Электронная библиотека » Cəfərzadə Əzizə » » онлайн чтение - страница 9

Текст книги "“Gülüstan”dan öncə"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Cəfərzadə Əzizə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 11 страниц)

Шрифт:
- 100% +

– Neyçün, axı? Biz ona neynəmişik? Kim deyir bu-nu? Bəlkə quramadı?

Əliqulu hislərini Teymuraz kimi cilovlaya bilmirdi, titrək səslə cavab verdi:

–Kimliyin neynirsən? Dediyinə qulaq ver. Deyir, öz oğlanlarını vəliəhd görmək, gələcəkdə xan olmaqlarını görməkçün… Xan atamızın qılığına girib…

– Urus qoysa…– deyə Teymuraz mızıldandı və su-sub Əliqulunun sözlərinin dalını gözlədi. Əliqulu bəy isə onun pıçıltısını eşitdi:

– O adam mənə dedi ki, bəd ayaqda urus da kafır qızının tərəfin tutacaq. Xaçpərəstdən törəyənə bizdən çox inanar urus.

Teymurazın ağlına batırdı. Ürəyində təsdiqləyirdi qardaşının dediklərini. Amma Əliqulu bəyin sözünü kəs-məyi lazım bilmirdi.

Əliqulu bəy yenə də duruxdu. Bilmirdi ki, bu sonun-cu sözü də desinmi, deməsinmi? Qardaşı soruşmazmı ki, niyə bu adamlar milçək qana qonan kimi səni qaralayıb-lar? Bəlkə səni boş biliblər? Amma yenə də özünə ürək verib sözünə davam etdi:

– O adam mənə dedi ki, əgər sən razı olsan, urus padşahı sənin haqqını tasdıqlayar?

– Nə haqqını? – Teymuraz ilk əldə bu haqqın nə olduğunu dərk etmədi.

Əliqulu bəy isə pərt halda susurdu. Deməyə dili gəl-mirdi. Teymuraz onun halını da, “haqqın” nə olduğunu da anladı. Qardaşının pozulduğuna görə şaqqanaq çəkib güldü. Elə güldü ki, atlar səyrişib qulaqlarını tərpətdilər.

– Hə… Vəliəhdlik… Xanlıq… Yaxşı, bəs sən nə dedin?

Əliqulu qızğınlıqla cavab verdi:

– Nə deyə bilərdim sən biləni? Dedim, xan atama, qardaşıma nə gəlib ki? Dedi: “Qardaşınnan danışma, o, xan atanın kölgəsidi”. Dedim: “Mən də…”

Teymuraz atın sağrısına əl çəkə-çəkə Əliqulu bəyə baxmadan söyləndi:

– Sən o namərdlərə fikir vermə! Amma manşırla. Gözün üstlərində olsun ki, xan atamıza ziyan vura bilmə-sinlər. Özün də fikir eləmə! İnşallah, axırı yaxşı olar. Qa-qaş bəy, bir az gəl, biz də kabablayaq, soora çıxarıq yola.

Amma ceyran kababının dadı yox idi, dedi-qodu, xəyanət, siyasət, satqınlıq qoxusu gəlirdi hər tərəfdən. Hətta kababdan, ceyran kababından da!

Geri dönərkən iki qardaş atlarını yanaşı sürürdülər. Teymuraz bir az əvvəlki söhbətlərini davam etdirərək deyirdi:

– Qaqaş bəy, sən gözdə-qulaqda ol! Mən belə qanı-ram ki, onlar atamızın, xanlığımızın, düşmənləri mənə ba-ta bilməyəcəklərini görüb, səni qaralayıblar. Elə biliblər ki, sən də mənə paxıllıq elərsən. Odu ki, dilə tutub deyir-lər, uşaqdı, həvəsiyər xan olmağa. Yoldan çıxartmaq istə-yirlər səni. Fikir ver, iş əndazadan çıxmamış xan atamızı xəbardar eləyək. Amma bil ki, o Güləndam söhbəti arvad dedi-qodusudu. O biri analıqlarımız qurayıb bəlkə. Ata-mız da ki maşallah, nər kimidi. İldə birin alır. Hər arvad da ildə birin doğur… Nəysə… Özü bilər. Sən arvad söhbə-tinə baş qoşma! Fikrin o erməni fırıldaqçılarında olsun. Nə bəla gəlsə xan atamıza, o namərdlərdən, çörəyi dizinin üstündə olan xayinlərdən gələcək, mən biləni. Amma ata-mız onlara necə yaxşılıqlar eləyib, bir özləri, bir Allahları, bir də atamız özü bilir.

Söz çox uzandısa da nərdivan oldu, yolu qısaltdı. Sa-raya çatmağa az qalmış Teymuraz atın yüyənini çəkdi. Nökərlər eşitməsin deyə yavaşca qardaşına pıçıldadı:

– Amma ehtiyatlı ol ha… Güdaza getməyəsən. Ata-mız xəyanəti bağışlamır heç kimə. Bizə də. İsmayıl əmimi-zin oğlu Fəti bəy qəziyəsi yadından çıxmasın.

– Yox…– Əliqulu bəyin sözü yarımçıq qaldı. Nə deyəcəyini sonralar da heç biri bilmədi. Qəfil atılan güllə ilə Əliqulunun səsi kəsildi. Oğlan köksündən tutub üzü-qoylu, yəhərqarışıq atın yalına yıxıldı.

Teymuraz da, nökərlər də Əliqulu bəyə doğru can at-dılar. Cavanı atdan endirib yerə uzandırdılar. Yarasına əski yandırıb basdılar. Güllə çiyninin azacıq altından də-yib keçmiş ürək və ciyərini yaralamamışdı. Teymuraz bu-nu anlayınca qardaşının başını qucağından götürüb, at-dan sıyrılmış yəhər-üzlük döşəkçənin üstünə qoydu. Cəld ayağa sıçradı:

– Kim idi? Kim idi atan?.

– Bilən oldu ki?

– Səməd çapdı güllə gələn səmtə. İki atlı gözləyir-miş onu, minib Doqquz dərəyə sarı çapıblar… Çata bilmə-yib.

Səməd peşman-peşman atını dəstəyə sarı sürürdü.

Teymuraz:

–Hə… nə gördün?.. Niyə tutmadın?

– Çata bilmədim, o üçdən birini Vartazara oxşatdım.

– O erməni köpəyoğlu bu gecə tapılsın gərək. Yaxşı, uşaqlar, xərəyə bənzər bir şey düzəldin, iki atın arasına bağlayıb Əliqulu bəyi üstündə uzandıraq. Tək oturan halı yoxdu. Qucaqda da çətin gedər, qan itirər.

Nökərlər cəld Teymurazın əmrini yerinə yetirdilər. Cavanlar atlandı. Teymuraz qəlbində düşünürdü:

– O güllə sənə atılmayıb, qaqaş, atamıza atılıb. Axı, bu gün o da biznən çıxasıydı ova… Yooox… Bəlkəm elə sənicə qaralayıblar. Axı, istədiklərinə “hə” deməmisən. Qorxublar ki, xan atamıza xəbər verəsən. Bu erməni kö-pəkuşağı dinc oturmaq bilmir. Xan atama hər şeyi ol-duğu kimi danışmaq lazımdı. O Akopdu, nədi onu da, dədəsini də, o Vartazarı da tutdurub, işin əslini öyrənmək lazımdı. Bəsdi xəyanətlərini bilə-bilə nazlarıynan oyna-dıq.

…Günorta çatdılar saraya …Şamaxıya gedən xas nö-kərlər əliboş qayıtmışdı. Qonşular xəbər vermişdilər ki, üç gün irəli Akopgil də, Vartazargil də harasa gediblər. Ev-lərində heç kəs yoxdu. Darvazaları bağlıydı.

Əliqulu bəy yalnız üç gündən sonra özünə gələ bildi. Xərəkdə gətirilsə də çox qan itirib zəifləmişdi. Həkimbaşı yalnız indi onun yatağında qalxıb oturmasına izn verdi.

BAŞLANDI

Qubadan üzüaşağı Şirvana doğru enməkdə olan rus qoşunlarının başında bu yerlərə yaxşı bələd olan erməni Valeryan Madatov dururdu. Bir-birinin ardınca sərhəd kəndlərinin əldən getməkdə olduğunu görən Mustafa xan, cənub ellərindən bütün maaf dəstələrini toplayıb, şi-mal və qərb sərhədlərinə göndərirdi. Hər tərəfdən rus qoşunlarının əhatəsində – mühasirədə olduğunu görür və anlayırdı ki, çıxış yolu yoxdur. Şimaldan qanlı-qadalı, bulanıq-selintili sel gəlir. Bu sel artıq çox yerləri, xanlıq-ları yuyub aparmış, ikibaşlı qartal Gəncə, Qarabağ, Şəki, Quba, Bakı xanlıqlarını qanlı caynaqlarına keçirmişdi.

Xan içəridən xanlıq iddiasında olan qohumlarının, erməni icmalarının düşmən xəfiyyələri vasitəsilə yoldan çıxarıldığını bilirdi. Bilirdi ki, onun oğlanlarını, sərkərdə-lərini, maaf dəstələrini ələ keçirməkçün rus qərargahı pul-lar qoyur, dəridən-qabıqdan çıxır. Təklənməkdə olduğu-nu görsə də, ümidini itirmirdi. Son döyüşlərə hazırlıq gö-rüb, Şamaxıya yaxınlaşan düşmənin qarşısına çıxmaqçün yaraqlanan Tağı bəy dəstəsini (Şirvanın təhlükədə oldu-ğunu görüb, xanlığa qayıtmışdı sərkərdə) yoxlamağa yol-landı. Oğlanları Teymuraz bəylə aldığı yaradan təzəcə ayağa qalxmış Əliqulu bəyi də qoşunun qabağındakı igid-ər arasında görüncə bir qədər də canlandı:

– Övladlarım! Vətənimiz təhlükədədi. – Xanın sə-sində azacıq xırıltı duyulurdu. Deyəsən, qocalmaqda olan xan zeyqun-nəfəs azarına tutulurdu. – Bizi də Gəncənin, Qarabağın, Bakının taleyi gözləyir. Kafir düşmən aman-sızdı. Qoşunu da, döyüş ləvazimatı da bizimkindən artıq-dı. Amma biz onunla üstünük ki, Vətənimiz, doğma yur-dumuz uğrunda vuruşuruq. Ana-bacılarımızın namusu uğrunda vuruşuruq. Kafirə qarşı dini-İslamın qələbəsi uğrunda vuruşuruq. Övladlarım, peyğəmbər sələvatülla-hın istəkli nəvəsi həzrəti-imam-Hüseyn Kərbəla çölündə qanlı kəfən geyib və buyurub: “Dirilik – əqidə uğrunda çarpışmaqdan ibarətdi”. Biz də bu gün əqidəmiz, dini-mübinimizlə Vətənimiz uğrunda şəhidlik kəfəni gey-mişik. Ya Vətən, ya ölüm! Ya küfr, ya iman! Vətən yolun-da, din yolunda sizə zəfər arzulayıram, Allah sizə yar olsun! Allah qılıncınızı kəskin, düşməninizi xar eləsin! Ya Allah!..

– Ya Allah! – səsi dağlara səs salıb əks-səda verdi. Cavanlar əllərindəki tüfəngi, qılıncı, mizrağı göyə qaldı-rıb titrətdilər.

Teymuraz bəy də, – “Ya Allah”, – deyə hayqıranla-rın cərgəsindəydi. İndi o, dünən axşamkı vida görüşünü unutmuşdu sanki. Bulaq başında dar axşam macalı görüş-dülər. Bu hicran, həyəcan dolu görüşə hər ikisi tələsə-tələ-sə gəlmişdi. Qorxu-ürkü, “görərlər, bilərlər” heç birinin yadına düşməmişdi. Teymuraz Yasəməni bir də görmək, bir də sevmək üçün yanırdı. “Bəlkə bu son görüş oldu. Allah eləməsin, birdən Yasəmən kafir yağı əlinə keçdi. Bu günlərdə ələ keçən kəndlərdə yerli camaatın başına gətiri-lən müsibətlər haqqında elə acı, elə bir-birindən qorxulu hadisələr danışırdılar ki…”

Teymuraz dəhşətə gəlir, nigarançılıq içində çırpınır-dı. Bir deyil, beş deyil, on beş qəsbkarı, on beş kafiri bir qılıncdan keçirməyə hazırdı. Təki pak, məsum qız-gəlini-miz Yasəmənlə birlikdə məlun, amansız yağı əlinə keçmə-sin. Bu hislərlə qoşulmuşdu Tağı bəyin ön dəstəsinə.

Yasəmən də görüşə tələsirdi. Yadına özü sarıdan qorxu-ürkü düşmürdü. Bilirdi ki, namusu “Paklıq qaya-sı”nda qeyb olan o ulu nənə kimi yad əllərə keçməyəcək. Qoynunda gizlətdiyi balaca qəmə ömrünə son verəcək, pak ömrünü bitirəcəkdi. Onun qorxusu Teymurazçündü: “İrağ-irağ, birdən yaralansa, pərəstarı kim olar? Ya, dilim-ağzım qurusun, öldürülsə…” Yenə də qəməsi, o xilaskar qəməsi qoynundaydı. Onunçun artıq Teymurazsız həya-tın, ömrün mənası yox idi.

Daxili qoruq-qadağalar yadlarından çıxmışdı. Bir-birinə çatınca əvvəl əllər sarmaşdı, sonra hər iki gənc vü-cud qovuşdu, bir-birinə sarıldı. Sarmaşıq kimi… Yasəmən başını Teymurazın köksünə söykəyib, ağlamağını saxlaya bilmədi, hönkürdü.

Teymurazın da ulğumu qalxıb-enir, amma ağlamağı kişi şəninə sığışdırmayıb udqunurdu. Göz yaşları içərisi-nə gilələnirdi. Əlilə köksünə yaralı quş kimi sinmiş qızın kürəyini sığallayır, tutqun səslə deyirdi:

– Ağlama! Nə var, Allaha şükür? Bir-iki günəcən kafiri qovub geri qaytaracağıq.

– Düşmən çoxdu deyillər, – hıçqırdı.

– Biz də az deyilik…

– Onların topu-topxanası çoxdu deyirlər, – hönkür-dü.

– Bizim də az deyil. Xan atam təzəlikdə xeyli əsləhə alıb.

Onunla birlikdə özünü də bütün bu dediklərinə inan-dırmağa çalışırdı.

– Bizim yerlərə düşman kafir bələd deyil.

– Deyirlər, ermənilər onlara bələdçilik eləyir.

Bilirdi Teymuraz. Madatovun adını da eşitmişdi. Qardaşına atılan güllənin də Akopgilin əlilə açıldığını an-lamışdı. Amma necə olsa, Yasəməni sakitləşdirməliydi, ona ürək-dirək verməliydi:

–Allah bizə yar olacaq. Axı, onlar kafirdi. Allah hər yerdə İslam qılıncına zəfər qismət eləyir.

Qız başını qaldırdı. Yaşlı gözlərini Teymuraza zillədi. Üzü nəfəs darlığından və göz yaşlarından bir az da qızar-mış, cığaları islanıb gicgahlarına, alnına yapışmışdı. Tey-muraz onu heç belə sifətdə görməmişdi. Qəlbini sıxan duyğuları yenib, qızın qorxusunu götürmək, ümidini artırmaq üçün gülümsədi. Sol qolu Yasəmənin belini quc-duğu halda, sağ əlinin barmaqlarının ucuyla bu baş cığa-ları qaldırıb yerinə sahmanladı. Nəm alnından və gicgah-lardan öpdü. Dodaqlarının ucuyla toxundu əslində. Dedi:

– Qəm yemə, Yasəmən! Allah qoysa, bir-iki günə-cən qulluğundayam. Allah heç razı olar ki, bu gözlərdən yaş gilələnsin?

Gözlərdən öpdü və birdən iki susuz dodaq, iki atəşdə yanan dodaq birləşdi.

Yasəmən evə qayıdanda Gülxatın arvadı doqqazdan xeyli aralı, onu gözləyən gördü:

– Hardaydın, ay bala? Məndə ürək-göbək qalmadı ki!

– Bulağa getmişdim,

– Sənəksiz?

Qız bulaqdan qayıdan əllərini boş görüb çaşdı, başını sinəsinə endirdi.

Ana Yasəmənin hardan və kimin yanından gəldiyini bilirdi:

– Özün gör öz ayıbını, qızım, özgə ayıblamasın sə-ni! Qızsan, qədir-qiymətini bil axı! Tikan olub ayaqlar altı-na düşmə, gül ol, əllərdə gəzdirsinlər, yaxaya taxsınlar sə-ni.

Yasəməni yenidən hıçqırıq boğdu. Lap körpə vaxt-larında olduğu kimi anasının qoynuna atıldı. Özünü daha saxlaya bilmirdi. Dərdini anayla bölüşməliydi:

– Ana… Ana… Qurbanın olum, ana! O da sabaynan Tağı bəyin maaflarıynan gedir, ana!.. Gedir! Bu dava…

Gülxatın arvad balasını bağrına basıb oxşaya-oxşaya yersiz nəsihəti üçün əzab çəkdi. Məgər indi nəsihət yeriy-di? Məgər bilmirdi ki, Teymuraz bu davada şəhid ola bi-lər? Ölüm xan-bəy balasına baxmır ki! Güllə xan-bəy bala-sı tanımır ki! Məgər o özü də Teymuraz üçün narahat deyildi? Bilmirdi ki, bu iki cavanı bir-birinə “Qalu bə-la”da yazan yazıb?! O yazını pozmaq ölümdən savay heç kimin əlindən gəlməz?! Bu sevda telləri Şirvan kargərləri-nin əyirdiyi ipək tellərindən zərifdi də, möhkəmdi də. Özü azmı çalışmışdı uşaqları bu “ütü”dən qorumaqçün? İndi çarə yenə gözəgörünməz, o əlinin üstündə əl olma-yan Allaha qalmışdı. Ölümdən əvvəl heç kim ölmür. Qız indidən niyə ürəyini yesin? Dedi:

– Allah kərimdi, bala! Allah amanında saxlar onu da, o birilərini də. Qayıdar sağ-salamat, inşallah. Bu bəla-nı başımızdan sovar Tağı bəy, inşallah. Kafır gəlib az qala Şamaxıya çatıb. Sabah Məlhəm tərəflərdə döyüşəcəklər. Namazını keçirmə, qızım! Namaz üstündə dua elə onlara! Sən günahsız körpəsən, ulu Tanrım sənin səsini eşidər. Dua elə, qızım! Sabahdan o yana başımıza nə gələcəyini o gözəgörünməz bilir. Dua elə!

Yasəmən ümid dolmuş qəlbinə sükunət gətirən iba-dətə başladı.

Teymuraz bəy isə Tağı bəylə birlikdə gecə mövqeləri-ni yoxlamağa yollandı.

UŞAQ HARAYI

Göz işlədikcə uzanan çəməndə göy otlar göz oxşayır-dı. Ara bir al lalə, günəşin balaca bacısı çobanyastığı, sarı-gül, boymadərən, acı kəkrənin “ağ papaqları” nəzərə çarpsa da, çəmənə zümrüd rəngli xalı döşənmişdi. Burada yeməli otlar, bitkilər də vardı. Yemlik, quşəppəyi, qaz-ayağı, cincilim, sirkan, yağtərə, təkbir şomu, çəmin yonca, çayır, ceyranarpası kimi heyvanatın həvəslə yediyi otlara qarışmışdı. Dağ döşlərinə naxır, qoyun sürüsü aparan naxırçı-buzovçu çobanlar hələlik əl-ayaq dəyməmiş bu çəməndən ötüb keçirdilər. Otların arasında arabir təzək də nəzərə çarpırdı. Keçən ildən günəşin yandırıb, yağışın islatdığı, küləyin qurutduğu, aşlanıb ağ rəng almış təzək-lər uşaqları daha artıq maraqlandırırdı. Bunlar kibritdən də tez alışırdı. Odur ki, çölə təzəyə çıxan uşaqlar bu növ “yanacağı” daha həvəslə toplayır, üstündə bəzən bir-biri-lə qovğaya da çıxırdılar.

Onlar kənddən çıxanda böyüklər çox məşğuluydu. Kimisi qış üçün kürkə22 basdırır, kimisi samanı, küləşi zağalara23 doldurur, bəziləri də araba, dəvə və başqa ula-ğa yüklədiyi dəni-qış zumarını24 Pirsaat üstündə Kəlbü-süb dəyirmanına aparmaqçün hazırlıq görürdü.

Əslində, uşaqlar çay qırağında gün günorta vaxtı malların su içib sərinləyib kölgələndiyi, günəşin qərbə tə-rəf əyildiyi suvata tərəf gedirdilər. Orada təzək bol idi, uşaqlar onu tezcə toplayır, indi çiyinlərindən asılı duran kisələrə, torbalara doldururdular. Amma iş bundaydı ki, uşaqların başçısı tərə, yemlik toplama vaxtında onların “sərkərdəsi” Əsli qız yollarını qəsdən bu çəməndən sal-mış, yolun uzağa düşməsinə səbəb olmuşdu: “Həm yem-lik yığarıq, həm tərə. Soora da gedərik suvata təzəyə”, – demişdi. Uşaqlar da sevinclə, sözsüz razılaşmışdılar.

Əsli aləm qızıydı; buğdayı sifətində “yemlik xallar” çil əmələ gətirsə də, gözəlidi. Qara, badamı gözləri, qüd-rətdən sürməli kirpikləri, baş-başa çatılmış iki xəncərə bənzəyən sıx, qara qaşları, düz biçimli burnu, azca enli dodaqları onun dəyirmi sifətinə bir az da yaraşıq verirdi. Görünürdü ki, qızlar bulağından su içəndən sonra gözəl-liyi daha da artacaq, hansı bir el aşığının, yanıqlı tütəyilə ürək oycalayan aşıq-çobanınsa canını əlindən alacaqdı.

On bir nəfər idilər. Başda Əsli qız olmaqla üç nisbə-tən iri, 10-11 yaşında qız: Sayad, Minaxanım və Əzimə; dörd 8-9 yaşlı “iri” oğlan: Ağasəf, Qardaşxan, Rüstəm və Məmməd. Qalanlar da Münəvvər, Musa, Zülfüqar və Xanımzada kimi xırdacalardı. Əsli dəstəyə hökmrandı, başçıydı. Nə desə, o olmalıydı. Dedikləri, tələbləri dərhal yerinə yetirilməliydi. Yoxsa dəstədən qovulacaqdı. Heç kim cürət edib cərgədən qabağa cuma, nəyisə, gözaltıladı-ğı bir yemliyi dərə bilməzdi. Hamı bir cərgədə getməli və yalnız qənşərinə çıxanı yığmalı, başqasının qarşısından heç bir şey qapmamalıydı. Əslinin bütün belə hallara qar-şı gülməli “mahnıları” vardı. İrəlicədən belə halların qarşısını almaqçın cərgəni düzəldən kimi deklamasiyası-na başlayırdı:

Qabaqda gedən ağ qurşaq,

Anasına iyli qursaq.

Kim isə düzəliş verirdi:

– Yox, yox.

Qabaqda gedən ağ qurşaq,

Ayağına mıxlı başmaq.

Dalda qalanlara qarşı da Əsli qızın mahnı-deklamasi-yaları amansızdı:

Dalda qalan arvana25

Anasın verim sarvana26 .

Yenə kim isə ucadan bağırırdı:

– Hələ döyül, helə döyül!

– Bəs necədi?!

– Bax belədi:

Dalda qalan arvana

Anasın asım şalmana.

Ortadakı ortaya

Vurun qarın-qartaya.

Bunu eşidən Əzimə çaş-baş olub çığırırdı:

– Bəs harda gedək?

Əlbəttə, uşaqlardan heç birisi anasının iylənmiş qur-saq yeməyini və ya kəndin böyründən keçən dəvə kar-vanlarından birinin sarvanına verilməsini istəmirdi. Elə buna görə də uşaqlar cərgədən çıxmırdı. Hərəsinin çiy-nində bir təzək torbası, əlindəsə bir qəməlti – daşa sürtü-lüb bıçaq şəklinə salınmış bir dəmir parçası vardı. Qəməl-tilərin torpağa işləməkdən par-par yanan tiyəsindən baş-qa cır-cındırla “bıçaq dəstəsi”nə çevrilmiş qalan yerləri paslıydı.

Yemlik, quşəppəyi, qazayağı, ya başqa arzu olunan bitki, ya təzək gec tapılanda uşaqlar qəməltili əllərini oy-nada-oynada, ucadan, bir səslə, avazla oxuyurdular:

Tapıl, tapıl, axça verim,

Tapılmasan, mıxça verim.

Əsli cərgənin qaydalı yerişini görüncə fərəhlənir, qabarmağa başlayan sinəsini bir az da irəli verib, qəməlti-sini əlində oynada-oynada büllur havada gümüş kimi cingildəyən səsilə oxuyurdu:

Dağa getdim örüşə,

Tələsirdim görüşə,

Mən səndən ayrılmaram

Düşman görə gülüşə.

Əsli bayatı çağırmağa başladımı, böyük qızlar dərhal ona cavab verməliydilər. Öncə Sayad başladı:

Ay burdan yürüyənlər,

Gülün üzün bürüyənlər,

Sizə sadağa getsin

Yar deyib çürüyənlər.

Nisbətən astagəl olan Minəxanım dilləndi:

Şirvanın biyanı var,

Otu var, biyanı var.

Qardaş, gəl qapımnan gir

Desinlər, hayanı var.      

Əzimə özünəməxsus incə səslə “cırıldadı”:

Aşıq ozanım mənim,

Qaynar qazanım mənim.

Səni mənə yazıbdı

Yazı yazanım mənim.

Oğlanlar da qızlardan geri qalmaq istəmədi. Hamı-sından böyük olan Rüstəm gülə-gülə dedi:

– Qızlar, sizinki elə eşqidən-söygüdən olsun. Am-ma bizimki ayrıdı:

Barama qurdu üstə,

Oturub durdu üstə.

Kişiyə oğul gərək

Ev tikə yurdu üstə.

Əsli qız bu hücumu götürə bilmədi. Həmişə də uşaq-lara tanış olmayan, ana və nənələrindən, aşıqlardan eşit-mədikləri bayatılarından birini hüdülədi:

Küdrüdən keçmək olmaz,

Nohurdan içmək olmaz.

Namərd düşman sözüynən.

Mərd dostdan keçmək olmaz.

Kim isə cərgədən bir addım irəli çıxıb, bəllədiyi bir “təkəsaqqal yemliyi” qoparmağa can atdı. Atınca da Əsli qızın yarı ciddi, yarı zarafat uca səsini, daha doğrusu çı-ğırtısını eşitdi:

– Eeeeeyyy!. Olmadı ha, olmadı ha!. Gözlə ha!..

Böyüklərdən olsaydı, Əsli qız daha ciddi, daha sərt səslənərdi, amma bu, yetim Tağının balaca oğlu Musaydı, qızlara – yemliyə, pencərə, tərəyə, təzəyə gedən uşaqlara təzələr də qoşulmuşdu. Əsli qızın “qayda-qanununa” əməlli alışmamışdı. Uşaq içini çəkincə Əslinin ürəyinə köz basıldı, rəhmdilliklə oğlanın kəkilli qırxıq başına əl gəzdirdi, yumşaqlıqla dedi:

– Neynək, neynək… Bu səfər keçirik səninçin, amma day eləmə ha!

Musa bu dəfə burnunu çəkib ürəkləndi, əyilib bəllə-diyi yamyaşıl, tər-təzə yemliyi qopardı. Qızlar gülüşdü.

Aralıda nohurdan dağa tuluqla su daşıyan kişiyə baxmağa başladılar.

Dünyadan xəbərsizdi uşaqlar. Amma qəfil qarşı təpə-lərin o üzündən hənir alıb duruxdular. Mal mələrtisinə oxşamırdı. İt hürüşünə bənzəmirdi… Anqırtı da deyildi… Nəydi bu ürəklərini qopbacaya salıb döyünən danqıltı? Arabir aşıq dəstəsindəki təbilin səsinə oxşasa da toy səsi, cəngi havası, ürəklər oynadan oyun havası deyildi. Bir ahənglə, lap ürək çırpıntısı kimi dalbadal, gup-gup döyü-nürdü… Ürkək ceyran sürüsü kimi duruxub durmuşdu uşaqlar. Qarşı yala baxırdılar.

Təbil döyuntülərinin sədası altında irəliləyən soldat-ların ilk nəfərləri də elə bu yalın o üzündən görünməyə başlayanda, uşaqların marağı artdı. Qızlar gerilədi, irili-xırdalı oğlan uşaqları irəli çıxdı. Əsli qızın yavaş səsi eşi-dildi:

– Tərpənməyin, ay uşaq. Bir görək kimdilər, axı?

Elə kimliklərinin bilinməsi lazım idi. Gələn işğalçı rus qoşunlarının ön dəstələriydi. Həm də bunlar rus saldatı paltarı geymiş ermənilərdi, bələdçilik edirdilər. Qabaqda gələn Akopdu, Şamaxıda tanınmış tacir Arakel ağanın oğ-lu Akop.

Erməni bələdçilər öz aralarında ermənicə danışır, məsləhətləşir, rus dilini yaxşı bilən Akop isə onların söz-lərini, məsləhətlərini zabitə tərcümə edirdi. Uşaqları gö-rüncə Akopun ürəyi atlandı. Əlinə yaxşı ov keçmişdi. Cəld öz dilində yoldaşlarına dedi:

– Türk uşaqlarıdı. Qızlar… o söz, Oğlanları girov… Sonra yiyəsi tapılar, tapılmaz, o dünyalıqdı, bir neçə türk küçüyü azalar.

Köhnə adətləriydi, hər yerdə belə etmişdilər, indi də. Məgər içdikləri hər piyalə al şərabı, – “türk qanı içirəm”, —deyə başına çəkənlər milləti deyildi? Rus zabitinin uşaqlara dəymək istəməyəcəyini düşünüb Akop sözə baş-ladı:

– Cənab zabit, bu türk küçüklərinin biri də kəndə getməməlidi. Çox vəhşi millətdi bu kəndin adamları, elə türklərin hamısı kimi. Özünüz yaxşı bilirsiniz, cənab za-bit, onları girov götürsək, kənd xəbər tutmamış həm silahı olanları tərksilah edərik, həm də arxayınlıqla ərzaq topla-rıq. Xəbər tutsalar, əziz, mehriban çarımızın saldatların-dan qırğına gedən olar. İndiysə hər saldat bizə bu yerlər-də, xüsusilə Fit qalasına çıxa-çıxa hər şeydən qiymətlidi.

Zabit razılıq verdi və ermənilər bir neçə saldatla bir-likdə aralıda durub baxan uşaqlara cumdular. İnsan insan ovuna çıxmışdı. Əsli qız və hamıdan böyük Rüstəm oğlan daxili bir duyumla nədənsə şübhəyə düşdülər. Uşaqları haylayıb kəndə tərəf götürülmək istədilər. Amma silahla-rın onlara tərəf çevrildiyini görüb dayandılar.

Bu ara qoşunun ilk dəstələrilə birlikdə arabalar da görünməyə başladı. Nə baş verdiyini anlamayan uşaqları zorla qamarlayıb arabalara atdılar. Kiçiklər, qızlar ağlaşır, böyük oğlanlarla Əsli dəhşətdən alacalanmış gözlərini əl-lərilə örtməyə, cəfanı görməməyə çalışırdılar. Rüstəm qolunu sarıyan kəndirləri qırmaq qəsdilə qıvrılıb açılırdı-sa da, əlindən bir şey gəlmirdi. Müsibət ayrı müsibətdi. Hıçqırıq, göz yaşı, lənət, nifrin, fəryad bir-birinə qarışmış-dı. Hamıdan çox ucadan eşidilən “ana”, “ana heyyy”, “ay dədə” çığırtılarıydı:

– Ay dədə heyyy!

– Ana!

– Ay ana!..

– Vay öldüm, ay ana!..

– Aaannnaaa!..

Saldatlardan biri əli silahlı arabanın yanınca gedən Akopdan soruşdu:

– Sluşay, çto takoy ana?

Akop ağızucu cavab verdi:

– Mamaşa…

Saldat hırıltıyla filosofluq eləməyə başladı:

– İnteresno vsyudu deti pri sluçae zovut mat, a ne otsa, ved otes silnee, skoree spaset…

Cavab verən olmadı.

Rus işğal qoşununun ilk dəstəsi Pirsaat vadisi boyu irəliləyir, əllərinə keçən ilk yesir dəstəsini arabada aparır-dılar.

Uşaqların hamısı bir arabadaydı. Hündür banlı molo-kan arabasının üstü açıqdı. Günəş başlarına şığıdıqca uşaqların canı yanır, susuzluq onlara əziyyət verirdi. Ba-laca Musayla Münəvvər Əsli qıza sığınıb yanpörtü otur-muşdular. Elə bil qızdan imdad gözləyirdilər. Amma Əsli qız onlara yardım edəcək halda deyildi. Özü də onlar ki-mi yesirdi:

– Bacı, susuzam.

– Mən də…

– Dözün, baaaaşuva dönüm, dözün. Allah kərimdi. Gərək…

Dalını gətirə bilmədi. Qəhər qızı boğurdu.

Bayaqdan bəri qızdan gözünü çəkməyən ermənilər-dən biri öz dilində Akopa dedi:

– Vədin yadından çıxmasın ha!

– Hansı vədim? – Sanki Akop anlamırdı.

Bələdçi hırıldadı:

– Necə yanı hansı? “O söz” məsələsini deyirəm də.

– Səbrin olsun. Qoy bir qaş qaralsın.

– Qaş qaralanacan mənim səbrim qaralacaq.

– Səbrini bas! Mən neynədiyimi yaxşı bilirəm. Bu böyük it qızını da tanıyıram. Kərbəlayı Ağacanlıdandı, deyəsən. Bir həftə irəli şəhərdə dədəmin dükanına ərşin-malına gələndə kişinin yanıycan gəldiyini görmüşəm. Ta-nımağını istəmirəm.

– O cilddə deyilsən ki, tanınasan.

Amma Əsli qız tanıyan kimiydi Akopu. Həyəcanına, qorxusuna baxmayaraq, “urus saldatı” geyimində olsa da, Akopun üzü ona tanış gəlmişdi. Zaval içində olduğundan harada gördüyünü hələ kəsdirə bilməmişdi.

– Zınqıldama, küçük…

– İt oğlu it, baş-beynimizi aparacaq çatanacan.

– Düşərgəyə hələ çoxmu qalıb?

– Zingildəmə demədim?

Başına dəyən zərbədən Musa ufuldadı, amma qamçı zərbəsinin çoxu Əsli qıza dəymişdi. Uşaq ona sığındığın-dan, qolunu Musanın üstünə hayıl etdiyindən ilandilli qamçının acısını Əsli qız daha çox almışdı. Ufuldamışdı. Bələdçi yenə irişdi, dodaqaltı yenə Akopa dedi:

– Malı vaxtsız korlama, axı…

“Zingildəmə”ni türkcə eşitdiyindən Musa ağrı-acısını unudub hıçqıra-hıçqıra yalvardı:

– Əmi, susamışam, su istəyirəm.

– “Əmi” qamçısıyla uzunboğaz çəkmələrin boğazına yapışan qılpınları çırpa-çırpa mırıldandı:

– Çaya çatanda boğmalanarsan.

– Ay Allah, çaya nə qədər qalmışdı görəsən?

Deyəsən, bu harayı, bu haylanı Əsli qızın dilindən sonralar eşitmişdilər. Gecə düşəndə üstünə qara kölgə yeridiyini duyan qız, yavaş-yavaş “kölgə”nin qabağınca geriləyib, özünü Pirsaatın qan dolu gicovlarından birinə atandan sonra, Bələdçi ermənilərin, Akopun kirli caynaq-larından canına qəsd edib namusunu qoruyandan sonra… Bəlkə də heç o özü son nəfəsində deməmişdi; uşaqlar yesirlikdən qurtarıb kəndə qayıdanda, faciəni göz yaşları içində danışanda, sinəsi dağlı nənələrdən biri çəkmişdi bu yanğını:

Apar Karısa27 məni,

Elə varısa məni.

Dığa əsir apardı

Kafır urusa məni.

Şirvanlı Əhməd indi üstüaçıq, ucabanlı “malağan arabasında” yesir aparılan, susuzluqdan yanan, qorxudan bağrı bişən uşaqları görmüşdümü? Görüb söyləmişdimi bu sətirləri? Şirvanın, Azərbaycanın başqa bir yerində, xanlıqların başqa bir səmtində eynilə bu gün törənən cinayətlərdən birinimi görüb qoşmuşdu? Yox… yox… Ağı söyləmişdi, üsyan etmişdi. Allahamı, onun yaratdığı in-sanlaramı üz tutmuşdu Şirvanlı Əhməd bu sətirlərlə:

Müsəlman qanına bələndi dağlar,

Aman Allah, imdad elə, amandı!

Bizim halımıza cəm dünya ağlar,

Aman Allah, imdad elə, amandı!

Duman gəldi, Fit dağını bürüdü,

Qar əridi, Pirsaata yeridi,

Dörd tərəfdən sarı saldat yeridi

Aman Allah, imdad elə, amandı!

Urus topa tutdu dağı, dərəni,

Saldat aldı bütün bəndi-bərəni,

Düşman görsün Şirvan əhli görəni.

Aman Allah, imdad elə, amandı!

Şirvanlı Əhmədəm dərdi-qəzadan,

Mürüvvət eyləsin qadir yaradan,

Kim çıxartsın köç-külfəti aradan,

Aman Allah, imdad elə, amandı!

Elə bil, bu gün Xocalı faciəsində təkrar olunan tarixi-mizin bir vərəqiydi o gün.

İnsanlar, insanlar! Yer üzü qızıl qana boyanıb. Tor-paqlarımız parça-parça kafir yağı caynağına keçir. Qeyrət vətənimizi tərk edib. Vətəni, Ana torpağı qorumalı oğul-lar arvad kölgəsində gizlənib. Sizin ağsaqqal atanızı, ağ-birçək ananızı, namusu əllərdə qalan qız-gəlininizi kim qoruyacaq, kim? Üstümüzə “Babəklərə bax!.. Koroğlulara bax!,. Xətailərə bax!.. Nəbilərə bax!..” – deyib gülən kafir yağıya kim cavab verəcək, kim?

İgidlik meydanından qaçıb yad ölkələrdə, zağalarda, dəyələrdə gizlənən, Vətəni başlı-başına buraxanlar! Sonra bu torpağa nə üzlə dönəcəksiniz? Nə üzlə? Yağı tapdağı-na çevrilib murdarlanan torpağın çörəyini, suyunu necə yeyib-içəcəksiz, necə? Qadın yanında, övlad yanında han-sı igidliyinizdən dəm vuracaqsız?

İnsanlar! İnsanlar! Ayılın! Üzüdönük olmağa, qorxaq olmağa qoymayın əzizlərinizi!

Qorxaq arvadı, qorxaq anası, qorxaq övladı adlan-maqdan böyük şərəfsizlik, rüsvayçılıq yoxdur. Doğrudan-mı bütün bir millət (tək-tük nəzərə alınmasa) bu qorxaq kütlədən ibarətdir?

Şəhid qanı müqəddəs kəlamdan da ucadır. “Get, ya igid – üzü ağ qayıt, ya yüksək şəhid mərtəbəsi qazan!” – deyən analara, türk anasına eşq olsun!

“Vətən anaların ayaqlarının altındadır”, – deyən rəsuli-xudanın kəlamındakı müqəddəs torpağı qorumağa gedəndə ananın belə odlu göz yaşları sizi əritməsin, öv-ladlar! Axı siz məhz o ana ayaqları altındakı torpağı (üs-tündəki anayla birlikdə) qorumağa gedirsiniz. Öpün sizə sığal verən əllərindən, öpün sizə süd verən döşlərindən, gedin! Ana duası xeyriniz olsun!! Allahın nəzərilə Ana ürəyi üstünüzcə gedir.

YAĞI GƏLİR

Durna qarı səhərdən hananın üstünə gələndə, əlini əlvan iplərə, həvə və kirgidə vurmamış dodaqaltı, adəti ovsununu oxumuşdu:

İşim, işim iş olsun,

İşim uçsun quş olsun.

Mələklər bacım olsun,

Pərilər iməcim olsun.

Sonra da xəyalında canlandırdığı ülgüyə münasib əl-van iplər içindən gərəyi ola bilənləri lap yaxına çəkmişdi. Ürəyi səksəkəliydi Durna qarının. Hələ dünən axşam kən-də səs düşmüşdü ki, “gəlirlər, erməni gəlir yağının qaba-ğında. Qaçın canınızı qurtarın”. Tayfa yerindən qopmuş-du. Köçərinin köçməyi nədi ki? İldə dörd yurd dəyişən köçəri “dərziyə köç dedilər – iynəsin yaxasına sancdı” qaydasıycan yaşayırdı. Durna qarının həmkəndlərinin çoxu – onun əlilə dünyaya gəlmiş arvadlar, kişilər yerin-dən qalxmışdı. Bacaran, dəvəsi, atı, ulağı olan alaçığını sö-küb keçəsinəcən heyvana yükləmişdi. Kim nə bacarmışdı-sa, evindən götürmüşdü. Yük heyvanı olmayan, gümanı bir eşşəyə, ya qoca öküzə gələn kasıb-kusub uşağını, azca ərzağını xurcuna yığıb tay-tay eləmişdi. Köçəri, karvana çevrilmiş atların, dəvələrin dalınca öküzlər, ulaqlar, qo-yun-keçi arxası şələli arvadlar, qız-gəlin yurddan uzaqlaş-mışdı. Harasa, ucqar dağ kəndlərinə üz tutmuşdular.

Durna qarı… Durna qarı oğluyla üzə durmuşdu dü-nən:

– Hara gedəcəm? Hansı ayaqnan köçlə ayaqlaşa-cam? Mən heyvan minsəm, uşaqların uruzusun nəyə yük-lərsən? Özlərin nəyə mindirərsən? Siz gedin. Qoca arva-dam. Heç nədən qorxum-zadım yoxdu. Ütü keçər, qayı-darsız yurda.

– Axı, heç kim qalmır?

– Noolsun, Allah kərimdi. Bir az unnan-zaddan qoy dağlarda məniyçin. Allah kərimdi. Bir-iki günə dönərsiz…

– Ana!

– Bəsdi, başım qağdı… Siz köçün gedin…

Obada cəmi bir adamda bir “pişdov” varıydı. Yağıya müqavimət göstərmək bu yurdda mümkün deyildi. Kişi-lər fikirləşirdilər ki, “dağ yeri olsaydı, qayalara, kahalara sığınardı arvad-uşaq, özümüz də daşnan, baltaynan, ya-baynan bir iş tutardıq bəlkə. Bu yurd düzdədi, əli-tüfəng-li, top-topxanalı urus, ley cücə dənləyən kimi dənlər ha-mımızı…”

Durna qarı sözü keçən ağbirçəkdi elinin, obasının içində. Odur ki, oğlu bir söz deyə bilmədi arvadın dürüst dəlillərinin qabağında. Dolmuş gözlərini anasından çevi-rib köçünün dalınca yollandı. Durna qarı yurdda təkəm-bir qalmış alaçıqlar içində qaralan alaçığının qapısında durmuşdu. Batan günəşin dalıycan yollanan camaatına baxırdı. Ürəyi sakitdi. Zahirində heç bir həyəcan əlaməti duyulmurdu, amma beynindən acı, istəmədiyi fikirlər ildırım sürətilə axırdı. Qarı hiss edirdi ki, bu ayrılıq axi-rət-dünya ayrılığıdı. Bu ayrılığın dalında ürəyi ona görüş sevinci xəbər vermirdi. Axşam qaş qaralanacan alaçığın dövrəsində hərləndi. Yadına qonşu Pirzadanın koması düşdü: “Görəsən Pirzadagil Səlim babanı da apara bildi-lərmi?” İnanmadı ki, yaşı çoxdan yüzü ötmüş Səlim baba yurdu tərk edə. Arvad Pirzada-gilin alaçığına yaxınlaşdı. İçəridən nəsə bir hənirti duydu, alaçığın qapılığını qaldı-randa yatağında inildəyən Səlim babanı gördü. İxtiyarsız çarqatının ucunu ağzına tərəf çəkib yaşmaqlandı:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации