Текст книги "Muhammed. Son peyğəmbər"
Автор книги: Məhəmməd Əsəd bəy
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
KƏƏBƏNİN ŞƏHƏRİ
Ərəbistan səhrası ilə, Hicazın daşlı vadiləri ilə bir vaxtlar ulu ata İbrahim dolaşırdı. Dağlar, çılpaq qayalar, uçurum və yarğanlar onun yolunu kəsirdi. Hər qayanın arxasında bir şeytan yatırdı və ağlaya-ağlaya, ulaya-ulaya ulu atanı öz toruna salmağa çalışırdı. İbrahim peyğəmbər bərəkətsiz daşlı səhra ilə dönmədən irəliləyirdi və şeytanlar sırtıqlıq edəndə o, yerdən daş götürüb onlara atırdı. O çağdan minillər keçmişdir. Milyonlarla insan o vaxtdan İbrahim peyğəmbərin hərəkətlərini təkrarlayır və Hicaz səhrasında xırda daşları «Üç Şeytan Dağına», arxalarında əcinnələrin gizləndiyi qayalara atırlar.
Ulu ata Hicazda çox dolaşdı. Axırda qorxunc, çılpaq qayalarla çevrələnmiş dərin vadi zolağına gəldi. Burda, bu amansız torpaqda Aləmlərin Rəbbi ulu ataya mərhəmət göstərdi. Göydən bir ağ daş nazil etdi, Ulu Mələyin qanadları kimi dümağ. Və Rəbbin şərəfinə İbrahim peyğəmbər Hicazın amansız vadisində bir ziyarətgah tikdi – dördbucaq bir bina. Ərəbistanın müqəddəs ocağı Kəəbə belə yarandı. Onun divarında İbrahim peyğəmbərin öz əli ilə qoyduğu bərqli, ağ əl-Hacər əl-Əsvəd, Allahın daşı uyuyur. İbrahim peyğəmbər Rəbbini həmd edə-edə yoluna düzəldi, ziyarətgah isə tənhalıq və amansızlıq vadisinin tən ortasında qaldı.
Ölkənin bədəviləri ziyarətgahdan xəbər tutdular, külək və qum bu xəbəri səhraya yaydı. Tezliklə hər kəsə bəlli oldu: Kəəbənin nur saçan daşını kim öpərsə, Qüdrət Sahibinin hüzuruna qorxmadan dönə bilər. Bütün suçları daş öz üstünə götürür. Ölkənin bədəviləri iri karvanlarla gəlirdilər. Hər kəs ağ daşı öpürdü və hər kəs öz günahını ona ötürürdü. Daş çox suçları götürdü. Bunlar böyük və ağır suçlar idi. Onların sayı artdıqca daş qaralmağa başladı. Və insanlığın suçu o qədər böyük və sonsuzdur ki, Qüdrət Sahibinin nur saçan ağ daşı axırda qaraldı, gecə kimi, suçun özü kimi qapqara oldu. Və haçansa Qiyamət Günü gələndə və Qüdrət Sahibi bütün salehləri və azğınları öz dərgahına səsləyəndə daşda iki iri göz yaranacaq. O, yenidən ağarıb nur saçacaq, Qüdrət Sahibinin əlində qərar tutacaq və bir vaxt Allahın qüdrətinə inanıb öz günahlarını ona tapşırmış hər kəsə şahidlik edəcək. Kəəbə haqqında, Qara Daş haqqında qədim əfsanələr ən azı bunları söyləyir.
Kəəbənin dörd yanınca Hicaz məmləkəti baş alıb gedir ki, onun da mənası «sərhəd manşırı» deməkdir. Bu sərt ölkəyə Mərkəzi Ərəbistanın sonsuz səhraları və sabiilərin3030
Sabiilər – Saba səltənətinin sakinləri. Quranda və Tövratda adları çəkilir.
[Закрыть] qədim şövkətli səltənətinin ərazisi bitişir. Fantastik düzümlü çılpaq dağlarla təbiət iki dərin çuxur yaratmışdır. Bu çuxurlardan karvanlar keçib-gedir. Cənubdan Tihamə çölü ilə Yəmənə və şimaldan Suriyaya. Hər iki yol Kəəbədə, Makorabada, ölkənin «Müqəddəsliyində» kəsişir. «Münəvvər» («İşıqlı, Nurlu»), «Um əl-Qura» («Şəhərlər Anası»), «Əl-Mükərrəm» («Nəcib») səhra camaatı Kəəbənin şəhərinə bu adları vermişdi. İranın məğrur şahı isə bu şəhərə xüsusi bir yürüş etməyi özünə heç rəva da bilməmişdi, şəhər ona bu dərəcədə əhəmiyyətsiz görünmüşdü. Bədəvilərin çadır düşərgələrində isə Məkkə şəhərinin qüdrət və gözəlliyi, zənginliyi barədə sonsuz nəğmələr oxunurdu. Çünki səhrada ona tay ikinci şəhər yox idi.
Uzaq ölkələrdən gələn karvanlar Məkkədə rastlaşırlar. Karvanlar görüşən yerdə də möhkəm tikililər yaranır, tacirlər orda yaşayıb artırlar, zənginlik və qüdrət orda təşəkkül tapır. Tacirlər Məkkədə də oturaqlaşmağa başladılar, öz karvanlarını səhralara yola saldılar, möhkəm qəsrlər tikib sərvət topladılar. Ərəbistanın paytaxtı Məkkə həm də ölkənin ticarət mərkəzi oldu. Fəqət Məkkədə yaşayan tacirlər dünənin bədəvi ərəbi idi, beləliklə, bu şəhər dünyanın bütün ticarət şəhərlərindən köklü şəkildə seçilirdi.
Vaxt vardı, bir çox tayfalar Məkkənin hökmdarlığı uğrunda çarpışırdılar. Qanlı döyüşlər olurdu, zira Məkkəyə hakim kəsilən öz sərvətindən arxayın ola bilərdi. Peyğəmbər Məsihdən sonrakı beşinci əsrin axırlarına yaxın Məkkə şəhəri Bənu Qüreyş tayfasının əlinə keçdi. Qədim romantik əfsanələr Məkkədə qüreyşilər iqtidarının özülünü qoymuş böyük qəhrəman Qusainin hiylə və cəsarətindən, ağıl və gücündən xəbər verir. İndi, altıncı əsrdə böyük qüreyşilər tayfası, xeyli vaxtdı, bir sıra xırda qəbilə və ailələrə parçalanmışdı ki, bunlar da bir-biri ilə daha seyrək bağlı idilər və Məkkə üzərindəki ixtiyarı öz aralarında bölürdülər. Bu ailələrdən ən qüdrətlisi, ən zəngini və ən kübarı Əməvi soyu idi.
Məkkə heyrətamiz şəhər idi! Kəəbənin dörd yanında ayrı-ayrı soyların bir-birinə bitişik evləri və qəsrləri ucalırdı. Soy nə qədər zəngin, böyük və qüdrətli idisə, onun evi və qəsri Müqəddəs Kəəbəyə bir o qədər yaxın olurdu. Hər soy səhra adətincə bir qəsrdə yaşayırdı. Hər soy əslində yalnız öz soy başçısının sözü ilə oturub-dururdu və başqa soylardan olan qonşulara pislik etmirdisə, özünü yaxşılıq nümunəsi sayırdı. Hər soy öz ticarətini sərbəst aparırdı və yalnız böyük gəlir imkanları yüksək kapital yatırımı tələb etdikdə bir neçə soy müəyyən alver müddətində birləşirdi.
Təbii ki, hər tacir eyni zamanda həm də cəngavər və döyüşçü idi. Həmin çağlarda tacir Məkkədə bir növ yüksək səhra cəngavəri sayılırdı. Kim, əldə qılınc, öz sərvətini qoruya bilmirdisə, tezliklə kasıblar sırasına düşürdü. Çünki səhra insanlarının bu qəribə respublikasının qanunları, hakimiyyəti və mərkəzi hökuməti yox idi. Hərə öz qəsrində yaşayırdı, tayfa başçısının əmrlərinə əməl edirdi və bunun üçün, səhra bədəvisi kimi, tayfa tərəfindən qorunub müdafiə olunurdu. Ona görə də Məkkədə məhkəmə, dustaqxana və cəza yox idi. Tayfanın dəyərli üzvlərini tayfa hifz edirdi. Ancaq buna baxmayaraq hər hansı bir məkkəli həddən çox suç işlədirdisə, tayfadan qovulurdu, səfillər sırasına qatılırdı. Məkkə sakinləri qəfil varlanmadan sonra da öz ilkinliklərindən, ən xırda şeyi belə, itirməmiş birdən-birə zənginləşən bədəvilərdən başqa bir şey deyildilər.
Bununla belə, Məkkə dinlikdən başqa heç nəyə bu cür təcili ehtiyac duymayan gəlişkənli, zəngin bir şəhər, ticarətlə məşğul olan bir şəhər idi. Dinclik isə həmrəylik duyğusunun hansısa forması ilə təmin oluna bilərdi. Bütün şəhərə, onun rifahına və var-dövlətinə dəxli olan məsələlər üçün də «mala» deyilən bir şura vardı. Kəəbənin yaxınlığında, idarə binasında, «dar ən-nədva» deyilən yerdə ağsaqqal məkkəlilər ümumi məsələləri müzakirə etmək üçün zaman-zaman toplaşardılar. Qırx yaşını keçmiş hər bir məkkəli bu iclaslara gələ bilərdi. Lakin bu şuranın varlığı heç də o demək deyildi ki, Məkkədə nəsə bir demokratiya vardı. Vacib məsələlərin həlli bir ovuc «Batha» soylarının, yəni şəhərin Kəəbəyə yaxın Batha məhəlləsində məskunlaşmış soyların əlindəydi. Bu soylar Məkkənin bankirləri və iri tacirləri idilər. Onlar borca pul buraxır, xaricə karvanlar göndərir və o dövrün mədəni aləminin böyük ağalarının üslubunda az qala sivil bir həyat sürürdülər.
Bunlar Əməvi, Məhzun, Nofəl, Əsəd, Züra və Zam soyları idi. Bu soylar və onların görkəmli nümayəndələri Əbu Süfyan, Əbu Cəhl, Üsbə və digərləri şəhərin əsas vəzifələrinə irsən sahib idilər. Şəhərin çox cüzi ictimai idarələrindəki vəzifələr, məsələn, qoşunbaşı, sarvan vəzifələri və başqaları qədim zamanlardan bu kübar Qüreyş ailələrinə mənsub idi.
Məkkə Qüreyş ailələrinin rifahının artırılması üçün yaradılmış tacirlər respublikası idi. Bu, böyük banka və ya şirkətə bənzəyirdi ki, orada çeşidli səhmdarlar bir-biri ilə küsülü ola bilərlər, fəqət hamı yüksək gəlirdə ortaq marağa malikdir. Hər tacirin təhlükəni gözünün altına alıb dışarı aləmə göndərdiyi xırda karvanlardan başqa, ildə iki dəfə, demək olar, bütün məkkəlilərin iştirakı ilə böyük ticarət karvanları yüklənirdi. Karvanda iki-üç min dəvə olurdu və ikiyüz-üçyüz kişi döyüşkən qaraul dəstəni təşkil edirdi. Karvanlar altı ay yol gedirdi. Alverin incəliklərinə bələd məkkəlilərin evə gətirdikləri gəlir isə bir qayda olaraq əlli-yüz faiz arasında olurdu. Əlvan metal, muncuq, ədviyyat, ənlik-kirşan, ətriyyat, silah, qul – bir sözlə, qədim dünyanın satdığı hər şey Məkkəyə axışıb orda anbarlara yığılır və dəriyə, qadına, xurmaya və digər səhra məhsullarına dəyişdirilirdi.
Səhra xatunu Məkkə əcnəbi üçün özündə çoxlu cazibədarlıq gizlədirdi. Hər il sonsuz karvanlar Məkkənin küçə və yolları ilə oüz-buüzə gedirdi. Dəvələr yumşaq, ehtiyatkar yerişlə irəliləyirdilər, yunlarında səhranın tozu, gözlərində çölün həsrəti. Boğazlarından kiçik zınqırovlar asılırdı və onların şaqraq səslənişi səhranın harayına bənzəyirdi. Sarvan dəvənin yanınca ustufla yeriyir. O da dəvəsi kimi sakitdir, məğrurdur, dinməzdir. İri gözləri heyrətlə açılır: «Məkkə, Səhra Xatunu», içindən bir səda gəlir. Kəəbə ətrafındakı böyük meydanda külli miqdarda dəvə dayanır. Əyləncə həvəskarları onları dövrəyə alır, Məkkənin küçə uşaqları dəvələrin qarnının altı ilə, ayaqlarının dar dolayları ilə sürünür. Hər çeşiddən olan əcnəbi onların başına yığışır: zəncilər, xristianlar, yəhudilər, qul alverçiləri, küçə qadınları və ovsunçular.
Məkkədə bütün dillər və allahlar təmsil olunmuşdu. Şərab və qadın şəhvəti uzun səfərdən sonra sarvanın və peşəkçilərin3131
Böyük karvanlar yeddi dəvədən ibarət kiçik hissələrə bölünür və bu yeddi dəvənin önündə gedən dəvəyə peşək, həmin dəvəni idarə edən şəxsə isə peşəkçi deyilir.
[Закрыть] itirdiklərinin yerini doldururdu. İpək paltar geymiş, saçına ənbər sürtmüş adlı-sanlı tacirlərdən biri Kəəbədən çölə çıxır. Ağıllı gözləri ilə çeşidli camaata, dəvələrə və səhranın tozuna baxır. Dəvələr ağır-ağır yerə yatırlar, hörgüclərində ağır yüklər vardır. Tacir Əməvi, yaxud Əsəd incə, nəcib əlini ətirli saqqalına çəkir. Sarvana yeni tapşırıqlar verir. Sonra sonsuz karvanlar yenidən Məkkənin küçələrinə tökülürlər. Tacir geri, Kəəbəyə qayıdır. Fars və Bizans pulunun kursunu müəyyənləşdirən vekselçinin yanına dönəsi olur. Əməvinin bankı ilə o, sələm məsələlərini saf-çürük etməlidir, bəlkə də xanımlarından birinə dəymək, yumşaq xalının üstündə yayxana-yayxana yeni bədəvi savaşları barədə söhbət etmək və bürküdən gileylənmək istəyir. Tacir həddən artıq varlıdırsa, Məkkənin ətrafındakı Taif vadisində onun xurma ağaclarından ibarət villası olur. Yay aylarında ora köçür. Amma gərək villa da gəlir gətirsin. Ona görə də bağının xurmalarını o, bazarlarda satdırır.
Taifdə heç bir gəlir məqsədi güdmədən, yalnız özünün şəxsi rahatlığına xidmət edən mülk sahibi həddən artıq zəngin bir Qüreyşin tarixindən Məkkədə heyrət və üşərgə ilə, hətta az qala mistik bir qorxu ilə danışırdılar. Ətirli tacirlərdə bu, səhra xalqı arasında gedən qanlı savaşlardan daha çox narahatçılıq doğururdu.
Böyük karvanların mərhəməti sayəsində bütün Məkkə çiçəklənirdi. Amma şəhər hələ də çılpaq, daşlı-qayalı səhra ilə əhatələnirdi. Məkkə ətrafında nə bir ot, nə bir gül bitirdi. Çılpaq, amansız qayalar şəhəri ağuşuna almışdı. Gündüz onlar Günəşin qaynarlığını canlarına çəkib udur, gecələr isə odlu havanı şəhərin üstünə yağdırırdılar. Havanın, küləyin qamçıladığı sərt qayalar, ay səthinə bənzəyən iblisanə mənzərə üstdən aşağı Kəəbəyə baxırdı. «Ticarət olmasaydı, Məkkədə heç kəs yaşamazdı», müdrik ərəblərdən biri belə demişdi. Şeir vurğunu Himyardan zənci Əl-Hayğatan haçansa Məkkə haqqında deyərmiş: «Məkkədə gözəllik tapılsaydı, Himyar əmirzadələri öz qoşunlarının başında çoxdan bu şəhərə yürüyərdilər. Orda qış da, yay da viranəlikdir. Məkkənin başı üstündən bir quş belə səkmir, orda bircə ot belə bitmir. Ov etməyə heyvan da tapılmır. Orda yalnız peşələr arasında ən miskini – ticarət çiçəklənir».
Bu ticarət də əzəmətlə çiçəklənirdi və onunla birlikdə adlı-sanlı qüreyşilər. Zira bütün viranəliklərə, ölkənin bütün sərtliklərinə baxmayaraq böyük bazar ərəfəsində hər bir bədəvini şəhərin divarları arasına cəlb etməyə onların yetərincə üsul və cazibədarlıqları vardı. Təbii ki, köçəri silaha, qula və ənbərə ehtiyac duyurdu; bunları o bəlkə də hardasa ala bilərdi. Hətta bəlkə xeyli ucuzunu və yaxşısını.
Lakin bədəviləri Məkkəyə təkcə ticarət çəkib gətirmirdi. Onları bu şəhərə dartan nəsə başqa şey idi, daha güclü bir qüvvəydi. Məkkədə Kəəbə vardı, Qara Daşla mistik bir müqəddəslik. Bu müqəddəslikdən öz məqsədləri üçün istifadə etməyi qüreyşilər ustalıqla bacarırdılar.
Hər yaz böyük bazar işə düşəndə Məkkədə Kəəbənin şərəfinə saysız bayram tədbirləri başlayırdı. Hər ərəb haçansa bir dəfə Məkkədə olmalıydı, çünki Kəəbədəki bayram tədbirləri ilbəil səhranın ən böyük hadisəsinə çevrilirdi. Kəəbədəki bu bayramlar sarıdan Məkkə hər hansı bir rəqabətdən qorxmurdu.
Kəəbə hansı allaha məxsus idi? Kəəbənin Allahı, Qara Daşın Allahı altıncı əsrin ərəblərinə heç cür anlaqlı deyildi. Ərəblərin ali bir tanrıları «əl-illah»ları, yaxud allahları, bütün tanrıların və insanların atası, əslində tək olan gerçək Allahları vardı. Lakin ona olan inam ərəblərdə çoxdan itib-getmişdi. Onu yalnız dumanlı şəkildə xatırlaya bilirdilər. Hər tayfanın öz allahı və buradan da Kəəbənin böyük Tanrısına, Allaha maraq göstərməyə daha az əsası vardı. Buna baxmayaraq Kəəbəni Ərəbistanın dini mərkəzinə çevirməyi bacaran hiyləgər məkkəlinin adı Əmr ibn Lühaidir.
Kəəbənin böyük həyətində bütün ərəb illahlarının rəmzini düzmək onun ideyası olmuşdu. Bununla hər tayfanın allahı Kəəbədə təmsil olunurdu və hər tayfa Məkkədə öz allahına sitayiş edə bilərdi. Kəəbənin dörd ətrafında üçyüz altmış büt vardı. Bu, şəhəri məşhurlaşdırır və onu bütün şəhərlərdən ucaldırdı. Hər tayfa fəxr edirdi ki, onun da illahı Kəəbədə təmsil olunub və barış zamanı yetişəndə Məkkəyə, Kəəbəyə, böyük illik bazara, bütlərin və xalqların yığnağına yollanırdı. Məkkədəki əsas bazarlıq karvanların dönüşündən sonra başlayırdı. Bu bazarlıqla bərabər üçyüz altmış illahın şərəfinə böyük bayram şənlikləri də açılırdı ki, buraya da səhranın bütün tayfaları axışırdı.
Dini məsələlərdə məkkəlilər dözümlüydülər. Hər büt Məkkə sakinlərinə yeni insan axını, yeni gəlir bəxş edirdi. Ərəblərin Hübal, Ümma, əl-Lat, əl-Üzza və sair kimi kişi və qadın illahları ilə yan-yana peyğəmbər Məsihin, müqəddəs Məryəmin və Musa peyğəmbərin büstləri də qoyulurdu, çünki səhrada yəhudiliyi və xristianlığı qəbul etmiş tayfalar vardı. Məkkəlilərin özlərinə isə allahların heç birinin təfavütü yox idi. Bazarlığa xeyri olan hər şeyə sitayiş etməyə can-başla hazır idilər.
Qədim çağlarda Kəəbənin həyətində insandan da qurban kəsirdilər; sonralar insan qanı yüz dəvənin qanı ilə əvəz edildi.
Ona görə də Kəəbənin quruluşu beləydi: Ortada Kəəbə yerləşirdi, Kəəbənin dörd yanında birtəhər qaldırılıb harayasa aparıla bilən illahların hamısı; və illahların ətrafında onları qoruyub hifz edən tacirlər otururdular. Hər tacirin bir qəsri vardı və qəsrlərin hamısı birlikdə şəhəri təşkil edirdi. Məkkənin ətrafı azman bir çöllük idi ki, buradan da xalq allahlara ibadət etmək, varlı tacirlərə həsəd aparmaq, mal alıb pulunun başına daş salmaq üçün müqəddəs aylarda axın-axın gəlirdi. Burdan qazanan, özü də az yox, yeganə təbəqə tacirlər idi. Ona görə də müharibə və qan qisaslarından çəkindirmək, üçyüz altmış, hələ imkan düşərsə, bundan da çox allaha olan tam dözümlü, mömin inamı qoruyub saxlamaq onların üzərinə düşürdü.
Müqəddəs aylar gələndə səhra şəhəri Məkkənin ensiz küçələrində Babilin qədim sami ruhu oyanırdı. Kəəbənin yörəsində mərasimlər keçirilirdi. Mömin bədəvilər yeddi dəfə müqəddəs binanın başına dolanırdılar və onlardan hər biri Qara Daşı öpürdü. Kişilik və qadınlığın az qala unudulmuş iki sami rəmzinin nişanəsi kimi iki ən qədim sütun arasında səy də qədim adətlərdən biriydi. Məkkəlilər indi təkcə onu bilirdilər ki, bu iki sütun Kəəbənin həyətində haçansa dünyəvi ləzzətə aludə olmuş və buna görə allahlar tərəfindən daşa döndərilmiş sevgililər olmuşlar.
Saysız-hesabsız bütlərə qanlı qurbanlar verilirdi. Qədim sami allahlar, qəddar Molox3232
Molox – samilərin illahı, qurban təşnəsi.
[Закрыть], acgöz Astarta3333
Astarta – qərbi samilərin ana, göy və bəhrə allahı.
[Закрыть] və bədnam Baal3434
Baal – qərbi samilərin ümumi allah məfhumu
[Закрыть] burada, özlərinin qədim vətənlərində yenidən yaşamaq üçün oyanırdılar.
Fars və yunan qızları küçələri dolaşırdı. Bunlar Məkkənin şan-şöhrətinin çəkib gətirdiyi sevgi kahinələri idi. Tacir qəsrlərində məclislər qurulurdu, yerli və əcnəbi qadınlar üzlərini örtmədən kişilərlə birlikdə şərab içir və özlərinin sivilləşmiş fars-bizans işvələrini sevgi acı olan səhra oğullarının qaynar ehtiraslarına satırdılar.
Məkkə illik bazarın burulğanında ləngərlənirdi. Qəddar, cahil allahların dövrəsində cahil, şən bir həyat cövlan edirdi. Cəngavər döyüşləri təşkil olunurdu, mallar satılırdı və alıcılar aldadılırdı. Kəəbədə ardı-arası kəsilmədən primitiv məhkəmə prosesi gedirdi. Kim köhnə qan davasını, yaxud yeni alovlanmış bir mübahisəni yoluna qoymaq istəyirdisə, həmin məhkəməni təşkil edən sayseçmə tacirlərin yanına gedirdi. Barışdan ağlı bir şey kəsməyənlər isə Kəəbənin böyük həyətində bəyan edə bilərdi ki, müqəddəs aylar bitdikdən sonra onun tayfası digər tayfaya hücum çəkmək və onu məhv etmək fikrindədir.
Saysız baxıcılar, «peyğəmbərlər», ovsunçular və loğmanlar Kəəbənin həyətində vurnuxurdular. Çox cüzi bir məbləğə onlar elan edilmiş savaşın nəticəsini əvvəlcədən söyləməyə, yaxud allahların qəzəbini müəyyən dualarla rəqibin üstünə yağdırmağa hazır idilər.
Qullar, qadınlar, dəvələr alınıb-satılırdı, sevgi ittifaqları bağlanıb-cırılırdı. Fal oxları atılırdı, oynanılırdı, oxunurdu. Böyük tonqallar qalanırdı və bütün gecə onun yanında yeyilib-içilirdi. Öz azadlığı da daxil olmaqla hər şeyini itirən kəslər (azarlı oyunda adam öz azadlığından da məhrum ola bilirdi) şəhərin başçıları tərəfindən müftə yedizdirilirdi ki, onlar məyus olub dava salmasınlar.
Müqəddəs aylarda Ərəbistanın bütün şairləri Kəəbədə deyişməyə toplaşırdı. İncə qafiyəli şeirlərlə doğma tayfa, sevimli qadın və azad səhra həyatı günlərlə tərənnüm edilirdi. Bir göz qırpımında kəskin epiqramlar qoşulurdu və onlar yeni qan davalarına material verirdi. Deyişmənin qalibinə şahanə bayram düzəldilirdi. Onun şeirləri iri qızıl hərflərlə qara ipəyə toxunurdu və düz bir il Kəəbənin girəcəyindən asılırdı. Hərdən şeiriyyət sövdəgarlıq məqsədlərinə də istifadə olunurdu. Məsələn, bir neçə çirkin qızın yoxsul atası şairə sifariş verirdi ki, qızlarının gözəlliyini bazarlarda tərənnüm etsin. Şair istedadlı idisə, ata illik bazar başa çatmamış qızlarını ərə verə bilirdi.
Gecə-gündüz canlı bir həyat hökm sürürdü.
Amma orda gərək yaraqsız iştirak etməyəydin. Ensiz, sakit və qaranlıq küçələrdə əcnəbilərə hücum çəkilir və onlar qarət olunurdular. Heç kəs buna məhəl qoymurdu, çünki hərə öz kefındəydi və başı öz işinə qarışmışdı. Əgər qarət olunan təsadüfən tanınmış şair olsaydı, yalnız onda hadisə «ərəb mətbuatı»nda rüsvayçı bir şeirdə öz əksini tapırdı.
Sevincli, qəddar, həyateşqli, cahil və zəngin idi Məkkə şəhəri. Bu səhra şəhərində Muhəmməd doğulmuşdu – Muhəmməd, Allahın Rəsulu (s.ə.).
Bu, 570-ci ilin 29 avqustunda, şahənşah Xosrov Ənuşiravanın hakimiyyətinin qırxıncı ilində, zəleykilər3535
Zəleykilər – e.ə. 312-64-cü illərdə ellen sülaləsi (Mesopotamiya və Suriyada). Böyük İskəndərin sərkərdəsi Zəleykin adından götürülüb.
[Закрыть] erasının 880-ci ilində olmuşdu.
İKİNCİ BÖLÜM
NAZİLLİK
Ərəbistan bir heçlik idi – ölkə kimi – dövlət kimi – mədəniyyət kimi.
Bir gecənin içində bu heçlikdən bir dünya yarandı.
O, Mərakeşdən Hindistana qədər yayıldı və bugünə qədər qürub etməyib.
Heçlikdən var dünya mənəviyyatın köməyi ilə xəlq edildi.
Bu mənəviyyat Muhəmməd (s.ə.) idi.
PEYĞƏMBƏRİN DOĞULUŞU
Onu mən o Təkin iltifatına tapşırdım ki, onu bütün paxılların yamanlığından qorusun və adını Muhəmməd qoydum.
Aminə, Peyğəmbərin (s.ə.) anası
Ərəbistanın cənubunda, Yəmən məmləkətində nequs neqestinin, Həbəşistan kralının valisi qaniçən Abraha hökmranlıq edirdi. Abrahanın qəlbi də bədəni kimi qapqara idi. İçində böyük paxıllıq yuva salmışdı.
Məkkə Yəməndən çox-çox uzaqlarda yerləşirdi və Məkkə zəngin idi. Xalqlar Kəəbə allahlarını ziyarətə gedirdilər və heç kim gözəl Sanaya, Abrahanın iqamətgahına məhəl qoymurdu. Belə olduqda Abraha paxıllığından Sana şəhərinin tən ortasında böyük, möhtəşəm bir kilsə tikdirdi. Divarları mərmərdən, qübbələri də qızıldan. Heç vaxt Ərəbistanda buna bənzər möhtəşəmlik görməmişdilər. Bundan sonra Kəəbənin əvəzində ərəblər gərək buraya ziyarətə gələydilər. Amma səhra camaatı paxıl Abrahanı məsxərəyə qoydu, çünki xalq Kəəbəyə sadiq qalmaq istəyirdi. Ərəbistanın tənəsini Abrahaya göstərmək qərarına gəldilər. Bir cavan məkkəli Sanaya gəlib özünü elə apardı ki, guya kilsənin möhtəşəmliyinə hayıl-mayıl olmuşdur.
– Qoy kilsəyə gedim, Abraha, dedi, bütün gecəni orda ibadətdə keçirmək istəyirəm.
Gecə düşəndə məkkəli kilsədə təbii ehtiyacını ödədi, divarları nəcisə bulayıb aradan çıxdı. Abraha hirsindən özünə yer tapa bilmədi. Böyük bir qoşun topladı, özünün iri ağ fılini minib şəhəri dağıtmaq üçün Məkkəyə üz tutdu. Məkkə qoşunu hələ indiyə qədər fil görməmişdi və qorxudan pərən-pərən oldu. Məkkə camaatı isə dedi:
– Kəəbə bizimki deyil, Allahınkıdır. Bizə düşən dəvələrdir, qoyunlardır və qızıldır. Biz gərək öz varidatımızı xilas edək, çünki Allah özününkünü özü qoruya biləcək.
Və onlar mal-dövlətləri ilə Məkkə ətrafındakı dağlara qaçdılar. Şəhərdə vur-tut bir neçə döyüşçü qaldı. Özünün iri ağ fılinin belində Abraha Məkkənin divarları önündə peyda olub şəhəri mühasirəyə aldı. Deyəsən, Məkkənin məhv hökmü oxunmuşdu. Bu vaxt möcüzə baş verdi. Dəniz tərəfdən minlərlə qaranquş uçub gəldi və göy üzünü tutdu. Hər qaranquş üç daş gətirirdi, birini dimdiyində, ikisini də caynaqlarında. Minlərlə daş Abrahanın qoşununun başına yağdı və orduya vəlvələ düşdü. Döyüşçülər qaçışa üz qoydular, çadırlar darmadağın edildi və iri ağ fil Kəəbənin qarşısında diz çökdü. Ölüm gətirən səhra küləyi qoşunu məhv etdi. Ordunun tör-töküntüsü ilə Abraha Sanaya qaçdı ki, burada da acınacaqlı və şərəfsiz bir sonluq tapdı. Allah öz evini, Kəəbəni belə hifz etdi.
Həmin möcüzə ilini məkkəlilər Ağ Fil İli adlandırdılar.
Həmin il Məkkədə Muhəmməd peyğəmbər (s.ə.) dünyaya gəldi. Onun tam adı Muhəmməd ibn Abdulla ibn Əbdülmüttəlib ibn Haşim Qüreyşi idi. Qüreyşilər sərvətinin əfsanəvi banisi Qusai öləndə onun Əbdülmanaf adlı bir oğlu qalmışdı. Məkkədə o, hökmranlıq edirdi. Onun oğulları arasında yəsribli3636
Yəsrib – Mədinənin qədim adı
[Закрыть] qadınla evlənmiş və haşimilər tayfasının banisi olmuş Haşim adlı birisi vardı. Peyğəmbər (s.ə.) bu tayfadandır. Tayfa haçansa varlı və qüdrətli imiş. Məkkə ətrafındakı müqəddəs Zəmzəm qaynağını irsən həmin tayfa işlədirmiş ki, onu da bir vaxt Allah susamış Hacərə və oğlu İsmailə açmışdı. Tayfa sədəqə verməkdə əliaçıqlığına görə məşhurmuş. Amma bu barədə səhih məlumatı olan yoxdur. Yalnız orasını bilirlər ki, Peyğəmbərin (s.ə.) zamanı yetişəndə tayfa nə varlı olub, nə də xüsusi izzət sahibi. Muhəmmədin (s.ə.) babası Əbdülmüttəlib tayfanın sonuncu nəhəng kişisi sayılıb. Böyük sədəqələrlə o, iflasa uğrayıb ki, bu da onun izzəti üçün əvvəlcə nəticəsiz qalıb. Ərəblərin gözündə önəmlisi o idi ki, onun oğlu olmurdu. Bu da ona dəlalət edirdi ki, Allah ona mərhəmət göstərmir. Onda Əbdülmüttəlib and içir ki, oniki oğlu olsa, birini Kəəbədə qurban kəsəcək. Bundan sonra dalbadal oniki oğlu olur. Onlardan birini, Abdullanı o, Kəəbəyə gətirir. Amma bıçağı götürəndə göydən bir səda gəlir və buyurur ki, Abdullanı yaşatsın və əvəzində yüz dəvə qurban kəssin. Və elə alınır ki, Abdulla yaşayır və Aminə adlı bir qadınla ailə qurur, o da Fil İlində ona Muhəmməd adlı bir oğul doğur ki, bu da «Həmdolunmuş» deməkdir.
Mömin əfsanə belədir. Burda nəyin doğru olduğunu bilən yoxdur. Onu bilirlər ki, Abrahanın qoşunu həqiqətən Məkkəyə hücum çəkmiş və çiçək xəstəliyindən məhv olmuşdur. Daha sonra bilirlər ki, kasıb haşimi tayfasında həmin vaxt Abdulla (mənası «Allahın qulu» deməkdir) adlı bir kişinin Muhəmməd adlı bir oğlu olub.
Peyğəmbərin (s.ə.) dünyaya gəlişi ilə bir çox mömin əfsanə bağlıdır. O doğulan gecə səma mələkləri arasında böyük bir şənlik hökm sürüb. Allah dərgahında Peyğəmbərin (s.ə.) doğuluşunu bayram ediblər. Zülmətin ruhları, şəyatinlər və cinlər görüblər ki, göy üzündə şənlikdir. Lakin bayramın səbəbini heç biri aça bilməyib. Bu zaman yaman ruhlar ilahi qüdrətin sirrini öyrənmək üçün göylərin qapısına sürünüblər. Ancaq şənliyin səbəbini öyrənə bilməyiblər. Ulu mələklər göylərin qapısında görünüblər və yaman ruhların arxasınca iri, yanar məşəllər atıblar. İnsanlar bunu görüb ulduz axını adlandırıblar. Kahinlər isə bilirlərmiş ki, həmişə göydə ulduz axanda mələklər əllərindəki məşəllərlə yaman ruhları göylərin qapısından qovurlar. Muhəmmədin (s.ə.) doğuluş gecəsində İranda əsrlərdən bəri yanan əbədi od söndü. Zəlzələ ölkəni bürüdü. Ktesifonda Birinci Xosrovun sarayı uçdu. Yalnız ondörd sütun salamat qaldı. Bu, həqiqi imanın qələbəsinə qədər İranı əldə saxlayan bütpərəst hökmdarların sayı qədər idi. Doğuluş gecəsində baş verən möcüzələrin sayı-hesabı yoxdur.
Amma bununla belə o, Məkkədə imkansız evdə doğulan fəqir bir uşaq idi. Doğum gecəsindən iki ay qabaq evlərinə bədbəxtlik üz verdi. Muhəmmədin (s.ə.) atası Abdulla Yəsribə gedərkən səhrada dünyasını dəyişdi. Oğluna qoyub getdiyi miras o qədər də böyük deyildi. O, kiçik bir evdən, beş arıq dəvədən və yaşlı qaravaşdan ibarət idi.
Məkkə şəhəri od saçan qayalarla əhatələnərək verimsiz vadidə yerləşirdi. Şəhəri ensiz küçələr doğrayırdı və bu küçələr zibil qalaqları ilə dolu olardı. Məkkədə hava ağır idi. Uşaqlar solğun və zəif böyüyürdülər. Məkkənin dörd yanınca səhra baş alıb gedirdi. Səhranın havası təmiz, insanları nəcib, igid və sağlam idi. Ona görə də südəmər uşağı bədəvi tayfasına tərbiyəyə vermək Məkkədə adət halını almışdı. Bədəvi qadınının südü ilə uşaq səhra qanunlarını, bədəvinin azad, igid düşüncəsini də əmirdi. Səhrada insan ərəb olurdu.
Südəmərləri tərbiyəyə götürən tayfalar ildə iki kərə Məkkəyə gələrdilər. Çünki Məkkə südəmərlərinə səhrada böyük ehtiyac vardı. Valideynlər süd anasına və onun ailəsinə çoxlu hədiyyələr verirdi, bundan başqa, nəcib Qüreyş tayfası ilə süd qohumluğunun istənilən bədəviyə haçansa xeyri dəyə bilərdi.
Muhəmməd (s.ə.) doğulan ili də südəmər aramaq üçün Bənu Sad tayfasından adamlar Məkkəyə gəldilər. Lakin Muhəmmədi heç kim götürmək istəmədi. Ailə elə kasıb görünürdü ki, yetim uşağı götürməyə dəyməzdi. Ancaq bütün bənusadlar körpələri götürüb vətənə yola düzəlmək istəyəndə südəmər sarıdan əli boşda qalmış Həlimə adlı kasıb bir qadın oğlanı götürməyi qərara aldı.
Beləliklə Muhəmməd səhraya, Bənu Sad tayfasına düşdü ki, burda da o, bədəvi adətinə görə iki yaşına qədər ana südü əmməli oldu.
Sarı qum, bəhrəsiz çöllər, tayfalar içində ən kasıbı olan bənusadların quru torpağı. Xırda, qara çadırlar, dəvə südü, bədəvilər və çadırın ağzından başlayan sonsuzluğun ilğımı. Bu ilğım, bu çadırlar, bu kasıb, quru torpaq Muhəmmədin gözlərinin yarıdərklə gördüyü ilk şeylər oldu.
Bənusadlar xalis bədəvilər idi və Peyğəmbərin (s.ə.) qulaqlarının eşitdiyi ilk şeylər də sözün qüdrəti və bütün dillərin ən nəcibinin incə ifadələri barədə uzun, müdrik söhbətlər oldu.
Kiçik tayfanın həyatı ağırdır, amansızdır, təhlükələrlə doludur. Hətta uşaq da təhlükələrə məruz qalır. Lakin Muhəmməd bənusadlardan deyildi, kübar bir Qüreyş idi. Arxasında özünün yalnız söhbətlərdən bildiyi Məkkə şəhəri sipər kimi dayanmışdı. İlk duyğusu bu olmuşdu: səhra, sonsuzluq, təhlükələr və möhkəm əminlik ki, dar ayaqda hardasa tam uzaqlarda, böyük çölün o üzündə laxlamaz, dağılmaz bir himayəyə bel bağlamaq olar. Bənusadlar üçün də o, bir seçkin idi, doğuluşundan Şəhərlər Xatununa, qüdrətli qüreyşilərə mənsub idi. Sonsuzluğu, təhlükələr qarşısında qorxunu, naməlum əlin himayəsini və müdafiəsiz, sipərsiz bənusadlardan qüllə hündürlüyündə ucada durmaq duyğusunu körpə Muhəmməd beləcə öz gözləri ilə gördü.
İki yaşları tamam olanda südəmərlər adətən öz ailələrinə dönərdilər. Lakin bənusadlar Muhəmmədi daha bir il saxlamağa icazə istədilər. Uşaq onlara xoşbəxtlik gətirirmiş. Peyğəmbərin (s.ə.) həyatı köçərilərdə də əfsanələrlə haşiyələnmişdir. Sürünün yanından ötəndə qoyunlar onun qarşısında baş əyərmişlər, Ay onun hüzuruna enərmiş, o, ayağını basdığı yerdən ot boy verərmiş. Peyğəmbərin (s.ə.) səhrada qalması ilə bağlı gözəl bir əfsanəni danışmaq burda yerinə düşərdi: Bir dəfə, Muhəmmədin dörd yaşı olanda o, süd qardaşı Məsrutla çölün düzündə oynayırmış. Bu zaman adamın gözünü qamaşdıran ağ libasda qəflətən bir cüt mələk peyda olur: Cəbrail və Mikail; onlar oğlanı ustufla yerə uzadıb sinəsini yarırlar. Ürəyini çıxarırlar, hərtərəfli təmizləyirlər və Adəmdən üzü bəri hər bir insanın içində gəzdirdiyi irsi suç damlasını sıxıb çıxarırlar. Gələcək nazillik üçün onu beləcə hazırlayırlar.
Muhəmmədi səhradan geri, anasının yanına qaytaranda onun dörd yaşı vardı və altı yaşı olanda anası Aminə dünyasını dəyişdi.
Muhəmməd yetim qaldı və heç nəyi yox idi. Anası Yəsrib ətrafındakı səhrada öldü və uşağı oğulluğa götürən tapılmadı. Yaşlı qaravaş Bərəkə axırda onu gözəl Məkkəyə, babası Əbdülmüttəlibin yanına gətirdi. Haşimilərin ən cavanı və ən kasıbı Muhəmməd orda yaşadı. Əbdülmüttəlib qocalmışdı və tökülüb-itirdi, bilmirdi ki, tayfasında peyğəmbər böyüyür. Yalnız ölümündən qabaq o, Muhəmmədi yadına saldı və indi haşimilərə böyüklük etməli olan oğlu Əbu Talibə uşağı oğulluğa götürməyi tapşırdı.
Əbu Talib də kasıb idi və ona çoxlu uşaq əta olunmuşdu. Qardaşı oğlunu o, evinə götürdü, yalnız onun boğazına baxdı, artıq şeyə gücü çatmadı. Haşimilərin başçısı kimi Əbu Talib ticarətlə məşğul olurdu. Öz karvanları ilə o, Suriya və Yəmənə gedirdi. Bu zaman Muhəmməd böyük Məkkə şəhərində tək qalırdı. Bir dəfə Əbu Talib karvanı yükləyəndə Muhəmməd onun yanına gəldi, ona qısılıb dedi:
– Məni də götür, Əbu Talib, çünki Məkkədə qeydimə qalacaq bir kəs yoxdur.
Və Əbu Talib peyğəmbər Muhəmmədi (s.ə.) peşəkçi kimi özü ilə Suriya səhrasına götürdü, İraq çöllərindən keçərək. Aramsız löhrəmlə karvanlar səhralardan, düzlərdən keçib-getdi. Böyük torpağı, Bizans kralının camaatını və səhrada tək-tənha öz canlarının xilası üçün ibadət edən mömin rahibləri görmək ona nəsib oldu.
Suriya və Yəmən arasındakı dünyadan Muhəmməd öz əmisi ilə çox keçirdi. Axırda da karvan Məkkəyə dönürdü. Muhəmməd böyüyürdü və haşimilər içində ən kasıbı kimi hələ də əmisinin yanında qalırdı. Sonra müharibə özünü yetirdi, tipik bədəvi müharibəsi. Qureyşilərin qohum tayfası Bənu Kinanaya hücum edildi. Zəngin tacirlər döyüşə girib öz qan qardaşlarını dəstəkləməkdə bir an belə tərəddüd etmədilər. Muhəmməd də döyüşə getdi, haşimilərin onaltıyaşlı ox daşıyanı kimi. Fəqət onun qəlbi döyüş əməllərini aşkarca götürmürdü. Döyüşdən geri qayıdan kimi o, Məkkə qurumlarından birinə daxil oldu ki, bunun da vəzifəsi məkkəli tacirlər arasında doğruluğu qorumaqdan ibarət idi.
Muhəmmədin tacirlik uğurları heç də yüksək deyildi. Əksinə, alver pis gedirdi və günlərin birində Əbu Talib öz qardaşı oğlunu varlı məkkəlilərdən birinə çoban verdi. Muhəmməd qoyunları Məkkənin ətrafında otarır və əvəzində cüzi muzd alırdı. Sonralar o, malını Məkkə ətrafındakı bazarlara çıxaran xırda tacir oldu. Bu da ona sərvət gətirmədi. Lakin əvəzində tədricən məkkəlilər arasında həddən artıq abırlı və düzgün insan, tacir adını qazandı ki, bütün hallarda onun sözünə bel bağlamaq olardı. Bu ona Əl-Əmin ləqəbini qazandırdı ki, mənası «Etibarlı» deməkdir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?