Текст книги "Muhammed. Son peyğəmbər"
Автор книги: Məhəmməd Əsəd bəy
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 8 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
GÖYSƏL GƏZİ
Möcüzələrimizi ona göstərmək üçün bir gecə Öz qulunu Məscidülhəramdan ətrafını mübarəkləşdirdiyimiz Məscidüləqsaya aparana həmd olsun.
Quran (17,1)
Ərəbistanın üstünə gecə çökmüşdü. Müqəddəs Məkkə şəhəri vadidə sakitcə uyuyurdu. Bazarlardakı carçılar susmuşdular. Səhradan qaynar qarayel əsirdi. Şəhəri dövrələyən qayalardan quru, ağır hava gəlirdi. Kirmişliyə qərq olaraq, gecədən, səmadan və səhradan yorğun düşərək məkkəlilər öz damlarının üstündə uzanmışdılar. Gəlirlərini hesablayırdılar və Muhəmmədi (s.ə.) söyürdülər. Bugünkü kimi sabah da mübarizə davam etdirilməliydi.
Kəəbənin böyük həyətində bütlər dayanmışdı, boş, ölü gözləri ilə əməvilərin saraylarına baxıb susurdular. Saraylarda isə susmurdular. Say-seçmə məkkəlilərin əhatəsində Əbu Cəhl, Peyğəmbəri (s.ə.) məhv etmək üçün həmişə yeni-yeni planlar cızırdı. Nazilliyin onuncu ili idi. Ərəbistanın üstünə gecə çökmüşdü, qara, zilqara gecə.
Kəəbənin şimalında Muhəmməd (s.ə.) öz evində uzanmışdı. Gecə onu çulğamışdı. Tək idi. Qədim çağların peyğəmbərlərini, onlara atılan daşları və onların fədakarlığının əzəmətini xəyalından keçirirdi. Muhəmmədin (s.ə.) xanəsi tənhalıqdan darıxırdı, dumanlı fikirlər Peyğəmbərin (s.ə.) qəlbinə dolmuşdu. Bir-birinin ardınca o, üç ağır zərbə almışdı; gələcək qaranlıq və hədələrlə dopdolu idi. Muhəmmədin (s.ə.) əmisi Əbu Talib özünün böyük qəsrində, bütün haşimilərin əhatəsində dünyasını dəyişmişdi. Onun güclü əli illər uzunu Peyğəmbərin (s.ə.) üstündə olmuşdu, illər uzunu Muhəmməd (s.ə.) arxayın və əmin yaşaya bilmişdi. Nazilliyi birinci tanımış, onbeşillik sadiq sevgi içində dönmədən Peyğəmbərin (s.ə.) tərəfındə olmuş Xədicə Əbu Talibin ölümündən üç gün sonra vəfat etmişdi. Muhəmmədin (s.ə.) ayrı arvadı yoxuydu, ona oğul da qismət olmamışdı. İmanlılara və özünə indi asanlıqla hücum imkanı qazanmış qüreyşilərin yaşadığı Məkkədə həyat Muhəmməd (s.ə.) üçün əzaba çevrilmişdi. O, Taif şəhərində kömək və sığınacaq aramağı qət etdi. Qulu Zeydlə səhradan keçib gecə Taifə yetişdi və orada kinayəli gülüşdən, nifrət və inamsızlıqdan başqa heç nə tapmadı. Taifdəki qohumları da ondan üz döndərdilər. Söyüş və rüsvayçılıqla şəhərdən qovuldu. Uşaqlar, kölələr onu daşa basdılar. O yalnız Zeydin igidliyi sayəsində canını qurtardı. Qüreyşilər yaxşı işləmişdilər. Al qan içində Peyğəmbər (s.ə.) Məkkəyə döndü. Amma doğma şəhərin qapıları da onun üzünə açılmaq istəmədi. Yalnız uzun, müti yalvarışdan sonra o, şəhərə daxil ola bildi.
İndi o, gözlərini geniş açaraq tənhalaşmış yatağında uzanmışdı, baxışı gecənin qaranlığına zillənmişdi və qəlbinin ağrıları ölçüsüzlüyə çatırdı. Birdən qızılnaxış libasda bir kişinin otağa daxil olduğunu gördü. Muhəmməd (s.ə.) onu tanıdı, çünki onu istənilən libasda tanıyırdı. Bu, Cəbrail idi. Bu dəfə o, yeni vəhy gətirməmişdi.
Peyğəmbərə (s.ə.) böyük bir şərəf nəsib olmuşdu. Cəbrail yedəyində Əl-Burağı (Şimşəyi), Göysəl Atı tutmuşdu. Atın başı insan başı, bədəni at bədəni, quyruğu alışıb-yanan tutuquşu lələkləri idi və ağ qanadları vardı.
– Gedək mənimlə, – Cəbrail dedi, – gözlərin böyük şeylər görəcək.
Əl-Buraq səhranın, dərə və dağların üzərindən uçub, Allahın ona əmr etdiyi kimi, Qüdsdəki məbədin nəhəng divarlarının qarşısında yerə endi. Bu gecə məbədin xüddamları qapını bağlamamışdılar. O, Allahın Rəsulu (s.ə.) üçün açıq qalmalıymış. İlahi qüdrət tərəfindən açıq saxlanılmalı imiş. Muhəmməd (s.ə.) məbədə daxil oldu. İbrahim, Musa və İsa peyğəmbərlərin ruhları orda onu qarşıladılar və salamladılar. Onlarla birlikdə Muhəmməd (s.ə.) namazını qıldı.
Birdən o, Göydən enən və Yəqubun qəbr daşını, məbədin şakrasını işıqlandıran bir şüa zolağı gördü. Muhəmməd (s.ə.) şüaya yaxınlaşdı, onun ortasında bir pilləkən gördü və Cəbraillə həmin pilləkənə çıxdı. Sonra onlar yuxarıya qalxıb Göyün birinci qatının gümüş qapısını döydülər. Adəm peyğəmbər qapını açdı və peyğəmbərlərin ən böyüyünü salamladı. Birinci qatda Peyğəmbər (s.ə.) çox möcüzələr, o cümlədən pipiyi Göyün ikinci qatının qapısına çatan bir xoruz gördü. Amma hər kəsin bildiyi kimi, Göylə Göyün arası beşyüzillik məsafədir.
Peyğəmbər (s.ə.) namaz qıldı və sonra parıltılı poladdan ibarət ikinci Göyə yollandı. Orda onu müqəddəs Nuh salamladı. Daş-qaşdan ibarət üçüncü qatda Allahın Rəsulu (s.ə.) bir mələyə rast gəldi ki, onun da gözləri bir-birindən o qədər aralıydı ki, birindən o birinə getmək üçün adama yetmişmin gün lazım idi. Dördüncü qatda Peyğəmbər (s.ə.) hündürlüyü beşyüzgünlük məsafəyə bərabər bir mələk gördü. Beşinci qızıl qatda Peyğəmbər (s.ə.) Musa peyğəmbərin qardaşı Harun peyğəmbəri salamladı. Həmin qatda o, sifəti qızarttaq tuncdan ibarət intiqam mələyinə rast gəldi. Mələyin əlində odlu bir nizə vardı və gözlərindən şimşək çaxırdı. O, atəş çələngi ilə dövrələnmiş taxtın üstündə oturmuşdu və qarşısında dağ boyda közərmiş zəncir vardı.
Parıltılı daşlardan ibarət altıncı qatda bədəni alov və buzdan ibarət bir mələk məskun idi. Musa peyğəmbər də bu qatda yaşayırdı və Peyğəmbəri (s.ə.) görəndə onun sifətinə qəm ələndi, çünki bilirdi ki, Muhəmməd (s.ə.) onun özünün imkanlarından da çox-çox insanları cənnətə aparacaq.
Yeddinci qatın nədən ibarət olduğu bilinmir. Fəqət onun qapısı ağzında Peyğəmbər (s.ə.) ulu ata İbrahim peyğəmbərlə, imanlılar arasında birinci insanla qarşılaşdı. Bu qatda Peyğəmbər (s.ə.) yetmişminbaşlı bir mələk gördü. Hər başda yetmiş min ağız vardı, hər ağızda da yetmiş min dil. Hər dil yetmiş min dildə danışırdı. Bu dillərin hamısında mələk Qüdrət Sahibini həmd edirdi. Mələyin yanında Sidrat durmuşdu ki, onun da budaqları Yerlə Göy arasındakı məsafədən çoxdur. Budağın hər yarpağı fil qulağı boydadır. Ağacın altında mələklər oturmuşdular və onların sayı səhradakı qum dənələrinin sayı qədər idi, hər budağa minlərlə quş qonmuşdu və ağacın hər meyvəsi bir hurini, göysəl bakirəni bəzəyirdi. Yeddinci qatın ortasında bir namaz evi vardı, eyzən Kəəbənin əksi. O, düz Məkkədəki Kəəbənin durduğu yerin üstündə durmuşdu. Yetmiş min mələk hər gün Kəəbəyə gəlirdi, Muhəmməd (s.ə.) də qədim adəti icra etdi, yeddi kərə səmanın müqəddəs evinin başına dolandı.
Bu yeddinci Göyə hətta Cəbrailin də giriş hüququ yox idi. Təkcə Muhəmmədin (s.ə.) ora keçməyə ixtiyarı vardı. Yeddinci Göydə Qüdrət Sahibinin taxtı qurulmuşdu. Onun çöhrəsini yetmiş pərdə örtürdü ki, heç kəs onu görməsin, heç kəs onun görkəmini yarada bilməsin. Muhəmməd (s.ə.) Rəbbin çöhrəsini görə bilmədi.
Aləmlərin Rəbbi sağ əlini Peyğəmbərin çiyninə, sol əlini də döşünə qoydu və onunla bir xeyli və mehriban danışdı. Həyati məsələləri ona başa saldı, namazın içsəl anlamını izah etdi və ona hər cür şərəf göstərdi. Aləmlər Rəbbi ümumilikdə Peyğəmbərə (s.ə.) doxsandoqquz min söz dedi və hər söz iltifatla yüklənmişdi.
Qüdrət Sahibinin əmri ilə Allahın Rəsuluna (s.ə.) cəhənnəmin əzabları da göstərildi. O, cəhənnəm mələyi Maliki gördü. İnsanlar gördü ki, onlar alov udmağa məhkum olunmuşdular, çünki yetim malına əl uzatmışdılar. Sonra timsahlar əlindən zinhara gəlib bədənlərini yuxarı dartan insanlar gördü, çünki onlar sələmçilər və boğazbiçənlər idilər. Adamlar vardı ki, qabaqlarına əla, yağlı ət qoyulmuşdu, amma onlar pis ətdən yeyirdilər. Bunlar elələri idilər ki, Allahın onlara buyurduğu arvadları ilə az yatmışdılar, öz toxumlarını yad qadınlara xərcləmişdilər. Onların yanında da döşlərindən asılmış qadınlar gördü, çünki bu qadınlar öz ərlərinə yad uşaqlar sırımışdılar. Nəhayət Allahın Rəsulu (s.ə.) geri dönüb onu yersəl Məkkə şəhərinə aparan Əl-Burağa mindi.
Peyğəmbərin (s.ə.) göysəl gəzisi beləcə başa çatdı. Kosmoqrafik baxımdan bu bəlkə də təkziblidir. Fəqət cəsarətli poeziya nümunəsidir. Görəsən, bu gəzi nə qədər sürmüşdü? Muhəmməd (s.ə.) yatağından qalxanda tələsdiyindən su ilə dolu dolçanı aşırmışdı, geri dönəndə isə dolçanın qırağı hələ yerə dəyməmişdi.
Ertəsi gün Muhəmməd (s.ə.) hadisəni imanlıların ən yaşlısı olan qoca bibisi Üm Hafizə danışdı. Qadın kirmişcə dinləyib soruşdu ki, indi nə etmək istəyir.
– Kəəbəyə gedib bu möcüzəni imanlıların və imansızların hamısına danışacam, – Muhəmməd (s.ə.) dedi.
Onda qarı onun libasından yapışıb ləlidi:
– Ya Rəsul Allah, etmə bunu, imansızlarda inam tapmayacaqsan, imanlılar da sənə şübhə ilə yanaşmağa başlayacaqlar.
Ancaq Muhəmməd (s.ə.) bu məsləhətə qulaq asmadı. Kəəbənin böyük həyətinə keçib ona qulaq asmaq istəyən imanlıları və imansızları ətrafına topladı və özünün gecə gəzisini onlara danışdı.
Camaat Peyğəmbərin (s.ə.) görüsünə qıyya, gülüş və fışqırıqla cavab verdi.
– Sənin dəliliyinə bundandamı yaxşı sübut lazımdır? – Məkkəlilər dedilər.
İmanlılar da başlarını yerə dikib durdular, xəcalət çəkdilər və hazır idilər ki, islamdan üz döndərsinlər. Çünki indiyə qədər heç vaxt Məkkədə buna bənzər şey eşidilməmişdi.
Muhəmməd (s.ə.) öz görüsündən danışanda imanlıların ən adlı-sanlısı Əbu Bəkr Kəəbə meydanında deyildi. Peyğəmbərin (s.ə.) rüsvayçılığını ona çatdırmaq üçün qüreyşilər onun evinə qaçdılar.
– Nə deyərsən, sözə başladılar, əgər bir adam sənə danışsa ki, bir gecənin içində Məkkədən Qüdsə gedib, ordan yeddinci Göyə qalxıb, Allahla doxsandoqquz min kəlmə kəsib və həmin gecə Məkkəyə dönüb?
– Mən o adamı yalançı, ya da dəli sayardım, – Əbu Bəkr cavab verdi.
– Onda bil ki, – məkkəlilər dilləndilər, – bunları söyləyən sənin dostundur, özünü Allahın rəsulu adlandıran Muhəmməd.
– Ola bilməz, – Əbu Bəkr hirsindən qışqırdı.
– Onda meydana gedib özün şahid ol, – məkkəlilər dedilər və imanlılar da onların sözünü təsdiqlədilər.
– Onda, – Əbu Bəkr təntənə ilə dilləndi, – gəzi barədə deyilən hər söz gerçəkdir və mən buna gündüzlə gecəyə inandığım kimi inanıram.
Əbu Bəkr varlı, nüfuzlu və güclü olduğu üçün heç kim onun üstünə gülməyə cürət etmədi. İmanlılar nazilliyə yenidən inam qazandılar, imansızlar isə Muhəmmədi (s.ə.) lağa qoymaqdan əl çəkmədilər. Onlar Qüdsdə olmuş adamları gətirib tələb etdilər ki, Peyğəmbər (s.ə.) şəhəri onlara təsvir etsin, Peyğəmbəri (s.ə.) bütün tayfalar içində xar etmək üçün səhraya çaparlar göndərdilər. Muhəmməd (s.ə.) küçə ilə gedəndə onu gülüş və qıyya ilə qarşıladılar, tərəfdaşlarına işkəncələr verdilər.
Bayram ayı gələndə və səhranın tayfaları şəhərə axışanda qüreyşilər öz adamlarını Məkkənin sınırlarına və şəhərin qapılarına göndərdilər ki, onlar da hər tayfaya söyləməyə başladılar:
– Şəhərimizdə qorxulu bir dəli yaşayır, özünü peyğəmbər sayır və deyir ki, bir günün içində Məkkədən Qüdsə gedib və geri qayıdıb, amma özünüz bilirsiz ki, ən iti karvana belə, buna ən azı iki ay vaxt lazımdır. Bu dəli sizi dindirsə, sözlərinə inanmayın.
Peyğəmbər (s.ə.) bayrama gələn bədəvilərə haqq olan imanı aydınlaşdırmağa cəhd edəndə onlar üz döndərib deyirdilər:
– Səni daha yaxşı tanımalı olan öz adamların bizə deyiblər ki, yalançısan, deməli, sözlərinə inana bilmərik.
Muhəmmədin (s.ə.) qəlbinə dərin kədər çökdü. Çoxları islamdan üz döndərdi. Peyğəmbər (s.ə.) barədə heç nə eşitmək istəməyən, ölü illahlara pərəstiş edən, var-dövlət toplayıb səhranın bütün tayfalarını «Ona fikir verməyin, çünki dəlidir» sözləri ilə xəbərdar edən Məkkə şəhəri gülərək, lağlanaraq, hədələyərək Kəəbənin ətrafında qərar tutub uyuyurdu.
Belə olduqda Peyğəmbər (s.ə.) öz nazilliyinin şəhərini tərk etməyi və vəhşi bədəvilərin sadə tayfalarının arasında sığınacaq və Kəəbənin həyətində tapmadığı imanı aramağı qərara aldı.
HİCRƏT
Şəhid o kəsdir ki, öz həyatını yersəl nemətlərə yox, başqa şeylərə qurban verir.
Muhəmməd (s.ə.)
Muhəmməd (s.ə.) yenidən şəhəri tərk etdi, yenidən səhrada dolaşdı. Onun enlikürək vücudu Məkkə ətrafındakı bozumtul qayaların böyür-başında göründü. Bədəvilər onun yanından keçib-gedir, dəvələr əzəmətlə löhrəmləyirdilər. Peyğəmbər (s.ə.) onları salamlayırdı və sadə səhra xalqı onun salamını alırdı. Köçəri tayfaların, vəhşi səhra xalqlarının arasında Peyğəmbərin (s.ə.) adı tanınırdı.
– Muhəmməddir, – onlar ehtiramla deyirdilər, – deyir ki, Allah onun ağzı ilə danışır.
Səhra camaatı müqəddəs olan hər şeyi sevir, bu hörmətin bir hissəsindən Muhəmməd də feyziyab ola bilərdi.
Zadəgan kökənli və dövlətli bir adam mübarək qədəmləri ilə səhrada dolaşırsa, tanrısal şeylərdən danışırsa və Şəhərlər Xatunu Məkkədəndirsə, onda bu insanda nəsə olmalıdır. Bədəvilər bu cür düşünürdülər və Muhəmmədin (s.ə.) sözlərinə yarıehtiram, yarımaraq qulaq asırdılar.
Ərəbistanın hər səhra tayfasının arzusudur ki, özünün müqəddəsi olsun, bu onun hörmətini artırır, müəyyən üstünlük qazandırır və çeşidli hallarda çox xeyirli ola bilir. Tayfa övliyası ilə yaxşı davranırlar, onu düşmənlərdən qoruyurlar və önəmli durumlarda ondan məsləhət alırlar. Övliya müdrikdirsə, lazım gəldikdə tayfanın bir növ hökmdarı ola bilir. Əsl övliyaya sahib çıxmaq hüququnu əldə etmək üçün hərdən qanuni yarışlar keçirilir. Övliyalar qaçırılır, əsir alınır. Onları zinət kimi bərk-bərk qoruyurlar. İltifatın ən yüksək əlaməti isə övliyanın hər hansı bir soya həmin soyun torpağında basdırılmaq vədidir. Soy üçün bu, ən böyük xoşbəxtlikdir. Belə olduqda övliyanın məzarı üstündə kiçik bir məqbərə tikilə bilər və məqbərənin yanında da böyük bazar açmaq olar ki, bu da, övliyanın sədası yüksək olarsa, sonsuz gəlir gətirə bilər. Muhəmməd (s.ə.) səhra tayfası üçün öz soyu ilə küsüşmüş və indi hardasa sığınacaq axtaran bir müqəddəs idi. Heç də bədəvilərin hamısı Məkkədə olmamışdı, şəhərdə Muhəmmədin (s.ə.) əleyhinə nə danışıldığını heç də hamı bilmirdi. Onu görən hər kəs isə öz-özünə deyirdi ki, belə bir övliya öz soyunu xoşbəxtliyə apara bilər.
Peyğəmbər (s.ə.) səhrada özünün dəyərini başa düşürdü. O, məkkəli idi, Ərəbistanın ən sayılan tayfası qüreyşilərdəndi. Müdrik idi və nüfuzlu tərəfdaşları vardı. Deməli, onun dostluğunu qazanan hər bədəvi soyu özünü xoşbəxt saymalıydı. Get-gedə çeşidli tayfalar təşrif buyurdular, Peyğəmbərin (s.ə.) hüzurunda baş endirdilər, paltarının ətəyini öpdülər və ona öz himayələrini təklif etdilər. Bunlar Danq, Həmdan və digər tayfalar idi. Fəqət Peyğəmbər (s.ə.) onların xahişini rədd etdi. Bilirdi ki, dinclik vaxtı keçib. İndi mübarizə zamanı yetişmişdi. Çünki Peyğəmbərin (s.ə.) qarşısında Məkkə şəhəri durmuşdu, vüqarla, hədələyərək. Onu barışa məcbur etməyə Peyğəmbərin (s.ə.) əlində heç bir vasitə yox idi.
Ona görə də Allahın Rəsulu (s.ə.) güclü igidlər, döyüşkən tayfalar və yenilməz iman qardaşları axtarırdı ki, bunlar da haqq yolunu onun üçün hamarlamalıydılar.
Bir gün iş elə gətirdi ki, Allahın Peyğəmbəri (s.ə.) Əqəbə dərəsi ilə gəzəsi oldu. 620-ci ilin bayram ayının sonuna yaxın idi. Birdən Muhəmmədin (s.ə.) gözünə ocaq qırağında oturmuş əlvan geyimli altımı, səkkizmi bədəvi sataşdı. Peyğəmbər (s.ə.) onlara yaxınlaşıb hansı tayfadan olmalarını soruşdu.
– Həzraclarıq və Yəsribdən gəlirik, – cavab verdilər.
Peyğəmbər (s.ə.) Yəsrib şəhərini tanıyırdı. Orda onun qan qohumları vardı. Onu da bilirdi ki, Yəsribin əksər əhalisi yazını qəbul etmiş və tək Allaha inanan yəhudilərdir.
– Yəhudilərlə birgə yaşayırsınız? – Peyğəmbər (s.ə.) soruşdu. Yəsriblilər sualı təsdiqlədilər.
– Onda bilin, yəhudilərin Allahı həm də mənim Allahımdır. Mən isə aləmlərdə onun rəsuluyam.
Bu sözlər qəriblərə çox güclü təsir etdi. Onlar özləri bütçü idilər, amma tez-tez olduğu kimi, qüdrətli yəhudi tayfaları ilə mübahisəyə girişəndə yəhudilər deyərdi:
– Yaddan çıxarmayın, ey bütçülər, Allahımızın rəsulu gələndə sizin hamınızı əzib toza döndərəcək.
Fəqət yəhudilər arasında ən ağıllıları da bilmirdi ki, həmin nəbi haçan gələcək, deməli, bütçülər hələlik dinclik içində yaşaya bilərdilər. Budur, çoxdan buyurulmuş nəbi indi birdən-birə onların qarşısında dayanıb yəhudilərdən soraq tutur. Amma heç cür acıqlı adama oxşamır.
Həzraclar sadə, yabanı bir xalq idi. Nəbi gəlmişdi, lakin Yəsrib yəhudilərinin heç nədən xəbəri yox idi. İndi yeni peyğəmbərin dostluğunu qazanmaq heç də pis olmazdı. Ona görə də onlar Muhəmmədə (s.ə.) himayə və yardım təklif etdilər. Ancaq Muhəmməd (s.) ehtiyatlı tərpəndi. Mübarizə çağı yetişmişdi və Peyğəmbər (s.ə.) dövlət adamı olmalıydı. Odur ki, onlara heç bir vəd vermədi, özünü elə apardı ki, sanki onların yardımına ehtiyac duymur. İslamı onlara başa salıb əmr etdi ki, altdakı il öz camaatlarının say-seçmə adamları ilə bir də onun yanına gəlsinlər. Həzraclar islama sadiq qalacaqlarına söz verib yollarına düzəldilər.
Bir il gəlib-keçdi və Peyğəmbərin (s.ə.) həyatı daha da dözülməz oldu. Məkkəyə qayıdan Muhəmməd (s.ə.) küçələrdən ötəndə küçə uşaqları onun arxasına düşürdülər, onu daşa basırdılar. Yaxud başına qum atırdılar. Qüreyşilərdən heç kim imanlılarla alver etmirdi. Hətta Kəəbəyə girişi də onlara yasaqlamışdılar. Hərdən Muhəmməd (s.ə.) özü də qorxurdu ki, onu xilaskar şöhrəti yox, əzabkeşin tikan tacı gözləyir.
Amma il başa çatanda və bədəvilər yenidən Kəəbəyə axışanda Yəsribdən oniki kişi gəlib dedi ki, həzracların nümayəndələridir. Onlar Peyğəmbərlə (s.ə.) görüşüb öz himayələrini təklif etdilər. Muhəmməd (s.ə.) onlara islamı xeyli başa saldı, onları haqq olan imana döndərdi və and içdirdi ki, Allaha şərik qoşmayacaqlar, oğurluq və zinalıq etməyəcəklər, övladlarını öldürməyəcəklər, yalan uydurmayacaqlar və bütün yaxşı işlərdə Peyğəmbərə (s.ə.) biət edəcəklər (Müq. et: Surə 60, Ayə 12) Amma o and ki haqq olan imanın yolunda vuruşmağı, canlarını və mallarını bu uğurda qurban verməyi onların boynuna qoyurdu, onu Peyğəmbər (s.ə.) onlardan almadı. Ona görə də bu andı zənən andı adlandırırlar; qadın islamı qəbul edəndə bu kiçicik and yetərli sayılır.
Amma Peyğəmbər (s.ə.) Yəsrib camaatının himayəsinə girməkdən hələlik çəkindi, çünki şəhər həddən artıq əminsiz, xalq isə həddən ziyadə cod və oğru idi. Buna baxmayaraq özünün iman dostu Museib ibn Ümeyri Yəsrib imanlılarının yanına göndərdi ki, yerli camaat onun mərhəmətinə əmin olsun, Museib də onları təlimləndirsin, Quranı oxusun və danışıqlar aparsın. Yəsriblilərə isə dedi:
– Bir ildən sonra gəlin.
Museib ibn Ümeyr ağıllı adam idi. Gəncliyindən hamının sevimlisi olmuşdu. Səliqəli geyinməyi bacarırdı, əylənməyin ən yüksək incəliklərinə bələd idi və onun kimi pul xərcləyən ikinci bir şəxs tapılmazdı. Bu məşğulluq onu həyatın bir çox məsələlərində sərraflaşdırmışdı. Lakin qəlbi bir boşluqdan ibarət idi, böyük olaylardan ötrü darıxırdı və darıxdırıcı, dəbli çabalarından zinhara gəlmişdi. Beləliklə, o, islama döndü və bütün gücü ilə özünü ona həsr etdi. Həbəşistana gedən möminlərin sırasındaydı və ordan cır-cındır içində dilənçi qayıtmışdı. O təkcə ağıllı deyildi, həm də hiyləgər idi. Peyğəmbərə (s.ə.) inanırdı və diplomatik işlərə gözəl yarayırdı. İndi Muhəmməd (s.ə.) açıq mübarizə saatının yaxınlaşdığını hiss etdiyinə görə özünün Yəsribdəki nümayəndəsini vaiz yox, diplomat seçdi. Yenidən səliqələnmiş Museib ibn Ümeyr etimada layiq olduğunu sübuta yetirdi. Bir il o, Yəsribdə qaldı və özünün avazlı səsi ilə Quranı əzbər söylədi. Üstəlik də Peyğəmbərin (s.ə.) müdrikliyi barədə qəribə şeylər danışdı. Bir ilin içində ona nail oldu ki, Yəsribin bütün tayfaları Peyğəmbərin (s.ə.) başına and içdilər. Həm yəhudilər, çünki güman edirdilər ki, Muhəmməd (s.ə.) onların özləri kimi yəhudidir, həm də bütpərəstlər, çünki umud edirdilər ki, Muhəmməd (s.ə.) onları yəhudilərdən qoruyacaq.
Yenə bir il keçdi. 622-ci ilin baharında, bayram ayında Museib Məkkəyə döndü və onunla birlikdə Yəsribdən yetmiş adamlıq əməlli-başlı bir nümayəndə heyəti gəldi. Onlar öz çadırlarını Məkkənin qırağında qurdular. Kəəbəyə getdilər, diqqət çəkməmək üçün bütün mərasimləri yerinə yetirdilər və özlərini elə apardılar ki, guya bu dəli Haşimi onları heç maraqlandırmır. Eləki gecə düşdü, qaraya bürünmüş fiqurlar sinə-sinə yəsriblilərin düşərgəsinə gəldilər. Bunlar Peyğəmbərlə (s.ə.) Peyğəmbərə inanmayan, lakin qeyrətli Haşimi kimi öz himayəsini ondan əsirgəməyən əmisi Əl-Abbas idi.
Museibin ustalıqla hazırladığı yəsriblilər Peyğəmbəri (s.ə.) bu səhra çocuqlarının bacardığı hər cür ehtiramla qarşıladılar. Ancaq danışıqlara başlayana qədər daha qəribə bir mərasim yerinə yetiriləsi oldu. Gərək Muhəmməd (s.ə.) rəsmi olaraq haşimilər icmasından çıxaydı. Bu yalnız onun himayəçisi, nadinc qardaşoğludan nəhayət canlarını qurtardıqlarına bəlkə də daxilən sevinən əmisi Əl-Abbasın ürəyindən idi. Fəqət Əl-Abbas ağıllı adamdı, hər şeyin yolunu gözləməyi bacarırdı, ləyaqəti qorumağın da yolunu bilirdi. O, uzun bir nitq söylədi, qardaşı oğlunu nə qədər istədiyini, onun baxışlarını bölüşməsə də, özünün himayəsi altında Peyğəmbərin (s.ə.) necə dinc və əmin yaşadığını izhar etdi. Amma ürəkdən istədiyi qardaşı oğlu anlaşılmaz səbəbdən yəsriblilərin icmasına qoşulmaq istəyirsə, onun xoşbəxtliyinin yolunu kəsə bilməz və ürəyindən qara qanlar axa-axa öz istəyindən əl çəkir. Lakin bunu da o vaxt edər ki, yəsriblilər özlərinin müqəddəs saydıqları şeylərin hamısına and içsinlər ki, onun qardaşı oğlu ilə hər cür ehtiram içində davranacaqlar. Yəsriblilər onun arzusuna boyun oldular və Əl-Abbas çadırı məmnunluqla tərk etdi. Bu axşam o, böyük bir döyüşü udmuşdu, bəlkə özünün düşündüyündən də böyüyünü, çünki sonralar islamın ən parlaq xəlifələrini verən onun ailəsi oldu.
Əsl danışıqlar bundan sonra başladı. Muhəmmədi (s.ə.) məsləkdaşları ilə birlikdə qəbul etməyə və bütün yaxşı işlərdə Peyğəmbərin (s.ə.) sözü ilə oturub-durmağa yəsriblilər hazır olduqlarını bildirdilər. Amma eyni zamanda çəkinəçəkinə onu da soruşdular ki, bu yaxşı işlər nə olan şeydir. Bu dəfə Peyğəmbər (s.ə.) bir addım qabağa getdi:
– Siz mənim, dedi, sözümə mütləq baxmalısınız və məni o şeylərdən qorumalısınız ki, onlardan öz arvad-uşağınızı qoruyursunuz. Bilməlisiniz ki, mənim qəlbim təkcə sizə yox, bütün xalqlara açıqdır. Əgər sizə əmr edəsi olsam, haqq inancın yolunda canınızı və malınızı qurban verməlisiniz (6, 11).
Bunun özü də az deyildi və yəsriblilər çəkinə-çəkinə öyrənmək istədilər ki, can və mallarını qurban verəcəkləri təqdirdə mükafatları nə olacaq.
– Cənnət, – Peyğəmbər (s.ə.) cavab verdi.
Cənnətin nə olduğunu gələnlər Museibin hekayətlərindən bilirdilər. Təbii ki, cənnətə düşmək pis deyildi, amma onunla yanaşı xalis yersəl məsələləri də unutmaq olmazdı.
– Əgər biz qalib çıxsaq və sənə şan-şöhrət, var-dövlət gətirsək, bizi buraxıb öz vətəninə dönməyəcəksən ki? – Müqəddəs bir insanın qəbrinə doğma şəhərdə sahib çıxmağın nə qədər vacib olduğunu bilən bir müdrik yəsribli soruşdu.
Muhəmməd (s.ə.) cavab olaraq yeni vətənini tərk etməyəcəyinə, onun rifahına çalışacağına, onu ürəkdən sevəcəyinə və yəsriblilərin qanına-canına öz qanı-canı kimi baxacağına and içdi. Danışıqlar bununla bitdi. Təlatümlü bir peyğəmbər real dövlət xadiminə, siyasətçiyə çevrildi.
Muhəmməd (s.ə.) həmin an özünün Mədinə valisini təyin etdi. Sonra yetmiş adamın hər biri ilə ayrılıqda əl tutdu və çadırdan çıxdı. Qərara alındı ki, bütün imanlılar Yəsribə getmək üçün Məkkəni bir-bir tərk etsinlər. Peyğəmbərin (s.ə.) özü şəhərdən sonuncu çıxmaq istəyirdi ki, imanlılardan heç biri onun yerinə əzaba düçar olmasın. Köçkünlük hiss olunmadan baş verməliydi. Gərək heç kim xəbər tutmayaydı ki, Peyğəmbər (s.ə.) tezliklə Yəsrib şəhərində böyük əməllərə çağırılmışdır.
Lakin gecəsəl danışıqlar aparılırsa, böyük bir dəstə çıxıb getmək istəyirsə, yeni dövlətçiliyin rüşeymi atılırsa, bunların hamısı sezilmədən baş verə bilməz. Günlərin birində qüreyşilər bu təhlükəli dəlinin nə niyyətdə olduğundan xəbər tutdular və Məkkə bankirləri arasında çaxnaşma artdı. Az deyildi ki, bu Haşim bütün şəhəri silkəntiyə salmışdı, bəs eləmirdi ki, ticarəti məhvə sürükləmək və illahları sıxışdırmaq istəyirdi, üstəlik indi də orda ağıllı adamların gözündən iraq öz gerçək mahiyyətini göstərmək və axırda doğma yurduna döyüşə atılmaq üçün bütün məsləkçiləri ilə birlikdə yad şəhərə getmək istəyirdi. Artıq bu ən pis dönüklüklə sınırlanırdı.
Məkkənin varlı «pul dağarcıqları» bundan sonra köçkünlərə qarşı ən ciddi tədbirlərə əl atmağı yerindəcə təklif etdilər. Qüreyşilərin əksəriyyəti isə bu barədə heç nə eşitmək istəmirdi. Əksinə, köç onlara daha doğru yol görünürdü. Çünki köçkünlər Məkkəni gizli tərk edirdilər. Deməli, onların malı-mülkü şəhərdə qalırdı. Bu yiyəsiz varidatı cüzi bir məbləğə almaq, ya da sadəcə qamarlamaq olardı. Peyğəmbərə (s.ə.) qarşı təcili tədbirlər sonrakı köçləri durdurardı və bununla qüreyşilərin qazancına ziyan vurardı. Axırıncı imanlı əminlik içində çıxıb gedənə qədər Muhəmmədin (s.ə.) Məkkəni tərk etməyəcəyinə and içdiyini bildiklərinə görə gözləməyi və bu dönüyü göz altda saxlamağı qərara aldılar.
Deyilənlərə görə Məkkədə qəribə bir əhval-ruhiyyə hökm sürüb. Hər gün imanlılardan biri yoxa çıxıb, hər gün də qüreyşilər bir evi zəbt ediblər, Məkkə cavanları hər gün dönüyün evi qabağında vurnuxublar, həcvlər və hədyanlar oxuyublar, axırıncı müsəlman şəhəri və mal-mülkünü tərk edən kimi Muhəmmədlə (s.ə.) haqq-hesabı çürütməyə söz veriblər.
Axır ki, zaman özünü yetirdi. Şəhərdə yalnız Muhəmməd (s.ə.), Əbu Bəkr və Əli qalmışdı. Qüreyşilərin ən adlı-sanlıları vacib qərarlar çıxarmaq üçün Kəəbənin yanındakı böyük idarə binasına toplaşmışdı. Hamı bilirdi ki, çaxnaşmaçı ilə haqq-hesabı kəsmək məqamı yetişib. Lakin heç kim bu hərəkatı ömürlük boğacaq xilas yolunu məsləhət görməyə ürək eləmirdi.
Qüreyşilər qorxmaz insanlardı. Lakin tacir idilər və qandan zəhlələri gedirdi. Qan qan tökür, qan tökülən yerdə də dinc alver sona yetir, alış-veriş dayanır və varidat azalır. Qüreyşilər bunu neçə-neçə nümunələrdən bilirdi. Ailələrdən heç biri qan qisasının qarğışını öz üzərinə götürmək istəmirdi. Çünki Muhəmməd (s.ə.) indi amansız həzracların himayəsindəydi ki, onlar da zarafatı xoşlamırdılar. Bircə şey hamıya bəlli idi: Muhəmməd (s.ə.) şəhərdən çıxmamalıydı.
– Ataq onu zindana və zəncirə vuraq,– qüreyşilər dedilər, elə həmin an da susdular, çünki gün kimi aydın idi ki, necə qorumalarından asılı olmayaraq Peyğəmbəri (s.ə.) azad edəcəkdilər.
Bu vaxt qüreyşilərin ən tədbirlisi, Cahillik Atası, Əbu Cəhl yerindən qalxdı.
– Muhəmməd ölməlidir, – dedi, – qan davasını alovlandırmamaq üçün hər ailə qətldə iştirak edəcək bir nümayəndə göndərsin. Onda günah hamımıza düşər və Qüreyş tayfalarının hamısına qarşı Ərəbistanda bircə əl də qalxmaz.
Əbu Cəhl tədbirli adam idi. Nə danışdığını bilirdi. Qüreyşi ailələrinin hamısına yəsriblilərin gücü çatmazdı.
Qüreyşilərin şəhərini Peyğəmbərdən (s.ə.) azad etmək üçün hər ailə bir cavan verdi. Amma əgər bütün şəhər hər hansı bir tədbiri qərara alırsa, o, ayrı-ayrı adamlardan gizlin saxlanıla bilməz. Tezliklə Peyğəmbər (s.ə.) əleyhinə nələrin hazırlandığından və haçan qüreyşilərin xəncərinin qurbanı olacağından xəbər tutdu. Qaçmağı qət etdi.
Muhəmməd (s. ə) təkcə peyğəmbər deyildi, o həm də başqaları kimi şəhərdə alıb-verəcəyi olan bir adam idi. Onun da borcları vardı və onları ödəməmiş qaçıb aradan çıxmaq istəmirdi, qoy deməsinlər ki, peyğəmbər başqasının pulu ilə qaçıb.
Peyğəmbərlə (s.ə.) Məkkədə iki imanlı qalmışdı: Əbu Bəkr və Əli. Əli ən cavanı idi və Peyğəmbər (s.ə.) onu Məkkədə qoymağa qərar verdi. Qüreyşi cavanları evi mühasirəyə alacaqları gecə Muhəmməd (s.ə.) hasardan aşıb Əbu Bəkrin evində gizləndi. Əli Peyğəmbərin (s.ə.) evinin aynabəndində qaldı, Peyğəmbərin (s.ə.) xalatına bürünərək, başındakı yaşıl çalması ilə. Qüreyşilər gəldilər, evi üzük qaşı kimi mühasirəyə aldılar, yaşıl çalmanı görüb özlərində dedilər:
– Peyğəmbər daha əlimizdən qurtara bilməz.
Onlar dan yeri sökülənə qədər küçədə gözlədilər, sonra evə soxuldular, mışıl-mışıl yatan Əlini görüb onu oyatdılar və soruşdular:
– Hanı Muhəmməd?
– Həə, kaş elə mən də biləydim,– yuxulu Əli cavab verdi.
Həmin an Peyğəmbərin (s.ə.) arxasınca amansız bir qovqu başladı. Muhəmmədi (s.ə.) tapmaq lazımdı. Allahın Rəsulunu (s.ə.) öldürmək üçün qüreyşilər ən yaxşı atlarını minib əllərində siyirmə qılınc və iti nizələrlə səhraya çapdılar.
Allahın Rəsulu (s.ə.) bu əsnada sonsuz sarı səhra ilə çapırdı. Onu yalnız dostu Əbu Bəkr müşayiət edirdi.
– Qüreyşilər arxamızca düşəcəklər, – Əbu Bəkr dedi, –bizi ovxarlı qılınclarla doğrayacaqlar, cəsədimizi tikə-tikə edəcəklər. Qəbrimizin üstündə vəhşi heyvanlar ulaşacaq. Bu məxluq güclü və kinlidir.
Muhəmməd (s.ə.) susurdu, sonsuzluğa, önündəki böyük dünyaya baxırdı və uzaqlarda qalmış Məkkə şəhəri və bugündən özünün xalqlara bəxş edəcəyi qılınc haqqında düşünürdü.
622-ci il idi, elə bir il ki, onda Şərqdə və Qərbdə xalqlar xristianlıq buxovunda idi, xaç dünya üzərində qələbə çalırdı və heç kəs ağlına belə gətirmirdi ki, bu ildə Məkkə və Yəsrib arasındakı kimsəsiz səhrada qorxu içində olan iki ərəb süvarisi özləri ilə dünyanın taleyini daşıyırlar. Həmin səhra gedişi ilə, hicrətlə islam erası, yeni imanın dövlətsəl qüdrəti başlayır. 622-ci ildə Peyğəmbər (s.ə.) dövlət xadiminə çevrildi və bu dövlət xadimi qılınca sarıldı.
Muhəmməd (s.ə.) səhra ilə çapırdı. Arxasında imanın beşiyi Məkkə şəhəri vardı. Səhrada həm də siyirməqılınc qüreyşilər çapırdılar və onların atları iti yeridiyindən tezliklə uzaqdan qaçqınları gördülər. Qaçqınlar da qovanları gördülər və Əbu Bəkr dilləndi:
– Ya Muhəmməd, səhra dümdüzdür, biz də ki vur-tut ikicə nəfər və qüreyşilər arxamızca çapır.
Muhəmməd (s.ə.) cavab verdi:
– Yanılırsan, Əbu Bəkr, biz iki yox, üçük, sən, mən, bir də Allah.
Qüreyşilər get-gedə yaxınlaşırdılar, Əbu Bəkrin qorxusu getdikcə artırdı. Bu vaxt qaçqınlar kiçik bir mağara gördülər, ora sürüb mağaranın dərinliyində gizləndilər. Və burda bir möcüzə baş verdi: İri bir hörümçək mağaranın ağzına sürünüb tələsik girəcəkdə bir tor toxudu. Qovanlar tezliklə özlərini yetirdilər.
– Səhra dümdüzdür, dedilər, gizlənə bilməzlər. Mağaradadırlar.
Qüreyşilərin ən ağıllısı girişi gözdən keçirdi və qürurla dedi:
– Mağarada ola bilməzlər, görmürsüz bəyəm, qapıdan köhnə hörümçək toru asılıb. Mağarada olsaydılar, tor cırılardı.
Qüreyşilər öz başçılarının zəkasına heyrətlənib yollarına davam etdilər.
Mağaraya sakitlik çökdü. Hər iki qaçqın şükran namazına səcdəyə endi. Amma hələ namazı bitirməmiş addım səsləri eşitdilər ki, həmin səslər də mağaranın ağzında kəsdi. Qüreyşilərdən üçü dalda qalıbmış və indi mağaranın qarşısında dayandılar. Doğrudur, toru gördülər, amma onu dağıdıb içəri girdilər. Dəhşət Əbu Bəkrin nəfəsini durdurdu. Və yenidən möcüzə baş verdi, bu üç adam mağaranı axtarmadı. Yalnız təbii ehtiyaclarını ödəyib ordan uzaqlaşdılar. Allah Öz rəsulu Muhəmmədi (s.ə.) belə qorudu.
Peyğəmbər (s.ə.) gecəsini-gündüzünü səhradakı mağarada keçirdi və Əbu Bəkr onun yanından aralanmadı. Amma zaman yetişəndə onlar mağaradan çıxıb hicrəti davam etdirdilər. Yenidən səhra ilə çapdılar. Günəş amansızcasına yandırıb yaxırdı, qum qap-qaynar idi və susuzluq Peyğəmbərə (s.ə.) əzab verirdi.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?