Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 3

Текст книги "“Gülüstan”dan öncə"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Bir az əvvəlki musiqi məclisinin sonunda qəlbinə belə qara fikirlərin dolmasına heyrət etdi. Ürəyində acı bir hiss oyanmışdı; xatirələrin təsiriydimi, ya irəlicədən duyma hissiydimi? Bilmirdi. Narahat yuxudan onu narahat bir xəbər oyadırdı: Qarabağ, Şəki xanlarıyla birlikdə o da Gəncənin qatili general Sisianovla görüşə çağırılırdı.

KÜRƏKÇAYA DOĞRU

Kürəkçaya tərəf torpağımızın üç tərəfindən üç dəstə atlı gedirdi: Qərbdən Qarabağ xanı İbrahimxəlil xan Ca-vanşir başda olmaqla oğlanları Məhəmməd Həsən ağa və Mehdiqulu ağa, başının adamları – məşvərətçiləri gəlir-di. Xan qoca olmasına baxmayaraq, erməni kəndləri için-dən keçən rahat yolla getməkdən imtina etmiş: “Yooox, – demişdi, erməni kəndlərindən keçməyək. Bəyəm on-lar deyil urusun qabağına düşüb, bələdçilik eləyən, yağıya yol görkəzən? Çörəyimiz gəlsin burunlarından, o köpəy uşağı məliklərin. Mən gözümü açandan, Şuşa qala-sının binası qoyulandan bəri, lap rəhmətlik dədəm Pəna-həli xanın sağlığından tanıyıram onları. Gözləri Şuşada, əlləri, dilləri urusdadı ki, tikmədikləri qalanı əlimizdən qopara bilsinlər. Bizi yağı qabağına getməyə vadar eləyən də onların düşmənçiliyidi. Onlardan gələn xeyiri – yol rahatlığını da istəmirəm”, – deyib daha çətin, istirahət-çün az kənd olan düzəni seçmişdi.

İkinci dəstənin başında ölkənin şimal-şərqindən Şəki xanı Səlim xan gəlirdi. Onun ətrafında yaxın adamları, Şəkinin qabil kişilərindən olan məsləhətçiləri vardı. Bun-ların da yolu dağlardan düzənə enərkən əfsunlu Samux meşəsindən keçirdi.

Üçüncü dəstədə Mustafa xan Şirvani, onun daimi məsləhətçisi Kərbəlayı Arif Allahi, böyük oğlu və vəliəhdi Teymuraz bəy, sərkərdələrindən Tağı bəy və bir neçə Şamaxı-Şirvan əsilzadələri gəlirdi. Bunlar da dağlardan enib düzənə çıxmış, Kürü keçib Kürəkçaya doğru irəlilə-yirdilər.

Xanların üçü də irəlicədən inanılmış adamları vasitə-silə sözbir etmişdilər ki, general Sisianovla qarşılaşmaz-dan bir gün əvvəl görüşsünlər. Rusların Kürəkçay sahilin-də hərbi qışla saldıqları mövqeyə bir günlük məsafə qal-dığı bir yerdə yığışıb məşvərət etsinlər. Biri o birinin fikri-ni, gələcəkləri qərarı bilsinlər.

Hardaydı, necə yer idi bu Kürəkçay?

Qədim Gəncənin, Nizami Gəncəsinin, son illərdə başı bəlalı Gəncənin cənub-şərqindən axırdı Kürəkçay. Başı Murovdağ silsiləsində, ayağı haradasa Kürdə qərar tutur-du.

Mehribandı; gələn qonaqları nəvazişlə, qonaqpərvər-liklə qarşılayırdı. Kürəkçaya yaxınlaşdıqca hava elə bil ki, bir az sərinləyirdi. Çayın yazın əvvəllərində sel suların-dan bulanan suyu durulmuşdu. İndi Murovdağ silsiləsin-dən, Buzluq adlanan, bir qolu Camışdağdan, onun buz bulaqlarından su əmən Kürəkçayın suları elə bulaq suyu kimi, göz yaşı təkin dumduruydu. Atlar suya girəndə ayaqlarından qopan büllur zərrələr almaz kimi yeddi rən-gə çalır, sübh günəşindən göz qamaşdırırdı. Atlar yumşaq dodaqlarını suyun üzərində gəzdirib həvəslə içir, başını qaldıranda dodaqlarından daman damcılar par-par parıl-dayırdı. Gələnlərin bəzisi suyu ovuclayıb içir, – “oxxayyy… bulaqların suyudu”, – deyir, bəzisi isə sinəsi üstündə uzanıb, elə atlar kimi dodaqlarını suya dayayıb içirdilər. Cavanlar günorta və axşam çağlarında əl-ayaqla-rını yuyur, yaşlıların gözündən iraqda kəmərinəcən soyu-nur, sərin suyu odlu-atəşli sinəyə çırpırdılar.

Kürəkçay qonaqlarını mehriban, nəvazişkar, parlaq təbəssümlə qarşılayırdı. Əslində, xanların üçü də dağlar-dan enmişdi. Biri Girsdən, biri Gələsən-görəsəndən, üçün-cüsü Baba dağın sinəsindəki Fit dağından gəlirdi.

Dəstələrin heç biri sərin su, bulaq həsrətli aran əhli deyildi. Amma gəldikləri uzun yol, illah da, Aran yerlə-rindən keçid, bu bir neçə günlük səyahət yormuşdu onla-rı. Odur ki, Kürəkçayın yaz işıqlı təbəssümünü “xoş gəl-din” kimi qəbul edirdilər. Həm də həvəslə həmişə təbiətin qoynunda yaşamış, ömrü at belində ovda, döyüşlərdə ke-çən adamlar bilir bu işıqlı, həlim təbəssümün qədrini. Bu-laq olmayan yerdə çay suları, xırdaca-xırdaca boz, şəkər təki ağ, qonur, qara daşların üzəri ilə şütüyən, həzin lay-lay çalan çay suları bulaqdan da əzizdir.

Bu günlərdə, əslində çox balaca, Azərbaycan miqya-sında belə yaxşı tanınmayan Kürəkçaya doğru Şimaldan, Şərqdən və Qərbdən üç dəstə gəlirdi. Üçü də “Ş” hərfi ilə başlayan: Şuşa, Şəki, Şamaxı xanları, indiyəcən tanıma-dıqları, amma az sonra Azərbaycanın işğalı tarixinə “Kü-rəkçay bağlaşması” adı ilə daxil olan Kürək-çay yaxınlı-ğındakı Çaylı kəndinə tərəf yollanmışdılar.

Rusiya nümayəndəliyi isə artıq buradaydı.

ŞUŞADAN

Qabaqda qızılı-kəhər üstündə İbrahimxəlil xan Ca-vanşir özü gedirdi. Qızıl-gümüş yəhər-üzəngi onun geyi-minin dəbdəbəsini bir az da artırırdı. Tirmə xəz küləcəsi, samur külahı, zər tikmə uzunboğaz çəkmələri bir qədər qış geyimi təsiri bağışlasa da, bir neçə gün at üstündə aram yerişin soyuğunu canına keçməyə qoymurdu. Yaxa-lığında, qolçaqlarında İran zadəganlarına məxsus bər-bə-zək, mirvari tikmə, qızıl təkbənd, qızıl və qaş-daş toxun-muş yaxalıq bahar günəşinin şüaları altında bərq vurur, göz qamaşdırırdı. Barmaqlarında almaz, yaqut, zümrüd və əqiq üzüklər alışıb yanırdı. At üstündə şax oturmağa çalışmasına baxmayaraq, xan yorulmuşdu. Tez-tez düşər-gələrdə dincəlsə də, səksən yaş özünü göstərirdi. Ağap-paq saqqalı seyrəlib sinəsindən bər-bəzəyi örtə bilmirdi.

Xanın sağ cinahında böyük oğlu və vəliəhdi Məhəm-mədhəsən xan, solunda Mehdiqulu ağa gedirdi. Hər ikisi o dövrün dəbiylə yarı milli, yarı gürcü geyimindəydi. Şiş xəz papaq, qara, enli yarımqol çərkəzi çuxa əlvan dikyaxa köynək üstündəki qaş-daşla, barmaqlarındakı üzüklərlə tutuşmurdu. Hər iki xanzadə sanki Kürəkçay müahidəsi-ni imzalayan, əslində qüvvətə məğlub olmuş, qarşısında-kı məkrli, eyni zamanda güclü rəqibi tanıyan xan atayla getmirdi. Harasa, kiməsə öz sərvətini bildirməyə, kiməsə yanıq verməyə, heç olmasa bu yolla öz üstünlüyünü göstərməyə can atan adama bənzəyirdi.

Şuşadan Ağdama enmişdilər. Bir-iki gün aran yerin-də böyük səfər qabağı yaxşıca dincəlmişdilər. Məhəm-mədhəsən xan da, Mehdiqulu ağa da atalarının bu uzun yolun əziyyətinə davam gətirə bilməyəcəyindən qorxur-dular. Xüsusən son illərin keşməkeşli həyatı, rus zabitləri-nin özbaşınalığı, “o çanaxçı dığası” adlandırdığı Valeri-yan Madatovun təzyiqləri qoca xanı hər şeydən bezdir-miş, əldən salmışdı. Fasiləsiz İran hərbi, xanlar arasındakı çəkişmələr onu yaman rahatsız etmişdi: “Elə bilirsiz öz könlümnən gedirəm bu əhdnaməyə? – oğlanlarına de-mişdi. – Məşhur məsəldir: bizdən, ata-babadan uzaq yer-də, kafər cəhənnəmə özxoşuna girmir, onu darta-darta, çəkə-çəkə aparırlar. Əvvəllər, bəlkə də, çara inanardım. Amma görürəm ki, üstümüzə şimaldan qorxunc bir əjda-ha od püskürən ağzını açıb gəlir. Bizim də ki, xanlar ara-sında birliyimiz yox, hərə öz başın girləyir. Qonşu haqqı unudulub. Bu axır illərin gedişatı, xüsusən Cavad xan qəziyyəsi məni inandırdı ki, birləşsək də, bu dişinə, dırna-ğınacan silahlanmış, dişi qana batmış, qana susayan, özü-nə cənub ölkələrinə yol açmaq iddiasıyla üstümüzə top-topxana yeridən Rusiyyətin qabağında duruş gətirə bilməyəcəyik, gec-tezi var. Bir-bir bütün diyarı öz cənginə keçirəcək. Yaxşısı budu, pişim-pişimlə dolanaq. Milləti qırğına verməyək. Görək taleh alnımıza nə yazıb. Bir 5-10 il də yubadaq bu yürüşü, bu qırğını. Bu əlsiz-ayaqsızlar faciəsinə, bəlkə, Allahın rəhmi gəldi, özü qəsbkarın başına daş saldı. Əbabil quşları göndərdi, ya nə....

Hakimiyyətə gələndə qolu zərbli, bığıburma cavan idi. Necə deyərlər, “dişiylə qoz, yumruğuyla kərpic sındı-rırdı”. 80 illik ömrünün 45 ilini xanlıq taxtında əyləşmiş, müharibələr yola vermiş, küsülülər barışdırmış, məğ-lubiyyəti də, qaçdığı da olmuşdu. Amma bu 45 ildə yaxşı günlər daha çox olmuşdu. Təbəələrini əmin-amanlıqda saxlamağa, bir parça çörək yiyəsi olmalarına səy göstər-mişdi. 80 il ömrün, 45 illik hakimiyyəti dövründə bir çox ağılbənd, müdrük insanlarla görüşmüş, müsahib olmuş-du. Molla Pənah Vaqif kimi vəziri, şairi, həmsöhbəti, məsləhətçisi olmuşdu. Təkcə Rusiya deyil, İranla – hamı-nın o zaman “Axta xan” adlandırdığı Ağa Məhəmməd şah Qacar ilə üzə-üzə dayanan günləri olmuşdu. Fətəli xan, Ağası xan… erməni məlikləri… çoxu çoxdan köçmüş-dü bu dünyadan. Onun yaşıdı ağaclar belə qurumuşdu bağçalarda. O isə yaşayırdı. Görəcəkli günləri vardı qabaqda. Bütün həyat təcrübəsi, bütün ürəyi, damarların-da axan Cavanşir qanı ilə duyurdu ki, şimaldan gələn bu ayının pəncəsindən qurtara bilməyəcək. Necəsini bilmir-di. Amma başının nizələr ucunda gedəcəyini bilirdi, “Hü-seyn başı kimi…”, – düşünürdü, belə qara fikirlər qəlbinə dolanda.

Bu 80 illik ömrün zirvəsindən geri baxanda qazandığı təcrübələr sayəsində anlamışdı ki, Şimaldan gələn bu qara selin qabağını almaq mümkün olmayacaq. Heç olmasa mülkünə sədd çəkməyi məsləhət bilmişdi. Gedirdi… Ca-vad xanın qatiliylə, əli Şah Abbas məscidinə pənah apar-mış ləzgi qaçqınlarının, arvad-uşağın qanına bələnmiş kafirlə görüşəcək, hələ bəlkə əl verməyə də məcbur ola-caqdı. Sonra bir neçə gün əlini ikrahla yuyacaqdı. Sanki qardaş qanına bələnmiş ələ toxunurdu.

Şirvan və Şəki xanlığı kimi o da öz xanlığının gücü-nü, var-dövlətini Ali komandan knyaz Sisianova göstər-məkçün xüsusilə zəngin geyinmiş, oğlanlarının, Qarabağ atlarını minmiş süvari nökərlərinin geyiminə xüsusi fikir verməyi eşik ağasından tələb etmişdi.

At səyritmə dövrü çoxdan keçmişdi, odur ki, qoca İbrahimxəlil xanın atını növbəylə iki cilovdar çəkdirdi. Piyada sürətilə gedirdi. Bu da düzəngahda at çapmaq həvəsində olan cavanları darıxdırırdı.

Axırıncı düşərgəni Kürəkçaya lap az qalmış Gürzə-lilər ərazisində saldılar. Yayı boz, payızı qızılı, qışı ağ rəngə boyanan düzənlik yazın bu oğlan çağında yam-ya-şıl, göz oxşayan, ürəyi fərəhlə dolduran, adamı cavanlaş-dıran zümrüd rəngli məxmər dona bürünmüşdü. Elə bil, Allahın əmrilə bu boş düzənliyə adda-budda sarı, ağ çiçəklər görünən nəhəng bir yaşıl xalı sərilmişdi. Bu za-man xalının üstündə bacalığından nazik tüstü çıxan qara-keçə evlər – köçəri alaçıqları iri qara papaqlar kimi qabarmışdı. Aralıda at ilxısı, qoyun sürüsü, qaramal naxı-rı sakit-sakit otlayırdı. Dəvə kallahı xeyli uzaqdaydı. Düzəndə bu qədər canlı olsa da, nə bir səs-səmir, nə bir hay-küy, hənirti eşidilirdi. Əzəli bir sükunət çökmüşdü hər tərəfə. Yaşıl, təzə otlar dünənki yağışında çimib daha da təzələnmiş, kövrəlmişdi. Nahar vaxtı heyvanat da hənirti çıxarmırdı.

Xanın dəstəsi düzəngahın başlanğıcında, alaçıqlara xeyli qalmış dayandı. Bu möhtəşəm, əzəli sakitliyi, sakit axarıyla bulaq ayağını xatırladan həyatı pozmadılar. Elə buradaca atlardan endilər. Nökərlər çadırları qurmağa girişəndə xan və məiyyəti gün ərzində at üstündə otur-maqdan uyuşmuş ayaqlarını açmaq üçün var-gəl etməyə başladılar.

Bir azdan axşam düşəcəkdi. Bu mavi qübbə altındakı azman yaşıl xalının üstündə həyat qaynayacaqdı. Əmiş başlayanda anasını axtaran quzuların mələrtisi, balasına doğru can atan düyənin böyürtüsünə qarışacaqdı. Sağmal qoyun başı tutan oğul-uşağın, inək sağan qız-gəlinin gü-lüşü, söhbəti aləmi başına götürəcəkdi. Qurdbasar köpək-ləri, canından artıq sevdiyi “Qızılı”, “Bozdarı”, “Qaplanı” yemləyən çobanların haylaşması, köpəklərin harıltısını batıracaqdı. Elə bir əzəli-əbədi musiqi yaranacaqdı ki, heç bir bəstəkarın qüdrəti qələmə almayıb hələ… Sonra yeni-dən sükut çökəcəkdi… Sabaha qədər. Üfüqdə möhtəşəm Günəşin gəlişini xəbər verən ilk dan, ilk qızartı sökülənə-cən… Bu həyat idi… Əbədiyyət idi… Nə xan tanıyırdı, nə şah, nə çar tanıyırdı, nə sultan… Bu həyat idi, Günəş idi bu… Hər şeydən xəbərsiz öz əzəli dövrünü edir, yaşayır, yaşadırdı…

ŞƏKİDƏN

Şəki mahalının o zamankı dəbi ilə Səlim xan atlıları-nın geyimində, əslində milli, məhəlli olsa da, bir az Dağıs-tanın qonşu sərhəd rayonlarının təsiri duyulurdu. İri dəri papaqlarda da, boğazacan qarmaqlanan genətək, dar qol, vəznəli çuxada, ayaqlarını dizəcən, diz büküşünəcən kip örtmüş qara, dəri uzunboğaz məstəcən… Dəstə böyük deyildi. Dəbdəbə “gözqamaşdırma”da o biri xanlardan geri qalmasa da, sayca yığcamdı. Şuşa və Şamaxı xanza-dələri kimi xanzadələr müşayiət etmirdi Səlim xanı. Özündən başqa cəmi 5-6 ən yaxın məiyyəti və bir neçə xan nökərləri… Ov dəsgahına daha çox bənzəyirdi Səlim xanın başının atlıları. Səfər həm də xeyli ağırdı. Kiş çayı boyu bir qədər getdikdən sonra Əyri çayı keçib məşhur Samux meşəsinə girmişdilər. Bircə ağac belə olmayan düzəngahdan sonra Samuxun nar meşəsi öz gözəlliyilə behişti xatırladırdı. Nar kollarının əlvan bəzənən vaxtıy-dı. Hər budaqda neçə al-qırmızı “şam” – nar çiçəyi çırt-damışdı. Tox yaşıl yarpaqlar arasından “alov dili” göstə-rən nar çiçəkləri göz oxşayır, bir neçə aydan sonra “hacı-lar haca gedər, cəhd edər gecə gedər, bir yumurta içində qırx-əlli cücə gedər” tapmacasına – nara çevriləcəkdi. Nar dənələrini gah dərin dəryalar güzidəsi mərcana, gah bədəxşan ləli-yaquta, gah yar dodaqlarının atəşlər saçan rənginə bənzədən şairlərin yeriydi Samux meşəsi. Təəssüf ki, Səlim xan süvariləri içində şair yox idi. XVIII yüzilliyin ən seçkin insanlarından olan mərhəmətli xan, incəürəkli şair Məmmədhüseyn xan Müştaqın çoxdan vayına otur-muşdular. Amma yeriydi.

İki gün meşənin al-əlvan sərinliyində dincəlib yeni-dən düzəngaha çıxdılar və əsil məqsədləri olan Kürəkçay boyu irəlilədilər. Qaramusalar, Qazançı kəndlərinin böy-ründən keçdikcə çox yerdə, elin yaylağa qalxan köçünə rast gəlirdilər. Ov ovlamaq mümkün deyildi. Yaylağa qal-xan tərəkəmələrin hənirtisi, ətrafdan ov quşlarını da qov-muşdu. Samux meşəsindəki ovun dadı damaqlarınday-kən tərəkəmələrdən toğlu alıb kabab çəkməklə kifayətlən-məli olurdular.

Axırıncı düşərgəni Qazanbulaq yaxınlığında, Kürək-çayın bu yerdə suyu azalmaqda olan qollarından birinin sahilində saldılar.

ŞİRVANDAN

– Ağa, neyşə gedirük Kürəkçay bağlaşmasına?

–Çaramız nədi? Qoşun onlarda, top-topxana onlar-da. Saldatı düzü-dünyanı tutub. Görmədin Cavad xan ki-mi kişini neynədilər? Şir kimi pəncələşdi, neynəyə bildi? Axırı hara çıxdı?

“Onu elədi ki, dünyada namuslu ad qoydu getdi. Kafirə baş əymədi”, – bunu deyə bilmədi Teymuraz.

Xan isə sözünə davam edirdi:

– Özü də tələf oldu. Cavan, igid oğlu da… Üstəlik Gəncə də əldən getdi, oldu Yelzabetpol… Xaraba qaldı…

Arxadan gələn nökərlərdən kim isə xanın sözünü düz analmadı, asta hırıltıyla səfər yoldaşından soruşdu:

–Bir səbət pul?

Süvari elə at üstündən onun başına bir qapaz ilişdir-di:

– Sən elə yuxunda da pul görürsən, aşkarda da.

Nökər papağını düzəldə-düzəldə irişdi, gözucu qa-baqda gedən xan və xanzadəyə tərəf baxdı: “Yox, deyə-sən, qapaz yeməyini duymamışdılar”.

– Neynim, axı? Elə eşitdim; elə də şəhər adı olar?

– Elə demədiyaxı?

– Bəs nə təhər dedi?

– Yelizavetpol dedi.

– Vallah, elə mən də ona oxşatdım, elə dedim.

– Sənün qulağun darı dərir. Pul eşidir.

Xanın Mirzəsi, eyni zamanda onun dilmancı gülə-gü-lə əlini atının boynunda şappıldatdı:

– Peterburqa Fitilbörk adı qoyannardandı, incimə.

Əh, lə’nətə gəlsin o kafirləri. Ad başdarına qəhətdi. Adam dilində ad qoysunlar daaa!.. Axı, heç adamın dili yatmır. Mirzə Möhsün, yaxşısını sən bilərsən. Bu “Yelsəbətbul” nə deyən sözdü?

Mirzə Möhsün yenə də gülümsədi, mübahisə edənlə-rin səhvini düzəldərək cavab qaytardı:

– Qardaş, nə “Bir səbət pul”du, nə də “Yel səbət-bol”du. Yelizaveta urus padşahının istəkli arvadının adı-dı. Pol da ki, mən biləni, şəhər deməkdir. Yelizavetpol, yəni Yelizavetanın şəhəri…

– Vay vay… Deməli yazıq gəncəlilərin başına arvad yaylığı bağlayıblar?

– Korun çatlasın, Cavad xan.

– Çatdıyıb, sööləsən, çatdıyıb.

– Qəbrində çöyrüküb…

– Gəncəyə yolumu salıb gərək o igid kişinin, mərd kişinin məzarını ziyarət eləyəm. Fatəhə oxu, Mirzə! Biz də onun ruhuna bir həmd-surə oxuyaq.

Yayda sapsarı, qızılı rəngə boyanan, quru otları qışda qoyun sürüləri üçün qağdana çevrilən düzənlikdə indi bahar öz süfrəsini geniş açmışdı. Yaxında Kürəkçay yaz nəğməsini zümzümə edib, baharın dağlardan əmib gətir-diyi xırdaca-xırdaca cülgələri xəfif şırıltılarla çayın yaz ge-dişi axarına çatırdı. Kollar, yulğun topaları, qanqallar boy vermişdi. Hələ çox isti, bürkü yoxdu. Erkən oyanan quş-lar, sarıköynəklər, torağaylar, qaranquşlar, qızlarquşu… Kimisi yuvasında təzəcə geniş dünyaya göz açmış ətcəba-lalarına yem daşıyır, kimisi quş tükü, çör-çöp, gil dənəcik-ləri toplayıb yuvasını bərkidirdi. Hər quşun öz bahar nəğ-məsi, hər nəğmənin öz ahəngi, öz nəfəsi vardı. Cəh-cəhlər bir-birindən seçilsə də, bir orkestrin ayrı-ayrı musiqi alət-lərini təşkil edirdi sanki.

Teymuraz yaz havasını sinəsinə çəkdikcə, qulaqları baharın nəğməkar quşlarının şən, məhəbbət mahnısını dinlədikcə, ürəyində başqa, görüb eşitdiklərilə heç bir əla-qəsi olmayan fikirlər qaynayırdı. Qardaşları da, bacıları da balacaydı. Hələ nə tutarlı yeznəsi, nə arxa-kömək olan qardaşı vardı. Özündən kiçik Əliqulu bəy… O da hələ uşaqdı. Allah eləməmiş, kafir qoşunu, xan ata demişkən, Şirvanı bassa, vəziyyət necə olacaqdı? Heç şübhə də et-mirdi ki, vaxtilə Dağıstandan enən basqınçlara, rus qoşu-nuna, Qacar qoşununa qarşı çıxan, çox vaxt da qalib gələn atası Mustafa xan, bu dəfə də Şirvan uğrunda, ata-baba yurdu uğrunda vuruşacaq. Allah uzaq eləsin, birdən ba-sılsa, ya mərhum Cavad xan kimi qətlə yetsə, Teymuraz neynəyəcəkdi? Doğrudur, Şirvan cavanları hamısı gəril-miş kamanda, çilləyə minən ox kimi hazırdı. Amma bö-yük əmisi, daha doğrusu, əmi əvəzi, atasının əmisi oğlu Qasım xan, elə o da ding-dingdədi. Hazırdı o da… Bir ha-disə baş versə, həmişəki kimi rus zabitlərinin, erməni xəfiyyələrinin vədlərinə uyacaq. Çoxdan göz dikib xanlı-ğa! Xan atanın başına, iraq olsun, bir iş gələn kimi .. “Bəl-kəm heç onu da gözləmədi. Məni dilə tutanlar, vədə ve-rənlər, heç şübhə yoxdu ki, ona da əl qatıblar. Nə cavab verdiyini Allah bilir”.

Üzə vurmasa da, arabir sinədən gələn həzin səsilə zümzümə etməsinə, zahiri təmkinliyinə baxmayaraq, Mustafa xanın özü də, demək olardı ki, ürəyində həmin fikirləri keçirirdi: “Cavad xan kimi kişi… Gəncə qalası kimi qala… Düzdü, Fit dağı, Gülüstan qalası ordan möh-kəmdi. Gəncə düzənlikdədi. Bizim dağ cığırlarını göstə-rən olmasa, qalalara çıxmaq çətin məsələdi. Amma satqın azdığıdı bəyəm? Elə bircə əziz əmoğlumun tamahı, xanlıq iddiası bəs elər… Yoox… Xaçpərəstə satılmağına, yol göstərəcəyinə inanmıram. Amma tamah? Amma iştah? Amma iddia?.. Bunlar güc gətirəndə kafirin vədlərinə ina-nar… İnana bilər, oğul… – deyə qəlbində Teymurazı qa-raladı və ona müraciətlə, – oğul, – dedi, – sən hələ na-şısan, uşaqsan. Bunlardan xəbərin yoxdu, oğul! Odu ki, elə bilirsən xan atan qorxaqlıq eləyir, düşmən qabağında həsdəyir… Bəlkəm ürəyində məni qınayırsan da. Cavan, qızğın qanın mənim soyuq ağılnan düşündüklərimi qəbul eləyə bilmir”.

Xanın da Teymurazın ürəyindəkilərdən xəbəri yox idi.

Kürəkçay istiqamətində irəliləyən Şirvan xanlığı dəstəsinin başında Mustafa xan özü gedirdi. Onun sağın-da həmişəki kimi xanın istəkli dostu, şair həmsöhbəti, baş vəzir yerini görən məsləhətçisi Kərbəlayı Arif Allahi ge-dirdi. Başında uzun şiş papaq vardı. Çənəsinin altınacan qarmaqlanmış donun üstündən “bəhliqol” arxalıq gey-mişdi. Gümüşü yerlikli donun üstündə tox sumağı kimxa arxalıq qəribə xoş ahəng yaradırdı.

Xanın samur xəz yaxalıqlı tirmə küləcəsinin, erkək atının ağ-boz qıyma naxışlı gümüş yəhəri əsbabı yanında, Allahinin geyimi, qara şəvə atı kasıb, amma xeyli zövqlü, kişiyanaydı. Xanın sol tərəfində onun sərkərdəsi və igidli-yinə inandığı Tağı bəy kəhər köhlən minmişdi, geyimi ya-rı zirehli hərbi paltardı. Kəhər köhlənin yaraşıqlı yəhəri-nin üstünə qotazlı xalça üzlük çəkilmişdi. Yüyəni, üzəngi-ləri tunc tökməydi deyin günəşdə qızıl kimi bərq vurur-du. Belindəki qızıl təkbənd, qolundakı tunc qolçaqlar qa-ra kaşı yazmayla bəzədilmişdi.

Məiyyətin qalan üzvlərinin də geyimində bir əlvanlıq olsa da, hərənin öz vəzifəsi, mənsəbi, soyu ilə uyğun, ahəngdardı. Bircə bərbəzək, əlvan, özü demiş “xoruzu” rəngi sevməyən xanzadə Teymurazın atı da, paltarı da məiyyətdən seçilirdi. Xan həmişə onun boz-gümüşü köy-nək üstündən geydiyi tünd sürmeyi “ingilis qaraze-yi”ndən tikilmiş arxalığını görəndə: “rəhmətlik Pəricaha-na çəkib geyim-kecimdə. O da bər-bəzəyi çəndən xoşla-mazdı”, – deyə düşünərdi. Qılınc, tüfəng məşqlərində əl-ayağına dolaşmasın deyə, arxalığının qolları bilənglərinə-cən sımsıx, bütün vücuduna ”suvanıb” ona qıvraqlıq gəti-rirdi. Köynəyi də hulqumunacan bağlı-qarmaq yaxalıqlı olurdu. Başına samur dərisindən kiçirək, yüngül papaq qoyurdu. Teymurazın bütün vücudunda təkcə gənclikdən deyil, həm də qıvraq geyməsindən, cəld tərpənişindən doğan bir yüngüllük vardı.

At çapmağı, hərbi məşqləri sevirdi. Məşqlərdə də, düşərgələrdə dincələrkən də özünü cavan bəylərdən, əq-rəba gənclərindən, xanın xas-seçmə nökərlərindən uca tutmurdu, bir işin qulpundan yapışmaqla, özünü çəkib dartmamasıyla hamının məhəbbətini qazanmışdı. Xan atanı bu ümumi məhəbbət rəğbətləndirsə də, Teymurazın “alçaq könüllülüyü” – sadəliyi qorxudurdu, “Görəsən bir vaxt xan olanda bu xasiyyət ona mane olmayacaqdı ki? İndi qardaş kimi davrandığı nökər-nayıb sonra başına çıxmaz ki? Cızıqdan çıxıb onu öz istəklərinin alətinə çevirməz ki? Ürəyi təmizdi, adama inanandı, Allah eləsin ki, bu inam onun başına əngəl gətirməsin”. Suallar çox, şübhələr sonsuz, ata ürəyinin məhəbbəti kövrək, xan ata-nın arzuları tələbkarlıqdı.

Yola bələdçi götürmüşdülər. Ancaq xan da, Tağı bəy də, Kərbəlayı Arif də bu yolu yaxşı tanıyırdılar. Bir neçə dəfə əvvəllərdə rəhmətlik Cavad xana xeyir-şər qonağı ol-muşdular. “Göy imam məqbərəsi”ni, Şeyx Nizami məza-rını ziyarət etmişdilər. Amma Kürəkçay üstündəki Çaylı kəndinə dönən mənzilə bələd deyildilər. Bələdçi də bu-nunçündü. Yolun əvvəli Teymuraz və başqa bəylərə də tanışdı.

Şirvan xanlığının ərazisindən o yana Göyçay, Ağdaş toylarında olmuşdular. Ərəş mahalını eninə-uzununa ta-nıyırdılar. Yolboyu tez-tez şəhərlərdən, qəsəbələrdən, kəndlərdən keçir, gah bu, gah başqa kəndin, şəhərin qo-nağı olur, hər yerdə başqa dürlü tam, başqa adət, başqa insanlar, mənzərələr görürdülər. Yolüstü səhər-axşam bu-laq başından qayıdan, ya bulağa gedən əlvan geyimli qız-gəlinə tuş olurdular. Əli sənəkli, beli güyümlü gəlin-qız onları görüncə kiriyir, ürkmüş quzu kimi bir-birinə qısı-lırdılar.

Atlılar şəhər, kənd, qəsəbə yanından keçərkən susur, gözlərini uzaqlara zilləyir, atın cilovunu çəkib aram yeriş-lə sürürdülər. Şenlik yanından, hətta köçəri alaçığı yanın-dan belə tünd at sürmək, çapmaq, qız-gəlin, qarı-qoca yanında qaqqıldayıb gülmək ədəbsizlik sayılırdı. Qeyrəti olan kişi qeyrət yanında hünər göstərməz, Ağdaş, Yevlax arxada qaldı. Uzaqlardan “Başaçıqlar ölkəsi – gürcülər-dən” axıb gələn dəli Kürü burada keçdilər. Yerləri indi Qızılhacılı kəndinəydi. Burada dincələndən sonra bircə mənzilləri qalırdı: yaylağa – Gamış dağ arxaclarına qal-xan elatın alaçıqları yaxınında çadır qurub dincəldikdən sonra, səhəri günü Kürəkçay üstündəki Çaylı kəndinə yol götürəcəkdilər. Yevlaxdan sonra məiyyətin ixtiyarı bələd-çiyə keçmişdi. Səfərin əvvəlində bələdçi Ucar-Qazı-qum-laq, Ləki-Qaradeyin-Rüstəmli-Səfikürd-Kürəkçay-Çaylı yolunun yaxınlığını nəzərə çarpdırsa da, bütün Şirvan əh-li kimi seyr-səfa sevən Mustafa xan razı olmamışdı, de-mişdi:

– Yolun bir az uzaqlığının eybi yoxdu. Sən deyən yol səfasızdı. Qoy dostlar “başmaqseyri”də eləsinlər yolüstü. Hər çaparxana, hər mənzil bir seyrangahdı; qoy “gör-gö-tür dünyası”ndan tam dadsınlar, paylarını götürsünlər.

Hər şəhərdə, hər kənddə, qəsəbədə onları yerli ağsaq-qallar, bəylər, ağalar gülərüzlə, duz-çörəklə qarşılayırdı-lar. Ən gözəl evi, ən zəngin mülkü Mustafa xanın məiy-yətiyçün ayırırdılar. Atlarını rahatlayır, arpa-samanlayır-dılar. Yol üçün yüngül ərzaq, su ehtiyatı qoyurdular. Çox yerdə xan evə düşmür, gözəl çəmənlikdə, ağaclar altında, gül-çiçək ətri verən otluqlarda çadırlar qurdururdu. Xan irəlilədikcə yola çıxmazdan əvvəlki bir söhbəti yadına salırdı.

Söhbət ikisinin arasında gedirdi. Çoxdan xəlvətə çəkilib məsləhətləşirdilər. Hələ də bir qərara gəlməmişdi-lər. Tağı bəy içəri girəndə və əllərini döşünə qoyub salam verəndə, ilk eşitdiyi Kərbəlayı Arifin bu cümləsiydi:

– Doğru buyurursan, xan, fəda olum sənə, igidin igiddən ehtiyatı, yarağı artıqdı. Ehtiyatımızı da əldən ver-məyək, yarağımızı da artıraq, sahmanlayaq.

Tağı bəy bu sözləri dinləyə-dinləyə öz müəyyən yeri-nə keçib, diz üstə əyləşdi. Adəti üzrə sağ əlini belindəki gümüş xəncərin üstünə qoyub dilləndi:

– Şair, qocalırsan ha. Ağam, nədən qorxuruq? Kim-dən qorxuruq? Urusun ayağı bura çatanacan…

Mustafa xan adətən üzünü tərk etməyən mehriban təbəssümü ilə Tağı bəyi dinləyir, sərkərdəsinin cavanlara xas qızğınlığına bir söz demədən təəssüflənirdi. Onun əvəzinə Kərbəlayı Arif qar kimi ağ əlini, bəyaz simasını həşyələyən və artıq bozarıb sifətinin rəngini almağa baş-layan saqqalına çəkib cavab verdi:

– Düz deyirsən, oğul, qocalmışam. Mən ehtiyatlı ol-maqdan danışıram. Dünyanın keçəcəyi belədi: insan qo-calır, dünyagörmüş olur. İsti-soyuqdan başı çıxır. Bunları görməyən cavanlara məsləhət verir, nəsihət eləyir. Amma qızğın cavanlığa qalanda… Hə… Sənin yaşında Surxay xan Dağıstandan Şirvana – Şamaxıya hücum eləmişdi. Ara-bir Şirvanı dağıstanlı qaçaq-quldur, ya qonşu-lütdəşmiş xancığazlar çapıb talayırdı. Vaxt eləydi. Hər xan öz mül-kün, öz xəzinəsin bərkidir-gücləndirirdi. Kimin hesabına? Qonşu xanlıqların, camaatın, elatın hesabına. Şirvan da ki Şirvanşahlar zamanından öz qızıl-gümüşü, ləl-cəva-hiratı, mal-madarıynan ellərə məşhuruydu. Arı bal qoxan çiçəyə qonan kimi, milçək, qarışqa şirniyyata daraşan kimi, əli qılınc tutan Şirvana – Şamaxıya cumurdu. Bir dəfə, ay Allah, bu neçənci dəfəydi, Surxay xan genə Şamaxıya çək-di dəstəsini. Amma day bilmirdi ki, indi Şirvanın yiyəsi var. Cavan Mustafa xan. Adı Məhəmmədəl-Mustafa hə-mişə köməyi olsun.

Oturanlar peyğəmbər adını eşitcək salavat çevirdilər. Kişi sözünə davam elədi:

– Hə… Gecəyarı şəhərə qıy-qışqırıq düşdü. Bir vay-şüvən qopdu ki, qulaqlar olsun, eşitməsin. Hər ağızdan “ləzgi Surxay xan” qışqırtısı eşidilirdi. Nadirsayağı3 həmi-şə tövləsində hazır, yəhərli-yüyənli köhlən saxlatdıran Mustafa xan ata sıçradı, nə sıçradı. Öz başının dəstəsiy-nən Surxay xanın adamlarına bir usul biçdi, gözdər olsun görsün onu, Səhər üzü qovub çıxartdılar yağını şəhərdən. Amma elə boşuna buraxmadılar. Düşdülər dallarıycan; qov ki, qova bildikcən. Surxay xan gördü ki, adamı qırılır, Mustafa xan da elə gəlir, elə gəlir ley cücəyə gələn kimi. Atın yüyənini çəkdi, ayaq saxladı. Adamlarından qalan-qulan götürülmüşdü, “Dağıstan”, – deyib qaçırdı geri. Surxay xan ocağacan adını bilmədiyi cavan xanımıza səs elədi: “Ey igid!”....

Kərbəlayı Arif danışdıqca Mustafa xan mülayim təbəssümlə gözlərini büllur qəlyanının naxışlı neypuşuna dikib baxır, onu el-obasına sevdirən həmin o gecəni xatır-layıb Surxay xanın sözlərini kəlməsinəcən eşidirdi:

– Ey igid! Bil və agah ol ki, mən Surxay xanam. Hər bir yerə getsəm, oradan kişi kimi qayıtmışam. Sən mənim yolumun ustünə çıxıb, adamlarımı qırdın, özümü rüsvay elədin. Bu mənə bəsdi. Dəxi dalımcan gəlmə. And olsun anamın südünə ki, bir də sizin torpağa qədəm qoyma-ram.

Kərbəlayı Arif özünəməxsus təmkinlə Surxay xanın məşhur sözlərini deyib əlavə etdi:

– O gündən soora day Şamaxıya, cəm Şirvan elinə Şi-mal tərəfdən hücum-zad olmadı. Camahat cavan xana dua eləyib onu igid, ciyərli “Rüstəmi-sanı”4 adlandırdı. Oğul, bizim xan cənablarının 17-18 sinnində vaqif olduğu bilikləri, istər elmdə, istər zərb-dəstdə, bəlkəm də, çox üləma və çox qəhrəman sərkərdə bilmirdi.

Tağı bəy xəcalət təri tökürdü. Əslində, o, bunların çoxunu bilirdi. “Bilirdi”, – deyəndə ki, Şirvan əhlinin ha-mısı bu əhvalatlara aşinaydı. Nağıl həvəsli baba və nənə-lər Mustafa xan əhvalatlarını əsil nağıla çevirib övladları-na, nəvələrinə danışırdılar.

Deyirdilər ki, “xan həzrətləri iş adamıdı. Qılıncının zərbi düşmənin təpəsinə dəysə, onu tər xiyar kimi ikiyə bölər. Az danışıb çox eşidəndi. Yaxşı müsahibə qulaq ve-rib dinləyər, heç kəsdən, lap ən əskik adamdan belə öyrənməyi qəbahət saymazdı. Ona görə də mərtəbəsi uca-dı. Həm el yanında, həm xudavəndi-aləm yanında. Otuz-qırx ildi, xanlıq onun boyuna biçilib. Ədalət sahibidi. Öyrənin ondan igidliyi, mülayimliyi, səxavəti, ədaləti…”

Kürəkçay səfərini üzdə, gənclər arasında söhbət za-manı “başmaqseyri” adlandırsa da, əslində, Mustafa xa-nın ürəyi təşvişlə doluydu. Cavad xanın qatiliylə üz-üzə durmalı olacaqdı. Cavad xanın faciəsi bir əfsanə, bir qəhrəmanlıq dastanı kimi bir tərəfdən içini mərdliklə, di-gər tərəfdən özlüyündə belə boynuna almadığı qorxuyla doldururdu: canı üçün deyildi bu qorxu. Yaşamışdı, sev-mişdi. Dünyaya oğul da gətirmişdi, qız da! Şeir məclisləri də keçirmişdi, qızğın döyüşlər də. Dostla da gün başa vurmuşdu, düşmənlə də üz-üzə dayanmışdı. İstəyəni də vardı, kölgəsini qılınclayan da. Bir insan ömrünün bütün ağrılı, acılı-şirinli illərini yaşamışdı. Qorxusu özündən deyildi. Xanlıqdandı! Xanlıq təhlükə qarşısındaydı. Vətən təhlükədəydi. Minlərlə cavan ölüm şərbəti içəcəkdi. Min-lərlə ana ağ saçını yolub “bala vay” deyəcəkdi. Minlərlə atanın beli qırılacaqdı. Minlərlə gəlin dul qalacaq, körpə-lər yetim olacaqdı. İlahi! Doğma torpaqlarda, Şirvanın zümrüd dağlarında, güllü-çiçəkli çəmənlərində, laləli ya-maclarında yağı ayağı gəzəcəkdi. Kafir atları, atlıları mey-dan sulayacaqdı, Şirvanın başı ağ dumanlı zirvələrinə düşmən nəfəsi qalxacaqdı. Bundandı qorxusu! Yox, yox! Təkcə bundan deyildi. İlan dilli yağı qədim Gəncənin, Nizami Gəncəsinin adını dəyişib Yelizavetpol qoyduğu kimi, müqəddəs Şirvanın, Xaqani, Fələki, Seyid Zülfüqar, Şükrullah, Şəmsəddin, Zabit kimi yüzlərlə Şirvanilərin Vətəninin də adını dəyişə bilər, tarixdən silə bilər! Allah o günü göstərməsin…

Elə bu düşüncələrin təsirilə də çox susqundu. Heç yerdə qonaq qalmağa meyil göstərmirdi. Nəyisə bəhanə edib, çöldə çadır qurdurur, boş söhbətlərə könül vermir-di. Tək gecələyir, yatağına tez çəkilir, sübh namazından da xeyli əvvəl qalxıb çadırdan çıxır, gəzinirdi. Heç kim onun necə, nə qədər yatdığını bilmirdi. Yalnız Kərbəlayı Ariflə Tağı bəy, Mustafa xanın keçirdiyi həyəcanı, yuxu-suzluğu onun qan saçılmış, yorğun gözlərindən oxuyur-dular. Çünki təkcə onlar xanın birbaşa üzünə baxmağa, gözlərini gözlərinə dikməyə cürət edə bilirdilər. Amma onlar da bu halın səbəbini soruşmağa cəsarət etmirdilər.

Arabir keçənləri adda-budda xatirələr şəklində yadı-na salırdı. Gözləri önündə həyatın ayrı-ayrı parçaları kimi canlanan bu səhnələr arasında, xüsusilə qohumları, daha doğrusu, doğmaca əmisi oğlu və bacısının əri Qasım xa-nın xəyanəti onu daha çox narahat edirdi. Hər dəfə Mus-tafa xanın başı bir şeyə qarışanda ya ermənilər, ya da elə ermənilərin əlilə ruslar Qasım xanı fitləyib, hakimiyyəti ələ almağa qızışdırırdı. Mustafa xan qayıdıb gələndə şə-hərə çəkilən Qasım xanla küsüşürdülər. Bacı-qardaş Kafi-yə sultanla Mustafa xan aylarla, bəzən bir-iki il bir-birinə həsrət qalırdı. Belədə əmisi Məhəmmədsəid xanla əmi-dostu Mahpərinin qızı, bir zamanlar Mustafa xanın gözal-tısı olsa da, qismətinə çıxmayan əmiqızı Həlimə bikə işə qarışırdı. Min bir şirin dillə, sözləri Şamaxı xanımlarına xas ləhcəylə uzada-uzada, yastılaya-yastılaya danışırdı. Qardaşı Qasım xanın günahlarını yüngüllədib, onu Mus-tafa xanla barışdırmağa çalışırdı. Gözəl, göz oxşayan geyi-mi, yaşa dolsa da nazəndəliyini saxlayan Şirvan gözəli Həlimə bikə, gülümsəyə-gülümsəyə əlini al tirmə arxalıq üstündən belini kip sıxıb arı beli kimi incəldən kəmərin üstünə qoyur, deyirdi:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации