Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 5


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

1 mart 1989

Böyük insan, Xalq yazıçısı Mirzə İbrahimov26

Mirzə İbrahimovun 70 yaşı tamamdır. Ona Sosialist Əməyi qəhrəmanı adı verilib. Bu münasibətlə universitetdə bu gün görüş keçirildi. Mən də səhnədəydim. Bütün kafedralar danışacaq. Ayrıca danışmağıma macal yoxdur. Amma bağırmaq, “Onun həyatı həyat məktəbidir. İnsan olmaq gərək olanda kimsəsizə, çarəsizə kömək əli uzatmaq məktəbidir” demək istərdim.

O olmasaydı, bu gün mən yox idim. Mənim kimilər yüzlərlədir. 1945-ci ilin axırlarında məni ərəb əlifbası ilə türk müəllifinin kitabını oxuduğuma görə universitetdən – təzəcə oxumağa başladığım filologiya fakültəsindən qovmuşdular. Mirzə müəllim o vaxt maarif naziri idi. Yanına getdim. Məni rektorumuz professor Abdulla Qarayevə necə tapşırmışdısa, dərhal haqqımdakı əmri geri götürdülər. Bunları düşünərkən 87 yaşlı professor Əziz Şərif professor Abbas Zamanovun müşayiətilə gəldi. Qalxıb zala, danışanlara əhəmiyyət vermədən elmimizin, xalqımızın ağsaqqalı, “Molla Nəsrəddin” yadigarını öpdüm. Yanaşı əyləşdik, çiynimi qucaqladı: “Səni ilk dəfə görəndə bu Əzizə olacağın ağlıma da gəlməzdi. Deyirdim, bu kövrək qız ömrü uzunu qəlbinin həyəcanlarını ifadə edən xırda hekayələr yazacaq”. Bu böyük tarixi, kişilərə də ağır romanları, bu geniş elmi biliyi necə toplayıb yazmısan? Sağ ol, qızım” – deyə pıçıldadı. “Aləmdə səsim var mənim” romanımın Moskvada rusca çıxdığını deyəndə elə şad oldu ki! Elə bildim, yanında oturduğum mənəvi atamdır.

20.10.1981

Mirzə İbrahimova Ali Sovetdə "Oraq və Çəkic" qızıl medalı təqdim edildi. Yaxşılara nəsib olmalı gözəl məclisdi. Təriflər… Təriflər… Heydər Əliyevin əla, bilici çıxışı hamını valeh elədi. Mən isə ürək ağrısı ilə oturub onun ağır günlərini, dəyanətini, səbatını qibtəqarışıq əzab hissiylə düşünürdüm. Ürəyim elə ağrıdı ki, axşamçağı yubiley təntənəsinə gedə bilmədim. Televizorla seyr etdim. Yaxşı ki, yaxşı bitdi. Həyatının bu çağında əzabına son qoyuldu.

23.10.1981

Mehdi Hüseyn ömründən bir neçə an27

Mehdi Hüseyn 40-60-cı illərin Azərbaycan nəsri və dramaturgiyasında xüsusi yeri, sözü olan Xalq yazıçısı, tanınmış, sevimli ədib idi. Gənclik onu hələ məktəbdən, dərsliklərdən tanıyırdı. O zamanlar televiziya olmasa da, şair və ədiblərimiz xalq arasında, deyərdim ki, indikindən daha çox tanınır və əsərləri daha çox oxunurdu. Mehdi Hüseynin “Daşqın”, “Tərlan”, “Səhər”, “Fəryad” və başqa romanları, klassik hekayələrimizlə yanaşı dura bilən hekayələri, “Cavanşir”, “Nizami” kimi tarixi dramları, bir sıra tarixi, inqilabi mübarizədən bəhs edən kinossenariləri, ədəbi-tənqidi məqalələri, klassik ədəbiyyatımız haqqında tutarlı çıxışları və fikirləri, rus və sovet xalqları ədəbiyyatı haqqında yazıları ilə ədəbiyyatımızın ən görkəmli simasına çevrilmişdi. Yaradıcılığı çoxcəhətli, əhatəliydi. Harada, hansı sahədə günün, xalqın mənəvi inkişafının tələbinə cavab verən əsər lazım idisə, janrından asılı olmayaraq Mehdi Hüseyni məhz o cəbhədə görmək mümkün idi. Qaynar ədəbi mühitin qaynar, atəşli oğluydu, başçısıydı. Uzun illər Səməd Vurğundan sonra Azərbaycan Yazıçılar İttifaqına başçılıq etmiş, orden və medallarla təltif olunmuş, Xalq yazıçısı adına layiq görülmüş, SSRİ Dövlət mükafatını qazanmışdı.

Mehdi Hüseynin əsərlərində lap elə “Daşqın”, “Kin”, “Xavər” kimi kitablarından başlayaraq xalqın o zamankı həyatı, arzu və istəkləri öz əksini tapırdı. Doğrudur, Mehdi Hüseyn olduqca mürəkkəb zamanda yaşayırdı. Bütün sovet xalqları kimi, Azərbaycan xalqı da özünün tanınmış yazıçı və şairlərini – Hüseyn Cavidi, Mikayıl Müşfiqi itirmişdi. H.Nəzərli, Seyid Hüseyn, Böyükağa Talıblı kimi nasirlər, Ruhulla Axundov, Əli Nazim kimi münəqqidlər məhv edilmişdi. Bu böyük itkinin yerini doldurmaq, bu boşluğu, xalqın canında yaradılan qorxu hissini yox etmək, onun qəlbində, heç olmasa, öldürülən mənliyinin qığılcımlarını qoruyub saxlamaq zərurəti, daimi qorxu altında yaşayan şair və yazıçılarımızın qəlbinin dərinliklərində yaşayırdı. Bunu büruzə verə bilmirdilər, verə bilməzdilər də. Lakin hər halda bu lazım idi. Elə buna görə də mənə elə gəlir ki, bəzi o zamankı şair və yazıçılarımız, o cümlədən Mehdi Hüseyn tarixi mövzulara əl atdılar. Onlar bu gün deyə bilmədiklərini, bu günün həyatında yarada bilmədikləri konfliktləri, surətləri, vətənpərvərlik hisslərini, Mirzə Fətəli Axundovun nəsiyyətinə qulaq verib, əməl edib, tarixə köçürdülər. Bu yolda xalqın söndürülməkdə, boğulmaqda olan hisslərini qorumağa çalışdılar.

Mənə elə gəlir ki, bu vətəndaş şair və yazıçılarımızın ən böyük xidmətləri də elə bundaydı. Tarixi mövzularda yazdıqları əsərlərlə konfliktsizlik, “yaşasın” dolu ədəbiyyatın və oxucunun dadına çatırdılar bu yolla. Mehdi Hüseynin “Cavanşir”, “Nizami”, “Səhər”, “Komissar” və başqa bu kimi əsərləri gəncliyin qəlbində öz unutdurulmaqda olan keçmişini, tarixinə məhəbbət, vətənpərvərlik, əslini, kökünü unutmamaq, öz keçmiş qəhrəman babaları ilə fəxr etmək hissi aşılayırdı. Məncə, Mehdi Hüseynin başına bəla kəsilmiş “Şeyx Şamil” də, beləcə, həmin məqsədlə yaranmışdı.

Mehdi Hüseyn həmin fikirləri özünün Böyük Vətən müharibəsi mövzusunda yazdığı hekayə və povestlərində də ön plana çəkirdi. “Vətən çiçəkləri”, “Fəryad”, “Ürək” və onlarla bu mövzulu hekayələr o zamankı gəncliyin tərbiyəsində böyük rol oynamışdı. Bu əsərlərdə vətən məhəbbəti, beynəlmiləl dostluq, qarı düşmənə nifrət hissi əsas yer tuturdu.

Müharibədən sonra yaratdığı əsərlərində də Mehdi Hüseyni ədəbiyyatın başına bəla kəsilmiş hər şeydən çox konfliktsizlik bəlası düşündürürdü.

Odur ki, bu zaman götürdüyü mövzularda, heç olmasa, təbiətin qorxulu qüvvələrinə qarşı çarpışan, tufanlarla pəncələşib yerin dərin qatlarından qara qızıl çıxaran fəhlə obrazı Mehdi Hüseynin yaradıcılığında əsas yerlərdən birini tutur. Həm nəsrdə, həm də kinossenarist kimi. “Qara daşlar” həm nəsr əsəri, həm də ssenari kimi beləydi. Mehdi Hüseyn “Alov” pyesində hələ o zaman, durğunluq illərində belə kəskin xarakterlər yaradır, Azərbaycanın fəhlə və ziyalılarının həyatında baş verən gərgin hadisələri realist qələmlə tamaşaçıya çatdırırdı. Onun Kamalov, Qaşqay surətləri cavanşirlərin, nizamilərin nəsliydi ki, doğruluq, dürüstlük, paklıq, təmizlik və əqidə uğrunda çarpışırdılar.

Mehdi Hüseyn bir ictimai xadim kimi də öz dövründə sevilirdi, böyük hörmət qazanmışdı. Xalqın ona böyük inam və etimadı var idi. Harada hansı vəzifə tapşırılsaydı, Mehdi Hüseyn o vəzifənin öhdəsindən layiqincə gələrdi. Birlikdə çalışmışıq və bütün tapşırıqlarına işçilərin böyük inam bəslədiyinin şahidi olmuşam. Çünki xasiyyətindəki sərtliyə baxmayaraq Mehdi Hüseyn büllur kimi təmiz, ədalətli adam idi. Bütün həyatı ömrünü həsr etdiyi idarə adamlarının gözü qarşısında cərəyan etdiyindən ona bəslənən inam və etimad hər an daha da artırdı.

Xalq yazıçısı Mehdi Hüseyn haqqında yazmaq mənim üçün çox çətindir. Biz – o zamankı gənclər onun simasında sözün əsl mənasında ustad, yol göstərən, ağsaqqal, ədəbiyyat, tənqid sahəsində özünün müstəqil, mükəmməl sözü olan nasir, dramaturq, tənqidçi görür, tanıyır və sevirdik. Yazıçılar İttifaqının sədri olduğu illərdə də onu məhz kəskin, sözü düz-doğru gözün içinə deyən, heç bir günaha güzəştə getməyən, amma işgüzar, hər yerdə sözü ötən, dediyini, verdiyi sözü yerinə yetirən bütöv şəxsiyyət kimi tanıyır, hörmət edirdik.

Elə gətirdi ki, ilk hekayəm “Əzrayıl”ı məhz Mehdi Hüseyn çap etdirdi “Ədəbiyyat qəzeti”ndə. Bir növ “Uğurlu yol” dilədi mənə. Sonralar da tez-tez Yazıçılar İttifaqında görüşür, Səməd Vurğunun rəhbərliyi altında aparılan “Cümələr”imizdə yaxından iştirak edirdi. Mehdi Hüseynin həyatından bir neçə an xüsusilə yadımda qalıb. Bu gün yubileyi günlərində yaradıcılığı haqqında qəsdən danışmır, biz gənc nasirlərlə bağlı günlərini xatırlayıram. Bir dəfə “Cümələrin” birində elə gətirdi ki, Mehdi Hüseynlə bir vaxtda yığılanlara öz hekayəmi oxumalı oldum.

Əvvəlcə onu deyim ki, ustad Səməd Vurğun biz uşaq-muşağın ədəbi dərnəyinə – cümələrə özü gələr və tanınmış yazıçıları da dəvət edərdi. Bir gənc yazıçı ilə birlikdə bir məşhur ədib də öz yeni əsərini oxuyar, hamı da öz fikrini deyər, əyər-əskiyi bildirər, məsləhət verərdilər. Həmin xatirimdə qalmış gecədə Mehdi Hüseyn özünün “Tərlan” romanından bir parça oxudu. Bu Güləli oğlunun öldürüldüyü səhnənin təsvir olunduğu parça idi. Heyranlıqla qulaq asırdıq. Güləli oğlunun ölümü elə təsirli verilmişdi ki, sonradan özümün nə və necə oxumağım, kimin nə dediyi, necə məsləhət verdiyi yadımdan çıxıb. Yalnız günahsız yerə öldürülmüş, çölün düzündə qalmış cənazəsinə “göyün dərinliklərindən sayrışaraq baxan xırdaca-xırdaca ulduzlar” qalmışdı xatirəmdə. Vahiməliydi, qorxunc idi və uzun illər o səhnəni unutmadım, xatırladıqca üşənirdim. Gecədən sonra ustada yaradıcılığına məftun gözlərlə baxırdım.

Tez-tez öz hekayələrimi ona oxuyar, rəyini öyrənərdim. Axı onun rəyi o zamankı ədəbi mühit üçün çox mühüm idi. Əvəzsiz idi, obyektiv idi. O zaman müharibənin qurtarmasına bir neçə ay qalmış mən Bakı kinostudiyasında Mehdi Hüseyn və İlyas Əfəndiyev ilə birlikdə çalışırdım. Gənc olsam da, hər iki böyük sənətkar məni öz ailələrinin bir üzvü, bacıları kimi qəbul edir, qayğıma qalırdılar. Gecələr çox uzun çəkən partiya iclaslarından, komendant saatı olan şəhərdə evə tək dönməm çətin idi. Mehdi müəllim heç vaxt buna razı olmurdu. Komendant saatı ləğv olunandan sonra da gecikəndə mütləq sağ-salamat uzaq Dağlı məhəlləsində olan evimizə çatmağımın qayğısına qalır, yaxşı tanıdığı və çox sevdiyi anamın nigaran qalmamasına çalışırdı. Deyirdi: “Əgər sənə bir az öz istedadına görə hörmət edirəmsə, daha çox o gözəl, əsl insan olan ANANA görə hörmət edirəm”. O ağır aclıq, yoxsulluq illərində mən də, mənim kimi gənclərin çoxu da Mehdi Hüseynin qayğısını çox görüblər.

Bir dəfə Mehdi Hüseyn özünün “Fəryad” əsərini bizə oxudu. Bilmirəm, nədənsə mənim fikrimlə də hesablaşırdı, razılaşırdı. Tənqidə, haqsızlığa dözümsüz olan ədib yaradıcılığına və şəxsinə məhəbbətimə inanmışdı ki, bir çox əsərinin ilk oxucusu olmuşdum. O cümlədən də “Fəryad”ın. Elə bu inamına görə idi ki, “Səhər” romanı çıxanda kitab haqqında “Azərbaycan” məcmuəsində ilk rəyin məhz mənə tapşırılmasına etiraz etməmişdi. Halbuki o zaman Mehdi Hüseyn artıq tanınmış, məşhur ədib və İttifaqın sədri idi. Elə həmin irəlicə adını çəkdiyim “Fəryad”a görə də biz bir-birimizdən incimişdik. Mən ona “Esmeralda” adlı hekayəmi oxuyanda gülərək belə ifadə işlətdi: “Hə, nə olsun, hamı bilir ki, kapitalist dünyasında yoxsulları incidirlər”. O demək istəyirdi ki, hekayəmdə tendensiyaçılıq var, bilmədiyim mühitdən yazmışam. Mənim də dilim dinc durmadı, cavabında dedim: “Hə, nə olsun, hamı bilir ki, hitlerçilər sovet adamlarını incidir, bəs niyə “Fəryad” edirsən?” Qalxdı, bir söz demədi, qaş-qabağını tökdü və məndən üz çevirdi. Eləcə küsüşdük. Ustad şagird kimi ərklə.

Bundan sonra bir müddət incik dolanmağımıza baxmayaraq “Səhər” çapdan çıxanda o zamanın tanınmış tənqidçi və ədəbiyyatşünasları meydanda olduğu halda “Azərbaycan” jurnalı təqriz yazmağı mənə tapşırmışdı. Mehdi Hüseynlə məsləhətləşəndə bir sözdə belə etiraz etməmiş, jurnalın redaktoru mərhum Xalq yazıçımız Əbülhəsən ustadın deməyinə görə (o zaman Əbülhəsən müəllim jurnalın redaktoru idi) deyibmiş: “Obyektivdir”. Doğrudan da, məqalə çıxandan sonra oxumuş, bəyənmişdi. Məqalədə tənqid hissəsində belə ifadə var idi ki, sözə tələbkar olan Mehdi Hüseyn yazır ki, saqqalımın tükü uzandı. Saqqal elə tük məfhumu verir. Əbülhəsən müəllim deyirdi ki, redaksiyada məqaləni gözdən keçirəndə bərkdən güldü, əlini üzündə dolaşdırıb dedi: “Qız olanda nə olar? Düz deyir də… Saqqal elə tükdür”.

Görüşlərimizdən biri bizi barışdırdı. Bu, elə bir gecə idi ki, universitetin binasında böyük alimimiz, ustadımız Əli Sultanlı doktorluq dissertasiyası müdafiə edirdi. Mehdi Hüseyn gələndə elmi şura artıq işə başlamışdı, təkidlərə baxmayaraq arxada, biz cavanlarla birlikdə əyləşdi. Çıxışları böyük maraqla, diqqətlə dinlədi, harasa tələsirdi. Səsvermə qurtarmamış Əli müəllimin əlini sıxıb getdi, gözlərində elə qığılcım çıxırdı ki, Azərbaycan dramaturgiyasının tarixinin belə bacarıqlı tədqiqi aşkar idi ki, onu fərəhləndirir, sevindirirdi. O qığılcımlardan müdafiəmdə mənə də nəsib oldu. İnciklik də bitdi.

Qələbə gününü bütün kinostudiya kollektivi ilə birlikdə qarşıladıq. Mayın doqquzunda səhər Levitanın səsini eşidən kimi qələbə elanını dinləyən direktorumuz Mehdi Hüseynin kabinetinə doluşduq. Ağlayırdım: “Ay dəli qız, niyə ağlayırsan, sevinmək lazımdır”, – dedi. Amma özünün də o qığılcımlar saçan gözlərindəki qığılcımlar nəmliydi sanki. Bəlkə, bu mənə belə gəlmişdi. Mənə elə gəlirdi ki, onu işçilərimizin hamısından daha çox, daha yaxşı duyuram. Nə qədər olsa, kiçik də olsam, az da yazsam, qələm yoldaşı idik və o, 1942-ci ilin fevralında vəfat edən qızımın dəfnində elə qayğılar göstərmişdi ki, bu dəfni elə təşkil etmişdi ki, ağır illərin ağırlığını, cəbhələrdə çarpışan ömür yoldaşımı onun bircə balasının dəfnində əvəz etmişdi. Həm maddi, həm mənəvi…

Mehdi Hüseyn haqqında xatirələrimi çox istəyiblər məndən. Yaza, səliqəyə sala bilməmişəm. Çünki həmişə o ağır illər o balaca körpənin o dəfn mərasimi ilə birləşərək gözlərimi dumanlandırıb və fikrimi tamamlaya bilməmişəm. İndi də elə. Doğrusu, qəlbimdə o qədər xatirə, o qədər söz var ki, bir məqaləyə sığmaz və yubiley məqaləliyindən çıxar. Sağlıq olsun…

Mən və mənimlə ədəbiyyata eyni dövrdə gələn gənclik Mehdi Hüseynin ata və ustad qayğısını, tələbkarlığını, barışmazlığını, eyni zamanda inkişafımıza yardım edən obyektivliyini unutmayacağıq. Ədəbiyyatımız tarixində isə özü, öz əməlləri, ölümsüz əsərləri ilə oxucuların qəlbində yer tutub.

4-5 dekabr 1989


“Yenə də açıldı xatıratımın…” (Süleyman Rüstəm)28

Süleyman Rüstəm… Gənclik illərimin Xalq şairi. Doğrusu, böyük-kiçiklik, yaş, vəzifə fərqləri onunla yaxınlıq etməyimə, dostluğa filan imkan verməmişdi. Heç işim də düşməmişdi. Dərd-sərimi götürüb yanına getməmiş, kömək də istəməmişdim. Amma həmişə mehribanlığını, şəfqətini duyurdum. Heç yadımdan çıxmaz: bir bayram olmurdu ki, mən telefonda onu əvvəl təbrik edə bilim. Həmişə o əvvələ düşürdü, telefonda səsini eşidəndə xəcalət çəkirdim. Elə də gözəl sözlərlə təbrik edirdi ki. Bir dəfə dedim: “Kaş bircə dəfə mən qabağa düşəydim, Süleyman müəllim”. Həmişə mən götür-qoy edənəcən o qabağa düşürdü.

Bir gün “Gənclik” nəşriyyatındaydım. Süleyman Rüstəm gəldi. Əzizə Əhmədovanın stolunun qabağındakı mizin arxasında üz-üzə əyləşdik. Elə bu vaxt Əzizə xanımı Moskvadan telefona çağırdılar. Üzr istəyib uzunca bir sorğuya cavab verməli oldu. Girəvə bizə düşdü. Ordan-burdan danışırdıq. Birdən nədənsə onun “Yenə də açıldı xatiratımın baharı andıran gül dodaqları” beytilə başlayan şeiri yadıma düşdü. Gəncliyimin o zamankı yayğın, bəyənilən şeirlərindəndi. Amma indi çoxdan unudulmuşdu, heç kitablarında da, deyəsən, rast gəlmirdim. Sanki elə bu “acığa” şeiri oxumağa başladım: Orada çox şeydən danışılırdı. Amma əsas mövzu gəncliyin məhəbbət dolu, həyəcan dolu sehrli həyatı, “gözəl Şuşa”da keçən günləri xüsusi məhəbbətlə tərənnüm olunurdu:

Gənclik illərində gözəl Şuşada,

Yadındamı? Dağ başında, meşədə,

Yağış tutdu bizi xeyli islandıq…

Yadındamı, gülüm, gül əndamına

Yapışmışdı yaşıl, ipək əlbisən.

Sanasan gedirdik el bayramına,

Mənim ilk öpüşüm, sənin ilk busən,

Biri-birinə nələr anlatmadılar?

O günü unutmaq olurmu, ey yar?!

Şeirdən Şuşanın ətri gəlirdi, gəncliyin həyat eşqi ilə dolu səsi, sevdalı günləri elə real təsvir olunurdu ki, heyran olmamaq mümkün deyildi: Gözəl Şuşada seyrə çıxan sevgililərin həyəcan, məhəbbət dolu anları da:

Uzaqdan gəlirdi tar, kaman səsi,

Neçindi onların ağlayan səsi?

Sus, ey dərdli kaman, sus, ey dərdli saz,

Uyusun şeirimin baharı bir az.

Mən şeiri oxuduqca həmişə gülümsər gördüyüm gözlərində elə bir təəssüf qarışıq şəfqət canlanırdı ki, “Sən bunu haçan, harda oxumusan?” – soruşdu. Dedim ki, “Bunu bizə “Orfoepiya” kitabının müəllifi Xalq artisti Kazım Ziya bədii qiraət dərsində öyrədib”. Doğrudan da, Kazım Ziya bu şeiri çox sevərdi. İndi çoxlarının, təəssüf ki, nahaqca yerə unutduğu o sənətkar bizə qəribə, o dövr üçün nadir şeirlər seçib oxuyar, öyrədərdi. Yeri düşmüşkən, Kazım Ziyanı xatırlayıb, dediyi bir beyti söylədim:

Ey muradım əksinə dövran edən kəcrov fələk,

İndi neynərsən ki, könlüm namurad olmaq dilər.

Süleyman Rüstəm fikrə daldı, “Gözəl sənətkar idi. Bir gör fələyə necə meydan oxuyub?” – dedi.

Heç ağlıma da gəlməzdi ki, Xalq şairi Süleyman Rüstəm mənə şeir ithaf edər. Amma etmişdi: Onun “Ana” şeiri mənə yazılıb və həmin ithafı ilə də mətbuatda dərc olunub:

ANA

Əzizə Cəfərzadəyə

Ey könül, nəğməmizin ilk sözü – fəxr et, anadır,

Yerlərə, göylərə, tarixlərə şöhrət anadır.

Anadan əmdiyimiz saf südə and olsun ki,

Gözümə sönməz işıq, qəlbimə qüvvət anadır.

Anamın incə, şirin laylasına qurban olum,

Yer üzündə əbədi, ülvi məhəbbət anadır.

Cana gəlməz yeni dünyaya gələnlər anası.

Körpələrçin anadır dövlət, hökumət anadır.

Məncə, qeyrətli qıza, mərd oğula alnı açıq –

Keçdiyi nəğməli yollarda səadət anadır.

Ey Süleyman, anadan yaz, anadan yaz, anadan,

Vətənə, millətə, dünyamıza şöhrət anadır.

Günlərin bir günündə Süleyman Rüstəmin 70 illik yubileyi keçirilirdi. Dəvətnamə almışdım. Bir də gördüm ki, təbrik edənlər sırasında mən də varam. Səhnəyə çıxdım, həmin “Ana” şeirini oxudum. Kazım Ziya müəllimin öyrətdiyi daxili, məntiqi vurğularla. Bir az da danışdım. Amma təəssüf ki, çıxışlarımı heç vaxt yazmadığımdan, indi nə dediyimi xatırlamıram.

İrana getmişdim. Hələ indiki kimi açıq danışıqlar, səhnələrdən açıq çıxışlar mümkün deyildi. Məni Tehranda evlərinə qonaq dəvət edir, şairlər “qonaqlıq” adıyla ədəbi görüş və mübahisələr aparırdılar. Görüşlərdən birində iki çıxış məni narahat elədi. Biri bu idi ki, Bakıdan gedənlərimizdən biri Cəfər Cabbarlını tənqid etdi, “xalqa böhtanlar deyib” və s. kimi sözlər söylədi. Cavabını verdim ordaca. İkinci indiki gəncliyin bəzilərinin Süleyman Rüstəmə münasibəti cənublu şair qardaşlarımızı çox kövrəltmiş, daha doğrusu, qəzəbləndirmişdi. Deyirdilər: “Neynirsiz, canım, Süleyman Rüstəm öz “Cənub şeirləri” ilə bizim inqilabımızın bayraqdarıdır”. “İnqilabın bayraqdarı”. Bəlkə də, bu ifadə başqa cür işlənməliydi. Bəlkə də, uzun illər, əsrdən ziyadə bağrımızdan keçən “Araz dərdini”, “Araz yarasını”, deməli, dilimizə gətirə bilmədiyimiz “Azərbaycanın istilasını – ikiyə bölünməsini” bir anda unutmağa qoymayan Cənub şeirləri məhz “Azadlıq bayrağı”ydı. O zaman heç kəsin deməyə cürəti çatmayan bu məsələ, bu azadlıq, istiqlaliyyət eşqi həmin Cənub şeirləri pərdəsinə bürünmüşdü.

Doğrusu, o zamanın ədəbiyyatını indi “ifşa edənlər” bilmirlər ki, həmin illərdə düşünən, yaradıcı ziyalılar nə çəkirdi. Hər birinin içində bir “Qlavlit” əyləşib, nəyi demək olmaz əmrini yerinə yetirtdirirdi. O zamankı şair və ədiblərimizdən hansı bu ölçüdən kənara çıxmışdı? Hansı o başabəla həyatı “tərənnüm” etməmişdi? Balacalığında nəvəm Tuğay Süleyman Rüstəmin məşhur şeirini oxuyanda özü bildiyi kimi, uşaqlara məxsus ifadəylə, “Qənfet yemək istəyən Azərbaycana gəlsin” – deyirdi. Bax, başqa şairlərimizin olduğu kimi, Süleyman Rüstəmin də “qənfet” nəzmləri yaddan çıxacaq, millətin xatirində məhz bayrağa çevrilmiş o Cənub poeziyası qalacaq, bir də həzin məhəbbət lirikası ki, qəzəllərində səmimi, ərkyana bir dillə tərənnüm edirdi. Mən bu imandayam. Xatırlayanlar, unudulmağa qoymayanlar sağ olsunlar. O dövr şair və ədiblərimizin ruhu şad olsun, amin!

Bakı, 22 yanvar 1997


Sən elə sənətkarsan ki… (Əli Vəliyev)29

Əli Vəliyev haqqında məqalə yazmaq tapşırığını alanda, əlbəttə, sıralarla düzülmüş kitablar, qalın-qalın cildlər içərisində “Gülşən”i də, “Qəhrəman”ı da, “Budağın xatirələri”ni də, “Zəngəzur qartalları”nı da, “Ürək dostları”nı da, “Bir cüt tərlan”ı da, “Təzəgül”ü də, “Turaclıya gedən yol”u da, “Samovar tüstülənir”i və onlarca başqalarını da oxumuşdum. Bununla belə, bu otuzdan ziyadə kitaba yenidən baxanda mənə elə gəldi ki, Əli Vəliyevin yaradıcılığı ilə təzədən tanış oluram. Burada yüzlərlə hekayə var idi. Etiraf edim ki, çoxunu oxumamışdım. Doğrudur, Xalq yazıçısı Əli Vəliyev hələ “Nənəmin cəhrəsi” kitabı ilə bir oxucu kimi mənim də qarşımda geniş, gözəl, öz ətri və ab-havası olan aləm açmışdı. Mənim də əlimdən qocaman bir yazıçı tutub Sultanbud meşələrinin ecazkar gözəllikləri içərisində gəzdirmişdi. Sultanbud meşələrində zalım bir ağanın əlindən zülmlər görmüş fağır kəndli qadının taleyi, otuzuncu illərdə həyata təzə qədəm qoyan gənc sovet qızlarından hansını mütəəssir etməmişdi?

Xalq yazıçısı! Bu ad Əli Vəliyevin yazdığı roman, povest və hekayələrində təsvir olunan insanların taleyi ilə sıx bağlıdır. Öz xalqının keçmişini, gündəlik həyatını, sinfi mübarizəsini, kommunizm gələcəyini quran əmək cəbhəsinin qəhrəmanlarını, onların istək və arzularını tərənnüm edən yazıçının elə ilk hekayələri də onun məhz Xalq yazıçısı kimi yüksək ada layiq olacağını bildirirdi.

Əli Vəliyev bütün yaralıcılığı boyu görüb tanıdığı real insanları təkcə doğru, dürüst təsvir etməklə qalmır, məhz onların qəlbini, ruhunu duyub kommunizm cəmiyyətinə xas olan insanın ümumiləşdirilmiş surətini yaradır. Onun qəhrəmanları öz dövrü, onu əhatə edən cəmiyyət üçün fövqəladə deyil, ən sadə adamlardır. Əli Vəliyev bu adi, sadə adamın elə nəcib, elə girami xüsusiyyətlərini təsvir edir ki, həmin adi adam başqalarından öz gözəlliyi, nəcabəti, qəlbi ilə seçilir və müəllif onu yüzlərlə insanın içindən seçib oxucusuna sevdirə bilir. O, insanları yaxşı tanıyır. Elə buna görə də qələmində qəhrəman kimi fərdiləşdirilən bu surət müasir kolxozçudan bəhs edərkən şöhrətliləri, inqilab tarixindən danışarkən məşhur inqilabçıları deyil, bəzən onun təsvir etdiyi bir şəxs, bəlkə də, Qubadlının, Kəlbəcərin və ya başqa rayonun komsomol işində, bəlkə də, cəmi 3 gün işləyib, namərdlərə düçar olub. Ya tutublar, ya işdən çıxarıblar; bəlkə də, sinfi düşmənlərin güllələrinə qurban gedib. Bax, Əli Vəliyevin məharəti bundadır ki, çox gözəl tanıdığı, öyrənib bildiyi, yaşayıb duyduğu həmin dövrü oxucuya tanıtdıra bilir. İş bundadır ki, Əli Vəliyev rayonları gəzib, həyatı, insanları öyrənib, o dövr və o insanlar haqqında əsl tədqiqatçı kimi iş aparıb. Az qala, heç bir izi qalmayan, sadəcə fədakar insan olan o, naməlum gəncin də unudulmasından ehtiyat edib. İstəyib ki, o təmiz pak tinətli inqilab oğullarının biri də unudulmasın, kölgədə qalmasın. Bəzən tədqiqatının, ağır axtarış və tapıntılarının nəticəsi, bəlkə də, cəmi üçcə səhifəlik bir oçerk olub – amma bu üçcə səhifə böyük və səbirli axtarışlar bahasına başa gəlib. Xalq yazıçısı, xalqın və inqilabın övladlarını məhz beləcə yana-yana sevə bilər. Bu axtarışlar zamanı Əli Vəliyev hansı rayondan bəhs edirsə, oranın yerli koloritini də öyrənir. Onun xalq dilinin zəngin xəzinəsindən bəhrələnən gözəl, ifadəli, xalqa məxsus dili hər bir yerliçilikdən, şivəpərəstlikdən təmizdir. Ədibin dilində yerli mənsubiyyət, yerliçilik deyil, məhz Azərbaycan dili öz əlvan boyaları, incə bayatıları, holavarları, ağıları, atalar sözü və məsəlləri və s. ilə canlanır.

Bu yaxınlarda Əli Vəliyevin “Azərbaycan müəllimi” qəzetində bir məqalə-oçerkini oxudum. Orada dəvə və dəvəçilik haqqında bayatı, məsəl, adət və ənənə, dəvənin bəzəkləri və s. – hər bir şey elə gözəl təsvir olunmuşdu ki, Əli Vəliyev həm xalqın oğlu, həm də Xalq yazıçısı kimi öz doğma xalqının unudulmaqda olan gözəl, qiymətli adət-ənənələrini müdrik ədib qələmi ilə gənclərə təlim edir. Onun əsərlərində xalqımızın qonaqpərəstliyi, kişilərimizin dostluqda dərin sədaqəti, qadınlarımızın mərdliyi, qadın hörməti və s. kimi ənənələr bu və ya başqa surətin xarakterində, eyni zamanda əsərin ümumi ruhunda öz əksini tapır.

Əli Vəliyevin hekayələri yığcamlığı, həyatiliyi, tarixi həqiqətə sadiqliyi ilə də oxucunu valeh edir. O, vurğunu olduğu Vətən torpağının igid oğul və qızlarını təkcə bədii ümumiləşdirmə yolu ilə bədii təsvir etməklə kifayətlənmir. Adama elə gəlir ki, Əli Vəliyev inkişafımızda azacıq belə rolu olmuş kimin isə unudulacağından, adının itib-batacağından, zəhmətinin zay olacağından ehtiyat edir, dövlət və partiyamızın tapşırıqlarını mərdliklə yerinə yetirən, işıqlı gələcək naminə işləyən, bu uğurda həlak olan və ya ömür sərf edən insanların haqqında ürək dolusu, vurğun-vurğun yazır. Artıq çoxdan ad-san, xalq məhəbbəti qazanmış qocaman yazıçı olmasına baxmayaraq bəziləri kimi oçerklər yazmağa ərinmir, məsləhət bildiyi şəxslər haqqında xatirələr, yazıçı qeydləri və oçerklər yazır. Əli Vəliyev şəxsi həyatı bütün və hər cür qüsurlardan, ləkələrdən pak, təmiz, gənc nəsil üçün qətiyyəti, obyektivliyi, dürüstlüyü ilə nümunə olan həyatdır. Bu gözəl insan ömrü gözəl əmələ həsr olunub: Xalqın inkişafına əngəl olanlara qarşı barışmazlıq və xalqın işıqlı gələcəyi naminə çalışanların surətini əbədiləşdirmək!

Müsbət qəhrəmanlarının çoxu qadınlardır. Əli Vəliyev ana və nənələrimizin, bugünki qızlarımızın həyatını, taleyini diqqətlə izləyir, onların fədakar əməyini, ictimai həyatda, ailədə düzlük, paklıq və mərdliklərini elə bir dürüstlüklə, heyranlıqla, realist qələmlə təsvir edir ki, xalqımızın uzunmüddətli tarixi mübarizəsi bu qəhrəman qızların taleyində öz əksini tapır. Azərbaycan qadınının keçmişi, bu günü, gələcəyi gözlərimizin önündə canlanır. Əli Vəliyev təsvir etdiyi qadın qəhrəmanları səviyyəsini məhz bir xalq oğlu, anaya dərin hörmət, bacıya dəruni məhəbbət bəsləyən əsl mərdanə mərd cəbhəsindən həll edir. Onun “Gülşən” povesti və digər romanlarında yaratdığı Gülşən, Xanpəri kimi mərd qadın surətləri buna misaldır.

Əgər Əli Vəliyev haqqında yazsaydım, kitabımın adını Qorkidən alınan bir sözlə, yəni böyük hərflə “İnsan” qoyardım. Əli Vəliyev yazıçı, ictimai xadim, jurnalist olmaqla yanaşı, həm də əsl insandır. Onun yanına məsləhətə, ən sadə söhbətə gələn adam da xalqın müdrik oğlu, bir “Budaq baba”sı ilə söhbət etdiyini düşünə bilir. Hələ bir xahişi yerə saldığını, bir məsləhəti qızırğandığını, məncə, deyən ola bilməz. Mehribanlığı ilə yanaşı Əli Vəliyev həm də olduqca obyektiv, həm məhəbbətində, həm də nifrətində açıq, kəskin şəxsiyyətdir. Haqlı bildiyini onun kimi axıra qədər müdafiə edən, haqsız olduğuna əminlik hasil etdiyinə qarşı da onun kimi sona qədər amansız olan adam tapmaq çətindir.

“Azərbaycan qadını” jurnalının oxucuları Xalq yazıçısı Əli Vəliyevi hələ “Şərq qadını” dövründən tanıyır, sevir, elə o zamandan da onu həm mövzu, həm də üslubuna görə xalqın yazıçısı, yəni öz yazıçıları bilirlər. Bu uğurda Əli Vəliyevə ən möhkəm can sağlığı, həyatımızın yeni səhifələrini əks etdirən əsərlər, yaradıcılıq müvəffəqiyyətləri və uzun ömür arzulayırıq.

Bakı, noyabr 1974


Uzaq xatirə (İlyas Əfəndiyev)30

İlyas Əfəndiyevlə ilk görüşüm və az sonrakı yaxın dostluğum çoxdanın söhbətidir. O zaman hələ həyata ilk hekayəmlə qədəm qoymuş kövrək qədəmli öz yağı içində qovrulan yazmaq-yaratmaq həvəskarıydım. Mərhum Hidayət Əfəndiyevin “İşçi-müəlliflər dərnəyi”ində də təzəcə görünməyə başlamışdım. İlyas Əfəndiyev isə ilk “Kənddən məktublar”ı ilə özünü dövrün nasirliyi ilə bir cərgəyə qoya bilmiş, mənə görə artıq kamil nasir idi. Yazıçılar İttifaqında nəsr bölməsinə Əbülhəsən rəhbərlik edirdi. Hamımız da dərnəkdə qəbul olunmuş hekayələrimizlə ona müraciət edirdik. Bir dəfə Əbülhəsənin yanına ikinci nəşr olunmuş “Xəzər” hekayəmi götürüb gəlmişdim. Yanında ayaq üstündə bir cavan dayanmışdı. İlahi! Allah bu oğlana əsl kişi gözəlliyini elə səxavətlə vermişdi ki! Göz çəkmək olmurdu. Özü bunu hiss etsə də, əhəmiyyət verən deyildi. Boylu-buxunlu, şəkil kimi, amma ciddi, çox ciddi. O, Əbülhəsən müəllimlə nədənsə danışıb getdi. Nədən danışdıqlarını bilmirdim. Amma çox mehribandılar. O getdi. Əlbəttə, Əbülhəsən müəllimdən, şəkli dərsliklərimizə düşmüş, məşhur romançı “Dünya qopur”, “Yoxuşlar” müəllifindən bu cavanın kim olduğunu soruşa bilməzdim. Təbiətimcə nadinc, cürətli olsam da, hekayələrimi utana-utana, qorxa-qorxa gətirirdim. Amma bəxtim gətirdi. Əbülhəsən müəllim gülə-gülə dedi:

– Əzizim, əzizim, bax, istedad belə olar. Elə “Kənddən məktublar”ı birinci çap olunan kimi məşhur yazıçılarla bir cərgəyə çıxıb. Yoxsa sənin kimi?! Bir ildə bir hekayə gücnən…

Ürəyim guppuldadı. Əlbəttə, “Kənddən məktublar”ı oxumuşdum. Gənc qız ürəyinin çırpıntılarını, gənc, əlinə ilk qələm götürən həvəskar kimi məftunluqla oxumuşdum. Sevmişdim əsəri. “Kaş mən də belə yaza biləydim…”

Doğrusu, İlyas Əfəndiyevlə nə zamandan salam-kəlama başladığımız yadımda deyil. Hər halda müharibədən əvvəl idi. Müharibə başlananda artıq evdar anaydım. Ömür yoldaşım cəbhədəydi. İşləmək lazımdı. Əlimdə xəstə, iflic qayınanam vardı. Artıq gənc yazıçı kimi ittifaqda tanınırdım. Haqqımda o zamankı münəqqidlərdən Orucəli Həsənov rəhmətlik nə isə yazmışdı da. Mehdi Hüseyn kimi o zamanın korifeylərindən olan bir ədib məni tanıyır, deməyinə görə, imzamı izləyir, yazılarımı bəyənirdi. Elə ona da müraciət etdim. Məni direktor işlədiyi Bakı kinostudiyasında Kadrlar şöbəsinin müdiri vəzifəsinə qəbul elədi. Elə İlyas müəllimlə yaxınlığımız, dostluğumuz da buradan başladı. Ömür-gün yoldaşım cəbhədəydi hamı kimi. Həyatımız olduqca ağır keçirdi. İlyas müəllimlə bir otaqda hərəmiz bir stolun başında qarşı-qarşıya əyləşirdik. Dərdlərimə qardaş kimi şərik olurdu. 1942-ci ilin fevralında qızım Səma öldü. O günlər anladım ki, əsl dost, qardaş necə olar. Studiyanın böyüklü-kiçikli bütün əməkdaşları da dərdimə şərikdi, amma İlyas müəllim, Mehdi Hüseyn, Rza Təhmasib, Əlsəttar Məlikov, xüsusilə, evimizə gəlib mənə deyil, anama başsağlığı verirdilər. Sonralar Mehdi müəllim, elə İlyas da deyərdilər ki, səni anana görə daha çox istəyirik. Anam onların qayğı və hörmətini, Səmanı dəfn etməkdə yardımlarını ayrıca qiymətləndirirdi. Həm də anam hər iki ədibin o dövrdə imzalarını mətbuatda izləyir, əsərlərini oxuyurdu.

Qızım əlimdən gedəndən sonra məni də yaşıdım qızlar kimi səfərbərliyə çağırdılar. Lakin o zaman artıq kənd məktəblərində, elə şəhərin özündə də məktəblərdə kişi müəllimi, demək olar ki, qalmamışdı. Səfərbərliyə alınan qızlardan nisbətən savadlı, müəllimliyə layiq olanları kənd məktəblərinə göndərdilər. Dörd ilə yaxın Ağsu rayonunun Çaparlı kənd orta məktəbində əvvəlcə müəllim, sonra dərs hissə müdiri və direktor işlədim. Müharibənin qələbələrlə irəliləyən aylarında Bakıya gəlib Maarif Nazirliyinə müraciət etdim. Nazir, yazıçı Mirzə İbrahimovdu. Məni təhsilimi davam etdirə bilmək, ali təhsil ala blmək üçün kənd məktəbindən azad etdi (artıq yaralı da olsa, kişi müəllimlərdən qayıdanlar vardı). Amma yenə həmişəki kimi həm oxumalı, həm də işləməliydim. Bakı kinostudiyasına getdim. Mehdi Hüseyn direktorluğunda, İlyas müəllim ssenari şöbəsi müdirliyində baqiydi. Məni yenidən işə qəbul etdilər. Yenə İlyas müəllimlə bir otaqda qarşı-qarşıya əyləşdim. Yenə də nə tapırdıqsa, o ağır illərdə, bölüşürdük. Bircə parça qara çörəyi iki bölüb yeyirdik. İlyas müəllim bir qədər də elə bil ki, böyümüş, şöhrətinin üstünə şöhrət gəlmiş, ədib, dramaturq, dövri mətbuatın korifeylərindən olsa da, həmincə sadə, mehriban, gülərüz İlyas Əfəndiyevdi. Şöhrəti artdıqca pərəstişkarları da artırdı. İndi artıq yaşı 76-nı keçmiş bir qadın kimi deyə bilərəm ki, İlyas müəllimi bir “gözəl” dalınca qaçan görməmişdim. Şəhərin ən gözəl qadınları onun ardınca gəzirdi, ondan ötəri ifadə üçün üzr istəyirəm, “sinov gedirdilər”. İlyas müəllim isə artıq evliydi, iki ay parçası oğul atasıydı. Mehdi Hüseyn, mən İlyas müəllimi bəladan qorumaq üçün məhəbbətimizin bütün gücündən istifadə edirdik. Amma bəzi sırtıq “gözəl”lərin qarşısını almaq olmurdu. Yeri düşəndə belələrinə anladırdıq. Evlidir. Gözəllər gözəli xanımı var. Çarə eləmirdi. Mən, doğrudan da, Tövsiyyə xanımı çox bəyənir, sorğularına qardaşım haqqında ən doğru, ləyaqətli cavablar verirdim. Lakin təəssüf ki, namərdlər tapıldı. Və…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации