Текст книги "Məhəmmədhüseyn Şəhriyar xatirələrdə"
Автор книги: Коллектив авторов
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Mən atamın böyük övladıyam. Belə ki, yadıma gəlir, uşaqlıq çağlarımda həmişə gəzməyə, şeir gecələrinə, hətta ən rəsmi yerlərə gedəndə də məni özüylə aparırdı. O hər məclisə daxil olarkən alqış səsləri ətrafı bürüdükdə, yaxud bir yana gedərkən xalq onu dövrəyə alanda məni maraq bürüyür, uşaqlıq hisslərim hərəkətə gəlirdi. Axı o kimdir? Onu başqa uşaqların ataları ilə müqayisə edirdim. Axı nə üçün onlara heç kəs əl çalmır?
Yaxşı yadıma gəlir, bir gecə ədəbi görüşdən qayıtmışdıq. Atam həmişəki kimi şeir dəftərini başqa kitablarını yığdığı qəfəsəyə qoyub, həmin gecə oxuduğu şeirləri barədə fikirlərini anama danışırdı. Birdən mən onun yanına gedib, ikiəlli pencəyinin ətəyindən dartaraq uşaq sadəlövhlüyü ilə soruşdum:
– Baba, səni xalq niyə bu qədər sevir?
Dodaqaltı gülümsədi, bir anlıq nəzərlərini gözlərimə dikdi. Ömrüm boyu onun bu baxışlarını unutmayacağam. Sonra məni qucağına alıb, üzümdən öpdü. Bir müddət sadə cümlələrlə, mənim qavraya biləcəyim səviyyədə şeir və şairlik barədə izahat verdi. Elə həmin vaxtdan onun şəxsiyyəti mənim gözlərimin qabağında formalaşdı, az yaşımla hiss etdim ki, o, adi adamlardan fərqlənir.
Anam müəllimə idi. Ona görə də gündüzlər evdə olmurdu. Kənd təsərrüfatı bankının işçisi olan atama icazə vermişdilər ki, artıq işə getməyib, rahatca şeir yazmaqla məşğul ola bilsin.
Mən uşaq idim və məndən muğayat olacaq qulluqçumuz da vardı. Lakin anam evdə olmayanda çox vaxt atamın yanında olurdum. Oynamaqdan yorulduqda onun qucağında yuxuya gedirdim və o mənə lay-lay çalırdı.
Yadımdadır, bikar olanda vəmən oynamaqdan yorularaq bir küncdə oturanda başa düşdüyüm türkdilli şeirlərdən mənə öyrədərdi. Sonra hər məclisdə adamların hüzurunda həmin şeirləri oxumağı məndən istəyərdi. Deyə bilərəm ki, mən anamdan daha çox onunla ünsiyyət bağlamışdım. Onunla olduğum vaxtlarda anamdan soraq tutmurdum.
Yaxşı yadımdadır, bir dəfə günortadan sonra, saat 5 radələrində gördüm ki, atam paltarını geyinib anama məni də hazırlamağı tapşırdı. Atam, adətən, o vaxtlar evdən bayıra çıxmırdı. Mən təəccüblə soruşdum:
– Baba, hara gedirik?
Cavab verdi:
– Heç yerə, qəlbim sıxılır. Bir az qədəm vurmaq istəyirəm.
Sonra mənim əlimdən tutdu. Yola düşdük.
Bir neçə xiyabandan və küçədən keçdik. Gedib bir küçəyə (sonradan bildim ki, adı “Rasta küçə” imiş) çıxdıq, oradan dar bir dalana daxil olduq. Qurtaracağında köhnə, rəngi-ruhu getmiş bir qapı var idi. Uşaq idim. Özü də bir az forslu-fasonlu bir uşaq, hey zıqqıldayır və deyinirdim ki:
– Baba, sən nə pis küçələrlə gəlirsən!
Atam sakitcə cavab verdi:
– Əzizim, içəri keçməyəcəyik.
Sonra bir müddət, cəsarətlə deyə bilərəm ki, on beş-iyirmi dəqiqə qapıya baxdı və fikirləşdi. Bilmirəm, nə barədə düşünürdü. Bəlkə, olub-keçənləri görürdü. Yaxud özünün gündə iyirmi dəfə o qapıdan eşiyə çıxıb, getdiyini xatırlayırdı. Birdən qapıya söykəndi. Göz yaşları fasiləsiz üzüaşağı süzüldü, ağlayırdı. Hönkürtüdən çiyinləri şiddətlə qalxıb-enirdi. Mən bir neçə an heyrət içərisində ona baxdım. Elə bil mən heç yoxdum. Bir qədər sonra sakitləşdi. Dərindən ah çəkdi. Göz yaşlarını silə-silə mənə dedi:
– Bura atam evidir. On dörd il burada yaşamışam.
Sonra həmin küçə boyunca yola düşdük. Evin bəzi hissələrini bayırdan mənə göstərdi. Evə qayıtdıqdan sonra “Atamı axtararkən” adlı bir şeir yazdı. Məncə, onun fars dilində yazdığı ən həyəcanlı şeirlərindən biridir.
Həmin uşaqlıq illərində mən atamın şeir dəftərini varaqlayırdım. O mənə mane olmadan yalnız diqqət edirdi ki, kitabçanı cırmayım. Məhəbbət dolu nəzərlərlə mənə baxırdı.
Uşaq yaşlarımda olanda, yəni hələ məktəbə getmədiyim vaxtlar, “Heydərbaba” və başa düşdüyüm türkdilli şeirlərini mənə öyrədərdi. Bir az böyüdükdən və oxumağı öyrəndikdən sonra onun şeir kitabçasını oxuyar və çox sevdiyim şeirləri əzbərləyərdim.
Atam, adətən, gecədən xeyli keçənə qədər ibadət və “Quran” oxumaqla məşğul olardı. Elə ki bu işdən azad oldu, şeir kitabları oxuyar, şeir yazar və sübh azanına qədər yatmazdı. Buna görə də gecələr otağının çırağı həmişə yanılı olardı.
Yadımdadır, gecəyarısı yuxudan oyanıb, onun otağına getdikdə, bəzi hallarda onu şeir yazan görərdim. Belə hallarda yazdığı şeirləri zümzümə edər və əlində olan kağıza yazardı. Bu zaman onun qafiyəsini təsvir edə bilmərəm. Yalnız bunu deyə bilərəm ki, yaşadığı mühitdən tamamilə ayrılar, başqa bir aləmdə seyr edərdi. Bu halda onu çağırsaydın, elə bil ki yuxudan oyanırdı. Onu heç vaxt bu haldan ayırmağa ürəyim gəlməzdi. Lakin kitab oxuduğu zamanlar otağına daxil olardım. O məni gülərüzlə qarşılayar və mən yeni yazdığı şeirlərini oxumağa başlayardım. Sonra məndən tələb edərdi ki, gedib yatım. Amma mən oturmaq üçün təkid etdikdə söhbətə başlayardı. Öz keçmişindən, ailəsindən, uzaqda – Tehranda keçirdiyi çətin günlərdən, eşqindən, uğursuzluqlarından, pərəstiş səviyyəsinə qədər sevdiyi adamı əldən verməsindən danışardı. Mən hədsiz həvəs və maraqla ona qulaq asardım.
Yadımdadır, dəfələrlə onunla söhbət edərkən vaxtın keçməsini hiss etməmiş, bir də görərdim ki, hava işıqlanır. Bu zaman atam tələsik sübh namazını qılmaqla məşğul olardı, mən də tezcənə otağı tərk edərdim. Məndən üç il sonra bacım Məryəm, bundan iki il sonra isə qardaşım Hadi dünyaya gəldi. Biz onun ətrafına toplaşanda bir-birimizi itələyə-itələyə çiyninə dırmaşardıq. O bizi əzizləyərək, hər birimizə şeir yazardı. Bacım Məryəm iki yaşında olanda “Heydərbaba” vəznində ona belə bir şeir qoşmuşdu:
Heydərbaba, cınqılı Məryəm gözəldi,
Heç bilmirəm gozaldı, ya qəzəldi.
Güllər onun ayağında xəzəldi.
Dodaqları şirinlikdən şaqqıldar,
Gözəl kəklik onu görsə qaqqıldar.
Yaxud qardaşım Hadini qucağına alıb, öpər və deyərdi:
Mənim oğlum Hadıdı,
Hadı onun adıdı,
Meyvələrin dadıdı.
Şəxsi həyatında çox səxavətli adamdı. Maddi köməkdən başqa, hətta özünün şəxsi şeylərini də bağışlayardı. Çox incə və mehriban ürəyi vardı. Çox ehtiraslı və həssasdı. Çox tez təsir altına düşürdü. Dostlarının vəfat etməsindən çox təsirlənirdi. Belə ki, dostu Səbanın ölümündən 19 il keçməsinə baxmayaraq, hələ də onu unuda bilməmişdi. Yadına düşən kimi gözləri yaşla dolurdu. Adətən, hər şeirini yazıb qurtarandan sonra ailə üzvlərini başına toplayıb, onlara oxumağı çox sevirdi və biz həvəslə ətrafına yığışırdıq. Müxtəlif münasibətlərdə şeir yazırdı. Məsələn, hər bir gəzintidə, yaxud qonaqlıqda təbə gəlirdi. Qətiyyən kin saxlamazdı. Maddiyyatın onun üçün heç əhəmiyyəti yoxdu. Adətən, öz təfəkkür aləmində olurdu. Xarici aləmlə o qədər də maraqlanmırdı.
Tehranda tənha olan vaxtlarda Zahidi adlı bir dostu var idi. Onun ən yaxşı munisi idi. İndi də ən yaxşı dostlarından biri hesab olunur. Həmin ağa-ye Zahidi danışır ki, bir gün gözlənilmədən Şəhriyarın otağına daxil oldum. Gördüm, çox pərişan halda gözlərini yumub, Həzrəti Əlinin (Əs-səlam əleyhi və ali) qabağında diz çöküb. Ona toxunub soruşdum ki, niyə bu hala düşmüsən? O, bir neçə dəfə dərindən nəfəs alaraq minnətdarlıq tonu ilə dedi:
– Sən məni boğulmaqdan xilas elədin.
Dedim:
– Adam quru və susuz otaqda ki boğula bilməz?
Şəhriyar mənə bir kağız verdi. “Gecənin əfsanəsi” məsnəvisindən “Dənizin simfoniyası” şeirinin bir parçası idi. Üzünü mənə tutdu:
– Xəyalımda dənizi elə canlandırmışdım, hiss edirdim, boğuluram.
Bəli, o, şeir yazanda beləcə öz düşündüklərinin təsiri altına düşürdü.
Musiqi ilə yaxşı tanışlığı vardı. Bir zamanlar setar da çalardı. Lakin Təbrizə gələndən bəri bu işi qırağa qoymuşdu. Əsas dilxoşluğu keçmiş dostlarını və onlarla keçirdiyi günləri yadına salmaqdı. Necə ki özü də deyirdi:
Qocalıqda mənə qalan ləzzət yada salmaqdır,
Qəlbim əgər şaddırsa, o da yada salmaq dövlətindəndir.
Birinci kitabı 1308/1929-cu ildə Xəyyam kitabxanası tərəfindən çap edilib, yayılmışdı. Bu divana üç müqəddimə yazılıb. Onlardan biri atamın müəllimi olmuş ustad Bahar tərəfindən, ikisi isə ustad Səid Nəfisi və Pejman Bəxtiyarinin qələmi ilə yazılmışdı.
Evimizdə onun ayrıca otağı vardı. Kitabxanası həmin otağın bir küncündə yerləşirdi. Lakin daha çox mütaliə etdiyi kitabları, adətən, dövr-bərinə və oturduğu yerdə ətrafına yığırdı. Yəni qoşduğu və hələ dəftərinə köçürmədiyi şeirlərini ya həmin kitabların üstünə, yaxud da döşəyinin altına qoyurdu. Buna görə kağızları dağınıq düşməsin və ya itirməsin deyə, otağının təmizlik işləri mənim öhdəmdəydi. Adətən, qulluqçu onun otağını yığışdırmırdı.
Çox təmiz ürəkli və sadə adamdı. Bir adamın köməyə ehtiyacı olsa, bacardığı qədər ona maddi və mənəvi kömək göstərməyi əsirgəmirdi.
Şeir oxuyanda əsərin mövzusu ilə əlaqədar üzünün ifadəsi dəyişirdi. Hərdən, şeirinin həssas yerində gözləri yaşla dolur, həyəcandan boğazı tutulur, dinləyicini çox ciddi surətdə təsir altına alırdı.
Əvvəlcə “Behçət” təxəllüsünü seçmişdi. Tibb məktəbində oxuyanda onu: “Doktor Behçət”, – deyə çağırırdılar. Lakin sonralar Hafizin divanının sehri ilə “Şəhriyar” təxəllüsünü seçdi.
Hirsləndiyi zamanlarda, yaxud uşaqlar nadinclik edəndə imkan daxilində əsəblərini sakitləşdirməyə çalışardı. Əsəbi olsa belə, qısa müddət ərzində yenidən mehriban ataya çevrilər, hədsiz məhəbbətlə əsəbiliyinin əvəzini çıxmaq istəyərdi.
Hazırda məndən uzaqda – Tehranda yaşayır. Həmişə ondan bir məktub alanda, yaxud telefonda onun səsini eşidəndə özümdən asılı olmayaraq, ürəyim əsir. Tezliklə Tehrana – onun yanına qayıtmaq istəyirəm.
Seyid Rza Xoşginabi
Qardaşım Şəhriyar
Şübhəsiz ki, cəmiyyət daxilində hörmət sahibi olmaq hamımızın istəyidir. İnsanların bu istəyi heç də eyib deyil, başqa tərəfdən, böyük istəklər ləyaqət və bacarıqlar tələb edir. Əlbəttə ki, bunları əldə etmək rahat deyil. Əsasən, maddi məsələlərdə uğur əldə etmək şəxsin səyi ilə əlaqədardır. Mənəvi yüksəliş isə ancaq həqq-taalanın istəyi ilə əldə edilə bilər.
Bizim ölkəmizdə bir çox alim insanlar bu nailiyyəti əldə edə bilmişlər. Onların dəyərli əsərləri tarixdə əbədi əsər kimi qeyd edilib. Ədəbiyyat və elm dünyasının alimlərinin fikrincə də, bu şəxslərin biri Şəhriyardır. Bu insan ömrünün gənc çağında dünyanın ləzzətlərinə göz yumaraq bir çox çətinliklərə dözüb bu dərəcəyə yüksəlmişdir.
Şəhriyarın heç kimin bilmədiyi bəzi xüsusiyyətlərini açıqlamaq istəyirəm.
Şəhriyar bəzi bacarıq və xüsusiyyətlərinə görə atamın ölümündən sonra ailənin başında durmalı idi. Atam da bu oğlunda belə bir qabiliyyəti hiss etmişdi. Buna görə də o zaman Tibb universitetinin tələbəsi olan Şəhriyara həkimlik etməsi üçün Təbriz şəhərində ofis hazırlamışdı. Beləliklə, qardaşım ofisdə həkimliklə məşğul olub özündən yaşca kiçik olan bacı-qardaşlarını himayəsi altına alıb qoruya biləcəkmiş. Şəhriyardan on doqquz yaş kiçiyəm və məndən kiçik bacı-qardaşlarımız da var idi.
Şəhriyarın sevgi və məhəbbətində məğlubiyyəti və onun ardınca universiteti buraxması atamı sarsıdır və bu məsələdən sonra xəstələnib hicri 1312-ci (1933) ildə dünyasını dəyişir.
Bir gün Şəhriyar teleqraf vasitəsilə atasının ölüm xəbərini eşidir. Həm ata ölümünün həsrətli kədəri, həm də sevgisindən ayrılması onun şair və həssas ruhuna daha artıq təzyiq göstərir.
Xatirimdədir ki, atamın ölümündən sonra Şəhriyarın dostları cümə axşamları evimizdə toplaşıb, onun atamızın vəfatına həsr etdiyi “Atamın yasında” adlı şeirini kədərlə oxuyub ağlayardılar.
İllər keçir, Şəhriyar ailəsini Tehrana aparır. Biz hamımız Tehranda böyük bir evdə şadlıqla yaşayırdıq. Bu ev Tehranın Jalə prospektinin Fəllah küçəsində yerləşirdi. Biz 1332-ci (1953) ilə kimi birlikdə o evdə yaşadıq.
Məndən böyük qardaşım mühəndis Xoşginabi evlənmişdi və Şəhriyarın iznini alandan sonra, mən də o evdə olduğumuz zaman ailə qurdum. Toy gecəsi Şəhriyar qonaqlarla gecəyarısına kimi oturub şeirlər oxudu, Qafqaz aşıqlarının sazı ilə çalıb oxudular (hicri 1329-cü (1950) il).
Bir gün Şəhriyara gələn məktubların içərisində bir gənc, gözəl qadının məktub və şəklini gördüm. Məktubda Şəhriyara xitabən yazmışdı:
“Əziz ustad, mən sizi sevirəm və haqqınızda çoxlu araşdırıb məsuliyyətlərinizin çox olduğunu anladım. Bilirəm ki, qardaşınızın övladları üçün tək yaşamağı seçibsiniz. Amma bir gənc, oxumuş və şeir ilə maraqlanan qadın sizin şəxsiyyətinizin vurğunu olub. Maddi baxımdan da heç nəyə ehtiyacı yoxdur. Xahiş edirəm, mənimlə evlənməyi qəbul edəsiniz. Söz verirəm ki, o uşaqları öz övladlarım kimi biləcəyəm Onları sizin nəzarətinizlə tərbiyə edib yetişdirərəm. Çünki sizin kimi insanla yaşamaq mənim üçün çox dəyərlidir. Bu da mənim şəklimdir. Dediklərimin hamısı lap ürəkdən gəlmədir. Sizin sağlığınızdan başqa heç bir arzum yoxdur. Sizin qabaqkı sevginizdəki məğlubiyyətiniz barədə hər şeyi bilirəm. Bütün varlığımla sizin kədər və sevinclərinizin şəriki olmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi qəbul edərsiniz”.
Şəkli anama verib məktubu da ona oxudum. Anam ağladı. Vəsf edilməz qədər sevinib həyəcanlandı. Bir tərəfdən atasız uşaqların gələcəyi barədə narahatlığı, digər tərəfdən də böyük oğlu Şəhriyarın xoşbəxtliyi anamı fikrə salmışdı. Gecəyarısına kimi bu barədə fikirləşdi. Nəhayət, məktub və şəkli götürüb Şəhriyarın otağına getdi.
Səhərə kimi onların pıçıltılarının şahidi olub nəticəni gözlədik. Ev əhli anamın yorğun və yaşlı gözlərindən nəticənin mənfi olduğunu bildi.
Anamın qısa müddətli xəstəliyi və ölümündən sonra (hicri 1331-ci (1952) ilin yay fəsli) Şəhriyar “Ey vay, anam!” adlı kədər dolu şeirini qoşdu.
Ana bizi tərk etdi. Onun yerinin boşluğu məhəbbətinin səhnəsi olmuşdu. O boyda Tehran və təhsillə sevgisinin xatirələri daha sıxıcı olmuşdu. Bu qəzəl həmin günlərin yadigarıdır.
Lakin həyatında dəyişiklik vermək və ailə təşkil etmək üçün 1332-ci ildə Təbrizə gələrək bibimin nəvəsi Əzizə xanımla evləndi. Bu xanım lətafətli ruh və incə cismə malik idi. Bu zaman Şəhriyar Tehranda sakin olan qohumlardan və sevdiyi dostlarından, o cümlədən Mirza Bağırxan Təliə, Lütfüllah xan Zahidi, Əbülhəsən xan Səba, seyid Məhəmməd Əli Camalzadə, ustad Əvesta, Əbdüllah xan Dəvami, ustad Hormozi, Yəhya Aryanpur, Zəhiri, Firidun Moşiri, Huşəng Ebtehac, Bijən Tərəqqi, Dr. Məhəmməd Hüseyn Bigdeli, Dr. Cavad Heyət, Bulut Qaraçurlu, Dr. Səlamullah Caviddən ayrılıb Təbrizə gəldi. Təbrizdə bunlardan ayrı qalıb ürəyi sıxıldı. Ustad Əbülhəsən xan İqbali Azər, Dr. Murtəza, Dr. Roşənzəmir, Yədullah Məftun, qonşusu hacı Ələkbər Herisçi kimi dostları olmasaydı, Təbrizdə heç yaşaya bilməzdi. Gənclik çağlarındakı dostlarından, xüsusilə atasından heç əsər qalmamışdı. O günlərin xatirələri şairi incidirdi. O günlərdə bir dəyərli, amma kədərli “Atanın axtarışında” şeirini yazdı.
Əslində, bu kədərlər şairi belə şeirlər yazmağa sövq etmişdi. Özü demişkən, ürək yanmayınca, yandıran söz deyə bilməz…
Bu beytlər göstərir ki, Şəhriyar atasının arzularını gözündə qoyduğu üçün peşmanlıq hissi keçirirmiş. Bu peşmanlıq ömrünün sonuna kimi onunla olmuşdu. Ürəyindən coşan şeirlərinin birində bu barədə yazırdı. Atasının ölümündən sonra ondan qalan ev və qohumlar dağıldı. Şair o günlərdən az-çox qalmış əsərləri yaxından görmək istəyirdi. Dərd çəkmiş və həsrət dolu ürəyini sakitləşdirmək üçün uşaqlıq dövranına aid məkanlara gedir. Lakin nəticəsi tərs oldu. Bu zaman Şəhriyarın güclü fikir və təsəvvüratı yardımına çatdı və həmin xatirələri öz xəyalında canlandıra bildi. Burada Şəhriyar həqiqətdə tapa bilmədiyini xəyalında daha canlı gördü. Qeyd etmək lazımdır ki, öz həyatı boyunca neçə dəfə üstüörtülü şəkildə ilk sevgisindən söz açır. Belə ki, illər sonra təsadüfən sevgilisini görmüşdü. Zaman onu da hamı kimi qocaltmışdı.
İkinci dəfə onu bir keçiddə görmüşdü.
Uzaqdan onu görüb tanımışdı. Xanım çox gərgin və narahat görünürmüş. Bu hadisədən sonra “Tanışla görüş” adlı bir qəzəl yazmışdı. Bu görüş onların ən son görüşləri idi. Burada Şəhriyarın virtual sevgisi sona çatır, ürəyində Allaha sevgi və bilik günəşini saçmağa başlayır.
Professor Qulamrza Səbri Təbrizi24
Mənim Şəhriyar ilə ilk görüşüm ustadın qonşuluğunda yaşayan dostum doktor Məhəmməd Çayçı vasitəsilə olub. O vaxta qədər Şəhriyar barədə təsəvvürüm çox romantik idi. Yaşadığı hər cür təmtəraq və dəbdəbədən uzaq mənzili ilə tanış olduqda, bizi bir doğma kimi necə qarşılamasını gördükdə onun simasında son dərəcə təvazökar və qonaqpərvər bir insan kəşf etdim. Xüsusən titrəyən əllərində qəribə bir təvazökarlıqla bizə çay gətirməsinin şahidi olduqda məni heyrət bürüdü: “İlahi, oxuyanda insanı zəlzələ kimi silkələyən, adamın bütün ağlına, şüuruna, varlığına hakim kəsilən o misraların yaradıcısı bu qədər sadə, qonaqpərvər, təvazökar olarmı?”
Bəli, bu dünyanın ən qüdrətli və tanınmış sənət korifeylərinə yaraşan bir sifət idi.
Görüşümüzdən yadigar olaraq ustad mənə təqdim etdiyi kitabına gözəl xətlə avtoqraf yazdı. Kitabı mənim dostum və Şəhriyar sənətinin məftunu Ahməd Atəşə göstərdikdə o, əl çəkmədi. Muzeyə qoymaq üçün kitabı ona verməyimi xahiş etdi. Sonralar mən bir neçə dəfə ustadla həmsöhbət oldum. Hər görüşümüz mənə söz sənəti sərkərdəsinin bəşəri keyfiyyətləri barədə yeni-yeni hekayətlər danışdı. Bu yazılmamış dastanın ən cəlbedici səhifələri “Heydərbabaya salam” poeması ilə əlaqədar oldu.
Doğrusu, oxucunu, az qala, ovsunlayan bu əsərlə tanış olana qədər mən Qərbin və Şərqin bir sıra söz ustalarının qələm məhsulları ilə az-çox tanış idim. Etiraf edim ki, əsər məni “Heydərbabaya salam” poeması qədər təsiri altına almamışdı. ”Heydərbabaya salam” insanın daxili aləminə asanlıqla yol tapan əsərdir. Bu onun sənətkarlıq səviyyəsindən, misralarına hopdurulmuş poetik cövhərdən nəşət edir. Mən onu oxuyarkən uzun illər boyu uzaq düşdüyüm Vətən torpağının rayihəsi, onun durna gözlü bulaqlarının əzəməti, yaşıl donlu zəmiləri gözlərim önündə səf çəkib dayandılar. ”Heydərbaba” əsl şairanə təfəkkürün məhsulu idi.
Adam qaranlıq zindana düşəndə işıqlı ulduzların sorağında olur. İnsan qürbətdə olanda vətənin bir yaşıl yarpağı, bülbüllərinin bir ağız cəh-cəhi, bir sərv ağacının yarpaqlarının xışıltısı onun zehnində, gözlərində gözəllik, əzəmət, bəxtəvərlik simvoluna çevrilir. Şəhriyar uzun illər Vətəndən kənarda qaldığından daim həsrətində olduğu ana Vətənlə qovuşdu. Bu təmasdan doğan müqəddəs hisslər isə Vətən təbiətinin rayihəsi duyulan misralara çevrildi:
Heydərbaba, dağın, daşın sərəsi,
Kəklik oxur dalısında fərəsi.
Quzuların ağı, bozu, qərəsi,
Bir keçəydim dağ-dərələr uzunu,
Oxuyaydım: ”Çoban, qeytər quzunu”…
Şəhriyarın “Heydərbaba”sı varlıq fəlsəfəsidir. O, Rza şahın və onun qəddar oğlunun Azərbaycanda yaratdığı boğucu mühitdən qurtuluşun müjdəçisi oldu. “Şəhriyarın qələmi Azərbaycanda yaranmış qarlı-boranlı qışı bahara çevirdi”, – desək mübaliğə olmazdı.
Mən “İran: Bir uşağın hekayəti, bir böyüyün təcrübələri” ünvanlı əsərimi yazarkən bu həqiqət sətirlərimdə inkaredilməz ədəbi məntiqlə təsdiq edildi.
Mən Şəhriyarı nankor fars şovinizmi tərəfindən doğma dilimizə vurulan zəncirləri parçalayan bir qüdrət sahibi kimi tanıyıram. Poeziya mülkünün sərkərdəsi “Heydərbaba”sı ilə təkcə Heydərbaba dağının qollarına vurulmuş zənciri parçalamadı. O bu əsəri ilə bütün Azərbaycanın varlığını əbədiləşdirdi.
Şəhriyar insani eşqin ən sədaqətli xaliqidir. Bu bizim əsrimizdə ulu Füzulinin əbədiyaşar nəfəsinin dilə gəlməsi idi. Təkcə şairin “Behcətabad xatirələri” şeirində müqəddəs və pak insan məhəbbətindən yoğrulmuş bir neçə misranı yada salaq:
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.
Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
Məndən aşağı kimsə yox, ondan da yuxarı…
Şəhriyar bir insan, bir söz sərkərdəsi, bir təvazökarlıq mücəssəməsi kimi elə cazibə qüvvəsinə malik idi, ona sonsuz məhəbbət bəsləmək, ürəkdən sevmək üçün bircə görüş belə bəs idi.
Əsrin və sənətin görkəmli səyyarələrindən olmuş Məliküşşüərayı Bahar Şəhriyarın fars poeziyasına gətirdiyi şöhrətdən ürək dolusu söz açmaqda haqlı idi. Onun bu tarixi missiyası ustadı fars poeziyasının Hafizi adlandıranların məntiqində dolğun şəkildə öz ifadəsini tapmışdır.
Şəhriyarın qələm dostu Lütfulla Zahidinin dediklərindən25
Şəhriyarın divanının üçüncü cildi çap olunub yayılanda biz ustadın “Gecənin əfsanəsi”, qalan və yeni şeirlərini əhatə edən dördüncü cildini nəşrə hazırlamağı vəd etmişdik.
Xoşbəxtlikdən, bizim vədimiz həyata keçdi və dördüncü cild gördüyünüz şəkildə ədəbiyyatsevərlərin istifadəsinə verilir.
Ustad Şəhriyarın qələmilə üçüncü cildə müqəddimədə fars şeirlərinin səpkiləri və məktəbləri barədə mülahizələrinin dördüncü cilddə əksini tapacağı vəd edilmişdi. Çox şadıq ki, həmin müqəddimə ustadın bu cilddə dərc edilən elmi və səriştəli məqaləsi ilə təkmilləşdirilir.
Bu cildin nəşri ilə Şəhriyarın təqribən bütün şeirləri bir neçə cilddə aşağıdakı qaydada çap edilib yayılmışdır:
I cild – qəzəllərini, qitələrini və rübailərini əhatə edir;
II cild – qəsidələri, məsnəviləri və müxtəlif şeirlərini əhatə edir;
III cild – Şəhriyarın məktəbi və “Heydərbaba”nın tərcüməsi daxildir (Onun əsli Şəhriyarın türk dilində nəşr edilmiş kitabıdır);
IV-cild – “Gecənin əfsanəsi” və qalan şeirlərini əhatə edir.
Beləliklə, əziz oxucular bu dörd cildi əldə etməklə, demək olar ki, Şəhriyarın şeirlərini və digər əsərlərinin külliyyatına malik olacaqlar.
Şəhriyarın divanının hər üç cildinin çapı və nəşri zamanı tərtibatçıya təklif olunurdu ki, müqəddimə kimi ustad Şəhriyarın tərcümeyi-halını və avtobioqrafiyasını yazım. Onlar haqlı idilər.
Əgər Şəhriyarın avtobioqrafiyasını yazmaq qərarı alınsaydı, bu işi ya ustad özü, ya da 30 ildən bəri onunla ünsiyyət və ülfətdə olan mən görməli idik. Lakin o divanda Şəhriyarın bütün əsərləri çap və nəşr olunmadığından bu işə həmişə vaxt tapmaq olardı. Onun bütün əsərlərinin külliyyatının nəşri, mənim tərif və vəsf etdiyim dostbazlıq və dostluq xatirinə görülən bir iş kimi, tərif kimi yazılardı. Bundan başqa, Şəhriyarın tərcümeyi-halından xalqın zehnində o qədər məşhur və geniş əfsanələr yayılmışdır ki… Və əsl həqiqət də elə onlardadır – o qədər qəzəl Şəhriyarın özünün “Qəlbinin sayıqlaması”na oxşar və yaxındır ki, bu barədə bir şey yazıb o xəyali lətifələrlə həyatın qeyri-məhdud acı həqiqətləri ilə Şəhriyarsevərlərin zövqünü korlamaqdan qorxdum.
Amma Allahın köməkliyi, bizim əziz və qiymətli dostumuz, Xəyyam kitabxanasının müdiri həzrəti-ağaye Məhəmmədəli Tərəqqi və onun ləyaqətli oğlu ağaye Bijən Tərəqqinin yardımı ilə Şəhriyarın bütün əsərlərinin çap olunub yayıldığı bir vaxtda mənim də boynuma düşən vəzifəyə görə özümün bəzi müşahidələrimi və ustad Şəhriyarın həyatı ilə bağlı eşitdiklərimi əziz oxucuların daha geniş şəkildə tanış olmaları üçün qələmə alıram.
Təqribən 1311 (1922)-ci il idi. Şəhriyar qardaşım ağaye professor Əsədulla Zahidi ilə Darülfünunda bir kursda oxuyurdu. O zamanlar bu sətirlərin müəllifinin də az-çox şeir və şairlik zövqü var idi.
Qardaşım Şəhriyarı qüdrətli bir şair kimi qiymətləndirdiyindən məni onunla tanış etdi. Elə ilk görüşdə hər ikimiz dərk etdik ki, bizim təfəkkürümüz və ruhiyyələrimiz arasında dəqiq dərin yaxınlıq vardır. Məhz baxışlarımızdakı bu yaxınlıq bizim aramızda qırılmaz bir ünsiyyətin yaranmasına səbəb oldu. Mən öz hisslərimi, zövqümü və istəklərimi Şəhriyarın şeirlərində müşahidə etdiyimdən, digər tərəfdən onun öz əsərlərini qorumağa laqeyd olduğunu gördüyümdən elə məsləhət bildim ki, şeir yazmaq əvəzinə, Şəhriyarın əsərlərini və qələm məhsullarını qoruyum. Bu işi gücüm çatan qədər yerinə yetirdim. Əvvəllər Şəhriyar çox şeir yazırdı. Hara getsəydi, ya qonaq olsaydı, keçirdiyi hisslərdən xəbər verən şeir yazardı və oradaca qoyub gedərdi. Əksər hallarda o şeirlər aradan gedirdi. Evində öz qəlbinin hökmü ilə şeir yazanda da onları siqaret qutusunun üstündə və qaralamalarda yazırdı, o yazılar da zir-zibilə qarışıb süpürgənin qabağında gedirdi. Mən Şəhriyarın əsərlərini və şeirlərini belə yerlərdən yığıb bir kitabça toplamağa məcbur idim. Bu kitabçaların itməsi ilə (bu, dəfələrlə təkrar olurdu) şeirlər aradan getməsin deyə, onları bir neçə başqa-başqa cüzvələrdə yazıb, saxlamağa məcbur olurdum.
Şəhriyar özü etiraf edir ki, əgər mənim fədakarlığım olmasaydı, əsərlərini və şeirlərini qorumağa onun rəğbəti yox idi. Buna görə də bu əsərlərin mütaliəsindən bir həzz və sevinc əldə edilsə, məni də gərək xoş sözlərlə yad etsinlər.
Şəhriyarın həyatı, başına gələn hadisələr həmişə əlaqə və eşq ilə bağlı olmuşdur. Əgər başqa cür olsaydı, bu əsərlər də yazılmazdı.
Şəhriyarın son dərəcə həssas qəlbi olduğu üçün kiçik bir məhəbbətə, balaca bir qayğıya və gözəlliyə məftun olur, buna qarşı minnətdarlığının həddi-ölçüsü olmurdu. Elə bu səviyyədə də ötəri bir kobudluq və laqeydlikdən kədərlənir, qəlbi sınırdı. Bu xüsusiyyətinə görə də, bəzən onu cununluq həddinə qədər sövq edən odlu eşqi uzun müddət davam etmir, peşmançılıq və hicrana çevrilərək onda kədərli xatirələr doğururdu.
Şəhriyar üçüncü cilddə çap olunmuş “Qəlbin sayıqlaması” əsərində özünün əhvali-ruhiyyəsini şeirin bu bəndində belə ümumiləşdirir:
Ömrümün əfsanəsi yuxu gətirdi,
Bu ömür deyildi, yuxu görürdüm.
Rüzigarım sellərdə keçdi.
Dalğaları əyri, buruq gördüm.
Eşqimdən, cavanlığımdan soruşursan,
Mən suda axan bir dəstə gül gördüm.
Qəlbimi həsrətin baxışı ilə müşayiətdə gördüm.
Şəhriyarın tərcümeyi-halı və xatirələri şeirlərinin, sətirlərinin arasından oxunur. O şeirlərdə hər cür təfsir və təbir olsa, onun həyat əfsanəsinə yaxınlaşır. Bu xatirələrin röya və əfsanə örtüyündən xaric olması hayıfdır.
Şəhriyar nikbin adamdır və ömrünün əvvəlindən röyalarla hidayət olunmuşdur. Onun uşaqlıqda və cavanlığının ilk illərində gördüyü iki yuxu məşhurdur, bunu başqaları da yazmışlar. Birinci yuxunu hələ on üç yaşı olanda karvanla Təbrizdən Tehrana səfər etdiyi vaxt Basmınç kəndinə aparan yolun birinci mənzilində görmüşdür. Onun təfsilatı belədir: Şəhriyar yuxuda görür ki, dağın zirvələrində böyük bir təbili döyəcləyir. Ondan ətrafa yayılan səs elə gurultuludur ki, özü də qorxuya düşür. Şəhriyarın bu yuxusunu onun tapdığı və sonralar daha çox tapacağı şöhrət kimi təbir etmək olar.
İkinci yuxunu on doqquz yaşında olarkən görür. Bu, Şəhriyarın eşqinin, birinci məhəbbətinin özünün son dövrlərini yaşadığı zamanlar idi. Yuxunun qısaca məzmunu bundan ibarətdir: Şəhriyar yuxuda görür ki, Behçətabad gölündə (Tehranın şimalında bir kənddir. Əvvəllər abad, səfalı və Tehran əhalisinin gəzinti yeri olmuşdur. İndi isə şəhərlə birləşib) öz məşuqəsi ilə üzməklə məşğuldur. Birdən görür ki, məşuqəsi suyun altında batır. Şəhriyar da onun ardınca suyun dərinliyinə baş vurur. Nə qədər axtarsa da, məşuqəsindən bir əsər-əlamət tapmır. Gölün dərinliyində Şəhriyarın əlinə bir daş keçir. Suyun üzünə çıxanda görür ki, daş elə parlaq bir gövhərdir ki, dünyanı günəş kimi işıqlandırır. O eşidir ki, ətrafdakılar deyirlər:
– Dünyanın ən parlaq daşını tapmışdır.
Şəhriyarın bu yuxusu belə təbir edildi ki, məşuqə qısa müddətdə onun əlindən çıxacaqdır.
Üçüncü cilddə dərc edilmiş “Şairin zifafı” şeirinin təfsiri Şəhriyarın öz dili ilə izah edilmişdir. Məhz həmin Behçətabadda Şəhriyar arifanə bir dəyişikliklə qarşılaşır. Bu dəyişiklik nəticəsində eşqin gövhərini və mənəvi irfanı tapır.
Şəhriyarın şeir oxuması özünəməxsus xüsusiyyətlərə malikdir. Şeir oxuyarkən onun siması, hərəkətləri, səsinin ahəngi mövzu ilə əlaqədar dəyişir, şeirin həssas yerində hiss, həyəcan onun boğazını tutur, gözləri dolur və dinləyicini əsaslı surətdə həyəcanlandırır.
Onun çox qəribə həssas qəlbi vardır. Əlaqədar olduğu dostlara münasibətdə azacıq laqeydlikdən təsirlənir, əsəbiləşir. Amma ən böyük günahlara göz yumur və güzəştə gedir. Hətta özünə düşmən bildiyi adamların azacıq əyintiyə yol vermələrindən kədərlənir və onları da düz yola hidayət edir. Şəhriyarın ürəyində heç kəsə qarşı küdurət tapılmaz.
O adamlar ki, Şəhriyara paxıllıq edirdilər, şair onları ən yüksək səviyyədə sevirdi.
Şəhriyar çox səxavətli və əliaçıq adamdı. O özünə lazım olan bir çox şeyləri başqalarına bağışlayır.
Bir müddətdir ki, Şəhriyar əlaqələrini məhdudlaşdırmışdır, yalnız sənətkarlar, mənəviyyatlılar və imanlılar, bir də onları tanıyan adamlarla əlaqə saxlayır.
Bəzən öz düşüncələr aləminə elə dalır ki, hətta nahar və şam yemək də yadından çıxır. Çox hallar olub ki, onun nahar yediyi sinini isti halda otağına qoymuşlar, gecədən xeyli keçənə qədər əl vurulmadan qalmış, şairin şam yeməyi olmuşdur.
Şairin nahar və şam yediyi qab da bərəkətlidir. Belə ki, Şəhriyar bir nəfər üçün hazırlanmış həmin qabdakı xörəklə neçə nəfəri doyunca qonaq etmişdir.
Şəhriyar şeir yazan zaman yaranmış halın təxəyyül və fikir aləminə o qədər dalır ki, özünün tutduğu vəziyyətdən və halından xəbərsiz olur. Aşağıdakı vəziyyət müəllifin müşahidə etdiyi hallara bir nümunədir.
Ustad heç kəslə əlaqə saxlamadığı, qapısını dostların və yadların üzünə bağlayıb otağında özünün şairanə təxəyyülü ilə məşğul olduğu günlərin birində ona baş çəkdim. İçəri daxil olub gördüm ki, gözlərini yumub, əllərini başı üzərinə qaldıraraq çaşqın bir halda ardıcıl olaraq Həzrəti Əli əleyhissalama müraciət edir. Ona toxunaraq soruşdum:
– Bu nə haldır, düşmüsən?
O, dərindən nəfəs alaraq minnətdarlıq edib dedi:
– Məni qərq olmaqdan və boğulmaqdan xilas etdin.
Dedim:
– Ağlını itirməmisən ki? İnsan quru və susuz otaqda ki qərq olmaz, boğulmaz.
Şəhriyar qarşısındakı kağızı götürüb mənə uzatdı. Mən həmin kağızda onun “Gecənin əfsanəsi” şeirinin “Dənizin simfoniyası” hissəsini gördüm.
Bəli, şeirlərini yazan zaman elə bir şəkildə özünün təxəyyülünün təsiri altına düşür ki, bir şey artırıb əskiltmədən həmin vəziyyəti olduğu kimi müşahidə edirdi. Dənizi xəyalında elə canlandırır ki, özünü onun burulğanları və dalğaları qoynunda boğulan görür və qərq olmaqdan nicat tapmaq üçün dini müqəddəslərə müraciət edir.
Şəhriyar yalnız ilhamı gələndə şeir yazır. Çox vaxt belə hallar olur ki, xeyli müddət keçməsinə baxmayaraq, nə qədər səy etsə də, bircə beyt belə yaza bilmir. Lakin elə hallar da olmuşdur ki, Allahın lütfü ona yar olduqda bir gecədə gözəl və böyük bir əsər yaratmışdır.
Şəhriyarın ən böyük əsərlərindən olan və bu cilddə əziz oxuculara təqdim edilən “Təxti-Cəmşid” dörd yüz beytdən ibarət olsa da, onu iki-üç oturumda yazıb yaratmışdır. Şair vəsf edilməyəcək dərəcədə “Allaha təvəkkül” baxışına malikdir.
Bu halı mən onda tanışlığımızın lap başlanğıcında müşahidə etmişəm, yəni məhəbbətinin böhranlı çağlarında dərsi və məktəbi (Tibb institutunun sonuncu kursundan) tərk etdiyi narazılıq nəticəsində təhsil xərci atası tərəfindən kəsildiyi zaman. Elə vaxtlar olurdu ki, bərk çətinlik çəkirdi. Onda mənə deyirdi ki, bu gün bizim xərcimiz gərək çatsın.
O, əvvəlcədən gedəcəyimiz yolu müəyyənləşdirirdi. O, yolun axırına çatmamış onun bir neçə günlük ruzisinin xərci müraciət olunmuş bir, ya iki ərbab tərəfindən gəlib çatırdı. O vaxtdan illər keçsə də, baş verən həmin hadisələrə heyrət edirəm. Bir sıra sahibkarlar Şəhriyara elə işlərlə əlaqədar müraciət edirdilər ki, bəzən onun sənəti və peşəsi ilə əlaqədar olmurdu. Bir adam ona müraciət edir və atasının qəbir daşına yazılmaq üçün şeir istəyirdi. Ya başqa birisi müraciət edərək təbabət ilə əlaqədar, ya xəstənin görüşünə getməklə əlaqədar kömək istəyirdi. Bunlardan daha mühümü o idi ki, bəzi adamlar ona dua yazdırmaq üçün müraciət edirdilər.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?