Текст книги "Linkoln"
Автор книги: Карл Сэндберг
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Quldarlıq problemi kəskinləşir
Linkoln 1856-cı il iyulun 23-də özünün ən səmimi siyasi çıxışlarından birini etdi. O, ilk dəfə açıq şəkildə bildirdi ki, bu gedişlə Birləşmiş Ştatların varlığını qorumaq üçün gələcəkdə hərbi güc tətbiq edilməsi qaçılmaz ola bilər. Buna səbəb isə Demokratlar Partiyasından Filmorun bəyanatı olmuşdu. Filmor bəyan etmişdi ki, əgər ölkədə respublikaçı namizəd prezident seçilərsə, Birləşmiş Ştatlar dağılacaq. «Parçalanmanı kim istəyir: siz, ya biz? – Linkoln isə bunun əvəzində soruşmuşdu. – Biz parçalanmaq istəmirik. Ancaq buna cəhd etsəniz, biz sizə imkan vermərik. Pul, ordu və donanma bizdədir. Ayrılmağa əsla cəsarət etməyin!»
Bu həmin vaxt idi ki, Linkoln vəkilliklə artıq az məşğul olurdu. Qatarla, faytonla ölkəni gəzir, şəhərlərdə siyasi məzmunlu çıxışlar edirdi.
1857-ci il martın 6-da kütlə üç saat ərzində dinməzcə dayanıb ABŞ Ali məhkəməsində səslənən sənədi dinlədi. Ali məhkəmə qərara almışdı ki, konqresin quldarlığı ləğv etməyə hüququ yoxdur; Missuriya kompromisi konstitusiyaya ziddir; kölə – əmlakdır, əgər ağa öz əmlakını ABŞ kontitusiyasının əsas qanun olduğu istənilən əraziyə aparırsa, onu öz əmlakından məhrum etmək olmaz; əcdadları qul olan kölə və ya azad zənci ABŞ vətəndaşı ola bilməz.
Ali məhkəmənin doqquz hakimindən dördü bu qərarla razılaşmadı. Qərarı quldarlıq ştatlarının hakimləri təsdiqlədi. Qərara etiraz edən Nyu-Yorkun nüfuzlu «Tribun» qəzeti yazırdı: «Doğrudanmı, cənub ştatlarında yaşayan 6 milyon adam, şimalın azad ştatlarında yaşayan 16 milyon adamdan daha böyük təsir gücünə malikdir?»
Həmin vaxt Kanzasda artıq neçə ay idi ki, yeni ştatın azad, ya kölə qanunlarının işlədiyi əyalət olacağı ətrafında qızğın mübahisə gedirdi. Mübahisələr qanlı toqquşmalarla müşayiət olunurdu. Belə ki, 1855-ci il noyabrın 5-dən 1856-cı il dekabrın 1-dək olan müddətdə 200 nəfər qətlə yetirilmiş, bir xeyli adam da güllə və bıçaq yarası almışdı.
Vəziyyətin bu həddə çatması Linkolnu daha sərt qərarlar qəbul elməyə məcbur etdi: o, son on ildə ilk dəfə vəkilliyi atdı! Avraamın kontoru həftələrlə, aylarla qıfıllı qaldı. Bir vaxtlar bütün gücünü qanun kitablarını öyrənməyə sərf edən bir adam indi özünə yeni yol seçmişdi: hansı qanunların dəyişdirilməli, hansı qanunların isə tam gücü ilə işləməli olduğunu, üstəlik, bunun üçün nələr etmək lazım gəldiyini bilməkdən ötrü xalqla iç-içə olmağa qərar vermişdi!
Həmin günlərdə Linkoln şəhərlərdən birindəki çıxışı zamanı demişdi: «Bütün xalqı bir müddət aldatmaq olar, xalqın bir hissəsini həmişə aldatmaq olar, ancaq bütün xalqı həmişə aldatmaq olmaz!»
1858-ci il iyunun ortalarında İllinoys ştatında Respublikaçılar partiyasının yerli təşkilatının qurultayı oldu. Sprinqfilddə baş tutan qurultayda Linkolnun ABŞ senatına namizədliyi irəli sürüldü. Həmin vaxtadək İllinoysdan seçilmiş senat Duqlas idi.
Linkoln qurultay nümayəndələri qarşısında çıxış edərək ona göstərilən bu etimad üçün minnətdarlığını bildirdi: «Əgər harada olduğumuzu və hara getdiyimizi bilsəydik, nəyi necə edəcəyimizə doğru-dürüst qərar verərdik. Hələ beş il əvvəl bəyan eləmişdik ki, məqsədimiz quldarlığa son qoymaqdır. Biz bu siyasəti yürütməyə başlayandan quldarlığın qorunub-saxlanılması lehinə təbliğat da durmadan güclənir. Divarları çatlamış, dağılıb parçalanmaq üzrə olan ev ayaq üstə dayana bilməz. Fikirləşirəm ki, qismən azad, qismən kölə hökumətimiz də bu gedişat qarşısında duruş gətirməz. O, bütövləşib ikisindən biri olmalıdır… Bir müddət sonra Ali Məhkəmə, ola bilsin, yeni qərarla quldarlığı bütün ştatlarda qadağan edəcək».
Bu çıxış xalq arasında qısa vaxtda yayılıb böyük populyarlıq qazandı, tarixə isə həmin nitq «Bölünmüş ev» adı ilə düşdü.
Duqlas işi belə görüb Vaşinqtonda Respublikaçılar Partiyasının üzvlərinə demişdi: «Siz çox bacarıqlı, çox vicdanlı adamın namizədliyini irəli sürmüsünüz. İndi mən ona qalib gələ bilmək üçün həddindən artıq çalışmalı olacağam».
Nəhayət, seçki günü gəlib çatdı. Noyabrın 2-də keçirilən səsvermədə Duqlas müxtəlif fırıldaqlar nəticəsində Linkolndan çox səs toplayaraq mandat aldı.
Əlbəttə, bu cür sonluq Linkolnun qanını bərk qaraltdı, lakin o, seçkidə iştirak edib öz fikirlərini, ideyalarını daha geniş kütlələrə yaymaq fürsəti qazandığına görə çox şad idi.
Növbəti ilin (1859) yanvarında Duqlasın qələbəsi rəsmi şəkildə təsdiqləndi. Linkoln bunu eşidəndə öz kontorunda oturmuşdu. Sonra işığı söndürdü, qapını bağlayıb evə getmək üçün küçəyə çıxdı. Cığır dikə qalxırdı, yol nəm idi. Odur ki ayağı sürüşdü, az qaldı yıxılsın. Lakin özünü toparlayaraq gülümsədi və astadan öz-özünə dedi: «Demək, vur-tut büdrəmişəm, ancaq yıxılmamışam, – sonra isə əlavə elədi: – Ayağı büdrəmək – hələ yıxılmaq deyil».
Bu arada, mütləq qeyd eləmək lazımdır: 1858-ci ilin noyabrında, senat seçkisini uduzmasına baxmayaraq, Birləşmiş Ştatların nüfuzlu qəzetləri Linkolnun adını ölkə prezidentliyinə ən münasib namizəd kimi çəkməyə başlamışdılar. Hətta Ohayo ştatındakı böyük mitinqdə qərara alınmışdı ki, 1860-cı ildə baş tutacaq prezident seçkilərində respublikaçıların əsas namizədi olmağı Linkolndan xahiş etsinlər.
«Meri, bizi seçdilər»
Nyu-Yorkun keçmiş meri, sonralar (1861–1869-cu illərdə) isə ABŞ-ın Xarici İşlər naziri olmuş Uilyam H.Sivard respublikaçılar partiyasının prezidentliyə birinci namizədi sayılırdı. Sivardın iri sahibkarlarla əlaqəsi olan dostu, qəzet naşiri Torlou Uid isə onun təbliğatına gen-bol pul xərcləyirdi.
Başqa namizəd iki dəfə qubernator, bir dəfə ABŞ senatoru seçilmiş Saymon P. Çeyz (1808–1873) idi. Yeri gəlmişkən, Çeyz qəhrəmanımızın ABŞ prezidentliyi dövründə maliyyə naziri postunu tutacaqdı…
Ohayolu demokrat, Ceksonun1616
Endrü Cekson (1767–1845) – ABŞ-ın sayca 7-ci prezidenti (1829– 1837). Birləşmiş Ştatlar tarixində Demokratlar partiyasından seçilmiş ilk prezidentdir.
[Закрыть] prezident olduğu illərdə ABŞ Ali məhkəməsində prokuror işləmiş Con Maklin də prezidentliyə namizədlər sırasında idi. Maklinin 75 yaşı vardı. Linkoln demişdi: «Əgər on yaş kiçik olsaydı, Maklin bizim üçün ən yaxşı namizəd sayılardı».
Beləliklə, Linkoln respublikaçılar partiyasından prezidentliyə namizədlərdən biri olaraq təbliğat kampaniyasına start verdi. O, 1859-cu ilin sonlarından başlayaraq ümumilikdə 4 min mil yol qət edib, müxtəlif şəhərlərdə cəmi 23 nitq söylədi. Avraam respublikaçılar partiyasının namizədləri arasında hamıdan çox əmək sərf edirdi.
Bu arada, Demokratlar Partiyası daxilində kəskin ixtilaf yaranmışdı. Nəticədə partiya iki fraksiyaya bölünmüş, hər fraksiya öz qurultayını çağırmışdı. İrəli gedərək vurğulamaq lazımdır ki, demokratların parçalanması respublikaçıların qələbəsini xeyli asanlaşdırdı.
Respublikaçıların əksəriyyəti həlledici qurultayın Çikaqoda keçirilməsini istəyirdi. Onlar mərkəzi komitəni inandırırdılar ki, qurultay hansısa şərq şəhərində keçirilsə, partiya ölkənin qərb bölgələrində səs itirə bilər. Hazırda Birləşmiş Ştatların ən böyük şəhərlərindən biri olan Çikaqo hələ o vaxtlar çox sürətlə inkişaf edirdi. Bu şəhərin əhalisinə cəsurluq və işgüzarlıq xas idi.
Beləliklə, Respublikaçılar Partiyasının həlledici qurultayının Çikaqoda keçirilməsi qərarlaşdırıldı. 1860-cı il mayın ortalarında təşkil olunan tədbirdə iştirak eləmək üçün qatarlar 40 min qonaq və 500 nümayəndə gətirdi. (Qurultayda nümayəndələr arasında səsvermə baş tutacaq, respublikaçı namizədlər arasında ən çox səs toplayan, prezident postu uğrunda demokratların namizədi ilə mübarizə aparacaqdı.)
Linkolnun qərargahında istənilən nümayəndə, ya mühüm qonaq siqara, çaxıra, viskiyə qonaq edilir, onlarla gizli söhbət aparılırdı.
Sivardın qərargahında da eyni üsullar tətbiq edilirdi.
Nümayəndələrin gəldiyi qatarlarda keçirilən sınaq səsverməsindən belə aydın oldu ki, Sivard səslərin əksəriyyətini alacaq. Miçiqan, Viskonsi, Minnesota, Nyu-York, Kaliforniya və Massaçusetsdən olan bütün nümayəndələr Sivardın tərəfində idi.
Linkolnun qərargahında çalışanlar isə əmin idilər ki, əgər Sivard respublikaçıların namizədlər siyahısında birinci olsa, onda seçkini demokratlar qazanacaqlar. Onların bu təbliğatı işə yaradı və bir çoxları, həqiqətən, demokratların qalib gələcəyindən çəkinib Sivardı dəstəkləməkdən imtina etdi.
Çikaqoya gələn 40 min adam hay-küy salıb bir ağızdan «Avraam Linkoln», «Qoca Eyb» (uşaqlıqda Linkolnu «Eyb» deyə çağırırdılar) , «Odunyaranların namizədi» deyə qışqırır, qəhrəmanımızın şəninə təriflər yağdırır, onu yerə-göyə sığışdıra bilmirdilər.
İşi belə görə Çikaqonun başbilənləri qurultay zalını Sivardın tərəfdarlarının ixtiyarına verdilər. Lakin qurultay günü səhər erkəndən çoxminlik kütlə zalın qapısına dirəndi. Linkolnun tərəfdarları saxta icazə vərəqəsi ilə içəri keçib bütün yerləri tutdular və keçidləri doldurdular. Sivardın pulla tutulmuş yüzlərlə nyu-yorklu tərəfdarı isə içəri keçə bilmədi.
Linkolnun qərargahında çalışanlar öz ətraflarına minlərlə boğazdansaz kişi toplamışdı. Linkolnun bir işarəsi kifayət idi ki, onların qışqırığı Çikaqonu başına götürsün. Bu gursəslilərdən biri də Çikaqolu Eyms idi. Deyilənə görə, sakit havada onun səsini Miçiqan gölünün o tayından eşitmək olurdu.
Məhz bu cür adamların sayəsində Linkoln öz mənəvi üstünlüyünü daha da gücləndirirdi. Kənardan baxana elə gəlirdi ki, bütün ABŞ qəhrəmanımızın qələbəsi üçün səfərbərdir!
Yekun səslər hesablanmağa başlayanda isə nəhəng izdiham səssizliyə büründü. Hər kəs böyük həyəcanla nəticələri gözləyirdi.
Nəhayət, qurultayın sədri kütlə qarşısına çıxaraq elan elədi: «Avraam Linkoln Respublikaçılar Partiyasından Birləşmiş Ştatların prezidentliyinə namizəd seçilmişdir!»
İzdiham hərəkətə gəldi və qulaqbatırıcı uğultu qopdu. Adamlar bir-birini qucaqlayır, ağlayır, gülür, sevinclə qışqırışırdılar.
Həmin gecə Senqamon çayına bitişik ərazilərdə tonqallar yandı. Sevinən camaatın «urra» səsləri səhərə qədər kəsmədi.
İyunda isə demokratların qurultayında Duqlas ABŞ prezidentliyinə namizəd oldu.
Yüzlərlə qəzet, saysız-hesabsız küçə natiqləri Linkolnu dayanmadan tərifləyir, onu «müdrik Eyb», «odunyaranların namizədi», «xalq içindən çıxan adam», «vicdanlı Eyb» adlandırırdılar.
Yoxsul daxmadan çıxmış bir adam indi hakimiyyətin ən yüksək pilləsinin bir addımlığında idi.
Duqlas işinin asan olmayacağını indi daha yaxşı anlayırdı. O, xüsusilə, Ayova ştatında yerləşən, əhalisi kifayət qədər çox və mütləq əksəriyyəti ağdərililərdən ibarət olan Pensilvaniyanın belə respublikaçıların tərəfini tutduğunu eşidəndə katibinə tərəf dönüb demişdi: «Linkoln prezident olacaq!»
Yay və payız arxada qaldı. Seçki kampaniyası sona çatdı.
1860-cı il noyabrın 6-da səhər tezdən səsvermə prosesinə start verildi. Senqamon qraflığında Duqlas, Sprinqfilddə Linkoln irəli çıxdı. Linkoln axşam öz dostları ilə respublikaçılara məxsus qadın klubuna getdi. Xanımlar onu əhatəyə aldılar: «Necəsiniz, cənab prezident?» Avraam və yanındakılar oturmağa macal tapmamış, poçtalyon əlində teleqram başlarının üstünü kəsdirdi. Teleqramda yazılmışdı ki, Nyu-York belə respublikaçılara səs verib.
Bu o demək idi ki, Linkolnun prezident seçilməsi artıq an məsələsidir.
Qəhrəmanımız şad xəbəri arvadına çatdırmaq üçün evə tələsdi. Onun həyat yoldaşına ilk sözləri bu oldu: «Meri, bizi seçdilər!»
Bölünmüş ev
Quldarlığın ləğvi üçün çalışan Linkolnun prezident seçilməsi kəskin mübahisə doğurdu. Bu mübahisəni hətta güc yolu ilə həll etmək istəyənlər belə tapıldı. Məsələn, «Konfedereysi» adlı bir qəzet yazırdı: «Qoy nə olur olsun, bəlkə, Potomak çayı qandan qırmızı rəngə boyanacaq, Pensilvaniya eybəcər hala salınmış meyitlərlə başdan-başa örtüləcək, ancaq Avraam Linkolnun təntənəli şəkildə prezident vəzifəsini tutması kimi bir rüsvayçılıqla Cənub ştatları heç vaxt razılaşmayacaq».
Tezliklə bu cür təhdidlərin boşuna olmadığı ortaya çıxdı, məsələn, Cənubi Karolinanın Nümayəndələr palatası 10 min əsgərin toplanmasına qərar verdi. Silah alınması üçün Corciya ştatı 1 milyon, Luiziana ştatı isə yarım milyon dollar ayırdı.
Linkolnun ünvanına yazılmış məktublar isə təhqirlərlə, həqarətlərlə dolu idi: onu «ölkənin başına bəla açan insanaoxşar meymun», «hoqqabaz», «idiot» adlandırırdılar. Məktub müəllifləri hədə-qorxularını da əsirgəmir və açıq şəkildə yazırdılar ki, yeni prezidenti asacaqlar, yandıracaqlar.
Linkoln isə bütün bu təhqir və təhdidlərə bir o qədər də əhəmiyyət vermədən Çikaqoda gələcəkdə vitse-prezident olacaq Hannibal Hamlinlə (1809–1891) görüşdü. O, vəzifə səlahiyyətlərinin icrasına başladıqdan sonra yüksək dövlət vəzifələrini viqlərlə, sonradan respublikaçı olan demokratlar arasında bölüşdürmək istəyirdi.
Cənubi Karolina ştatı mövcud prezident Ceyms Byukenenin prezidentlik müddətinin tam başa çatmasını gözləyəcəyinə dair vəd vermişdi. Bu o demək idi ki, həmin ştatda toplanan ordu Linkoln and içib prezidentliyə başlamayanadək hərəkətə keçməyəcək. Ancaq bir nəfərin – Robert-Barnuel Retin öz tərəfdarları vasitəsilə təşkil etdiyi hadisələr Cənub ştatlarının ABŞ-dan ayrılmasına gətirib çıxartdı. Ret altı dəfə konqresmen, bir dəfə senator olmuşdu. Onun bir arzusu var idi: Cənubun ölkədən ayrılmasına nail olmaq və qul alverini qadağan edən qərarı ləğv etmək! Ret öz arzusuna çatmaq üçün hətta «sayıqlar komitələri» təşkil etmişdi. O həmin komitələrin köməyi ilə Nümayəndələr Palatası üzvlərindən Cənubun ayrılması təklifini müdafiə edəcəklərinə dair razılıq aldı. Üstəlik, Ret Birləşmiş Ştatların tərkibindən çıxmaq haqqında dekret1717
Dekret – qanun, fərman gücünə malik hər hansısa bir məsələ ilə bağlı ali hökumət orqanının qərarı (red.)
[Закрыть] yazdı və 1860-cı il dekabrın ortalarında keçirilən gizli yığıncaqda həmin dekret qəbul edildi. Yeni dövlət bayrağı təsdiqlənəndə isə zalı gurultu bürüdü. Cənub ştatlarının hamısında tonqallar yanır, zənglər çalınırdı. Bir-birinin ardınca daha altı ştat Cənubi Karolinaya qoşulmuşdu. Onların hamısı əsasən pambıqçılıqla məşğul olan əyalətlər idi.
Cənublu deputatlar qaşqabaqlı halda konqreslə vidalaşdılar. Yüzlərlə poçt kontorlarının rəisləri, hakimlər, dairə prokurorları, kömrük işçiləri Vaşinqtona istefa ərizələrini yolladılar. Nizamlı qoşun zabitlərinin bir çoxu artıq yeni yaradılan dövlətin – Amerika Konfederativ Ştatlarının (və ya sadəcə konfederasiya) silahlı qüvvələrinin sıralarına yazılmağa başladı. Ayrılan ştatların qubernatorları hətta ordu göndərib 6 milyon dəyərində olan ABŞ hərbi istehkamlarını ələ keçirdilər.
Xəbər gəldi ki, cənubluların silahlı dəstələri Vaşinqtonu belə tutmağa hazırlaşır. Belədə təklif olundu ki, Linkolnun andiçmə mərasimi paytaxtda yox, başqa bir şəhərdə keçirilsin.
Şimallılar da əliboş dayanmamışdılar. Çikaqoda Şimal ştatları tərəfindən yenicə yaradılan topçu batalyonlarının təlimi keçirildi. Pensilvaniya qanunverici məclisi 5 milyon dollar pul və 100 min əsgər toplamağı təklif elədi.
Hələ ki, səlahiyyətlərinin icrasını davam etdirən Byukenen Ağ Evdə nəzakətlə dedi: «İstənilən vətəndaşın prezident seçilməsi Birləşmiş Ştatların parçalanması üçün səbəb ola bilməz. Cənub ştatlarının ABŞ-ın tərkibindən çıxmaq hüququ yoxdur. Lakin nə etmək olar ki, ayrılmağın qarşısını almaq üçün federal hökumətin güc tətbiq etmək hüququ da yoxdur».
Yeni prezidentin öz vəzifəsinin icrasına başlamasına bir neçə gün qalmışdı. Vaşinqtona xəbərdarlıq məktubları göndərildi ki, Linkoln paytaxta gələrkən yolda öldürüləcək. Ona görə də təhlükəsizlik tədbirləri gücləndirildi.
Alabama ştatından olan deputatların təşəbbüsü ilə 1862-ci ilin fevralında Amerika Konfederativ Ştatları adlanan müvəqqəti hökumət rəsmən təşkil olundu. Missisipili Cefferson Devis (1808 –1889) bu dövlətin ilk (və yeganə!) prezidenti oldu. Ret, Yensi kimi əsas ekstremist güclər hökumətdə yer almadılar. Çünki onlar məhz Retin prezident olmasını istəyirdilər. Ancaq rəhbərliyə mötədil adamlar gəlmişdilər. Onlar yaranmış mübahisəli durumu aradan qaldırmaqdan ötrü səbir göstərib gözləməyə və öz tələblərini irəli sürmək üçün danışıqların başlanmasına üstünlük verirdilər.
Elə həmin vaxt daha iki ştat – Şimali Karolina ilə Arkanzas da konfederasiyaya birləşdi.
Hara gedir Amerika?
Linkoln Vaşinqtona yola düşəndə milyonlarla insanı eyni sual narahat edirdi: «Hara gedir Amerika?»
Konqres seçkilərin nəticələri ilə tanış olsa da, Linkolnu prezident kimi hələ rəsmi olaraq təsdiqləməmişdi. Bu da səbəbsiz deyildi: qarşıdakı hadisələrdən qorxunc hər şey gözlənilə bilərdi.
1862-ci il fevralın 13-də konqres üzvləri seçkilərin düzgün keçib-keçmədiyi barədə qərar vermək üçün toplandı. Vəziyyət o qədər gərgin idi ki, nizam-intizamı qorumaq üçün bütün qapılara keşikçi qoyulmuşdu.
Sprinqfilddən Vaşinqtona gedərkən yolboyu Linkoln beş ştatın qubernator və deputatları ilə görüşdü. Siyasətə, maliyyəyə, nəqliyyata, təchizata nəzarət edən nüfuzlu adamlarla söhbətləşdi.
Konqresin toplaşdığı gün gərginlik son həddə çatdı. Hesablayıcılar ştatlardakı səsvermənin nəticələrini oxuyurdular. Axırda ABŞ-ın vitse-prezidenti bəyan etdi: «Avraam Linkoln 1861-ci il martın 4-dən etibarən 4 il müddətinə Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir…»
Linkoln ölkəni qərbdən şərqə doğru kəsib keçəndə – fevralın 18-də teleqraf xəbər gətirdi ki, Cefferson Devis yeni qurulmuş dövlətin, Amerika Konfederativ Ştatlarının prezidenti kimi təntənəli şəkildə and içib.
Filadelfiyaya gələn Linkoln burada dövrünün tanınmış detektivi Alan Pinkertonla görüşdü. Detektiv məlumat verdi ki, ona sui-qəsd planlaşdırılıb. Sui-qəsd Baltimorda həyata keçiriləcəkdi.
Pinkerton Baltimora gedib özünü Cənub ştatlarının ABŞ-dan ayrılmasının tərəfdarı kimi qələmə verdi. Bu ona sui-qəsd planının detallarını öyrənmək üçün lazım idi. Məşhur detektivin niyyəti baş tutdu – o, sui-qəsdin təşkilatçısı Fernandino ilə görüşə bildi. Fernandino qonağın əlini hərarətlə sıxdı. Detektiv sui-qəsdçilərlə birgə xüsusi bir otağa keçdi. Sui-qəsdçilərdən kimsə polisin onlara mane ola biləcəyindən narahatlığını ifadə etdi. Fernandino bunu nəzərə almışdı: «Polis bizimlədir. Bir həftə sonra Linkoln öldürüləcək!»
Plan isə belə idi: Baltimor dəmiryol vağzalında qəsdən dava-dalaş salacaqdı. Polislərin diqqəti ora yönələndə, Fernandino ilə yoldaşları gələcək prezidenti əhatəyə alıb qətlə yetirəcəkdilər.
Pinkertondan lazımi məlumat alan Linkoln ətrafındakılarla uzun-uzadı məşvərət apardı. Bu məşvərətdən sonra qərara alındı ki, Avraam gecə ilə ikivaqonlu qatarda yola çıxsın. Linkoln etiraz etdi ki, oğru kimi gizlicə paytaxta gedən prezident haqqında xalq nə düşünər. Ancaq yeni prezidentin təhlükəsizliyinə cavabdeh olan-lar onun sözünə qulaq asmadılar. Beləliklə, Linkoln üçün xüsusi bir vaqon ayrıldı. Bu, Pensilvaniya dəmir yolunun parovozuna qoşularaq işıqlarını yandırmadan yola çıxan yeganə vaqon idi.
Gələcək prezidentin vaqonu səhər saat altıda, hər kəsdən xəbərsiz şəkildə Vaşinqtona çatdı. Onun üçün ayrılmış xüsusi qatar Baltimor vağzalına yetişəndə isə oraya minlərlə adam yığışmışdı. Linkoln həmin qatarda olsa, hadisələrin necə inkişaf edəcəyini təxmin etmək çətindir…
Başına Şotlandiya bereti qoymuş, əyninə hərbi plaş geyinmiş ABŞ rəhbərinin qaçış xəbəri müxtəlif variantlarda bütün dünyaya yayıldı. Bu xəbər minlərlə qəzet və jurnallarda karikaturalarla müşayiət olunurdu.
Linkoln belə xəbərlərdən pəjmürdə idi. O, peşəkar xəfiyyələrə qulaq asmaqla ciddi səhv etdiyini düşünürdü. Ancaq məsləhətçiləri fərqli qənaət daşıyırdılar – onlar həmin gecə gələcək prezidentin həyatını xilas etdiklərinə inanırdılar.
Martın 4-də konqres öz işini başa çatdırdı. Son olaraq qərar qəbul edildi ki, ştatların dörddə üçü konstitusiya dəyişikliyinə səs verməyincə, federal hökumət quldarlıqla bağlı cənub ştatlarının işinə heç bir formada qarışa bilməz.
Bununla da konqres Cənub ştatlarında quldarlığın toxunulmazlığına təminat vermiş oldu.
Linkoln and içir
Martın 4-də Vaşinqtonda hava qəfil korlandı. 25 min qonaq paytaxt küçələrini doldurmuşdu. Andiçmə mərasiminin təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görülmüşdü.
Byukenen üstüaçıq faytonda Linkolnun qaldığı hotelə getdi. Gələcək prezident buraya öz arvadı ilə birgə yerləşmişdi. Sonra bütün departament nümayəndələrinin iştirak etdiyi təntənəli mərasim başladı. Onminlik kütlə dövlət xadimlərini alqışlarla salamladı. Linkoln başına təzə silindr qoymuş, qara kostyum, qara çəkmə geyinmişdi.
Yeni prezident xalqa müraciət etmək üçün sürtükün1818
Sürtük – beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi (red.)
[Закрыть] döş cibindən kağız çıxarıb hər kəlməni ölçüb-biçərək üzündən oxumağa başladı.
Linkolnun xalqa müraciəti dövlət əhəmiyyətli sənəd kimi sonradan qızğın mübahisələrə səbəb oldu. Məsələ burasındadır ki, sonralar Avraamın heç bir əlyazması bu qədər düzəlişlərə məruz qalmayacaqdı.
Həmin müraciətin bəzi hissələrini nəzərinizə çatdırırıq:
«Cənub ştatlarının əhalisi əndişələnir ki, hakimiyyətə respublikaçıların gəlməsi onların mal-mülkü, dinc həyatı üçün təhlükə yaradacaq. Bu narahatçılıqlara heç bir əsas yoxdur.
…Quldarlığın mövcud olduğu ştatlarda qanunları dəyişmək fikrində deyiləm. Hesab edirəm ki, bunu etməyə hüququm çatmır; açığı, mənim buna heç həvəsim də yoxdur.
…Bu vaxta qədər parçalanma ABŞ-dan ötrü kağız üzərində təhlükə idi. İndi isə həmin təhlükəni həyata keçirmək üçün ciddi cəhd göstərilir.
…Konstitusiyaya əsaslanaraq hesab edirəm ki, bizim ştatların İttifaqı əbədi mövcud olacaqdır.
…Heç bir ştat öz istəyi ilə ABŞ-ın tərkibindən çıxa bilməz… Bir ya bir neçə ştatın Birləşmiş Ştatlar hakimiyyətinə qarşı etdiyi zorakılıq hərəkətləri, şəraitdən asılı olaraq, qiyam sayılacaq.
…Birləşmiş Ştatların mövcudluğunu və bütövlüyünü qorumaq üçün konstitusiyaya uyğun olaraq, öz gücüm daxilində bütün tədbirləri görəcəyəm. Ümid edirəm ki, dediklərim hədə-qorxu hesab edilməyəcək. Bunlar yalnız ölkəmizin bütünlüyünü qorumaq məqsədi daşıyır.
…Bizim ölkəmiz onu məskunlaşdıran xalqa məxsusdur. Mövcud hakimiyyət xalqı təngə gətirəndə, o öz konstitusiya hüquqlarından istifadə edərək hətta hökuməti dəyişə bilər.
…Mənim narazı həmvətənlərim, vətəndaş müharibəsi ilə bağlı mübahisəli məsələnin həlli məndən yox, sizdən asılıdır. Hakimiyyət sizə hücum etməyəcək. Özünüz təcavüzkar olmayınca, münaqişə olmayacaq».
Cənub ştatlarında bu çıxış birmənalı qarşılanmadı. Məsələn, Alabama ştatında dərc edilən «Advertayzer» qəzeti həmin nitqi müharibəyə çağırış kimi qiymətləndirdi.
Martın ortalarında senator Con Şerman, Luiziana hərbi akademiyasının rəisi olan qardaşı Uilyam Şermanı1919
Uilyam Şerman (1820–1891) – Amerika siyasətçisi, sərkərdə, yazıçı. 1861 –1865-ci illərdə ABŞ-da Şimal azad ştatları ilə Cənub quldar ştatları arasında baş verən vətəndaş müharibəsinin ən bacarıqlı generallarından biri kimi məşhurlaşıb.
[Закрыть] yeni prezidentlə tanış etdi. Müharibə təhlükəsini hiss edən Uilyam ordudan istefa vermişdi. Linkoln ondan soruşdu: «Oradakılar (yəni Cənubdakılar – red.) nə ilə məşğuldular?» Uilyam hirslə cavab verdi: «Onlar döyüşə hazırlaşırlar».
Prezident dedi: «Eybi yox, görünür, evdə qayda-qanun yaratmalı olacağıq».
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!