Электронная библиотека » Антон Чехов » » онлайн чтение - страница 2

Текст книги "Qeyd dəftərçələri. Məktubları"


  • Текст добавлен: 27 октября 2022, 17:20


Автор книги: Антон Чехов


Жанр: Публицистика: прочее, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 5 страниц)

Шрифт:
- 100% +
Y. K. Saxarovaya

28 iyul 1886, Babkino

86, VII, 28

Hörmətli Yelizaveta Konstantinovna, ovuclarım döyənək olunca Sizi alqışlayıram. Sizin toyunuz indiyə kimi oynadığınız ən yaxşı pyesdir… Təbrik edir, əllərinizi möhkəm sıxır, səmimi-qəlbdən, dostcasına Sizə xoşbəxtlik arzulayıram. Boyunuzun çox kiçik olmasına baxmayaraq Siz əsil böyük səadətə hamıdan çox layiqsiniz. Təəssüf edirəm ki, tale mənə Sizə sağdış olmaq imkanı vermədi. Bizim xoş və pozulmaz dostluq münasibətlərimiz (icazənizlə) mənim sağdışlığımla başa çatar və əbədiyyətə həkk olunardı.

Mən Zveniqoroddan təzəcə qayıtmışam, orada xalanız Lüdmila Vasilyevna ilə görüşmüşəm. Onunla nə barədə danışdığımızı Siz, yəqin ki, bilir və hiss edirsiniz, çünki xalanızın söhbət mövzuları təbiətin qanunları kimi əbədi və sabitdir… O, (üzümdəki ifadələri istehzalı təbəssümlə izləyərək sanki bununla demək istəyirdi ki, əlindən çıxdı, əzizim!) Sizin səadətinizi ən parlaq, kəskin və gözqamaşdırıcı rənglərlə təsvir etdi. Ondan öyrəndim ki, Siz xoşbəxtlikdən özünüzə yer tapmırsınız və əriniz üzdən İsa peyğəmbərə oxşayır.

Lüdmiloçka mahnı oxuyurdu. General Menelayla tanış oldum.

Darıxıram. Çox qazanıram, ancaq əvvəlki tək pulsuzam. Levitan mənimlə bir yerdə yaşayır. O, Krımdan çoxlu (50 ədəd) əla (mütəxəssislərin fikrincə) eskiz gətirmişdir. Onun istedadı gündən-günə deyil, saatdan-saata çiçəklənir. Nikolay az işləyir. Bacım sağ-salamatdır. Mişa kiməsə vurulub və filosofluq eləyir və s. və i. a…

Çox güman ki, bu il olmasa da, gələn il Krımda olacağam. Sevastopoldakı ünvanınızı xəbər versəniz, Sizə, heç olmazsa, gözucu baxmaq üçün məmnuniyyətlə Sevastopola dəyərdim.

Sağlıqla qalın. Qoy həyatınız da yeni familiyanız kimi şirin olsun. Unutmayın ki, Sizin xeyirxahınız və pərəstişkarınız var.

A. Çexov

Hər ehtimala qarşı, daimi ünvanımı Sizə xəbər verirəm: Moskva, Tver küçəsi, «Budilnik» in redaksiyası.

Piterə köçməyim haqqında xəbər eşitsəniz, Suvorinə yazın.

Yadınızdadırmı, Siz, mən və Levitan ova getmişdik.

Sağ qalsam, beş-on ildən sonra Markovların bütün nəslini qələmə alacağam. Sizi nəzərdən qaçırmamağa çalışacağam.

Perervdə necə ağladığınızı xatırlayırsınızmı?

Səhhətim o qədər yaxşı deyil! Nə isə!..

Məni unutmadığınıza görə sağ olun. Məktubunuz məni mütəəssir etdi.

A propos: kitabım çıxdı. Bütün qəzet və jurnallar ondan yazırdı. Ən zəhərli söyüşü N. Mixaylovski «Severni vestnik» in («Yeni kitablar» şöbəsində) iyun nömrəsində çap etdirmişdir.

M. P. Çexovaya

22 iyul 1888. Fedosiya

22 iyul, Fedosiya

Mənim evdəki əzizlərim! Bununla sizə xəbər verirəm ki, mən sabah Fedosiyadan çıxıram. Krımdan məni tənbəlliyim qovur. Mən bir sətir də yazmamışam, bir qəpik də qazanmamışam; əgər mənim bu iyrənc əyləncəm 1–2 həftə də çəksə, bir qəpik də pulum qalmayacaq və Çexov ailəsinin üzvləri qışı Lukada keçirməli olacaqlar. Krımda pyes və 2–3 hekayə yazmaq istəyirdim. Sən demə, cənubda bir parça çörək olub göyə çıxmaq bir sətir yazmaqdan daha asan imiş. Səhər saat 11-də qalxıram, gecə saat 3-də yatıram, bütün günü yeyir, içir, danışır, danışır, hey danışıram. Lap maşına çevrilmişəm. Suvorin də heç bir şey eləmir və biz bekarçılıqdan bütün məlum məsələləri yenidən həll etməli olmuşuq. Yeyib-içməkdən cana gəlmişik. Sahildə eyş-işrət, şartrezlər, krüşonlar, çimmək, tennis raketləri, şən, əyləncəli şam yeməkləri, səfərlər, romanslar – bütün bunlar günləri qısaldır, vaxt sezilmədən keçir, beynim isə dalğaların laylasında xumarlanır, işləmək istəmir… Cənubun hər yerində olduğu kimi, gündüzlər isti, gecələr bürkülü keçir… Yox, buradan getmək lazımdır!

Dünən mən Şahmamaya, Ayvazovskinin Feodosiyanın 25 verstliyində yerləşən malikanəsinə getmişdim. Malikanə çox bərbəzəkli, bir az da əsrarəngizdir; ehtimal ki, belə malikanələri İranda görmək olar. Ayvazovski 75 yaşında gümrah bir qocadır; o, sadə bir erməni qadını ilə kef çəkib dünyadan köçmüş bir yepiskopun oğludur; kifayət qədər ləyaqətli adamdır, əlləri yumşaqdır, görüşəndə əlini general kimi uzadır, dayazdır, mürəkkəb təbiətli və diqqətəlayiqdir. Onda həm general, həm yepiskop, həm rəssam, həm erməni, həm sadədil baba, həm də Otello görkəmi var. Cavan və çox gözəl bir qadınla evlənib, onu möhkəm qoruyur. Sultanlarla, şahlarla və əmirlərlə tanışdır. Qlinka ilə birlikdə «Ruslan və Lüdmila» nı yazmışdır. Puşknnlə dost olub, ancaq onun əsərlərini oxumayıb. Ömrü boyu bir kitab da oxumayıb. Ona kitab oxumağı təklif edəndə deyir: «Əgər mənim öz fikrim varsa, nə üçün oxumalıyam?» Mən bütün günü onlarda oldum və nahar etdim. Nahar çox uzun və bezikdirici keçdi, sağlıqların ardı-arası kəsilmədi. Onu da deyim ki, naharda bir həkim qadınla, məşhur professor Tarnovskinin arvadı ilə tanış oldum. O, çox kökdür, piylənmiş ət parçasıdır. Əgər onu tamamilə soyundurub yaşıl rəngə boyasan, bataqlıq qurbağasına oxşayar. Söhbətdən sonra mən onu xəyalən həkimlər siyahısından sildim…

Çox qadına rast gəlmişəm, onların ən yaxşısı Suvorinadır. Əri kimi o da orijinaldır, həm də qadıntək düşünmür – ağıllıdır. O qədər cəfəngiyat danışır ki… Ancaq ciddi danışmaq lazım gələndə mühakimələri ağıllı və sərbəst olur. Bütün varlığı ilə Tolstoya vurulub, ona görə də müasir ədəbiyyatı görməyə gözü yoxdur. Ədəbiyyat haqqında onunla danışanda hiss edirsən ki, Korolenko, Bejetski, mən və başqaları onun şəxsi düşmənləriyik. Qeyri-adi dərəcədə, arasıkəsilmədən cəfəngiyat danışmaq, özü də ustalıqla və tox maraqlı danışmaq qabiliyyətinə malikdir. Buna görə də onu bütün günü darıxmadan sarı bülbülü dinlədiyin kimi dinləmək olar. Ümumiyyətlə, maraqlı, ağıllı və yaxşı adamdır. Axşamlar dəniz sahilində qumun üstündə oturub ağlayır, səhərlər isə qəhqəhə çəkir və qaraçı romansları oxuyur.

İki şeydən biri olacaq: mən ya birbaşa evə gedəcəyəm, ya da ilim-ilim itəcəyəm. Evə gedəsi olsam, məni bir həftə gözləyin; gedəsi olmasam, gözləməyin.

Mənim əvəzimdən Aleksandra Vasilyevnaya, Zinaida Mixaylovnaya, hörmətli yoldaşıma, Natalya Mixaylovnaya, Pavel və Georgi Mixayloviçlərə və bütün pravoslav xristianlarına təzim edin. Antonida Fyodorovnaya və onun körpəsinə də təzim edin.

Bu saat Suvorina otağımda oturub şivən qoparır: «Verin məktubu oxuyum!» Şivən qoparır və donquldanır. İndicə şəhərə gedəcəyəm.

Bu günlərdə pul göndərəcəyəm.

Ayrıca mülk almaq üçün pulum var – 2000 rubl.

Suvorin mənə iki qayıq və üstüaçıq, uzunsov minik arabası bağışlayıb. Deyirlər bu qayıqlar çox yaxşıdır. Çalışacağam ki, onları Pselə göndərsinlər. Həmin qayıqlar Peterburq yaxt-klubundan alınmışdır. Biri yelkənlidir.

Ananın əllərini öpürəm. Əminəm ki, hər şeyiniz var – tənbəki də, nə bilim nə də… Pula heyfiniz gəlməsin. Ona görə heyfsilənməyin ki, pul, ümumiyyətlə, yoxdur.

Hamınızı öpürəm.

A. Çexov
L. S. Mizinovaya

27 mart, 1892, Melixovo

Lika, bayırda da, ürəyimdə də şiddətli şaxtadır, elə buna görə də Sizə istədiyiniz kimi uzun məktub yaza bilmirəm.

Yaylaq məsələsini necə həll etdiniz? Siz yalançısınız, mən Sizə inanmıram: Siz heç də bizim yaxınlığımızda yaşamaq istəmirsiniz. Yaylağınız Myasnitskdəki qalaçanın yaxınlığındadır – Siz də qəlbən və ruhən oradasınız. Biz isə Sizin üçün heç bir şey deyilik. Biz nəğmələri çoxdan unudulmuş ötənilki sığırçınlarıq.

A. İ. Smakin iki gün qonağımız oldu. Bu gün uryadnik gəlmişdi. Termometrin civə sütunu mənfi on dərəcəni göstərir. «Ə» hərfi ilə başlayan bütün söyüşləri bu civənin ünvanına yağdırıram, civə isə əvəzində soyuq gözlərini döyür… Bahar nə vaxt gələcək? Lika, bahar nə vaxt gələcək?

Son sualı hərfi mənada başa düşün və heç bir gizli məna axtarmayın. Əfsus ki, mən daha ruhən qocalmışam, odur ki, mənim məhəbbətim günəş deyil, nə mənim üçün, nə də sevdiyim quşcuğaz üçün bahar gətirir! Lika, düşünmə ki, mən səni belə çılğınlıqla sevirəm. Səndə keçmiş əzab-əziyyətləri və məhv olmuş gəncliyimi sevirəm.

L. S. Mizinovaya

29 mart, 1892, Melixovo

Bazar günü

Əzizim Melita, rica edirəm mənim «Günahsız sözlər» imi gətirin və «Əlvan hekayələr» imi əsarətinizdən azad edin.

Sizin gəlişinizi hamımız səbirsizliklə gözləyirik. Otaqlar qaydaya salınıb, daha da genişlənib. Dünən biz bütün günü anbarı təmizləmişik. Əziz qonaqlarımız orada qalacaqlar.

Ah! Mülkədar qadın Kuvşinnikovanın (Safonun famildaşları) bizim lap yaxınlığımızda yerləşən malikanəsi tamamilə yandı. Bu, xəbərdarlıqdır. Bizim evimiz və bağımız alovun işığına qərq olmuşdu. Kilsədə zəng çalırdılar, camaat hay-küy salmışdı. Biz isə heç nəyi görmədik və eşitmədik, çünki möhkəm yatmışdıq. Yaman yatırıq! Axşam saat 8-də uzanır və səhər 7-də dururuq. Yaxşıca da yeyirik. Ümumiyyətlə, demək olar ki, təxminən bir ildən sonra adi heyvana dönəcəyik. Mən fiziki əməklə məşğul oluram. Əzələlərim bərkiyir, gücüm sürətlə artır, belə ki, malikanəm auksionda satılandan sonra Solomonskinin sirkində atlyot vəzifəsinə işə girəcəyəm.

Bizə gələsi olmasanız, Sizə necə əzab verməli olacağıq? Mən Sizin üstünüzə qaynar su tökəcək və közərdilmiş kəlbətinlə kürəyinizdən bir parça mal əti qopardacağam. Burada taxtabiti və mətbəxqurdu çoxdur. Onlardan buterbrod düzəldir və yeyirik. Dadlıdır.

Melita, heç olmazsa, bir-iki sətir yazın. Bizi belə tezliklə unutmayın. heç olmazsa, özünüzü elə göstərin ki, guya hələ bizi xatırlayırsınız. Bizi aldadın, Lika! Yalan biganəlikdən yaxşıdır.

Bizdə rahat olacaqsınız. əgər malikanəmizdə tam rahatlıq olmasa, çalışarıq ki, bunu hiss etməyəsiniz.

Bizim gözəl cökə xiyabanımız var. Oradakı qarı təmizləyib gölməçəyə atmışıq. Odur ki, xiyabanda gəzmək olar. Burada içində bir az çirkli qar olan çalanı gölməçə adlandırırlar.

Pulum yoxdur, Melita! Otaqda bir az dəm qazı var. Hava dəyişmək üçün pəncərənin nəfəsliyi yoxdur. Atam buxur yandırır. Evə skipidar dağıtmışam. Mətbəxdən ətir gəlir. Başım ağrıyır. Tənhalıq qismətim olmur. Başlıcası budur ki, Melita yoxdur, onu bu gün, ya sabah görəcəyimə ümid də yoxdur.

Sağlıqla qalın. Bizi aldadın, Melita!

Mənim əvəzimdə Levitana təzim edin.

Bəs pul köçürülməsi? Nə, nə pul köçürülmə? Bəlkə, Siz elə düşünürsünüz ki, Sizə havayı pul verəcəyəm?

Təpədən dırnağa, bütün ruhu və qəlbi ilə, son nəfəsinədək, özünü-sözünü unudanacan Sizin olan, Sizi dəlicəsinə sevən.

Antuan Tiyekof
(Knyaz Urusovun təbirincə)
L. S. Mizinovaya

16 iyul, 1892, Melixovo

16 iyul

Lika, Siz hər şeyi irad tutansınız. Mənim məktubumun hər bir hərfində Siz istehza və yaxud acıdillik görürsünüz. Sizin gözəl xasiyyətiniz var, heç söz ola bilməz. Nahaq yerə elə güman edirsiniz ki, qarımış qız olacaqsınız. Mərc gəlirəm, vaxt gələcək ki, Siz kinli, çığırıb-bağıran, qışqırıqçı, sələmdə pul verən və qonşu oğlanların qulağını dartan qadına çevriləcəksiniz. Əyninə sarı xalat geyən, Sizi öz arvadı adlandırmaq şərəfinə nail olan müşavir arabir Sizdən araq oğurlayacaq, içib ailə həyatının kədərini unutmağa çalışacaq. Mən hərdən təsəvvür edirəm ki, iki mötəbər şəxs – Siz və Safo stol arxasında oturub ötən günləri xatırlayaraq araq içirsiniz. Sizin qorxaq, müqəssir görkəmli titulyar müşavir və daz başlı yəhudi isə (onun familiyasını demək istəmirəm) qonşu otaqda, sobanın yanında dama oynayır.

Maşa Mamuna ilə birlikdə çoxdan Lukaya yola düşüb. Buradan gəlib keçən bir həkim mənə dedi ki, o özü Xarkov yaxınlığında, daha doğrusu, Merefdə iki dəfə vəbaya tutulma hadisəsinin şahidi olmuşdur. Bu xəbər Sumaya çatsa, Maşa oradan qaçacaqdır. Onun iyulun 20-də gələcəyini gözləyirəm. Heç yerə gedə bilmirəm, çünki qəza zemstvo idarəsi məni vəba həkimi təyin edib (maaşsız). İşim başdan aşır. Kəndləri və fabrikləri gəzir, vəba haqqında məruzələr oxuyuram. Sabah Serpuxovda, sanitariya qurultayı başlayır. Vəbanı vecimə almıram, ancaq, nədənsə, başqaları kimi mən də ondan qorxmağa məcburam. Əlbəttə, ədəbiyyat haqqında düşünməyə belə vaxt yoxdur. Yaman yorulmuşam, lap hövsələdən çıxmışam. Pulum yoxdur və qazanmağa nə vaxt var, nə də həvəs. İtlər aramsız ulayır. Bu, o deməkdir ki, mən ya vəbadan öləcəyəm, ya da sığorta mükafatı alacağam. Birincisinə ehtimal daha çoxdur, çünki mətbəxqurdları hələ məhv olmayıb. Öhdəmdə 25 kənd olsa da, bir köməkçim belə yoxdur. Tək əldən səs çıxmaz, mən lap gic olub qalmışam. Bizə gəlin, kəndlilərlə birlikdə məni döyərsiniz.

Siz isə qəşəng qızcığaz, bizdə yox, Torjkda yaşamağınızla çox şey itirirsiniz. Vəba hələlik buralara gəlib çıxmasa da, onunla əlaqədar, bütün qonşularla tanış olmuşam. Maraqlı gənclər var. Məsələn, 27 yaşlı qonşum qız Şaxovskaya. O, günlərlə bizdə olur.

Vəba qorxusu keçib gedəndən sonra mən Krıma gedəcək, Kantalupa isə Torjkda qalacaq, qohumları ilə birlikdə qanı qaralacaq, daha sonra ovqatı təlx halda Moskvaya gələcək və məsum əyləncələrə qurşanacaqdır: Safogilə gedəcək, papiros çəkəcək, qohumları ilə dalaşacaq, Fedotovgildə tamaşalara baxacaq… Bundan yaxşı nə olar ki!

Pyes hazırdırmı? Yox?

Burada yağış yağır, hava istidir. Boz çovdar yetişib, ancaq yığan yoxdur. Albalı yığmağa da adam tapılmır. Ancaq bu nemətlər könlümü açmır. Məni təkcə bir şey sevindirir: Moskvaya getməyəcəyəm. Lika, qışda bizə gəlin, vallah vaxtımız gözəl keçəcək. Mən Sizin tərbiyənizlə məşğul olacaq və bütün səfeh adətlərinizi tərgidəcəyəm. Başlıcası budur ki, mən Sizi Safodan qoruyacağam.

Sağlıqla qalın. Bu dəfə Sizə xoş sözlər yazmıram, çünki Siz onlarda yalnız istehza görəcəksiniz. Əlbəttə, familiyamı da yazmayacağam. Yazmayacağam, vəssalam!

Gözəl olmayan, amma xoş görkəmli tanış bir qadın papirosu tərgitmişdi, ancaq deyilənə görə yenə də çəkir. Gör bir necə inad şeytandır! Mənə məktub yazın. Eşidirsinizmi? Diz çöküb yalvarıram.

L. S. Mizinovaya

13 avqust, 1893, Melixovo

13 avq.

Əzizim Lika, ona görə Sizə məktub göndərmirəm ki, yazılası bir şey yoxdur; həyat o dərəcədə mənasızdır ki, yalnız milçəklərin səni dişlədiyini hiss edirsən, vəssalam. Mənim əziz sarışınım, gəlin söhbət edək, küsüşək, barışaq; Sizsiz darıxıram, Sizinlə beşcə dəqiqə danışmaq üçün beş rubl verərdim. Vəba xəstəliyinə təsadüf edilmir, ancaq dizenteriya var, göyöskürək var, havalar yağmurlu və rütubətli keçir. Bizə gəlin, qəşəng Lika, mahnılar oxuyun. Axşamlar yaman uzun keçir, yanımda məni sıxıntıdan qurtarmaq istəyən bir adam da yoxdur.

Peterburqa, icazəm olandan sonra, yəni vəbadan sonra gedəcəyəm. Güman ki, oktyabrda artıq oranın sakini olacağam. həmin sahədəki tikinti haqqında düşünür və köçməyi arzulayıram. Ancaq bütün bunlar bayağıdır. Bayağı olmayan təkcə poeziyadır ki, buna da mənim əlim çatmır.

Eh, pul! Pul! Pulum olsaydı, indi haqqında çox maraqlı məktublar oxuduğum Cənubi Afrikaya gedərdim. Həyatda gərək bir məqsədin olsun, səyahət edəndə isə məqsədin də olur.

Burada xiyar yetişib. Brom madmuazel Merilizə vurulub. Dinc yaşayırıq. Artıq nə araq içir, nə də siqar çəkirik, ancaq, nədənsə, axşam yeməyindən sonra yaman yatmaq istəyirəm, di gəl ki, otaqdan həmişə siqar iyi gəlir. Qladkov arıqlayıb, knyaz kökəlib. Varenikovun həyətində, dediyinə görə, yonca yaxşı bitmişdir. Yöndəmsiz İvanenko yöndəmsiz olaraq qalır və yenə də qızıl gülləri, göbələkləri… və sairələri ayaqlayır. Məgər o, məktəbdə İvanın yanında qulluq edəcək? Bu barədə Siz nə bilirsiniz? Mənim ona çox yazığım gəlir, əgər bu pis başa düşülməsəydi və qəbahət sayılmasaydı, mən İvana bir parça torpaq bağışlar, orada ona ev tikərdim. Axı, o artıq qocadır!

Mən də qocayam. Mənə elə gəlir ki, həyat mənə bir qədər rişxənd etmək istəyir və ona görə də özümü qoca hesab edirəm. Gəncliyimi havayı əldən verəndən sonra insan kimi yaşamaq istəsəm və bu mənə müyəssər olmasa, onda mənim bəraətim olacaqdır; deyəcəyəm ki, qocayam. Bununla belə, bütün bunlar boş şeylərdir. Bağışlayın, Lika, doğrusu yazılası başqa bir şey yoxdur. Məktub yazmaqdan nə çıxar. Sizə yaxın oturmaq, söhbət etmək daha yaxşı olardı.

İndi şam etməyə gedirəm.

Burada alma yetişib. Gündə 17 saat yatıram. Lika, əgər Siz kiməsə vurulmuşsunuzsa və məni unudubsunuzsa, heç olmazsa, mənə gülməyin, Maşa və Mişa Babkinoya – Kiselyovgilə getmişdilər; onlar bu səfərdən məyus olmuşlar – bax, bu təzə xəbərdir. Daha yazılası bir şey yoxdur. Potapenko və Sergeyenko bizə gəlmişdilər. Potapenko xoşuma gəldi. Çox gözəl oxuyur.

Sağ olun, əzizim Lika, məni unutmayın. əgər hər hansı bir Tişa ilə maraqlansanız da, heç olmazsa, bir-iki kəlmə yazın.

Sizin A. Çexov
L. S. Mizinovaya

1 sentyabr, 1893, Melixovo

1 sent.

Əzizim Lika, Siz xarici sözlər lüğətindən «eqoizm» sözünü eşələyib tapmısınız və hər məktubunuzda məni bu sözə «qonaq» edirsiniz. Yaxşı olar ki, öz itinizi eqoist adlandırın.

Mən yeyir, yatır və ləzzətlə yazıram. Bəli, hamı kimi mən də yeyir və yatıram; zərifliyinizə və arıqlığınıza baxmayaraq Siz də bunlardan yaxa qurtara bilmirsiniz. Qəşəng qız, o ki, qaldı ləzzətlə yazmağa, Sizi bunu ona görə cikkildəyib deyibsiniz ki, yazmağın ağırlığı və əzabı ilə təcrübədə tanış deyilsiniz; bu, Sizə necə xırdaca görünsə də, ömrü qurd kimi içəridən yeyir.

Deyirsən, mən hər şeyə nail oluram? Bəli, Lika, mən hər şeyə nail oluram, yalnız istisnalıq var: cibimdə bir qara qəpiyim yoxdur, bir də Sizi görmürəm. Xülasə, Sizinlə mübahisə etmək istəmirəm. Qoy, Siz deyən olsun. Dostum, ancaq bir heyrətimi Sizinlə bölüşməyə bilmirəm: bu nə deməkdir, nə üçün heç bir səbəb olmadan mənə sataşırsınız?

Peterburqa gedəndə hökmən Sizə dəyəcəyəm. Ancaq taleyin üzümə güləcəyinə ümid edirəm: bəlkə mən Peterburqa getməzdən əvvəl Siz Melixovoya bir də gələ bildiniz.

Qış aylarının birində Moskvaya gedəcək və 10–15 gün orada qalacağam.

Yaman, yaman soyuqdur, Lika.

Sizin A. Çexov

Güman ki, Moskvada sentyabrın 10-a yaxın olacağam.

L. S. Mizinovaya

27 mart 1894, Yalta

27 mart, Yalta

Əzizim Lika, məktuba görə sağ olun. Məktubda məni tezliklə öləcəyinizlə qorxutsanız da, Sizi rədd etməyimə görə məni acıqlandırsanız da, hər halda sağ olun. Mən çox gözəl bilirəm ki, Siz ölməyəcəksiniz və Sizi heç kəs rədd etməmişdir.

Mən Yaltadayam, darıxıram, yamanca darıxıram. Buranın necə deyərlər, aristokratiyası «Faust» u tamaşaya hazırlayır. Mən məşqlərdə olur, orada qara, kürən, kətan və sarışın rəngli başlara baxmaqdan ləzzət alır, mahnıya qulaq asıram, yeməyimdən də qalmıram. Qadın gimnaziyasının rəisigildə cibərək (ət qutabı), qoyun əti ilə bişmiş sıyıq yeyirəm, xeyirxah ailələrdə qonaq olanda göyərti şorbası yeyirəm; bəzən qənnadı mağazasında, bəzən də yaşadığım mehmanxanada yeməli oluram. Saat 10-da yatıram. 10-da dururam, yeməkdən sonra istirahət edirəm. Ancaq, buna baxmayaraq, yenə də darıxıram, əzizim Lika! «Qadınlarım» yanımda olmadığı üçün darıxmıram, ona görə darıxıram ki, şimal baharı burdakından yaxşıdır, həm də ona görə ki, həmişə məni bir fikir narahat edir; mən yazmalıyam, bu mənim borcumdur. Yazmaq, yazmaq və yazmaq. Mənim fikrimcə, bekarçılıq olmayan yerdə əsl səadət də yoxdur. Mənim idealım budur; avara olmaq və kök bir qızı sevmək. Mən əsil ləzzəti gəzəndə və yaxud oturanda, habelə, heç nə etməyəndə alıram. Mənim ən sevimli məşğələm lazımsız şeylər (yarpaq, güləş və s.) toplamaq və faydasız iş görməkdir. Bununla belə, mən ədibəm, hətta burada, Yaltada belə yazmalıyam. Əzizim Lika, Siz böyük müğənni olsanız və Sizə yaxşı maaş versələr, mənə səmimiyyətlə yanaşın: mənə gəlin və məni öz hesabınıza dolandırın ki, hər şeydən azad olum, avaralana bilim. əgər Siz, doğrudan da, gəlsəniz, qoy bütün bunları Sizin əvəzinizə Varya Eberli etsin. Bildiyiniz kimi, mən onu sevirəm. hökmən görəcəyim işlər barədə həmişə fikirləşməkdən o dərəcədə yorulmuşam ki, artıq bir həftədir ürəyim fasiləsiz olaraq məni incidir. Bu, çox iyrənc hissdir.

Tülkü dərisindən tikilmiş kürkümü 20 rubla satdım. Kürkün qiyməti 60 rubldur, ancaq onun 40 rublluq xəzi xarab olduğundan 20 rubla o qədər də az deyildir. Burada firəng üzümü hələ dəyməyib, ancaq hava istidir, aydındır, ağaclar çiçəkləyir, dəniz yaydakı kimidir, ehtiraslı hisslər qızları yaxıb-yandırır. Bununla belə, şimal (heç olmasa baharda) Rusiyanın cənubundan yaxşıdır. Bizdə təbiət qüssəli, lirik, Levitanın mənzərələrində olduğu kimidir, burada isə nə elədir, nə belə – yaxşı, ahəngdar, ancaq soyuq şeirlər təki. Ürəyim incitdiyindən artıq bir həftədir ki, şərab içmirəm. Odur ki, bura mənə daha yoxsul görünür. Məgər Siz Parisdəsiniz? Fransızlar necədir? Xoşunuza gəlirmi? Nə etməli, kefinizi çəkin.

Mirov burada konsert verdi və 150 rubl təmiz gəliri oldu. Ağ balıq kimi bağırırdı, ancaq böyük müvəffəqiyyət qazandı. Çox təəssüf edirəm ki, oxumaq öyrənmədim. Mən də beləcə bağıra bilərdim, çünki boğazım xırıltılı elementlərlə doludur, deyirlər ki, səsim əsil oktavadır. həm qazancım olardı, həm də qadınların yanında nüfuzum.

İyunda mən Parisə getməyəcəyəm, Siz isə Melixovoya gələcəksiniz; Sizi bura vətən həsrəti qovub gətirəcək. Heç olmazsa, bir dəfə, bir günlüyə Rusiyaya gəlməsəniz, işlər düzəlməz. Siz Potapenko ilə dil tapın. Yayda o Rusiyaya gedəcəkdir. Onunla gəlsəniz, yol xərciniz az çıxar. Qoy o Sizə bilet alsın, Siz isə bilet üçün pul verməyi unudun (bu, birinci dəfə deyildir). Siz gəlməsəniz, mən Parisə gələcəyəm. Amma əminəm ki, Siz gələcəksiniz. Sablin baba ilə görüşməmək olmaz.

Sizə can sağlığı, könül xoşluğu, sakit yaşayış, həyatda müvəffəqiyyət arzulayıram, Lika! Siz ağıllı qadınsınız.

Məni məktubla əyləndirmək istəsəniz, Melixovoya yazın, tezliklə ora gedəcəyəm. Məktublara vaxtında cavab verəcəyəm. Sizin hər iki əlinizi öpürəm.

Sizin A. Çexov

V.A. Eberliyə hörmətlə təzim edirəm.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 5 Оценок: 1

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации