Текст книги "QRAF MONTE-KRİSTO"
Автор книги: Александр Дюма
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 85 страниц) [доступный отрывок для чтения: 28 страниц]
Həmin gün, həmin saatda Qran-Kur küçəsində, Meduza fəvvarəsilə üzbəüz, memar Pyuje tərəfindən tikilmiş, qədim kübar evlərin birində də təntənəli surətdə nikah şənliyi keçirilirdi.
Lakin bu təntənənin qəhrəmanları sadə adamlar, dənizçilər və əsgərlər deyil, yüksək Marsel cəmiyyətinə məxsus adamlar idi. Burada hələ qəsbkar kralın zamanında istefaya göndərilmiş yüksək mənsəb sahibləri; Fransız ordusundan Konde ordusuna qaçan hərbiçilər və burada övladlarının təhlükəsizliyindən əmin olmayan bu valideynlərin, övladlarının hər birinin yerinə orduya dörd-beş əsgər göndərsələr də, beş illik sürgündə qurban getməyə, on beş illik bərpadan sonra isə tanrılıq iddiasında olanlara qarşı nifrət ruhunda tərbiyə edilmiş gənc övladları toplaşmışlar.
Hamı masa arxasında oturmuş və ortalıq o dövrün qızğın, şiddətli söhbətləri ilə qaynayırdı, çünki Fransanın cənubunda artıq beş yüz il idi ki, siyasi düşmənçilik dini düşmənçiliklə güclənməkdə idi.
Bütün qitənin, beş-altı min canın hökmdarı, yüz iyirmi milyon rəiyyətin on dildə ona: “Yaşasın Napoleon!” dedikdən sonra, Elba adasının kralı olmuş İmperator ziyafət iştirakçıları üçün Fransanın və taxt-tacın həmişəlik itirilmiş adamı hesab edilirdi. Yüksək mənsəb sahibləri onun siyasi səhvlərini, hərbiçilər Moskva və Leypsiq yürüşlərini, qadınlar isə onun Jozefina ilə boşanmalarını yada salır və müzakirə edirdilər. Bu padşahpərəst yığıncaq, adamın yıxılmağına deyil, prinsipin məhv olmasına sevinirdi – onlara elə gəlirdi ki, onun üçün yeni həyat başlayır və artıq əzablı bir yuxudan oyanıb.
Döşündə Müqəddəs Lüdovikin ordeni olan qamətli, yaşlı bir adam ayağa qalxıb kral XVIII Lüdovikin şərəfinə içməyi təklif etdi. Bu markiz de Sen-Meran idi.
Qartvel sürgünü və kralı, Fransanın barışdırıcısı şərəfinə deyilən bu tost gurultulu çağırışlarla qarşılandı; ingilis adətinə görə hamı badəsini qaldırdı; qadınlar buketlərindən ləçəklər qopararaq masa örtüyünün üzərinə səpirdilər. Bu ani həmlə gözəl poeziyanın təcəssümü idi.
– Onlar burada olsaydılar, – deyə sərt baxışlı, nazik dodaqlı, əsilzadə ədalı, əlli yaşına baxmayaraq hələ də möhtəşəm görünən markiza de Sen-Meran sözə başladı, – onlar burada olsaydılar boyunlarına alardılar ki, bizi evlərimizdən qovan bütün bu inqilabçılar, onlara verdiyimiz imkandan istifadə edərək böyük Terror zamanında bir parça çörəyə aldıqları qədim qəsrlərimizdə oturaraq, bizə qarşı necə cinayət törədirdilər, onlar boyunlarına alardılar ki, əsl fədakarlıq bizə məxsusdur, çünki biz dağılmaqda olan monarxiyaya sadiq qalmışdıq, onlar isə əksinə, yüksəlməkdə olan günəşi alqışlayırdılar, biz var-yoxdan çıxdığımız halda onlar var-dövlət sahibi olurdular, boyunlarına alardılar ki, doğrudan da bizim kralımız Lüdovik Sevimli idi, amma onların qəsbkarları həmişə Napoleon Lənətlənmiş olaraq qalıb; düzdürmü, de Vilfor?
– Əmriniz nədir, markiza?… Bağışlayın, mən sizi dinləmirdim.
Sağlığa içməyi təklif edən yaşlı adam dedi:
– Uşaqları rahat buraxın, markiza. Onların bu gün nişanıdır və əlbəttə, indi onları siyasət maraqlandırmır.
Gənc və gözəl, sarışın, nəmli, məxmər gözlü bir qız dedi:
– Bağışla, ana, cənab de Vilforu mən məşğul etmişdim. Ana, cənab de Vilfor sizinlə danışmaq istəyir.
Cənab de Vilfor dedi:
– Markiza mənim eşitmədiyim sualı təkrar etməyə razıdırsa, ona cavab verməyə hazıram.
Markiza, onun sərt sifətində bunu görmək nə qədər qəribə olsa da, zərif bir gülüşlə dedi:
– Səni bağışlayıram, Rene; lakin qadın ürəyi elə yaradılıb ki, onun xurafatla və əxlaqi tələblərlə əldən salınmış qəlbində həmişə Tanrı tərəfindən qorunub saxlanılan, canlı nəsil törətməyə qadir olan bir guşəsi, ona sevgisi üçün qalır. Vilfor, mən Bonapart tərəfdarlarında nə bizdəki etiqad, nə bizdəki fədakarlıq, nə də sədaqət olduğunu deyirdim.
– Xanım, onlarda sadaladığınız bu keyfiyyətləri əvəz edən bir xüsusiyyət var, bu fanatizmdir. Napoleon – qərbin Məhəmməd Peyğəmbəridir; bütün bu aşağı təbəqəli, lakin həddindən artıq şöhrətpərəst adamlar üçün o, təkcə qanunverici və hökmdar deyil, həm də bərabərlik rəmzidir.
– Bərabərlik! – Markiza ucadan dedi, – bərabərlik! Napoleon bərabərlik rəmzidir? Bəs onda cənab de Robespyer? Mənə elə gəlir, siz onun da yerini qəsb edib bu korsikalıya verirsiniz; onun qəsbkarlığı kifayət etmir?
Vilfor etiraz etdi:
– Xeyr, xanım, – mən hər kəsi öz yerinə oturduram: Robespyeri XV Lüdovik meydanında eşafot üzərinə; Napoleonu isə Vandom meydanında öz sütunu üzərinə. Lakin bunların gətirdiyi bərabərlikdən biri alçaldıcı, digəri isə yüksəldicidir; biri kralları gilyotində başını kəsməyə qədər alçaltdı, digəri xalqı taxt-taca qədər yüksəltdi. – Vilfor gülərək əlavə etdi, – lakin bu onların ikisinin də alçaq inqilabçı olduqlarını inkar etmir və doqquzu termidorla, 4 aprel 1814-cü il Fransa üçün iki əlamətdar gündür, bu günləri həm qanun, həm də monarxiya tərəfdarları eyni səviyyədə qeyd etməlidir; bununla da ümid edirəm, həmişəlik devrilmiş Napoleonun qısqanc tərəfdarlarının əldə saxlanılmasının səbəbini izah etmək olar. Markiza, siz nə istəyirsiniz? Kromvel Napoleonun yalnız yarısı səviyyəsində ola bilər!
– Bilirsiniz nə var, Vilfor, bir verstdən olsa belə, bundan inqilab qoxusu gəlir. Lakin mən sizi bağışlayıram; ola bilməz ki, jirondist tərəfdarının oğlu olub inqilabi ruha malik olmayasan.
Vilforun üzü qızardı.
– Düzdür, mənim atam jirondist idi; lakin o, kralın öldürülməsinə səs verməyib, bunun üçün hətta böyük Terror zamanında təqiblərə məruz qalmış və az qala sizin atanızın başı vurulan eşafotda onun da başı vurulacaqdı.
Bu qanlı xatirə sifətində heç nə ilə əks olunmayan markiza cavab verdi:
– Bəli, – onlar müxtəlif, daban-dabana zidd prinsiplərə görə eşafota qalxmış olardılar, bu da sizə sübut: bizim bütün ailəmiz sürgünə göndərilmiş Burbonlara sadiqliyini qoruyub saxlamışdı, sizin atanız isə tez yeni hökumət tərəfinə keçmişdi; vətəndaş Nuartyye jirondist idi, qraf Nuartyye isə senator oldu.
Rene dedi:
– Ana, siz bizim bir də heç zaman o kədərli xatirələrə qayıtmamaq haqqında şərtlərimizi unutmamısınız ki?
Vilfor dedi:
– Xanım, mən mademuazel de Sen-Meranaya qoşulur və onunla birlikdə sizdən artıq dərəcədə rica edirəm ki, keçmişi unudasınız. Tanrının belə gücü yetmədiyi şeyləri müzakirə etməyin nə mənası var? Tanrı gələcəyi dəyişdirməyə qadirdir, keçmişi isə heç cürə dəyişdirə bilməz. Əgər biz keçmişdən imtina edə bilmiriksə, heç olmazsa üzərinə pərdə salmağı bacarmalıyıq. Məsələn, mən yalnız atamın baxışlarından deyil, onun adından da imtina etdim. O, bonapartist idi və ola bilsin, indi də bonapartistdir və Nuartye adlandırılır; mən isə royalistəm və de Vilfor adlandırılıram. Qoy yaşlı palıd ağacının inqilabı şirəsi qurusun; siz yalnız ondan ayrılan budağa baxın, lakin ondan qopmayan, bəlkə də heç qopmaq istəməyən budağa yox.
– Əhsən, Vilfor! – Markiz ucadan dedi: – Var ol! Yaxşı deyilib! Mən də həmişə markizanı keçmişi unutdurmağa çalışmışam, lakin əbəs yerə; mənə elə gəlir, siz bu işdə məndən daha da bacarıqlı olacaqsınız.
– Yaxşı, mən özüm də bunu istəyirəm, keçmişi unudaq, lakin Vilfor gələcəkdə daha da mətanətli olmalıdır. Vilfor, unutmayın, sizin üçün biz hamımız əlahəzrət qarşısında zamin durmuşuq və əlahəzrət bizim zəmanətimizi nəzərə alaraq hər şeyi unutmağa razılıq verib, mən sizin xahişinizlə bunu unuduram, – deyə markiza əlini uzatdı. – Lakin unutmayın, sizin əlinizə hər hansı bir üsyançı düşərsə: bilin ki, siz də ciddi təqibdəsiniz, çünki elə bir ailəyə mənsubsunuz ki, ola bilsin ki, onun özü də üsyançılarla iş birliyindədir.
Vilfor cavabında dedi:
– Lakin xanım, mənim vəzifəm, xüsusilə də indiki mühitdə, ciddi olmağımı tələb edir. Ciddi də olacağam. Mən bir neçə dəfə siyasi məsələlərdə ittihamçı sifəti ilə çıxış etmişəm və bu işlərə görə yaxşı zəmanət almışam. Təəssüflər olsun ki, bu hələ son deyil.
Markiza soruşdu:
– Siz elə düşünürsünüz?
– Mən bundan ehtiyat edirəm. Elba adası Fransaya çox yaxındır. Napoleonun, demək olar, bizim sahillərdə olması onun tərəfdarlarını ümidləndirir. Marsel yarı maaşa işləyənlərlə qaynayır; onlar kralpərəstlərlə dava etməyə daim səbəb axtarırlar. Kübar adamlar arasında duellər, sadə xalq arasında isə bıçaqlanmalar buradan qaynaqlanır.
Markiza de Sen-Meranın köhnə dostu və qraf d’Arturun kamergeri qraf de Salvyo dedi:
– Bəli, məgər siz bilmirsiniz ki, Müqəddəs İttifaq onu köçürmək istəyir?
Markiz cavab verdi:
– Bəli, biz Parisdən çıxanda bu haqda söhbət var idi. Bəs onu hara göndərəcəklər?
– Müqəddəs Yelenaya.
– Müqəddəs Yelenaya! O haradır? – deyə markiza soruşdu.
Qraf cavab verdi:
– Ekvatorun o tayına, buradan iki min mil o yana.
– Yaxşı yol! Vilfor düz deyir, belə bir adamı doğulduğu Korsika ilə kürəkəninin hökmranlıq etdiyi Neapol və oğluna krallığa vermək istədiyi İtaliya arasında saxlamaq ağılsızlıq olardı.
Vilfor dedi:
– Təəssüf ki, 1814-cü ilin müqavilələri var və onları pozmadan Napoleona toxunmaq olmaz.
Qraf de Salvyo dedi:
– Onları pozarlar! O, yazıq hersoq Engiyenskiyə güllələnmə əmri verəndə son dərəcə prinsipial olmamışdı.
Markiza dedi:
– Əla qərardır: Avropanı Müqəddəs İttifaq Napoleondan qurtarar, Vilfor isə Marseli onun tərəfdaşlarından. Ya kral hökmranlıq edəcək, ya da yox; hökmranlıq edəcəksə, onun hökuməti güclü, idarəediciləri isə mətin olmalıdır; yalnız bu halda təhlükənin qarşısını almaq olar.
Vilfor gülümsəyərək dedi:
– Təəssüflər olsun ki, xanım, kral prokurorunun köməkçisi bəlanı baş verdikdən sonra görür.
– Belə olduğu halda bunu düzəltməlidir.
– Mən deyə bilərəm ki, xanım, biz bəlanın qarşısını deyil, onun qisasını alırıq, vəssalam.
Gənc və gözəl bir qız, mademuazel de Sen-Meranın rəfiqəsi, qraf de Salvyonun qızı dedi:
– Ah, cənab de Vilfor, biz Marseldə olduğumuz müddətdə çalışın bir maraqlı məhkəmə prosesi keçirəsiniz. Mən heç zaman məhkəmə iclasçılarının iştirakı ilə məhkəmə keçirilməsini izləməmişəm, deyirlər, bu çox maraqlı olur.
Qraf prokurorunun köməkçisi cavab verdi:
– Doğrudan da çox maraqlıdır. Bu artıq süni deyil, əsl faciədir; bu riyakar iztirab yox, həqiqi iztirabdır. Tamaşanın sonunda gördüyünüz adam, ailəsi ilə yemək yeməyə, yaxud rahat yatıb sabah hər şeyi yenidən başlamaq üçün evə getmir, həbsxanaya, orada onu gözləyən cəlladın yanına yollanır. Beləliklə, kəskin hisslər axtaran əsəbi xanımlar üçün, bundan gözəl tamaşa ola bilməz. Arxayın ola bilərsiniz, belə bir imkan yaransa ondan istifadə etməyə çalışaram.
Rəngi ağappaq ağarmış Rene dedi:
– Onun sözlərindən adamın bədəninə üşütmə düşür, o isə gülür!…
– Nə əmr edirsiniz?… Bu təkbətək döyüşdür… Mən artıq beş-altı dəfə siyasi və başqa müttəhimlər üçün edam tələb etmişəm… Kim bilir, indi mənə qarşı neçə qılınc tuşlanıb, neçəsi də itilənir!
Rene ucadan dedi:
– Aman Tanrım! – Cənab de Vilfor, bunu ciddi deyirsiniz?
– Vilfor gülümsəyərək cavab verdi:
– Tamamilə ciddiyəm. – Qrafinyada maraq doğuracaq, mənimsə şöhrətpərəstliyim çərçivəsində keçiriləcək bu məhkəmə işləri, mənə qarşı olan nifrəti daha da artıracaq. Bəs kor-koranə düşmənin üzərinə getməyə adət etmiş bu Napoleon əsgərləri nə zaman güllə atacaqlarını, nə zaman isə süngü ilə vuracaqlarını hesablaya biləcəklər? Doğrudan da onlar üzlərini görmədikləri, lakin özlərinin şəxsi düşmənləri saydıqları rus, Avstriya və macar əsgərlərini düşünmədən öldürməyə qadirdir? Doğrusu da budur, bizim işimizdə təhlükə zərurətdir, yoxsa işlərə görə bəraət qazana bilmərik. Müttəhimin gözlərində qəzəb gördükdə, özüm də alovlanıram, bu isə mənə güc verir. Bu artıq mübarizə deyil, döyüşdür; mən onunla döyüşürəm, o, müdafiə olunur, mən yenidən zərbə endirirəm, bütün döyüşlərdə olduğu kimi, bu döyüş də qalibiyyət, ya da məğlubiyyətlə bitir. Məhkəmədə çıxış etmək, bax bu deməkdir! Təhlükə gözəl və aydın danışıq qabiliyyəti doğurur. Əgər məhkum mənim çıxışımdan sonra gülürsə, deməli çıxışım zəif, sözlərim təsirsiz və mənasızmış. Təsəvvür edin, neçə prokurorun təkzib edilməz dəlilləri və gözəl, aydın, qabiliyyətli nitqi altında məhkumun rəngi solur, boynu bükülür. Bu prokurorun qəlbini qürur hissi ilə doldurur! Cinayətkarın başı əyilir və aşağı düşür!
Rene sakitcə qışqırdı. Qonaqlardan biri dedi:
– Gör necə danışır!
Digəri əlavə etdi:
– Bax, bizim zəmanədə məhz belə adamlara ehtiyacımız var.
Üçüncü həmsöhbət davam etdi:
– Sonuncu dəfəki məhkəmədə siz də əla idiniz, Vilfor. Yadınızdadır, atasını öldürən o əclaf? Demək olar, cəllad ona toxunmadan əvvəl, siz onu öldürmüşdünüz.
– Bu ata qatilləri… Mənim onlara heç yazığım gəlmir. – Rene dedi, – bu kimi adamlar üçün lazımi dərəcədə ağır cəza tədbiri yoxdur. Lakin yazıq siyasi cinayətkarlar…
– Rene, onlar daha pis vəziyyətdədir, çünki onlar xalqın atası hesab edilən kralı devirmək, ya da öldürmək istəyirdilər, bu isə otuz iki milyon adamın atasını öldürmək deməkdir.
Rene dedi:
– Fərqi yoxdur, cənab Vilfor. Amma mənə söz verin ki, sizdən xahiş etdiyim adama qarşı daha mərhəmətli olacaqsınız…
Vilfor füsunkarcasına gülərək cavab verdi:
– Sakit olun, ittihamnaməni birlikdə yazacağıq.
Markiza dedi:
– Mənim əzizim, milçəkquşu, itləriniz və bəzək-düzəyinizlə məşğul olun, gələcək ərinizə işlərilə məşğul olmağa imkan verin. İndi silahlar susub, ehramlar dəbdədir; bu haqda yaxşı latın atalar misalı da var.
Vilfor dedi:
– Cedant arma togae.[4]4
Silahlar susub, yerini ehrama verib.
[Закрыть]
Markiza dedi:
– Mən latınca deməyə cürət etmədim.
Rene sözünə davam etdi:
– Sizi həkim olaraq görmək daha da xoş olardı. Cəzalandıran mələk, mələk olsa da, həmişə mənə qorxunc görünüb.
Vilfor gənc qıza sevgi dolu nəzər salaraq pıçıldadı:
– Rene, mənim əzizim!
Markiz dedi:
– Cənab de Vilfor bizim əyalətin mənəvi və siyasi həkimi olacaq; qızım, mənə inan, bu şərəfli bir vəzifədir.
İslah olunmaz markiza əlavə etdi:
– Bu həm də onun atasının oynadığı rolu unutmağa kömək edər.
Vilfor qəmgin-qəmgin gülümsəyərək cavab verdi:
– Xanım, – mən ən azı buna ümid edirəm, atamın əvvəlki yanlışlara görə tövbə etdiyini, dinin və qanunun qeyrətli dostuna çevrildiyini demək şərəfinə nail oldum, o, məndən də yaxşı kralpərəstdir, çünki onun sevgisi tövbədən, mənimki isə ehtirasdan keçir.
Vilfor, belə bir gözəl monoloqdan sonra, həmişə məhkəmədə olduğu kimi, nitqinin camaata necə təsir etdiyini yoxlamaq üçün, iştirak edənlərə nəzər saldı.
Qraf de Salvyo dedi:
– Düzdür, Vilfor, üç gün bundan əvvəl eyni sözləri Tüilridə jirondistin oğlu ilə Konde ordu zabitinin qızının evlənməsinə təəccübləndiyini bildirən saray nazirinə bunu demişdim, nazir məni çox gözəl başa düşdü. Kral özü bu tərzdə birliyi himayə edir. Bizi dinlədiyini güman etmirdik, lakin birdən söhbətə qarışıb dedi: “Vilfor (diqqət edin, kral “Nuartye” demir, ancaq Vilfor deyərək müraciət edir) çox irəli gedəcək; bu gənc adam tamamilə oturuşub və artıq mənim çevrəmdəndir. Markiz və markizanın qızını ona ərə verməklərini razılıqla qarşıladım, onu da qeyd etmək istərdim ki, əgər onlar bu iş üçün qabaqcadan izin almağa gəlməsəydilər, özüm bunu onlara məsləhət görəcəkdim”.
Vilfor gülərək dedi:
– Bu həkimə miqren, çil, eşşəkarısının vurduğu xəstə nəsib olmasını arzulamaq kimi bir şeydir. Siz məni kral prokuroru görmək arzusundasınızsa, onda yanıma qorxulu xəstəliklərə yoluxmuş adamların gəlməsini arzulayın, çünki onların sağaldılması həkimə şərəf gətirər.
Bu anda, tale sanki Vilforun diləyini gözləyirmiş kimi, qulluqçu içəri girib onun qulağına nə isə pıçıldadı.
Vilfor, üzr istəyərək masadan qalxdı; bir neçə dəqiqədən sonra xoş təbəssümlə geri döndü.
Rene həsrətlə öz nişanlısına baxdı: onun bakenbardlı sifətində göy gözləri alov saçırdı, bu vəziyyətdə daha yaraşıqlı görünürdü. Rene səbirsizliklə onun ani getmə səbəbinin izahını gözləyirdi.
Vilfor dedi:
– Siz indicə ərinizin həkim olmasını arzulayırdınız, baxın Eskulapın (1815-ci ildə onu hələ belə adlandırırdılar) şagirdləri ilə mənim bəzi oxşarlıqlarım var: öz zamanımı nizamlaya bilmirəm. Məni hətta bu gün sizin yanınızda, nişan günümüzdə axtarıb tapdılar.
Gənc qız narazı halda soruşdu:
– Bəs sizi nə üçün çağırmışdılar?
– Deyilənlərə inansaq, çox ağır bir xəstə üçün. Xəstəliyi çox ciddidir və onun eşafot təhlükəsi gözləyir.
Rene rəngi qaçmış halda ucadan dedi:
– Aman Tanrım!
Qonaqlar bir ağızdan bağırdılar:
– Siz nə danışırsınız?
– Görünür, söhbət nə az, nə çox – Bonapart sui-qəsdindən gedir.
Markiza ucadan dedi:
– Doğrudanmı!
– Görün xəbərdə nə deyilir.
Vilfor oxumağa başladı:
“Taxt-tac və əqidə tərəfdarı cənab kral prokurorunu məlumatlandırır ki, Neapol və Porto-Ferraroya daxil olmaqla Smirnadan gələn “Faraon” gəmisinin kapitan köməkçisi Edmon Dantes, Müratdan qəsbkara, qəsbkardan isə Paris Bonapart komitəsinə məktub gətirmişdi.
Əgər o, saxlanılarsa, ifşaedici məktub özündə, ya atasında, ya da onun “Faraon” gəmisindəki kayutunda ola bilər”.
Rene dedi:
– Bağışlayın, bu məktub sizə yazılmayıb, kral prokuroruna ünvanlanıb.
– Bəli, lakin kral prokuroru burada deyil; məktub poçta cavabdeh olan katibə verilib; o bu məktubu açıb, mənim dalımca adam göndərib, mən evdə olmayınca özü həbs barədə əmr verib.
Markiza soruşdu:
– O halda təqsirkar həbs edilib?
Rene düzəliş etdi:
– Yəni təqsirləndirilən.
Vilfor cavab verdi:
– Bəli, həbs edilib, dediyiniz kimi mademuazel Rene, əgər onda məktub tapılarsa, mənim pasientim təhlükəli xəstə hesab ediləcək.
Rene soruşdu:
– Bəs bu zavallı haradadır?
– Mənim məkanımda, məni gözləyir.
Markiz dedi:
– Əzizim, siz gedin, öz işinizə qarşı etinasız olmayın. Kral qulluğu sizin şəxsi iştirakınızı tələb edir; odur ki, kral qulluğunun tələb etdiyi yerə gedin.
Rene əllərini yalvarıcı tərzdə tutaraq ucadan dedi:
– Ah, cənab de Vilfor! Lütf edin, bu gün bizim nişan günümüzdür.
Vilfor masa ətrafında dövrə vurub nişanlısının kürsüsünə arxadan yaslanaraq dedi:
– Sizin rahatlığınız üçün söz verirəm ki, əlimdən gələni edəcəyəm. Lakin dəlillər şərtsizdirsə və təqsirləndirmə haqlıdırsa, bu Bonapart alaq otunun biçilməsi gərəkdir.
Rene “biçmək” sözünü eşidəndə diksindi, çünki Vilforun ifadə etdiyi kimi, bu alaq otunun başı da varmış.
Markiza dedi:
– Ona qulaq asmayın, Vilfor, bu uşaqlıqdır, alışacaq.
Sonra markiza arıq və cılız əlini Vilfora uzatdı, o isə Reneyə baxaraq onun əlini öpdü; onun gözləri sanki: “əlinizi öpürəm, ən azı öpmək istəyərdim”, – deyirdi.
Rene pıçıldadı:
– Bəd əlamətdir!
Markiza dedi:
– Rene, kifayətdir. Sən uşaq hərəkətlərinlə məni hövsələdən çıxarırsan. Mən bilmək istəyirəm, hansı daha vacibdir, sizin xülyalarınız, yoxsa dövlətin müqəddəratı?
Rene dərindən nəfəs aldı:
– Ah, ana.
De Vilfor dedi:
– Markiza bizim yaramaz kralpərəsti bağışlayın, söz verirəm ki, mən kral prokurorunun köməkçisi kimi öz borcumu lazımınca yerinə yetirəcəyəm, yəni amansız olacağam.
Prokuror köməkçisi markizaya deməklə yanaşı bəy kimi də gəlinə baxırdı və bu baxışlar sanki deyirdi: “Rene, sakit olun, mən sizin xətrinizə mərhəmətli olacağam”.
Rene ona, zərif gülüşlə cavab verdi, Vilfor razılıq içində oranı tərk etdi.
VII. DİNDİRMƏYemək otağından çıxan Vilfor, elə həmin an üzündən gülüş maskasını atıb, üzərinə yaxın adamının taleyini həll etmək kimi yüksək vəzifə düşən adam şəkli aldı. Mahir aktyor kimi, ayna qarşısında məşq edərək öyrəndiyi sifət hərəkətlərinə baxmayaraq, bu səfər ona qaş-qabağını turşutmaq bir o qədər də asan olmadı. Doğrudan da, onun vəzifəsində yüksəlişinə mane olan atasının siyasi keçmişinə baxmasaq, Jerar de Vilforu bu dəqiqə ən xoşbəxt adamlardan biri hesab etmək olardı: iyirmi yeddi yaşında yaxşı mal-dövlət sahibi olan de Vilfor, məhkəmə aləmində görkəmli yerlərdən birini tuturdu; o, kral prokuroru köməkçisinin ağıllı tərzdə sevə biləcəyi qədər ehtirasla sevdiyi gənc və gözəl bir qızın nişanlısı idi. Mademuazel de Sen-Meran gözəl olmaqla yanaşı, saray tərəfindən böyük hörmətə malik bir ailəyə mənsub idi, valideynlərinin yüksək əlaqələri, həmçinin başqa övladlarının olmaması, kürəkənləri üçün istifadə oluna biləcək ehtimallarla yanaşı, gəlin əlli minlik ekyu cehiz də gətirirdi; (qudaların düşünüb tapdıqları qəribə sözlə ifadə etsək) ümidləri nəzərə alaraq demək olar ki, gələcəkdə bunun üzərinə yarım milyonluq vərəsə də əlavə oluna bilər. Bunların hamısını birlikdə götürdükdə, yüksək xoşbəxtlik nəticəsində Vilforun gözü o dərəcədə qamaşmışdı ki, o hətta günəşdə belə ləkə görürdü, lakin öz qəlbinə də uzun-uzadı nəzər salmağı unutmurdu.
Qapının ağzında onu polis komissarı gözləyirdi. Bu qaşqabaqlı fiqurun görkəmi onu göyün yeddinci qatından bizim yürüdüyümüz fani dünyaya enməyə məcbur etdi; o, sifətinə lazımi ifadə verərək polis komissarına yaxınlaşdı.
– Mən hazıram! Məktubu oxudum, bu adamı həbs etməkdə yaxşı iş görmüsünüz; indi isə bu sui-qəsd haqda, əldə etdiyiniz dəlillər haqda məni məlumatlandırın.
– Hələlik biz sui-qəsd haqda heç nə bilmirik; onun üzərindən tapılan bütün kağızlar toplanıb bağlanaraq sizin masanın üzərinə qoyulub. Təqsirləndirilənin özünə gəldikdə isə sizin də xəbərdən gördüyünüz kimi adı Edmon Dantesdir, “Morrel və Oğlu” Marsel ticarət evinə məxsus üçyelkənli “Faraon” gəmisinin kapitan köməkçisi vəzifəsində çalışır, İsgəndəriyyə və Smirnadan pambıq daşımaqla məşğuldur.
– Ticarət gəmisinə daxil olmazdan əvvəl donanmada xidmət etmişdimi?
– Xeyr! O, tamamilə gənc adamdır.
– Necə yaşında olar?
– On doqquz-iyirmi yaşından artıq olmaz.
Qran-ryunu keçərək evinə yaxınlaşan Vilfora, çox güman, onu gözləyən bir nəfər yaxınlaşdı. Bu cənab Morrel idi.
O, ucadan dedi:
– Cənab Vilfor! Nə yaxşı ki, sizi görə bildim! Bir düşünün, böyük bir yanlış baş verib, mənim kapitan köməkçim Edmon Dantesi həbs ediblər.
Vilfor: – Bilirəm, – dedi, – nə isə, mən də onu dindirməyə gedirəm.
Morrel ehtirasla davam etdi:
– Cənab Vilfor, siz təqsirləndiriləni tanımırsınız, mən isə tanıyıram. Sakit, namuslu və mən deyərdim, ticarət donanmasında öz işini əla bilən bir adam təsəvvür edin… Cənab de Vilfor! Bütün qəlbimlə onun üçün sizdən xahiş edirəm.
Bildiyimiz kimi, Vilfor zadəgan sinfinə, Morrel isə rəiyyət ailəsinə mənsub idi; birinci qəti kralpərəst, ikincidən isə Bonapart tərəfdarı kimi şübhələnirdilər. Vilfor Morrelə təkəbbürlə baxaraq laqeyd şəkildə cavab verdi:
– Cənab, bilmirsinizmi, ailə çərçivəsində sakit, ticarət əlaqələrində düzgün və öz işinin bilicisi olmaqla yanaşı, siyasi mənada cinayətkar da olmaq olar. Bunu bilirsiniz, düzdür?
Vilfor son sözlərini xüsusi vurğuyla deyərək sanki Morrelin özünə işarə edirdi; onun sınayıcı baxışları, başqa adam üçün xahiş etməyə cəsarət edən bu adamın qəlbini yarmağa yönəlmişdi, halbuki o, Morrelin özünün də mərhəmətə ehtiyacı olduğunu bilməmiş deyildi.
Morrel qızardı, çünki siyasi baxışlarına görə onun vicdanı bir o qədər də təmiz deyildi, Dantesin ona etibar etdiyi sirr, marşalla görüşü və onun dediyi sözlər, Morrelin ağlını çaşdırmışdı. Lakin o səmimi qəlblə dedi:
– Cənab Vilfor, sizə yalvarıram, ola biləcəyiniz qədər ədalətli, həmişə olduğu kimi rəhmdar olun və zavallı Dantesi tez bir müddətdə bizə qaytarın!
Prokuror köməkçisinin qulağında bu “bizə qaytarın” ifadəsi inqilabi notlar səsləndirdi.
O, düşündü: “Bəli! Bizə qaytarın… Onun himayədarı belə ehtiyatsız şəkildə və cəm halda danışırsa, bu Dantes karbonari təriqətinin mənsubu olmaya? Xatırlayıram, komissar onu bir meyxanadan, həm də çox adamın iştirak etdiyi məclisin içindən götürdüklərini deyirdi. Çox güman, bu hansısa gizli mason təşkilatının bir şöbəsidir”.
Ucadan davam edərək dedi:
– Cənab, siz sakit ola bilərsiniz, təqsirləndirilən günahsızdırsa, ədalət tələb etməkdə tamamilə haqlısınız; əksinə, günahkardırsa, onu cəzalandırmamaq (biz pis zamanlar keçiririk) ağır nəticələr verə bilər. Bu baxımdan mən məcburən öz vəzifəmi yerimə yetirməliyəm.
Soyuqqanlılıqla baş əyib, qürurlu bir şəkildə məhkəmə binasına bitişik evinə daxil oldu, zavallı armator isə donmuş halda küçənin ortasında qaldı.
Dəhliz jandarma və polislə dolu idi; məhbus, hiddətli və alovlu baxışları ilə sakit və tərpənmədən onların arasında dayanmışdı.
Vilfor dəhlizdən keçərək polisin əlindəki bir dəstə kağızı götürüb, sərt baxışla Dantesə nəzər yetirərək, qapı arxasında gözdən itdi, yol üstü dedi:
– Məhbusu gətirin.
Vilforun məhbusa yetirdiyi diqqət nə qədər ani olduğuna baxmayaraq, o özü üçün dindirəcəyi adam haqda müəyyən bir təəssürat yarada bildi. Məhbusun geniş və açıq alnında ağıl, inadlı baxışın çatılmış qaşlarında mərdlik və yarıaçıq dodaqlarının arxasından görünən, fil sümüyü kimi ağappaq iki sıra dişləri ilə birlikdə, açıq ürəklilik oxunurdu.
İlk təəssürat Dantes üçün də xoşa gəlim oldu; lakin Vilfora tez-tez deyirdilər ki, siyasi müdriklik ilk coşquya uymamaqdadır, çünki bu qəlbin səsidir; təəssüratla coşqu arasındakı fərqi unudan Vilfor, bu qanunu ilkin təəssüratına əlavə etdi.
O, qəlbinə daxil olmaq, oradan da ağlını əldə etmək istəyən xoş hissləri boğaraq, ayna qarşısında özünü qaydasına salıb, acıqlı və qaşqabaqlı halda yazı masası arxasına keçdi.
Bir dəqiqədən sonra Dantes daxil oldu.
O, əvvəlki kimi rəngi solğun, lakin sakit və xoş sifətli idi; təbii bir nəzakətlə hakimə baş əyib, sonra sanki Morrelin qonaq otağındaymış kimi gözləri ilə oturacaq axtarmağa başladı.
Yalnız burada o Vilforun sönük baxışları ilə rastlaşdı – qanun keşikçilərinə xas olan o soyuq baxışlar, kimsəni onların fikirlərini oxumağa imkan verməmək üçün, gözlərini tutqun bir şüşəyə çevirir. Bu baxış Dantesə hakim qarşısında olduğunu xatırlatdı.
Vilfor dəhlizdə ona verilən kağızları araşdıraraq soruşdu:
– Siz kimsiz və adınız nədir?
Bir neçə saat içində iş artıq bir dəftər həcminə qədər böyümüşdü: yalnız casusluq adlandırdığımız xora bu tezlikdə təqsirkar bildiyimiz o bədbəxt bədəni yeyib bitirər.
Gənc rəvan və güclü bir səslə cavab verdi:
– Adım Edmon Dantesdir. ”Morrel və Oğlu” firmasına məxsus “Faraon” gəmisinin kapitan köməkçisiyəm.
Vilfor davam etdi:
– Neçə yaşınız var?
Dantes cavab verdi:
– On doqquz.
– Sizi həbs edəndə hardaydınız və nə edirdiniz?
Dantes titrək səslə cavab verdi:
– Dostlarımla birlikdə, nişan ziyafətimdə yemək yeyirdik.
Bu dəqiqələrdə baş verən hadisələr, şən bayramla qəmgin mərasim və Vilforun sərt, Mersedesin isə işıq saçan sifəti arasında, inanılmaz təzad təşkil edərək, böyük əzaba səbəb olurdu.
Özündən asılı olmayaraq diksinən prokuror köməkçisi təkrar etdi:
– Sizin nişanınızda?
– Bəli, mən artıq üç ildir sevdiyim qızla evlənməyi gözləyirəm.
Vilfor özünün şövqsüz adətinin əksinə olaraq belə bir təsadüfə təəccübləndi və gənc adamın həyəcan dolu səsi onun qəlbində xeyirxahlıq sədası oyandırdı. O da öz nişanlısını sevir, xoşbəxtdir, budur onun xoşbəxtliyinə mane olublar, Vilfor indi özü kimi səadətin yaxınlığında olan bir adamın səadətini pozmaqdaydı.
O: “Bu kimi fəlsəfi müqayisə markiza de Sen-Meranın qonaq otağında böyük uğur qazana bilər”, – deyə düşündü. Dantes növbəti sualları gözlədiyi halda, Vilfor beynində antitezislər seçməyə başlamışdı, elə antitezislərdən natiqlər gözəl ifadələr qurur və onu əsl parlaq nitq kimi qəbul edərək, sürəkli alqışlara qərq edirlər.
Beynində əla təbrik nitqi quran Vilfor gülümsədi və Dantesə müraciət edərək dedi:
– Davam edin.
– Nəyə davam edim?
– Ədalət məhkəməsini məlumatlandırın.
– Qoy ədalət məhkəməsi mənə desin ki, hansı məlumatlar almaq istəyir, bildiklərimin hamısını ona danışaram. Lakin, – o, gülümsəyərək əlavə etdi, – mən xəbərdarlıq edirəm, çox az şey bilirəm.
– Siz qəsbkarın dövründə xidmət etmisinizmi?
– O devrilən vaxtı məni hərbi donanmaya təyin etməli idilər.
Vilfor dedi:
– Deyirlər, siz kəskin siyasi əqidəyə maliksiniz, – (bu haqda Vilfora heç kim, heç zaman, heç nə deməmişdi), lakin hər ehtimala qarşı Vilfor bunu təqsirləndirici sual kimi verməyi qərara aldı.
– Mənim siyasi əqidəm!… Məndə heç zaman siyasi əqidə adlı bir şey olmadığını deməyə utanıram, məlumat verdiyim kimi, mənim cəmi on doqquz yaşım var; heç nə bilmirəm və heç bir görkəmli vəzifə də tuta bilmərəm; nəyim varsa, mən kim ola bilərəmsə, onu da əgər arzuladığımı əldə edə bilsəm, yalnız cənab Morrelə borclu olacağam. Beləliklə, mənim əqidələrim siyasi deyil, şəxsi olaraq üç hisslə bağlıdır: mən atamı sevirəm, cənab Morrelə hörmət edirəm və Mersedesi həddindən artıq çox sevirəm. Mərhəmətli hökmdar, ədalət məhkəməsinə yalnız bunları deyə bilərəm; gördüyünüz kimi bu onlar üçün elə də bir mühüm əhəmiyyət kəsb etmir.
Dantes danışa-danışa Vilfor onun açıq, səmimi sifətinə baxıb qeyri-iradi Renenin sözlərini xatırladı, Rene təqsirləndiriləni tanımadığı halda ona qarşı ədalətli olmağı xahiş edirdi. Cinayət və cinayətkarlarla iş aparmağa adət etmiş prokuror köməkçisi Dantesin hər sözündə onun təqsirkar olmadığına dair yeni sübutlar görürdü. Doğrudan da bu gənc, demək olar, yeniyetmə, açıq qəlbli sadəlövh, axtarılan halda heç zaman əldə edə bilmədiyin gözəl nitqə malik, xoşbəxt olduğu üçün də hər kəsə sevgi dolu xoşbəxtlik gətirən, hətta yazıqları xeyirxahlara çevirən, öz hakiminin belə qəlbini doldurmuş zəriflik və xeyirxahlıq hisslərinə qərq edirdi. Vilfor ona qarşı ciddi və sərt idi, amma Edmonun baxışında, səsində və hərəkətlərində onu dindirən adama qarşı mehribanlıq və xeyirxahlıqdan başqa heç nə yox idi.
“Vicdan haqqı, – Vilfor düşünürdü, – əla gəncdir, əminəm ki, Renenin ilk xahişini yerinə yetirmək o qədər də çətin olmayacaq; beləliklə də aşkarda səmimi əl sıxışma, gizlində isə küncdə-bucaqda zərif öpücük də qazana bilərəm”.
Bu şirin ümidlərə görə, Vilforun sifəti aydınlaşdı və o, öz fikirlərindən ayrıldıqdan sonra nəzərini Dantesin üzərinə yönəltdi. Dantes isə onun sifətindəki dəyişikliyi görüb gülümsəyirdi.
Vilfor soruşdu:
– Sizin düşmənləriniz varmı?
Dantes dedi:
– Düşmənlərim? Xoşbəxtlikdən hələlik elə bir əhəmiyyət kəsb etmədiyimdən, onları qazana bilməmişəm. Ola bilsin, bir az çılğınam, lakin tabeliyimdə olanlarla münasibətdə özümü ələ ala bilirəm. Tabeliyimdə on-on iki dənizçi var. Mərhəmətli əlahəzrət, özlərindən soruşa bilərsiniz, onların hər biri məni ataları kimi yox, – çünki bunun üçün hələ çox gəncəm, – amma böyük qardaşları kimi çox sevir.
– Əgər düşmənləriniz yoxdursa ola bilsin, qibtə edənləriniz var. Cəmi on doqquz yaşınız var və sizi gəmi kapitanı təyin edirlər, bu, sizin rütbənizdə yüksək bir vəzifədir; sizi sevən gözəl bir qızla evlənirsiniz, bu isə bütün dünya rütbələri içində, nadir xoşbəxtlikdir. Bu da sizə qibtə etmək üçün iki tutarlı dəlil.
– Bəli, siz doğru deyirsiniz. Siz yəqin, insanları məndən yaxşı tanıyırsınız, dedikləriniz də doğrudur. Lakin, əgər bu qibtə edənlər mənim dostlarım içərisindədirsə, onlara nifrət etməməyim üçün tanımamağa üstünlük verərdim.
– Bu düzdür, həmişə imkan daxilində ətrafı aydın görmək lazımdır. Düzünü desək, məndə o dərəcədə layiqli gənc bir adam təəssüratı yaradırsınız ki, sizə ədalətin adi qanunlarından kənara çıxaraq həqiqəti açmaq üçün kömək etmək qərarına gəlmişəm… Bu da sizi təqsirləndirən məlumat. Xətt tanış gəlirmi?
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?