Текст книги "QRAF MONTE-KRİSTO"
Автор книги: Александр Дюма
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 85 страниц) [доступный отрывок для чтения: 28 страниц]
Aleksandr Düma
QRAF MONTE-KRİSTO
Alexandre Dumas
LE COMTE DE MONTE-CRISTO
Bakı, Qanun Nəşriyyatı, 2021.
Çapa imzalandı: 02.11.2021
Tərcüməçi: Rafail Kərim
Redaktor: Hədiyyə Şəfaqət
Korrektorlar: Əyyar Tahir, Lalə Hüseyn
Texniki redaktor: Anar Əli
Mətn dizaynı: Rahilə Şamilqızı
Qapaq dizaynı: Rafael Qasım
Qanun Nəşriyyatı
İstanbul Copyright Awards-ın qalibi
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212-42-37
e-mail: [email protected]
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing
ISBN 978-9952-38-004-0
© Qanun Nəşriyyatı, 2021
© Alexandre Dumas, 1844
Bu kitabın Azərbaycan dilinə tərcümə və yayım hüquqları Qanun Nəşriyyatına məxsusdur. Kitabın təkrar və hissə-hissə nəşri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir.
I CİLD
BİRİNCİ HİSSƏ
I. MARSEL. VARİD OLMAİyirmi yeddisi fevral 1815-ci ildə, Notr-Dam de-la-Qardın gözətçi əsgəri bildirdi ki, Smirna, Triyest və Neapoldan gələn üçyelkənli “Faraon” adlı gəmi buxtaya yaxınlaşır.
Həmişəki kimi, liman losmanı dərhal yola düşüb İf qalasının yanından ötərək Morjion burnu ilə Rion adaları arasındakı gəmiyə yan aldı.
Adəti üzrə müqəddəs İoanna istehkamının meydançası dərhal hər şeyə maraq göstərən adamlarla doldu, çünki Marselə gəminin gəlişi, xüsusilə də “Faraon” kimi yerli sahibkara aid olaraq, burada inşa edilib, təchiz olunub, qədim Fokei tərsanələrində yüklə doldurulubsa həmişə böyük hadisədir.
Gəmi yaxınlaşmaqda idi: o vulkan püskürməsi zamanı Kalasaren və Jaros adaları arasında əmələ gəlmiş körfəzi keçərək, Pomeqi dolanıb çəpinə durmuş üçbucaq yelkənlərlə ağır və hüznlə yaxınlaşmağa davam edirdi, hər şeyi bilmək istəyənlər isə bədbəxtçilik hiss edərək, öz-özlərindən, görəsən nə baş verib deyə soruşurdular? Lakin baş verənlərin gəmiyə aidiyyəti olmadığı işin içində olanlara aydın idi, çünki o yaxşı idarə olunan gəmi kimi yoluna davam edirdi: lövbər atılmağa hazır gəmini saxlamaq üçün, lövbər zəncirləri buraxılmış və dar girişlə gəmini Marsel limanı ilə keçirməyə hazırlaşan losmanın yanında, gəminin hər hərəkətini diqqətlə izləyən, onun hər göstərişini təkrarlayan, ayıq-sayıq, çevik gənc kişi durmuşdu.
İzdiham üzərində dolaşan qeyri-ixtiyari həyəcan, tamaşaçılardan birinə hamıdan çox təsir etmişdi, o, gəminin limana daxil olmasını gözləməyərək, qayıqlardan birinə atılıb “Faraon”un qarşısına üzməyi əmr etdi, onun qayığı “Faraon”a Rezerv buxtasının qarşısındakı yerdə çatdı.
Gənc dənizçi, bu adamı gördükdə losmandan ayrılıb gəminin kənarına gəldi və şlyapasını çıxarıb dayandı.
Bu qamətli, hündür, gözəl qara gözləri, şəvə saçları olan on səkkiz-iyirmi yaşlarında bir gənc idi; onun uşaqlıqdan mübarizə aparmağa alışmış bütün vücudu sakitlik və qərarlılıq içərisində idi.
Qayıqdakı adam qışqırdı:
– Ah! Dantes, bu sizsinizmi! Nə olub? Gəmidəki hər şey, hər kəs niyə belə məyusluq içərisindədir?
Gənc cavab verdi:
– Böyük bədbəxtlikdir, cənab Morrel, böyük bədbəxtçilik, xüsusilə də mənim üçün – biz Çivita-Vekkii yaxınlığında sevimli kapitanımız Lekleri itirmişik.
– Bəs yük necə oldu? – deyə armator[1]1
Sahibkar.
[Закрыть] cəld soruşdu.
– Yük yerindədir, cənab Morrel, fikrimcə, siz işin bu tərəfindən razı qalacaqsınız… Lakin yazıq kapitan Lekler…
Özündə dərin bir rahatlaşma hiss edən armator soruşdu:
– Bəs ona nə oldu?
– O, vəfat etdi.
– Gəmidən suyamı düşdü?
– Yox, – Dantes dedi, – əsəb gərginliyindən dəhşətli ağrılar çəkərək öldü. – Sonra üzünü gəmi heyətinə tutaraq qışqırdı: – Ey! Yerlərinizə keçin! Lövbərə düzəlin!…
Heyət əmrə tabe oldu. Səkkiz-doqquz nəfərdən ibarət gəmi heyəti üzvlərinin hamısı anında – kimisi brasa, kimisi şkota, kimisi fala, kimisi klivernirə, kimisi də qitlərə tərəf şığıdı.
Gənc dənizçi onlara ötəri nəzər salaraq işləri ilə məşğul olduğunu görüb yenidən həmsöhbətinə tərəf döndü.
Yarımçıq qalan söhbəti davam etdirən armator soruşdu:
– Bəs bu bədbəxt hadisə necə baş verdi?
– Əşi, ən gözlənilməz bir vəziyyətdə, limanın komendantı ilə uzun-uzadı söhbətdən sonra, kapitan Lekler böyük həyəcan içində Neapolu tərk etdi; bir sutkadan sonra onda qızdırma başladı; üç gündən sonra isə artıq ölmüşdü… Biz onu adət-ənənəyə uyğun kətana büküb dəfn etdik və indi o Del Cilo adası yaxınlığında, sözün əsl mənasında, rahat yatır. Biz onun boynundakı xaçı və qılıncını dul qalmış xanımına vermək üçün gətirmişik. – Gənc qəfildən gülümsədi. – On il ingilislərlə müharibə edib hamı kimi yataqda ölməyə dəyərdi!
Tədricən sakitləşən armator dedi:
– Nə etmək olar, Edmon! Heç kim əbədi deyil, yaşlılar gənclərə yol verməlidir, yoxsa həyat durar. Beləliklə, siz deyirsiniz ki, yük…
– Mən sizi əmin edirəm, cənab Morrel, yük olduğu kimi durur. Məncə, siz iyirmi beş min frank mənfəət əldə etmək istəyirsinizsə uduzursunuz.
Bu zaman “Faraon”un dairəvi qalanı keçdiyini görüb bağırdı:
– Mars – qitova! Kliver – nirala! Bizan – şkota! Lövbəri salmağa hazırla!
Əmr hərbi gəmidə olduğu kimi cəld icra edildi.
– Şkotlar verilsin! Yelkənlər qitov istiqamətinə!
Sonuncu əmrə uyğun olaraq bütün yelkənlər endirildi, gəmi öz gücü hesabına, su üzərində hiss ediləcək dərəcədə üzməyə davam edirdi.
Armatorun səbirsizliyini görən Dantes dedi:
– Cənab Morrel, indi yuxarı qalxmaq istəyərsinizmi? Baxın, bu da sizin mühasibiniz Danqlar, kayutdan çıxır. İstədiyiniz məlumatı verəcək. Mən isə lövbər atıb matəm işləri ilə məşğul olmalıyam.
İkinci təklifə ehtiyac qalmadı. Armator Dantesin atdığı burazdan tutaraq, hər bir dənizçiyə şərəf gətirə biləcək tərzdə, qulplara ayaqlarını basa-basa, gəminin qabağa çıxmış göyərtəsinə qalxdı. Dantes isə yerini kayutdan çıxaraq Morrelə tərəf yönələn Danqlara buraxıb, əvvəlki yerinə döndü…
Bu iyirmi beş yaşlı qaraqabaq vücuda sahib, rəhbərlərə yaranmağa çalışan, tabeliyindəkilərlə səbirsiz dolanan bir adam idi. Dənizçilər vəzifəsindən əlavə, bu kimi xüsusiyyətlərinə görə, Danteslə müqayisədə, onu nəinki sevmir, hətta hədsiz dərəcədə nifrət edirdilər.
Danqlar dedi:
– Beləliklə, cənab Morrel, siz artıq başımıza gələn bədbəxt hadisədən xəbərdarsız, eləmi?
– Bəli! Bəli! Zavallı kapitan Lekler! Sevimli, vicdanlı bir adam idi!
– Başlıcası isə, səma ilə su arasında yaşa dolmuş, “Morrel və onun Oğlu” kimi böyük bir firmanın maraqlarını təmsil etməyə layiq görülən əla, gözəl və şərəfli bir dənizçi idi.
Baxışları ilə dayanacaq üçün yer seçməyə çalışan Dantesi izləyən armator dedi:
– Mənə elə gəlir, sizin dediyiniz kimi, işini yaxşı bilmək üçün o qədər də yaşlı olmağa ehtiyac yoxdur. Bax, dostumuz Edmon heç kimin məsləhəti olmadan hər işin öhdəsindən necə də yaxşı gəlir.
– Bəli, gənclik və özünə inam, – deyə Danqlar Dantesi nifrət dolu baxışla çəp-çəp süzərək cavab verdi. – Kapitan ölməyə macal tapmamış o, heç kimlə məsləhət etmədən komandanlığı öz üzərinə götürmüş və düz Marselə yollanmaq əvəzinə, Elba adası yaxınlığında gün yarım vaxt itirməyimizə səbəb olmuşdu.
– Komandanlığı öz üzərinə götürməklə kapitan köməkçisi kimi vəzifəsini yerinə yetirmişdi, amma gəminin əgər təmirə ehtiyacı yox idisə, Elba adası yaxınlığında gün yarım vaxt itirmək düzgün deyildi, – deyə armator cavab verdi.
– Gəmi möhkəm və qüsursuz idi, cənab Morrel, bu itirilən gün yarım yalnız onun gəmidən sahilə enmək, ləzzət almaq istəyi ilə bağlı idi, vəssalam.
Armator gəncə müraciətlə dilləndi:
– Dantes! Bura gəlsənə.
Dantes cavabında:
– Bağışlayın, cənab, – dedi, – bir dəqiqəyə hüzurunuzdayam.
Sonra gəmi heyətinə müraciətlə əmr verdi:
– Lövbər salınsın!
Dərhal lövbəri saldılar, zəncir gurultu ilə aşağı tərəfə gəldi. Bu sonuncu manevr bitənədək Dantes vəzifə başında durmağa davam etdi, hərçənd, losman yanında idi.
Sonra qışqırdı:
– Vımpel yarıya qədər endirilsin, bayrağa düyün vurulsun, reylər çarpazlaşdırılsın!
Danqlar dedi:
– Görürsünüzmü, sizə söz verirəm, artıq özünü kapitan hesab edir.
Armator cavab verdi:
– Bəli, o, elə kapitandır ki, var.
– Bəli, cənab Morrel, amma bu nə siz, nə də ortağınız tərəfindən təsdiq edilməyib.
Armator dedi:
– Onu niyə kapitan kimi saxlamayaq? Düzdür, cavandır, lakin mən çox təcrübəliyəm, fikrimcə o, işinə sədaqətlidir.
Danqların sifəti tutuldu. Dantes yaxınlaşaraq dedi:
– Bağışlayın, cənab Morrel. Siz deyəsən məni çağırırdınız, artıq lövbər atılıb, qulluğunuzdayam.
Danqlar bir addım geri çəkildi.
Sizdən Elba adasına nə üçün yan aldığınızı soruşmaq istəyirəm.
– Özüm də bilmirəm. Mən kapitan Leklerin sonuncu tapşırığını yerinə yetirirdim. Ölməzdən əvvəl Bertranaya bağlama çatdırmağıma göstəriş vermişdi.
– Edmon, deməli, siz onu görmüsünüz?
– Kimi?
– Marşalı.
– Bəli.
Morrel ətrafa baxıb Dantesi bir kənara çəkdi.
– Bəs imperator necədir? – deyə tələsik soruşdu.
– Zənn edirəm, sağlamdır.
– Deməli, siz imperatorun özünü də görmüsünüz?
– Mən orada olanda o, marşalın yanına gəldi.
– Siz onunla danışdınızmı?
Dantes gülərək cavab verdi:
– Hə, yəni o, mənimlə danışdı.
– Bəs sizə nə dedi?
– O, gəmi, Marselə yola düşəcəyimiz vaxt, istiqamətimiz və yük haqda məlumat aldı. Fikrimcə, gəmi boş və mənə aid olsaydı, onu ala bilərdi, lakin kapitanı əvəz etdiyimi və gəminin “Morrel və Oğlu” ticarət evinə məxsus olduğunu dedim. O, bildiyini dedi: “Morrellər nəsilliklə armatordular, onlardan biri, bizim Balansı müdafiəmiz zamanı alayımızda qulluq edirdi”.
Armator sevincdən qışqırdı:
– Düzdür! – Bu kapitan rütbəsinədək yüksələn mənim dayım Polikar Morrel idi. Dantes, siz mənim dayıma imperatorun onu necə xatırlamasını danışarsınız, qoca deyingənin necə ağlayacağını görərsiniz. – Armator dostcasına gənc dənizçinin kürəyinə vura-vura davam edib dedi, – yaxşı, yaxşı, Dantes, kapitan Leklerin əmrini yerinə yetirərək Elba yaxınlığında dayanmaqla yaxşı etmisiniz, digər tərəfdən də, marşala bağlama çatdırdığınız və imperatorla danışdığınız məlum olsa, sizə xətər dəyə bilər.
Dantes cavabında dedi:
– Bundan mənə nə kimi xətər dəyə bilər? Heç bağlamada nə olduğunu da bilmirəm, imperator isə mənə ilk gördüyü adama verə biləcəyi suallar verirdi. İcazə verin: budur karantin və gömrük məmurları gəlirlər.
– Gedin, gedin, mənim əzizim.
Gənc adam uzaqlaşdı və həmin dəqiqə Danqlara yaxınlaşdı.
O soruşdu:
– Nə oldu? Deyəsən, Porto-Ferrayo limanına daxil olma səbəbini izah etdi?
– Əzizim Danqlar, tamamilə haqlısınız.
– Hə! Lap yaxşı, – deyə o cavab verdi. – Dostunun öz borcunu yerinə yetirməməyini görmək çox ağırdı.
– Dantes öz borcunu yerinə yetirmişdi, burada onun ünvanına deyiləsi bir söz yoxdur, – deyə armator etiraz etdi. – Elba yaxınlığında dayanmağı ona kapitan Lekler əmr etmişdi.
– Yeri gəlmişkən, kapitan Lekler haqda; onun məktubunu sizə verdimi?
– Kim?
– Dantes.
– Mənə? Yox. Məgər onda məktub var idi?
– Mənə elə gəlir, bağlamadan əlavə kapitan ona məktub da vermişdi.
– Hansı bağlamadan danışırsınız, Danqlar?
– Dantesin Porto-Ferrayoya apardığı bağlamadan.
– Bəs Dantesin Porto-Ferrayoya bağlama apardığını hardan bilirsiniz?
Danqlar qızardı.
– Mən kapitan kayutunun yanından keçirdim və onun Dantesə bağlama və məktub verdiyini gördüm.
– Mənə heç nə deməyib, lakin onda məktub varsa, verəcək.
Danqlar fikrə getdi.
– Əgər belədirsə, cənab Morrel, onda xahiş edirəm, Dantesə heç nə deməyin. Yəqin, səhv etmişəm.
Bu anda gənc dənizçi geri qayıtdı. Danqlar yenə kənara çəkildi.
Armator soruşdu:
– Əzizim Dantes, nə oldu, boşsuzmu?
– Bəli, cənab Morrel.
– Necə də tez qurtarıbsınız!
– Bəli, malların siyahısını gömrük işçilərinə verdim, limandan isə losmanla birlikdə adam göndərmişdilər, kağızları da ona verdim.
– Eləsə, sizin burada heç işiniz qalmayıb?
Dantes tez ətrafına göz gəzdirdi. O dedi:
– Mənə hə, hər şey qaydasındadır.
– Onda gedək bizə nahara.
– Üzr istəyirəm, cənab Morrel, lakin əvvəlcə atamla görüşməliyəm. Şərəf verdiniz, təşəkkür edirəm…
– Düzdür, Dantes, düzdür. Mən bilirəm, siz yaxşı oğulsuz.
Dantes tərəddüdlə soruşdu:
– Bəs atam necə, ondan xəbəriniz varmı, sağ-salimdirmi?
– Əziz Edmon, mən onu görməsəm də, sağ-salamat olduğunu düşünürəm.
– Bəli, o, əvvəlki kimi öz kiçik daxmasında yaşayır.
– Ən azından bu sübut edir ki, siz olmasanız da o, heç nədən korluq çəkməyib.
Dantes gülümsədi.
– Mənim atam çox qürurludur, hətta onun hər şeyə ehtiyacı olsaydı belə, dünyada Tanrıdan başqa heç kimdən kömək istəməzdi.
– Beləliklə, güman edirəm, atanızı gördükdən sonra bizə gələcəksiniz?
– Cənab Morrel, bir daha üzr istəyirəm, lakin mənim bunun kimi daha bir dəyərli borcum var.
– Bəli! Sizi Katalanda atanız kimi səbirsizliklə başqa bir adamın, gözəl Mersedesin gözlədiyini unutmuşam.
Dantes gülümsədi.
– Belə de! – Deyə armator davam etdi. – İndi onun nəyə görə üç dəfə bura gəlib “Faraon”un gələcəyi vaxtı xəbər aldığını başa düşürəm. Lənətə gəlsin, Edmon, siz xoşbəxtsiz, rəfiqənizə söz ola bilməz!
Dənizçi ciddi halda dedi:
– O, mənim rəfiqəm deyil, nişanlımdır.
Armator gülümsədi:
– Bəzən bu eyni məna daşıyır.
– Amma bizim üçün deyil, – deyə Dantes cavab verdi.
– Yaxşı, Edmon, mən sizi saxlamıram. Mənim işlərimi o dərəcədə yaxşı yerbəyer etmisiniz ki, öz işlərinizi də düzəltmək üçün sizə vaxt verməyə məcburam. Pula ehtiyacınız varmı?
– Yox, lazım deyil. Dənizdə olduğum müddətdə təxminən üç aylıq əmək haqqım yığılıb.
– Siz dürüst adamsınız, Edmon.
– Cənab Morrel, unutmayın ki, mənim atam yoxsuldur.
– Bəli, bəli, bilirəm, siz yaxşı oğulsuz. Atanızın yanına gedin. Mənim də oğlum var, üç aylıq ayrılıqdan sonra oğlumun mənimlə görüşməyinə mane olan adama çox əsəbiləşərdim.
Cavan adam baş əyərək dedi:
– Deməli, icazə verirsiniz?
– Deməyə başqa sözünüz yoxdursa, gedə bilərsiniz.
– Başqa heç nə.
– Kapitan Lekler ölərkən, sizə mənim üçün məktub vermədi?
– O, yaza bilmirdi; lakin sualınız sizdən iki həftəlik məzuniyyət almalı olduğumu yadıma saldı.
– Toy üçünmü?
– Həm toy, həm də Parisə getmək üçün.
– Rica edirəm. Biz yükü altı həftəyə boşaldarıq, dənizə çıxmağımız isə üç aydan tez baş tutmaz. – Armator gənc dənizçinin kürəyinə vuraraq davam etdi, – lakin üç aydan sonra burada olmalısınız. “Faraon” kapitanı olmadan səfərə çıxa bilməz.
Dantes:
– Kapitanı olmadan! – deyə çığırdı, onun gözləri sevincdən parlamağa başladı. – Ehtiyatlı olun, cənab Morrel, çünki indicə qəlbimin ən gizli ümidlərini cavablandırdınız. Məni “Faraon”a kapitan təyin etməkmi istəyirsiniz?
– Mənim əzizim, tək olsaydım əlimi sizə uzadıb: “Məsələ həll olunub”, deyərdim. Lakin mənim ortağım var, siz italyan atalar sözünü yaxşı bilirsiniz: “Chi ha compagno ha padrone”.[2]2
Kimin ortağı varsa, o sahibkardır.
[Закрыть] Lakin işin yarısı həll olunub, çünki iki səsdən biri artıq sizə məxsusdur. İkinci səsin də sizə verilməsini mənə həvalə edin.
Gənc gözləri yaşlı halda onun əlini sıxaraq uca səslə dilləndi:
– Ah, cənab Morrel. Atamın və Mersedesin adından sizə təşəkkür edirəm.
– Yaxşı, yaxşı, Edmon, lənətə gələsən, təmiz adamlar üçün göydə Tanrı var! Atanızla, Mersedeslə görüşün, sonra mənim yanıma gəlin.
– Sizi sahilə aparımmı?
– Yox, təşəkkür edirəm, burada qalıb Danqlar ilə hesablara baxmaq istəyirəm. Gəmi səfəri zamanı ondan razı qalmışdınızmı?
– Həm hə, həm də yox. Bir yoldaş kimi yox. Bir dəfə onunla mübahisə etmişdim, məsələnin həlli üçün Monte-Kristo adası yaxınlığında on dəqiqəliyinə gəmini dayandırmağı təklif etdim, əlbəttə, bunu etməməliydim, o, çox ağıllı tərpənərək bundan imtina etdi, mənə elə gəlir, məhz elə o vaxtdan məni sevməməyə başladı. Bir mühasib kimi isə onun haqqında pis fikir söyləmək olmaz, yəqin, ondan razı qalacaqsınız.
Armator soruşdu:
– Dantes, deyin, “Faraon”un kapitanı olsaydınız öz istəyinizlə Danqları yanınızda saxlayardınızmı?
– Mən kapitan da olsam, köməkçi də olsam, cənab Morrel, sahibkarlarımın etimadını qazanan adamlara, həmişə tamamilə hörmətlə yanaşacağam.
– Doğrudur, Dantes. Siz hər cəhətdən yaxşı adamsınız. İndi isə gedin; görürəm, sanki iynə üstündəsiniz.
– Deməli, məzuniyyətdəyəm?
– Sizə, gedin deyirəm.
– İcazə verərsiniz qayığınızı götürüm?
– Götürün.
– Sağ olun, cənab Morrel. Min dəfə təşəkkür edirəm.
– Sağ olun, Edmon. Uğurlar arzulayıram.
Gənc dənizçi qayığa atılıb, sükanın yanına oturdu və Kannebyer küçəsinə tərəf avar çəkməyi əmr etdi. İki dənizçi avar çəkməyə başlayıb, qayığı iki sırada duran gəmilər arasından, digər qayıqların əmələ gətirdiyi dar keçiddən, limanın çıxışından keçirib Orlean dəniz sahilinə tələsdilər.
Armator təbəssümlə onun düz sahilədək gedişini və qayıqdan körpünün döşənmiş hissəsinə necə tullandığını, Kannebyer küçəsini səhər saat beşdən axşam saat doqquzadək dolduran izdiham içərisində gözdən itməsini izlədi, müasir fokeylilərin ciddi surətdə, qürurla, özünəməxsus vurğu ilə söylədiklərini xatırladı: “Kannebyer küçəsinə malik Paris kiçik Marsel olardı”.
Armator ətrafına boylanarkən arxasında dayanmış Danqları gördü, ilk baxışdan sanki o, armatorun əmrlərini gözləyirdi, əslində isə onun kimi baxışları ilə gənc dənizçini yola salırdı. Lakin eyni adamı izləyən bu baxışların mənası arasında böyük fərq var idi.
II. ATA VƏ OĞULKin və ədavət hissi ilə dostunu armatorun gözündən salmağa çalışan Danqları bir yana buraxıb, Kannebyer küçəsini bu başdan o başa keçərək, Noayl küçəsinin yanından ötüb, Melyan xiyabanının sol tərəfində yerləşən kiçik bir evə daxil olan və qaranlıq pilləkənlərlə beşinci mərtəbəyə qalxıb bir əli ilə pilləkəndən tutub, digər əlini isə sürətlə döyünən ürəyinin üzərinə basaraq, yarıaçıq qapı arxasından içərisi görünən mənzilin qarşısında dayanıb içəri baxan Dantesi izləyək. Bu mənzildə onun atası yaşayırdı.
Oturacağın üzərinə qalxıb titrəyən əli ilə pəncərəsini tutmuş ərik gülü, ağ əsmə gülünü sahmana salan qoca, hələ “Faraon” gəmisinin gəlişindən xəbərsiz idi. Qəfildən arxadan kimsə onu qucaqladı, sonra həmin doğma səsi eşitdi:
– Ata!
Qoca qışqırıb geri döndü. Oğlunu görcək tamamilə rəngi qaçmış halda, əsə-əsə onun qucağına atıldı.
Gənc narahat halda soruşdu:
– Ata, sizə nə olub, xəstəsiz?
– Yox, yox, sevimli Edmon, mənim oğlum, mənim balam, yox! Amma mən səni gözləmirdim… Məni qəfildən, gözləmədiyim halda yaxaladın… bu sevincdəndir. Aman Tanrım! Mənə elə gəlir, mən öləcəyəm!
– Ata, sakit olun, bu mənəm. Hamı deyir ki, sevgidən xətər gəlməz, buna görə də gəlib birbaşa girdim. Gülümsəyin, mənə də qorxu dolu gözlərlə baxmayın. Evə qayıtmışam, hər şey yaxşı olacaq.
– Lap yaxşı, mənim balam, – deyə qoca cavab verdi, – lakin hər şey necə yaxşı ola bilər? Məgər biz bir daha ayrılmayacağıq? Sevincini mənimlə bölüş!
– Tanrı məni, bir ailənin kədəri üzərindən aldığım sevincə görə bağışlasın, lakin O şahidimdi ki, bunu arzulamamışam. O özü mənə nəsib oldu, bunun üçün kədərlənməyə gücüm qalmamışdı. Kapitan Lekler vəfat etdi, çox güman, Morrelin himayəsi sayəsində onun yerini tutacağam. Başa düşürsənmi, ata? İyirmi yaşında kapitan olacağam! Yüz luidor məvacib, üstə gəl gəlirdən pay! Mən, kasıb bir dənizçi, bunu gözləyə bilərdimmi?
Qoca dedi:
– Bəli, mənim oğlum, sən haqlısan, – bu böyük xoşbəxtlikdir.
– İstəyirəm, elə ilk məvacibdən siz öz ərik gülü, ağ əsmə və doqquzdon gülləriniz üçün bağçalı bir ev əldə edəsiniz… Lakin sizə nə olub, ata? Özünüzü pis hiss edirsiniz?
– Heç nə, heç nə… indi keçər!
Qoca taqətsiz halda arxaya yaslandı.
– Dayan, ata! Bir qədəh şərab için, bu sizə kömək edər. Şərab hardadı?
Oğlunu dayandırmağa çalışan qoca dedi:
– Yox, sağ ol, lazım deyil, axtarma.
Dantes çığırdı:
– Necə yəni lazım deyil? – O, qorxu içində gah qocanın solğun, batmış yanaqlarına, gah da boş rəflərə baxırdı. – Necə yəni şərab yoxdu? Ata, pulunuz çatmayıb?
Qoca cavabında dedi:
– Sən artıq mənimləsənsə, deməli hər şeyim artıqlaması ilə var.
Dantes üzündən axan təri silə-silə pıçıldayırdı:
– Lakin, ata, üç ay bundan əvvəl gedərkən sizə iki yüz frank vermişdim.
– Bəli, bəli, lakin sən gedərkən qonşumuz Kadrussa borcunu ödəməyi unutmuşdun: o bunu mənə xatırladıb borcu ödəməsəm cənab Morrelin yanına gedəcəyini bildirdi, mən də qorxdum ki, bu sənin zərərinə olar…
– Bəs sonra? – Dantes çığırdı. – Lakin mən Kadrussa yüz qırx frank borclu idim!
– Hə, – qoca dili dolaşa-dolaşa cavab verdi.
– Deməli verdiyim iki yüz frankdan borcu ödədiniz?
Qoca başını buladı.
– Sonra altmış franka üç ay dolandınız?
Qoca cavab verdi:
– Oğlum, mənə çox şey lazım deyil ki!
Edmon atasının qarşısında diz çökərək inildədi:
– Aman Tanrım!
– Sənə nə oldu?
– Bunu heç zaman özümə bağışlamayacağam.
Qoca gülümsəyərək dedi:
– Fikir vermə, qayıtdınsa, deməli hər şey geridə qaldı. İndi bütün işlər qaydasındadır.
Gənc dedi:
– Bəli, qayıtmışam, ən yaxşı ümidlərlə və bir qədər pulla qayıtmışam… budur, ata, götürün, götürün və bu dəqiqə kimisə göndərin, nə isə alsın.
Edmon masanın üzərinə bir düjün qızıl, beş, ya altı ədəd beşfranklıq sikkə və xırda pul tökdü.
Qoca Dantesin sifətinin rəngi açılmağa başladı.
O, soruşdu:
– Bu kimindir?
– Mənimdir… sizindir… bizimdir! Götürün, çoxlu ərzaq aldırın, pula qənaət etməyin, sabah yenə gətirəcəyəm.
Qoca gülümsəyərək dedi:
– Dayan, dayan, icazənlə pulları az-az xərcləyərəm; hər şeyi birdən və çoxlu alsam, insanlar bunun üçün sənin gəlişini gözlədiyimi düşünəcəklər.
– Necə istəyirsinizsə elə də edin, lakin hər şeydən əvvəl bir qulluqçu tutun. Tək yaşamağınızı istəmirəm. Gəminin anbarında mənim əl altında saxladığım qaçaq qəhvəm və əla tütünüm var; sabah onları alacaqsınız. Sakit! Gələn var.
– Bu yəqin, Kadruss olacaq. Gəlişini eşidib, uğurlu geri dönməyin münasibəti ilə səni təbrik etməyə gəlir.
Edmon pıçıltı ilə dedi:
– Ürək bir şey fikirləşir, ağız başqa şey söyləyir. Lakin fərqi yoxdur, o, qonşumuzdur, bizə kömək göstərib! Onu mehribancasına qarşılamalıyıq.
Edmon sözünü bitirməmiş qapıda Kadrussun qara saqqallı başı göründü. O, iyirmi beş-iyirmi altı yaşlarında bir adam idi; sənətinə uyğun olaraq əlində paltar tikmək üçün bir parça mahud tutmuşdu.
Kadruss, ağzını geniş açıb, fil sümüyünə bənzər ağ dişlərinin hamısı görünəcək şəkildə gülərək güclü Marsel aksenti ilə dedi:
– Ah! Edmon, gəlmisən!
Dantes çətinliklə də olsa öz soyuq münasibətini nəzakətli səs tonu altında gizlədərək cavab verdi:
– Kadruss, qonşu, lazım bilsəniz, qulluğunuzdayam.
– Acizanə təşəkkür edirəm. Xoşbəxtlikdən mənə heç nə lazım deyil, hətta bəziləri mənim köməyimə möhtacdır (Dantes diksindi). Edmon, mən sizi nəzərdə tutmuram. Yaxşı qonşular arasında bu kimi şeylər yaşanır; mən sənə borc pul vermişdim, sən də onu qaytardın, beləliklə də biz haqq-hesabı çürütmüş olduq.
Dantes dedi:
– Bizə kömək edənlərlə heç zaman haqq-hesabı kəsə bilmərik. Pul borcu qaytarılsa da, təşəkkür borcu qalır.
– Bu haqda danışmağın nə mənası var? Onlar keçmişdə qaldı. Yaxşısı budur gəl sənin sağ-salamat qayıtmağından danışaq. Mən qəhvəyi rəngli mahud almaq üçün limana getmişdim, orada dostum Danqlarla rastlaşdım. Ona deyirəm: “Necə yəni, sən Marseldəsən?” “Gördüyün kimi”. “Smirnada olduğunu düşünürdüm”. “Orada da ola bilərdim, çünki oradan gəlirəm”. “Bəs bizim Edmon haradadır?” Danqlar: “Yəqin, atasının yanındadır”, dedi. – Kadruss davam etdi, – mən də gəldim dostumu salamlamağa.
Qoca dedi:
– Sevimli Kadruss bizi nə qədər çox sevir!
– Əlbəttə, həm sevirəm, həm də hörmət edirəm, çünki namuslu adamlara indi az rast gəlinir…
Dərzi gözünün ucu ilə masanın üzərindəki, qızıl və gümüş pullara baxaraq davam etdi:
– Dostum, olmaya sən varlanmısan.
Lakin Dantes qonşusunun qara gözlərində parlayan xəsislik qığılcımlarını sezə bilmək iqtidarında idi.
– Bu mənim pullarım deyil, – deyə o, laqeydcəsinə cavab verdi. – Atamdan ehtiyac içində olub-olmadığını soruşdum, o da məni sakitləşdirmək üçün pul qabında olan pulların hamısını masanın üzərinə tökdü. Ata, qonşunun pula ehtiyacı yoxdursa, onları gizlədin.
Kadruss dedi:
– Yox, əzizim, yox, mənim heç nəyə ehtiyacım yoxdu; Tanrıya şükürlər olsun, sənətkarı sənət dolandırır. Pullarınızı qoruyun, o heç zaman adama artıqlıq etməz. Buna baxmayaraq sənə təklifinə görə yenə təşəkkür edirəm, hesab et ki, ondan artıqlaması ilə istifadə etmişəm.
Dantes dedi:
– Mən bütün qəlbimlə təklif etmişdim.
– Şübhə etmirəm. Ah səni, hiyləgər, deməli Morrellə yaxın dostsunuz?
Dantes cavab verdi:
– Cənab Morrel mənə qarşı həmişə xeyirxah olub.
– Onda sən nahaq yerə nahar yeməyindən imtina etmisən.
– Necə yəni imtina etmisən? – deyə qoca Dantes soruşdu. – Məgər o, səni nahara dəvət etmişdi?
Dantes gülümsəyərək cavab verdi:
– Bəli, ata. – O, oğluna göstərilən bu qeyri-adi şərəfin, atasını necə heyran etdiyinin şahidi oldu.
Qoca soruşdu:
– Bəs sən nə üçün imtina etdin, oğlum?
Dantes cavab verdi:
– Yanınıza tez gəlmək üçün, ata. Mən sizi görməyə tələsirdim.
Kadruss davam etdi:
– Çox güman Morrel inciyib, ancaq kapitanlığa can atırsansa, armatorun sözünün əksinə getməməlisən.
– Mən ona imtina etməyimin səbəbini açıqladım, məni başa düşdüyünə əminəm.
– Kapitan olmaq istəyirsənsə, ağana azacıq da olsa, yaltaqlanmalısan.
– Əminəm, bunsuz da ötüşmək olar, – Dantes cavab verdi.
– Lap yaxşı, lap yaxşı! Bu sənin bütün köhnə dostlarını sevindirər. Mən Müqəddəs Nikolay istehkamında bundan xüsusilə razı qalacaq bir adam tanıyıram.
Qoca soruşdu:
– Mersedes?
– Bəli, ata, – Dantes dedi. – İndi isə mən sizin sağlam olduğunuzu və heç nəyə ehtiyacınızın olmadığını gördükdən sonra, Katalana getmək üçün izninizi istəyirəm.
Qoca Dantes cavab verdi:
– Get, mənim balam, get, Tanrı mənə sənin kimi oğul nəsib etdiyi kimi, sənə də yaxşı bir arvad nəsib etsin.
– Arvad! – Kadruss dedi, – siz necə də tələsirsiniz; deyəsən, o, hələlik onun arvadı deyil!
– Hələlik yox, – Edmon cavab verdi, – lakin bütün ehtimallara görə tezliklə olacaq.
– Necə olmasından asılı olmayaraq, – Kadruss dedi, – hər halda, tez gəlməkdə yaxşı etmisən.
– Nəyə görə?
– Çünki Mersedes gözəldir, gözəllərin isə kifayət qədər pərəstişkarı olur, xüsusilə də onun: dəstə ilə ardınca gəzirlər.
Dantes gülümsədi:
– Doğrudanmı? – Lakin Edmonun bu təbəssümündə yüngülvari narahatlıq hiss olunurdu.
– Bəli, bəli, – Kadruss davam etdi, – həm də qibtə olunacaq, evlənmək yaşında oğlanlardır, özün başa düşürsən, tezliklə kapitan olacaqsan, yəqin, sənə rədd cavabı verilməyəcək.
Dantes narahatlığını, azacıq da olsa, ört-basdır edən gülüşlə dəstək verdi:
– Yəni, mən kapitan olmasaydım…
Kadruss donquldandı:
– Hm! Hm!
– Mən sizdən fərqli olaraq, Mersedes və adaxlılar haqqında yaxşı fikirdəyəm, kapitan olsam da, olmasam da Mersedes mənə sadiq qalacaq.
– Lap yaxşı, lap yaxşı! Evlənərkən inanmağı bacarmalısan; lakin dostum, fərqi yoxdur, mən sənə inanıram; vaxt itirmədən gedib gəlişini ona bildir və planlarını bölüş.
– Gedirəm, – Edmon cavab verdi.
O, atasını öpüb, Kadrussa baş əyib çıxdı. Kadruss bir az da qocanın yanında oturduqdan sonra onunla görüşüb, Senak küçəsinin tinində onu gözləyən Danqların yanına döndü.
Danqlar soruşdu:
– Nə oldu, onu gördünmü?
Kadruss cavab verdi:
– Gördüm.
– Sənə kapitanlığa ümid etdiyini dedi?
– O, bu haqda danışanda artıq özünü kapitan kimi aparırdı.
– Belə de! Həddindən artıq tələsir!
– Lakin görünür, Morrel ona vəd verib…
– Çox sevinclidir?
– Kobudluq həddində, hətta tanınmış adam kimi xidmət, bankir kimi pul da təklif edirdi.
– Sən də imtina etdin?
– İmtina etdim. Lakin ondan borc da ala bilərdim, çünki həyatda gördüyü ilk pulları ona heç kim yox, mən borc vermişdim. Lakin cənab Dantesin heç nəyə ehtiyacı yoxdu: tezliklə kapitan olacaq!
– Lakin hələ kapitan deyil!
– Heç kapitan olmasa yaxşıdır, yoxsa onunla heç danışmaq da mümkün olmaz.
– Biz istəsək o, indiki kimi, hətta ola bilsin, ondan da aşağıda ola bilər.
– Nə deyirsən?
– Heç nə, mən sadəcə öz-özümə danışıram. O, hələ də gözəl katalanlıya aşiqdir?
– Hədsiz dərəcədə; artıq ora yollandı. Lakin ya mən çox yanılıram, ya da bu tərəfdən onu pis xəbərlər gözləyir.
– Aydın danış.
– Nəyə görə?
– Bu sənin düşündüyündən daha əhəmiyyətlidir. Axı sən Dantesi sevmirsən?
– Mən qürurlu adamları sevmirəm.
– Sən bu katalanlı qız haqqında bildiklərinin hamısını mənə danış.
– Əmin olmadığım heç nəyi deyə bilmərəm, lakin elə şey görmüşəm ki, gələcək kapitanın onlara yolçuluğu zamanı, Qədim Xəstəxananın qarşısında, xoşagəlməz hadisə baş verməsindən qorxuram.
– Nə gördün? Danış görüm.
– Mersedesin hər dəfə şəhərə gəlişi zamanı onu yekəpər, qara gözlü, qırmızı sifət, qara saçlı, hirsli, katalanlı bir oğlan ötürür. Mersedes onu “əmi oğlu” deyə çağırır.
– Doğrudanmı!… Sən bu qardaşın onun arxasınca süründüyünümü düşünürsən?
– Güman edirəm, iyirmi yaşlı o yekəpər oğlanla on yeddi yaşlı gözəl qız arasında başqa nə ola bilər?
– Deyirsən, Dantes Katalana getdi?
– Yanımdan getdi.
– Biz də ora getsək, “Rezerv”də dayanaraq qarşımızda bir qədəh Malqa şərabı ilə xəbərlərdən hali ola bilərik.
– Bəs onları bizə kim çatdıracaq?
– Biz Dantesin yolunun üstündə olacağıq, üzünə baxanda nə baş verdiyini görəcəyik.
– Amma pulu sən ödəyəcəksən, – Kadruss dedi.
– Əlbəttə.
Hər ikisi cəld addımlarla deyilən yerə yollandılar. Meyxanaya gəldikdə bir butulka şərab və iki qədəh gətirməyi tələb etdilər.
Qoca Pamfildən Dantesin on dəqiqə əvvəl meyxananın qabağından keçdiyini öyrəndilər.
Dantesin Katalana getdiyindən əmin olduqdan sonra, budaqları bir sürü quşla dolu çinar və əncir ağaclarının altında oturaraq, quşların yazın ilk aydın günlərdən birinin vəsfini dinləməyə başladılar.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?