Электронная библиотека » Антон Чехов » » онлайн чтение - страница 4

Текст книги "Qeyd dəftərçələri. Məktubları"


  • Текст добавлен: 27 октября 2022, 17:20


Автор книги: Антон Чехов


Жанр: Публицистика: прочее, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 5 страниц)

Шрифт:
- 100% +
A. M. Peşkova (M. Qorkiyə)

2 yanvar 1900, Yalta

2 yanv.

Əziz Aleksey Maksimoviç, Yeni iliniz mübarək, xoşbəxt olasınız. Necə yaşayırsınız, özünüzü necə hiss edirsiniz, Yaltaya nə vaxt gələcəksiniz. Ətraflı məktub yazın. Foto şəkli aldım, çox yaxşıdır, çox sağ olun.

Gəlmələrə hamilikdə bizə göstərdiyiniz köməyə görə də sağ olun. Yığılmış və yığılacaq pulları mənim adıma da, Xeyriyyə cəmiyyətinin ünvanına da göndərə bilərsiniz – bunun fərqi yoxdur.

Povesti «Jizn» jurnalına göndərmişəm. Bilmirəm Sizə yazmışdımmı ki, «Yetim» hekayəniz çox xoşuma gəlib və onu Moskvanın ən yaxşı qiraət ustalarına göndərmişəm. Moskvadakı tibb fakültəsinin professoru A. B. Foxt Sleptsovun əsərlərini əla oxuyur. Mən ondan yaxşı qiraət ustası tanımıram. Odur ki, Sizin «Yetim» hekayənizi ona göndərmişəm. Bilmirəm Sizə yazmışdımmı ki, əsərlərinizin üçüncü cildindəki «Mənim yol yoldaşım» çox xoşuma gəlir. O da «Çöldə» əsəri kimi güclüdür. Sizin yerinizə olsaydım, üç cildlikdə toplanmış əsərlərin ən yaxşılarını seçib qiyməti bir rubl olan bir cilddə çap etdirərdim. Nəticədə həmin cild daha güclü və münasib olardı. Üçcildliyinizdə isə, demək olar ki, hər şey bir-birinə qarışıb, düzdür, zəif əsərlər yoxdur, ancaq adama elə gəlir ki, həmin cildləri bir yox, yeddi müəllif yazıb. Bu, Sizin gəncliyinizi və hələ yetkinləşmədiyinizi göstərir. Qısaca da olsa, məktub yazın. Əlinizi möhkəm sıxıram.

Sizin A. Çexov

Sredin Sizə təzim edir. Biz, yəni mən və Sredin tez-tez sizdən danışırıq. Sredin Sizi çox xoşlayır. Onun səhhəti pis deyil.

A. M. Peşkova (M. Qorkiyə)

3 fevral 1900, Yalta

3 fevr.

Əzizim Aleksey Maksimrviç, məktubunuza görə, Tolstoy haqqında və indiyə kimi səhnədə görmədiyim «Vanya dayı» haqqında yazdığınıza görə çox sağ olun. Çox sağ olun ki, bizi, ümumiyyətlə, unutmursunuz. Burada, bu bəxtiyar Yaltada məktubsuz yaşamaq ölümə bərabər bir şeydir. Bekarçılıq, havasının temperaturu daim sıfırdan yuxarı olan axmaq qış, gözəl qadınlardan əsər-əlamət belə olmaması, sahildə gəzişən donuz sifətlilər – bütün bunlar az müddətdə adamı korlayıb, axırına çıxar. Yaman yorulmuşam. Mənə elə gəlir ki, qış on ildir davam edir.

Sizdə plevrit xəstəliyi var? Əgər belədirsə, niyə Nijni-Novqorodda yaşayırsınız? Niyə? Nə görmüsünüz bu Nijnidə? Başım çıxmır, Sizi bu şəhərə bağlayan nədir? Yazdığınız kimi, əgər Moskva xoşunuza gəlirsə, onda niyə orada yaşamırsınız? Moskvada teatr da var, kefiniz istəyən hər şey də. Ən başlıcası isə budur ki, Moskvadan istədiyin vaxt xaricə gedə bilərsən. Siz Nijni-Novqorodda yaşamalı olsanız Vasilsurskdan uzağa getməyəcəksiniz. halbuki siz çox gəzməli, çox görməli, hər şeylə ətraflı tanış olmalısınız. Təxəyyülünüz zəngindir, çoxcəhətlidir, amma kifayət qədər odunu olmayan nəhəng sobaya bənzəyir. Bu, ümumiyyətlə, həm də ayrı-ayrı hekayələrinizdə hiss edilir, Siz hekayədə iki-üç obraz təqdim edirsiniz, amma onlar bir-birindən təcrid olunur, kütlədən ayrı düşür. Görünür, həmin obrazlar Sizin xəyalınızda tək-tənha, kütlədən uzaq canlandırılır. Bu cəhətdən Krım hekayələriniz yaxşıdır (məsələn, «Mənim yol yoldaşım»), burada tək-tək obrazlardan başqa onları əhatə edən insanlar da, onların yetişdiyi mühit də, bir sözlə, hər şey geniş planda və yaxşı verilmişdir. Görürsünüzmü, Sizin üçün nələr danışdım! Bütün bunlar onun üçündür ki, Siz Nijni-Novqorodda qalmayasınız. Siz gənc, güclü və dözümlüsünüz. Sizin yerinizə olsaydım, Hindistana, allah bilir daha haralara gedərdim, daha iki fakültə qurtarardım. Eh, mən olsaydım, mən olsaydım… Siz gülürsünüz, amma yaşımın qırxı keçməsi, tövşümə və asudə yaşamağıma mane olan hər cür rəzil şey məni kədərləndirir. Bunlara baxmayaraq xeyirxah insan, yaxşı yoldaş olaraq qalın və məktublarımda baş keşiş kimi Sizə öyüd-nəsihət verməyimdən inciməyin.

Mənə məktub yazın. «Foma Qordeyev» i göndərin, gözləyirəm. Mən onu bu vaxtadək yaxşı oxumamışam.

Təzə xəbər yoxdur. Sağlıqla qalın, əlinizi möhkəm sıxıram.

Sizin A. Çexov
O. L. Knipperə

4 fevral 1901, Roma

Rome, 1e 4 Fevra 1, 1901

Əzizim, dilbərim, mən hələ də Romadayam. Buradan Neapola, alacağım məlumatlara görə Konstantinopolda taun olmasa, Neapoldan Korf adasına gedəcəyəm. Əks halda Rusiyadan Vyanaya yola düşəcəyəm.

İşıq pis olduğundan və kağıza iri kölgələr düşdüyündən yazmaq çətindir. Dünən Nemiroviçin Neapoldan göndərdiyi teleqramda yazılıb ki, «Üç bacı» nın tamaşaları gedir. Onun dediyinə görə, qadın rolları əla ifa olunub. Bundan sonra səndən məktub gözləyəcəyəm.

Bu gün Lev Antonoviçin Leondan göndərdiyi məktubu, Mirelyubovun Nervi-dən vurduğu teleqramı almışam. Bu gün bir rus ailəsi və iki qızla qədim Romanı gəzmişəm. Professor Modestov izahat verirdi. Qızlar çox qəşəngdir. Maşaya çətir almışam. Ancaq deyəsən pisdir. Bir neçə yaylıq da almışam, onlar da xoşuma gəlmir. Roma Paris deyil.

Burada havalar soyuq keçir. Sabah Neapola gedəcək, dörd, yaxud beş gün orada qalacağam. Əzizim, sənin mənə yazdığın məktubları Nitsadan bura göndərirlər, heç biri itməyib. Belə çıxır ki, deyəsən, fevralda Yaltada olacağam; orada yazacağam, lap çox yazacağam – səninlə görüşənədək. Sonra isə çıxıb bir yerə gedərik. Eləmi?

Səni bərk-bərk öpürəm. Salamat qal, xiffət etmə.

Sənin Ant.
O. L. Knipperə

9 fevral 1902, Yalta

9 fevral

Əzizim Olya, sənə yazmışdımmı ki, «Vanyuşinin uşaqları» nı gətir? Maşadan al, yolda oxuyarsan, lap yerinə düşər. Simferopoldan atla gəl, bir adamla şərikli, yaxud təkbaşına poçt arabası tut. Ancaq tez gəl. Onu bil ki, burada soyuq olacaq, qalın geyin, yoxsa azarlayarsan.

Qar yağır, zəhlətökən soyuqdur.

Dünən telefonla xəbər verdilər ki, Tolstoyun səhhəti lap yaxşıdır. Vəziyyəti çox pis imiş, indi temperaturu normaya enib.

Mənim əzizim, canım, səni qucaqlayır və öpürəm. Niyə siz Qorkinin pyesini üçüncü şəxsin adından oynayırsınız? Siz nə edirsiniz?! Bu, Darskinin Şeylokda yəhudi şivəsi ilə danışmasına bənzər alçaqlıqdır. «Meşşanlar» da hamı bizim kimi danışır.

Sən tezmi gələcəksən? Mən gözləyirəm, gözləyirəm, gözləyirəm… hava isə iyrənc, iyrəncdir…

Səni – arvadım alman qızını bir daha öpürəm.

Ərin A. Aktrisın
V. F. Komissarcevskayaya

27 yanvar 1903, Yalta

27 yanvar 1903-cü il

Əziz Vera Fyodorovna, məktubunuza görə çox sağ olun. Sağ olun azdır, lap çox sağ olun – bax, belə! Çox şadam ki, vəziyyətiniz yaxşıdır. Pyes barədə aşağıdakıları deyə bilərəm: 1) Doğrudur, pyesin mövzusunu müəyyənləşdirmişəm, onun adı da var («Albalı bağı», ancaq bu hələlik sirdir), əlbəttə, xəstələnməsəm, güman ki, fevralın axırlarından gec olmayaraq yazmağa başlayacağam; 2) Bu pyesdə əsas surətlər qarılardır! – buna müəllif özü də təəssüf edir; 3) Əgər pyesi Bədaye teatra versəm, həmin teatrda mövcud olan şərtlərə, yaxud qaydalara əsasən əsəri həm Moskvada, həm də Peterburqda yalnız Bədaye teatr tamaşaya qoya bilər; özgə bir yol yoxdur. əgər 1904-cü ildə Bədaye teatr Peterburqa getməyəcəksə (güman ki, belə də olacaq, teatr bu il getməyəcək?), bu barədə danışmağa dəyməz; pyes Sizin teatra uyğun gəlsə, onu məmnuniyyətlə Sizə təqdim edərəm. Bəlkə belə bir iş eləyək: mən Sizin üçün pyes yazım. Özü də hər hansı teatr üçün yox, məhz Sizin teatr üçün. Bu, mənim çoxdankı arzumdur. əgər allah qoysa… Əvvəlki kimi sağlam olsaydım, belə uzun-uzadı danışmaqdansa indi oturub yazmağa başlardım. Dekabrdan plevrit xəstəliyinə tutulmuşam. Təsəvvür edirsinizmi, mən ancaq sabahdan etibarən uzun çəkən ev dustaqlığından azad olacağam.

Hər ehtimala qarşı, Moskvaya məktub yazıb Bədaye teatrın Peterburqda olub-olmayacağı barədə mənə dəqiq məlumat göndərilməsini xahiş etmişəm. 8-10 gündən sonra cavab alacaq və ondan sonra məktub yazacağam.

Siz mənim arvadımı görmüsünüz, mən isə onu yalnız baharda görəcəyəm. Gah o xəstə olur, gah da mən səfərə çıxıram; odur ki, çox vaxt bir yerdə ola bilmirik.

Siz yazırsınız: «…elə bir inamla yaşayıram ki, əgər bu inam qırılarsa, içimdə… öləcək…» və s. Tamamilə doğrudur. Siz haqlısınız, ancaq allah eşqinə, elə edin ki, bu məsələ yeni teatrdan asılı olmasın. Axı, Siz artistsiniz, bu da yaxşı dənizçi olmaq kimi bir şeydir, hansı gəmidə – fərqi yoxdur, istər dövlət gəmisi olsun, istərsə də şəxsi kəmi – üzməsinə baxmayaraq, o hər yerdə, hər cür şəraitdə yaxşı dənizçi olaraq qalır.

Məktub yazdığınıza görə Sizə bir daha təşəkkür edirəm. Sizə acizanə təzim edir, əlinizi möhkəm-möhkəm sıxır və öpürəm.

Sizin A. Çexov
A. A. Andreyevaya

14 fevral 1903, Yalta

14 fevr. 1903, Yalta

Hörmətli Aleksandra Alekseyevna, necə deyərlər, heç ağlıma belə gəlmir ki, Sizə nə göndərə bilərəm. hazırda mən kiçik bir hekayəni yazıb qurtarmaqdayam. Kiçik olsa da, onun oxunmasına bir saat, bəlkə də, daha çox vaxt lazımdır. Bu hekayədən bir parçanı vermək də qətiyyən mümkün deyil, ona görə ki, ayrı-ayrılıqda götürüldükdə hekayənin heç bir hissəsi oxucunu və dinləyicini qane edə bilməz. Lap kiçik bir hekayəni nəzərə almasaq elə bir hazır, ehtiyat əsər də yoxdur, heç bir sətir də yazmamışam. haqqında danışdığım kiçik hekayə isə çoxdan yazılıb və senzura şərtlərinə görə kütləvi bədii qiraət üçün heç cür əlverişli deyil.

Mərhum A. İ. Urusovun məktubunu mən mütləq axtarıb taparam və onu Sizə çatdırması üçün bacım Mariya Pavlovnaya verərəm, ya da poçtla göndərərəm. Arvadım mənə yazmışdı ki, K. D. Balmont indi Moskvadadır. Xahiş edirəm, mənim dostluq salamımı ona yetirəsiniz və mənim əvəzimdən acizanə təzim edəsiniz.

Sizin xahişinizi yerinə yetirə bilmədiyim üçün məni bağışlayın. Bu, məndən asılı deyil. əgər oxumaq üçün əlverişli hekayəm, hətta hekayənin yarısı, yaxud dörddə biri belə olsaydı, mən onu dərhal Sizə göndərərdim. Mənə inanın, əzizim!

Sizə səmimi-qəlbdən sadiq olan

A. Çexov
S.P. Dyakilevə

12 iyul 1903, Yalta

12 iyul 1903-cü il

Hörmətli Sergey Pavloviç, Sizin məktubunuza bir qədər gec cavab verirəm, çünki məktubu Naro-Fominskdə yox, Yaltada almışam. Yaltaya bu günlərdə gəlmişəm və güman ki, payızadək burada qalacağam. Məktubunuzu oxuyandan sonra çox fikirləşdim. Təklifiniz, yaxud dəvətiniz nə qədər şirnikdirici olsa da, ən nəhayət, mən özümün və Sizin istəmədiyiniztək cavab verməyə məcburam.

Əvvəla, mən «Mir iskusstva» jurnalının redaktoru ola bilmərəm, çünki mənim Peterburqda yaşamağım, jurnalın isə mənə görə Moskvaya köçməyi qeyri-mümkündür. Yazıları poçt və teleqraf vasitəsilə göndərmək mümkün deyildir. Yalnız kağız üzərində jurnalın redaktoru olmağımın isə xeyri yoxdur. İkincisi, şəkli yalnız bir rəssam çəkdiyi, nitqi yalnız bir natiq söylədiyi kimi, jurnalı da ancaq bir adam redaktə etməlidir. Əlbəttə, tənqidçi olmadığımdan tənqid şəbəsinin materiallarını yaxşı redaktə edə bilmərəm, digər tərəfdən, D. S. Merejkovski ilə bir dam altında necə işləyərdim? Axı, onun möminliyi məlumdur, özü də dini yayır. halbuki mən dinə inamımı çoxdan itirmişəm və hər cür ziyalı dindara heyrət edirəm. Mən D.S. Merejkovskiyə hörmət edir, onu həm bir insan, həm də bir ədəbiyyat xadimi kimi qiymətləndirirəm. Amma, necə deyərlər, boynumuza düşən yükü aparmalı olsaq da, yollarımız ayrılacaqdır. Bilmirəm, bəlkə də səhv edirəm, mən həmişə bu fikirdə olmuşam və indi də bu qənaətə gəlmişəm ki, redaktor bir adam olmalıdır. Təkcə bir adam və indiki halda «Mir iskusstva» jurnalını ancaq Siz redaktə etməlisiniz.

Əzizim Sergey Pavloviç, məndən inciməyin; mənə belə gəlir ki, əgər siz beş il də jurnala redaktorluq etsəydiniz, mənimlə razılaşardınız. Şəkildə və yaxud poemada olduğu kimi jurnalda bir nüfuzlu sima olmalıdır, bir adamın ifadəsi duyulmalıdır. «Mir iskusstva» jurnalında indiyədək belə idi və yaxşı ki, belə idi. Bu ənənəyə sadiq qalmaq məsləhətdir.

Sizə müvəffəqiyyətlər arzulayır, əlinizi möhkəm sıxıram. Yaltada havalar sərin keçir. Hər halda isti deyil – buna sevinirəm.

Sizə acizanə təzim edirəm.

Sizin A. Çexov
Vl. İ. Nemiroviç-Dançenkoya

22 avqust 1903, Yalta

22 avq.

Əziz Vladimir İvanoviç, Naydenovun pyesi yaxşıdır, ancaq baş iştirakçı Kuporosovun yaxşı, xeyirxah adama çevrilməsi lazımdır ki, səhnədəki vəziyyət sadə olsun, telefondan və digər iyrənclikdən (əsərdə kimisə, nəyisə gözləyirlər, amma bunun nəticəsi verilmir) uzaq olsun. həm də gərək əsərin qəhrəmanları – Teplov və müəllimə dördüncü pərdənin sonunda pul haqqında danışmasınlar və məktublar yazmasınlar. Pyes ancaq bir şərtlə böyük müvəffəqiyyət qazana bilər: səhnə və vəziyyət sadə, qışqırıqdan, gözaldadıcı və qulaqbatırıcı hay-küydən uzaq, sakit və son dərəcə səmimi olmalıdır. Pyes haqqında qısaca fikrim budur.

O ki, qaldı mənim «Albalı bağı» pyesimə, hələlik hər şey öz qaydasınca gedir. Yavaş-yavaş işləyirəm. Bir az geciksəm də, eybi yoxdur. Pyesdəki vəziyyətləri lap sadələşdirmişəm, xüsusi dekorasiya tələb olunmayacaq və barıt uydurmaq da lazım gəlməyəcək. Hələlik səhhətim əladır, heç bundan artıq istəmirəm də. hər halda işləyə bilirəm.

Nazirlər komitəsi sədri böyük fəxri vəzifədir. Adətən, bu vəzifədə mənsəbi əldən çıxmış nazirlər (Bunqe, Durnovo) çalışırlar. Sənin yazdığın diktatorluq barədə isə heç danışmağa dəyməz.

Çox güman ki, qışda da Moskvada yaşayacağam. Noyabrda gələcəyəm. Bu vaxtacan görmədiyim «həyatın dibində» və «Yuli Sezar» əsərlərinə baxmağıma sevinəcəyəm. Pyesimin ikinci pərdəsində çayı kiçik kilsə və kəhrizlə əvəz etmişəm. Bu, daha yaxşıdır. Ancaq ikinci pərdədə Siz əsil yaşıl çölü və yolu, habelə səhnə üçün qeyri-adi olan uzaq bir üfüqü canlandırmalısınız. Allah Sizi saxlasın. Mən Olqanın məktubunu oxudum və təkrar edirəm: Naydenovun pyesinin tərəfdarıyam. Ancaq bəzi xırda şeyləri dəyişmək lazımdır. Yalnız xırda şeyləri.

Sağ olun, xoşbəxt olun. Səni qucaqlayıram.

Sənin A. Çexovun
Y. N. Çirikova

7 oktyabr 1903, Yalta

7 okt. 1903

Əziz Yevgeni Nikolayeviç, necə deyərlər, adını çək, qulağını bur. Mənə elə Siz lazım idiniz. haqqınızda mənə arvadım yazmışdı, ancaq başlıcası isə budur ki, sizin «Yəhudi» haqqında mən çox eşitmişəm. Qorkiyə məktub yazıb ondan mənə «Yəhudi» ni göndərməsini xahiş etmişdim. İndi isə bunu acizanə Sizdən rica edirəm. Moskvada görüşümüzədək dözə bilmərəm. Göndərin, əzizim. Oxuyub əlüstü cavab yollayaram. Tamaşaya qoyulmamış pyesi mən, ümumiyyətlə, başa düşmür və buna görə də sevmirəm, ancaq «Yəhudi» ni diqqətlə oxuyacağam, səhnəni xəyalıma gətirəcəyəm və beləliklə də, əsəri oxumağımdan bir şey çıxacaqdır. əgər pyes hazırdırsa və xoşunuza gəlirsə nə üçün tamaşaya qoyulmasın? Niyə də bəxtinizi sınamayasınız? Və yaxud, heç olmazsa, pyes nə üçün alman dilinə çevrilməsin? Göndərin, bəlkə bir şey fikirləşdik.

Olqa Leonardovna «Yuli Sezar»ın böyük müvəffəqiyyət qazanmasından yazır. Orada necə səs-küy olmasını təsəvvür edirəm!

Məcmuə üçün hekayə barədə Qorkiyə yazmışam. Bu ilin oktyabrında göndərəcəyim məktubda hekayəni yazıb-yazmayacağımı xəbər verəcəyəm. hələlik ishala düşmüşəm, öskürürəm və başqa heç bir şeylə öyünə bilmərəm.

«Russki mısl» barədə məni yaxşı başa düşməmisiniz. Görüşəndə fikrimi izah edərəm.

Şəklinizi göndərdiyinizə görə Sizə acizanə təzim edir, əlinizi möhkəm-möhkəm sıxıram. Novellaya görə də Sizə təzim edirəm. İndi, bu qoca yaşımda təəssüf edirəm ki, qızım yoxdur. Siz xoşbəxt adamsınız. Fotoşəklimi Sizə Moskvada, görüşəndə verərəm; şəkli əvvəlcə Opitsadan almaq lazımdır. Və yaxud bizim yaltalı həkim Sredinin (əgər onu görsəm və işləməyə həvəsi olsa) çəkdiyi babət bir şəkli Sizə göndərərəm.

Yazdığınız kimi, Siz xalq evi ilə «əlləşirsiniz?» Yox, Siz hələ əlləşməli olacaqsınız, xüsusilə repertuarı tərtib edəndə.

Beləliklə, icazə verin «Yəhudi» ni gözləyim. Məndə Sizin «Znaniye» nəşriyyatında buraxılmış «Pyesləriniz» və «Fikir dostları» nın ottiski var. əgər «Yəhudi» ni oxuyub qurtaran kimi göndərmək lazım olsa, elə həmin gün yola salaram, bir gün belə ləngitmərəm.

Sağ olun, xoşbəxt olun. Əlinizi möhkəm sıxır, Sizi öpürəm.

Sizin A. Çexov
O. L. Knipperə

7 noyabr 1903, Yalta

7 noyabr

Əzizim, dilbərim, salam! Təzə bir xəbər yoxdur, hər şey, hər şey öz qaydasındadır. Yazmağa həvəsim yoxdur, Moskvaya getmək istəyirəm. Sənin icazəni gözləyirəm.

«Kəndli» əsərinin müəllifi gözəl yazıçı F. Polents vəfat edib. Nemiroviçdən də, Alekseyevdən də məktub almışam, görünür, hər ikisi çaşıb qalıblar, sən onlara demisən ki, pyesim xoşuma gəlmir, onu üzə çıxarmağa qorxuram. Yəni mən doğrudanmı belə anlaşılmaz yazıram? Mən bu vaxtacan ancaq bir şeydən qorxurdum və indi də qorxuram ki, Simov üçüncü pərdə üçün mehmanxana şəklini çəkməyəcəkdir. Səhvi düzəltmək lazımdır. Bir aydır ki, bu barədə yazıram, ancaq mənə cavab olaraq, yalnız çiyinlərini çəkirlər; görünür, mehmanxana səhnəsi onların xoşuna gəlir.

Nemiroviç təcili teleqram göndərərək, təcili cavab istəyir ki, Şarlotta, Anya və Varya rollarını kimlər oynasınlar. Varya rolunun qarşısında üç familiya yazılmışdır. Onlardan ikisini tanımıram, üçüncüsü isə Andreyevadır. Andreyevanı seçməli oldum. Burada yaman biclik işlədiblər.

Kostya çoxdandır ki, bizə gəlmir. Güman ki, bu gün gələcək. Mixaylovskini Peterburqda ləngidəcəklər; görünür, Kostya evə tez gedə bilməyəcəkdir.

Əzizim, dilbərim, məni buradan çağırtdır. Bajenov dünən mənimlə vidalaşmağa gəlmişdi. Adyalı ona verdim ki, sənə çatdırsın. Xoşlamasan, qaytar dəyişim.

«Müflis adam» Yeni teatrda müvəffəqiyyətsizliyə uğrayıb? Mən bu pyesin əla tamaşasını görmüşəm. Pyes mənə gözəl əsər kimi təsir bağışladı, bu, əslində də belədir. Orada iki kişi surəti sənətkarlıqla yaradılıb.

Mən bu gün yatıb qalmışam, saat 9-da oyanmışam. Deyəsən, özümü pis hiss etmirəm. Ancaq mədəm pozuldu. Rejimi dəyişmək, daha laübalı həyat keçirmək, hər şey – göbələk də, kələm də yemək, bütün içkilərdən içmək lazımdır. hə, sən necə fikirləşirsən? Vişnevskiyə de ki, çox piyada gəzsin və həyəcanlanmasın.

Səni bağrıma basıram. Məni tez çağırtdır. Ərini yeni kürkdə görmək sənin üçün məgər maraqlı deyilmi?

Qızardılmış ördək barədə yazıb mənə əzab vermə. Gələndə bir ördəyi təkcə yeyəcəyəm.

K. S. Alekseyevə (Stanislavskiyə)

10 noyabr 1903, Yalta

10 noyabr 1903

Əziz Konstantin Sergeyeviç! Əlbəttə, III–IV pərdələr üçün bir dekorasiya da bəs edər, özü də dəhliz və pilləkənlə birlikdə. Ümumiyyətlə, xahiş edirəm, dekorasiyanı istədiyiniz kimi qurun, mən Sizə tabeyəm. həmişə olduğu kimi Sizin tamaşalara heyrət edirəm və ağzım açıla qalır. Buna heç söz ola bilməz; Siz nə etsəniz mənim fikirləşdiyimdən yüz qat gözəl olacaqdır.

Dunya və Yepixodov Lopaxinin yanında oturmur, ayaq üstə dururlar. Axı, Lopaxin özünü ağayana, sərbəst aparır, xidmətçi qadına «sən», qadın isə ona «siz» deyə müraciət edir.

Sergey Savviç «Russki listok» üçün… Yaponiyaya gedib? Yaxşı olardı ki, o, «Russki listok» a oxucu tapmaq üçün Aya gedəydi. Yerdə oxucu yoxdur. Siz onun pyeslərini oxumusunuzmu? Əgər o, Yaponiyaya gedib bu ölkə haqqında kitab yazsaydı və çap etdirsəydi çox yaxşı olardı; bu onun həyatındakı boşluğu doldurardı.

Mənim indiyədək Moskvaya getməməyimin günahkarı Olqadır. Biz şərtləşmişdik ki, o məni çağırtdırmayınca Moskvaya getməyəcəyəm.

Əlinizi möhkəm sıxıram, məktuba görə ürəkdən təşəkkür edirəm.

Sizin A. Çexov

Mən hələ «Həyatın dibində», «Cəmiyyətin sütunları» və «Yuli Sezar» pyeslərinin tamaşalarını görməmişəm. Buna görə də hər axşam sizin teatrda itib-batacağam.

İ. A. Buninə

8 yanvar 1904, Moskva

Salam, əziz İvan Alekseyeviç, yeni iliniz mübarək, xoşbəxt olasınız! Məktubunuzu aldım, sağ olun. Moskvada hər şey öz qaydasındadır. Darıxıram, yalnız il yenidir, başqa heç nə yox. Yenilik gözlənilmir də. Pyesim hələ səhnəyə qoyulmayıb, nə vaxt göstəriləcəyi məlum deyildir. Çox güman ki, fevralda Nitsaya köçəcəyəm, N.İ. Yurasovun yanında qalacağam; bu yaxınlarda ondan məktub almışam. Sevimli, ilıq günəşə, sakit dənizə mənim əvəzimdən təzim edin. Həyatdan doyunca ləzzət alıb yaşayın, təskinlik tapın, xəstəliklər barədə düşünməyin və dostlarınıza tez-tez məktub yazın. Sergey Aleksandroviçə və Vladimir Qriqoryeviçə mənim əvəzimdən təzim edin. Nitsaya nə üçün gedirsiniz? Kolber suf balığı yoxdur, naqqa isə sizin üçün ağırdır, suplar pis, piroqlar yağlıdır; quşlardan ancaq cücəni, bir də göyərçini məsləhət görərdim. Sağ olun, xoşbəxt olun, Sizin mədələrinin yaxşı işləməməsindən və əhval-ruhiyyələrinin pisliyindən əzab çəkən qonur şimal həmvətənlərinizi unutmayın. Sizi qucaqlayıb öpürəm.

Sizin A. Çexov

Bu gün bizim basdırmamız və hind toyuğundan hazırlanmış xörəklərimiz var.

8 yanvar
O. L. Knipperə

27 fevral 1907, Yalta

27 fevr.

Əziz zövcəm, sən mənə bir həkim kimi inanmırsan; bununla belə sənə deməliyəm ki, Korsakov pessimizmə çox meyl edir. O həmişə çox qorxulu bir şey baş verəcəyini gözləyir. Bir vaxt yanıma bir xəstə qız gələrdi, onu 2–3 ay müalicə etdim; sonra Korsakovun yanına konsiliuma apardım. Korsakov dedi ki, qız hökmən öləcək. Amma o, hələ də sağdır, özü də çoxdan ərə gedib. əgər onurğa sütunu vərəmə tutulubsa, bu heç də o demək deyildir ki, baş beyin və onurğa beyni də vərəmə tutulub. Xəstə oğlanı qonaqlıqlara aparmağı, onun çox atılıb-düşməsini məsləhət görmürəm. Yenə də soruşuram; nə üçün məhz Yevpatoriyanı seçdiniz?

Yaltada yaşadığım gündən bəri, yəni fevralın 17-dən sonra bir dəfə də olsun günəş çıxmayıb. Dəhşətli nəmişlikdir, göyün üzü bombozdur, otaqdan qırağa çıxmıram.

Şeylərim gəlib çatdı. Ancaq onların yaman kədər doğuran görkəmi var. Əvvəla, şeylərim gözlədiyimdən azdır, ikincisi, hər iki qədim sandıqça yolda çatlamışdır. Yaman darıxıram, maraqlı bir şey yoxdur; camaat son dərəcə laqeyddir, heç nə ilə maraqlanmır.

Təsəvvür edirsənmi. «Albalı bağı» bütün şəhərlərdə üç-dörd dəfə göstərilir, hər dəfə də müvəffəqiyyət qazanır. Əsərin Rostovdakı tamaşası barədə məlumatı indicə oxumuşam, pyes orada üçüncü dəfədir ki, tamaşaya qoyulur. Ah, kaş ki, Muratova, Leonidov və Artyom Moskvada olmayaydılar. Axı, Artyom çox iyrənc oynayır, mən susmalı oldum.

Sən yazırsan ki, məndən məktub almırsan; halbuki sənə hər gün məktub göndərirəm, təkcə dünən yazmamışam. Yazmalı bir şey yoxdur. Amma bununla belə yazıram. Şnap-küçük artıq mənə alışıb, dal pəncələrini uzadaraq kabinetimdə uzanıb; anasının yanında gecələyir, həyətdə itlərlə oynadığından üstü-başı həmişə natəmizdir. Sənin çoxlu əmin var, onları tez-tez ötürməli olursan, özünü soyuqdəymədən gözlə. heç olmasa, hər ayın dördüncü həftəsi, onlar sizdə mərəkə qurmayanda evdə otur dincəl.

Yayı harda keçirəcəyimiz barədə bir qərara gəldinmi? Harda yaşamalı olacağıq? İstərdim Moskvanın yaxınlığında, stansiyadan bir az aralı yaşayaq ki, ekipajlardan, havadarlardan və pərəstişkarlardan yaxa qurtara bilək. Fikirləş, mənim əzizim, bağ haqqında fikirləş, bəlkə bir qərara gəldin. Axı, sən mənim ağıllı, düşüncəli, təmkinli Olqamsan; hirslənməyəndə, qəzəblənməyəndə səninlə Saritsinoya necə getdiyimizi və geri qayıtdığımızı xatırlayanda böyük ləzzət alıram.

Allah əmanətində qal, mənin sevincim, xeyirxahım! Sənsiz yaman darıxıram, darıxmaya da bilmərəm, çünki sənə yaman alışmışam. Səni öpürəm, qucaqlayıram.

Sənin A.

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации