Электронная библиотека » Selma Lagerlöf » » онлайн чтение - страница 3

Текст книги "Nilsin vəhşi qazlarla səyahəti"


  • Текст добавлен: 29 ноября 2022, 15:02


Автор книги: Selma Lagerlöf


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +
GECƏ

Buz çox zaman xəyanətkardır və ona güvənmək olmaz. Bu gerçək bir faktdır. Gecənin bir aləmində Vomb gölünün artıq nazilmiş buzu çatladı. Bir iri parça qopdu və sahilə tərəf yön aldı. Elə alındı ki, buraların daimi sakini cənab tülkü Smirre bu qopan buz parçasını gördü. Smirre bu vəhşi qazların Vomb gölünün sahillərinə enməsini hələ axşam çağından görmüşdü. O zaman onlardan heç olmasa birini oğurlamaq onun ağlının ucundan da keçmirdi. Amma indi o birbaşa buzun üzərinə doğru addımladı.

Smirre buzlara bir xeyli yaxın olanda onun caynaqları buzu qaşıdı və qazları yuxudan oyatdı. Onlar qanad çalıb uçmağa hazır vəziyyətə gəldilər. Amma Smirre onlardan daha cəld biri idi. Sanki güllə dəymiş kimi o qabağa sıçradı, qazlardan birinin qanadından tutub yenidən sahilə doğru yön aldı.

Amma bu gecə vəhşi qazlar buz üzərində yalnız deyildilər, çünki onların arasında bir insan övladı da vardı– hər nə qədər balaca olsa da. Erkək qaz qanadlarını yana açıb çabalayanda oğlan yuxudan oyandı. O yumbalanıb buzun üzərinə düşmüşdü və indi də karıxmış halda orada oturmuşdu. Dördayaqlı balaca bir itin ağzında qaz buzun üzəri ilə qaçmağını görəndə o baş verənlərin səbəbini hələ dərk edə bilmirdi.

Bir anın içində oğlan heç nə düşünmədən qazı xilas etmək üçün həmin itə tərəf götürüldü. O yəqin ki ev qazının onun arxasınca dediklərini eşitdi:

– Ehtiyatlı ol Tumbietot. Amma oğlan bu balaca küçükdən qorxmaq üçün heç bir əsas görmürdü ona görə də cəsarətlə irəli atıldı.

Smirrenin apardığı vəhşi qaz oğlanın taxta ayaqqablarının buz üzərindəki taqqıltılarını eşitdi, amma sanki buna inana bilmədi. Nədir, yoxsa bu körpə məni bu amansız tülkünün caynağından xilas edə biləcəyini düşünür? Amma bu ümidsizliyə baxmayaraq o da qanad çalıb qaqqıldamağa başldı. Adama elə gəlirdi sanki o gülür.

Yəqin ki, bu dəqiqə buzun üzərindən soyuq gölə yıxılacaq. Vəhşi qaz düşündü.

Hava hər nə qədər qaranlıq olsa da oğlan diqqətlə çatları, yarıqları nəzərdən keçirir, addımını hara atacağına fikir verirdi. O çox ehtiyatlı idi. Bunun səbəbi isə o idi ki, hazırda o cırtdanlara məxsus gözəl görmə qabiliyyətinə sahib idi. O zil qaranlıqda belə qarşısındakı hər şeyi aydın seçə bilirdi. O sanki gündüzmüş kimi, həm sahili həm də gölü apaydın görürdü.

Tülkü Smirre gölün üzərində qaçandan sonra buz qurtardı və o torpağa ayaq basdı. Onun fikri qənimətini yuxarıdakı təpəyə doğru qaldırmaq idi. Bu anda oğlan qışqırdı:

– O qazı burax get!

Smirre onu çağıranın kim olduğunu bilmirdi, bunun üçün heç vaxt sərf etməyə də dəyməzdi. Buna görə də o geri çevrilmədi və addımlarını daha da yeyinlətdi.

Tülkü meşəyə doğru yönəldi, oğlan da onu gözləyə biləcək risk haqqında düşünmədən onun arxasınca qaçdı. Geriyə qayıtmaq nədir, əksinə vəhşi qazlar tərəfindən necə böyük nifrətlə qarşılandığı gəlib keçdi göz önündən, o istəyirdi onlara sübut etsin ki, insan övladı heç də aşağılıq biri deyil, o yaranmışların ən alisidir və yüksək düşüncəyə sahibdir.

O dəfələrlə həmin itin üstünə qışqırdı ki, qazı atıb getsin. -Sən necə bir itsən ki, bir böyük qazı oğurlayıb gedirsən, buna görə də heç utanmırsan? Onu bu dəqiqə burax. Yoxsa görəcəksən başına nə oyun gətirəcəm. Sənə demirəm burax onu. Yoxsa sənin sahibinə deyəcəm sən necə pis, alçaq hərəkət etmisən.

Smirre başa düşəndə ki, oğlan onu qorxunc itlə səhv salıb bu onu o qədər əyləndirdi ki, az qala qazı ağzından yerə salacaqdı. Smirre tarlalardakı siçovullarla, xırda gəmiricilərlə qidalanmaqdan xoşlanmırdı. Onlar ona bəs etmirdi. Ona görə də o oğruya çevrilib ətraf evlərdən, fermalardan qazlar, ördəklər oğurlayıb yeyərdi. Yaxşı bilirdi ki, bu ərazidə hamı qorxudan ondan tük salır. Amma uşaq vaxtından bu cür axmaq söz eşitməmişdi.

Oğlan o qədər sürətli qaçırdı ki, qalın palıd ağacları da sanki onun qarşısından əks istiqamətə doğru qaçırdılar. Və yavaş-yavaş o Smirreni haqlayırdı. Nəhayət o tülküyə o qədər yaxınlaşdı ki, əlini atıb onun quyruğundan tuta bildi. -Indi mən qazı sənin əlindən alacam. O tülkünün quyruğunu bacardığı qədər möhkəm sıxmışdı. Amma nə qədər etsə də Smirreni tutub saxlamağa onun gücü yetmirdi. Tülkü onu özü ilə sürüyüb aparmağa başladı.

Amma indi Smirre artıq onu izləyən varlığın necə zərərsiz biri olduğunu başa düşmüşdü. O dayandı qazı ağzından yerə saldı, qabaq pəncələrini onun üzərinə qoydu ki, tərpənə bilməsin, uça bilməsin. Elə onun boğazını dişləyib yemək istəyirdi ki, istədi bir az oğlanla məzələnsin.

– Tez elə də, nə gözləyirsən. Çünki bu dəqiqə dişləyib onu yeyəcəm. Get mənim sahibimə de ki, mən özümü pis aparıram.

Əlbəttə ki, bayaqdan təqib etdiyi itin belə qaba caynaqlarının və belə xışıltılı, kobud səsinin olması oğlanı təəcübləndirdi. Amma indi artıq tülkü onunla məzələndiyi üçün oğlan çox əsəbləşmişdi, onun üçün artıq qorxu anlayışı yox idi. O tülkünün quyruğundan daha da möhkəm yapışdı, o biri əli ilə isə qarağat kolundan tutdu. Və tülki çənəsini açıb qazı dişləmək istəyən anda bütün qüvvəsi ilə onun quyruğunu dartdı. Smirre elə təcübləndi ki, müqavimət göstərmədi. Belədə oğlan onu bir neçə addım geri çəkə bildi, bundan istifadə edən qaz isə qaçıb canını qurtardı. O qanad çalıb yüksəyə uçmağa cəhd etdi. Qanadlarından biri elə pis zədələnmişdi ki, o demək olar ki, ondan istifadə edə bilmirdi. Bundan əlavə meşənin zil qaranlığında o heç nə görə bilmədiyindən kor kimi idi. Bu səbəbdən o heç bir halda oğlana kömək edə bilməzdi. O birtəhər budaqlardan hündürə sıçrayıb, geriyə, gölə tərəf uçmağa başladı.

Tülkü oğlana tərəf çevrilib dedi:

– Hə nə olsun, bu qaçdı əlimdən, asanlıqla gedib başqa qaz tuta bilərəm. Onun səsindən necə hirsli olduğunu asanlıqla seçmək olurdu.

– Buna heç cəsarət etmə! Yenicə bir qaz xilas etdiyindən əhval-ruhiyyəsi yerində olan oğlan cavab verdi.

O hələ də tülkünün quyruğunu tutub saxlamışdı, tülki geri çevrilib onu tutmaq istəyəndə isə onu başqa istiqamətə burdu.

Meşədə beləliklə də bir rəqs başladı ki, gəl görəsən. Quru yarpaqlar belə uçuşlarını saxlayıb bu rəqsə baxmağa başladılar. Smirre o yan bu yana çevrilir, amma quyruğu da onunla bərabər çevrilirdi, beləliklə o oğlanı heç cür tuta bilmədi.

Oğlan bu oyunun başlanğıcında elə şənləndi ki, hər şeyi unudub gülməyə, tülkünün yöndəmsiz şəkildə onu tutmağa çalışmasına lağ etməyə girişdi. Amma tülkü səbrli davranırdı. Hər bir təcrübəli ovçu kimi o səbrlə öz məqamını gözləyirdi. Oğlan sonda tutula bilməkdən qorxmağa başladı.

O ildırım sürətiylə tülkünün quyruğunu buraxıb palıd ağacına dırmaşdı. Smirrenin başı isə fırlanmağa elə qarışmışdı o hələ oğlandan sonra da uzun müddət quyruğunun arxasınca fırfıra kimi fırlanmağa davam etdi.

– Narahat olma, daha rəqs edib özünə əziyyət verməyə dəyməz. Oğlan ağacdan dilləndi.

Amma Smirre bu alçaldıcı, təsirli məğlubiyyətlə elə-belə barışa bilməzdi. Odur ki, o heç yerə getməyib həmin ağacın altında oturdu və keşik çəkməyə başladı.

Oğlan nazik bir budağın üzərində oturmuşdu. Yeri rahat və təhlükəsiz deyildi. Bu cavan palıd ağacı hələ qol budaq atmamışdı, bu səbəbdən də oğlan onun budaqlarından istifadə edib digər bir budağa keçə bilmədi. Aşağı düşməyə isə onun sadəcə cəsarəti çatmırdı. O qədər donmuşdu , əlləri keyimişdi ki ona elə gəldi, sanki bu dəqiqə əlləri boşalacaq və o guppultu ilə yerə yıxılacaq. Hazırda o dəhşətli dərəcədə yuxulu idi, amma ağacdan yıxılmaqdan o qədər qorxurdu ki, gözünü yummağa da cəsarəti çatmırdı.

Amma bütün gecəni təkbaşına meşədə bir ağacın başında keçirmək də qorxunc bir təcrübədir. O əvvəllər heç zaman “ gecə” sözünün gerçək mənasını başa düşə bilməmişdi. Sanki ətrafda hər şey, hər bir canlı daşlaşmışdı və onlar heç zaman həyata geri dönməyəcəkdilər.

Sonra dan yeri sökülməyə başladı. Yenidən hər şey əvvəlki görkəmini almağa başlayırdı, oğlan buna görə çox sevincli idi. Amma soyuq daha da nüfuzedici olmuşdu, səhərin şaxtası gecənin şaxtasındn daha qüvvətli idi.

Nəhayət günəş üfiqdə göründü, o sarı deyildi, günəşin rəngi qırmızı idi. Oğlana elə gəldi günəş nəyəsə görə acıqlıdır. Amma o günəşin məhz nəyə acıqlandığını başa düşə bilmədi. Bəlkə ona görə ki, günəşin olmadığı zaman kəsiyində gecə yer üzünü bu qədər üşütmüşdür, ona qəmginlik bəxş etmişdir.

Günəş şüaları böyük salxımlarla yerə doğru gəlirdi. Onlar gecənin onların yoxluğundan istifadə edərək törətdikləri əməllərə baxmaq istəyirdilər. hər şeyin necə qızardığını aşkar görmək olurdu, sanki onlar özlərini günahkar hesab edirdilər, utanırdılar. Göydəki buludlar, palıd ağacının budaqları, yerdəki qarağat kolları, otların üzərinə örpək çəkən səhər ayazı…hər şey, hər şey utandığından qızarmışdı. Getdikcə günəş yerə daha çox ilıq şüalar göndərir və gecənin hürküsünü uzaqlara qovurdu, bununla da saysız-hesabsız canlı varlıqlar gözə görünməyə başladı. Qırmızı boğazlı qırxayaq budaqlarda hərəkət etməyə başladı. Ağzında qoz yuvasından çıxan dələ qalın bir budağın üzərində oturub onun ləpəsini yeməyə başladı. Haradansa ağzında soxulcan olan bir sığırçın uçub gəldi. Torağay isə ağacın hündür budaqlarından birinə qonub oxumağa başladı.

Oğlan günəşin bütün canlı və cansız varlıqlara bu sözləri deməsini başa düşdü:

– Oyanın və yuvalarınızdan çölə çıxın. Mən buradayam. İndi daha sizin nədənsə qorxmağınıza ehtiyac yoxdur.

Göldən vəhşi qazların səsləri eşidildi, onlar uçuşa hazırlaşırdılar. Və tezliklə on dörd qazın hər biri meşənin üzəri ilə dəstə halında uçurdular. Oğlan istədi qışqırıb onları çağırsın, amma qazlar elə hündürdən uçurdular ki, səsi onlara yetişmədi. Onlar yəqin ki, tülkünün onu yediyini düşünürdülər, çünki zəhmət çəkib heç məşədə onu axtarmırdılar da.

Oğlan hönkürtü ilə ağlamaq istədi. Amma portağal rəngli, xöşbəxt günəş onun başının üstündə idi. O oğlana belə söylədi:

– Nils Holqersson, sənin narahat olmağına gərək yoxdur. Nə qədər ki, mən buradayam sənə pis heç nə olmayacaq. O oğlana dedi.

QAZ TƏQIBI

Bir qazın səhər yeməyini yeməsinə gedən vaxt ərzində meşədə demək olar ki, heç bir dəyişiklik baş vermədi. Amma günortaya yaxın qaz haradansa təkbaşına uçub gəldi. O uçub gəldi və qalın budaqları olan bir ağacın gölgəsində dayandı. Sonra o çox ehtiyatla budaqların və yarpaqların arası ilə asta sürətlə uçmağa davam etdi. Tülkü Smirre onu görən kimi özünün ağcaqayın ağacının altında olan yuvasından çıxdı və ona doğru atıldı. Vəhşi qaz ondan qaçmadı, əksinə, qanad çalıb ona doğru uçdu və ona kifayət qədər yaxın getdi. Smirre onu tutmaq üçun bacardığı qədər hündürə tullansa da yenə boşuna cəhd etdi. Vəhşi qaz isə uçuşuna davam edib gölə doğru yön aldı.

Bir az keçmiş başqa bir qaz uçaraq gəlib buralardan keçdi, o da eyniylə birinci qazın yolu ilə getdi, alçaqdan və asta-asta uçdu. O da həmçinin tülkü Smirreyə çox yaxın məsafədən uçdu, elə yaxından ki, onun ayaqları hətta tülkünün qulaqalrına toxundu. Amma o da tülkünün yanından xata-balasız ayrılıb səssiz bir kölgə kimi uçaraq gölə doğru yan aldı.

Bir müddət də keçdi, bu dəfə başqa bir qaz səmada göründü, o da alçaqdan uçurdu, ağcaqayın ağaclarının budaqlarının arasından onun üçün yolu tapmaq çox çətin idi. Smirre var gücünü toplayıb yerdən sıçradı. Onun qazı tutmasına bir tük nazikliyi qədər məsafə qalmışdı, amma bu qaz da onun əlindən ucuz qurtuldu.

O uçub yox olan kimi, dördüncü qaz gözə göründü. O elə alçaqdan, elə pis uçurdu ki, tülkü Smirre onu heç bir əzab-əziyyətsiz tutacağını zənn etdi. Amma bu dəfə o uğursuzluqdan qorxduğuna görə qazı tutmaq üçün cəhd etmədi. O qazın sakit uçmasına şərait yaratmaq qərarına gəldi. O da başqa qazların uçduğu istiqamətdə uçurdu. Amma o gəlib düz Smirrenin üzərindən uçanda elə bir alçaq məsafədən uçdu ki, Smirre şirnikləndi və özünü saxlaya bilmədi. Tülkü elə hündürə tullandı ki, quyruğu ilə qaza toxundu da. Amma qaz cəld bir hərəkətlə yön dəyişdirdi və həyatın xilas etdi.

Smirre nəfəsini dərib özünə gəlməmiş cərgə ilə uçan daha üç qaz gözə göründü. Onlar da digər qazlar kimi həddən artıq alçaqdan uçurdular, Smirre onları tutmağa cəhd etsə də, əvvəlki hallarda olduğu kimi bu dəfə də cəhdi bir nəticə vermədi.

Bundan sonra beş qaz daha uçaraq gəldi, amma bu qazlar başqalarından daha yaxşı uçurdular. Düzdür onlar da Smirreni şinikləndirən hərəkətlər edirdilər, amma tülkü bu dəfə özünü saxlayıb tullanmadı. Uzun müddət aradan sonra səmada tənha bir qaz göründü. Bu on üçüncü qaz idi. Bu qaz elə qoca idi ki, tükləri tamam bozarmışdı, bədənində bir dənə də qara ləkə qalmamışdı. Böyük ehtimal o uçarkən yalnız bir qanadından istifadə edə bilirdi. Çünkü onun uçuşu o qədər bərbad, o qədər yavaş idi ki, az qala yerlə sürünürdü. Smirrenin onun üçün havaya hoppanmağa ehtiyacı belə yox idi. O sadəcə olaraq qazın arxasınca qaçır, tullanır və onu düz gölə kimi müşayət edirdi. Amma hətta bu dəfə də o şikarını ovlaya bilmədi. Bu qaz da başqa qazlar kimi xatasız-balasız onun əlindən qurtula bildi.

Sonuncu on dördüncü qaz ağappaq olduğu üçün çox gözəl görsənirdi. Və o böyük qanadlarını çaldıqca adama elə gəlirdi meşə işıqlanır. Elə parlaq idi bu on dördüncü qazın tükləri… Smirre bu qazı görəndə var gücünü toplayıb o qədər hündürə tullandı ki, başı ağcaqayın ağaclarının budaqlarına toxundu. Amma o bu qazı da tuta bilmədi.

İndi bir müddət ağacların altında, meşədə sakitlik hökm sürürdü. Adama elə gəlirdi bütün vəhşi qazlar artıq burdan uçub getmişdir.

Birdən tülkünün yadına öz əsiri düşdü, o başını qaldırıb cavan palıd ağacının budaqlarına baxdı. Bəli elə onun gözlədiyi baş vermişdi-oğlan orada yox idi.

Amma Smirrenin bu barədə çox düşünməyə vaxtı yox idi, çünki artıq göldən qayıdan ilk qaz budaqların altı ilə asta sürətlə uçurdu. Bugün bəxti heç gətirmirdi, amma Smirre yenə də onun geri qayıtmasına şad idi və o yay kimi gərilib var gücü ilə qazı tutmaq üçün havaya tullandı. Amma tülki vaxtı və istiqaməti düzgün hesablaya bilmədyinindən qazın lap yaxınlığına tullandı, ona toxuna bilmədi. Sonra ikinci qaz gəldi, sonra üçüncü, sonra dördüncü…Beləcə bütün qaz dəstəsi sonda həmin o qoca boz və ağ, parıldayan lələkli qaz olmaqla gəlib onun başının üzərindən uçub keçdilər. onların hər biri həm asta sürətlə həm də alçaqdan uçurdular. Gəlib ona lap yaxınlaşanda isə sanki “ məni tuta bilməzsən”, məni tuta bilməzsən” deyərcəsinə ona çox yaxın uçurdular. Smirre onların arxasınca qaçırdı, bir neçə metr hündürlüyə tullanırdı, amma sona kimi də onlardan heç olmasa birini də tuta bilmədi.

Bu Smirrenin indiyə kimi yaşadığı ən dəhşətli gün idi. Vəhşi qazlar onun başının üzərindən səyahət etməyə davam edirdilər. Onlar gəlib gedirdilər, bir müddər sonra yenə eyni şey təkrarlanırdı. Bütün günü meşənin başına hərlənən, alman tarlalarında, yaşıl çəmənlərində yeyib yağlanan, kökələn, dadlı vəhşi qazlar. Onlara hətta bir neçə dəfə toxunmuşdu da. Amma heç bir halda öz boş qarnını onların hesabına doyura bilməmişdi.

Qış hələ yerini yaza tam verməmişdi və Smirrenin yadında yaxınlara kimi gecə-gündüz boş, sərgərdan gəzib-dolaşmağı yadına düşdü, o zaman tülkü boş-boş gəzirdi, qarşısına ovlamaq üçün bir dovşan da çıxmırdı. Siçovullar isə donmuş torpağın altındakı yuvalarında gizlənmişdilər. Toyuqları da fermerlər hinlərə salıb qapılarını bağlamışdılar. Amma qışın aclığı bugünkü səhv hesablamalar qədər çətin gəlmirdi tülküyə. Bu gün onun üçün çox uğursuz keçirdi.

Smirre heç də cavan tülkü deyildi. Bir neçə dəfə itlər onun dalınca düşmüşdülər, bir neçə dəfə də güllə vıyıltısını düz qulağının dibində hiss eləmişdi. Ovçu tulaları onu təqib edərkən onlardan gizlənib həyəcanla ölümünü gözlədiyi anlar da olmuşdur, öldürülmək təhlükəsi də yaşamışdır bir neçə dəfə. Amma indiyədək yaşadığı heç nə, heç nə bu günkü məyusluqla müqaisə edilə bilinməzdi. Bu gün tülkü hər dəfə vəhşi qazlardan birini buraxanda ölçüyəgəlməz bir məyusluq yaşamışdır.

Səhər yenidən təqib başlayanda Smirre elə həvəsli görsənirdi ki, qazlar onun bu canfəşanlığını yenidən görəndə təəcübləndilər. Smirre öz yerini biruzə verməyi sevirdi. Onun dərisi parlaq qırmızı rəngdə, sinəsi ağ, burnu qara idi. Özü də şələquyruq idi. Təqibdən sonra tülkünün dərisi rəngini dəyişmişdi, özü qan-tər içində idi. Gözlərinə qaranlıq çökmüşdü. Geniş açılmış ağzından dili eşiyə çıxıb sallanırdı. Ağzından köpük gəlirdi.

Hətta gunorta vaxtı Smirre elə yorulub əldən düşdü ki, tərpənməyə taqəti qalmadı. Onun gözünə uçan yağlı, dadlı vəhşi qazlardan savayı heç nə görsənmirdi. O yer üzərində gördüyü hər bir kölgəyə hoppanırdı. Hətta bir neçə dəfə yazıq kəpənəklər onun qurbanına çevrildilər.

Vəhşi qazlar isə ara vermədən elə hey uçuşurdular. Bütün günü Smirrenin əzabı beləcə davam etdi. Onlar Smirrenin bu halına heç acımırdılar. Smirre isə əldən düşmüş, ac-yalavac və məyus halda hələ də hoppanırdı. Onlar yenə yaxından uçur Smirreyə acıq verirdilər, onlar başa düşürdülər də tülkü daha onları görə bilmir, yalnız onların gölgələrinin arxasınca havaya atılır.

Smirre tamam taqətdən düşüb quru yarpaqların üzərinə zəif və gücsüz halda çökəndə az qala ruhu bədənindən çıxacaqdı. Hə, bax bu zaman qazlar onunla məzələnməyi saxladılar.

–Hə, cənab Smirre, indi sən bilirsən Kebnekeysdən olan Akkaya yaxın gələnin aqibəti necə olur. Qazlar ona qışqırdılar. Bununla da onlar onu rahat buraxdılar.

ÜÇÜNCÜ BÖLÜM

NILSIN FERMAYA MÖHTƏŞƏM SƏYAHƏTI

Elə bu ərəfədə Skonedə çox söz söhbət yaradan, müzakirələrə səbəb olan, hətta qəzet səhifələrinə belə çıxan hadisələr baş verirdi. Çoxları baş verənlərə inanmaqda çətinlik çəkirdi, çünki bunun uydurma olduğunu sanırdılar, bu axı izahedilməz bir durum idi.

Hər şey belə idi: Bir dişi dələni Vomb gölünün sahillərində qoz ağacın altında tutdular və onu yaxınlıqdakı fermerin evinə gətirdilər. Bu xəzli quyruğu olan gözəl, balaca heyvanın seyrinə böyüklü-kiçikli ətrafda yaşayan hər kəs yığışmışdı. Dələnin ağıllı seyr edən gözləri, balaca xal-xal ayaqları vardı. İnsanlar bütün yayı onun çevik hərəkətlərinə, məharətlə qoz sındırıb yeməyinə, çıxartdığı müxtəlif oyunlara tamaşa edib əylənirdilər. Onlar çox tez bir zaman dələ üçün qəfəs düzəltdilər, daha doğrusu köhnə qəfəsi təmir edib içərisinə bir yekə yük maşını təkəri qoydular. Bu balaca evin qapısı da pəncərəsi də vardı və dələ oranı həm yataq həm də yemək otağı kimi istifadə etməli idi. Daha sonra isə insanlar dələ üçün ora bir qucaq quru yarpaq atdılar, bir çanaq süd və bir neçə qoz qoydular. Silindirvari təkəri dələ oyuncaq kimi istifadə etməli idi, o ora dırmaşa, təkərin başına dövrə vura və istədiyi oyunları oynaya bilərdi.

İnsanlar bütün bunları etdikdən sonra dişi dələnin özünü rahat, öz evindəki kimi hiss edəcəyini sansanlar da o heç də halından məmnun görünmürdü. Əvəzində dişi dələ qəfəsində qəmgin və dinməz-söyləməz otururdu. Bu durum isə insanları təəcübləndirirdi. Ara-sıra isə o bağırır, sanki ağrı içində imiş kimi səslər çıxarırdı. O verilən yeməyə toxunmurdu, qoyulan təkərin başına isə bircə dəfə də olsun dövrə vurmamışdı.

–Ola bilsin qorxur, ona görə özünü belə aparır, fermerler bu durumu izah etdilər. sanah bir az da sakitləşsin, görəcəksiniz, həm yeyəcək, həm də oynamağa başlayacaq.

Bu ərəfədə fermanın qadın sakinləri isə bayram tədarükü görürdülər, balaca dişi dələnin tutulduğu elə həmin gün onlar bayram piroqunu hazırlamaqla məşğul idilər. nəsə onların bu gün biş-düşdə bəxtləri heç gətirmirdi, ya xəmir gəlmirdi,ya da nəsə çatmırdı. Beləcə onlar gün batandan xeyli keçmişə kimi işləməyə məcbur oldular.

Təbii olaraq bu gün mətbəxtdə iş başdan aşırdı, get-gəl çox idi, heçkəs başını qaldırıb bir anlıq da olsun dələ haqqında düşünmək hayında deyildi. Amma fermada bir qoca qarı vardı, o piroq bişirmə prosesinə kömək etmək üçün həddən artıq yaşlı idi. Bunu o özü də yaxşı başa düşürdü, amma heç bir halda ümumi kütlədən geri qalmaq istəmirdi. Hamı kimi o da mətbəxtdə olmaq istəyirdi. Həmin gün o özünü çox məyus hiss edirdi, bu səbəbdən də o yatmağa getmədi və qonaq otağında pəncərənin qarşısında oturub həyəti seyr etməyə başladı.

İçəri çox isti olduğundan onlar mətbəxin qapısını açıq saxlamışdılar. Qapıdan keçən günəş şüaları fermanın həyətini də işıqlandırırdı. Hər tərəf süd kimi ağappaq olmuşdu, qoca qarı hətta qarşı tərəfdəki divardakı çatlarını və yarıqlarını belə aydın görərdi. O qarşı divardan asılmış dələ qəfəsini də gördü. Günəş oranı apaydın işıqlandırırdı. Və qadın bir dəqiqə də dayanmadan təkərin içərisinə, oradan isə yenidən otağına qaçan dələni gördü. Dələ bir an da olsun yerində dayanmırdı. Qadının diqqətini dələnin belə narahatlığı çəkdi. Yazığa nə olmuşdu görəsən? əlbəttə ki, qadın düşündü: yəqin gur işıq qoymur onu yatmağa.

Tövlə ilə atların saxlandığı yerin ortasında üstü örtülü bir qapı vardı. Gün oranı da işıqlandırırdı. Gecə keçdikcə qoca qadın balaca bir varlıq gördü, o çox balaca idi və bir əlin içi qədər olardı. Ehtiyatla, gizlənə-gizlənə qapıdan ötüb keçmək istəyirdi. Onun əynində dəri şalvar və başqa istənilən işləyən adamların ayaqlarında görməyə alışdığımız taxta ayaqqabılar vardı. Qoca nənə dərhal bu varlığın cırtdan olduğunu başa düşdü və o azacıq da olsa qorxu hiss etmədi. O hər zaman cırtdanların haradasa gizləndiklərini, üzə çıxmağa ehtiyat et-diklərini eşitmişdi, amma heç zaman bir cırtdan görməmişdi. Və cırtdan təbii ki, göründüyü hər yerə xöşbəxtlik gətirməsi ilə tanınırdı.

Cırtdan gəlib daş döşənmiş həyətə çatan kimi, oradan güllə kimi qaçaraq dələnin saxlanıldığı qəfəsə doğru götürüldü. Qəfəs çox hündür idi, ora dırmaşa bilməzdi, bu səbəbdən də cırtdan anbara qaçıb oradan bir qarmaq gətirdi, qarmağı qəfəsə keçirdi və yuxarı dırmaşmağa başladı. Dənizçi kəndirlə dor ağacına dırmaşan kimi. O qəfəsə çatanda balaca yaşıl evin qapısını silkələməyə başladı, o sanki qapını açmaq istəyirdi. Qoca nənə bunları görsə də yerindən tərpənmədi. Çünki o yaxşı bilirdi ki, uşaqlar qonşu həyətin oğlanları gəlib dələni oğurlamasınlar deyə qəfəsə qıfıl vurublar. Qoca nənə gördü ki, oğlan qəfəsin qapısını aça bilmir və bu zaman dişi dələ də təkərin içərisindən çıxıb oğlanın qarşısında dayanıb. Oğlan dustaq edilmiş heyvanın dediklərini dinlədikdən sonra qəfəsin cəftəsini aşağı endirdi və yenidən qaçaraq qapıdan çıxdı və yox oldu.

Qoca qadın bilirdi ki, həmin gecə artıq cırtdanı görə bilməyəcək, bununla belə o pəncərənin qarşısından çəkilmədi. Amma bir qədər sonra o qayıtdı. O elə tələsirdi ki, sanki uçurdu, ayaqları heç yerə dəymirdi. O yenidən birbaşa dələnin saxlandığı qəfəsə doğru istiqamətləndi. Uzağı yaxşı görən qoca nənə cırtdanın hərəkətlərini aydın müşahidə edə bilirdi. O həmçinin cırtdanın əlində nəyinsə olduğunu da ayırd edə bildi. Amma onun nə olduğunu təsəvvürünə belə gətirmirdi. Sol əlində gətirdiyi şeyi səkiyə qoydu, sağ əlində gətirdiyini isə özü ilə qəfəsin içərisinə keçirdi. O taxta ayaqqabıları ilə şüşə pəncərəyə elə zərblə təpik vurdu ki, kiçik pəncərə qırıldı. əlində gətirdiyini isə dişi dələyə tərəf uzatdı. Sonra o sürüşüb aşağı düşdü, aşağıda qoyduğunu götürdü və yenidən qəfəsə dırmaşdı. Növbəti anda isə o elə sürətlə qaçmağa başladı ki, qoca qarının gözləri onun hərəkətlərini izləyə bilməzdi.

Amma indi artıq qoca nənə olduğu yerdə sakit qala bilməzdi, o koteci tərk etdi və evin arxa həyətinə keçib nasosun kölgəsində dayandı. O cırtdanın geri qayıtmasını gözləyirdi. Və həmin anda nənəni görən, maraqlanmağa başlayan bir başqa biri də vardı orada. Bu həmin evin pişiyi idi. O oğrun-oğrun sürünüb divara yaxın bir yerdə dayandı. İşıq düşən yerdən cəmi iki metr aralıda. Həmin soyuq Mart gecəsində onlar ikisi də orada dayanıb gözləməyə başladılar. Qoca qarı yenidən içəri, kotecə qayıtmaq barədə düşünməyə başlamışdı ki, elə bu anda səkidə yüngül ayaq səsləri eşitdi. Gələn hər iki əlində nə isə daşıyan, oğrun addımlarla yenidən qəfəsə yaxınlaşmaq istəyən bayaqkı cırtdan idi. Cırtdanın əlində daşıdıqları nə idisə ciyildəyirdi. Birdən nənə ciyilti səsinin məhz kimə məxsus olduğunu anladı. Cırtdan qəfəsdəki dələnin qoc ağacının koğuşunda qalmış balalarını bir-bir daşıyıb analarının yanına gətirirdi ki, onlar acından ölməsinlər.

Qoca nənə səssiz-səmirsiz dayanmışdı, istəmirdi onu narahat etsin. Elə görsənirdi ki, sanki cırtdan onun varlığından xəbərsizdir. Cırtdan bala dələlərdən birini yerə qoyub ikincini özü ilə götürüb qəfəsə dırmaşmağa hazırlaşırdı ki, birdən ev pişiyinin parıldayan yaşıl gözlərini gördü. Pişik lap yaxında idi. Cırtdan yerindəcə donub qalmışdı, hər əlində bir dələ balası tutduğundan nə edəcyini bilmirdi.

O geri çevrildi və qaça biləcəyi bütün istiqamətləri nəzərdən keçirdi, hazırda o artıq nənənin varlığından da xəbərdar idi. Çox tərəddüd etmədən irəli doğru addımladı əllərini bacardığı qədər yuxarı qaldırdı ki, nənə dələ balalarını əyilib ondan götürə bilsin.

Qoca nənə bu inamın qarşısında özünü dəyərsiz bir insan kimi göstərmək istəmədi və əyilib ona tərəf uzanmış dələlərdən birini əlinə götürdü ki, oğlan digər dələ ilə qəfəsə dırmaşa bilsin. Sonra isə o geriyə qayıdıb nənənin himayəsində tərk etdiyi dələni də ondan götürdü.

Növbəti səhər ferma sakinləri səhər yeməyini yemək üçün yığışanda, qoca qadın özünü saxlaya bilmədi və dünən gecə olanları təsfilatı ilə hamısını danışdı. Eşitdiklərinin qarşılığında ferma sakinləri yalnız güldülər və dedilər ki, qoca qarı onlara yəqin ki yuxuda gördüklərini danışır. Buralarda ilin bu vaxtı dələ balasına rast gəlmək qeyri-mümkündür.

Amma nənə danışdıqlarından tam əmin idi, odur ki, onlardan xahiş etdi gedib dələni saxladıqları qəfəsə bir nəzər yetirsinlər. Sakinlər nənənin dediyi kimi də elədilər.

Və onlar orada dörd balaca, yarıçılpaq, aclıqdan zəifləmiş, yarı kor dələ balaları gördülər. Balalar ən azı iki günlük olardılar.

Fermer özü ətcəbalaları görəndə təsirləndi:

– Hər necə olsa da, indi mənə bir şey dəqiqdir: bizlər bu fermanın sakinləri, indiyədək həm insanlar həm də heyvanlar qarşısında özümüzü laiqli şəkildə aparmamışıq. Davranışımıza görə utanmalıyıq. Bu sözləri dedikdən sonra fermer həm ananı həm də balalarını qəfəsdən çıxartdı və onlar qoca nənənin dizlərinin üzərinə qoydu.

– Apar bu dələləri yuvasına qoy. O dedi. Gəlin onların azadlıqlarını yenidən geri qaytaraq

Haqqıdnda çox danışılan, hətta qəzet səhifələrinə belə yol tapan əhvalat məhz bu idi. Amma dediyimiz kimi insanların əksəri bu hadisəyə izah tapa bilmədikləri üçün çoxlarına danışılanlar elə də inandırıcı gəlmirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации