Электронная библиотека » Cəlil Məmmədquluzadə » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Cəlil Məmmədquluzadə


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

– Ay xanım, mən istəyirəm sənin sağlığına içim. Buyur, mənə çaxır gətirsinlər. Urra, urra!

Nökərlər butulkaları başladılar daşımağa. Qurbanəli bəy bir stəkan içib, genə başladı fırlanmağa, genə başladı dolanmağa.

Bir qədər keçdi, genə bir stəkan içib, çığırdı:

– Xanımın sağlığına, – və genə başladı dolanmağa, bir qədər keçəndən sonra yorulub çəkildi kənara və bir stəkan çaxır doldurub nökəri Kərbəlayı Qasımı çağırıb və dedi:

– İç.

Kərbəlayı Qasım başladı yalvarmağa:

– Ay ağa, sən bilirsən ki, mən içmənəm. Aman günüdü, məni çövür balovun başına, mən içə bilmənəm.

Bəy bir qədər də nökərini yaxalayıb gördü ki, içmir və çaxırın bir azını tökdü Kərbəlayı Qasımın üstünə və bir azını da özü içdi.

Ağalar və xanımlar məşğul oldular çay içməyə. Qurbanəli bəy də gedib bir tərəfdə oturdu və üzünü tutub dedi:

– Mənim nökərim Kərbəlayı Qasım lap biqeyrətdi. Mən indiyə kimi nə qədər eləmişəm ona bir qətrə çaxır içirdə bilməmişəm. Deyirəm ki, axı ay axmaq, sən ki üzümü yeyirsən, axı bu nədi ki? Üzüm suyu deyil məgər? Nə qədər eləyirəm, içmir.

Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. Qurbanəli bəy qəh-qəh çəkdi və dedi:

– Necə qanmır? Çox yaxşı qanır. O məgər qanmır ki, çaxır üzümdən qayrılır? Çox əcəb qanır. Ancaq biqeyrətdi, onun üçün içmir.

* * *

Yarım saata kimi ağalar və xanımlar çay içməyə və söhbətə məşğul oldular. Kəndlilər də yallı gedirdilər. Xanımların biri hərdənbir əllərini basırdı qulaqlarına və ərinə şikayət edirdi ki, zurnanın səsindən az qalır qulaqlarım tutulsun. Pristav xanımın gileyini başa düşəndən sonra toyçulara çığırdı ki, daha çalmasınlar. Toyçular sakit oldular.

Toyun səsi kəsilcək Qurbanəli bəy üzünü toyçulara çöndərib çığırdı:

– Ədə, çalın, namərdlər!

Pristav bəyə dedi ki, toyun səsi xanımlara xoş gəlmir, qoy çalmasınlar. Qurbanəli bəy durdu ayağa, pristava dedi:

– Mən ölüm, qoy çalsınlar, mən istəyirəm, oynayam. Pristavın cavabını gözləməyib Qurbanəli bəy toyçulara çığırdı:

– Ədə, çalın! “Uzundərə” çalın.

Toyçular hazırlaşırdılar çalmağa. Naçalnik durdu ayağa və börkünü başına qoyub dedi:

– Bəy, hələ sonra oynarsan. Göndər nökərini, sizin atınızı çəkib gətirsin, mən istəyirəm, ata baxam.

Qurbanəli bəy sağ əlini qoydu gözünün üstünə və dedi:

– Naçalnik, qurbandır sənə mənim atım!

Bu sözlərdən sonra bəy nökərini çağırdı:

– Kərbəlayı Qasım, tez get, atı çək gətir, naçalnik baxsın.

Kərbəlayı Qasım qaçdı və tövlədən atı çıxartdı eşiyə. Naçalnik, pristav, Qurbanəli bəy, pristavların biri və xanımların biri getdilər atın yanına. Qurbanəli bəy ata yavuqlaşıb başladı atın alnını tumarlamağa. Naçalnik keçdi atın dalına, sonra keçdi qabağına və istədi ağzını açıb dişlərinə baxsın. At başını göyə qalxızıb çəkildi bir tərəfə. Qurbanəli bəy çığırdı ata:

– Tərpənmə, axmaq!

Naçalnik genə çəkildi atın dal tərəfinə. Qurbanəli bəy yapışdı atın dodağından və ağzının bir tərəfini açdı və naçalnikə dedi:

– Naçalnik, buyur bax. Həyə inanmırsan, buyur bax, bu il dördünə ayaq qoyur.

Naçalnik yavuğa gəlib əyildi və başını uzatdı atın ağzına. At genə başını qovzadı göyə. Qurbanəli bəy hirslənib istədi atın ağzından bir yumruq vursun. At qabaq əllərini qaldırdı göyə və az qaldı noxtanı Kərbəlayı Qasımın əlindən qoparsın. Kərbəlayı Qasım asıldı noxtadan və çığırdı:

– Buna bax ha!

Sonra naçalnik Kərbəlayı Qasıma dedi ki, bir az atı dolandırsın. Kərbəlayı Qasım atı yavaş-yavaş çəkdi bir tərəfə. Heyvan Kərbəlayı Qasımın dalınca gedə-gedə hərdən alnını sürtürdü Kərbəlayı Qasımın kürəyinə və hərdənbir otərəf-butərəfə baxıb kişnəyirdi.

Naçalnik Qurbanəli bəydən yenə atın qaçmağını soruşdu. Qurbanəli bəy baxdı naçalnikin üzünə və bir söz deməyib Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi. At durduğu yerdə bir neçə arşın fasiləni sıçrayıb, üz qoydu yola tərəf qaçmağa və yarım dəqiqənin içində gözdən itdi. Yarım dəqiqədən sonra Qurbanəli bəy çaparaq qayıdıb gəldi və atı sürüb az qaldı soxulsun qonaqlar oturduğu məclisə. Xanımlar çığırışıb qaçdılar bir tərəfə və Qurbanəli bəy tez atı saxlayıb özünü tulladı yerə və durdu naçalnikin qabağında. Naçalnik bəyə dedi:

– Malades, – və bəy cavab verdi:

– Naçalnik, bu, nədi ki! Hələ sən mənim o biri atımı görməmisən. Bəlkə, onu görəsən! Bu, nədi ki, onun yanında.

Kərbəlayı Qasım atı çəkib apardı.

***

Hava qaraldıqdan sonra pristavın otaqlarında çıraqları yandırdılar və qonaqlar məşğul oldular kart oynamağa. Saat on birdə qonaqları genə dəvət elədilər xörək otağına və genə ağalar və xanımlar xörək stolunun ətrafına düzülüb başladılar şam eləməyə. Naçalnik cücənin ətindən bir-iki tikə yeyəndən sonra götürdü çaxır butulkasını və başladı əvvəl öz stəkanını, sonra qonşularının stəkanını doldurmağa və sonra ayağa durub stəkanı uzatdı pristavın arvadına tərəf və dedi:

– Bu gün bizim buraya yığışıb belə ləzzətlə vaxt keçirməyimizə siz səbəb olubsunuz. Buna cəhət mən bu stəkanı içirəm sizin sağlığınıza.

Bu sözləri deyib naçalnik stəkanı vurdu xanımın stəkanına və çaxırı içib oturdu. Yavuqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. Qurbanəli bəy də yerindən qalxıb, dolu stəkanını götürüb vurdu xanımın stəkanına və xanımın başının üstündə durub dedi:

– Mən özümü bu gün xoşbəxt hesab eləyirəm ki, bu məclisdə varam. Allah sənin ərin Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Ondan ötrü ki, çünki nə qədər ki, Mixail Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt idilər, mən də bədbəxt idim. Ondan ötrü ki, bilmirəm nədəndirsə, keçən pristavları mən o qədər istəməzdim ki, Mixail Pavloviçi istəyirəm. Amma beş-on il bundan irəli burda bir pristav vardı, çox lotu oğlan idi. Mənə bir tula bağışlamışdı. Allah onu da sağ eləsin, səni də sağ eləsin, hamımızı sağ eləsin. İçirəm mən sənin sağlığına, a xanım, urra!

Bu sözləri deyəndən sonra Qurbanəli bəy çaxırı çəkdi başına və içəndən sonra stəkanı çöndərib ağzı yerə tərəf tutdu ki, görsünlər, stəkanda bir qətrə də çaxır qalmayıb və keçib oturdu yerində. Bir qədər keçəndən sonra pristavın arvadı götürdü çaxırı və naçalnikin stəkanını, öz fincanını və qonşularının stəkanlarını doldurub üzünü naçalnikə tutdu və dedi:

– Mən özümü borclu hesab edirəm sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmətlə buraya gəlib, məni sərəfraz buyurursunuz.

Sözlərini deyəndən sonra xanım fincanını tutdu dodaqlarının qabağına. Qonaqlar da stəkanlarını uzadıb vurdular naçalnikin stəkanına. Qurbanəli bəy yerindən qalxıb, əlində dolu stəkan gəlib durdu naçalnikin yanında və dedi:

– Naçalnik ağa, içirəm mən bu stəkanı sizin sağlığınıza. Allah da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib-gedib, mən onların heç birini o qədər istəməmişəm. Naçalnik ağa, sən bizim başımızın sahibisən. Nə qədər ki bizim mahalda camaat var, onlar hamısı sənin yolunda başlarından keçərlər. Mən özüm sənin yolunda oda girərəm. Qurban sənə mənim canım. Nə qədər ki mən sağam, nökərəm sənə. İçirəm mən bu stəkanı naçalnik ağanın sağlığına. Urra!

Bu sözləri deyən kimi Qurbanəli bəy stəkanı çəkdi başına, stəkanın ağzını çöndərdi yerə, guya bir qətrə də qalmadı, sonra gedib oturdu yerində.

Qonaqlar genə məşğul oldular yeməyə.

Bir qədər keçəndən sonra xanımın əri pristav götürdü çaxır şüşəsini, əvvəl öz stəkanını doldurdu, sonra qonşularının stəkanını doldurdu və sonra ayağa durub dedi:

– Ağalar və xanımlar! Məlumdur ki, bir düşmən istəyə bizim üstümüzə hücum çəkə, bizi saxlayan qonşularımız olacaq. Buna cəhət mən içirəm bu stəkanı bizim qonşularımızın əfsəri Nikolay Vasilyeviçin və onun xanımı Anna İvanovnanın sağlığına.

Pristav bu sözləri deyib stəkanı uzatdı bir əfsərə və onun yanında oturan arvada tərəf. Qonaqlar da habelə stəkanlarını çıqqıldadıb içdilər. Qurbanəli bəy də ayağa durub dolu stəkanını uzatdı əfsərə və arvadına tərəf dedi:

– Ay əfsər ağa, ay xanım, mən içirəm sizin sağlığınıza. Allah sizin kölgənizi bizim başımızın üstündən əskik eləməsin. Allah düşmən qabağında sizin qılıncınızı kəskin eləsin. Yəni mən bu sözləri ondan ötrü demirəm ki, düşməndən qorxuram. Hansı düşmən cürət eləyib mənim qabağıma çıxa bilər?! Bu xəncəli mən soxaram onun qarnına! Mən heç düşməndən qorxmuram. Sizin dövlətinizdən mən heç bir kəsdən qorxmuram. Nə qədər canım sağdır, mən nökərəm sənin xanımına. Sağ olsun Anna xanım, urra!

Bəy çaxırı çəkdi başına.

Bu qayda ilə ağaların və xanımların bir-bir sağlığına içdilər. Hər dəfə Qurbanəli bəy dururdu ayağa, hərənin barəsində bir nitq söyləyir, bir dolu stəkan içirdi və otururdu. Yavaş-yavaş çaxırın buxarı qalxdı bəyin başına və lap axırda bəy bərk kefləndi.

Qonaqların hamısının sağlığına içəndən sonra qonaqlar başladılar Qurbanəli bəyin sağlığına içməyə. Xanımlar bir-bir stəkanlarını uzadıb vurdular bəyin stəkanına. Qurbanəli bəy şadlığından az qaldı özündən getsin. Qonaqların hamısı bəyin sağlığına içəndən sonra bəy stəkanı yuxarı qalxızıb dedi:

– Ağalar və xanımlar! Siz ki mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Amma, ağalar, mənim sizdən bir xahişim var. Mən ölüm, mənim sözümü yerə salmayın. Mən sizin hamınızı sabah öz evimə qonaq təklif eləyirəm. Vallah, billah, atamın goru haqqı, mən bilmirəm, necə sizin xəcalətinizdən çıxım?! Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağının torpağı da ola bilmənəm. Vallah, billah, atamın goru haqqı, sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm, sizə qulluq eləyim. Mən istəyirəm, sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Cənab naçalnik, səndən də çox təvəqqə eləyirəm, ay xanım, səndən də təvəqqə eləyirəm. Anna İvanovna, qurban olsun sənə mənim canım, səndən də təvəqqə eləyirəm. Ağalar, xanımlar! Hamınızdan təvəqqə eləyirəm. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!

Bəy stəkanı çəkdi başına. Naçalnik siğarı damağına salıb, üzünü tutdu pristavın xanımına və dedi:

– Gəlsənə sabah qonaqlığa gedək, Qurbanəli bəyə qonaq olaq?

Xanım baxdı ərinin üzünə və dedi:

– Mən çox xoşhallıqla gedərəm. Yaxşı olar. Bəyin arvadını da görərəm. Görərəm, necə paltar geyir.

Əfsər də arvadından soruşdu:

– Gedərsənmi?

Arvadı dedi:

– Gedərəm.

Qonaqların biri də dedi ki:

– Əgər bəy bizə bir yaxşı müsəlman plovu versə, gedərəm.

Qurbanəli bəy plov sözünü eşitcək tez qalxdı ayağa və çığırdı:

– Necə plov? Atamın goru haqqı, sizə elə bir plov verərəm ki, ömrünüzdə yeməmiş olarsınız. Mənim aşpazım bişirən plovu kim bişirə bilər? İnanmırsınız, Kəblə Qasımdan soruşunuz. Hanı Kəblə Qasım? Kəblə Qasım, Kəblə Qasım!

Qurbanəli bəy başladı ucadan Kərbəlayı Qasımı çağırmağa, guya ki Kərbəlayı Qasım buradadır. Pristavın nökərlərindən biri içəri girib dedi ki, burada Kərbəlayı Qasım yoxdur. Bəy hirslənib nökərə dedi ki:

– Çağırın o axmaq oğlunu, gəlsin.

Nökər çıxdı getdi və bəy özü də qapıya tərəf yeridi. Pristavın arvadı bəyə dedi ki:

– Sən zəhmət çəkmə, nökərlər çağırarlar, gələr.

Bəy genə başladı plovu tərifləməyə.

– Mən siznən mərc gələrəm. Həyə bir yanda elə plov yemiş olsanız, tüpürün mənim üzümə.

Qonaqlar güldülər. Naçalnik də gülə-gülə dedi:

– A bəy, söz yox ki, evdəki tərifli atını da bizə görsədərsən.

Qurbanəli bəy naçalnikə yavuqlaşıb, hər iki əllərini qoydu gözünün üstə və dedi:

– Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu-lotuyana deyirəm, mən təzvir-məzvir2 bilmənəm. Hansını xoşlasan, atamın goru haqqı, peşkəşdi sənə.

Nökər girdi içəri və dedi ki, Kərbəlayı Qasım yatıb. Bəy nökərin üzünə baxıb əvvəl dinmədi və sonra xəncərinin dəstəsindən yapışıb dedi:

– Get, o haramzada oğlu haramzadaya de ki, bu saat durub bura gəlməsə, bu xəncəli gedib soxaram onun qarnına!

Nökər çıxdı eşiyə. Pristavın arvadı bəyə üzünü tutub dedi:

– Niyə biçarə kişini oyadırsan? Nəyə lazımdır?

Bəy cavab verdi:

– Ay xanım, başına dolanım, necə nəyə lazımdır? Ağzı nədi bu tezliklə yatsın. Qoy gəlsin, görək kimin hünəri var, mənim aşpazım bişirən plovu bişirsin?!

Qonaqlar genə gülüşdülər.

Kərbəlayı Qasım şişmiş gözlərini bərəldib girdi içəri. Ağası genə əlini xəncərin dəstəsinə aparıb dedi:

– Kəblə Qasım, mən səni öldürərəm!

Qonaqlar genə gülüşdülər.

Kərbəlayı Qasım əllərini döşünə qoyub, alçaq səslə dedi:

– Niyə, başına dönüm, ağa?

Bəy hirsli və uca səslə:

– Hələ soruşursan da niyə? Gəl gör bu ağalar nə deyirlər. Mən ha deyirəm ki, bizim Əli bişirən plovu heç kəs bişirə bilməz, bunlar inanmırlar.

Kərbəlayı Qasım alçaq səslə cavab verdi:

– Bəli, ağa, Əli yaxşı plov bişirir.

Qurbanəli bəy üzünü qonaqlara tutub sevincək və ucadan dedi:

– Di gördünüz? Di gördünüz? İndi sözünüz nədi?

Qonaqların çoxusu cavab verdi:

– Doğrudu, doğrudu, inanırıq.

Kərbəlayı Qasım çıxdı eşiyə.

Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdənbir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:

– Bu xəncəli soxaram sənin qarnına!

Çox vaxt Kərbəlayı Qasım cavab vermirdi və gah vaxt deyirdi:

– Niyə, başına dönüm, ağa?

Bəy gah vaxt Kərbəlayı Qasıma cavab vermirdi, amma gah vaxt deyirdi:

– Kimin hünəri var, Əli bişirən plovu bişirsin?!

İki saatdan sonra ağa və nökər yetişdilər kəndə. Kəndin içindən üç-dörd köpək hürə-hürə hücum çəkdi Qurbanəli bəyin üstünə. At hürküb özünü verdi bir tərəfə, az qaldı bəyi salsın yerə. Qurbanəli bəyin börkü düşdü yerə və Kərbəlayı Qasım özünü atdan salıb, ağasının börkünü qalxızıb verdi bəyə. Qurbanəli bəy xəncərini sıyırıb, atını sürdü itlərin üstünə. İtlər başladılar qaçışmağa.

Yekə imarətin darvazasının qabağında atlar dayandılar. Kərbəlayı Qasım yerdən bir daş götürüb başladı qapını döyməyə. Yekəpapaq bir kişi qapını açdı və Qurbanəli bəyin yanına qaçıb, yapışdı atın cilovundan. Qurbanəli bəy hələ atdan yenməyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:

– Əli, bu xəncəli soxaram qarnına!

Nökəri cavab verdi:

– İxtiyar sənindi, ağa!

Sonra bəy atdan yenib, girdi həyətə və pilləkəni qalxıb, girdi otağa. Bəyin qaravaşı bir qoca arvad çıxdı ağasının qabağına və dedi:

– Ay ağa, nə gec gəldin? Xanım səndən ötrü çox niyaran oldu.

Bəy xəncərin tiyəsini arvada göstərib dedi:

– Gülpəri, bu xəncəli soxaram sənin qarnına!

Arvad dinmədi və çəkildi kənara. Bəy o biri otağa girib, gördü ki, arvadı paltarlarını soyunmamış dayanıb yastığa və yuxulayıb. Əvvəl gedib durdu arvadının yanında. O, xəncərin tiyəsini arvadının üstünə qalxızıb dedi:

– Bu xəncəli soxaram sənin qarnına!

Arvad ayılmadı. Qurbanəli bəy dəxi dinmədi və xəncəri atdı yerə. Sonra börkünü çıxarıb atdı bir səmtə və başladı soyunmağa. Paltarlarını və çəkmələrini çıxarıb hirslə hərəsini atdı bir yana, bir az su içdi və uzandı yerinə.

Bəyi yuxu tutdu.

***

Qurbanəli bəyin arvadı sübh vaxtı ayılıb gördü ki, əri gəlib yatıb. Yavaşca paltarını geyib çıxdı eşiyə. Qaravaş süpürgə ilə həyəti süpürürdü. Kərbəlayı Qasım əlində xəlbir tövlənin qabağında durub, arpa təmizləyirdi ki, aparıb versin atlara.

Aşpaz Əli aşpazxananın qapısının yanında əlində xəkəndaz samovara kömür salırdı. Həyətin bir tərəfində toyuq-cücələr dən yeyirdilər və sərçələr hərdənbir dəstə ilə toyuq-cücələrin yanına yenib başlayırdılar dənlərdən yeməyə, amma bir səs eşitcək genə dəstə ilə qalxırdılar tut ağacına.

Qaravaş xanımı görcək əlində süpürgə getdi xanımın yanına, salam verdi. Xanım gözlərini ova-ova soruşdu ki, bəy nə vaxt gəlib yatdı? Qaravaş cavab verdi ki, gecədən çox keçmişdi ki, gəldi. Xanım Kərbəlayı Qasımı çağırdı. Kərbəlayı Qasım tövlədən çıxıb tez gəldi və baş yendirib durdu xanımın qabağında. Xanım Kərbəlayı Qasımdan soruşdu ki:

– Niyə belə gec gəldiniz?

Kərbəlayı Qasım cavab verdi:

– Qonaqlıq çox uzun çəkdi, onun üçün gec gəldik.

Xanım genə soruşdu:

– Pristavın qonağı çox idimi?

Kərbəlayı cavab verdi:

– Bəli, xanım, çox idi.

Xanım soruşdu:

– Kim idilər qonaqlar?

Kərbəlayı Qasım cavab verdi:

– Ay xanım, nə bilim, bir çoxlu böyük adamlar idi. Çoxlu xanım idi. Naçalnik özü də orada idi. Çox adam vardı.

Xanım genə soruşdu:

– Kəblə Qasım, xanımlar da elə kişilərnən bir yerdə oturmuşdular, ya ayrı oturmuşdular?

Kərbəlayı Qasım cavab verdi:

– Yox, elə hamısı qarışmışdı bir-birinə.

Qaravaş bu sözləri eşitcək öz-özünə dedi:

– Bıy, aman Allah!

Xanım oturdu pilləkənin pilləsinin üstündə, Kərbəlayı Qasımı bir az yavığa çağırdı və dedi:

– Sən Allah, Kəblə Qasım, nağıl elə, görək qonaqlıq necə keçdi, qonaqlara nə verdilər, ağan nə qayırırdı, kimnən danışırdı, nə danışırdı? Sən allah, Kəblə Qasım, hamısını nağıl elə.

Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi. Tövlədən atlar başladılar bir-birinin üstünə çığırışmağa və Kərbəlayı Qasım üzünü tövləyə tərəf tutub çığırdı:

– Buna bax ha!

Xanım genə Kərbəlayı Qasıma dedi:

– Sən Allah, Kəblə Qasım, nağıl elə, görək.

Kərbəlayı Qasım cavab verdi:

– A xanım, dəxi nə deyim? Çox qonaq vardı. Nəçəlnik də orda idi.

Xanım genə Kərbəlayı Qasımdan soruşdu:

– Kəblə Qasım, urus arvadları bə kişilərnən nə danışırdılar?

Kərbəlayı Qasım cavab verdi:

– Xanım, mən nə bilim ki, nə danışırdılar? Mən onların axı dilini bilmirəm ki.

Xanım genə soruşdu:

– Kəblə Qasım, doğrusunu de görək, ağan da urus arvadlarıynan danışırdımı?

Kərbəlayı Qasım genə üzünü tövləyə tutub, çığırdı atların üstünə və xanıma cavab verdi:

– Ağam urus arvadlarıynan az danışdı, amma nəçəlniknən çox danışdı.

Aşpaz Əli samovarı gətirdi və çıxarıb qoydu pilləkənin üstə. Qaravaş süpürgəni dayadı divara, qalxdı pilləkənin üstünə və samovarı qalxızıb apardı evə. Aşpaz Əli yenib durdu xanımın qabağında və soruşdu:

– Xanım, bu gün nə bişirim?

Xanım qaravaşı çağırıb dedi:

– Bə Qurbanəli bəy gecə demədi ki, nə bişirək?

Qaravaş əlində çayqabı xanımın yanına gəlib cavab verdi:

– Gecə ağa elə hirsli idi ki, hələ məni istəyirdi öldürsün.

– Xanım təəccüb elədi və dedi:

– Yaxşı, yaxşı, elə danışma! Dəli olmamısan ki!

– Vallah, a xanım, ağam evə girən kimi xəncəlini çıxartdı və mənə dedi: “Xəncəlnən səni öldürərəm!”

Xanım bir qədər dinmədi və üzünü tutdu Kərbəlayı Qasıma:

– Kəblə Qasım, ağan niyə hirslənmişdi?

Kərbəlayı Qasım cavab verdi:

– Ağam heç zada hirslənməmişdi. Ancaq kəndə yetişəndə köpək oğlunun itləri töküldülər üstümüzə və atlarımızı hürkütdülər.

Xanım durdu ayağa və dedi:

– Kəblə Qasım, yəqin, ağan genə keflənmişdi.

Kərbəlayı Qasım cavab verdi:

– Xeyr, keflənməmişdi.

Xanım girdi içəri və yavaşca Qurbanəli bəyin yanına yavuqlaşıb gördü ki, bərk yuxudadır. Sonra çıxdı eşiyə və aşpaz Əliyə on altı qəpik verib dedi:

– Əli, get, iki girvənkə ət al gətir, bozbaş bişir.

Əli pulları aldı və dedi:

– Baş üstə.

Kərbəlayı Qasım və Əli üz qoydular aşpazxanaya tərəf getməyə.

* * *

Gün qalxdı, günorta oldu. Kərbəlayı Qasım oturmuşdu tut ağacının dibində və hərdənbir daş götürüb, atırdı ağacın başına və tut quşlarını qovurdu və hərdənbir yerə tökülən yetişmiş tutlardan götürüb yeyirdi. Qaravaş da gəldi Kərbəlayı Qasmın yanına və başladı tutları seçib yeməyə. Bir az keçdi, xanım da gəldi bunların yanına və başını qalxızıb bir qədər yetişmiş tutlara baxdı və Kərbəlayı Qasıma dedi ki, çıxsın ağaca, bir az tut silkələyib töksün. Qaravaş evdən bir çarşab gətirdi. Aşpaz Əli də bunların yanına gəldi və dedi:

– Siz çarşavı tutun, mən çıxım silkələyim.

Əli çıxdı ağaca. Xanım, qaravaş və Kərbəlayı Qasım çarşovu tutdular və Əli ağacın budağının birini tərpətdi və yekə-yekə yetişmiş ağ tutlar töküldü çarşaba. Budağa bir-iki təpik vurandan sonra Əli qalxdı bir az da yuxarı. Ağacın başından kəndin ətrafı əl içi kimi görünürdü. Bir tərəfdə düzülmüşdülər “Sapıç” dağları, dağların ətəyində Sapıç kəndi aşikar görünürdü. Kəndin aşağısında Əhmədxan gölü ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da açıq görsənirdi. Dəyirmandan Qapazlı kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri. Bax, görürsən, gah burada, gah orada kotanlar və cütlər şum yerləri sürürlər.

Həmin tamaşagaha bir qədər nəzər salandan sonra Əlinin gözünə bir belə şey də sataşdı: Hacı Heydər dəyirmanının yanında kəndə sarı bir dəstə atlı gəlirdi. Əli əvvəl buna qulaq asmadı və başladı budağın birini silkələməyə. Amma sonra genə diqqət saldı və gördü ki, atlılar kənd əhlinə oxşamırlar. Bunu görüb, Əli üzünü tutdu aşağı və dedi:

– Kəblə Qasım, kəndə çoxlu atlı gəlir, amma kəndliyə oxşamırlar.

Kərbəlayı Qasım, xanım və qaravaş bir qədər baxdılar bir-birinin üzünə. Xanım dilləndi:

– Kəblə Qasım, çıx aşpazxana damına, gör, neçə atlıdılar?

Kərbəlayı Qasım gedib qalxdı alçaq divara, oradan qalxdı aşpazxana damının üstünə və sağ əlini gözünün üstünə qoyub başladı diqqətlə yola baxmağa.

Kəndin yavığında Kərbəlayı Qasımın gözünə əvvəl iki atlı göründü. Bunlar atlarını bərk çapırdılar. Dəxi bunlardan savayı yolda bir şey görünmürdü. Amma bir qədər keçdi, Mərəzənin yanında söyüd ağaclarının dalından bir dəstə atlı çıxdı. Bunların içində naçalnik və pristavların düymələri və xanımların şlyapaları aşkar bilinirdi. Kərbəlayı Qasım tez yendi aşağı, qaçıb gəldi xanımın yanına və tövşüyə-tövşüyə dedi:

– Xanım, bu gələnlər, deyəsən, elə dünənki qonaqlardı.

Xanım çarşabın ucunu saldı yerə, gəldi Kərbəlayı Qasıma yavuq və dedi:

– Dünənki qonaqların burda nə işləri var?

Kərbəlayı Qasım əllərini qoydu bir-birinin üstünə və cavab verdi:

– Mən nə bilim, a xanım?

Bu heyndə küçədə mərəkə qopdu. İtlərin hürüşməsi, adamların qaçışması, at tappıltısı. Və bir az keçdi, küçə qapısı döyüldü.

Xanım qaçdı içəri və pəncərədən içəri baxıb, gördü ki, küçə doludur atlılarla; hamısı rus qulluqçuları və rus xanımları. Kərbəlayı Qasım qapıya çıxıb, gördü ki, dünən pristavın evindəki qonaqların hamısı gəlib dayanıb qapıya.

Xanım tez qaçdı eşiyə və Əlini çağırıb dedi:

– Get, de ki, ağa evdə deyil.

Əli qaçdı küçə qapısına və xanım qaçdı evə. Qurbanəli bəyi oyatdı. Bəy “a… a…” eləyib çöndü o biri səmtə, arvadı dedi:

– A kişi, dur, dünənki qonaqlar gəliblər bizə.

Qurbanəli bəy genə “a… a…” eləyib gözlərini açdı və arvadına dedi:

– Cəhənnəm ol! – və genə gözlərini yumdu.

Arvadı genə dedi. Qurbanəli bəy gözlərini açıb, qalxdı oturdu və soruşdu:

– Nə deyirsən?

Arvadı sözünü bir də dedi. Bəy dik qalxdı ayağa, bir şey fikir elədi, qaçdı otağın o tərəfinə-bu tərəfinə, arvadına dedi:

– Qoy desinlər, ağa evdə deyil.

Arvadı genə qaçdı eşiyə və bəy mələfəni götürüb çarşav kimi saldı başına, çıxdı həyətə, qaçıb soxuldu tövləyə və girdi atın axuruna.

Nökərlər qonaqlara dedilər:

– Ağa evdə deyil.

Naçalnik bu cavabı eşidib təəccüb elədi, habelə qeyri qonaqlar mat qaldılar. Kəndlilər başladılar qonaqların atlarını dolandırmağa. Naçalnik çıxardıb papirosunu yandırdı və nökərlərdən soruşdu:

– Bəy hara gedib ki, evdə deyil?

Nökərlər cavab verdilər:

– Bilmirik.

Naçalnik bir qədər dinməyib, genə soruşdu:

– Bəs o ki özgə yerə gedəcəkdi, bizi niyə qonaq çağırdı?

Nökərlər cavab verdilər ki:

– Bilmirik.

Xanımların biri bir stəkan su istədi. Kərbəlayı Qasım qaçdı, evdən kasada su gətirdi. Qonaqlar bir qədər bir-birinin üzünə baxıb, dedilər ki:

– Dəxi niyə dururuq, qayıdaq gedək.

Naçalnik də buna razı oldu; amma Kərbəlayı Qasıma üzünü tutub soruşdu:

– Bəyin atları tövlədədir?

Kərbəlayı Qasım dedi:

– Bəli.

Bu heyndə tövlədə atların biri başladı kişnəməyə. Naçalnik yoldaşlarına belə təklif elədi:

– Çox əcəb. Biz bu qədər yolu zəhmətlə gəlmişik, barı heç olmasa bəyin atlarına baxaq, sonra qayıdaq.

Yoldaşları razı oldular. Naçalnik genə Kərbəlayı Qasımdan tövləyə getməyə izin istədi. Kərbəlayı Qasım dedi:

– Buyurun!

Naçalnik, iki pristav, mal həkimi, xanımların ikisi və kazak əfsəri girdilər həyətə və üz qoydular tövləyə tərəf. Qurbanəli bəyin arvadı həyətdə qonaqları görüb qaçdı soxuldu otağa və qonaqlar girdilər tövləyə. Naçalnik qabaqdakı atı görüb dedi:

– Bu elə bəyin dünənki atıdır.

Sonra qonaqlar yeridilər içəri və bir kəhər atın yanında dayandılar. Naçalnik atın qabağına keçib, Kərbəlayı Qasımdan soruşdu:

– Budurmu bəyin tərifli atı?

Kərbəlayı Qasım dedi:

– Bəli.

Qonaqlar başladılar atın o tərəfinə-bu tərəfinə dolanmağa. Naçalnik axura tərəf hərəkət eləyib, istədi atın ağzına baxsın. Axura yavuqlaşan kimi naçalnik dik atıldı və çığırdı:

– Ax, çort vozmi!

Axurun içində guya kəfənə bürünmüş bir şey naçalnikin gözünə sataşdı. Naçalnik yanındakı pristavın əlindən yapışıb yavaşca yeridi axurun yanına və diqqət eləyib gördü ki, axurdakı Qurbanəli bəy özüdü. Bunu görcək naçalnik çəpik çalıb, qəh-qəh çəkib güldü və dedi:

– A… a… a… rəfiq, sən burda imişsən!!…

Qonaqlar da bir-bir gəlib bəyə diqqət ilə baxdılar və çəkilib durdular kənarda.

Qurbanəli bəy yerindən heç tərpəşmədi.

Qonaqlar çıxdılar küçəyə, atları mindilər və üz qoydular getməyə.


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации