Текст книги "Yosxul insanlar"
Автор книги: Федор Достоевский
Жанр: Русская классика, Классика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 9 страниц)
Doğrudan da, gecə uzunu davam edən, kandarda, otaqdakı zəif şam işığında, hətta xəstə anamın çarpayısının yanında baş tutan görüşlərimiz zamanı nələrdən danışmırdıq… Hər şeydən danışırdıq – ağlımıza gələn, ürəyimizdən keçən hər şeydən; və biz demək olar ki, xoşbəxt idik… Necə də həm sevincli, həm də kədərli günlər idi; indi xatırlayanda da həm sevinirəm, həm də kədərlənirəm. Şirin və ya acı olmağına baxmayaraq, xatirələrin hamısı adama əzab verir; hər halda məndə belədir; amma bu əzabın da öz şirinliyi var.
Anam sağalırdı, amma mən yenə də gecələr yanında otururdum. Pokrovski tez-tez mənə kitab verirdi. Əvvəl-əvvəl yatmamaq üçün oxuyurdum, sonra diqqətlə oxumağa başladım, sonrasa məndə kitab aclığı yarandı; qarşımda indiyə qədər görmədiyim, bilmədiyim qapılar açılırdı. Yeni hisslər, yeni təəssüratlar ürəyimə dolurdu. Həyəcanlansam da bu hissləri özümdə müşahidə etmək xoş idi. Bir dəfə bir xaos ruhuma hakim kəsildi. Amma məni tamamilə çökdürməyə gücü çatmadı; mən həddindən çox xəyalpərvər idim, bu da məni xilas etdi.
Anam sağalandan sonra bizim gecə görüşlərimiz və uzun söhbətlərimiz kəsildi. Hərdən bir-iki kəlmə danışa bilirdik, o da boş və mənasız sözlər olurdu, amma mən o sözlərə xüsusi mənalar verməyi, istədiyim kimi don geyindirməyi xoşlayırdım. Həyatımdakı boşluqlar dolmuşdu, xoşbəxt idim, sakit idim. Bir neçə həftə belə keçdi…
Bir dəfə qoca Pokrovski otağımıza gəldi. Xeyli oturub söhbət etdi, həmişə olduğundan daha çox sevincliydi, çox danışırdı; gülürdü, nəhayət sevincinin səbəbini açıqlayıb dedi ki, düz bir həftə sonra Petenkanın doğum günüdür və o mütləq oğlunun yanına gələcək; gələndə təzə jaketini geyinəcək, arvadı da söz verib ki, o vaxtacan təzə çəkmə alsın. Bir sözlə, qoca çox xoşbəxt idi və ağlına gələn hər şeydən danışırdı.
Onun doğum günü! Gecə-gündüz bu haqda fikirləşirdim. Ona nəsə hədiyyə etmək istəyirdim, amma nə? Nəhayət Pokrovskiyə kitab hədiyyə etmək qərarına gəldim. O, çoxdandır ki, Puşkinin axırıncı əsərləri – külliyyatını istəyirdi. Özüm əl işləri görməklə otuz rubl pul yığmışdım. Bu pulu təzə paltar almaq üçün saxlamışdım. O saat aşpaz Matryona qarını kitab dükanına göndərdim ki, Puşkinin külliyyatının neçəyə olduğunu öyrənsin. On bir cild hamısı bir yerdə altmış rubla idi. Bəs pulu hardan tapım? Anamdan almaq istəmirdim.O əlbəttə, mənə kömək eləyərdi; amma elə olsaydı evdə hamı hədiyyəmdən xəbər tutardı; həm də bu hədiyyədən çox, minnətdarlıq bildirmək kimi anlaşılardı. Mən ona sakitcə, heç kimin xəbəri olmadan hədiyyə etmək istəyirdim. Onun etdiklərinin əvəzini isə, nəsə maddi şeylə yox, dostluğumla ödəmək istəyirdim. Nəhayət çətinlikdən çıxış yolu tapdım.
Bilirdim ki, Qostinıy dvordakı bukinistlərdən az işlənmiş, bəzən hətta təzə kitabları dükandakından daha ucuz tapmaq olar. Ora getməyi qərara aldım. Səhəri gün anamın da, Anna Fyodorovnanın da getməli yerləri vardı. Anam xəstə olduğu üçün, Anna Fyodorovna isə başqa işləri olduğu üçün gedə bilmədi, məni göndərməli oldular. Mən də Matryona qarıyla birlikdə yola düşdüm.
Bəxtim rast gəldi, tezliklə Puşkinin bütün cildlərini tapdım, hamısı yaxşı vəziyyətdə idi. Bazarlıq etməyə başladım. Bukinist əvvəlcə dükandakından daha çox pul istəyirdi. Amma bir neçə dəfə dükana girib-çıxmaqla qiyməti gümüş pulla on rubla qədər saldırdım. Bazarlıq etmək xoşuma gəlirdi!.. Yazıq Matryona çaşqınlıq içində mənə baxır, bu qədər kitabın nəyimə lazım olduğunu kəsdirə bilmirdi. Amma əfsus! Bütün pulum kağız pulla otuz rubl idi. Bukinist isə qiyməti daha da salmağa razılaşmırdı. Yalvarmağa başladım, axırda qiyməti bir az da saldı. Həm də dedi ki, bunu ancaq mənə görə edir, başqasına bu yaxşılığı etməzdi. İndi iki rubl yarım çatmırdı. Ağlamağa da hazır idim, amma bukinist bundan daha ucuz verməyəcəyini deyirdi, onsuz da qiyməti çox salmışdı.
Amma burda da bəxtim gətirdi. Bir az aralıda düzülmüş kitabların yanında qoca Pokrovskini gördüm. Dörd, ya da beş bukinist onun ətrafında fırlanıb öz kitablarını təklif edirdilər. Yazıq qoca lap çaş-baş qalmışdı, bilmirdi ona təklif edilən kitablardan hansını seçsin. Ona yaxınlaşıb burda nə etdiyini soruşdum. Məni görəndə yaman sevindi. O məni çox istəyirdi, hətta deyərdim ki, öz Petenkası qədər. “Kitab alıram, Varvara Alekseyevna! – dedi – Tezliklə Petankanın doğum günüdür, o da kitabları sevir. Onun üçün kitab alıram…” Həmişə özünü qəribə aparan qoca indi lap çaş-baş qalmışdı. Kitabları götürüb vərəqləyirdi, vərəqlərinə toxunurdu, sonra onu qoyub başqasını götürürdü. Amma qalın kitablara əl vurmurdu. “Yox, o bahadır, – deyirdi, – yaxşısı bunlara baxım”. Nazik almanaxlara, mahnı mətnlərinə baxırdı, bu kitabçalar ucuz idi. “Bunları nə üçün alırsınız axı, hamısı boş şeylərdir”, – dedim. “Yox, yox, nə danışırsınız? Görün burda nə qədər yaxşı kitablar var”. Axırıncı sözləri elə uzatdı ki, elə bil yaxşı kitablar hamısı bahadır deyə ağlamaq istəyirdi, indicə gözyaşları qırmızı burnunun yanından axıb töküləcəkdi. Ondan nə qədər pulunun olduğunu soruşdum. Əlini cibinə soxub qəzetə bükdüyü pulunu çıxartdı, bir yarımrublluğu, iki rublluğu, iyirmi qəpik də xırdası vardı. Onun əlindən tutub öz bukinistimin yanına apardım. “Buyurun, bu da sizə on bir dənə yaxşı kitab! – dedim. – Hamısı otuz iki rubl yarımadır. Məndə otuz rubl var, qalanını da siz verin, kitabları birlikdə oğlunuza hədiyyə edək”. Kişi sevincdən ağlını itirdi, pulu bukinistin ovcuna tökdü və kitabları əlinə götürdü. Sabah onları mənim yanıma gətirəcəyinə söz verib cildləri ciblərinə soxdu, yaxasında gizlətdi, qalanını da əlində apardı.
Səhəri gün qoca oğlunun yanına gəldi, bir saat onunla oturdu, sonra bizim otağımıza gəldi. Sirli görkəmdə əllərini bir-birinə sürtüb dedi ki, kitabların hamısını uğurla evə gətirib, kitablar indi mətbəxdə, Matryona qarının yanındadır. Qoca nəsə sözlü adama oxşayırdı, amma deməyə çəkinirdi. Bir az vaxt keəndən sonra deyəsən özünə hakim kəsilə bildi və yavaşdan, az qala pıçıltıyla dedi:
– Qulaq asın. Qulaq asın, Varvara Alekseyevna… bilirsiniz nədir, Varvara Alekseyevna?.. – Qoca elə bil özündə deyildi. – Gəlin belə eləyək. Siz kitablardan on dənəsini götürüb ona verin. Öz adınızdan. Yerdə qalan birini isə mən verim, öz tərəfimdən. Belə, görürsünüz ki, sizin də hədiyyəniz olacaq, mənim də. İkimizin də verməli hədiyyəmiz olacaq. – Bu yerdə qoca sözünü kəsdi. O səbirsizliklə nə deyəcəyimi gözləyirdi. “Nə üçün kitabları bir yerdə hədiyyə etməyimizi istəmirsiniz, Zaxar Petroviç?” “Elə-belə, Varvara Alekseyevna… eee… bilirsiniz…” Qoca dayandı, qızardı, elə bil bir anlıq yerinə pərçimləndi.
– Bilirsiniz, – nəhayət ki, sözə başladı. – Varvara Alekseyevna, mənim bəzi vərdişlərim var. Yəni, pis vərdişlərim var… yəni demək istəyirəm ki, özümdən asılı olmayaraq bu vərdişlər yaranıb… bilirsiniz, bayırda soyuqdur, hərdən xoşagəlməz hadisələr də olur, ürəyim sıxılır, çarəsiz qalıram və buna görə də içirəm. Bəzən hətta çox içirəm. Bu da Petenkanın xoşuna gəlmir. O hirslənir, Varvara Alekseyevna, mənə nəsihət verir. İndi bu hədiyyəni verməklə ona düzəlməyə başladığımı, özümü yaxşı apardığımı göstərmək istəyirəm. Kitab almaq üçün xeyli vaxtdır ki, pul yığırdım. Mənim axı Petenkanın verdiyi pullardan başqa pulum olmur, demək olar ki, olmur. Bunu onun özü də bilir. Onun vediyi pullarla onun özü üçün hədiyyə aldığımı bilməyini istəyirəm.
Qocaya yazığım gəldi. Bir az fikirləşdim. O mənim nə deyəcəyimi gözləyirdi. “Qulaq asın, Zaxar Petroviç, kitabların hamısını ona özünüz verin!” – dedim. “Necə? Hamısını birdən?” “Hə, hamısını. Bütün kitabları”. “Öz adımdan?” “Hə, öz adınızdan…” Qoca xeyli vaxt məni başa düşə bilmədi.
“Hə-ə! – dedi, – hə! Bu yaxşı olardı, bu çox yaxşı olardı. Bəs siz, Varvara Alekseyevna?” “Mən ona heç nə vermərəm”. “Necə? – qoca qışqırdı. – Necə yəni heç nə verməyəcəksiniz? Siz Petenkaya hədiyyə vermək istəmirsiniz?” Qoca qorxdu, deyəsən mənə görə etdiyim təklifdən boyun qaçırtmağa da hazır idi. Çox yaxşı qoca idi! Onu əmin etdim ki, məmnuniyyətlə hədiyyə vermək istəyərdim, amma onun həzzinə mane olmaq istəmirəm. “Əgər siz də, oğlunuz da sevinsəniz, xoşbəxt olsanız, mən də sevinəcəyəm və elə biləcəyəm ki, mən də ona nəsə hədiyyə etmişəm”. Axır ki, qocanı əmin edə bildim. O iki saat daha bizimlə qaldı. Yerində otura bilmirdi, Saşayla zarafatlaşırdı, gizlicə məni öpürdü, əllərimi sığallayırdı, səs salırdı, gəzişirdi. Axırda Anna Fyodorovna onu evdən qovdu. Qoca özünü itirmişdi, deyəsən indiyəcən heç belə sevinməmişdi.
Doğum günündə saat on birdə artıq gəlmişdi. Birbaşa kilsə ibadətindən gəlirdi, frakını geyinmişdi, daranmışdı və həqiqətən əynində təzə jaketlə təzə çəkmələr vardı. Hər iki əlində kitab bağlamaları tutmuşdu. Bazar günü olduğu üçün hamımız Anna Fyodorvanın qonaq otağında oturub kofe içirdik. Qoca danışmağa başladı, deyəsən əvvəlcə Puşkinin yaxşı şair olduğunu dedi; sonra bir az duruxub dedi ki, adam gərək özünü yaxşı aparsın, əgər o özünü yaxşı aparmırsa, deməli o əyyaşdır; pis vərdişlərsə adamı məhv edir; nəhayət söz verdi ki, yaxşı adam olmağa çalışacaq və hətta indidən düzəlməyə başlayıb. Bunu da dedi ki, həmişə oğlunun məsləhətlərinin yaxşı olduğuna inanıb, indisə əməl etməyə də başlayıb. Sübut kimi isə, uzun müddətdən bəri yığdığı pulla aldığı kitabları oğluna hədiyyə edir.
Qocanı dinləyəndə həm gülürdüm, həm də ağlayırdım; düzəlsə də, lazım gələndə yalan danışa bilirdi. Kitabları Pokrovskinin otağına aparıb rəfə düzdülər. Amma Pokrovski nədənsə şübhələnmişdi. Qocanı nahara dəvət etdilər. O gün hamımız çox xoşbəxt idik. Nahardan sonra kart oynadıq. Pokrovski mənə qarşı çox diqqətli idi və bütün günü mənimlə təkbətək söhbət etmək üçün məqam axtardı, amma mən buna imkan vermədim. Bu, həyatımın son dörd ili ərzində keçirtdiyim ən xoş gün idi.
İndi isə qəmli xatirələrin vaxtı çatdı; qara günlərim haqda hekayə başlayır. Bəlkə də buna görə qələmim yavaşıyır və yazmaq istəmir. Bəlkə də buna görə bayaq, qısa həyatımda çox kiçik, bununla belə əhəmiyyətli yer tutan hadisəni bütün təfərrüatlarıyla təsvir etdim. O xoş günlər çox qısa çəkdi; tezliklə onları qara, kədərli günlər əvəz etməyə başladı.
Bədbəxtliyim Pokrovskinin xəstələnib ölməyi ilə başladı.
O doğum günündən iki ay sonra xəstələndi. Bu iki ay ərzində daim iş axtarırdı, hər gün haralarasa gedirdi, düzdür, hərdən müəllimlik təklifləri gəlirdi, amma o müəllim işləmək istəmirdi; başqa işlər üçünsə ya çox gözləmək lazım idi, ya da təklif olunan işdə işləməyə səhhəti imkan vermirdi. Qısası, uğursuzluq addımbaaddım onu izləyirdi. Getdikcə xasiyyəti korlanırdı. Səhhəti daha da pisləşirdi. Tezliklə payız gəldi. Hər gün nazik şinelini geyinib iş axtarmağa davam edirdi; bir dəfə yağışda möhkəm islandı və yatağa düşdü, bir daha ayağa dura bilmədi… O öləndə oktyabrın axırı idi. Xəstə yatdığı müddətdə onu tək qoymadım. Bir çox gecələri yuxusuz qalıb yanında otururdum, ona qulluq edirdim. Yaddaşı da gedib-gəlməyə başlamışdı; tez-tez sayıqlayırdı, ağlına gələn hər şeydən danışırdı, özündən, məndən, atasından… O təzə-təzə xəstələnəndə hamı mənə birtəhər baxırdı; Anna Fyodorovna məni görəndə başını bulayırdı. Amma mən hamının gözünə dik baxırdım və buna görə də Pokrovskiyə qulluq etdiyim üçün daha çox deyinmədilər. Ən azı anam məni qınamadı.
Pokrovski çox nadir hallarda məni tanıyırdı. Hərdən bütün gecəni kiminləsə anlaşılmaz şeylər danışırdı. Xırıldayan səsi elə bil qəbirdən gəlirdi. Elə vaxtlarda çox qorxurdum. Xüsusən axırıncı gecə lap pis oldu, bütün gecəni ağrıdan qıvrıla-qıvrıla zarıldadı. Ev adamlarının hamısı qorxu içində idi. Anna Fyodorovna onun tez ölməyi üçün dua edirdi. Həkim çağırdılar. Həkim dedi ki, o səhərə sağ çıxmayacaq. Qoca Pokrovski bütün gecəni koridorda, oğlunun qapısının ağzında dayandı; tez-tez otağa girirdi; ona baxmaq olmurdu. Bütün bədəni titrəyirdi, dodaqaltı pıçıldayırdı, öz-özlüyündə nəyisə müzakirə edirdi. Qorxurdum ki, onun başına hava gələr.
Qapının ağzında onun üçün stul qoymuşdular. Qoca səhərə yaxın orda oturub yuxuya getdi. Saat səkkizdə oğlunun öləcəyini hiss edib atanı oyatdım. Pokrovskinin yaddaşı yerinə gəlmişdi, hamımızla halallaşdı. İstəsəm də ağlaya bilmirdim, amma ürəyim parçalanırdı.
Mənə ən çox axırıncı an təsir etdi. O elə hey nə haqqındasa xahiş edirdi, mən isə onu anlamaqda çətinlik çəkirdim. Ürəyim ağrıyırdı! Bütün bir saat boyunca nəsə başa salmağa çalışdı, əliylə işarələr etmək istədi, alınmadığı üçün yenə danışmağa başladı, amma sözləri əlaqəsiz olduğu üçün yenə də heç nə anlamadım. Ona su verdim, evdəkilərin hamısını çağırdım, amma o hələ də başını yellədirdi. Axırda nə istədiyini başa düşdüm. O istəyirdi ki, pərdəni çəkim. O axırıncı dəfə bayıra, göyüzünə, günəşə baxmaq istəyirdi. Pərdəni araladım; amma bayırda hər şey qəmli idi. Günəş görünmürdü. Buludlar göyüzünü tamamilə tutmuşdu, bu bozluq çox kədərli görünürdü. Yağış yağırdı, soyuq və çirkli yağış damcıları pəncərə şüşəsinə çırpılıb aşağı süzülürdü. Pokrovski mənə baxıb yavaş-yavaş başını yellətdi. Bir dəqiqə sonra isə keçindi.
Dəfn işləriylə Anna Fyodorovna özü maraqlandı. Çox ucuz tabut aldılar, tabutu aparmaq üçün araba tutdular. Bunun əvəzində Anna Fyodorovna mərhumun bütün kitablarını və əşyalarını götürdü. Qoca onunla mübahisə edirdi, qışqırırdı, bacardığı qədər kitab götürüb ciblərinə, şlyapasının içinə, yaxasına – hara mümkündürsə yığırdı. Üç gün ərzində onları özüylə daşıdı, hətta kilsəyə gedəndə də. O bütün bunları dəli adamlar kimi qeyri-ixtiyari edirdi. Anamla Anna Fyodorovna kilsə ayininə getməmişdilər. Anam xəstə idi, Anna Fyodorovna isə getməyə hazırlaşmışdı, amma qoca Pokrovski ilə mübahisə etdiyi üçün getməyib evdə qaldı. Ayində təkcə qocayla mən iştirak etdik. Ayin zamanı üstümə qəribə ağırlıq çökdü, kilsədə güclə dayandım. Nəhayət tabutun ağzını bağlayıb arabaya qoydular. Arabanın dalınca ancaq küçənin axırınacan gedə bildim. Araba sürətlə gedirdi. Qoca Pokrovski onun dalınca qaçırdı və ucadan ağlayırdı. Şlyapası başından yerə düşdü, amma onu götürmək üçün dayanmadı. Saçları yağışdan islanırdı, amma o deyəsən bütün bunları hiss etmirdi, eləcə ağlaya-ağlaya qaçırdı. Sürtukunun ətəkləri qanad kimi yellənirdi. Qaçdıqca ciblərindəki kitablar bir-bir yerə, palçığın içinə düşürdü, o özü isə hansısa qalın kitabı qucaqlamışdı. Küçədən keçən adamlar dayanıb papaqlarını çıxartırdılar və xaç çəkirdilər. Kitablar düşdükcə kimsə onu saxlayıb düşən kitabı ona göstərirdi, o da kitabı götürüb təzədən qaçırdı. Tinə çatanda görünüşündən çox kasıb olduğu bilinən bir qarı da qocaya qoşuldu. Nəhayət araba tini burulub gözdən itdi. Evə qayıtdım. Ürəyim ağrıyırdı. Ağlaya-ağlaya anamın sinəsinə qısıldım, əllərini öpüb sinəmə sıxdım. Elə bil bu hərəkətimlə həyatımdakı axırıncı dostumu – anamı qorumaq, onu ölümün cənginə vermək istəmirdim… Amma ölüm artıq anamın başının üstündə fırlanırdı!
9-cu məktub – 11 iyun
Dünənki ada gəzintisinə görə sizə minnətdaram, Makar Alekseyeviç! Oralar necə gözəldir, necə təravətlidir, necə yaşıllıqdır! Çoxdandır ki, ot görmürdüm. Xəstə olanda mənə elə gəlirdi ki, öləcəyəm, mütləq ölməliyəm; indi dünən hansı hissləri keçirtdiyimi özünüz düşünün. Ağlamağım isə boş şeydir; çox vaxt nə üçün ağladığımı özüm də bilmirəm. Mən xəstəyəm, hiss edirəm ki, təəssüratlarım da xəstədir. Buludsuz, tutqun göyüzü, qürub çağı, axşam səssizliyi – bunların hamısı mənə təsir etdi və istəmədən ağladım. Bunları sizə nə üçün yazıram? Bunları izah etmək çətindir, yazmaqsa daha çətin. Amma yəqin ki, siz məni anlayacaqsınız. Həm kədər, həm gülüş! Doğrudan da, siz necə də mehribansınız, Makar Alekseyeviç! Dünən gözlərimə elə baxırdınız ki, ürəyimdən keçənləri sizin gözlərinizdə də görürdüm, sevincimə şərik idiniz. Hara getsəm siz yanımdaydınız, məni qoruyurdunuz, gözlərimə baxırdınız. Bütün bunlar sizin xeyirxah olduğunuzu sübut edir, Makar Alekseyeviç! Buna görə də sizi sevirəm. Hə, sağ olun. Bu gün yenə xəstəyəm; dünən ayaqlarım islanmışdı, onda soyuq oldu mənə. Fedora da xəstədir, ikimiz də yan-yana uzanmışıq. Məni unutmayın, tez-tez gəlin.
Sizin V.D.
10-cu məktub – 12 iyun
Mələyim Varvara Alekseyevna!
Mən elə təsəvvür edirdim ki, dünənki gün haqqında təəssüratlarınızı uzun-uzun, şeir kimi yazcaqsınız. Sizsə cəmisi bir səhifə yazmısınız. Bununla bərabər, az yazmağınıza baxmayaraq gözəl yazmısınız. Təbiəti, hisslərinizi gözəl tərənnüm etmisiniz. Mənim belə istedadım yoxdur. İstəyirsən lap on səhifə qarala, ortaya heç nə çıxmır. Mən yoxlamışam. Yazırsınız ki, mehribanam, xeyirsevərəm, təbiət vurğunuyam, əlimdən pislik gəlməz, nəsə, belə-belə şeylər yazıb məni tərifləyirsiniz. Burası düzdür, mən belə adamam, tamamilə düzdür. Amma yazdığınızı oxuyuram, qorxuram sonra ağlıma pis fikirlər gələ. İndisə, anam, siz məni dinləyin, sizə bir şey danışım, əzizim.
Əvvəlcə onu deyim ki, on yeddi yaşım olandan işləyirəm, tezliklə iş həyatımın otuz ili tamam olacaq. Bu illər ərzində xeyli mundir cırmışam; işləmişəm, ağıllanmışam, adamlardan öyrənmişəm; yaşamışam, yəni həyatda yaşaya bilmişəm və elə yaşamışam ki, məni hətta bir dəfə xaç namizədliyinə təqdim etmək istəyirdilər. Ola bilsin mənə inanmayacaqsınız, amma mən yalan demirəm. Belə, anam, – heç nəyə baxmayaraq pis adamlar tapıldı! Sizə deyim ki, əzizim, mən guşənişin, sadəlövh adam olsam da, ürəyim başqalarının ürəyi kimidir. Bəs o pis adamın mənə nə etdiyini bilirsiniz, Varenka? Siz hələ soruşun ki, o bunu nə üçün etdi? Ona görə ki, sakitəm, mehribanam, davakar deyiləm! Əvvəlcə məni sıxışdırmağa başladı, sonra dinmədiyimi görüb bütün günahları üstümə yıxdı. Adım dillərə düşdü, hamı məndən danışmağa başladı. Mundirimə, çəkməmə, görünüşümə – hər şeyə qarışdılar. Heç nəyim onların zövqüncə deyilmiş, məni təzədən yığmaq lazımmış! Bunların hamısı hər gün təkrarlanır. Artıq öyrəşmişəm, çünki hər şeyə öyrəşirəm, çünki davakar deyiləm, çünki balaca adamam; bütün bunlar nə üçündür axı? Kiməsə pislik etmişəm? Kiminsə vəzifəsini əlindən almışam? Kiməsə yaltaqlanmışam? Mükafat istəmişəm? Və ya başqa nəsə? Bunları düşüməyin özü də günahdır, anam! Mən heç belə adamam? Belə olan halda nə üçün bu cür pis hərəkətlər edirlər? Siz ki, bunları hamıdan yaxşı bilirsiniz, Varenka! Kin saxlamaq pis şeydir, mən heç kimə qarşı kin bəsləmirəm. Hamı öz əməllərinin cəzasını çəkəcək! Bunları bilirəm, hamısını bilirəm. İdarədə vacib adamam, mirzəyəm, onların ən vacib kağızlarını mən yazıram. Ona görə də heç nəyə fikir vermirəm. Sözün düzü, heç bunları sizə yazmaq istəmirdim, əzizim, elə-belə, məqamı gəldi deyə dedim. Hər halda vaxtaşırı ürəyini boşaltmaq yaxşı şeydir. Sağ olun, əzizim, mənim mehriban mələyim! Gələcəyəm, mütləq gəlib sizi başa çıxacağam, əzizim! Sizsə darıxmayın. Sizə kitab gətirəcəyəm. Hə, salamat qalın, Varenka.
Daim sizin yaxşılığınızı istəyən Makar Devuşkin.
11-ci məktub – 20 iyun
Mehriban Makaar Alekseyeviç!
Bu məktubu tələsə-tələsə yazıram, sifarişi vaxtında hazır etmək lazımdır. Bəlkə siz özünüz üçün paltar alasınız? Fedora deyir ki, onun tanışı mundir, alt paltarı, furajka və jilet satır. Özü də hamısı təptəzədir, həm də çox ucuz. Bəlkə onları alasınız? Axı sizin pulunuz var; dediyinzə görə var. Həm də bunlar sizə lazımdır axı. Bir baxın görün necə köhnə paltarda gəzirsiniz. Təzəsi yoxunuzdur; düzdür, deyirsiniz ki, təzə paltarınız var, amma mən inanmıram. Mənə qulaq asın, alın. Xahiş edirəm. Bunu mənim üçün edin; məni sevirsinizsə alın.
Keçən dəfə yenə mənə hədiyyə göndərmisiniz. Makar Alekseyeviç, nə olar, belə eləməyin. Onsuz da mənim üçün çox pul xərcləmisiniz; düşündükcə dəhşətə gəlirəm! Bunlar mənə lazım deyil; hamısı artıqdır. Məni sevdiyinizi bilirəm, bundan əminəm; bunu izafi hədiyyələrinizlə sübut etmək lazım deyil; həm də onları qəbul etmək mənim üçün çətindir, onların sizə necə başa gəldiyini bilirəm. Xahiş edirəm, daha belə etməyin.
Əgər istəyirsinizsə, deyin, xatirələrimin davamını yazıb göndərim. Əgər əvvəl yazdıqlarım xoşunuza gəlibsə. Düzü, yaxşı yazdığımdan əmin deyiləm. Düzü keçmişdən danışmağa gücüm qalmayıb; hətta o günlər yadıma düşəndə də qorxuram. Məni bu vəhşilərin əlində tək qoyub gedən anamdan danışmaq isə lap çox ağırdır. Yadıma düşəndə ürəyim qanla dolur. Üstündən bir il keçməsinə baxmayaraq, elə bilirəm ki, dünən olub. Amma siz hamısını bilirsiniz!
Sizə Anna Fyodorovnadan danışmışdım; o məni nankorluqda günahlandırır və bütün günahları təkzib edir. O məni yanına çağırır; deyir ki, əgər gedib üzr istəsəm, Bıkovla danışıb hər şeyi yoluna qoymağa çalışacaq. Amma mənim üçün burda da yaxşıdır, burda sizin və Fedoranın yanında. Bilirsiniz, Fedora çox mehribandır, mənə mərhum dayəmi xatırladır. Siz mənim uzaq qohumum olsanız da, məni adınızla qoruyursunuz. Onları isə tanımıram; hətta bacarsam, unudacağam. Onlar məndən nə istəyir axı? Fedora deyir ki, axırda məndən əl çəkəcəklər. təki elə olsun!
V.D.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.