Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 8

Текст книги "“Gülüstan”dan öncə"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

– Bizim o tərəflərdən gələn var. Atan knyaz İliya Maysuradzedən xəbər gətirən var. Amma başına dola-nım, heç kəs bilməyə gərək. Neçə gündü canım burdaydı. Bu günü, bu yeri Allah, həzrəti İsa özü qismət elədi.

Güləndam öncə sorağa titrədisə də, birdən vücudunu təəccüb sardı. Axı, necə ola bilər? Knyaz Maysuradzenin bu arvadla nə əlaqəsi olar? Ona çatası sözləri bu niyə gətirsin? Niyə bəs heç kəs bilməsin?

Siranuş isə yavaş-yavaş cürətlənib, sözləri elə gürcü dilindəcə doğrayıb tökürdü:

– Bizim knyaz Madadyan sənin qurban olduğum atan knyaz İliya Maysuradzenin diliycən deyir ki, o xristian qızıdı. Kömək etsin, oğlunu dilə tutsun, bizə əl versinlər. Necə ola nəvəmdi, axı.

Atası knyaz Maysuradzenin adını eşidəndə ürəyində nəysə, bəlkə də övladlıq məhəbbəti tərpəndi. Atası xan elçilərinə “yox” deməmiş, qızın xana getməsinə razılıq vermişdi. Toydan sonra hərdən-hərdən qonaq da gələrdi. Cəfərqulu doğulanda dürlü-dürlü qiymətli hədiyyələr gətirmişdi. Amma qızının “Güləndam” adı götürüb dini-ni dəyişəndən, İslamiyyəti qəbul etdiyini eşidəndən son-ra, artıq bu yerlərə qədəm qoymamışdı. Nə qızının, nə də nəvəsinin adını çəkmişdi. Haxçıx Siranuş sözünə davamla deyirdi:

– Deyir, necə olsa, qanında gürcü qanı, xristyan qa-nı axır nəvəmin.

Güləndam təkcə buna kükrədi:

– Arvad, yolun üstüynən gəlmisən, altıynan qayıt. Xan bilsə böyük tikəni qulağıncan elər. Elə Teymuraz da, Cəfərqulu özü də ondan geri qalmazlar. Mən, qurbanı ol-duğum Məhəmməd əleyhissalamın buyurduğu İslamın ümmətiyəm, müslüməyəm. Xristyan deyiləm və…

Boğulurdu… Az qalırdı ki, yerindən qalxıb bu qoca ifritəni, küpəgirən qarını saçlasın. Qarı isə son ümidə əl atıb deyirdi:

– İncimə, gözüm gözünə qurban. Qnyaz deyir, urus padşahı canına sadağa getdiyim xanzadə Cəfərqulu xanın haqqını tasdıqlayacax.

Güləndam yerində dikəldi:

– Heç kəs narahat olmasın, Cəfərqulunun haqqını xan atası özü tasdıqlayar. Sən isə, ay küpəgirən qarı, dur rədd ol gözümün qabağından. Noxudların da başına dəy-sin, falın da, gətirdiyin xəbər də! Rədd ol burdan, sürüş! Gədə-güdə demişkən, Haxçıx Sürüş. Gözlərini oyarlar yoxsa. Gəldiyin yolu da tapa bilməzsən, Sürüş, rədd ol!

Sonralar ha çalışırdısa, xatırlaya bilmirdi ki, o, bu sözləri Siranuşa hansı dildə deyirdi? Gürcücə, yoxsa türk-cə? Bu anda İslamı qəlbən qəbul etmiş mötəbər müsəlman idi Güləndam. Bu anda bütün qadın qəlbilə Mustafa xanı sevən, sədaqətli baş yoldaşıydı Güləndam. Bu anda ca-nından artıq bildiyi xanzadə Cəfərqulu bəyin anasıydı Güləndam. Bu anda sevgili ər və oğul eşqinə vətən mə-həbbətilə sevdiyi Şirvanın əsil vətəndaşıydı Güləndam.

Siranuş qorxa-qorxa cığırla üzüaşağı yorturdu. Ürə-yində, bildiyi bütün dillərdə nə söyüş, qarğış, nifrin var-dısa, Güləndama yağdırırdı.

Amma göylərdə Allah vardı. İndi Güləndam bu uca dağ zirvəsində öz Allahına daha yaxındı.

Güləndam bir şeyi bilmirdi. O bilmirdi ki, Valeryan Madatovun adamları təkcə ona əlaltı müraciət etməyib. Onlar bir neçə cəbhədə çalışır, Fit dağını asan ələ keçirib, Şirvan xanlığına son qoymaq üçün yollar axtarırdılar.

GÜLLƏ

Bu, birinci görüş deyildi. Heç ikinci də deyildi. O qə-dər belə görüşlər olmuşdu ki… Tacir Arakel ağanın düka-nının da, evinin də qapısı xanlıqdan gələnlərin hamısı üçün, xüsusilə Əliqulu bəy üçün açıq idi. Gecə də, gün-düz də. Onlar burada istədikləri malı ala bilərdilər. Nəqd də, nisyə də. İstədikləri içkini içə bilərdilər. Məhərrəmlik-də də, orucluqda da. Özü də heç bir dindarın ruhu da xə-bər tuta bilməzdi bu sirdən. Onlar burada gözəl Şuşanikin əlindən bir piyalə şərbət, bir ibriq şərab alıb içə və ya çuxasının altında gizlədib apara bilərdilər. Bu, o demək deyildi ki, Arakel ağa yüngül adamdı, evində yüngül-xasiyyət cavanlar üçün içkixana açmışdı. Yox! Arakel ağa olduqca ciddi, dinində möhkəm, əqidəsində daşdan bərk adamdı. Qızını da hərraca-zada qoymamışdı. Həmişə qızıyla olan söhbətlərdə mütləq oğlu Akop da iştirak edərdi, heç bir sərbəstliyə yol verilməzdi.

– Akop, Əliqulu bəydən nə xəbər var?

– Bu günlərdə gəlməlidir, ata.

– Teymuraznan söhbətin nə yerdə qaldı?

– Ondan əl üz, ata! O bilir ki, xan atası onu vəliəhd elan eləyib, ilki, böyük oğlu kimi. Arxasında da ana baba-sı Məhəmməd Saleh xan Muğanlı kimi kişi dayanıb. Onunnan bütün muğanlılar…

– Düz deyirsən, arxalı köpəy sayır özünü. Amma anası öləndən sonra…

– Noolsun? Atası ki durur, babası ki durur.

– Siranuş bacımın deməyinə görə, gürcü qızı xanı elə alıb əlinə ki, kəsdiyi başın sorğu-savalı yoxdu.

– Hər halda, ata, Teymurazdan sonra Əliqulu bəy gəlir, sannan…

– Sannan gəlsə də, oğul, kəniz Yasəmənin qarnından çıxıb.

– Elə Güləndam özü də kəniz deyildi?

– Kənizdi… Xan seçdi, xanım oldu, amma Yasəmən kənizlikdə onnan tay olsa da, ölüb gedib. Xatirəsi də, mə-həbbəti də bircə nişanası Əliqulu bəydi. Güləndam kəniz-likdən çıxsa da sağdı, özü də xanın sevimli hərəmidi. Baş hərəm deyək İran şahları sayağı. Xana təsiri də bütün arvadlardan güclüdü. İçəridən xəbərdaram.

– Nə deyirəm ki, ata, amma qanunu Teymurazdan sonra Əliqulu bəy olmağına görə, xalqın gözündə də, sən irəlidə deyən kimi, onun yeri görünür. Böyük qardaşın-dan sonra o gəlir. Yəni Güləndam xanım belə güclüdü ki, iki qanuni xanzadənin üstündən adladacaq öz oğlunu?..

– Oldu, oldu da… Arvadın tikdiyi evi, türklər özləri deyir ki, heç Allah da tikə bilməz. Arvadın yıxdığı evi, onların diliycən deyirəm, heç Allah da yıxa bilməz.

– Hər halda, işdi başlamışıq, tutarsa, Əliqulu bəy xalqın gözündə haqlı olar, dalıycan gedən də çox olar. Bi-zim əlimizlə xanlığa sahıblandığı üçün biz deyəni deyər. Ruslar da bizdən razı qalar. Gəlməkləri də guya əsil hüququ olan xanzadənin haqqını özünə çatdırmaq üçün köməyə gəliblər kimi çıxar. Ata, bütün bunları sən mən-nən yaxşı bilirsən, elə özün də məni belə başa salmısan. Dərsini pis bilməyən şagird kimi, harasını düz demirəm-sə, düzəlt. Bir az da yaxşı bilim dərsimi, xatamı düzəldim.

Arakel ağa ürəyində oğlunun fəhminə, – “afərin”, – deyib üsulca dilləndi:

– Yox, oğul! Heç bir səhvin-filanın yoxdu. Düz başa düşmüsən, düz də iş görürsən. Mənim özümün ürəyimdə bəzi şübhələr baş qalxızdığına görə istədim bir də sənin dilindən eşidim eləyəcəklərimizi. Həm də deyirəm, necə bilirsən, türkün sözü, “məsləhətli don gen olar”, gəlsə-nəm, bir Siranuş bacımın əliynən gürcü qızına bir dəlim ataq? Bəlkə o düşə… Bir də tapşırım, getsin. Görsün onu. Əvvəl getməyi baş tutmayıb, deməyinə görə.

– Mən bilən bu hələ tezdi, ata! Görək Əliqulu bəy məsələsindən nə çıxır, sonra… Bir də ki, bibim deyən düz-düsə, Gürcü qızının hökmü xana belə keçirsə, onun bizim sözümüzə qulaq asmağına ümid eləmək…

Yenə də Arakel ağa oğlunun ayıq düşüncəsindən razı qaldı:

– Düz deyirsən, – deyə onun sözünü təsdiq elədi.

Akop, ata tərifindən fərəhləndiyini büruzə vermədən mızıldandı:

– Görək Əliqulu bəydən nə çıxır.

Elə bu zaman həyət qapısının o biri başında, darvaza-ya yaxın yerdə zəncirə vurulmuş köpəyin mırıltısı eşidil-di. Amma köpək düşmənə deyil, yad adama deyil, sanki tanış adama dostcasına mırıldanıb zingildəyirdi. Akop cəld eyvana çıxdı. Üzünə fərəh, sevinc ifadəsi verib həm gələnin, həm də atasının içəridə eşidə biləcəyi uca səslə söylədi:

– Ahhhaaa… Xoş gəlirsən, Əliqulu bəy. Elə atamla sənin sözünü danışırdıq. Türk demişkən: “Adını çək…”

Akop duruxdu. Əliqulu bəylə yaxınlığına baxmaya-raq, xanzadəyə “qulağını bur” deməyə dili gəlmədi. İnci-yəcəyindən, böyüklüyünə, xanzadəliyinə sığışdırmayaca-ğından qorxdu. Məsəlin dalını demədi. Onun əvəzində həyətin ortasında haxladığı Əliqulu bəy özü gülə-gülə cümləni tamamladı:

– Qulağını bur, eləmi?

Akop da gülə-gülə, ərkyana ona qoşuldu:

– Yox… Onu xanzadələrçün deməyiblər.

– Bəs xanzadələrçün necə deyib ermənilər?

– “Adını çək, üzünü gör”, – deyiblər.

Hər ikisi gülə-gülə görüşüb eyvana qalxdılar. Arakel ağa artıq qapının ağzında, kandarda dayanmış gənclərin “atışmasını” izləyirdi.

– Qadam, nə erməni, nə türkbazlıqdı. Məsəldi, ata sözüdü, dədədən qalıb. Şükür Allaha ki, dədələrimiz də həmişə can deyib, can eşidib, qonşu olub. Əslində, türkün sözü, bizim haramız ermənidi o Mədrəsədə? Dilimiz tat dili, çoxumuz heç düz-əməlli ermənicən danışa da bilmir. Yeməklərimiz, geyimimiz çox yerdə bir, əkənəcəyimiz yan-yanaşı, çoxumuz kirvə, dost, qardaş. İntəhası, bir dinimiz ayrıdı ki, o da mollalardan eşitmişəm, müqəddəs “Quran”da da adı çox yerdə peyğəmbər kimi çəkilən həz-rəti-İsanın dinidi. Allahımız birdi, öz birliyi xatirinə özü bilən yaxşıdı.

Arakel bütün bunları danışdıqca Akopun daxilində nəysə çevrilirdi sanki. Amma atasının məqsədini yaxşı bildiyindən “dostu” Əliqulu bəyin üzünə gülümsəyə-gülümsəyə ona yer göstərib yaxınında əyləşməzdən əvvəl qonşu otağa keçdi. Bacısı Şuşanikə və nökərə lazımi gös-təriş, tapşırıq verib içəri qayıtdı. Arakel ağa əyləşib, onun-la söhbətə girişən Əliqulu bəyi diqqətlə dinləyirdi. Əli-qulu bəy deyirdi:

– Doğrudan, ay Arakel ağa, heç sənin bu sözünəcən yaxşı fikir verməmişdim. Niyə bu sizin kəndin adı Mədrəsədi? Mollamdan soruşmuşam. Deyir, Mədrəsə sözü ərəbcədi. Dərs deyilən yer – məktəb mənasına gəlir. Ya elə o Saqiyan? Axı “saqi” sözü də farsca şərab payla-yandı, “yan” farsca cəm şəkilçisidi. Saqiyan – saqilər deməkdi. Deməli, o kənddə çoxlu şərab hazırlanıb vaxtilə, kəndi də saqilər – şərab paylayanlar kəndi adlandırıblar. Ya da Meyzəri? O söz hardan ermənicə oldu? Axı, “Mey-zər” üstünə tut çırpılan çadırabənzər iri parçaya deyirik biz. Görünür, orada da tut çırpmaq üçün meyzər tikənlər yaşayıb. Bunlar aydındı, amma bircə o Mədrəsəni başa düşmədim axı? Mollaxana sözü niyə erməni kəndinin adı olsun?

Uzun müqayisələrdən və ona heç də sərfəli olmayan, xoşuna gəlməyən sözlərdən karıxmış Arakel ağa suala sualla cavab verdi:

– Qadam, mən hardan bilim? Sən oxumusan, molla da sənə məna deyib. Mən hardan bilirəm? Addı da qo-yublar.

Sanki karıxmış atasını çətin, xoşagəlməz vəziyyətdən qurtarmaq üçün Allah özü Şuşaniki yetirdi, həm də lap vaxtında yetirdi:

– Xoş gəlmisən, xanzadə, səfa gəlmisən, qədəm əziz eləmisən, bizi xoşbaxt eləmisən, xanzadə!

Əliqulu bəy özünü yığışdırdı, “elmi müsahibə”sini unutdu dərhal. Qızın xəfif ağ zanbağa bənzəyən əllərində, gümüş sinidə gətirdiyi gümüş piyalələrdən gələn ətir, hil-mixək qoxan qız ətrinə qarışıb onu içmədən məst etməyə başladı. Şuşanik, doğrudan da, gözəl idi. On dördünü təzəcə tamamlamış, qızlar bulağından yenicə su içmişdi. Ağ zanbağ əllər, ağ qaymaq alın, südlə qanın qarışığı yanaqlar, qara qaşlar altından qara kirpiklərlə həşyələn-miş dəniz göyü gözlər. Bəyaz üzün hər iki tərəfindən əl-van ipək qaytanlarla hörülmüş, belinə dəyən qara hörük-lər. Təkcə Əliqulu bəy kimi naşı, sütül, dünyanın isti-soyuğunu görməmiş cavanın deyil, təcrübəli ər igidin be-lə diqqətini çəkən gözəllikdi. “Kafır qızına kafırın böyük Allahı bağışlayıb bu yaraşığı”, – deyərdilər. Hər kəsə, hər maraqlı hadisəyə söz qoşmağı, hərəyə bir qurama ad yapışdırmağı unutmayan şamaxılılar bu qıza “Kafır gözə-li” deməkdən özgə ad, ləqəb, ayama tapmamışdılar.

Şuşanikin gəlişi otaqdakı gərginliyi aradan götürdü. Ata rahat nəfəs aldı. Elə Akop da həmin hissi keçirdi. Təkcə Əliqulu bəy müsahibəni də, mübahisəni də dünya-yla birlikdə unutmuşdu. Dünyada təkcə indi bir Şuşanik qalmışdı, bir də onun əlindəki şərab dəstisi, gümüş piya-lələrdən qalxan məstedici şərab ətri, qızın nəfəsindən, bədənindən qalxan hil-mixək ətrinə qarışıb unutdurmuş-du dünyadakı başqa şeyləri ona. Üzündəki səfeh bir tə-bəssümlə baxa-baxa qalmışdı. Akop dözmədi, əyilib bacı-sının gətirdiyi piyalələrdən birini qaldırdı, döşəyin üstün-də yanpörtü əyləşmiş Əliqulu bəyə uzatdı. Bacısının təq-diminə razı deyildi ürəyi. Amma qızın balıqçı qırası —tilov olduğunu da bilirdi.

Əliqulu bəy bütün bu rəngarəng insan hislərini duya-caq halda deyildi, qədəhi aldı, – “sağlığına”, – deyib dodaqlarına apardı, Amma bu “sağlığına” sözünün kimin şərəfinə deyildiyi aydın deyildi: qardaşınmı, bacınınmı, atanınmı?

Heç on dəqiqə keçməmiş süfrə hazır oldu, ilk badələr içildi, yaltaqlıq, tovlamaq üçün seçilmiş sözlər, sağlıqlar deyildi. Gəncin başı həm köhnə şərabdan, həm təzə-tər cavan qızdan məst olmuş, dumanlanmışdı. Nə eşidirdisə, – “hə, hə, bəli, bəli”, – deyirdi.

– O gürcü qarısı sənə göz verib, işıq verməyəcək, xanzadə! Heç qardaşına da. Amma öz bacarığınla, ağlın-la… – Arakel ağa deyirdi.

– …Öz bacarığı, igidliyi, qorxmazlığı…

– Qılınc vurmağı, at oynatmağı…

– Tüfəng atmağı, düşmən bağrı çatlatmağı…

Ata-oğul bir-birinə aman vermədən “dəmiri” döyür-dülər…

– …Hörmətin, izzətin, xalq arasında məhəbbətinlə xanlığa sən layıqsan, Xanzadəmiz. Bunu təkcə biz erməni rəiyət demirik ha! Sənin sorağın urus böyüyünün də qula-ğına çatıb. O da padşahlarına çatdırıb sənin hünərlərini. Urus padşahı da deyib ki, əgəmləri biz deyəni desə, onun özünü tasdıqlarıq xanlığa.

– O irəli Tiflisə getmişdim, ata. Orda da bizim Əli-qulu bəy xanzadəmizdən danışırdılar urus əfsərləri. Deyirdilər ki, olsa-olsa ona bel bağlarıq, onu yaranallığ-nan xan qoyarıq.

– Qadam, bəyəm görmürsən xanların, xanlıqların başına nələr gəlir? Kim urus padşahına “hə” deyirsə, o da xanlıqda tasdıqlanır, ad-şöhrət qazanır.

Əliqulu bəyin qulaqları bu sözləri eşidirdi, amma ağlı heç cür dərk etmirdi ki, 14-15 yaşlı cavanın hansı “hör-mət-izzəti, igidliyi, düşmən bağrı çatlatmağının” sorağı çatıb urus padşahının əfsərinə ki, o da padşahın özünə yetirib? Padşah onu hardan tanıyır və neyçün ona bu qə-dər yaxınlıq edir? Hansı xidmətlərinə görə? Hansı müha-ribələrdə iştirakına görə? Hansı əməllərinə görə? Bilmirdi və biləcək halda da deyildi. Dumanlı baxışları qarşısında zərif Şirvan ipəklərinə bürunmüş bir mələk cil-vələnirdi ki, qoymurdu sözlərin mənası onun dumanlı beyninə çat-sın.

– Sən təkcə “hə” de. Fit dağına çıxan cığırı görsət bələdçiyə.

– Dalısıynan işin olmasın.

– Özləri qan tökülməsini, qada çıxmasını istəmirlər. Yaranal knyaz Madatov…

– General knyaz Valeriyan Madadov…

– Hə… Özü aparacaq qoşunu.

– Yolu bilən yoxdu.

– Xan sarayda olmayanda da…

– Ovda olanda yaxşıdı…

“Fit dağı… Saray… Yol… Teymuraz… Atası…” Sözlər gümbəzə dəyib yerə düşən qoz kimi diyirlənirdi. Amma haradasa gəncin ürəyinin bir teli sızıldadı sanki. İnlədi… Və bu inilti səhər dumanından sıyrılıb çıxan günəş kimi Əliqulu bəyin beynindəki dumanı yırtıb dağıtmağa başla-dı.

Atlılar yanaşı gedirdilər. Ərəbçəltikçidən keçib, Küd-rünün Ceyran oylağı olan Ovçu Pirim bərəsinə yönəlmiş-dilər. Bu gün iki qardaş – Teymurazla Əliqulu bəy ovçu-lar dəstəsinin başındaydı. Xan ata bu gün ova çıxmamış-dı. Bu gün ova tam hazır olduqları bir zamanda, əvvəldən xəbərsiz-ətərsiz Mustafa xanın qayınatası —Fatma bəyi-min atası Şəkili Hüseyn xan onlara qonaq gəlmişdi. Elə ayaqüstü qayınataya ov təklif edilmişdisə də, nədənsə, təşvişli kimi görünən Hüseyn xan qəbul etməmiş, kürə-kənilə təkbətək qalmaq istəmişdi:

– Siz gedin, bəylər, Mustafa xanınkı qalsın gələn dəfəyə. Söhbətimiz var onuynan, ha indi ov vaxtı deyil. Qonax gəlitdi, qardaş qardaşnan, kürəkən qaynataynan qabax-qənşər qalmalıdı.

Xanın nataraz vücuduna uymayan incə səsi və şirin Şəki ləhcəsindən ətrafdakıların dodağı səyridi. Amma heç kəs gülməyə cəsarət etmədi. Xan, qayınatasını qoltuqlayıb otağına sarı döndü, tatarını yaxındakı nədimlərindən biri-nə verib içəri girdi.

Qardaşlar at üstə doğulmuş türk oğulları kimi, elə bil, yəhərə suvanmışdılar, atlı heykəliydilər. Çapmırdılar. Ova gedən at çapmaz, ceyran qovan at yormaz. Nökər-nayıbdan da xeyli aralanmışdılar. Qeyri-təbii görünsə də, onlardan dala qalmışdılar.

– Görəsən, Hüseyn xan cənabları xan atamızla nə fənddədi indi?

– Qeybətləşirlər yəqin.

– Ovdan oldu xan ata, heç evdə oturmaq meyli yox idi. İki gün idi, Küdrü, ov dilindən düşmürdü. Bizi də həvəsləndirirdi.

– Elədi, amma nəsə duydu xan cənablarının gəlmə-yindən.

– Hə, nəsə bir sudur annadı. Mən biləni bu uruslar-nan bağlı məsələdi. Xanları, xanlıqları dinc qoymurlar, bir-birinin ardıncan aradan götürürlər.

– Bəs Kürəkçay bağlaşması?

– Eh, Allah saxlamış, lap uşaqsan, uşaq kimi də danışırsan. Urusa nə əhd-peyman. Qarabağ xanı İbrahim-xəlil xannan da bağlaşmışdı həmin o Kürəkçay bağlaşma-sını, əhdnaməyə qol qoymuşdular. Eşitmədin başına nə gətirdilər sonradan? – deyə Teymuraz qardaşını qınadı.

Beş yaş araları vardı. Həmişə özünü qardaşının müəl-limi kimi aparırdı. Əliqulu bəy də anasından sonra mehri-ni saldığı qardaşını, ürəkdən sevir, bu münasibətdən incimirdi. Böyük Allah, böyük qardaş vermişdi ona.

– Eşitmişəm.

– Hə, sən onda lap uşağıydın. Bir qırğın oldu, qıya-mata getdi. Xanın körpə uşaqlarınacan qırdılar o zalım dinsizlər. Az qala Qarabağda bir başıpapaqlı qoymamış-dılar. Qırılan qırıldı, qalan qorxusundan qaçıb İrana, Türküstana, Ərəbistana başını apardı. Xan atam deyirdi ki, İbrahimxəlil xan çox tədbirli, ağılbənd adamıydı. Am-ma nahaq yerə inanmışdı o kafirlərə.

Əliqulu bəy maraq içində gözlərini qardaşının gözlə-rinə zilləyə bilməkçün yəhərin üstündə, üzü Teymuraza olmaqla yanpörtü oturdu. Lap yaylağa qalxan sərkarlar kimi. Səsindəki sonsuz yetikliklə soruşdu:

– O vaxt sən də Kürəkçaya getmişdin, axı, qardaş! Necə gördün o kafirləri? Xan atamızla, o biri xanlarla necə rəftar edirdilər?

Teymuraz dalğındı. Fikri ovdaydımı, ya o günlərə qayıtmışdı xatirində, bəlkə də Yasəmənini düşünürdü. Fikirli-fikirli dedi:

– Necə olacaq? Eşitməmisən, deyərlər: “Gələndə filankəs imam surətində gəlir, sonra yezidə-şümürə dö-nür?” Növzənbillah, bunlar da əvvəl elə usul, fağır, meh-riban, hörmətcil, diltavazalıydılar ki… Baş əyir, əlini sinə-sinə, alnına qoyur, “Ürəyim də, beynim də sənindir!” – deyirdi guya… Hədiyyələr, ad-san paylayırdılar…

– Xan atamla necə danışır, nə deyirdi yaranalları?20

– Mən nə gördüm, axı, elə qarşılanmanı? Danışıqlar gürcü yaranalın çadırında gedirdi. Bir özü, bir xanlar, bir də dilmanc. Sonra işlər dəyişdi. Özlərinə yer eləyib çox xanın axırına çıxdılar. Pişim-pişimnən, yerli satqın adam-ların köməyiynən. Hərəyə bir vədə verib ələ aldılar… Ata-mıza da inanmır urus…

Əliqulu bəy qəlbində qardaşının dediklərini götür-qoy edə-edə düşünür, Arakel ağanın, Akopun ona etdiyi təklifləri bir-bir yadına salıb ürəyində özüylə danışırdı. “Eh, hələ sənin nədən xəbərin var, qardaş? Onlar xan ata-mızdan keçib, səni də ayaqlayıblar. Xan atamıza etibar etmədikləri kimi, sənə də inanmırlar. Mənim başımı yeyib əllərinə almaq istəyirlər. Görünür, atamıza bata bilmirlər. Çətinlik çəkirlər. Xan atamız Qacara, yaranal Zubova, sonra genə Qacara duruş gətirib. Bilirlər bunu yəqin. Mən heç vaxt xan ola bilmərəm. Qabaqda sən varsan. Atamız-dan sonra sən sahibsən xanlığımıza. Qoysa o it uşağı. Ar-xamda anam, əqrəbam yox. Kənizdən törəməyəm. Üs-təlik də analığımızın kələkləri… O, nə istəsə, Xan atamıza onu da elətdirir. Nə anadan ilk övlad doğulmamağım, nə bacarıqsız olmağım, nə qardaşlarımın nifrəti üzür əlimi xanlıqdan. Qədərimi belə yazıb yazan! O gözəl Allahım. Belə məsləhət bilib. Nə ailə mehribanlığına, nə xalqın, kütlələrin, kənd-kəsəyin məhəbbətinə arxalana billəm. Mən öz haqqımı təkcə silahım gücünə ala billəm. Onu da istəmirəm, qardaş! Yazıq anamdan sonra umudum, ar-xam, köməyim, dünyada ən çox sevdiyim bircə adamım, tikəsiz dostum, qardaş”.

Teymuraz yanpörtü kiçik qardaşına baxır, hələ tük gəlməmiş üzünün gah allanıb, gah ağarmasından hansısa ürəyini oycalayan düşüncələrə daldığını qardaş məhəb-bətiylə qanırdı, amma səbəb tapa bilmirdi. Oğlanın ürə-yində əsən ruzigardan, qopan tufandan xəbərsizdi. Bil-mirdi, bilə də bilməzdi… Axı, onun – Əliqulu bəyin ikin-ci həyatından xəbəri yox idi. Nə, Arakel ağanın onunla söhbətlərini eşitmişdi, nə Akopun dağdağalarını bilirdi, nə də Şuşanikin ağ zanbaq əllərindən ətri belə insanı bi-huş edən şərab almışdı.

Çəltikçini keçəndə qabaqlarına maraqlı bir dəstə çıx-dı. Çoban əlində taxta xəmir tabağı tutub sürünün arasın-da gəzir, boş tabağı gəzdirdikcə, – “tabaq gəldi – dabaq qaç!”, – deyirdi.

Sonra da:

– Ağruyalım mən deyim, siz də deyin: “tabaq gəldi – dabaq qaç!”.

Bir neçə ağbirçək arvad və bala-çoban həmin sözləri təkrarlayaraq onun dalınca sürünün içində gəzinirdi.

“Hə… Deməli mal-heyvana dabaq dəyib burda. Tez aralanaq”.

İndi Teymuraz artıq buradan cəld ötüb getdikcə yal-nız irəlidəki ovu düşünürdü.

Yavaş-yavaş Ovçu Pirim bərəsinə yaxınlaşırdılar. Küdrünün tam ortasında xırdaca, uzunsov təpəcik idi bu bərə. Ceyranlar Qafqaz sıra dağlarının cənub ətəklərin-dəki yarğanlardan su içəndən, gizlənib dincələndən sonra Küdrüyə çıxıb, göy məxmər otları qırpa-qırpa yemlənirdi-lər bu yerlərdə. Ovçular da həmin məşhur Ovçu Pirim bərəsinə yatır, ceyranları ovlayırdılar. Nökər-nayıb bərə-dən xeyli aralı döşdə yer-yurd, yemək-içmək süfrəsi sah-manlamağa qaldı. Cavan ovçular isə piyadalanıb Ovçu Pirim bərəsinə tərəf aram-aram yol aldılar. Yumşaq dəri-dən tikilmiş uzunboğaz məstləri tər otlar içərisində sanki xalı-gəbə üstündə irəliləyirdi.

Əliqulu bəy sözə haradan, necə başlayacağını bilmir-di. Bir tərəfdən utanırdı. Böyük Allah, böyük qardaşına öz eşq macərasından, ermənilərin evinə, el arasında naşər sayılan şərab yuvasına necə, neyçün ayaq açdığını necə deyəydi? Xüsusilə Şuşanik haqqında qardaşına necə, nə danışa bilərdi? Bir erməni haxçıxına vurulduğunu, özü də bu yaşda? Bir kafir erməni xristian qızını görmək arzu-suyla o yerlərə getdiyini – özü də bu müsəlmançılıqla? Yooox. Deyə bilməyəcəkdi, heç cür deyə bilməyəcəkdi. Amma deməliydi, qardaşından məsləhət almalı, atasıyla danışmalıydı. Atasını xəbərdar etməliydi. Xan ataya bəs nə cavab verəcəkdi? Deməzdimi ki, “ay biədəb, sən Ara-kelin evində nə qələt qarışdırırdın?” Baaax, elə bu sualın cavabını tapmaq üçün də Teymurazla məsləhətləşməliy-di. Qardaşıyla götür-qoy eləyib deməliydi: “Arakel ağa oğlu Akopla onu dilə çəkirlər. Urusların generalı erməni Valeryan Madatov Əliqulu bəyin əliylə Fit dağına çıxan gizli yolu öyrənmək istəyir”.

Xan ataya bildirməliydilər bunu. Necə? Nə təhər? Getdikcə ürəyinin istisi üzünə, qulaqlarına vurur, qızar-dırdı onu. Fikri-zikri ovda olsa da, Teymuraz yanakı qar-daşına baxdı. Onun heç ovdan, cığırdan, rizdən danışma-mağından təəccüblənmişdi. Qabaqlarda ova gedəndə tez-tez səbirsizliklə ov haqda nəysə deməyə çalışan qardaşını yavaşca, işarələrlə danışmağa məcbur eləmək lazım gəlir-di. İndisə, bayaqdan lap qaladan çıxdıqları vaxtdan bəyi Əliqulu bəy “ov” sözünü ağzına almamışdı. Dodaqlarını elə sıxmışdı ki, elə bil “hop” tutmuşdu.

Teymurazı gülmək tutdu. Əliqulunun üzü nar çiçəyi-nə bənzəyirdi. Düşündü: “Noolub buna?” Bir anlıq ovu yaddan çıxarıb, hər ehtimala qarşı, yavaşca qardaşını dümsüklədi:

– Noolub sənə?

Əliqulu bəy çiyinlərini çəkdi.

– Hop tutmuşuq?

Əliqulu bəy gülümsəməyə çalışdısa da bacarmadı, yenə də çiynini çəkdi. Cavab vermədi.

– Cınağ çəkmişik?

– Lal-lallıq oyunu oynuyuruq?

Teymuraz ciddiləşdi, ürəyini səbəbini bilmədiyi bir rahatsızlıq çulğaladı, – “bəlkə azarrıyıb?” – düşündü.

– Niyə qızarmısan, qaqaş bəy, azarrıyıb eləməmi-sən?

Uşaqlıqdan zarafatca Teymuraz, Əliqulu bəyi “qaqaş bəy” adlandırırdı. Nəhayət, Əliqulu bəy qardaşının təşvi-şini görüb özlüyündə də dözmədi:

– Dadaş, – dedi, – sənə bir sözüm var, məsləhə-tim var səniynən. Ovdan soraya qalsın.

– Əh, ov da cəhənnəm, doğrusunu de, azarramamı-san ki?

– Vallah yox.

– Bəlkə xannardan, urusdan danışmağımızdan geri düşdün? Qorxursan? Allah döyüb onları. Fit dağı kimi qala hardadı?

– Yox, qorxmuram. Fit dağı kimi qalada, Teymuraz bəy kimi qardaşın yanında nədən qorxar adam?

Teymuraz bəy güldü, arxayınlaşıb qardaşının al-ataş çalan yanağını oxşadı və gülə-gülə yenidən pıçıltıya keç-di:

– Şükür Allaha. Yaxşı, onda Ovçu Pirimə az qalıb, ehtiyatlı tərpənək.

Elə məşhur bərəyə yenicə sinmişdilər ki, təpədən o üzdə, Kamaladınla İncəbel dağlarının bəri, Küdrüyə tərəf enən dərələrinin birindən bir dəstə ceyran çıxdı. Nohur-lara tərəf, suya enirdilər. Küdrü düzünün bir neçə yerin-də ən qədim zamanlardan qazılmış bu nohurlarda, yaz-payız aylarının leysan yağışlarının, dərələrdən axıb gələn sellərin, cülgələrin suyu toplanardı. Küdrüdəki heyvan-lar, quşlar, insanlar bu sulardan sirab olardılar. Qurumaq bilməyən nohur – çalalar Küdrüdə həyat sürən canlılar üçün atəşdən xilas idi. Dağdan əsən meh ovçuların iyini uzaqlara, Küdrünün qəbrindəki Qaraqaşlı qışlaqlarına tərəf aparırdı. Odur ki, ceyranların önündə gələn təkə təhlükə duymurdu.

Əliqulu bəy öz fikirlərinə daldığından ovu tamamilə qardaşının ixtiyarına buraxmışdı. Amma yanakı Teymu-razın hərəkətlərini izləyirdi. Teymuraz elə bil ki, təkcə yanında təpəyə – təpənin yaşıl məxmərinə sinmiş qarda-şını deyil, bütün dünyanı unutmuşdu. Gözləri də, qulaq-ları da ceyranlardaydı. Ürəyi də ceyranların hərəkətinə həmahəng döyünürdü. Burnunun pərələri genişlənmiş, cins atlar kimi sanki indicə fınxıracaqdı bu pərələr. Əli tətikdə, küpçə çiynindəydi. O özünə, yalnız ovçuya bəlli olan anı gözləyirdi…

Tətiyin çəkilməsilə cavan ceyranlardan birinin yıxıl-ması və qalan dəstənin vaz atıb Doqquzdərə yarğanları arasında gözdən itməsi bir oldu. Teymuraz bəyin üzündə sevinc, gözlərində fərəh, bütün görkəmində qürrə oxu-nurdu. Bir müddət aralıdan qoşub gələn və ceyranı götür-məyə tələsən nökərlərə baxdı. Sonra qəməsini çıxardıb hə-lə canını təslim etməmiş ceyranın başını qəməylə kəsdi. Bu zaman artıq nökərlər özlərini yetirmişdilər. Dəri aşla-maqda da məharət qazanmış xan qulamı Rəhim, bir baxışdan qiymətini verdi:

– Əcəb dərisi var.

Teymuraz bəy:

– Yaxşı aşılayarsan, bibim belə şeylərin xəridarıdı, ona bağışlarıq.

Sonra da döndü, indicə görürmüş kimi qardaşına, hə-lə də susqun-susqun donub durmuş, uğurlu-qanlı ova münasibətini bildirməyən Əliqulu bəyə baxdı:

–Bəs nə əcəb sən atmadın, qaqaş bəy? Mən təkəni sə-nə saxlamışdım.

Əliqulu bəy yenə də, bu gün neçənci dəfə çiyinlərini çəkdi:

– Çatdıra bilmədim… Ötürdüm dəmi…

Dedi, amma Teymurazın yadına Ovçu Pirim təpəsinə sindikləri yerdə, ovdan əvvəlki söhbət düşdü:

– Hə… Yadıma düşdü, deyəsən, sən mənə nəysə de-mək istəyirdin, axı?

– İndi yox, kababı ye, soora… Dincələndə…

… Nökərlər ceyranı soyub ətini doğradılar. Duzlayıb şişlərə çəkdilər. Xırdaca, şirvansayağı kababın tikələri qızardıqca, nökərlər xurcun və heybələrdə gətirdikləri ehtiyatı çıxardılar. Yerə əlvan xalı salındı, xanzadələr üç-ün döşəkçə, dirsəkaltı düzüldü. Süfrəyə duz, istiot, nar-dança, urub, narşərab qoyuldu. Xırda ibriqlərdə Saqilər kəndindən gətirilmiş al şərab verildi. Kağız naziklikdə, kababın istisindən yumşalıb ağızda əriyən yuxalar gümüş boşqabların içinə sərildi, üstünə yuxadan da nazik sarı al-ça lavaşanası düzüldü: kababın istisindən lavaşanalar ağızda kərə yağı kimi əriyir, kababa xüsusi ləzzət verirdi. Süfrə ovçu süfrəsindən çox xan evi qonaqlığının süfrələri-nə bənzəyirdi. Gənclər əyləşib yeməyə başladılar.

Əliqulu bəyin əli gah gedir, gah getmirdi. Həmişə həvəslə yediyi ceyran kababı, saray şairi Kərbəlayı Arif Allahini təqlid edərək, xüsusi bəlağətlə şeir deyə-deyə iç-diyi Saqilər şərabı bu gün ona ləzzət vermir, ağzında sa-man dadırdı.

Teymuraz bəy ceyran kababını bir qədər yeyib Saqi-lər şərabından içdikdən sonra, yenidən qardaşının sus-qunluğuna diqqət yetirdi. Oğlanın görkəmi heç açmadı onu. “Nəsə başına bir iş gəlib. Yoxsa belə oturmaz, belə yeyib-içməz Əliqulu…” – deyə düşündü, nökərlərə tərəf səsləndi:

– Ay uşaq, Rəhim, bəri bax!

– Xanzadəm, buyur, qurbanın olum!

– Bizə day kabab vermə, siz yeyin, bizim payımızı bir azdan soora bişirərsiz.

– Baş üstə, can üstə, qurbanın olum!

– Ayə, ocağı sönməyə qoymayın!

– Gözün üstünə kül çək, aadə!

– Baş üstə!

– Süfrənin qırağını qatda, açıq süfrəyə şeytan gələr.

– Allah lənət eləsin!

Teymuraz bəy qardaşı Əliqulu bəyin çiynindən tu-tub:

– Dur, bir az gəzişək, iştahımız açılsın, yoxsa belə getsə, sən qalaya ac qayıdarsan, Əliqulu bəy, – deyə uzaqlaşdıqda nökərlər arasında gedən söz-söhbəti, “atış-ma”nı eşidirdi.

– Yuxuladun nədi, adə, Rəhim? Dərini duzlasanam.

– Sööləsən, meytüvü görüm, elə özün ayağ üstündə yuxlayansan. Aduvu mənə qoyma.

– Dərini duzla deyirəm sənə!

– Nənən canı görməmisən. Elə bayaq, dəri ceyranın boğazından çıxıb üzülən kimi aldım üstünü, duzzadım.

– Maşallah!

Teymuraz bəy yalnız ciddi anlarda kiçik qardaşını “Əliqulu bəy” adlandırırdı. İndi də daxilindəki bir nara-hatlıqla yanpörtü qardaşının üzünə baxdı. Təşviş duyulan səslə soruşdu:

– Noolub sənə, Əliqulu?

– Bir söz… Sənə deyiləsi…

– Mənə deməyib kimə deyəcəksən sözünü?

Əliqulu bəy duruxa-duruxa, sözləri kəsik-kəsik kəsə-rək sual verdi:

– Arakel ağanı tanıyırsan ki?

– Hansını? Mədrəsəlini?

–Yoox! Şəhərdəki tacir Arakeli deyirəm.

Teymuraz qardaşını səhv başa düşdü, Arakel ağanın gözəl qızı Şuşaniki o da görmüşdü. Qardaşının qıza vurulduğunu, indi də xan atadan icazə almaqçün onu “el-çi” salacağını zənn edib qəhqəhəylə güldü:

– Xan atamızın yoluynan gedirsən yoxsa? Gürcü alıb, ləzgi alıb… sən də ermənidən başlayırsan yoxsa?

Əliqulu bəyin gözləri doldu. Ürəyini sancan bu söz-ləri qəlbinin dərinliklərində gizləyərək üsyan etdi, qarda-şına sarıldı:

– Nə danışırsan, qardaş? İş elə deyil, Arakel ağay-nan oğlu Akop məni evlərinə aparıb dilə çəkirdilər ki, Fit qalasına gedən yolu onların bələdçisinə görkəzim ki, urusların qoşun böyüyü general Valeriyan Madatov qala-nı saldatının qanını tökmədən ala bilsin. Soora da dedi ki, dədən təslim olub burdan gedən kimi, xannığa səni qoyacaq urus padşahı. Dedim, bəs qardaşım? Mənnən bö-yük, yol onun…

– Sən nə danışırsan, qaqaş? Elə beləcə açıq-aşkar sə-nə, – “yol göstər, gedək atanı xannıqdan salaq, evinizi dağıdaq, sizi rusvay edək”, – dedilər?

– Ə… ə…

– Əəədəmə. Bir vaxtlar mənə də lim atmaq istəyir-dilər. Elə ondaca atamıza, əmilərimizə, dayılarımıza bir söz deməmiş özüm cavablarını verdim. Onda başqası lim atırdı. Gəbərdi əlimdə. İndi də sənə qurşanıblar? Bəs sən nə cavab verdin?

– Sən bilən nə cavab verərdim?

– Bə xan atamıza deməmisən?

– Yoox, dedim əvvəl sənnən məsləhətləşim, bəlkə elə özümüz…

Teymuraz alnını qırışdırdı, daxilində əzablı çarpışma gedirdi.

– Yaxşı eləmisən. Əvvəlcə bir özümüz güdək görək nə pəstəha açırlar? Day kimlərin bu işdə barmağı var? Sonra deyərik xan atamıza.

Əliqulu yenə də fikrə getdi Teymuraz onun sifətində, gözlərində qan izləri gördü sanki. Oğlan elə qızarmışdı ki…

– Day nə var, qardaş?

Əliqulu duruxa-duruxa sözə başladı:

– Şəhərdə bir nəfər mənə deyib ki, analığımız kafır21 qızı bizi aradan götürmək istəyir. O da olmasa, xan atamı-zın gözündən salmaqçun dəridən-qabıqdan çıxır.

Ögey anası Güləndamın adı gələndə Teymuraz atası-nın Güləndamdan olan kiçik qardaşlarını necə bağrına basdığını yadına saldı. Parlaq nəvaziş, mehribanlıq dolu ata gözlərini xatırlayanda ürəyi titrədi. Əvvəl onun —Teymurazın özünə belə baxardı həmin gözlər. Hər kiçik qüsur üstündə, – “Yekə oğlansan, amma bir işin qulpun-dan tutmursan. Əlindən heç nə gəlmir”, –       kimi sözlər dediyini eşitdiyi anlar indi xan vəliəhdinin yadına düşən kimi ürəyi əsdi. Şübhələr qəlbinə doldu. Amma yenə də hirsini boğmağa, şübhələrini büruzə verməməyə çalışdı, saymazyana qardaşından soruşdu:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации