Текст книги "Muhammed. Son peyğəmbər"
Автор книги: Məhəmməd Əsəd bəy
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
Amma bunların hamısı keçmişdir.
İndi, altıncı əsrdə, keçmişdəkilər səhra qumunun altında dəfn olunmuşdur. Daha Ərəbistan xalqları arasında birlik yoxdur, heç yerdə müstəqil dövlət tapmaq mümkün deyil, nə bir zamanlar «Surlu Ərəbistan» olmuş cənubda, nə də şimalın qızıl sahili Midianda. Yalnız lap şimalda, nəhəng sahillərin Bizans və İranla kəsişdiyi sınırlarda oçağkı dünyanın böyük dövlətləri öz sələfləri kimi bufer dövlətləri yaratmışdılar. Ərəblərin yeganə dövlət qurumu indi Bizansın Transiordaniyadakı bac torpağı Kəssanilər1515
Kəssanilər (digər qaynaqlarda: qəssanlar) – Şimali Suriyada ərəb zadəgan soyu. Cənubi ərəb tayfası Kəssanın adı ilə adlanıb. 5-ci əsrin sonunda Dəməşqin cənub-şərqində məskunlaşıb və monofızit xristianlığı qəbul edib.
[Закрыть] məmləkəti və İraqda İranın bac torpağı Ləxmənilər1616
Ləxmənilər – ərəb zadəgan soyu. 4-cü əsrdən 602-ci ilə qədər Sasanilərin himayəsi altında cənub sınırlarını qoruyurdular. Paytaxtları Kufənin (İraq) cənubunda Hirə şəhəri.
[Закрыть] məmləkəti idi.
Səhralarda, amansızlıq və cahillik içində isə azad ərəb xalqı yaşayırdı. Tayfalar bir-birilərinə hücum çəkirdilər, qan düşmənçiliyi ölkəni sarsıdırdı. Bir tayfa digərinə nifrət bəsləyir, onu silib yox edir, lakin xurmalarına, quyularına toxunmurdu və heç kimə boyun əyməyən, dövlətə ehtiyac duymayan, yalnız öz tayfasına tabe olub onun üçün döyüşə gedən, dünyaya uşaq gətirən, həm də bütlərə sitayiş edən bədəvinin, səhra insanının azad həyatını tərənnüm edirdi.
Samilər arasında ən gəncləri – ərəblər belə yaşayırdılar. Musa və İsa samilərdən törəmişdilər. İndi də İraqla Misir arasındakı böyük səhrada samilərin gənc xalqı ərəblərdən bir peyğəmbər doğuldu – Muhəmməd, Allahın Rəsulu (s.ə.)1717
(s.ə.) – bundan sonra hər yerdə tərcüməçinin əlavəsidir və yalnız müəllif mətnində istifadə olunur. Müəllif mətnində qoyulmursa, deməli, bu fikir kafirlərə, münafiqlərə, yaxud yəhudilərə aiddir.
[Закрыть].
OXUYAN SƏHRA
İçində küləklər oynayan dəyəm mənə ən möhtəşəm saraydan da xoşdur.
Um Yəzid, VI xəlifənin anası
Nə dövlət, nə də təhəddüd tanıyan həmin bədəvilər ümumiyyətlə vahid bir xalq idilərmi? Onları birləşdirən nəydi? Bir-birini didən bu saysız tayfaları vahid bir xalq gözündə görməyə səbəb olan nəydi?
Qədim bir ərəb şeiri bunları belə cavablayır:
«Allah ərəbə dörd armağan göndərdi. Öncə sadə səhra çalmasını ki, o, ərəbə tacdan da yaxşı yaraşır, sonra saraydan çox-çox rahat olan dəyəni, daha sonra qılıncı ki, o, ərəbi ən uca hasardan da yaxşı qoruyur. Göylərin dördüncü və ən uca hədiyyəsi isə azad nəğmə qoşmağın gözəl sənətidir. Ərəbin ən dəyərli sərvəti budur».
Bu cavab bəlkə də qəribə görünə bilər, amma doğrudur. Cahil ərəb tayfalarının vəhdəti ərəb sözünün, ərəb nəğməsinin gücünə söykənir.
Nəğmə səhraya hakimdir. Bugünün özündə də ikinci elə bir xalq yoxdur ki, sözün gözəlliyinə, lirik duyğuya ərəblər kimi aludə olsunlar. Bu sahədə səhra xalqının eşidilməmiş zənginliyə malik bir dili var. Digər xalqlar üçün arxitektura, rəssamlıq və musiqi nədirsə, ərəb üçün onun dili də odur.
Ərəb öz dilinin incəliklərinə bələddir. O, dəvənin, yaxud qılıncın yüz adının yüzünü də bilir, ən ağır məcazi söz birləşmələrini sevə-sevə işlədir və bu cür zəngin dili olmayan miskin xalqlara ürəkdən nifrət bəsləyir. Ərəb qısqanc bir dəqiqliklə öz dilinin təmizliyini qorumağın qeydinə qalır. Lap körpəlikdən ərəb balası gözəl söz sənətinə alışdırılır. Yanlış dil ifadəsinə görə sadə bədəvi qadın öz uşaqlarını döyür. Çünki söz müqəddəsdir, bütün ərəbləri birləşdirir və onları bir xalq edir.
Ərəbə ağalıq etmək istəyən öncə söz ustadı olmalıdır. Hər ərəb tayfasının qonşu tayfanın çətin başa düşdüyü dialekti olsa da, bütün dialektlərin tacı səhra şeriyyətinin dili, ayrı-ayrı tayfaların özünü ərəb saymaq istəyən hər bir üzvünün bilməli olduğu ərəb ədəbi dilidir. Bu dil ərəb şeiriyyətinin dilidir və ərəb öz şeiriyyətini çalmadan, qılıncdan, dəyədən də çox sevir. İstisnasız hər ərəb şer qoşa bilir və ədəbiyyat məsələlərinə hamının böyük marağı var. Bugünkü insan üçün idman, siyasət, qəzet nədirsə, poeziya da ərəb üçün o idi. O, gözəllik duyğusunun, ictimai fıkrin, siyasi xəbərlərin ifadəsi idi və məzmunca ərəbi maraqlandıran hər şeylə məşğul olurdu.
Hər ərəb şeir qoşur. Səhrada, dümdüz çöl boyu kimsəsiz yolda dəvənin hörgücündə saatlar yeknəsək və mənasız ötür. Ərəb, dəvəsinin belindədir. Heyvan səhrada aram addımlarla yeriyir. Tənha qalmamaq, yuxuya dalmamaq, səhranın dəhşətini unutmaq üçün ərəb, qarşısında uzanan səhranı, belində getdiyi dəvəni, önündə sonsuzluğa açılan səmanı və öz gücünü tərənnüm etməyə başlayır. Əvvəlcə ağır-ağır, aram-aram danışır, sərbəst, rabitəsiz. Getdikcə nitqi qəlibə düşür, rabitəli olur və dəvə löhrəminin aramlı ritmini təkrarlayır. Dəvə löhrəminin təqtində bədəvi lirikası gəlişir və ərəblərin mürəkkəb şeir vəznlərinin hamısı, əslinə baxsan, sonsuz səhradakı dəvə löhrəminin variantlarından başqa bir şey deyildir.
Şeiriyyətə və sözün gözəlliyinə ərəb böyük əhəmiyyət verir. Söz ovsundur, əzəmətdir; ona hakim olan cəngavərdən də güclüdür. Əsl şair sözlə möcüzələr yarada bilər, xəstəlikləri sağaldar, yaxud kimləri isə dərdə sala bilər. Hətta bunlar ona müyəssər olmasa belə, onun gücü itmir. Bəzən hansısa şairin düşərli bir hənəyi ərəbin şan-şöhrətinin bütün səhra tayfaları arasında torpağa gömülməsinə yetərli olur. Şairin hənəyi igidin qılıncından daha qorxuludur.
Hər tayfanın öz şairi var ki, o da həmin tayfa üçün döyüşə gedir. Vuruşdan qabaq hər iki tayfanın şairi qabağa çıxır, nəğmələrlə öz tayfasını tərənnüm edib rəqibə taxınır. Ərəblər ləyaqətlə dinləyirlər. Elə də olur ki, şairi bağlanan tayfa ümumiyyətlə əlini silaha atıb döyüşə girmədən meydandan kipkirmiş çəkilir. Zira nəğmə heç nəyə yaramayan yerdə qılıncın nə xeyri?
Şair deyişmələri səhranın ən böyük hadisəsi olurdu. Mükafatlandırılmış şairə eşidilməmiş izzət göstərilirdi. Onun nəğməsi iri qızıl hərflərlə qara parçalara toxunub bütlər məbədinin girəcəyindən asılırdı.
Ərəb şairi nadir hallarda oxuyub yaza bilir. Şeirlərini bədahətən deyir. Yaxşıdırsa, dinləyici yadında saxlayır. Şerlər nə qədər çox yadda qalırsa, şairin şöhrəti bir o qədər artır. Şair səhrada hər şey deməkdir və gözəl natiqlik vergisi kimə nəsib olmayıbsa, o heç vaxt səhrada hökmranlıq edə bilməz. Yalnız ovsunlu ifadənin gücü ilə xalqı dartıb aparan, rəqibini həcvlə məhv edən kəs xalqın rəhbəri ola bilər, elə bir xalqın ki, şeriyyət onun üçün yeni çağın qəzetini, fılmini və kitabını əvəz edir. Səhranın qulağı şairliyi ilə bərabər həm də əsl cəngavər olan şairdədir.
Bədəvi lirikasını sevgi, qan qisası, romantik döyüşlər, tayfa vüqarı və səhra həyatının, dəvənin, atın saysız tərənnümləri zənginləşdirir. Fəqət təkcə ərəbin özünün başa düşdüyü bu heyrətamiz nəğmələrdən də ən vacibi bədəvi idealını daha yaxşı əks etdirən romantik taleli və macəralı şairin özüdür.
Ən məşhur qədim ərəb şairlərindən biri Tarafa adı ilə tanınan Əmir ibn Əbdülbəkri olmuşdur. O, Kəssanilər səltənətində, Hirənin1818
Hirə (əl-Hirə) – İraqda qədim şəhər. 3-cü əsrdən sonra ləxmənilərin paytaxtı, onların rəhbərliyi altında xristianlığın mərkəzinə çevrildi. İslam ordusu şəhəri fəth etdikdən sonra tənəzzülə uğradı. Qazıntı işlərinə 1931-ci ildə başlanıldı.
[Закрыть] şah sarayında yaşayırdı. Hirədə şərab və qadın işrəti, xüsusilə də onun üçün hər şeydən vacib olan dəvəsi haqqında şeirlər qoşurdu. Tarafa həcv ustası idi; şərabı, qadını və Tanrını həcv edirdi. Padşah da ləzzətlə gülümsəyirdi. Günlərin birində Tarafa padşahın özünə də bir həcv qoşdu. Padşah gülümsəməyini tərgitdi. Üz-gözündən zəhər yağdı, şəxsiyyəti təhqir olunduğuna görə layiqli cəza aramağa başladı. Axırda bu sırtıq şairi öldürməyi qərara aldı. Amma Tanrının mərhəmət göstərdiyi şairi edam etmək olmaz. Şair qanı o qədər müqəddəsdir ki, onu cəllad tökə bilməz. Hətta padşah da şairə açıq-aşkar ölüm cəzası kəsməyə ürək eləməz. Ona görə də Tarafanı çağırıb ona bir məktub verdi və dedi:
– Bu məktubu Bəhreyndəki valimə çatdır. Sənə orda çoxlu mükafat veriləcək və böyük şərəfə çatacaqsan.
Tarafa şair idi, oxuya bilmirdi. Məktubu alıb səhraya üz tutdu. Yolda çox bilikli bir insana rast gəldi, elə insana ki, onun biliyi hətta yazılı sözü oxumağa da çatırdı. Bu müdrik insan məktubu oxudu, zira o vaxt məktub açmaq qadağası yox idi. O dedi:
– Aman, Tarafa, Bəhreynə getmə, məktubda yazılıb ki, qoşduğun həcvə görə vali orda səni diri-diri basdırsın. Odur ki, məktubu cır, at çaya.
Şair Tarafa cavabında dedi:
«Oxumaq böyük peşə, yazmaq isə – bir sənət,
Yazılan olmamalı çaylara, suya qismət.
Zaman gələr, oxunar, zaman gələr, yazılar,
Tarafanın şeirləri kəsb eyləyər bir vüsət.
İstəmirəm, yazılan şey mənim ucbatımdan məhv olsun. Yazılanı yox etməkdənsə, ölümü üstün tuturam».
Yoluna davam etdi və yazı sənətinin xatirinə məşəqqətli bir ölümlə ömrünü başa vurdu.
Abbas tayfasından olan və zənci qadından doğulmuş, yalnız böyük igidlikləri sayəsində atasından bəyaz qardaşları ilə bərabərlik hüququ almış şair Əntərə ibn Səddadın həyatı daha romantikdir. Lakin qazanılmış bərabərliyə baxmayaraq bəyaz ərəb tayfaları qaravaşın qara oğlunu məsxərəyə qoyurdular. Əntərə isə bir qayda olaraq deyirdi:
– Qəlbim bəyaz insandaşlarımın bədəninə bənzəyir, bədənim isə onların qəlbinə. – Bu hənəyi başa düşməyənlərə isə əlavə edirdi. – Bir param doğuluşdan pakdır, digər paramı isə qılınc örtür.
Əntərə ömrü boyu bədxahlarına qarşı mübarizə aparır, dostunu-düşmənini armağanlayır, şeirlərini isə ağ dəvəsinin yeriş təqtinə uyğun qoşurdu. Şeirlərinin xatirinə ərəblər Əntərəyə rəğbət bəsləyirdilər. Dostluqlarını, sevgilərini isə qaravaşın siyah oğlundan qızırğalanırdılar.
Hər kəsin, hətta tanımadığı adamın da könlündən keçəni ona bağışlamaq və yalnız qılıncla qazandığını özünün şəxsi malı saymaq Əntərədə bir xasiyyət idi. Baxmayaraq ərəblər Əntərəni sevmirdilər, cəsurluğuna, ağlına və şuxluğuna görə ona Əntərə əl-Haki, Surlu1919
Surlu– dilimizə keçmiş yad mənşəli xoşbəxt sözünün yerində işlənir. Kaşğari öz lüğətində sur etimonunun tale, bəxt anlamında olduğunu qeyd edir. Azərbaycan alxışı «Surun yerisin»dəki sur sözü də bəxt, tale anlamında işlənir.
[Закрыть] Əntərə adını verməyi qət etdilər. Ancaq Əntərə razı olmadı.
– Düşmənliyəm, dedi, onu tapıb öldürməmiş özümü surlu saya bilmərəm.
– Onda tez öldür, – camaat dilləndi, çünki sənə Surlu Əntərə deməkdən ötrü darıxmışıq.
Əntərə düşmənini çox aradı. Gecə-gündüz səhranı dolaşdı, qabağına çıxanı sorğu-suala tutdu, qisasa yol açmaq üçün allahlara yalvardı. Ancaq qorxaq düşmən gizlənməyi bacarırdı. Buna görə də Əntərə ona «Qaçarğı Sur» adını qoydu. Əntərənin allahları axırda rəhmə gəldilər və səhranın tükənəcəyində düşmənini ona göstərdilər. Əntərə sevincdən titrədi: «Axır ki, həsrətimə son qoyulur», düşünüb döyüşə hazırlaşmağa başladı. Düşməni də onu tanımışdı və öz qurtuluşunu o, qorxaqların yeganə xilasında tapdı: qaçışda. Amma Əntərənin dəvəsi güclü idi. O özünü bu qaçarğıya yetirdi, Əntərə nizəsini düşmənin başı üstündə tovladı. Elə bu vaxt düşməni üzünü çevirib ləlidi:
– Ya Əntərə, yaraqlarını mənə bağışla.
Əntərə də ləlirtiyə duruş gətirə bilmədi, silahlarını düşmənin ayaqları altına atıb uzaqlaşdı ki, «Qaçarğı Sur» onu öz yarağı ilə öldürməsin.
Bədəvilər bu olaydan xəbər tutanda bir hissəsi Əntərədən yaxa qurtarmaq üçün əl atdığı bicliyə görə düşməni təriflədi, əksəriyyət isə bəyaz qəlbli siyah kişinin üstünə güldü. Amma bayram ayı yetişəndə Ərəbistan qadınları iri, qara bir örtük toxudular, Ərəbistan üləmaları isə onun üstündə qızıl hərflərlə gülərüz şair Əntərənin adını yazdılar. İgidlərə də əmr etdilər ki, həmin örtüyü illahlar məbədi Müqəddəs Kəəbənin qapısından assınlar. O çağdan Əntərə adı Əntərə Məcnun oldu ki, bu da qədim xalqların dilində Şair Əntərə ilə eyni anlama gəlir.
Bu və bunabənzər olayları səhrada çox danışırdılar. Onların hamısı dünya ilə çarpışan və ona öz nəğmələrinin gücü ilə qalib gələn cəsur şairlərdən bəhs edir. Onlar ərəb ləyaqətinin mayasını təşkil edirdilər.
Həmin şairlər arasında ən görkəmlisi, ən dahisi isə şah oğlu İmruulqeys ibn Hicr olmuşdur. İmruulqeys macəralı bir həyat sürürdü. Ağlını azıb şairlik etdiyinə görə atası ondan üz döndərdi, o da dostları ilə səhraya üz tutdu. Orada nəğmələr qoşub qadınların mərhəmətini qazandı. Atası Bənu Əsəd tayfası tərəfindən öldürüləndə və İmruulqeysin qardaşlarından heç biri bu qətlin qisasını almaq istəməyəndə isə həmin didərgin oğul həyatını atasının intiqamına həsr etməyi qərara aldı. Onillər ərzində dinclik bilmədən səhranı dolaşdı, Bənu Əsəd tayfasına qalib gəlib axırda yəhudi Səmuelin əfsanəvi qəsrində gizləndi, sonradan da Bizans kralının sarayına gəldi. Orda yüksək hörmət qazanıb Fələstinin valisi təyin edildi. Axırda da kralın qardaşı qızını yoldan çıxartdığına görə Ankirada2020
Ankira (alman mənbələrində: Ankyra, Ancyra, Anqora) – Ankaranın qədim adı.
[Закрыть] hökmdarın əli ilə zəhərlənib öldürüldü. Onun həyatı saysız, romantik əfsanələr üçün yetərincə material verir ki, həmin əfsanələrin mərkəzində də o özü və sadiq dostu Səmuel dayanırlar. «Səmuelə məxsus Ablaq qəsrində», əfsanələrdən biri belə söyləyir, «İmruulqeys özünün ən qiymətli şeylərini, onu yenilməyə qoymayan beş ədəd sinəbəndli köynək gizlədirdi. İmruulqeys Bizansa gedəndə Hirənin padşahı tələb etdi ki, yəhudi Səmuel İmruulqeysin zirehli köynəklərini ona versin. Amma Səmul əl-Vəfi (Sadiq) onları verməkdən imtina etdi və əfsanəvi döyüşlərdən sonra əzablı ölümün pəncəsində getdi. Bədəvilər Səmuellə İmruulqeysi bugünün özündə də unutmayıblar.»
İmruulqeys, Əntərə, Tarafa və bir çox digər cəngavər şairlər ərəblərin tarixini zənginləşdirirlər. Onlar qədim, romantik Ərəbistanın, bədəvilərin, dəyələrin, daş bütlərin və qan qisasının rəmzləridir. Ərəbistan kasıb idi və bəşəriyyət onu qulaqardına vururdu. Ərəbistan səhralıq, cahillik və yadlıq idi. Heç kəs ona rəhm etmək istəmir, heç kim ona məhəl qoymurdu. Yalnız bədəvi öz ölkəsini sevirdi, uşaq anasını sevdiyi kimi; səhra döyüşlərinin cəngavərlik mənzərəsini sevirdi, şair deyişmələrini və sərgərdan şairlərin saysız-hesabsız nəğmələrini sevirdi. Təəccüblü deyil ki, Allahın Rəsulu (s.ə.) ölkəyə bəxş ediləndə bəziləri onu adi bir şair sayırdı.
ƏRƏBİSTAN YÖRƏSİNDƏKİ DÜNYA
Eraclus vor do mit groteme here im Persyam He stret mit deme jungen koninge Cjstra unde Sloch ludes velehe veng oc viltich dusend unde Makede ltdich manegen ctistenen man
600-cü illərdə dünyanın tarixini iki dövlət həll edirdi: İran və Bizans. Hər ikisi böyük, zəngin və qüdrətli idi. Hər ikisinin çox qədim keçmişi vardı və hər ikisi bir-birini didməyə heç vaxt ara vermirdi. Bizans Şərqi Roma səltənəti, imperiyanın və Pax2222
Pax (oxunuşu: Paks) – rumların barış ilahəsi
[Закрыть] Romana’nın varisi, İran isə bir vaxtlar bütün Asiyaya hakim kəsilmiş, sonra Böyük Makedoniyalının qılıncından yenilmiş, daha sonralar isə – Romanın dağılmasından sonra – yeni böyük dövlət kimi dünya tarixinə qədəm qoymuş əhəmənilərin varisi idi. Bizans və İran, Doğustan və Batıstan, xristianlıq və atəşpərəstlik – bir-birinə kökündən yad olan iki dünya, iki mədəniyyət, iki böyük dövlət üz-üzə dayanmışdılar. Onların arasında heç vaxt barış ola bilməzdi.
Bizans. Bosforda onun divarları ucalırdı, onların arxasında isə saraylar və kilsələr. Lakin hakimiyyəti bütün Kiçik Asiyaya, Suriyaya, Fələstinə, Misirə, İberiyaya, Şimali Afrikaya, Yunan Adalarına və Balkana qədər yayılırdı. Bizans qüdrətli idi, zəngin və vüqarlı. O, Romanın varisi idi. Amma sonrakı varis. Bir vaxtlar yenilmiş xalqlar hələ də orda yaşayırdılar, lakin səltənətdə Roma qanunu işləyirdi, kralın adı çəkiləndə hələ də əsim-əsim əsirdilər. Kral özü isə romalı deyildi, daha imperator da deyildi. Bosforun sahillərində, mərmər sarayların qalın divarları arxasında Romanın siması dəyişirdi. Ağır-ağır, amma dönmədən. Yeni imanla yeni bir aləm nüfuz edirdi və bu aləmin Roma ilə daha heç bir bağlılığı yox idi.
– Mən Roma kralıyam, romalıların hakimiyəm, Bizans hökmdarı belə deyirdi. Amma o, antik kral deyildi, ona düşən ölkə də antik ölkə deyildi. Romanın antik siması Bizansda doğusal sima kəsb edirdi və Şərq libasının altında tezliklə Roma qəlibi də itib-getdi.
Çeşidli mədəniyyət zəminində Bizans öz iqtidarını qurur. Kiçik Asiya, Misir və Roma hamısı Bizans taxt-tacı qarşısında diz çökdü. Taxt-tacın özü də möhkəm dayanmışdı, lakin onun üstündə möhkəm otura bilənlərin sayı çox deyildi. Bizans taxt-tacına qanunla sahib olan bir-iki krala bizanslılar porfirogennetos2323
Porfirogennetos – Porphyr (yun.) + gen (yun.). Porphyr—qranitə oxşar qırmızımtıl vulkanik daş və gen – soy, nəsl. Deməli, «porfirogennotos» – porfir əslli.
[Закрыть] deyirdilər. Bütün irqlər və xalqlar bu taxt-taca yetişdilər və Bizansın qvardiyası və qara camaatı hamısına bəh-bəh dedi. Çünki Şərqi Roma dünyasının, şərqi xristianlığın hökmdarını təyin edən də yad ölkə qvardiyası və əyləncəsevər qara camaat idi.
Həmin kralın hakimiyyəti sonsuz idi. Romadan o, qoşuna rəhbərliyin yüksək başarısını, hakimiyyəti altda olan şərq dünyasından isə zəhərləməyin, hiylənin, yalanın və satqınlığın daha böyük bacarığını əxz etmişdi. Bu son mirasın Bizansda qazandığı bir ad vardı: siyasət. Bizans ağı, yalan və satqınlıqla ağalıq edirdi, muzdur dəstələrin amansız gücü ilə qorunurdu. Zira Bizans çox şeyləri qorumalı olurdu və düşmənləri çox güclü idi.
Bizans şərqi xristianlığın mərkəziydi. Kral xristianlığın, Müqəddəs Məzarın2424
Müqəddəs Məzar – İsa peyğəmbərin məzarı nəzərdə tutulur.
[Закрыть] və təmiz imanın himayədarı idi. Bu təmiz, xristian imanının nə olduğunu Bizansda hər kəs bilirdi, amma hərə üçün onun bir mənası vardı. Saysız təriqətlər, onların mübarizəsi və qarşılıqlı nifrəti Bizansı laxladırdı. Bazarlarda, camaatın gur yerində və dükanlarda təriqətlər barədə mübahisələr aparılırdı, bugün siyasi partiyalar barədə aparılan mübahisələr kimi. Rəqibini məhv etmək üçün sadə bazar alverçisi incə dialektikanı tətbiq edirdi. Mücərrəd şeylərdən danışılırdı, mücərrəd mübahisələr də Şərqdə çox sevilir. Lakin mübahisələr sona yetəndə fikirlər çox konkret təzahür tapırdı, rəqiblər bir-birinə hücum çəkir, bir-birini öldürüb qarət edirdilər. Zira Şərq açıq döyüş oyununu mücərrəd mübahisədən üstün tutur.
Bizans ruhu getdikcə sovulurdu. Kimə o, dözülməz görünürdüsə, həmin adam Bosfor sahilindəki saraylarla, ağı verənlərlə, hiyləgər əyanlarla zəngin olan vüqarlı şəhərdən baş götürüb canına əzab vermək və ruhuna dinclik qazanmaq üçün səhraya üz tuturdu. Məsələn, Allaha itaətini bəyan etmək üçün Müqəddəs Simon2525
Müqəddəs Simon – İsa peyğəmbərin qardaşı, qədim kilsə qaynaqlarına əsasən 62/63-cü ildə Yerusəlimin ruhanisi olub, 107-ci ildə işkəncə ilə öldürülüb.
[Закрыть] düz yeddi il yerindən tərpənmədən ibadət edə-edə sütunlardan birinin üstündə məskən salıbmış, digərləri isə yarıya qədər torpağa gömülərək öz həyatlarını başa vurmağa üstünlük veriblərmiş, başqaları da özlərini zəncirlədirmiş. Elə insanlar da varmış ki, səhrada başlarına şəyird toplayıb yeni təriqətlər yaradırmışlar.
Şərq, təriqət bolluğu ilə xristianlığı saf-çürük edirdi. Təriqət hərcmərcliyi Bizansın mənəvi həyatını bütünləşdirirdi. Amma bu hərci-mərcilik hələ təhlükə demək deyildi. Təhlükə dışarıdan gəlirdi. Kralın qızıl taxt-tacına, saray zinətlərinə, zəngin şəhərlərə və torpaqlara çoxlu həris əllər uzanırdı, yad baxışlar iştahla Bizansa zillənirdi.
Qədim dünya məhvərindən çıxmışdı. Xalqlar hərəkətlənmişdilər. Balkanda, Qafqazın əzəmətli sipərinin arxasında, səltənətin boya-boy sınırlarında amansız köçərilər peyda olurdular. Bizans darvazaları bərk-bərk döyəclənirdi. İlbəil, ardı-arası kəsilmədən şərqi xristian səltənətini kral yad istiladan qorumalı olurdu. Bizansı dinc qoymayan əsas təhlükə isə zalim köçərilər, alanlar, şimalın hunları və slavyanları deyildilər. Əsas təhlükə, başlıca düşmən İran idi, Persiya idi, şahənşahın, böyük şahın, mömin fars Sasanilər sülaləsinin məmləkəti idi.
Müqəddəs İranı, əbədi odlar yurdunu, Hürmüzdün və Əhrimənin vətənini Avropa dünyası hələlik yaxşı tanımırdı. Bircə onu bilirdilər ki, İran Roma və Bizans imperiyasının qüdrətli şərq qonşusudur, onillər uzunu o, Roma ilə qanlı savaşlar aparıb, bəzən yenib, bəzən yenilib və xristian təsirinə heç vaxt məruz qalmayıb. Lakin böyük şərq ölkəsinin daxilində nələrin baş verdiyindən onlar xəbərsiz idilər.
O, böyük, gözəl və dinc bir ölkə idi. Bizans sərhədlərindən başlayıb düz Mərkəzi Asiyaya qədər, Fars körfəzinin sahilindən Qafqazın zirvələrinə qədər yayılıb-gedirdi. Bu yaşıl, dinc ölkə müqəddəs oda, Zərdüşt peyğəmbərə, Atropaten kahinlərinə və şahənşaha məxsus idi.
Yüzillər öncə Zərdüşt müqəddəs od dininin əsasını qoymuşdu. Şəyirdlərini başına yığıb bərəkətli İran məmləkətini qarış-qarış dolaşmışdı. Ayağı dəydiyi yerdə məbədlər yaranırdı, torpaqdan əbədi, müqəddəs alov püskürürdü, camaat diz çökürdü və kahinlər od allahının şərəfinə nəğmələr qoşurdular. Mısmırıqlı Xəzər dənizinin sahilində Atropaten torpağı, İranın bir əyaləti yerləşirdi. Zərdüşt özünə bu ölkəni seçdi. Müqəddəs odun saysız-hesabsız alovları həmin torpaqdan göylərə püskürürdü. Bu ölkə İranın müqəddəs torpağına çevrildi. Ölkəni kahinlər idarə edirdilər, müqəddəs oda sitayiş edib Xəzər dənizi sahilindən hökm verirdilər ki, Çin və Bizans arasındakı böyük ərazidə kim hökmran ola bilər. Qüdrət sahibi idilər kahinlər və onlara bol-bol zəka bəxş edilmişdi.
Uşaq yaşlarından taxta əyləşmiş Şapur şaha kahinlərin bəxş etdiyi hədiyyədən bəhs olunur. Həmin hədiyyə çovkən oyunu olub. Dəmir masanın üstündə süni çəmənlik düzəldilibmiş, balaca dəmir atlar masanın üstündə oyan-buyana qaçırlarmış. Mürəkkəb şəkildə bərkidilmiş bir qurğu topu tərpədirmiş, digər bir qurğu isə çəmənlikdəki süni atlara imkan yaradırmış ki, topu qovarkən süni şəkildə tələssinlər. Həmin hədiyyəni kahinlər kiçik şaha ona görə veriblərmiş ki, oyundan həzz alsın və kahinlərə ehtiram göstərsin. Şah böyüyüb kiçik oyuncağa ehtiyac duymayanda kahinlər ona poladdan iki adam, iki robot düzəltdilər ki, onlar da hər yanda onu müşayiət edirdilər.
Bir vaxt Qubad şah kahinlər hakimiyyətini dağıtmağa çalışdı. Məzdək adlı dinsizin biri şahın hüzuruna gəlib onun ağlını oğurlamış və demişdi:
– Heç kim başqasından varlı olmamalıdır. İranda gərək bərabərlik hökm sürsün və heç bir kahinin haqqı yoxdur, xalqın taleyini həll etsin.
Məzdəyin tovlayıcı sözlərinə şah qulaq asdı. Hərəmxanasının qadınlarını camaata payladı, varlıların sərvətini əllərindən aldı və kasıbları öz kasıblığında saxladı, çünki Məzdək belə öyrətmişdi. Onda İranı xilas etmək üçün kahinlər baş qaldırdılar. Əbədiyaşar ruhlu şahzadə Xosrov Ənuşirəvan hərəmxana qadınlarının paylanması zamanı şahzadənin anasına sahib çıxmış kafir Məzdəyə hücum çəkdi. Həmin çağdan padşahlardan heç biri kahinlərin sözünü qulaqardına vurmağa bir daha cəhd etmir.
İran şahı Ktesifonda2626
Ktesifon Mesopotamiyada qədim şəhər, eranın 226-cı ilindən Sasanilərin paytaxtı. Şərq qaynaqlırında Mədain.
[Закрыть], Fərat sahilində otururdu. Şah iqamətgahı əbədi odların müqəddəs diyarının ortasında yerləşmişdi və bu diyar onun çiynində ağır bir yük idi. Qubadın varisi Adil Xosrov böyük müharibələrə Ktesifondan başçılıq edirdi. O, Bizansın yarısını viranə qoydu, Antioxiyanı2727
Antioxiya – hazırda Türkiyədə yerləşən Antakiyanın qədim dövrdəki adı.
[Закрыть] dağıtdı və kral Yustinianın qoşunlarını əzdi. İranla Bizans arasındakı müharibələr on illərlə ara vermək bilmirdi. Bu, iki dövlətin müharibəsi deyildi, gənc xristianlıqla böyük od allahına qədim inam arasında gedən savaş idi. Məsələn, Həbəşistanın nequs neqestisi2828
«Nequs» və ya «nequs neqesti» Həbəşistan hökmdarının titulu. Müvafiq olaraq şah və şahənşah deməkdir.
[Закрыть] Yəməni tutanda şahənşah ona o nədənlə hücum etdi ki, nequs xristian idi və şah dünyada xristian fatehin varlığına dözmək istəmirdi.
Görünməmiş zəfər yürüşlərində, döyüş və qarətlərdə hər iki dövlət – Bizans və İran qanına qəltan olurdu. Şəhərlər kimsəsizləşir, tarlalar viranələşirdi və İkinci Böyük Xosrov, Xosrov Fateh axırda kişi çatışmazlığı üzündən qadınları da orduya götürürdü. Müharibəni aparmaq və ölkəni məskunlaşdırmaq üçün insan qüvvəsi lazım idi. Yeknəsək insansız çöllər, bir ovuc insanı olan saraylar, keçəlləşmiş torpaq zolaqları, hər iki dövlətin qoşunu döyüş qabiliyyətli kişilər tələb edirdi.
Kişilər də gəldilər; bunlar ərəblər oldu. Ərəb tayfaları amansız səhradan baş alıb gəldilər, yiyəsiz kəndlərdə məskunlaşdılar və qoşunları tamamladılar. Hələ Muhəmməddən (s.ə.), islamın zəfər yürüşlərindən çox-çox qabaq Bizans və İran dünyası ərəb xalqını öz ərazilərinə çağırıb gətirmişdi.
İkinci Xosrov Dəməşq və Qüdsü fəth edəndə və axırda hətta Bizansın özünü mühasirəyə alanda İran Bizans üzərində ən böyük qələbələrini qazanmışdı. Şərqi Roma səltənəti məhvə gedənə oxşayırdı. O vaxt Bizans taxt-tacında Herakl otururdu. O, taxt-tacını, paytaxtı və ölkəni tərk etdi. Bir ovuc qoşunla dağlardan keçib müqəddəs Atropaten məmləkətinə getdi. Orda kahinlərə hücum çəkib məbədləri dağıtdı. Qorxuya düşmüş kahinlər öz şahlarını geri çağırdılar. Şah onlara qulaq asdı. Bizansın darvazaları önündən geri çəkilib Qüdsü boşaltdı, geriyə dönüb İranın əbədi müqəddəs odunu xilas etdi.
Bu, İran və Bizans hökmdarlarının – Heraklın və İkinci Xosrovun, onların qan içində üzən ölkələrinin bir-biri ilə barış bağlamalı olduqları 628-ci ildə baş verdi.
Herakl azad olmuş Qüdsə yollandı, İkinci Xosrov da Ktesifona. Dünya yenidən barışana oxşayırdı. Herakl xristianlığın xilasını Qüdsdə bayram edəndə Xosrov Ktesifonda özünə elə bir taxt-tac qurdurdu ki, dünya indiyə qədər belə şeyin şahidi olmamışdı. Qızıldan, gümüşdən və daş-qaşdan səmanın şəklini yaratdılar ki, onun da ortasında Günəş, Ay və ulduzlar yerləşdirilmişdi. Bu səma istədiyin vaxt yağış yağdıra və şimşək çaxdıra bilirdi. Taxt-tac bu səmanın başı üstündə qurulmuşdu və bu mürəkkəb qurğu atlara qoşulmuşdu.
Həmin səma bənzərliyi müqəddəs od kahinlərinin öz şahlarına son hədiyyələri oldu. Şahənşah yeni taxtına ilk dəfə təzəcə əyləşmişdi ki, Herakl da öz qələbəsinin təntənəsini təzə-təzə sürdürürdü ki, yalnız bir neçə insanın nəzərini çəkən və çox az qismin vaxt tapıb lağa qoyduğu bir hadisə baş verdi.
Həm Ktesifonda, həm də Qüdsdə üz-gözündən cahillik yağan iki ərəb eyni zamanda peyda olub şahların hüzuruna aparılmalarını istədilər ki, bu da ümumi məzhəkə doğurdu. Onların istəklərinin yerinə yetirilməsi heç kəsə bəlli deyil, bəlli olan yalnız odur ki, səhradan gətirdikləri iki məktubu axırda padşahların hüzuruna çatdırmaq xoşbəxtliyinə yetişiblər.
Hər iki məktubun məzmunu eyni idi. Odövr dünyasının hər iki hökmdarından sadə, nəzakətli cümlələrlə tələb olunurdu ki, öz dinlərindən əl çəkib naməlum ərəb allahlığını, eləcə də onların «itaət» (islam – Ç.Q.) adı ilə yenicə yaranmış kultunu qəbul etsinlər. Hər iki məktubun müəllifi, təbii ki, hökmdarlara qəti tanış deyildi. O özünü çox sadə təqdim edirdi: «Muhəmməd, Allahın Rəsulu». Öz zəfərinin məstliyində Herakl məktuba cavab verməyə belə, vaxt tapmadı. Bundan əlavə, yarıtanrısal izzətə layiq görülən Bizans kralı hansı bir ərəbləsə məktublaşmağı özünə rəva bilməzdi. Qüdsün itirilməsinin müqabilində kahinlərin hədiyyəsinin heç cür sakitləşdirə bilmədiyi İkinci Xosrovun isə məktubu alanda əhvalı pozuq idi. O, yazını cırıq-cırıq edib ayaqları altında tapdaladı və Cənubi Ərəbistandakı valisinə əmr göndərdi ki, «Allahın Rəsulunun başını bədənindən üzsün». Bu əmr yerinə yetirilə bilmədi, çünki o, Ərəbistana çatana qədər qüdrətli şahənşahın özü taxdan salındı və boynu vuruldu.
Bu padşahlardan heç biri indiyə qədər Muhəmmədin (s.ə.) adını eşitməmişdi. On ildən sonra həmin Muhəmmədin (s.ə.) qoşunu bütün Persiyanı, Bizansın yarısını tutdu və İranın müqəddəs odunu həmişəlik söndürdü. Və nəhayət o, Allahın Rəsulunun (s.ə.) yaşıl bayrağını dalğalandırdı – peyğəmbər Məsihin məzarı başında.
Bu qoşun, bu iman, bu Peyğəmbər (s.ə.) bir heçdən yarandı: Ərəbistan səhrasından, dilənçi və yolçuların məmləkətindən. Heçdən bir dünya qurmaq üçün onca il bəs elədi.
Muhəmmədin (s.ə.) adını daşıyan məktub ərəb səhrasındakı balaca bir şəhərdən gəlirdi. Bəlkə hər iki hökmdar bu şəhərin adını bircə dəfə ötəri eşitmiş olaydılar. Şəhərin adı Məkkə idi. İkinci Xosrovun ordusu Ərəbistana yeriyəndə Məkkəyə bir yan yürüşünü özünə rəva bilmək üçün şəhər ona çox kiçik görünmüşdü. Onca ilin içində həmin Məkkə Cəbəlütariq sahillərindən Himalayın zirvələrinə qədər yayılan bir dünyanın mərkəzi oldu.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?