Электронная библиотека » Məhəmməd Əsəd bəy » » онлайн чтение - страница 1

Текст книги "Muhammed. Son peyğəmbər"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: Məhəmməd Əsəd bəy


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

Məhəmməd Əsəd Bəy
Muhammed. Son peyğəmbər

Çərkəz Qurbanlının əziz xatirəsinə



BİRİNCİ BÖLÜM

PEYĞƏMBƏRDƏN ÖNCƏKİ DÜNYA PEYĞƏMBƏRİN SƏHRASI

Gəl sənə onun səhrada necə yeriməsindən deyim. Çörəyini və suyunu dalında daşıyır, ulaq öz yükünü daşıdığı kimi. Belinin fəqərələri əyilib. Içdiyi iyli sudur.

Papirus Anastasi IV, 911
  Papyrus Anastasi – papirus (yun. papiros): sərv sinfındən 1-3 m hündürlüyündə uzunömürlü ağac. Hələ qədim zamanlarda ondan bərə, qayıq, ulğan və yazı üçün papirus hazırlanardı. Anastasi yunanca anastasius sözünün latın dilində yiyəlik halı. Mənası yenidən dirilən deməkdir. Xristian xüsusi ismi Anastas da buradandır. Papyrus Anastasi əlyazmalar kağızı anlamındadır. (Bu və bundan sonrakı ayaq qeydləri tərcüməçinindir).


[Закрыть]

Afrikanın şimal-şərqində mavi nəhr, yaşıl düzənlik və çayla düzənliyi ağuşuna alan sarı səhra ölkəsi yerləşir. Misiri Asiya dünyası ilə nazik bir torpaq zolağı birləşdirir və nəhəng bir səhra onu iki nəhrin – Fərat və Dəclənin – torpağından ayırır.

Misirdə firon hökmranlıq edirdi; Fərat və Dəclə sahillərində iki qüdrətli səltənət mövcud idi, Assuriya və Babilistan. Onların arasında isə səhra, amansızlıq və cahillik qərar tutmuşdu. Həmin aləmin nəhrlər boyunca səpələnmiş iqtidar sahibləri bu amansızlıqdan arın-arxayın yan ötüb keçirdilər. Səhranın qurtaracağında onlar bufer dövlətləri yaradır, zaman-zaman cəza dəstələri göndərir və çapqınçı səhra xalqının acınacaqlı yaşamından qorxulu olaylar söyləyirdilər.

– Səhraya getmə, oğul, dünyagörmüş yaşlı misirli nəsihət verirdi, səhrada hələ heç kəs xoşbəxtlik tapmayıb. Səhraya getsən, o saat mal-qarasını itirib qurd-quşa yem olan tayfaya dönəcəksən.

Sonralar fironlar sıradan çıxdılar, İkiçay Məmləkətinin22
  İkiçay Məmləkəti – Nil və Fərat arasında yerləşən torpaqların alman mənbələrindəki adının kalkası.


[Закрыть]
xanimanı dağıldı. Yeni padşahlar peyda oldular, onlar da öz sələflərinin etdiklərini etdilər: saraylar tikdilər, cəza ekspedisiyaları göndərdilər, səhraya qarşı bufer dövlətləri yaratdılar. Nil və Fərat arasındakı amansızlıq və yabanılıq isə baş verənlərin heç birinə baxmayaraq keçmişdəki kimi dəyişməz qaldı.

– Onlar bizim üçün həmişə dilənçi və yolçu olublar, Fərat sahilinin sonrakı hökmdarlarından biri bu cahillik xalqı haqqında belə demişdi.

Nilin, Dəclə və Fəratın sahillərində dünya imperiyaları yaranıb yox olmuşlar. Nəhrlər arasındakı səhrada isə heç nə yaranmamış, heç nə yox olmamışdı. O sadəcə mövcud idi və Nil və Fəratın mədəni insanlarını narahat edirdi. Ancaq bu narahatçılıq o qədər də qorxulu deyildi. Səhra ticarət üçün qorxunc karvan yolundan, nağılçılar üçün əcinnələr ölkəsindən, qəsbkarlar və dövlət xadimləri üçünsə əhəmiyyətsiz qonşu əyalətdən başqa bir şey deyildi.

Səhranın adı: Cəzirə əl-Ərəb «Ərəblər Adası».33
  Bəzi qaynaqlarda, məsələn, A. Massenin «İslam»ında «Cəzürət-ül-ərəb», tərcüməsi də «Ərəb yarımadası» kimi verilir.


[Закрыть]
Amma bu ölkə ada deyil, Afrika ilə Asiya arasında bir dünyadır, hər iki qitəyə qohum, fəqət daxilən yad. Özü özlüyündə bir dünya.

Ərəbistan yarımadadır. Almaniyadan altı dəfə böyükdür. Yarımadanın Qırmızı dəniz, Aralıq dənizi və Fars körfəzi sahilləri qayalıqdır, keçilməzdir. Gəmilər yalnız bir-iki limana yan ala bilirlər.

Digər ölkələri birləşdirən dəniz Ərəbistanı başqa aləmdən ayırır. Onu ən çox ayıran isə səhradır; şimalda İraqla sərhəddə Nefud səhrası «əl-Bəhr Bila Ma» («Susuz dəniz»), cənubda «Rub əl-Hali» («Qızılqum səhrası»), həzrəmutların qorxunc məmləkəti. Minillərdən bəri Ərəbistan qoca Şərqin nəhəng mədəniyyət ölkələri arasında amansızlıq, yabanılıq, zülmət və kasıblıq içində uyuyur.

Nə ölkədir bu? Qədim əfsanələr xəbər verir:

«Rəbbülaləm yeri xəlq edəndə daşı, suyu, çəmənliyi və vadiləri bütün ölkələr arasında bərabər böldü. Qüdrət Sahibinin bu xəzinəsindən hər ölkəyə biraz düşdü, Ərəbistan da öz payını aldı. Sonra Aləmlərin Sahibi hər ölkəyə biraz da qum verməyi qərara aldı; zira insana azca qum da lazım olur. Qumu götürüb çuvala doldurdu və onu ədalətlə paylamaq üçün Ulu Mələk Cəbraili göndərdi. Amma iblis insanların paxıllığını çəkirdi. Cəbrail Ərəbistan üzərində pərvazlananda şeytan gizlincə yaxınlaşıb çuvalı deşdi və qumun hamısı Ərəbistana töküldü, göllərini qurudub çaylarındakı sularını soğultdu».

Səhra belə yarandı.

Bu vaxt Rəbbülaləm qəmlənib dedi: "Ərəbistanım miskinləşdi, mən onu qızılla örtəcəm”. Və O, mərhəmət göstərib parlaq qızıldan nəhəng bir qübbə xəlq etdi. Amma iblis bunu da səhra insanlarına rəva bilmədi. Öz cinlərini göndərdi, onlar da parlayan səma qızılını qalın qara çadralarla örtdülər. Fəqət Aləmlər Sahibi işini dayandırmadı. Öz mələklərini göndərdi, onlar da nizələri ilə şeytanın qalın qara çadrasında kiçik deşiklər açdılar. Beləcə ərəb ulduzları, dəyəsinin ağzında yuxusuz dayanan insanın üzünə gülümsəyən ilahi qızıl yarandı. Gündüzlər isə ölkə əlacsızlıqdan şeytanın ixtiyarına verilmişdir.

Mavi polad rəngli səma aylarla yerin başı üzərində dayanır, ancaq böyük istilər başlayan kimi o, parlaqlığını itirib kül rəngi alır. Səma ölkəni boğur, qurumuş torpağa eşidilməmiş qaynarlıq göndərir. Ölkə qızmar, qaynar Günəşin altında yanır, sapsarı, monoton, dəyişməz. Əbədi qızmardan dağ yamacları və sal qayalar şaqqıldayıb para-para olurlar. Get-gedə üyünüb toza dönürlər, ərəb Günəşinin altında yaşayan hər şey kimi. Göylə yer arasında tozdan başqa heç nə olmur; küləyin qovduğu iri buludların içində o, üfüqləri örtür, Günəşin qabağını tutur, onun qaynarlığını canına çəkib yandırıcı dənələrini insanların başına tökür. Günəşlə quruluq Ərəbistana hakim kəsilmişlər.

Həzrəmutda, Nefudda, Dəhnada və Rub əl-Halidə boz, verimsiz düzənlik qorxunc, qızarttaq qum dənizinə çevrilir. Ərəb məmləkətinin üçdəikisinə ölüm hakimdir. Qırmızımtıl təpələrin arasında qum bataqlıqları olur. Onlar insan və heyvanları içəri çəkib aparırlar. Adam ağır-ağır yumşaq qumun içinə quylanır. Dəhşətlər ölkəsi Rub əl-Halidə hiyləgər bədəvilərin azdırdığı qüdrətli qoşunların hərbi qüvvələri öz sonlarını beləcə tapırdılar.

Ərəbistanın ondadoqquzu bəhrəsiz səhradır. Və sarı səhranın bitdiyi yerdə ərəb dağlarının sərt qayalıqları ucalır. Bu dağlarda əcinnələr yuva salmışlar. Bu dağların sərin hava ilə dolu mağaralarından gecələr fəryad və ah-nalə eşidilir. Bu, ordakı Cəbəl Sələb dağından boylanan cəhənnəmin səsidir.

Bu ölkədən bircə iri çay belə axmır. Yalnız çox az yerlərdə, Nəcddə, qıraqda yerləşən Yəməndə, ticarət yolunun üstündəki Hicazda və dağların ətəklərində insan məskənləri yaranıb ərsəyə gələ bilər. Orda şəhər və kəndlərə rast gəlinir, orda kəndli özünün bir ovuc torpağını becərir. Enli vadi boyunca yoxsa bu, çay yatağımı? İnsan məskənləri uzanıb gedir. Səhranın qorxusu canından çıxmayan işgüzar, kasıb xalq orda yaşayır. Çünki bu şəhərlərin, kənd və tarlaların hamısı ölkə üçün yalnız talenin təsadüfləri, gündəlik səhra yaşamının boz yeknəsəkliyində təntənəli ara dayanacaqlarıdır. Dövlətə bənzər bir-iki xırda qurumlar burda yaranırdı, qonşu mədəniyyətlərin cüzi təsiri onlara burda nüfuz edirdi. Hansı mədəniyyəti isə məhv etmək üçün hansısa bəndin uçması, hər hansı bir dövləti tarmar etmək üçün hansısa bir gecə basqını yetərli olurdu.

Sonra yenidən qum başlayır. Arxlar quruyur, evlər dağılır. Səhra yayılıb genişlənir; bu ölkə üçün həlledici və vacib olan yalnız səhradır. Ölkənin siması odur. Xalqın ən yaxşı hissəsi ona tabedir. Ölkənin taleyini həll edən də odur. Ərəb dünyasının əvvəlində və sonunda səhra dayanır. Hələ Ərəbistan şəhərləri salınmamış o burda vardı, son ərəb tarlası qum altında qalanda da o burda var olacaq. Səhra ərəbliyin beşiyi və məzarıdır.

Ərəbistanda iki şey bir-biri ilə çarpışır, ərəb isə onların hər ikisi ilə. Qumun hökmranlığı ilə suyun hökmranlığı amansızcasına mübarizə aparırlar. Qumun nə olduğunu ömründə səhranı görməyən də bilir. Amma qərb dünyasında suyun nə demək olduğunu bilən varmı? Qərbdə su – hava, torpaq kimi adi şeydir. Çaylar öz yataqları ilə axır, göllərə tökülür, yerə can verir. Şərqdə isə hava və torpaq var. Su da olur. Amma çay yataqlarında yox, çünki çaylar qurumuşdur, göllərdə də olmur, çünki ölkədə göl yoxdur. Su minbir qayğı ilə kiçik dəri tuluqlarda qorunur, yaxud dəvənin qarnında hifz olunur. Kiçik bir quyudan ötrü uzun sürən savaşlar başlayır. Adicə bir sızqa böyük-böyük tayfaların artımının və sərvətinin əsasını təşkil edir.

Yayda su qaynağı tapmaq üçün qumu, tozu yara-yara köçəri yüz kilometrlərlə yol qət edir. Su səhranın zinətidir; çünki mələklər insanlara mərhəmət göstərmək istəyəndə yerə su püskürürlər. Bu nədənlə də hər suyun öz tamı olur, çox vaxt suyu ağzından püskürən mələkdən qaynaqlanaraq. Su qaynağı tapmaq xoşbəxtliyi kimə nəsib olursa, bu sərvəti o, hamıdan gizlədir; bu sirri qorxa-qorxa öz tayfası üçün qoruyur. Ərəbistan susuz dünyadır.

Səma aylarla kül rəngində olur, sanki qum dənələri ilə örtülmüşdür. Ölkəni səmum küləkləri dolaşır, isti külək səhrada cövlan edir. Bu anlarda səhra insanı dəyəsinin yanında əyləşib üfüqə yorğun-arğın boylanır ki, orada da qumdan xoş ilğımlar yaranır – həmişə də eyni şey: su, su, su. Çox nadir hallarda bir neçə ayda bir kərə üfüqdə bulud görünür. Göy üzü tutulur, ərəb leysanı başlayır. Qumla su bir təbii gücdə birləşir. Göydən su tökülür, qaynar qumun üstünə düşür, onunla qarışıb bəlaya çevrilir.

Bədəvilərin yurd saldığı səhra vadiləri su ilə dolur. Onlar birdən-birə çaylara çevrilir. Köhnə ölü çay yataqlarına həyat gəlir. Dəyələr dağılır, sel dəvələri alıb aparır. Səhra tayfaları qəflətən çay sahilinə çevrilmiş qum təpələrinin üstünə çıxıb özlərini xilas edirlər. Sonra yağış kəsir, səhra böyük lil bataqlığına çevrilir. Heç kəs ora ayaq qoya bilməz, nə insan, nə də heyvan. İki-üç saat keçir, gilli qumun üstündə səhra mamırı peyda olur. Yenidən Günəş yandırıb-yaxır və göylərin bəxş etdiyi suyu amansızcasına sümürüb udur.

Səhra öz köhnə simasını yenidən bərpa edir, yenidən viranələşib çılpaqlaşır, cansızlaşır. Bədəvi salamat qalan sərvətini ağır-ağır toplayır, ağır-ağır sakitliyə, amansızlığa və yabanılığa üz tutur. Külək səhra qumunu yenidən burub qaldırır; sonsuz, tənha və quru qum çölü baş alıb gedir. Köçəri qumda günlərlə yol yeriyir. Onun dəvəsi saatda on-onbeş kilometr məsafə qət edir. Düşüncələr ağır-ağır kütləşir. Qumun və səmanın mavi dünyasından başqa gözə heç nə dəymir, tezliklə səmanın harda qurtardığını, qumun harda başladığını da bilmirsən. Üz tutub səhra ilə gedirsən, yarımürgülü, yarıoyaq və yuxu ilə gerçəkliyin sərhədində həmişə eyni şey dayanır: boz, sonsuz, monoton səhra – qum.

Səhrada heç nə insan fantaziyasını qıcıqlandırmır. İnsana heç nə sirayət etmir. Şərqin pəndəmliyi səhrada yaranmışdır, boşluq və tənhalıq içində, sonsuz karvan yollarında. Acıq püskürtüsü, bədəvi enerjisinin qəfil leysanı da böyük düzənliyin yumşaq qumundan törəyir. Səhra insanının beynini çox az olaylar ehtirasa gətirir, onun dincəlməyə, düşünməyə, götür-qoy etməyə yetərincə vaxtı var. Səhra insanının beyni səhra havasının, səhra qumunun özü kimi quru və aydındır. Orda çox az fikirlər özünə yer tapır. Lakin bu fikirlər onun sadə qəlbində möhkəm və dərin bir lövbər salmışdır.

Səhra insanında dünyanın lap başlanğıcından bir fikir kök atmışdır: gözlənilməzlik fikri. Səhra özü gözlənilməzlikdir. Bugün o, adama xurma ağacı, biraz su bəxş edir. Sabah səmum özünü yetirib son dəvəni də əlindən alır.

Heç kim səhranın nə gətirəcəyini bilmir. Çünki səhra bir heçlikdir və bu heçlik güclüdür, köçərinin özündən də güclü. İnsan itaətlə səhranın gözlənilməzliyinə təslim olur. Onun zorakılığına imdadsız-imdadsız dözür. Onun qorxusu bədəvini öz buxovunda saxlayır, səhra onun üçün açılmaz bir tapmaca, fövqəlgüc bir taledir. Bədəvi başına yağan olaylara müqavimətsiz boyun əyir.

Ərəbistanın ondadoqquzu səhradır. Qalan ondabiri hər gün səhraya çevrilə bilər. Ərəbistanın insanları səhraya itaət göstərməlidir – onlar fatalistdirlər.

Nə insandır bu? O, qumda yaşayır, elə özü də qum kimidir, böyük dünya üçün əhəmiyyətsiz, dəyişməz, minillər boyunca sabit. Dünyanın ilkindən bu yana ərəb xalqı dəyişməyib. Necə var, eləcə donub qalıb, içindən çıxdığı, üstündə yaşadığı, ayrıla bilmədiyi səhranın özü kimi.

Bəs bu xalq nə xalqdır?

SƏHRA XALQI

Biz ərəbləri yalnız dilənçi və yolçu kimi tanıyırdıq.

Yezdəgird Vadbaxt44
  «Adların siyahısı»nda: Üçüncü Yezdəgird.


[Закрыть]

İshaq dünyaya gələndə İbrahim kənizi Hacəri və oğlu İsmaili öz dəyəsindən qovdu. Bibliya onların başına gələnlərdən heç nə bilmir. Amma kahinlər xəbər verirlər ki, İsmail səhrada Lilitin qızlarına rast gəlir. Ərəb xalqı həmin qızlardan və İbrahimin oğlundan törəyir; bu xalq güclü şəkildə artıb-çoxaldı; amma onun yaşadığı səhra bəhrəsiz və çılpaq idi. Xalqın varlığını o şərtləndirirdi. Xalq bir oazisdən digərinə köçür, bir ovuc otlaq quruyana qədər öz mal-qarasını otarır və xırda bir tayfanın yaşaması üçün Avropadakı orta əyalətlərdən biri boyda ərazidən istifadə edirdi. Amma xalq həddən ziyadə artıb-çoxalanda, mal-qara üçün otlaq sahələri çatışmayanda onun bir hissəsi qalxıb köç edir. Nil və Fərat sahillərində həmin köçkünlər yad ölkələrin qorxulu qəsbkarlarına, yaxud yabançı başçıların xidmətində muzdlulara çevrilirdilər.

Hər oniki-onbeş əsrdənbir sakinləri artıb-çoxalmış səhradan köçlər təkrarlanırdı. Dünyanın ilkindən bu köçkünlər bircə yol tanıyırdılar. Mesopotamiyaya, bərəkətli Suriya və Fələstin torpaqlarına aparan yolu. Suyu əsirgənməmiş bu ölkələrdə səhra xalqı oturaqlaşır. Dövlətlər qurur, evlər tikir və bundan sonra Ərəbistandakı geridəqalmış, cahil qardaşlarını özünə tabe etdirir. Beləcə sami müdaxiləsi ilə Ərəbistandan dünya səltənətləri Assuriya və Babilistan, qədim dünyanın mədəniyyət mərkəzləri meydana gəldilər.

Həmin səltənətlərin əsasını qoymuş xaldeylərin55
  Xaldeylər – e.ə. 1-ci minilliyin 1-ci yarısında Babilistanda yaşamış tayfa.


[Закрыть]
arxasınca Ərəbistanın dərinliklərindən Bibliyanın saysız xalqları baş alıb gəldilər. Sonra Roma çağlarında aramilər.66
  Aramilər – Ərəbistan yarımadasında yaşamış köçəri sami tayfaları. E.ə. 2-ci minilliyin sonlarında Ön Asiyaya yayılmış aramilər Suriya və Şimali Mesopotamiyada kiçik dövlətlər yaratmışdılar. Aramilərin sonrakı nəsilləri assuriyalılardır.


[Закрыть]
Samilərin ulu vətəni özünün döyüşkən tayfalarını birəldən şəhərlərin və əkin sahələrinin dünyasına göndərirdi. Altıncı yüzilin başlanğıcında qədim dünyanın üfüqündə yeni səhra xalqı – ərəblər baş qaldırana qədər heç vaxt ara verməyən kiçik təsadüfi köçləri uzun fasilələrlə böyük ekspansiyalar əvəz etdi.

Ərəb xalqı iki böyük hissəyə ayrılır – səhrada səhranın hökm etdiyi kimi yaşayanlara və səhrada Mesopotamiyadakı, yaxud Suriya və Misirdəki kimi yaşamağa çalışanlara: köçərilərə və oturaqlara. Onların hər ikisi bir-birinə dərindən və barışmaz nifrət bəsləyir. Bədəvi üçün oturaq ərəb bir növ quldur, yengili qılıncından daha çox, cütünə bağlanmış insandır. Oturaq da öz növbəsində özü hələ dünən bədəvi olmuş dönüyün var gücü ilə bədəviyə, səhranın cahil çapqınçısına nifrət edir.

– Qüdrət Sahibi dünyanı xəlq edəndə, bədəvi söyləyir, küləyi götürüb buyurdu: «İnsan ol!» Və Allah küləkdən bədəvini yaratdı. Sonra bir ox götürdü və həmin oxdan səhra atı yarandı. Sonra Qüdrət Sahibi bir topa zibil götürdü və həmin zibildən eşşək əmələ gəldi. Yalnız birinci eşşəyin təsindən Aləmlərin Rəbbi Öz ulu mərhəməti ilə oturağı – şəhərlini və kəndlini xəlq etdi.

Amma oturaq da cavabda borclu qalmır. Hansı səhra adətinə görə isə bədəviyə o, ikrahla: «Qadını bakirədən ayıra bilməyən kişi» deyir ki, bununla da şəhərlə səhra arasındakı fərqə işarə vurur.

Hər necə olsa da, ərəblərin ən yaxşıları və ən dəyərliləri səhrada yaşayır. Səhra həyatı sərtdir və təhlükə ilə doludur. Səhra insanı dəmir intizama tabe olmalıdır. O, şəhər dünyasına yad olan müdafiə tədbirləri görməlidir. Təkbaşına burda heç nə eləmək olmaz. Təbiətin gücünü yenmək üçün o, birliklərə, dəstələrə qoşulmalıdır. Ərəbin öz yörəsində gördüyü ilk və əksər insanlar onun ailə üzvləridir. Bunlarla o, ömürlük ittifaq qurur. Bu ittifaq tayfadır. Qərbdəki insanlar bugün tayfanın nə olduğundan xəbərsizdirlər. Onların tanıdıqları ailədir, birliklərdir, dövlətdir. Ailənin qayğısı çəkilməlidir, dövlətə xidmət etmək lazımdır, birliyinsə gərək üzvü olasan. Amma bunların heç birisi insanın qarşısında tam tələb qoyub həyatını bütövlükdə zənginləşdirmir. Ərəbə hakim kəsilən tayfa isə azad səhra övladı üçün amansız bir borcdur ki, itaətindən ərəb ona daha çox tabedir, nəinki avropalı ailəyə, dövlətə və partiyaya. Zira ərəbdən ötrü tayfa eyni zamanda həm ailədir, həm dövlətdir, həm də partiya.

Tayfa geniş bir ailənin təcəssümüdür ki, onun üzvləri bir-birindən aralana bilməz. Tayfanın öz qanunları var ki, onlara da itaətlə əməl olunmalıdır. O, icmada hər fərdin rolunu müəyyənləşdirir. Öz üzvlərinə döyüşə getməyi, yaxud ruzi aramağı əmr edir. Bütün dəvələr, qoyunlar, uşaqlar və hər bir tayfa üzvünün övrəti onunkudur. Min cür hökm və adətlə o, qorxunc bir öhdəliyin icraçısıdır. Küll halında götürdükdə primitiv kommunist dövlətinin ilkin nümunəsidir. Buna görə də ərəbi öz tayfasından qıraqda təsəvvür etmək olmaz. Yalnız hansısa bir tayfadan olma ona şəxsi önəm və insani ləyaqət bəxş edir. Minlərlə insan bir tayfadandır. Hamısı bir-biri ilə bağlıdır və hər kəs başqaları ilə qohumluq dərəcəsini dəqiq bilir.

Tayfa səhrada dolaşarkən tayfa başçısı, şeyx, onların önündə olur. Şeyxin vəzifəsi ilk növbədə tayfa qoşunlarını qoruyub saxlamaqdır. Bunu bacarmırsa, vəzifəsindən alınır. Kimsə tayfa qanunlarını pozursa, icmadan çıxarılır. Bu da Ərəbistanda kiməsə üz verən ən böyük yamanlıqdır. İcmadan qovulan səfil sayılır. Hər kəs onu qarət edib öldürə bilər. O, tayfasız insandır, heç kim ona yardım etmir, heç kəs onu qorumur. Ərəbin gücü çatmırsa, onu dövlət qorumur, çünki dövlət deyilən şey yoxdur, onu qoruyan yalnız tayfanın hörmətidir. Kimin tayfası böyükdürsə, nəzəri cəhətdən o, səhrada qorxusuz dolana bilər, heç kəs ona toxunmaz, çünki arxasında tayfasının ehtiramdolu qüdrəti dayanır. O, borc edə bilər, əgər tayfası varlıdırsa. Borcunu qaytarmasa, tayfası buna zamindir. Gənc, kasıb kişi evlənmək niyyətinə düşəndə başlıq pulunu tayfa toplayır. Kimsə əsir düşürsə, tayfa onu geri alır. Çağdaş dövlətin öz vətəndaşlarına yarada bildiyi dinclik və əmin-amanlığın hamısına, hələ bəlkə biraz da çoxuna böyük tayfanın üzvü olan ərəb malikdir. Əgər tayfası onu çıxarı edirsə, o, hər şeyi, hətta son himayəni də itirir. Tayfa nə qədər güclü olarsa, həmin tayfadan olan ərəbin həyatı və var-dövləti bir o qədər təhlükəsiz olur.

Bəs tayfanı necə gücləndirirlər? Bu, sadə və asan olur, qədim və hər kəsin bildiyi yolla: üzvlərin sayını bacardıqca artırırsan. Ərəbin çadırında nə qədər çox uşaq qaçışırsa, onun tayfasına hörmət ediləcəyi, tayfanın güclü olacağı əminliyi bir o qədər çoxdur.

Kim çox uşaq əkirsə, ona xüsusi ehtiram bəsləyirlər. Kişilik gücü dünyanın heç yerində burdakı kimi uca dəyərləndirilmir, belə yüksək ictimai nüfuz qazanmır.

– Mən kasıb, sadə bir insanam, lalıxlamış şəhərliyə bədəvi belə deyir. – Ancaq əvəzində iyirmi uşaq əkmişəm, hələ iyirmisini də əkəcəm.

Bədəvi kimi isə ağıllı və sayılan adam hesab edirsə, onun haqqında bu sözləri söyləyir: «O nə qədər istəsə, uşaq əkə bilər. Allahın mərhəməti onun üstündədir».

Və məhsuldarlığının gücü əsaslı şəkildə sübuta çatan kəs bədəvinin ehtiramını qazanır. Bədəvi çadırında on-iyirmi uşaq nadir hal deyil; fəqət uşaq ölümü çox yüksəkdir və buna qarşı yeganə təsirli vasitə itkinin yerinin tələsik doldurulmasıdır. Öz tayfasını gücləndirmək üçün bədəviyə lazım olan uşaq sərvəti, təbii ki, bir qadından əmələ gələ bilməz. Səhra və tayfa həyatı çoxarvadlılıq tələb edir. Arvadı bədəvi asanlıqla tapır, onu qonşu tayfadan götürüb qaçır. Öz tayfasından olan qadınlara çox da yaxın durmur, qohumluğun fəsadlarından qorxur.

Yazda bir çox tayfa oazisdə düşərgələnəndə bədəvi sevgi münasibətlərini qurur. Dəvə otaranda, quyu başında, gecələr düşərgə ocağının qırağında öz gözaltısı ilə görüşür. Uzun qış köçlərində eşqə düşür. Yaxınlaşma öz uğurunu burda qazanır. Tayfalar ayrılanda isə o öz hökmünü verməlidir. Gözaltısını ya tayfasından alır, ya da sadəcə götürüb qaçır. Heç birini etmək istəmədikdə də qəmli bir məhəbbət şeiri, qəsidə qoşur, öz tayfası ilə yoluna davam edir. Elə hallar da olur ki, cəsur bədəvi qızının özü sevdiyi oğlanı götürüb doğma tayfasına gətirir. Bu, kişisi az olan tayfalarda baş verir.

Bədəvilərin ailə qurması da sonsuz qanunlara tabedir. Normal düyünlə yanaşı orda müvəqqəti düyün, siğə deyilən bir şey də var. Bir illiyinə, yaxud bir neçə aylığına ailə qururlar. Bu, qadın üçün heç də həqarət sayılmır. Bir neçə aylığına qonşunun çadırına köçməyə hər ata qızına icazə verir. Müvəqqəti kəbin – həyatı rövnəqləndirir.

Bədəvilərdə boşanma mürəkkəb qanunlarla ağırlaşdırılmır. Kişi arvadından doyubsa, onu tam izzətlə atası evinə yola salır. Bununla heç də onun qadın ləyaqətinə toxunulmur. Həyatının əsas amalını uşaq törətmək olan insanlarda erotika çox da fəci qəbul edilmir. Qədim çağlarda köçərilərdə hətta çoxərlilik də olub. Evlənmə eşqinə düşən kişi atası yüksək başlıq tələb edən el gözəlini ortaqlı almaq üçün bir ittifaq qururdu. Evlənmə baş tuturdu ki, burada da hər ərin çəliyi olurdu. O, istənilən vaxt özünün ondabir arvadının çadırına girə və ürəyi istədiyi qədər orda qala bilərdi. Çəliyini də qapının ağzına qoyardı ki, digər ərlər onu narahat etməsinlər.

Bunun əsasını bədəvinin yüksək real düşüncəsi qoymuşdur: on ondabirlə pis münasibətdənsə bir ondabirlə yaxşı münasibət. Bu qəbildən olan kəbinlərdə atalıq məsələsini aydınlaşdırmaq üçün mütəxəssislər cəlb olunurdu. Hər kəsin can-başla ata olmaq istədiyi səhrada atalıq hüququnun müəyyənləşməsi yüksək dərəcədə inkişaf etmiş bir elmdir. Romantik sevgiyə ərəb nə qədər meyl göstərsə də, onun ailə qurmasının anlamı və amacını yalnız və yalnız dünyaya uşaq gətirmək təşkil edir.

Bu baxımdan da başqa şeylərlə yanaşı aşağıdakı yaranıb ki, o da eyni zamanda tam ədəbli sayılır: əgər bədəviyə uşaq nəsib olmayıbsa, o, tayfasının içində göz gəzdirir və sağlam nəsil törədə bilən güclü bir kişi tapır. Onunla sövdələşir. Seçdiyi adam bir qayda olaraq ondan iki dəvə, beş qoyun alır və əvəzində sonsuz kişinin arvadına uşaq doğmaqda əl tutur. Eyni zamanda bunu da razılaşdırırlar ki, yandantutma törədici heç zaman uşağa atalıq hüququna malik deyildir. Uşaq qanuni ərinki olur.

Uşaq tayfanın sərvəti və qüdrəti deməkdir, amma o, oğlan olmalıdır. Oğlanlar gələcəyin döyüşçüləri və kahinləridir, tayfa qız istəmir, qız yükdür. Qızlar müharibə apara, elin qoyun-keçisini güdə və yeni otlaq sahələri ələ keçirə bilmirlər. Köçərinin dəyəsində qız doğulursa, ona Allahın cəzası kimi baxırlar. Çoxlu qız doğulanda bədəvi sadəcə olaraq buna qəddar bir əlac tapır. Amansız bir səhra adəti artıq qızları diri-diri torpağa basdırmağa icazə verir ki, onlar tayfaya yük olmasınlar və oğlanın payına düşən ana südünü əmib tükətməsinlər. Bu, səhranın sadəlövh yevgenikasıdır77
  Yevgenika yun. yaxşı soydan, kübar doğulan deməkdir. İnsanın irsi sağlamlığından və onun yaxşılaşdırılması yollarından bəhs edən nəzəriyyə. Onun prinsipləri ilk dəfə ingilis psixoloqu və antropoloqu Frensis Qalton (1822-1911) tərəfındən 1869-cu ildə irəli sürülmüşdür və gələcək nəslin irsi keyfıyyətlərini yaxşılaşdıran təsirlərin öyrənilməsinə yönəlmişdir.


[Закрыть]
.

Oğlanlar və kişilər səhranın sərvətidir. Kişi dünyasını dəyişəndə tayfa kasıblaşır. O, başqa tayfadan birisi tərəfindən qətlə yetirilirsə, qatil də ölməlidir ki, tayfalar arasındakı təbii tarazlıq pozulmasın. Buradan da ərəb qan qisasının, səhranın ən ali qanununun mürəkkəb qanunu meydana gəlir.

Şərqli olmayan hər kəs qan qisasını qəddar intiqamın heyvani qanunu, cahilin primitiv ehtirası hesab edir. Şərqli olmayan yanılır. Qan qisası qanunu Avropanın əksər qanunlarından xeyli mürəkkəb və daha hərtərəflidir. Qan qisası ani həyəcandan törədilmir, saysız qaydalara söykənir və şərtlərlə tənzimlənir ki, bədəvi də onları hələ körpəlikdən öz sadə beynində hifz etməlidir. İşıq altında baxıldıqda ərəbin üzdəniraq qan qisası əslində anarxiyanın, hamının hamıya qarşı savaşının qabağını alan yeganə səngərdir. Məhz qan qisası hədələyərək tayfaların başı üstündə pərvazlandığına görə çox vaxt səhrada barış hökm sürür. Barışı ərsəyə gətirən də əslində qisasdan qorxudur. Ailə üzvünün, döyüşçünün birinin itkisi tayfanı zəiflədir, boşluq yaradır və rəqib tayfanı gücləndirir. Qatil qətli bilərəkdənmi etmək istəyib, yoxsa qətl təsadüfimi olub, bunun əhəmiyyəti yoxdur.

Günah və cinayət anlayışları qədim bədəvilərə yad idi. Onların bildikləri təkcə ziyan idi ki, onun da yeri doldurulmalıydı; qan davası da əslində ziyanı şərqsayağı ödəməkdən başqa bir şey deyil. Ona görə də, məsələn, çox məntiqidir ki, qan davası yalnız yad tayfanın üzvlərinə şamil edilir. Qətlin özü yox, vurulan zərər cəzaya layiqdir. Buna görə də tayfaiçi qətldə qatilin özünə də zərər dəyər; çünki onun özünün bir qan qohumu azalır. Bu halda qatili cəzalandırmaq istədiyin təqdirdə növbəti tayfa üzvünün itkisi ilə tayfanın gücünü zəiflətmiş olardın. Deməli, tayfaiçi qan qisası özü özlüyündə bir ziddiyyətdir.

Qan davasına səbəb heç də həmişə qətl olmur. Oğurluq, hətta təhqir də, yəni istənilən maddi, yaxud mənəvi zərər qan davasını çəkib gətirə bilər. O, qədim adətlərlə aparılır və əsasən tayfaların döyüş yürüşlərindən, qarşılıqlı davasından və qılınclaşmasından ibarət olur. Bu savaşlar keçmiş tarazlıq bərpa olunana, yəni sonsuzluğa qədər rəsmən davam edir. Qan düşmənçiliyinə gətirib çıxaran səbəblərsə onların nəticələri ilə müqayisədə heyrətamiz dərəcədə mənasızdır.

Məsələn, aşağıdakı səbəb iki qüdrətli tayfa arasında gedən onillərlə müharibəyə qığılcım oldu. Qulaib adlı möhtərəm bir şeyx günlərin birində tayfasının yerləşdiyi otlaqda gəzirdi. Birdən gözünə təzəcə yumurtalamış və həmin yumurtaları qorxa-qorxa qoruyan bir torağay sataşdı. Qulaib ürəyiyumşaq adam idi və dedi:

– Qorxma, torağay, mən, şeyx Qulaib söz verirəm ki, sənə heç nə olmayacaq.

Bunu deyib yoluna düzəldi. Aradan bir saat keçmiş qonşu tayfanın adlı-sanlı şeyxi Caisas dəvə üstündə həmin yerdən keçirdi. O, torağayı görmədi və dəvəsi yumurtaları ayaqladı. Bir gün sonra Qulaib səhradan keçəndə əzilmiş yumurtalar birdən gözünə sataşdı. Hirsindən bütün düşərgələri dolaşıb gördü ki, Caisasın dəvəsinin ayaqları yumurta sarısına bulaşıb. Bu bədəməlin kimliyini indi bildi. Caisası aradı və iş elə gətirdi ki, o, Qulaibə məhz arxasını çevirdi. Caisasın qənşərinə keçməyi Qulaib şəninə sığışdırmadı. Hər yetənə üz çevirməyi də Caisas şəninə sığışdırmadı.

– Çevril, yoxsa öldürərəm səni, Qulaib bağırdı.

– Yaxın gəl! – Caisas qışqırdı.

Qarşılıqlı təşəxxüsün nəticəsi hər iki şeyxin ölümü oldu ki, bundan sonra, necə deyərlər, onilliklərin düşmənçiliyi başladı.

Demək olar, hər ərəb tayfasının qan düşməni var ki, onun da o, mütləq axırına çıxmalıdır. Demək olar, hər ərəb ömrü boyu qan düşməninin izindədir. Buna görə də bədəvinin həyatı daimi mübarizə olmalıdır, təkcə təbiətə qarşı yox, həm də insanlara qarşı. Bununla belə, səhranın özünün barış qanunları da var. Hər kəs onları qeydsiz-şərtsiz yerinə yetirməlidir. Bu qanunlar lap qədimlərdən gəlir, onların tarixini bilən yoxdur, amma hər kəs onlara Tanrı buyruğu kimi əməl edir. Zira ümumilik üçün yaradılmış bu tayfaüst qanunları pozmaq çox dəhşətli nəticələrə, səhra sürgünlüyünə səbəb olur. Belə bir pozuntudan bədəvi ürpənişlə, ikrahla danışır. Heç kim cani, yaxud onun tayfası ilə əlaqəyə girmək istəmir; onlarla ünsiyyətdən qaçır və imkanca onlardan yan ötmək istəyirlər.

Nə qanunlardır bu? Onlar səhranın unudulmuş, ümumi ulu konstitusiyasının qalıqları kimi bir şeydir. Çox şey tələb olunmur, amma hökm səhradakı həyat üçün pozulmazdır. Məsələn, ən qızğın döyüşlərdə, müharibədə, hətta qan intiqamının gözləri pərdələdiyi məqamlarda belə, düşmənin xurma ağaclarını qırmaq, yaxud onun su qaynaqlarını məhv etmək yasaqdır. Xurma və su qaynaqları, bir növ, müqəddəsdirlər. Onlar hamıya, bugün bir tayfaya, sabahsa bir başqasına xidmət edir. Onları korlayan lənətlənir. Bu işi tutan kəs insanlıqdan çıxır. Çölün vəhşisinə çevrilir ki, onu da gərək rast gələn kimi öldürəsən.

Qonaqpərvərlik də bu qanunlar sırasındadır. Əgər qan düşməni köçərinin böyük oğlunu öldürüb uşağın kəsilmiş başı ilə onun atasının çadırına gələrsə, ata hətta onda da qonağa öncə qoyun əti və qoyun südü təklif etməli, itaətlə onun qulluğunda durmalı və gəlişi ilə ailəni şərəfləndirdiyinə görə qonağına ürəkdən təşəkkür etməlidir. Səhra qanununun hökmü belədir.

Bədəvinin yaşayışını dözümlü etmək üçün təkcə bu qanunlar hər halda yetərli olmazdı. Çapqınçılıq və maldarlıq köçərinin bütün ehtiyaclarını ödəmir. O, hərdənbir bütün tayfaların toplaşdığı illik bazara, uzaq-uzaq səfərlərə çıxmalıdır ki, dərisini, dəvəsini və qoyunlarını ordakı tacirlərin silahına, parçasına və digər ehtiyaclara dəyişdirsin. Bəs qan düşmənçiliyində boğulan bu qədər tayfa necə bir araya gələ bilir? Burda da səhra qanunu köməyə yetir. İlin dörd ayını ərəblər müqəddəs aylar elan ediblər. Həmin dörd ayın içində heç bir müharibə aparıla bilməz, qan düşmənlərinin də bir-birinə hücum çəkməyə ixtiyarı yoxdur. Həmin aylar səhrada dinclik hökm sürür. Xalq qorxusuz-hürküsüz illik bazara yollanır. Oxuyub-oynayırlar, qan düşmənləri yan-yana otururlar, ilin dörd ayını barış içində keçirməyə imkan yaradan allahları mədh edirlər.

Amma bu allahlar ürəkdən həmd olunmur. Elə bir məsələ yoxdur ki, bədəvi ona dinə göstərdiyi etinasızlıqdan az etinasız olsun. Məsələn, dəvəsinin yerişi onun üçün dinin bütün problemlərindən daha önəmlidir. Altıncı əsrin bədəvi ərəbi, əslinə qalsa, ona din kimi təqdim olunan hər şeyə inanır. Ciddi şəkildə isə heç nəyə inanmır. Ulduzları görür, onları allah sayır. Qarşısındakı sonsuz, dümdüz səhranı görüb ehtiramla baş əyir, çünki səhra əzəmətlidir. Odu görür, eyni zamanda ona səcdə edir, çünki farslar da belə edirlər və onlar böyük xalqdır.

Altıncı əsrin ərəbi Avropa timsallı dinin nə olduğunu bilmirdi.

Doğrudur, səhranın əzəmətli görünüşü ona hər şeyə hakim kəsilmiş ilahiliyin yüngül bir işartısından xəbər verirdi. Elə qonşuların, xristian və yəhudilərin dini də bunu öyrədir. Bəzi tayfalar hətta iudizmə və xristianlığa keçdilər. Fəqət böyük illahlığı bədəvi çox nadir hallarda yada salırdı. Bir parça daş, yaxud kobud yonulmuş bir heykəl ona daha doğma idi ki, onları da tayfası özü ilə gəzdirirdi. Bu daş – heç bir iddia, heç bir hökm olmadan – ailə ehtiyacı üçün səcdəgahdır. Hər tayfanın öz tayfa allahı, tayfa daşı var. Daş tayfanı müşayiət edir, səhranın primitiv dini ehtiyaclarını ödəyir. Əgər o, nəyisə bacarmırsa, onda baxıcılar, ocaqlar və ovsunçular köməyə gəlir. Onda səhranın əcinnələr dünyasına üz tutulur. Səhranın sadə övladı öz dinindən çox razıdır, bu din heç bir əvəz istəmədən kömək edir.

Ərəblər tayfalara parçalanırlar. Bu tayfalar özlərini xalq, dövlət gözündə görürlər və hər hansı digər tayfaya, xalqa və dövlətə lap ilkinlikdən düşmən gözü ilə baxırlar. Hər tayfanın özünün allahı, keçmişi və adət-ənənəsi var. Birlik Ərəbistan tayfalarına yaddır, onlar üçün ümumiyyətlə ərəb xalqı yoxdur.

Amma hər halda həmişə belə olmayıb. Dəqiq bilən yoxdur, ancaq bəlkə də altıncı əsr ərəblərinin adətləri, yaşayışı və qanunları bir vaxt çiçəklənməkdə olan mədəniyyətin miskin qalıqlarıdır. Bəlkə ərəblər haçansa zəngin və qüdrətli olublar, öz dövlətləri, tərəqqi tapmış şəhərləri, yazılı qanunları və sabit dinləri olub. Bəlkə bunların hamısı tənəzzülə uğrayıb, külək onları sovurub aparıb və zamanın burulğanından keçib gələn adətlər, anlaşılmaz ənənələr indi xalqın şüurunda yaşamaqda davam edirdi. Bəlkə də. Bunu dəqiq bilən yoxdur.

Amma orası bilinir ki, bu xalq haçansa çox böyük işlər görmüşdür. Şərqin böyük ticarət yolu hələ Ərəbistandan keçəndə, Hiram şah88
  Hiram – e.ə. 969-936-cı illərdə Tirin fınikiyalı padşahı.


[Закрыть]
, Süleyman şah öz karvanlarını nağıllar ölkəsi Ofirə99
  Ofir – ölkə adı. Süleyman peyğəmbər burdan gəmi ilə daş-qaş və qızıl gətirtdirərmiş. Onun yerini Hindistan və Elamda, Şərqi və Cənubi Afrikada, Ərəbistanda axtarırlar.


[Закрыть]
göndərəndə ərəb xalqı zəngin və qüdrətli idi. O vaxt cənubda yəhudi hökmdarına yüzəlli sentner1010
  Almaniyada 50 kq.-a bərabər qeyri-rəsmi ölçü vahidi.


[Закрыть]
qızıl hədiyyə gətirmiş Sabanın1111
  Saba – qədim cənubi-ərəb səltənəti, paytaxtı bugünkü Yəməndə Mərib şəhəri.


[Закрыть]
məşhur xanımhökmdarı Bilgiz Makeda hökmdarlıq edirdi. Şimalda Nəbatilər1212
  Nəbatilər – qədim dövrlərdə qüdrətli şimali-qərb ərəb tayfası, e.ə. 5-4-cü əsrlərdə edomluların ərazisində oturaqlaşıblar. Nəbatilər dövləti eramızın 106-cı ilində süqut etmişdir.


[Закрыть]
dövləti özünün çiçəklənmə dövrünü yaşayırdı. Qızıl məmləkəti Midian1313
  Midian – Səudiyyə Ərəbistanında Hicazın şimal səmtində məmləkət. Qədimdə zəngin qızıl və gümüş ehtiyatına malik olub.


[Закрыть]
da ad çıxarmışdı. Amma bu ölkələrdən bizə çox şey gəlib çatmayıb. Onlar mövcud olublar. Çiçəkləniblər və yoxa çıxıblar, səhranın qumunda qərq olublar. Roma çağlarında da Ərəbistan birgə, böyük yüksəlişə qabil olub. Palmira səltənəti1414
  Palmira – ərəbcə yeni adları Tudmur, Tadmor, Tadmur. Suriya səhrasının şimalında qədimdə ölkə, indi həm də şəhər.


[Закрыть]
az qala bütün Ərəbistanı Romaya qarşı döyüşdə birləşdirmişdi. Ərəbistan qoşunlarına o vaxt bir qadın başçılıq edirdi, sonralar qalib düşmənin yürüşünü zəncirdə bəzəyən heyrətamiz kraliça Zenobia.


Страницы книги >> 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации