Текст книги "Qeyd dəftərçələri. Məktubları"
Автор книги: Антон Чехов
Жанр: Публицистика: прочее, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 5 страниц)
L. S. Mizinovaya
18 sentyabr 1894, Vyana
Bazar günü, Vyana
Əzizim Lika, Siz mənim məktublarıma inadla cavab vermirsiniz, ancaq mən yenə də Sizin zəhlənizi tökürəm və öz məktublarımla Sizi təngə gətirirəm. Mən Vyanadayam. Buradan Abbatsiyaya, sonra isə gölə gedəcəyəm. Bir dəfə Potapenko mənə dedi ki, Siz və Varya Eberli İsveçrədə olacaqsınız. əgər belədirsə, onda yazın görüm İsveçrənin harasında olacaqsınız ki, mən Sizi axtarım, tapım. Mən sizinlə görüşəndə bilirsiniz necə sevinərdim. Bu ünvana yazın: Abbazia, poste restante[1]1
Abbasiya, tələbli məktub (frans.)
[Закрыть]. Əgər Siz özünüzə söz veribsiniz ki, mənə məktub yazmayacaqsınız, onda heç olmazsa, qoyun Varvara Apollonovna yazsın.
Yalvarıram, Rusiyadakılardan heç kimə yazmayın ki, mən xaricdəyəm. Mən oğru kimi gizlicə getmişəm və Maşa elə bilir ki, Fedosiyadayam. Bilsələr ki, mən xaricdəyəm, çox pərt olacaqlar, çünki xaricə tez-tez səfər etməyim onları təngə gətirib.
Mən o qədər də saz deyiləm, öskürək məni lap əldən salıb. Görünür ki, Sizi əldən verdiyim kimi sağlamlığımı da itirmişəm.
Varvara Apollonovnaya təzim edirəm. Sağlıqla qalın.
Sizin A. Çexov
Y. M. Şavrovaya
17 may 1897, Melixovo
17 may
Hörmətli həmkarım! İki-üç gün bundan əvvəl əlyazmasını Sizə göndərdim. İndi isə Moskvaya qayıtdığınızı güman edərək Sizə məktub yollayıram. Styopoçka, Musenka və Qorlenko mənim üçün təzə deyildir, mən onlara əvvəlki əlyazmalarında rast gəlmişdim, buna baxmayaraq Sizin povestinizi böyük həvəslə oxudum. hiss olunur ki, siz get-gedə formalaşır və daha yaxşı yazırsınız. Povest xoşuma gəldi, final isə yox. Final hissəsi mənə bir qədər uzun göründü. Burada Styopoçka xeyirxahlığını itirir və Be1 – Ami-yə çevrilir.
Doğrusu, bu zövq məsələsidir, o qədər mühüm deyil. Qüsurlar barədə danışmaq lazım gəlsə də, xırda şeylərə irad tutmağa dəyməz. Məncə, Sizin ən böyük qüsurunuz ondan ibarətdir ki, Siz yazını işləyib istənilən şəklə salmadığınızdan bəzi yerlərdə uzun, artıq şeylərlə yüklənmiş görünür. Sizin yazılarda xırda şeyləri canlı göstərən yığcamlıq yoxdur. Sizin povestlərdə ağıl da, istedad da, bədiilik də var, ancaq sənətkarlıq azdır. Fiqurları düzəldirsiniz, ancaq onlarda plastiklik olmur. Siz tişə ilə bütün artıq şeyləri ya aradan qaldırmaq istəmirsiniz, ya da tənbəllik edirsiniz. Bir parça mərmərdən sifət düzəltmək üçün ondakı bütün artıq şeyləri atmaq lazımdır.
Mən öz fikrimi dəqiqmi ifadə edirəm? Aydındırmı? Yazılarınızda yerinə düşməyən iki-üç ifadə var ki, onların altından xətt çəkmişəm. Keşişlər apostolu nə axşam ibadətində, nə də obednyada oxuyurlar. «Qrafomaniyaya ehtiras» ifadəsi düzgün deyil, çünki bu sözün özündə ehtiras anlayışı vardır və s. və i. a.
Oğlanlardan imtahan götürməyə getmişdim və indi özümü pis hiss edirəm – Herkules özünü ən maraqlı qəhrəmanlıqlarının birindən sonra hiss etdiyi kimi. Ali qız məktəbi talibəsi mənim yerimdə olsaydı, deyərdi ki, ölürəm.
Bağışlayın, daha yaza bilmirəm. Pyes yazmaq qərarına gəlməyinizi alqışlayıram. «Əlcək» pyesi Serpuxov üçün əlverişlidir. Çünki əsərinizə baxmağa ziyalılar gələcəklər.
Sizə müvəffəqiyyətlər arzulayıram.
Sağ olun, işiniz avand olsun.
Sizin A. Çexov
Povest barədə danışmaq lazım gələcək.
Yaxşı əsərdir.
L. S. Mizinovaya
18 sentyabr 1897, Biarrits
18 sent.
Əzizim Lika, məktubunuzu dünən aldım, çox sevindim. Soruşursunuz ki, üşümürəmmi, əhvalım yaxşıdırmı? Hələlik yaxşıyam. Bütün günü özümü günə verib. Sizin haqqınızda fikirləşirəm, fikirləşirəm ki, nə üçün siz bu qədər biçimsiz adamlar barədə söhbət açırsınız, yazırsınız. Düşünüb belə qərara gəlirəm ki, çox güman, Sizin özünüz də biçimsizsiniz. Siz məhz bunu mənə çatdırmaq və xoşuma gəlmək istəyirsiniz.
Burada hava istidir, çox istidir, amma bu, çox uzun çəkməyəcəkdir. Bu gün-sabah özümü Melixovodakı kimi hiss edəcəyəm, daha doğrusu, bilməyəcəyəm ki, hara gedim. Bütün qəlbimlə Parisə can atıram, amma bir azdan orada nəmli payız başlayacaq. Bu da məni, güman ki, Nitsaya, yaxud onun yaxınlığındakı Bolyoya getməyə vadar edəcək. Pulum olsa, Marseldən keçib Nitsaya, ordan da Əlcəzairə və Misirə gedəcəyəm. Oraları görməmişəm. Siz nə vaxt Parisdə olacaqsınız? Haçan gəlməli olsanız, hər ehtimala qarşı, mənə xəbər verin, Sizi vağzalda qarşılayım. Sizi məmnuniyyətlə qarşılayacağam və özümü o yerə qoyacağam ki, guya biçimsizliyinizi görmürəm. Sizə həqiqətən ləzzət vermək, xoş gəlmək üçün Sizinlə yalnız pendir hazırlamaq barədə danışacağam.
Fransızca səlis danışmaq üçün 19 yaşlı Marqo adlı bir qızla tanış olmuşam. Buna görə məni əfv edin.
Siz haqlısınız, burada məktublar adamı çox sevindirir, odur ki, xahiş edirəm mənə tez-tez məktub yazın. İstəsəniz poçt xərclərini Sizə qaytararam. İnanın ki, mən qadınlarda təkcə Reinheit[2]2
Saflıq (almanca)
[Закрыть]* deyil, həm də mərhəməti qiymətləndirirəm. Mənə məlum olduğu kimi, indiyədək Siz çox mərhəmətli idiniz. Siz mənim dostlarıma səmimi və uzun məktublar yazmısınız, mənə də beləcə mərhəmət göstərin. Sizin məktublarınızı oxuyarkən dostlarımda pendir hazırlamaq haqqında yazmağa və uşaqları tənəkə təknələrdə çimdirməyə böyük həvəs oyanırdı; bilmirəm bunu nə ilə izah etmək olar! Mənə gəlincə, onu deyə bilərəm ki, Sizin son məktubunuz məni daxilən zənginləşdirdi: özümü pak hiss etdim.
Tez-tez məktub yazın. Təzə nə var, nə yox? Saşeçka File necədir? Volodya bakenbardlılarla və cingiltili səsilə hey hırıldayan arvadı ilə necədir? Cavan rəssamların acgözlüklə baxdıqları rəfiqənizin yanında olursunuzmu? Qəribədir, daim qalaçanın ətrafında olmaq adama necə də təsir edərmiş! Görünür, yanğın komandasının yaxınlıqda olması adamın qanını cuşa gətirir, hətta ağbirçəklər də bundan yaxa qurtara bilmirlər. Lika, özünüzü bu qalaçadan qoruyun. O. P. Kundasova bu haqda Sizə az-çox məlumat verə bilər. O, həkim Florenskidən bəzi şeylər eşidib.
Xülasə, icazə verin, Sizdən uzun-uzun məktublar gözləyim. Maşaya, Viktor Aleksandroviçə mənim əvəzimdən təzim edin.
Əlinizi sıxır, Sizin sadiq pərəstişkarınız olaraq qalıram.
A. Çexov
L. S. Mizinovaya
24 oktyabr 1898, Yalta
24 okt.
Əzizim Lika, iki yeni xəbər var: əvvəla, atam ölmüşdür. Onda bağırsaq keçilməzliyi olmuşdu. Gec xəbər tutduq. Çox bərbad yolla stansiyayadək apardıq. Sonra Moskvada operasiya etdilər, qarnını yardılar. Məktublarda yazıldığına görə, onun həyatının son anları əzablı olub. Maşa yaman əziyyət çəkmişdir. Mənim də qəlbim ağrıyır.
İkincisi, mülkə malik olmaq, qışda orada yaşamaq və istirahət saatlarında sizin zəhləniz gedən firəng üzümü yetişdirmək üçün Yalta yaxınlığında torpaq sahəsi alıram (borcla). Aldığım sahə mənzərəli bir guşədə yerləşir; buradan dəniz və dağ mənzərələri görünür. Öz üzümlüyüm, öz quyum var. Piyada ketsən, Yaltadan 20 dəqiqəlik yoldur. Artıq plan çəkmiş, həm də qonaqlar üçün yer ayırmağı unutmamışam. Zirzəmidə onlar üçün balaca bir otaq ayırmışam. Qonaqlar olmayanda həmin otaqda hind toyuqları saxlayacağam.
Hər halda mən Parisə apreldən əvvəl gələ bilməyəcəyəm. Sizi görmək üçün burnumun ucu göynəyir, ancaq buradan getmək istəmirəm. həm pul yoxdur, həm də Krım gözəldir, elə gözəldir ki, sözlə ifadə edə bilmirəm. hava çox yaxşıdır, əsil yaydır. Xeyr, görünür ki, mən Parisə yox, Siz Rusiyaya gəlməli olacaqsınız. Əgər həqiqətən tezliklə gələcəksinizsə, mənə qalstuk və cib dəsmalları (üzərində «A» hərfi yazılmış) gətirin, pulunu verəcəyəm. Vallah verəcəyəm. Lap yüz rublluq gətirsəniz də, hamısının haqqını ödəyəcəyəm.
Sizin şəkilləriniz çox gözəldir. Siz hətta gözəlsiniz – bunu mən heç gözləmirdim. Mən Sizə öz şəklimi göndərərdim, ancaq şəklim yoxdur. Siz mənim portretimi Tretyakov qalereyasında görə bilərsiniz. Yeri gəlmişkən onu da deyim ki, Brazovun çəkdiyi bu portret çox sönükdür.
Maşanı gözləyirəm. 0, məni görmək və söhbət etmək üçün bu günlərdə Yaltaya gələcək. Atamın ölümündən sonra, bir neçə gün çəkən və hamını gərgin vəziyyətdə saxlayan bu faciədən sonra anamın və bacımın Melixovoda yaşayacaqlarına inanmıram. Fikirləşirəm ki, hamımız Krıma köçsək, pis olmaz. Burada hava istidir, yaşamaq əlverişli və rahatdır.
Məktub yazın, Lika, tənbəllik etməyin, ünvanım lap sadədir: Yaltaya, Rusiyaya gəlmək fikrinə düşsəniz, bir həftə əvvəl xəbər verin.
Hardan sizin ağlınıza gəlib ki, başımın tükü tökülüb? Bu nə ötkəmlikdir? Başa düşmürəm, bu ondan irəli gəlir ki, məktublarımdan birində mən dostcasına, Sizi heç də təhqir etmək istəmədən bədəninizin biçimsiz olduğunu yazmışdım. Biçimsiz olduğunuzdan, xoşbəxtlikdən, təəssüf ki, hələ ərə getməmisiniz.
Sağ olun, xoşbəxt olun. Köhnə pərəstişkarınızı unutmayın.
A. Çexov
M. P. Çexova
26 oktyabr 1898, Yalta
26 okt.
Əzizim Mişel, sənə yenicə açıq məktub göndərmişdim ki, cavabını aldım. Atamı dəfn edərkən sizin hamınızın necə əzab çəkdiyinizi bilirdim; qüssədən ürəyim partlayırdı. Atamın ölüm xəbərini 13-də axşam Sinanidən eşitdim. Nədənsə, mənə teleqram vurmamışdılar və mən təsadüfən Sinaninin dükanına girməsəydim, uzun müddət məsələdən xəbərdar olmazdım.
Yaltada torpaq sahəsi götürürəm, qışda yaşamaq üçün ev tikdirəcəyəm. Daim səfərdə olmaq, nömrə tutmaq, mehmanxana qapıçıları ilə qarşılaşmaq, təsadüfi yerlərdə yemək perspektivləri və s. və i. a. məni qorxudur. Anam da qışı burada mənimlə keçirə bilərdi. Burada qış olmur. Oktyabrın axırı olmasına baxmayaraq, yenə də qızıl güllər və çiçəklər açır, ağaclar yaşıldır, hava istidir. Su boldur. Evdən başqa heç nə lazım deyil. Zirzəmidə kömür, odun saxlanılır və dalandar mənzili yerləşir, vəssalam. Toyuqlar ilboyu yumurtlayır, onlar üçün ayrıca hin lazım deyil, arakəsmə kifayətdir. Bulka dükanı və bazar yaxınlıqdadır. Burada anam üçün rahatlıq var. Yeri gəlmişkən deyim ki, bütün payız aylarında meşədən sarı göbələk və yağlı göbələk yığırlar. Bu da anamı əyləndirə bilər. Evi mən özüm tikməyəcəyəm, memar tikəcək. Apreldə ev hazır olacaqdır. Şəhərdəki torpaq sahələri ilə müqayisədə götürdüyüm yer böyükdür; burada bağ da, çiçəklik də, bostan da salına bilər. Gələn ildən Yaltada dəmir yolu istifadəyə veriləcəkdir. Abırlı yaşamaq üçün kiçik sahə yaramır. Bu, çox gözəl bağdır; təkcə ona görə almağa dəyər ki, bağ həm gözəldir, həm də ucuz satılır.
Sənin çox təkid etdiyin evlənmə məsələsinə gəldikdə isə, necə deyim, evlənmək onda yaxşıdır ki, arada məhəbbət ola. Qəşəng qızla təkcə qəşəng olduğuna görə evlənmək lazım olmayan bir şeyin məhz yaxşı olduğuna görə bazardan alınmasına bənzəyir. Ailə həyatında məhəbbət ən mühüm şərtdir, nə qədər ölçüb-biçsək də, cinsi əlaqə, ehtiraslar vəhdəti və s. etibarsız və bezikdiricidir. Belə çıxır ki, evlənmək qızın qəşəngliyindən yox, məhəbbətdən asılıdır. Gördüyün kimi mənə mane olan cüzi bir şeydir.
Serpuxov qəzasında yenə də kədərli hadisələr baş verir. Vitteyə də, Kovreynə də bədbəxtlik üz verib. Sidorov ölüb, Vasili İvanoviç (mühasib) vərəmə tutulub.
Sabah Maşa gələcəkdir. Biz hər şeyi lazım olduğu kimi məsləhətləşəcək, müzakirə edəcəyik. Bunun nəticəsi barədə sənə xəbər verəcəyəm.
Vəkil knyaz Urusov buradadır. Maraqlı əhvalatlar danışır. O da torpaq sahəsi götürmək istəyir. Tezliklə Yaltada bir qarış yer də qalmayacaq. hamı sahə almağa tələsir. Bu sahəni almaqda mənə ədəbiyyatçı olmağım kömək etdi. Məhz ədəbiyyatçı olmağıma görə sahəni mənə ucuz satdılar, özü də borc.
Sağlıqla qal, Olqa Germanovnaya və Jenyaya salamımı yetir. Qarın yatalağından qorunmaq çətin deyildir. Bu xəstəlik keçici deyil, yalnız qaynanmamış su içmək olmaz.
Mənim «Vanya dayı» əsərim bütün əyalətdə göstərilir, özü də müvəffəqiyyətlə. Necə deyərlər, bilmirsən xeyrin hardadır, şərin harda. Mən bu pyesin bəyəniləcəyinə o qədər də inanmırdım. Sağlıqla qal, məktub yaz.
Sənin A. Çexovun
Yaxşı ki, atamı Novo-Deviçye qəbiristanlığında basdırmısınız. Mən bu barədə sizə teleqram vurmaq istəyirdim, ancaq fikirləşdim ki, artıq gecdir. Siz mənim arzuladığım kimi hərəkət etmisiniz.
Doktor Brodulin buradadır, sənə təzim edir, Dövlət bankında bir kiçik məmur səni soruşur, onun adından sənə təzim etməyimi xahiş edirdi.
A. M. Peşkova (M. Qorkiyə)
3 dekabr 1898, Yalta
3 dek.
Çox hörmətli Aleksey Maksimoviç, Sizin son məktubunuz mənə böyük zövq verdi. Sizə ürəkdən təşəkkür edirəm. «Vanya dayı» çoxdan, lap çoxdan yazılıb, mən onu heç vaxt səhnədə görməmişəm. Son illər pyesi əyalət səhnələrində tez-tez tamaşaya qoyurlar. Bəlkə də, bu ondan irəli gəlir ki, mən pyeslər məcmuəmi çap etdirmişəm. Ümumiyyətlə, mən öz pyeslərimə laqeydəm. Teatrdan çoxdan uzaqlaşmışam. Daha teatr üçün yazmaq da istəmirəm.
Soruşursunuz ki, Sizin hekayələr haqqında nə fikirdəyəm.
Nə fikirdəyəm? Şübhəsiz, Sizin böyük istedadınız vardır, həm də əsl böyük istedadsınız. Məsələn, «Çöldə» hekayənizdə istedadınız son dərəcə parlaq surətdə özünü göstərmişdir. hətta Sizə həsəd apardım ki, həmin hekayəni niyə mən yazmamışam. Siz sənətkarsınız, ağıllı adamsınız. Siz çox həssassınız, daha doğrusu, bir şeyi təsvir edərkən elə bil onu görür, duyursunuz. Bu, əsil sənətdir. Bax, mənim fikrim budur və mən çox şadam ki, bunu Sizə deyə bilirəm. Təkrar edirəm, çox şadam. Biz tanış ola bilsəydik və bir-iki saat söhbət edə bilsəydik, Sizi necə yüksək qiymətləndirməyimə və istedadınıza necə böyük ümid bəslədiyimə inanardınız.
İndi qüsurlardan danışım! Bu, o qədər də asan deyildir. İstedadlı adamın çatışmayan cəhətlərindən danışmaq bağda bitən nəhəng bir ağacın qüsurlarından danışmaq kimi bir şeydir. Axı, burada məsələ heç də ağacda deyil, ağaca tamaşa edənin zövqündədir, elə deyilmi?
Ondan başlamaq istərdim ki, mənim fikrimcə, Siz təmkinli deyilsiniz. Siz teatrda heyrətini gizlədə bilməyən və bununla da özünə və başqalarına mane olan təmkinsiz tamaşaçı kimisiniz. Bu təmkinsizlik təbiət təsvirlərində aydın hiss olunur. Təbiət təsvirlərinizdə dialoqları qırırsınız; təsvirləri oxuyarkən istəyirsən ki, onlar daha yığcam, qısa olsun, 2–3 sətirdə verilsin. Naz-qəmzəni, pıçıltını, zərifliyi və s. tez-tez xatırlatmağınız bu təsvirlərə bir qədər ritoriklik, yeknəsəqlik verir, oxucunu ruhdan salır və demək olar ki, yorur. Təmkinsizlik qadınların («Malva», «Sal üzərində») və məhəbbət səhnələrinin təsvirində də hiss olunur. Bu, genişlik, əhatəlik yox, məhz təmkinsizlikdir. Bundan əlavə hekayələrinizdəki tiplərin dilində tez-tez yerinə düşməyən sözlər işlədirsiniz. Akkompanement, disk, harmoniya kimi sözlər maneçilik törədir. Dalğalardan tez-tez söz salırsınız, Ziyalıların təsvirində gərginlik duyulur; elə bil ki, nədənsə, ehtiyat edirsiniz. Bu, Sizin ziyalıları az müşahidə etmənizdən irəli gəlmir, Siz onlara bələdsiniz. Lakin həmin adamlara necə yanaşmağı dəqiq bilmirsiniz.
Sizin neçə yaşınız var? Mən Sizi tanımıram, kim və haralı olduğunuzu bilmirəm, ancaq mənə elə gəlir ki, Siz nə qədər ki, gəncsiniz, Nijni-Novqorodu tərk etməli, ədəbiyyat aləminə və ədəbiyyatçılara yaxınlaşmalısınız. Bu, Sizin bizdən öyrənməyiniz və kamilləşməyiniz üçün deyil, ədəbiyyata daha yaxından bağlanmağınız və onu sevməyiniz üçündür. həm də əyalətdə adam inkişaf edə bilmir.
Korolenko, Potapenko, Mamin və Ertel əla adamlardır. Bəlkə də ilk vaxtlar onlar Sizə darıxdırıcı görünəcək, ancaq iki ildən sonra onlara isinişəcək, layiqincə qiymətləndirəcəksiniz. Onlarla oturub-durmaqla paytaxt həyatının xoşagəlməz mühitini və narahatlığını asanlıqla unudacaqsınız.
Poçta tələsirəm. Salamat qalın. Əlinizi möhkəm sıxıram. Məktubunuza görə çox sağ olun.
Yalta.
Sizin A. Çexov
A. M. Peşkova (M. Qorkiyə)
25 aprel 1899, Moskva
25 aprel
Əzizim Aleksey Maksimoviç, Sizdən xəbər-ətər yoxdur. haradasınız? Nə iş görürsünüz? Hara hazırlaşırsınız?
Üç gün əvvəl L.N. Tolstoygildə idim. O, Sizi çox təriflədi və dedi ki, Siz «çox gözəl yazıçısınız». Sizin «Yarmarka» və «Çöldə» hekayələriniz onun xoşuna gəlir, «Malva» isə yox. O dedi: «Psixologiyadan başqa, hər şeyi quraşdırmaq olar. Qorkidə isə psixoloji qondarmalara rast gəlirik. O, duyub yaşamadıqlarını təsvir edir». Bax, belə! Mən dedim ki, Siz Moskvada olanda birlikdə Lev Nikolayeviçgilə gələcəyik.
Siz nə vaxt Moskvada olacaqsınız? Cümə axşamı yalnız «Qağayı» nın qapalı tamaşası olacaqdır. Gələsi olsanız, Sizə yer verərəm. Ünvanım belədir: Moskva, Malaya Dmitrovka, Şeşkovun evi, mənzil 14 (yol Deqtyarnı döngəsindəndir). Mayın 1-dən sonra kəndə gedirəm (Moskva qəzasının Lopasnaya kəndinə).
Peterburqdan ağır, bir növ peşmanlıqla dolu məktublar alıram. Mənə də ağır gəlir, çünki necə cavab vermək, necə hərəkət etmək lazım olduğunu bilmirəm. Bəli, həyat psixoloji qondarma deyil, həqiqətdirsə – mürəkkəb şeydir.
Heç olmasa, iki-üç söz yazın. Tolstoy Sizin haqqınızda məni çox sorğu-suala tutdu. O, Sizinlə çox maraqlanır. Görünür, o mütəəssir olmuşdur.
Sağlıqla qalın, əlinizi bərk-bərk sıxıram. Sizin Maksimkaya təzim edin.
Sizin A. Çexov
Vl. İ. NEMİROVİÇ-DANÇENKOYA
24 noyabr 1899, Yalta
24 noyabr
Əziz Vladimir İvanoviç, xahiş edirəm məktub yazmadığıma görə inciməyin. Ümumiyyətlə, son vaxtlar heç kimlə yazışmıram. Əvvəla ona görə ki, bədii əsərlərimi yazıram, ikincisi, Marksın əsərlərinin korrekturasını oxuyuram, üçüncüsü, gəlmə xəstələr vaxtımı çox alır; bilmirəm, nədənsə, onlar mənə müraciət edirlər. Marksın əsərlərinin korrekturası isə işgəncədir. İkinci cildi güclə qurtarmışam. Bunun belə çətin olduğunu əvvəlcədən bilsəydim, korrektura üçün 75 min yox, 175 min istəyərdim. Gəlmə xəstələr əsasən yoxsullardır; xahiş edirlər ki, onları bir yerə düzəldim. Buna görə də çoxlarına ağız açmalı, məktub yazmalı oluram.
Əlbəttə, mən burada yaman darıxıram. Gündüz işləyir, axşam isə özümdən soruşuram ki, neyləyim, hara kedim. Sizin teatrda ikinci pərdə oynanılanda mən artıq yatağımda uzanmış oluram. İşıqlaşmamış yuxudan oyanıram, təsəvvür edirsənmi işıqlaşmamış; küləyin uğultusunu, yağışın şırıltısını eşidirəm.
Sən elə bilirsən ki, mənə «hər yerdən yazırlar», ancaq səhv edirsən. Dostlarım və tanışlarım mənə heç məktub yazmırlar. Bütün bu müddət ərzində Vişnevskidən ancaq iki məktub gəlib. Onlardan birini hesaba almıram, çünki Aleksandr Leonidoviç həmin məktubda oxumadığım resenziyaları tənqid edir. Qoslavskidən də məktub gəlib, ancaq onu da hesaba almıram, ona görə ki, rəsmi məktubdur. O mənada rəsmidir ki, ona necə cavab verəcəyimi bilmirəm.
Pyes yazmıram. «Üç bacı» adlı əsər yazmaq üçün süjet fikirləşmişəm. Lakin məni çoxdan narahat edən povestləri qurtarmayınca pyes yazmağa başlamayacağam. Qərara alınıb ki, gələn mövsümdə mənim pyeslərim oynanılmasın.
Yaltadakı bağım çox rahatdır. Rahatdır, yaxşıdır, həm də gözəl görkəmi var. Qeyri-adi bağ olacaqdır. Ağacları öz əlimlə əkirəm. Düz yüz qızılgül kolu basdırmışam, hamısı da mədəni sortlardır. Piramida şəkilli əlli akasiya, çoxlu kameliya, zanbaq, təbər və s. və i. a. əkmişəm.
Sənin məktubunda güclə sezilən, köhnə zəngin uzaqdan gələn zəif səsinə bənzər titrək narazılıq səsi duyulur, o yerdə ki, sən teatrdan, teatr həyatının səni yoran xırdalıqlarından yazırsan. Sən allah özünü yorma, işdən soyuma. Bədaye teatr nə vaxtsa müasir rus teatrı haqqında yazılacaq kitabın ön yaxşı səhifələridir. Bu teatr sənin fəxrindir. Orada bir dəfə belə olmasam da, həmin teatr sevdiyim yeganə teatrdır. Moskvada yaşasaydım sizin tabeliyinizdə, heç olmazsa, gözətçi işləməyə çalışardım ki, bu sevimli müəssisədən soyumağınızın qarşısını az da olsa almağa kömək edim.
Şiddətli yağış yağır, otağım qaranlıqdır. Sənə sağlamlıq, gümrahlıq, xoşbəxtlik arzulayıram.
Əllərini möhkəm sıxıram. Mənim əvəzimdən Yekaterina Nikolayevnaya və bütün teatr kollektivinə, xüsusən Olqa Leonardovnaya təzim et.
Sizin A. Çexov
A. M. Peşkova (M. Qorkiyə)
25 noyabr 1899, Yalta
25 noyabr
Salam, əziz Aleksey Maksimoviç! Kitab göndərdiyinizə görə çox sağ olun. Bu kitabdakı bəzi hekayələri oxumuş, bəzilərini oxumamışam. Əyalətdə keçən cansıxıcı həyatımda kitab mənə çox böyük ləzzət verdi. «Foma Qordeyev» nə vaxt çapdan çıxacaq? Mən onu hissə-hissə oxumuşam. İstərdim ki, bütövlükdə, iki-üç oturuma oxuyum.
«Jizn» jurnalının yanvar nömrəsi üçün povest yazıram. Dorovatovskidən məktub almışam, xahiş edir ki, kitab üçün portretimi göndərim. Ədəbiyyat aləmində başqa elə bir yenilik yoxdur.
Kitabınız yaxşı çap olunub.
Mən həmişə Sizi gözləyirdim. Axır ki, usanıb əlimi üzdüm. Yaltada qar yağır, hava rütubətlidir, külək əsir. Ancaq buranın qocaman sakinləri məni inandırırlar ki, günəşli günlər də olacaq.
Vərəmə tutulmuş yoxsullar məni təngə gətiriblər. Qubernator olsaydım rahatlığımı, sakitliyimi pozan bu adamları inzibati yolla sürgün etdirərdim!
Onları yalvarıb dil tökəndə də, köhnə-köşkül adyalda ölüm ayağında da görmək ağırdır. Biz sanatoriya tikməyi qət etdik. Mən müraciət mətni yazmışam; ona görə ki, başqa çıxış yolu yox idi. əgər mümkünsə, Nijni-Novqorod və Samara qəzetləri vasitəsilə müraciəti təbliğ edin. Orada Sizin tanışlarınız və lazımi adamlarla əlaqələriniz var. Bəlkə bir şey göndərdilər. «Əyləncə» əsərinin müəllifi şair Yepifanov üç gün bundan əvvəl xroniki xəstələr üçün ayrılmış sığınacaqda tək-tənha vəfat etdi. Ölümündən iki gün əvvəl xahiş etdi ki, ona alma pastilası gətirsinlər. Pastilanı görəndə o birdən-birə dirçəldi və xırıltılı xəstə səsilə sevinə-sevinə dedi: «Özüdür ki, var! Özüdür!» Elə bil o, həmyerlisi olan bir qadını görmüşdü.
Çoxdandır ki, Siz mənə məktub yazmırsınız. Bu, nə deməkdir? Peterburqda çox yaşamağınız xoşuma gəlmir – orada adam asanlıqla xəstələnə bilər.
Sağ olun, xoşbəxt olun. Allah özü Sizə yar olsun. Əlinizi bərk-bərk sıxıram.
Sizin A. Çexov
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.