Текст книги "“Gülüstan”dan öncə"
Автор книги: Cəfərzadə Əzizə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 11 страниц)
– Ay ağzı yava, xanın balalarıdı, axı. Özü cəhənnə-mə…
Fatma xanım hirsini unudub diksindi, özünü yığış-dırdı, doğrudan da, “Güləndam Günüsü küçükləyə bilər, amma bu uşaqlar, axı, xanın nütfəsindəndi, deməzlər ki, nə cürət eləyib xanzadələri küçüyə oxşatmısan? Başıma ağrı qəhətdi, nədi?”
Qapı geniş açıldı, qabaqda Güləndam xanım, yanınca iki kiçik qızı Bədircahan sultanla Hüsnicahan sultan, onun dalınca Məlik qızı Nəfisə sultan öz qızı Sara bəyimlə içəri daxil oldular. Hərə öz yerini tutdu, üzlərdə sevinc, gözlərdə təbəssüm işıq saçırdı. Bir az keçmiş Mustafa xa-nın bacıları Kafiyə sultan, Balaş xanım, Xədicə sultan və analığı Abidənin bircə qızı Səadət xanım gəldi. Əmisi oğ-lu Qasım xanın arvadı Kafiyə sultan, oturan xanımların həm baldızı, həm də qayınxatısı sayılırdı. Xanımlar bə-zək-düzəkdə sanki bir-birilə bəhsə girişmişdi. Hamısının əynində tirmə, kimxa, məxmər, şəmsi-qəmər tuman, əyin-lərində qanovuz, zərdur, zərxara köynək, tirmə, iynəbat-maz-qayçıkəsməzdən arxalıq, başlarında bənarə, qaz-qaz örpək vardı. Əslində arxalıq, xüsusilə köynəklərin adı vardı, özləri xanımların üstündəki qızıl, mirvari və qaş-daş bəzəklər altında itib batmışdı. Xüsusilə silsilə, şəddə mirvari, iri, şəbəkə quranqabı, boğazaltı, sinəbənd üst-üstdən sinələrini tutub qızıl pullardan düzəldilmiş ətəkli-yəcən axıb gəlirdi. Qızıl arpa düzümünə qatılıb yaxalığı tutan iri kəsmələrin üstünə həkk olunmuş günəş şəkli şə-fəq saçmaqda əsil günəşdən geri durmurdu. Qulaqlardakı piyalə, qozalı, qırxdüymə, üçdüymə sırğalar, alınlardakı gülpərəklər, qollardakı həsiri, əncaməli, “gül-qolbaq” bilərziklər, topuqlardakı mirvari xalxallar, barmaqlardakı almaz, brilyant, yaqut, zümrüd, kəhrəba, zəbərcən, əqiq, şəvə firuzə üzüklər, əllərdəki naxışlı xına, saçlardakı qaş-daşlı telbasanlar göz qamaşdırır, xanın kimə daha çox meyli olduğunu göstərirdi. Dillərin altına qoyulmuş hil dənələrinin ətri yaxalıqların altına vurulmuş mixəyin iyi-nə qarışıb adamı bihuş edir, otağı doldururdu.
Baldızlar, bibilər içəri girəndə xanın arvadları Gülən-dam xanım, Fatma bəyim, Məlik qızı Nəfisə sultan, Mina xanım, onların kiçik qızları Bədircahan sultan, Hüsnica-han sultan və Sara bəyim dik ayağa qalxdılar, hörmətlə baş əyib salam aldılar. Qızlar cəld gülə-gülə, qızara-qızara bibilərinin yanına tələsdilər, onlar üçün hazırlanan döşək-lərə tərəf çəkib, əllərindən öpdülər. Kafiyə bibi hamıdan yaşca böyük olduğundan onun üçün xüsusi yer, rahat dö-şək, dirsəkaltı və kürəyinə söykənəcək yastığı hazırlan-mışdı. Bibi, qızların yanağını əlləşdirib, üzlərindən öpdü, gülə-gülə dedi:
– Hə… Ay şeytanlar, hələ xan atanızın əvvəlinci toyunda əhd eləmişdim ki, sizin kimi gözəl-göyçək qızları da olsun, toyunuzda oynayım, hayıf ki, qocalmışam, day hay-hayım gedib, vay-vayım qalıb. Atam oğlu qadasın aldığımın dalbadal oğlu oldu. Axırı ki, bu arzuma da çat-dım. Nişanınızı görməmiş ölmədim. Ürəyim gedir nişan, qız toyuna hazırlıq məclisindən ötəri. Aaaz, qız anaları, – deyə arvad bacıları ilə birlikdə döşəkçələr ustündə yer-lərini rahatladıqdan sonra üzünü gəlinlərinə tutdu, əlavə elədi, – Qız anaları, bəs hanı ağzımızın şirinliyi?
Güləndamla Məlik qızı bir səslə dilləndilər:
– Bikə soltan19, bu saatca, elə sizin gəlməyinizi gözlə-yirdik.
– Meyvədən-zaddan…
– Hazırdı, Bikə soltan, hazırdı. Könlün nə istəyir, on-dan da olacaq.
– Bəs nədi? Sonra sizə bir baldızlıq görkəzərəm, biri də yanından çıxar.
Süfrə hazırlığı başlandı. Kənizlər aralığa dəstərxan saldılar. Meyvəcat dolu yastı səbətlər, badamburma, şə-kərtıxma, məşhur razyana ətirli Şirvan ovmafətiri, bal-lıbadı, qutab qalanmış gümüş sinilər, üzü darçınla müxtə-lif həndəsi cisimlər, gül-çiçək, ad yazısı, məhəbbət kəlmə-lərilə bəzədilmiş firni, üzərinə qozla bəzək vurulmuş su-cuq, zəncəfilli tərək, püstə içilə, südlə bişirilmiş müşrifi, badamlı “balağdərviş” çəkilmiş çini boşqablar, reyhan, zəfəran, lumu şərbətləri, ovşaralar, lumu-pərvərdə, zəncə-fil-pərvərdə tökülmüş ibriqlər, dolçalar, kuzələr, bardaq-lar, gülab səpilmiş qardan ağ, şəkərdən şirin, yağdan zə-rif peşmək, iriştə-xətai dəhmərlələri, qoz, fındıq, püstə, badam içi qalanmış xırda məcməilər, gülab-zənlər, şərbət-danlar ortaya düzüldü. Cariyələr, kənizlər işlədikcə Gü-ləndamın yanında – baldızına yaxın yerdə əyləşmiş Fat-ma bəyim təşəbbüsü əlinə aldı, qız anaları Güləndam və Məlik qızı Nəfisə sultanın əvəzinə baldızlarına hesabat verməyə başladı: oğlan evi üçün nə kimi hədiyyələr ha-zırlandığını, nişana Şamaxı çəngi dəstəsinin çağırıldığını, hansı xanəndələrin dəvət edildiyini, kimə nə kimi paltar alındığını bircə-bircə saydı. Nişana hardan, hansı xan-lıqlardan, kimlərin dəvət olunduğunu bildirdi. Baldızlar-dan Balaş xanım saydan yorulmuş kimi dilləndi:
– Nə çoxdu, aaaz?
– Olar da… İki qıza birdən nişan eləyir, qadasın aldı-ğım. Hələ bu harasıdı? Qadasın aldığım iki toyu bir elə-yəndə görərsiz hələ. Xəsyətidi qoşa-qoşa toy eləmək. Özünə də elə Güləndamnan Fatmanı bir vaxtda, Nəfisəy-nən Minanı bir vaxtda aldı. Hələ eşitmişəm ki, qabaqda genə özünə iki toy eləyəcək. Gələn il Hüsnicahan qızım-nan tək düşməsin deyib özünə də toy vurduracaq. Ha-ha-haaa!
Qadınlar hamısı bütün bunları bilsələr də, birdən-birə sayıldığından özləri də təəccüblənib uğundular. Amma “gələn il özünə də” sözlərindən xan xanımlarının hamısı-nın ürəyinin ən dərin yerində bir damar tərpəndi, sancdı. “Başıma xeyir”, – düşündülərsə də, gözləri yaşaranacan gülüb heç bir şey büruzə vermədilər. Sanki söhbət öz üzərlərinə artan gələcək günüdən getmirdi, söhbət başqa-sı haqqındaydı.
Arvadlar nigaran qaldılar. Tək bircə şeydən xəbər tuta bilmədilər: gecə ən yaxın əqrəbasilə xəlvətə çəkilən xan, vəliəhd məsələsinə yenidən qayıtdı, ya qayıtmadı.
GÜLXATIN ANA
Gülxatın neçə gün idi ki, Teymurazın yolunu güdür-dü. Daldalarda durub oğlanın gedən vaxtını, gələn vaxtı-nı qaralayır, xanzadəni təkbətək görməyə can atırdı. Ana ürəyi övladlarının heç birindən keçə bilmirdi. Nə doğub böyutdüyü qızından, nə körpəlikdən qolları üstündə çağ-layıb daşan, boya-başa çatan Teymurazdan. Qız üçün rüsvayçılıqdan, oğlan üçün xan qəzəbindən qorxurdu. Teymuraz bəyin yolunu güdə-güdə düşünürdü: “Axı, mən ona nə deyəcəm? Deməz ki, nəsihəti qızına ver? De-məz ki, qanqal olub yolumun qırağında bitib? Ağbaxt olmuşu danlamaqdan, deyinməkdən yorulmuşam… Elə hey gözünün yaşını ab-leysan kimi tökür. Elə hey gözüm-dən oğurlanıb bulaq başına tək qaçır. Bilirəm ki, görüşə qaçır. Neynim, neceliyim, Allah? Ay gözə görünməz, neyşə ürəyinə öz göbəkkəsməsinin məhəbbətini salma-dın? Axı, – “əmoğluynan əmiqızının kəbini göylərdə kəsi-lir”, – deyirlər. Bəs hanı, bizə nöş düşmədi o baxtdan?”
Bu gün Gülxatın arvadın baxtı gətirdi. Xanzadəni elə uzaqdan, qara köhlənin üstündə oturuşundan tanıdı. Tək idi, ovdan qayıdırdı. “Qurbanı olduğuma Tanrım bir otu-ruş-duruş, bir gözəllik verib ki, çoxlarının ürəyinə köz ba-sıb. Bədbəxt balamı yoldan eləyən elə bu döyü bəyəm?”
Atlı yaxınlaşdıqca cavanlığı hələ üstündə, şax duru-şunda, qırışsız sifətində, dingə altından təkbir görünən şəvə saçlarında bəlirən Gülxatın ana Teymurazı seyr edir-di. Oğlan yəhərin qancığabağısına bir neçə kəklik vurub asmışdı. Yaxınlaşdı… Teymuraz da dayəsini elə uzaqdan tanımışdı. Ürəyi səksəkəliydi. Görəsən duyubmu, bilir-mi? Bilirsə, nə deyəcək? Bilmirsə, niyə kəsib yolumun üs-tünü? Aşkar görünür ki, məni gözləyir. Hər iki halda nə deyəcəyini düşünə-düşünə atın başını çəkib yavaş-yavaş, qədəm-qədəm sürür, dayəsinə yaxınlaşırdı. Və yaxınlaş-dıqca ürəyində son, qəti bir qərar əmələ gəlirdi: “Yasə-məndən əl çək desə, çəkməyəcəyimi bildirərəm. Açıq da-nışa bilsəm, utanmasam, bütün ürəyimi dayəmə açaram. O mənə danışdığı nağıllardakı “Novruzla Qəndəf”, “Ta-hirlə Zöhrə” kimi dəli eləyib məni bu arzu deyərəm. Ya-səmənin gözəlliyi könlümə elə yer eləyib ki, Fərhadın kü-lüngüylə qazsan da qopara bilməzsən, dayə!” – deyə-rəm.
Gözəllik səadətdir. Oğlan bunu gözəl təbiət qoynun-da heyrətə gələ-gələ böyüyəndə öyrənmişdi. Gözəllik qarşısında daima heyran durur, sanki bütə pərəstiş edirdi. Bu pərəstişdə qibtə vardı, raz-niyaz vardı. Arabir Yasə-mənə küsənəndə belə, səbəbi dilinə gətirə bilmirdi. Axı, məhəbbət – Adəmlə Həvva arasında yaranan o ilk mə-həbbət əbədiydi, əzəliydi. Gözəllik kimi o da insanla Ya-ranıb insanla ölürdü. Və cavanlığına baxmayaraq, Tey-muraz bəy bu əzəli və əbədi gözəllik, bu əzəli və əbədi məhəbbət qarşısında özündən asılı olmayaraq səcdə edir-di, heyran idi. Düşünürdü ki, insan, Günəşə bənzəməlidi; təbəssümü də, işığı və sıcaqlığı da hamıya eyni bərabərdə bəxş etməlidi. Amma… Amma Yasəmənin ondan başqa, birisinə belə zənaxdanlı təbəssüm bəxş etdiyini xəyalına da gətirə bilmirdi; bilsəydi, bağrı çatlardı. Bacarsaydı, şairlər kimi, – “səni şəklin düşən öz gözlərimin giləsinə də qısqanıram”, – deyərdi. Qısqanclıq sözünün mənasını bilmədən, bəlkə heç adını da eşitmədən qısqanır, duyur-du bu hissi.
Yasəmənin gözəlliyi üzündə, Teymurazın gözəlliyi bunu duyub qıza dediyi sözlərdəydi.
Gülxatın ana Teymurazın atıyla döş-döşə gələn kimi, xanzadənin üzəngisinə sarıldı. Amma nə deyəcəyini, necə başlayacağını bilmirdi.
Teymuraz söz olsun deyə dilləndi:
– Dayə, ovum qanlı olub. Gəl sənə bir cüt kəklik ve-rim. Yeyərsiz mənim sağlığıma.
Gülxatının gözləri dolmuşdu:
– Sənin sağlığın dilimin hər saatkı duasıdı, baaşuva dönüm. Çox sağ ol! Biz xan yeyən tikədən yeyə bilmərik. Qudurarıq yoxsa. Ağanın ağa, nökərin nökər yeməyi var.
– Niyə elə deyirsən, dayə? Bəyəm məni indi tanı-yırsan? – deyə qancığabağıya uzanan əlini çəkdi.
– Elə tanıdığım üçün deyirəm, qurbanın olum. Yasə-məndən sarı…
Oğlan təşvişə düşdü:
– Nə olub ki Yasəmənə?
– Bir şey olmayıb. O batmışdan üzül, qurbanın olum. Bizi qana çalxama! Demə ki, neyşə sənə deyirəm bu sözü. Elə bilmə ki, qızıma qadağa vermirəm. Verirəm, ca-nın da alıram.
Teymurazın ürəyi uçundu. Dayə Yasəməni döyür yoxsa?
– Dayə, onun nə günahı var? Sözün var, mənə de! Mənəm günahkar. Ona əl qaldırsan, elə bil, məni döyür-sən.
– İrağ canından. Baaşuva dönüm, qız xaylağı saçı uz-un, ağlı gödək olar. Sən ötüş onnan! Səni bu sinəm üstün-də bəsləmişəm. Canım qurban sənə, nə çoxdu əsilzadə qızları. Xan da, xanımlar da bu işi bilsələr, qiyamət qopar-darlar. Əmin oğlu hadisəsini yadına sal!
– Axı, biz pis əməl tutmuruq ki… İstəkdi bu, dayə!.. Allahın əmriylə…
– Heç kim razı olmaz!
– Niyə ki? Xan atam özü neçə kənizlə evlənib. Saray xanımlarının biri eləyib.
– Qurbanın olum! Sarayı sən tanımırsan. Əsilzadə xan arvadlarından o kənizlərin nə çəkdiyini biz yaxşı bilirik. Necə dodaq büzürlər. “Aaaaz, təzə xanım”, – deyib ələ salırlar. Hər işinə rişxənd eləyirlər.
– Bəs xan?
– Xan qurbanı olduğum bilir bəyəm? Kim deyəcək ona, kimdədi o cürət? Kəniz arvadlar qorxudan şikayət-lənmirlər. Hər nəsə… Əməyimi yerdə qoyma, xahişimə əməl elə! Əgər mənə, qıza hörmətin varsa…
– Yox, dayə! – deyə Teymuraz bəy qətiyyətlə dillən-di. – Yox, mən heç vaxt, ölsəm də Yasəməndən əl götür-mərəm! Xan atamın acığı tutsa, qəzəblənsə, götürüb gedə-rəm dünyanın lap o biri başına.
– Allah, sən saxla!
– Allah üstümüzdə olacaq, dayə! Təki sən incimə, onu da incitmə, dayə! Bu istək ölüncədi…
Gülxatın arvad üzəngini buraxdı. Qara köhlən sahibi-nin yüyəni boşaltdığını duyunca götürüldü. Sürətlə uzaq-laşdı.
Gülxatın ana hönkürtüylə yerə çökdü. Tozun-torpağın içində dizlərini qucaqlayıb ağladı. Balasının belə böyük bir məhəbbətlə sevildiyinə sevinərdi, əgər bu oğlan xan-zadə Teymuraz yox, bağban Teymuraz, naxırçı Teymu-raz, çoban Teymuraz olsaydı. Yasəmənə ana xeyir-duasını elə indidən verərdi. Amma… Amma Teymuraz bəy Mus-tafa xanın vəliəhdi, Şirvan xanlığının gələcək sahibi idi!.. Gülxatın ananı qorxudan da buydu.
Gülxatın ana bu son günlərdə tez-tez talesiz İsmayılın oğlu bədbəxt Fəti bəyi düşünürdü. Xanın ədalətinə gü-vənsə də, oğlanın cavanlığına hayıfsılanırdı. Odur ki, daha çox Teymuraz üçün qorxurdu: “Qızım qurban ona, xan başına döndüyüm qıza bir şey eləməyəcək. Duyuq düşsə, nə eləsə oğluna eləyəcək! Allah, sən qoru balamı rüsvayçılıqdan, xanzadə Teymurazı ata qəzəbindən! Yoox, bu işi belə qoymaq olmaz. Çatdırarlar xanın qulağı-na. Onda gəl ölünü qoy, dirini ağla. Gərək bir iş tutam. Qaynımgilə xəbər eləyəm, – “göbəkkəsmələrin vaxtıdı”, – deyəm, toy tədarükünə başladam. Yoxsa bu işdən qada əskik döyül…”
Gözlərini qurulayıb ayağa qalxdı…
XEYİR İŞLƏR
Hazırlıq ikitərəfli gedirdi. Artıq ailədə “baş hərəm” mövqeyinə keçmiş sevgili Güləndam xanım baldızı Kafi-yə xanımın məsləhətilə öz körpəsi və günüsünün təzə doğulmuş uşağının Şamaxıda, nədənsə, “şabbaxeyir” ad-landırılan adqoyma mərasimini baharın gəlişindən aza-cıq irəliyə salmışdı.
Yaxşı yadındaydı: bir gecə şam namazından sonra axşam yeməyi vaxtı Mustafa xan çox sevdiyi gürcü qızı Güləndamın otağındaydı. Xoşhallıqla yeyib-içirdilər. Xan ata təzə dünyaya gəlmiş körpəsinə baxıb-baxıb gülümsə-di, sonra da dayənin qucağına verib yatırmağa göndərdi. İkilikdə qaldılar. Qırxının çıxmasını gözləyib çoxdan bəri Güləndamı əzizləməyən, qu gərdəninə sığal çəkməyə həsrət qalmış ər, indi yavaş-yavaş “düyünü açır”, əlinin xəfif hərəkətilə Güləndamın qızıl şəbəkə qozalar hörül-müş qoşa hörükləri arasında daha da ağ görünən gərdəni-ni sığallayırdı. Xan gözlə görünməyən incə qan damar-larının olduqca xəfif bir mavilik çökdürdüyü bu ağ, qu gərdənini öpməkdən doymurdu. Az sonra şam yeməyi bitəcəkdi, xüftən namazını qılandan sonra indi şəhadət və orta barmaqlarını qoşalaşdırıb sığal çəkdiyi və sığal çək-dikcə də vücudunun alışdığı bu gərdəni öpüşlərə qərq edəcəkdi.
Bu arzu içini fərəh hissilə doldurduğu bir vaxtda ya-dına bir neçə aydan bəri fikirləşdiyi xeyir iş düşdü. Gülümsər gözlərilə Güləndamı süzə-süzə dedi:
– Sultanım mənim, necə bilirsən, istəyirəm, axı oğlan-larıma Əmir Teymursayağı birlikdə bir toy vurdurum. Qızlara bir yerdə nişan qoyan kimi.
– Mənim ağam, məsləhət sənindi. Bəs hansıları deyir-sən?
– Teymuraz…
– Çox gözəl. 16 yaşındadı, olar.
– Əliquluynan Cəfərqulunu da qataq onun böyrünə. Sünnətləri də üçü bir yerdə olmuşdu.
Güləndam xanım heyrətləndi:
– Ağam, sünnət başqa, evlənib gəlin gətirmək başqa. Axı Əliqulu bəy on dörd yaşındadır, heç həddi-büluğa çatmayıb. Cəfərqulu xanın da heç on yaşı tamam olmayıb.
Mustafa xan güldü:
– Noolsun? Bəs demirəm Əmir Teymursayağı?
– Başa düşmədim, ağam.
Mustafa xan gülə-gülə:
– Canım, – dedi, – Teymurləng oğul və nəvələrinə birgə toy eləyəndə eləsi olurdu ki, 8-9 yaşı gücnən olurdu.
Bu dəfə Güləndam xanım da güldü və yenə də təəc-cübünü gizləyə bilmədi:
– Axı, balaca uşaqlar… ər-arvadlıq…
Xan qəhqəhə çəkdi. Bu qəhqəhə qonşu otaqda oturan o biri arvadların da qulağına çatmışdı. Xüsusilə keçən il xanın təzəcə evlənib özünə “birgə toy” elədiyi Məlik Mahmud Əlvəndinin qızı ilə kənizlikdən “əli xan ətəyinə ilişmiş”, “xan öpüb xanım olmuş” Mina xanımın içində həsəd hissilə əks-səda verdi. Əslində xanın “iki toyu bir düyünü batman” elədiyi bununla da bitmirdi. O, 1801-ci ildə şəkili Hüseyn xanın qızı Fatma bəyimlə gürcü gözəli Güləndamla da birgə toy-büsatı qurdurub evlənmişdi.
Xan sözünə davam etdi:
– Gülüm Güləndamım, ər-arvad nədi? Onu kim de-di? Balaca bəylərə gəlini “ev qızı-ev gəlini” gətirəcəyik. Oturub gəlin-gəlin, evcik-evcik oynayacaqlar özləriyçün.
Vətənində belə adət görməyən Güləndam da qəhqə-həylə güldü.
O biri otaqda Nəfisə sultanın ürəyi sancdı, qulağı şəkliydi, ürəyi intizarda, qulağı səsdəydi. Əvvəlcə ərinin, sonra da günüsünün qəhqəhəsini eşidəndə: “Bəxtəvər başımıza… Xan qızı, təzə gəlin, qucağı ilk körpəli arvad qalıb, üçünü küçükləmiş kafır qızı xanı çəkib kamına… Qurdu ulayıb zalımın. Yoox… Gərək baxdıram. Yəqin ka-fır cadugərlərinə pitik yazdırıb, o biriləri gözdən saldırıb. Deyirlər axı cuhudun, kafırın tilsimi güclü olur. Bu da tilsimləyib xanı. Yoxsa həftə bilmir, ay bilmir, gün bilmir, o biri cavanəzən arvadları intizarda gözüyaşlı qoyub qa-çır əsli-nəsli bilinməyən Güləndam xanımın yanına. Bax-dıram gərək!”
Xan isə söhbətin davam etdirib Güləndama deyirdi:
–Bilirəm ki, Cəfərqulunu çox istəyirsən. Gözünün ilk ovudu, ilkindi. Amma o birilər də mənim ilk ovumdu. Anaları onları çox tez yetim qoydu. Pəricahan öləndə Teymurazın heç bir yaşı tamam olmamışdı. Elə Əliqulu da Yasəmən rəhmətə gedəndə bircə yaşındaydı. Hər ikisi-ni bacım Kafiyə böyüdüb. İndi sən də öz ilkin Cəfərqulu-nun xatirinə onlara da analıq elə. Allah mərhəmətini əvəzsiz qoymaz. El də, oba da, qohum-qardaş da, rəhmət-lik Pəricahanın atası Məhəmmədsalah Muğanlı da nəvəsi Teymuraz xətrinə səndən çox-çox razı qalar.
Güləndam süfrənin kənarını hamarlaya-hamarlaya, çarəsiz dilləndi. Bayaqkı gülüşdən üzündə əsər qalma-mışdı:
– Təki sən razı qal, ağam! – dedi. Ürəyindəsə, – “oğ-lumu vəliəhd görsəm…”, – düşünərək sözünə davam etdi. – Təki sən razı qal, ağam! Axı heç demədin ki, Cəfər-quluya kimin qızını məsləhət bilmisən?
Xan Güləndamın səsində, sifətində dəyişiklik duysa da, fərqinə varmadı, sadəcə bunu “yetimlərin halına yan-maq” kimi düşündü, qəlbində Güləndama “afərin” deyib cavab verdi:
– Sənə bir gəlin gətirəcəyəm ki, səhər-axşam gəlincik kimi qabağına qoyub oynayacaqsan.
Sonra nə xatırladısa susdu. Güləndamını bu xoş gecə-də kədərləndirmək istəmirdi. Elə dünən Rusiyadan gələn tacirlər xəbər gətirmişdi ki, “urus firəngin atasını yandı-rıb. Qələbə Urusiyətindi”. Bir neçə ildən bəri Kürəkçay bağlaşmasından sonra, – “Rus padşahının başı özünə qarışıb. Bəlkə daha bizim xanlıqların yaxasından əl çəkə. Sovuşdu…”, – deyə düşünən bəzi xanlar, qohumlar, dost-lar arxayınlaşmışdı. Birləşmək, birgə xanlıqlar qoşunu yaratmaq çıxıb getmişdi işinin dalınca. Hərə öz kefindəy-di. Yenə də əski çəkişmələr işə düşmüşdü. İndi Mustafa xan bu xəbəri eşidincə, – “Hə… Başı açılan kimi düşəcək xanlıqların üstünə. Onunku bizdən ötüb İranı, türkü ələ keçirməkdi. İştahı da böyükdü, qoşunu da top-topxanası da… Allah saxlasın biz saxlaya bilməyən milləti”, – deyə düşünmüşdü. Elə uşaqları da bu tezlikdə, bu tələsikdə, “iki daş arasında” evləndirmək, “baş-göz” eləyib arxalı qohumlara “söykək” etmək istəyi də bu xəbərdən, bu dü-şüncələrdən sonra başına düşmüşdü. Özü də elə qohum-lar seçməliydi ki, dar gündə, ağır ayaqda oğullarına arxa-kömək ola bilsin. Xan bu fikirləri qəlbinin dərinliklərində gizlədib Güləndama söyləməsə də, səsinə bir sakitlik, bir həzinlik çökdü:
– Dünyanın işini bilmək olmaz, Gülüm, sultanım. Uzaq olsun, xanlığın başına bir iş gəlsə, tək qalmazlar.
O, “xanlığın”, – dedi, – “sənin, mənim”, – demədi.
– Elə qızların da “qamqalaqlaşan” kimi hərəsini arxa-lı xanlara, bəylərə “ev qızı, ev gəlini” tapşırmağının səbə-bi bu idi.
O, yenə də, – “tapşırmaq”, – dedi, – “qoyub qaçanda, qaçaqaç vaxtı namusları əllərə düşməsin”, – demədi.
Nədənsə, səbəbini bilmədən Güləndamın da səsinə bir həzinlik çökdü. Bayaqkı qəhqəhələr otağı tərk etmiş, aralıq sükuta qərq olmuşdu.
O biri otaqda Nəfisə sultan bu sükutun səbəbini özü düşünən kimi yozdu. Ona elə gəldi ki, sevimli ərinin, “kafırqızı” günüsu Güləndamı qolları arasına alıb köksü-nə sıxdığını, hil-mixək qoxulu dodaqlarından şərbət içdi-yini gözlərilə görür. Öz ağzından hil, mixək dənəcikləri əskik olmayan kimi… yəqin Güləndam da…
Köynəyinə qor doldu. Uşağı dayədən aldı, üzünü qundağın ipəklərinə qərq edib bala ətrindən təsəlli alma-ğa, sakitləşməyə çalışdı. Mustafa xan onu, – “Nəfisəm-nəfisim”, – deyə az qucmurdu. Elə indicə orada, o biri otaqda Güləndamı qucduğu kimi… Həsəddən yanan gü-nü gözlərinin gördüyü kimi…
O biri otaqdaysa hələ Nəfisənin düşündükləri deyil, başqa söhbət gedirdi. Nəfisənin xəbəri olmadan onun da balasından danışılırdı. Güləndam deyirdi:
– Kafiyə sultanım bu günlərdə bizimlə Nəfisə xanı-mın qızlarımıza şabbaxeyir düzəltməyi məsləhət görürdü.
Xan həyəcanlı fikirlərinin başqa istiqamətə yönəlmə-yinə ürəyində çox sevindi. Gülümsədi, yenə də barmaq-ları Güləndamın bəyaz qu boğazına uzandı:
– Nə deyirəm ki, bacım məsləhət bilirsə, hamınız yığışın. Nə gərək olsa, gözüm üstə…,
– Gözlərin ağrı görməsin, ağam. Deyirəm, elə salah bilsən, uzaq qohumlar birdəfəlik gələr. Əvvəlcə arvad-uşaq adqoyduda əylənər…
Xan gülə-gülə onun sözünü kəsdi:
– Nə deyirəm ki… Siz burda kef elərsiz, biz kişilər də ova çıxarıq. Oğlanların xeyir işinin hazırlığı başa gələnə-cən. İndisə…
Ər əlini gərdəndən üzüaşağı sürüşdürdü, köksdə gəzdi və “Şirvan arxalığı”nın sıxdığı beldə dayandı, kəm-əri açdı və incə belə sarıldı. Yetişkən kişi ağuşu vücudu-nu sıxdıqca Güləndam şərabsız məst olmuşdu.
Səhəri gün Kafiyə sultan gələn kimi, xan otağına qar-daşıyla görüşə keçdi və elə həmin saatdaca bacı-qardaş üçün qəlyan, meyvə aparan cariyələr şad olduğu qədər də gözlənilməz xəbəri saray adamlarına çatdırdılar. Ad-qoy-ma mərasimi, əlbəttə, gözlənilirdi. Uşaqların adları bəl-lənmişdi, amma rəsmi adqoyma qonaqlığı keçirilməmiş, molla gəlib qızların adını “qulağına çəkməmişdi”.
Nişan məsələsi isə heç danışılmırdı. 16 yaşlı Teymu-raz bəyin anası Pəricahan xanım sağ olsaydı, bəlkə də bu, tez-tez söhbətlərin mövzusu ola bilərdi. İndisə…
İndisə birdən-birə xan ata üç oğluna “birgəm” nişan eləmək istədiyini bildirirdi. Xanın da ki, bir sözü iki ola bilməzdi və olmadı da.
Teymurazın arzularından xəbərsizdi xan ata. Amma bilsəydi də qərarını dəyişən, uşaq-muşaqla məsləhətləşən deyildi.
Günorta namazından sonra Mustafa xan, Kafiyə sul-tan, Güləndam, Fatma bəyim, Nəfisə sultan və Mina xa-nım xəlvətə çəkildi. İki zahı otağa ayrı-ayrı qapılardan da-xil oldu. Kafiyə sultanın göstərişilə onlar əvvəlcə bir-biri-nin qulağına döşlərindən süd sağdılar. Əslində bu süd deyildi – kitrəydi – ağuzdu. Uşaqlar ana döşü əmmədi-yindən süd çoxdan qayıtmışdı. Sonra da zahılar yaxala-rındakı sancaqlardan birini açıb dəyişdilər. Bütün bunlar ona görə edilirdi ki, zahılar “çillə”yə düşməsinlər.
Bu mərasimi gülə-gülə izləyən Mustafa xan öz qərarı-nı, daha doğrusu, kimlərlə qohum olmaq, kimlərin qızını oğlanlarına nişanlamaq fikrini onlara açdı. Bir neçə gün idi ki, o, götür-qoy edib düşünüb-daşınmışdı. Hər oğula bir neçə evin qızını namizəd seçmişdi. Daha sonra onlar-dan biri üzərində dayanmışdı. Bu “siyasi nikahlar” xanın öz nikahları kimi ayrıca vəzifə daşıyırdı. Ona görə də xan seçdiyi qızların gözəlliyindən artıq onların atalarını, əqrəbasını düşünmüşdü.
Qızların adı bir-bir çəkildikcə Kafiyə sultan və ya Fat-ma bəyim sözə qarışırdı. Birinci namizəd haqqında xanın bacısı danışdı:
– Bıy, Allah qismət eləsin, qardaş, durnanı gözün-dən vurmusan. Anasını görmüşəm. “Anasına bax, qızın al”, – deyiblər. Allah saxlamış bir qabliyyətli, dilli-tavazalı candı… Tayı-bərabəri yoxdu. İnşaallah, qızı da özünə oxşayar.
İkinci namizəddən danışılanda “böyük arvad” möv-qeyindən Fatma bəyim dilləndi:
– Hə… qismətdisə, iişaallah, yaxşı olar. Mən o uşağı keçən il şabbaxeyirdə anasının yanında görmüşəm. Hələ qızlar bulağından su içməmiş bir gözəldi, ay parçası ki-mi…
Özündən başqa gözəl təsəvvür etməyən Güləndam xanım günüsünə etiraz etdi:
– Ağlı olsun. Üzündə xörək yeyilməyəcək ki.
Fatma bəyim cavab qaytardı:
–İndidəm qayınanalıq eləmə. Ağlı-kamalı da üzüy-cəndi. Balaca uşaq anasının dizinin dibindən ayrılmadı. Bizim də gözümüz var axı… Əluzandılıq eləmədi, heç nə-yə əl vurmadı. Nə verdilər, – “sağ ol”, – dedi.
Kafiyə sultan:
–Elədi, – deyə “böyük gəlin”in sözünü təsdiqlədi. – Elədi, “axıllı uşaq birimci sarısından bəllidi”, – deyib-lər.
Xan mübahisəni kəsməkçün üçüncü namizədin atası-nın adını çəkdi, qadınlar hamısı bir səslə bu namizədi də təriflədilər:
– Xoşbəxt olsun, Allah deyən olsun!
– Qardaş, nə yaxşı, nə yaxşı…
– Ağam, bizə tez-tez gəl-getləri var, hamımız tanıyı-rıq. Ağıllı baladı, gözəl baladı…
– Bapbalaca uşaqdı, amma bir tikmə tikir, bir gülə-bətin çəkir, ustalardan artıq. Özü də özbaşına, hazır işlərə baxıb öyrənib.
Təkcə günüləri demişkən, “doqquz ay on gün mın-nan irəli xan öpüb xanım olmuş”, kənizlikdən çıxıb xan arvadı elənmiş, “əli böyüklər ətəyinə çatmış” zahı Mina xanım söhbətə qarışmır, böyük baldızı Kafiyə sultanın, böyük günülərinin yanında yaşmaq endirib kəlmə kəs-mirdi. Xan söhbətinə davam etdi:
– İndi keçək o biri məsələyə. On günəcən qudaların razılığın alıb nişana başlayacam. Qonaqlar çağırılacaq. Hə… – deyə xan düşünə-düşünə sözünün dalısını dedi, – Bu gün ayın neçəsidi?
Möhkəm yaddaşlı Kafiyə sultan cavab verdi:
– Rəcəb ayının 18-idi.
Xan:
–Hə… Axund Mirəbutalibə məsləhət eləyək. Gün xoş-layıb desin. Nişan günü qət olunandan, qonaq çağırılan-dan soora, siz də öz işinizdə olun. Biz kişilər ova gedərik. Cəngi meşəsinin səfalı vaxtıdı. Siz də burda adqoyma məclisi qurun, kef eləyin gələn arvad qonaqlarnan, qo-hum arvadlarıynan.
Kafiyə sultan güldü:
– Bıy, ay qardaş, canım sənə sadağa, nə yaxşı, nə yaxşı! Lap ürəyimnən xəbər verdün. Hə, iki gün irəli özüm Güləndama deyirdim ki, vaxt ötür, Allaha da xoş getməz. Qızların adı qulaqlarına çəkilsin. Özüm Molla Çərkəz arvada xəbər elətdirrəm.
Təkcə Molla Çərkəz arvada xəbər elətdirmədilər. Ad-qoyma mərasimi qadınların az qala “qızyığdı”, ”xınayax-dı” kimi əyləncələrindən ən çox sevilən, fərəhli keçən yığıncaqdı. Heç bir qonaqlıq bu adqoyma kimi şən keç-mirdi. İki günün hazırlığından sonra bu sabah həyət ocaqlarına iri teştlər qoyuldu. Baş aşpaz yağı teştlərə ən-dərib, xalis sarı buğda ununu qovurmağa başladı. Kö-məkçisi iri qəhvədanlarda, sərniclərdə, satıllarda qaynar su hazırlayıb ustanın yaxınına çəkdi. Usta aşpaz iri taxta çömçəylə təzəcə sarıkök və zəfəran vurduğu unu qovu-rur, durmadan qarışdırırdı. Un azacıq qızarana yaxın köməkçi aşpaz qaynar suyu yavaş-yavaş teştlərə tök-məyə başladı. O, tökdükcə usta cəld hərəkətlərlə qarışdı-rır, yumrular əmələ gəlməsin deyə ara vermədən xəşil, horra kimi bir kütlə yaradırdı. Doğrudan da az sonra teşt-də içərisində noxud boyda belə yumrulanmış xəmir olma-yan sarı-qızılı quymaq durusu əmələ gəldi. Bundan sonra usta aşpaz ocağın altını çəkib odu azaltdı. Teştin üstünə iri məcməyilər çevirdi və dəmə qoydu. Azı bir saat dəm-də qalmalıydı quymaq. Yalnız bu zaman onun altında qa-lın, dadlı qazmaq əmələ gəlir, yağını “qusub” açıq mixəyi rəng alırdı. Bu zaman quymağı dayaz boşqablara çəkib, üstünə bal, darçın, zəncəfil, quluncan kimi əzilib kalağa-yıdan keçirilmiş, kirşan təki narın ədviyyə səpilir, süfrəyə verilirdi. Quymaq adqoyma məclislərinin baş xörəyi, bir növ “toyuqpilovuydu”. Amma quymağın yanında müt-ləq meşə üzümünün, pip və heyva ağaclarının körpə yar-paqlarına bükülmüş dolma, çələmirt küküsü, üzərinə dar-çınla mühüm qonaqların və çağanın təzə “qulağına çəki-lən” adı yazılmış firni, buğda ununun nişastasından bişirilən kəhrəba rəngli şirin noğultərək, meyvə və şərbət-lər verilirdi.
Quymaq dəm aldıqca böyük salonda aləm idi. Qızlar, gəlinlər al, çəhrayı qızılgüllər, qərənfillər, yasəmənlər, inciçiçəkləri ilə rəqabət aparırdı. Qocalar da zərdur, kim-xa, tirmə, məxmər tuman və arxalıqlarının, köynəklərinin ətəyindən ətəkliyi, sinələrindən gərdanlığı, qollarından qolbağı, barmaqlarındakı üzükləri çıxarmayan yaşlı ar-vadlar yuxarı başdan divar boyu düzülmüş döşəkçələrin üstündə oturmuş, gülərüzlə gənclərin əylənməsinə, rəqs-lərə tamaşa edirdilər. Gəlinlərin, qızların əlvan geyimi “Al ilən abı – bəylərin babı”, “Alınan yaşıl – əcəb yaraşır” kimi bahar çiçəkliyinə meydan oxuyurdu. Ortada oynayan qızlar birdən aralanıb aşağı divar dibinə çəkildi-lər.
– Surə…
– Küdə surə…
– Surə gəlir.
Pıçıltılar ucaldı, üzlərdəki sevinc bir qat da çoxaldı. Yan qapının pərdəsi aralandı. Goppuş, liliput arvad içəri girdi. Bu, məclislər bəzəyi “Güdə Surə”ydi. Qısa qollarını yanlarına çırpa-çırpa banlayır, qırt toyuq kimi qırtıldayır, mələyir, böyürür, anqırır, kişnəyirdi. Bütün heyvanları və quşları elə məharətlə yamsılayırdı ki, gözlərini yumub yalnız səsini eşitsən, doğrudan da, yanında məhz atın kişnədiyini və ya əmişə gələn qoyun-quzunun mələşdiyi-ni zənn edər, inanardın. Surənin xoruz səsi çıxara-çıxara fərəyə cuman kimi bir məzəli oyunu vardı. Qızlar gülə-gülə “xoruz”dan qaçır, bir-birinə sığınır, müxtəlif atmaca-larla Güdə Surəni daha da həvəsləndirir, cırnadırdılar.
Bu əyləncədən yorulanda Güdə Surə oyuna cəlb etdiyi qızlarla birlikdə “oğlan evinə gedib gəlin gətirənlər”in təqlidini çıxarmağa başlardı.
Dəvələr qatar-qatar, a sultan xanım,
Elçilər qapıda yatar, a sultan xanım,
Qaynanan şıllaq atar, a sultan xanım
Deyiklin kama çatar, a sultan xanım.
Qapuva elçi gəlib, qız anası,
Bağrımın başın dəlib, qız anası.
– Ay balam, bu Güdə Surə hələm indi elçiliyə gedir, çox uzun çəkər bunun oğlan toyu eləməsi, qız alması… Bəlkə qonaqlar bir səfər yeyib-içə, qalanı duadan sonraya qala?
Heç kəs bu səsə səs vermədi. Hamı gülə-gülə deyirdi:
– Yooox… Ac deyilik.
– Qoy başa vursun.
– Soora ara soyuyar.
– Baxaq, baxaq.
Cavanlar daha çox arzulayırdı ki, oyun davam etsin. Rəqs davam etdikcə qızlar:
– Çıqada çıqqo bəsdi. Səknəbadam çalın, – dedilər.
Əmr yerinə yetdi. Dövrə vuran qızların arasında yu-murlana-yumurlana, qısa qollarını ata-ata Güdə Surə:
Səknəbadam, badamı
Gün yandırır adamı.
Əvvəl sənə mən qurban
Sonra kəndin adamı…
–deyə-deyə xanım qızlardan kimisə qaralayıb oxu-yurdu.
Güdə Surə öz işindəydi. İndi də qız anasını yamsıla-yırdı:
Yorğan-döşəyi al-məxmərnən üzlərəm, qızım!
Qapıya toy gələnəcən gözlərəm, qızım!
Nökər-qulluqçunu bizlərəm, qızım!
Sonra da oğlan anasının dilindən deyirdi:
Bu dağlardan keçmişik,
Bulaqlardan içmişik.
İnci-mərcan içindən,
Bircə yaqut seçmişik.
Sizin bağa girmişik,
Qızılgülün üzmüşük.
Sizin qızı söömüşük
Bir “hə” söylə, ay quda!
Çalğıçılardan biri qaval çala-çala Güdə Surənin ya-nınca yeriyir, incə səslə oxuyurdu:
Al almağa gəlmişik,
Güdə Surə:
Verin qızı, ay quda!
Qaval çalan:
Şal almağa gəlmişik,
Oğlanın adamıyıq
Aparmağa gəlmişik.
Güdə Surə:
Ver gəlinimi, ay quda!
Bundan sonra Güdə Surə yengəni yamsılamağa giriş-di:
Oğlan adamı,
Yesin badamı.
Ay qız adamı,
Alsın qadamı.
Güdə Surənin əyləncələri bayram, toy, qonaqlıq və adqoyma mərasimlərindən başqa heç bir əyləncə yeri olmayan qız-gəlin üçün bütöv bir nağıl dünyasıydı. O da ki hər gün deyil, heç həftədə bircə dəfə də düşmürdü. Odur ki, Güdə Surənin sadə, bəsit oyunlarından həzz alır, doymaq bilmirdilər.
Bununla belə vaxt çatdı. Kafiyə sultanın işarəsiylə Güdə Surəni çəkib qız-gəlinin əlindən alıb apardılar. Gənclər daxili bir təəssüf hissilə öz yerinə keçib əyləşdi-lər. Süfrələr döşəndi. Quymaq, dolma, firni və tərək boş-qabları məclisə paylandı. Xaş-xaşlı külçə çörəklər, yaylaq pendirilə birlikdə süfrəni bəzədi. Yemək-içmək bitənə ya-xın bir cüt qundağı gətirdilər. Birini yuxarı başda əyləşən Molla Çərkəzin sağındakı Kafiyə sultanın, o birinisə solda oturmuş Fatma bəyimin qucağına verdilər. Hər iki ana – Güləndam xanımla Nəfisə sultan buradaca əyləşib fərəhlə çağalara gözlərini zilləmişdilər.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.