Электронная библиотека » Федор Достоевский » » онлайн чтение - страница 8

Текст книги "Yosxul insanlar"


  • Текст добавлен: 10 октября 2022, 03:23


Автор книги: Федор Достоевский


Жанр: Русская классика, Классика


сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 9 страниц)

Шрифт:
- 100% +

42-ci məktub – 10 sentyabr

Əzizim Makar Alekseyeviç!

Sizin sevinciniz məni də sevindirir, özü də bilsəniz necə! Müdirinizin yaxşılığını da qiymətləndirirəm. İndi siz bir az rahatlaşarsınız. Amma tanrı xətrinə, pulunuzu yenə boş yerə xərcləməyin. Sakit yaşayın, bacardığınız qədər sakit və qənaətlə və elə bu gündən başlayaraq az da olsa pul yığmağa çalışın ki, bir də çətinlik çəkməli olmayasınız. Bizdən ötrü narahat olmayın. Biz Fedorayla birtəhər yaşayarıq. O qədər pulu nə üçün göndərmisiniz, Makar Alekseyeviç? Bizə lazım deyil axı. Özümüzdə olana qaneyik. Düzdür, tezliklə bu evdən köçmək üçün pul lazım olacaq, amma Fedora köhnə bir borcunu almağa ümid edir. Hər ehtimala qarşı iyirmi rubl özümdə saxlayıram. Qalanını isə geri göndərirəm. Pullarınızın qədrini bilin, Makar Alekseyeviç. Sağ olun. Sağlam və xoşbəxt olun. Daha çox yazardım, amma yorğunam, dünən bütün günü yerimdən durmamışam. Bizə gəlin, Makar Alekseyeviç, xahiş edirəm.

V.D.

43-cü məktub – 11 sentyabr

Mehriban Varvara Alekseyevna!

Yalvarıram, xahiş edirəm, belə xoşbəxt olduğum vaxtda məndən ayrılmayın. Əzizim! Siz Fedoraya qulaq asmayın, istədiyiniz hər şeyi edəcəyəm; özümü yaxşı aparacağam, işdə də nümunəvi olacağam; biz yenə bir-birimizə sevinc dolu məktublar yazacağıq, yenə də sevincimizi bölüşəcəyik; yenə bir yerdə yaşayacağıq. Ədəbiyyatla məşğul olacağıq… Mələyim mənim! Mənim həyatım dəyişilir, həyatım yaxşılığa doğru dəyişilir. Ev sahibəsiylə aram düzəlib, Tereza özünü ağıllı aparır, hətta Faldoni də sözümdən çıxmır. Ratazyayevlə barışdım. Özüm yanına gedib barışdım. O yaxşı adamdır, anam, dalınca danışılanlara baxma. İndi bildim ki, hamısı quru qeybət imiş. O heç də bizim haqqımızda yazmaq istəmirmiş; özü mənə dedi. Mənim üçün təzə əsərindən bir parça oxudu. O dəfə mənə axmaq dediyi üçün də üzr istədi. Onu yanlış anladığıma görə mən də ondan üzr istədim… Bu gün hava da əntiqədir, Varenka, yaxşı havadır. Düzdür, səhər bir az ayaz var idi, amma keçdi. İndi hava təmizdir. Bayaq gedib çəkmə aldım, gözəl çəkmələrdir. Neva prospektində gəzişdim. “Arı” qəzetini oxudum. Hə! Ən əsas məsələ haqqında hələ sizə deməmişəm.

Bilirsinizmi:

Bu gün səhər Yemelyan İvanoviç və Aksenti Mixayloviçlə müdir haqqında danışırdıq. Varenka, sən demə o təkcə mənə mərhəmət göstərməyib. Onun ürəyi çox mərhəmətlidir və xeyli adam onun səxavətindən yararlanıb. Hər yerdə ona dua edib minnətdarlıqla ağlayırlar. O evində bir yetimi saxlayıb böyüdüb, başqa birini işə düzəldib və xeyli bu cür yaxşı əməllər edib. Mən, anam, fürsəti fövtə verməyərək mənə etdiyi yaxşılıq haqqında iş yoldaşlarıma danışdım. Hər şeyi yerli-yataqlı danışdım. Heç nədən utanmadım. Həm də burda utanmalı nə var ki? Sevinə-sevinə danışdım, hətta başıma belə bir hadisə gəldiyi üçün qürurlanırdım da. Mən hər şeydən, hamıdan danışdım (amma sizin haqqınızda susdum), – ev sahibəsindən də, Faldonidən də, Terezadan da, Ratazyayevdən də, çəkmələrdən də, Markovdan da, – hər şeydən. onlar arada güldülər, amma ola bilsin paltarımda nəsə çatışmazlıq var idi, ya da çəkmələrimə gülürdülər, hə, düzdür, çəkmələrimə gülürdülər. Başqa məqsədlə gülə bilməzdilər. Düzdür, cavandırlar, pulları var, amma danışığıma gülə bilməzdilər. Hələ müdirimiz haqqında danışdıqlarıma qətiyyən gülməzdilər. Elə deyil, Varenka?

O vaxtdan hələ də özümə gələ bilməmişəm, anam. Bu hadisə məni qanadlandırıb! Sizin odununuz var? Özünüzü soyuğa verməyin, Varenka, özünüzü qoruyun. Ah, anam, sizin fikrinizi çəkmək məni əldən salıb. Tanrıya yalvarıram ki, sizi qorusun, anam, bilsəniz necə yalvarıram! Sizin yun corabınız, isti paltarınız var? Nəsə lazımınız olsa, tanrı xətrinə, məndən gizlətməyin. Çətinlik çəkdiyimiz vaxtlar qurtarıb daha. Məndən ötrü narahat olmayın. Gələcəkdə hər şey daha yaxşı olacaq!

Pis vaxtlar idi, Varenka! Amma eybi yox, hamısı qurtardı daha. Bir il sonra indiki günümüzü də xatırlayacağıq. Cavanlığım yadımdadır. Bəs necə! Bir qəpiyim də olmurdu, aclıq, soyuq məni əldən salırdı, amma şən idim. Səhər tezdən Neva prospektində gəzişib bircə dənə xoş üz görsən, bütün gününə bəsdir. Yaşamaq yaxşı şeydir, Varenka! Xüsusən Peterburqda. Dünən ağlaya-ağlaya dua edirdim ki, tanrı günahlarımı bağışlasın, ən çox da bu çətin vaxtda davam gətirməyib etdiyim günahları. Dua edəndə sizi də xatırladım. Təkcə siz bu çətin vaxtda mənə dayaq durdunuz, kömək etdiniz. Bunu, anam, heç vaxt unutmaram. Hə, sağ olun, anam. Deyirlər, hardasa buralarda az geyilmiş paltar satırlar. Gedim ora da dəyim. Sağ olun, mələyim.

Sağ olun.

Sizə sadiq olan Makar Devuşkin.

44-cü məktub – 15 sentyabr

Çox hörmətli cənab Makar Alekseyeviç!

Dəhşətli həyəcan keçirdirəm. Görün burda nə olub. Özünüz qərar verin, dəyərli dostum; cənab Bıkov Peterburqdadır. Fedora ona rast gəlib. O gedirmiş, əmr edib ki, briçkanı saxlasınlar, düşüb Fedoranın yanına gəlib, başlayıb harda yaşadığımızı soruşmağa. Fedora demək istəməyib. O isə gülüb deyib ki, onsuz da bilirəm (yəqin ona Anna Fyodorovna deyib). Onda Fedora özünü saxlaya bilməyib, başlayıb küçənin ortasında ona qarğış eləməyə, deyib ki, mənim başıma gələn bütün bədbəxtliklərin səbəbkarı sənsən. O deyib ki, adamın pulu olmayanda, əlbəttə ki, bədbəxt olur. Fedora deyib ki, pis adamlardan qaçmaq yerinə mən öz əməyimlə yaşaya bilərdim, ərə də gedərdim; indisə xoşbəxtliyimi itirmişəm, özüm də xəstəyəm, tezliklə öləcəyəm. O isə cavab verib ki, mən hələ çox cavanam və ağlıma gələni danışıram. Fedorayla danışıb belə nəticəyə gəldik ki, o bizim harda yaşadığımızı bilmir. Amma dünən, mən Qostinnıy dvora bazarlığa gedəndə, o birdən bizə gəlibmiş; yəqin ki, mən evdə olanda gəlmək istəməyib. Fedoraya xeyli sual verib, necə yaşadığımızla maraqlanıb, mənim əl işlərimə baxıb, lap axırda da bizimlə dostluq edən məmur – yəni sizin haqqınızda soruşub. Elə bu vaxt siz həyətdən keçirmişsiniz. Fedora sizi göstərib; o sizə baxıb və gülümsəyib; Fedora deyib ki, indi getsəniz yaxşı olar, deyib ki, mən xəstəyəm və onu bizim evdə görsəm, heç də yaxşı olmaz. O bir az susub; sonra deyib ki, elə-belə, bekar olduğu üçün gəlib və Fedoraya iyirmi beş rubl vermək istəyib. Əlbəttə ki, Fedora pulu götürməyib. Bu nə demək idi? O nə üçün bizə gəlmişdi? Başa düşə bilmirəm; bizim haqqımızda hardan xəbər tutub? Sualların içində azmışam. Fedora deyir ki, bizə iş tapıb gətirən Aksinyanın Nastasya adlı qonşusu var, Nastasyanın ögey qardaşı isə Anna Fyodorovnanın qohumunun dostunun işlədiyi departamentdə gözətçidir, bəlkə belə-belə söz-söhbət yayılıb? Çox güman ki, Fedora səhv nəticəyə gəlib; açığı, nə düşünməli olduğumuzu bilmirik. Yoxsa Bıkov bir də evimizə gələcək? Bunu düşünmək belə məni dəhşətə gətirir. Dünən Fedora bunları danışanda, az qalmışdı ki, qorxudan ürəyim getsin. Axı onlara nə lazımdır? Mən artıq onları tanımaq istəmirəm! Məndə nə işləri var? Ah, elə çox qorxuram ki; elə bilirəm Bıkov bu saat gələcək. Başıma daha nələr gələcək? Gələcəkdə məni nələr gözləyir? İsa xətrinə, bizə gəlin, Makar Alekseyeviç, elə bu saat gəlin. Tanrı xətrinə, gəlin.

V.D.

45-ci məktub – 18 sentyabr

Anam, Varvara Alekseyevna!

Bu gün evimizdə gözlənilməz və izaholunmaz bir hadisə baş verib. Bizim yazıq Qorşkov bəraət alıb. Qərar çoxdan çıxıbmış, amma bu gün qüvvəyə minib. Məhkəmə bu qərara gəlib ki, onun heç bir günahı yoxdur. Üstəlik, tacir ona yalandan böhtan atdığı üçün xeyli pul da verməlidir. Həm vəziyyəti düzəlib, həm də adı ləkədən təmizlənib, – bir sözlə, bütün arzuları yerinə yetib. Evə saat üçdə qayıtdı. Əl-ayağı əsirdi, arvadını, uşaqlarını qucaqladı. Hamımız onu təbrik etməyə getdik. Bu ona çox təsir etdi, hamımızın əlini bir neçə dəfə sıxdı, təzim etdi. Hətta mənə elə gəldi ki, qəddi də düzəlib, daha gözlərindən də yaş axmır. Yazıq həyəcan içindəydi. İki dəqiqə bir yerdə qərar tutmurdu, otururdu, dururdu, təzim edirdi, gəzirdi, əlinə nə keçdisə götürürdü, sonra təzədən qoyurdu və deyirdi: “Şərəfim, qürurum, təmiz adım, uşaqlarım”, hətta ağladı da. Bizim də gözlərimiz yaşardı. Ratazyayev ona toxdaqlıq vermək üçün dedi: “Quru şərəflə qarın doymaz, əsas puldur; sizə pul yetirdiyi üçün tanrıya təşəkkür edin!” Sonra bir neçə dəfə onun çiyninə vurdu. Mənə elə gəldi ki, Qorşkov bir az incidi, daha doğrusu incidiyini bildirmədi, sadəcə Ratazyayevə qəribə nəzərlərlə baxdı və çiynini onun əlindən çəkdi. Xasiyyətlə müxtəlif olur, anam. Mən məsəlçün, belə halda qürurlu olmazdım… amma bu mənim işim deyil, özü bilər! “Hə, dedi, pul da lazımdır, şükür tanrıya, şükür tanrıya!..” Biz orda olduğumuz müddətdə elə hey tanrıya şükür edib gəzdi. Qorşkovun arvadı nahar üçün yemək sifariş verdi, sifarişlə ev sahibəsinin özü maraqlandı. Ev sahibəsinin yaxşı xasiyyətləri də var. Qorşkov isə nahara qədər bir yerdə dayana bilmədi. Hamımızın otağına girib nəsə lazım olub-olmadığını soruşurdu. Bir də görürdün otağa girdi, gülümsədi, oturdu, nəsə soruşdu və ya heç nə demədi, sonrasa təzədən durub getdi. Hətta miçmanın otağında kart oynamağa da oturdu. Bir az oynadı, kartları səhv saldı, sonrasa durub bayıra çıxdı. Mənə koridorda rast gəldi, əllərimi tutub sıxdı, gülümsəyərək üzümə baxdı, amma gülümsəməyi bir az qəribəydi, ölü adamın gülümsəməyinə oxşayırdı, sonra əlimi buraxıb getdi. Arvadı sevindiyindən ağlayırdı; hamısı çox sevinirdi, elə bil bayramdır. Nahardan sonra arvadına dedi ki, gedim bir az uzanım. Çarpayıda uzanandan sonra qızını yanına çağırıb xeyli vaxt başını sığalladı. Sonra arvadından soruşdu: “Bəs Petya? Bizim Petenkamız…” Arvadı xaç çəkib dedi ki, o axı ölüb. “Hə, hə, bilirəm, o ölüb, o indi tanrının dərgahındadır”. Arvadı gördü ki, o özündə-sözündə deyil, dedi ki, bəlkə bir az yatasınız? Hə, dedi, yatım dincəlim. Bir az uzandı, sonra yenə arvadını çağırıb nəsə dedi. Amma arvadı başa düşmədi, nə dediyini soruşanda isə o cavab vermədi. Arvadı bir az gözlədi, görəndə ki, Qorşkov artıq yatıb, bayıra çıxdı. Bir saatdan sonra qayıdanda yenə də Qorşkovun yatdığını gördü, nəsə iş görməyə başladı. İşləyə-işləyə nə haqqındasa düşünürdü, birdən düşüncədən ayılıb ərinə baxdı, gördü bayaqkı vəziyyətində uzanıb. Yaxına gəlib ədyalı qaldırdı, – gördü ki, o ölüb, anam, Qorşkov ölüb, artıq meyidi də soyuyub. Nədən öldüyünü bircə tanrı bilir. Varenka, bu mənə çox pis təsir etdi. İnanmağım da gəlmir ki, adam belə adi şəkildə ölə bilər. Çox bədbəxt adam idi Qorşkov! Bəxtə bax, anam! Arvadı ağlayır. Qızı bir küncdə büzüşüb. Otaqda aləm qarışıb; tibbi yoxlama aparırlar… Onlara elə yazığım gəlir ki! Heç nəyin üstündə öldü getdi…

Sizin Makar Devuşkin.

46-cı məktub – 19 sentyabr

Əziz dostum Varvara Alekseyevna!

Ratazyayev mənim üçün iş tapıb. Yanına bir yazıçı gəlmişdi, özüylə xeyli əlyazmasını da gətirmişdi, şükür olsun, iş çoxdur. Amma çox qarışıq yazılıb; heç bilmirəm nədən başlayım. Tez lazımdır. Elə yazıb ki, nə yazıldığı məlum deyil… Səhifəsi qırx qəpiyə razılaşdıq. Ona görə deyirəm ki, indi əlavə pulumuz da olacaq. Hələlik, anam, sağ olun. Artıq işə başlayıram.

Sizin sadiq dostunuz Makar Devuşkin.

47-ci məktub – 23 sentyabr

Əziz dostum Makar Alekseyeviç!

Artıq üçücü gündür ki, sizə yaza bilmirəm, çünki başım çox qarışıq idi.

Üçüncü gün Bıkov bizə gəlmişdi. Evdə tək idim, Fedora harasa getmişdi. Onu görəndə elə qorxdum ki, yerimdən tərpənə bilmədim. Ağardığımı hiss elədim. Otağa girib bərkdən güldü, sonra stul çəkib oturdu. Az sonra özümə gəldim. O gülməyini kəsdi, deyəsən görünüşüm onu təəccübləndirmişdi. Axır vaxtlar çox arıqlamışam; almacıq sümüklərim çıxıb, gözlərim çuxura düşüb… doğrudan da, məni bir il qabaq görən tanımaz. Uzun müddət sakitcə oturub mənə baxdı, sonra yenə kefi kökəldi. Nəsə dedi; nə cavab verdiyim yadımda deyil, sonra təzədən güldü. Düz bir saat yanımda oturdu; nəsə danışdı, nəsə soruşdu. Nəhayət getməyə hazırlaşanda yanıma gəlib əlimi tutdu, dedi ki (dediklərini sözbəsöz yazıram): “Varvara Alekseyevna! Öz aramızdır, sizin qohumunuz, mənim də uzaq tanışım olan Anna Fyodorovna çox alçaq qadındır (daha bir pis söz dedi, amma onu yazmıram). Sizin də həyatınızı məhv etdi, ögey bacınızın da. Elə mən özüm də alçaq yerinə qaldım”. Sonra bərkdən güldü. Dedi ki, yaxşı danışa bilmədiyi üçün onu bağışlayım, mənə yaxşılıq etmək istəyir, şərəfimi qaytarmağı özünə borc bilir, o varlıdır, toydan sonra məni kənddəki mülkünə aparacaq; daha Peterburqa gəlməyəcək, çünki Peterburq pis yerdir, burda onun bir qohumu var, onu vərəsədən məhrum edəcək və özünə qanuni varis qazanmaq üçün mənimlə evlənəcək. Sonra dedi ki, çox xəstəyəm, burda yaşamaq məni daha da korlayır, bir ay da burda qalsam, öləcəyəm, Peterburqda evlər pisdir və bir də mənə nəsə lazım olub-olmadığını soruşdu.

Onun təklifindən elə sarsılmışdım ki, istəmədən ağladım. O isə mənim ağlamağımı minnətdarlıq kimi başa düşdü və dedi ki, mən ağıllı və savadlı qızam, mənə kömək etmək istəyir. Sonra sizin haqqınızda soruşdu, dedi ki, o yaxşı adamdır və ona borclu qalmaq istəmirəm, beş yüz rubl versəm bəs edər? Mən deyəndə ki, sizin mənə etdiklərinizi pulla ödəmək olmaz, o etiraz etdi, dedi ki, bunlar hamısı ədəbiyyatın təsiridir, mən hələ cavanam, oxuduğum şeirlərin təsirindəyəm, kitablar lazımsız şeydir, adamları tanımaq üçün onun qədər yaşamalıyam. Sonra da dedi ki, yaxşı-yaxşı fikirləşib sonra qərar verim, fikirləşmədən qərar verməyimi istəmir, əgər fikirləşmədən qərar versəm, bu heç də yaxşı olmaz, qərarsızlıq və tələskənlik gəncliyi məhv edir, amma bununla bərabər, müsbət cavab verməyimi istəyir, əks halda Moskvadakı tacir arvadla evlənməli olacaq, çünki Peterburqdakı qohumunu vərəsədən məhrum etməyə qərarlıdır. Güclə ovcuma beş yüz rubl basdı, özü dediyi kimi, konfet pulu; dedi ki, kənddə kökələcəyəm, yağ içində üzən pendir kimi olacağam, bu gün bütün günü iş dalınca qaçıb, işarası bir az vaxt tapıb mənim yanıma gəlib. Bunları deyib getdi. Mən xeyli fikirləşdim, əzab çəkdim, dostum və nəhayət qərara gəldim. Əzizim, mən ona ərə gedəcəyəm, mən onun təklifini qəbul etməliyəm. Məni ləkədən təmizləyə biləcək, gələcəyimə təminat verəcək, yoxsulluğuma son qoyacaq bir adam varsa, bu da odur. Daha nəyi gözləyim ki? Fedora deyir ki, xoşbəxtliyi itirmək lazım deyil. Mən başqa çıxış yolu görmürəm, əziz dostum. Nə edim? İşləyə-işləyə sağlamlığımı itirmişəm, həmişə işləyə bilməyəcəyəm. Başqa işlərdə də alınmayacaq. Düzdür, indi də cənnətə getmədiyimi bilirəm, amma nə edim, dostum, nə edim? Hansı yolu seçim?

Sizdən məsləhət istəməmişdim, istəyirdim özüm qərar qəbul edim. Qərarımı Bıkova deyəcəyəm, o onsuz da məni tələsdirir, deyir ki, işləri çoxdur, tez getməlidir, burda daha çox vaxt itirə bilməz. Xoşbəxt olub-olmayacağımı tanrı bilir, amma mən qərarımı vermişəm. Deyirlər Bıkov mehriban adamdır, mənə hörmət edəcək; bilmirəm, bəlkə mən də ona hörmət etdim. Bizim evliliyimizdən daha nə gözləmək olar ki?

Sizə hər şeyi dedim, Makar Alekseyeviç. Əminəm ki, məni anlayacaqsınız. Məni qərarımdan çəkindirməyə çalışmayın. Məni bu qərarı verməyə məcbur edən səbəbləri hiss etməyə çalışın. Əvvəl-əvvəl çox həyəcanlanırdım, amma indi rahatam. Gələcəkdə nə olacağını bilmirəm. Nə olmalıdırsa, o da olacaq; tanrı necə yazıbsa!

Bıkov gəldi; məktubu yarımçıq saxlayıram. Daha çox yazmaq istəyirdim, amma Bıkov yanımdadır.

V.D.

48-ci məktub – 23 sentyabr

Anam, Varvara Alekseyevna!

Mən, anam, heyranlığımı sizə bildirmək üçün tələsirəm. Bütün bunlar necəsə… Dünən Qorşkovu dəfn etdik. Hə, bu belədir, Varenka, bu belədir; Bıkov yaxşı iş görüb; amma, anam, bilirsiniz, əzizim, siz razılaşırsınız. Düzdür, hökm tanrıdandır, bu belədir, bu belə də olmalıdır, taleyi o yazır. Fedora da sizinlədir. Əlbəttə, siz xoşbəxt olacaqsınız, anam, hər şeydən razı olacaqsınız, mələyim, amma necə olur ki, belə tez?.. Hə, iş… cınab Bıkovun işləri var, əlbəttə, kimin işi yoxdur ki, hamının işi ola bilər. Onu sizin evdən çıxanda gördüm. Yaraşıqlı kişidir; hətta çox yaraşıqlıdır. Amma iş onun yaraşıqlı olmağında deyil, bu saat heç özümdə-sözümdə deyiləm. Bundan sonra necə məktublaşacağıq? Mən axı tək qalacağam. Artıq iyirminci səhifənin üzünü köçürtmüşəm. Sizsə gedirsiniz. Axı sizə təzə paltar, şlyapa, ayaqqabı lazımdır, yeri gəlmişkən, Qoroxovoyda tanıdığım bir dükan var. Siz indi gedə bilməzsiniz, anam, gedə bilməzsiniz. Həm çoxlu bazarlıq etməlisiniz, həm də hava pisdir axı; baxın görün yağış necə yağır, elə bil vedrədən tökülür, sizə soyuq olar, anam, soyuq olar. Siz gedirsiniz. Mənsə burda tək qalacağam. Fedora deyir ki, sizi xoşbəxtlik gözləyir… O sarsaq qarıdır, məni öldürmək istəyir. Bu gün kilsəyə gedəcəksiniz? Sizi görməyə gələrdim. Siz ağıllı qızsınız, savadlısınız, gözəlsiniz, burası düzdür, amma o gedib Moskvadakı tacir arvadla evlənsə daha yaxşı olar! Siz necə düşünürsünüz, anam? Qoy tacirlə evlənsin. Varenka, axşam hava qaralanda sizə gələcəyəm. İndi axı hava tez qaralır, qaralan kimi gələcəyəm. Siz indi Bıkovu gözləyirsiniz, o gedəndən sonra, onda… Gözləyin, anam, gəlirəm…

Makar Devuşkin.

49-cu məktub – 27 sentyabr

Dostum Makar Alekseyeviç!

Cənab Bıkov deyir ki, mənim mütləq üç düjin holland parçasından tikilmiş köynəyim olmalıdır. Vaxtımız azdır, tezliklə dərzi tapmalıyıq. Cənab Bıkov hirslənir, deyir ki, bu cır-cındırla gəzə bilməzsən. Beş gün sonra toyumuzdur, toydan bir gün sonra isə gedirik. Cənab Bıkov tələsir, deyir ki, boş yerə vaxt itirmək olmaz. İşimiz çoxdur, hələ qırçınlı parça da almaq lazımdır. Cənab Bıkov deyir ki, istəmirəm arvadım aşpazlar kimi geyinsin, sən hamıdan gözəl olmalısan. Özü belə deyir. Makar Alekseyeviç, Qoroxovoydakı madam Şifonun yanına gedin, deyin ki, dərzi də göndərsin, özü də gəlsin. Bu gün xəstəyəm. Təzə evimiz soyuq və dağınıqdır. Cənab Bıkovun xalası elə qocadır ki, güclə nəfəs alır. Qorxuram toyumuz olmamış ölə, amma cənab Bıkov deyir ki, heç nə olmaz, yaşayar. Evimizdə səliqəsizlik, dağınıqlıq baş alıb gedir. Cənab Bıkov özü bizimlə yaşamır. Çox vaxt bizə Fedora qulluq edir. Cənab Bıkovun kamerdineri isə, üç gündür ki, harasa yoxa çıxır. Cənab Bıkov hər səhər gəlir, hirslənir, dünən eşikağasını döyüb, iş polisə gedib çıxdı… Bir adam da yox idi ki, məktubu sizə göndərim. Şəhər poçtundan göndərirəm. Hə! Ən vacibi yadımdan çıxmışdı. Madam Şifona deyin ki, dünən göndərdiyi nümunələr xoşuma gəlmədi, təzələrini göndərsin, özü də mütləq gəlsin. Hə, bir də deyin ki, sifariş verdiyim paltarların bəzi yerlərini təzə qaydayla tikdirmək istəyirəm, ona görə də özünün gəlməyi vacibdir. Xahiş edirəm, Makar Alekseyeviç, ona deyin.

Sizin V.D.


P.S. Sizə iş buyurduğum üçün xəcalət çəkirəm. Artıq üçüncü gündür ki, qulluğa getməli olursunuz. Nə etməli! Evimizdə səliqə-səhman yoxdur, özümsə xəstəyəm. Məni qınamayın, Makar Alekseyeviç. Ah, bu işlərin axırı necə olacaq, əziz Makar Alekseyeviç? Gələcəyə baxmağa qorxuram. Ürəyimə pis şeylər gəlir.


P.S. Çalışın yazdıqlarımı unutmayın, xahiş edirəm.

50-ci məktub – 27 sentyabr

Çox hörmətli Varvara Alekseyevna!

Tapşırıqlarınızın hamısını yerinə yetirdim. Madam Şifon deyir ki, paltarların təzə qaydayla tikilməsini özü də düşünmüşdü, belə daha səliqəli olacaq. Sonra başqa nələrsə də dedi. Düzü, indi dedikləri yadımda deyil, amma xeyli danışdı; çənədən boşdur! Yəqin ki, mənə dediklərini sizə də deyəcək. Bu gün işə də getmədim. Amma siz həyəcanlanmayın, əzizim. İstəsəniz bütün dükanlara qaçaram. Gələcəkdən qorxduğunuzu yazırsınız. Bu gün saat yeddidə hər şeyi öyrənəcəksiniz. Madam Şifon özü gələcək. Kədərlənməyin, ümid edin, anam, hər şey də yaxşı olacaq, – belə! Mən sizə gələrdim, Varenka, onsuz da iki dəfə qapınıza qədər gəlmişəm. Amma Bıkov, demək istəyirəm ki, cənab Bıkov, o çox hirslidir… Hə, hirslidir!

Makar Devuşkin.

51-ci məktub – 28 sentyabr

Çox hörmətli cənab Makar Alekseyeviç!

Tanrı xətrinə, elə bu saat zərgərin yanına qaçın. Deyin ki, sırğaları mirvari və zümrüdlə düzəltmək lazım deyil. Cənab Bıkov deyir ki, elə çox dəbdəbəli və varlı görünəcək. O hirslənir; deyir ki, onsuz da çox pul xərcləməli olub, biz onu soymuşuq. Hələ dünən dedi ki, əgər bu qədər xərci çıxacağını bilsəydi, əvvəldən bu işə qol qoymazdı. Deyir, nikahımız kəsilən kimi yola düşəcəyik, qonaqlıq-filan olmayacaq, buna ümid etməyim. Görün necə danışır! Mənə axı heç nə lazım deyil! Bunların hamısını cənab Bıkov özü sifariş verib. Cavab verməyə də qorxuram. Başıma daha nələr gələcək!

V.D.

52-ci məktub – 28 sentyabr

Əzizim Varvara Alekseyevna!

Mən, daha doğrusu zərgər dedi ki, yaxşı; mən özüm xəstələnmişəm, yerimdən dura bilmirəm. Hava bir balaca soyuyan kimi xəstəlik də gəldi. Müdirimiz də sağlamlığımla maraqlanır, Yemelyan İvanoviçin üstünə qışqırdı. Sizə hər şey haqqında məlumat verirəm. Daha bir şey də yazmaq istəyirəm, amma yox, qalsın. Birdən kefinizi pozaram. Mən axı, anam, axmaq adamam, sadə adamam, ağlıma gələn hər şeyi yazıram. Lazım olmayanları da!

Sizin Makar Devuşkin.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации