Электронная библиотека » Məhəmməd Əsəd bəy » » онлайн чтение - страница 6

Текст книги "Muhammed. Son peyğəmbər"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: Məhəmməd Əsəd bəy


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

İslamın bu ilkin mərhələsində Muhəmməd (s.ə.) özünü yəhudiliyə və xristianlığa yaxın sayırdı. Ona görə də namaz zamanı mömin üzünü müqəddəs Qüdsə, iki böyük dinin beşiyinə tutmalı olurdu.

Ramazan ayındakı orucluq intizamın sonrakı nişanəsi idi. Bir ay ərzində insan dan yeri sökülməmişdən axşamın alatoranına qədər yeməyə toxuna bilməz. Zira yeməyə, böyük həcmdə qidanı təhərsiz udmağa meyl primitiv insanın cinsi tələbatdan sonra ən böyük ehtirasıdır. Daxili intizamın nişanəsi kimi bu ehtirası insan ildə bir dəfə Allaha fəda etməliydi.

İslamın qalan bütün mərasimlərinin yerinə yetirilməsi də, əslinə qalsa, önəmsizdir, dini baxımdan ikincidərəcəlidir. «Allah hər şeyi bağışlar, yalnız Özünə şərik qoşanları əfv etməz» (4, 51)5252
  Azərbaycancaya tərcümədə 48-ci Ayə.


[Закрыть]
, Quranda buyurulur. Vahid Allaha, Allah kəlamını yayan peyğəmbərlərə, ölümdən sonrakı həyata, yerdəki əməllərin dəyərləndirilməsinə inamı islam dönmədən tələb edir. Bu bir neçə ehkamdan Muhəmməd (s.ə.) bir dünya, etik dünyabaxışı yaratdı ki, o da, islamın tarixi göstərdiyi kimi, primitiv zəncini də, həssas filosofu da eyni dərəcədə qane etməyə qadirdir.

Bütün islami təlim Hira dağındakı yeganə, fövqəl bir görüntüdə təcəssüm tapmışdır. Geridən gələnlər ilkin əsas fıkrin sonrakı açılışı idi. Elə bu özü də Muhəmmədin (s.ə.) ən böyük ecazkar əsəridir. Ən sadə, ən primitiv vasitələrlə burda bir dini heçdən içinəqapalı, etik, sosial təlim yaradıldı ki, o da əsrlər boyu bəşəriyyətin böyük bir hissəsinin həyatını müsbət qurmağa qabil olduğunu sübuta yetirdi. İlkin islam təkcə din deyildi – bu da onda olan ən vacib cəhətdir – , o həm də ictimai həyat forması idi. O, indiyə qədər mövcud olmayan yeni ictimai formalar yaratdı, bugünə qədər öz cazibədarlığını itirməmiş hüquq və dövlət nəzəriyyələrini meydana gətirdi, altıncı yüzilin başlanğıcında Şərqdə mövcud olan ictimai, dini və siyasi hərci-mərciliyin yerinə oçağkı dünyanın mədəniyyət mərkəzinə çevrilmiş bir dünya səltənəti qoydu.

«Bilgi Çində olsa belə, onun arxasınca gedin», haçansa Muhəmməd (s.ə.) buyurmuşdu, çünki onun içində tacirin dünyəvi dözümlülüyü yaşayırdı. Bununla belə, kübar tacir ciddiliyi də ondan yan ötməmişdi. Bilirdi ki, qarşısında sərt bir yoxuş var və «insanı yerə yapışdıran» hər şeyi bu yoldan təmizləmək istəyirdi. Dəbdəbəni və uyuşduruculuğu yasaqladı, eləcə də rəqs və musiqini, zira sözdən bihuş olan özü rəqsin, avazın, təqtin ovsunlu gücünə bələd idi, onların vasitəsilə insanın aludə olduğu bütsəl gücün, iblisanə coşqunun nə olduğunu bilirdi. Ona, Muhəmmədə (s.ə.) süni dəm, süni coşqu lazım deyildi, sərt yoxuşun nə olduğundan xəbərdar idi. Onun təlimi aydın, təsirli idi, ayıq, eyni zamanda qum kimi, səhranın havası kimi məstedici.

Nazilliyin dördüncü ilində savad görməmiş tacir Məkkə camaatının qarşısına çıxdı. Ayıq, eyni zamanda daxili həyəcandan titrədə-titrədə, təmkinlə, hər şeyi ölçüb biçə-biçə, bununla belə, dediklərinə heyran olaraq dünyanı lərzəyə gətirən yeganə cümləni bəyan etdi:

«Allahdan savayı illah yoxdur və Muhəmməd Onun peyğəmbəridir!».

PEYĞƏMBƏR MEYDANA ATILIR

Baxın, necə də miskin fəqirdir. Bu dəli beynimizə yeritmək istəyir ki, Allah onun ağzı ilə buyurur.

LERMONTOV

İşi yaxşı aşan və yaxınları arasında kirmiş, etibarlı bir insan kimi tanınan möhtərəm bir tacir qəflətən qəribə ideyaya düçar olub deyirsə ki, Allahın rəsuludur və məclislərdə Allahla qorxudan moizələr oxuyursa, bu zaman alverinə məhəl qoymursa, onda nələr olur? İstənilən normal tacirlər cəmiyyətində bu adam əvvəlcə lağa qoyulur, yazıqlanılır, ağla dəvət edilir və son olaraq sərsəm sayılır. Heç Məkkədə də ayrı cür deyildi. Yeni təlimi açıq-aşkar bəyan etməyi kəsdirənə qədər Peyğəmbər (s.ə.) çox tərəddüd etdi.

Camaat qarşısında çıxış etməsini buyuran vəhylə onun söylədiyi ilk kütləvi nitqin arası bir ay çəkdi. Amma bir gün cavan carçılar Məkkənin küçələri ilə qaçışıb qışqırdılar:

– Haşim oğlu Abdullanın oğlu Muhəmməd bütün məkkəlilərdən Əbu Kübeys dağına getməyi xahiş edir, çünki xalqa nəsə vacib bir şey söyləmək istəyir.

Bu vaxta qədər şəhərdə söz-söhbət gəzirdi ki, Xədicənin əri əcaib bir yola düşüb. Onun indiyə qədər gizli saxladığı fikirlərə, təbii ki, müəyyən maraq duyulurdu. Keçmiş tacir yoldaşları, köhnə dostlar və uzun illər Peyğəmbərlə (s.ə.) Kəəbənin həyətində səmimi görüşən tanışlar Muhəmmədin (s.ə.) nitqinə yaxından qulaq asmaq üçün Məkkə ətrafındakı Əbu Kübeys dağına axışdılar.

Tacir dostlarından ibarət kütlənin qarşısında birdən-birə yeni xalis təlimlə çıxış etmək Peyğəmbərə (s.ə.) az gərginliklə başa gəlmədi. Muhəmməd (s.ə.) camaatdan çəkinirdi. Son illərdə Kəəbədə çox az-az görünmüşdü. Məlum olduğu kimi, sərbəst nitq istedadı ona verilməmişdi. Yalnız uzun illərin zəhməti nəticəsində bunu inkişaf etdirmək ona müyəssər olmuşdu.

Qüreyşilər toplaşanda Muhəmməd (s.ə.) onlara asan və sadə bir dildə izah etdi ki, İbrahimin və bütün peyğəmbərlərin qədim haqq təlimini xalqa çatdırmağı ona buyurmuşlar. Qurandan o, əzbər ayələr söylədi. Get-gedə görünməmiş bir məftunluq ona hakim kəsildi. Haqq olan imanı danmış qədim böyük xalqların məhvini parlaq boyalarla təsvir etdi. Cənnətin gözəlliyini tərənnüm edib Allahın buyruqlarını başa saldı: Öldürməməli, oğurlamamalı, yalan söyləməməli! Qüreyşilər ona yanımcıllıqla qulaq asırdılar. Deməli, Muhəmməd bu nağıllara görə öz alış-verişini gözdən salıbmış, hörmətli tacirləri məclisə çağırıbmış, təkbaşına səhrada vurnuxubmuş. Bir-iki iman gətirən, özəlliklə də ehtiraslı gənc Əli adama gülməli gəlirdi. Bunlar uşaq-muşaq idi və onları açıq-aşkar ciddi qəbul etmək olmazdı. Gələnlərdən heç kim yeni imana dönmədi.

Uğursuzluq Muhəmmədi (s.ə.) məyus etmədi. Digər peyğəmbərlər də əvvəlcə uğursuzluqla qarşılaşmışdılar. Yurddaşlarının qəlbində günah həddən artıq möhkəm və dərin kök salmışdı. İndi Muhəmməd (s.ə.) hər gün Kəəbədə tacir və baxıcıların arasında olurdu, sütunlardan birinə söykənib mülayim, avazlı səslə Quran ayələrini əzbərdən deyirdi. Həmin ayələr rəğbət qazanırdı və sərraflara o saat aydın olurdu ki, Muhəmməd (s.ə.) görkəmli bir şair olmuşdur.

Şairlik tacirlər yuvası Məkkədə nadir hadisə deyildi. Amma heç vaxt hansısa şair tələb etməmişdi ki, onun şerlərini cılxa altun saysınlar. Muhəmmədə (s.ə.) deyəndə ki «şerlərin heyrətamiz gözəldir», yaxud mütəxəssislərdən biri fikir söyləyəndə ki «sənin qafiyə texnikan ədəbiyyatımızda yeni bir dövr açır», indicə şəninə tərif deyilənin sifəti qaralırdı və o, kəskin cavab verirdi:

– Mən şair deyiləm, bunlar da mənim şerlərim deyil. Onlar Allah kəlamıdır ki, mənim ağzımdan eşidilir.

Burda, təbii ki, hər cür məntiq susurdu. İnsanlar çiyinlərini çəkir, Muhəmmədi (s.ə.) qoyub gedirdilər. Lakin şairin nazı ilə oynamaq üçün Məkkədə heç də hər kəs şair peşəsinə hörmət bəsləmirdi. Kəəbədə arasıkəsilməz çıxışlar, boş meydandakı moizələr Muhəmmədi (s.ə.) müəyyən müddət məkkəlilər yanında gülünc elədi. Hərdən onu barmaqla göstərir və kifayət qədər ucadan deyirdilər ki, eşidə bilsin:

– Baxın bu, Əbdülməttəlibin nəvəsidir, göylərdə baş verənlərdən xəbərdar olduğunu güman edir.

Və Muhəmməd (s.ə.) dönüb bu sözlərə cavab verəndə ki «siz şimşək və ildırım çaxanda gözlərini yumub qulaqlarını tıxayanlar kimisiniz», Ayəni tərifləyib ona hərcayı şerləri əzbər söyləməklə, yaxud dəhşətli bir musiqi ilə cavab verirdilər ki, Peyğəmbərin (s.ə.) səsini batırsınlar. Bu halda Peyğəmbər (s.ə.) Allahın günahkarların qəbul edəcəyi dəhşətli cəzalarının mənzərəsini çəkirdi. Bunun da uğuru o olurdu ki, ertəsi gün hansısa gənc şair Muhəmmədin (s.ə.) şerlərinə bir parodiya ilə bütün şəhəri güldürürdü. Tale özü belə istədi ki, parodiyaçılar içindən ən bacarıqlısı, Hətər oğlu Əmr ibn As Misirin sonrakı fatehi və islamın ən görkəmli sərkərdəsi oldu.

Heç nəyi vecinə almadan Muhəmməd (s.ə.) öz yolunu davam etdirdi. Onu ələ salanda, cavan məkkəlilər onun paltarını nəcislə murdarlayanda Muhəmməd (s.ə.) eyni şeyləri etmiş və məhvə düçar olmuş Ad və Tamud xalqlarından danışırdı. Arada Peyğəmbərə (s.ə.) pis rəftarı ədəbsizlik sayan şəxslər də yox deyildi. Məsələn, Yəsribdən qüdrətli bir tayfa başçısı deyirdi:

– Ləyaqətli bir insan yeni bir din qəbul edib, niyə onu dinc qoymursunuz.

Əslinə qalsa, məkkəlilər içindən ləyaqətli adamlara da pis gəlirdi ki, onlardan biri qara camaatın istehzası altında küçələri dolaşır. Doğrudur, onun nitqi gözəl qurulmuşdu, lakin heç cür uyuşmurdu ki, Muhəmməd (s.ə.) – cəhənnəm və cənnətin ziyansız təsviri ilə yanaşı (onun tələblərini həvəslə yerinə yetirmək istəyirdilər) – Kəəbənin həyətində, camaat içində bəlli olmayan, yəqin ki, çox qədim Allaha sitayiş edir və Məkkənin digər etibarlı allahlarının hamısını gözdən salır.

Bu gülünc söhbətlərə son qoymaq üçün Kəəbə cənabları qədimi sınaqdan çıxmış bir reseptə əl atmağı qərara aldılar. Axtarıb Muhəmmədi (s.ə.) tapdılar və başa saldılar:

– Bizdən fərqli olaraq sən başqa Allaha inanırsan. Çox gözəl! Biz dözümlü olmaq istəyirik. Bütün tayfalar kimi sən də öz allahının büstünü Kəəbədə qoy və istədiyin qədər ona sitayiş et. Biz sənə mane olmarıq, amma gərək sən də bizim allahları rahat buraxasan.

Bu təklif qüreyşilərə tam loyal və götürümlü görünürdü. Muhəmməd (s.ə.) isə həmin xoşməramlı təklifi var gücü ilə rədd edəndə qüreyşilər narahat olmağa başladılar. Çünki ortada ya dəli olmalıydı, ya da elə bir insan ki, nəsə qorxunc bir şey fikirləşirdi.

Ona görə də köhnə dostlar, əslində ona ilıq münasibət göstərən zadəgan qüreyşilər bir gün Muhəmmədin (s.ə.) yanına gəlib yanımcıllıqla dedilər:

– Muhəmməd, biz səni etibarlı, sözübütöv adam kimi tanıyırıq, ona görə də indiki halından narahatıq. Düşünürük ki, yəqin xəstəsən, icazə ver, ən yaxşı təbibləri çağıraq, xəstəliyini müalicə etsinlər.

– Mən sapasağam, – Muhəmməd (s.ə.) cavab verdi.

– Onda bəlkə bu rəftarınla pul, yeni sərvət qazanmaq istəyirsən? Bunu da eləmək olar. İstəyirsən, şəhərin idarəçiliyində sənə bir vəzifə verək ki, özünün və məsləkdaşlarının ehtiyaclarına yetərincə bəs eləsin.

Qüreyşilər bunun da şahidi olanda ki Muhəmməd (s.ə.) həmin təklifi də rədd etdi, onların ağlı çaşdı. İnsan ağıllı olsun və puldan boyun qaçırsın, ağlı başında olan tacirlər bunu dərk edə bilmirdilər. Yəqin burda qaranlıq şeylər vardı. Onlar bu çaxnaşmaçı ilə ciddi məşğul olmağı qət etdilər.

Əslinə qalsa, məkkəlilər hər növdən olan peyğəmbərlərə, mələklərə və allahlara can-başla inanırdılar. Lakin məşhur peyğəmbərlərin hamısı çoxdan dünyadan köçmüşdü, təbii ki, mələklər də vardı, amma yəqin dünyanın başqa guşələrində. Fəqət heç cür təsəvvürlərinə gətirmirdilər ki, onlardan birinin, məkkəli bir tacirin belə yüksək şeylərdə əli olmuş olsun. Bunun üçün onu yaxşı tanıyırdılar. Axı o elə onlar kimiydi, bazarları dolaşırdı, alırdı, satırdı, öz mal-mülkünü idarə edib artırırdı. Birdən-birə peyğəmbər olsun? Bu ki gülməli idi! Lakin Muhəmməd (s.ə.) sarıdan tam aydınlıq hasil etmək üçün qərara aldılar ki, ilahi nazilliyin ən sadə sübutlarını ondan tələb etsinlər – qoy bir möcüzə yaratsın.

– Ya Muhəmməd, qüreyşilər dedi, vadimiz dar və bəhrəsizdir, onu genişləndir və içindən bir çay axıt. Yaxud qoy allahın sənə bolluca var-dövlət versin, ya da bizə hər hansı bir möcüzə göstər.

Peyğəmbərin (s.ə.) möcüzədən zəhləsi gedirdi. Onu əhatə edən aləm möcüzə ilə doluydu. Bilmək olmurdu, hansı Allahınkıdır, hansı qara magiyadan gəlir. Muhəmməd (s.ə.) möcüzə yarada bildiyini heç vaxt iddia etməmişdi.

– Allah məni möcüzə törətməyə göndərməyib, qüreyşilərə cavab verdi, mən yalnız ona görəyəm ki, haqqı sizlərə yayım. Heç vaxt deməmişəm ki, Allahın zinəti mənim əlimdədir, yaxud mən sirli bacarıqlara malikəm, ya da mələyəm. Mən, özü özünə kömək edə bilməyən və Allah istəməsə, iman gətirə bilməyən mən. Mən də yalnız insanam, başqaları kimi.

– Möcüzə yaratmırsansa, sənin sözlərinə inana bilmərik.

– İsa möcüzə yaratdı, ona da inam göstərmək istəmədilər,– Muhəmməd (s.ə.) cavab verdi.

Qüreyşilər üçün Muhəmməd (s.ə.) həmin dövrdə istisnasız bir şəxsiyyət idi. Onun əvvəlki durumuna o qədər gözəl bələd idilər ki, pis niyyətdə olduğunu ciddi qəbul etmirdilər. Xarici görünüşü və rəftarı belə bir gümana əsas verirdi ki, sadəcə dəlidir. Lakin diqqətlə qulaq asanda sözlərində heç bir dəlilik yox idi. O, qüreyşilərin özlərinin bildikləri, ancaq həvəssiz qulaq asdıqları şeylərdən danışırdı. Varlı tacirlərin eyş-işrətini lənətləyirdi, hamı üçün bərabər hüquq tələb edirdi. Dəbdəbəni, yalanı, sələmi və qüreyşilərin xoşladığı daha bir çox şeyi qadağan edirdi. Nəhayət Kəəbənin qədim allahlarına qarşı mübarizə aparırdı və bununla qüreyşilərin sərvətinin özülünü, hətta Məkkənin varlığını laxladırdı. Bu, təkcə dözülməz deyildi, həm də təhlükəliydi.

Qüreyşilər qəflətən meydana çıxmış Peyğəmbərə (s.ə.) qarşı mübarizə aparmaq qərarına gəldilər. Muhəmməd (s.ə.) də yeni imanı canıdildən yaymaq qətiyyətində idi. Qüreyşilərdə səsinə səs verən tapılmadığına görə o, Ərəbistanın digər xalqlarına müraciət etdi. Bayram aylarında Məkkəyə axışan saysız bədəvi tayfalarının düşərgələrinə baş çəkdi. Burda o, haqq olan imanı vəz etdi, Quranı oxudu və yeni imana tapınan tək-tük adamlara rast gəldi. Böyük dəstələrlə Kəəbə bazarına gələn yəhudi və xristianlarla söhbəti daha yaxşı tuturdu. Özünün və onların imanının arasında olan fərqi həmin dövrdə Muhəmməd (s.ə.) hələ ayıra bilmirdi.

– Mənim Allahım həm də yəhudilərin və xristianların, yazı xalqlarının Allahıdır, tez-tez təkrarlayardı.

Məkkəyə gələn yəhudilər və xristianlar dini söhbətlərdən qaçmırdılar. Onlar da bu gözəl insanı əvvəlcə özlərindən biri sayırdı. Axı o da onlar kimi tək Allaha inanırdı. Bütçü Ərəbistan üçün artıq bu, tərəqqi idi. Kasıb bədəvilər də Peyğəmbərə (s.ə.) qulaq asırdılar. Onlar məftunluqla Quranın gözəl misralarını dinləyirdilər, Allahın verəcəyi cəzalardan eşidəndə isə sadəlövh qəlbləri ehtizasa gəlirdi. Sadə səhra çocuqlarından bundan artıq daha heç nə gözləmək olmazdı. Hərdən elə olurdu ki, bütöv-bütöv tayfalar Məkkədə islama dönürdülər, amma geri, öz səhralarına qayıdanda köhnə allahlar yenidən su üstündəki saman kimi peyda olurdu.

Muhəmmədin (s.ə.) təlimi ölkənin ögey övladları – qullar və himayəsiz şəhərlilər arasında daha böyük rəğbət tapdı.

– Qulları öldürmək olmaz, sədəqə paylamaq lazımdır, sələm götürmək olmaz, Muhəmməd öyrədirdi.

Plutokrat5353
  Plutokrat – Plutokratiya tərəfdarı. Plutokratiya (plutos – sərvət, kratos – güc, hakimiyyət) – siyasi iqtidarın formal və faktiki olaraq hakim siniflərin varlı zümrəsinin əlində olduğu dövlət quruluşu.


[Закрыть]
Məkkə respublikasının pariyaları5454
  Pariya – Cənubi Hindistanda ən aşağı təbəqələrdən birinə mənsub olan insan. Məcazi mənada: hüquqsuz, səfil.


[Закрыть]
üçün bu sözlər göylərin armağanı kimi səslənirdi. Xüsusilə də qüreyşinin, hakim təbəqənin üzvünün dilindən çıxdığına görə.

Qüreyşilərin kişiləri üçün bütün bunların hamısı ürəkaçan deyildi. Özünün gözəl nəğmələri ilə bu dəli fantastın onlara işarə verdiyi təhlükə, deyəsən, açılırdı. Doğrudur, onlar tezliklə bütün tayfalara xəbər göndərdilər ki, şəhərlərində bir dəli, bir fantast peyda olub ki, onun da sözlərinə heç vaxt əhəmiyyət verməyə dəyməz. Lakin bu ona gətirib çıxartdı ki, indiyə qədər Muhəmmədin (s.ə.) haqqında heç nə eşitməmiş tayfalar indi onun adını müəyyən bir maraqla təkrarlayırdı.

Sonra aşkar təqiblər başladı. Uşaqlar Peyğəmbərin (s.ə.) ardınca qaçışır, ona daş atırdılar. Əmisi Əbu Ləhəbin çoxdandır ona nifrət bəsləyən arvadı, kübar xanım Kumayl bint Hərb Peyğəmbərin (s.ə.) namaz qıldığı yerlərə tikan səpirdi. Muhəmməd (s.ə.) Kəəbədə görünəndə onu söyüşlə qarşılayırdılar. Qüreyşilər dərk etmişdilər ki, onlardan biri öz silkinə xəyanət etmişdir.

Amma məkkəlilər Muhəmmədə (s.ə.) bundan artıq heç nə edə bilmədilər. Məkkədə həbsxana yox idi. Ümumi qanunlar və hakimlər də. Muhəmmədi (s.ə.) tuta bilməzdilər. Onun həyatı, sağlamlığı və sərvəti Haşimi tayfası üzvlərinin güclü himayəsi altında idi. Bu tayfanın başçısı Muhəmmədin (s.ə.) əmisi Əbu Talib idi. Peyğəmbəri (s.ə.) qüreyşilərin caynağına vermək onun əlindəydi.

Əbu Talib yaşlı adam idi, ərəb kişisiydi. Qardaşı oğlunun mötəbərləşməsinə inanmırdı. Bir dəfə o, Muhəmmədi (s.ə.) alnı yerdə namazda görəndə və Peyğəmbər (s.ə.) onu islama döndərmək istəyəndə kişi kinayə ilə demişdi:

– İnanmıram, Allah qarşısında ehtiramı onunla sübuta yetirmək lazımdır ki, dalını qaldırıb başını əyəsən. Amma əgər sən başını mütləq dalına nisbətən daha aşağı əymək istəyirsənsə, mən sənə mane olmaram.

Əbu Talib qocalmışdı. Tayfası Məkkədə güclü tayfa deyildi, lakin o, ərəb idi və qan qohumluğu onun üçün çox müqəddəsdi.

– Mən də, tayfam da Muhəmmədi son nəfəsimizə qədər qoruyacağıq, ondan Muhəmmədi (s.ə.) tələb edən qüreyşilərə belə demişdi.

Qüreyşilər onu hədələyib gedəndə isə qoca dərin xəyala dalmışdı. Mübarizədə o çox şeyi itirə bilərdi. Qüreyşilər güclüydü və haşimilərin xətərsiz ötüşməsinin məsuliyyəti Əbu Talibin üstünə düşürdü. Muhəmmədi (s.ə.) o, yanına çağırıb dedi:

– Qardaş oğlu, çəkə bilmədiyimizdən artıq yükü üstümüzəmi götürək? Neylədiyini fikirləş!

Bu vaxt Muhəmməd (s.ə.) buyurdu:

– Günəşi sağ əlimə, Ayı sol əlimə versələr də, mən haqdan dönməyəcəm. Qoy Allah mənə daha yaxşısını öyrətsin, ya da canımı alsın.

Və Əbu Talib cavab vermədiyinə görə Muhəmməd (s.ə.) fikirləşdi ki, əmisi daha onu qorumaq istəmir, onu Haşimi tayfasından çıxarmaq niyyətindədir. Bu isə hər hansı ərəbə üz verə biləcək ən qorxulu şeydir. Peyğəmbərin (s.ə.) gözləri doldu. Doluxsunmuş ayağa qalxıb otağı tərk etmək istədi.

Amma Əbu Talib ərəb idi, canındakı haşimi qanı dilə gəlmişdi. Qardaşı oğlunun niskilinə baxa bilməzdi. Muhəmməd (s.ə.) astanaya çatmamış Əbu Talib dilləndi:

– Qardaş oğlu, hara istəyirsən, get, nə istəyirsən, danış. Ömründə heç vaxt səni düşmənlərin əlinə vermərəm!

Peyğəmbər (s.ə.) beləcə haşimilərin himayəsində qaldı. Amma qüreyşilərin nifrəti günü-gündən artırdı.

PEYGƏMBƏR KƏƏBƏDƏ

İndiyə qədər Muhəmmədə tay insan olmayıb.

Ölsner5555
  Alman ictimai tarixində Ölsner soyadı ilə onlarca mütəfəkkir var. Bu fıkrin onlardan hansına mənsub olduğunu hələlik aydınlaşdıra bilməmişik.


[Закрыть]

Peyğəmbər (s.ə.) hər gün Kəəbəyə gedirdi. Müqəddəs sütunlardan birinə söykənir, ya da müqəddəs evin kölgəsində dayanır və uca səslə Quran ayələrini əzbərdən söyləyirdi. Çox az miqdar sadiqləri, bir neçə həvəskar və qərib ki, Peyğəmbər (s.ə.) onlar üçün bir növ həmişəlik diqqətə şəyan varlığa çevrilmişdi. Peyğəmbər (s.ə.) özünün ipək libasında avazlı səsi ilə moizəyə başlayanda ondan qəribə bir sehr ucalırdı. Peyğəmbərin (s.ə.) hələ nə qədər mübarizə aparacağını, uğurlarının necə acınacaqlı olacağını dəqiq bilməyən məsləkdaşları üçün təkcə onun adı kifayət edirdi. Qəriblər də onun sehrindən qaça bilmirdilər. Bu, bəlli idi. Bunu ayələrin sehri ilə izah edirdilər.

Həmin çağlardan Peyğəmbərin (s.ə.) şəxsiyyətinin bir çox təsvirləri qalıb. Acınacaqlı görkəmi varmış, mübarizə aparmaq ona ağır gəlirmiş. Fəqət gül camalı bu halda da onu tərk etmirmiş. On il ona xidmət göstərmiş qulu Ənas sonralar danışarmış ki, ondan, bircə dənə də olsa, tənə almayıb və heç vaxt onda səbirsizlik əlaməti hiss etməyib. Yalnız çox nadir halda kimdənsə gileylənərmiş, işlətdiyi ən ağır tənə də «Görüm alnı çirkə bulaşsın» olarmış. Kimsə Peyğəmbərdən (s.ə.) xahiş edəndə ki düşmənini qarğasın, həmişə belə cavab verərmiş:

– Mən yer üçünə kiməsə qarğamağa yox, insanlar arasında barış və həlimlik yaymağa göndərilmişəm.

Peyğəmbər (s.ə.) xəstələrə və kölələrə baş çəkərdi. Çox danışmazdı və həddən artıq sadə idi. Xasiyyətində igidlik cizgiləri ilə qəribə şəkildə çulğaşan qadınsal bir incəlik vardı. Bilərəkdən, amma təvazökarlığı səbəbilə qaynayıb-qarışmadan o öz daxili odunu başqalarına sirayət etdirən bir entuziast idi. Xarici görkəmindən heç nə hiss olunmurdu, yalnız sərraf onun içində közərən odun işartısını sezə bilərdi.

«Nə hündürboy idi, nə alçaqboy, ortaboy idi, saçları nə qıvırcıq, nə də tel-tel idi, sifəti nə dolu, nə ətli idi, qırmızılı ağ idi. Qara gözləri, uzun kirpikləri, iri kəlləsi, enli kürək sümükləri, sinəsində azca tükü, totuq əlləri və ayaqları vardı. Elə yüngül yeriyirdi ki, elə bil su üstündə süzürdü, harasa baxanda bütün bədənini tərpədirdi. Kürəklərinin arasında peyğəmbərlik möhürü vardı, əliaçıqlıqda tayı-bərabəri yox idi. Sinəsi igid sinəsi, dili ən doğru dil. Ətrafında olanların ən sədaqətlisi, ən mülayimi və ən nəcibi idi; kim onu ilk kərə görürdüsə, ehtiramı artırdı, kim yaxından tanıyırdısa, sevirdi, kim tərənnüm edirdisə, bunları deməyə məcbur olurdu: Ondan qabaq və sonra onun kimisini görməmişəm».

Peyğəmbəri (s.ə.) sinli bir ərəb belə tərənnüm edirdi.

Peyğəmbər (s.ə.) Kəəbənin həyətində oturardı, imanlıların, qəriblərin və qüreyşilərin əhatəsində. Quran ayələri avazla səslənərdi və Peyğəmbər (s.ə.) sınayıcı nəzərlə camaata baxardı, gözünün qığılcımı və ayələrin gözəlliyi ilə hamını məftun edərdi. Xalq həmişə deyərdi:

– Peyğəmbərsənsə, bizə bir möcüzə göstər ki, sənə inana bilək.

Allahın Rəsulu (s.ə.) da həmişə cavab verərdi:

– Məgər yetərli, ətraflı sübut deyilmi ki, ey ərəb xalqı, sənin sadə dilin kitab dili seçilib ki, orda hər bir ayə sənin bütün nəğmələrini və şerlərini unutdurur?!

Danışırlar ki, bundan sonra imansızlar Ərəbistanın bütün şairlərini toplamağı qərara alıblar ki, onlar Quran ayələrinin gözəlliyinə tay olan, ən azı bircə ayə, bircə avaz yaratsınlar. Şairlər gəliblər, Kəəbəyə toplaşıblar və Günəşin qaynarlığı altında tər tökməyə başlayıblar. Özlərini gücə salıb çətinliklə şer qoşublar. Amma qoşduqlarını əzbərdən deyəndə Peyğəmbərin (s.ə.) ən qatı düşmənləri də etiraf etməyə məcbur olublar ki, onların şerlərinin bircəciyi belə, Quranın ayələrinə yaxın gəlmir. Və ərəblər şair xalq olduğu üçün çoxları Kəəbədə dizə enib islama tapınıblar. Ayələrin əlçatmaz gözəlliyi onların ilahi qaynağına yetərli sübut olub.

Ayələrin gözəlliyi kifayət etməyəndə isə Peyğəmbər (s.ə.) öz imanının əsaslarını geniş və ətraflı izah edirdi. Və Peyğəmbərin (s.ə.) daxili közərtisi ölçüb-biçmənin zahiri donuqluğu ilə birləşdiyinə görə nüfuzlu bir məkkəlini həqiqi imana döndərmək üçün o heç bir cəfadan çəkinmirdi. Günlərin birində Peyğəmbər (s.ə.) yenə də Kəəbənin yanında dayanmışdı və haqq imana çəkmək istədiyi bir məkkəli ilə söhbət edirdi. məkkəli dinə az maraqlıydı, elə bunun özü də Muhəmməd (s.ə.) üçün xüsusi bir stimul idi. Bu vaxt Kəəbənin həyətində yaşlı, kor bir bədəvi göründü ki, o da səhrada yeni peyğəmbərin təlimindən soraq tutmuşdu və qəlbinin xilasını onun yanında aramağa gəlmişdi. O, Peyğəmbərə (s.ə.) yanaşıb sual verdi. Peyğəmbər (s.ə.) həmin an kübar bir məkkəli ilə məşğul idi və söhbətdən ayrılmaq istəmirdi.

– Mane olma, hirslə kora dedi, mən daha vacib işlə məşğulam (20,1-4)5656
  Müəllif bu epizodu göstərilən Surənin ayələrinə istinadən yazmışdır.


[Закрыть]
. Və həmin gecə Peyğəmbər (s.ə.) Xəyaləti qəbul etdi. Cəbrail onun gözünə göründü və rəftarına görə onu tənbeh etdi. Ertəsi gün səhər tezdən Peyğəmbər (s.ə.) yerindən qalxdı, şəhəri dolaşdı və koru axtardı. Nəhayət onu tapdı, boynuna sarılıb acı-acı ağladı.

– Mən yalnız insanam, başqaları kimi (41,5)5757
  Azərbaycan dilinə tərcümədə 6-cı Ayə.


[Закрыть]
, dedi, mənə xətadan xalilik verilməmişdir, amma mən öz xətamı yumaq istəyirəm.

Peyğəmbər (s.ə.) bu kor dilənçiyə yüksək hörmət bəsləyirdi, sonralar onu Mədinə şəhərinin valisi təyin etdi və hər dəfə ondan söz düşəndə deyərdi:

– Mənə o kəs başqalarından üçqat sevimlidir ki, Allah ona görə məni tənbeh etmişdir.

Yalnız bu bircə kərə Peyğəmbər (s.ə.) haqsızlığa yol vermişdi. Ərəb üləmaları çatdırırlar ki, onun bu və digər yanlışlıqları ona görə olmuşdur ki, Allah Peyğəmbərin (s.ə.) hər xətadan birini etməsini istəmişdi, çünki o da insan idi, başqaları kimi.

Peyğəmbərin (s.ə.) sonrakı illərdəki mərhəməti barədə oxşar bir hekayəti söyləyirlər. Şöhrətinin zirvəsində dayananda hər gün yanına çirkin bir qarı gələrmiş və ləliyib yalvararmış ki, ona cənnətdə yer ayrılması barədə Allaha dua etsin. Bir gün qarı yenidən gələndə səbri tükənmiş Peyğəmbər (s.ə.) deyir:

– Sənin kimi çirkin qarılar ümumiyyətlə cənnətə düşmürlər. Bu sözdən qarı göz yaşları axıdır və Peyğəmbər (s.ə.) tələsik sözünə davam edir. Çünki cənnətin qapısı ağzında çirkin qarıların hamısı dönüb təzə-tər, gözəl bakirələr olurlar.

Bu hekayəti böyük fars şairi Səədi məşhur şeirlərinin birində nəzmə çəkmişdir.

Peyğəmbər (s.ə.) mərhəmətli, nəzakətli və sayqılı idi. Amma ən böyük sevgisi uşaqlara yönəlmişdi. Məkkə şəhərinin nifrətinə illər uzunu dəyanətlə dözən o, başını tumarlamadan, gül baxışı ilə müşayiət etmədən bircə uşaqdan da yan ötməzdi. «Bütün uşaqlar müsəlman doğulur», bir islam kəlamı belə deyir.

Günlərin birində Muhəmməd (s.ə.) adəti üzrə Kəəbədə oturmuşdu və körpə bir qız uşağı onun yanından keçirdi. O, uşağı yanına çağırdı, nəvazişlə onun saçını tumarlamağa və ona oxşayıcı sözlər söyləməyə başladı. Ətrafda qüreyşilər oturmuşdular, onlar qıza və Peyğəmbərə (s.ə.) baxıb başlarını buladılar – qızlar axı dəyərsiz məxluqlar idi. Ciddi, üstəlik də Allahın xüsusi sevimlisi olduğu iddiasını irəli sürən bir adam necə camaatın gözü qarşısında qız uşağını sığallaya bilərdi. Bu biabırçılığa baxmağa daha dözə bilməyən yaşlı bir Qüreyş Muhəmmədə (s.ə.) yaxınlaşıb dedi:

– Nə sığallayırsan uşağı? Məgər bilmirsən ki, artıq qız uşağını cəza çəkmədən öldürməyə icazə verilir?

Onda Peyğəmbər (s.ə.) dikəldi, Quranın yeni bir Ayəsini qətiyyətlə bəyan etdi: «Kasıblıqdan qorxub uşaqlarınızı öldürməyin, çünki sizin də, onların da ruzisi verilir» (6, 152)5858
  Azərbaycancaya tərcümədə 151-ci Ayə.


[Закрыть]
.

Beləcə anın hökmündən islamın vacib bir qanunu yarandı ki, bu da qədimlərdən, əsrlərdən bəri təkrarlanan səhra adətinə son qoydu.

İslamın bir çox digər vacib hökmləri də oxşar, tamamilə boş bir yerdən yarandı. Hansısa önəmsiz bir olay Peyğəmbərin (s.ə.) diqqətini çəkirdi, bunun da nəticəsi sonra milyonların yaşayışını müəyyənləşdirən bir hökm olurdu. Məsələn, bütün şərq aləminə özümlü bir səciyyə vermiş içki yasağı bir kərə xeyli imançı dəm vəziyyətdə namaza gələndə və davranışları xoşagəlməz diqqət oyadanda bəyan edildi.

Oçağkı anlayışda inqilab hesab edilə bilən boşanma da Peyğəmbərin hərəmxanasındakı bir hadisə ilə bağlı buyuruldu. Muhəmməd (s.ə.) addım-addım irəliləməyi və misallarla izah etməyi xoşlayırdı; qarşıda deyilməyə nəsə vardısa, həmişə müvafiq məqam gözləyirdi ki, onu bəyan etsin. Kəəbənin həyətində o vəz edən vaxtlarda bu ilahi bazar teoloji seminara çevrilirdi. Ərəb allahlarının kahinləri, yəhudilər, xristianlar, hər növdən olan təriqətçilər Kəəbəyə yığışıb yeni imanın mahiyyəti barədə Peyğəmbərə (s.ə.) saysız suallar verirdilər. Peyğəmbər (s.ə.) yəhudi və xristianlarla birlikdə saatlarla müqəddəs yazını oxuyurdu. Qüreyşilər isə öz növbəsində yayırdılar ki, yeni imanın hamısı əslində yəhudilərdən və xristianlardan köçürülüb. Peyğəmbər (s.ə.) çox suallara cavab verməli, çoxlu müzakirələr aparmalı olurdu, səhranın sadə, teoloji dialektikasının çoxqatlı, mübahisəli məsələlərindən tədricən islamın möhkəm konturlu binası baş qaldırırdı.

Bu vaxt, təbii ki, məzəli hadisələr, Şərqin yüksək qiymət verdiyi və onlara öz müdrikliyini izhar etdiyi qəribə bənzətmələr də olurdu. Məsələn, bir gün bir şəkkak Peyğəmbərin (s.ə.) hüzuruna gəlib bu sualları verdi:

– Deyirsən, Allah hər yandadır? Amma mən onu görmürəm, hardadır? Niyə günahına görə insan cəzalandırılmalıdır? Axı Allahın istəyi bu günahların da üstündədir. Necə cəhənnəm şeytana cəzadır? Od axı şeytanın təbiətidir, od odu necə incidə bilər?

Bu qədər çətin sualdan aşkarca karıxaraq Muhəmməd (s.ə.) xeyli susdu, sonra qəflətən yerdən bir kəsək götürdü və onu sual verənin kəlləsinə ilişdirdi. Haqq arayan bundan bərk hirsləndi, şəhərdə vurnuxub qohumlarını tapdı və acı-acı gileyləndi:

– Mən onunla ağıllı söhbət etmək istəyirdim və ciddi suallar verdim, o isə cavab əvəzinə başıma kəsək yağdırdı.

Qohumlar Peyğəmbərdən (s.ə.) haqq-hesab tələb etmək üçün yığışıb Kəəbəyə gəldilər.

– Mən o kişinin xətrinə dəyməmişəm, Peyğəmbər (s.ə.) dedi, suallarına cavab vermişəm.

– Rəqibinin mat baxışlarını görəndə isə izah etdi.

– Sən Allaha şübhə edirsən, çünki Onu görmürsən. Kəsək səni ağrıdıb, mən də bu ağrıları görmürəm. Tutduğum işdən şikayət edirsən, bir tərəfdən də deyirsən ki, insanın etdiyi hər şey Allahdandır. Necə olur, torpaq səni ağrıdır, axı o sənin öz təbiətindir, çünki sən torpaqdan xəlq edilmisən, torpağa da dönəcəksən.

Bu qəbildən olan zarafatları Muhəmməd (s.ə.) xoşlayırdı. Belə hənəkləri edən kəs çox asanlıqla bir addım da qabağa gedə bilər, gözbağlayıcı, ovsunçu, yaxud sehrçi ola bilər. Belə halda insanları öz sehrində saxlamaq heç də çətin olmazdı.

Zəmanənin ilkindən bu yana Şərqdə hər kəsin asanlıqla öyrənə bildiyi kiçik ovsunun köməyi ilə böyük müqəddəslik şöhrətinə yetişmiş peyğəmbərlər qayır-qayır qaynaşırdılar. Muhəmməd (s.ə.) belə müqəddəslərdən olmaq istəmirdi. O, qəlblərə sözün möcüzəsi ilə, inandırmanın gücü ilə hakim kəsilmək istəyirdi. Əl atdığı vasitələr bunlar idi: misal, bilik, müzakirə. Xalqlara bəyan etdiyi din əslində ali dərəcəli pozitivizm idi. İdrakdan kənarda olan, ağılla qavranılması mümkünsüz görünən şeylərin hamısına o, dərindən nifrət edirdi. Eləcə də insanın yenidən dirilməsini, ərəblərin uzun müddət inanmaq istəmədikləri bir ehkamı o, Şərqin başqa müqəddəsləri kimi ruhların ucuz-ucuz çağırılması və buna bənzər şeylərlə izah etmirdi, əksinə, həmişə onu ölən və daima yenidən oyanan təbiətin möcüzəsi ilə başa salırdı.

Peyğəmbərin (s.ə.) pozitivist imanı yaxşı nümunə tələb edirdi. Bütün qaynaqlar Allahın Rəsulunun (s.ə.) sadə həyat tərzini birsəslə təsdiq edir. Az yatıb az yeyərdi, hətta təhərsiz yeməyi də haram sayardı. Kasıblara hörməti vardı, çünki onlar Allah tərəfindən təqdir olunmuşdular. Onlara harda rast gəlsəydi, evinə çağırardı, çox vaxt yalnız xurma və sudan ibarət olan yeməyini onlarla bölüşərdi. İstənilən qul onun hüzuruna gəlib ədalət tələb edərdi. Elə bir iş olmazdı, Peyğəmbərə xırda görünsün ki, onunla o, məşğul olmasın. Təsəlliyə ehtiyacı olan hər kəsə təsəlli verərdi və həmişə, hər yerdə özünün şəxsi zəifliyini, lakin mötəbərləşməsinin gücünü dərk edərdi. Heç vaxt özünə Allah kəlamını yaymalı olan insandan başqa ayrı gözlə baxmazdı.

– İnsan gücündən qıraqda olan şeyləri məndən tələb etməyin, məsləkdaşlarına deyərdi, fövqəlinsanlıq yalnız mələklərə xasdır. Allah istəsə, onlardan birini nazil edər, mənsə yalnız insanam.

Məkkədə, üçyüz altmış bütün şəhərində Allahın Rəsulu Muhəmməd (s.ə.) beləcə yaşayır və vəz edirdi. Yalnız qüreyşilərin nifrəti onun missiyasını dəyişdirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации