Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 6


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Mehdi Hüseyn, o zaman kinematoqrafiya naziri olan Xalq şairi Rəsul Rza və başqa dostlar İlyası bəlalardan qorudular. Və İlyas müəllim ömrünün sonunacan evlənmədi, cavan həyatını məhəbbətinin yadigarı olan oğullarına – Elçinə, Timuçinə həsr edib nümunəvi ata və müəllim oldu onlarçün.

Müharibə qurtardı. Artıq universitetdə oxuyur, Teatr Texnikumunda direktor işləyirdim. Həyat elə qaynayırdı ki, İlyas müəllimlə çox az, yalnız ittifaqdakı iclaslarda görüşürdük. Namizədlik müdafiə edəndə də məni ilk təbrik edənlərdən biri o, biri də Mehdi Hüseyn idi. Ara-sıra balıq kababına bizə qonaq gələrdilər. İkisi də sevərdi ağ balıq kababını. Bir dəfə heç yadımdan çıxmır. Anam süfrəni hazırlayıb harasa vacib bir iş üçün getmişdi. Əlbəttə, əziz qonaqlarımıza – ədəbi aləmdə müəllimim və qardaşım saydığım adamlara mən xidmət edəcəkdim. Mənə elə gəldi ki, süfrədə duz yoxdur. Evdə vurnuxmağa başladım. Birdən Mehdi müəllimin kinayəli səsini eşitdim:

– İlyas, qələmdaşına de ki, süfrədə duz var, axtarmasın.

İlyas güldü:

– A-a-a-a-az, eşitdin? Bir də, ay Mehdi, neynəsin? Ev üzü görür ki, duzun yerini də bilsin? İşlə oxu, hər igidin işi deyil.

Doğrudan da, həmişə “ikinövbəli“ olmuşam, həm oxumuşam, həm də işləmişəm. Yaşamaqçün. Xüsusilə, o ağır illərdə…

– Mehdi müəllim, nədən bildiz ki, duz axtarıram?

– Gördüm, hər şey yerindədi, duzqabı balacadı, iri boşqabın böyründə “gizlənib”.

İlyas müəllim məni həmişə adımdan əvvəl bir “a-a-az”la səslərdi. Yaşımızda fərq vardı, məndən azı 13-14 yaş böyükdü, amma özünü elə aparırdı ki, elə mehriban, elə ərkyana, elə gülərüz olurdu ki, yaş həddi silinirdi. Mən də ixtiyarsız bəzən onu sadəcə “İlyas” səsləyirdim. Halbuki evimizdə böyüyə hörmət kultu vardı.

O illərdə, elə sonralar da İlyas müəllimin (haqqı üçün deməliyəm ki, Ənvər Məmmədxanlının da) nəsri gənc nasirlərçün nümunəydi, örnəkdi, bəzən hətta təqlid yeriydi. İlyas kimi yazmaq, İlyasın diliylə danışmaq (həyatda deyil, yazıda) üzüağlıq, qürur, yaxşı yazı nümunəsi sayılırdı biz yazıçı “uşaq-muşaq” arasında. Onun hətta tərcümələri də: Turgenevin mənsur parçaları nə gözəl, nə tazə idi güllər… romantika, zərif, axıcı, musiqili azəri türkcəsindəydi. Özünün hekayələrindən də daha çox mənsur şeir ətri, rayihəsi duyulurdu. Deyərsiniz ki, niyə İlyas müəllimin məhz nəsrindən məftunluqla danışıram? Onun “Dağlar arasında üç dost”, “Körpüsalanlar”, “Söyüdlü arx” və başqa mənsur şeir ətri gələn əsərlərini dönə-dönə oxuyurduq, sevirdik, öyrənirdik, bəzimiz təqlid edirdik. Ona görə ki İlyas Əfəndiyevi hələlik nasir kimi tanıyırdıq. Onun əlçatmaz zirvəsinə – dramaturgiyasına gəldikdə… Bu biz tamaşaçılar üçün möcüzəydi. Doğrudur, “İntizar”ı da, “Bahar suları”nı da görmüşdük, İlyas qələminin burada da gücünə inanmışdıq. Amma hər halda şəxsən məni, nəinki İlyas yaradıcılığında, hətta ümumiyyətlə dramaturgiyamızda “Sən həmişə mənimləsən”i titrətdi. Ədəbi ictimaiyyətə, İlyas və ümumiyyətlə, dramaturgiya pərəstişkarlarına, tamaşaçılara toy-bayram təsiri bağışladı. Bu yazımda İlyas Əfəndiyevin əsərlərini, yaradıcılığını təhlil etməyi qarşıma məqsəd qoymamışam. Sadəcə o böyük sənətkar, o əvəzsiz ədib və dramaturqla yaradıcılıq illərində mənə xoşbəxtlik kimi üz verən “bir otaqda oturub bir tikə qara çörəyi iki böldüyümüz” günləri xatırlayıram. Bu mənimçün əvəzsiz səadət günləriydi. Sonralar ömür yoldaşım təyyarəçi Məmmədin səfərləri ilə əlaqədar iynə dalınca sürünən sap kimi ölkələr, qitələr gəzməyə başladım. Ədəbiyyatçılar aləmindən uzaqlaşdım. Amma onun hər əsərinin tamaşasına gedirdik. Gah anamla, gah da ömür yoldaşımın imkanı olanda, onunla. “Unuda bilmirəm”in tamaşasından evə qayıdanda anam mənə dedi, “İlyasa zəng elə, de ki, anam deyir, “Allah onu yerin-göyün bəlalarından saxlasın”. Anamın əmrini yerinə yetirdim. Əlbəttə, telefonda İlyasın “Çox sağ olsun, ananın əllərindən öpürəm”ini eşitdim, simasının nə şəkil aldığını görə bilmədim. Əminəm ki, məhəbbət vardı o gözlərdə.

Tamaşaların birində necə oldusa (deyəsən, “Məhv olmuş gündəliklər”di), çıxanda İlyas müəllimlə rastlaşdıq. Afrikadan təzəcə dönmüşdük. Qarayanız, arıq, nostalgiya xəstəliyilə cılız qızın yanında boylu-buxunlu, kişi gözəlliyinə malik və ona çox yaraşan təyyarəçi geyimində ömür dostum Məmmədi görəndə gülə-gülə soruşdu:

– A-a-a-az, bu gözəl oğlanı necə ovlamısan?

İnciyə bilmədim də:

– Olur da… İlyas müəllim Allah hərəyə bir baxt…

İlyas müəllim elə nəzərimdə əvvəlki İlyas Əfəndiyevdi zahirində. Amma yaradıcılığı ilə o qədər uca, elə zirvədəydi ki, əlçatmaz ucalıqdaydı ki!..

– Allah, anam demişkən, sizi yerin-göyün bəlalarından saxlasın, İlyas müəllim, dramaturgiyamızda bərabəriniz yoxdur.

– Qoy görək, a-a-az…

Müdafiələr, iş-güc, səyahətlərim məni ədəbi aləmdən 1970-ci illərəcən xeyli ayırmışdı. İndi artıq nə iclasa gedirdim, nə də ədəbi aləmdə görünürdüm. Deyəsən, İlyas müəllim də yalnız yaradıcılıqla məşğuldu. Görüşmürdük. Amma hər bayramda, hər xoş gündə, hər uğurlu əsərdə bir-birimizi telefonla da olsa, xatırlayır, təbrik edir, yenə də dərdləşirdik.

İlyası bir müddət həyat məsələlərimdə oğlu, zahirində də, yaradıcılığında da atasından geri qalmayan Elçin əvəz etdi. Amma bu əvəz deyildi. Təsəlliydi. İlyasın yoxluğuna inana bilmirəm. İlyasın indi də hardasa, sakit guşədə əyləşib, bizi heyrətə gətirən yeni əsər yazdığına ümid bəsləyirəm.

Allah sənə rəhmət eləsin, qardaşım, sən onun, o böyük Allahın sənə bağışladığı qənirsiz istedadı xalqından, millətindən əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran qalmaya, “nəyisə demədim” düşünməyə bilərsən. Qardaşım, sən o Allahın neməti olan yaradıcılığını bol-bol, qana-qana verdin insanlara. Ruhun şad olsun!

Bakı, 27 sentyabr 1997


Füzuli ürəkli Əliağa Vahid31

Vahid! Bu ad özü-özünə danışır, təğənni edir. Vahid! Bu ad üçün vizit vərəqəsi lazım deyil. Vahid xalqımızın təsəvvüründə və qəlbində qəzəl, məhəbbət himni olan Füzuli şeiriyyəti onun davamı deməkdir. Vahid sənətsevərlərin nəzərində xalqımızın mənəvi sərvəti olan Muğamat – “Segah”, “Şahnaz”, “Şur”, “Bayatı-Şiraz”, “Rast”, “Zəmin-xara” deməkdir.

Vahid azərbaycanlılar üçün Füzuli ürəkli, Üzeyir diləkli bayramdır, toy-büsatdır, rindlər məclisidir, şeiriyyət və musiqi məclisinin bəzəyi, yaraşığıdır. Eldə-obada qəzəl pərəstişkarı olan elə ahıl tapılmaz ki, Vahid qəzəlindən, heç olmasa, bir beyt bilməsin, elə cavan tapılmaz ki, sevdiyinə Vahidin incə, rübabi qəzəllərindən birini söyləməsin. Çünki Vahid özü el-obamızın, suyumuzun gözəllərini böyük iftixar hissi və ürəkdən gələn misralarla tərənnüm edib, onlardakı zahiri gözəlliyə, qara qaşlara, qara gözlərə valeh olduğu kimi qız və gəlinlərimizin batini gözəlliyinə – sədaqətinə, vəfasına, səmimiyyətinə heyran olub. Vahid qəzəllərində pak, ülvi məhəbbətlə, şux nikbinlik, həyatsevərliklə yanaşı, bu məhəbbəti alçaldan, ucuz tutanlar da qəzəblə damğalanıb. Vahid sənəti dərindir, genişdir, çoxcəhətlidir, gözəldir. Vahid eşqinə, Vahid vüsətinə, Vahid rübabına eşq olsun!

16.02.1978


Kövrək şairə (Nigar Rəfibəyli)32

Nigar Rəfibəyli ilk şeirlərindən birində anasına, ümumiyyətlə, analığa müraciətlə çadranı – İslamiyyətin qadınlarımızın üzünə çəkdiyi qara pərdəni atmağı tələb edərək yazırdı:

O ruhunu altında gizləyən qara pərdə.

Bu illərdə qadın təhsil alır, əmək cəbhəsinə qədəm qoyurdu. Şairlərimiz də bu yeni mövzunu yeni formalarda tərənnümə səy göstərirdilər. Həmin illərdə günün müxtəlif hadisələrinə öz incə, lirik şeirləri ilə cavab verməyə çalışan Nigar Rəfibəyli də belə mübariz ruh ilə ədəbiyyata gəlmişdi.

Bununla belə, Nigar Rəfibəyli lirik şairdir. Onun lirikası təbiətlə, təbiətin gözəllikləri, insanı şərəfləndirən əməyin qüdrəti, yeni cəmiyyətdə kamilləşən qadının – ananın səciyyəsini tərənnüm edirdi.

Elə buradaca deyək ki, bir şair-ana kimi Nigar Rəfibəylinin yaradıcılığında ana mövzusunun xüsusi yeri var. Bu da təbiidir. Nigar xanım anadır. Onu dünyadakı bütün anaları həyəcana gətirən, anaları gözüyaşlı qoyan qanlı müharibələr dəhşətə gətirir. Onun incə, lirik, həzin qələminə belə anlarda kəskinlik, nifrət, qəzəb axıb gəlir. “Anaların səsi” şeirində bu məsələ necə də səmimi ana qəlbinin üsyanı ilə verilib.

Anaların istəyi sülhdür və Nigar Rəfibəyli qızının “Sülh nədir, ana?” sualına özünəməxsus şəkildə, həm də uşağın anlaya biləcəyi dildə cavab verir:

Sənin məktəb qucağında dərs oxuyub, dərs yazmağın,

Şən musiqi, azad dilin, o işıqlı dərs otağın,

Əzbər deyib şirin-şirin oxuduğun nəğmə, dastan,

Sənin xoşbəxt təbəssümün – sülh bunlardır, qızım, inan.

Nigar Rəfibəyli övladlarını dərin məhəbbətlə sevən ana surəti yaradarkən heç də bu övladları balağına tikib dizinin dibində oturtmaq istəyən və bunu məhəbbət adlandıran anaları nümunə almır. O istəyir ki, övladları insanlara səadət gətirsin, uzaq ellərə işıq aparsın, ehtiyacı olanlara yardım göstərsin, bir sözlə, cəmiyyət üçün faydalı insanlar olsunlar. Uzaq ellərə gedən balası üçün nə qədər qəmlənsə, iztirab çəksə də, ana başa düşür ki, övladı gərəkli işlə məşğuldur, qaranlıqda qalanlara nur aparır.

Nigar Rəfibəylinin yaradıcılığında xüsusilə nəzərə çarpan mövzulardan biri vətən mövzusudur. Nigar Rəfibəyli vətəni canlı insanı, ananı sevən kimi sevir. Uzaq ellərə səyahətində vətən üçün darıxır, vətənsiz yaşayanların acı, hicranlı, kədərli həyatına təəssüflənir.

Nigar xanım üçün vətən həm də onun nəğməli, qayğılı, zəhmətkeş insanlarıdır. Bu insanlar xoşbəxt dövranın oğul və qızları, şairin bacı və qardaşlarıdır. Ağır gündə, dara düşəndə bir-birinin dadına çatan, səsinə haray verən sovet adamlarıdır. Şair özünü bu insanlara, bu doğma vətənə borclu sayır və borcunu vermədən dünyadan gedən insanlara təəssüflənir.

Məsələ bundadır ki, vətən və onun doğma əziz insanları mücərrəd bir aləmdə deyil, kürreyi-ərzin üzərində yerləşir. Ona görə də yer üzündə baş verən bütün yaxşı və pis əməllər bizim də taleyimizdə, gələcəyimizdə öz əksini tapır. Əgər hardasa yeni tipli silah kəşf edilirsə, bu bütün dünyanın insanları, həmçinin də bizim anaların övladları üçün təhlükə deməkdir. Ona görə də şairi həm də bir vətəndaş kimi Yer kürəsinin, doğma planetimizin dərdləri, əzabları, gələcəyi düşündürür.

Odur ki, Nigar Rəfibəyli özgə yurduna göz dikən qəsbkarları dinc insanların isti ocağını söndürən, obaları viran, günahsız körpə balaları mələr qoyanları lənətlə damğalayır və deyir:

Ana kini müdhiş olur, bunu bilsin azğın düşmən…

Can qurtara bilməyəcək sənin aslan qəzəbindən.

Ana qəzəbinin bu müdhişliyi qarşısında kim olursa-olsun baş əyməli, dünyada əbədi sülh yaranmalıdır. Bütün analar kimi, bu arzu ana-şairimizin – Nigar Rəfibəylinin də yaradıcılığına xasdır. Bu baxımdan “Vətən qızları”, “Anaların səsi”, “Qəhrəmanın ölümü”, “Anama”, “Layla” və başqa şeirləri diqqəti cəlb edir.

Nigar Rəfibəyli yaradıcılığında diqqəti xüsusilə cəlb edən təbiətin əlvan boyaları, bir rəssam könlü, duyğusu ilə tərənnüm olunan təbiət gözəllikləridir.

Bu kimi şeirlərinin təkcə adlarına baxın: “Bahar nəğməsi”, “Karvan bulud”, “Dəniz”, “Nərgiz gülü”, “Ağ çiçəklər”, “Yasəmən”, “Dağ yolları”, “Qərənfil”, “Alagöz”, “Bülbül”, “Lalə”, “Günəşdən qorxma”, “Çiçəklər”, “Payız düşüncələri”, “Bahar lövhəsi”, “Bahar gəlir” və s.

Bu kimi şeirlərində lirizm təbiətin özündən, bu gözəllikləri duyan qadın-şair qəlbindən gələn nəğməyə bənzəyir.

Nigarın təbiəti tərənnüm edən şeirlərində nəğmə ahəngi, şəlalələrin səsi, bülbülün cəh-cəhi, nəsimin nəfəsi var.

Ey günəş, qızıl günəş, dənizdə batan günəş,

Hər sabah şirin-şirin məni oyadan günəş.

Yaxud “Bahar nə nazəndə, nə nazəndədir” misrası ilə nəqəratlanan “Bahar nəğməsi” şeirindən görünür ki, təbiətin bütün mənalı, cazibəli, dilrüba mənzərələrini sevdiyi kimi, Xəzəri də vətən rəmzi kimi sevir. Ayrı-ayrı şeirlərində Xəzərin dönə-dönə məhəbbətlə adını çəkdiyi kimi, Xəzərə və onun zəhmətkeş neftçilərinə də şeirlər qoşur: Onları əfsanəvi Fərhad, Şirin, Məcnunla müqayisə edir.

Bununla belə, dəniz şeirlərində də Nigar xanım incə qəlbli lirik şair olaraq yüksəlir və öz dinləyicisini də dənizin ənginliklərinə, onun cazibəsindən, vəcahətindən zövq almağa səsləyir.

Bu zəriflik, bu təbiət vurğunluğu lirik şairin, hətta hərbin acılarından, dəhşətlərindən bəhs edən ictimai məzmunlu şeirlərində də özünü göstərir. Bu kimi şeirlərində də o müharibə canilərinin törətdiyi fəlakətlər içərisində, eyni zamanda çiçəklərin solmağına təəssüflənir. Şair bombalardan solan çiçəkləri dərin-dərin mənalandırır. Onları insanlığın gələcək səadətinin, xalqlar dostluğunun rəmzinə çevirə bilir. Saat səkkiz on beşdə, Xirosimaya atom bombası atıldığı dəqiqədə şairə deyir:

Səkkiz on beşdə birləşib sükut edir xalqlar

Bir də bu matəm sükutunu yaradan

faciələr olmasın deyə,

Dostluq bağçasında açılan çiçəklər

saralıb solmasın deyə.

Nigar Rəfibəylinin yaradıcılığında nəzəri cəlb edən mövzulardan biri də əmək mövzusudur. Nigar xanım azad, xoşbəxt əməyi vətənlə, vətənin səadətilə bağlayır. Əmək mövzusuna həsr etdiyi şeirləri içərisində “Alın təri”, “Əmək sevinci”, “İnsan kamil olsun gərək”, “Mən səni sevirəm, insan” kimi şeirləri olduqca maraqlıdır.

Nigar Rəfibəylinin yaradıcılığında beynəlxalq mövzular da özünə geniş yer tutur. “Dolores İbaruri”, “Ukrayna”, “Cəmilə”, “İma Sumak”, “Bəşər oğlu”, “Amerika töhfəsi”, “Səkkiz on beş”, “Afrodita”, “Hollandiya çiçəkləri”, “Rahibə”, “Bosfor sahillərində” və onlarla başqa şeirləri buna misaldır. Bu kimi şeirlərində şairə hələ də imperializmin soyğunçu pəncəsində inləyən xalqların taleyinə acıyır, onların azadlıq uğrunda çarpışan oğul və qızlarını alqışlayır.

Nigar Rəfibəyli SSRİ və dünya poeziyasının bir çox gözəl nümunələrini, eləcə də Məhsəti Gəncəvinin ölməz rübailərini şirin, rəvan şəkildə tərcümə edib.

Nigar Rəfibəyli incə ruhlu, həzin şair olduğu kimi, eyni zamanda həssas ruhlu ana, həlim təbiətli dost və baş yoldaşıdır. Məlumdur ki, Nigar Rəfibəyli Xalq şairimiz Rəsul Rzanın ömür yoldaşıdır. Onun Təranə və Fidan adlı iki qızı, Anar adlı oğlu var. Təranə və Fidan kimi yaxşı mütəxəssisləri demirəm, oxucu və tamaşaçılara öz əsərləri və redaktoru olduğu “Qobustan” toplusu ilə çoxdan tanış olan yazıçı Anar kimi oğul böyütmək ananın ən böyük səadətidir.

Təbiət ona insan səadətini bol-bol verib. Gözəl ilham, qabiliyyətli övladlar, Rəsul kimi həyat yoldaşı. Bununla belə, deməliyəm ki, Rəsul Rza kimi bir şair – ərlə ömür sürmək gözəl olduğu qədər də çətindir. Şair nazına, ərkinə dözmək sizə zarafat gəlməsin. Onun qayğısını çəkmək özü elə böyük əməkdir. Bir də üstəlik özün şair olasan. Evində ən tələbkar, yüksək zövqə malik olan ər və oğul. Özünüz düşünün, onun hər şeirinə evin içində tələbkar oxucular qiymət verməli olur. Bütün bunlardan başqa deməliyəm ki, qadın həyatı analıq, evdarlıqla əlaqədar olduğu üçün onun yaradıcılıqla məşğul olması bir qədər də çətindir. Nigar xanımın xidmətçisi yoxdur. Ev işləri, xörək bişirmək. Bütün bunlara şair “Mətbəx şeirləri” başlıqlı mənzumələrində yaxşı cavab verib.

Gördüyünüz kimi, Nigar xanım zəhmətkeş, bununla belə, incə, lirik, kövrək, zamanın tələbləri ilə ayaqlaşan vətəndaş şairdir, həmişə sıradadır, həmişə yazır.

Bakı, 1987


Şairə və ana (Mirvarid Dilbazi)33

“Şairə və ana. Tale iki şahlıq tacını bəxş etmiş ona”. Xalq şairi Mirvarid Dilbazinin “Avtoportret” şeirindən alınmış bu ikicə misra bütün yaradıcılığının, bütün həyatının leytmotividir. O zəhmətkeş şairə, xalqının həyatı ilə birlikdə, xalqının tarixi ilə bağlı yaradan bir şairə, təkcə bir qızının deyil, yaşına düşən bütün oğlan və qızlarımızın, daha doğrusu, oxucularının anasıdır. Avtoportret şairin 1982-1983-cü illərdə nəşr olunmuş və zəngin yaradıcılığının yalnız son bir neçə ilinin məhsulunu özündə toplamış üçcildliyinə daxil edilib. “Bu üçcildlik haqqında məqalə yaz” dedilər mənə. “Bəlkə, ünvanı səhv salmısınız, axı elə bu günlərdə Xalq şairi Mirvarid Dilbazinin yaradıcılığı mövzusunda mənim adaşım, gözəl yazıçımız Əzizə Əhmədova namizədlik dissertasiyası müdafiə edib. Bəlkə, onu nəzərdə tutmusunuz”. “Yox, dedilər, o namizədlik dissertasiyasında şairəmizin bütün yaradıcılığı üzərində tədqiqat aparıb. Sözünü deyib. Jurnalımız isə sizin sözünüzü eşitmək istəyir bu üçcildlik haqqında”. Məmnuniyyətlə razı oldum. Başqa cür mümkün də olmazdı. Tədqiqatımın mühüm hissəsini qadın şairlərimizin və aşıqlarımızın yaradıcılığı üzərində axtarışlara həsr etmişəm. “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Fatma xanım Kəminə” kitabları və başqa məqalələr belə yaranıb. Mirvarid xanımın yaradıcılığı da XIII yüzillikdən bəri ədəbiyyatımızda adı bəlli yüzəcən şair və aşıq sənətkarımız içərisində xüsusi yer tutur. Xalq şeiri səpgisində şeirləri, bayatıları son illərdə diqqətimi daha çox cəlb eləyib. Özü də təkcə mənim yox, bütün sənətsevərlərin.

Mirvarid xanımı çoxdan tanıyırdım. Sevirdim. Mahnılarını dinləmişdim: “Evimizə gəlin gəlir”, “Çoban Qara”… Lap çoxdan dönə-dönə evində olmuşdum. Müharibənin o acı illərində cəbhələrdə çarpışan ömür yoldaşımızın dərdini birgə çəkmişdik. Həsrət, hicran qəlbimizi birgə qovuran günlərdə qələbəni eyni ehtirasla gözləmiş, arzulamışdıq. Bəzi şeirlərinin ilk dinləyicisi mən olmuşdum. Mənim də “Qızımın hekayələri” kitabıma ilk xeyir-duanı o vermişdi. Az qala, məcbur etmiş, inandırmışdı ki, onlar uşaq hekayələridir. Halbuki onları çap etdirməyi ağlıma da gətirmirdim. İnanmırdım ki, onlardan bir şey çıxar, uşaq ruhunu duya bilməyimə məni Mirvarid Dilbazi inandırmışdı. Redaksiyaya da özü təqdim etmişdi. Bir sözlə, Mirvarid Dilbazini çoxdan tanıyırdım. Mətbuatda çıxan hər əsərini oxuyur, imzasını izləyirdim.

“Azərbaycan” jurnalının əməkdaşları onun üçcildliyi haqqında mənə “yaz” deyəndə düşünürdüm ki, bu qədər doğma, tanış, özü demişkən, “qələm bacım” haqqında yazmaq asan olar mənimçün. Sevindim. “Əlbəttə, məsləhətsə, yazaram!” Qadın şairlərin yaradıcılığı mənə yaxındır. Amma…

Amma üçcildlik haqqında yazmağı boynuma alandan, kitabları götürüb eləcə vərəqləyəndən sonra ümmana, hisslər, duyğular ümmanına düşdüyümü gördüm. Bütöv bir ömrün əməl nəticəsindən bir parça olsa da, bir aləm idi bunlar. Bütöv bir ömrün əmək bəhrəsi, zəhmət gülüstanı idi. Bu bağda nə var idi, nə yox idi? Hansı gülün rayihəsi, hansı hissin çaları, hansı rəngin, nəğmənin ahəngi idi bunlar? Bu bəzən bir poema qədər uzun, bəzən “şeir” kəlməsinin özü qədər kiçik inci düzümləri?

Üçcildlikdə hansı mövzu yoxdur? Poeziyamızı məşğul edən hansı problemin yanından ötüb şair? Hansı bəşəri tema ona təsir buraxmayıb, onu həyəcanlandırmayıb? Ana və analıqmı, sülh və antifaşizmmi? Hansı sadə və ya mürəkkəb peşə sahibi, planetimizi öz əməyi ilə gülüstana döndərən hansı nəcib sənət adamı? Neftçimi, ya pambıqçımı? Alimmi, ya sənətkarmı? Təzə yaranan ailəmi, övlad tərbiyəsimi? Məhəbbətin ən səmimi ahəngi, çalarlarımı? Həsrətimi, hicranımı, vüsalımı, yoxsa Vətən məhəbbəti üstünlük təşkil edir? Ana əvəzi bacımı, yoxsa yeganə bala məhəbbətimi, övladmı? Bütün bu və daha bir çox duyğular, hisslər, düşüncələr Mirvarid Dilbazi poeziyasının mövzusunu, məğzini təşkil edir. Həm də bunların hər birinə bir yox, iki yox, xeyli şeir inciləri həsr edib şair. Demək, bu hisslərin, bu duyğuların, bu bəşərin özü qədər qədim problemlərin heç biri onun üçün ötəri mövzu olmayıb, rast gələndə toxunmayıb, bu bəşəri duyğular onu həmişəlik məşğul edib, həmişə düşündürüb, həmişə narahat edib, bəşər üçün qayğılanıb, narahat olub şair. Ona görə də yazıb, ona görə də hər sətrinə öz kövrək ana-vətəndaş qəlbinin bircə parçasını əlavə etməyə, bircə damla ürək qanını qatmağa çalışıb, bacarıb da.

Mirvarid Dilbazinin, nəinki bütün yaradıcılığının, hətta əlimizdəki üçcildliyinin belə mövzu dairəsini, təxmini də olsa, müəyyənləşdirmək çətindir, bəlkə, heç mümkün də deyil. Bəlkə, heç lazım da deyil. Çünki sovet həyatının, sosialist cəmiyyəti uğrunda mübarizənin elə pilləsi, mərhələsi, şəxsiyyəti, hadisəsi yoxdur ki, bu döyüşkən şair – Mirvarid Dilbazi onun yanından laqeyd ötüb keçsin, ona bir şeiri, poeması ilə cavab verməsin. Şeir meydanına, poeziya aləminə düşdüyü gündən sovet həyatının, xalqın inkişafı uğrunda mübarizənin qəhrəmanları Mirvarid Dilbazi yaradıcılığında öz əksini tapmağa başlayıb.

Bununla belə, hər halda bu zəngin, çoxcəhətli, çoxşaxəli mövzular dünyasında Mirvarid Dilbazi üçün aparıcı, istiqamətləndiriciləri də var. Bunların içərisində xüsusilə seçilən bir neçəsidir: Ən ön sırada, səhv etmədən, demək olar ki, vətən məhəbbəti gedir. Bu məhəbbət doğma yurd, “Musaköy”dən, “Avey”dən başlayır, “Azərbaycan”a, “Azərbaycan ellərinə”, oradan da ümumiyyətlə, Sovet vətəninə – Sovetlər ölkəsinə keçir.

“Musaköy”ün susuz keçmişi onun övlad qəlbini yandırır:

Heyif ki, çoxları köçdü dünyadan,

Arzular ürəkdə torpağa getdi.

Əfsuslar olsun ki, bilmədi onlar,

O məyus, köməksiz, gücsüz insanlar,

Gümüş qovaqların kölgə saldığı,

Müşgül söyüdlərin fikrə daldığı,

Fəxrəli arxının altında bir vaxt

Yanacaq bu kəndin gur işıqları.

Dünyadan arzusu gözündə köçmüş məyus baba və nənələrin dərdi şairəni nə qədər kədərləndirsə də, bu gün gur işıqları yanan kəndin səadətilə iftixar etsə də, əsas məsələ bundadır ki, şair, uşaqkən kölgəsində böyüdüyü, təbiətinə vurulduğu o gümüş qovaqlar, müşgül söyüdlər ilkin vətən – doğma yurddur, unudulmazdır, unuda bilmir, lakin unutmasa da, keçmişinə yansa da, bu günü ilə fəxr etsə də, artıq özü, kəndi böyüdüyü kimi Vətən məhəbbəti haqqında anlayışı, təsəvvürü də böyüyüb, genişlənib. İndi o sevimli salxım söyüdlü doğma torpaq yalnız rəmzdir, yurd rəmzidir. Böyük bir ölkənin vətəndaşı kimi indi onun üçün ipəkli “Şəki”, “Şuşa”, “Naxçıvan”, “Marxal” adları ilə getdikcə vətən məfhumu genişlənir.

Uca zirvələri dumanlı, qarlı,

Döşləri laləli dağlar mənimdir.

Qızıl sünbülləri qurşağa çıxan

Muğan da, Şirvan da öz vətənimdir.

Amma o ilk “müşgül söyüdlü” torpağın ətri hələ də burnundadır, könlündədir, böyük vətənin ətrinə qarışıb:

Anamdan ilk ayrılanda yeddi yaşım bitməmişdi,

Laylasının həzin səsi qulağımdan getməmişdi.

Elə bil ki, qırılmışdı sevincimin qanadları,

Bəzən durub gizli-gizli ağlayırdım gecə yarı,

Hara getsəm, o saf xəyal ayrılmazdı məndən bir an,

Sən könlümdə bəslədiyim o duyğusan, Azərbaycan!

Və bu duyğu böyüdükcə böyük vətən üçün iftixar hissinə çevrilir. Artıq Azərbaycan Arazın o taylı-bu taylı timsalında onun üçün vəhdət halında bir Vətəndir; şair ona şeir bağçasının çiçəklərindən çələng hörür:

Səni yüksəldərik ellər içində,

Dilini saxlarıq dillər içində,

Bizi öz qoynunda, güllər içində

Gülüstanlarında böyüdən vətən,

Sənə çələng hörüm hansı nəğmədən?!

Vətən məhəbbəti ana adı ilə, ana-vətən adı ilə bağlıdır. Elə Mirvarid Dilbazinin şeirlərində də bu iki hiss çox yerdə vəhdət halında tərənnüm olunur. Ana, ana-vətən, ana-torpaq birləşir, bir Azərbaycan, bir Sovetlər vətəni məfhumunda doğmalaşır. Doğma yurdda bir ana var, doğma yurdda bir övlad var, ana doğma yurdun qucağı, beşiyi, övlad doğma yurdun gələcəyidir. Bütün poeziyamıza xas olan bu duyğular, aparıcı mövzu, müqəddəs mövzu şəklində Mirvarid Dilbazinin şeirlərindən qızıl xətt kimi keçir. “Balıqçı kimi”,”Ana dili kitabı”,”Oğul həsrəti”,”Anan kimi sevsin həyat”,”Ana ömrü-şair ömrü”,”Ana və qız”,”Ana görüşünə oğlu tələsir”,”Ana heykəli”, ”Elə böyük xalqın qızıyam ki, mən”, ”Qadın”, ”Analar”, ”Məhəbbətdən isinir sinəm”, “Son sözüm”, ”Mənim ürəyim” və onlarla başqaları bu ülvi, bu əbədi hissin təzahürüdür:

Neçə məhəbbətin odu sinəmdə,

Anayam, yoldaşam, övladam mən də.

Yanıb bir şam kimi qurtarsam haçaq,

Son sözüm yenə də “Ana” olacaq.

Övlad kimi ana məhəbbətini tərənnüm edən şair Mirvarid Dilbazi yaradıcılığı boyu bir an da unutmur ki, o anadır, tərbiyəçidir, gələcək nəsil qarşısında məsuliyyət daşıyır. Nənəsinin, anasının ən gözəl xasiyyətlərini, ənənələrini qızlarımıza aşılamaq borcu, vəzifəsidir. Keçmişdən nənə və analardan gözəl nə alıbsa, nəsillər arası bir körpü, ötürücü kimi gənc nəslə ötürməli, köçürməlidir, yaşanmalıdır nənələrin isməti, sədaqəti, namusu, vəfası, tərbiyəçilik qabiliyyəti, sadəliyi, yüksək analıq qabiliyyəti, ana qayğıları… O qədərdi ki, azərbaycanlı anada bu gözəl, təkrarolunmaz, məhz bizim analara xas olan milli koloritli xüsusiyyətlər. Bir şair-vətəndaş-ana kimi Mirvarid Dilbazi qızlarımızda, gələcək nəslin analarında məhz bizim analara, nənələrə xas olan keyfiyyətləri görmək istəyir; elə buna görə də “Azərbaycanlı qız”ın portretini yaratmaq istədiyi şeirində oxuyuruq:

Paltarı qızıl lalədən,

Xəyalları dağ sübhünün

Göyü kimi aydın, parlaq.

Bütün pisliklərdən uzaq,

Sözü, söhbəti kəsərli,

Darda dözümlü, hünərli,

Ürəyində tufan qopsa,

Bir aydınlıq gecə kimi

Sakit üzü…

Onun bəyəndiyi gözəlin “Yaraşıqlı sinəsi üstündə daş-qaşlar işıqlanmır. Qulağında almaz sırğa işıldayıb par-par yanmır. Paltarının üstündə də yoxdur nə gül, nə zər, çox gözəldir, mənalıdır gözündəki düşüncələr. Bu qızın geyinməyə” alı da var, şalı da var. İstəyirsə, zərxaranın gözəlindən geyər paltar” Lakin:

Ancaq səni sevindirməz,

Yalnız bircə bəzək-düzək.

Çünki arzun, əməllərin

Sifətində açır çiçək.

Odun varmı cansız, hissiz

Daş-qaşdakı bu işığın?

O işıqlı ürəyindir

Hər bəzəyin, yaraşığın.

Arzu, amal yollarında

Saçlarına düşsə də dən,

Yenə mənim gözlərimdə

Min gözəldən sən gözəlsən.

Əşyapərəstliyin, xarici mal dalınca qaçmaq azarının gənclik arasında yayılmağa başladığı zamanda qızlarımızı təmiz, boyasız, nənələrimiz kimi igid, saf təbiətin övladı görmək arzusu ilə yaranan əsərlər içərisində Mirvarid Dilbazinin şeirləri, xüsusilə, ona görə seçilir ki, o qədimlər demişkən, sevilib, seçilib.

Öz həyat tərzi yaratdıqlarına nümunədir. Bəzi “əxlaq müdərrisləri” kimi dediyi ilə işi arasında uçurum yoxdur. Zəhmətkeş insandır Mirvarid Dilbazi, şairə-ana öz əməksevərliyi ilə də gəncliyə nümunədir.

Elə buna görə də yaradıcılığının mühüm hissəsi əmək adamlarının, sosialist quruculuğunun qəhrəmanlarını tərənnümə həsr olunub: “Lahıc qızları”, “Çoban Qara”, “Əməkdir mənim adım”, “Avtoportret”, “Mənim istəkli xalqım”, “Çayçı qızlar nəğməsi”, Lerik silsiləsi, Lənkəran, Şamaxı, Qazax, Şəki əməkçilərinə həsr olunmuş şeirlər belədir. İnsanı İNSAN eləyən əmək şairin həyatında və yaradıcılığında həlledici, mühüm amildir.

İnci, mirvari deyil,

Əməkdir mənim adım.

Həyatımda bir gün də

Əməksiz yaşamadım.

Şairin “elinin, ailəsinin bəxtiyarlığı, ona varlığı sevdirən, ömrünün günəşli bahar səhəri, xəyanət bilməyən yaxın dostu əməkdir”. Elə buna görə də şair deyir:

Onu həmdəm eyləyək,

Hər zaman ömrümüzə.

Biz üç dostuq əzəldən:

Qəlbim, əməyim və mən.

“Ey gələcək nəsillər”, “El kimi sadə”, “Deyirlər” və onlarla başqa əməyin vəsfinə həsr olunmuş şeirdə şair öz oxucularında əməksevən, vətənpərvər, vətəndaş hissləri tərbiyə edən poeziyamızın ön sıralarında addımlamağa çalışır. Əməyin, qalib insan əməyinin təntənəsi üçün birinci növbədə sülh, əmin-amanlıq lazımdır. Şair-ana-zəhmətkeş-vətəndaş sülhün keşiyində duran Sovetlər ölkəsini tərənnüm edərkən qarşısında ən qatı düşmən – faşizm, hər növ müharibə qızışdırıcıları, dilindən, dinindən, irqindən asılı olmayaraq hər növ silahlı bəşər düşməni – atomları, paketləri görür. O incə ürəkli şair, sevən ana kimi dünyanın hansı səmtində bircə azadlıqsevən gənc zindana salınıbsa, dünyanın hansı yerində bircə insan hüququ tapdalanır, bircə ana– bala vay deyirsə, həyəcanlanır, narahat olur, qayğılanır. Onun bir dünya vətəndaşı kimi – müasir dövrün umumbəşər qayğısı çəkən insanları kimi hər şeylə işi var: “Madrid məhbəsləri”, ”Vətəni parçalanan Təbriz mərdi”, ”Əlcəzairli qız”, üzür könlünü. Lorkanın ölümü, Kalaman Valdışın ölümü, Ruzbeh, Nazim Hikmət, Neruda, Musa Cəlil, Lumumbanın yetim böyüyən balaları, məhbəslərdə doğulan körpələr Mirvarid Dilbazinin “sevinci, kədəri”dir. Hamısı ilə işi var bu narahat insanın, hamısının qayğısı bu xırdaca, yumruq boyda ürəyə necə sığıb? Bu nəcib görkəmli, balaca cüssəli, lakin qəhrəman igilərdən cürətdə geri qalmayan ana-şair elə məhz ana-şair kimi qayğı çəkir, dünyanın sevinci ilə sevinir, kədəriylə kədərlənir.

Körpə bala, məyus olma!

Bitməmişdir mübarizə.

Görməməkçün məhbəslərdə

Sizi bir də əsir, bala,

Bütün xalqlar qanlı hərbin

Qabağını kəsir, bala!

Sülhün dayağı olan bir ölkəni tərənnüm edərkən Mirvarid Dilbazi dünyanın təhlükə altında yaşayan insanlarının taleyini bircə an da unuda bilmir. Beynəlmiləlçi şair kimi dünyanın bütün əmək adamlarının irqindən, dil və dinindən asılı olmayaraq dərdi, kədəri ona yaxındır, öz qüssəsi kimi yandırır onu, həyəcan doğuran səsini ucaldır:

Neçə xalqın övladları üzür hələ öz qanında:

Yetim böyüyür Lumumbanın balaları,

Madrid məhbəsləri, Afina qalaları

Körpələri Günəşdən, Aydan gizlədir.

Gizenqanın köksünü qanlı dırnaqlar didir.

Vətəni parçalanmış Təbriz mərdi,

Sinəsini yandıranda sağalmayan dərdi,

“Elə oğul istəyir vətən!”

Deyə bağırır qüssədən.

Bir sevinc, bir səadət azdır mənə, az!

İnsan olan insanlığın dərdini necə duymaz?

Bütün üsyankar, bəşəri kədər, ölüm-qan əleyhinə şeirlərində Mirvarid Dilbazi bir tərəfdən “Qu yastığı soyuq daşlar, döşəkçəsi həsir bala”lar üçün qayğı çəkən ana, digər tərəfdən beynəlmiləlçi bir Azərbaycan vətəndaşıdır. Beynəlmiləlçilik poeziyamızın canını təşkil edən xüsusiyyətdir. Qeyd etmək lazımdır ki, hələ Xaqanidən, Nizamidən üzübəri minillik poeziyamızda heç bir xalq, irq, millət haqqında bircə misra pis söz deyilməyib, bircə xalqın nümayəndəsi haqqında acı, nifrət oyadıcı böhtan işlənməyib. Bu qədim, dədə-baba ənənəmizə sadiq qalan Azərbaycan Sovet poeziyasının görkəmli nümayəndəsi kimi Mirvarid Dilbazi də bütün yaradıcılığı boyu beynəlmiləlçi şair kimi çıxış edib. Onun üçcildliyinə daxil olan “Rus meşələrinin nağılı”, “Ermənistan şeirləri silsiləsindən kövrək xatirələr”, “Yaşıl Gürcüstanın nadir gözəli” silsiləsi, “Azadlığa gedən yol” bəşəri silsilə, “Araz boyunca”, “Baltika” və başqa şeirləri, poemaları beynəlmiləlçi ruhla aşılanmış əsərlərdir. Bu silsilədə böyük rus xalqına ehtiramla qələmə alınmış silsilə xüsusilə maraqlıdır. Burada Rusiyanın iftixarı, dünya ədəbiyyatının ən gözəl, ən poetik nümayəndələrindən biri olan A.S.Puşkin rus xalqının qəhrəman qızı Zoya Kosmodemyanskaya, rus təbiətinin valehedici, “ağ çiçəkli qış mənzərələri”, ağcaqayın meşələri, nəhayət, dünya məzlumlarının ümid beşiyi “Qızıl meydan” – Leninin məzarı böyük səmimiyyətlə təsvir olunur, rus xalqının səciyyəsi tərənnüm edilir:

Ey böyük rus xalqı, beləsən sən də,

O tarla kimidir geniş sinəndə.

Zamanın sərt əsən küləklərindən,

Hər kiçik toxumu qorumusan sən.

Gəzirəm aylarla mən bu diyarda,

İtməmiş qoynunda adsız məzar da.

Qardaşlıq, dostluq bu beynəlmiləlçi silsilə şeirlərin qanındadır.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации