə səs birdən qışqırdı. Səyyahların dördü də insan kütləsinin başı üstünə qalxdı. Onların azad olub yerə düşmək cəhdləri əbəs idi. “Küçəyə! Küçəyə!” – hamı qışqırırdı.

İnsan kütləsi hərəkətə gəldi və çiyinlərində dörd qəhrəman yavaş-yavaş qapıya yönəldi. Küçədə təsəvvür edilə bilməz hadisələr baş verdi. Ora ən azı yüz min adam toplaşdı. İnsanlar səyyahları bellərinə alaraq şəhərdə dövrə vurmağa başladılar. Londonun mərkəzində hərəkət dayandı. Nəhayət, gecədən xeyli keçmiş kütlə dörd qəhrəmanı lord Con Rokstonun Olbenidəki evinin qabağında azad etdi. Hamı himn oxuyaraq dağılışdı. Londonun uzun illərdən bəri yaşadığı ən gözəl günlərindən biri beləcə başa çatdı”.

Həmin hadisələri mənim dostum Makdona belə təsvir etmişdi. Təmtəraqlı cümlələrini kənara qoysaq, hadisələr, əsasən, olduğu kimi işıqlandırılıb.

Bir neçə kəlmə də London pterodaktilinin taleyi barədə. Dəqiq bir şey müəyyənləşdirmək mümkün olmadı. İki qorxmuş qadın israr edirdi ki, guya onu Kuins-Hollun damında görüb. Səhəri gün axşam qəzetlərində belə bir qısa məlumat çıxdı: Malboro-Hausun qabağında növbə çəkən qvardiyaçı Maylz postunu tərk etdiyinə görə hərbi tribunala verilib. Məhkəmədə Maylz bildirib ki, gecə növbəsi zamanı o, təsadüfən başını qaldırıb yuxarı baxıb və ayın qabağını tutmuş şeytanı görüb. Bundan sonra tüfəngini atıb qaçıb. Məhkəmə onun dediklərini nəzərə almayıb. Amma bu bizi birbaşa maraqlandıran məsələ ilə bağlı ola bilər.

Amerika ilə Hollandiya arasında üzən “Frisland” gəmisinin jurnalındakı qeydlərdən əldə etdiyim bir məlumatı da nəzərinizə çatdırım. Orada yazılıb ki, Start-Poynt sağ göyərtədən on mil məsafədə olan günün səhəri, saat doqquzda, gəminin üzərindən cənub-qərb tərəfə istiqamət tutan qanadlı keçi ilə nəhəng yarasaya oxşayan bir məxluq uçub-keçib. Əgər instinkti bizim pterodaktili düz istiqamətləndiribsə, deməli, onun indi Atlantik okeanının dibində olduğunu əminliklə söyləmək olar.

Bəs mənim Qladisim? Mən əvvəllər də bu qadında bir quruluq, mərhəmətsizlik hiss edirdimmi? Onun hökmünə tabe olaraq insanı ölümə göndərə, yaxud həyatını təhlükəyə atmağa sövq edən məhəbbətin elə də qiymətli olmadığını anlayırdımmı? Bu qadının təkcə zahirən gözəl, daxilən isə yalnız özünü sevən və vəfasız olduğu barədə fikirlərlə mübarizə aparmamışammı? Axı niyə onu qəhrəmanlıqlar bu qədər cəlb edirdi? Bütün bu günlər özümdə deyildim. Aldığım zərbə ruhumu zəhərlədi.

Amma o vaxtdan artıq bir həftə keçib və lord Con Rokstonla vacib bir söhbətimiz baş tutub. Yavaş-yavaş işlərin o qədər də pis olmadığını dərk etməyə başlayıram.

Baş verəni qısaca nəql edim. Sauthemptonda adıma nə məktub, nə də teleqram var idi. Bundan həyəcanlanıb elə o axşam Stritemdəki balaca malikanənin qarşısında dayanmışdım. Bəlkə, o artıq həyatda yoxdur? Yuxuda görüb xəyal etdiyim qucaqlaşmalar, üzümə gülən gözəl sifət, sevgilisinin şıltaqlığı ilə həyatını təhlükəyə atan qəhrəmanın ünvanına yağdırılan təriflər gözümün qabağına gəldi. Amma gerçəklik məni buludların üstündən alıb yerə çırpdı.

Mən qapını döydüm, mənim Qladisimin səsini eşitdim, çaşbaş qalmış qulluqçu qızı kənara itələyib özümü qonaq otağına saldım. O, divanda oturmuşdu. Üç addıma otağın o başına çatdım və əllərini əllərimə aldım.

– Qladis! – mən qışqırdım. – Qladis!

O, təəccüblə mənə baxdı. Son görüşümüzdən keçən vaxt ərzində onda nəsə dəyişiklik baş vermişdi. Soyuq baxışlar, bərk sıxılmış dodaqlar – bunlar mənə təzə göründü. Qladis əllərini çəkdi.

– Bu nə deməkdir? – o soruşdu.

– Qladis! – mən qışqırdım. – Sizə nə olub? Siz ki mənim Qladisimsiniz, mənin sevimli balaca Qladis Hagertonum!

– Xeyr, – o dedi. – mən Qladis Potsam. İcazə verin ərimi sizə təqdim edim.

Həyat necə də mənasızdır. Bir də onu hiss etdim ki, özümdən asılı olmayaraq balaca, sarışın bir adamın əlini sıxıram.

– Evimiz hazır olana qədər atam bizim burada qalmağımıza icazə verib, – Qladis izah etdi.

– Belə de! – mən söylədim.

– Məgər siz Parada mənim məktubumu almadınız?

– Xeyr, heç bir məktub almamışam.

– Çox heyif! Alsaydınız, hər şey sizə aydın olardı.

– Elə belə də hər şey mənə aydındır, – mızıldandım.

– Sizin haqqınızda Vilyama danışmışam. Bizim bir-birimizdən sirrimiz yoxdur. Təəssüf edirəm ki, hər şey belə alındı. Amma əgər siz məni atıb dünyanın o başına gedə bilmişdinizsə, deməli, hisləriniz çox da dərin deyilmiş. Məndən küsdünüz?

– Yox, yox, nə danışırsınız! Nə isə, mən gedim.

– Bəlkə, nəsə içək? – sarışın adam dedi. – Həmişə belə olur. İki rəqibdən biri qalib gəlir.

– Bir sualıma cavab verin. Bunu necə bacardınız? Dəfinə tapdınız? Yeni qütb kəşf etdiniz? Dəniz qulduru oldunuz? La-Manşın üstündən uçdunuz? Siz nə etdiniz? Hanı romantika? Bunu necə bacardınız?

– Sizə elə gəlmir ki, bu, olduqca şəxsi məsələdir? – o gözünü döydü.

– Yaxşı, onda sonuncu sual! – mən qışqırdım. – Siz kimsiniz? Sənətiniz nədir?

– Mən notariat kontorunda kargüzar işləyirəm.

– Salamat qalın! – qışqıraraq əsl çarəsiz qəhrəmanlar kimi gecənin qaranlığında qeyb oldum. Məni həm qəzəb, həm də dərd bürümüşdü. Eyni zamanda gülmək tutmuşdu…

Daha bir balaca səhnəcik danışıb hekayətimi sonlandıracam.

Dünən axşam hamımız lord Corc Rokstonun evinə yığışdıq. Şam yeməyindən sonra onun iş otağına keçdik. Ev sahibi dolabdan köhnə siqar qutusunu çıxarıb masanın üstünə qoydu.

– Düzü, gərək çoxdan sizi bu işdən agah edəydim, – o sözə başladı. – Amma əvvəl hər şeyi sonuna qədər aydınlaşdırmalı idim. Əvvəl ümid verib sonra onu əlinizdən almaq olmazdı. Ancaq indi faktlar qarşımızdadır. Yəqin, pterodaktillərin yaşadığı bataqlığı tapdığımız gün yadınızdadır. Mən o bataqlığa uzun-uzadı baxdıqdan sonra fikrə getdim. Əgər özünüz fikir verməsinizsə, mən sizə məsələnin nə yerdə olduğunu söyləyim. Bu, göy gil olan çala idi.

Hər iki professor onun dediklərini təsdiq edərək başlarını tərpətdi.

– Bu cür göy gilli vulkanik çuxuru həyatımda bircə dəfə – Kimberlinin almaz mədənlərində görmüşəm. Başa düşürsüz? Almazlar başımdan çıxmırdı. Mən bu üfunətli yaramazlardan qorunmaq üçün səbətəoxşar bir şey düzəltdim və onların yuvalarına girdim. Görün oradan nələr yığdım.

O, qutunu açdı, qaldırıb ağzı üstə çevirdi və oradan təxminən otuz, ya da bir az çox müxtəlifölçülü cilalanmamış almaz düşdü.

– Qayıtdığımız günün səhərisi Spinkin yanına yollanıb bunlardan birini mənim üçün cilalamasını xahiş etdim, – lord cibindən par-par parıldayan brilyant çıxartdı. – Zərgər bu qalağa ən azı iki yüz min funt qiymət qoydu. Təbii ki, biz bunları aramızda bərabər böləcəyik. Etiraz etməyin, başqa heç nəyə mən razı deyiləm. Hə, Çellencer, siz öz əlli mininizi nəyə xərcləyəcəksiniz?

– Əgər siz alicənab qərarınızın üstündə israrlısınızsa, – professor dedi, – onda mən pulların hamısını özəl muzeyin təşkilinə sərf edəcəyəm. Mənim çoxdankı arzumdur.

– Bəs siz, Sammerli?

– Dərs deməyi buraxıb vaxtımı qazıntı vaxtı tapılan və Təbaşir dövrünə aid kolleksiyamın dəqiq təsnifatına sərf edəcəm.

– Mənsə, – lord Con Rokston dedi, – bütün pullarımı bir də sevimli yastanamıza baxmaq üçün ekspedisiya təşkil edilməsinə xərcləyəcəm. Sizə gəldikdə isə, cavan oğlan, pula ehtiyacınız olacaq. Axı siz evlənirsiniz?

– Xeyr, hələ hazırlaşmıram, – üzümdə hüznlü bir gülüş cavab verdim. – Əgər etiraz etmirsinizsə, sizə qoşulardım.

Lord Rokston mənə baxdı və heç nə deməyib gündən qaralmış güclü əllərini mənə uzatdı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации