Электронная библиотека » Məhəmməd Əsəd bəy » » онлайн чтение - страница 7

Текст книги "Muhammed. Son peyğəmbər"


  • Текст добавлен: 13 января 2023, 17:57


Автор книги: Məhəmməd Əsəd bəy


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +
BİRİNCİ HİCRƏT

Ölərəmsə, ölərəm.

Luter5959
  Martin Luter (1483-1546) – protestantizmin banisi, Vittenberq universitetinin fəlsəfə və teologiya üzrə professoru, Bibliyanın alman dilinə tərcüməçisi və həmin tərcümə ilə alman ədəbi dilinin banisi.


[Закрыть]

Ərəb tayfa patriotizminin, ərəb milli şüurunun və ərəb təkəbbürünün timsalı kimi Camici soyundan Rabi adlı ərəbin aşağıdakı deyimi tez-tez təkrarlanır:

– İnsanlar arasında ən yaxşısı bizik, ərəblər. Ərəblər içində ən yaxşıları Mudar soyudur. Mudar soyu arasında ən yaxşıları Həis tayfasıdır, həislər arasında ən yaxşısı Cəzur nəslidir. Cəzurlar arasında ən yaxşısı Camici ailəsidir. Mən isə camicilərin ən yaxşısıyam. Deməli, mən, Rabi, insanlar arasında ən yaxşısıyam.

Əksər ərəb qoca Rabi kimi düşünürdü və elə bugünün özündə də belə düşünür, fərq yalnız orasındadır ki, Camici və Mudarın yerinə onların öz tayfaları və ailələri keçir. Başqa bir ailənin nüfuzunu tanımaq istənilən ərəb üçün müşkül məsələdir. Yad xalqdan olan insanın o, ömründə sözü ilə oturub-durmaq istəmir. Onun azadlığına ən yüngül toxunma cəhdini belə, sezir, avtomatik ona qarşı qalxır. Məkkəlilər də bu baxımdan cılxaqanlı ərəblər idilər. Muhəmmədin (s.ə.) niyyətləri onlarda avtomatik etiraz doğururdu.

Məhzum Muciri ailəsindən Əbu əl-Hakəm Əmr ibn Hişam məkkəlilər arasında ən mühafizəkarı idi. Əməvi tayfasından Əbu Süfyanla və əməvilərin yeznəsi Əbu Ləhəblə birlikdə o, qədimərəb baxışı cəbhəsini yaratdı.

– Biz, Məhzum Muciri və əməvilər, dedi, Haşimi tayfası ilə tez-tez rəqabətdə olurduq. Amma bizim ailələr cins ərəb atları kimidir və həmişə yarışı udurduq. Heç qoyarıqmı ki, haşimilər indi göylərlə əlaqəsi olan bir peyğəmbər ortaya çıxarsınlar?

Bu sözlər zadəganlar arasında böyük rəğbət qazandı. Amma onlar başlıca olaraq geniş kütlə üçün nəzərdə tutulmuşdu. Qüreyşilərin dar çərçivəsində Əbu əl-Hakəm tamam başqa fikirlər söyləyirdi.

Əbu əl-Hakəm ağıllı, mühafizəkar və tərs idi. Onun gözləri keçmişdən qopmurdu və yeni olan hər şeyə nifrət edirdi. Qədim allahları sevirdi, ona görə yox ki, onlar allahlar idi, ona görə ki, ata-babaları bu allahlara sitayiş etmişdi. O, Məkkə şəhərini və zadəgan qüreyşilər nəslini sevirdi. Zadəganlığı zadəganlığın xatirinə sevirdi və ənənəsi olmayan qara camaata nifrəti vardı. Məkkəlilərin ən ağıllısı və Peyğəmbərin (s.ə.) ən qəddar düşməni idi. Muhəmməd (s.ə.) onun adını Əbu Cəhl (Cahillik Atası) qoydu, belə hallarda seçilmiş ifadələrə az meyl göstərən müsəlman camaat isə ona müxtəlif səbəblərdən «İylidal» adını verdi.

Əbu Cəhl xırdaboy, kürən, güclü, qəddar, qaniçən, bic və uzaqgörən idi. Muhəmmədin (s.ə.) nə demək olduğunu Peyğəmbərin özündən də qabaq dərk etmişdi. «Üçyüz altmış allahın yerinə Kəəbəyə», Əbu Cəhl içində düşünürdü, «hər şeydən xəbərdar, mütləqhakim, vahid bir Allah gəlirsə, aydındır ki, bu Allahla birbaşa əlaqədə olan və Ondan buyruq alan insan yer üzündə güclü adam olmaq istəyir və elə bir iqtidar iddiasındadır ki, onu haçansa hansısa qüreyşi ona vermək arzusunda olmayacaq. Bundan əlavə, üçyüz altmış allahın hamısı dincə buraxılandan sonra heç bir bədəvi daha Məkkəyə gəlməyəcək, Məkkə zəifləyəndə də başqa şəhərlər böyüyüb zənginləşəcək. Bu peyğəmbər daha nə vəz edir? Bütün insanlar bərabərdir, Allah hamıya rəhm göstərir və pis əməllərinə görə insan odünyada cəzaya yetir. Bu da belə bir hökmdən başqa ayrı bir şey deyildi ki, qüreyşilər haqsız iqtidara, haqsız sərvətə və insanlar üzərində haqsız hökmə malikdirlər, onlar sonuncu köləyə taydır və bölünməz hökmran mövqelərindən əl çəkməlidirlər. Təəccüblü deyil ki, tez-tez vəz etdikcə bu peyğəmbərin yanına daha çox kölə, dilənçi və nökər-naib axışırdı. Buna görə də Muhəmmədin əməli qara camaatın Məkkənin qədim ağalarının əleyhinə yönəlmiş bir hərəkat idi».

Əbu Cəhl bunları dərk edəndə Peyğəmbərin (s.ə.) qanını içməyi, onun yanlış təliminin son qalıqlarını qazıyıb atana qədər onunla mübarizə aparmağı kəsdirdi. Köhnə Ərəbistan, qüreyşilərin zadəgan nəsli, üçyüz altmış allah və çiçəklənən Məkkənin xatirinə apardığı bu mübarizəyə o öz həyatını həsr etməyi qərara aldı.

Əbu Cəhlin tərəfi nüfuzlu, güclü və böyük idi. Qüreyşilərin ən sayseçmələri burda cəmləşmişdi. Yenilikçi Peyğəmbərlə (s.ə.) zəngin tacirlər arasındakı mübarizə tezliklə konkret forma kəsb etdi. Peyğəmbərin (s.ə.) özü haşimilərin himayəsində olduğuna görə düşmən qərara aldı ki, onun tərəfdarlarına zülm etsin. Bu o qədər də çətin olmadı, zira Peyğəmbərin (s.ə.) əksər tərəfdarları zəngin və zadəgan Peyğəmbərdə (s.ə.) qorqu və sığınacaq arayan kasıb kölələr, dilənçilər və qəriblər idi. Öz köləsinə, öz ailəsinin üzvlərinə Məkkədə cəzasız zülm etməyə icazə verilirdi. Bu hüquqdan geninə-boluna yarınırdılar. Qüreyş qəsrlərinin zirzəmiləri Peyğəmbərə (s.ə.) sadiq cəzalılarla tezliklə doldu. Ev cəzaları təsir etməyən höcətlər üçünsə mütəmadi işkəncələr tətbiq olundu.

Məsələn, Peyğəmbərin (s.ə.) qızğın tərəfdarlarından biri, sonralar islamın ilk müəzzini zənci Bilal idi. Ağası, əməvilərdən biri, onu arxası üstə yaxıcı Günəşə doğru uzadıb dedi:

– Ölənə qədər, yaxud peyğəmbərdən üz döndərənə qədər burda qalacaqsan.

Zənci öz Peyğəmbərindən (s.ə.) dönmədi. Dəhşətli işkəncədən bir neçə gün sonra mömin Əbu Bəkr onu ölümcül vəziyyətində ağasından satın aldı. Himayəsizlər bu illərdə büsbütün qüreyşilərin işkəncələrinə tapşırılmışdılar. Var-dövlətinin böyük bir hissəsini Muhəmməd (s.ə.) qüreyşilərin zoru altında olan tərəfdaşlarının alınmasına xərclədi. Zülmlər getdikcə artırdı. Haşimilər yalnız Peyğəmbəri (s.ə.) qoruyurdular. Təəccüblü o deyildi ki, mübarizənin bu ağır illərində bəzi imanlılar Peyğəmbərdən (s.ə.) aralandılar. İslamın iztirab yolu çox çətin oldu. Təəccüblü o idi ki, məhz bu illərdə keçirdiyi saysız sarsıntılarla yanaşı Peyğəmbər (s.ə.) həm də ən qızğın tərəfdarlarını tapdı və materialist Məkkə şəhərində elə bu zülmün özü müəyyən reaksiya doğurdu ki, o da Peyğəmbərə (s.ə.) yeni imanlılar gətirdi.

Peyğəmbər (s.ə.) gücsüz idi və düşmənlərinin evləri qoşun düşərgəsinə bənzəyirdi. Məkkənin dar küçələri qan fışqırırdı və Peyğəmbərin (s.ə.) qəlbində qüssə dolaşırdı. Tez-tez o, saatlarla evinin yastı damında oturardı, qəm içində səhraya, gözəl Məkkə şəhərinə və yardımını əsirgəyən əbədi mavi göylərə baxardı. «İslamın Allahı yazı xalqlarının Allahıdır», Muhəmməd (s.ə.) düşünərdi, «yazı xalqları da Allahın rəsuluna kömək əli uzatmalıdır». Və Muhəmməd (s.ə.) zəif olduğuna, öz tərəfdaşlarını qoruya bilmədiyinə görə qərara aldı ki, özlərini necə qorumağın yolunu bilməyən zülm edilənlər xristian hakiminin, müdrik nequs neqestinin, Həbəşistan kralının sarayına getsinlər. Doğma vətənlərində mərhum olduqları qorqu və dincliyi bunlara o versin.

Nequsun məmləkətində iri, ağıllı fillər dolaşır, müdrik ilanlar orda daşların arasında uzanıb yaşıl gözləri ilə suçlu bəşəriyyətə baxır. Orda qapqara insanlar Bizansın xristian allahına səcdə edirlər. Bu ölkəyə zürafələr, zağarlar və ruhlar sakindirlər və bunların hamısı üzərində – keşişlərin, insanların, bataqlıqların, zağarların və fillərin üzərində şahlar şahı, müdrik Süleymanın və Saba kraliçası gözəl Bilgiz Makedanın törəməsi nequs neqesti hökmranlıq edir.

Nequs ağıllı, ədalətli və qüdrətli idi. Qüreyş camaatından qorxusu yoxuydu. Məkkə qaçqınları onun krallığının paytaxtı Aksuma gələndə onları səmimi qarşıladı və himayə vəd etdi. Çünki nequs Qüreyş tayfasını sevmirdi, onlar varlı və təkəbbürlü idilər, üstəlik də bütpərəst. Bilirdi ki, hələ neçə il qabaq həbəş Abraha Məkkə şəhərindən necə rüsvayçılıqla qovulmuşdu. Könlündə bir həsrəti vardı ki, xristianların allahını Məkkəyə aparsın və bununla səhra şəhərinin sərvətlərini ələ keçirsin. Ona görə də məkkəli qaçqınları sidq-ürəklə qəbul etdi.

Nequsun bu qəbulu haqqındakı xəbər bataqlıqlardan, səhralardan və dənizlərdən keçib hər yana yayıldı. Tezliklə o, Məkkəyə çatdı və qüreyşilərin üzünə qaranlıq çökdü. Muhəmməd (s.ə.) təhlükəydi, amma daha böyük təhlükə nequs idi. Evdəki düşmən çöldəki düşmənlə birləşirsə, deməli, Məkkənin xoşbəxtliyinin sonu çatmışdır. Onda qüreyşilər qızıl, gümüş və bahalı parçalardan böyük bir karvan yüklədilər. Başçı kimi Peyğəmbərə (s.ə.) rişxənd etməli və bəxşiş, hiylə və yalanla qaçqınları qaytarmaqda nequsu dilə tutmalı olan hiyləgər şair Əmiri göndərdilər.

Aksumdakı böyük tac salonunda gözəl və dəyərli hədiyyələr həmin an nequsun gözləri önündə qalaqlandı. Əmir qabağa yeriyib dedi:

– Hökmdar, sən öz divarların arasında sənin və bizim imanı məsxərəyə qoyan insanları gizlədirsən. Onları bizim ədalətimizə tapşır.

Amma nequs ulu sələfi Süleymanı, onun müdrikliyini xatırlayıb dedi:

– Nəqədərki özüm onların imansızlığından əminlik hasil etməmişəm, o qəribləri verə bilmərəm.

O, imanlıların başçısı Osman ibn Əffanı yanına çağırdı və imanı haqqında danışmağı ona əmr etdi.

– Biz abdal idik, Osman nitqə başladı. – Allah haqqında heç nə bilmirdik və haram işlərlə məşğul olurduq. Güclülər bizdə zəifləri basıb yeyirdilər, Allah bizə peyğəmbər göndərənə qədər ki, həmin peyğəmbər də bizdən yalnız Allaha sitayiş, oruc, sədəqə, saleh əməllər tələb edir və bununla o bizi yalandan və əyri yoldan xilas etdi.

– Bəs siz, nequs soruşdu, İsa və bakirə Məryam barədə nə fikirləşirsiniz?

– İsa ruhda və haqda Allahın elçisidir, bakirə Məryamdan doğulub.

Onda nequs ayağa durdu, yerdən bir çöp götürdü, müdrik gözləri qüreyşilərin elçilərini süzüb dedi:

– Bu insanların imanı bizimkilərin imanından bu çöp qədər də fərqlənmir, dağ boyda qızıla da mən bu imanlıları sizə vermərəm.

Və gələcək Misir fatehi Əmir ibn əl-As böyük rüsvayçılıqla ölkəni tərk etməli oldu, çünki, hədiyyələrini qəbul etmək istəmirlərsə, bu, elçi üçün rüsvayçılıq sayılır.

Nequsun cavabını eşidəndə qüreyşilərin sifəti qapqara qaraldı. İndiyə qədər təkcə onu düşünürdülər ki, Muhəmməd (s.ə.) haçansa onlar üçün təhlükə ola bilər. İndi isə bildilər: Muhəmməd (s.ə.) çoxdan təhlükə olmuşdur ki, onun da arxasında daha böyüyü, nequs dururdu. Nequs qüdrətli idi. Peyğəmbəri (s.ə.) müdafiə etmək üçün o, ölkəyə hücum çəkə bilərdi, Məkkənin sərvətini ələ keçirə bilərdi və bunların da hamısı Muhəmmədin (s.ə.) təbliğ etdiyi o anlaşılmazlığa görə. Şəhərin ən adlı-sanlı ailələri Kəəbəni qorumaq üçün indi bir araya gəldilər. Onların başına məkkəlilər arasında ən zadəganı, Əbu Süfyan, əməvi ailəsinin ağsaqqalı keçdi. O vaxt heç kəsin ağlına gəlməzdi ki, Muhəmmədin (s.ə.) bu işindən ən böyük xeyri əməvilər görəcəklər, həmin ailə islam xəlifələrinin ilk sülaləsini təşkil edəcək.

İndi, nequsun cavabından sonra Muhəmməd (s.ə.) təhlükəli, sosial bir islahatçı, hətta, lazım gələrsə, dışarı, silahlı gücün köməyi ilə mövcud sosial və siyasi iqtidarı devirə və kölələri ağalarla eyni cərgəyə qoya bilən bir inqilabçı idi. Təəccüblü deyildi ki, onun ideyaları qüreyşilər arasında indi ikiqat qorxu və dəhşət oyatdı.

Mücərrəd ideyadan çox, konkret təhlükə yaranmışdı. Heçdən doğmuş yeni dünyanın mübhəm konturları görünürdü.

Yeni dünyanın peyğəmbəri isə nequsun ölkəsinə üz tutmadı. O, nazillik şəhərində öz vəzifəsində qaldı.

Bu, nazilliyin beşinci ilində oldu və ərəb tarixçiləri bunu birinci hicrət, imanlıların Məkkədən birinci qaçışı adlandırırlar.

PEYĞƏMBƏR ÖZ ÖLKƏSİNDƏ

Allah kimə mərhəmət göstərsə, onun ürəyini islama açar.

Quran (6,125)

İmanlılar arasında ən kimsəsizləri nequsun sarayında himayə tapanda Peyğəmbər (s.ə.) həmvətənlərinin nifrətindən qaçıb tərəfdarı Ərkamın Məkkə yaxınlığındakı Səfa dağının ətəyində yerləşən etibarlı evinə çəkildi. Neçə-neçə minillərdən qabaq Aləmlərin Rəbbi cənnətin qapısını hirsindən Adəm və Həvvanın üzünə bağlayanda bu ilk iki insan dünyanı məqsədsiz-məramsız dolaşdılar. Allahın cəzası ağır yük olub onların çiyinlərindən basdı və suçlu sevincə uymağa onlar ürək eləmədilər. Ona görə də hər iki ilk insan cənnətin qapısı ağzında aralandılar və dünyada tək-tənha vurnuxdular. Hicaz torpağında çılpaq bir təpəyə çatana qədər onların yolu dağlardan, dərələrdən keçdi. Orda, Səfa dağında onlar yenidən görüşdülər, böyük bir sevinc onları bürüdü və bu ilk sevinc içərisində onlar yer üzündə ilk insanları törətdilər.

Bu müqəddəs məkanda mömin Ərkam öz evini tikmişdi və Muhəmməd (s.ə.) qalın divarların arxasında qüreyşilərin nifrətindən gizlənmək üçün oraya köçdü. Fəqət o, peyğəmbər olduğuna və özünün mötəbərləşməsinə məhəl qoymamağa ixtiyarı çatmadığına görə hər gün Kəəbəyə gedirdi, islamı təbliğ edirdi və Quran ayələrini əzbərdən söyləyirdi. Peyğəmbərə (s.ə.) üst-üstə bütün qüreyşilərdən dəfələrlə çox nifrət bəsləyən Əbu Cəhl, Peyğəmbər (s.ə.) Kəəbəyə gedişinə son qoyana qədər ona əzab verməyi kəsdirdi. Əbu Cəhl Muhəmmədə (s.ə.) prinsipdən, azad, qədimərəb dövranının xatirinə nifrət edirdi. Bu motiv onun nifrətinə nəhəng güc verirdi. Həyatını ölü allahlara qurban etməyə o, faktiki hazır idi və tam gizlində qərara almışdı, Muhəmmədə (s.ə.) o qədər zülm etsin ki, o, qəfil hirsdən vurub bunu öldürsün. Belə olduqda tayfasının adamları qan qisasından qorxmadan Peyğəmbəri (s.ə.) aradan götürə bilərdi və Məkkənin qulağı birdəfəlik dincələrdi.

Ona görə də Əbu Cəhl istənilən ərəbi hövsələdən çıxaran işləri Muhəmmədin (s.ə.) başına açırdı. Yolda Peyğəmbəri (s.ə.) əzişdirirdi, onun saqqalından dartırdı (ərəb üçün bu, ən böyük təhqirdir) və insan ağlına gəlməyən söyüşləri onun başından yağdırırdı. Görəndə ki heç nəyin xeyri olmur, o, ərəb qəlbinin ömründə götürə bilmədiyi ən böyük biabırçılığı Muhəmmədin (s.ə.) başına açdı. Gözlədi, Muhəmməd (s.ə.) Kəəbədə namaz üstündə növbəti dəfə səcdəyə gedəndə kirmişcə yaxınlaşıb qoyunun ətənəsini onun başına keçirdi. Bunun qarşılığında Muhəmməd dikəldi, kirmişcə bu kürən kişiyə baxıb dedi:

– Bağışlamaq əvəzini qaytarmaqdan çəkidə ağır gəlir.

Sonra sakitcə evinə yollandı və ləkəli paltarlarını təmizləməyi qızına tapşırdı.

Əbu Cəhlin Peyğəmbərin (s.ə.) başına açdığı biabırçılıq elə böyük idi ki, nəticəsiz qala bilməzdi. Təsir həmin gün özünü göstərdi və təsirin adı Həmzə ibn Əbdülmüttəlib oldu. Həmzə Peyğəmbərin (s.ə.) doğma əmisi idi. Məkkənin ən cəsur igidi sayılırdı, hündürboy, enlikürək idi və hamı ondan çəkinirdi. Soyunu azmış qardaşoğlunun qəribə təlimlərinə tamam biganə münasibəti vardı. Ona dini nurluq lazım deyildi, ovun cəngavərlik oyunu bəs edirdi. Amma bir gün ovdan geri dönəndə xəbər tutdu ki, Məhzum Əbu Cəhl qoyunun ətənəsini doğma qardaşı oğlunun başına keçirib. Bahadırı bu bərk acıqlandırdı. O, Kəəbəyə götürüldü, kürən düşməni orda tapıb əməllicə-başlıca əzişdirdi. Sonra qamətini düzəldib nərildədi:

– Qardaşım oğlunun imanı bugündən mənim imanımdır, onun Allahı mənim Allahımdır, kimin kişiliyi çatır, buna görə vursun məni!

Əbu Cəhlin qohumları bu divi yerə sərmək üçün özlərini yetirdilər. Əbu Cəhldə dövlət adamının ruhu vardı. O, Peyğəmbəri məhv etmək, fəqət qan davasından mütləq şəkildə qaçmaq istəyirdi. Tələsik qohumlarının qabağına yeriyib qışqırdı:

– Həmzəyə toxunmayın, o, haqlıdır, onun qardaşı oğlu ilə mən doğrudan da pis davranmışam.

Qan qisası bununla bətndə boğuldu. Fəqət islam yeni, güclü və qorxulu bir tərəfdaş qazandı. Əlidən başqa Həmzə yeganə haşimi idi ki, bu ağır zəmanədə öz soydaşının peyğəmbərliyinə tapınmışdı. Bugünə qədər Həmzə saysız ərəb macara romanlarının qəhrəmanı olaraq qalır.

Həmzənin tutduğu iş hazırkı anda Muhəmməd (s.ə.) üçün böyük önəm qazandı. Əminin güclü əzələləri düşməni daha çox hörmətə çağırırdı, nəinki qardaşoğlunun əbədi atəşlə hədələri.

Amma heç kim bilmirdi ki, qəfildən islama dönən Ömər adlı gənc, güclü bir oğlan daha böyük önəm ola bilərmiş. İslama dönüşünə qədər Ömər istənilən qüreyşiyə açıq olan hər peşənin qulpundan yapışmışdı. Zaman-zaman karvan bələdçisi, tacir və qaçaqmalçı olmuşdu. Həm də qaçaqmalçılıqda onun epoxal kəşfı təqdirə layiqdir. Bizansın gömrük sınırında o, ən dəyərli malını, məsələn, qızılı dəvələrə uddurardı. Gömrükçülər onun kələyinin üstünü açana qədər beləcə xeyli varlandı. Lakin macəralı yaşayış Öməri varlandırmadı. Onun həyat təcrübəsindən heç kimin istifadə etmək istəmədiyi kasıb, ölüvay bir Qüreyş olaraq qaldı. Peyğəmbərə (s.ə.) zülm etməyin indi Məkkədə dəbdə olduğunu eşitdiyinə görə kübarlara qoşuldu və harda rast gəldi, Peyğəmbəri (s.ə.) söydü. Amma bununla da bir şeyə nail olmayanda böyük bir işlə özünə birdəfəlik əbədi şöhrət və məkkəlilərin minnətdarlığını qazanmağı qət etdi.

Muhəmmədi (s.ə.) öldürmək qərarına gəldi. Danışırlar ki, əlində siyirmə qılınc, Peyğəmğbərin (s.ə.) evinə gedirmiş və yolda yaşlı bir ərəbə rast gəlib.

– Muhəmmədi öldürmək istəyirsən? Ərəb soruşub. – Amma yaxşısı budur, çalış evində müsəlman peyda olmasın.

Və o, Ömərə danışıb ki, doğma bacısı islama ürcah olub. Hirsi başına vuran Ömər bacısının evinə tələsib. Və onu həqiqətən Quran oxuyan görüb. Bacısına bir şillə ilişdirib, amma ədalətli insan olduğuna görə qorxulu yazının məzmunundan hali olandan sonra silaha əl atmağı istəyib. Bir çox düşmənlər kimi, görünür, o da nifrətinin obyektindən aydın anlayışa malik deyilmiş, ona görə də oturub yazını oxumağa başlayıb. Deyəsən, Quran ayələrinin təsiri o qədər böyük, o qədər güclü və məftunedici olub ki, Ömər, əlində siyirmə qılınc, həmin an özünü Peyğəmbərin (s.ə.) evinə salıb, gəlişi ilə ölümcül qorxmuş düşmənləri kənara itələyib və haqq olan imana tapınmaq üçün Peyğəmbərin (s.ə.) hüzuruna yeriyib.

Onu böyük gələcək gözləyirdi, islamın Paveli, ikinci xəlifə və Peyğəmbərin (s.ə.) davamçısı, nəhəng bir dövlətin hökmdarı oldu. Qüdsdəki məşhur məscidi tikdirdi, İranı və Misiri zəbt etdi, dünya imperiyası yaratdı və ən tanınmış igidin də qılıncından qorxulu olan məşhur dəyənəyini, Peyğəmbərin (s.ə.) arvadları da daxil olmaqla yolunu boş-boşuna kəsən hər kəsin başına ilişdirdi. Ölüm gününə qədər saraylara, yumşaq balınclara və kübarlaşmış həyat tərzinə nifrət etdi. Dəyədə yaşadı, yəhərin üstündə yatdı. Amma dəyənəyi islamın dünya səltənətini qurdu.

İslamı qəbul etdikdən dərhal sonra Ömər özünü qohumu Əbu Cəhlin evinə yetirib kürən kişinin heyrəti müqabilində bildirdi:

– Sənin birliyindən çıxıram, çünki mən də müsəlmanam.

Bir çox imanlının əksinə olaraq o öz imanını gizlətmədi. Qoy hər kəs bilsin, hər kəs onun dəyənəyinin zərbini duysun. İndi Ömər yetərincə özünütəsdiq meydanı qazanmışdı. Zadəgan Əbu Bəkrlə və əzəmətli Həmzə ilə birlikdə Ömər, Peyğəmbərin (s.ə.) ən ağır illərində onun himayədarı oldu.

Həmzə və Ömərin islama dönüşü qüreyşiləri sarsıtdı. Zındıqlıq, deyəsən, doğrudan da yayılmaqda idi. Səhradan da ürək açmayan xəbərlər gəlirdi. Qulağa çatırdı ki, bir neçə səhra tayfası Peyğəmbərlə (s.ə.) maraqlanır, səs gəlirdi ki, sonsuz möcüzələrlə bəzədilmiş peyğəmbərlik haqqında xəbər səhranın dərinliklərinə yerimişdir və Peyğəmbəri (s.ə.) siyasi ünlülər kimi dəyərləndirməyə başlamışdılar. Qüreyşilər üçün bir şey aydın idi: bu Muhəmmədin gözəl əfsanə və kəlamlarının arxasında qorxunc təbiətli sosial bir islahatçı gizlənir. Qüreyş ailələri daha sıx birləşdilər, bir zadəgan ittifaqı qurdular və ən adlı-sanlı məkkəlini, əməvi soyunun ağsaqqalını, həddən artıq zadəgan Əbu Süfyan Səhr ibn Hərbi hərəkatın rəsmi rəhbəri seçdilər. Məkkədə vəziyyət günü-gündən ciddiləşirdi. Şəhər idarəçiliyinin binasında Muhəmmədin (s.ə.) düşmənləri ardı-arası kəsilmədən yığıncaq keçirirdilər. Onların nə hazırladığını heç kim bilmirdi. Bircə onu bilirdilər ki, nifrətləri hüdud tanımırdı və bu nifrətin gücü ilə onların qətiyyəti da artırdı. İdarə binasında nəsə hazırlanırdı və haşimilərin narahatçılığı hər gün çoxalırdı.

Muhəmməd (s.ə.) həftələrlə Ərkamın evinin divarlarına qapılıb qalırdı. O da bilirdi ki, nəsə hazırlanır. Gözləri yarıyumulu susaraq dostunun evindəki yumşaq xalının üstündə otururdu. Möminlər dinmədən onun başına yığışırdılar. Amma evin, Peyğəmbərin (s.ə.) və Quranın mülayim ayələrinin dörd yanında kükrəyib qalxan, nifrəti aşıb-daşan Məkkə şəhəri zəncir gəmirirdi. Muhəmməd (s.ə.) şəhəri sevirdi. Çılpaq qayalı boz vadini, dördkünc qəsrləri, ensiz küçələri və Kəəbənin müqəddəs qara daşını sevirdi.

Müqəddəs Məkkə! Peyğəmbər (s.ə.) səhrada olanda, yad, düşmənli ölkələrdən keçəndə onu şəhərlərin ən gözəli qoruyurdu. Səhrada Məkkə kəlməsi səslənən kimi dəvələr dinşənirdi. Uzaqda bir qüreyşi görünəndə quldur bədəvilər pərən-pərən olurdu. Çünki qüdrətli, zəngin və xoşbəxt idi Məkkə, Allahın oyuncağı, Peyğəmbərin (s.ə.) doğulduğu şəhər. Müqəddəs Zəmzəm qum içində zümzümə edirdi. Suyu cənnətin suyu kimi şirin idi və həm o özü, həm də Kəəbə ilə birlikdə Məkkə şəhəri sanki Qüdrət Sahibinin saraylarının əbədi surəti idi. Muhəmməd (s.ə.) öz şəhərini sevirdi, əvvəllər yazını təbliğ etdiyi küçələrin insanlarını sevirdi. İndi şəhər Peyğəmbərin (s.ə.) qarşısında uyuyurdu və ona nifrət edirdi. Küçələrdə, meydanlarda, gözəl qəsrlərdə və Kəəbədə Peyğəmbərin (s.ə.) adı nifrətlə çəkilirdi. Muhəmməd (s.ə.) bundan xəbərdar idi və şəhərin nifrəti onun qəlbini əzirdi. Sakit gecələrdə qüreyşilər məşvərətə toplaşanda Peyğəmbər (s.ə.) dua edib əmin-amanlıq diləyirdi və bundan sonra fikirləşirdi ki, qüreyşilərin qəlbini imana necə açmaq olar. Peyğəmbər (s.ə.) şəhərin çöküşünü istəmirdi, haşimilərin ona yönələn tənəli baxışlarından iztirab çəkirdi.

Bir gün Allahın Rəsulu (s.ə.) yenə Kəəbəyə getdi. Nifrətdolu baxışlar ona dikildilər. Məsləkdaşları qorxu içində onu dövrəyə aldılar. Onların heç biri Peyğəmbərin (s.ə.) həyatına əmin deyildi. Kəəbənin həyətində üç zənən büt dayanmışdı: Əl-Lat, Əl-Üzza və Mənat, Ay Bakirələri, Qüdrət Sahibinin qızları. Onların hər üçü şəhərin hifzçiləri və qüreyşilərin sevimli allahları idi. Peyğəmbər (s.ə.) onların yanında ayaq saxladı. Qüreyşilər onu üzük qaşı kimi dövrəyə aldılar, onu hədəli baxışlarla süzüb paltarlarının altında gizlətdikləri xəncərlərinə əl atdılar, asinin yeni küfrünü gözlədilər.

Muhəmməd (s.ə.) də başqaları kimi yalnız insan olduğu üçün və Allah onun hər xətadan birini işlətməsini istədiyinə görə Allahın Rəsulu (s.ə.) əlini irəli uzadıb Ay Bakirələrinə işarə etdi və dedi:

– Əl-Lat, Əl-Üzza və Mənat barədə nə düşünürsünüz? Onlar ali bakirələrdir və umud edirik ki, bizi Qüdrət Sahibinin dərgahında hifz edəcəklər.

Həmin an qüreyşilərin gözündə sevinc parladı və haşimilər yüngülləşmiş nəfəs aldılar. Peyğəmbər (s.ə.) üç bütü tanıyırdısa, deməli, başqalarının taleyindən özələnməyə dəyməzdi. Məkkə barış içində öz sərvətini toplamağı davam etdirə bilərdi. İndi qüreyşilər bir-birinin ardınca yaxınlaşıb Peyğəmbəri (s.ə.) təbrik edirdilər. Belə xoş bir kəlamı heç özləri də gözləmirdi.

Amma Allahın Rəsulu (s.ə.) başını aşağı dikib evə döndü, yenidən dostunun yumşaq xalısında əyləşib düşüncələrə daldı. Saatlar bir-birini əvəz etdi, Muhəmməd (s.ə.) yerindən qımıldanmadı. Hamı qüreyşilərin sevincindən və Məkkədə bundan sonra başlayacaq dinclikdən danışırdı. Muhəmməd (s.ə.) cavab vermirdi, gözləri bərk-bərk qapanmışdı, dodaqları astadan Quran ayələrini söyləyirdi. O, Allahın kəlamını başının üstündə duyurdu və Allah kəlamı Peyğəmbərin (s.ə.) işlətdiyi böyük xətadan bəhs edirdi. Peyğəmbər (s.ə.) bütün gecəni namaz qıldı və baxışları sərtləşdi.

Səhəri bayram paltarını geyinib Kəəbəyə yollandı, qüreyşilər onu bu dəfə də dövrəyə aldılar. Lakin indi onların baxışlarından mehribanlıq yağırdı, əlləri Peyğəmbərə (s.ə.) doğru uzanmışdı, dodaqlarından salam tökülürdü. Yenidən Peyğəmbər (s.ə.) Ay Bakirələrinin bütlərinə doğru yeridi. Və yenidən soruşdu:

– Əl-Lat, Əl-Üzza və Mənat barədə nə düşünürsünüz? – Və sözünə davam etdi. – «Bunlar sizin və atalarınızın qoyduqları boş adlardan başqa bir şey deyildir» (53,19-23).

Kəəbənin həyətinə sükut çökdü, qüreyşilərin baxışlarına qaranlıq və əlləri yumruğa düyünləndi. Yerdən daş götürüb Peyğəmbərə (s.ə.) atdılar. Dodaqlarından nifrin axdı, fəqət Muhəmməd, Əl-Əmin, Allahın Rəsulu (s.ə.) başını qürurla dik tutub məsləkdaşlarının əhatəsində qüreyşiləri yara-yara yeridi.

Peyğəmbər öz xətasını beləcə etiraf etdi, haqqı beləcə yaydı və yenidən zəngin Məkkə şəhərinə savaş, nifrət, mübarizə toxumu səpdi. Çünki Peyğəmbər (s.ə.) yalnız insan idi, nəcib simalı və incə əlli bir mütəfəkkir. Bu mütəfəkkir də öz xətalarını etiraf etmək, anın zəifliyini lənətləmək və çaşmış şəhərə ən acı həqiqəti qorxmadan bəyan etmək üçün özündə yetərincə güc tapdı.

Zira Allah istədi ki, Onun Rəsulu (s.ə.) hər xətadan birini dadsın, hər xətadan birinə tövbə desin və öz tövbəsini bəyan etsin. Qüreyşilərin şaşqınlığının sonu yox idi. Muhəmməd düzələnə oxşamırdı, ona qarşı ciddi tədbir görülməliydi. Fəqət kəskin addımlara tacirlər həvəssiz gedirdilər. Qana nifrətləri vardı, çünki bilirdilər: qan alverə ziyan törədir. Amma nəqədərki Peyğəmbər (s.ə.) haşimilərin himayəsindəydi, şəxsiyyəti toxunulmaz idi. Qüreyşilərin başçısı Əbu Süfyan tacir idi, qan qisasından onun da zəhləsi gedirdi. Ona görə də haşimilərlə tacirsayağı mübarizə aparmağı kəsdirdi, bəlkə o ümidlə ki, onda onlar Peyğəmbəri (s.ə.) öz icmalarından çıxarı etsinlər.

Qüreyşilərin nümayəndəliyi Əbu Talibin yanına gəlib bildirdi:

– Haşimilər peyğəmbəri ədalətin əlinə tapşırmasalar, Məkkə şəhərinin azad icmasından çıxarılacaqlar. Onda gərək şəhərin hüdudlarını tərk etsinlər, bir daha mallarını bazarda satmağa icazə verilməyəcək, heç bir qüreyşi onlarla hansısa ticarət işi aparmayacaq. Haşimilərlə kəbin və dostluqdan imtina olunur və bütün bunların hamısı da əbədilik.

Bu, məhv demək idi, haşimilərin çöküşü demək idi. Bunu bir nəfər bilən vardısa, o da tayfanın ağsaqqalı Əbu Talib idi. Haşimilərin taleyinin cavabdehliyini o, təkbaşına boynuna çəkmək istəmirdi.

Bütün haşimiləri və müttəlibiləri, qüreyşilərin hədəli boykotuna düçar ola bilənlərin hamısını o öz qəsrinə topladı. Onların heç biri Muhəmmədin (s.ə.) peyğəmbərliyinə inanmırdı, hamısı sonsuz zülmlərdən cana gəlmişdi, hamısı elan olunmuş boykotdan qorxurdu.

Avropalı üçün çətin anlaşılar ki, 616-cı ilin sonunda normal düşüncəli tacir və alverçilərin xeyli hissəsi bilərəkdən özlərini ən çətin bir talenin ağuşuna atırlar, özü də heç birinin inanmadığı bir təlimə görə, özlərinə yetərincə xoş gəlməyən bir insanın xatirinə. Lakin burda qədim tayfa konstitusiyası, tayfa şərəfi – ərəblərin ən müqəddəs sərvəti oyuna qoyulmuşdu və qan qohumluğunun ulu hiddəti qüreyşilərin bütün hədələrinə üstün gəldi. İçindən bircəciyini, Əbu Ləhəbi, çıxmaqla haşimilərin və müttəlibilərin hamısı qohumu düşmənə verməkdənsə həyatlarını və var-dövlətlərini itirməyə hazır olduqlarını bildirdilər.

Əbu Talib bu qərarı qüreyşilərə çatdırdı. Artıq ertəsi gün müqəddəs Kəəbənin qapısı ağzında bütün zamanlar üçün perqament asıldı ki, orda da Peyğəmbərin (s.ə.) bütün qohumları və tərəfdaşları yamanlanırdı və qüreyşilərin icmasından çıxarılırdı.

Elə həmin gün yamanlananlar Məkkə şəhərini tərk edib arvad-uşaqları və mal-qaraları ilə Məkkənin şərqindəki Şib dərəsinə üz tutdular ki, burda da Əbu Talibin köhnə bir qəsri yerləşirdi. Peyğəmbərin (s.ə.) sürgünlüyü beləcə başladı.

Qüreyşilər indi dinc nəfəs ala bilərdilər. Onların qaraulçuları gecə-gündüz dərənin girəcəyini kəsdirmişdi. Yalançı peyğəmbərdən qorxmağa daha əsas qalmamışdı. Ticarət şəhərinin belindən yamanca basırdı bu ikiqat təhlükə: böyük filləri və saysız qoşunu ilə ölkəyə bayırdan basqın edə biləcək nequs və Allahı nequsun Allahı olan, tayfasının döyüşkən cavanları ilə tacirlər respublikasının daxili hədəsi Peyğəmbər (s.ə.). İndi, uzun tərəddüddən sonra həmin daxili təhlükə sovuşdurulmuşdu, Peyğəmbərin (s.ə.), radikal inqilabçının partiyası yasaqlanmış və nəm Şib dərəsinə əbədi sürgün edilmişdi.

İndi nequs qoy arxayınca gəlsin.

Həftələr, aylar ötdü. Məkkə şəhəri yenidən çiçəkləndi; karvanlar küçələrlə arın-arxayın gedirdi, tacir və alverçilər məmnunluqla bir-birilərinin üzünə gülümsəyirdi, pullarını sayırdı, var-dövlətlərinə sevinirdi və Kəəbənin allahlarına sitayiş edirdi.

Nəmli Şib dərəsində haşimi camaatı bu arada iztirab və aclıq içində yaşayırdı, Allahın Rəsulu (s.ə.) və onun kiçik dindar icması da onlarla birlikdə. Peyğəmbər (s.ə.) qəsrdə otururdu. Camaatı da sürgünün yeknəsəkliyində onun ətrafına yığışıb aclıq çəkirdi. Amma heç kəs, nə imanlılar, nə də haşimilər Peyğəmbərə (s.ə.) irad tutmağa ürək eləmirdi. Çünki tayfa qanunları dəmir kimidir. Hər halda səhra qanunlarının nə olduğunu qüreyşilər də bilirdilər, onlar da həmin qanunları pozmağa ürək eləmirdilər. Müqəddəs aylar gələndə Şibin qoruğu qaldırıldı və Peyğəmbər (s.ə.) öz camaatının başında Kəəbəyə yollandı ki, yeddi kərə müqəddəs evin başına dolansın və qəriblərə, səhradan gəlmiş bədəvilərə müqəddəs haqqı öyrətsin. Bayram aylarında Peyğəmbərə (s.ə.) toxunmağa qüreyşilərdən heç kim cürət etmədi. Amma eləki bayram qurtardı, Şibin ağır qapıları yenidən bağlandı və üz-gözlərindən ağı yağan qaraulçular yenidən imanlıların aclıqdan korluq çəkdiyi dərəni qorudular.

Sürgünlük üç il çəkdi, üç il Peyğəmbər (s.ə.) dərədə yaşadı, ailələr və sadiqlər üç il Məkkə şəhərinin nifrininə dözdülər. Amma sonralar qüreyşilər gördülər ki, onların öz sıralarından yanımcıllar gecələr Şibə yemək aparır və anladılar ki, barış saatı yetişib. Həmin çağda şahənşah İkinci Xosrov nequsa hücum çəkib ölkəsini viranə qoydu. İndi daha nequsun fillərindən qorxmağa dəyməzdi. Nequsun döyüşçüləri olmadan Peyğəmbər (s.ə.) tam təhlükə deyildi.

Barışı sürgünlər üçün heç də asan şərtlərlə bağlamadılar. Gərək Muhəmməd (s.ə.) söz verəydi ki, daha Kəəbədə vəz etməyəcək. O razılaşdı. Amma öncə peyğəmbər olduğu üçün vəzsiz keçinə bilməzdi, ona görə də sözünün üstündə durmadı. Əhdini pozmağını Allah ona bağışladı. Deyildiyi kimi, Peyğəmbər (s.ə.) hər xətadan gərək birini edəydi.

Tayfası geri, şəhərə qayıdana qədər qüreyşilər də öz simalarını qorumalıydılar. Nifrinli perqament Kəəbənin qapısı ağzında gərək ömürlük asılıb qalaydı, insan əli ona toxunmamalıydı. Elə oldu ki, gecə hamı yatanda və Kəəbəni heç kəs qorumayanda perqament qəfildən yoxa çıxdı ki, bu da ümumi sevincə səbəb oldu. Bunu allahların üstünə atdılar və təntənəli barışın bağlanmasına sevindilər. Haşimilər Məkkəyə döndülər, öz qəsrlərinə və Kəəbənin şura məclisindəki yerlərinə yenidən sahib oldular.

Bu, 619-cu ildə baş verdi. Bu il Muhəmməd üçün ağır bir dövrün başlanğıcı oldu. Bədbəxtlik evinin həndəvərində dolaşdı, bədbəxtlik qapısının ağzını kəsdirdi, bədbəxtlik başından yağdı və onu sındırmaqla hədələdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации