Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 6

Текст книги "Yosxul insanlar"


  • Текст добавлен: 10 октября 2022, 03:23


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 9 страниц)

Шрифт:
- 100% +

29-cu məktub – 3 avqust

Mələyim mənim, Varvara Alekseyevna!

Sizə bildirməliyəm ki, məndə ümid cücərməyə başlayıb, hər şey yaxşı olmalıdır. Deyirsiniz ki, borc götürməyim. Əzizim, borcsuz mümkün deyil axı, mənim də vəziyyətim ağırdır, sizin də; birdən nəyəsə vacib lazım oldu? Siz çox zəifsiniz, ona görə deyirəm ki, sizinlə məşğul olmaq lazımdır. Hə, davam edim. Burda bir qonşum var, Yemelyan İvanoviç. Bu sizin tanıdığınız Yemelyan deyil. O da mənim kimi mirzədir və biz ikimiz idarədəki ən yaşlı, ən təcrübəli işçilərik. O yaxşı adamdır, ürəyi təmizdir, çox danışmır. Xətti də yaxşıdır, düzünü deməli olsam, heç də məndən pis yazmır. Yaxşı adamdır! Onunla heç vaxt yoldaşlıq eləməmişik, sadəcə salam-sağol, vəssalam; görürsən ki, mənə nəsə lazım olur, deyirəm ki, Yemelyan İvanoviç, onu mənə verə bilərsinizmi? – o da verir, bu qədər. Görürəm bu gün mənə deyir: Makar Alekseyeviç, axır vaxtlar yaman fikirlisiniz. Yaxşı niyyətlə deyir, mənə kömək etmək istəyir, mən də ona ürəyimdəkiləri dedim; daha doğrusu hamısını demədim, hamısını istəsəm də deyə bilmərəm; nə qədər mümkündürsə, o qədər də dedim. “Siz, dostum, – deyir, – borc istəyirsinizsə Pyotr Petroviçdən götürün, o sələmə verir. Mən götürmüşdüm, faizi də çox deyil”. Hə, Varenka, bunu eşidən kimi ürəyim atlandı. Düşündüm ki, nə yaxşı olar Pyotr Petroviçdən pul götürsəm. Kirayəni də verərəm, sizə də əl tutaram, hələ özümə də qalar. Özüm üçün də təzə nəsə ala bilərəm. Axı, hərdən olur ki, müdir mənim stolumun yanından keçir, mənə baxır, mənsə köhnə paltardayam – eyibdir axı! Oranın əsas şərti təmizlik və səliqədir. O heç nə deməyəcək, amma mən utandığımdan yerə girəcəyəm. Belə, düşünüb qərara gəldim, utancaqlığımı deşik cibimdə gizlətdim və Pyotr Petroviçin yanına getdim. Hə, Varenka, hər şey biabırçılıqla qurtardı. O nəyləsə məşğul idi, Fedosey İvanoviçlə danışırdı. Mən ona yandan yaxınlaşıb qoluna toxundum, Pyotr Petroviç, ay Pyotr Petroviç. O mənə baxdı, danışmağa başladım; yəni, belə-belə, otuz rubl lazımdır və s. O əvvəlcə məni başa düşmədi, sonra təzədən izah eləyəndə güldü və susdu. Yenə sözümü təkrarladım. O soruşdu ki, təminatım var? Özü isə nəsə yazır, mənə baxmır. Yox dedim, təminatım yoxdur, arxayın olun, maaşı alan kimi qaytaracağam, mütləq qaytaracağam. İndi də onu kimsə çağırdı, qayıtmağını gözlədim, gəlib qələmini yonmağa başladı, elə bil heç məni görmür. Mənsə dediyimi təkrarlayıram, – Pyotr Petroviç, necəsə mümkündür? O isə susub dayanıb, elə bil məni eşitmir. Yaxşı, öz-özlüyümdə dedim, axırıncı dəfə də yoxlayım. Yenə qoluna toxunub eyni şeyi təkrarladım. O yenə heç nə demədi, qələmini yonub qurtardı və nəsə yazmağa başladı. Mənsə çevrilib yerimə qayıtdım. Onlar qürurlu adamlardır. Bir də ki, onlardan bizə nə, Varenka? Yemelyan İvanoviçə deyəndə o da gülüb başını buladı. Amma mənə ümid verdi. Yemelyan İvanoviç yaxşı adamdır. Dedi ki, sələmə pul verən daha bir nəfəri tanıyır, kimdirsə Vıborqski küçəsində yaşayır, ondan maraqlanacaq. Yemelyan İvanoviç deyir, bu mütləq verəcək. Mən ora sabah gedəcəyəm, əzizim. Necə düşünürsünüz? Dərd başımdan əksik deyil. Ev sahibəsi məni qovmaqla hədələyir, yemək də vermir. Çəkmələrim da sıradan çıxıb… Birdən müdiriyyətdən kimsə çəkmələrimi görsə, onda necə olacaq? Böyük dərddir, Varenka, böyük dərddir!

Makar Devuşkin.

30-cu məktub – 4 avqust

Hörmətli Makar Devuşkin!

Tanrı xətrinə, Makar Alekseyeviç, nə qədər tez mümkündürsə borc pul tapın; sizdən bunu xahiş etməzdim, amma vəziyyətim çox ağırdır! Daha bu evdə qala bilmərik. Başıma çox pis hadisə gəlib, elə həyəcanlıyam ki! Təsəvvür edin ki, səhər evimizə tanımadığım bir kişi girir; yaşlı adamdır, sinəsi ordenlə dolu. Nə istədiyini bilmirəm. Onda tək idim, Fedora bazara getmişdi. Məni sorğu-suala tutdu, necə yaşayıram, nə edirəm, cavabı gözləmədən dedi ki, o zabitin əmisidir; qardaşı oğlunun hərəkətindən utandığını dedi, dedi ki, o uşaqdır, nə etdiyini bilmir; dedi ki, məni öz himayəsinə götürmək istəyir; dedi ki, heç kimə qulaq asmayım, yanıma ata kimi gəlib və ata qayğısı göstərmək istəyir. Mən qızardım, bilmədim nə deyim, amma təşəkkür etməyə tələsmədim. Güclə əlimi tutdu, yanağımı sığalladı, dedi ki, çox yaxşı qızam və nə yaxşı ki, yanaqlarımda zənəxdan var (nə dediyini özü də bilmirdi!), sonra isə məni öpmək istədi, dedi ki, mən artıq qocalmışam, öpsəm heç nə olmaz (elə kifir idi ki!). Elə bu vaxt Fedora gəldi. Kişi bir az utandı, sonra dedi ki, mənə dərin hörmət bəsləyir və köməyindən imtina etməməyimi istəyir. Sonra Fedoranı qırağa çəkib qəribə hərəkətlərlə pul vermək istədi. Əlbəttə ki, Fedora götürmədi. Nəhayət getdi, gedəndə dedi ki, bir də yanıma gələcək və gələndə sırğa gətirəcək; başqa evə köçməyi mələhət gördü, pulsuz qala biləcəyim, öz evinə yaxın bir mənzili nişan verdi; dedi ki, məni çox bəyənib, mən yaxşı və ağıllı qızam; sonra cavanlara məhəl qoymamağı tapşırdı; lap axırda isə dedi ki, Anna Fyodorovnanı tanıyır və Anna Fyodorovna bizə tezliklə gələcəyini deməsini ona tapşırıb. Mən hər şeyi anladım. Bilmirəm mənə nə oldu, birinci dəfə idi belə vəziyyətə düşürdüm. Tamamilə özümdən çıxdım. Fedoranın köməkliyiylə onu evdən qovdum. Bu qərara gəldik ki, hamısı Anna Fyodorovnanın işidir, yoxsa o bizim haqqımızda necə öyrənə bilərdi?

Makar Alekseyeviç, indi sizə müraciət edib kömək istəyirəm. Məni bu vəziyyətdə tək qoymayın, tanrı xətrinə! Az da olsa pul tapın ki, biz bu evdən köçə bilək, daha burda qala bilmərik. Fedora da bu fikirdədir. Bizə ən azı iyirmi beş rubl lazımdır. Bu pulu sizə qaytaracağam; qazanıb qaytaracağam; Fedora yenə mənim üçün sifariş götürəcək, əgər pul üçün yüksək faiz istəsələr heç çəkinməyin, götürün. Mən hamısını qaytaracağam, təki siz məni tək qoymayın. Sizi narahat etdiyim üçün çox utanıram, amma sizdən başqa ümid edəcəyim biri yoxdur! Sağ olun, Makar Alekseyeviç, tanrı köməyiniz olsun!

V.D.

31-ci məktub – 4 avqust

Əzizim Varvara Alekseyevna!

Bu cür gözlənilməz zərbələr məni sarsıdır! Bu cür bədbəxtliklər ruhumu incidir! Bu yırtıcılar sizi xəstə edib yatağa salmaqla yanaşı, məni də məhv etmək istəyirlər. Edəcəklər də, and içirəm ki, edəcəklər! Sizə kömək etməməkdənsə ölərəm. Sizə kömək edə bilməsəm, elə ordaca ölərəm, Varenka, amma kömək etsəm siz yuvanızdan uçub gedəcəksiniz, məni də bu məhv edir! Siz necə də qəddarsınız, Varenka, necə qəddarsınız! Deyirsiniz ki, borc götürüm, işləyib qaytaracaqsınız. Siz nə danışırsınız! Siz nə üçün işləməlisiniz axı, nə üçün tikiş tikməlisiniz, gözlərinizi korlamalısınız? Ah, Varenka, Varenka, görürsünüzmü, əzizim, mən heç nəyə yaramıram, amma elə edəcəyəm ki, yarayacağam! Mən özüm əlavə işlər tapacağam, yazı işləri götürəcəyəm, yazıçıların yanına gedəcəyəm, özüm gedəcəyəm; onlar yaxşı xətti olan mirzə axtarırlar, bilirəm ki, axtarırlar; amma sizi işləməyə qoymayacağam. Mən, mələyim mənim, tezliklə borc pul tapacağam, mütləq tapacağam. Bir də deyirsiniz ki, faizdən qorxmayım, – qorxmayacağam, anam, qorxmayacağam, daha heç nədən qorxmayacağam. Mən kağız pulla qırx rubl borc istəyəcəyəm, sizcə çox deyil ki, Varenka? Mənə birinci dəfədən qırx rubl verərlər? Yəni görünüşüm o pulu qaytara biləcəyimə əminlik yaradır? Fizionomiyama görə yaxşı nəticəyə gəlmək olar? Siz bu haqda nə düşünürsünüz? Belə hesablamışam: o qırx rublun iyirmi beşini sizə verəcəyəm, iki rubl ev sahibəsinə, qalanını isə özüm üçün xərclik. Bilirsiniz, ev sahibəsinə daha çox vermək olar, hətta lazımdır; amma mənim vəziyyətimi nəzərə alın, anam, görəcəksiniz ki, daha artıq vermək mümkün deyil. Ən əvvəl çəkmə alacağam; heç bilmirəm köhnələr sabah işə getməyə yarayacaq, yoxsa yox. Yaxalıq da lazımdır, amma siz köhnə fartukdan yaxalıq tikməyə söz vermisiniz, ona görə də daha yaxalıq haqqında fikirləşmirəm. Belə, deməli çəkməylə yaxalıq var. Qaldı düymələr; siz də razılaşarsınız ki, düyməsiz gəzə bilmərəm, onlarınsa yarısı tökülüb. Elə ürəyimin içini yeyirəm ki, müdir məni düyməsiz görər! Onda nə deyər! Heç nə dediyini eşitmərəm də, elə yerimdəcə ölərəm, utandığımdan ölərəm! Ah, anam! Bir də tütün almalıyam, mən axı çubuq çəkməsəm dayana bilmirəm. Artıq doqquzuncu gündür ki, çubuq çəkə bilmirəm, tütünüm qurtarıb. Düzdür, sizdən xəbərsiz ala bilərdim, amma necə ola bilər ki, siz orda ehtiyac çəkəsiniz, mənsə burda kef çəkim; ona görə bunları sizə deyirəm ki, sonra vicdanım məni incitməsin. Sizə açıq etiraf edim, Varenka, hal-hazırda olduqca kasıblamışam, heç vaxt başıma belə bir şey gəlməmişdi. Ev sahibəsi məni boğaza yığıb, heç kim hörmət eləmir, xirtdəyəcən borc içindəyəm, işdə də vəziyyət acınacaqlıdır. Gizlənirəm, hamıdan gizlənirəm, sizdən də gizlənirəm. Ancaq lazım olandan-olana çıxıram. Bunları təkcə sizə deyirəm, amma yenə də olsun, ürəyim parçalanır… Amma siz bunlara fikir verməyin, özüm bilə-bilə yazıram ki, sonra bu fikirlər sizə əzab verməsin. Siz burdan köçüb getsəniz mənim halım necə olacaq? Sizə çox yazdım, hələ üz qırxmaq da lazımdır. Yaxşı, tanrı köməyim olsun! Dua edib yola düşəcəyəm!

M. Devuşkin.

32-ci məktub – 5 avqust

Əziz Makar Alekseyeviç!

Heç olmasa siz kədərlənməyin! Dərd onsuz da çoxdur. Sizə gümüş pulla otuz qəpik göndərirəm; artıq yoxumdur. Ən vacib nə lazımınızdırsa, alın; gündəlik tələbatlarınızdan nəsə. Bizim özümüzdə də heç nə qalmayıb, heç bilmirəm sabah nə olacaq. Kədərlidir, Makar Alekseyeviç! Hər nəsə, fikir çəkməyin; alınmadısa, nə etmək olar! Fedora deyir ki, eybi yox, bir az daha burda qala bilərik, köçməyimizin çox xeyri də olmayacaq, istəsələr, bizi hər yerdə taparlar. Düzdür, bundan sonra burda qalmağımız çox da yaxşı düşmür, amma nə etmək olar. Sizə bəzi şeyləri yazmaq istəyirəm.

Sizin qəribə xasiyyətiniz var, Makar Alekseyeviç! Hər şeyi ürəyinizə salırsınız; buna görə də həmişə bədbəxt olacaqsınız. Hər məktubunuzu diqqətlə oxuyuram və görürəm ki, mənə görə nə qədər fikir çəkirsiniz, heç özünüz üçün belə narahat olmamısınız. Yəqin ki, hamı sizin xeyirxah ürəyə sahib olduğunuzu deyər, amma mən deyirəm ki, siz həddindən də çox xeyirxahsınız. Sizə dost kimi məsləhət verirəm, Makar Alekseyeviç. Mən sizə minnətdaram, bütün etdiklərinizə görə çox minnətdaram, mən bunu hiss edirəm; indi özünüz düşünün, mənə görə kasıblığa düçar olmağınız bir yana, artıq mənim sevincimlə, kədərimlə yaşadığınızı görmək, kefinizin mənim kefimdən asılı olduğunu bilmək mənim üçün nə deməkdir! Başqasının dərdini ürəyə salmaq bədbəxt olmaq deməkdir. Bu axşam işdən sonra bizə gəldiniz, inanın ki, sizə baxanda qorxdum. Üzünüz elə solğun idi ki, elə ağarmışdınız ki! Hamısı da ona görə ki, borc tapa bilmədiyinizi necə demək lazım olduğunu bilmirdiniz. Makar Alekseyeviç! Siz kədərlənməyin, fikir çəkməyin, – xahiş edirəm. Özünüz də görəcəksiniz ki, hər şey yaxşı olacaq, vəziyyət yaxşılığa doğru dəyişəcək; amma başqasının dərdini çəkməklə rahat yaşaya bilməyəcəksiniz. Sağ olun, əziz dost; yalvarıram, mənim üçün narahat olmayın.

V.D.

33-cü məktub – 5 avqust

Əzizim Varenka!

Yaxşı, mələyim, yaxşı! Borc pul tapa bilmədiyim üçün kədərlənmədiniz. Yaxşı, mən sakitəm, sizə görə şadam. Hətta mən qocanı tək qoyub başqa evə köçmədiyiniz üçün həddindən çox şadam. Hər şeyi demək lazım olsa, bayaq sizin məktubunuzu oxuyanda mənim haqqımda necə düzgün qərar çıxartdığınızı və yaxşı şeylər yazdığınızı görəndə ürəyim qürurla və sevinclə doldu. Məni necə sevdiyinizi, mənim üçün narahat olduğunuzu görürəm. Hə, yaxşı; bundan sonra ürəyimdən danışmağın nə mənası! Ürəyim olduğu kimi qalacaq; bu qədər xeyirxah olmamağımı istəsəniz də. Anam, özünüz düşünün, sabah bu çəkmələrlə işə necə gedəcəyəm? Bu fikir adamı məhv edə bilər, tamamilə məhv edər. Ən əsası, mənim üçün fərqi yoxdur, anam, lap qışın oğlan çağında şinelsiz, çəkməsiz gedərəm, mən hər şeyə dözərəm; mən sadə adamam, mənim üçün fərqi yoxdur; amma başqaları nə deyər? Düşmənlərim, pis adamlar məni şinelsiz görsə nə olar? Axı şineli başqalarına görə geyinirsən, eləcə də çəkmələri. Çəkmələr mənə təmiz adımı və qürurumu qorumaq üçün lazımdır; deşik çəkmələrlə onların heç biri qalmır; inanın mənə, anam, çoxillik təcrübəmə inanın; dünyanı və adamları ovcunun içi kimi tanıyan mən qocaya inanın.

Mən hələ sizə bu gün nəyə düçar olduğumu, nəyə dözməli olduğumu danışmamışam. Bu səhər ürəyim elə şeyə dözməli olub ki, ağrısını bir ilə də unutmaram. Hadisə belə oldu: səhər tezdən durub yola düzəldim ki, həm borca pul verən adamı görüm, həm də işə gecikməyim. Möhkəm yağış yağırdı. Şinelimə bürünüb gedirdim və ürəyimdə tanrıya yalvarırdım: “İlahi! Günahlarımı bağışla və arzularımı yerinə yetir”. Kilsənin yanından keçəndə xaç çəkdim, günahlarımı xatırladım və düşündüm ki, tanrıdan mərhəmət ummağa layiq deyiləm. Qüssə bütün vücudumu bürüdü, heç nəyə baxmadan gedirdim; heç yola da baxmırdım, eləcə gedirdim. Küçələr boş idi, hərdən bir-iki nəfər görürdüm, hamısı da qayğılı, məşğul; belə baxanda kim səhər tezdən və belə havada gəzməyə çıxar ki! Sonra bir dəstə üstü çirkli işçiyə rast gəldim, məni itələdilər. Kefim tamam pozuldu, heç pul haqqında fikirləşmək də istəmirdim. Voskresenski körpüsündə çəkməmin bir tayının dabanı qopdu, heç bilmirəm qalan yolu necə getdim. İdarəmizdəki katib Yermolayevi gördüm, dayanıb gözlərini mənə dikdi, elə bil araqpulu istəyirdi; eh, deyirəm, araq vaxtıdır elə! Çox yorulmuşdum, dayanıb bir az dincimi aldım, sonra təzədən getməyə başladım. Başqa şeylər haqqında fikirləşmək istəyirdim, amma olmurdu, üstəlik də palçığa batdığım üçün utanırdım. Nəhayət uzaqdan yekə, sarı, taxta evi gördüm; hə, deyirəm, bu elə Yemelyan İvanoviçin nişan verdiyi evdir, Markovun evi; bu Markov, anam, həmin o sələmçidir. Bu evin Markovun olduğundan əmin idim, amma gözətçidən də soruşdum; qardaş, bu kimin evidir? Gözətçisə kobud adam idi, elə bil söz soruşduğum üçün mənə hirslənmişdi; bu, deyir, Markovun evidir. Gözətçilərin hamısı belədir. Evin ətrafında üç dövrə vurdum, nə qədər çox gəzirdimsə, o qədər çox kefim pozulurdu; yox, deyirəm, verməyəcək, pul verməyəcək! Həm məni tanımır, həm də görünüşüm qənaətbəxş deyil; amma nə olur olsun, hər halda bir yoxlayım, məni yeməyəcək ki! Nəhayət cəsarətlənib həyət qapısını araladım. Burda da başqa bir bədbəxtlik – başdanxarab bir it hürə-hürə üstümə cumdu. Bu cür kiçik hadisələr adamı hövsələdən çıxarır, anam; bütün cəsarətini də məhv edir; ona görə də evə girəndə özümdə deyildim. Giriş qaranlıq olduğu üçün bir qarıyla toqquşdum; qarı qablara süd tökürdü, ona dəyəndə südü yerə dağıldı. Qarı qışqırmağa başladı, – sən kimsən, burda nə edirsən? – sonra da qarğış etdi. Mən, anam, buna öyrəşmişəm artıq, həmişə başıma belə hadisələr gəlir. Səsə bir qadın çıxdı, ona yaxınlaşdım, – Markov burda yaşayır, soruşdum. Yox, dedi, sonra məni başdan-ayağa süzdü. Markov nəyinizə lazımdır? – soruşdu. Nə üçün gəldiyimi başa saldım, Yemelyan İvanoviçin göndərdiyini də dedim. Qadın qızını çağırdı, ayaqyalın, həddi-büluğa çatmış qız idi. “Atanı çağır, o yuxarıda – kirayənişinin yanındadır. İçəri keçin”. Yaxşı döşənmiş otaq idi, divarlarda hansısa generalların portretləri asılmışdı, divan, yumru stol, stullar vardı, dibçəklərdə güllər düzülmüşdü. Mən, öz-özümə deyirəm, bəlkə gedim; gedim, ya yox; ordan qaçmaq istəyirdim! Yaxşısı sabah gələrəm, bəlkə hava da yaxşı olar sabah, bu gün südü də dağıtmışam, şəkildəki generallar da hirslidir… Getmək üçün qapıya yaxınlaşanda o içəri girdi; özünə görə yaraşıqlı adam idi, saçları ağarmışdı, gözləri qaynayırdı, xalat geyinmişdi. Nə üçün gəldiyimi dedim; belə-belə, Yemelyan İvanoviç, filan, – nəsə, qırx rubl lazımdır. Gözlərindən görürəm ki, işi artıq uduzmuşam. Deyir, indi pulum yoxdur; bəs sizin girovunuz var? Yox, deyirəm, girovum yoxdur, amma Yemelyan İvanoviç, belə, – nəsə, lazım olan kimi başa saldım. Qulaq asıb dedi ki, yox, Yemelyan İvanoviç kimdir? mənim pulum yoxdur. Hə, fikirləşirəm, belə olacağını bilirdim onsuz da, ürəyimə dammışdı ki, alınmayacaq. Varenka, qabağımda yer yarılsaydı daha yaxşı olardı. Mən ona baxıram, o mənə baxır, elə bil baxışlarıyla deyir ki, – hə, atam, get daha, burda sənlik bir iş qalmayıb. Sonra soruşdu ki, pul nəyinə lazımdır? (Soruşduğu şeyə bax!) Dodaqaltı nəsə mızıldadım, o isə heç qulaq da asmadı. Yox, dedi, pulum yoxdur; olsaydı məmnuniyyətlə. Mən, dedim, qaytaracağam, vaxtında qaytaracağam, hətta vaxtından tez qaytaracağam, faizinin də fərqi yoxdur, hamısını qaytaracağam. Mən, anam, onda sizi xatırladım, çədiyiniz əziyyətlər gözümün qabağına gəldi, mənə verdiyiniz yarımrublluq yadıma düşdü. Yox, dedi, söhbət faizdən getmir, əgər nəsə girovunuz olsaydı! Amma indi pulum yoxdur, olsaydı məmnuniyyətlə, and olsun bizi yaradana! – hələ yalandan and da içdi, quldur!

Hə, anam, ordan necə çıxdığımı, Voskresenski körpüsünə necə çatdığımı bilmədim, çox yorulmuşdum, saat onda işə ancaq çata bildim. Palçığımı təmizləmək istədim, amma gözətçi Sneqiryev qoymadı, dedi şotkanı korlayarsan. Onlar belədir, anam, mən onlar üçün ayaqlarını təmizlədikləri əskidən də pisəm. Varenka, bunlar mənə çox pis təsir edir. Pul tapa bilməməyim yox, pis adamların mənə münasibəti, qeybətləri, kinayəli təbəssümləri mənə pis təsir edir. Anam, bugün sizin bütün məktublarınızı bir də oxudum; kədərlidir! Sağ olun, əzizim, tanrı sizi qorusun!

M. Devuşkin.


P.S. Mən, anam, istəyirdim hər şeyi yarızarafat yazım ki, kefiniz açılsın, amma alınmadı. Sizə gələcəyəm, Varenka, mütləq gələcəyəm, sabah gələcəyəm.

34-cü məktub – 11 ayqust

Varvara Alekseyevna, əzizim, anam! Mən məhv oldum, biz məhv olduq, ikimiz də birdən məhv olduq! Reputasiyamı, şərəfimi – hər şeyi itirdim! Mən öldüm, siz də öldünüz, anam, ikimiz də birdən öldük! Mənim, mənim ucbatımdan oldu! Məni ələ salırlar, anam, lağa qoyurlar, gülüş hədəfi olmuşam; ev sahibəsi bu gün üstümə qışqırdı, cındır yerinə qoydu. Dünən Ratazyayevin otağında sizə yazdığım məktublardan birini bərkdən oxudular; ehtiyatsızlıq edib cibimdən salmışam. Elə gülürdülər ki. Gülürdülər, lağ edirdilər, satqınlar! Otağa girib Ratazyayevə dedim ki, sən satqınsan! O isə dedi ki, satqın özünsən, qadınlarla əylənirsən. Sonra da lağ eləməyə başladı! Eşidirsiniz, anam, onlar artıq hər şeyi bilirlər, bizim haqqımızda hər şeyi bilirlər! Hətta Faldoni də onlara qoşulub mənə lağ edir! Bu gün onu dükana göndərdim, getmədi. Dedi işim var! Sən axı məcbursan, dedim. Yox, dedi, mən heç nəyə məcbur deyiləm, siz mənim sahibəmə pul vermirsiniz, ona görə də məcbur deyiləm. Buna artıq dözmədim, o savadsız kəndçiyə axmaq dedim; o isə dedi ki, axmaq özünsən. Görürəm ki, içib, içməsəydi bu sözü mənə deməyə cəsarət etməzdi, dedim ki, sən sərxoşsan, içmisən, kəndçi! O isə dedi ki, sənin puluna içmirəm, sənin heç içməyə də pulun yoxdur, amma durub cavan qızların dalınca sürünürsən, hələ bir adını da ağa qoyub! Bax, anam, gör işlər hara gəlib çıxıb! Yaşamağa utanıram, Varenka! Mən məhv olmuşam, bundan betər ola bilməz!

M.D.

35-ci məktub – 13 avqust

Əziz Makar Alekseyeviç!

Dərd dərd üstündən gəlir. Heç bilmirəm nə edim! Sizin işiniz necə olacaq! Mənimsə vəziyyətim pisdir; bu gün ütüylə sol əlimi yandırmışam. Ehtiyatsızlıq edib ütünü saldım, əlim həm yandı, həm də əzildi. Fedora da üç gündür xəstələnib. Mən çox narahatam. Sizə otuz qəpik göndərirəm; bu əlimdə qalan axırıncı puldur. Sizə necə kömək etmək istədiyimi tanrı bilir, amma bacarmıram. Ağlamaq istəyirəm! Sağ olun, dostum! Bu gün bizə gəlsəniz yaxşı olar.

V.D.

36-cı məktub – 14 avqust

Makar Alekseyeviç!

Sizə nə olub? Heç nədən qorxunuz-hürkünüz yoxdur! Siz məni dəli edirsiniz. Utanmırsınız? Özünüzü məhv edirsiniz, şərəfinizi heç düşünmürsünüz? Siz vicdanlı adamsınız – hamı bilsə necə olacaq? Utandığınızdan ölməli olacaqsınız! Ağsaçlarınıza heyfiniz gəlmir? Heç tanrı qorxusu yoxdur ürəyinizdə? Fedora deyir ki, daha sizə kömək etməyəcək; heç mən də daha sizə pul verməyəcəyəm. Gör məni nə hala gətirmisiniz, Makar Alekseyeviç! Özünüzü elə pis aparırsınız ki; sizə görə nələr çəkdiyimi bilmirsiniz! Pilləkandan keçməyimə bənddir, hamı mənə baxır, barmaqla göstərir; özü də elə şeylər danışırlar ki; deyirlər mən gedib əyyaşa ilişmişəm. Bunları eşidəndə nə vəziyyətə düşdüyümü təsəvvür edin! Sizi gətirəndə evdəkilər çıxıb sizə baxır; bax, o məmuru gətirdilər… deyirlər. And olsun ki, burdan köçəcəyəm. Gedib hardasa qulluqçuluq edəcəyəm, paltar yuyacağam, amma burda qalmayacağam. Sizə yazmışdım ki, bizə gəlin, amma siz gəlmədiniz. Demək mənim yalvarışlarımın və gözyaşlarımın dəyəri yoxdur, Makar Alekseyeviç! Pulu hardan tapdınız? Tanrı xətrinə, özünüzü qoruyun. Özünüzü məhv edəcəksiniz, heç nəyə görə məhv edəcəksiniz! Dünən ev sahibəsi sizi evə də buraxmayıb, həyətdə yatmısınız. Hamısını bilirəm. Bunları eşidəndə necə pis olduğumu bir görəydiniz! Bizə gəlin, sizin üçün də yaxşı olar; bir yerdə kitab oxuyarıq, keçmişi xatırlayarıq. Fedora ziyarətə gedəndə başına gələnlərdən danışar. Mənim xətrimə, özünüzü də, məni də məhv etməyin. Mən axı sizə görə yaşayıram, sizə görə burdayam. Siz isə belə! Necə vardınızsa, elə qalmağa çalışın, dərdə əyilməyin. Həmişəlik deyil ki; bu da keçəcək! Tanrının köməyiylə hər şey düzələcək; təkcə siz özünüzə hakim olun. Sizə iyirmi beş qəpik göndərirəm, tütün alın, ya da başqa istədiyiniz bir şey varsa onu; amma içkiyə verməyin. Bizə gəlin, mütləq gəlin. Ola bilsin utanacaqsınız; amma utanmayın. Ürəkdən tövbə edin. Tanrıya güvənin. O hər şeyi düzəldəcək.

V.D.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации