Текст книги "Yosxul insanlar"
Автор книги: Федор Достоевский
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 9 страниц)
37-c məktub – 19 avqust
Varvara Alekseyevna, anam!
Utanıram, Varvara Alekseyevna, çox utanıram. Bir yana baxanda, burda pis nə var ki? Bir balaca şənlənməklə pis iş görmürəm ki! Qopmuş dabanım haqqında fikirləşmirəm, dabandır da, sarsaq şeydir. Çəkmənin özü də sarsaq şeydir. Yunan filosofları ayaqyalın gəziblər. Belədirsə, mənə nə üçün gülürlər axı? Bir çəkməyə görə mənə lağ etmək nəyə lazımdır? Eh, anam, siz də söz tapdınız mənə yazmağa! Fedorayasa deyin ki, o deyingən qarıdır, həm də başdanxarabdır! Ağ saçlarıma qalanda isə, əzizim, burda da səhviniz var, düşündüyünüz qədər də qoca deyiləm. Yazırsınız ki, çox üzülmsünüz və ağlamısınız. Mən də üzülmüşəm və ağlamışam. Sizə sağlamlıq və səadət arzulayıram, mənə qalanda, mən də sağlam və xoşbəxtəm.
Sizin sadiq dostunuz Makar Devuşkin.
38-ci məktub – 21 avqust
Çox hörmətli dostum Varvara Alekseyevna!
Bilirəm ki, günahkaram, bilirəm ki, sizin qabağınızda günaha batmışam və daha heç cür təmizlənə bilmərəm, anam, bunların hamısını hiss edirəm, bilirəm, siz nə deyirsiniz deyin. Əvvəldən bilirdim belə olacaq, amma ruhən məğlub oldum, bilə-bilə günaha batdım. Sizi incitmək istəmərəm heç vaxt, həm də sizi necə incidə bilərəm axı? Sizi incitmək üçün ürəyim pələng ürəyi kimi vəhşi olmalıdır, mənimsə ürəyim quzu ürəyi kimidir; deyim ki, etdiyim hərəkətə görə nə ürəyim, nə də ağlım günahkar deyil; nəyin günahkar olduğunu heç özüm də bilmirəm. Nəsə çox qaranlıq işdir, anam! Əvvəl otuz qəpik göndərdiniz, sonra da iyirmi beş qəpik, sizin yetim halınızla qazandığınız pula baxanda ürəyim sızıldadı! Özünüz də əlinizi yandırmısınız, iş görə bilmədiyiniz üçün tezliklə aclığa düçar olacaqsınız, mənəsə deyirsiniz ki, tütün alım. Mən nə edə bilərəm axı! Yoxsa quldur kimi sizin pullarınızı yağmalamağa başlayım? Ruhən düşdüm, anam, əvvəlcə heç nəyə yaramadığım ağlıma gəldi, mənim çəkməmin qopuq dabanından fərqim yoxdur, özümü lazımlı bir şey kimi hesab etməyin mənası yoxdur. Özümə hörməti itirdiyim üçün də ruhən düşdüm! Bu mənim taleyimdir, bunda günahkar deyiləm. Əvvəlcə bir az dolaşmaq üçün bayıra çıxdım. Qalan hər şey bir-birinin dalınca baş verdi; yağış yağırdı, bütün təbiət ağlayırdı, bu yandan da Yemelyanı gördüm. O, Varenka, nəyi varsa hamısını girov qoyub, artıq iki gündür ki, heç nə yeməyib, mənə rast gələndə elə şeyi girov qoymaq istəyirdi ki, heç onları girov qoymaq olmaz, çünki dəyəri yoxdur. Hə, Varenka. Ona yazığım gəldi, buna görə də günaha batdım. Biz bir yerdə ağladıq. Sizi xatırladıq. O çox mehriban adamdır, həm də hissiyyatlıdır. Mən, anam, bunları hiss edirəm; elə hiss etdiyim üçün də həmişə başıma nəsə pis hadisə gəlir. Sizə nəyə görə borclu olduğumu bilirəm, əzizim! Sizi tanıyandan sonra özümü də tanımağa başladım və sizi sevdim; sizdən qabaq tənha idim və elə bil yatırdım, yaşamırdım. Mənim düşmənlərim bədən quruluşuma lağ edirdilər, məni bəyənmirdilər, ona görə özüm də özümü bəyənmirdim; deyirdilər ki, axmağam, mən də özümü axmaq kimi hiss edirdim; sizdən sonra isə qaranlıq həyatım aydınlandı, ürəyim, ruhum təmizləndi, təzələndi, başqalarından heç nəylə əksik olmadığımı öyrəndim; adam olduğumun fərqinə vardım. İndi isə taleyim tərəfindən alçaldıldım və ruhən düşdüm, məhv oldum. Bir halda ki, indi hər şeyi öyrəndiniz, anam, xahiş edirəm ki, daha bu haqda bir kəlmə də danışmayasınız.
Sizə hörmətini bəyan edən sadiq dostunuz Makar Devuşkin.
39-cu məktub – 3 sentyabr
Keçən dəfəki məktubumu tamamlamamışdım, Makar Alekseyeviç, çünki yazmağa çətinlik çəkirdim. Hərdən bir dəqiqəlik də olsa, tək olduğum üçün, təklikdə qəmlənə bildiyim üçün sevinirəm və getdikcə elə dəqiqələr tez-tez olur. Xatirələrimdə izaholunmaz bir şey var ki, məni tamamilə məşğul edir və xatirələrə dalan zaman hissiyyatımı itirirəm, ətrafımda baş verənlərə qarşı hədsiz dərəcədə laqeyd oluram. İndiki həyatımda keçmişimi, xüsusən də uşaqlığımı, həyatımın qızıl dövrü olan uşaqlığımı xatırladan heç nə yoxdur! Amma xatirələr uçub gedəndən sonra halım pisləşir. Zəifləyirəm, xəyalpərvərliyim mənə əzab verir, sağlamlığımsa onsuz da pisdir, getdikcə də pisləşir.
Bu günsə gözəl səhərdir, axır vaxtlar belə təmiz, aydın səhər görməmişdim, bu səhər çox sağlamam və günü şadlıqla qarşılayıram. Belə, artıq payız gəlib! Kənd payızını elə çox sevirdim ki! Düzdür, onda uşaq idim, amma çox şeyi hiss edirdim. Payız gecələrini çox sevirdim. Yadımdadır ki, evimizin iki addımlığında, dağın ətəyində göl var idi. Həmin göl, – elə bil indi də onu görürəm, – elə böyük, elə gözəl, elə saf idi ki, büllura oxşayırdı! Sakit gecələrdə göl dalğalanmırdı; sahildəki ağacların yarpağı da tərpənmirdi, göl isə dumduru, güzgü kimi. Təzə-tər! Soyuq! Axşamçağıları, sahildəki komalarda işıqlar yanmağa başlayanda, sürülər kəndə qayıdanda sakitcə evdən çıxıb gölümə baxmağa gedirdim. Balıqçılar sahildə ocaq qalayırdılar, ocağın alovu gölün sularında əks edirdi. Gecə düşürdü, ay çıxırdı, hər yerə sakitlik çökürdü; olurdu ki, suyun üzünə çıxan balıqların səsini eşidirdim. Göy rəngli suyun üstündə buxar dayanırdı. Baxırdım, dinləyirdim, – elə yaxşı olurdum ki! Onda hələ uşaq idim!..
Payızı çox sevirdim, kənddə işlər yekunlaşırdı, kənd adamlarının evdə oturmaq vaxtı çatırdı, hamı qışı gözləyirdi. Onda hər şey kədərli görünür, göyüzü tutqunlaşır, meşənin ətrafı sarı yarpaqlarla örtülür, meşənin özü isə bozarıb-qaralır, xüsusən gecələr, gecə vaxtı duman gələndə isə ağaclar ruh kimi görünür. Olurdu ki, gəzintiyə çıxırdıq, amma mən başqalarından dala qalırdım. Onda çox qorxurdum, yarpaqdan betər əsirdim. Yoldaşlarıma çatmaq üçün tez-tez gedirdim. Bir də görürdün qulağıma qəribə səslər gəlirdi: “Qaç, ay uşaq, indi burda çox qorxulu olacaq, qaç!” Ürəyim atlanırdı, qaça-qaça evə gəlirdim, evdəsə hamı şəndir; bizə – uşaqlara iş verirdilər, oturub lobya təmizləyirdik. Hamının üzündə təbəssüm olurdu. Quru odunlar çarta-çartla yanırdı, anam mənə baxıb qürurlanırdı, Ulyana qarı isə ya keçmişdə olan hadisələrdən, ya da cadugər və ölülərdən bəhs edən qorxulu nağıllar danışırdı. Hamı razı idi, hamı şən idi!.. Ah, uşaqlığım həyatımın qızıl dövrü idi!..
Xatirələrim yenə məni uşaqlığıma qaytardı. Keçmişi elə aydın gördüm ki… Amma indi hər şey qaranlıq və sıxıcıdır!.. Bütün bunlar necə qurtaracaq, axırımız necə olacaq? Bilirsiniz, məndə belə bir əminlik var ki, bu payız öləcəyəm. Mən xəstəyəm, çox xəstəyəm. Öləcəyim haqda tez-tez düşünürəm, amma belə ölmək istəməzdim, ən azı burda ölmək. Ola bilsin yenə xəstələnib yatağa düşəcəyəm, bahardakı kimi, amma hələ tam sağalmağa da macal tapmamışam. İndi də vəziyyətim ağırdır. Fedora bu gün harasa gedib, təkbaşıma oturmuşam. Axır vaxtlar tək qalmağa qorxuram; elə bilirəm yanımda kimsə var, mənimlə danışır; xüsusən nəsə haqqında düşünüb, sonra düşüncələrdən ayılanda çox qorxuram. Ona görə sizə belə çox yazdım. Yazanda bu hiss məni tərk edir. Sağ olun. Məktubu tamamlayıram, çünki vərəq də qurtarır, vaxtım da azdır. Siz ev sahibəsinə iki rubl verməklə yaxşı eləmisiniz, bir müddətlik səsini kəsər.
İmkan edib təzə paltar alın. Sağ olun; çox yoruldum; nə üçün tez yorulduğumu başa düşə bilmirəm; bir az işləyən kimi gücüm qalmır. İş olanda da işləyə bilmirəm. Bu da mənə pis təsir edir.
V.D.
40-cı məktub – 5 sentyabr
Əzizim Varenka!
Bu gün mənim də kefim yoxdur. Bütün günü başım ağrıyıb. Fontankaya gəzməyə çıxdım ki, təmiz hava qəbul edim. Zülmət qaranlıq idi. İndi saat altı olan kimi hava qaralır. Yağış yağmırdı, amma qatı duman var idi, heç də yağışdan dala qalmazdı. Göyüzündə böyük və uzun buludlar üzürdü. Sahildə adamlar gəzişirdilər; hamısı da hirsli, tutqun, işçi sinfi. Günün elə saatı idi ki, başqa təbəqənin adamları bu vaxt gəzməyə çıxmırlar. Körpülərin üstündə çirkli qarılar oturmuşdular, hamısının da əllərində pryanik, ya da alma. Fontankada gəzəndə adam darıxır! Ayaq altında yaş qranit, ətrafda hündür evlər, hər tərəfdə duman. Bu gün çox qaranlıq və çox qəmli idi.
Sonra Qoroxovoy küçəsinə getdim. Çoxdandır orda olmurdum, getmək istəyirdim, amma alınmırdı. Səs-küylü küçədir! Dükanlar aşıb-daşır, hər şey var, boldur. Düşünürsən ki, bunların hamısı elə-belə, görünüş üçün qoyulub; amma yox, adamlar var ki, alver edirlər, bunları alırlar. Varlı küçədir! Alman çörəkçiləri də çoxdur; güman ki, yaşayanlar kifayət qədərdir. Nə qədər kareta keçir, körpü buna necə davam gətirir? Yaxşı ekipajlardır, şüşələri parıldayır, içi məxmərlə, ipəklə bəzənib; lakeylər mədəni, hamısı epoletlə, qılınclı. Bütün karetalara baxırdım, içindəki xanımlar elə gözəl geyinmişdilər ki, ola bilsin hamısı knyaginya və qrafinyalardır. Günün elə vaxtı idi ki, hamısı bala və yığıncağa tələsirdi. Knyaginya görmək maraqlıdır, ümumiyyətlə, varlı qadın görməyin özü maraqlıdır; mən heç vaxt görməmişdim. Orda sizi xatırladım. Əzizim, anam! Siz yadıma düşən kimi ürəyim sızıldadı! Varenka, nə üçün belə bədbəxtsiniz? Mələyim mənim! Axı başqalarından nəyiniz pisdir? Siz axı mehribansınız, gözəlsiniz, savadlısınız; nə üçün bəxtiniz qara oldu? Nəyə görə belə olur: yaxşı adamlar heç nəsiz qalır, başqalarınısa xoşbəxtlik özü tapır. Bilirəm, anam, bilirəm ki, bu cür danışmaq olmaz; amma səbəbi doğrudan maraqlıdır. Axı xoşbəxtlik çox vaxt axmaq İvana nəsib olur. Sən, axmaq İvan, ye, iç, yat; ancaq buna yarayırsan; xəşbəxtlik də sənə nəsib olsun. Günahdır, anam, belə düşünmək günahdır, sadəcə istəmədən dedim. Siz də belə bir karetada gəzsəydiniz nə olardı ki! Generallar sizə baxardılar; ucuz don yox, ipək paltar geyinərdiniz, qızıl içində üzərdiniz. Daha indiki kimi arıq, xəstəhal da olmazdınız. Mən elə sizin o halınızı görüb xoşbəxt olardım; sizin xoşbəxt olduğunuzu biləndən sonra mən də xoşbəxt olardım, əzizim. Bəs indi necədir? Başınıza gələnlər azmış kimi, itsifətin biri də bu yandan çıxıb sizi incidir. Ona baxmaq adamın ürəyini bulandırır! Bu da nəyə görə olur? Çünki yetimsiniz, köməksizsiniz, sizi qoruya biləcək biri yoxdur. Bəs bu yetimi təhqir etməyi xoşlayanlara nə deyəsən? Onlar adam deyillər ki, cındır əski kimi bir şeydirlər. Bax, onlar belədir! Məncə bu gün Qoroxovoyda gördüyüm qarmonçalan özünə daha çox hörmət edir, nəinki onlar. O bütün günü dolanır, çörəkpulu qazanır, zəhmətlə dolanır. Heç kimdən də kömək istəmir. O yoxsuldur, düzdür, yoxsuldur, həmişəki kimi yoxsuldur; amma yaxşı yoxsuldur; yorulub, əldən düşüb, amma yenə də işləyir, çalışır, bacardığı kimi çalışır. Mən də onun kimiyəm, daha doğrusu onun kimi deyiləm, amma işləyib özüm özümü dolandırıram, bacardığım kimi işləyirəm. Daha artığına gücüm çatmır.
Bu gün öz yoxsulluğumun fərqinə ikiqat vardım, ona görə bu qarmonçalandan belə çox danışıram. Dayanıb ona baxırdım. Yanımda bir-iki hambal, bir də balaca qız uşağı dayanmışdı, qız çox balacaydı, çirk içindəydi. Qarmonçalan kiminsə pəncərəsinin altında oturmuşdu. Görürəm bir oğlan uşağı – təxminən on yaşı olar, arıqdır, xəstəhaldır, ayaq üstündə güclə dayanır, əynində bircə dənə köynək var, özü də ayaqyalındır – dayanıb ona qulaq asır. Görürəm əlində kağız var. Yoldan keçən bir cənab qarmonçalanın qutusuna xırda pul atdı, pul qutuya düşəndə taqqıldadı. Qəpiyin səsi gələn kimi uşaq fikirdən ayıldı, ətrafına baxdı, yəqin elə bildi ki, pulu mən atmışam. Qaçıb yanıma gəldi, əlləri də, səsi də titrəyirdi, əlindəki kağızı mənə uzatdı. Kağızı oxudum; nə yazıldığı aydındır: hörmətli ağa, ana xəstədir, üç uşaq acdır, bizə kömək edin, mən öləndə o dünyada sizi unutmayacağam. Belə hadisələri çox görürük! Bəs ona nə verim? Heç nəyim yox idi, ona görə də heç nə vermədim. Amma ürəyim ağrıdı! Yoxsul uşaqdır, soyuqdan göyərib, acdır; yalan danışmır, yalan danışmadığını bilirəm. Bəs o çirkin analar nə üçün uşaqlarını qorumur, belə soyuqda əlinə yazılı kağız verib küçəyə buraxır? Bəlkə də ana doğrudan xəstədir, acdır, oturub oğlunun nəsə gətirəcəyini gözləyir? Amma ana müftəxor da ola bilər, bilə-bilə xəstə uşağın əlinə kağız verib camaatı aldatmağa göndərə bilər. Bəs o yazıq uşaq küçələrdə nə öyrənəcək? Olsa-olsa ürəyi qəddarlaşacaq; o gəzir, qaçır, yalvarır. O adamlara lazım deyil. Heç kim ona heç nə vermir; adamların ürəyi daşdır, heç nə təsir eləməz. “Rədd ol! İtil! Yalan deyirsən!” Uşaq bunları eşidib özü də qəddarlaşır, nahaq yerə yarıçılpaq halda küçələri gəzib özünü soyuğa verir. Əl-ayağı soyuqdan titrəyir. Görürsən öskürməyə də başlayıb; çox keçməz xəstələnər; ölüm artıq başının üstündə fırlanır; hansısa küncdə kimsəsiz, köməksiz ölüb gedəcək – bu onun həyatıdır! Həyat bax, belədir! Ah, Varenka, yanından keçəndə İsa xətrinə dediyini görüb heç nə verməmək, balaca əlini dala qaytarmaq, “Tanrı verəcək!” deyib keçmək çox ağırdır. Amma baxır “İsa xətrinə”ni hansı tonla deyir – bunun da fərqi var. Çox vaxt bu söz adi dilənçi sızıldamağıdır, onu qulaqardına vurmaq elə də çətin deyil; dilənçilər onsuz da buna öyrəncəlidir. Bəzən də bu “İsa xətrinə” kəlməsini heç eşitmədiyimiz, qaba, qorxulu tərzdə eşidərik; bu gün eşitdiyim kimi. Mən uşağın kağızını oxuyanda biri divara söykənib dayanmışdı. Hamıya da əl açmırdı, seçirdi. “Ağa, İsa xətrinə, qəpik ver!” Birdən-birə elə kobud səslə dedi ki, qorxdum, amma qəpik vermədim; çünki yox idi. Əslinə qalsa, varlı adamlar kasıbların şikayətlərini eşitməyi xoşlamırlar, deyirlər ki, narahat oluruq! Yoxsulluq həmişə narahatlıqdır, bəlkə də yoxsulların qarın qurultusu varlıları yatmağa qoymur!
Boynuma alım ki, bütün bunları yazmaqda başqa bir məqsədim də var, yaxşı və ətraflı yaza bildiyimi sizə göstərmək istəyirəm. Özünüz də bilirsiniz ki, sizə yazmağa başlayandan bu yana yazı qabiliyyətim xeyli yaxşılaşıb. Son günlər ürəyim çox sıxılır, düşüncələrimin ruhuma sirayət etdiyini hiss etmişəm. Düzdür, bu hissin mənə zərrəcə xeyri yoxdur, amma adamın özünə haqq qazandırmalı olduğuna inanıram. Bunun səbəbi bəlkə mənim də alçaldılmağım, aşağılanmağımdır; bu gün bazarda gördüyüm o uşaq kimi. İndi sizə izah etməyə çalışacağam, anam; hərdən səhər işə gedəndə camaatın oyanmağına, şəhərin canlanmağına baxırsan, özünü incidilmiş kimi hiss edirsən, amma buna fikir verməyib yolunla gedirsən. Ətrafınıza baxın; bu hündür, qara, çirkli binalarda nələr baş verir? Yaxşıca baxa bilsəniz özümü nə üçün alçaltdığımı bilərsiniz, Varenka. Nəzərə alın ki, sözümü birbaşa yox, məcazi anlamda deyirəm. Hə, görün bu binalarda nələr var. Orda, məcburən ev halına salınmış çirkli bir bucaqda bir işçi yuxudan durub. Bütün gecəni yuxusunda dünən səhvən kəsdiyi, korladığı çəkmələri görüb. O çəkməçidir və yuxuda öz işini görməyi bağışlanandır. Uşaqları ağlayır, arvadı acdır. Səhərlər bu cür oyananlar təkcə çəkməçilər deyil. Başqa bir şey də var. Eyni binada, ya bir mərtəbə aşağı, ya da bir mərtəbə yuxarıdakı gözəl mənzilində bir varlı adam da bütün gecəni yuxusunda çəkmə görüb, amma başqa cür. Həmin anda o varlının yanında bir adam olmur ki, ona pıçıldasın: “Bəsdir bu haqda düşündün, bəsdir təkcə özün üçün yaşadın, sən çəkməçi deyilsən, uşaqların sağlamdır, arvadın da ac deyil, ətrafına bax; gör sənin çəkmələrindən daha vacib nə qədər qayğı var!” Bax, sizə bunu demək istəyirdim, Varenka. Bu fikirlər hərdən gəlir, amma ürəyimi didir. Elə bu fikirlər ağlıma gələn kimi özümü dəyərsiz hiss edirəm. Düşünə bilərsiniz ki, bunları yazmaqla şıltaqlıq edirəm, ya da əsəblərim pozulub və ya hansısa kitabdan götürmüşəm. Yox, anam, heç biri deyil.
Kədərli halda evə qayıdıb çayniki qaynatdım, stəkanı da hazırladım ki, çay içim. Bir də gördüm qonşumuz Qorşkov otağıma girdi. Mən elə səhərdən görürdüm ki, o nəsə sözlü adama oxşayır, mənə yaxınlaşmaq üçün fürsət axtarır. Bunu da qeyd edim ki, anam, onun vəziyyəti mənimkindən daha pisdir. Bəs necə, arvad-uşağı da var axı! Əgər mən Qorşkovun yerində olsaydım, nə edəcəyimi bilməzdim. Demək Qorşkov içəri girib dayanıb, gözyaşları yanağından süzülür, ayaqlarını götürüb-qoyur, söz deyə bilmir. Onu stula oturtdum; düzdür, stul sınıqdır, amma başqası yoxumdur. Çay təklif etdim. O üzr istədi, xeyli üzrxahlıq etdi, axırda stəkanı götürdü. Qəndsiz içmək istəyirdi, təkid etdim ki, qənd götürsün, qəndsiz içmək olmaz dedim, yenə üzr istədi, xeyli dilə tutandan sonra qəndin ən balaca parçasını götürdü. Gör yoxsulluq adamları necə alçaldır! “Hə, – dedim, – buyur”. “Belə-belə, – dedi – siz mənim xeyirxahımsınız, Makar Alekseyeviç, bizə yazığınız gəlsin, bir az köməklik edin; uşaqlar acdır, yeməyə heç nə yoxdur”. Nəsə demək istədim, amma imkan vermədi. “Mən, Makar Alekseyeviç, burda hamıdan qorxuram, daha doğrusu qorxmuram, çəkinirəm, hamısı qürurlu adamlardır. Sizin də qapınızı açmazdım, atam, bilirəm ki, sizin özünüzün də başınıza xoşagəlməz hadisələr gəlib, elə də imkanlı olmadığınızı da bilirəm, amma heç olmasa borca nəsə verin; ona görə cəsarətlənib yanınıza gəldim ki, siz özümüz də yoxsulluğun nə olduğunu bilirsiniz, sizin də başınıza gəlib, elə indinin özündə də ehtiyac çəkirsiniz. Mənim halımdan siz anlayarsınız”. Sözünü belə qurtardı ki, mənim üzlülüyümü bağışlayın, Makar Alekseyeviç. Dedim ki, olsaydı verərdim, amma özümdə də bu saat heç nə yoxdur, heç nə. “Atam, Makar Alekseyeviç, – dedi, – çox şey istəmirəm (qulaqlarının dibinəcən qızardı), arvad-uşaq acdır, heç olmasa iyirmi qəpik olsaydı”. Gör məni harda yaxaladı! Özümdə cəmisi iyirmi qəpik qalmışdı. Deyirdim sabah nəsə alıb yeyərəm. “Yox, – dedim, – əzizim, verə bilmərəm; belə-belə”. “Atam, makar Alekseyeviç, heç olmasa on qəpik verin”. Axırda ürəyim dözmədi, iyirmi qəpiyin hamısını ona verdim. Eh, bu yoxsulluq! Sonra onunla bir az söhbət etdim, soruşdum ki, necə oldu bu vəziyyətə düşdünüz, hələ bu halınızla beş rublluq otaq kirayələmisiniz? Dedi ki, yarım il qabaq kirayələyib, üç aylıq pulu da qabaqcadan verib, amma sonra işlər elə gətirib ki, qalıb ortada, nə oyanlıqdır, nə buyanlıq. Güman edib ki, işi bu vaxta qədər qurtarmış olar. İşi isə çox pisdir. Hələ də məhkəmədə çəkişmədədir. Hansısa tacirlə arasında iş var, tacir bunu ilişdirib, sonra tacirin kələyini açıblar, indi özünün işi gedir, amma tacir Qorşkovdan əl çəkmir, onu da dalınca aparmaq istəyir. Qorşkovun doqqətsizliyi başına iş açıb. “Günahım yoxdur, – Qorşkov deyir, – zərrəcə günahkar deyiləm”. Onu işdən də qovublar, indi o tacirdən pul almaq istəyir, o da alınmır. Mən ona inanıram, amma məhkəmə inanmır. Tacir işi elə dolaşdırıb ki, yüz ilə də açmaq olmaz. Qorşkovu başa düşürəm, anam, onun halına acıyıram. İşsiz adamdır; heç kim etibar edib işə götürmür; əlində nə vardısa, hamısını xərcləyib qurtarıb; necəsə yaşamaq lazımdır axı; bütün bunlar azmış kimi, uşağı da olub; oğlu xəstələnib; elə arvadıyla özü də xəstədir. Vəziyyətləri acınacaqlıdır. Yazıqdır, anam, yazıqdır! Ona bir az təsəlli verdim. Özünü tamamilə itirib, anam, nə edəcəyini bilmir, sığınmalı birini axtarır; ona görə də təsəlli verdim. Hə, sağ olun, anam. İsa sizinlədir, özünüzdən muğayat olun. Əzizim. Sizin haqqınızda düşünən kimi rahatlanıram, canım ağrıyanda ağrılarımı sizin düşüncələrinizlə korşaldıram, sizə görə əzab çəksəm də, bunlar şirin əzablardır.
Sizin həqiqi dostunuz Makar Devuşkin.
41-ci məktub – 9 sentyabr
Anam, Varvara Alekseyevna!
İndi qətiyyən özümdə deyiləm. Başım fırlanır. Hər şeyin ətrafımda fırlandığını hiss edirəm. Sizə indi elə şeylər deyəcəyəm ki, əzizim! Bu heç bizim ağlımıza da gəlməzdi. Yox, əslində mən bunun olacağını hiss etmişdim, əvvəlcədən hiss etmişdim. Mən hətta yuxuda da buna oxşar bir şey görmüşdüm.
Sizə hər şey danışım. Görün nə olub! Bu gün işə getdim. Gedib oturdum, yazmağa başladım. Dünən də yazırdım. Dünən görürəm Timofey İvanoviç yanıma gəldi, dedi ki, bunlar bahalı kağızlardır. Elə yazın ki, Makar Alekseyeviç, kağız ləkələnməsin. Deyim ki, dünən heç özümdə deyildim, çox kədərliydim, sıxılırdım. Elə hey sizin haqqınızda düşünmüşdüm, anam! Nəsə, yazmağa başladım; bacardığım qədər təmiz, səliqəli yazırdım, amma necə oldusa bir sətir buraxdım. Taleyin işidir, bir sətir buraxdım, amma buna fikir vermədim. Dünən gec idi deyə kağızı imzalatdırmağa bu gün aparmışdılar. Mən də heç nə olmamış kimi həmişəki vaxtda işə getdim, keçib öz yerimdə, Yemelyan İvanoviçin yanında oturdum. Axır vaxtlar çox pis olmuşam, utandığımdan heç kimə baxa bilmirəm, yanımda kimsə stulunu tərpətsə, o saat ürəyim düşür. Bu gün də həmişəki kimi yerimdə oturdum, heç kimə baxmırdım, kirpi kimi büzüşmüşdüm. Bir də gördüm Yefim Akimoviç (onun kimisi dünyaya gəlməyib) bərkdən qışqırdı: Makar Alekseyeviç, nə olub belə büzüşmüsünüz? Hamı bərkdən gülməyə başladı. Qulaqlarımı tutub gözlərimi bağladım. Həmişə belə edirəm; necə olsa gülüb-gülüb əl çəkəcəklər. Bir də onda ayıldım ki, ayaq səsləri gəlir, kimsə məni çağırır. Görəsən qulaqlarım məni aldatmır ki? Yox, Devuşkini çağırırlar. Bərk qorxdum, ürəyim sinəmdən çıxmaq istəyirmiş kimi döyünməyə başladı. Heç vaxt belə olmamışdım. Yevstafiy İvanoviç yanıma gəldi. Devuşkin, Devuşkin, tez olun müdirin yanına gedin! Kağızı düz yazmamısınız! Elə bil ölüb dirildim, buz bağladım, hissiyyatım harasa qeyb oldu, durub getməyə başladım. Bir kabinetdən keçdim, ikinci kabinetdən keçdim, axır ki, məni müdirin yanına apardılar. Görürəm ayaq üstündə dayanıb, otaq da adamla doludur. Deyəsən təzim etməyi də unutdum. Elə tələsə-tələsə gəlmişdim ki, ayaqlarım da titrəyirdi, dodaqlarım da. Sağ tərəfdəki güzgüdə özümü gördüm, elə halda idim ki, bu elə ölməyim üçün bəs idi.
Hirslə danışmağa başladı: “Bu necə ola bilər axı? Hara baxırsınız? Lazımlı kağızdır, vaxtında hazır olmalıdır, sizsə onu korlayırsınız!” Sonra Yevstafiy İvanoviçi diqqətsizlikdə günahlandırdı. Üzr istəmək üçün ağzımı açdım, söz tapa bilmədim. Üzr istəmək istəyirdim, bacarmırdım. Qaçmaq istədim, o da alınmadı… Elə bir şey oldu ki, indi utandığımdan qələmi güclə saxlayıram. Mundirimdəki düymələrdən biri qopdu, çox güman ki, istəmədən onu dartmışdım, yerə düşüb fırlandı və düz müdirin qabağında dayandı. Üzrxahlıq üçün demək istədiyim bütün sözlər uçub getdi! Sonrası daha dəhşətli oldu! Müdir mənim üst-başıma baxmağa başladı. Güzgüdə gördüklərim yadıma düşdü, dəhşətə gəldim. Tez düyməni götürmək üçün əyildim, amma əllərim sözümə baxmırdı, düyməni tuturdum, o isə əlimdən çıxıb bir az qabağa diyirlənirdi. Eyni zamanda fikirləşirdim ki, artıq hər şey qurtardı! Bütün şərəfimi itirdim, məhv oldum! Nəhayət düyməni götürüb dikəldim. Həm də axmaq kimi gülümsəyirdim. Gülümsəyirdim! Müdir arxasını mənə çevirdi, sonra Yevstafiy İvanoviçə dediklərini eşitdim: “Görün o nə gündədir? Bu nə əyin-başdır?” Yevstafiy İvanoviçsə cavab verdi ki: “Bundan qabaq səhv eləməyib, təkcə budur. Nümunəvi işçidir. Maaşı da yaxşıdır…” “Nəsə eləyin, maaşını qabaqcadan verin…” “Götürüb, əvvəlcədən götürüb. Vəziyyəti belədir, amma nümunəvi işçidir. Heç vaxt töhmət almayıb”. Mən, mələyim, yanırdım, elə bil cəhənnəm oduna düşmüşdüm. Mən ölmüşdüm! “Onda yenə verin, – müdir dedi, – bir az da verin. Tez verin; Devuşkin, yaxın gəlin, bunun üzünü bir də köçürdün, çalışın bu dəfə səhv olmasın…” Müdir otaqdakıların hərəsinə bir tapşırıq verdi, hamısı iş dalınca getdilər. Biz tək qalanda mənə baxıb portmanatını çıxartdı, içindən bir dənə yüzlük götürüb mənə uzatdı. “Bunu, götürün… Nə lazımdırsa alın…” Əskinası ovcuma basdı. Özümü elə itirdim ki; onun əllərini öpmək istədim; o məndən çox utandı, sonra özü mənim əlimi sıxdı. “Gedin, dedi, nə bacarıramsa… Çalışın səhv eləməyin”.
İndi, anam, belə qərara gəlmişəm; sizdən və Fedoradan xahiş edirəm, əgər öz uşaqlarım olsaydı, onlara da deyərdim, hər gün mütləq müdirim üçün dua edin, mütləq! Bir də bunu deyim ki, yoxsulluğumuza, yoxsulluq vaxtı sizinlə birlikdə çəkdiyimiz əzablara, dözdüyümüz məhrumiyyətlərə baxmayaraq, bu yüzlükdən daha çox müdirin əlimi sıxmağına sevinirəm! O ali insan mənim, qocanın, əyyaşın əlini sıxmağı özünə rəva bildi! Bununla o məni özümə qaytardı, kim olduğumu yadıma saldı, ruhumu diriltdi!..
Anam! Mən indi bərk həyəcan keçirirəm. Ürəyim bu saat sinəmi deşib çıxacaqmış kimi döyünür. Özümsə elə bil gücdən düşmüşəm. Sizə qırx beş rubl göndərirəm, ev sahibəsinə iyirmi rubl verəcəyəm, özümdəsə otuz beş rubl saxlayıram: iyirmisinə əyin-baş alaram, on beşini isə xərclik saxlayaram. Bu hadisədən bütün varlığım sarsılıb. Bir az uzanacağam. İndi rahatam, çox rahatam. Amma ürəyim hələ də titrəyir. Mən sizə gələcəyəm; indi isə aldığım təəssüratlardan sərxoş kimiyəm… Tanrı hər şeyi görür, anam, əzizim!
Sizin layiqli dostunuz Makar Devuşkin.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.