Электронная библиотека » Məhəmməd Əsəd bəy » » онлайн чтение - страница 4

Текст книги "Muhammed. Son peyğəmbər"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: Məhəmməd Əsəd bəy


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

Tacirlər şəhəri Məkkədə etibarlılıq insanın ən böyük ləyaqəti sayılırdı. Bu xasiyyətin sahibi aclıq nə olduğunu bilməzdi. Ona görə də nüfuz sahibləri bu doğrucul gənci öz yanlarına götürdülər. Ömrünün iyirmibeşinci ilində ölkəni aclıq bürüyəndə varlı dul qadın Xədicənin yanında ona işlər müdiri vəzifəsi təklif olundu. Əmisinin məsləhəti ilə o bu vəzifəni qəbul etdi.

Beləliklə, Allahın Peyğəmbəri (s.ə.) yadların karvanlarını səhraya sürən, mal alıb, mal satan və başqalarının cibini dolduran var-dövlət qazancçısı tacirə çevrildi.

XƏDİCƏ

Allah mənə heç vaxt ondan yaxşı övrət nəsib etmədi.

Muhəmməd (s.ə.)

Düzənlikdə karvan gedir. İyirmi, otuz dəvə əzəmətlə bir-birinin ardınca addımlayır. Gözlərində qəmli vüqar var, yerişləri ahəngdar dinclikdir. Dəvə aramla, etinasız yeriyir, lakin sarvan ehtiyatsızlıq edib peşəyə yaxınlaşanda o, boynunu irəli uzadıb sarvanı möhkəmcə qarpır. Dəvə qorxuludur, bic və amansız. Peşəyin hörgücündə cavan bir oğlan oturub. Başında ipək çalma var və o, səliqə ilə geyinib. Gözlərinə ətirli yağ sürtülüb ki, səhranın qaynarlığı xətər yetirməsin. Cavanın iyirmibeş yaşı var, ərəbin bəzəyi sayılan saqqalı hələ çox qısadır. Sifəti ciddidir. Dəvələr ağır yüklər aparır və bu yüklər daha da ağırlaşmalıdır, cavan buna çalışır. Cavanın gözləri qaradır, zəhmlidir. Onlar sakitcə uzaqlara baxır. Əlləri üləma əlləri kimi yumşaqdır və ağzı bəyaz sifətində qırmızı qan zolağı kimidir.

Saatlar ötür. Cavan uzaqlara baxır. Yenə də o burda hamıdan birincidir və yenə də onu görünməz Məkkə uzaqdan-uzağa hifz edir. Bəs Məkkədəki insanları kim hifz edir? Cavan bunu bilmir. O, qarşısındakı geniş dünyaya baxır. İnamla karvanını sürür. Mallarını satır, çoxbilmiş tacirlərlə sövdələşir, alacağını əlüstü alır və sahibəsinin sərvətini artırır.

Sonra yenidən səhra, dəvələr, tənha saatlar və tənha düşüncələr. Səhradakı insan nə haqda düşünür? Qumun əbədiliyi, səmanın sonsuzluğu və bunların hər ikisinə hakim kəsilmiş gözəgörünməz qüdrətlər haqqında. O, Allahı düşünür. Muhəmmədin gözü önündə açılan dünyada Allah və dini problemlər haqqında düşüncələr geniş yayılmışdı. Bugünkü siyasət kimi o vaxt Allah dünya olaylarının mərkəzində dayanırdı. Hər bir insan Allahın qüdrəti barədə düşüncələrə dalırdı, hər kəs də başqasının fikrini təkzib edirdi. Muhəmmədin karvanları Suriya və Yəməndən keçirdi. Hər iki ölkədə Allah ən aktual problem idi. Bazarlarda, hökumət idarələrində, kilsələrdə, hamam və bağlarda yalnız Allah barədə mübahisələr gedirdi. Təriqətçilər meydanlarda vaizlik edirdilər, hərə öz imanının doğruluğunu mədh edir, başqalarının yanlış təlimini lənətləyirdi. Monofızitlər3737
  Monofizitlər – monofızitizm tərəfdarları. Monofızitizm İsanın yalnız ilahi təbiətini qəbul edən, onun insani təbiətini yaxın buraxmayan Kiçik Asiya və Afrika kilsələrinin təlimi.


[Закрыть]
, monofelitlər3838
  Monofelitlər – 7-ci əsrdə Bizansda ortodoks ehkamla monofizitlər arasında rəsmi kompromis kimi yaranmış xristian təliminin tərəfdarları. Monofelitlərə görə İsa ikili təbiətə, lakin bir iradəyə və «enerjiyə» malik olub.


[Закрыть]
, qreqorianlar, koptlar3939
  Koptlar – Misir xristian kilsəsinin tərəfdarları.


[Закрыть]
, nestorianlar4040
  Nestorianlar [Nestor tərəfdarları. Nestor – müdrik müşavir, icma ağsaqqalı (yunan əfsanəsinin çox sinli, müdrik padşahının adından)] – şərqi xristian təriqəti nestorianlığın tərəfdarları.


[Закрыть]
və bütün yönlərdən olan yəhudilər bir-biri ilə birbaşa və dolayısı mübahisə aparırdılar; onların hamısı bircə şeyə, hamı üçün eyni səslənən və hərənin başqa cür qavradığı ilahi vəhyə, Bibliyaya istinad edirdi. Dinclik içində öz karvanı ilə şəhər və səhralardan keçib-gedənlər də iman mübahisəsinə çəkilirdilər. Fanatik vaizlər bazarlarda onların başına yığışırdı. Səhralarda yaşlı tərkidünyalar onlarla görüşüb dini düşüncələrini soruşurdular, dünyanın sonunu vəd edirdilər və burada da müqəddəs vəhyə söykənirdilər. Qısası, din bütün maraqların mərkəzində dayanırdı.

Məkkədən olan qərib də bilirdi ki, din çeşidli təmənnaların qaynar nöqtəsi ola bilər. Səhranın böyük şəhəri müqəddəs ocağın ətrafında salınmışdı. Kəəbənin böyük meydanında da allahlar barədə müzakirələr gedirdi, orda da tayfalar Hübalın, Əl-Latın, Əl-Üzzanın qüdrəti barədə mübahisələr edirdilər. Xristian və yəhudilər də gəlib Allahdan qəbul etdikləri vəhylərlə öyünür, öz təriqətlərini vəz edirdilər. Bu mübahisələr Məkkə tacirlərinin ürəyincəydi, onlar artıq bunlarsız da məşhur olan Məkkəni daha da məşhurlaşdırırdı.

Lakin tacirlərin özləri öz allahlarının reklam bütlərinə çox az inanırdılar. Qədim din ölmüşdü. Qalan yalnız reklam, mənasız mərasim, keçmişin kultu, rüsvayçılıq və cahillik idi. Məkkədə bunu çoxları duyurdu, çoxları bilirdi. Zəngin şəhərdə ölü allahlar hökm sürürdü. Ancaq bu allahlar şəhər üçün var-dövlət qaynağı olduğuna görə onlara dəyib-toxunmaq olmazdı. Tacirlər bunu ciddi-cəhdlə və qətiyyətlə qadağan edirdilər. Həqiqi imana can atan kəs, ilahi gerçəkliyi arayan şəxs Məkkəni tərk edirdi. Belə allah arayıcılarının sayı-hesabı yox idi, fəqət bu, məkkəliləri narahat etmirdi. Hər kəs öz xilasını istədiyi yerdə axtara bilərdi, amma təkcə Məkkə sərvətinin sütunları laxlamamalıydı. «Həniflər» adlanan bu allah arayıcılarından ehtiramlı kinayə ilə ötüşürdülər.

Ancaq Məkkədən qıraqda da haqqı tapmaq olardı. Suriyada, Fələstində, Misirdə, Ərəbistanın əksər qonşu ölkələrində xristianlar bir-biri ilə barışmaz mübahisələrdə idilər. Allahı arayan sadə məkkəli burdan baş tapa bilmirdi. Yəhudilər, xristianlar, təriqətçilər – Allahı arayan əksər ərəblərə onlar ruhi dinclik bəxş edə bilmirdilər. Həniflər səhrada vurnuxurdular, ilahi yazıları oxuyurdular və şübhələrdən əzab çəkirdilər. Az qala hamı Məkkənin ölü allahlarını lənətləyirdi. Az qala hamı Allah deyilən böyük, qüdrətli illahlığı yada salırdı ki, O da haçansa ərəb xalqına rəbbilik etmişdi. Bu illahlığa gedən yolu isə bilən yox idi, çünki ərəblərin qədim təkallahlığı ölmüş, yalnız şüursuz şəkildə yada düşərək minillərin əfsanələrində dəfn edilmişdi. Ulu, böyük Tanrıya, Allaha yalnız həniflər ürəkdən tapınırdılar. Bu Allahı yeni həyata qaytarmağa isə onların heç biri ürək eləmirdi. Səhra xalqı tərəfindən yarı dəli, yarı övliya sayılan qocalar, tökülüb-itən bu allah arayıcıları dinclik tapmadan yalnız səhrada vurnuxurdular.

Bütün bunların hamısını Haşimi nəslindən olan Muhəmməd uzun səfərlərdə görüb-götürmüşdü. O da bilirdi ki, Kəəbənin allahları ölüdür, o da bilirdi ki, həmin allahlar öz kultlarına görə nəyə minnətdar olmalıdır. O da bilirdi ki, uğrunda dünyanın mübahisə apardığı və vahid, qadir, müqəddəs Allahdan gələn vəhylər mövcuddur. Bunların hamısını Haşiminin iri gözləri sorub içəri çəkirdi: səhranı, sonsuzluğu və haqq uğrunda mübahisə edən insanları. Fəqət Muhəmməd hələ cavan, dəvələrinin daşıdığı yüklər isə ağır idi. Öz sahibəsinin sərvətini artırmaq üçün yükləri o həmişə çoxaltmalıydı. Xədicədən o, muzd kimi iki düyə aldı ki, bu da yaxşı haqq sayılırdı.

Praktiki həyatda Muhəmməd çevik və təcrübəli idi. Gecəli-gündüzlü tacirlərlə alver edirdi, gəlirini artırırdı və bu onun zehnini itiləyirdi. Düz üç il Xədicənin dəvələri ilə alverə getdi və çox az işlər müdiri tapılardı ki, uğurla doğruculluğu bu şəkildə birləşdirə bilsin. Xədicənin sərvəti çoxalırdı, onunla birlikdə də artıq iyirmisəkkiz yaşı tamam olmuş işlər müdirinin hörməti artırdı. Muhəmmədin var-dövləti isə artmaq bilmirdi. O hələ də subay və uşaqsız, ərəblərin təbirincə «quyruqsuz insan» idi.

Bu vaxt ona gözlənilməz bir xoşbəxtlik üz verdi.

Qüreyş nəslindən olan Hüvailidin qızı dul Xədicənin keçmişi tarix araşdırıcılarına az məlumdur. Görünür, haqqında danışmağa bir şey olmayıb. İkinci ərdən dul qalmışdı, zəngin idi, yaşı keçmişdi və ən kübar soydan, qüreyşilərdən idi. Məkkədəki bütün camaat kimi o da alver edirdi, heç kimə qaynayıb-qarışmırdı, sərvət toplayır və xoşbəxtliyin həsrətini çəkirdi. Evinin künc bacasından hərdən görürdü ki, gənc işlər müdiri və sarvan malla evə daxil olur. Muhəmməd cavan və gözəl idi. Qadının ürəyini ovlamışdı. Xədicəni istəyən çox idi, lakin Məkkədə az adam tapılardı ki, daxili ləyaqətdə və xarici cazibədarlıqda Muhəmmədə tay olsun.

Bir dəfə Xədicənin Maysara adlı qulu Muhəmmədin yanına gəlib soruşdu:

– Niyə evlənmirsən? Sənin yaşında kişilərin ən azı bir arvadı və bir neçə uşağı olur.

Muhəmməd də belə vəziyyətdə əksər kişilərin verə biləcəyi cavabı verdi:

– Özümü saxlamağa zorla pul qazanıram. Gəlirim arvad-uşağa bəs eləməz.

– Əgər varlı, gözəl, üstəlik də kübar bir qadın olsaydı?… – Qulluqçu soruşdu.

– Beləsi tapılmaz,– Muhəmməd ehtiyatla cavab verdi.

Bir gün sonra Xədicənin özü Muhəmmədin yanına gəlib bildirdi:

– Muhəmməd, sədaqətinə, doğruculluğuna və yaxşı xasiyyətlərinə görə səni sevirəm. Xalq içində hörmətin var və mənim kimi zadəgan Qüreyş soyundansan. Özümü sənə xanımın kimi təklif edirəm.

Muhəmməd Xədicənin təklifini qəbul etdi.

Bundan sonra qədim ərəb üslubunda bir məzə başladı. Kasıb işlər müdiri ilə nikah Xədicə üçün aşkar mezalyans4141
  Mezalyans – (fran.) bir-birinə tay olmayan insanların kəbini.


[Закрыть]
idi. Qəti təsəvvür etmək olmazdı ki, qadının atası buna razılıq verəcək.

Xədicə Muhəmmədin və haşimilərin başçılarının da dəvət olunduğu bir qonaqlıq düzəltdi. Məclisin başında Xədicənin atası Hüvailid əyləşmişdi. O, yaşlı və içkiyə aludə idi. Xədicə atasının badəsini dalbadal doldurur, o da bunları sevinc və minnətdarlıqla bir-bir boşaldırdı. Axırda gözəl qaravaşlar gəldilər, qocanın qabağında rəqs edib qaval çaldılar ki, bundan sonra da onun kefi kökəldi. Amma başı sinəsinə düşəndə, əlləri əsməyə başlayanda Xədicə toy paltarını gətirtdi və bundan sonra haşimilərin ağsaqqalı Əbu Talib qardaşı oğlunu təriflədi və bir-iki dəvə dəyərində başlıqla Xədicənin elçiliyini elədi.

Qoca danışıqdan bir şey anlamadı. Nitq sona yetdikdə Xədicə atasını oturtdu, onun əlini qabağa uzatdı və ata xeyir-duasını verdirdi. Adətə uyğun olaraq həmin an kasıblara bir dəvə kəsildi və hallı əmilərdən biri tələsik kəbin duasını söylədi. Səhərisi Xədicənin atası bu xoşagəlməz hadisədən xəbər tutdu, əvvəlcə kürəkəninə və bütün Haşimi tayfasına qan davası elan etmək istədi. Onun hirsini soyutmağa güclə nail oldular.

Muhəmməd Xədicə ilə belə evləndi.

Bu ailə uzun illər yaşadı və Xədicə ölüm gününə qədər bircə kərə də peşmançılıq keçirmədi ki, Haşimi tayfasından olan kasıb sarvanı özünə ər seçmişdi.

MUHƏMMƏDİN SURLULUĞU

Mən də yalnız sizin kimi bir insanam.

Quran (41,5)4242
  Azərbaycan dilinə tərcümədə 6-cı Ayə. Romandakı ayələrlə Azərbaycan dilinə tərcümədəki ayə və surələr üst-üstə düşdükdə ayaq qeydi göstərilmir.


[Закрыть]

Xədicə ilə ailə qurmaqla Muhəmməd Məkkənin ali təbəqəsinin üzvü oldu. Hörməti artdı. Surlaşdı. Başını salıb alveri ilə məşğul olurdu. Hərdən Kəəbənin böyük həyətinə gedir və xoşbəxt ailə qurmuş nüfuzlu tacir həyatı sürürdü. Deyildiyi kimi, Xədicə öz seçimindən peşiman deyildi. İyirmidördillik birgə yaşayışda Muhəmməd yaxşı ər nümunəsi olmuşdu. Zaman dinc və olaysız ötüşmüşdü. Şəhərdə Muhəmmədin səliqəli xarici görünüşünü, çılğın təbiətini, sonsuz ədalətini və mömin Allah qorxusunu təqdir edirdilər. «Yaxşı ad, yaxşı qadın, öncə də namaz – yer üzündə mənim üçün ən gözəl şey bunlardır». Bir dəfə o belə demişdi.

Hüdud bilməyən kişilik qabiliyyəti, sonralar olduğu kimi, o vaxt da Muhəmmədin qüruru idi. Bu qabiliyyət onu ölkənin bütün tayfalarının sevimlisi etmişdi. «Allah ona otuz kişinin gücünü vermişdir», mömin ərəb dindarları ehtiramla bildirirlər. Şərq xalqları üçün bu, Qüdrət Sahibinin mərhəmətinin ən güclü sübutu idi. Öz gücünü sübut etməyə sonralar Muhəmməddə imkan yarandı. Burda diqqətəlayiq odur ki, ərəblər arasında ən qadir kişi özündən xeyli yaşlı arvadına onun ölümünə qədər sadiq qaldı.

Muhəmmədin yolu təmiz, ləkəsiz və düzgün idi. Onun arxasınca danışmağa söz tapa bilmirdilər və məhz dostlarının ən yaxın dairəsindən, onun intim həyatından məlumatı olmalı insanlardan Peyğəmbərin (s.ə.) sonrakı mötəbərləşməsinin ən qaynar, ən sadiq ardıcılları əmələ gəlir.

Xoş rayihələr Muhəmmədin şakəri idi. Şərqin bütün ətriyyatı – ənbər, müşk, kirşan, ənlik və saç yağları onun daimi işlətdiyi şeylərdi. Görmə qabiliyyətini qorumaq və parlaqlığı artırmaq üçün gecələr gözlərini sürmələyirdi. Qara, basmalı saçları çiyinlərinə tökülürdü və iki hörüyə vurulurdu. Başına incəliklə içəri qırçınlanmış ipək çalma qoyurdu. Gündə bir neçə kərə yuyunur, dişlərinin ağlığını saxlamaq üçün həmişə nəsə çeynəyirdi, bütöv saqqal saxlayırdı, sarımtıl-qonur çalarlı ciddi üz cizgiləri vardı və bütün qoxulara qarşı çox həssas idi. Onda özünə qarşı ikrah oyatmaq istəyirdinsə, yanında sarımsaq, yaxud soğan yeməyin kifayət idi. Mötəbərləşməsindən öncə Muhəmməd beləydi və ömrünün sonuna qədər belə də qaldı. Öz cisminə, gücünə və gözəlliyinə vurğunluq islamın əsas səciyyəsindən birinə çevrildi. Cismi və cismə vurğunluğu lənətləyən xristian tərkidünyalarını və tövbəçilərini Muhəmməd (s.ə.) başqa aləmin kabusları hesab edirdi – nifrətəlayiq və anlaşılmaz.

Lakin həyat sevinclərinə bu cür gözgörəti aludə olmuş sığallı, xoş rayihəli, nəcib, zəngin şəxs ciddi və sərt idi. Təsadüfi deyil ki, xoş rayihə və qadınlarla yanaşı namazı o özünün ən böyük sevinci sayırdı.

Qırx yaşına çatanda Muhəmməd Məkkənin parlamentinə, Kəəbədəki iclaslara getməyə başlayır. Burda o, sözübütöv, adil, biraz da qaradinməz insan kimi tanınır. Sərbəst nitq, cilalanmış ifadə, ərəblərdə şeirqoşma bacarığı kimi dəyərləndirilən istedad, görünür, bu ciddi insana verilməmişdi.

Əvəzində onun adilliyinə arın-arxayın bel bağlamaq olardı. Tacirlər arasında mübahisə düşəndə, kimsə aldadıldığını və haqqının pozulduğunu görəndə Muhəmmədin yanına gedirdi. O da ciddi və işgüzarlıqla məsələyə baxıb öz hökmünü verirdi.

Muhəmməd Kəəbə allahlarının mömin ibadətçisi deyildi, əslində məkkəli tacirdən bunu heç gözləmirdilər də. O da hamının etdiyini edirdi, gündəlik mərasimlərdə olurdu və gündəlik duaları oxuyurdu. Lakin hərdən Məkkə ətrafındakı çılpaq çölləri gəzməyə üstünlük verirdi, tək-tənha, xəyallara dalaraq, bəlkə də dua edə-edə. Belə şeylər olurdu. Heç kim buna görə hörmətli bir insana irad tuta bilməzdi. Belə məsələlərdə Məkkə tam dözümlü idi.

Ancaq bu dövrdə Muhəmməddə antipatiya əmələ gəlmişdi. O, Kəəbənin həyətində daima dolaşan baxıcılara, ovsunçulara və gözbağlayıcılara nifrət edirdi. Fəqət bu da son olaraq onun şəxsi işi idi, çünki pullu cadugərliyə inanmağa heç kəsi məcbur etmirlər. Maariflənmiş Məkkədə bu da ən uzağı mövhumatçı, cahil bədəvidir.

Öz insandaşlarına Muhəmməd həmişə səmimi və yatımlıdır. Kim bir vaxt ona qulluq göstəribsə, təşəkkürünə umud edə bilərdi. Əmisi Əbu Talib müvəqqəti qıtlıq keçirəndə Muhəmməd onun oğlu Əlini övladlığa götürdü ki, bu da həmişəlik onun evində qaldı. Əli gözəl bir oğlan idi, biraz birtərəfli, amma cəsur, nəcib və təşəbbüskar. Onun böyük gələcəyi vardı, islamın dördüncü xəlifəsi oldu.

Yayda Məkkədə istilik dözülməz olanda Muhəmməd digər adlı-sanlı tacirlər kimi Taifə köçürdü, yaxud öz çadırını mağaralarında həmişə sərinlik olan Hira dağının yaxınlığında qururdu. Məkkə yaxınlığındakı bu çılpaq dağı Muhəmməd çox xoşlayırdı ki, onun zirvəsindən də becərilməyən yabanı təbiəti və uzaqlardakı Taif bağlarını seyr edə bilirdin. Hətta ailəsi Məkkəyə qayıdanda da o hərdən Hiranın mağaralarına getməyi xoşlayırdı.

Nazilliyə qədər Muhəmməd belə yaşayırdı. Həyatı dinclik içində, sakit keçirdi, əməlləri şərəfli, namuslu, gözəçarpmaz idi. Ölənə qədər o bunları vurğulamaqdan usanmırdı.

Ərəb ölməzlik fikrinin nə olduğunu bilmirdi. Ölməzliyi o, dünyəvi artımla, öz tayfa ağacında yeni budağın yaradılması ilə əvəz edirdi. Muhəmməd də uşaq istəyirdi və Xədicə ona uşaq bəxş etdi. Dünyaya üç oğul, üç qız gətirdi. Bununla Muhəmmədə son xoşbəxtlik damlası da verilmiş oldu. Muhəmməd allahlara çoxlu nəzir gətirdi. Oğlanlarının adını Əlqasim, Əbdmanaf və Əttahir qoydu. Bu, Muhəmmədin o vaxt hər hansı dini düşüncədən nə qədər uzaq olduğunu bariz göstərir. Zira Əbdmanafın mənası «Manafın qulu» deməkdir və Manaf Kəəbənin ən məşhur bütü idi. Özünə isə o, ərəb adətinə görə Əbu Qasim deyirdi ki, bu da Qasimin atası anlamındadır.

Məkkənin küçələri çirklə doludur. Orda insanları yaman ruhlar sarmışdır. Ensiz, qaranlıq sokaklarda xəstəlik və ölüm yuva salmışdır. Hər il Məkkədə çoxlu uşaq tələf olurdu və bir gün Peyğəmbərin (s.ə.) hər üç oğlu bu ölülərin sırasına qatıldı. Muhəmməd yenidən «quyruqsuz adam»a, ölümlü insana çevrildi, onun başqasında yaşamaq iddiası olmadı. İtkisini o, ləyaqətlə qarşıladı. Amma bəlkə də bu, həyatının ən böyük ağrısı, bəlkə də dərin daxili dönüşünə ilk təkan oldu.

Muhəmmədin həyatı tədricən, əvvəllər az qala sezilmədən dəyişdi. Daimi şuxluğu onu tərk etdi. Kəəbənin böyük həyətində az-az göründü, allahlara çatan qurbanları getdikcə azaltdı. Fəqət bunların hamısı hələ nəzərə çarpmırdı. Yad müşahidəçinin gözündə Əbu Qasim, Muhəmməd Haşimi Əl-Əmin hələ də surlu vətəndaş idi. Öz oğulları ölsə də, əmisinin oğlunu övladlığa götürmüşdü. Böyük qızı artıq sayılan bir kişiyə ərə getmişdi, ikinci qızı nişanlanmışdı. Var-dövləti də durmadan artırdı. Deməli, yad göz üçün güman etməyə heç cür əsas yox idi ki, Muhəmməd qəm-qüssəyə batıb.

Ancaq Muhəmməddə aydın görünən bir dəyişiklik baş verirdi. Bu sakit, təmkinli tacir qəflətən elə bir iş tutdu ki, onu nə ondan əvvəl, nə də ondan sonra heç bir məkkəli etməmişdi: alverinə məhəl qoymamağa başladı. Qazanmağa ara verdi. Bazarlarda görünüb qiymətləri sövdələşmək, karvanları yükləyib yola salmaq əvəzinə Məkkənin ətrafında gəzib-dolaşdı, ad-san yoldaşlarına əhəmiyyət vermədi və daxili bir dincsizliyə düçar olan insana çevrildi. Tez-tez onu sallaq yanaqla, səyriyən gözlərlə çöllərdə məqsədsiz-məramsız vurnuxan gördülər. Özünün saraysayağı evində, Kəəbənin şimal tərəfındə artıq o, nadir qonağa çevrilmişdi. İçində nəsə baş verirdi, fəqət dəyişməsinin səbəbini heç kimə izah edə bilmirdi. Bəlkə bunu özü də bilmirdi. Amma bir şeyi dəqiq bilirdi: Məkkədəki mənasız həyat, pul hərisliyi və insandaşlarının imanı artıq onu qane etmirdi. Daha yüksək həyat amacı, ruhi dinclik arayırdı. Məkkəlilər onu bəyənirdilər. Muhəmmədin dəyişməsini qəti gözləməyən Xədicə də xoşbəxt yaşadıqları bu qədər ildən sonra ərinin yolunu kəsməkdə özünə haqq verə bilmirdi. Ona mane olmadı, bəlkə bu ümidlə ki, günlərin birində o özü yoluna qayıdacaq. Çünki tənhalığa, dini məftunluğa meyl Məkkədə yeni deyildi. Daxili boşluğun, dincsizliyin, dini narahatlığın bu duyğularına – hərdən şəhərin ən yaxşı başlarına yağan həmin hisslərə bələd idilər. İnsanın tənhalıqda keçirdiyi zamana «tövbə ayları» deyirdilər və can fenomeni barədə qayğılanmırdılar. Xədicə də əvvəl burda narahatlığa bir səbəb görmədi.

Muhəmmədə ən çox şəhərin şərqindəki Hira dağında rast gəlirdilər. Ordan Məkkəni, daşlı-səhralı və sonsuz çölləri açıq görmək olurdu. Dağda dərin mağaralar vardı və xəyalçı tənha Muhəmməd qımıldanmadan içinə qapılıb günlərlə, saatlarla həmin mağaraların ağzında otururdu. Qızları ona yemək gətirirdi, o isə onlara qəti fikir vermirdi. Uzaqlara, daşlı çöllərə, mavi polad rəngli sonsuz göylərə baxırdı. Hira dağının kölgəsi onu örtürdü.

Məkkə tacirləri hərdən bu dağdan keçib-gedərdilər. Onlar bürünüb oturmuş bu insana etinasızlıqla baxıb qeyri-müəyyən bir hökm çıxarardılar:

– Bizim Muhəmməd hənif olub.

İKRA
 
Qalx ayağa, Peyğəmbər, aç gözünü, bir dinlə.
Varlığımdan xəbər ver insanlara hər yerdə.
Keç qurudan, dənizdən, məşəl yandır ürəklərdə sən sözdən.
 
Puşkin

Muhəmmədin səhrada gördüyü nəydi? Səhra insansız deyildi. Muhəmməd çılpaq qayaların arasında, Məkkə ətrafındakı əbədi, boz çöldə dünyəvi iztirabdan qurtuluş axtaran yeganə adam deyildi. Sayı-hesabı bilinməyən həniflər onun kimi dörd yanı dolaşardılar. Şalax libaslara bürünüb onlar qayaların kölgəsində oturardılar. Əzəli haqq barədə düşüncələrə dalardılar, qədim, yad kitablar oxuyardılar, gözəgörünməz allaha ibadət edərdilər. Muhəmməd onlarla görüşür, söhbət edir, onların sarsıntılarını dinləyib birlikdə qədim yazıları oxuyurdu. Haqqı isə tapa bilmirdi, çünki bu onun özü kimi həniflərə də qapalı idi.

«Bilsəydim, Aləmin Rəbbi, sənə necə ibadət edilir, hər cür ibadətə, doğrusu, can-başla hazır olardım», həniflər arasında ən məyusu Zeyd ibn Əmir deyirdi. Übaydulla, Omar, Üməyya və digərləri öz sarsıntılarını yalnız Muhəmmədə aça bilirdilər. Əzab və suç içindəki dünya onların qarşısında dayanmışdı – saysız bütlərin hökmranlığı altında. Ehtiyac, çirk və ölümcül savaş içində insanlar doğuluşdan ölümə gedən qısa yolla imansız və tapınışsız irəliləyirdilər. Hənifın qəlbi sarsılanda o, insanın qədim həvəsində, mahnıda dinclik arayırdı. Amma bu, dünyəvi, məişət mahnıları olurdu, zira həniflər haqqın nə olduğunu bilmirdilər. «Onlar yerdən qopa bilmirlər», Quran onların barəsində belə buyurur.

Həniflərin ən görkəmlisi, Xədicənin gənclikdən Allah sorağında olan və ömrünün sonuna qədər Onu tapa bilməyən əmioğlusu kor, qoca Varaka ibn Nofəl idi. Varaka bütün imanlara baş vurmuşdu, qədim yazıları oxumuşdu, bütün allahlara ibadət etmişdi. Haqqı isə tapmamışdı. Əvvəlcə bütçü, sonra yəhudi, axırda xristian olmuşdu; müqəddəs yazının müəyyən parçalarını ilk dəfə ərəb dilinə çevirmişdi. Ömrünün sonunda başa düşdüyü yeganə şey dərin bir inam olmuşdu ki, haçansa kimsə haqqın bünövrəsini qoyacaq. Bu insanın kimliyini və onun haçan gələcəyini, təbii ki, Varaka bilmirdi. Onun sayəsində Muhəmməd yəhudi və xristianların yazılarını, peyğəmbərlərə inamı və bəşəriyyətin sirlərindəki sarsıntıları öyrəndi.

Muhəmmədin qəlbi get-gedə zülmətləşirdi. Onun gözləri önündə dünya bomboz, səma mavi polad rəngində bərqərar idi. Haqq onların arasında yox idi. Muhəmməd dinclik tapmadan ölkəni dolaşırdı, dağyuxarı, dağaşağı. Paltarı didik-didik olmuşdu. Məkkəli kübar tacirdən əsər-əlamət qalmamışdı. Saçları dağınıq, yerişi ləngərli olmuşdu, iri, şaşqın gözləri ilə ətrafına baxınır, günlərlə əlini xörəyə vurmurdu. Onu görən düşünməli olurdu: Xədicənin ərinin halı pozulub. Amma onun nəyə mübtəla olduğunu heç kim bilmirdi, o özü də. Təhsil görməmiş adi bir tacir idi, sözün qüdrəti ona əta edilməmişdi. Hansı iztirabların qamçılayıb onu çöllərə saldığını, şaşqın baxışının hansı möcüzələrin sorağında olduğunu özü də deyə bilmirdi. Gecəli-gündüzlü Hira dağının sərin mağarasına qapılırdı.

Ətrafında Hicazın qeyri-adi təbiəti baş alıb gedirdi. Diş-diş qayalar əbədi Günəşdə od tutub yanırdı, gün batanda onlar qövsi-qüzehin bütün çalarlarına boyanıb bərq vururdular. Quru, təmiz hava geniş, sonsuz qütbü qapanmağa qoymurdu. Dağın zirvəsindən Muhəmməd dünyanın nəhəng qumunu, çobanların öz qoyun-keçisini otardığını görürdü, əzəmətli dəvələrin tayfaları uzaqlara daşıdığını və qəfil dəyişmədə, az qala toran düşmədən gecənin qəfil gəlişini müşahidə edirdi. Aylarla dinib-danışmırdı. Heç bir insanın, heç bir canlı varlığın yolu onunku ilə kəsişmirdi. O yalnız daşları, qayaları, qumu və quru səhra havasının sayəsində adamın az qala başı üstünə enən əbədi ulduzları görürdü.

Bu ulduzlar, bu qayalar, bu daş və yarğanlar şəxsi həyat kəsb etməyə başlayırdı. Sakit gecələrdə, sonsuz qaynar gündüzlərdə daşlar dil açırdı. Muhəmməd onlardan qaçırdı; onlar isə əl çəkmirdi. O, fəryad, qışqırtı eşidirdi, daşlar, qayalar səslərə çevrilirdi və bu səslər onu rahat buraxmırdı. O, üzünü örtüb torpağa döşənirdi. Bədəni titrəyirdi. Əsməcə tutan dodaqları köpüklənirdi, çünki insan səslərinə bənzəməyən səslər eşidirdi. Sonra ayılırdı. Alnını tər basırdı, bədəni qıclaşırdı. Mağarada büzüşüb çöməlirdi, gözləri uzaqlara dikilirdi və bu gözlər nə qaya, nə səma, nə də qum görürdülər. Bəlkə yazı xalqlarının istifadə etdiyi uzaq rəmzləri görürdülər, bəlkə yəhudilərdə Allahın bütün simalarını əvəz edən alovu görürdülər. Bəlkə qədim görüntülər, müdrik rahiblərin, karvan yollarının, sonsuz təriqətlərin xatirələri zühr edib yoxa çıxırdılar. Və yenidən gün doğurdu, Günəşin qaynarlığı yenidən daşlara sancılırdı, yenidən səslər peyda olub cır, qorxunc və yad şəkildə Muhəmmədin qulağında səslənirdi. Və o, yenidən səhranı dolaşır, üzünü örtüb özünü daşlara çırpırdı. Həmişə də uzaq, gurultulu çağırış səslənirdi, həmişə də şüurunda yarı eşidilən, yarı düşünülən anlaşılmaz cümlələr, səslər və görüntülər peyda olurdu. Və Muhəmməd yenidən yorğun-üzgün torpağa döşənirdi, qayalara baxırdı, diksinirdi, quru havanın gətirdiyi həmin səsləri, kəlmələri eşidirdi: «Mənəm burda olan, dinlə məni».

İsti səhra havasında görüntü ilə fikir dolaşırdı. Göy və yer görüntülərlə dolurdu və həmin uzaq səs uzaq dalğa zərbəsi, küləyin vıyıltısı kimi Muhəmmədin qulağını silib keçirdi:

«Sən həmin adamsan, Rəbbin adını çağır!»

Fəqət səhradakı səslərin sayı-hesabı yoxdur, səhranın insanın içərilərinə yeriyən gözü də saysız-hesabsızdır. Səhrada şəyatinlər, cinlər, yaman ruhlar insanı dinc buraxmır və heç kəs bilmir ki, onu yoldan çıxarmaq üçün iblis hansı avazdan, hansı səsdən və hansı simadan istifadə edir. Muhəmməd (s.ə.) sadə bir insan, təhsil görməmiş məkkəli tacir idi. Səsləri ayırd edə bilmirdi. Yalnız onu bilirdi ki, insanın dörd yanı şəyatinlərlə doludur və onlar adamı öz toruna salmaq istəyirlər. Buna görə də elə bilirdi ki, özü mübtəlalıdır, ağzı köpüklənə-köpüklənə bazarlarda dolaşıb şeytan əməllərini yayanlardan və yer üzünün nemətlərindən qopa bilməyənlərdən biridir.

Lakin Muhəmməd (s.ə.) baxıcılara, mübtəlalılara və ovsunçulara nifrət bəsləyirdi. İndi özünün şeytan ovsununa düçar olduğundan qorxurdu.

– Ömrüm boyu ovsunçu və cadugərlərə nifrət etmişəm, indi özümün onlardan biri olmağımdan qorxuram, -Xədicəyə deyərmiş.

Lakin hansı əcinnənin onu rahat buraxmadığını bilmirdi. Mübtəlalıqdan qorxurdu, dəhşətli səhra dəliliyindən ehtiyat edirdi. Ona görə də səhrada vurnuxur, dəmlilər kimi təngildəyir, şaşqın, anlaşılmaz nəzərlə ətrafına boylanır, xilas arayırdı və tapmırdı. Yerə çökürdü və tər içində olan bədəni uçunub titrəyirdi. Günlər, həftələr, aylar beləcə əzab və şaşqın səndələmə içində keçirdi.

Sonra Qədr Gecəsi gəldi – birdən-birə, gözlənilmədən, insanın ağlını çaşdıraraq.

Nədir Qədr Gecəsi?

Şərqli ilahi möcüzələrdən, Qüdrət Sahibinin xüsusi rəhmindən və Allahın barmaqları arasından dünyaya baxmağa ixtiyarı olan surludan söhbət salanda deyir:

– Belə şey yalnız Qədr Gecəsində, möcüzələrin böyük gecəsində mümkündür.

Qədr Gecəsi ramazana, orucluq və tövbə ayına düşür. Ramazan otuz gündür, fəqət hansı gecənin Qədr Gecəsi olduğunu heç kim bilmir. Qədr gecəsində təbiət bir saatlığa yuxuya gedir. Çaylar axmağını dayandırır, külək əsməyini. Əcinnələr dünyanın möcüzələrini qorumağı unudurlar. Qədr Gecəsində otların boy verməsini və ağacların danışdığını eşitmək olur. Yuxuya getmiş çaylardan pərilər baş qaldırır, səhranın qumu dərin uyğuya dalır. Qədr Gecəsinə qatlanan insanlar üləma, yaxud övliya olurlar, çünki həmin gecə insan dünyaya Allahın barmaqları arasından baxır.

Qədr Gecəsində, ramazan ayında Allahın kəlamı Muhəmmədə (s.ə.) nazil oldu.

Qeybdən gələn səslərdən, şeytan kabusundan, mübarizə, iztirab və sarsıntıdan üzülərək Muhəmməd (s.ə.) həmin gecə Hira dağının şeytan qılıncından açılmış böyük mağarasının girəcəyində uzanmışdı. Yatırdı, ya da xəyallara qərq olmuşdu. Qəfildən ona doğru gələn bir surət gördü. Surət yayğın idi. İnsanmı? Şeytanmı? Nəsə bir varlıq.

Bu varlıq o qədər yaxınlaşdı ki, səma böyüklüyündə bir cüt göz onun içərilərinə yeridi və qəfildən o, bir səs eşitdi, indiyəqədərkindən fərqli olaraq çox səlis və aydın:

– İkra, – səs dilləndi, – söylə.

Bu özündə qorxu gizlətməyən, başa düşülən aydın səs olduğuna görə Muhəmməd (s.ə.) aşkarca cavab verdi:

– Söyləyə bilmərəm.

Bu vaxt görünməz əllər ondan yapışıb yerə basdı, onu elə sıxcaladı ki, Muhəmməd (s.ə.) boğulduğunu güman etdi və həmin səs bir də buyurdu:

– Söylə.

Muhəmməd (s.ə.) dəhşət və qorxu içində soruşdu:

– Nəyi söyləyim?

Onda həmin surət Peyğəmbərin (s.ə.) gözləri önündə böyük, ipək parça sərdi və Muhəmməd (s.ə.) Quranın ilk ayələrinin alovlu yazısını oxudu:

«İnsanı qan laxtasından xəlq edən Rəbbinin adından söylə. Söylə, acıyan və bağışlayandır Rəbb, insanın bilmədiyi şeyi ona O, qələmlə öyrətdi».

Surət birdən yoxa çıxdı, Muhəmmədin (s.ə.) ətrafına sakitlik çökdü, gecə öz pərdəsini çəkdi və səhra yuxuya daldı, Qədr Gecəsində dünya yuxuya daldığı kimi.

Muhəmməd (s.ə.) ayağa durdu, mağaradan çıxıb dağın başına qalxdı. Ərəbistanın ulduzlarını, fantastik şiş qayaları, Allahın evi Kəəbə ilə birlikdə Məkkəni gördü. Və yenidən onun qulağına səhra küləyinin həzin xışıltısına bənzər bir səs gəldi və dedi:

– Sən Allahın Rəsulusan, ya Muhəmməd, mən də Ulu Mələk Cəbrailəm.

Sonra səs kəsildi. Bir cüt iri göz Muhəmmədə (s.ə.) dikildi. O, sağa-sola, yuxarı-aşağı baxdı, Ulu Mələyin sərt baxışı hər yanda vardı. Muhəmməd (s.ə.) qıçı dolaşa-dolaşa dağı endi, sərt qayalar əl-ayağını qıncıq-qıncıq elədi, quru səhra tikanları ayağına doldu, O bunları hiss etmədi. Özünü itirmiş qovqun bir insan kimi daşlı dərə ilə qaçmağına davam etdi. Ertəsi gün günortaya qədər vadidə dolaşdı və cənabi Cəbrail gözlərini ondan çəkmədi.

Axırda Muhəmməd (s.ə.) yorğun-arğın evə gəldi, Xədicəni çağırdı, baş verənləri ona danışdı.

– Bilmirəm, dedi, məni izləyən pak ruhdurmu, yoxsa şeytandırmı.

Xədicə ağıllı qadın idi. Ərinə kömək etmək istəyirdi və nə eləmək lazım gəldiyini bilirdi.

– Otur sol dizimin üstündə, dedi, ruhu yenə görürsənmi?

– Hə, Muhəmməd (s.ə.) cavab verdi.

– İndi də otur sağ dizimin üstündə, Xədicə buyurdu.

– Yenə görürəm, Muhəmməd (s.ə.) dilləndi.

Onda Xədicə dərindən köks ötürüb büsbütün soyundu və nəvazişlə Muhəmmədə (s.ə.) sığındı. Sonra soruşdu:

– Yenə görürsən?

– Görmürəm, Muhəmməd (s.ə.) cavab verdi.

– Onda, ya Muhəmməd, o, gerçəkdən pak ruhdur, çünki natəmiz ruh abırsızlığa sevinərdi, pak ruh isə utandığından qaçar.

Və Muhəmməd (s.ə.) kişi olduğuna görə Xədicənin sözləri onu sakitləşdirdi və o, yuxuya getdi. Xədicə isə qadın idi. Dinclik tapa bilmirdi, ərinə üz verənləri öyrənmək istəyirdi.

Məkkədə ağıllı adamlar çox idi, onlar tacirliyin bütün incəliklərini bilirdilər, qiymətlər və mallar haqqında gözəl məlumatları vardı. Göylərin işindən, yaxşı və yaman ruhlardan isə az şey bilirdilər. Xədicə kirmişcə yataqdan qalxdı, sakitcə evdən çıxdı, bütün allahlardan xəbərdar olan, bütün dinlərə tapınmış, ancaq yenə də haqqın yolunu tapa bilməmiş üləma əmioğlusunun, kor hənif Varaka ibn Nofəlin yanına getdi. Ərindən əl çəkməyən ruhlardan həmin bu müdrik əmioğlusuna danışdı. Varaka hər şeyi eşidəndən sonra əllərini göyə qaldırdı, dərin bir həyəcanla qışqırdı:

– Ruhuma hakim kəsilmiş Ona and olsun ki, əgər mənə danışdığın kimidirsə, Muhəmmədin gözünə görünən bir vaxt Musaya və bu xalqın bütün peyğəmbərlərinə görünmüş böyük Ulu Mələkdir. Ərinə de ki, möhkəm olsun.

Arxayınlaşmış Xədicə evinə döndü. Varaka alim adam idi, yanıla bilməzdi. Ertəsi gün Muhəmməd (s.ə.) yenə də şübhə içində və inamsız-inamsız Kəəbəyə getdi. Qədim adətlə yeddi dəfə müqəddəs evin başına dolandı və yeddinci kərə kor Varaka ilə toqquşdu.

– Eşidib gördüklərini mənə danış, Varaka xahiş etdi və Muhəmməd (s.ə.) onun Xədicədən eşitdiklərini olduğu kimi söyləyəndə Varaka səsi titrəyə-tirtrəyə dedi: – Haqdır, sən bu xalqın peyğəmbərisən, bütün mələklərin ən böyüyü sənin yanına gəlib. İnsanlar sənə inanmaq istəməyəcək. Sənə yalançı deyəcəklər, səninlə pis davranacaqlar, səni yamanlayıb mübarizə aparacaqlar. Ancaq möhkəm ol, çünki sən xalqın peyğəmbəri seçilmisən.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации