Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 4

Текст книги "Yosxul insanlar"


  • Текст добавлен: 10 октября 2022, 03:23


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 9 страниц)

Шрифт:
- 100% +

12-ci məktub – 21 iyun

Əzizim mənim, anam!

Yazmaq istəyirəm, amma hardan başlayacağımı bilmirəm. Bizim indi birlikdə yaşamağımız qəribədir. Ona görə deyirəm ki, heç vaxt belə xoşbəxt olmamışam. Tanrı mənə xeyir-dua verib! Hədiyyəmi nə üçün qəbul etmək istəmirsiniz, olduğu dörd dənə köynəkdir. Onlar axı sizə lazım idi, Fedoradan soruşmuşdum. Sizi razı salmaq xoşuma gəlir, bu mənim sevincimdir, anam; siz mənə toxunmayın və etiraz etməyin. Elə bil yaşamağa təzə başlamışam. İkincisi də, indi tək yaşamıram, ikilikdə yaşayırıq, evlərimiz də çox yaxındır. Bu gün Ratazyayev məni çaya çağırdı, Ratazyayev mənim qonşumdur, o evində ədəbi gecələr təşkil edən. Bu gün də yığıncaq var; ədəbiyyat oxuyacağıq. Biz indi beləyik. Hə, sağ olun, anam! Bunları elə-belə yazdım, məqsədsiz-filansız, sadəcə xeyirxah niyyətimdən əmin olasınız deyə. Tereza dedi ki, sizə tikmək üçün rəngli parça lazımdır; alaram, anam, alaram, parça da alaram. Sabah sizi sevindirmək şərəfinə nail olacağam. Hardan almaq lazım olduğunu da bilirəm.

Sizin sadiq dostunuz olmağı özünə

şərəf bilən Makar Devuşkin.

13-cü məktub – 22 iyun

Çox hörmətli Varvara Alekseyevna!

Əzizim, sizə deməliyəm ki, evimizdə kədərli, arzuolunmaz hadisə baş verib. Bu gün səhər saat beşdə, Qorşkovun kiçik uşağı öldü. Deyəsən hansısa xəstəlikdən öldü, tanrı bilir! Qorşkovgilin otağına getdim. Elə kasıbdırlar ki! Otaqları da çox səliqəsizdir. Elə də olmalıdır, bir otaqda o qədər adam yaşayır. Balaca tabut da alıblar, hazır satılanlardan, yaxşı tabutdur. Oğlanın cəmi doqquz yaşı vardı, deyirlər gələcəyi ümidli görünürdü. Onlara baxmaq çox ağırdır, Varenka! Ana ağlamır, amma elə yazıq görkəmdədir ki. Ola bilsin vəziyyətləri bir az yüngülləşəcək, uşaqlardan biri azaldı. Amma daha ikisi də var axı. Qız lap balacadır, altı yaşı olar. Uşağın necə əzab çəkdiyinə baxıram, yazığım gəlir, amma heç nəylə kömək də edə bilmirəm! Ata sınıq stulda oturub, əynində çox köhnə, süzülmüş sürtuk var, ağlayır; bəlkə də uşağı öldüyü üçün ağlamır, artıq gözləri ağlamağa öyrəşib. Çox yaxşı adamdır! Onunla danışanda utanır, qızarır, çaşıb qalır, bilmir nə cavab versin. Kiçik qız qardaşının tabutuna dirsəklənib dayanıb, çox kədərlidir, fikrə gedib. Varenka, fikrə gedən uşağa baxa bilmirəm, çox ağırdır! Əskidən düzəldilmiş kuklası qabağında yerdədir, oynamır; barmağını dodağına sıxıb dayanıb. Tərpənmir. Ev sahibəsi ona konfet verdi, o da götürdü, amma yemədi. Kədərlidir, hə, Varenka?

Makar Devuşkin.

14-cü məktub – 25 iyun

Əziz Makar Alekseyeviç!

Verdiyiniz kitabı geri göndərirəm. Lazımsız şeydir! – əlinə də götürmək olmaz. Bu qiymətli kitabı hardan tapmısınız? Zarafat bir yana, belə kitablar bəyəm xoşunuza gəlir, Makar Alekseyeviç? Bu günlərdə mənə kitab verəcəklər oxumağa, söz veriblər. İstəsəniz sizə də verərəm. İndisə salamat qalın.

V.D.

15-ci məktub – 26 iyun

Mehriban Varenka!

İş orasındadır ki, o kitabı oxumamışdım, anam. Düzdür, bir-iki səhifə oxudum, gördüm ki, yumoristik yazıdır, adamları güldürmək üçün yazılıb; düşündüm ki, bəlkə Varenkanın xoşuna gəldi? Ona görə sizə göndərdim.

Ratazyayev söz verib ki, oxumağa kitab versin, əsl ədəbiyyat kitabları. Onları sizə göndərəcəyəm, anam. Ratazyayev özü də yazır axı. Mən onun yığıncaqlarına gedirəm. Oturub çubuq çəkirik, o isə oxuyur. Beş saat dayanmadan oxuyur, bizsə qulaq asırıq. Ədəbiyyat deyil, möcüzədir! Elə bil güldür, əsl gül; hər səhifədən buket bağla! Özü də mehriban adamdır. Mən onun qabağında kiməm ki? Heç kim. Onun reputasiyası var, bəs mənim? Sadəcə mövcud deyiləm! Amma o mənə hörmət edir! O mehriban adamdır, həm də bənzərsiz yazıçı.

Ədəbiyyat yaxşı şeydir, Varenka, çox yaxşı şeydir; bunu onlara getdiyim üçüncü günü öyrəndim. Dərin şeydir! Adamların ürəyini bərkidir, onları öyrədir, – kitablarda bunlar hamısı yazılıb. Çox yaxşı yazılıb! Ədəbiyyat şəkildir, daha doğrusu şəkil və güzgü. Bunu onlardan eşitdim. Açıq deyim ki, ora gedib otururam və qulaq asıram (onların mənim çubuq çəkməyimə baxdıqları kimi), elə ki mübahisə eləməyə başladılar, mən təslim oluram; həqiqətən, Varenka, siz olsanız siz də təslim olardınız. Orda bütün çılpaqlığı ilə aydın olur ki, mən heç nə bilməyən axmağam; istəyirəm söhbət əsnasında bircə kəlmə də olsa nəsə deyim, amma deməyə söz tapmıram! Təəssüf edirəm ki, özüm böyümüşəm, amma ağlımı böyütməmişəm. Bu qədər vaxtı yatmaq yerinə xeyirli bir işlə məşğul olmaq olardı, məsəlçün elə oturub yazmaq. Həm özünə xeyirdir, həm başqalarına. Ratazyayev özü gündə beş vərəq yazır. Dediyinə görə hər vərəq üçün də üç yüz rubl alır. Necədir, Varvara Alekseyevna? Bəs nə bilmişdiniz! Onun şeir dəftərçəsi var, hamısı da balaca şeirlərdir, o dəftər üçün yeddi min istəyir! Deyir, beş min verirlər, istəmirəm, azdır. Deyirəm ki, beş min az deyil, götürün və tüpürün onlara. Yox, deyir, yeddi min alacağam o alçaqlardan.

Gəlin sizə onun “İtaliya ehtirasları” adlı əsərindən bir parça yazım. Oxuyub özünüz qiymət verin.

“…Vladimir diksindi, ehtirasları cuşə gəldi, qanı qaynadı…

– Qrafinya, – deyə qışqırdı, – qrafinya! Bu ehtirasın necə intəhasız, bu ağılsızlığın necə sərhədsiz olduğunu bilirsinizmi? Yox, arzularım məni aldatmayıb! Sevirəm, dəli kimi, vəhşi kimi sevirəm! Ərinizin bütün qanı axsa da, mənim ruhumun vəhşi ehtirasını yatırda bilməz! Oh, Zinaida, Zinaida!

– Vladimir!.. – qrafinya özündən asılı olmayaraq onun çiyninə söykənib pıçıldadı.

– Zinaida! – Smelski xoşbəxtcəsinə qışqırdı.

Onun sinəsindən hava püskürdü. Hava onun atəşli sevgisini daha da alovlandırdı.

– Vladimir!.. – Qarafinya rahatlıq içində pıçıldadı. Onun sinəsi körük kimi qalxıb-enirdi, yanaqları yanırdı, gözləri parıldayırdı…

Yeni, qorxulu nikahın əsası qoyuldu!

Yarım saat sonra qoca qraf arvadının otağına girdi:

– Əzizim, dəyərli qonağımız üçün samovar qoyulmasını əmr edək?

Bunu deyib arvadının yanağını çimdiklədi”.

Buyurun, anam, necədir? Düzdür, bir az hissiyyatlıdır, amma yaxşıdır. Bir şey yaxşıdırsa, deməli yaxşıdır! Gəlin sizə “Yermak və Züleyxa” povestindən də bir parça yazım.

Təsəvvür edin ki, kazak Yermak Sibiri işğal edib və Sibir şahı Kuçumun qızı Züleyxaya vurulub. Gördüyünüz kimi hadisələr İvan Qroznının vaxtında cərəyan edir. Bu da Yermakla Züleyxanın söhbəti:

“– Sən məni sevirsən, Züleyxa? Təkrar et, bir də de!..

– Mən səni sevirəm, Yermak, – Züleyxa pıçıldadı.

– Oh, yerüzü və göyüzü, sizə minnətdaram! Mən xoşbəxtəm!.. Siz mənə yeniyetməliyimdən bu yana arzuladığım hər şeyi verdiniz. Ey mənim bəxt ulduzum, demək bunun üçün yolumu buralara saldın! Mən Züleyxamı hamıya göstərəcəyəm və vəhşi ürəkli adamlar məni günahlandırmağa cəsarət etməyəcək! Oh, kaş ki onlar Züleyxamın incə ruhunun sirli əzablarından xəbərdar olaydılar, Züleyxamın gözyaşındakı poemanı görə biləydilər! İlahi, qoy mən o gözyaşını öpüşlərimlə qurudum!

– Yermak, – Züleyxa dedi, – dünya da, adamları da ədalətsizdir! Onlar bizi mühakimə edəcəklər, Yermak! Sibirin qarları arasında böyüyən qızcığaz sizin soyuq, buzlu, ruhsuz dünyanızda necə yaşayacaq? Adamlar məni anlamayacaqlar, əzizim!

– Elə olan halda kazak qılıncı onların başını üzəcək! – Yermak hirslə qışqırdı.”

Varenka, Yermak Züleyxasının öldüyünü öyrənəndə halı necə olacaq? Qoca Kuçum, Yermaka ölümcül zərbə vurmaq üçün gecə vaxtı gizlicə gəlib Züleyxanı bıçaqlayır.

“Yermak vəhşi kimi qışqırırdı:

– Onların qanını axıtmalıyam! Onları parçalamaq lazımdır, parçalamaq!!!”

Yermak Züleyxanın dərdinə qatlana bilməyib özünü İrtışa atır, bununla da hər şey qurtarır.

Ratazyayev əla yazır! Belə, anam, tutaq ki, mən də yazmağa başladım və kitabım çap olundu: “Makar Devuşkinin şeirləri!” Bəs onda nə deyərdiniz, mələyim mənim? Nə düşünərdiniz? Mən deyim, əgər kitabım çap olunsaydı, onda qətiyyən Neva prospektinə çıxa bilməzdim. Görənlər deyərdilər ki, budur, o kitabı yazan Devuşkin gəlir. Onda öz yamaqlı çəkmələrimdən utanardım. Onlar hərdən elə pis cırılırlar ki! Hamı da deyərdi ki, bax, Devuşkinin çəkmələri yamaqlıdır. Hələ kübar qadınları demirəm. Onlar bəlkə də çəkmələrimə fikir verməzdilər. Məncə heç bir kübar qadın çəkməyə baxmır, üstəlik də məmur çəkməsinə (çəkmədən çəkməyə fərq var). Amma ona da deyərdilər, elə öz tanışlarım məni satardı. Elə Ratazyayevin özü birinci deyərdi; o tez-tez qrafinya V.-nin yanına gedir; özü deyir ki, tez-tez gedirəm, elə-belə gedirəm. Deyir, çox gözəl qadındır, ədəbiyyatdan da anlayır. Şorgözdür bu Ratazyayev!

Nə isə, bəsdir bu mövzuda danışdım; mən bunu elə-belə yazdım, anam, üzünüzü güldürmək üçün. Sağ olun, mələyim! Həddindən çox yazdım, bu gün çox sevincliyəm, ondandır. Ratazyayevlə birlikdə nahar eləmişəm, yaxşı çaxırı da var idi… bunda yazmalı bir şey də yoxdur! Siz mənim haqqımda pis şeylər düşünməyin, Varenka. Bunu elə-belə dedim. Sizə kitab da göndərəcəyəm, mütləq göndərəcəyəm… Buralarda Pol de Kokun bir əsəri əl-əl gəzir. Amma yox, onu göndərməyəcəyəm. Pol de Kok sizin üçün yaramaz. Deyirlər o yerli tənqidçiləri möhkəm hirsləndirib. Sizə konfet də göndərirəm, sizin üçün almışam. Hər dəfə yeyəndə məni xatırlayarsınız. Amma onları ağzınıza atanda çeynəməyin, dişləriniz ağrıyar, sadəcə sovurun. Bəlkə siz meyvəli konfetləri xoşlayırsınız? Yazarsınız mənə. Hə, sağ olun, sağ olun. İsa sizi qorusun, əzizim.

Əbədiyyən sizin sadiq dostunuz olacaq

Makar Devuşkin.

16-cı məktub – 27 iyun

Çox hörmətli Makar Alekseyeviç!

Fedora deyir ki, əgər istəsəm hansısa evdə mürəbbiyə işinə girə bilərəm. Necə bilirsiniz, gedim, ya yox? Düzdür, elə olsa daha sizə yük olmayacağam, yer də deyəsən yaxşıdır; başqa tərəfdən də, yad evə getmək bir az qəribədir. İmkanlı adamlardır, birdən məni sorğu-suala tutdular, maraqlandılar – onda nə deyəcəyəm? Həm də mən adamayovuşmazam, təbiətimdə bir az vəhşilik var. Öyrəşdiyim yerdən ayrılmaq istəmirəm; kədərli yer olsa da, bura artıq öyrəşmişəm. Həm işin də dəqiq nə olduğunu bilmirəm. Bəlkə sadəcə uşaqlara göz-qulaq olmaq üçün çağırırlar? Həm də eşitmişəm ki, iki il ərzində üçüncü mürəbbiyə dəyişirlər. Mənə məsləhət verin, Makar Alekseyeviç, gedim yoxsa yox? Siz nə üçün bizə gəlmirsiniz? Hərdən pəncərədən görünürsünüz. Ancaq bazar günü ibadətlərində görüşürük. Çox adamayovuşmazsınız! Eynən mənim kimi! Biz axı doğmayıq. Siz məni sevmirsiniz, Makar Alekseyeviç, mənsə hərdən elə tənha oluram ki! Hər dəfə alaqaranlıqda təkbaşına oturub qalırsan. Fedora harasa gedir. Sənsə oturub fikirləşirsən, hər nə olub-keçibsə, hamısı gözünün qabağına gəlir. Gözünə tanış simalar görünür – ən çox anamı görürəm… Hələ gördüyüm yuxular! Hiss edirəm ki, səhhətim yavaş-yavaş korlanır, zəifləyirəm. Elə bu gün də, yuxudan pis durmuşam; üstəlik çox pis öskürürəm. Hiss edirəm ki, tezliklə öləcəyəm! Məni kim basdıracaq? Tabutumun dalınca kim gedəcək? Kim mənim üçün təəssüflənəcək?.. Deyəsən yad yerdə, yad evdə ölməli olacağam!.. Aman tanrı, həyat necə də kədərlidir, Makar Alekseyeviç! Dostum, nə üçün mənə bu qədər konfet alırsınız? Bu qədər pulu hardan tapdığınızı bilmirəm. Ah, əziz dostum, pullarınızı saxlayın, tanrı xətrinə, saxlayın. Fedora toxuduğum xalçanı satır; kağız pulla əlli rubl verirlər. Bu çox yaxşıdır; mən az düşünürdüm. Sizin üçün jilet tikəcəyəm, özüm tikəcəyəm, parçanı da yaxşısından alacağam.

Fedora mənim üçün kitab gətirib – “Belkinin povestləri”. Onu sizə göndərirəm. Amma xahiş edirəm, ehtiyatlı olun ki, kitabı batırmayasınız, həm də çox gecikdirməyin. Başqasının kitabıdır. Puşkinin əsəridir. İki il qabaq bu kitabı anamla birlikdə oxumuşduq. İndi təkrar oxuyanda çox kədərləndim. Sizdə kitab varsa göndərərsiniz. Amma Ratazyayevin kitabı olmasın. Əgər kitabı çap olunubsa, yəqin ki, sizə vermiş olar. Onun yazdıqlarından nə üçün xoşunuz gəlir, Makar Alekseyeviç? Mənasız şeylərdir… Yaxşı, sağ olun. Çox danışdım! Kədərli olanda çox danışıram. Bu dərman kimidir, rahatlanırsan, xüsusən ürəyindəkiləri deyəndə. Sağ olun, sağ olun, dostum!

Sizin V.D.

17-ci məktub – 28 iyun

Anam, Varvara Alekseyevna!

Belə fikirlər ağlınıza hardan gəlir, hə? Heç utanırsınız? Mələyim mənim, siz xəstə deyilsiniz, qətiyyən xəstə deyilsiniz; siz hələ qönçəsiniz, bir az bədbinsiniz, amma qönçəsiniz. Yaxşı, bəs o yuxulara nə deyəsən? Eyibdir, mələyim. Siz tüpürün o yuxulara, tüpürün. Bəs mənə nə üçün heç nə olmur? Bəs mən nə üçün yaxşı yatıram? Siz mənə baxın, anam. Sakitcə yaşayıram özüm üçün. Yaxşı yatıram, özümü qoruyuram, özüm öz xoşuma gəlirəm. Özünüzə diqqət yetirin, özünüzü düzəldin. Sizi tanıyıram, ağlınıza nə gəldisə, o saat xəyal qurmağa başlayırsınız. Eləməyin belə şeylər, əzizim, mənim xətrimə. Mürəbbiyə işləmək istəyirsiniz? Yox, yox və yox! Bu fikirlər ağlınıza hardan gəlir? Özü də o evdə qalmaq şərtilə! Yox, anam, icazə vermirəm və bütün gücümlə bu qərara qarşı çıxıram! Frakımı satıb təkcə köynəklə gəzərəm, amma sizi ehtiyac içində saxlamaram. Yox, Varenka, yox! Hər şeyin günahkarı Fedoradır, o deyəsən sarsaqdır, bu fikirləri də başınıza o salır. Siz, anam, ona inanmayın. Siz ola bilsin hər şeyi bilmirsiniz. O sarsaqdır, deyingəndir. Mərhum ərini də o yola salıb. Bəlkə o sizi hirsləndirib? Yox, anam, yox. Heç vaxt! Heç məni düşünmüsünüz, siz getsəniz halım necə olacaq? Nə edəcəyəm? Siz, Varenka, bu fikri başınızdan atın. Burda nəyiniz çatmır axı? Biz sizi çox istəyirik, elə beləcə yaşayın; tikin, oxuyun, yaxşısı heç tikiş də tikməyin; ya da özünüz bilərsiniz, amma bizimlə qalın. Mən sizin üçün kitab taparam, bir də gördünüz, sizi harasa gəzməyə də apardım. Ancaq siz ağlınızı başınıza yığın, boş-boş şeylər düşünməyin! Tezliklə sizə gələcəyəm. Mən, düzdür, savadsız adamam, savadsız olduğumu da bilirəm. Sözüm onda yox, Ratazyayev haqda nə düşünürsünüzsə, qərar sizindir. Amma mən öz fikrimdə qalıram, o yaxşı yazıçıdır. O mənim dostumdur, buna görə də onun tərəfini saxlayacağam. O yaxşı yazır, çox yaxşı yazır. Sizinlə razı deyiləm və ola bilmərəm də. Gözəl yazıb, canlı yazıb, gözəl fikirləri var; çox yaxşıdır! Sizin, ola bilsin, oxuyanda kefiniz olmayıb, bəlkə o vaxt Fedoraya hirslənmişdiniz, ya da başqa cansıxan şey olmuşdu. Yox, siz yaxşısı bir də oxuyun, kefiniz yaxşı olanda oxuyun, məsəlçün, ağzınızda konfet olanda oxuya bilərsiniz. Düzdür, Ratazyayevdən daha yaxşı yazıçılar var, hətta çox daha yaxşıları var, buna etiraz etmirəm (kim edə bilər ki?). Amma onlar da yaxşıdır, Ratazyayev də; onlar da yaxşı yazır, Ratazyayev də həmçinin. Ratazyayev özünəməxsus yazır və yaxşı da edir. Hə, sağ olun, anam. Daha çox yaza bilməyəcəyəm, işim var, tələsirəm. Əzizim, sakitləşin, tanrı sizinlə olacaq.

Sizin sadiq dostunuz Makar Devuşkin.


P.S. Kitab üçün çox sağ olun, Puşkini də oxuyarıq; bu axşam mütləq sizə gələcəyəm.

18-ci məktub – 1 iyul

Əzizim Makar Alkeseyeviç!

Yox, əziz dostum, mənim yerim sizin yanınız deyil. Düşünüb bu qərara gəldim ki, bu təklifi qəbul etməmək axmaqlıq olar. Ən azı gündəlik çörəyim olacaq; çalışacağam ki, ev sahiblərinin hörmətini qazanım, lazım gəlsə xasiyyətimi də dəyişdirməyə çalışacağam. Düzdür, başqalarının evinə sığınıb mərhəmət gözləmək ağırdır, tanrı köməyim olsun. Amma bütün ömrüm bou guşənişin olmalı deyiləm ki. Belə hadisələr başıma gəlib. Uşaqlıqda pansiona verilmişdim. Olurdu ki, bazar günləri evə gəlirdim, bütün günü oynayırdım, dəcəllik edirdim. Amma axşam düşən kimi kefim pozulurdu. Çünki yenə pansiona getmək lazım idi. Orda hər şey soyuq idi, qaranlıq idi, yad idi, mürəbbiyələr bazar ertəsi günləri elə hirsli olurdular ki, ağlamaq istəyirdim. Amma öyrəşdim, elə öyrəşdim ki, pansiondan çıxanda da ağlayırdım, rəfiqələrimlə vidalaşanda. Həm də, sizin köməyinizlə yaşamaqla düz iş görmürəm. Bu fikrin özü də mənə əzab verir. Sizə bunları tam səmimi deyirəm, çünki sizinlə səmimi olmağa öyrəşmişəm. Bəyəm görmürəm ki, Fedora səhər tezdən yuxudan durub paltar yumağa başlayır, gecə düşənə qədər işləyir? – qoca bədən dincəlmək istəyir axı. Bəyəm sizin də necə çalışdığınızı, axırıncı qəpiyinizə qədər mənim üçün xərclədiyinizi görmürəm? – sizin üçün də çətindir, dostum! Yazırsınız ki, məni ehtiyacda saxlamamaq üçün hər şeyi satarsınız. İnanıram, dostum, xeyirxah ürəyinizə inanıram – amma bunu indi deyirsiniz. Çünki mükafat almısınız; bəs sonra nə olacaq? Xəstə olduğumu bilirsiniz, sizin kimi işləyə bilmirəm, işləsəydim az da olsa sakitləşərdim, iş də həmişə olmur. Belə olan halda nə etməliyəm? Sizin ikinizə baxıb köks ötürürəm. Sizə necə xeyir verə bilərəm? Və nə üçün sizə bu qədər dəyərliyəm, əziz dost? Sizin üçün nə etmişəm? Mən sizi sevirəm, ürəkdən sevirəm, sizə bütün qəlbimlə bağlıyam, sizi çox sevirəm, amma mən sadəcə sevirəm, başqa heç nə; xeyirxah əməllərinizin əvəzini ki, verə bilmirəm. Məni daha çox saxlamayın, düşünün və axırıncı qərarınızı deyin.

Səbirsizliklə cavabınızı gözləyən V.D.

19-cu məktub – 1 iyul

Bəsdirin, Varenka, bəsdirin! Sizi özbaşına qoysaq, daha nə fikirlərə düşərsiniz. Bu belədir, bu yox, belə deyil! Sizin axı nəyiniz çatmır, anam? Sizi sevirlər. Siz də bizi sevirsiniz, hamımız bundan razıyıq – başqa nə lazımdır? Yad evdə nə edəcəksiniz axı? Siz axı yad adamın nə demək olduğunu hələ bilmirsiniz. Yox, siz mənə icazə verin, yad adamın nə demək olduğunu sizə deyim. Bilirəm, anam, onu tanıyıram; yad çörəyi yemək qismətim olub. Sənin kövrək qəlbin yad adamın baxışlarına dözməz, Varenka. Burda evimiz yaxşıdır, istidir, yuva kimidir. Bizi də yetim qoyacaqsınız burda. Sizsiz nə edəcəyik axı? Mən qoca nə edəcəyəm? Siz bizə lazım deyilsiniz? Xeyiriniz yoxdur? Necə ola bilər ki, xeyriniz olmasın? Anam, özünüz deyin, necə yəni xeyiriniz yoxdur? Sizin mənə çox xeyiriniz dəyir, Varenka. Sizin yaxşı təsir qüvvəniz var. Bax, elə indi sizin haqqınızda düşünürəm və kefim durulur… Sizə məktub yazıram və cavabınızı gözləyirəm. Sizə paltar alıram, şlayapa alıram, istədiyiniz bir şey olanda deyirsiniz, hamısını alıram… Necə yəni xeyiriniz yoxdur? Siz də olmasanız, qoca vaxtımda nə edəcəyəm, nəyə lazım olacağam? Siz, çox güman ki, bu haqda düşünməmisiniz, siz bu haqda düşünün – ki, mənsiz o qocanın halı necə olacaq? Mən sizə öyrəşmişəm, əzizim. Siz getsəniz nə olacaq? Gedib özümü Nevaya atacağam, hər şey də qurtaracaq. Doğrudan da, daha eləməli nə qalır ki! Ah, mənim Varenkam! Deyəsən istəyirsiniz ki, tabutumu arabayla Volkovo qəbiristanlığına aparsınlar, kasıb bir qarı üstümdə ağlasın, üstümü torpaqlasınlar, sonra da tək-tənha qoyub getsinlər. Günahdır, günahdır, anam! Doğrudan günahdır! Verdiyiniz kitabı geri göndərirəm, dostum, Varenkam, kitab haqqında fikrimi bilmək istəsəniz deyim ki, əzizim, belə yaxşı kitabları oxumaq qismətim olmayıb. Özümdən soruşuram ki, anam, indiyə qədər belə necə yaşaya bilmişəm? Nə etmişəm? Hansı meşədən çıxmışam? Mən axı heç nə bilmirəm, anam, heç nə bilmirəm! Qətiyyən heç nə bilmirəm! Sizə, Varenka, deyim ki, – savadsız adamam; çox az oxumuşam, demək olar ki, heç nə: “İnsanın şəkli”ni oxumuşam, ağıllı əsərdir; “Zınqırovla mahnı çalan uşaq”, bir də “Durnalar”ı; başqa heç nə oxumamışam. İndi isə verdiyiniz kitabdan “Stansiya gözətçisi”ni oxudum; anam, belə də olur, yaşayırsan, amma bilmirsən ki, əlinin altında belə bir kitab var və kitabda sənin həyatın yazılıb. Hətta əvvəllər fikir vermədiyin şeyləri də o kitabdan tapırsan, oxuyursan, anlamadığını da anlayırsan. Elə kitab ola bilər ki, oxuyasan, amma anlamayasan. Düzdür, mən qanmazam, təbiətim belədir, qanmazam, hər oxuduğumu başa düşmürəm; amma bunu oxuyursan və elə bil hamısını özün yazmısan. Hər şey olduğu kimi də olub. Çox sadə, elə bil özün yazmısan; hə, bunu mən də yaza bilərdim, nə üçün də yazmayım? Axı mən də eyni şeyləri hiss edirəm, eynən kitabda yazıldığı kimi, elə kitabdakı Samson Vırini götürək, özüm elə vəziyyətlərə az düşməmişəm. Aramızda Samson Vırinlər az deyil. Necə yaxşı yazılıb! Hələ onun öz qızı Dunya haqda düşündüklərini oxuyanda ağlamağım gəldi! Çox təbii yazılıb! Oxuyun, görəcəksinzi ki, təbiidir! O yaşayır! Mən hamısını görmüşəm, – onlar mənim ətrafımda yaşayır; uzağa nə üçün gedirik. Elə götürək bizim bu Terezanı; və ya qonşuluğumdakı Qorşkovu, o da Samson Vırindir, sadəcə soyadı başqadır. Hadisə ki, eynidir, anam, o hadisə hamımızın başına gələ bilər. Hətta Nevada və ya sahildə yaşayan qrafın da başına gələ bilər, hər şey ola bilər, mən də o vəziyyətə düşə bilərəm. Belədir, anam, sizsə bizi qoyub getmək istəyirsiniz; günahdır, Varenka, günahdır. İkimizi də məhv edərsiniz, əzizim. Ah, dostum, bu fikri başınızdan atın, tanrı xətrinə, məni də nahaq yerə incitməyin. Özünüzü necə saxlayacaqsınız, necə qoruyacaqsınız? Varenka, hər deyilənə qulaq asmayın, kitabı isə bir də oxuyun, diqqətlə oxuyun, bu sizə ancaq xeyir verə bilər.

“Stansiya gözətçisi” haqqında Ratazyayevə də danışdım. O dedi ki, oxuduğum kitab artıq köhnəlib, indi təzələri çıxır, şəkilləri də olur. Düzünə qalsa, nə demək istədiyini yaxşı başa düşmədim, amma nəsə belə bir şey dedi. Dedi ki, Puşkin yaxşı yazıçıdır və onun haqqında çox şey danışdı. Hə, Varenka, çox yaxşıdır, çox yaxşı; kitabı bir də təkrar oxuyun, məsləhətlərimə əməl edin və mən qocanı sevindirin. Tanrı da sizi mükafatlandıracaq, əzizim, mütləq mükafatlandıracaq.

Sizin sadiq dostunuz Makar Devuşkin.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации